© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 176 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2014-cü il, iyul
Gürcüstan Rusiyaya qarşı (№ 1) [BP] – ərizə № 13255/07
3.7.2014 tarixli qərar [BP]
4 saylı Protokolun 4-cü maddəsi
Əcnəbilərin kollektiv şəkildə ölkədən çıxarılmasının qadağan olunması
2006-cı ilin oktyabrından 2007-ci ilin yanvarınadək Rusiyanın dövlət hakimiyyəti orqanları tərəfindən Gürcüstan vətəndaşlarının kollektiv şəkildə ölkədən çıxarılması: pozuntu təşkil edən inzibati praktika mövcuddur
Maddə 33
Dövlətlərarası iş
2006-cı ilin oktyabrından 2007-ci ilin yanvarınadək Rusiyanın dövlət hakimiyyəti orqanları tərəfindən Gürcüstan vətəndaşlarının kollektiv şəkildə ölkədən çıxarılması
Maddə 35
35-ci maddənin 1-ci bəndi
Daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi
Gürcüstan vətəndaşlarının tutulması, həbsə alınması və ölkədən çıxarılmasından ibarət inzibati praktikanın möcvudluğu ucbatından daxili hüquqi müdafiə vasitələrini tükəndirmək vəzifəsini yerinə yetirməyin mümkünsüzlüyü: cavabdeh Hökumətin ilkin etiraz rədd edildi
Faktlar – Bu iş 2006-cı ilin oktyabrından 2007-ci ilin yanvarınadək çoxlu sayda Gürcüstan vətəndaşlarının tutulması, həbsə alınması və Rusiyadan çıxarılması ilə əlaqədar idi. İşin faktları ilə bağlı fikir ayrılıqları vardı.
Gürcüstan Hökumətinin bildirdiyinə görə, həmin dövrdə Rusiyanın dövlət orqanları tərəfindən Gürcüstan vətəndaşlarının ölkədən çıxarılması barədə 4.600-dən artıq qərar qəbul edilmişdi, onlardan 2.300 nəfəri həbsə alınmış və məcburi qaydada ölkədən çıxarılmış, qalanları isə öz vəsaitləri hesabına ölkəni tərk etmişdilər. Bu, bir ay ərzində ölkədən çıxarılmış Gürcüstan vətəndaşlarının sayında kəskin artım demək idi.
Ölkədən çıxarılma hallarındakı artımın xüsusi olaraq Gürcüstan vətəndaşlarını hədəfə alan siyasətin nəticəsi olduğu barədə iddiasını təsdiqləmək üçün Gürcüstan Hökuməti Rusiyanın dövlət orqanları tərəfindən 2006-cı ilin oktyabrının əvvəlində və ortalarında qəbul edilmiş bir sıra sənədləri təqdim etdi. İddia edildiyinə görə, 2006-cı ilin sentyabrının sonunda verilmiş iki inzibati əmrə istinad edən bu sənədlərdə personala göstəriş verilirdi ki, Rusiya ərazisində qanunsuz yaşayan Gürcüstan vətəndaşlarını aşkara çıxarmaq üçün geniş miqyaslı tədbirlər həyata keçirsinlər, bunda məqsəd onları həbsə almaq və deportasiya etmək idi. Gürcüstan Hökuməti həmçinin 2006-cı ilin oktyabrının əvvəlində Rusiyanın dövlət orqanları tərəfindən məktəblərə göndərilmiş iki məktubu təqdim etdi, məktublarda gürcü şagirdlərin müəyyən olunması xahiş edilirdi.
Rusiya Hökuməti bu iddiaları inkar etdi. O bildirdi ki, sadəcə immiqrasiya siyasətini həyata keçirib və repressiv tədbirlər həyata keçirməyib. Ölkədən çıxarılanların sayına gəlincə, o yalnız illik və yarımillik statistik məlumatları təqdim etdi, onlar göstərirdi ki, 2006-cı ildə Gürcüstan vətəndaşlarının inzibati qaydada ölkədən çıxarılması barədə təxminən 4.000 qərar, 2006-cı il oktyabrın 1-dən 2007-ci il aprelin 1-dək isə təxminən 2.800 qərar qəbul edilib. Gürcüstan Hökumətinin istinad etdiyi sənədlərə gəlincə, Rusiya Hökuməti iddia etdi ki, təlimatlar saxtadır. O, iki əmrin mövcudluğunu təsdiq etsə də, onların məzmununu təkzib etdi və eyni zamanda onları Avropa Məhkəməsinə açıqlamaqdan imtina etdi (belə əsas gətirdi ki, onlar "dövlət sirri" kimi təsnifləşdirilib). O, gürcü şagirdləri müəyyən etmək məqsədi ilə məktəblərə məktublar göndərildiyini təkzib etmədi, amma bildirdi ki, bunlar rəsmilərin canfəşanlıq hərəkətləri olub və sonradan onlara töhmət verilib.
Müxtəlif beynəlxalq hökumət və qeyri-hökumət təşkilatları, o cümlədən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi 2007-ci ildə Gürcüstan vətəndaşlarının Rusiyadan çıxarılması ilə bağlı hesabatlarında Rusiyanın inzibati və məhkəmə orqanları arasında koordinasiyalı hərəkətlərin olduğunu qeyd ediblər.
Hüquqi məsələlər – Maddə 38: Rusiya Hökuməti 2006-cı il sentyabrın sonunda dövlət orqanları tərəfindən verilmiş iki əmrin surətlərini Məhkəməyə təqdim etməkdən imtina etdi və belə əsas gətirdi ki, onlar açıqlanması Rusiya qanunvericiliyinə əsasən qadağan olunan məxfi materiallardır. Məhkəmə "dövlət sirri" kimi təsnifləşdirilmiş sənədlərlə əlaqədar olan bir sıra əvvəlki işlərdə artıq qərara alıb ki, cavabdeh Hökumət Məhkəmənin sübutları təqdim etmək barədə sorğusunu yerinə yetirməkdən imtina etmək üçün milli qanunvericilik normalarına istinad edə bilməz.* İstənilən halda, Rusiya Hökuməti əmrlərin məxfiliyi ilə bağlı konkret izahat verməyib və hətta fərz etsək ki, əmrlərin açıqlanmaması üçün qanuni təhlükəsizlik maraqları mövcud idi, Məhkəmə Reqlamentinin 33-cü Qaydasının 2-ci bəndinə əsasən sənədlərin məhdud çərçivədə açıqlanması, məsələn, onların konfidensial qalacağına zəmanət verilməsi imkanı mövcud idi. Buna görə də Məhkəmə hesab etdi ki, Rusiya Məhkəmə tərəfindən iş üzrə faktların müəyyənləşdirilməsi vəzifəsinin yerinə yetirilməsində Məhkəməyə yardım üçün bütün zəruri şəraiti yaratmaq öhdəliyini yerinə yetirməyib.
Nəticə: 38-ci maddəyə riayət edilməyib (bir səsə qarşı on altı səslə).
35-ci maddənin 1-ci bəndi (daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi): 2006-cı ilin oktyabrından Rusiya Federasiyasında Gürcüstan vətəndaşlarının tutulması, həbsə alınması və ölkədən çıxarılmasından ibarət koordinasiyalı siyasət yürüdülürdü. Bu siyasət Konvensiya üzrə presedent hüququnun məqsədləri baxımından inzibati praktikaya bərabər idi, bu isə o deməkdir ki, daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi haqqında qayda bu hala şamil olunmur.
Bu qənaətə gələrkən Məhkəmə qeyd etdi ki, Gürcüstan Hökumətinin təqdim etdiyi rəqəmlərin həqiqətə uyğunluğunu şübhə altına alan heç nə yoxdur: Gürcüstan vətəndaşlarının ölkədən çıxarılması barədə 4.000 qərar qəbul edilmiş, onlardan təxminən 2.380 nəfəri həbsə alınmış və məcburi qaydada ölkədən çıxarılmışdı. Sözügedən hadisələrin hamısı (əmrlərin və təlimatların verilməsi, Gürcüstan vətəndaşlarının kütləvi şəkildə həbsə alınması və ölkədən çıxarılması, Gürcüstan vətəndaşlarının qruplarla Moskvadan Tbilisiyə təyyarə ilə göndərilməsi və gürcü şagirdləri müəyyən etmək məqsədi ilə Rusiya rəsmilərinin məktəblərə məktublar göndərməsi) eyni dövrdə – 2006-cı il sentyabrın sonunda və oktyabrın əvvəlində baş vermişdi.
Bu hadisələrin beynəlxalq hökumət və qeyri-hökumət təşkilatları tərəfindən təsvirindəki uyğunluq da bu baxımdan əhəmiyyətli idi. Bundan başqa, Konvensiyanın 38-ci maddəsinin pozulduğunun Məhkəmə tərəfindən müəyyən edildiyini nəzərə alsaq, belə bir ciddi ehtimal vardı ki, xüsusi olaraq Gürcüstan vətəndaşlarının Rusiyadan çıxarılması barədə göstərişin yer aldığı əmrlərin məzmunu barədə Gürcüstan Hökumətinin iddiaları inandırıcıdır.
Daxili hüquqi müdafiə vasitələrinin səmərəliliyinə və əlçatanlığına gəlincə, Məhkəmənin qarşısındakı materiallar göstərirdi ki, Gürcüstan vətəndaşlarının bu hüquqi müdafiə vasitələrindən istər Rusiya Federasiyasının məhkəmələrində, istərsə də Gürcüstana göndərildikdən sonra istifadə etməsi qarşısında real maneələr olub. Onlar məhkəmələrə qruplar halında gətiriliblər. Bəzilərinin məhkəmə zalına daxil olmasına icazə verilməyib, digərləri isə şikayət etdilər ki, hakimlə müsahibə orta hesabla beş dəqiqə çəkib və işin faktları lazımi qaydada araşdırılmayıb. Daha sonra onlara göstəriş verilib ki, məhkəmə qərarlarına imza atsınlar və onlar qərarın məzmununu oxumaq və ya surətini almaq imkanına malik olmayıblar. Onların nə tərcüməçisi, nə də vəkili olub və bir qayda olaraq, həm hakimlər, həm də polis əməkdaşları onları qərarlardan şikayət verməkdən çəkindiriblər.
Nəticə: inzibati praktikanın mövcudluğu (bir səsə qarşı on altı səslə); cavabdeh Hökumətin ilkin etirazı rədd edildi (bir səsə qarşı on altı səslə).
4 saylı Protokolun 4-cü maddəsi: Gürcüstan iddia etdi ki, onun vətəndaşları Rusiya Federasiyası ərazisindən kollektiv çıxarılmaya məruz qalıblar. Məhkəmə bir daha xatırlatdı ki, 4 saylı Protokolun 4-cü maddəsinin məqsədləri baxımından ölkədən kollektiv şəkildə çıxarılma əcnəbiləri qrup halında ölkəni tərk etməyə məcbur etməkdən ibarət istənilən tədbir kimi başa düşülməlidir, lakin bu tədbir qrupun hər bir üzvünün konkret işinin ağlabatan və obyektiv şəkildə araşdırılmasından sonra və həmin araşdırmanın əsasında görülürsə, belə hallar istisna təşkil edir.** 7 saylı Protokolun 1-ci maddəsi bu işə tətbiq edilə bilməz, amma ondan fərqli olaraq, hətta ölkədən çıxarılanlar müvafiq ərazidə qanunsuz yaşamış olsalar belə, 4 saylı Protokolun 4-cü maddəsi bu işə tətbiq edilə bilər.
Məhkəmə gürcü şahidlərin və beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının Rusiya məhkəmələrində aparılan sadələşdirilmiş prosedurlar barədə təsvirlərinin bir-birinə uyğun gəldiyini nəzərə aldı. O, konkret olaraq qeyd etdi ki, AŞPA-nın Monitorinq Komitəsinin bildirdiyinə görə, ölkədən çıxarılma halları bütün ölkə boyu təkrarlanan təcrübəyə çevrilib və beynəlxalq təşkilatlar öz hesabatlarında inzibati və məhkəmə orqanları arasında koordinasiya olduğunu qeyd ediblər.
Sözügedən dövrdə Rusiya məhkəmələri Gürcüstan vətəndaşlarının ölkədən çıxarılması barədə minlərlə qərar qəbul ediblər. Hətta formal şəkildə götürsək, hər bir Gürcüstan vətəndaşı barəsində məhkəmə qərarı çıxarılmış olsa belə, Məhkəmə hesab etdi ki, həmin dövrdə əmrlər və təlimatlar verildikdən sonra ölkədən çıxarılma prosedurlarının həyata keçirilməsi və 2006-cı ilin oktyabrından başlayaraq ölkədən çıxarılmış Gürcüstan vətəndaşlarının sayı hər bir fərdin konkret işinin ağlabatan və obyektiv şəkildə araşdırılmasını mümkünsüz edirdi.
Hər bir dövlət öz miqrasiya siyasətini müəyyən etmək hüququna malik olsa da, miqrasiya axınlarının idarə olunması ilə bağlı problemlər dövlətin Konvensiya üzrə öhdəliklərinə zidd olan praktikaya haqq qazandıra bilməz. Bu, 4 saylı Protokolun 4-cü maddəsini pozan inzibati praktikaya bərabərdir.
Nəticə: 4 saylı Protokolun 4-cü maddəsini pozan inzibati praktika mövcud idi (bir səsə qarşı on altı səslə).
Böyük Palata həmçinin bir səsə qarşı on altı səslə bu qənaətə gəldi ki, sözügedən dövrdə Rusiya Federasiyasında Gürcüstan vətəndaşlarının tutulması və həbsə alınması onların tutulmasından, həbsə alınmasından və ölkədən çıxarılmasından ibarət koordinasiyalı siyasətin tərkib hissəsi idi və buna görə də qanunsuz hallar idi. Onlar özlüyündə Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndini pozan inzibati praktikaya bərabər idi. Məhkəmə eyni səs çoxluğu ilə müəyyən etdi ki, sözügedən dövrdə tutma və həbsə alma tədbirlərinə və ölkədən çıxarma qərarlarına qarşı Gürcüstan vətəndaşlarının ixtiyarında səmərəli və əlçatan hüquqi müdafiə vasitələrinin olmaması 5-ci maddənin 4-cü bəndini pozub, Gürcüstan vətəndaşlarının saxlanma şəraiti (kameraların dolu olması, adekvat sanitar və tibbi şəraitin və şəxsi həyatın məxfiliyinin olmaması) isə 3-cü maddəni pozan inzibati praktikaya bərabər idi. Məhkəmə həmçinin 5-ci maddənin 1-ci bəndi ilə (dörd səsə qarşı on üç səslə) və 3-cü maddə ilə birgə götürülməklə (bir səsə qarşı on altı səslə) 13-cü maddənin pozulduğunu müəyyən etdi.
Məhkəmə (bir səsə qarşı on altı səslə) müəyyən etdi ki, 7 saylı Protokolun 1-ci maddəsi (əcnəbilərin ölkədən çıxarılması ilə bağlı prosessual təminatlar) pozulmayıb, belə ki, həmin maddədə "qanuni əsaslarla dövlətin ərazisində yaşayan əcnəbilər" ifadəsi açıq-aydın qeyd edilib və sözügedən dövrdə Rusiya Federasiyasının ərazisində qanuni yaşayan Gürcüstan vətəndaşlarının da tutulması və ölkədən çıxarılması müəyyən edilməyib. Nəhayət, o, 8-ci maddənin və 1 saylı Protokolun 1-ci və 2-ci maddələrinin pozulmadığını müəyyən etdi (yekdilliklə).
* Davıdov və başqaları Ukraynaya qarşı, ərizələr № 17674/02 və 39081/02, 1 iyul 2010-cu il; Nolan və K. Rusiyaya qarşı, ərizə № 2512/04, 12 fevral 2009-cu il, 116 saylı Məlumat bülleteni; və Yanovets və başqaları Rusiyaya qarşı [BP], ərizələr № 55508/07 və 29520/09, 167 saylı Məlumat bülleteni.
** Bax: Konka Belçikaya qarşı, ərizə № 51564/99, 5 fevral 2002-ci il, 39 saylı Məlumat bülleteni; həmçinin bax: Sultani Fransaya qarşı, ərizə № 45223/05, 20 sentyabr 2007-ci il, 100 saylı Məlumat bülleteni; və Hirsi Camaa və başqaları İtaliyaya qarşı [BP], ərizə 27765/09, 23 fevral 2012-ci il, 149 saylı Məlumat bülleteni.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy