Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 197
İyun 2016-cı il
***
"Geotex Kantsev GmbH" (Geotech Kancev GmbH) Almaniyaya qarşı – ərizə № 23646/09
2.6.2016 tarixli qərar [V Bölmə]
Maddə 11
11-ci maddənin 1-ci bəndi
Birləşmək azadlığı
Ərizəçi şirkətin birləşmək azadlığı hüququnun əks (neqativ) aspekti olan birləşməmək azadlığı hüququnun iddia edilən pozuntusu: pozuntu baş verməyib
Faktlar – Ərizəçi tikinti sənayesində fəaliyyət göstərən şirkət idi. O, işəgötürənlərin assosiasiyalarının üzvü olmasa da, həmin assosiasiyaların və sənaye sahəsindəki həmkarlar ittifaqlarının birgə yaratdıqları Sosial Təminat Fonduna maliyyə vəsaiti ödəməklə onun işində iştirak etmək öhdəliyini daşıyırdı, belə ki, bu sahədə kollektiv müqavilələrin hamılıqla bağlanması Federal Əmək və Sosial Məsələlər Nazirliyi tərəfindən məcburi elan edilmişdi.
Avropa Məhkəməsinə şikayət ərizəsində ərizəçi şirkət şikayət etdi ki, Fonda maliyyə vəsaiti ödəməklə Fondun işində iştirak etmək öhdəliyi onun Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulmuş birləşmək azadlığı hüququnu pozub.
Hüquqi məsələlər – Maddə 11: Məhkəmə qeyd etdi ki, ərizəçi şirkətin Sosial Təminat Fonduna birbaşa üzv olması hüquqi baxımdan qeyri-mümkün idi və o, tikinti sənayesindəki hər hansı işəgötürənlər assosiasiyasının üzvü olmaq öhdəliyini daşımırdı.
Məhkəmə bir daha xatırlatdı ki, assosiasiyaya maliyyə vəsaiti ödəmək öhdəliyi assosiasiya üzvlüyünə xas olan ümumi cəhət hesab edilə və birləşmək azadlığı hüququnun əks (neqativ) aspekti olan birləşməmək azadlığı hüququna müdaxilə təşkil edə bilər. Bununla belə, bu cür öhdəliyin birləşmək azadlığı hüququnun neqativ aspektinə müdaxilə təşkil etdiyi barədə Məhkəmənin qərar çıxardığı işlərdən bu işi fərqləndirən bir sıra amillər var.*
Birincisi, ərizəçi şirkət maliyyə vəsaiti ödəməklə tikinti sənayesində çalışan bütün işçilərin maraqları naminə sosial təminat fondunun işində iştirak etməyə borclu idi, belə ki, bu vəsaitlər yalnız Fondun işlərinin aparılması və idarə olunması və sənaye sahəsinin işçilərinə müavinətlərin ödənilməsi üçün istifadə edilə bilərdi. Buna görə də, ərizəçinin ödəməyə borclu olduğu maliyyə vəsaitləri işəgötürənlər assosiasiyasına ödənilən üzvlük haqqı hesab edilə bilməzdi.
İkincisi, Sosial Təminat Fondunu yaratmış assosiasiyaların üzvləri nə ödədikləri üzvlük haqlarının azaldılması hüququna, nə də digər məsələlərdə assosiasiyaya üzv olmayan şirkətlərlə müqayisədə onlara daha əlverişli rejimin tətbiq edilməsi hüququna malik deyildilər, eləcə də Fondun maliyyə vəsaitlərinin istifadə edilməsinə birbaşa nəzarət etmək imkanına malik deyildilər. Bundan başqa, Fonda vəsait ödəyən şirkətlər, işəgötürənlər assosiasiyasının üzvü olub-olmamalarından asılı olmayaraq, ödədikləri vəsaitlərin hansı ehtiyaclar üçün istifadə edilməsi ilə bağlı tam məlumat alırdılar. Fondun əməliyyatları yüksək dərəcədə şəffaflığı ilə səciyyələnirdi.
Üçüncüsü, Vördyur Olafssonun işindəki situasiyadan fərqli olaraq, bu işdəki sxemdə dövlət hakimiyyəti orqanlarının iştirakı və nəzarəti əhəmiyyətli dərəcədə idi.
Nəhayət, mübahisələndirilən öhdəliyin ərizəçi şirkətin işəgötürənlər assosiasiyalarından birinə daxil olmasına faktiki stimul yaratdığı doğru olsa da, həmin stimul birləşmək azadlığı hüququnun mahiyyətinə xələl gətirə biləcək dərəcədə güclü deyildi və beləliklə, ərizəçinin öz iradəsi əleyhinə assosiasiyaya daxil olmamaq azadlığına müdaxilə təşkil etmirdi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Məhkəmə həmçinin yekdilliklə müəyyən etdi ki, 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş verməyib, belə ki, tikinti sənayesində çalışan bütün işçilərin sosial müdafiəsinin təmin edilməsinin ümumi maraqları ilə ərizəçi şirkətin öz mülkiyyətindən maneəsiz istifadə hüququnun maraqları arasında ədalətli balans gözlənilmişdi.
* Misal üçün bax: Vördyur Olafsson İslandiyaya qarşı, ərizə № 20161/06, 27 aprel 2010-cu il, 129 saylı Məlumat bülleteni.
Full & Egal Universal Law Academy