Qladışeva (Gladysheva) Rusiyaya qarşı – ərizə № 7097/10
6.12.2011 tarixli qərar [I Bölmə]
1 saylı Protokolun 1-ci maddəsi
1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsi
Mülkiyyətdən maneəsiz istifadə
Əvvəlki mülkiyyətçinin mənzili dövlət orqanından dələduzluq yolu ilə alması ilə əlaqədar olaraq vicdanlı alıcının mənzil üzərində mülkiyyət hüququnun ləğv edilməsi: pozuntu baş verib
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Mənzilin toxunulmazlığına hörmət
Əvvəlki mülkiyyətçinin dələduzluq yolu ilə aldığı mənzildən vicdanlı alıcını çıxararkən dövlət orqanlarının bu tədbirin mütənasibliyini qiymətləndirməməsi: pozuntu baş verib
Faktlar – 2005-ci ildə ərizəçi Moskvada mənzil aldı və oğlu ilə birlikdə orada yaşamağa başladı. Mənzil əvvəllər Moskva şəhərinin mülkiyyətində olmuş və sonradan özəlləşdirmə qaydasında Y. adlı birisinin mülkiyyətinə keçmişdi, həmin şəxs isə, iddia edildiyinə görə, mənzildə yaşayan M-in arvadı idi və mənzil M-ə sosial mənzil kimi verilmişdi. Y mənzili üçüncü şəxsə, o isə sonradan ərizəçiyə satmışdı. 2008-ci ildə Moskvanın mənzil fondu departamenti ərizəçiyə və mənzilin əvvəlki mülkiyyətçilərinə qarşı iddia qaldıraraq bildirdi ki, mənzil Y tərəfindən dələduzluq yolu ilə əldə edilib. O, məhkəmədən xahiş etdi ki, özəlləşdirməni və mənzillə bağlı bütün sonrakı əqdləri etibarsız elan etsin. Məhkəmə mənzil fondu departamentinin iddia tələbini təmin edərək müəyyən etdi ki, Y heç vaxt M ilə nikahda olmayıb və buna görə də onun ölümündən sonra bu mənzili əldə edə bilməzdi. O, daha sonra ərizəçini mülkiyyət hüququndan məhrum etdi və Moskva şəhərini mənzilin qanuni mülkiyyətçisi elan etdi.
Hüquqi məsələlər – 1 saylı Protokolun 1-ci maddəsi: Hökumət iddia etdi ki, iş 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşmür, çünki xüsusi hüquq sisteminə aid olan mübahisə ilə əlaqədardır. Amma ölkədaxili məhkəmə icraatından aydın olurdu ki, ərizəçiyə qarşı iddianı özəl tərəf deyil, dövlət orqanı qaldırıb. Bundan başqa, icraat zamanı meydana çıxan məsələlər (məsələn, sosial kirayə müqaviləsinin bağlanması və yaşayış yeri üzrə qeydiyyat zamanı dələduzluğa yol verilməsi) ümumi hüquq sisteminə aid olan məsələlər idi, bu isə o demək idi ki, dövlət mülki hüquqi əqddə özəl tərəf qismində deyil, tənzimləyici subyekt qismində iştirak etməli idi. Buna görə də 1 saylı Protokolun 1-ci maddəsi bu işə tətbiq edilə bilər. İş mülkiyyətdən maneəsiz istifadəyə dair ümumi norma əsasında araşdırılmalı idi və müdaxilənin qanuniliyi məsələsində Məhkəmədə müəyyən şübhələr qalsa da, o fərz etdi ki, ərizəçinin hüquqlarına müdaxilə qanuni olub və ümumi maraqları qorumaq məqsədi daşıyıb, yəni mənzil şəraitinin yaxşılaşdırılması üçün növbədə dayanan şəxslərin tələbatlarının ödənilməsi məqsədini güdüb.
Lakin aydın deyildi ki, nəyə görə dələduzluq faktları 2004-2005-ci illərdə Y-nin tələbinə dövlət orqanları baxdıqları zaman aşkarlanmamışdı: sadəcə olaraq Y və M arasındakı saxta nikahı təsdiqləmək üçün möhürü saxtalaşdırılmış olan vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanına sorğu göndərmək dövlət orqanlarına imkan verərdi ki, bu işdə nəzərdən keçirilən dövrdə Y və M arasında nikahın həqiqətən mövcud olub-olmadığını yoxlasınlar. Y-nin qeydiyyata alınma, sosial mənzil kirayəsi və özəlləşdirmə barədə müraciətlərini təmin etməzdən əvvəl dövlət orqanlarının onun sənədlərinin həqiqiliyini müəyyənləşdirmələrinə heç nə mane olmurdu. Bundan başqa, mənzillə bağlı sonrakı əqdlər də səlahiyyətli dövlət orqanları tərəfindən təsdiqlənmişdi. Belə vəziyyətdə dövlət orqanının hər hansı səhvə yol verməsi riskini dövlət daşımalı idi və yol verilmiş səhvlər müvafiq şəxsin hesabına aradan qaldırılmamalı idi. Müvafiq olaraq, kompensasiya verilmədən mülkiyyətindən məhrum edilən və dövlətdən başqa mənzil almaq perspektivi olmayan ərizəçinin üzərinə həddən artıq ağır fərdi yük qoyulmuşdu ki, buna da bu işdə əsas gətirilən ictimai maraqlarla haqq qazandırmaq olmazdı.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 8: 8-ci maddənin fərdin şəxsiyyəti üçün, özünə inamı üçün, fiziki və mənəvi toxunulmazlığı üçün mühüm əhəmiyyət daşıdığını nəzərə alsaq, mənzil təminatı məsələlərində dövlətin qiymətləndirmə sərbəstliyinin hüdudları 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan hüquqlarla müqayisədə daha məhduddur. Ərizəçini mülkiyyət hüququndan məhrum etdikdən sonra ölkədaxili məhkəmələr avtomatik olaraq onun mənzildən çıxarılması barədə qərar qəbul ediblər və bu zaman bu tədbirin mütənasibliyini və ya işin konkret hallarını qiymətləndirməyiblər. Bu məsələ də xüsusi əhəmiyyət kəsb edir ki, ərizəçinin mənzili həmin mənzillə bağlı maraqları ola biləcək hər hansı digər özəl tərəfə deyil, dövlətin mülkiyyətinə keçib. Mənzil növbəsində dayanan sosial mənzil kirayəçilərinin durumu ərizəçinin durumu ilə müqayisə ediləcək dərəcədə fərdi xarakter daşıyan durum deyildi. Nəhayət, ərizəçinin vəziyyəti onun mənzilinin başqası ilə əvəzlənməsinə imkan vermirdi, hakimiyyət orqanları da onu evdən çıxardıqdan sonra xoş məram nümayiş etdirərək onu daimi, yaxud hətta müvəqqəti yaşayış yeri ilə təmin etməmişdilər.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Qərara alındı ki, ərizəçinin mənzil üzərində mülkiyyət hüququ tam bərpa edilməli, onun mənzildən çıxarılması barədə qərar ləğv olunmalıdır və ona mənəvi ziyana görə 9.000 avro təyin edildi.
Həmçinin bax: Qaşi Xorvatiyaya qarşı, ərizə № 32457/05, 13 dekabr 2007-ci il; və Orliç Xorvatiyaya qarşı, ərizə № 48833/07, 21 iyun 2011-ci il)
Full & Egal Universal Law Academy