© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Gillan və Kinton Birləşmiş Krallığa qarşı (Gillan and Quinton v. the United Kingdom), ərizə № 4158/05
12.01.2010-cu il tarixli qərar [IV Bölmə]
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Şəxsi həyata hörmət
Hüquq pozuntusu törədilməsində əsaslı şübhə olmadan şəxsin dayandırılması və üzərində axtarış aparılması: pozuntu baş verib
Faktlar – Terrorizm haqqında 2000-ci il tarixli Qanunun 44-47-ci maddələrinə əsasən, yüksək rütbəli polis əməkdaşları "terror aktlarının qarşısını almaq üçün məqsədəuyğun hesab etdikdə", müəyyən coğrafi ərazidə istənilən polis əməkdaşı tərəfindən piyadaların üzərində, nəqliyyat vasitələrinin içərisində və nəqliyyat vasitələrindəki sərnişinlərin üzərində axtarış aparılmasına icazə verə bilərdilər. İcazə 48 saat ərzində daxili işlər naziri tərəfindən təsdiq edilməli idi, əks halda qüvvəsini itirirdi. İcazənin müddəti iyirmi səkkiz gündən artıq ola bilməzdi, amma bu müddət uzadıla bilərdi. İcazədən irəli gələn səlahiyyətlər yalnız "terrorizmlə əlaqədar istifadə edilə bilən əşyaların" aşkar edilməsi məqsədləri üçün tətbiq edilə bilərdi, lakin şəxsin üzərində axtarış aparmaq üçün polis əməkdaşının həmin şəxsdə "bu cür əşyaların olmasından şübhələnmək" üçün əsaslara malik olması tələb olunmurdu. Polis əməkdaşı üzərində axtarış apardığı şəxsdən papağını, üst geyimini və əlcəklərini çıxarmasını tələb edə və əsaslı zərurət olduqda əlini onun daxili ciblərinə sala, köynəyinin boynunun daxili hissəsini, corablarını, ayaqqabılarının içərisini və saçlarını yoxlaya bilərdi. Axtarışlar şəxsin dayandırıldığı yerdə və ya həmin yerin yaxınlığında açıq məkanda aparılırdı. Axtarışa etiraz etmək azadlıqdan məhrumetmə ilə, cərimə ilə və ya bunların hər ikisi ilə cəzalandırılan cinayət əməli sayılırdı. Qanunun icrasına nəzarət edən müstəqil müşahidəçinin məruzəsi ən azı ildə bir dəfə parlamentə təqdim olunurdu.
2001-ci ildə müvafiq qanunvericilik qüvvəyə mindikdən sonra şəxsin dayandırılması və üzərində axtarış aparılması səlahiyyəti paytaxtın Böyük London bələdiyyəsi ərazisində xidmət edən polislərə verilir və "yeniləmə proqramına" uyğun olaraq axtarış icazələri mütəmadi olaraq yenilənir və təsdiq edilirdi. Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, il ərzində aparılmış axtarışların sayı 2004-2008-ci illərdə durmadan artaraq 33.177-dən 117.278-ə çatmışdı. Son məruzələrində müstəqil müşahidəçi bu səlahiyyətlərin tətbiq edilmə tərzini getdikcə daha çox tənqid edərək onların "qeyri-qənaətbəxş şəkildə və ya zərurət olmadan" tətbiq edildiyini qeyd edir və "mühüm məkanlarla" məhdudlaşan icazələrdən fərqli olaraq Böyük London bələdiyyəsi polisinin xidmət etdiyi bütün ərazini əhatə edən icazələrin uzadılmasının zəruriliyini şübhə altına alırdı.
Hazırkı işdə ərizəçilər yaxınlıqda keçirilən silah yarmarkasına qarşı etiraz nümayişinə yollandıqları zaman polis tərəfindən ayır-ayrılıqda saxlanılaraq axtarışa məruz qalmışdılar. Cənab Gillan velosipedlə hərəkət edirdi və belində asma çanta vardı. Jurnalist olan xanım Kinton jurnalist vəsiqələrini təqdim etdiyinə baxmayaraq dayandırıldı və üzərində axtarış aparıldı. Hər iki ərizəçi 30 dəqiqədən artıq müddət ərzində saxlanıldılar. Sonradan ərizəçilər bu hərəkətin qanuniliyinə məhkəmə tərəfindən baxılması üçün müraciət etdilər, amma cəhdləri uğursuz oldu. Son apellyasiya instansiyası qismində iclas keçirən Lordlar Palatası şəxsin üzərində adi səthi axtarış aparılmasına şəxsi həyata hörmət hüququnu pozan və 8-ci maddənin tətbiqini mümkün edən hal kimi baxmağın mümkünlüyünə şübhə etdi və hesab etdi ki, hətta bu maddənin tətbiqi mümkün olsa belə, ərizəçilərin dayandırılması və axtarışa məruz qalması Konvensiyada nəzərdə tutulmuş qanunilik tələbinə cavab verirdi, çünki polislər qanuna zidd hərəkət etmirdilər. Ərizəçilər həmçinin qraflıq məhkəməsində ziyanın əvəzinin ödənilməsi barədə iddia qaldırdılar. Onların iddia tələbi rədd edildi və onlar bu qərardan apellyasiya şikayəti vermədilər.
Hüquqi məsələlər
a) Şikayətin qəbulunun mümkünlüyü məsələsi – Hökumət iddia etdi ki, ərizəçilər daxili hüquqi müdafiə vasitələrini tam tükəndirməyiblər, belə ki, onlar axtarış icazəsinin əsaslı olub-olmaması və təsdiq edilib-edilməməsi məsələsinin müəyyənləşdirilməsi üçün Yüksək Məhkəmədə qapalı dinləmə keçirilməsi barədə təklifi qəbul etməyiblər və qraflıq məhkəməsinin qərarından apellyasiya şikayəti verməyiblər. Lakin Avropa Məhkəməsi qeyd etdi ki, ərizəçilər onlara tətbiq edilmiş dayandırma və axtarış metodlarının Terrorizm haqqında Qanunun müddəalarına uyğun olduğunu şübhə altına almayıblar. Öz şikayətlərində onlar dayandırma və axtarış səlahiyyətlərinin ümumiyyətlə Konvensiyaya uyğunluğu məsələsini qaldırıblar. Müvafiq olaraq, Hökumət qeyd etdiyi hüquqi müdafiə vasitələri ərizəçilərin Avropa Məhkəməsinə bu şikayətlərinin həlli üçün nə münasib, nə də səmərəli vasitələr idi.
Nəticə: Hökumətin ilkin etirazı rədd edildi (yekdilliklə).
b) Şikayətin mahiyyəti – Maddə 8: Terrorizm əleyhinə qanunvericilikdə nəzərdə tutulan və şəxsin bədəninin, geyiminin və şəxsi əşyalarının məcburi qaydada axtarılmasına yönələn məcburiyyət tətbiqi səlahiyyətlərindən istifadə edilməsi şəxsi həyata hörmət hüququna açıq-aydın müdaxilə təşkil edirdi. Axtarışın açıq məkanda aparılması və bu səbəbdən şəxsi həyata aid informasiyaların hamının gözü qarşısına çıxarılması alçalma və narahatlıq elementlərinin olması ucbatından bəzi hallarda şəxsi həyata ciddi müdaxilə təşkil edə bilər. Bu müdaxilə aeroportlardakı sərnişinlərin və ya dövlət binalarına daxil olanların üzərində aparılan axtarışla müqayisə oluna bilməz. Aeroport sərnişinləri təyyarə ilə uçmağa razılıq verdiklərinə görə üzərlərindəki axtarışa razılıq vermiş sayıla bilərlər, onlar şəxsi əşyalarını aeroport binası xaricində qoymaqda və ya axtarışa məruz qalmadan aeroport binasını tərk etməkdə sərbəstdirlər. Terrorizm haqqında Qanun əsasında axtarış aparmaq səlahiyyətləri isə keyfiyyətcə fərqli idi, çünki şəxs istənilən yerdə və istənilən vaxt dayandırıla bilərdi və axtarışa məruz qalıb-qalmamaq məsələsində onun heç bir seçimi yox idi.
Bu tədbirin "qanunla nəzərdə tutulan" tədbir olması məsələsinə gəlincə, tərəflər arasında fikir ayrılığı yoxdur ki, ərizəçilərin işində dayandırma və axtarış aparma səlahiyyətləri Terrorizm haqqında 2000-ci il tarixli Qanunun 44-47-ci maddələrinə, habelə ictimaiyyət üçün açıq sənəd olan Praktika Məcəlləsinə əsaslanırdı. Cavablandırılmalı sual ondan ibarət idi ki, dayandırma və axtarış aparma səlahiyyətlərinin tətbiqinə icazə verilməsi və bu səlahiyyətlərin praktikada tətbiqi məsələsində həmin Qanunun və məcəllənin müddəaları polisə həddən artıq diskresion səlahiyyətlər verirdimi? Məhkəmənin fikrincə, milli qanunvericilikdə nəzərdə tutulmuş təminatların əsassız müdaxilələrə qarşı adekvat müdafiəni təmin etdiyi sübuta yetirilmədi.
Birincisi, səlahiyyətlərin tətbiqinə icazə verilməsi və icazənin təsdiq edilməsi mərhələsinə gəlincə, Məhkəmə qeyd etdi ki, yüksək rütbəli polis əməkdaşları terror aktlarının qarşısının alınması üçün "məqsədəuyğun" ("zəruri" deyil, məhz "məqsədəuyğun") hesab etdikdə dayandırma və axtarış aparma səlahiyyətlərinin həyata keçirilməsinə icazə verə bilərdilər, beləliklə, bu tədbirin mütənasibliyinin qiymətləndirilməsi tələbi mövcud deyildi. Bundan başqa, icazənin daxili işlər naziri tərəfindən 48 saat ərzində təsdiqlənməsi tələb olunsa da, nazir icazənin coğrafi hüdudlarını dəyişə bilməzdi və belə görünür ki, o, praktikada heç vaxt icazənin təsdiqindən imtina etməmiş və ya icazənin müddətini azaltmamışdı. İcazələrin qanunla nəzərdə tutulan müddətə və coğrafi hüdudlarına nə dərəcədə riayət edilməsi əslində yoxlanılmırdı, bunu o fakt da təsdiq edir ki, Böyük London bələdiyyəsi ərazisində xidmət edən polislərin axtarış səlahiyyətləri üçün icazə "yeniləmə proqramına" uyğun olaraq mütəmadi surətdə yenilənirdi. Nəhayət, axtarış icazəsinə etiraz etmək perspektivi çox az idi: icazənin məhkəmə tərəfindən yoxlanılmasına yol verilsə də, polislərin qanunla nəzərdə tutulmuş səlahiyyətlərinin geniş olması müvafiq icazələrin verilməsi və təsdiq edilməsi zamanı səlahiyyətlərin aşılmasının ərizəçilər tərəfindən sübut edilməsi yolunda çətin dəf edilə bilən maneələr yaradırdı, müstəqil müşahidəçinin səlahiyyətləri isə qanunvericilik müddəalarının ümumi tətbiqi barədə məruzə etməklə məhdudlaşırdı və o, icazələri ləğv etmək və ya dəyişiklik etmək səlahiyyətinə malik deyildi.
Konkret polis əməkdaşlarının səlahiyyətlərinə gəlincə, onlara geniş diskresion səlahiyyətlərin verilməsi əlavə narahatlıq doğuran məsələdir. Axtarış apararkən polis əməkdaşı Praktika Məcəlləsinin tələblərini yerinə yetirməyə borclu olsa da, həmin məcəllə əsasən dayandırmanın və axtarışın qaydasını tənzimləyirdi və polis əməkdaşının dayandırma və axtarış aparma barədə qərarına hər hansı məhdudiyyət qoyulmasını nəzərdə tutmurdu. Həmin qərar yalnız konkret polis əməkdaşının "şübhəsinə" və ya "peşə intuisiyasına" əsaslanırdı. Polis əməkdaşından nəinki hər hansı əsaslı şübhənin mövcudluğunu sübut etməsi tələb olunmurdu, hətta şəxsin dayandırılması və üzərində axtarış aparılması üçün subyektiv şübhənin olması da tələb olunmurdu. Yeganə şərt bundan ibarət idi ki, axtarış terrorizmlə əlaqədar istifadə edilə bilən əşyaları aşkar etmək məqsədi ilə aparılmalı idi, bu isə kifayət qədər geniş kateqoriyalı anlayış idi və insanlarım küçədə özləri ilə gəzdirdiyi çoxsaylı əşyaları özündə ehtiva edə bilərdi. Polis əməkdaşından yalnız bu tələb olunurdu ki, müvafiq şəxsi bu cür əşyaların aşkar edilməsi məqsədi ilə dayandırsın, hətta onun həmin şəxsdə bu cür əşyaların olmasından şübhələnmək üçün əsaslara malik olması da tələb olunmurdu.
Bu baxımdan polislər tərəfindən dayandırma və axtarış aparma səlahiyyətlərindən istifadə olunmasının miqyası ilə bağlı statistik məlumatlar və digər dəlillər heyrət doğurur. Aparılmış axtarışların sayının çoxluğunu və müstəqil müşahidəçinin məruzəsini nəzərə alaraq, Məhkəmə bu qənaətə gəldi ki, polislərə belə geniş diskresion səlahiyyətlərin verilməsi açıq-aydın özbaşınalıq riskini doğururdu. Səlahiyyətlərdən etnik azlıqlara qarşı ayrı-seçkilik niyyəti ilə istifadə edilməsi təhlükəsi olduqca real idi və statistika göstərirdi ki, qara dərili şəxslər və asiyalılar axtarışlara qeyri-mütənasib dərəcədə çox məruz qalırdılar. Həmçinin nümayişçilərə və etirazçılara qarşı bu cür geniş səlahiyyətlərdən sui-istifadə edilməsi təhlükəsi mövcud idi. Eynilə, ərizəçilərin işindən göründüyü kimi, konkret halda dayandırma və axtarış aparma səlahiyyətlərinin tətbiqinə qarşı şikayətə məhkəmə tərəfindən baxılması və ya ziyanın kompensasiyası barədə iddia qaldırılması, çətin ki, uğurla nəticələnə bilərdi, çünki bu səlahiyyətlərini həyata keçirmək üçün əsaslı şübhəyə malik olmalarının polislərdən tələb olunmaması onların səlahiyyətlərini hüquqa zidd olaraq həyata keçirdiklərini sübuta yetirməyi, demək olar ki, mümkünsüz edirdi.
Beləliklə, nə icazələrin verilməsi və təsdiqi proseduru, nə də Terrorizm haqqında 2000-ci il tarixli Qanunun 44 və 45-ci maddələri əsasında dayandırma və axtarış aparma səlahiyyətləri hər hansı çərçivələrlə məhdudlaşdırılmamışdı, yaxud sui-istifadə hallarına qarşı adekvat müdafiəyə hüquqi təminat vermirdi. Müvafiq olaraq, onlar "qanunla nəzərdə tutulan" prosedur və ya səlahiyyətlər sayıla bilməzdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Qərara alındı ki, pozuntunun müəyyən edilməsi faktı mənəvi ziyana görə kifayət qədər ədalətli kompensasiya təşkil edir.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy