Göç (Göç) Türkiyəyə qarşı [BP] – ərizə № 36590/97
11.7.2002 tarixli qərar [Böyük Palata]
Maddə 6
6-cı maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması hüququ
Şifahi məhkəmə iclası
Həbsdə saxlanılmaya görə kompensasiya ilə əlaqədar işdə şifahi məhkəmə iclasının keçirilməməsi: pozuntu baş verib
Çəkişmə xarakterli məhkəmə araşdırması
Kassasiya məhkəməsində yanında baş dövlət prokurorunun rəyinin şikayətçiyə təqdim edilməməsi: pozuntu baş verib
Faktlar – Ərizəçi həbsdə saxlanıldığı dövr ilə əlaqədar kompensasiya tələbi ilə iddia qaldırmışdı. Andlılar məhkəməsi öz üzvlərindən birini işin araşdırılması üçün təyin etdi. Həmin üzv ərizəçinin işi üzrə dinləmə (şifahi iclas) keçirməyə ehtiyac olmadığını qərara aldı və işin materialları əsasında tərtib etdiyi məruzəni təqdim etdi, məruzədə kompensasiyanın təyin olunması tövsiyə edilirdi. Lakin məhkəmə aşağı məbləğdə kompensasiya təyin etdi. Ərizəçi və Xəzinədarlıq Kassasiya Məhkəməsinə şikayət etdilər. Kassasiya Məhkəməsi yanında baş dövlət prokuroru bu şikayətlərlə bağlı rəyini bildirərək hər iki şikayətin rədd edilməsini tövsiyə etdi. Rəy ərizəçiyə təqdim edildi. Kassasiya Məhkəməsi dinləmə keçirmədən andlılar məhkəməsinin qərarını qüvvədə saxladı.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi: a) 6-cı maddənin 1-ci bəndinin bu işə tətbiqinin mümkünlüyü məsələsi – Hökumət Palatadakı icraatda bu məsələyə dair arqumentini irəli sürməsə də, Böyük Palatadakı icraatda onu irəli sürməsinə mane olan hal yox idi, belə ki, Palata bu məsələni bilavasitə işə mahiyyəti üzrə baxılması mərhələsində nəzərdən keçirilmək üçün təxirə salmışdı və beləliklə, bu məsələ Böyük Palatanın icraatına verilmiş işin tərkib hissəsini təşkil edirdi. Sözügedən kompensasiya sisteminin qanunvericilikdə müəyyən edilmiş xarakterindən və fəaliyyətinin qüsurlu olub-olmamasından asılı olmayaraq, mövcud vəziyyətdə kompensasiya məbləği ilə əlaqədar məhkəmə mübahisəsi və kompensasiya "hüququ" yaranmış olur. Kompensasiya tələbinin qanunvericiliyin şərtlərinə cavab verdiyi müəyyən edilibsə, o halda kompensasiyanın təyin edilməsi daxili məhkəmənin diskresion səlahiyyətinə aid məsələ deyil və Hökumət də mövcud vəziyyətdə ərizəçinin kompensasiya hüququna malik olduğunu mübahisələndirməyib. Bu hüququn "mülki" hüquq olub-olmadığı məsələsinə gəlincə, qanunvericilikdə müəyyən edilmiş kompensasiya sistemi ilə əlaqədar olan bu tip işdə iddia tələbinin predmetinin maddi xarakter daşıması və prosesin nəticəsinin həmin maddi tələb üçün həlledici əhəmiyyətə malik olması 6-cı maddənin 1-ci bəndinin bu işə tətbiqinin mümkünlüyü qənaətinə gəlmək üçün kifayət idi.
b) Şikayətin mahiyyəti – i) Şifahi məhkəmə iclasının keçirilməməsi: Palata çəkişmə xarakterli məhkəmə araşdırması hüququnun pozulduğu qənaətinə gəldiyinə görə hesab etmişdi ki, şikayətin mahiyyəti üzrə qərar çıxarmağa ehtiyac yoxdur, amma Böyük Palata hesab etdi ki, bu iki şikayət fərqlidir və ayrı-ayrılıqda araşdırılmalıdır. İşin icraatını aparan birinci instansiya məhkəməsi yeganə məhkəmə instansiyasıdırsa, o zaman "şifahi məhkəmə araşdırması" hüququ yaranmış olur, bu şərtlə ki, şifahi iclasın keçirilməməsinə haqq qazandıran müstəsna hallar mövcud olmasın. Hazırkı işdə ərizəçi daxili məhkəmələrdəki icraatın hər hansı mərhələsində şifahi arqumentlərini irəli sürmək imkanına malik olmayıb və Məhkəmə ərizəçinin Mülki Prosessual Məcəlləyə uyğun olaraq şifahi məhkəmə iclası keçirilməsi üçün vəsatət vermiş olduğu təqdirdə vəsatətin uğur qazanması perspektivinin mövcud ola biləcəyinə əmin deyil, çünki müvafiq prosedur, belə görünür ki, bu məcəllə ilə deyil, Cinayət Prosessual Məcəlləsi ilə tənzimlənirdi. Önəmli sual bu idi ki, faktların müəyyən edilməsinə və kompensasiyanın məbləğinin qiymətləndirilməsinə görə cavabdeh olan andlılar məhkəməsində ərizəçinin işi üzrə şifahi iclas keçirilməli idimi? Ərizəçinin şifahi məhkəmə iclasının keçirilməsi barədə Kassasiya Məhkəməsinə müraciət etməməsi onun bu hüququndan imtina etməsi hesab oluna bilməzdi, çünki bu məhkəmə təyin olunmuş kompensasiyanın məbləğinə öz mülahizəsi əsasında yenidən baxmaq səlahiyyətinə malik deyildi. İşdə müvafiq hallardan birinin mövcud olduğu müəyyənləşdirilən andan andlılar məhkəməsi təyin olunan kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi ilə bağlı diskresion səlahiyyətə malik idi və baxmayaraq ki, ərizəçinin həbsdə saxlanması faktını və bu həbsin müddətini, eləcə də onun maddi və sosial vəziyyətini ərizəçini dinləməyə ehtiyac olmadan məruzəçi hakimin məruzəsi əsasında müəyyənləşdirmək olardı, ərizəçinin məruz qaldığını iddia etdiyi mənəvi iztirablara fərqli mülahizələr tətbiq edilirdi. Ona imkan verilməli idi ki, həbsinin gətirdiyi təşviş və iztirabları andlılar məhkəməsinə şifahi formada izah etsin. Bunlar təkcə işin materialları əsasında lazımi qaydada həll edilə biləcək texniki məsələlər deyildi. Bu mülahizələr işə operativ və effektiv şəkildə baxılması tələblərindən daha önəmli idi və buna görə də, şifahi məhkəmə iclasının keçirilməməsinə haqq qazandıra bilən heç bir müstəsna hal mövcud deyildi.
Nəticə: pozuntu baş verib (səkkiz səsə qarşı doqquz səslə).
ii) Baş dövlət prokurorunun rəyinin təqdim edilməməsi: Palatanın bu qənaətini qəbul etməmək üçün heç bir əsas yoxdur ki, Baş dövlət prokurorunun rəyinin ərizəçiyə təqdim edilməməsi 6-cı maddənin 1-ci bəndini pozmuş olub. Palata bu rəyin məqsədinin Kassasiya Məhkəməsinin qərarına təsir göstərmək olduğunu müəyyən etmişdi və rəydə yer alan arqumentlərin xarakterini və ərizəçinin onlara cavab vermək imkanına malik olmadığını nəzərə alsaq, onun çəkişmə xarakterli məhkəmə araşdırması hüququ pozulmuş olub. Baxmayaraq ki, Baş dövlət prokuroru Xəzinədarlığın da şikayətinin rədd edilməsini tövsiyə etmişdi və bu neytral yanaşma tərəflərin bərabərliyini təmin edə bilərdi, hər halda ərizəçi kompensasiyanın məbləğini mübahisələndirmişdi və buna görə də o, işi udmasının perspektivlərinə əngəl törədə biləcək istənilən arqumentlər barəsində tam məlumat almaq hüququna malik idi. Kress Fransaya qarşı məhkəmə işində (7 iyun 2001-ci il tarixli qərar) müəyyən edilmiş təminatlar bu işdə yox idi. Nəhayət, ərizəçinin işin materialları ilə Kassasiya Məhkəməsində tanış olmasının və rəyin surətini əldə etməsinin mümkünlüyü barədə arqumentə gəlincə, bu özlüyündə yetərli təminat deyildi: ədalətliliyi təmin etmək üçün Kassasiya Məhkəməsinin katibliyi ərizəçini təqdim edilmiş rəy barəsində və həmin rəylə bağlı yazılı qeydlərini təqdim etmək imkanına malik olduğu barədə məlumatlandırmağa borclu idi, amma belə görünür ki, bu tələb daxili qanunvericilikdə nəzərdə tutulmamışdı. Üstəlik, ərizəçinin vəkilinin işin materiallarına hər hansı yeni elementlərin daxil edilib-edilmədiyi barədə mütəmadi məlumat almaq üçün özünün təşəbbüs göstərməsinin tələb edilməsi ərizəçinin üzərinə qeyri-mütənasib yükün qoyulmasına bərabər idi və bu hal həmin rəylə bağlı qeydlərin təqdim edilməsini təmin edən real imkan sayıla bilməzdi, belə ki, ərizəçi şikayətinə hansı müddətdə baxılacağı barədə heç vaxt məlumatlandırılmamışdı.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Full & Egal Universal Law Academy