Qogitidze (Gogitidze) və başqaları Gürcüstana qarşı – ərizə № 36862/05
12.5.2015 tarixli qərar [IV Bölmə]
1 saylı Protokolun 1-ci maddəsi
1 saylı Protokolun 1-ci maddəsinin ikinci hissəsi
Mülkiyyətdən istifadəyə nəzarət
Ölkədaxili antikorrupsiya tədbirləri çərçivəsində mülki dövlət qulluqçusunun qanunsuz yolla əldə etdiyi mülkiyyətin müsadirə olunması: pozuntu baş verməyib
Faktlar: Hökumətin keçmiş naziri olmuş birinci ərizəçi 2004-cü ildə hakimiyyət səlahiyyətindən sui-istifadə etməkdə və pulqoparmada ittiham olundu. Sonradan Acarıstan Muxtar Respublikasının prokurorluğu əmlakı qanunsuz yolla və izahat vermədən əldə etmə ilə əlaqədar olaraq ona və qalan ərizəçilərə, habelə birinci ərizəçinin bütün yaxın qohumlarına qarşı mülkiyyətin müsadirəsi üzrə iş qaldırdı. 2004-cü ilin sentyabrında Acarıstan Ali Məhkəməsi altı əmlakın müsadirəsi barədə qərar çıxardı. 2005-ci ilin yanvarında dörd ərizəçinin hamısı apellyasiya şikayəti verdikdən sonra Gürcüstan Ali Məhkəməsi bir əmlakın müsadirəsi haqqında qərarı ləğv etdi, qalan müsadirə qərarlarını isə qüvvədə saxladı. Birinci ərizəçi qərardan konstitusiya şikayəti verərək inzibati müsadirə prosedurunu tənzimləyən müddəaların Konstitusiyaya uyğunluğunu şübhə altına aldı. Konstitusiya Məhkəməsi bu şikayəti rədd edərək qeyd etdi ki, 2004-cü ilin fevralında qəbul edilmiş müvafiq qanunvericilik korrupsiyaya qarşı mübarizənin gücləndirilməsindən ibarət olan ümumi maraqlara xidmət edir.
Hüquqi məsələlər – 1 saylı Protokolun 1-ci maddəsi: Hazırkı işdə barəsində şikayət edilən, sırf inzibati müsadirə tədbiri olmayan tədbir öncə vəzifəli şəxsə qarşı irəli sürülmüş cinayət ittihamı ilə əlaqədar idi və beləliklə öz təbiətinə görə vəzifəli şəxslər və onların yaxın ətrafı tərəfindən qanunsuz yolla və ya izahat verilmədən əldə edilmiş əmlakın geri qaytarılması məqsədini daşıyan və əşya hüququ sahəsinə aid olan mülki proses idi.
Müsadirə tədbiri mülkiyyətdən istifadəyə nəzarət etmə yolu ilə ərizəçilərin hüquqlarına müdaxilə təşkil edirdi. Müdaxilə qanuna uyğun idi və qanuni məqsəd daşıyırdı, yəni dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə məqsədini güdürdü.
Tədbirin mütənasibliyinə gəlincə, Məhkəmə müsadirə prosedurunun əsassız olub-olmadığını araşdırdı. Bununla əlaqədar olaraq o qeyd etdi ki, qanunsuz varlanmaya gətirib çıxaran ciddi hüquq pozuntuları ilə mübarizənin beynəlxalq səviyyədə tanınan standartları əsasında və Gürcüstanda bütün səviyyələrdə korrupsiyanın təşviş doğuran dərəcədə olması fonunda müxtəlif beynəlxalq qurumlar, o cümlədən Çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinin qiymətləndirilməsi üzrə Avropa Şurasının Ekspertlər Komitəsi (MONEYVAL) dəfələrlə Gürcüstanın hakimiyyət orqanlarına məsləhət görüblər ki, korrupsiya ilə əlaqəli cinayətlərdən əldə edilmiş gəlirlərin müsadirəsini təmin etmək üçün qanunvericilik tədbirləri görsünlər. Gürcüstanın hakimiyyət orqanları 2004-cü ilin fevralında qanunvericilik dəyişikliklərini qəbul etməklə və beləliklə Gürcüstan qanunvericiliyini müvafiq beynəlxalq standartlara uyğunlaşdırmaqla bu təlimatları praktikada həyata keçiriblər. Özünün bu sahəyə aid öncəki presedent hüququnda Məhkəmə hətta təqsirləndirilən şəxslərin təqsirliliyini müəyyən edən ittiham hökmünün olmadığı hallarda da müsadirə tədbirlərinin mütənasib hesab edilməsində heç bir problem görməyib və müvafiq əmlakın qanunsuz mənşəyi ilə bağlı "əsaslı şübhə" meyarından daha artıq səviyyədə sübutetmə standartı tələb etməyib. O həmçinin hesab edib ki, müsadirə tədbirləri təkcə cinayətdə birbaşa təqsirləndirilən şəxslərə deyil, həm də onların yaxın qohumlarına, yəni qanunsuz yolla əldə edilmiş əmlaka qeyri-rəsmi formada və ya əmlakın vicdanlı sahibi olmadan hər hansı digər formada sahiblik edən və onu idarə edən şəxslərə tətbiq edilə bilər. Bütün bunları nəzərə alaraq Məhkəmə analogiya əsasında bu qənaətə gəldi ki, hazırkı işdə əşya hüququ sahəsinə aid olan mülki proses əsassız olan, yaxud 1 saylı Protokolun 1-ci maddəsindən irəli gələn mütənasiblik meyarını pozan prosedur sayıla bilməz.
Bundan əlavə, daxili məhkəmələrdəki icraatlara gəlincə, ərizəçilər yazılı ifadələrini təqdim etmək və şifahi dinləmədə iştirak etmək üçün lazımi qaydada məhkəməyə çağırılmışdılar, prokurorun tələbi təsdiqedici sübutlar və ərizəçilərin maliyyə vəziyyəti nəzərə alınmaqla lazımi qaydada araşdırılmışdı. Əşya hüququ sahəsinə aid olan mülki prosesdə arqumentlərini təqdim etmək üçün ərizəçilərə ağlabatan imkan yaradılmadığını, yaxud daxili məhkəmələrin qənaətlərinin açıq-aydın əsassız olduğunu iddia etmək üçün heç bir əsas yox idi.
Beləliklə, dövlət qulluğu sahəsində korrupsiyaya qarşı mübarizə məqsədi daşıyan siyasəti həyata keçirməkdə Gürcüstanın dövlət orqanlarının geniş qiymətləndirmə sərbəstliyinə malik olduqlarını, daxili məhkəmələrin çəkişmə prosesi vasitəsilə ərizəçilərə arqumentlərini təqdim etmək üçün ağlabatan imkan yaratdıqlarını nəzərə alsaq, cəmiyyətin ümumi maraqları ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında zəruri balans pozulmamışdı.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Full & Egal Universal Law Academy