Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 117
Mart 2009-cu il
***
Qoru (Gorou) Yunanıstana qarşı (№ 2) [BP] – ərizə № 12686/03
20.3.2009 tarixli qərar [Böyük Palata]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Mülki hüquq və vəzifələr
Mülki hüquqla bağlı mübahisə
Mülki hüquqla bağlı həqiqi "mübahisənin" mövcudluğunun təsdiq edilməsi məqsədi ilə Kassasiya Məhkəməsi yanında dövlət prokurorunun kassasiya şikayəti təqdim etməsi üçün həmin prokurora müraciət edilməsi: 6-cı maddə bu işə tətbiq edilə bilər
Ədalətli məhkəmə araşdırması hüququ
Kassasiya Məhkəməsinə kassasiya şikayəti verilməsi barədə müraciətin qısa izahatla rədd edilməsi: pozuntu baş verməyib
Faktlar: Təhsil Nazirliyində mülki qulluqçu olan ərizəçi yalan ifadə vermə və diffamasiya ittihamları ilə rəisi S.M.-ə qarşı cinayət işi açılması üçün şikayət ərizəsi vermiş və həmçinin kompensasiya tələb etmədən işə mülki iddiaçı qismində qatılması üçün vəsatət təqdim etmişdi. Cinayət məhkəməsindəki icraatda ərizəçi işə mülki iddiaçı qismində qatılması barədə vəsatətini təkrarlayaraq 1.000 drahma (təxminən 3 avro) tələb etdi. Elə həmin gün cinayət məhkəməsi S.M.-ə qarşı irəli sürülmüş ittihamları araşdıraraq ona bəraət verdi. Ərizəçi Kassasiya Məhkəməsi yanında dövlət prokuroruna məktubla müraciət etdi ki, prokuror Cinayət Prosessual Məcəlləsinin 506-cı maddəsinin 2-ci bəndi əsasında cinayət məhkəməsinin bu qərarına qarşı kassasiya şikayəti təqdim etsin. Kassasiya Məhkəməsi yanında dövlət prokuroru bu xahişlə bağlı qeydlərini ərizəçinin məktubuna əllə yazaraq məktubu ərizəçiyə qaytardı: "Kassasiya Məhkəməsinə kassasiya şikayəti vermək üçün hüquqi və ya əsaslı səbəblər yoxdur".
Hüquqi məsələlər
a) Kassasiya Məhkəməsi yanında dövlət prokurorunun kassasiya şikayəti verməkdən imtina qərarının əsaslandırılmaması barədə şikayət
i) Hökumətin ilkin etirazları – Məhkəmə prosesinin mülki xarakter daşıması məsələsinə gəlincə, ərizəçi yalan ifadə vermə və diffamasiya ilə bağlı cinayət prosesinə mülki iddiaçı qismində qatılmışdı və təxminən üç avro kompensasiya tələb edirdi. Beləliklə, 6-cı maddənin 1-ci bəndi bu işə tətbiq edilə bilər, hər şeydən əvvəl ona görə ki, barəsində şikayət edilən məhkəmə prosesi ərizəçinin "nüfuzunun" qorunması ilə əlaqədar proses idi. Bundan başqa, ərizəçinin prosesə mülki iddiaçı qismində qatılarkən təxminən üç avro kompensasiya tələb etdiyini nəzərə alsaq, prosesin həm də maddi aspekti vardı (hərçənd ki, məbləğ simvolik idi).
Nəticə: Hökumətin ilkin etirazı rədd edildi (yekdilliklə).
Prokurora müraciətin xarakteristikasına gəlincə, bu, xüsusi hal idi, belə ki, ərizəçi iddia edirdi ki, onun Kassasiya Məhkəməsi yanında dövlət prokuroru vasitəsilə kassasiya şikayəti vermək hüququ qanundan deyil, bərqərar olmuş məhkəmə praktikasından irəli gəlir. Həmin praktikaya əsasən, mülki iddiaçı kassasiya şikayəti verilməsi üçün Kassasiya Məhkəməsi yanında dövlət prokuroruna müraciət edə bilərdi, o isə, bir qayda olaraq, bu cür müraciətləri qısa şəkildə olsa da cavablandırırdı. Buna görə də ərizəçinin müraciətinin real nəticələrini araşdırmaq və sözügedən təşəbbüsün ərizəçinin mülki iddiaçı qismində qatıldığı prosesin ayrılmaz tərkib hissəsi olub-olmadığını və beləliklə ilkin "mübahisə" ilə birbaşa əlaqəli olub-olmadığını müəyyənləşdirmək daha məqsədəuyğun olardı. Məhkəmə hesab etdi ki, sözügedən praktikanı nəzərə almaq və ərizəçinin prokurora müraciətini onun mülki iddiaçı qismində irəli sürdüyü kompensasiya tələbini rədd etmiş məhkəmə qərarına qarşı şikayətinin məntiqi tərkib hissəsi kimi qəbul etmək ölkədaxili hüquq sisteminin reallıqlarına daha çox uyğun olardı. Bundan əlavə, Məhkəmə qeyd etdi ki, Kassasiya Məhkəməsi yanında dövlət prokuroru kassasiya şikayəti versəydi, ərizəçinin müraciəti sonrakı icraatla qırılmaz surətdə əlaqəli olacaqdı. Belə vəziyyətdə ərizəçinin prokurora müraciətinin real "mübahisədən" irəli gəldiyini inkar etmək düzgün olmazdı, çünki həmin müraciət ərizəçinin kompensasiyaya nail olmaq məqsədi ilə mülki iddiaçı qismində qatıldığı məhkəmə prosesinin ayrılmaz tərkib hissəsini təşkil edirdi. Müvafiq olaraq, ərizəçinin Kassasiya Məhkəməsi yanında dövlət prokuroruna müraciəti 6-cı maddənin 1-ci bəndinin məqsədləri üçün mülki hüquqla əlaqədar "mübahisəyə" aid idi.
Nəticə: Hökumətin ilkin etirazı rədd edildi (altı səsə qarşı on bir səslə).
ii) Şikayətin mahiyyəti – Məhkəmə qeyd etdi ki, bəraət hökmü çıxarıldığı hallarda daxili qanunvericiliyə əsasən mülki iddiaçı prinsipcə birbaşa kassasiya şikayəti vermək və ya Kassasiya Məhkəməsi yanında dövlət prokuroruna kompensasiya üçün müraciət etmək hüququna malik deyildi. Bununla belə, Məhkəmə etiraf etdi ki, bərqərar olmuş məhkəmə praktikası bu işdə nəzərə alınmaya bilməz. Prokuror mülki iddiaçının kassasiya şikayəti verilməsi barədə bu cür müraciətlərini, bir qayda olaraq, qısa formada olsa da cavablandırırdı. Bundan başqa, o qeyd etdi ki, Cinayət Prosessual Məcəlləsinin 506-cı maddəsinə əsasən, prokurorun "müsbət" qərarı mülki iddiaçı tərəfindən deyil, prokurorun özü tərəfindən kassasiya şikayəti verilməsi ilə nəticələnirdi. Analoji olaraq, "mənfi" qərar isə o demək idi ki, prokuror kassasiya şikayəti verməkdən imtina edib. Nəhayət, ərizəçinin iddialarının əksinə olaraq, müvafiq daxili qanunvericilikdə prokurorun konkret olaraq qərarını əsaslandırmaq öhdəliyi nəzərdə tutulmamışdı. Beləliklə, ərizəçinin müraciət məktubu üzərində əllə yazılmış qeyd sadəcə olaraq prokuror tərəfindən qəbul edilmiş diskresion qərar barədə məlumatlandırıcı qeyd idi. Məsələyə bu nöqteyi-nəzərdən yanaşsaq və mövcud məhkəmə praktikasını nəzərə alsaq, prokuror öz cavabını əsaslandırmağa borclu deyildi və yalnız mülki iddiaçının müraciətinə cavab vermək vəzifəsini daşıyırdı. Daha ətraflı əsaslandırmanın tələb edilməsi Kassasiya Məhkəməsi yanında dövlət prokurorunun üzərinə əlavə yük qoymuş olardı, halbuki bəraət hökmünə qarşı kassasiya şikayəti verilməsi üçün mülki iddiaçının ona müraciətinin xarakteri heç də bunu tələb etmirdi. Beləliklə, "Kassasiya Məhkəməsinə kassasiya şikayəti vermək üçün hüquqi və ya əsaslı səbəblər yoxdur" cümləsini yazmaqla prokuror müraciətin rədd edilməsi barədə qərarını kifayət qədər əsaslandırmışdı.
Nəticə: pozuntu baş verməyib (dörd səsə qarşı on üç səslə).
b) Məhkəmə prosesinin uzun sürməsi ilə bağlı şikayət: Palata kimi Böyük Palata da eyni səbəblərə görə hesab etdi ki, bütövlükdə məhkəmə prosesinin uzun sürməsi ilə əlaqədar olaraq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu baş verib.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41 – Mənəvi ziyana görə 4.000 avro təyin edildi.
Full & Egal Universal Law Academy