© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BÖYÜK PALATA
QROS İSVEÇRƏYƏ QARŞI
(67810/10 nömrəli ərizə)
QƏRAR
STRASBURQ
30 sentyabr 2014-cü il
Bu qərar qətidir, lakin onun mətnində redaktə xarakterli dəyişikliklər edilə bilər.
Qros İsveçrəyə qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası
sədr Din Şpilman (Dean Spielmann),
hakimlər:
Jozep Kasadeval (Josep Casadevall),
İneta Ziemele (Ineta Ziemele),
Mark Villiger (Mark Villiger),
İzabel Berro-Lefevr (Isabelle Berro-Lefèvre),
Boştyan Zupançiç (Boštjan M. Zupančič),
Alvina Qyulumyan (Alvina Gyulumyan),
Xanlar Hacıyev (Khanlar Hajiyev),
Draqolyub Popoviç (Dragoljub Popović),
Ledi Bianku (Ledi Bianku),
Nona Tsotsoria (Nona Tsotsoria),
Ənn Pauer-Forde (Ann Power-Forde),
Vinsent A. De Qaetano (Vincent A. de Gaetano),
Linos-Alexandre Sisilianos (Linos-Alexandre Sicilianos),
Helen Keller (Helen Keller),
Helena Yaderblom (Helena Jäderblom),
İohan Silvis (Johannes Silvis),
və məhkəmə katibi Erik Friberqdən (Erik Fribergh) ibarət tərkibdə
2014-cü il 5 mart və 2014-cü il 27 avqust tarixlərində qapalı müşavirə keçirərək,
Yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq İsveçrə vətəndaşı xanım Alda Qros (“ərizəçi”) tərəfindən 10 noyabr 2010-cu ildə İsveçrə Konfederasiyasına qarşı ərizənin (67810/10 nömrəli) təqdim edilməsi ilə başlanmışdır.
2. Ərizəçini İsveçrənin St Qallen şəhərində fəaliyyət göstərən vəkil cənab F.T.Peterman, İsveçrə Hökumətini (“Hökumət”) səlahiyyətli nümayəndəsi, Federal Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Avropa Şurası Bölməsinin müdiri cənab F.Şürman təmsil etmişdir.
3. Ərizəçi Konvensiyanın 8-ci maddəsinə istinad edərək, xüsusilə həyatına necə və nə zaman son vermək hüququnun pozulduğunu iddia etmişdir.
4. Ərizə baxılması üçün Məhkəmənin İkinci Bölməsinə göndərilmişdir (Məhkəmənin Prosedur Qaydalarının 52-ci maddəsinin 1-ci bəndi). 2012-ci il 5 yanvarda ərizə mövqeyini bildirməsi üçün Hökumətə göndərilmişdir. Eyni zamanda işə prioritet iş kimi baxmaq haqqında qərar qəbul edilmişdir (Qaydaların 41-ci maddəsi). 2013-cü il 14 mayda sədr Qido Raymondi, hakimlər Danute Yoşiene, Per Lorensen, Andras Saxo, İşıl Karakaş, Neboyşa Vuçiniç, Helen Keller və bölmə katibi Steynli Neysmitdən ibarət tərkibdə Palata qapalı iclasda işə baxaraq əksəriyyət səs çoxluğu ilə Konvensiyanın 8-ci maddəsinin pozulması barədə qərar qəbul etmişdir. Hakimlər Raymondi, Yoşiene və Karakaşın birgə xüsusi rəyi qərara əlavə edilmişdir.
5. Hökumət 2013-cü il 12 avqust tarixli məktubunda Konvensiyanın 43-cü maddəsinə və Qaydaların 73-cü maddəsinə uyğun olaraq işin Böyük Palataya verilməsini xahiş etmişdir. Böyük Palatanın kollegiyası 2013-cü il 7 oktyabrda xahişi təmin etmişdir.
6. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4-cü və 5-ci bəndləri və Qaydaların 24-cü maddəsi əsasında müəyyən edilmişdir.
7. Ərizəçi və Hökumət əlavə yazılı qeydlərini təqdim etmişlər (Qaydaların 59-cu maddəsinin 1-ci bəndi). Hökumət 2014-cü il 7 yanvar tarixli qeydində Məhkəməyə ərizəçinin 2011-ci il 10 noyabr tarixində vəfat etdiyi barədə məlumat vermişdir. Ərizəçinin vəkili buna cavabında öz qeydlərini təqdim etmişdir.
8. Bundan əlavə, aşağıdakılar ərizənin mahiyyəti ilə bağlı üçüncü tərəf kimi qeydlərini təqdim etmişlər: Amerika Birləşmiş Ştatlarında (“ABŞ”) yerləşən və fəaliyyətini bütün dünyada yaşamaq hüququnun müdafiəsinə həsr edən Azadlığı Müdafiə Alyansı (əvvəllər Müdafiə Alyansı Fondu kimi tanınırdı) (cənab P.Koulmən tərəfindən təmsil olunmuşdur); Fransada yerləşən və bioetika və dini azadlığın müdafiəsi məsələləri üzrə ixtisaslaşmış Avropa Hüquq və Ədalət Mərkəzi (cənab Q.Puppink tərəfindən təmsil olunmuşdur); ABŞ-da yerləşən və yaşamaq hüququnu təbii ölümə qədər konsepsiyasından müdafiə edən Həyat üçün Birləşmiş Amerikalılar assosiasiyası (cənab V.L.Saunders tərəfindən təmsil olunmuşdur) və İsveçrədə yerləşən və üzvlərinin həyatlarının sonuna qədər qayğıdan kənar qalmaması və insan ləyaqətinə uyğun şəkildə vəfat etməsi məqsədinə xidmət edən Diqnitas assosiasiyası (cənab L.A.Minelli tərəfindən təmsil olunmuşdur). Sədr üçüncü tərəf kimi çıxış edən hər üç təşkilata Palataya yazılı qeydlərini təqdim etməyə icazə vermişdir (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və Qaydaların 44-cü maddəsinin 3-cü bəndi).
FAKTLAR
İŞİN HALLARI
3. Ərizəçi 1931-ci ildə anadan olmuş və 2011-ci il 10 noyabrda vəfat etmişdir.
10. Ərizəçi bir-neçə il ərzində həyatına son qoymaq arzusunu ifadə etmişdir. O, bu arzusunu vaxt keçdikcə daha zəif olması, fiziki və əqli imkanlarının aşağı düşməsindən çəkdiyi əziyyəti davam etdirmək istəməməsi ilə izah etmişdir. O qərara almışdır ki, həyatına etaminal natriumun ölümcül dozasını qəbul etməklə son qoymaq istəyir. O, sui-qəsdə yardım assosiasiyası – EXIT-ə yardım üçün müraciət etmiş, onlar isə ona ölümcül dərman üçün resept yazacaq həkimin tapılmasının çətin olduğu cavabını vermişlər.
11. 2008-ci il 20 oktyabrda psixiatr Dr. T.-nin verdiyi ekspert rəyinə görə ərizəçinin öz qərarını qəbul etmək iqtidarında olduğuna şübhənin olmadığı bildirilirdi. Psixiatriya nöqteyi-nəzərindən Dr. T. ərizəçiyə ölümcül dozada etaminal natriumun verilməsinə etiraz etmirdi. Lakin o, resepti özünün yazmasından imtina etmiş və bunu tibbi ekspert ilə müalicə edən həkimin rollarını qarışdırmaq istəməməsi ilə izah etmişdir.
12. 2008-ci il 5 noyabrda, 2008-ci il 1 dekabrda və 2009-cu il 4 mayda ərizəçinin nümayəndəsi onun adından daha üç həkimə müraciət edərək etaminal natriumun alınması üçün reseptin yazılması xahişi ilə müraciət etmiş, lakin onların hamısı bu resepti yazmaqdan imtina etmişlər.
13. 2008-ci il 16 dekabrda ərizəçi özünə qəsd etmək məqsədilə 15 qram etaminal natriumun ona verilməsi üçün Sürix Kantonunun Səhiyyə İdarəsinə xahişlə müraciət etmişdir. 2009-cu il 29 apreldə Səhiyyə İdarəsi ərizəçinin xahişini rədd etmişdir.
14. 2009-cu il 29 mayda ərizəçi Sürix Kantonunun İnzibati Məhkəməsinə şikayət vermişdir. 2009-cu il 22 oktyabrda İnzibati Məhkəmə şikayəti təmin etməmişdir. İnzibati Məhkəmə xüsusilə hesab etmişdir ki, etaminal natriumun ölümcül dozası üçün reseptin yazılmasının ilkin şərti Konvensiyanın 8-ci maddəsinin tələblərinə uyğundur. Reseptin əldə olunması tələbi erkən qərarların qəbul edilməsinin qarşısını almaq məqsədi daşıyır və edilməsi istənilən hərəkətin tibbi baxımdan əsaslandırılmasını təmin edir. O daha sonra qeyd etmişdir ki, qərar maraqlı şəxsin azad iradəsinin bilərəkdən həyata keçirilməsinə əsaslanırdı. İnzibati Məhkəmə qeyd etmişdir ki, Dr. T. ərizəçinin həyatının sonunun yaxınlaşdığı ehtimalını təsdiq edəcək hər hansı xəstəlikdən əziyyət çəkməsi məsələsinə baxmamışdır. Şəxsin özünün ölmək istəyinin olması, hətta bu istək kifayət qədər düşünülmüş olsa da, tibbi reseptin yazılmasına haqq qazandırmaq üçün kifayət deyil. Beləliklə də, hazırkı işin materiallarında tibbi reseptin verilməsi üçün zəruri ilkin şərtlərin olduğunu təsdiq edən hər hansı dəlil yoxdur. Buna görə də tibbi müayinənin davam etdirilməsinə ehtiyac var idi. Belə olan halda İnzibati Məhkəmə ərizəçinin hərtərəfli tibbi müayinədən keçmək və tibbi resept almaq zəruriliyindən azad edilməsi üçün hər hansı kifayət edici səbəbin olduğunu hesab etmir.
15. 2010-cu il 12 apreldə Federal Ali Məhkəmə ərizəçinin şikayətini təmin etməmişdir. O, inter alia, qeyd etmişdir ki, heç bir şübhə yoxdur ki, ərizəçi İsveçrənin Tibb Elmləri Akademiyası tərəfindən qəbul edilmiş həyatlarının sonunda pasientlərə qayğı göstərilməsi üzrə tibbi etik qaydalarda nəzərdə tutulmuş ilkin şərtlərə əməl etməmişdir. Belə ki, o, ölümcül xəstəlikdən əzab çəkmirdi, lakin yaşının çox olması və zəifliyinin artması ilə bağlı ölmək arzusunu ifadə etmişdi. Federal Ali Məhkəmə əvvəllər müalicə olunması mümkün olmayan, davam edən və ciddi psixoloji xəstəlikdən əziyyət çəkən şəxsə etaminal natriumun verilməsi üçün tibbi resept yazılmasının mütləq şəkildə həkimin peşəkar vəzifələrinin pozuntusu hesab edilmədiyini bildirsə də, bu istisnaya “son dərəcə məhdudlaşdırıcı qaydada” yanaşılmalı və o, həkimə və ya dövlətə ərizəçinin həyatına son qoyması üçün tələb olunan dozada etaminal natriumun verilməsi barədə göstəriş kimi qəbul edilməməlidir. Federal Ali Məhkəmə daha sonra qeyd etmişdir ki, tələb olunan dərmanın verilməsi hərtərəfli tibbi müayinənin aparılmasını və davamlı ölmək istəyi ilə bağlı olaraq zəruri resepti yazmağa hazır olan mütəxəssisin uzun müddətli tibbi nəzarətini tələb edirdi. Ərizəçinin tibbi resepti almaq tələbindən istisna edilməsi xahişi bu tələbə əməl etməmək üçün əsas kimi çıxış edə bilməzdi.
16. 2010-cu il 10 noyabrda ərizəçinin vəkili Avropa Məhkəməsinə şikayət göndərmişdir.
17. 2011-ci il 24 oktyabrda ərizəçi həkim Dr. U. Tərəfindən verilmiş resept əsasında 15 qram etaminal natrium əldə etmişdir. 2011-ci il 10 noyabrda o, reseptdə qeyd edilmiş maddəni qəbul edərək həyatına son qoymuşdur. Polisin 2011-ci il 14 noyabr tarixli raportuna əsasən mərhumun hər hansı qohumu tapılmamışdır. Raportda ərizəçinin EXIT vasitəsilə özünə qəsd etdiyi qeyd edilmiş və bu mənada hər hansı üçüncü şəxsin cinayət məsuliyyəti daşımasının müəyyən edilmədiyi bildirilmişdir.
18. 2014-cü il 7 yanvar tarixinə qədər Məhkəməyə ərizəçinin ölümü barədə məlumat verilməmişdir (aşağıda 19-cu bəndə bax).
HÜQUQİ MƏSƏLƏLƏR
HÖKUMƏTİN İLKİN ETİRAZI
A. Hökumətin Böyük Palataya təqdim etdiyi izahatları
19. Hökumət 2014-cü il 7 yanvar tarixində Məhkəməyə göndərdiyi qeydlərində bildirmişdir ki, qeydlərini hazırlayan zaman ərizəçinin yaşadığı yerin bələdiyyəsindən onun vəziyyəti barədə öyrənmək istəmiş və onun 2011-ci ilin 10 noyabrında vəfat etdiyi xəbərini almışlar. Beləliklə, Palata bu iş üzrə öz qərarını qəbul edən zaman o, artıq bir il yarım idi ki, vəfat etmişdi. Hökumət “Predescu Rumıniyaya qarşı” (Predescu v. Romania, (no. 21447/03, § 25, 2 December 2008)) işinə istinad edərək Məhkəmədən şikayət vermək hüququndan sui-istifadə edildiyi üçün Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndi və 4-cü bəndinə əsasən ərizəni qəbuledilməyən elan etməyi xahiş etmişdir.
20. Hökumət bildirmişdir ki, vəkil nəyinki ərizəçinin ölümü barədə Məhkəməyə məlumat verməmiş (o, bunu ən gec Məhkəmənin katibliyi ərizəçinin sağ olduğunun ehtimal olunduğu faktlar barədə məlumatı vəkilə təqdim edən zaman bununla bağlı məlumat verməli idi), eyni zamanda ərizəçinin hələ də sağ olduğu təəssüratını yaratmaqla Məhkəməni aldatmışdır.
21. Hökumətin mövqeyinə görə mərhum ərizəçinin vəkilinin davranışı ərizənin araşdırılmasının mühüm aspekti ilə bağlı Məhkəməni aldatmağa yönəlmişdir.
B. Ərizəçinin vəkilinin Böyük Palataya təqdim etdiyi izahatlar
22. Vəkil cavabında bildirmişdir ki, 2010-cu ilin yanvarından onun müştərisi ilə hər hansı şəxsi əlaqəsi olmayıb və onun ölməsi barədə yalnız 2014-cü ilin 9 yanvarında, Hökumətin 2014-cü il 7 yanvar tarixli qeydinin surətini alan zaman xəbər tutub.
23. Vəkil izahatında qeyd etmişdir ki, ərizəçi ondan bütün sonrakı yazışmaları özünə sui-qəsdə yardım assosiasiyası olan EXIT-də könüllü əsasda çalışan, təqaüddə olan pastor cənab F.-ə göndərməyi xahiş etmişdir. Bunun səbəbi xüsusilə o idi ki, vəkildən birbaşa məktub almaq onda stress yaradırdı və buna görə də onun etibar etdiyi şəxsin yardımına ehtiyacı var idi. Beləliklə, 2010-cu ildə Federal Ali Məhkəməyə şikayətindən sonra razılaşdırılmışdır ki, cənab F. bütün yazışmaları ona şəxsən gətirərək məzmununu izah edəcəkdir. Vəkil bu göstərişlərə əməl etdiyini bildirmişdir.
24. 2014-cü il 9 yanvarda Hökumətin izahatlarını aldıqdan sonra vəkil dərhal cənab F. ilə əlaqə saxlamışdır və o izah etmişdir ki, ərizəçinin açıq xahişi ilə bağlı olaraq ona ölümü barədə məlumat verməmişdir. Belə ki, ərizəçi əks halda prosesin davam etdirilməyəcəyindən qorxurdu. 2011-ci ilin yayında ərizəçinin həyatına son verəcəyi aydın olan zaman o, cənab F.-ə məlumat vermişdir ki, vəkili onun prosesin getdiyi dövrdə öləcəyi təqdirdə işə xitam veriləcəyini bildirmişdir və o, bunun baş verməsini istəmir, belə ki, o, “onun vəziyyətində olan başqa şəxslərin yolunu açmaq istəyir”. Cənab F. belə bir mövqedə olmuşdur ki, mənəvi məsləhətçinin peşəkar vəzifəsi ərizəçinin açıq ifadə etdiyi istəyinin əleyhinə olaraq dediyi sözlərin açıqlanmasına icazə vermir. Ərizəçinin vəkili daha sonra bildirmişdir ki, o, cənab F.-nin ərizəçinin ölməsi barədə ona dərhal məlumat verməməsinə son dərəcə təəssüf edir. Belə ki, vəkil Məhkəməyə vaxtında məlumat verə və hər şeyə rəğmən ərizəyə baxılmasını davam etdirə bilərdi.
25. Vəkil Məhkəmənin işə Komissiyada və ya Məhkəmədə baxılması zamanı ərizəçinin öldüyü və ya şikayətini geri götürmək arzusunu ifadə etdiyi əvvəlki işlərinə istinad edərək (vəkil Məhkəmənin “Şerer İsveçrəyə qarşı” (Scherer v. Switzerland, 25 March 1994, Series A no. 287) və “Tayrer Birləşmiş Krallığa qarşı” (Tyrer v. the United Kingdom, 25 April 1978, § 21, Series A no. 26) işləri üzrə qərarlarına istinad etmişdir) bildirmişdir ki, Konvensiya ilə yaradılmış təsisatlara ərizə təqdim edildikdən sonra bu təsisatlar prosesin ağası rolunu oynayır. Buna görə də konkret işdə prosesin davam edib-etməyəcəyi ilə bağlı qərarı Məhkəmə qəbul edir. Bu baxımdan Məhkəmənin mövqeyinə görə işin araşdırılmasının davam etdirilməsini zəruri edən ictimai əhəmiyyətli ümumi xarakterli məsələlərin ortaya çıxıb-çıxmadığı həlledici önəm daşıyır.
26. Hazırkı işdə ərizəçinin vəkili işin Konvensiyaya əməl olunması ilə bağlı əhəmiyyətli məsələləri qaldırdığını və bunun da ictimai maraqlar naminə işə baxılmasını davam etdirməyi tələb etdiyini əsas kimi götürərək prosesi davam etdirməyi Məhkəmədən xahiş etmişdir. “Evtanaziya” Avropa ölkələrinin çoxunda mübahisə doğuran və ən çox müzakirə edilən məsələlərdən biridir. Əgər hər dəfə belə bir şəxs öldükdən sonra prosesə davamlı olaraq xitam verilərsə, bu işlər nəticəsində ortaya çıxan məsələlər barədə heç zaman Məhkəmə tərəfindən qərar qəbul edilməyəcəkdir.
C. Məhkəmənin qiymətləndirməsi
27. Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndində aşağıdakılar qeyd edilmişdir:
“Məhkəmə 34-cü maddənin müddəalarına müvafiq olaraq verilmiş aşağıdakı fərdi şikayətlərə baxmır:
(a) ərizə bu Konvensiya və ya ona dair Protokolların müddəaları ilə bir araya sığmırsa, açıq-aydın əsassızdırsa və ya şikayət vermə hüququndan sui-istifadə edilməklə verilmişdirsə;...”
28. Məhkəmə təkrar edir ki, bu müddəaya görə ərizə digər səbəblərlə yanaşı bilərəkdən həqiqəti əks etdirməyən faktlara əsaslandıqda da fərdi şikayət hüququndan sui-istifadə halı kimi rədd edilə bilər (bax: “Akdivar və Digərləri Türkiyəyə qarşı” (Akdivar and Others v. Turkey [GC], 16 September 1996, §§ 53-54, Reports of Judgments and Decisions 1996‑IV); “Varbanov Bolqarıstana qarşı” (Varbanov v. Bulgaria, no. 31365/96, § 36, ECHR 2000‑X); “Rehak Çex Respublikasına qarşı” (Rehak v. Czech Republic (dec.), no. 67208/01, 18 May 2004); “Popov Moldovaya qarşı” (Popov v. Moldova (no. 1), no. 74153/01, § 48, 18 January 2005); “Keretçaçvili Gürcüstana qarşı” (Kérétchachvili v. Georgia (dec.), no. 5667/02, 2 May 2006); “Mirolubovs və Digərləri Latviyaya qarşı” (Miroļubovs and Others v. Latvia, no. 798/05, § 63, 15 September 2009) və “Centro Europa 7 S.r.l və Di Stefano İtaliyaya qarşı” (Centro Europa 7 S.r.l. and Di Stefano v. Italy [GC], no. 38433/09, § 97, ECHR 2012)). Natamam və beləliklə də aldadıcı məlumatın təqdim edilməsi də, xüsusilə əgər məlumat işin birbaşa mahiyyəti ilə bağlıdırsa və həmin məlumatın açılmaması üçün kifayət edici izahat verilməmişdirsə, şikayət hüququndan sui-istifadə kimi qiymətləndirilə bilər (bax: “Hütner Almaniyaya qarşı” (Hüttner v. Germany (dec.), no. 23130/04, 9 June 2006); “Predesku Rumıniyaya qarşı” (Predescu v. Romania, no. 21447/03, §§ 25-26, 2 December 2008) və “Koual Polşaya qarşı” (Kowal v. Poland (dec.), no. 2912/11, 18 September 2012)). Eyni zamanda bu qayda Məhkəmənin Prosedur Qaydalarının 47-ci maddəsinin 7-ci bəndi (əvvəlki 47-ci maddənin 6-cı bəndi) ilə açıq tələb olunmasına baxmayaraq işə Məhkəmədə baxılması zamanı baş verən mühüm yeniliklər barədə ərizəçi tərəfindən Məhkəməyə məlumat verilməməsi və beləliklə də, onu bütün faktlar barədə məlumata malik olmaqla iş üzrə qərar qəbul etmək imkanından məhrum edilməsinə də tətbiq olunur (bax: “Centro Europa 7 S.r.l və Di Stefano İtaliyaya qarşı” işi, yenə orada və “Mirolubovs” işi, yenə orada). Lakin hətta belə işlərdə ərizəçinin Məhkəməni aldatmaq niyyəti kifayət qədər dəqiqliklə müəyyən edilməlidir (bax: “Əl-Naşif Bolqarıstana qarşı” (Al-Nashif v. Bulgaria, no. 50963/99, § 9, 20 June 2002); “Melnik Ukraynaya qarşı” (Melnik v. Ukraine, no. 72286/01, §§ 58-60, 28 March 2006); “Nold Almaniyaya qarşı” (Nold v. Germany, no. 27250/02, § 87, 29 June 2006) və “Centro Europa 7 S.r.l və Di Stefano İtaliyaya qarşı” işi, yenə orada).
29. Hazırkı işin hallarına gəlincə Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçi 2010-cu il 10 noyabrda Məhkəməyə təqdim etdiyi ərizəsində Konvensiyanın 8-ci maddəsinə istinad edərək İsveçrənin dövlət orqanlarının onu ölümcül dozada etaminal natrium almaq imkanından məhrum etməklə həyatına hansı vasitələrlə və nə zaman son vermək hüququndan məhrum etmişlər. Məhkəmə daha sonra qeyd edir ki, onun ərizəsi 2012-ci il 5 yanvarda cavabdeh Hökumətə göndərilmiş və 2013-cü il 14 mayda Palata tərəfindən qərar qəbul edilmişdir. Dörd səs lehinə, üç səs əleyhinə olmaqla qəbul edilmiş bu qərarda Konvensiyanın 8-ci maddəsinin pozulduğu qət edilmişdir və bu qərar ərizəçinin hələ də sağ olması ehtimalına əsaslanmışdır (Palatanın qərarının 65-67-ci bəndlərinə bax).
30. Lakin sonradan müəyyən edilmişdir ki, 2011-ci il 24 oktyabrda ərizəçi ölümcül dozada etaminal natrium əldə etmək üçün tibbi resept almış və 2011-ci il 10 noyabrda həmin dərmanı qəbul etməklə həyatına son vermişdir.
31. Bu barədə məlumat Məhkəməyə ərizəçi və ya onun vəkili tərəfindən deyil, iş Konvensiyanın 43-cü maddəsinə əsasən Böyük Palataya göndərildikdən sonra Hökumət tərəfindən 2014-cü 7 yanvarda təqdim edilmiş qeydlərdə verilmişdir. Qeydlərini hazırlayan zaman Hökumət ərizəçinin vəziyyəti barədə maraqlanmış və onun ölüm faktı haqda məlumat almışdır.
32. Məhkəmə ərizəçinin vəkilinin cavabında verdiyi izahatı nəzərə almışdır. Bu izahatda bildirilmişdir ki, o, yalnız ərizəçinin vasitəçisi olan cənab F. ilə əlaqədə olduğundan müştərisinin ölümü barədə məlumatı olmamışdır və cənab F. ərizəçinin xahişi ilə qəsdən vəkilə onun ölümü barədə məlumat verməmişdir. Cənab F-.nin sözlərinə görə bu, ərizəçinin bu faktın üzə çıxması nəticəsində işin davam etdiriləməyəcəyindən qorxması ilə bağlı idi. O, ərizəçinin mənəvi məsləhətçisi kimi özünü məxfiliyi qorumaq vəzifəsi ilə bağlı hesab edirdi ki, bu da onu ərizəçinin istəyinin əksinə olaraq bu informasiyanı açıqlamasının qarşısını alırdı.
33. Lakin Məhkəmə hazırkı işin xüsusi xarakterini nəzərə alaraq belə fikrə gəlir ki, ərizəçinin vəkilinin müştərisi ilə birbaşa əlaqəsinin olmaması və vasitəçi ilə dolayı yolla əlaqə saxlamağa razılaşması onun bu işdə nümayəndə kimi oynadığı rol ilə bağlı müəyyən narahatlıqlar ortaya çıxarır. Ərizəçinin Məhkəmə ilə əməkdaşlıq etmək (bax: Məhkəmənin Prosedur Qaydalarının 44A maddəsi; həmçinin bax: “Səmərəli şəkildə iştirak etməmə” haqqında Qaydaların 44c maddəsi, tərəfin “müvafiq məlumatı öz təşəbbüsü ilə yaymaması”ndan nəticə çıxarılması imkanı da daxil olmaqla) və ərizəsi ilə bağlı bütün müvafiq hallar barədə Məhkəməyə məlumat vermək (bax: Qaydaların 47-ci maddəsinin 7-ci bəndi, əvvəlki Qaydaların 47-ci maddəsinin 6-cı bəndi) vəzifəsindən əlavə nümayəndə aldadıcı izahatlar verməmək məsuliyyəti daşıyır (bax: Qaydaların 44d maddəsi).
34. Vəkilin izahatından belə çıxır ki, ərizəçi nəyinki tələb olunan dərmanı əldə etməsi barədə vəkilə və dolayı yolla Məhkəməyə məlumat verməmiş, eyni zamanda ölümü barədə məlumatın vəkilinə və faktiki olaraq Məhkəməyə çatdırılmaması üçün xüsusi tədbirlər görmüşdür ki, bunun da məqsədi Məhkəmənin işə baxılmasını dayandırmasının qarşısını almaq olmuşdur.
35. Böyük Palata bununla bağlı hesab edir ki, ərizəçinin ölüm faktı və şəraiti təbii ki, Konvensiyaya əsasən verdiyi şikayətin əsasında duran məsələnin birbaşa mahiyyətinə toxunur. Həmçinin ehtimal etmək olar ki, bu faktlar Palataya məlum olsaydı, onun 2013-cü il 14 mayda Konvensiyanın 8-ci maddəsinin pozuntusunun olması barədə qərarına həlledici təsir göstərərdi (bax: mutatis mutandis, Məhkəmənin Prosedur Qaydalarının 80-ci maddəsi; “Pardo Fransaya qarşı” (Pardo v. France (revision – admissibility), 10 July 1996, §§ 21-22, Reports 1996‑III; Pardo v. France (revision – merits), 29 April 1997, § 23, Reports 1997‑III) və “Qustafson İsveçə qarşı” (Gustafsson v. Sweden (revision – merits), 30 July 1998, § 27, Reports 1998‑V)). Lakin Böyük Palatanın bununla bağlı fərziyyə yürütməsinə ehtiyac yoxdur. Belə ki, hər bir halda Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə görə Palatanın 2013-cü il 14 may tarixli qərarı qəti qüvvəyə minməmişdir.
36. Cənab F.-yə görə ərizəçinin müvafiq informasiyanı gizli saxlamaqda motivi ondan ibarət idi ki, şəxsi vəziyyətindən irəli gələn davamlı əzablar sona çatsa da, onun işi oxşar vəziyyətdə olan digər şəxslərin faydalanması üçün davam etsin. Ərizəçinin olduğu müstəsna vəziyyət baxımından belə bir motiv başa düşülən olsa da, Məhkəmə hesab edir ki, belə bir məlumatı qəsdən vəkilinə bildirməməklə ərizəçinin Məhkəməni Konvensiya əsasında verilmiş şikayətin birbaşa mahiyyəti ilə bağlı məsələyə dair aldatmaq niyyətində olduğu tam şəkildə təsbit edilmişdir.
37. Buna görə də Məhkəmə ərizəçinin hərəkətinin Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndinin mənasında şikayət hüququndan sui-istifadə olması barədə Hökumətin ilkin etirazını təmin edir.
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ
Doqquz səs lehinə, səkkiz səs əleyhinə olmaqla ərizəçinin Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndinin mənasında şikayət hüququndan sui-istifadə etməsi səbəbindən ərizənin qəbuledilməyən hesab edilməsini qət edir.
Qərar ingilis dilində tərtib edilmiş və Məhkəmənin Prosedur Qaydalarının 77-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 2014-cü il 30 sentyabrda yazılı şəkildə elan edilmişdir.
Erik Friberq Din Şpilman
KatibSədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci hissəsinə və Məhkəmənin Prosedur Qaydalarının 74-cü maddəsinin 2-ci bəndinə müvafiq olaraq aşağıdakı xüsusi rəylər bu qərara əlavə edilmişdir[1]:
(a) Hakim Silvisin xüsusi rəyi;
(b) Hakimlər Şpilman, Ziemele, Berro-Lefevr, Zupançiç, Hacıyev, Tsotsoria, Sisilianos və Kellerin birgə xüsusi rəyi.
D.Ş.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
[1] Xüsusi rəylər tərcümə olunmamışdır, lakin Məhkəmənin presedent hüququnun HUDOC məlumat bazasından onların Məhkəmənin rəsmi dillərində olan qərara əlavə edilmiş mətnlərini ingilis və fransız dillərində əldə etmək mümkündür.
Full & Egal Universal Law Academy