Quberina (Guberina) Xorvatiyaya qarşı – ərizə № 23682/13
22.3.2016 tarixli qərar [II Bölmə]
Maddə 14
Ayrı-seçkilik
Ərizəçi ata əlil uşağının tələbatına uyğun mənzil alarkən bu alışa vergi güzəşti tətbiq etmək məsələsinin həllində əlil uşağın tələbatlarının nəzərə alınmaması: pozuntu baş verib
Faktlar – Ərizəçi ciddi əlliliyi olan uşağı ilə birlikdə yaşayır və ona qulluq edirdi. Uşağı daha yaxşı və daha uyğun mənzil şəraiti ilə təmin etmək üçün ərizəçi ailənin lifti olmayan binanın üçüncü mərtəbəsində yerləşən mənzilini satdı və başqa bir ev aldı. Sonra o, bu alışa vergi güzəştinin tətbiqi üçün müraciət etdi, amma müraciəti rədd edilərək belə əsas gətirildi ki, onun əvvəlki mənzili ailənin tələbatlarına cavab verirdi.
Konvensiya üzrə icraatda ərizəçi şikayət etdi ki, vergi qanunvericiliyinin onun durumuna tətbiq edilməsi üsulu uşağının əlilliyi əsasında onun ayrı-seçkiliyə məruz qalmasına bərabərdir.
Hüquqi məsələlər – 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülmüş halda Konvensiyanın 14-cü maddəsi:
a) 14-cü maddədəki "digər hər hansı əlamət" termini ərizəçinin uşağının əlilliyinə şamil olunurmu – Ərizəçi ayrı-seçkiliyə məruz qalmasından şikayət etdi və bu ayrı-seçkilik onun öz əlilliyi ilə deyil, uşağının əlilliyi ilə əlaqədar idi. Məhkəmənin presedent hüququnda "digər hər hansı əlamət" ifadəsinə geniş məna verilir və onun şərhi şəxsi xarakter daşıyan, yəni şəxsin özünə xas olan və ondan ayrılmaz olan xüsusiyyətlərlə məhdudlaşmır. Beləliklə, 14-cü maddə müəyyən şəxsin digər bir şəxsin hər hansı əlaməti əsasında daha əlverişsiz rəftara məruz qalması hallarına da şamil olunur, necə ki, bu, ərizəçinin işində baş verib.
b) Nisbətən fərqli vəziyyətlərdə olan şəxslərlə fərqli rəftar etməkdən yayınma – Şübhə yoxdur ki, ərizəçinin lifti olmayan binanın üçüncü mərtəbəsində yerləşən əvvəlki mənzili onun oğlunun hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırır və nəticədə onun şəxsi inkişafına və müvafiq olaraq potensialından maksimum istifadə etməsinə təhlükə yaradırdı. Bu mənzili ailənin tələbatlarına uyğun olan başqa bir evlə dəyişməyə cəhd edərkən ərizəçinin vəziyyəti mənzilini və ya evini zəruri infrastrukturla təchiz olunan və texniki təchizat tələblərinə cavab verən başqa bir əmlaka dəyişdirmiş hər hansı digər şəxslərin vəziyyəti ilə müqayisə oluna bilən vəziyyət idi. Bununla belə, onun vəziyyəti "zəruri infrastruktur tələbləri" termininin mənası baxımından fərqli idi, belə ki, indiki halda bu termin onun oğlunun əlilliyi ilə əlaqədar olaraq və müvafiq milli və beynəlxalq standartlara uyğun olaraq oğlunun hərəkəti üçün lift kimi zəruri vasitələrin olmasını nəzərdə tuturdu. Onu vergi ödənişindən azad etməkdən imtina etməklə vergi orqanları və ölkədaxili məhkəmələr ərizəçinin uşağının əlilliyi ilə əlaqədar olaraq ailəsinin xüsusi tələbatlarını nəzərə almamışdılar. Beləliklə, onlar ailənin mənzil tələbatına cavab verən zəruri infrastruktur və texniki təchizat məsələsində faktiki olaraq ərizəçinin vəziyyətinin spesifik olduğunu qəbul etməmişdilər.
c) Obyektiv və ağlabatan əsaslandırma – Ölkədaxili qanunvericiliyin müddəalarına vergi orqanlarının şərh vermək üçün diskresion səlahiyyətə malik olmadıqları barədə Hökumətin arqumentinə gəlincə, Məhkəmə qeyd etdi ki, müvafiq qanunvericilik normalarında ümumi ifadələrdən istifadə edilsə də, digər qanunvericilik müddəalarında əlil şəxslərin tələbatlarının nəzərə alınması üçün zəruri tələblərə dair müəyyən istiqamətləndirici göstərişlər vardı. Bundan başqa, Əlillərin hüquqları haqqında BMT Konvensiyasını ratifikasiya etməklə cavabdeh dövlət cəmiyyətin həyatının bütün aspektlərində əlillərin tam və bərabərhüquqlu iştirakı ilə bağlı müvafiq prinsipləri, məsələn, əlillərin ağlabatan mənzil təminatı, hərəkət imkanları və ayrı-seçkiliyə məruz qalmaması kimi məsələləri nəzərə almağı öhdəsinə götürmüşdü. Lakin milli hakimiyyət orqanları bu milli və beynəlxalq öhdəliklərinə riayət etməmişdilər. Beləliklə, ölkədaxili qanunvericiliyin praktikada tətbiq edilməsi üsulu ərizəçinin işinin xüsusi aspektlərindən irəli gələn tələbələrə yetərincə uyğunlaşdırılmışdı.
Bundan başqa, maliyyə vəziyyəti əlverişsiz olan şəxslərin müdafiəsi, ümumiyyətlə, iddia edilən ayrı-seçkilik xarakterli rəftara haqq qazandırmaq üçün obyektiv əsas sayıla bilər, amma mənzili ailəsinin yaşayış tələbatına uyğun zəruri infrastruktur tələblərinə cavab verən mənzil hesab edilərək vergi güzəşti barədə müraciəti faktiki olaraq rədd edilmiş ərizəçinin işində belə bir əsas mövcud deyildi.
Yuxarıdakıları nəzərə alsaq, cavabdeh dövlət ərizəçinin qeyri-bərabər vəziyyətdə olduğunu nəzərə almaqdan yayınmasını əsaslandırmaq üçün obyektiv və ağlabatan səbəb göstərməyib.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 5.000 avro təyin edildi; maddi ziyanla bağlı tələb rədd edildi.
(Bax: Tlimmenos Yunanıstana qarşı [BP], 34369/97, 6 aprel 2000-ci il, 17 saylı məlumat bülleteni; Efe Avstriyaya qarşı, 9134/06, 8 yanvar 2013-cü il; və Əlillər və Konvensiya mövzusunda tematik informasiya vərəqəsi)
Full & Egal Universal Law Academy