İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BÖYÜK PALATA
QUJA MOLDOVAYA QARŞI
(CASE OF GUJA v. MOLDOVA)
(14277/04 nömrəli ərizə)
QƏRAR
STRASBURQ
12 fevral 2008-ci il
Bu qərar qətidir, lakin onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil. Geniş məlumat üçün müəlliflik hüququ ilə bağlı bu sənədin sonundakı tam məlumata bax.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire 1’indication de copyright/droits d’auteur a la fin du present document.
Quja Moldovaya qarşı işi üzrə
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası
sədr Jan-Pol Kosta (Jean-Paul Costa),
hakimlər:
Xristos Rozakis (Christos Rozakis),
Nikolas Bratsa (Nicolas Bratza),
Boştyan M.Zupançiç (Boštjan M. Zupančič),
Per Lorensen (Peer Lorenzen),
Fransuaz Tulkens (Francoise Tulkens),
Covanni Bonello (Giovanni Bonello),
Jozep Kasadeval (Josep Casadevall),
Rayt Maruste (Rait Maruste),
Kristaq Traya (Kristaq Traja),
Snejana Botuçarova (Snejana Botoucharova),
Stanislav Pavlovski (Stanislav Pavlovschi),
Lex Qarlitski (Lech Garlicki),
Alvina Gülumyan (Alvina Gyulumyan),
Lilyana Miyoviç (Ljiljana Mijović),
Mark Villiger (Mark Villiger),
Paaivi Hirvelaa (Päivi Hirvelä),
və məhkəmə katibi Erik Friberqdən (Erik Fribergh) ibarət tərkibdə
2007-ci il 6 iyun və 2008-ci il 9 yanvar tarixlərində qapalı müşavirə keçirərək
Yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş 2004-cü il 30 mart tarixində cənab Yakob Quja (“ərizəçi”) tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Moldova Respublikasına qarşı ərizənin (14277/04 nömrəli) təqdim edilməsi ilə başlanmışdır.
2. Ərizəçini Kişinyovda vəkil kimi fəaliyyət göstərən “Hüquqşünaslar İnsan Hüquqları Uğrunda” qeyri-hökumət təşkilatının üzvləri olan cənab V.Qribinça və cənab V.Zame təmsil etmişlər. Moldova Hökuməti (“Hökumət”) səlahiyyətli nümayəndələri cənab V.Pırloq və cənab V.Qrosu tərəfindən təmsil olunmuşdur.
3. Ərizəçi icraatda olan cinayət işinə yüksək vəzifəli siyasətçinin müdaxiləsini ifşa etdiyini zənn etdiyi iki sənədi yaydığına görə Baş Prokurorluqdan azad edilməsi nəticəsində Konvensiyanın 10-cu maddəsi ilə nəzərdə tutulmuş fikri ifadə etmək azadlığının, xüsusilə məlumat yaymaq hüququnun pozulduğunu iddia etmişdir.
4. Ərizə baxılması üçün Məhkəmənin Dördüncü Bölməsinə verilmişdir (Məhkəmənin Prosedur Qaydalarının 52-ci qaydasının 1-ci bəndi). 2006-cı il 28 mart tarixində həmin Bölmənin Palatası ərizə barədə Hökumətə məlumat vermək qərarına gəlmişdir. Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq o, ərizənin mahiyyətinə mümkünlük məsələləri ilə eyni vaxtda baxmağı qərara qalmışdır. 2007-ci il 20 fevralda sədr Nikolas Bratsa və hakimlər, Jozep Kasadeval, Covanni Bonello, Lilyana Miyoviç, Kristaq Traya, Stanislav Pavlovski və Lex Qarlitski, həmçinin Bölmənin katibi Lourens Erlidən ibarət Palata işə baxılması üçün yurisdiksiyanın Böyük Palataya verilməsi barədə qərar qəbul etmiş və tərəflərdən heç biri bu qərara etiraz etməmişdir (Konvensiyanın 30-cu maddəsi və 72-ci qayda).
5. Böyük Palatanın tərkibi Konvensiyanın 27-ci maddəsinin 2-ci və 3-cü bəndləri və Məhkəmənin Prosedur Qaydalarının 24-cü qaydasına uyğun şəkildə müəyyən edilmişdir.
6. Ərizəçi və Hökumət işin mümkünlüyü və mahiyyəti ilə bağlı qeydlərini təqdim etmişlər. Hər bir tərəf digərinin qeydinə yazılı şəkildə cavab vermişdir.
7. Məhkəmə iclası 2007-ci ilin 6 iyun tarixində İnsan Hüquqları Sarayında açıq şəkildə keçirilmişdir (59-cu qaydanın 3-cü bəndi).
Məhkəmədə aşağıdakı şəxslər iştirak etmişlər:
(a) Hökumət tərəfindən
cənab V.Qrosu, Səlahiyyətli nümayəndə,
cənab Q.Zamisnıy, Məsləhətçi;
(b) ərizəçi tərəfdən
cənab V.Qribinça,
cənab V.Zame, Vəkillər,
cənab Y.Quja, Ərizəçi.
Məhkəmədə cənab Qrosu, cənab Qribinça və cənab Zame çıxış etmişlər.
FAKTLAR
I. İŞİN HALLARI
8. Ərizəçi cənab Yakob Quja 1970-ci ildə anadan olmuşdur və Kişinyovda yaşayır. Mübahisənin yarandığı zaman o, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışırdı.
1. İş ilə bağlı tarixi məlumat
9. 2002-ci ilin 21 fevral tarixində dörd nəfər polis işçisi (M.İ., B.A., İ.P. və Q.V.) parlament seçkiləri ilə bağlı cinayətlər törətmiş on şəxsi həbs etmişdir; bu şəxslərdən birinin eyni zamanda cinayətkar qrupun başçısı olduğu şübhə edilirdi. Sonradan şübhəli şəxslər azad edilmiş və dörd polis əməkdaşı tərəfindən qanunsuz olaraq tutulduqları və pis rəftara məruz qaldıqları barədə Baş Prokurorluğa şikayət etmişlər. Bu şikayətin nəticəsində polis əməkdaşları barədə digər ittihamlar ilə yanaşı pis rəftar və qanunsuz tutma ittihamları üzrə cinayət işi başlanmışdır.
10. 2002-ci ilin iyununda dörd polis əməkdaşı barələrindəki cinayət işinə xitam verilməsi üçün Prezident Voronin, Baş nazir Tarlev və parlamentin sədr müavini Mişinə birgə məktub ünvanlamışlar. Onlar bu məktubda cinayət işi ilə bağlı fikirlərini qeyd etmiş və Baş Prokurorluğun hərəkətlərinin qanunsuz olduğunu bildirmişlər. Polis əməkdaşları cinayət işi üzrə barələrində irəli sürülmüş ittihamların qanuniliyinin yoxlanılmasını xahiş etmişlər. 2002-ci ilin 21 iyun tarixində cənab Mişin aldığı məktubu müşayiət məktubu ilə birgə Baş Prokurorluğa göndərmişdir. Məktub parlamentin rəsmi blankında yazılmış və üzərində məxfi olması barədə heç bir qeyd olmamışdır. Məktubda qeyd edilirdi:
“Hörmətli cənab Rusu,
Bu məktubu oxuduqdan sonra belə bir sual ortaya çıxır: Baş prokurorun müavini cinayətkarlığa qarşı mübarizə aparır, yoxsa polisə qarşı? Müvafiq polis əməkdaşlarının Daxili İşlər Nazirliyinin ən yaxşı təlim keçmiş bölmələrindən birinin əməkdaşları olmaları məsələni daha da aktuallaşdırır. Hazırda bu bölmənin fəaliyyəti Baş Prokurorluğun əməkdaşlarının səyləri nəticəsində dayandırılmışdır. Sizdən xahiş edirəm ki, işə şəxsən müdaxilə edərək onu qanunun tələblərinə tam uyğun şəkildə həll edəsiniz.”
11. 2003-cü ilin yanvarında İqtisadi Cinayətkarlıq və Korrupsiya ilə Mübarizə Mərkəzinə baş çəkmiş cənab Voronin digər məsələlər ilə yanaşı bəzi dövlət orqanlarının vəzifəli şəxslərinin icraatda olan cinayət işləri ilə bağlı hüquq-mühafizə orqanlarına qanunsuz təzyiqlər etmələri məsələsini müzakirə etmişdir. Prezident hüquq-mühafizə orqanlarının əməkdaşlarına korrupsiya ilə mübarizə aparmağı və vəzifəli şəxslərin onlara təzyiq göstərmək cəhdlərinə məhəl qoymamağı tapşırmışdır. Prezidentin sözləri mətbuat vasitəsilə yayılmışdır.
12. Tarixi müəyyən olmayan vaxtda polis əməkdaşlarına qarşı cinayət işinə xitam verilmişdir.
2. Sənədlərin sızdırılması
13. Cənab Voroninin korrupsiya ilə mübarizə çağırışından bir neçə gün sonra ərizəçi “Jurnal de Chişinău” qəzetinə Baş Prokurorluğa daxil olmuş iki məktubun (“məktublar”) surətini göndərmişdir.
14. Birincisi cənab Mişin tərəfindən yazılmış məktub idi (yuxarıda 10-cu bəndə bax). İkinci məktub daxili işlər nazirinin müavini cənab A.Ursaki tərəfindən yazılmış və Baş prokurorun müavininə ünvanlanmışdır. Bu məktub Daxili İşlər Nazirliyinin rəsmi blankında yazılmış və onun üzərində məxfilik ilə bağlı qeyd olmamışdır. Məktubda o cümlədən qeyd edilirdi:
“Polis mayoru M.İ.-yə qarşı (dörd polis əməkdaşından biri: yuxarıda 9-cu bəndə bax) 1999-cu il 12 mayda Cinayət Məcəlləsinin 116-cı maddəsinin 2-ci bəndi (həyat və ya sağlamlıq üçün təhlükəli üsulla qanunsuz olaraq tutma), 185-ci maddəsinin 2-ci bəndi (zorakılıq, odlu silahdan istifadə və ya işgəncə verməklə müşayiət olunan hakimiyyətdən sui-istifadə etmə) və 193-cü maddəsinin 2-ci bəndi (zorakılıqla və ya təhqirlərlə ifadə alma) maddələri əsasında məhkum edilmiş və onun barəsində 1440 Moldova leyi (MDL) (128 avro) məbləğində cərimə cəzası təyin edilmişdir. Amnistiya aktının 2-ci maddəsinə uyğun olaraq o, cəriməni ödəməkdən azad edilmişdir.
...2001-ci il 24 oktyabr tarixində mayor M.İ. Daxili İşlər Nazirliyindəki vəzifəsinə bərpa olunmuşdur.”
3. “Jurnal de Chişinău” qəzetində dərc edilmiş məqalə
15. 2003-cü il 31 yanvar tarixində “Jurnal de Chişinău” qəzetində aşağıdakı başlıqlı məqalə dərc edilmişdir: “Vadim Mişin prokurorları hədələyir”. Məqalədə o cümlədən qeyd edilirdi:
“Keçən həftənin sonunda İqtisadi Cinayətkarlıq və Korrupsiya ilə Mübarizə Mərkəzində Prezident hüquq-mühafizə idarələrini mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizədə əməkdaşlıq etməyə çağırmış və icraatlarında olan işlərlə bağlı yüksək vəzifəli şəxslərin telefon zənglərinə məhəl qoymamağı xahiş etmişdir.
Prezidentin təşəbbüsü təsadüfi olmamışdır. Belə hallar çox geniş yayılmış və kütləvi informasiya vasitələri və beynəlxalq təşkilatların müzakirə predmeti olmuşdur.
Bu yaxınlarda mətbuata Kommunist partiyasından olan deputat A.J. tərəfindən cinayət başında yaxalanmış köhnə dostu, Kənd Təsərrüfatı Nazirliyinin yüksək vəzifəli məmuru barəsində olan cinayət işinin istintaqına təsir göstərməyə cəhd etməsi barədə məlumatlar daxil olmuşdur. Lakin bununla bağlı hər hansı hüquqi tədbir görülməmişdir...
Eyni zamanda mətbuata bildirilmişdir ki, cənab Mişin Baş prokurordan İnformasiya Texnologiyaları Şöbəsinin rəhbəri P.D.-nin yoxa çıxması ilə bağlı cinayət işinin istintaqını həyata keçirən iki prokurorun - İ.V. və P.B-nin, açıq-aşkar onların bu işdə Daxili İşlər Nazirliyinin rəsmilərinin iştirakını təsdiq edən sübutlar tapmasından sonra, işdən azad edilməsini xahiş etmişdir
Bu iki prokurorun fəaliyyəti ilə bağlı aparılan daxili təhqiqatların nəticəsi barədə hələlik məlumat yoxdur. Bununla belə Baş prokurorluqdakı mənbələrin qəzetə verdiyi məlumata görə İ.V. və P.B.-nin təqsiri müəyyən edilməsə də, vəzifədə olan bir şəxsin təkidi ilə onların işdən getmələri xahiş olunmuşdur.
İndi, Prezidentin nüfuz alveri ilə bağlı sözlərinin hələ də yenicə səsləndirildiyi bir vaxtda, biz yüksək vəzifəli rəsmilər ilə bağlı yeni bir araşdırmanı üzə çıxarırıq.
Parlamentin sədr müavini barələrində cinayət işi üzrə istintaqın həyata keçirildiyi dörd polis əməkdaşını müdafiə etməyə səy edir. Cənab Mişinin polis ilə yaxın əlaqələrə malik olması yeni fakt deyil, belə ki, onun kökləri polisə gedib çıxır. Mənbələrimizin verdiyi məlumata görə bu, cənab Mişinin qanunu pozmuş polis əməkdaşlarını müdafiə etdiyi yeganə hal deyil.
...
Kişinyov şəhərinin Çekan rayon prokurorluğu bir qrup şəxsi tutan zaman zor işlətmiş dörd polis əməkdaşına qarşı cinayət işi başlamışdır.
...Polislər tutulan şəxslərə yumuruq və ayaq zərbələri ilə hücum etmişlər....Bundan əlavə, müəyyən edilmişdir ki, polis əməkdaşlarından biri tutma ilə bağlı məruzəsində yanlış məlumat vermişdir...Dörd polis əməkdaşının ifadə verməyə məcbur etmələri ilə də bağlı araşdırmalar aparılmışdır.
İstintaq bir ildən artıq davam etmişdir. Onun qurtarmasına az qalmış polis əməkdaşları vəzifədə olan şəxslər tərəfindən müdafiə olunmaları üçün səy göstərməyə çalışmışlar.
...
2002-ci ilin 20 iyun tarixində polis əməkdaşları Prezident Vladimir Voroninə, Baş nazir Vasile Tarlevə və parlamentin sədr müavini Vadim Mişinə məktublar yazaraq onlardan qanunsuz hesab etdikləri istintaqın başa çatdırılmasını xahiş etmişlər.
...
Onların məktublarına ilk olaraq parlamentin sədr müavini Vadim Mişin reaksiya vermişdir. 2002-ci il 21 iyunda o, Baş prokurora məktub göndərərək əmr edirmiş kimi ondan şəxsən dörd polis əməkdaşının xeyrinə işə müdaxilə etməyi xahiş etmişdir. Cənab Mişin Baş prokurora “qanuna tam uyğun şəkildə” işə müdaxilə etmək göstərişi versə də, məktubun yazılma tərzi açıq-aşkar göstərir ki, o, işi tez bir zamanda araşdırmaq əmri vermişdir.
Ölkənin ən nüfuzlu şəxslərinin müdaxiləsindən sonra Baş Prokurorluq dörd polis əməkdaşına qarşı cinayət işinin istintaqına xitam vermiş və onlara qarşı cinayət işinin düzgün qaldırılması məsələsinin yoxlanılması üçün daxili təhqiqatın başlanmasına əmr vermişdir.
...
Daxili İşlər Nazirliyindəki mənbə təsdiq etmişdir ki, polis əməkdaşı M.İ. (dörd polis işçisindən biri) (əvvəllər) Apellyasiya Məhkəməsi tərəfindən məhkum edilmiş və onun 1440 MDL məbləğində cərimə ödəməsi qət edilmişdir. Amnistiya aktına uyğun olaraq o, cəriməni ödəməkdən azad edilmişdir. Bundan əlavə, 2001- ci il 24 oktyabr tarixində o, Daxili İşlər Nazirliyindəki əvvəlki işinə bərpa edilmişdir.
Apellyasiya Məhkəməsinin qərarı ilə bağlı şərh vermədən biz bəzi qeydlər etmək istəyirik. M.İ. Cinayət Məcəlləsinin hakimiyyətdən sui-istifadə, ifadə verməyə məcbur etmə və qanunsuz tutma əməllərini nəzərdə tutan 116, 185 və 193-cü maddələri əsasında məhkum edilmişdir. Bu cinayətlərə görə Cinayət Məcəlləsi bir ildən beş ilə qədər müddətdə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutsa da, o, yalnız cərimə edilmişdir.
Bundan əlavə, Daxili İşlər Nazirliyi hələ də istintaqda olmasına baxmayaraq onu işinə bərpa etmişdir.”
16. Qəzetdə bu məqalənin yanında cənab Mişin və cənab Ursaki tərəfindən imzalanmış məktubların təsvirləri verilmişdir.
4. Baş Prokurorluğun reaksiyası
17. Tarixi məlum olmayan vaxtda Baş prokuror ərizəçidən iki məktubun mətbuatda necə nəşr edilə bildiyini izah etməyi xahiş etmişdir.
18. 2003-cü il 14 fevralda ərizəçi yazılı şəkildə Baş prokurora izahat verərək iki məktubu qəzetə özünün göndərdiyini etiraf etmişdir. O, digər məsələlər ilə yanaşı aşağıdakıları bildirmişdir:
“Mənim hərəkətim Prezidentin korrupsiya və nüfuz alveri ilə mübarizə çağırışlarına cavab olmuşdur. Bunu son zamanlar çox ümumi hal almış nüfuz alveri (trafic de influenţă) kimi bəla ilə mübarizəyə yardım etdiyimə inandığım üçün etmişəm.
Mən inanırdım və indi də inanıram ki, hər birimiz vəzifəsindən istifadə etməklə ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinə mane olan şəxslərin ifşa edilməsinə kömək etsək, vəziyyət yaxşıya doğru dəyişər.
Bundan əlavə, hesab edirəm ki, “Jurnal de Chişinău” qəzetinə verdiyim məktublar məxfi xarakter daşımamışdır. Mənim niyyətim Baş Prokurorluğa xələl gətirmək deyil, əksinə onun pozitiv imicini yaratmaq idi.”
19. Tarixi dəqiq məlum olmayan vaxtda məktubları ərizəçiyə ötürməkdə şübhəli bilinən prokuror İ.D. işdən azad olunmuşdur.
20. 2003-cü il 17 fevralda ərizəçi Baş prokurora daha bir məktub yazaraq məktubları İ.D. vasitəsilə əldə etmədiyini bildirmişdir. O əlavə etmişdir:
“Əgər mənim davranış tərzim daxili qaydaların pozulması hesab edilirsə, onda məsuliyyəti yalnız mən daşımalıyam.
Mən İnformasiya əldə etmək haqqında qanuna, Prokurorluq haqqında qanuna və Cinayət Məcəlləsinə uyğun hərəkət etmişəm. İnanırdım ki, Prezidentin korrupsiya və nüfuz alveri ilə bağlı bəyanatları səmimi olmuşdur. Çox böyük təəssüf hissi ilə qeyd edirəm ki, Baş Prokurorluq dövlət rəsmisindən daxil olmuş məktubu (fikrimcə bu, ədalət mühakiməsinin həyata keçirilməsinə birbaşa siyasi müdaxilənin aşkar nümunəsidir) dövlət sirri səviyyəsinə qaldırmışdır. Bu fakt və bununla birgə İ.D.-nin işdən azad olunması məni narahat edir və Moldova Respublikasında qanunun aliliyinə və insan hüquqlarına əməl edilməsi ilə bağlı ciddi şübhələr yaradır.”
21. 2003-cü ilin 3 mart tarixində ərizəçi işdən azad edilmişdir. İşdən azad olunma ilə bağlı məktubda o cümlədən qeyd edilirdi ki, ərizəçi tərəfindən qəzetə sızdırılmış məktublar məxfi xarakter daşıyırdı və o, Mətbuat Xidmətinin Daxili Qaydalarının 1.4 və 4.11-ci bəndlərini pozaraq bu məktubları qəzetlərə verməzdən qabaq Baş Prokurorluğun digər şöbələrinin rəhbərləri ilə məsləhətləşməmişdir (aşağıda 31-ci bəndə bax).
5. İşə bərpa ilə bağlı ərizəçinin iddiasına əsasən qaldırılmış mülki iş
22. 2003-cü ilin 21 mart tarixində ərizəçi işə bərpa ilə bağlı Baş Prokurorluğa qarşı mülki iddia qaldırmışdır. Digər məsələlər ilə yanaşı o bildirmişdir ki, qəzetə sızdırdığı məktublar qanuna uyğun olaraq məxfi xarakter daşımamış, mətbuat ilə əlaqə saxlamazdan öncə digər şöbələrin rəhbərləri ilə məsləhətləşmək məcburi olmamış, məktubları qəzetlərin xahişi ilə onlara ötürmüş və işdən azad edilməklə fikri ifadə etmək azadlığı pozulmuşdur.
23. 2003-cü il 16 sentyabr tarixində Kişinyovun Apellyasiya Məhkəməsi ərizəçinin iddiasını təmin etməmişdir. Məhkəmə bildirmişdir ki, ərizəçi digər şöbələrin rəhbərləri ilə məsləhətləşmədiyi və məxfi sənədləri yaydığı üçün Mətbuat Xidmətinin Daxili Qaydalarının müvafiq olaraq 1.4-cü və 4.11-ci bəndlərini pozmuşdur.
24. Ərizəçi bu qərardan şikayət vermişdir. O, şikayətində ilkin iddiasında əsaslandığı dəlilləri irəli sürmüşdür. Ərizəçi eyni zamanda bildirmişdir ki, məktubların qəzetlərə açıqlanması heç bir şəkildə işə götürənə xələl gətirməmişdir.
25. 2003-cü il 26 noyabr tarixində Ali Məhkəmə şikayəti təmin etməmiş və bu zaman Kişinyov Apellyasiya Məhkəməsinin dəlillərini əsas gətirmişdir. Ərizəçinin fikri ifadə etmək azadlığına dair dəlilləri ilə bağlı Ali Məhkəmə bildirmişdir ki, vəzifədən sui-istifadə etməklə məlumat əldə etmək fikri ifadə etmək azadlığının elementi deyil (dreptul la exprimare nu presupune dobândirea informaţiei abuziv, folosind atribuţiile de serviciu).
26. Baş Prokuror və parlamentin sədr müavini cənab Mişin nə “Jurnal de Chişinău” qəzetində dərc edilmiş məktubların əslinə uyğunluğunu, nə də ki, 2003-cü il 31 yanvar tarixində nəşr edilmiş məqalədəki məlumatların həqiqiliyini təkzib etməmiş və bununla bağlı hər hansı addım atmamışlar.
6. “ Jurnal de Chişinău” qəzetinin cinayət törədilməsi ilə bağlı ərizəsi
27. 2003-cü il 31 yanvar tarixində dərc edilmiş məqaləyə (yuxarıda 15-ci bəndə bax) Baş Prokurorluğun reaksiyası “Jurnal de Chişinău” qəzetinin gözlədiyi kimi olmadığından o, cənab Mişinin icraatda olan cinayət işi üzrə istintaqa iddia edilən müdaxiləsi ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işinin başlanması üçün məhkəməyə müraciət etmişdir. Qəzet digər məsələlər ilə yanaşı bildirirdi ki, Cinayət-Prosessual Məcəlləyə uyğun olaraq qəzetdə dərc olunan məqalələr və məktublar cinayət işinin başlanması üçün səbəb kimi çıxış edə bilər və Baş prokuror cinayət işinin başlanması barədə göstəriş verməlidir.
28. Qəzet tərəfindən qaldırılmış iddia 2003-cü il 25 mart tarixində Rışkan Rayon Məhkəməsi və 2003-cü ilin 9 aprel tarixində Kişinyov Dairə Məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmələr o cümlədən bildirmişlər ki, qəzet belə şikayət ilə müraciət etmək hüququna malik deyil və hər bir halda, 2003-cü il 31 yanvar tarixində dərc edilmiş məqalə sadəcə qəzet məqaləsi olmuş, cinayət işi başlamaq ilə bağlı rəsmi xahiş xarakteri daşımamış və şəxsi nöqteyi-nəzəri ifadə etmişdir.
7. “Jurnal de Chişinău” qəzeti tərəfindən məsələ ilə bağlı yeni məqalənin dərc edilməsi
29. 2003-cü il 14 mart tarixində “Jurnal de Chişinău” qəzeti 2003-cü il 31 yanvar tarixli məqaləsi ilə bağlı “Mişin prokurorlara qarşı repressiv tədbirlər həyata keçirmişdir” başlıqlı yeni məqalə dərc etmişdir. Məqalədə ilk məqalənin dərc edilməsindən sonra baş vermiş hadisələr təsvir edilmiş və bildirilmişdir ki, cənab Mişin bu məqalədən sonra bərk qəzəblənmiş və Baş Prokurora məktubunu mətbuata ötürmüş şəxslərin tapılaraq cəzalandırılması barədə göstəriş vermişdir. Baş Prokuror güzəştə gedərək cinayət ədalət mühakiməsi sisteminin işinə siyasi müdaxilələrə dözmək istəməyən işçilərinə qarşı müharibə elan etmişdir. Məqalədə qeyd edilmişdir ki, Baş Prokurorun bu hərəkətləri şübhəli keçmişləri olan şəxslərin daxil olduğu yeni hökumətin yaratdığı qaydalara əməl etməyə hazır olmayan kifayət qədər təcrübəyə malik peşəkarların işdən azad olunması ilə bağlı son zamanlar müşayiət olunan ümumi meylə uyğun hərəkətlərdir. Məqalədə iddia olunurdu ki, Baş Prokurorluqdakı mənbələrin verdikləri məlumata görə qurum işə qəbul və işdən azad etmə məsələləri ilə bağlı cənab Mişindən və Prezidentin müşavirlərindən müntəzəm olaraq göstərişlər alır. Yalnız keçən il ərzində Kişinyov prokurorluğundan otuz təcrübəli prokuror azad edilmişdir.
Məqalədə həmçinin ərizəçinin cənab Mişinin təzyiqləri nəticəsində işdən azad edilməsi barədə yazılmış və qeyd edilmişdir ki, Baş Prokurorluqdakı mənbələrin qəzetə verdikləri məlumata görə Baş Prokurorluq icraatda olan cinayət işləri üzrə istintaq ilə bağlı cənab Mişin və V.S.-dən (digər yüksək vəzifəli dövlət məmuru) onlarla məktub almışdır.
Qəzetin mənbələrinin verdikləri məlumata görə cənab Mişinin təkidi ilə mühüm iş adamı P.D.-nin yoxa çıxması faktı ilə bağlı istintaqın aparılması zamanı onu ifşa edən materiallar əldə etdiklərinə görə iki prokuror işdən azad edilmişdir. Onların azad edilməsindən sonra cinayət işinə xitam verilmişdir.
II. İŞƏ AİDİYYƏTİ OLAN, KONVENSİYA İLƏ BAĞLI OLMAYAN MATERİALLAR
A. Milli hüquq və təcrübə
1. Əmək Məcəlləsi
30. Mübahisənin yarandığı vaxt qüvvədə olmuş Əmək Məcəlləsinin 263/1-ci maddəsində qeyd edilirdi ki, mərkəzi dövlət hakimiyyəti orqanlarının işçiləri peşəkar vəzifələrinin ciddi pozuntusuna yol verdikləri halda vəzifədən azad oluna bilərlər.
2. Baş Prokurorluğun Mətbuat Xidmətinin Daxili Qaydaları
31. Baş Prokurorluğun Mətbuat Xidmətinin Daxili Qaydalarının 1.4 və 4.11-ci bəndlərində qeyd edilir:
“1.4. Mətbuat Xidməti qəzetlərin, jurnalların, radio və televiziyaların redaksiya heyətləri və Baş Prokurorluğun digər şöbələrinin rəhbərləri ilə birlikdə Baş Prokurorluğun fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrində dərc olunacaq materialları planlaşdırır və təşkil edir.
...
Mətbuat Xidmətinin rəhbəri dərc edilən materialların keyfiyyətinə, əldə edilən və yayılan məlumatların düzgünlüyünə və Moldova Respublikasının qanunvericiliyinə uyğun olaraq məxfiliyin qorunmasına görə məsuliyyət daşıyır”.
32. Nə mübahisənin yarandığı vaxt qüvvədə olmuş Baş Prokurorluğun Mətbuat Xidmətinin Daxili Qaydalarında, nə də ümumiyyətlə Moldova qanunvericiliyində işçilərin iş yerlərində hüquq pozuntuları ilə bağlı məlumatı açıqlamalarına dair müddəa yoxdur.
3. Cinayət Məcəlləsi və Cinayət-Prosessual Məcəllə
33. Mübahisənin yarandığı vaxt qüvvədə olmuş Cinayət Məcəlləsində cinayət işinin istintaqına müdaxiləni qadağan edən 190/1-ci maddə mövcud idi. Bu maddədə qeyd edilirdi:
“Cinayət işinin istintaqına istənilən müdaxilə, xüsusilə istintaqı həyata keçirən şəxsə hər hansı formada qanunsuz təsir göstərmə...iki ilə qədər azadlıqdan məhrum etmə və ya minimum əmək haqqının yüz mislinə qədər cərimə ilə cəzalandırılır.”
34. Mübahisənin yarandığı vaxt qüvvədə olan Cinayət-Prosessual Məcəllənin 90-cı maddəsinə görə qəzet məqalələrində və ya qəzetlərdə dərc edilmiş qeydlərdə, yaxud məktublarda əks olunan cinayət barədə məlumat prokuror tərəfindən cinayət işinin başlanması üçün səbəb kimi çıxış edə bilər.
35. Cinayət-Prosessual Məcəllənin 122-ci maddəsinə görə istintaq mərhələsində cinayət işinin materialları yalnız istintaqı həyata keçirən şəxsin icazəsi ilə yayıla bilər.
4. Moldovada prokurorluq orqanlarının təşkili
36. Konstitusiyanın 125-ci maddəsinə görə prokurorlar müstəqildirlər.
37. Prokurorluq haqqında qanunun müvafiq maddələrində qeyd edilir:
“Maddə 3. Prokurorluğun fəaliyyətini tənzim edən əsas prinsiplər
1. Prokurorluq:
- öz funksiyalarını müstəqil surətdə...qanuna uyğun olaraq həyata keçirir; ...
3. ...Prokurorlar və müstəntiqlər hər hansı siyasi partiyaya və ya digər sosial-siyasi təşkilata üzv ola bilməzlər və yalnız qanun qarşısında məsuliyyət daşıyırlar...”
“Maddə 13. Baş prokuror
1. Baş prokuror:
(i) parlament sədrinin təklifi ilə parlament tərəfindən 5 il müddətinə təyin edilir; və
(ii) onun təklifi əsasında parlament tərəfindən təyin edilən birinci müavini və digər müavinləri var...”
5. Ərizə və şikayətlər haqqında qanun və Deputatların statusu haqqında qanun
38. Ərizə və şikayətlər haqqında qanun dövlət qulluqçuları və dövlət orqanlarından vətəndaşların yazılı müraciətlərinə otuz gün ərzində cavab verməyi tələb edir. Əgər bu müraciətlərə baxılması onların səlahiyyətinə aid deyilsə, üz gün ərzində müraciət müvafiq orqana göndərilməlidir.
39. Deputatların statusu haqqında 1994-cü il 7 aprel tarixli qanunun müvafiq maddələrində qeyd edilir:
Maddə 22 (1)
“Deputatın istənilən dövlət orqanı, qeyri-hökumət təşkilatı və ya vəzifəli şəxsi ilə fəaliyyətinə aid məsələlər ilə bağlı əlaqə saxlamaq və bu məsələlərin araşdırılmasında iştirak etmək hüququ vardır.”
Maddə 23
“(1) Deputatlar ali qanunvericilik orqanının təmsilçiləri kimi istənilən qanunsuz əməlin dərhal dayandırılmasını tələb etmək hüququna malikdirlər. Zəruri olan hallarda onlar rəsmi orqanlardan və vəzifəli şəxslərdən qanunsuz əmələ son qoyulması üçün müdaxilə etməyi xahiş edə bilərlər...”Moldovada hakimiyyətlərinin bölgüsü və məhkəmə hakimiyyətinin müstəqilliyinə dair hesabatlar
40. Beynəlxalq Hüquqşünaslar Komissiyasının (BHK) 2004-cü il hesabatının Moldovada qanunun aliliyinə dair müvafiq maddələrində qeyd edilmişdir:
“...Beynəlxalq Hüquqşünaslar Komissiyasının Hakimlərin və Vəkillərin Müstəqilliyi Mərkəzi (BHK/HVMM) tərəfindən Moldovaya həyata keçirilmiş missiya belə bir nəticəyə gəlmişdir ki, Moldova hökumətinin müstəqillikdən sonra ədliyyə sistemində islahatlar aparmaq üçün səylər göstərməsinə baxmayaraq, qanunun aliliyi sahəsində ciddi çatışmazlıqlar mövcuddur və bunlar aradan qaldırılmalıdır. BHK/HVMM müəyyən etmişdir ki, hakimiyyətlərin bölgüsü yenidən hökumətin göstərişlərindən geniş şəkildə asılı olan məhkəmə sisteminin yaranması ilə nəticələnmişdir. “Telefon ədalət mühakiməsi” təcrübəsi yenidən qayıtmışdır. İcra hakimiyyəti müstəqil olmayan Ali Magistrlər Şurası vasitəsilə hakimlərin təyinatına əhəmiyyətli dərəcədə təsir göstərir. Moldovanın məhkəmə sistemi korrupsiya iddiaları ilə yanaşı son üç il ərzində kifayət qədər geriləmişdir və bu da hökumətin maraqlarına toxunulan məsələlər üzrə ədalət mühakiməsini təhrif edən qərarların qəbul edilməsi ilə nəticələnmişdir....”
41. “Freedom House” təşkilatının Moldovaya dair 2003-cü il hesabatında digər məsələlər ilə yanaşı aşağıdakılar qeyd edilirdi:
“...2002-ci ildə Moldovada qanunun aliliyi prinsipi təhlükə altına düşmüşdür...İqtidar partiyasına sadiqliyi əsasında hakimlərin təyini, ombudsmanın vəzifəsindən azad edilməsi və Konstitusiya Məhkəməsinin müstəqilliyinin məhdudlaşdırılmasına yönəlmiş cəhdlər də qanunvericilik, icra və məhkəmə orqanları arasındakı kövrək hakimiyyət balansına təsir göstərmişdir...2002-ci ilin aprelində Moldova Hakimlər Assosiasiyası (MHA) hakimiyyətin məhkəmə sektorunda “kütləvi təmizləmələrə” başlanması barədə məlumat vermişdir. Yeddi hakim öz işini itirmişdir...Prezident Voroninin digər 57 hakimin səlahiyyət müddətini uzatmaqdan imtina etməsi ilə vəziyyət daha da pisləşmişdir...”
42. “Açıq Cəmiyyət” İnstitutu və “Freedom House” təşkilatının Moldova üzrə nümayəndəliyinin “Ədliyyə sahəsində Təşəbbüs” adlı 2003-cü il tarixli hesabatında digər məsələlər ilə yanaşı aşağıdakılar qeyd edilirdi:
“...Kommunist liderlərin və ya dövlət orqanlarının maraqlarına toxunan bəzi məhkəmə işlərinin “nəzarətə götürülməsi” təcrübəsi yaranmışdır. Bu təcrübə aşağıdakıları nəzərdə tutur: Ali Məhkəmənin Ali Magistrlər Şurası (AMŞ) (hər iki quruma eyni şəxs rəhbərlik edir) Prezident Aparatı, Hökumət və ya Parlamentdən konkret işin həll edilməsi ilə bağlı təlimatlar alır (bu təlimatlar şifahi formada da mövcuddur). Belə təlimatlar aldıqdan sonra Ali Məhkəmə və ya AMŞ işə baxan məhkəmənin sədri ilə birbaşa əlaqə saxlayır və ona konkret işə və ya işlərə baxılmasını “şəxsi nəzarətə götürmək” barədə göstəriş verirlər. “Nəzarətə götürmə” adlanan bu qayda əslində konkret işlərin həll edilməsi ilə bağlı birbaşa göstərişlərdir.”
C. Birləşmiş Millətlər Təşkilatının sənədləri
43. Moldova tərəfindən 1999-cu ilin 14 fevral tarixində ratifikasiya edilmiş Beynəlxalq Əmək Təşkilatının Əmək münasibətlərinə xitam verilməsinə dair 158 nömrəli konvensiyasının müvafiq maddələrində qeyd edilir:
Maddə 5
“Aşağıdakı səbəblər əmək münasibətlərinə xitam verilməsi üçün qanuni əsas deyil:
...
(c) şikayət verilməsi və ya iddia edilən qanun, yaxud qayda pozuntusu ilə bağlı işə götürənə qarşı qaldırılmış işdə iştirak etmə və ya səlahiyyətli inzibati dövlət orqanına müraciət etmə;
...”
44. BMT Baş Assambleyasının 2003-cü il 31 oktyabr tarixli 58/4 nömrəli qətnaməsi ilə təsdiq edilmiş və 2005-ci il 14 dekabr tarixində qüvvəyə minmiş Korrupsiyaya qarşı BMT Konvensiyasının müvafiq maddələrində qeyd edilir:
Maddə 33
“Məlumat verən şəxslərin müdafiəsi
Hər bir iştirakçı dövlət bu Konvensiya ilə təsbit edilmiş hüquq pozuntuları barədə aidiyyəti orqanlara vicdanla və ağlabatan əsaslara malik olmaqla məlumat verən istənilən şəxsin əsassız rəftardan müdafiəsi üçün müvafiq tədbirləri dövlətdaxili hüquq sisteminə daxil etmək məsələsini nəzərdən keçirməlidir.”
Bu qərarın qəbul edilməsi zamanı Konvensiya 140 ölkə tərəfdən imzalanmış və 77 ölkə, o cümlədən Moldova Respublikası Konvensiyanı ratifikasiya etmiş və ya ona qoşulmuşlar.
D. Avropa Şurasının sənədləri
45. Avropa Şurasının 1999-cu il 27 yanvar tarixli Korrupsiyaya qarşı Cinayət Hüquq Konvensiyasının müvafiq maddələrində qeyd edilir:
“Preambula
Avropa Şurasının üzvü olan dövlətlər və bu konvensiyanı imzalamış digər dövlətlər,
...
Korrupsiyanın qanunun aliliyi, demokratiya və insan hüquqlarını təhlükə altına aldığını, səmərəli dövlət idarəçiliyi, ədalətlilik və sosial ədaləti sarsıtdığını, iqtisadi inkişafa mane olduğunu və demokratik təsisatların və cəmiyyətin əxlaqi əsaslarını təhlükə altına aldığını vurğulayaraq,
...
Aşağıdakılar barədə razılığa gəlirlər:
...
Maddə 22 – Ədalət mühakiməsi ilə əməkdaşlıq edənlərin və şahidlərin qorunması
Hər bir tərəf aşağıdakı şəxslər üçün səmərəli və münasib müdafiəni təmin etmək məqsədilə zəruri olan tədbirləri həyata keçirməlidir:2-ci maddədən 14-cü maddəyə qədər nəzərdə tutulmuş cinayətlər barədə məlumat verən və ya istintaq orqanları, yaxud cinayət təqibini həyata keçirən orqanlar ilə əməkdaşlıq edən şəxsləri; bu cinayətlər barədə ifadə verən şahidləri.”
Bu Konvensiyaya İzahedici Hesabatda 22-ci maddə ilə bağlı qeyd edilir:
“111. ... “şahidlər” dedikdə Konvensiyanın 2-14-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri üzrə cinayət işlərinə aidiyyəti olan məsələlər barədə məlumata malik olan şəxslər başa düşülür və bura idarə daxilində ifşa edici məlumatlar verən şəxslər də daxildir.”
Bu Konvensiya Moldova tərəfindən 1999-cu il 24 iyun tarixində imzalanmış və ona münasibətdə 2004-cü il 1 may tarixində qüvvəyə minmişdir.
46. Avropa Şurasının 1999-cu il 4 noyabr tarixli Korrupsiyaya qarşı Mülki Hüquq Konvensiyasının müvafiq maddələrində qeyd edilir:
“Preambula
Aşağıda imza edən Avropa Şurasının üzvü olan dövlətlər, digər dövlətlər və Avropa Birliyi,
...
Korrupsiyanın qanunun aliliyi, demokratiya və insan hüquqlarına, ədalətlilik və sosial ədalətə böyük təhlükə yaratdığını, iqtisadi inkişafa mane olduğu və bazar iqtisadiyyatının lazımı qaydada və ədalətlə fəaliyyət göstərməsinə hədə olduğunu vurğulayaraq;
Korrupsiyanın fərdlər, şirkətlər və dövlətlər, həmçinin beynəlxalq qurumlar üçün zərərli nəticələr doğurduğunu qəbul edərək;
...
Aşağıdakılar barədə razılığa gəlirlər:
...
Maddə 9 – İşçilərin müdafiəsi
Hər bir tərəf ölkə daxili qanunvericiliyində korrupsiya faktı barədə şübhələnmək üçün ağlabatan əsasları olan və şübhələri ilə bağlı vicdanla məsul şəxslərə və ya dövlət orqanlarına məlumat verən işçilərin əsassız cəzalandırılmasına qarşı zəruri müdafiə tədbirlərini nəzərdə tutmalıdır.”
Bu Konvensiya dair İzahedici Hesabatda 9-cu maddə ilə bağlı qeyd edilir:
“66. Bu maddə hər bir iştirakçı dövlətin korrupsiya faktları və ya təcrübəsinə dair şübhələri barədə vicdanla və ağlabatan əsaslarla məlumat verən işçilərin hər hansı təqibin qurbanı olmaqdan müdafiə edilmələri məqsədilə zəruri olan tədbirlər görməsi tələbatı ilə bağlıdır.
67. İşçilərin müdafiə edilməsi üçün Konvensiyanın 9-cu maddəsi ilə nəzərdə tutulmuş zəruri tədbirlərə gəlincə, misal üçün, iştirakçı tərəflərin qanunvericiliyi işə götürənlərdən əsassız cəzalandırmanın qurbanı olmuş işçilərə kompensasiya ödənilməsini tələb edə bilər.
68. Təcrübədə korrupsiya faktlarının müəyyən edilməsi və istintaqı çətin məsələdir və bu əməli törətmiş şəxslərin işçiləri və ya iş yoldaşları (özəl şirkətdə və ya dövlət orqanında olmasında asılı olmayaraq) çox vaxt qanunun pozulduğunu müəyyən edən və ya bundan şübhələnən ilk şəxslər olurlar.
69. “Hər hansı əsassız cəzalandırmağa qarşı zəruri müdafiə tədbirləri” dedikdə nəzərdə tutulur ki, bu Konvensiyaya əsasən istənilən işçinin korrupsiya əməli barəsində aidiyyəti məsul şəxslərə və ya dövlət orqanlarına məlumat verməsinə görə hər hansı formada cəzalandırılması yol verilməzdir. Bu barədə məlumat vermə məxfiliyi qorumaq vəzifəsinin pozulması kimi qiymətləndirilməməlidir. Əsassız cəzalara bu şəxslərin işdən azad edilməsi və ya daha aşağı vəzifəyə keçirilməsi, yaxud da onların iş yeri üzrə karyera imkanlarını məhdudlaşdıran hər hansı tədbir görülməsi aiddir.
70. Açıq-aşkar bilinməlidir ki, heç kəsin işə götürənin işin hallarına tətbiq edilən bilən müvafiq müddəalara (misal üçün, əmək qanunvericiliyi sahəsində) uyğun olaraq işçilər barəsində istənilən zəruri tədbir görməsinə mane olmasının mümkün olmamasına baxmayaraq, işə götürənlər sadəcə şübhələri barədə məsul şəxsə və ya dövlət orqanına məlumat verməsinə görə işçilər barədə əsassız cəza tədbirləri tətbiq etməməlidirlər.
71. Buna görə də iştirakçı tərəflərdən təsbit edilməsi tələb olunan müvafiq müdafiə tədbirləri işçiləri şübhələri barədə məsul şəxsə və ya dövlət orqanına məlumat verməyə təşviq etməlidir. Əlbəttə, çox halda korrupsiya fəaliyyəti barədə məlumata malik olan şəxslər onlar üçün mümkün mənfi nəticələrin baş verməsindən qorxaraq bu barədə məlumat vermirlər.
72. İşçilərə gəlincə, bu müdafiə tədbirləri yalnız o zaman onlara münasibətdə tətbiq olunur ki, onların şübhələri barədə məlumat vermək üçün ağlabatan əsasları olsun və bu barədə vicdanla məlumat versinlər. Başqa sözlə, bu, müdafiə sui-istifadə hallarına deyil, real işlərlə bağlı tətbiq olunur.”
Bu Konvensiya Moldova tərəfindən 1999-cu il 4 noyabr tarixində imzalanmış və ona münasibətdə 2004-cü il 1 iyul tarixində qüvvəyə minmişdir.
47. Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən 2000-ci il 11 may tarixində qəbul edilmiş Dövlət qulluqçularının davranış qaydalarına dair tövsiyənin (Rec(2000)10) müvafiq maddələrində qeyd edilir:
“Maddə 11
Dövlət qulluqçusu, onun rəsmi məlumatları əldə etmək hüququnun olduğu nəzərə alınaraq, işlədiyi dövrdə və ya işə götürülməsi nəticəsində əldə etdiyi bütün məlumat və sənədlərlə müvafiq qaydada davranmaq, məxfilik ilə bağlı bütün zəruri tədbirləri görmək vəzifəsi daşıyır.
Maddə 12 – Məlumat vermə
...
5. Dövlət qulluqçusu işlədiyi dövrdə və ya işə götürülməsi nəticəsində ona məlum olan, dövlət qulluğuna aid qanunsuz fəaliyyət və ya cinayət əməlinə dair istənilən sübut, iddia və ya şübhə barədə aidiyyəti dövlət orqanına məlumat verməlidir. Məlumat verilən faktlar barədə araşdırma səlahiyyətli dövlət orqanları tərəfindən aparılmalıdır.
6. Dövlət orqanı yuxarıdakılar barədə ağlabatan əsaslarla və vicdanla məlumat verən dövlət qulluqçusuna hər hansı ziyan vurulmamasını təmin etməlidir.
HÜQUQİ MƏSƏLƏLƏR
48. Ərizəçi sözü gedən məktubları “Jurnal de Chişinău” qəzetinə açıqladığı üçün işdən azad edilməsi ilə fikri ifadə etmək azadlığının və xüsusilə məlumatı və fikirlərini üçüncü şəxslərə yaymaq hüququnun pozulmasından şikayət etmişdir. Konvensiyanın 10-cu maddəsində qeyd edilir:
“1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio yayımı, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsinə münasibətdə milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısının alınması və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyinin təmin edilməsi məqsədilə qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlar, şərtlər, məhdudiyyətlər və ya sanksiyalar tətbiq oluna bilər.”
I. İŞƏ BAXILMASININ MÜMKÜNLÜYÜ
A. Konvensiyanın 6-cı maddəsi əsasında verilmiş şikayət
49. İlkin müraciətində ərizəçi işə bərpa ilə bağlı məhkəmə işində irəli sürdüyü dəlillərə ölkə məhkəmələri tərəfindən baxılmadığına dair Konvensiyanın 6-cı maddəsi əsasında şikayət vermişdir. Lakin sonrakı izahatlarında ərizəçi Məhkəmədən bu şikayətinə baxılmamasını xahiş etmişdir. Buna görə də Məhkəmə bu şikayətə baxmayacaq.
B. Konvensiyanın 10-cu maddəsi əsasında verilmiş şikayət
50. Hökumət cənab Mişin tərəfindən Baş prokurorluğa göndərilmiş məktubun həqiqiliyi ilə bağlı mübahisə qaldırmamışdır. Lakin o bildirmişdir ki, ərizəçi “Jurnal de Chişinău” qəzetində dərc olunan məqalələrin müəllifi olmadığı üçün onun fikrini ifadə etmək azadlığı hüququna heç bir müdaxilə edilməmişdir və o, vəzifəsindən fikrini ifadə etmək azadlığını həyata keçirdiyinə görə deyil, sadəcə Baş Prokurorluğun daxili qaydalarını pozduğuna görə azad edilmişdir. Hökumətin fikrincə ərizəçinin şikayəti mahiyyəti üzrə onun əmək hüquqları ilə bağlı olduğundan 10-cu maddə bu işdə tətbiq oluna bilməz.
51. Ərizəçi bildirmişdir ki, qəzetə göndərdiyi məktubların müəllifi olub-olmamasından asılı olmayaraq hazırkı işdə 10-cu maddə tətbiq edilə bilər. Ərizəçi “Toma Lüksemburqa qarşı” (Thoma v. Luxembourg (no. 38432/97, ECHR 2001‑III)) və “Yersild Danimarkaya qarşı” (Jersild v. Denmark (judgment of 23 September 1994, Series A no. 298)) işlərinə istinad edərək bildirmişdir ki, fikri ifadə etmək azadlığının üçüncü şəxslərdən əldə edilmiş məlumatı yaymaq hüququnu da ehtiva etdiyi artıq Məhkəmə tərəfindən təsbit edilmişdir.
52. Məhkəmə təkrar edir ki, 10-cu maddə ilə müəyyən edilmiş müdafiə ümumiyyətlə iş yerinə və xüsusilə dövlət qulluqçularına münasibətdə tətbiq edilir (bax: “Foqt Almaniyaya qarşı” (Vogt v. Germany, judgment of 26 September 1995, Series A no. 323, § 53); “Ville Lixtenşteynə qarşı” işi üzrə Böyük Palatanın qərarı (Wille v. Liechtenstein [GC], no. 28396/95, § 41, ECHR 1999‑VII); “Əhməd və Digərləri Böyük Britaniyaya qarşı” (Ahmed and Others v. the United Kingdom, judgment of 2 September 1998, Reports of Judgments and Decisions 1998‑VI, § 56) və “Fuentes Bobo İspaniyaya qarşı” (Fuentes Bobo v. Spain, no. 39293/98, § 38, 29 February 2000)).
53. Ərizəçi məktubları qəzetə göndərmiş və qəzet sonradan bu məktubları dərc etmişdir. 10-cu maddə məlumat yaymaq azadlığını da ehtiva etdiyi və ərizəçi məktubların dərc olunmasında iştirakı ilə bağlı vəzifəsindən azad edildiyi üçün Məhkəmə Hökumətin ilkin etirazını rədd edir.
54. Məhkəmə hesab edir ki, ərizəçinin Konvensiyanın 10-cu maddəsi əsasında verdiyi şikayətdə fakt və hüquq ilə bağlı qaldırılan məsələlər işə mahiyyəti üzrə baxılması mərhələsində araşdırılması üçün kifayət qədər ciddi xarakter daşıyır və onlara baxılmasının mümkünsüz hesab edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Buna görə də Məhkəmə ərizəyə baxılmasını mümkün hesab edir. Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinin tətbiq edilməsinə dair qərarına uyğun olaraq Məhkəmə dərhal şikayətə mahiyyəti üzrə baxılması mərhələsinə keçir.
II. İŞİN MAHİYYƏTİ
A. Müdaxilənin mövcudluğu məsələsi
55. Məhkəmə yuxarıda 53-cü bənddə müəyyən etmişdir ki, 10-cu maddə hazırkı işə tətbiq edilir. Bundan əlavə, o bildirmişdir ki, ərizəçinin məktubları ictimaiyyətə yaydığı üçün vəzifədən azad edilməsi onun həmin maddənin birinci bəndi ilə nəzərdə tutulmuş fikri ifadə etmək azadlığı hüququna “dövlət orqanı tərəfindən müdaxilə” kimi qiymətləndirilməlidir.
56. Belə müdaxilə “qanun ilə nəzərdə tutulmadığı”, 2-ci bənddə təsbit edilmiş bir və ya bir neçə qanuni məqsədə yönəlmədiyi və bu məqsədlərə nail olmaq üçün “demokratik cəmiyyətdə zəruri” olmadığı halda 10-cu maddənin pozuntusu hesab edilir.
B. Müdaxilənin “qanun ilə nəzərdə tutulması” məsələsi
57. İlkin izahatında ərizəçi bildirmişdir ki, müdaxilə qanun ilə nəzərdə tutulmamışdır, belə ki, dövlət orqanları tərəfindən istinad edilən qanun kifayət qədər aydın deyil. Lakin sonra şifahi çıxışında o, bu mövqeyini səsləndirməmişdir.
58. Məhkəmə qeyd edir ki, ərizəçi Baş Prokurorluğun Mətbuat Xidmətinin Daxili Qaydalarının 1.4 və 4.11-ci bəndlərini pozduğuna görə Əmək Məcəlləsinin 263/1-ci maddəsi əsasında işdən azad edilmişdir (yuxarıda 31-ci bəndə bax). Lakin tərəflər bu məsələ ilə bağlı artıq Məhkəmədə mübahisə aparmadıqlarından o, Daxili Qaydaların 1.4 və 4.11-ci bəndlərinin müddəalarının müdaxilənin “qanun ilə nəzərdə tutulması” tələbinə cavab verdiyi fərziyyəsi ilə işə baxılmasını davam edəcək.
C. Müdaxilənin qanuni məqsədə yönəlməsi məsələsi
59. Ərizəçi bildirmişdir ki, müdaxilə hər hansı qanuni məqsədə yönəlməmişdir. Hökumət bildirmişdir ki, hazırkı işdə nail olunmasına səy göstərilən qanuni məqsədlər ədalət mühakiməsinin nüfuzunun qorunması, cinayətkarlığın qarşısının alınması və digərlərinin nüfuzunun müdafiə edilməsi olmuşdur. Öz növbəsində Məhkəmə burada nail olunmasına səy göstərilən qanuni məqsədin ictimaiyyət üçün açıq olmayan şəkildə daxil olmuş məlumatın yayılmasının qarşısını almaq olduğunu qəbul etməyə hazırdır. Bu nəticəyə gəlməklə Məhkəmə hesab edir ki, ərizəçinin işdən azad olunan zaman məlumatın mənbəyini ifşa etməkdən imtina etməsi faktı mühüm əhəmiyyət kəsb edir, belə ki, bu, məlumatın asan və ya açıq əldə oluna bilmədiyini güman etməyə əsas verir (bax: “Heyzeldayn Birləşmiş Krallığa qarşı” (Haseldine v. the United Kingdom, no. 18957/91, Commission decision of 13 May 1992, Decisions and Reports (DR) 73)). Buna görə də Məhkəmə müdaxilənin demokratik cəmiyyətdə zəruri olması, xüsusilə müdaxilə ilə nail olunmasına səy göstərilən məqsəd arasında mütənasiblik əlaqəsinin mövcud olması məsələsini araşdırmalıdır.
D. Müdaxilənin demokratik cəmiyyətdə zəruri olması məsələsi
1. Tərəflərin izahatları
(a) Ərizəçi
60. Ərizəçinin fikrincə məktubların açıqlanmasına qanunsuz əməl barədə səlahiyyətli orqana məlumat vermək kimi baxılmalıdır.
61. O, ilk növbədə vicdanlı davrandığını və məktubları qəzetə verən zaman burada parlament sədrinin müavini tərəfindən ciddi qanun pozuntularına yol verildiyi barədə məlumatın əks olunduğuna inandığını bildirmişdir. Məktubları yaymağın yeganə səbəbi korrupsiya və nüfuz alveri ilə mübarizəyə kömək etmək istəyi olmuşdur. O, cənab Mişinin məktubunun məqsədinin sadəcə olaraq Ərizə və şikayətlər haqqında qanuna (yuxarıda 38-ci bəndə bax) uyğun olaraq polis əməkdaşlarının məktubunun Baş prokurora göndərilməsi olduğu və cənab Mişinin əməlinin Deputatların statusu haqqında qanunun (yuxarıda 39-cu bəndə bax) 22 və 23-cü maddələrinə uyğun olduğu fikri ilə razılaşmır. Bundan əlavə, o, məktubların cinayət işi üzrə materialların tərkib hissəsi olması fikri ilə də razılaşmır.
Ərizəçi bildirmişdir ki, Baş prokuror və onun müavinlərinin təyin edilmə qaydası və Kommunist partiyasının parlamentdə çoxluğu təşkil etməsi nəzərə alınaraq ictimaiyyətdə Baş Prokurorluğun parlamentin güclü təsiri altında olması barədə fikir mövcuddur. Baş Prokurorluğun müstəqilliyi təcrübədə deyil, nəzəriyyədə mövcuddur. Ərizəçinin fikrincə Baş prokuror heç bir səbəb göstərilmədən parlament tərəfindən vəzifəsindən azad edilə bilər. 2002-2003-cü illər ərzində Kommunist partiyasına sadiq hesab edilməyən otuzdan çox prokuror vəzifədən azad edilmişdir. Bundan əlavə, iqtidar partiyasının liderlərindən biri və parlamentin sədr müavini olmuş cənab Mişinin də vəzifəsindən müntəzəm şəkildə sui-istifadə edərək məhkəmə işlərinin nəticəsinə təsir göstərməsi barədə fikirlər mövcuddur.
Ərizəçi əlavə etmişdir ki, cənab Mişin tərəfindən yazılmış məktubun dili birmənalı şəkildə güman etməyə əsas verirdi ki, müəllif dörd polis əməkdaşına qarşı həyata keçirilən cinayət işinin nəticəsinə təsir göstərmək istəyirdi. Bu isə Cinayət Məcəlləsinin 190/1-ci maddəsinə uyğun olaraq cinayət hesab edilirdi (yuxarıda 33-cü bəndə bax). Ərizəçi həmçinin qeyd etmişdir ki, sözü gedən məktubu aldıqdan sonra Baş prokuror cinayət işi üzrə istintaqın təzələnməsi barədə göstəriş vermiş və bundan qısa müddət sonra cinayət işi üzrə icraata xitam verilmişdir. Ərizəçinin fikrincə dörd polis əməkdaşının barələrindəki cinayət işi üzrə ittihamların qanuniliyinin yoxlanılması üçün ək yüksək vəzifə tutan dövlət nümayəndələrinə müraciət etmək qərarına gəlmələri Moldova Respublikasında hakimiyyətlərin bölgüsü prinsipinə zidd təcrübənin mövcud olduğunu göstərir. Cinayətlərin istintaqı ilə məşğul olan polis əməkdaşlarının müraciət etdikləri dövlət orqanlarının məhkəmə hakimiyyəti sahəsində heç bir funksiyaya malik olmadıqlarını bilməmələri tamamilə mümkünsüzdür.
Ərizəçinin fikrincə buna görə də onun tərəfindən yayılmış məlumat böyük ictimai maraq doğurmuşdur.
62. Məlumatın məzmununu açıqlamaq üçün onun qəzetə müraciət etməkdən başqa yolu olmamışdır. Moldovada qanunsuz əməl barədə idarə daxilindən məlumat verənlər barədə qanunvericilik mövcud olmadığından işçilərin iş yerlərində törədilən hüquq pozuntuları ilə bağlı məlumat vermələri üçün prosedur mövcud deyil. Baş prokuror müstəqilliyə malik olmadığından problemi onun diqqətinə çatdırmaq faydasız olacaqdı. Cənab Mişinin məktubu barədə təxminən altı ay ərzində məlumatı olmasına baxmayaraq belə görünür ki, o, sadəcə olaraq bu məktubun mövcudluğunu gizlətmiş və eyni zamanda orada göstərilənlərə əməl etmişdir. Baş Prokurorluğun qəzetdə məqalələrin dərc edilməsindən sonra cənab Mişinə qarşı cinayət işi başlanmasından imtina etməsi (yuxarıda 15 və 29-cu bəndlərə bax) məktub barədə Baş Prokurorluğa hər hansı məlumatın verilməsinin mənasız olacağı fikrini təsdiq edir. Bundan əlavə, məktub barədə tabeliyində olduğu şəxslərə məlumat verəcəyi təqdirdə bu məktubun gizlədiləcəyi və ya məhv ediləcəyindən qorxmaq üçün ərizəçinin ağlabatan əsasları olmuşdur.
Ərizəçi həmçinin bildirmişdir ki, ondan parlamentə şikayət etməyi gözləmək əsassız olardı, belə ki, parlamentin 101 deputatından 71-i iqtidarda olan Kommunist partiyasının nümayəndələri idilər və həmin partiyadan olan deputatın törətdiyi cinayətə görə məsuliyyətə cəlb edilməsi ilə bağlı hər hansı presedent mövcud deyildi. Bundan əlavə, 2001-2004-cü illər ərzində müxalifətin iqtidar partiyasının maraqlarına zidd olan heç bir təşəbbüsü uğur qazanmamışdır.
63. Ərizəçi həmçinin onun barəsində tətbiq edilmiş cəzanın çox sərt olduğundan şikayət edərək bunun mümkün cəza tədbirləri arasında ən ağırı olduğunu bildirmişdir.
(b) Hökumət
64. Hökumətin fikrincə qeyd olunan məlumatın açıqlanması hüquq pozuntusu barədə səlahiyyətli orqana məlumat verilməsi kimi qiymətləndirilə bilməz.
65. Hökumət hesab edir ki, bu məktublar daxili sənədlər idi və ərizəçinin funksiyaları normal şəraitdə bu sənədləri əldə etməyə imkan vermirdi. Beləliklə o, bu sənədləri sadəcə “oğurlamışdır”. Bundan əlavə, ərizəçi tərəfindən açıqlanmış məktublar məxfi xarakter daşımış və cinayət işinin materiallarına aid olmuşdur. Cinayət-Prosessual Məcəlləyə uyğun olaraq cinayət işinin materialları istintaqı həyata keçirən şəxsin icazəsi olmadan ictimaiyyətə açıqlana bilməz (yuxarıda 35-ci bəndə bax).
Ərizəçinin vicdanla hərəkət etməsi də sual doğurur, belə ki, cənab Mişin tərəfindən yazılmış məktubun Baş prokurora qanunsuz təzyiq göstərdiyini hesab etməyə ağlabatan əsaslar yoxdur. “Sizdən işə şəxsən müdaxilə etməyi və onu qanunun tələblərinə tam uyğun şəkildə həll etməyi xahiş edirəm” ifadəsi müxtəlif dövlət orqanları arasında normal qanuna uyğun əlaqə forması olmuşdur. Cənab Mişin sadəcə olaraq Ərizə və şikayətlər haqqında qanuna (yuxarıda 38-ci bəndə bax) və Deputatın statusu haqqında qanuna (yuxarıda 39-cu bəndə bax) uyğun olaraq dörd polis işçisindən aldığı məktubu aidiyyəti orqana, Baş Prokurorluğa göndərmişdir. Deputatın statusu haqqında qanuna görə deputat o cümlədən vətəndaşlardan daxil olan ərizələri araşdırmaq, onları aidiyyəti orqana göndərmək, onların araşdırılmasında iştirak etmək və qanuna əməl edilməsinə nəzarət etmək hüququna malikdir. Cənab Mişinin məktubu ilə dörd polis işçisinə qarşı cinayət işi üzrə icraata xitam vermək haqqında qərar arasında heç bir səbəbiyyət əlaqəsi mövcud olmamışdır. Hökumətin mövqeyinə görə Baş Prokurorluq həqiqətən də müstəqil bir qurumdur və bu müstəqillik Moldovanın Konstitusiyası və qanunları ilə təmin edilir (yuxarıda 36 və 40-cı bəndlərə bax).
Bundan əlavə, ərizəçi hərəkətlərinin səbəbini işə götürən ilə ölkə məhkəmələrinə fərqli şəkildə izah etmişdir (yuxarıda 18 və 20-ci bəndlərə bax). Hökumətin bildirdiyinə görə bu da ərizəçinin vicdanla hərəkət etmədiyinin göstəricisidir və göründüyü kimi məktubları açıqlamaqda onun əsl motivi korrupsiya ilə mübarizə aparmaq deyil, maraqlı şəxslərə xələl gətirmək olmuşdur.
66. Yuxarıda qeyd edildiyi kimi cənab Mişin Baş prokurora təzyiq etməyə səy göstərməmişdir və onun məktubunda əks olunmuş məlumat ictimai maraq doğurmamışdır.
67. Bundan əlavə, ərizəçi məlumatı aidiyyəti orqana təqdim etməmiş və hərəkətlərində tələskənliyə yol vermişdir. Məktubda həyat, sağlamlıq və ya ətraf mühit ilə bağlı təcili və ya bərpa olunmaz xarakterli hər hansı məlumat əks edilməmişdir. Ərizəçi yalnız məlumatın idarə daxilində açıqlanması mümkün olmadığı halda onu idarə xaricinə sızdıra bilərdi. Belə məlumat birbaşa mətbuata deyil, ilk növbədə Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinə və yalnız sonra parlamentə (o cümlədən parlament komissiyalarına, fraksiyalara və müxalifətə) çatdırılmalıdır.
İzahatlarına dəstək olaraq Hökumət iş yerində baş vermiş qanunsuzluqlar və digər məsələlər ilə bağlı vətəndaşlar tərəfindən parlamentə ünvanlanmış bir neçə şikayət məktubunun surətini Məhkəməyə təqdim etmişdir. Belə görünür ki, bütün şikayətlər parlament tərəfindən aidiyyəti orqanlara, misal üçün Baş Prokurorluğa və Ali Magistrlər Şurasına göndərilmiş, parlament sonradan bu məsələlərin araşdırılmasına müdaxilə etməmişdir.
Hökumət bildirmişdir ki, ABŞ-ın iyirmi bir ştatında məlumatın mətbuata açıqlanmasına görə müdafiə nəzərdə tutulmamış, Birləşmiş Krallıqda isə məlumatın idarə xaricinə sızdırılmasına görə müdafiə yalnız son dərəcə nadir və dəqiq müəyyən edilmiş hallarda nəzərdə tutulmuşdur.
68. Dövlət qulluqçularının vəzifələrinin və məsuliyyətinin xarakteri ilə bağlı olaraq dövlətin onların fikri ifadə etmək azadlığı hüququna müdaxiləsi zamanı istifadə etdiyi təqdir səlahiyyətinin (öz mülahizəsinə uyğun qərar qəbul etmək səlahiyyəti – tərcüməçinin qeydi)) həddi çox genişdir. Son olaraq Hökumət bildirmişdir ki, ərizəçi barəsində tətbiq edilmiş tənbeh tədbiri onun əməlinin ağırlığına mütənasib olmuşdur.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Bu iş üzrə tətbiq edilən ümumi prinsiplər
69. Burada müəyyən edilməli əsas məsələ müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olması məsələsidir. Bununla bağlı əsas prinsiplər Məhkəmənin presedent hüququnda geniş şəkildə təsbit edilmiş və aşağıdakı kimi ümumiləşdirilmişdir (bax: digər mənbələr ilə yanaşı, yuxarıda qeyd edilmiş “Yersild Danimarkaya qarşı” (Jersild v. Denmark, cited above, p. 23, § 31); “Hertel İzveçrəyə qarşı” (Hertel v. Switzerland, judgment of 25 August 1998, Reports 1998‑VI, pp. 2329-30, § 46); və “Stil və Morris Birləşmiş Krallığa qarşı” (Steel and Morris v. the United Kingdom, no. 68416/01, § 87, ECHR 2005‑II)):
“(i) Fikri ifadə etmək azadlığı demokratik cəmiyyətin vacib əsaslarından birini və onun tərəqqisi və hər bir fərdin özünü realizə etməsi üçün əsas zəminlərdən birini təşkil edir. 10-cu maddənin 2-ci bəndi nəzərə alınmaqla o, yalnız müsbət qəbul edilən və ya zərərli hesab edilməyən, yaxud etinasızlıqla qəbul edilən “məlumat” və ya “ideyalar”a deyil, həmçinin təhqiredici, şok və ya narahat edici “məlumat” və ya “ideyalar”a münasibətdə də tətbiq olunur. Bunlar plüralizmin, dözümlülüyün və baxışların çoxluğunun tələbləridir və bunlarsız “demokratik cəmiyyət” mövcud ola bilməz. 10-cu maddədə təsbit edildiyi kimi bu azadlıq ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi mümkündür, lakin bu məhdudiyyətlər dar təfsir edilməli və hər hansı məhdudiyyətə ehtiyacın olması inandırıcı şəkildə əsaslandırılmalıdır...
(ii) 10-cu maddəsinin 2-ci bəndinin mənasında “zəruri” sözü “çox gərəkli ictimai tələbatın” olduğunu nəzərdə tutur. İştirakçı dövlətlər belə bir tələbatın olduğunu təsbit etmək üçün müəyyən təqdir səlahiyyətindən istifadə edirlər, lakin bununla birgə onun üzərində Avropa nəzarəti də həyata keçirilir və bu nəzarət istər qanunvericiliyi, istərsə də onun tətbiqi barədə qərarları, hətta müstəqil məhkəmələrin qərarlarını əhatə edir. Buna görə də Məhkəmənin tətbiq edilən “məhdudiyyətin” 10-cu maddə ilə qorunan fikri ifadə etmək azadlığına uyğun olub-olmadığı barədə yekun qərar qəbul etmək səlahiyyəti var.
(iii) Nəzarət qaydasında yurisdiksiyasını həyata keçirən zaman Məhkəmənin vəzifəsi aidiyyəti dövlət orqanlarını əvəz etmək deyil, onların mülahizə sərbəstliyinə uyğun şəkildə qəbul etdikləri qərarların 10-cu maddə əsasında yoxlanılmasıdır. Bu, o demək deyil ki, nəzarət cavabdeh dövlətin diskresion səlahiyyətlərini ağlabatan şəkildə, diqqətlə və vicdanla həyata keçirib-keçirmədiyini təsdiq etməklə məhdudlaşır; Məhkəmə barəsində şikayət verilən müdaxiləyə bütünlükdə işin kontekstində baxmalı və “nail olunmasına səy göstərilən qanuni məqsədə mütənasib olub-olmadığını və onu əsaslandırmaq üçün dövlət orqanları tərəfindən göstərilmiş səbəblərin “işə aidiyyəti olmasını və kafiliyini” müəyyənləşdirməlidir...Bunu etməklə Məhkəmə dövlət orqanları tərəfindən tətbiq edilmiş standartların 10-cu maddədə əks olunmuş prinsiplərə uyğun olduğuna və bundan əlavə, bu standartların müvafiq faktların məqbul qiymətləndirilməsinə əsaslandığına əmin olmalıdır...”
70. Məhkəmə bundan əlavə təkrar edir ki, 10-cu maddə həmçinin iş yerinə münasibətdə tətbiq olunur və dövlət qulluqçuları, həmçinin ərizəçi fikri ifadə etmək azadlığı hüququna malikdirlər (yuxarıda 52-ci bəndə bax). Eyni zamanda Məhkəmə xəbərdardır ki, işçilər işə götürənlərə sadiqlik, təmkinlilik və tədbirlilik nümayiş etdirməlidirlər. Bu, xüsusilə dövlət qulluqçularına aiddir, belə ki, dövlət qulluğunun xarakteri dövlət qulluqçusundan sadiqlik və tədbirlilik vəzifəsini daşımağı tələb edir (bax: yuxarıda qeyd edilmiş “Foqt Almaniyaya qarşı”, 53-cü bənd; yuxarıda qeyd edilmiş “Əhməd və Digərləri Birləşmiş Krallığa qarşı”, 55-ci bənd; və “De Dieqo Nafria İspaniyaya qarşı” (De Diego Nafría v. Spain, no. 46833/99, § 37, 14 March 2002)).
71. Demokratik cəmiyyətdə dövlət qulluqçusunun vəzifəsi hökumətə funksiyalarının yerinə yetirilməsində kömək etmək olduğundan və ictimaiyyətin onlardan demokratik şəkildə seçilmiş hökumətin işinə mane olmaq deyil, ona yardımçı olmağı gözləmək hüququ olduğundan sadiqlik və təmkinlilik vəzifəsi dövlət qulluqçuları üçün xüsusi əhəmiyyət kəsb edir (bax: mutatis mutandis, yuxarıda qeyd edilmiş “Əhməd və Digərləri Birləşmiş Krallığa qarşı”, 53-cü bənd). Bundan əlavə, məhz tutduqları vəzifənin xarakterinə görə dövlət qulluqçuları hökumətin müxtəlif qanuni məqsədlərdən ötrü məxfi və ya gizli saxlamaq istədiyi məlumatlardan xəbərdar ola bilər. Buna görə də dövlət qulluqçularının tədbirlilik nümayiş etdirmək vəzifəsi də güclü xarakter daşıyır.
72. Lakin bu günə qədər Məhkəmə dövlət qulluqçusunun idarə daxili məlumatı açıq şəkildə yayması ilə bağlı işə baxmamışdır. Bu baxımdan hazırkı işdə yeni məsələ ortaya çıxır və bu, dövlət qulluqçusunun müdaxiləsi olmadan məlumatın açıqlandığı “Ştol İsveçrəyə qarşı” (Stoll v. Switzerland ([GC], no. 69698/01, 10 December 2007)) işindəkindən fərqli bir məsələdir. Bununla əlaqədar olaraq Məhkəmə qeyd edir ki, dövlət qulluqçusu fəaliyyəti dövründə idarə daxili məlumatlardan, o cümlədən yayılması və ya dərc edilməsi cəmiyyətin maraqlarına güclü şəkildə cavab verən məxfi məlumatlardan xəbərdar ola bilər. Buna görə də Məhkəmə hesab edir ki, dövlət qulluqçusu və ya dövlət sektorunda çalışan işçi iş yerində baş vermiş qanunsuz əməl və ya hüquq pozuntuları barədə xəbər verdikdə, müəyyən hallarda hüquqi müdafiədən istifadə etməlidir. Bu, o zaman lazım ola bilər ki, müvafiq işçi və ya dövlət qulluqçusu işdə baş verənlər barədə məlumata malik olan yeganə insan və ya belə məlumata malik olan kiçik qrupun üzvlərindən biri olsun və bununla da işə götürənə və ya ümumilikdə cəmiyyətə xəbər verməklə ictimai maraqlar naminə hərəkət etmək üçün ən yaxşı vəziyyətdə olsun. Bu kontekstdə Məhkəmə Avropa Şurasının Korrupsiyaya qarşı Mülki Hüquq Konvensiyasına dair İzahedici Hesabatında qeyd olunan aşağıdakı bəyanata nəzər yetirir (yuxarıda 46-cı bəndə bax):
“Təcrübədə korrupsiya faktlarının müəyyən edilməsi və istintaqı çətin məsələdir və bu əməli törətmiş şəxslərin işçiləri və ya iş yoldaşları (özəl şirkətdə və ya dövlət orqanında olmasında asılı olmayaraq) çox vaxt qanunun pozulduğunu müəyyən edən və ya bundan şübhələnən ilk şəxslər olurlar.”
73. Yuxarıda qeyd edilmiş tədbirlilik vəzifəsi fonunda məlumat ilk növbədə yuxarı vəzifədə olan şəxsə və ya digər səlahiyyətli dövlət orqanına açıqlanmalıdır. Yalnız bunun açıq-aşkar mümkün olmadığı hallarda məlumat son zərurət halı kimi ictimaiyyətə açıqlana bilər (bax: mutatis mutandis, yuxarıda qeyd edilmiş “Heyzeldayn” işi). Buna görə də fikri ifadə etmək azadlığına münasibətdə tətbiq olunan məhdudiyyətin mütənasib olub-olmadığını qiymətləndirən zaman Məhkəmə ifşa etmək istədiyi hüquq pozuntusunun vurduğu zərərin aradan qaldırılması üçün ərizəçinin hər hansı başqa səmərəli vasitəyə malik olub-olmadığını nəzərə almalıdır.
74. Belə işlərdə dövlət qulluqçusunun fikri ifadə etmək azadlığına müdaxilənin mütənasibliyini müəyyən etmək üçün Məhkəmə həmçinin bir sıra digər amilləri də nəzərə almalıdır. İlk növbədə yayılmış məlumata olan ictimai marağa xüsusi diqqət verilməlidir. Məhkəmə təkrar edir ki, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə görə ictimai marağa səbəb olan məsələlər ətrafında müzakirələrin aparılmasına qoyulan məhdudiyyətlərin qüvvədə olma sferası çox məhduddur (digər mənbələr ilə yanaşı bax: “Sürək Türkiyəyə qarşı” işi üzrə Böyük Palatanın qərarı (Sürek v. Turkey (no. 1) [GC], no. 26682/95, § 61, ECHR 1999-IV)). Demokratik sistemdə hökumətin hərəkəti və ya hərəkətsizliyinə yaxın nəzarət yalnız qanunvericilik və məhkəmə hakimiyyəti tərəfindən deyil, mətbuat və ictimai rəy tərəfindən də həyata keçirilməlidir. Konkret məlumata ictimaiyyətin marağı bəzən o qədər güclü ola bilər ki, bu, hətta hüquqi cəhətdən bu və ya digər şəxsin üzərinə qoyulmuş məxfiliyin təmin edilməsi vəzifəsindən daha üstün ola bilər (bax: “Fressoz və Ruar Fransaya qarşı” işi üzrə Böyük Palatanın qərarı (Fressoz and Roire v. France [GC], no. 29183/95, ECHR 1999‑I) və “Radio Twist, A.S. Slovakiyaya qarşı” (Radio Twist, A.S. v. Slovakia, no. 62202/00, ECHR 2006‑...)).
75. Müxtəlif maraqlar arasında tarazlığın təmin edilməsi ilə bağlı ikinci amil yayılmış məlumatın həqiqiliyidir. Dövlət orqanları əsassız və ya vicdansızcasına ifadə edilmiş böhtan xarakterli ittihamlara müvafiq şəkildə və səlahiyyət həddini aşmadan cavab verilməsi məqsədilə tədbirlərin görülməsində sərbəstdir (bax: “Kastels İspaniyaya qarşı” (Castells v. Spain, judgment of 23 April 1992, Series A no. 236, § 46)). Bundan əlavə, fikri ifadə etmək azadlığı müəyyən vəzifə və məsuliyyəti də özündə ehtiva edir və məlumatı yaymaq istəyən istənilən şəxs şəraitin imkan verdiyi dərəcədə diqqətlə məlumatın dəqiq və mötəbər olduğunu yoxlamalıdır (bax: mutatis mutandis, “Morissens Belçikaya qarşı” (Morissens v. Belgium, no. 11389/85, Commission decision of 3 May 1988, DR 56, p. 127) və “Bladet Tromsö Stensaas Məhdud Məsuliyyətli Cəmiyyət Norveçə qarşı” işi üzrə Böyük Palatanın qərarı (Bladet Tromsø and Stensaas v. Norway [GC], no. 21980/93, § 65, ECHR 1999‑III)).
76. Digər tərəfdən Məhkəmə sözü gedən məlumatın açıqlanması nəticəsində dövlət orqanına vurulan zərəri də nəzərə almalı və bu zərərin ictimaiyyətin ifşa edilmiş məlumatdan xəbərdar olmaq marağından artıq olub-olmadığına qiymət verməlidir (bax: mutatis mutandis, “Hacıanastasiu Yunanıstana qarşı” (Hadjianastassiou v. Greece, judgment of 16 December 1992, Series A no. 252, § 45) və yuxarıda qeyd edilmiş “Ştol İsveçrəyə qarşı”, 130-cu bənd ). Bu baxımdan açıqlanmış məlumatın məzmunu və maraqlı inzibati orqanın fəaliyyətinin xarakteri iş üçün əhəmiyyətə malik ola bilər (yuxarıda qeyd edilmiş “Heyzeldayn” işi).
77. Məlumatı açıqlayan işçinin hərəkətlərinin motivi konkret açıqlanma faktının müdafiə edilib-edilməməsi məsələsinin həll olunması zamanı həlledici amillərdən biridir. Misal üçün, motivi şəxsi narazılıq və ya düşmənçilik hissi, yaxud şəxsi fayda, o cümlədən maddi qazanc əldə etmək istəyi olan əməl ilə bağlı xüsusilə güclü səviyyədə müdafiənin təmin edilməsi əsaslı sayıla bilməz (yuxarıda qeyd edilmiş “Heyzeldayn” işi). Məlumatın açıqlanması zamanı fərdin vicdanla davranmasının və məlumatın həqiqiliyinə, onun açıqlanmasının ictimai maraqlara uyğun olmasına və hüquq pozuntusunun vurduğu zərərin aradan qaldırılması üçün daha tədbirli vasitələrə malik olmadığına inanmasının təsbit edilməsi vacibdir.
78. Nəhayət, müdaxilənin nail olunmasına səy göstərilən qanuni məqsədə mütənasibliyi məsələsinin yoxlanılması ilə bağlı ərizəçi barəsində tətbiq edilmiş cəza tədbirinin və onun nəticələrinin diqqətli təhlili tələb olunur (bax: yuxarıda qeyd edilmiş “Fuentes Bobo” işi, 49-cu bənd).
79. Məhkəmə hazırda yuxarıda qeyd edilmiş prinsiplər fonunda hazırkı işin faktiki hallarına qiymət verəcəkdir.
(b) Yuxarıdakı prinsiplərin hazırkı işə tətbiqi
(i) Ərizəçinin məlumatı açıqlamaq üçün alternativ vasitələrə malik olub-olmaması məsələsi
80. Ərizəçi bildirmişdir ki, məlumatı açıqlamaq üçün o, hər hansı başqa səmərəli alternativ vasitəyə malik olmamışdır. Lakin Hökumət bunun əksinə olaraq qeyd etmişdir ki, ərizəçi bu məsələni ilk növbədə tabe olduğu yuxarı vəzifəli şəxslərə və sonra parlamentə, zəruri olduğu təqdirdə isə ombudsmana çatdıra bilərdi.
81. Məhkəmə qeyd edir ki, nə Moldova qanunvericiliyində, nə də Baş Prokurorluğun daxili qaydalarında işçilər tərəfindən hüquq pozuntuları barədə məlumat verilməsi məsələsini tənzim edən hər hansı müddəa mövcud deyil (yuxarıda 32-ci bəndə bax). Buradan belə görünür ki, ərizəçinin onu narahat edənə məsələlər barədə tabeliyində olduğu yuxarı vəzifəli şəxslərdən başqa məruzə edə biləcəyi bir orqan olmamışdır və belə məsələlərin məruzə edilməsi üçün qaydalar ilə hər hansı prosedur nəzərdə tutulmamışdır.
82. Həmçinin göründüyü kimi açıqlanmış məlumat yüksək vəzifə tutan parlament sədrinin müavini ilə bağlı olmuşdur və vəziyyət barədə təxminən altı ay ərzində məlumata malik olmasına baxmayaraq Baş prokuror buna cavab vermək istəyinin olduğunu nümayiş etdirməmiş, əksinə Baş Prokurorluğa edilən təzyiqlər qarşılığında güzəştə gedən insan təsəvvürü yaratmışdır.
83. Məlumatın açıqlanmasının Hökumət tərəfindən təklif edilmiş alternativ vasitələrinə (yuxarıda 67-ci bəndə bax) gəlincə, Məhkəmə qeyd edir ki, təklif olunmuş alternativlərin hazırkı işin xüsusi hallarında səmərəli olmayacağı ilə bağlı ərizəçinin mövqeyini təkzib edə biləcək hər hansı qənaətbəxş sübut irəli sürülməmişdir.
84. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə hesab edir ki, hazırkı işin hallarında idarə xaricində olan mənbəyə, hətta qəzetə məlumatın açıqlanması əsaslı hesab edilə bilər.
(ii) Açıqlanmış məlumatın ictimaiyyət üçün marağı məsələsi
85. Ərizəçinin fikrincə cənab Mişinin məktubu ədalət mühakiməsinin həyata keçirilməsinə siyasi müdaxilənin sübutudur. Hökumət bununla razılaşmamışdır.
86. Məhkəmə qeyd edir ki, polis əməkdaşları cənab Mişinə ünvanladıqları məktubda Baş Prokurorluq tərəfindən barələrində başlanmış cinayət işinin qanuniliyinin yoxlanılmasını xahiş etmişlər (yuxarıda 10-cu bəndə bax). Cənab Mişin buna cavab olaraq Baş prokurorun adına rəsmi məktub göndərmişdir. Hökumət bildirmişdir ki, cənab Mişinin hərəkətləri digər aktlar ilə yanaşı Deputatın statusu haqqında qanuna uyğun olmuşdur. Bu baxımdan Məhkəmə bir daha təkrar etməyi zəruri hesab edir ki, demokratik cəmiyyətdə istər məhkəmələrə, istərsə də istintaq orqanlarına siyasi təzyiqlər edilməməlidir. Deputatın hüquqlarını təsbit edən istənilən qanunvericilik aktı təfsir edilən zaman bu prinsipə əməl olunmalıdır.
Cənab Mişinin Baş prokurora məktubunu araşdıran Məhkəmə onun məqsədinin sadəcə olaraq polis əməkdaşlarının məktubunun aidiyyətə orqana çatdırılması olduğu barədə Hökumətin mövqeyi ilə (yuxarıda 65-ci bəndə bax) razılaşmır. Bundan əlavə, cənab Mişin tərəfindən istifadə edilmiş məzmun və dil üslubu nəzərə alınarsa, burada işin “qanunun tələblərinə ciddi əməl olunmaqla araşdırılması” sözlərindən istifadə olunmasından asılı olmayaraq (yuxarıda 10-cu bəndə bax) məktubun məqsədinin Baş Prokurorluğa təzyiq edilməsi olduğunu istisna etmək olmaz.
87. Bununla bağlı Məhkəmə qeyd edir ki, Moldova Prezidenti siyasətçilərin cinayət işləri üzrə ədalət mühakiməsinin həyata keçirilməsinə müdaxiləsi təcrübəsinin əleyhinə çıxışlar etmişdir və Moldova mətbuatı bu məsələni geniş şəkildə işıqlandırmışdır (yuxarıda 11-ci bəndə bax). Məhkəmə eyni zamanda Moldovada hakimiyyətlərin bölünməsi prinsipinin süquta uğraması və məhkəmələrin müstəqilliyinin olmaması ilə bağlı narahatlıqlarını ifadə edən beynəlxalq qeyri-hökumət təşkilatlarının hesabatlarını (yuxarıda 40-42-ci bəndlərə bax) qeyd edir.
88. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən açıqlanmış məktublar hakimiyyətlərin bölünməsi, yüksək vəzifəli siyasətçinin qanunazidd əməli və Hökumətin polis zorakılığına münasibəti kimi məsələlər ilə bağlı olmuşdur (yuxarıda 10 və 14-cü bəndlərə bax). Heç şübhəsizdir ki, bu məsələlər demokratik cəmiyyət üçün çox mühüm əhəmiyyət kəsb edir, ictimaiyyətin bu məsələlər barədə məlumata malik olmaqda qanuni marağı mövcuddur və onlar siyasi müzakirələrin predmetini təşkil edirlər.
(iii) Açıqlanmış məlumatın həqiqiliyi məsələsi
89. Ərizəçi tərəfindən “Jurnal de Chişinău” qəzetinə açıqlanmış məktubların həqiqiliyini hər iki tərəf qəbul edir (yuxarıda 26-cı bəndə bax).
(iv) Baş Prokurorluğa ziyan vurulması məsələsi
90. Məhkəmə qeyd edir ki, dövlətin istintaqı həyata keçirən orqanlarının müstəqilliyi və siyasi bitərəfliyinə etimadın qorunub saxlanması ictimaiyyətin marağındadır (bax: mutatis mutandis, “Praqer və Oberşlik Avstriyaya qarşı” (Prager and Oberschlick v. Austria, judgment of 26 April 1995, Series A no. 313, § 34) ). Ərizəçinin qəzetə göndərdiyi məktublar Baş Prokurorluğun rəsmiləri tərəfindən yazılmamışdır və Hökumətin mövqeyinə görə cənab Mişinin məktubu dövlət orqanları arasında normal əlaqə forması olmuş və bu, polis əməkdaşları barədə cinayət işinə xitam verilməsinə dair Baş Prokurorluğun qərarına təsir göstərməmişdir. Bununla belə qəzetin məqalələrdə Baş Prokurorluğun qanunsuz təzyiqlərə məruz qaldığı barədə gəldiyi nəticə ictimaiyyətin bu qurumun müstəqilliyinə olan etimadına çox mənfi təsir göstərə bilərdi.
91. Lakin Məhkəmə hesab edir ki, demokratik cəmiyyətdə prokurorluğa qanunsuz təzyiqlər edilməsi və bu qurumun daxilində törədilən hüquq pozuntuları barədə məlumatın açıqlanmasına ictimaiyyətin marağı o qədər vacibdir ki, o, Baş Prokurorluğa olan ictimai etimadı qoruyub saxlamaq marağından daha böyük əhəmiyyət kəsb edir. Məhkəmə bu kontekstdə bir daha təkrar edir ki, ictimaiyyəti narahat edən məsələlərin açıq müzakirəsi demokratiya üçün çox əhəmiyyətlidir və ictimaiyyətin üzvlərinin bu məsələlərə dair fikrini ifadə etməsinə mane olmamağın böyük önəm daşıması nəzərə alınmalıdır (bax: “Barfod Danimarkaya qarşı” (Barfod v. Denmark, judgment of 22 February 1989, Series A no. 149, § 29)).
(v) Ərizəçinin vicdanlı davranması məsələsi
92. Ərizəçi bildirmişdir ki, məktubları açıqlayan zaman onun yeganə motivi korrupsiya və nüfuz alveri ilə mübarizə məsələsinə kömək etmək olmuşdur. İşə götürən bu bəyanat ilə bağlı mübahisə qaldırmamışdır. Digər tərəfdən Hökumət ərizəçinin vicdanlı davranması barədə şübhələrini ifadə etmiş və o cümlədən bildirmişdir ki, ərizəçi ölkə məhkəmələri qarşısında hərəkətlərinin izahını belə verməmişdir.
93. Məhkəmə işdə olan materiallarda ərizəçinin hərəkətlərinin motivinin şəxsi fayda əldə etmə, işə götürənə və ya cənab Mişinə qarşı şəxsi düşmənçilik olmasına, yaxud bu hərəkətlərin istənilən başqa gizli motivdən irəli gəlməsinə əsas verən hər hansı səbəb müəyyən etməmişdir. Məhkəmənin fikrincə korrupsiya və nüfuz alverinə qarşı mübarizəyə dair izahatını ölkə məhkəmələri qarşısında verməməsi həlledici əhəmiyyət kəsb etmir, belə ki, ola bilər ki, onun fikri işə götürənin işdən çıxarılmanın səbəblərini izah etmək üçün irəli sürdüyü dəlilləri təkzib etməyə yönəlmiş və beləliklə də, o, işə götürənin mübahisələndirmədiyi məsələlərə istinad etməyin zəruri olmadığını zənn etmişdir.
94. Beləliklə, Məhkəmə belə bit nəticəyə gəlir ki, ərizəçinin motivləri onun bəyan etdiyi kimi olmuşdur və o, vicdanlı davranmışdır.
(vi) Tətbiq edilmiş sanksiyanın sərtliyi məsələsi
95. Nəhayət, Məhkəmə qeyd edir ki, ərizəçiyə münasibətdə mümkün olan ən ağır sanksiya tətbiq olunmuşdur. Dövlət orqanı az ağır tənbeh tədbiri tətbiq edə biləcəyi halda, ərizəçini işdən çıxarmaq qərarına gəlmişdir ki, bu da heç şübhəsiz çox sərt bir tədbir olmuşdur (bax: yuxarıda qeyd edilmiş “Foqt” işi, 60-cı bənd). Bu sanksiya sadəcə ərizəçinin karyerasına mənfi təsir göstərməmişdir. O, eyni zamanda prokurorluğun digər əməkdaşlarına da ciddi çəkindirici təsir edə bilə və onları hər hansı hüquq pozuntusu barədə məlumat verməkdən çəkinməyə məcbur edə bilərdi. Bundan əlavə, ərizəçinin işinin mətbuat tərəfindən işıqlandırılması nəzərə alınarsa, tətbiq edilmiş sanksiya yalnız prokurorluq əməkdaşları deyil, bir çox digər dövlət qulluqçuları və işçilərinə də belə çəkindirici təsir göstərə bilərdi.
96. Məhkəmə qeyd etmişdir ki, Hökumət məxfi və cinayət işinin bir hissəsi hesab etdiyi məktubun faktiki olaraq ərizəçi tərəfindən “oğurlandığını” bildirmişdir. Hökumət həmçinin bildirmişdir ki, cənab Mişin məktubu ilə Baş prokurora hər hansı qanunsuz təzyiq göstərməmişdir. Bu, dövlət orqanları arasında normal əlaqə forması idi və polis əməkdaşları barədə cinayət işinə xitam verilməsi barədə qərar ilə heç bir bağlılığı yox idi. Belə olan halda Məhkəmə hesab edir ki, belə bir sərt sanksiyanın tətbiqinə haqq qazandırmaq mümkün deyil.
(c) Nəticə
97. Ümumi maraq doğuran məsələlər üzrə fikri ifadə etmək azadlığı hüququnun, dövlət qulluqçuları və digər işçilərin iş yerində baş verən qanunsuz əməllər və hüquq pozuntuları barədə məlumat vermək hüququnun, işçilərin işə götürənlərə münasibətdə vəzifə və məsuliyyətinin, işə götürənin öz kadrlarını idarə etmək hüququnun əhəmiyyətini anlayaraq və hazırkı işdə mövcud olan digər fərqli maraqları nəzərə alaraq Məhkəmə belə bir nəticəyə gəlir ki, ərizəçinin fikri ifadə etmək azadlığı hüququna, xüsusilə məlumatı yaymaq hüququna müdaxilə “demokratik cəmiyyətdə zəruri” hesab ediləcək müdaxilə deyil.
Beləliklə, Konvensiyanın 10-cu maddəsi pozulmuşdur.
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
98. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.”
A. Ziyan
99. Ərizəçi ona vurulmuş maddi və mənəvi ziyana görə 15000 avro məbləğində vəsaitin ödənilməsini tələb etmiş və bu məbləği aşağıdakı kimi bölüşdürmüşdür: işdən çıxarıldıqdan sonra məcburi işburaxma dövrü üçün 6000 avro, karyera imkanlarını itirdiyi üçün 6000 avro və mənəvi ziyan kimi 3000 avro.
100. Hökumət ərizəçinin tələbi barədə mübahisə edərək məbləğin əsassız və həddindən artıq olduğunu bildirmişdir.
101. Məhkəmə hesab edir ki, ərizəçi işdən çıxarılması nəticəsində maddi və mənəvi ziyana məruz qalmışdır. Ədalətli qiymətləndirmə apararaq Məhkəmə ərizəçiyə 10000 avro məbləğində kompensasiyanın ödənilməsini qət edir.
B. Məhkəmə xərcləri
102. Ərizəçinin nümayəndələri hüquqi xidmətlərə görə 6843 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişlər. Bu məbləğin 4400 avrosunu cənab V.Qribinça, 2443 avrosunu cənab V.Zame tələb etmişdir. Onlar işlədikləri saatların geniş cədvəlini və müqavilə təqdim etmişlər. Müqaviləyə görə hər saat üçün vəkillərin əmək haqqı müvafiq olaraq 80 və 70 avro məbləğində müəyyən edilmişdir. Cədvəldəki hesablamada sonradan ərizəçi tərəfindən geri götürülmüş 6-cı maddə üzrə şikayətə sərf edilmiş vaxt nəzərdə tutulmamışdır.
103. Onlar işin müdafiəsi üçün sərf etdikləri vaxtın həddən çox olmadığını və bu vaxtın işin mürəkkəbliyi və qeydlərin ingilis dilində yazılması faktı ilə bağlı olduğunu bildirmişlər.
104. Saat hesabı müəyyən edilmiş məbləğə gəlincə, ərizəçinin vəkilləri bu məbləğin Moldova Vəkillər Assosiasiyası tərəfindən tövsiyə edilmiş hüdudlar (40 avrodan 150 avroya qədər) çərçivəsində olduğunu bildirmişlər.
105. Ərizəçinin nümayəndələri həmçinin 2007-ci il 6 iyunda keçirilmiş məhkəmə iclasında iştiraka görə 2413 avro məbləğində məsrəfin ödənilməsini tələb etmişlər. Bu məbləğə səfər xərcləri, viza üçün ödənilmiş məbləğ, sığorta xərcləri və qalma xərcləri daxil olmuşdur.
106. Hökumət ərizəçinin nümayəndələri tərəfindən tələb edilən məbləğə öz etirazını bildirmişdir. O, bu məbləğin həddindən artıq olduğunu bildirmiş və ərizəçilər tərəfindən müdafiənin həyata keçirilməsinə sərf olunan vaxt və saat hesabı tələb olunan məbləğ, xüsusilə cənab Zamenin tələb etdiyi məbləğ (Hökumətin fikrincə o, belə məbləği tələb etmək üçün zəruri təcrübəyə malik deyil) ilə bağlı etirazını bildirmişdir.
107. Ərizəçi tərəfindən tələb olunan digər xərclərə gəlincə, Hökumət bildirmişdir ki, bu məbləğ Məhkəmənin özündən tələb olunmalıdır.
108. Məhkəmə təkrar edir ki, Konvensiyanın 41-ci maddəsinə uyğun olaraq məhkəmə xərclərinin ödənilməli olan kompensasiyanın məbləğinə daxil edilməsi üçün bu xərclərin həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilməli və onun məbləği ağlabatan olmalıdır (misal üçün bax: “Amixalakioae Moldovaya qarşı” (Amihalachioaie v. Moldova, no. 60115/00, § 47, ECHR 2004‑III)). Hazırkı işdə təqdim edilmiş konkret xərclərin siyahısını və işin mürəkkəbliyini nəzərə alaraq Məhkəmə cənab V.Qribinçaya tələb etdiyi tam məbləğin, cənab Zameyə 1600 avro və 2007-ci il 6 iyun tarixli məhkəmə iclasında iştiraka görə çəkilmiş xərclərlə bağlı tələb edilmiş tam məbləğin ödənilməsini qət edir.
C. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi
109. Məhkəmə ödənilməsi gecikdirilən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini məqbul hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Ərizəyə baxılmasını mümkün hesab edir;
2. Konvensiyanın 10-cu maddəsinin pozulduğunu qət edir;
3. Qərara qalır ki,
(a) cavabdeh dövlət ödənilməli olan vergilər də daxil olmaqla üç ay ərzində ərizəçiyə vurulmuş maddi və mənəvi ziyana görə 10000 (on min) avro və məhkəmə xərclərinə görə 8413 (səkkiz min dörd yüz on üç) avro məbləğində vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq cavabdeh dövlətin milli valyutasında ödəməlidir;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
4. Ərizəçinin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 2008-ci il 12 fevral tarixində Strasburqda İnsan Hüquqları Sarayında açıq iclasda elan edilmişdir.
Erik Friberq Jan-Pol Kosta
Katib Sədr
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil və Məhkəmə tərcümənin keyfiyyətinə görə hər hansı məsuliyyət daşımır. Tərcüməni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin HUDOC presedent hüququ məlumat bazasından () və ya Məhkəmənin onu bölüşdüyü istənilən digər məlumat bazasından yükləmək olar. Bu tərcümə işin tam adının, yuxarıda qeyd edilmiş müəlliflik hüququna dair məlumatın göstərilməsi və “Hyuman Rayts Trast Fondu”na istinad edilməsi şərti ilə qeyri-kommersiya məqsədləri üçün çoxaldıla bilər. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədləri üçün istifadə etmək istəyi olduqda, bu ünvanla əlaqə saxlaya bilərsiniz: publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour europeenne des droits de l’homme sont le francais et l’anglais. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour, et celle-ci decline toute responsabilite quant a sa qualite. Elle peut etre telechargee a partir de HUDOC, la base de jurisprudence de la Cour europeenne des droits de l’homme (), ou de toute autre base de donnees a laquelle HUDOC l’a communiquee. Elle peut Itre reproduite a des fins non commerciales, sous reserve que le titre de l’affaire soit cite en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la reference au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la presente traduction a des fins commerciales est invitee a le signaler a l’adresse suivante: publishing@
Full & Egal Universal Law Academy