© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Quca Moldovaya qarşı [Böyük Palata] (Guja v. Moldova [GC]), ərizə № 14277/04
12.02.2008-ci il tarixli qərar [Böyük Palata]
Maddə 10
10-cu maddənin 1-ci bəndi
Məlumatları yaymaq azadlığı
Baş prokurorluğun nümayəndəsinin cinayət işləri üzrə ədalət mühakiməsinin həyata keçirilməsinə hökumətin açıq-aydın müdaxilə etdiyini sübut edən məlumatları mətbuata sızdırması: pozuntu baş verib
Faktlar – 2003-cü ilin yanvarında Moldova prezidenti nitqlə çıxış edərək korrupsiya ilə mübarizənin zəruriliyini vurğuladı və hüquq-mühafizə orqanlarının əməkdaşlarını vəzifəli şəxslərin hüquqa zidd təzyiqlərinə boyun əyməməyə çağırdı. Bu nitq kütləvi informasiya vasitələrində işıqlandırıldı. Bir neçə gün sonra baş prokurorluğun mətbuat xidmətinə rəhbərlik edən ərizəçi bu idarənin aldığı iki məktubu milli qəzetə təqdim etdi. Məktubların üzərində onların konfidensial olduğu barədə heç bir qeyd yox idi. Birinci məktubda parlament spikerinin müavininin baş prokurora müraciəti əks olunmuş və müraciətə dörd polis əməkdaşının məktubu əlavə edilmişdi, onların barəsində şəxsləri qanunsuz olaraq azadlıqdan məhrumetmə və məhbuslarla qəddar rəftar ittihamları irəli sürülmüşdü və onlar prokurorluqdan dəstək istəyirdilər. Müraciətdə baş prokurorluğun işi tənqid olunur, polislərin işi isə təqdir edilərək qeyd olunurdu ki, onlar nazirliyin "ən yaxşı bölmələrindən biridir". Müraciət spikerinin müavininin baş prokurora ünvanlanan belə bir xahişi ilə yekunlaşırdı ki, həmin polislər barəsindəki "işin araşdırılmasında şəxsən iştirak etsin və işi qanunun tələblərinə ciddi əməl etməklə həll etsin". İkinci məktub nazir müavini tərəfindən baş prokurorun müavininə ünvanlanmışdı və orada deyilirdi ki, polislərdən biri əvvəllər məhbuslara qarşı zorakılığa görə məhkum edilib, amma sonradan amnistiyaya düşüb.
Bu məktubları aldıqdan sonra qəzet prezidentin korrupsiya əleyhinə kampaniyası barədə məqalə dərc etdi, məqalədə deyilirdi ki, Moldovada qulluq mövqeyindən sui-istifadə halları geniş yayılıb. Misal olaraq qəzet spikerin müavininin dörd polis əməkdaşını açıq-aydın müdafiə etmək cəhdini göstərdi və hər iki məktubun surətlərini dərc etdi. Sonradan ərizəçi etiraf etdi ki, məktubu qəzetə o verib, amma qeyd etdi ki, bunu prezidentin korrupsiya əleyhinə kampaniyası kontekstində prokurorluğun müsbət imicini yaratmaq məqsədi ilə edib və bu məktublar konfidensial olmayıb. Lakin o, həmkarları ilə məsləhətləşmədiyinə və məxfi olduğu iddia edilən sənədləri açıqladığına görə işdən azad edildi. O, işə bərpa olunması üçün mülki məhkəmələrə müraciət etdi, amma cəhdləri uğursuz oldu.
Hüquqi məsələlər – Məhkəmə mülki qulluqçunun daxili informasiyanı yaymasına aid işə bundan əvvəl baxmamışdı. O, qeyd etdi ki, mülki qulluqçu vəzifəsini icra edərkən yayılması və ya dərc olunması mühüm ictimai maraqlara cavab verən daxili məlumatları, o cümlədən məxfi informasiyaları ala bilər. Buna görə də mülki qulluqçunun və ya dövlət sektoru işçisinin iş yerində baş verən qanunsuz hərəkətlər və ya sui-istifadə halları barədə məlumatları yayması müəyyən hallarda müdafiə ilə təmin olunmalıdır, məsələn, mülki qulluqçu və ya işçi baş verənlərdən xəbərdar olan yeganə şəxsdirsə və ya onlardan xəbərdar olan azsaylı qrupun üzvüdürsə və bu səbəbdən necə hərəkət etməli olduğunu daha yaxşı qiymətləndirmək imkanına malikdirsə, bu halda onun məlumatları yayması müdafiə olunmalıdır. Belə hallarda o, məlumatları ilk növbədə rəisinə, yaxud digər səlahiyyətli şəxsə və ya orqana açıqlamalıdır. Yalnız praktiki cəhətdən bunu etmək mümkün olmadıqda ən son vasitə kimi məlumat birbaşa ictimaiyyətə açıqlana bilər.
Belə hallarda mülki qulluqçunun ifadə azadlığı hüququna müdaxilənin mütənasibliyini qiymətləndirərkən müxtəlif amillər nəzərə alınmalıdır. Birinci amil pozuntuların düzəldilməsi üçün səmərəli vasitələrin olub-olmamasından ibarətdir. Məhkəmə qeyd etdi ki, pozuntular barədə məlumat verilməsini tənzimləyən qanunların və ya daxili qaydaların olmadığını nəzərə alsaq, ərizəçi yalnız öz rəislərinə müraciət edə bilərdi və belə məsələlər barədə məlumat verilməsi üçün heç bir prosedur nəzərdə tutulmamışdı. Baş prokuror spikerin müavininin məktubuna cavab vermək niyyətini nümayiş etdirməmişdi, əvəzində belə təəssürat yaranmışdı ki, o, siyasi təzyiq altına düşüb. Belə vəziyyətdə məlumatların açıqlanmasına və hətta qəzetə verilməsinə haqq qazandırmaq olar. İkinci amil məlumatların açıqlanmasına ictimai marağın olub-olmamasından ibarətdir. Bu məsələdə Məhkəmə əmin deyil ki, spikerin müavininin baş prokurora müraciəti yalnız polislərin məktubunu səlahiyyətli orqana çatdırmaq məqsədi daşıyırdı və işin "qanunun tələblərinə ciddi əməl etməklə" həll edilməsi barədə təlimata baxmayaraq, Məhkəmə prokurorluğa təzyiq göstərilməsinin mümkünlüyünü istisna edə bilməz.
Məhkəmə həmçinin qeyd etdi ki, Moldova prezidenti siyasətçilərin cinayət işləri üzrə ədalət mühakiməsi sisteminin işinə müdaxiləsinin əleyhinə çıxış etmiş və Moldova mediası bu mövzunu geniş işıqlandırmışdı. Məzmunu ərizəçi tərəfindən açıqlanmış məktublarda demokratik cəmiyyət üçün olduqca mühüm məsələlərə, məsələn, yüksək vəzifəli siyasətçinin hüquqa zidd davranışına və polislərin qəddarlığına dair Hökumətin münasibətinə toxunulurdu və ictimaiyyət bu məsələlər barədə məlumat almaq hüququna malik idi. Beləliklə, sözügedən məlumatların açıqlanmasına ictimai maraq var idi. Üçüncü amilə, yəni yayılmış məlumatların həqiqətə uyğun olmasına gəlincə, bu məsələdə tərəflər arasında fikir ayrılığı yoxdur. Məlumatların açıqlanmasının müvafiq dövlət orqanına ziyan vurması məsələsinə gəlincə, Məhkəmə hesab edir ki, məlumatların açıqlanması prokurorluq üçün əlverişli olmasa da, bu orqanda hüquqa zidd təzyiqlər və sui-istifadə halları barədə məlumatların ictimaiyyətə çatdırılması prokurorluğun müstəqilliyinə olan ictimai inamın sual altına düşməsi ilə müqayisədə daha önəmli idi. Məlumatların vicdanlı niyyətlə açıqlanması məsələsinə gəlincə, ərizəçinin hər hansı şəxsi mənfəət naminə hərəkət etdiyini, şəxsi narazılıqlarının və ya hər hansı digər gizli motivlərinin olduğunu düşünmək üçün əsas yoxdur. Dövlət orqanlarının müdaxiləsinin mütənasibliyini müəyyənləşdirmək üçün nəzərdən keçirilməli olan sonuncu amil ərizəçiyə tətbiq edilmiş cəza məsələsidir. Qeyd etmək lazımdır ki, ərizəçiyə mümkün sanksiyalar arasında ən ağırı (işdən azad etmə) tətbiq edilib. Bu cəza ərizəçinin karyerasına mənfi təsir göstərməklə yanaşı, bütövlükdə dövlət qurumlarındakı mülki qulluqçulara və işçilərə çəkindirici təsir göstərib, belə ki, ərizəçinin işi mediada geniş şəkildə işıqlandırılmışdı. Belə ciddi sanksiya digərlərini hüquqa zidd hərəkətlər barədə məlumat verməkdən çəkindirə bilərdi, buna isə haqq qazandırmaq olmaz.
Bu işdəki bütün maraqları müqayisə etdikdən sonra Məhkəmə bu nəticəyə gəldi ki, ərizəçinin ifadə azadlığı hüququna, konkret olaraq məlumatları yaymaq azadlığına müdaxilə "demokratik cəmiyyətdə zəruri" deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 10.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy