© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Culiani və Qaccio İtaliyaya qarşı (Giuliani and Gaggio v. Italy [GC]), ərizə № 23458/02
24.03.2011-ci il tarixli qərar [Böyük Palata]
Maddə 2
Pozitiv öhdəliklər
2-ci maddənin 1-ci bəndi
Yaşamaq hüququ
Səmərəli araşdırma
2-ci maddənin 2-ci bəndi
Güc tətbiqi
G8 sammitində təhlükəsizlik qüvvələrinin üzvü tərəfindən nümayişçinin güllə ilə öldürülməsi: pozuntular baş verməyib
Faktlar – Genuyada keçirilən Böyük Səkkizliyin (G8) sammiti ilə bağlı icazəli nümayiş zamanı anti-qlobalist fəallarla hüquq-mühafizə orqanları arasında olduqca şiddətli toqquşmalar baş verdi. İçərisində üç karabinerin olduğu cip yerində ilişib qaldı və nümayişçilərin hücumuna məruz qaldı. Gözyaşardıcı qazın təsirindən zərər çəkmiş bir karabinerə komandiri icazə verdi ki, toqquşmalardan yayınmaq üçün cipdə otursun. Xəsarət almış və təlaş işində olan həmin karabiner nəqliyyat vasitəsindən ətrafa iki güllə atdı və güllə nümayişçi Karlo Culianinin sifətinə dəyib ona ölümcül xəsarət yetirdi. Nəqliyyat vasitəsini sürüb mühasirədən çıxarmağa cəhd edərkən sürücü iki dəfə bu gəncin hərəkətsiz bədəninin üzərindən keçdi. İtaliyanın hakimiyyət orqanları dərhal istintaqa başladılar. Atəş açmış karabinerə və nəqliyyat vasitəsinin sürücüsünə qarşı cinayət işi açıldı. Autopsiya (pataloji anatomiya müayinəsi) nəticəsində aşkar edildi ki, ölümün səbəbi atılmış güllə olub. Prokurorluq üç ekspertin rəy verməsi barədə göstəriş verdi və cəsədin kremasiyasına (yandırılmasına) icazə verdi. İstintaqı aparan hakim işə xitam verdi.
25 avqust 2009-cu il tarixli qərarında (122 saylı Məlumat bülleteninə bax) Məhkəmənin Palatası yekdilliklə qərara aldı ki, həddən artıq güc tətbiqi ilə bağlı 2-ci maddənin pozuntusu baş verməyib. O, iki səsə qarşı beş səslə qərara aldı ki, yaşamaq hüququnu qorumaqdan ibarət pozitiv öhdəliyinin dövlət tərəfindən yerinə yetirilməsi məsələsində 2-ci maddənin pozuntusu baş verməyib və üç səsə qarşı dörd səslə qərara aldı ki, dövlət həmin maddə əsasında prosessual öhdəliklərini yerinə yetirməsi məsələsində 2-ci maddənin pozuntusu baş verib.
Hüquqi məsələlər – 2-ci maddə: a) Maddi-hüquqi aspekt
i) Ölümlə nəticələnmiş güc tətbiqi: Ölümlə nəticələnmiş güc tətbiqinə qədərki və ondan sonrakı anların fotoları və videoları çəkilmişdi. Çəkilmiş kadrlardan aydın şəkildə görünürdü ki, hüquq-mühafizə orqanlarının nəqliyyat vasitəsinə qanunsuz və çox şiddətli hücum edilmişdi, halbuki o, sadəcə olaraq hadisə yerini tərk etməyə çalışırdı və nümayişçilər üçün heç bir təhlükə törətmirdi. Son dərəcə gərgin olan belə bir vəziyyətdə Karlo Culiani yerdəki odsöndürəni qaldırmağı qərara aldı və onu açıq-aşkar nəqliyyat vasitəsinin içərisindəkilərin üstünə atmaq üçün sinəsi səviyyəsinə qaldırdı. Onun hərəkətlərini karabiner haqlı olaraq belə anlaya bilərdi ki, şifahi xəbərdarlığına və silahını göstərməsinə baxmayaraq, cipə qarşı hücuma son qoyulmayacaqdı və hücumun şiddəti azalmayacaqdı. Üstəlik, görünürdü ki, nümayişçilərin böyük əksəriyyəti hücumları davam etdirirlər. Nəticədə özünün və həmkarlarının həyatının təhlükə altında olduğuna karabinerin səmimi inamı yalnız güclənmiş oldu. Bu hal potensial olaraq ölümlə nəticələnə bilən müdafiə vasitəsinə, yəni atəş açılmasına haqq qazandırmaq üçün əsas gətirildi. Bundan əlavə, güllələrin istiqaməti tam əminliklə müəyyən edilmədi. Karabiner özünü müdafiə etmək üçün yalnız ehtiyat təkər ilə cipin damı arasındakı dar məkana atəş aça bilərdi. Həmin məkana açılan atəşin hücum edənlərdən birinə xəsarət yetirməsi və ya hətta onu öldürməsi təhlükəsinin (təəssüf ki, bu təhlükə gerçəkləşdi) mövcudluğu faktı özlüyündə o demək deyildi ki, bu özünümüdafiə hərəkəti həddən artıq sərt və ya qeyri-mütənasib tədbir idi. Müvafiq olaraq, 2-ci maddənin 2-ci bəndinin "a" yarımbəndində nəzərdə tutulduğu kimi, "istənilən şəxsin hüquqa zidd zorakılıqdan qorunması üçün" ölümlə nəticələnmiş güc tətbiqinə bu halda mütləq zərurət vardı.
Nəticə: pozuntu baş verməyib (dörd səsə qarşı on üç səslə).
ii) Ölümlə nəticələnə bilən güc tətbiqini tənzimləyən hüquqi baza və hüquq-mühafizə əməkdaşlarına verilən silahlar: Bu işdə ölümlə nəticələnə bilən güc tətbiqini tənzimləyən ölkədaxili normalar 2-ci maddənin müddəaları ilə tam eyni olmasa da, əsasən onları təkrarlayırdı və mətnlərdəki kiçik fərqləri daxili məhkəmələrin tərəfindən verilən şərh vasitəsilə aradan qaldırmaq olardı. Hüquq-mühafizə orqanlarına ölümə səbəb olmayan silahların verilməli olduğu barədə arqument üç karabinerin həyatına birbaşa və ciddi təhlükə yaradan qəfil və şiddətli hücum baş verdiyi zaman şəxsin qətlə yetirildiyi bu işdə keçərli deyildi.
Nəticə: pozuntu baş verməyib (yeddi səsə qarşı on səslə).
iii) Əməliyyatların təşkilinin və planlaşdırılması yaşamaq hüququnu qorumaq öhdəliyinə uyğun idimi: Ölümlə nəticələnmiş atəşdən bir neçə dəqiqə əvvəl cipə edilmiş qəfil hücum nisbi sakitlik anında baş vermişdi və onu öncədən görmək mümkün deyildi. Bundan başqa, tədbirin keşiyini çəkmək üçün ixtisaslaşmış bölmələrə mənsub olan və ya xüsusi hazırlıq keçmiş çoxlu sayda personal cəlb olunmuşdu. Onların sayını nəzərə alsaq, bu personalın hamısının uzunmüddətli iş təcrübəsinə malik olmasını, yaxud aylarla və ya illərlə hazırlıq keçməsini tələb etmək doğru olmazdı. Belə tələb yalnız o halda irəli sürülə bilərdi ki, hüquq-mühafizə orqanlarının hədəfini dəqiqliklə müəyyənləşdirmək mümkün olsun. Müvafiq olaraq, yalnız Genuyadakı G8 sammitinin mühafizəsi üçün həmin vaxt cəmi iyirmi yaş on bir aylığında olan və cəmi on ay xidmətdə olan karabinerin seçilməsi faktını əsas gətirərək 2-ci maddənin pozulduğu qənaətinə gəlmək olmaz. Bundan başqa, artıq yuxarıda müəyyən edildi ki, cipə hücum zamanı karabinerin hərəkətləri 2-ci maddənin maddi-hüquqi aspektinin pozuntusunu təşkil etməyib. Nəhayət, cipə hücumdan az öncə karabinerlər tərəfindən qəbul edilmiş qərarları, yəni nəqliyyat vasitəsinin seçilməsi, qət ediləcək marşrut və növbə çəkmək üçün yararsız durumda olan xəsarət almış karabinerin silah gəzdirməsi ilə bağlı qərarları tənqid etmək doğru olmazdı. Ölümlə nəticələnmiş atəşdən sonrakı hadisələrə gəlincə, Karlo Culianiyə göstərilmiş yardımın qeyri-adekvat olduğunu və ya gecikdiyini, yaxud cipin bilərəkdən onun bədəni üzərindən sürüldüyünü göstərən heç bir sübut yox idi. İstənilən halda, autopsiyanın rəyindən göründüyü kimi, beynin aldığı xəsarətlər elə ciddi idi ki, bir neçə dəqiqə ərzində ölümə səbəb olmuşdu. Beləliklə, İtaliyanın hakimiyyət orqanları potensial olaraq ölümlə nəticələnə bilən güc tətbiqinə qarşı tələb olunan səviyyədə təminatların olması üçün onlardan haqlı olaraq gözlənilə bilən hər şeyi etmək öhdəliklərini yerinə yetirmişdilər.
Nəticə: pozuntu baş verməyib (yeddi səsə qarşı on səslə).
b) Prosessual aspekt – Ölümlə nəticələnmiş güc tətbiqinə haqq qazandırmağın mümkün olub-olmadığını və asayişin mühafizəsi əməliyyatlarının təşkilinin və planlaşdırılmasının yaşamaq hüququnu qorumaq öhdəliyinə uyğun olub-olmadığını müəyyənləşdirmək baxımından ölkədaxili araşdırma kifayət qədər səmərəli idi. Doğrudur, ərizəçilər (Karlo Culianinin valideynləri və bacısı) məhkəmə prosesinə mülki tərəf qismində qatılmaq üçün müraciət etmək imkanına malik deyildilər, bununla belə, onlar zərərçəkən tərəf qismində hüquq və səlahiyyətlərə malik idilər və araşdırma zamanı onları həyata keçirmişdilər. Bundan başqa, müayinənin başlanmasından təxminən üç saat öncə autopsiya barədə məlumat verilməsi cəsədin müayinəsi üçün zərərçəkənlərin öz seçdikləri eksperti təyin etmək və məhkəmə-tibb ekspertizalarında onun iştirakını təmin etmək səlahiyyətini həyata keçirmələrini praktiki cəhətdən çətin, bəlkə də mümkünsüz hala gətirsə də, özlüyündə 2-ci maddə qurbanın qohumları üçün bu imkanın yaradılmasını tələb etmirdi. Həkim ekspertlərin qurbanın başında ilişib qalmış gülləni çıxarmamasına və qeydə almamasına gəlincə, onsuz da istənilən halda 2-ci maddənin maddi-hüquqi aspekti baxımından güc tətbiqinə haqq qazandırmaq mümkün idi. Buradan belə çıxır ki, sözügedən metal parçası araşdırmanın səmərəliliyi üçün həlledici əhəmiyyət daşımırdı. Məhkəmə daha sonra qeyd etdi ki, hər hansı sonrakı ekspertizanın aparılmasının mümkünsüzlüyünə səbəb olmuş cəsədin yandırılması ərizəçilərin icazəsi ilə həyata keçirilmişdi.
Cinayət təqibi orqanlarının topladığı sübutlar, xüsusən cipə edilmiş hücumu əks etdirən kadrlar əsaslı şübhə yeri qalmadan belə nəticəyə gəlməyə imkan verdi ki, karabiner özünümüdafiə məqsədi ilə hərəkət etmişdi, bu isə İtaliya qanunvericiliyinə görə həmin hərəkətə haqq qazandıran əsaslı səbəb təşkil edirdi. Demək olmazdı ki, cinayət təqibi orqanları hadisədə iştirak etmiş hüquq-mühafizə əməkdaşlarının hadisəyə dair təqdim etdikləri versiyanı şübhə altına almadan qəbul etmişdilər. Karabinerlərə müəyyən obyektiv texniki yoxlamalar aparmaq vəzifəsinin tapşırılması faktı istintaqın qərəzsizliyinə mənfi təsir göstərməmişdi. Cinayət təqibi orqanları tərəfindən ballistik ekspertin təyin edilməsi faktı isə daha həssas məsələləri ortaya çıxarırdı, belə ki, o, ixtisaslaşmış jurnal üçün yazdığı məqalədə bu rəyi açıq şəkildə müdafiə etmişdi ki, karabiner özünümüdafiə məqsədi ilə hərəkət edib. İstintaq kontekstində ekspert rəylərinin digər məsələlərlə yanaşı özünümüdafiə barədə rəyin lehinə və ya əleyhinə sübut təşkil etdiyini nəzərə alsaq, ekspertizada iştirak edən ekspertin araşdırılan məsələ barədə öncədən müəyyən rəyə malik olması faktı ona qarşı heç də etimad yaratmırdı. Bununla belə, sözügedən ekspert sadəcə dörd ekspertdən ibarət qrupun bir üzvü idi və ballistik ekspertizanın məqsədləri üçün onun tərəfindən həyata keçirilməsi tələb olunan yoxlamalar mahiyyət etibarı ilə obyektiv və texniki xarakterli idi. Müvafiq olaraq, özlüyündə onun ekspertizada iştirakı ölkədaxili araşdırmanın qərəzsizliyinə xələl gətirə bilməzdi. Bundan başqa, ərizəçilər araşdırmanın qərəzsiz və müstəqil olmadığını sübuta yetirə bilməmişdilər. Nəhayət, araşdırma zəruri səylə aparılmışdı və onun yubanmalarla və ya vaxt itkiləri ilə müşayiət olduğunu demək olmazdı.
Nəticə: pozuntu baş verməyib (yeddi səsə qarşı on səslə).
Böyük Palata həmçinin dörd səsə qarşı on üç səslə qərara aldı ki, 13-cü maddənin pozuntusu baş verməyib və yekdilliklə qərara aldı ki, 38-ci maddə pozulmayıb.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy