Gülcü (Gülcü) Türkiyəyə qarşı – ərizə № 17526/10
19.1.2016 tarixli qərar [II Bölmə]
Maddə 11
11-ci maddənin 1-ci bəndi
Dinc toplaşmaq azadlığı
Nümayişdə iştirak etdiyinə və polislərə daş atdığına görə yetkinlik yaşına çatmayan şəxsə uzun müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunması: pozuntu baş verib
Faktlar – 2008-ci ildə on beş yaşında olan ərizəçi qanunsuz silahlı təşkilata (PKK) üzv olduğuna, nümayişdə iştirakı ilə əlaqədar olaraq terrorizmi təbliğ etdiyinə və nümayiş zamanı polis əməkdaşlarına daş atdığına görə andlılar məhkəməsi tərəfindən məhkum edildi. O, məhkəmə araşdırması davam etdiyi müddətdə dörd aya yaxın həbsdə saxlanıldı və sonda irəli sürülmüş ittihamlarda təqsirli bilindi və ümumilikdə yeddi il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası aldı. O, cəzasının bir hissəsini çəkdikdən sonra azad edildi və nümayişlər zamanı hüquq pozuntusu törətmiş yetkinlik yaşına çatmayanların xeyrinə qanunvericilikdə edilmiş dəyişikliklər nəticəsində 2012-ci ildə onun işinə yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmə tərəfindən yenidən baxıldı.
Hüquqi məsələlər – Maddə 11: Nümayişçilərin zorakılıq aktları törətdiyi bir sıra işlərdə Məhkəmə qərar almışdı ki, sözügedən etiraz nümayişlərinə Konvensiyanın 11-ci maddəsi şamil olunur, amma həmin işlərdə bu maddə ilə təmin edilən hüquqa müdaxilə iğtişaşın və ya cinayətin qarşısını almaq, yaxud digər şəxslərin hüquq və azadlıqlarını qorumaq məqsədi daşıdığına görə əsaslı idi. Lakin hazırkı işin materiallarında ərizəçinin iştirak etdiyi nümayişin dinc nümayiş kimi planlaşdırılmadığını, yaxud təşkilatçıların və ya ərizəçinin özünün zorakılıq niyyətlərinin olduğunu düşünməyə əsas verən heç nə yoxdur. Bundan əlavə, ərizəçiyə qarşı ittihamlar sağlamlığa xəsarət yetirilməsinə aid deyildi.
Ərizəçinin "qurban" statusuna gəlincə, Məhkəmə qeyd etdi ki, yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmənin hökmü andlılar məhkəməsinin hökmünə nisbətən ərizəçi üçün daha əlverişli idi. Amma hər halda ərizəçi iki ildən artıq müddətə azadlıqdan məhrum edilmiş, andlılar məhkəməsi isə faktların yenidən araşdırılmasını həyata keçirməmiş, ərizəçinin yenidən məhkum edilməsini əsaslandırmamış və ilkin ittiham hökmlərinin çıxarılması səbəbindən onun toplaşmaq azadlığının pozulduğunu etiraf etməmiş və ya buna görə kompensasiya təyin etməmişdi. Müvafiq olaraq, ərizəçini təqsirkar hesab etmiş və cəzalandırmış ittiham hökmlərinə yenidən baxılması faktı onu qurban statusundan məhrum etmir.
Andlılar məhkəməsinin və yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmənin hökmləri və ərizəçinin həbsdə saxlanması onun toplaşmaq azadlığı hüququna müdaxilə təşkil edirdi.
Müdaxilənin demokratik cəmiyyətdə zəruri olub-olmadığına gəlincə, Məhkəmə ilk növbədə qeyd etdi ki, ərizəçini PKK-ya üzv olduğuna və terror təşkilatını dəstəkləyən təbliğat apardığına görə məhkum etmiş andlılar məhkəməsinin hökmündə münasib və yetərli əsaslar göstərilməmişdi. Hətta ərizəçinin PKK-nın çağırışına cavab olaraq nümayişdə iştirak etdiyini fərz etsək belə, Məhkəmə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı ilə razılaşdı ki, qanunsuz təşkilata üzv olduğuna görə, yaxud qanunsuz təşkilatın məqsədlərinə və ya təlimatlarına uyğun sayıla bilən hərəkətlərə və ya sözlərə görə şəxsin məhkum edilməsi narahatlıq doğuran məsələdir. İşin materiallarında daxili məhkəmənin bu qənaətini təsdiqləyən heç bir şey yox idi ki, ərizəçi həqiqətən qanunsuz təşkilatı dəstəkləyən təbliğat aparıb. Beləliklə, daxili məhkəmələrin qərarları üçün "münasib" və "yetərli" əsaslar gətirməmələri ərizəçini 11-ci maddə əsasında malik olduğu prosessual müdafiə hüququndan məhrum etmişdi.
Mütənasiblik prinsipinə gəlincə, ərizəçi araşdırılan dövrdə yetkinlik yaşına çatmayan şəxs idi. Bu kontekstdə Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyasının 37-ci maddəsində və BMT-nin Uşaq Hüquqları Komitəsinin 10 (2007) saylı ümumi şərhində nəzərdə deyilir ki, uşağın tutulması, həbsə alınması və ya azadlıqdan məhrum edilməsi yalnız ən son vasitə kimi və mümkün qədər qısa müddətə tətbiq edilə bilər. Avropa Şurasının Nazirlər Komitəsi və Parlament Assambleyası da bu rəyə şərikdirlər. Buna baxmayaraq, ərizəçinin işinin materiallarında milli məhkəmələrin onun yaşını yetərincə nəzərə aldıqlarını göstərən heç nə yoxdur. Məhkəmə təyin olunmuş cəzanın həddən artıq sərt olduğunu və məhkəmə araşdırması davam etdiyi müddətdə ərizəçinin dörd aya yaxın həbsdə saxlandığını qeyd etdi. Nə hər hansı alternativ tədbirlər nəzərdən keçirilmiş, nə də ərizəçinin həbsdə saxlanması ən son vasitə kimi tətbiq edilmişdi.
Ərizəçinin polis əməkdaşlarına daş atdığına görə məhkum edilməsinə gəlincə, Məhkəmə qeyd etdi ki, zorakılıq aktı baş verdiyi hallarda dövlət hakimiyyəti orqanları dinc toplaşmaq azadlığına müdaxilənin zəruriliyini nəzərdən keçirərkən geniş qiymətləndirmə sərbəstliyinə malik olsalar da, o, yetkinlik yaşına çatmayan şəxsə təyin olunmuş cəzanın sərtliyini (iki il doqquz ay azadlıqdan məhrum edilmə) və məhkəməyəqədər həbs müddətinin uzun sürdüyünü nəzərə almaya bilməz. Beləliklə, bu cəza qeyri-mütənasib cəza idi.
Yuxarıda qeyd edilənlərin işığında ərizəçinin PK-ya üzv olduğuna, PKK-nı dəstəkləyən təbliğat apardığına və polisə müqavimət göstərdiyinə görə məhkum edilməsi, ona azadlıqdan məhrumetmə cəzasının təyin olunması və 2008-2010-cu illərdə həbsdə saxlanması "demokratik cəmiyyətdə zəruri" deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
(Həmçinin bax: Osmani və başqaları keçmiş Yuqoslaviya respublikası Makedoniyaya qarşı (qərardad), ərizə № 50841/99, 11 oktyabr 2001-ci il, 35 saylı məlumat bülleteni; Taranenko Rusiyaya qarşı, ərizə № 19554/05, 15 may 2014-cü il, 174 saylı məlumat bülleteni; və Uşaq hüquqlarına dair tematik informasiya vərəqəsi)
Full & Egal Universal Law Academy