İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
QURBANOVA AZƏRBAYCANA QARŞI
(18005/08 nömrəli şikayət)
Q Ə R A R
STRASBURQ
18 dekabr 2012-ci il
Qurbanova Azərbaycana qarşı iş üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:
Sədrlik edən – Nina Vayiç,
Hakimlər -
Xanlar Hacıyev,
Erik Möse,
və Bölmə katibi – Andre Vampak,
27 noyabr 2012-ci ildə şikayətə qapalı məhkəmə iclasında baxaraq, həmin tarixdə qərar qəbul etmişdir:
PROSEDUR MƏSƏLƏLƏRİ
Bu iş Azərbaycan Respublikasının vətəndaşı xanım Mahirə Qurbanovanın (“ərizəçi”) İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 5 aprel 2008-ci ildə təqdim etdiyi şikayət (18005/08 nömrəli) ilə başlanmışdır.Azərbaycan Hökuməti (“Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil olunub. Ərizəçinin kim tərəfindən təmsil olunduğu qeyd edilməyib.12 iyul 2010-cu ildə şikayət barədə Hökumətə məlumat verilmişdir.
FAKTLAR
İŞİN HALLARI
Ərizəçi 1946-cı ildə anadan olmuşdur və Bakıda yaşayır. 17 fevral 1998-ci ildə ərizəçinin ərinə Yasamal rayon İcra Hakimiyyətinin qərarı əsasında Bakı şəhərində yerləşən mənzilə yaşayış orderi verilmişdir. 13 mart 1998-ci ildə ərizəçinin əri vəfat etmişdir.Tarixi dəqiq məlum olmayan gündə ərizəçiyə məlum olmuşdur ki, onun mənzili məcburi köçkün düşmüş H. və onun ailəsi tərəfindən zəbt edilmişdir. Ərizəçi bildirir ki, onun tələblərinə baxmayaraq həmin ailə mənzili boşaltmaqdan imtina etmişdir.2007-ci ildə ərizəçi Sabunçu rayon məhkəməsinə iddia ilə müraciət edərək mənzilə olan sənədlərin onun adına dəyişdirilməsinin müvafiq orqana həvalə edilməsi, habelə H. və onun ailəsinin mənzildən çıxarılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. 5 oktyabr 2007-ci ildə Sabunçu rayon məhkəməsi ərizəçinin iddiasını qismən təmin etmişdir. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh şəxslər mənzili qanunsuz zəbt edərək ondan istifadə etmək hüququna malik deyillər və onların mənzildən çıxarılması barədə qətnamə qəbul etmişdir. Mənzilin sənədlərində dəyişikliklər edilməsinə gəlincə isə, məhkəmə binanın tikintisi başa çatmadığı üçün ərizəçiyə müvafiq sənədlərin verilməsinin mümkünsüzlüyü nəticəsinə gəlmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və mübahisənin baş verdiyi zaman qüvvədə olmuş ölkə qanunvericiliyinə uyğun olaraq qərar qəbul edildiyi tarixdən sonra bir ay müddətində qüvvəyə minmişdir. Lakin məcburi köçkün ailəsi qətnaməni icra etməkdən imtina etmişdir.Ərizəçi 2008-ci ildə Yasamal rayon məhkəməsi qarşısında iddia qaldıraraq 5 oktyabr 2007-ci il tarixli qətnamənin icra edilməməsinə görə təzminatın təyin edilməsini xahiş etmişdir. 16 sentyabr 2008-ci ildə Yasamal rayon məhkəməsi və 24 noyabr 2008-ci ildə Bakı Apellyasiya Məhkəməsi ərizəçinin iddiasını rədd etmişdir. 20 may 2009-cu ildə Ali Məhkəmə aşağı instansiya məhkəmələrinin qətnamələrini qüvvədə saxlamışdır.Ərizəçidən alınmış ən son məlumata əsasən, onun xeyrinə çıxarılmış 5 oktyabr 2007-ci il tarixli qətnamə indiyədək icra edilməmişdir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
Daxili qanunvericilikdən müvafiq çıxarışlar Məhkəmənin “Gülməmmədova Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi qərarda (38798/07 nömrəli şikayət, 18-24-cü bəndlər, 22 aprel 2010-cu il) verilmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR
KONVENSİYANIN 6-cı MADDƏSİNİN 1-ci BƏNDİNİN POZULMASI İDDİASI
11. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsaslanaraq xeyrinə çıxarılmış qətnamənin icra olunmamasından şikayət etmişdir. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin müvafiq hissəsində qeyd edilir:
“Hər bir kəsin...mülki hüquq və vəzifələrinin müəyyən edilməsi ilə bağlı işə...məhkəmə tərəfindən...ədalətlə baxılması hüququ vardır...”
A. İşə baxılmasının mümkünlüyü
12. Məhkəmə hesab edir ki, şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndində nəzərdə tutulmuş mənada açıq-aşkar əsassız deyil və hər hansı digər əsasa görə də ona baxılması mümkünsüz hesab edilə bilməz. Ona görə də, şikayətə baxılması mümkün hesab edilir.
B. İşin mahiyyəti
13. Məhkəmə qeyd edir ki, bu işin faktiki dəlilləri, şikayətlər və qaldırılmış hüquqi məsələlər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunun müəyyən edildiyi yuxarıda qeyd edilmiş “Gülməmmədova” işindəki ilə eynidir.
14. Məhkəmə işdə olan bütün materialları araşdıraraq müəyyən edib ki, Hökumət hazırkı şikayətlə bağlı onu fərqli nəticəyə gəlməyə inandırmaq üçün hər hansı fakt və ya dəlil irəli sürməmişdir.
15. Xüsusilə, Məhkəmə Azərbaycanda çoxlu sayda məcburi köçkünün olmasını ərizəçinin xeyrinə olan qətnamənin icrası ilə bağlı müəyyən çətinliklər yaratdığını qəbul etməyə hazırdır. Bununla belə, bu qətnamə qəti və qanuni qüvvəyə malik olmuş, lakin dövlət orqanları ümumilikdə təxminən on üç ildən artıq bir müddət ərzində (bunun təxminən on ili Konvensiyanın qüvvəyə minməsindən sonrakı dövrə təsadüf edir) onun icra edilməsi üçün heç bir adekvat tədbir görməmişlər. Qeyd olunan qətnamənin icra olunması üçün zəruri olan tədbirlərin görülməsində dövlət orqanlarının lazımı tələskənlik və səy göstərməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, Hökumət qətnamənin uzun müddət icra edilməməsinə haqq qazandıran hər hansı dəlil irəli sürməmişdir.
16. Beləliklə də, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur.
II. KONVENSİYANIN DİGƏR MÜDDƏALARININ POZULMASI İDDİASI
17. Ərizəçi Konvensiyanın 14-cü maddəsi əsasında şikayət edərək ayrı-seçkiliyə məruz qaldığını iddia etmişdir. Eyni zamanda ərizəçi təzminatın təyin edilməsi ilə əlaqədar aparılmış icraatlar barədə Konvensiyanın 6-cı və 13-cü maddələri əsasında şikayət etmişdir. Məhkəmə işdə olan bütün materialları araşdıraraq və bu şikayətlərin onun səlahiyyətlərinə aid olduğunu nəzərə alaraq, həmin müddəalarda təsbit edilmiş hüquq və azadlıqların pozulmadığını müəyyən etmişdir. Bununla ərizənin həmin hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndində və 4-cü bəndində nəzərdə tutulmuş mənada açıq-aşkar əsassız olduğuna görə rədd edilməlidir.
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
18. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.”
A. Ziyan
1. Maddi ziyan
19. Ərizəçi vurulmuş maddi ziyana görə 107 149,2 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Bu məbləğə mənzilin bazar qiyməti və mənzilin satışından əldə oluna biləcək vəsaitin banka depozit qismində qoyulmasından əldə oluna biləcək gəlir daxildir. Tələbini əsaslandırmaq üçün ərizəçi eyni vəziyyətdə olan mənzillərin qiymətləri barədə qeyri-hökumət təşkilatı tərəfindən aparılmış qiymətləndirməni və Mərkəzi Bank tərəfindən dərc olunan “Statistik Bülleten”də göstərilən rəsmi faiz dərəcələrini təqdim etmişdir.
20. Hökumət bildirmişdir ki, iddia olunan pozuntu ilə bu hissədə tələb olunan ədalətli təzminat arasında səbəbiyyət əlaqəsi mövcud deyil.
21. Məhkəmə tələbin həmin hissəsini rədd edərək pozuntu ilə tələb arasında səbəbiyyət əlaqəsini aşkar etməmişdir.
2. Mənəvi ziyan
22. Ərizəçi vurulmuş mənəvi ziyana görə 6 000 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.
23. Hökumət tələb edilən məbləğin həddindən artıq böyük olduğunu qeyd etmiş və mənəvi ziyana görə ərizəçiyə maksimum 2 000 avro məbləğində vəsaitin ödənilməsinə hazır olduğunu bildirmişdir.
24. Məhkəmə hesab edir ki, ərizəçi xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət ərzində icra olunmaması nəticəsində müəyyən mənəvi ziyana məruz qalmışdır. Lakin tələb olunan məbləğ həddindən artıq çoxdur. Məhkəmə Konvensiyanın 41-ci maddəsində tələb olunduğu kimi ədalətli qiymətləndirmə apararaq ərizəçiyə vurulmuş mənəvi ziyana görə 3 600 avro məbləğində vəsaitin ödənilməsini və bura bu məbləğdən tutulacaq vergilərin əlavə olunmasını qət edir.
25. Bundan əlavə, Məhkəmə hesab edir ki, ərizəçinin xeyrinə qəbul edilmiş qətnamə hazırda da qüvvədə qaldığı üçün Dövlətin onu icra etmək vəzifəsi mübahisə oluna bilməz. Ona görə də, ərizəçinin müvafiq qətnamənin icra olunmasını tələb etmək hüququ vardır. Məhkəmə bir daha təkrar edir ki, 6-cı maddə ilə qorunan pozulmuş hüquqların bərpasının ən münasib forması ərizəçilərin mümkün olduğu qədər 6-cı maddənin tələblərinin pozulmayacağı təqdirdə ola biləcəkləri vəziyyətə qaytarılmalarının təmin edilməsidir (baxın, “Piersack Belçikaya qarşı” (50-ci maddə), 26 oktyabr 1984-cü il, 12-ci bənd, A Cildi, 85-ci nömrə). Təsbit edilmiş pozuntunu nəzərə alaraq Məhkəmə hesab edir ki, bu prinsip hazırkı işə də tətbiq edilir. Ona görə də Məhkəmə hesab edir ki, Hökumət müvafiq vasitələrdən istifadə etməklə ərizəçinin xeyrinə olan qətnamənin icrasını təmin etməlidir.
B. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi
26. Məhkəmə ödənilməsi gecikdirilən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini məqbul hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Məhkəmə qətnaməsinin icra olunmaması ilə bağlı hissədə şikayətə baxılmasını mümkün, digər hissələrdə mümkünsüz hesab edir;
2. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu qət edir;
3. Qərara alır ki, Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh Dövlət müvafiq vasitələrdən istifadə etməklə üç ay ərzində ərizəçilərin xeyirlərinə olan yerli məhkəmələrin qətnamələrinin icra olunmasını təmin etməlidir;
4. Qərara alır ki,
(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh Dövlət üç ay ərzində ərizəçiyə tutulacaq vergi də daxil olmaqla vurulmuş mənəvi ziyana görə 3 600 (üç min altı yüz) avro məbləğində vəsait ödəməlidir. Həmin məbləğ ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ödənilməlidir:
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
5. Ərizəçinin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.
Qərar Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 2012-ci il 18 dekabr tarixində ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Andre Vampak Nina Vayiç
Katibin müavini Sədr
Full & Egal Universal Law Academy