© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Güveç Türkiyəyə qarşı (Güveç v. Turkey), ərizə № 70337/01
20.01.2009-cu il tarixli qərar [II Bölmə]
Maddə 3
Ləyaqəti alçaldan rəftar
Qeyri-insani rəftar
Məhkəməyəqədər həbsə alınmış yetkinlik yaşına çatmayan şəxsin yetkinlik yaşına çatmış şəxslərlə eyni həbsxanada saxlanılması: pozuntu baş verib
Maddə 5
5-ci maddənin 3-cü bəndi
Uzun müddət məhkəməyə qədər həbsdə saxlanılma
Məhkəməyəqədər həbsə alınmış yetkinlik yaşına çatmayan şəxsin dörd il yarım ərzində yetkinlik yaşına çatmış şəxslərlə eyni həbsxanada saxlanılması: pozuntu baş verib
Maddə 6
Cinayət prosesi
6-cı maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması hüququ
Yetkinlik yaşına çatmayan müttəhimin öz işi üzrə məhkəmə araşdırmasında iştirak etmək imkanına malik olmaması: pozuntu baş verib
Faktlar – 1995-ci ilə 15 yaşlı ərizəçi PKK (Kürd Fəhlə Partiyası) ilə əlaqədə şübhəli bilinərək həbs olundu. Ərizəçinin yetkinlik yaşına çatmadığına baxmayaraq, dövlət təhlükəsizliyi məhkəməsinin hakimi cinayət işinə baxıldığı müddətdə onun yetkinlik yaşına çatmış şəxslər üçün həbsxanada saxlanılması barədə qərar çıxardı və o, həmin dövrdə ölüm cəzası ilə cəzalandırılan və dövlət təhlükəsizliyi məhkəməsinin səlahiyyətinə aid olan dövlətin ərazi bütövlüyünə qəsd cinayətində ittiham olundu. Ərizəçi həbsə alındıqdan sonra birinci altı ay yarım ərzində vəkillə təmsil olunmadı. Onunla birgə təqsirləndirilən şəxslərdən birinin vəkili ərizəçinin maraqlarını təmsil etməyə hazır olduğu barədə məhkəməyə məlumat verdi, amma məhkəmə iclaslarının çoxunda iştirak etmədi. Ərizəçinin həbsindən təxminən 18 ay sonra cinayət işindəki uyğunsuzluqlar səbəbindən ərizəçiyə qarşı ittihamları dəyişdilər, belə ki, o, ölüm cəzasına səbəb olmayan əməllərdə – qeyri-qanuni təşkilata üzvlükdə və ziyankarlıqda ittiham edildi. 1997-ci ilin oktyabrında o, bu cinayətlərin törədilməsində təqsirkar hesab edildi və azadlıqdan məhrum olundu. Lakin bu hökmdən verilmiş şikayət əsasında Kassasiya Məhkəməsi hökmü ləğv etdi və işi yenidən baxılmağa göndərdi. Səhhəti yaxşı olmadığına görə ərizəçi bir çox dinləmələrdə iştirak etmədi. Kamera yoldaşları onun vəkilinin iclaslarda iştirak etmədiyini nəzərə alaraq, 2000-ci ilin iyulunda məhkəməyə məktub yazıb vəziyyəti izah etdilər və həbsxana həkiminin arayışını məktuba əlavə etdilər, arayışda ərizəçinin psixiatriya xəstəxanasına göndərildiyi barədə məlumat verilirdi. Ərizəçinin səhhəti pisləşməkdə davam edirdi və həbsxana həkimi sonradan məlumat verdi ki, ciddi psixi problemləri və iki intihar cəhdi ilə (bu cəhdlərin birində o, güclü yanıq yaraları almışdı) əlaqədar olaraq ərizəçinin ixtisaslı psixiatriya müalicəsinə ehtiyacı var. Vəkili dəyişdirildikdən sonra 2000-ci ilin iyulunda qəbul edilmiş qərarla ərizəçi zəmanət müqabilində azadlığa buraxıldı. Sonradan aparılmış psixiatriya müayinəsi göstərdi ki, o, güclü depressiyadan əziyyət çəkir və bu hal onun həbsdə saxlanıldığı müddətdə başlayıb və getdikcə güclənib. İşə yenidən baxıldıqdan sonra ərizəçi qanunsuz təşkilata üzvlükdə təqsirli hesab edildi və səkkiz il yarım müddətinə azadlıqdan məhrum edildi. Bu hökmdən verilmiş şikayətə baxıldıqdan sonra hökm qüvvədə saxlanıldı.
Türkiyədə məhkəməyəqədər həbsə alınmış yetkinlik yaşına çatmayan şəxslərin yetkinlik yaşına çatmış şəxslərlə eyni həbsxanada saxlanılması praktikası bir çox beynəlxalq monitorinq təşkilatlarının, o cümlədən Uşaq hüquqları üzrə BMT Komitəsinin, Sosial hüquqlar üzrə Avropa Komitəsinin və İşgəncələrin qarşısını alınması üzrə Avropa Komitəsinin hesabatlarında tənqid edilib. Uşaq hüquqları haqqında BMT Konvensiyasının 37-ci maddəsində tələb olunur ki, uşaqların həbsə alınması ən son vasitə kimi istifadə olunmalı və mümkün qədər qısa müddətə tətbiq edilməlidir və azadlıqdan məhrum edilmiş hər bir uşaq böyüklərdən ayrı saxlanmalıdır, yalnız uşağın maraqlarının bunun əksini tələb etdiyi hallar istisna təşkil edir. Bu maddədə həmçinin uşağın təxirə salınmadan hüquqi yardımla təmin edilmək hüququ nəzərdə tutulur.
Hüquqi məsələlər – Maddə 3: a) Şikayətin qəbulunun mümkünlüyü məsələsi (daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi) – Bu işdə həm Hökumət təklif etdiyi hüquqi müdafiə vasitələrinin səmərəliliyini sübut edə bilmədi, həm də işin xüsusi halları, yəni ərizəçinin səhhətindəki ciddi problemlər, xeyli müddət ərzində adekvat hüquqi yardımla təmin edilməməsi və məhkəmələrin yetkinlik yaşına çatmayan şəxslər barəsində qüvvədə olan normalara etinasız yanaşması nəzərə alınmaqla ərizəçi daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi tələbini yerinə yetirmək vəzifəsindən azad edildi.
Nəticə: Hökumətin ilkin etirazı rədd edildi (yekdilliklə).
b) Şikayətin mahiyyəti: Ərizəçi 15 yaşında ikən yetkinlik yaşına çatmış şəxslər üçün həbsxanaya salınıb ki, bu da Türkiyənin daxili qanunvericiliyinin və beynəlxalq öhdəliklərinin pozuntusudur. Həbsxanada onun psixi problemləri yarandı və kəskinləşdi. Həbsə alındıqdan sonra ərizəçi yetkinlik yaşına çatmış şəxslərin arasında beş il saxlanıldı. Birinci altı ay yarım ərzində ona hüquqi yardım göstərilmədi və təxminən beş ilə ərzində vəkillə adekvat şəkildə təmsil olunmadı. Bu hallar, üstəlik 18 aydan artıq müddət ərzində onun üzərindən ölüm cəzasına səbəb olan ittihamın götürülməməsi, yəqin ki, ərizəçinin tamamilə qeyri-müəyyən vəziyyətdə olmasına səbəb olmuş və onda psixoloji problemlərin yaranmasına gətirib çıxarmışdı, həmin problemlər onun bir neçə dəfə intihara cəhd etməsi ilə nəticələnmişdi. Ərizəçinin problemlərinə görə milli hakimiyyət orqanları birbaşa məsuliyyət daşıyırdılar və ona adekvat tibbi yardım göstərməkdən açıq-aydın yayınırdılar. Ərizəçinin yaşını, uzun müddət yetkinlik yaşına çatmış şəxslərlə birgə həbsdə saxlanıldığını, adekvat tibbi yardımın təmin edilmədiyini və onun mütəmadi intihar cəhdlərinin qarşısının alınması üçün tədbir görülmədiyini nəzərə alsaq, bu qənaətə gəlmək olar ki, ərizəçi qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalıb.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
5-ci maddənin 3-cü bəndi – Məhkəməyəqədər həbsin müddəti ərizəçinin tutulduğu andan ilkin ittiham hökmünün çıxarıldığı ana qədərki dövrü, habelə ilkin ittiham hökmünün Kassasiya Məhkəməsi tərəfindən ləğv edildiyi andan ərizəçinin zəmanət müqabilində azad edildiyi ana qədərki dövrü əhatə edir və dörd ildən artıq müddət təşkil edirdi. Ərizəçi Konvensiyanın məqsədləri üçün "qurban" statusunu saxlayırdı, baxmayaraq ki, məhkəməyəqədər həbsdə saxlanıldığı müddət azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmışdı. Belə uzun müddət ərzində məhkəməyəqədər həbsdə saxlanılmanı tələb edən ictimai maraq mövcud deyildi və məhkəmələrin həbs tədbirinə alternativ olan vasitələri nəzərdən keçirdikləri və ya bu tədbirə son vasitə kimi əl atdıqları barədə məlumat yoxdur, halbuki daxili qanunvericilik və beynəlxalq hüquq məhz bunu tələb edirdi. Türkiyə barəsindəki ən azı üç əvvəlki qərarında Məhkəmə hətta ərizəçinin işindəki müddətdən xeyli az müddətə məhkəməyəqədər həbsdə saxlanılmanın 5-ci maddənin 3-cü bəndini pozduğunu müəyyən etmişdi. Beləliklə, ərizəçinin məhkəməyəqədər həbsdə saxlanma müddəti həddən artıq uzun sürmüşdü.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
6-cı maddənin 3-cü bəndinin "c" yarımbəndi ilə birgə götürülməklə 6-cı maddənin 1-ci bəndinə riayət edilib-edilməməsi məsələsi – Ərizəçinin işində yetkinlik yaşına çatmayanların hüquqlarına – öz işləri üzrə məhkəmə araşdırmasında iştirak etmək və hüquqi yardım almaq hüququna aid mühüm məsələlər qaldırılırdı. Yaşının az olmasına baxmayaraq, onu əvvəlcə elə bir cinayətdə ittiham etmişdilər ki, həmin cinayətə görə ölüm cəzası təyin olunurdu və bu ittiham onun işinə yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmə tərəfindən baxılmasını və ya ona dövlət hesabına vəkil təyin olunmasını istisna edirdi. Onun prosesdə səmərəli şəkildə iştirak etdiyini hesab etmək olmazdı, çünki o, polis, prokurorluq orqanı və müvafiq hakim tərəfindən dindirilərkən vəkillə təmsil olunmamış, səhhətindəki problemlər isə, demək olar ki, məhkəmə iclaslarının yarısında iştirak etməsinə imkan verməmişdi.
Sonradan onun vəkillə təmsil olunması faktı bu nəticəni aradan qaldırmır, çünki ona təyin olunmuş birinci vəkil məhkəmə iclaslarının çoxunda iştirak etməmişdi və ikinci vəkil onun müdafiəsini üzərinə götürənə qədər ərizəçi öz işi üzrə məhkəmə araşdırmasının həlledici yekun mərhələsində hüquqi yardımdan tamamilə məhrum olmuşdu. Məhkəmə razılaşdı ki, adi hallarda dövlət təqsirləndirilən şəxsin vəkilinin hərəkətlərinə görə məsuliyyət daşıya bilməz, amma vəkilin pulsuz hüquqi yardım sistemi əsasında təyin olunduğu və bu zaman səmərəli hüquqi təmsilçilik funksiyasını yerinə yetirmədiyi hallar istisna təşkil edir. Məhkəmə birinci vəkilin pulsuz hüquqi yardım sistemi əsasında təyin olunmadığını nəzərə alsa da, bildirdi ki, ərizəçinin işinin bir çox digər hallarını: onun yaşını, ona qarşı irəli sürülən ittihamların ağırlığını, birinci vəkilin açıq-aydın onu lazımi qaydada təmsil etmədiyini nəzərə alaraq, işə baxan məhkəmə təcili olaraq ərizəçini lazımi qaydada təmsil edə biləcək vəkilin təyin olunmasının zəruriliyi qənaətinə gəlməli idi. Vəkilin olmaması ərizəçinin öz işinə baxılmasında iştirak edə bilməməsinin doğurduğu nəticələri daha da ağırlaşdırdı və onun ədalətli məhkəmə araşdırması hüququnu pozmuş oldu.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41 – İşin xüsusilə ağırlaşdırıcı halları və çoxsaylı pozuntuların xarakteri nəzərə alınaraq, mənəvi ziyana görə ərizəçiyə 45.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy