© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Avropa İnsan Hüquqları Məhkəməsi
BÖYÜK PALATA
HAMALAYNEN (HÄMÄLÄINEN) FİNLANDİYAYA QARŞI məhkəmə işi
(Ərizə № 37359/09)
QƏRAR
Strasburq
16 iyul 2014-cü il
Bu qərar qətidir, amma ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Hamalaynen Finlandiyaya qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi,
hakimlər:
Din Şpilmann (Dean Spielmann), sədr,
Josep Casadeval (Josep Casadevall),
Qvido Raymondi (Guido Raimondi),
İneta Ziemele (Ineta Ziemele),
Mark Villiger (Mark Villiger),
İzabella Berro-Lefevr (Isabelle Berro-Lefèvre),
Xanlar Hacıyev (Khanlar Hajiyev),
Danute Yoçiene (Danutė Jočienė),
Pyaivi Hirvela (Päivi Hirvelä),
Andras Sayo (András Sajó),
Linos-Aleksandr Sitsilianos (Linos-Alexandre Sicilianos),
Erik Mos (Erik Møse),
Helen Keller (Helen Keller),
Andre Potoki (André Potocki),
Pol Lemmens (Paul Lemmens),
Valeriu Qritço (Valeriu Griţco),
Faris Vehaboviç (Faris Vehabović),
habelə Böyük Palata Katibinin müavini Con Kallevartdan (Johan Callewaert) ibarət tərkibdə Böyük Palatada iclas keçirərək,
16 oktyabr 2013-cü ildə və 11 iyun 2014-cü ildə qapalı müşavirə keçirərək,
yuxarıda qeyd edilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Finlandiya vətəndaşı xanım Heli Maarit Hannele Hamalaynen (Heli Maarit Hannele Hämäläinen) (“ərizəçi”) tərəfindən 8 iyul 2009-cu ildə Məhkəməyə təqdim edilmiş Finlandiya Respublikasına qarşı ərizə (№ 37359/09) əsasında başlanıb. Əvvəlcə soyadının baş hərfi "H" ilə adlandırılan ərizəçi sonradan adının açıqlanmasına razılıq verib.
2. Ərizəçini Londonda vəkillik fəaliyyəti ilə məşğul olan cənab Konstantin Koyosariu təmsil edib. Finlandiya Hökumətini ("Hökumət") onun nümayəndəsi, Xarici İşlər Nazirliyindən olan cənab Arto Kosonen təmsil edib.
3. Ərizəçi konkret olaraq Konvensiyanın 8-ci və 14-cü maddələrinə əsasən iddia etdi ki, yeni cinsiyyətinin tam tanınması üçün onun nikah münasibətini eyni cinsli cütlüyün qeydiyyata alınmış münasibətinə çevirməsinin şərt kimi qoyulması onun şəxsi və ailə həyatına hörmət hüququnu pozub.
4. Ərizə Məhkəmənin Dördüncü Bölməsinin icraatına verildi (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). 13 noyabr 2013-cü ildə hakimlər Lex Qarlitski (Lech Garlicki), Pyaivi Hirvela, George Nikolau (George Nicolaou), Ledi Bianku (Ledi Bianku), Zdravka Kalayciyeva (Zdravka Kalaydjieva), Neboyşa Vuçiniç (Nebojša Vučinić) və Vinsent A. De Qaetanodan (Vincent A. De Gaetano), habelə Bölmənin katibi Lourens Erlidən (Lawrence Early) ibarət tərkibdə təşkil edilmiş Palata qərar çıxardı. O yekdilliklə qərara aldı ki, Konvensiyanın 8, 12 və 14-cü maddələri üzrə şikayətlər qəbul olunan, qalan şikayətlər isə qəbul olunmayan elan edilsin və həmçinin qərara aldı ki, Konvensiyanın 8-ci maddəsi pozulmayıb, Konvensiyanın 8-ci maddəsi ilə birgə götürülməklə 14-cü maddəsi pozulmayıb və Konvensiyanın 12-ci maddəsi üzrə şikayəti araşdırmağa ehtiyac yoxdur.
5. 13 fevral 2013-cü ildə ərizəçi Konvensiyanın 43-cü maddəsinə uyğun olaraq işin Böyük Palataya göndərilməsi barədə vəsatət verdi və 29 aprel 2013-cü ildə Böyük Palatanın kollegiyası bu vəsatəti təmin etdi.
6. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4-cü və 5-ci bəndlərinin və Məhkəmə Reqlamentinin 24-cü Qaydasının müddəalarına uyğun olaraq müəyyənləşdirildi. Hakimlik müddəti başa çatan Danute Yoçiene (Danutė Jočienė) yekun müşavirələrdə iştirakını davam etdirdi (Konvensiyanın 23-cü maddəsinin 3-cü bəndi və 24-cü Qaydanın 4-cü bəndi).
7. Ərizəçi və Hökumət hər biri işin mahiyyəti üzrə əlavə yazılı qeydlərini təqdim etdilər (59-cu Qaydanın 1-ci bəndi). Bundan əlavə, üçüncü tərəf qismində prosesə qatılmalarına icazə verilmiş Beynəlxalq Amnistiya (Amnesty International) və Transgender Avropa (Transgender Europe) təşkilatlarının şərhləri qəbul edildi (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və 44-cü Qaydanın 3-cü bəndi).
8. 16 oktyabr 2013-cü ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmə keçirildi (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmədə iştirak etdilər:
a) Hökumətin adından:
nümayəndə:
cənab A. Kosonen (A. Kosonen), Xarici İşlər Nazirliyində rəis
məsləhətçilər:
xanım S. Silvola (S. Silvola), Ədliyyə Nazirliyində baş məsləhətçi
xanım M. Fauri (M. Faurie), Sosial Məsələlər və Səhiyyə Nazirliyinin vəzifəli şəxsi,
xanım K. Fokin (K. Fokin), Xarici İşlər Nazirliyinin hüquqi məsələlər üzrə əməkdaşı;
b) ərizəçinin adından:
vəkil:
cənab K. Koyokariu (C. Cojocariu), "İnterayts" təşkilatının vəkili
məsləhətçi:
xanım V. Vandova (V. Vandova), "İnterayts" təşkilatının hüquqi məsələlər üzrə direktoru.
Məhkəmə iclasında ərizəçi də iştirak etdi.
Məhkəmə cənab Kosonenin, cənab Koyokariunun və xanım Silvolanın çıxışlarını, habelə hakimlər Hirvela, Sayo və Lemmens tərəfindən verilmiş suallara onların cavablarını dinlədi.
FAKTLAR
I. İŞİN HALLARI
9. Ərizəçi 1963-cü ildə doğulub və Helsinkidə yaşayır.
10. Ərizəçi doğularkən kişi cinsinə mənsub idi. O, həmişə özünü kişi bədənində qadın kimi hiss edirdi və bu vəziyyətin öhdəsindən gəlməyi qərara aldı. 1996-cı ildə o, bir qadınla nikaha girdi və 2002-ci ildə onların uşağı oldu.
11. Ərizəçi 2004-cü ildə özünü pis hiss etməyə başladı və 2005-ci ildə tibbi yardım üçün müraciət etməyi qərara aldı. 2006-cı ilin aprelində ona transseksual diaqnozu qoyuldu. O vaxtdan bəri o, qadın kimi yaşadı. 29 sentyabr 2009-cu ildə o, cinsiyyətin dəyişdirilməsi üzrə cərrahiyə əməliyyatından keçdi.
12. 7 iyun 2006-cı ildə ərizəçi adını dəyişdirdi və pasportu ilə sürücülük vəsiqəsini yenilədi, amma identifikasiya nömrəsini dəyişdirə bilmədi. Pasportunda olduğu kimi identifikasiya nömrəsində də hələ də onun qadın olduğu göstərilib.
A. İdentifikasiya nömrəsinin dəyişdirilməsi üçün məhkəmə icraatı
13. 12 iyun 2007-ci ildə ərizəçi yerli qeydiyyat idarəsinə (maistraatti, magistraten) müraciət etdi ki, onun qadın cinsinə mənsubluğu təsdiq edilsin və onun kişi identifikasiya nömrəsi daha reallığı əks etdirmədiyi üçün qadın identifikasiya nömrəsi ilə əvəz edilsin.
14. 19 iyun 2007-ci ildə yerli qeydiyyat idarəsi ərizəçinin müraciətini rədd etdi. O hesab etdi ki, Transseksuallar (Cinsiyyətin təsdiqlənməsi) haqqında qanunun (laki transseksuaalin sukupuolen vahvistamisesta, lagen om fastställande av transsexuella personers könstillhörighet) 1-ci və 2-ci maddələrinə əsasən bu cür cinsi mənsubluğun təsdiq edilməsi şəxsin nikahda olmamasını, yaxud həyat yoldaşının buna razılıq verməsini tələb edir (aşağıda 29-cu bəndə bax). Ərizəçinin arvadı nikah münasibətinin eyni cinsli cütlük münasibəti kimi qeydiyyata alınmasına (rekisteröity parisuhde, registrerat partnerskap) razılıq vermədiyinə görə ərizəçinin yeni cinsi mənsubiyyəti əhalinin qeydiyyat reyestrində qeydə alınmadı.
15. 6 iyul 2007-ci ildə ərizəçi Helsinki İnzibati Məhkəməsində iş (hallinto-oikeus, förvaltningsdomstolen) qaldıraraq digər məsələlərlə yanaşı şikayət etdi ki, arvadının razılıq verməmək barədə qərarı (onun bu qərarı verməyə tam hüququ vardı, belə ki, onların hər ikisi nikahda qalmağa üstünlük vermişdilər) o deməkdir ki, ərizəçi qadın kimi qeydə alına bilməz. Boşanma onların dini inanclarına zidd olacaqdı. Eyni cinsli cütlük kimi qeydiyyata alınma nikahın verdiyi təminatları vermirdi və digər məsələlərlə yanaşı o demək idi ki, onların uşağı nikahdan doğulmuş uşaqlara nisbətən fərqli duruma düşəcək.
16. 5 may 2008-ci ildə Helsinki İnzibati Məhkəməsi ərizəçinin şikayətini yerli qeydiyyat idarəsinin göstərdiyi səbəblərlə eyni səbəblər əsasında rədd etdi. Üstəlik, o, digər məsələlərlə yanaşı, müəyyən etdi ki, barəsində şikayət verilmiş 19 iyun 2007-ci il tarixli qərar Konstitusiyanın 6-cı maddəsinə zidd deyil, belə ki, eyni cinsli cütlüklər münasibətlərini qeydiyyata aldırmaqla ailə hüququnun təmin etdiyi müdafiədən qismən nikahla müqayisə oluna bilən şəkildə yararlana bilərlər. Eynilə, Transseksuallar (Cinsiyyətin təsdiqlənməsi) haqqında qanunun 1-ci və 2-ci maddələri ərizəçinin uşağının konstitusiya hüquqlarını pozmurdu.
17. 8 may 2008-ci ildə ərizəçi Ali İnzibati Məhkəməyə şikayət ərizəsi (korkein hallinto-oikeus, högsta förvaltnings-domstolen) verərək yerli qeydiyyat idarəsində və İnzibati Məhkəmədə irəli sürdüyü əsasları təkrarladı. O həmçinin məhkəmədən xahiş etdi ki, konkret olaraq İnsan hüquqları haqqında Avropa Konvensiyasının 8-ci maddəsinin şərhinə dair ilkin qərarın qəbulu üçün Avropa Birliyi Məhkəməsinə vəsatət versin. Konvensiyanın 8-ci və 14-cü maddələrinə istinadən ərizəçi iddia etdi ki, dövlət ona deməməlidir ki, eyni cinsli cütlük kimi qeydiyyata alınması onun üçün münasibdir (xüsusən bunun üçün arvadının lesbiyana çevrilməsi tələb olunursa). Onların cinsi mənsubiyyəti şəxsi məsələdir və cinsiyyətin təsdiq edilməsi üçün şərt kimi qoyula bilməz. Transgenderizm şəxsi həyat sferasına aid olan tibbi durumdur. Hər dəfə kişi identifikasiya nömrəsi onun transseksual olduğunu göstərdiyi zaman dövlət onun özəl həyatının toxunulmazlığı hüququnu pozmuş olur. Bundan başqa, o iddia etdi ki, onun nikah münasibəti eyni cinsli cütlüyün qeydiyyata alınmış münasibətinə çevrilərsə, bu o deməkdir ki, o daha öz uşağının nə qanuni atası, nə də anası ola bilər, çünki uşağın iki anası ola bilməz.
18. 3 fevral 2009-cu ildə Ali İnzibati Məhkəmə ilkin qərarın qəbulu üçün Avropa Birliyi Məhkəməsinə vəsatət verilməsi barədə ərizəçinin xahişini təmin etməkdən imtina etdi və həmçinin onun şikayətini rədd etdi. O hesab etdi ki, Transseksuallar (Cinsiyyətin təsdiqlənməsi) haqqında qanunu qəbul edərkən qanunverici orqan yalnız kişi və qadının nikaha girməsinin mümkünlüyü faktını dəyişmək niyyəti güdməyib, eyni cinsli cütlüklər isə öz münasibətlərini qeydiyyata aldırmaqla qanuniləşdirə bilərlər. Avropa İnsan Hüquqları Məhkəməsi Konvensiyanın 12-ci maddəsinə əsasən bu qənaətə gəlib ki, transseksualların nikaha girmək hüququnun rədd edilməsi üçün məqbul əsaslar yoxdur, amma bu məsələdə dövlətin qiymətləndirmə sərbəstliyinin hüdudları genişdir. Finlandiya qanunvericiliyinə əsasən, eyni cinsə mənsub olan şəxslərin nikaha girməsi mümkün deyildi, amma bu halda onlar qeydiyyata alınmış cütlük münasibətinə girə bilərdilər. Bunun hüquqi və iqtisadi nəticələrinə gəlincə, qeydiyyata alınmış cütlük münasibəti mahiyyət etibarı ilə nikah münasibəti ilə müqayisə oluna bilərdi. Nikah institutunun cinsi mənsubiyyəti nəzərə almayan instituta çevrilməsi məsələsi önəmli etik və dini dəyərləri meydana çıxarır və parlament tərəfindən qanun qəbul edilməsini tələb edirdi. Bu məsələnin cari qanunvericilikdə necə tənzimlənməsi Avropa Konvensiyasının bu məsələdə dövlətə verdiyi qiymətləndirmə sərbəstliyinin hüdudları çərçivəsində idi.
B. Fövqəladə icraat
19. 29 oktyabr 2009-cu ildə ərizəçi Ali İnzibati Məhkəməyə fövqəladə apellyasiya şikayəti verərək 3 fevral 2009-cu il tarixli əvvəlki qərarını ləğv etməsini xahiş etdi. O bildirdi ki, 29 sentyabr 2009-cu ildə cinsiyyətin dəyişdirilməsi üzrə cərrahiyə əməliyyatından keçib və identifikasiya nömrəsində və pasportunda göstərildiyi kimi əvvəllər kişi olduğunu daha sübut edə bilməz. Hətta nikah məqsədləri üçün o hələ də kişi sayılsa belə, fakt faktlığında qalırdı ki, o, cinsi mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmamalıdır.
20. 18 avqust 2010-cu ildə Ali İnzibati Məhkəmə fövqəladə apellyasiya şikayətini rədd etdi.
C. Digər icraatlar
21. Dəqiq göstərilməyən tarixdə ərizəçi həmçinin Bərabərlik məsələləri üzrə ombudsmana (Tasa-arvovaltuutettu, Jämställdhets-ombudsmannen) şikayət ərisəzi təqdim edərək digər məsələlərlə yanaşı identifikasiya nömrəsinin düzgün olmamasından şikayət etdi.
22. 30 sentyabr 2008-ci ildə Bərabərlik məsələləri üzrə ombudsman bildirdi ki, o, identifikasiya nömrəsi məsələsini ictraatına götürə bilməz, çünki bu məsələyə artıq İnzibati Məhkəmə tərəfindən baxılıb və ombudsman məhkəmələrə nəzarət etmək səlahiyyətinə malik deyil. Bundan başqa, həmin vaxt məsələ Ali İnzibati Məhkəmənin ictraatında idi.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Konstitusiya
23. Konstitusiyanın 6-cı maddəsində (Suomen perustuslaki, Finlands grundlag; 731/1999 saylı qanun) deyilir:
"Hamı qanun qarşısında bərabərdir.
Qəbul edilə bilən əsas olmadan heç kəslə cinsi, yaşı, mənşəyi, dili, dini, əqidəsi, rəyi, sağlamlıq durumu, əllliyi səbəbindən və ya şəxsiyyəti ilə bağlı digər səbəbdən başqa şəxslərə nisbətən fərqli rəftar edilə bilməz. Uşaqlarla bərabər şəkildə və şəxsiyyət kimi rəftar edilməli və onlara aidiyyəti olan məsələlərə inkişaf səviyyələrinə uyğun surətdə təsir göstərə bilmələrinə imkan yaradılmalıdır.
Cəmiyyətdə və iş mühitində, xüsusən əmək haqqının və digər məşğulluq şərtlərinin müəyyənləşdirilməsində cinslərin bərabərliyi, [bu müddəaların tətbiqinə yönələn] qanunda daha ətraflı nəzərdə tutulduğu kimi, təşviq edilməlidir".
B. Nikah haqqında qanun
24. Nikah haqqında qanunun 1-ci maddəsində (avioliittolaki, äktenskapslagen; 411/1987 saylı qanun) nəzərdə tutulur ki, nikah qadın və kişi arasında bağlanır.
25. Eyni qanunun (həmin qanuna 226/2001 saylı qanunla dəyişiklik edilib) 115-ci maddəsində aşağıdakılar nəzərdə tutulur:
"Xarici dövlətdə qadın və kişi arasında həmin dövlətin orqanında bağlanmış nikah həmin bağlandığı dövlətdə, yaxud ər-arvaddan hər hansı birinin vətəndaşı olduğu və ya nikah bağlandığı zaman adətən yaşadığı dövlətdə etibarlıdırsa, Finlandiyada da etibarlıdır".
C. Qeydiyyata alınmış cütlüklər haqqında qanun
26. Qeydiyyata alınmış cütlüklər haqqında qanunun (laki rekisteröidystä parisuhteesta, lagen om registrerat partnerskap; 950/2001 saylı qanun) 1-ci maddəsinə əsasən, eyni cinsdən olan və yaşı 18-dən yuxarı olan iki şəxs arasındakı cütlük münasibəti bu qanunla nəzərdə tutulan qaydada qeydiyyata alına bilər.
27. Eyni qanunun 8-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulur ki:
"qanunda başqa hal nəzərdə tutulmayıbsa, cütlüyün qeydiyyata alınması nikahın bağlanması ilə eyni hüquqi nəticələr doğurur".
D. Transseksuallar (Cinsiyyətin təsdiqlənməsi) haqqında qanun
28. Transseksuallar (Cinsiyyətin təsdiqlənməsi) haqqında qanunun (laki transseksuaalin sukupuolen vahvistamisesta, lagen om fastställande av transsexuella personers könstillhörighet; 563/2002 saylı qanun) 1-ci maddəsində nəzərdə tutulur ki, şəxsin əhalinin qeydiyyat reyestrində göstərilən cinsə deyil, əks cinsə mənsub olması aşağıdakı hallarda sübut edilmiş sayılır:
"1) o, əks cinsə mənsub olduğunu daim hiss etdiyinə və müvafiq cinsin əlamətləri ilə yaşadığına, sterilizasiya olunduğuna və ya hər hansı digər səbəbdən nəsilartırma qabiliyyətinin olmadığına dair tibbi arayış təqdim etdikdə;
2) yaşı 18-dən yuxarı olduqda;
3) nikahda və ya qeydiyyata alınmış cütlük münasibətində olmadıqda; və
4) Finlandiya vətəndaşı olduqda və ya Finlandiyada yaşadıqda".
29. Qanunun 2-ci maddəsində nikahda olma tələbindən istisnalar nəzərdə tutulur. Əgər ər (arvad) və ya cütlükdəki şəxs yerli qeydiyyat idarəsində buna şəxsən razılıq verərsə, nikah və ya qeydiyyata alınmış cütlük münasibəti fərqli cinsi mənsubiyyətin təsdiqlənməsinin qarşısını almır. Əks cinsə mənsub olma təsdiqləndikdə, nikah hər hansı əlavə addım tələb olunmadan avtomatik olaraq qeydiyyata alınmış cütlük münasibətinə, qeydiyyata alınmış cütlük münasibəti isə nikaha çevrilir. Bu dəyişiklik əhalinin reyestrində qeydə alınır.
30. Transseksuallar (Cinsiyyətin təsdiqlənməsi) haqqında qanunun hazırlıq materiallarında (Hökumətin hazırladığı qanun layihəsi, HE 56/2001 vp) digər məsələlərlə yanaşı deyilir ki, müəyyən edilmiş atalıq yalnız kişinin sonradan qadına çevrilməsi səbəbindən ləğv oluna bilməz. Eynilə, uşağı doğmuş ana hətta sonradan kişiyə çevrilsə belə, qanuna görə onun anası olaraq qalır. Uşaq üzərində qəyyumluq, ona qulluq və onu saxlamaq vəzifələri ilk növbədə valideynlik faktına əsaslanır. Buna görə də valideynin cinsinin dəyişməsi həmin hüquq və vəzifələrə təsir göstərmir.
III. MÜQAYİSƏLİ HÜQUQ
31. Məhkəmənin sərəncamında olan məlumatlardan belə görünür ki, Avropa Şurasının üzvü olan on dövlət (Belçika, Danimarka, Fransa, İslandiya, Norveç, Portuqaliya, İspaniya, İsveç, Niderland və Birləşmiş Krallıq (yalnız İngiltərə və Uels)) eyni cinsdən olan şəxslərin nikahına icazə verir.
32. Belə məlum olur ki, iyirmi dörd üzv dovlətdə (Albaniya, Andorra, Azərbaycan, Bolqarıstan, Bosniya və Herseqovina, Xorvatiya, Kipr, Estoniya, Gürcüstan, Yunanıstan, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Keçmiş yuqoslav respublikası Makedoniya, Moldova, Monako, Monteneqro, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sloveniya və Slovakiyada) cinsi mənsubiyyətin qanunla təsdiqlənməsinə dair dəqiq hüquqi baza, yaxud da konkret olaraq nikahda olan və cinsi mənsubiyyətini dəyişən şəxslərin statusunu tənzimləyən hüquq normaları yoxdur. Bu üzv dövlətlərdə tənzimləyici hüquqi normalarının olmaması bir sıra sualları cavabsız qoyur, cinsi mənsubiyyətin dəyişdirilməsi üzrə əməliyyatdan əvvəl bağlanmış nikahın taleyi barədə sual da onların arasındadır. Altı üzv dövlətdə (Macarıstan, İtaliya, İrlandiya, Malta, Türkiyə və Ukraynada) cinsi mənsubiyyətin tanınması haqqında müvafiq qanunvericilik mövcuddur. Bu dövlətlərdə qanunvericilik xüsusi olaraq tələb edir ki, cinsi mənsubiyyətin dəyişməsi üçün şəxs subay və ya boşanmış olmalıdır, yaxud mülki məcəllələrin ümumi normalarında və ya ailə hüququnun müddəlarında deyilir ki, cinsi mənsubiyyət dəyişdikdən sonra öncə mövcud olan nikah etibarsız elan olunur və ya ləğv edilir. Nikahda olan şəxsin mövcud nikahına təsir göstərmədən yeni cinsi mənsubiyyət əldə etməsinin qanunla tanınmasına icazə verilən istisna hallar yalnız üç üzv dövlətdə (Avstriya, Almaniya və İsveçrədə) mövcuddur.
33. Beləliklə, məlum olur ki, eyni cinsli şəxslərin nikahına icazə verilməyən hallarda yalnız üç üzv dövlət şəxsin əldə etdiyi yeni cinsi mənsubiyyətinin qanunla mövcud nikahına son qoyulmadan tanınmasına istisna hal kimi icazə verir. İyirmi dörd üzv dövlətdə konkret tənzimləyici hüquq normalarının olmadığını nəzərə alsaq, onların bu məsələyə dair mövqeyi yetərincə aydın deyil.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
34. Ərizəçi Konvensiyanın 8-ci maddəsinə əsasən şikayət etdi ki, yeni cinsiyyətinin tam tanınması üçün onun nikah münasibətini eyni cinsli cütlüyün qeydiyyata alınmış münasibətinə çevirməsinin şərt kimi qoyulması onun şəxsi və ailə həyatına hörmət hüququnu pozub.
35. Konvensiyanın 8-ci maddəsində deyilir:
"1. Hər kəs şəxsi və ailə həyatına, mənzilinin və yazışma sirrinin toxunulmazlığına hörmət edilməsi hüququna malikdir.
2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanlarının mane olmasına yol verilmir".
A. Palatanın qərarı
36. 13 noyabr 2012-ci il tarixli qrəarında Palata müəyyən etdi ki, bu işin faktları Konvensiyanın 8-ci maddəsinin tətbiq dairəsinə və "şəxsi həyat" anlayışının əhatə dairəsinə düşür. Ərizəçinin şəxsi və ailə həyatına hörmət hüququna müdaxilə baş verib, belə ki, ona yeni, qadın identifikasiya nömrəsi verilməyib. Bu müdaxilənin daxili qanunvericilikdə, yəni Transseksuallar (Cinsiyyətin təsdiqlənməsi) haqqında qanunun 2-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş əsası vardı. Beləliklə, müdaxilə qanunla nəzərdə tutulmuşdu və "sağlamlığı və mənəviyyatı" və "digər şəxslərin hüquq və azadlıqlarını" müdafiə etməkdən ibarət qanuni məqsəd daşıyırdı.
37. Etiraz edilən tədbirlərin demokratik cəmiyyətdə zəruri olub-olmamasına gəlincə, Palata qeyd etdi ki, ərizəçi və arvadı daxili qanunvericilik əsasında qanuni nikaha girmişdilər və nikahda qalmaq istəyirdilər. Daxili qanunvericilik yalnız fərqli cinslərə mənsub olan şəxslər arasında nikah bağlanmasına icazə verir, eyni cinsə mənsub olanların nikahına isə icazə vermirdi. Ərizəçi qadın olaraq yeni identifikasiya nömrəsini yalnız o halda ala bilərdi ki, arvadı onların nikahının eyni cinsli şəxslərin qeydiyyata alınmış cütlük münasibətinə çevrilməsinə razılıq versin. Belə razılığı almadıqda ərizəçinin nikahda qalmaqdan və kişi identifikasiya nömrəsinin doğurduğu narahatlığa dözməkdən, yaxud da arvadından boşanmaqdan başqa seçimi yox idi.
38. Palata hesab etdi ki, burada ziddiyyətə girən və bir-biri ilə balanslaşdırılmalı olan iki hüquq var: yəni ərizəçi tərəfindən yeni, qadın identifikasiya nömrəsi alınmaqla onun şəxsi həyatına hörmət edilməsi hüququ və ənənəvi nikah institutunun toxunulmaz saxlanmasında dövlətin marağı. Bunlardan birincisinə ərizəçi nikahda qalmaqla nail olunması ərizəçi ilə arvadı arasında eyni cinsli nikahın tanınması demək olardı, halbuki hazırda Finlandiyanın qüvvədə olan qanunvericiliyi buna icazə vermirdi. Palata bir daha xatırlatdı ki, Məhkəmənin presedent hüququna əsasən, Konvensiyanın 12-ci maddəsi iştirakçı dövlətlərin üzərinə eyni cinsli cütlüklərin nikaha girməsinə icazə vermək öhdəliyini qoymur. Eləcə də məqsədi və tətbiq dairəsi daha geniş olan 8-ci maddə onun üzərinə belə öhdəlik qoyan maddə kimi şərh oluna bilməz. Məhkəmə həmçinin qərara aldı ki, cinsiyyətin dəyişdirilməsinin nikah konktekstində nəticələri məsələsi iştirakçı dövlətin qiymətləndirmə sərbəstliyinin hüdudları daxilindədir.
39. Palata qeyd etdi ki, eyni cinsli şəxslərin nikahları məsələsində konsensus Avropa kontekstində inkişaf etməkdədir və Avropa Şurasına üzv olan bəzi ölkələr artıq bu imkanı öz daxili qanunvericiliklərinə daxil ediblər. Lakin Finlandiyada bu imkan mövcud deyil, hərçənd ki, hazırda parlament tərəfindən nəzərdən keçirilir. Digər tərəfdən, eyni cinsli cütlüklərin hüquqları hazırda cütlük münasibətini qeydiyyata aldırmaq imkanı vasitəsilə qorunur. Baxmayaraq ki, ərizəçi düzgün olmayan identifikasiya nömrəsinin ona müəyyən narahatlıqlar yaratdığı gündəlik situasiyalarala qarşılaşıb, Palata hesab etdi ki, ərizəçi bu vəziyyəti dəyişmək üçün həqiqi imkana malikdir: onun nikah münasibəti istənilən vaxt qanun əsasında arvadının razılığı ilə eyni cinsli cütlüyün qeydiyyata alınmış münasibətinə çevrilə bilər. Belə razılıq əldə edilmədikdə ərizəçi boşanmaq imkanına malikdir.
40. Palatanın rəyinə görə, bu dəyişikliyə onun arvadının razılıq verməsi barədə tələb qeyri-mütənasib tələb deyildi, çünki burada söhbət onun arvadının hüquqlarından gedirdi. Ərizəçinin nikah münasibətinin eyni cinsli cütlüyün qeydiyyata alınmış münasibətinə çevrilməsi tələbi də qeyri-mütənasib deyildi, belə ki, sonuncu variant həqiqi imkan idi və eyni cinsli cütlüklərin hüquqi müdafiəsini, demək olar ki, nikahda olanların müdafiəsinə bərabər səviyyədə təmin edirdi. Bundan başqa, ərizəçinin nikahdan uşağı olsa da, ərizəçinin nikah münasibətinin eyni cinsli cütlüyün qeydiyyata alınmış münasibətinə çevrilməsinin bu uşaq və ya hər hansı digər şəxs üçün mənfi nəticə doğuracağını güman etmək üçün əsas yox idi. Ərizəçinin nikah münasibəti eyni cinsli cütlüyün qeydiyyata alınmış münasibətinə çevriləcəyi təqdirdə onun atalıqdan və ya valideynlikdən irəli gələn hüquq və vəzifələri dəyişməyəcəkdi. Buna görə də Palata hesab etdi ki, Finlandiyanın hüquq sisteminin doğurduğu nəticələrin qeyri-mütənasib olduğu sübuta yetirilməyib və ziddiyyətə girən maraqlar arasında ədalətli balansa riayət edilib. Müvafiq olaraq, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş verməyib.
B. Tərəflərin arqumentləri
1. Ərizəçi
41. Ərizəçi iddia etdi ki, daxili qanunvericiliyə əsasən, o, Konvensiyada tanınan iki təməl hüquq, yəni cinsi mənsubiyyətinin özü tərəfindən təyin edilməsi hüququ və nikahda qalmaq hüququ arasında seçim etməyə məcbur edilib və nəticədə faktiki olaraq onların birini seçmək məcburiyyətində qalıb. Həmin qanunvericilik onu çətin duruma salıb. O, bu məsələ ilə bağlı Almaniya Federal Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarına istinad etdi. Onun ərizəsinin predmeti nikah hüquqlarını eyni cinsli cütlüklərə şamil etməkdən ibarət deyildi, yalnız arvadı ilə öncədən mövcud olan nikahını qorumaqdan ibarət idi. Onun işində eyni cinsli şəxslərin nikahda olması bilərəkdən baş vermiş hal deyildi, onun yeni cinsiyyətinin qanunla tanınmasının təsadüfi nəticəsi idi. O, qadınla gələcəkdə nikaha girməkdən ibarət ehtimal xarakterli hüququ deyil, öncə əldə etmiş olduğu hüququ müdafiə etmək istəyirdi.
42. Ərizəçi iddia etdi ki, onun həm şəxsi həyatına, həm də ailə həyatına müdaxilə baş verib. Perri Birləşmiş Krallığa qarşı (qərardad, ərizə № 42971/05, AİHM 2006-XV) və Dadux Maltaya qarşı (ərizə № 38816/07, 20 iyul 2010-cu il) işlərdə Məhkəmənin gətirdiyi əsaslara görə, işin ailə həyatı aspekti istisna edilə bilməz. Fərdin mövcudluğunun xüsusilə mühüm aspektlərindən və ya onun şəxsiyyətindən söhbət getdiyi hallarda dövlətin qiymətləndirmə sərbəstliyinin hüdudları dar olmalıdır. Onun bildiridiyinə görə, hətta Məhkəmə cinsi mənsubiyyətin hüquqi cəhətdən tanınması kontekstində həmin sərbəstliyin hüdudlarını daha da daraltmalı və boşanma tələbinin ləğv edilməsi istiqamətində hərəkət etməlidir. Qiymətləndirmə sərbəstliyi dövlətlərin öz mülahizələri əsasında nikaha xitam vermələrinə imkan verəcək dərəcədə geniş olmamalıdır.
43. Ərizəçi bildirdi ki, Transseksuallar haqqında qanunun irəli sürdüyü boşanma tələbi onun 8-ci maddədə nəzərdə tutulmuş hüquqlarına lüzumsuz və qeyri-mütənasib müdaxilə idiı. Palatanın həyata keçirdiyi balanslaşdırma bir neçə səbəbə görə tamamilə qüsurlu idi.
44. Birincisi, Palata balanslaşdırma apararkən ərizəçinin və ailəsinin əldə etdiyi nikah hüququ barədə düşünməmişdi. Əgər ərizəçi cinsi mənsubiyyətinin hüquqi cəhətdən tanınması variantını seçsəydi, ya boşanma yolu ilə, ya da nikah münasibətinin eyni cinsli cütlüyün qeydiyyata alınmış münasibətinə çevrilməsi yolu ilə onun nikahına xitam veriləcəkdi. Hər iki ssenari nikaha xitam verilməsini özündə ehtiva edirdi. Eyni cinsli cütlüyə çevrilmə boşanmaya bənzər idi, belə ki, bu çevrilmənin nəticələri yalnız gələcəyə şamil olunurdu. Həyat yoldaşının razılığı tələb olunduğuna görə bu şəraitdə boşanma dövlət tərəfindən boşanmaya "məcbur edilmə" idi. Ərizəçinin nikahına məcburi xitam verilməsi onun Konvensiyada nəzərdə tutulmuş hüquqlarına, eləcə də arvadının və qızının hüquqlarına əhəmiyyətli dərəcədə xələl gətirəcəkdi. Qüvvədə olan nikahın bu cür ləğv edilməsi nikah münasibətinin kökündə duran və onu digər münasibətlərdən fərqləndirən daimilik şərtinə sadiqliyə zidd olardı. Nikahın Konvensiyanın 8-ci maddəsi əsasında ən yüksək dərəcədə müdafiəsu davamlı olaraq təmin edilməlidir. Ərizəçi və arvadı on yeddi il idi ki, nikahda idilər, hələ də birlikdə yaşayırdılar və birgə uşaqları vardı. Ər-arvaddan birinin cinsiyyətinin dəyişməsinə baxmayaraq onların münasibətlərinin qorunub saxlanması ərlə arvad arasında yüksək dərəcədə qarşılıqlı bağlılığı nümayiş etdirirdi. Nikah münasibəti ilə qeydiyyata alınmış eyni cinsli cütlüyün münasibəti arasında mühüm fərqlər vardı: qeyduyyata alınmış cütlükdə qadın uşaq doğduğu təqdirdə nikahdan fərqli olaraq valideynlərin hər ikisi avtomatik olaraq valideynə çevrilmirdilər. Eləcə də valideynlərin heç biri övladlığa götürəcəkləri uşağın bioloji valideyni olmadığı təqdirdə övladığa götürmə mümkün deyildi. Qeydiyyata alınmış cütlük münasibətinə daxil olacaqları təqdirdə ərizəçi və ailəsi heç də əhəmiyyətsiz olmayan bu hüquqları itirəcəkdi. Ərizəçi ilə qızı arasındakı qanuni valideyn-övlad münasibətinin nə dərəcədə qorunacağı da sual altında idi, belə ki, Transseksuallar haqqında qanunda bununla bağlı heç bir müddəa yox idi. Ər-arvad nikahın ömür boyu davam edəcəyi düşüncəsi ilə nikah bağlamışdılar və bu onların güclü dini inanclarından qaynaqlanırdı. Onlar heç bir halda nikahlarından imtina etmək istəmirdilər. Ərizəçinin cinsiyyətini dəyişməsi heç də hökmən bu cütlüyün homoseksual cütlüyə çevrilməsi demək deyildi. Ərizəçinin on altı il əvvəl heteroseksual münasibətə daxil olmuş arvadı heteroseksual olaraq qalırdı. Müvafiq olaraq, ərizəçinin ailə münasibətinin qeydiyyata alınmış cütlük münasibəti səviyyəsinə endirilməsi ərizəçinin arvadının real mövqeyini əks etdirmirdi. O, ərizəçini dəstəkləmək, ya da nikahlarını qoruyub saxlamaq arasında çox çətin seçim etmək məcburiyyətində qalmışdı. Onların uşağının vəziyyəti nikahdankənar doğulmuş uşağın vəziyyətinə bənzər olacaqdı.
45. İkincisi, ərizəçi iddia etdi ki, Palata onun cinsi mənsubiyyətinin özü tərəfindən təyin edilməsi hüququna yetərincə əhəmiyyət verməyib. Ərizəçinin qadın cinsinə mənsubluğunun tanınmaması onun gündəlik həyatına dərin təsir göstərib. O, bir çox insanlar üçün adi sayılan situasiyalarda tamamilə qeyri-adi duruma düşərək faktiki olaraq transseksual olduğunu açıqlamağa məcbur edilib. Məsələn, ərizəçi işi ilə əlaqədar olaraq çoxlu səfərlər edirdi, amma pasportunda hələ də kişi olduğu göstərilmişdi. O, hazırkı pasportu ilə səfərlər edərkən adının əvvəlində "cənab" sözünün yazıldığı təyyarə biletləri almağa məcbur olurdu. Aeroportda onun qadın əlamətlərinə uyğun xarici görünüşü və kişi cinsinə mənsub olduğunu gösrətən pasport gəzdirməsi qaçılmaz olaraq bezdirici sorğu-suallara, ləngimələrə, sıxıntılara və üzüntülərə gətirib çıxarırdı. Finlandiya ərizəçinin qadın cinsiyyətinə uyğun olaraq adını dəyişməsinə icazə verdiyinə görə bu məqamda onun cinsi mənsubiyyətinin inkar edilməsi məntiqsizlik olardı və onu potensial olaraq qeyri-müəyyən müddətə iki cins arasında qalmış vəziyyətdə qoyardı. Ərizəçi transseksual olmaq seçimini özü etməyib və buna görə də nikahından məhrum edilməklə cəzalandırılmamalıdır. Cinsi mənsubiyyətin hüquqi cəhətdən tanınmasını nikaha xitam verilməsindən asılı hala salmaq barədə açıq-aydın tələb Finlandiya məhkəmələrinə imkan vermirdi ki, ərizəçinin işinin hallarını nəzərə almaqla fərdi qaydada qiymətləndirmə aparsınlar. Şlumpf İsveçrəyə qarşı işdə (ərizə № 29002/06, 8 yanvar 2009-cu il) Məhkəmə analoji vəziyyətdə pozuntu baş verdiyini müəyyən edib. Həmçinin daxili məhkəmələr nikaha xitam verilməsini tələb etməyən digər alternativləri nəzərdən keçirməyiblər.
46. Üçüncüsü, ərizəçi iddia etdi ki, transseksualların nikaha girməsinə icazə verilməsinin dövlətin nikahı qorumaq marağına həlledici dərəcədə xələl gətirəcəyi barədə Palatanın ehtimalı düzgün deyil. Palata yanlış olaraq güman edib ki, bu işdə ictimai əhəmiyyət kəsb edən yeganə məsələ nikahın heteroseksual xarakterinin qorunmasından ibarət idi. Ərizəçi konkret olaraq heteroseksual nikahın qorunub saxlanmasının vacibliyini şübhə altına almadı, amma iddia etdi ki, cinsi mənsubiyyətinin hüquqi cəhətdən tanınması üçün onun boşanmağa məcbur edilməsi dölətin məqsədinə çatmasında lüzumsuz və qeyri-mütənasib vasitədir. Transseksualların nikaha girməsinə icazə verilməsi heteroseksual nikaha yalnız əhəmiyyətsiz dərəcədə təsir göstərə bilərdi, çünki bunlar olduqca nadir hallardır. Eyni cinsə mənsub olanların de fakto və de yure nikahları, yəqin ki, Finlandiyada artıq mövcuddur, belə ki, ərizəçi ilə eyni vəziyyətdə olan şəxslərin nikahı eyni cinsə mənsub olanların nikahda olması hallarının mümkünlüyünü ortaya çıxardı. Üstəlik, xarici dövlətdə tanınan yeni cinsi mənsubiyyət Finlandiyada da etibarlı sayılır.
47. Bundan başqa, ərizəçi iddia etdi ki, Palata məcburi boşanma tələbinin ləğv edilməsinə, eyni cinsə mənsub olanların nikahının qanuniləşdirilməsinə və könüllü razılıq əsasında boşanmaya doğru son dövrün beynəlxalq tendensiyalarını yetərincə nəzərə almayıb. Transseksualların nikaha girməsinə icazə verməklə və ya eyni cinsə mənsub olanların nikahını qanuniləşdirməklə məcburi boşanma tələblərindən imtina edilməsinə nail olunub. Ərizəçi cinsi mənsubiyyətin tanınması və nikahda olma tələbləri ilə bağlı müqayisəli hüquq araşdırmalarına istinad etdi.
48. Məcburi boşanma tələbinin ləğv edilməsinə doğru tendensiya Finlandiyada da vardı. Bərabərlik məsələləri üzrə ombudsman 2012-ci ildə təklfi etmişdi ki, hamı üçün bərabər nikah hüquqları məsələnin həlli yolu ola bilər və bu, ər-arvaddan biri cinsini dəyişmiş şəxs olan nikah münasibətinin davam etməsinə imkan verər. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı da 2012-ci ildə Finlandiyaya səfərindən sonra məcburi boşanma tələbinin ləğv edilməsinə çağırıb. Bu kontekstdə Finlandiya Hökuməti etiraz edilən qanunvericilikdə islahat aparılması imkanını araşdırmaq üçün işçi qrupu təsis etməyi öhdəsinə götürüb. Həmçinin Avropada və beynəlxalq səviyyədə eyni cinsə mənsub olanların nikahlarına icazə verilməsi tendensiyası mövcuddur. Hazırda on Avropa dövləti eyni cinsə mənsub olanların nikahına icazə verib. Finlandiyada da vəziyyətin yaxın gələcəkdə dəyişəcəyi gözlənilir. 2013-cü ilin fevralında parlamentin hüquq komitəsi bu məsələ ilə bağlı qanun layihəsini cüzi azlıqla – səkkiz səsə qarşı doqquz səslə rədd edib. Həmçinin eyni cinsə mənsub olanların nikahına ictimai dəstək 2006-cı ildəki 45%-dən 2013-cü ilin martında 58%-dək artıb.
2. Hökumət
49. Hökumət Palatanın gətirdiyi əsaslarla və gəldiyi bu nəticə ilə razılşadı ki, hazırkı işdə Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş verməyib. O qeyd etdi ki, etiraz edilən qanunvericilik ölkə boyu müxtəlif inzibati praktikaların doğurduğu bərabərsizliyin qarşısının alınması və cinsi mənsubiyyətin hüquqi cəhətdən tanınması üçün aydın ilkin şərtlərin təyin edilməsi məqsdədi ilə qəbul edilib. İlk öncə qanun layihəsi cinsi mənsubiyyətinin hüquqi cəhətdən tanınmasını tələb edən şəxsin nikahda və ya qeydiyyata alınmış cütlük münasibətində olmamasını tələb edir və onun hüquqi cəhətdən tanınan nikahının və ya qeydiyyata alınmış cütlük münasibətinin sonradan davam etməsinə icazə vermirdi. Qanunvericilik proseduru zamanı bu ağlabatan hesab edilmədi və buna görə də çevrilmə mexanizmi bu müddəaya daxil edildi. Qanun qüvvəyə minəndən bəri azı on səkkiz nikah münasibəti qeydiyyata alınmış cütlük münasibətinə, qeydiyyata alınmış on altı cütlük münasibəti isə nikah münasibətinə çevrildi. Doqquz halda ərlə aravdın birgə uşaqları vardı və bu halların heç birində qanuni valideyn-uşaq münasibətində dəyişiklik olmadı.
50. Hökumət qeyd etdi ki, ərizəçi öz qeydlərində bir çox hallarda səhvən məcburi boşanma haqqında qanunvericiliyə istinad edib. Belə ki, həyat yoldaşının razılığı alınsaydı, qanuna görə nikah avtomatik olaraq qeydiyyata alınmış cütlük münasibətinə çevriləcəkdi. Qanunun 2-ci maddəsindəki "çevrilir" ifadəsi açıq-aydın bu faktı nümayiş etdirmək üçün işlənmişdi ki, əvvəlki hüquqi münasibətlər davam edəcək və yalnız həmin münasibətlərin adı dəyişəcək və məzmununda cüzi dəyişikliklər baş verəcək. Bu davamlılığın sayəsində nikaha xas olan müəyyən hüquqlar, məsələn, dul şəxsin pensiyası saxlanır və ərlə arvad arasında əmlak bölgüsü hüququ və ya vəzifəsi yaranmırdı. Münasibətin müddəti onun adının dəyişdiyi andan deyil, münasibətin başlandığı andan hesablanırdı. Bundan başqa, valideynliklə bağlı hüquq və vəzifələr valideynin cinsiyyətindən asılı deyildi. Müvafiq olaraq, Finlandiyada məcburi boşanma tələbi yox idi, əksinə, boşanma imkanı ərizəçinin öz ixtiyarına buraxılmışdı. Finlandiya qanunvericiliyi cinsi mənsubiyyətinin şəxsin özü tərəfindən təyin edilməsi hüququnu nikah hüququ ilə uzlaşdırmaq şansı yaradırdı və bu, qeydiyyata alınmış cütlük münasibəti formasında həyata keçirilirdi.
51. Hökumət qeyd etdi ki, nikah münasibəti ilə qeydiyyata alınmış cütlük münasibəti arasında yeganə fərqlər iki halda meydana çıxırdı: nikah əsasında valideynliyin müəyyən edilməsi qeydiyyata alınmış cütlük münasibətinə şamil olunmurdu, habelə Övladlığa götürmə haqqında qanunun və ya Adlar haqqında qanunun ərlə arvadın soyadı barəsindəki müddəaları həmin münasibətə şamil olunmurdu. Lakin qeydiyyata alınmış cütlükdəki valideyn digər valideynin uşağını övladlığa götürə bilərdi. İstisnalar yalnız valideynliyin öncə müəyyən edilmədiyi hallara şamil olunurdu. Nikah və ya qeydiyyata alınmış cütlük münasibəti əsasında müəyyən edilən valideynlik sonradan kişinin öz cinsiyyətini dəyişməsi və qadına çevrilməsi əsasında ləğv oluna bilməzdi. Eləcə də atanın cinsiyyətini dəyişməsi uşaq üzərində qəyyumluq, ona qulluq və onu saxlamaq vəzifələri üçün hər hansı hüquq nəticələr doğurmurdu, çünki həmin vəzifələr cinsi mənsubiyyətdən və ya münasibətlərin formasından asılı olmayaraq valideynliyə əsaslanırdı. Hətta ərizəçi onun nikah münasibətinin qeydiyyata alınmış cütlük münasibətinə çevriləcəyi təqdirdə hüquq və vəzifələrinin kiçiləcəyini iddia etmir və daha çox nikahın sosial və simvolik əhəmiyyətinə istinad edir. Hökumət vurğuladı ki, ərizəçinin uşağı qarşısında istər atalıqdan, istərsə də valideynlikdən irəli gələn qanuni hüquq və vəzifələri dəyişməyəcəkdi və ərizəçi bunun əksinə dəlalət edən heç bir sübut təqdim etməyib. Finlandiya qanunvericiliyi nə ərizəçinin məcburi boşanmasını, nə də nikahının ləğvini və ya etibarsız elan edilməsini nəzərdə tutur. Eləcə də həmin qanunvericiliyin ərizəçinin şəxsi və ya ailə həyatına hər hansı mümkün təsirləri barədə heç bir sübut yoxdur, belə ki, o, hər hansı müdaxilə olmadan ailə həyatını davam etdirə bilər.
52. Hökumət qeyd etdi ki, Almaniya Federal Konstitusiya Məhkəməsi 27 may 2008-ci il tarixli qərarında analoji durumu konstitusiyaya zidd hesab etsə də, vəziyyəti hansı vasitələrlə düzəltmək məsələsinin həllini qanunverici orqanın öhdəsinə buraxıb. Həmin məhkəmənin bildirdiyinə görə, nikah münasibəti qeydiyyata alınmış vətəndaş cütlüyü münasibətinə və ya qanunla təminat verilən unikal vətəndaş cütlüyü əlaqəsinə çevrildikdə, nikah zamanı cütlüyün əldə etdiyi hüquqlar və üzərinə düşən vəzifələr dəyişməz qalır. Beləliklə, Finlandiya qanunvericiliyinin müddəaları Almaniya Federal Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarına uyğundur.
53. Hökumət yekunda bildirdi ki, əməliyyatın ardınca transseksualın cinsi mənsubiyyəti hüquqi cəhətdən tanındıqdan sonra onun nikahının mövcudluğunu davam etdirməsinə və ya eyni cinsli şəxslərin nikahına icazə verilməsi məsələsində Avropada hələ də konsensus yoxdur. Müvafiq olaraq, bu məsələdə dövlətin qiymətləndirmə sərbəstliyinin hüdudları geniş olmalı və o, cinsiyyətin dəyişməsinin öncə mövcud olan nikaha təsirlərini tənzimləmək imkanına malik olmalıdır.
3. Üçüncü tərəflərin qeydləri
a) "Beynəlxalq Amnistiya" (Amnesty International) təşkilatı
54. "Beynəlxalq Amnistiya" təşkilatı qeyd etdi ki, insan hüquqlarına dair bütün müqavilələr mümkün qədər uzlaşdırılmış şəkildə şərh olunmalıdır ki, bir-birinə uyğun olan öhdəliklərin vahid toplusunu təşkil etsin. İnsan hüquqlarına dair beynəlxalq hüquq normalarında müəyyən edilib ki, ayrı-seçkiliyə qoyulan ümumi qadağa cinsi oriyentasiyaya əsaslanan ayrı-seçkiliyi də özündə ehtiva edir. İstər cinsi mənsubiyyət, istərsə də cinsi oriyentasiya şəxsiyyətlə əlaqədar olan son dərəcə subyektiv anlayışlardır. Çox vaxt cinsi oriyentasiyaya və ya cinsi mənsubiyyətə əsaslanan ayrı-seçkilik ailə münasibətlərində təzahür edir. Belə halların əksəriyyətində qərarverici orqanlar bu nəticəyə gəliblər ki, dövlətlər cinsi oriyentasiya əsasında fərdlərə qarşı ayrı-seçkiliyə haqq qazandırmaq üçün ağlabatan, inandırıcı, obyektiv və ya tutarlı arqumentlər ortaya qoymayıblar. Stereotiplər insan hüquqlarından və ya əsas azadlıqlardan istifadəni heçə endirən və ya buna xələl gətirən fərqli rəftara səbəb olduqları təqdirdə ayrı-seçkiliyin bir formasını təşkil edirlər. Rəftarda cinsi oriyentasiyaya əsaslanan bir çox fərqlərin kökü cinslərin roluna dair stereotiplərə gedib çıxır.
55. Bir çox ölkələrdə eyni cinsə mənsub olanların münasibətləri fərqli cinslərə mənsub olan cütlüklərin münasibətlərinə bənzər şəkildə hüquqi cəhətdən tanınıb, amma bir çox ölkələrdə qanunlar hələ də onlar arasında çoxlu fərqlər qoyur. Əgər cütlükdəki iki şəxsin cinsiyyəti qadındırsa, onlar lesbiyan hesab olunurlar. Bu cür qoşalaşdırma şəxsin ləyaqətinə və hüquqlarına təsir göstərir, belə ki, onu cinsi mənsubiyyətinə aydınlıq gətirməyə məcbur edir, bu isə fərdin şəxsiyyət hissinə uyğun olmaya bilər. Həmçinin qanun bütün cütlüklərə eyni status və hüquqlar verirsə, bu cür qoşalaşdırmaya ehtiyac yoxdur. Dövlətlər hüquqlar barədə konkret bir baxışı paylaşmayanlara həmin baxışı tətbiq edə bilməzlər. Ənənələr və dəyərlər, hətta cəmiyyətdəki çoxluq tərəfindən payılaşılsa belə, hüquqların məhdudlaşdırılmasına haqq qazandıra bilməz.
b) "Transgender Avropa" (Transgender Europe) təşkilatı
56. "Transgender Avropa" təşkilatı öz qeydlərində Avropa Şurasına üzv olan müxtəlif dövlətlərdə cinsiyyətini dəyişmiş (transgender) şəxslərin yeni cinsiyyətinin hüquqi cəhətdən tanınması ilə bağlı fərqli durum barəsindəki müqayisəli məlumatları təqdim etdi. Avropa Şurasına üzv olan bəzi dövlətlərdə cinsiyyətini dəyişmiş şəxslər cinsiyyətinin hüquqi cəhətdən tanınmasına nail ola bilməzlər, halbuki digər üzv dövlətlərdə onun hüquqi cəhətdən tanınması müxtəlif üsullarla tənzimlənir. Üzv dövlətlərin bəziləri ya eyni cinsli cütlüklərin nikahına icazə verir, ya da cütlük münasibətlətlərinin qeydiyyata alınmasını təklif edirlər. Cütlük münasibətlətlərinin qeydiyyata alınması variantını təklif edən dövlətlərdən bəziləri hazırda nikaha məcburi qaydada xitam verilməsini tələb etdikləri halda, bəziləri bunu tələb etmirlər. Ümumiyyətlə, 31 mart 2010-cu ildə Nazilər Komitəsi tərəfindən qəbul edilmiş cinsi oriyentasiyaya və ya cinsi mənsubiyyətə əsaslanan ayrı-seçkiliklə mübarizə haqqında (2010)5 saylı tövsiyə nəticəsində Avropa Şurasına üzv olan bəzi dövlətlər arasında öz yanaşmalarına yenidən baxılması istiqamətində güclü tendensiya var. Yeni qanunların, qanunlarda dəyişikliklərin və cari siyasi müzakirələrin çoxu göstərir ki, üzv dövlətlər qanunvericilik aktlarını hazırlayarkən cinsiyyətini dəyişmiş şəxslərin cinsi mənsubiyyətinin özü tərəfindən təyin edilməsi hüququna getdikcə daha çox diqqət yetirirlər.
C. Məhkəmənin qiymətləndirməsi
1. Konvensiyanın 8-ci maddəsinin tətbiqinin mümkünlüyü məsələsi
57. Hazırkı işdə ərizəçi şikayətini Konvensiyanın 8-ci maddəsi üzrə ifadə edib və Hökumət həmin maddənin tətbiqinə etiraz etməyib.
58. Məhkəmə qeyd edir ki, ərizəçi özünün kişi identifikasiya nömrəsinin qadın identifikasiya nömrəsi ilə dəyişdirilməsini istəyir, çünki kişi cinsiyyətinin qadın cinsiyyəti ilə dəyişdirilməsi üzrə cərrahiyyə əməliyyatından keçdikdən sonra onun köhnə kişi identifikasiya nömrəsi daha reallığa uyğun gəlmir.
59. Məhkəmə bir çox hallarda bildirib ki, əməliyyatdan sonra cinsiyyəti dəyişmiş transseksual cinsiyyətini dəyişməsinin hüquqi cəhətdən tanınmaması səbəbindən Konvensiyanın 8-ci maddəsinə zidd olaraq şəxsi həyatına hörmət hüququnun pozulmasının qurbanı olduğunu iddia edə bilər (misal üçün bax: Qrant Birləşmiş Krallığa qarşı, ərizə № 32570/03, 40-cı bənd, AİHM 2006-VII; və L. Litvaya qarşı, ərizə № 27527/03, 59-cu bənd, AİHM 2007-IV). Hazırkı işdə bu məsələdə fikir ayrılığı yoxdur ki, ərizəçinin durumu Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan mənada "şəxsi həyat" anlayışının tətbiq dairəsinə düşür.
60. Məhkəmə qeyd edir ki, hazırkı iş həmçinin ərizəçinin ailə həyatı üçün nəticələr doğura bilən məsələləri özündə ehtiva edir. Daxili qanunvericiliyə əsasən, ərizəçinin mövcud nikah münasibətinin qeydiyyata alınmış cütlük münasibətinə çevrilməsi onun arvadının razılığını tələb edir. Bundan başqa, ərizəçinin və arvadının birgə uşağı var. Müvafiq olaraq, Məhkəmə bu fikirdədir ki, ərizəçinin arvadı və uşağı ilə münasibəti həmçinin Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan mənada "ailə həyatı" anlayışının tətbiq dairəsinə düşür.
61. Buna görə də Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi və ailə həyatı aspektləri hazırkı işə tətbiq edilir.
2. Bu işdə pozitiv öhdəlik və ya müdaxilə varmı?
62. 8-ci maddənin başlıca məqsədi dövlət orqanlarının əsassız müdaxilələrindən fərdləri qorumaqdan ibarət olsa da, o həm də dövlətin üzərinə 8-ci maddə ilə qorunan hüquqların səmərəli müdafiəsini təmin etməkdən ibarət olan müəyyən pozitiv öhdəliklər qoyur (digər mənbələr arasında bax: X və Y Niderlanda qarşı, 26 mart 1985-ci il, 23-cü bənd, A seriyaları, № 91; və Söderman İsveçə qarşı [BP], ərizə № 5786/08, 78-ci bənd, AİHM 2013).
63. Məhkəmə əvvəlki işlərdə artıq müəyyən edib ki, 8-ci maddə dövlətin üzərinə vətəndaşlarının fiziki və psioxoloji sağlamlıqlarına faktiki hörmət edilməsi hüququnu təmin etməkdən ibarət pozitiv öhdəlik qoyur (misal üçün bax: Nitetski Polşaya qarşı (qərardad), ərizə № 65653/01, 21 mart 2002-ci il; Sentges Niderlanda qarşı (qərardad), ərizə № 27677/02, 8 iyul 2003-cü il; Odyevr Fransaya qarşı [BP], ərizə № 42326/98, 42-ci bənd, AİHM 2003-III; Qlass Birləşmiş Krallığa qarşı, ərizə № 61827/00, 74-83-cü bəndlər, AİHM 2004-II; və Pentyakova və başqaları Moldovaya qarşı (qərardad), ərizə № 14462/03, AİHM 2005-I). Bundan əlavə, bu öhdəlik xüsusi tədbirlərin görülməsini, o cümlədən şəxsi həyata hörmət hüququnun müdafiəsi üçün səmərəli və əlçatan vasitələrin tənin edilməsini özündə ehtiva edə bilər (bax: Eyri İrlandiyaya qarşı, 9 oktyabr 1979-cu il, 33-cü bənd, A seriyaları, № 32; Makginli və İqan Birləşmiş Krallığa qarşı, 9 iyun 1998-ci il, 101-ci bənd, Qərar və qərardadlar toplusu, 1998‑III; və Roşe Birləşmiş Krallığa qarşı [BP], ərizə № 32555/96, 162-ci bənd, AİHM 2005-X). Belə tədbirlər həm fərdlərin hüquqlarının müdafiəsinə dair qərarların qəbulu və icrası mexanizmini tənzimləyən qanunvericilik bazasının qəbulunu, həm də lazımi hallarda bu tədbirlərin fərqli kontekstlərdə həyata keçirlməsini özündə ehtiva edə bilər (bax: A, B və C İrlandiyaya qatrşı [BP], ərizə № 25579/05, 245-ci bənd, AİHM 2010).
64. Məhkəmə qeyd edir ki, tərəflər arasında bu məsələdə fikir birliyi var ki, ərizəçinin şəxsi həyatına hörmət hüququna müdaxilə baş verib, belə ki, ona yeni (qadın) identifikasiya nömrəsi verilməyib. Palata işi həm də bu nöqteyi-nəzərdən araşdırıb. Lakin Böyük Palata bu fikirdədir ki, Məhkəmə tərəfindən həll edilməli məsələ ondan ibarətdir ki, ərizəçinin şəxsi və ailə həyatına hörmət hüququ dövlət üçün belə bir pozitiv öhdəlik doğururmu ki, o, ərizəçini nikahda qala-qala yeni cinsiyyətinin hüquqi cəhətdən tanınmasına imkan yaradan səmərəli və əlçatan prosedurla təmin etməlidir? Buna görə də Böyük Palata ərizəçinin şikayətini Konvensiyanın 8-ci maddəsinin pozitiv öhdəlik aspekti baxımından təhlil etməyi daha məqsədəuyğun hesab edir.
3. Dövlətin pozitiv öhdəliklərinin qiymətləndirilməsinə tətbiq edilən ümumi prinsiplər
65. Konvensiya üzrə dövlətin pozitiv və neqativ öhdəliklərinin qiymətləndirilməsinə tətbiq edilən ümumi prinsiplər oxşardır. Diqqət yetirilməlidir ki, fərdin və bütövlükdə cəmiyyətin toqquşan maraqları arasında ədalətli balans gözlənilsin və bu zaman 8-ci maddənin 2-ci bəndində göstərilən məqsədlər müəyyən əhəmiyyət kəsb edir (bax: Qaskin Birləşmiş Krallığa qarşı, 7 iyul 1989-cu il, 42-ci bənd, A seriyaları, № 160; və Roşe Birləşmiş Krallığa qarşı [BP] iş üzrə yuxarıda istinad edilən qərar, 157-ci bənd).
66. "Hörmət" anlayışı, xüsusən söhbət pozitiv öhdəliklərdən gedirsə, tam dəqiq deyil: iştirakçı dövlətlərdəki praktikaların fərqliliyini və oradakı vəziyyətlərin müxtəlifliyini nəzərə alsaq, bu anlayışın tələbləri ayrı-ayrı işlərdə əhəmiyyətli dərəcədə fərqlənə bilər (bax: Kristin Qudvin Birləşmiş Krallığa qarşı [BP], ərizə № 28957/95, 72-ci bənd, AİHM 2002-VI). Bununla belə, dövlətin sözügedən pozitiv öhdəliklərinin qiymətləndirilməsi üçün müəyyən amillər əhəmiyyətli hesab olunur. Onlardan bəziləri ərizəçiyə də aiddir. Onlar araşdırılan məsələnin nə dərəcədə mühüm maraqlara toxunmasına və şəxsin həyatın "təməl dəyərləri" və ya "mühüm aspektləri" ilə nə dərəcədə əlaqəli olmasına (bax: X və Y Niderlanda qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 27-ci bənd; və Qaskin Birləşmiş Krallığa qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 49-cu bənd), yaxud sosial reallıqla hüquq arasındakı uyğunsuzluğun ərizəçiyə təsirinə aiddir və həmçinin ölkədaxili sistemdəki inzibati və hüquq praktikası arasında uyğunluq 8-ci maddə üzrə qiymətləndirmənin aparılmasında mühüm amil sayılır (bax: B. Fransaya qarşı, 25 mart 1992-ci il, 63-cü bənd, A seriyaları, № 232-C; və Kristin Qudvin Birləşmiş Krallığa qarşı iş üzrə yuxarıda istinad edilən qərar [BP], 77-78-ci bəndlər). Digər amillər mövcudluğu iddia edilən pozitiv öhdəliyin müvafiq dövlətə təsirinə aiddir. Burada sual ondan ibarətdir ki, iddia edilən öhdəlik dar çərçivəli və dəqiqdir, yoxsa geniş və qeyri-müəyyəndir (bax: Botta İtaliyaya qarşı, 24 fevral 1998-ci il, 35-ci bənd, Reports 1998‑I), yaxud həmin öhdəliyin dövlətin üzərinə qoyduğu hər hansı vəzifənin hüdudları haraya qədərdir (bax: Reyes Birləşmiş Krallığa qarşı, 17 oktyabr 1986-cı il, 43-44-cü bəndlər, A seriyaları, № 106; və Kristin Qudvin Birləşmiş Krallığa qarşı iş üzrə yuxarıda istinad edilən qərar [BP], 86-88-ci bəndlər)?
67. 8-ci maddə üzrə pozitiv öhdəliklərini yerinə yetirərkən dövlətlər müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər. Bu sərbəstliyin hüdudları müəyyənləşdirilərkən bir sıra amillər nəzərə alınmalıdır. Əgər söhbət fərdin mövcudluğu və ya şəxsiyyəti üçün xüsusilə önəmli olan aspektlərdən gedirsə, dövlətə verilən sərbəstliyin hüdudları məhdudlaşdırılır (misal üçün bax: X və Y Niderlanda qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 24-cü və 27-ci bəndlər; Kristin Qudvin Birləşmiş Krallığa qarşı iş üzrə yuxarıda istinad edilən qərar [BP], 90-cı bənd; həmçinin bax: Pritti Birləşmiş Krallığa qarşı, ərizə № 2346/02, 71-ci bənd, AİHM 2002‑III). Lakin işin toxunduğu maraqların nisbi mühümlüyü və ya həmin maraqların qorunmasının ən yaxşı vasitələri məsələsində Avropa Şurasına üzv olan dövlətlər arasında konsensus yoxdursa, xüsusən də iş həssas mənəvi və etik məsələlərə aiddirsə, qiymətləndirmə sərbəstliyinin hüdudları daha geniş olur (bax: X, Y və Z Birləşmiş Krallığa qarşı, 22 aprel 1997-ci il, 44-cü bənd, 90-cı bənd, Reports 1997-II; Fretye Fransaya qarşı, ərizə № 36515/97, 41-ci bənd, AİHM 2002-I; və Kristin Qudvin Birləşmiş Krallığa qarşı iş üzrə yuxarıda istinad edilən qərar [BP], 85-ci bənd). Eləcə də dövlətin ziddiyyətə girən özəl və ictimai maraqlar və ya Konvensiya hüquqları arasında balansa riayət etməsi tələb olunursa, qiymətləndirmə sərbəstliyinin hüdudları geniş olur (bax: Fretye Fransaya qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 42-ci bənd; Odyevr Fransaya qarşı iş üzrə yuxarıda istinad edilən qərar [BP], 44-49-cu bəndlər; Evans Birləşmiş Krallığa qarşı, ərizə № 6339/05, 77-ci bənd, AİHM 2007‑I; Dikson Birləşmiş Krallığa qarşı [BP], ərizə № 44362/04, 78-ci bənd, AİHM 2007‑V; və S.H. və başqaları Avstriyaya qarşı [BP], ərizə № 57813/00, 94-cü bənd, AİHM 2011).
68. Məhkəmə cərrahiyyə yolu ilə dəyişdirilmiş cinsiyyətin hüquqi cəhətdən tanınmasına aid bir neçə işi artıq araşdırıb (misal üçün bax: Kristin Qudvin Birləşmiş Krallığa qarşı iş üzrə yuxarıda istinad edilən qərar [BP]; Van Kük Almaniyaya qarşı, ərizə № 35968/97, AİHM 2003‑VII; Qrant Birləşmiş Krallığa qarşı iş üzrə yuxarıda istinad edilən qərar; və L. Litvaya qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 56-cı bənd). O, bu sahədə dövlətə müəyyən qiymətləndirmə sərbətsliyi versə də, bildirib ki, 8-ci maddədən irəli gələn pozitiv öhdəliklərinə uyğun olaraq dövlətlərdən tələb olunur ki, transseksualların əməliyyatdan keçdikdən sonra dəyişmiş cinsiyyətini tanısınlar, o cümlədən onların vətəndaşlıq vəziyyətinə dair məlumatlarda dəyişiklik edilməsinə imkan yaratsınlar və bunun nəticələrini qəbul etsinlər (misal üçün bax: Kristin Qudvin Birləşmiş Krallığa qarşı iş üzrə yuxarıda istinad edilən qərar [BP], 71-93-cü bəndlər; və Qrant Birləşmiş Krallığa qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 39-44-cü bəndlər).
4. Ümumi prinsiplərin ərizəçinin işinə tətbiqi
69. Məhkəmə hər şeydən əvvəl qeyd edir ki, ərizəçi və arvadı 1996-cı ildə daxili qanunvericiliyə əsasən qanuni nikaha girmişdilər və nikahda qalmaq istəyirdilər. Daxili qanunvericiliyə əsasən, yalnız əks cinslərə mənsub olanlar arasında nikaha icazə verilirdi. Eyni cinsə mənsub olanların nikahına Finlandiyada hələ ki icazə verilmir, hərçənd ki, hazırda parlament bunun mümkünlüyünü araşdırır. Digər tərəfdən, eyni cinsli cütlüklərin hüquqları hazırda cütlük münasibətlərinin qeydiyyata alınması yolu ilə qorunur.
70. Məhkəmə bu faktı nəzərə alır ki, ərizəçi ümumən eyni cinsli nikahın müdafiəsinə qalxmır, sadəcə öz nikahını qorumaq istəyir. Bununla belə, Məhkəmə hesab edir ki, ərizəçinin iddiası qəbul edilərsə, bu praktiki olaraq elə duruma gətirib çıxaracaq ki, eyni cinsə mənsub olan iki şəxs bir-biri ilə nikah münasibətində olacaq. Artıq yuxarıda deyildiyi kimi, hazırda Finlandiyada belə hüquq mövcud deyil. Buna görə də Məhkəmə əvvəlcə onu araşdırmalıdır ki, mövcud durumda belə hüququn tanınması Konvensiyanın 8-ci maddəsi ilə tələb olunurmu?
71. Məhkəmə öz presedent hüququnu bir daha xatırladır, belə ki, onun presedent hüququna əsasən, Konvensiyanın 8-ci maddəsi iştirakçı dövlətlərin üzərinə eyni cinsli cütlüklərin nikaha girməsinə imkan yaratmaq öhdəliyini qoyan maddə kimi şərh oluna bilməz (bax: Şalk və Kopf Avstriyaya qarşı, ərizə № 30141/04, 101-ci bənd, AİHM 2010). Məhkəmə həmçinin qərara alıb ki, cinsiyyətin dəyişməsinin nikah kontekstində doğurduğu nəticələrin tənzimlənməsi bütünlüklə olmasa da xeyli dərəcədə dövlətin qiymətləndirmə sərbəstliyinin hüdudları daxilindədir (bax: Kristin Qudvin Birləşmiş Krallığa qarşı iş üzrə yuxarıda istinad edilən qərar [BP], 103-cü bənd). Bundan başqa, Konvensiya hazırkı duruma bənzər vəziyyətlərdə hər hansı əlavə xüsusi tədbirlərin görülməsini tələb etmir. Məhkəmə 2006-cı ildə Perri Birləşmiş Krallığa qarşı iş üzrə yuxarıda istinad edilən qərardadda bu qənaətə gəldi ki, hətta araşdırılan dövrdə İngiltərə hüququnda eyni cinsli şəxslərin nikahına icazə verilməsə belə, ərizəçilər öz münasibətlərini tam mənada davam etdirə və hətta ona, nikahla eyni olmasa da, vətəndaş cütlüyü münasibəti vasitəsilə nikaha bənzər status verə bilərdilər və bu status, demək olar ki, nikahdakı bütün qanuni hüquq və vəzifələri özündə daşıyırdı. Buna görə də Məhkəmə vətəndaş cütlüyü münasibətini adekvat seçim hesab etdi.
72. Məhkəmə qeyd edir ki, hazırkı iş Avropa Şurasına üzv olan dövlətlərdə davamlı inkişafın predmeti olan məsələləri özündə ehtiva edir. Buna görə də o, hazırkı işdə araşdırılan məsələlərlə bağlı Avropa Şurasına üzv olan dövlətlərdəki vəziyyəti araşdıracaq.
73. Məhkəmənin sərəncamında olan məlumatlardan (yuxarıda 31-ci bəndə bax) belə görünür ki, yalnız on üzv dövlət eyni cinsdən olan şəxslərin nikahına icazə verir. Bundan başqa, üzv dövlətlərin əksəriyyətində cinsi mənsubiyyətin qanunla təsdiqlənməsinə dair dəqiq hüquqi baza, yaxud da konkret olaraq nikahda olan və cinsi mənsubiyyətini dəyişən şəxslərin statusunu tənzimləyən hüquq normaları yoxdur. Eyni cinsli şəxslərin nikahına icazə verməyən üzv dövlətlərin yalnız altısında cinsi mənsubiyyətin tanınması haqqında müvafiq qanunvericilik mövcuddur. Bu dövlətlərdə qanunvericilik xüsusi olaraq tələb edir ki, cinsi mənsubiyyətin dəyişməsi üçün şəxs subay və ya boşanmış olmalıdır, yaxud qanunvericiliyin ümumi normalarında deyilir ki, cinsi mənsubiyyət dəyişdikdən sonra öncə mövcud olan nikah etibarsız elan olunur və ya ləğv edilir. Nikahda olan şəxsin mövcud nikahına təsir göstərmədən yeni cinsi mənsubiyyət əldə etməsinin qanunla tanınmasına icazə verilən istisna hallar yalnız üç üzv dövlətdə mövcuddur (yuxarıda 31-33-cü bəndlərə bax).
74. Beləliklə, demək olmaz ki, eyni cinsli şəxslərin nikahına icazə verilməsi məsələsində Avropada konsensus var. Eləcə də eyni cinsli şəxslərin nikahına icazə verməyən dövlətlərdə öncədən nikahın mövcud olduğu hallarda cinsiyyətin dəyişməsini necə tənzimləmək məsələsində hər hansı konsensus yoxdur. Üzv dövlətlərin əksəriyyətində yeni cinsiyyətin tanınmasına dair hər hansı qanunvericilik aktı yoxdur. Belə məlum olur ki, bu cür qanunvericilik Finlandiyadan əlavə digər dövlətlərin yalnız altısında mövcuddur. Nikahda olan transseksuallar üçün istisnaların nəzərdə tutulduğu hallar isə daha azdır. Beləliklə, Məhkəmənin bu məsələlərə dair sonuncu qərarını çıxardığı vaxtdan bəri Avropa Şurasına üzv olan dövlətlərdə vəziyyətin əhəmiyyətli dərəcədə dəyişdiyini göstərən hər hansı əlamət yoxdur.
75. Avropada konsensusun olmadığını və hazırkı işdə, şübhəsiz ki, həssas mənəvi və ya etik məsələlərin qaldırıldığını nəzərə alaraq, Məhkəmə hesab edir ki, cavabdeh dövlətə verilməli olan qiymətləndirmə sərbəstliyinin hüdudları hələ də geniş olaraq qalmalıdır (bax: X, Y və Z Niderlanda qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 44-cü bənd). Bu sərbəstlik prinsipcə həm transseksualların əməliyyatdan sonrakı cinsiyyətinin hüquqi cəhətdən tanınmasına dair qanunvericiliyi qəbul edib-etməmək barədə dövlətin verəcəyi qərara, həm də məsələyə müdaxilə etdikdən sonra ziddiyyətə girən ictimai və özəl maraqlar arasında balansa nail olmaq üçün müəyyən edəcəyi normalara aiddir.
76. Ölkədaxili sistemə gəlincə, Məhkəmə hesab edir ki, hazırda Finlandiyanın daxili qanunvericiliyi ərizəçini bir neçə seçim imkanı ilə təmin edir. Birincisi, o, nikahda qalmaqla və kişi identifikasiya nömrəsinin ona yaratdığı narahatlıqlara dözməklə öz hüquqi vəziyyətini olduğu kimi saxlaya bilərdi. Məhkəmə bunu sübuta yetirilmiş hesab edir ki, Finlandiya sistemində fərqli cinslərə mənsub olanlar arasında qanun əsasında bağlanan nikah ər-arvaddan birinin əməliyyatdan keçərək cinsiyyətini dəyişməsi və beləliklə sonradan həyat yoldaşı ilə eyni cinsə mənsub olması səbəbindən ləğv edilmir və ya etibarsız elan olunmur. Bəzi digər ölkələrdəki vəziyyətdən fərqli olaraq, Finlandiyada öncədən mövcud olan nikah dövlət orqanları tərəfindən birtərəfli qaydada ləğv edilə və ya etibarsız sayıla bilməz. Müvafiq olaraq, ərizəçinin nikahda qalmaqda davam etməsinin qarşısını alan heç nə yoxdur.
77. İkincisi, əgər ərizəçi həm yeni cinsiyyətinin hüquqi cəhətdən tanlınmasına, həm də arvadı ilə nikah münasibətinin qanunla qorunmasına nail olmaq istəyrisə, Finlandiya qanunvericiliyində arvadının razılığı ilə onun nikah münasibətini qeydiyyata alınmış cütlük münasibətinə çevirməsi imkanı nəzərdə tutulur. Daxili qanunvericiliyə əsasən, əgər cinsiyyətin dəyişməsinə həyat yoldaşının razılığı alınıbsa, qanuna əsasən vəziyyətdən asılı olaraq nikah münasibəti avtomatik olaraq qetdiyyata alınmış cütlük münasibətinə, qetdiyyata alınmış cütlük münasibəti isə nikah münasibətinə çevrilir.
78. Daxili qanunvericilikdə nəzərdə tutulmuş üçüncü seçim boşanmadır. Nikahda olan hər hansı digər cütlük üçün açıq olduğu kimi, ərizəçi üçün də, əgər özü istəyərsə, bu seçim açıqdır. Ərizəçinin iddialarının əksinə olaraq, Məhkəmə hesab edir ki, Finlandiyanın hüquq sistemində ərizəçinin öz istəyi əleyhinə boşanmağa vadar edilməsi kimi başa düşülə biləcək heç nə yoxdur. Əksinə, Məhkəmə hesab edir ki, Finlandiyanın hüquq sistemində boşanma imkanı ərizəçinin öz ixtiyarına verilib.
79. Mövcud vəziyyəti olduğu kimi saxlamaq və ya boşanmaq seçimlərini bir kənara qoysaq, ərizəçinin şikayəti əsasən ikinci seçimlə əlaqədardır: yeni cinsiyyətinin hüquqi cəhətdən tanınması və eyni zamanda mövcud nikah münasibətinin qanunla qorunması. Beləliklə, hazırkı işdə əsas məsələ ondan ibarətdir ki, Finlandiya sistemi hazırda bu baxımdan dövlətin üzərinə pozitiv öhdəlik qoyurmu, yaxud bu seçim ərizəçi ilə arvadı arasında eyni cinsli cütlüyün nikahı anlamına gəlsə belə, ərizəçinin nikahda qalmasına və eyni zamanda yeni cinsiyyətinin hüquqi cəhətdən tanınmasına icazə verilməlidirmi?
80. Məhkəmə qeyd edir ki, Avropa Şurasına üzv olan dövlətlərin çoxundan fərqli olaraq, Finlandiyada cinsiyyətin dəyişməsinin hüquqi cəhətdən tanınmasını nəzərdə tutan hüquqi baza mövcuddur. Məhkəmə həmçinin qeyd edir ki, etiraz edilən qanunvericiliyin məqsədi, Hökumətin izah etdiyi kimi, ölkənin müxtəlif hissələrində tətbiq edilən fərqli praktikaları vahid hala salmaq və cinsiyyətin dəyişməsinin hüquqi cəhətdən tanınması üçün aydın tələblər müəyyən etmək idi. Həyat yoldaşının razılığı alındığı təqdirdə, sistem həm yeni cinsiyyətin hüquqi cəhətdən tanınması, həm də nikah münasibətinin qorunması imkanını nəzərdə tuturdu. Sistem hər iki istiqamətdə işləyir və beləliklə, cərrahiyyə əməliyyatı yolu ilə cinsiyyətin dəyişdirilməsi sayəsində mövcud münasibətlərin eyni cinsli cütlük münasibətinə və ya heteroseksual münasibətə çevrilməsindən asılı olaraq təkcə nikah münasibətinin qeydiyyata alınmış cütlük münasibətinə çevrilməsini deyil, həm də qeydiyyata alınmış cütlük münasibətinin nikah münasibətinə çevrilməsini təmin edir. Hökumətdən alınmış məlumata görə, yuxarıda qeyd edilən vəziyyətlərlə əlaqədar olaraq, hər iki istiqamətdə təxminən yarıbayarı olmaqla, indiyədək otuz bir belə çevrilmə baş verib.
81. Bu hüquqi bazanı tərtib edərkən Finlandiyanın qanunverici orqanı heteroseksual cütlüklərin nikahını qoruyub saxlamaq seçimini edib və bu qaydadan heç bir istisnaya yol verilmir. Buna görə də, Məhkəməyə onu müəyyənləşdirmək qalır ki, hazırkı işin halları baxımından hal-hazırda Finlandiya sistemi toqquşan maraqlar arasında ədalətli balansı təmin edirmi və mütənasiblik şərtinə cavab verirmi?
82. Ərizəçinin narahatlıqlarından biri həyat yoldaşının razılığını almaq tələbi ilə əlaqədardır, o bunu boşanmaya "məcbur edilmə" hesab edir. Lakin Məhkəmə hesab edir ki, sözügedən çevrilmə Finlandiya sisteminə əsasən avtomatikdirsə, dəyişmiş cinsiyyətin qeydiyyatına həyat yoldaşının razılığının alınması ər-arvadın hər birini digərinin qəbul etdiyi birtərəfli qərarların nəticələrindən müdafiə etmək məqsədi daşıyan elementar tələbdir. Beləliklə, aydın məsələdir ki, razılığın alınması tələbi yeni cinsiyyətin tanınmasını istəməyən həyat yoldaşı üçün mühüm təminatdır. Bu kontekstdə qeyd etməyə dəyər ki, qeydiyyata alınmış cütlük münasibəti nikah münasibətinə çevrildikdə də həmin razılıq tələb olunur. Beləliklə, bu tələb həm də nikah institutunun maraqları naminə tətbiq edilir.
83. Həmçinin nikahla qeydiyyata alınmış cütlük arasındakı fərqlər də ərizəçini narahat edir. Hökumətin izah etdiyi kimi, bu fərqlər atalığın müəyyən edilməsinə, kənardan övladlığa uşaq götürüıməsinə və soyadına aiddir. Lakin bu istisnalar yalnız həmin məsələlərin öncədən həll olunmadığı hallara şamil olunur. Buna görə də bu məsələlər hazırkı işə şamil oluna bilməz. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, nikahla qeydiyyata alınmış cütlük arasındakı fərqlər ərizəçinin hüquqi vəziyyətində hər hansı mühüm dəyişikliyi özündə ehtiva edən fərqlər deyil. Beləliklə, ərizəçi qeydiyyata alınmış cütlük münasibətində mahiyyət etibarı ilə və praktiki olaraq nikah münasibəti ilə eyni hüquqi müdafiədən yararlana bilərdi (bax (müvafiq dəyişikliklərlə): Şalk və Kopf Avstriyaya qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 109-cu bənd).
84. Üstəlik, nikahları qeydiyyata alınmış cütlük münasibətinə çevriləcəyi təqdirdə ərizəçi və arvadı hər hansı digər hüquqlarını itirməyəcəkdilər. Hökumətin inandırıcı şəkildə izah etdiyi kimi, Transseksuallar (Cinsiyyətin təsdiqlənməsi) haqqında qanunun 2-ci maddəsindəki "çevrilir" ifadəsi açıq-aydın bu faktı nümayiş etdirmək üçün işlənmişdi ki, əvvəlki hüquqi münasibətlər davam edəcək və yalnız həmin münasibətlərin adı dəyişəcək və məzmununda cüzi dəyişikliklər baş verəcək. Beləliklə, münasibətin müddəti onun adının dəyişdiyi andan deyil, münasibətin başlandığı andan hesablanırdı. Bu o hallarda önəmli ola bilərdi ki, daxili qanunvericiliyə əsasən münasibətin müddəti, məsələn, dul şəxsin pensiyasının hesablanması hallarında olduğu kimi, əhəmiyyət kəsb etmiş olsun. Buna görə də Məhkəmə nikahın qeydiyyata alınmış cütlük münasibətinə çevrilməsinin boşanma kimi bir şey olduğu barədə ərizəçinin şikayətini təmin edə bilməz.
85. Bundan başqa, Məhkəmə hesab edir ki, söhbət ərizəçinin ailə həyatından gedirsə, ərizəçinin nikahının qeydiyyata alınmış cütlük münasibətinə çevrilməsinin nəticələri bu baxımdan minimal ola bilər və ya ümumiyyətlə olmaya bilər. Məhkəmə vurğulayır ki, 8-ci maddə həmçinin eyni cinsli cütlüklərin və onların uşaqlarının ailə həyatını qoruyur (bax: Şalk və Kopf Avstriyaya qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 91-ci və 94-cü bəndlər). Buna görə də ailə həyatı üçün nəzərdə tutulan müdafiə nöqteyi-nəzərindən bu məsələ əhəmiyyət kəsb etmir ki, ərizəçinin ailə üzvləri ilə münasibətləri nihaka əsaslanır, yoxsa qeydiyyata alınmış cütlük münasibətinə əsaslanır.
86. Ailə həyatı aspektləri həmçinin ərizəçinin qızı ilə münasibətində də mövcuddur. Ərizəçinin qızına münasibətdə atalığı nikah dövründə artıq qanunla təsdiqləndiyinə görə, Məhkəmə razılaşır ki, Finlandiya qanunvericiliyinə əsasən nikahın sonradan qeydiyyata alınmış cütlük münasibətinə çevrilməsi qızına münasibətdə ərizəçinin atalığına hər hansı təsir göstərmir. Beləliklə, o, əvvəlkitək nikahdan doğulmuş uşaq sayıla bilər. Bundan başqa, Hökumət qeyd etdi ki, Finlandiya sistemində atalıq nikah əsasında müəyyən edilir, yaxud artıq müəyyən edilmiş atalıq sonradan kişinin cinsiyyətinin dəyişməsi və qadına çevrilməsi səbəbindən ləğv edilə bilməz. Bunu belə bir fakt da təsdiq edir ki, Hökumətin qeyd etdiyi kimi, Finlandiyada artıq baş vermiş çevrilmə hallarının heç birində qanuni valdeyin-övlad münasibətində dəyişiklik baş verməyib. Eləcə də atanın cinsiyyətinin dəyişməsi uşaq üzərində qəyyumluq, ona qulluq və onu saxlamaq vəzifələrinə heç bir hüquqi təsir göstərmir, belə ki, Finlandiyada bu vəzifələr cinsi mənsubiyyətdən və ya cütlük münasibətinin formasından asılı olmayaraq valideynliyə əsaslanır. Buna görə də Məhkəmə bunu sübuta yetirilmiş hesab edir ki, ərizəçinin nikahının qeydiyyata alınmış cütlük münasibətinə çevrilməsi onun Konvensiyanın 8-ci maddəsi ilə qorunan ailə həyatına heç bir təsir göstərə bilməz.
87. Düzgün olmayan identifikasiya nömrəsinin gündəlik situasiyalarda ona narahatlıq yaratdığı hallarla ərizəçinin üzləşməsi təəssüfləndirici olsa da, Məhkəmə hesab edir ki, ərizəçi bu vəziyyəti dəyişmək üçün həqiqi imkana malikdir: onun nikah münasibəti istənilən vaxt qanun əsasında arvadının razılığı ilə eyni cinsli cütlüyün qeydiyyata alınmış münasibətinə çevrilə bilər. Belə razılıq əldə edilmədikdə boşanmaq imkanı ərizəçi üçün həmişə açıqdır. Məhkəmənin rəyinə görə, yeni cinsi mənsubiyyətin hüquqi cəhətdən tanınması üçün ilkin şərt olaraq ərizəçinin nikah münasibətinin eyni cinsli cütlüyün qeydiyyata alınmış münasibətinə çevrilməsinin tələb edilməsi qeyri-mütənasib şərt deyildi, belə ki, bu, həqiqi imkan idi və eyni cinsli cütlüklərin hüquqi müdafiəsini, demək olar ki, nikahda olanların müdafiəsinə bərabər səviyyədə təmin edirdi (bax: Perri Birləşmiş Krallığa qarşı iş üzrə yuxarıda istinad edilən qərardad). Bu iki hüquqi anlayış arasındakı cüzi fərqlər hazırkı Finlandiya sistemini dövlətin pozitiv öhdəliyi nöqteyi-nəzərindən qüsurlu hesab etmək üçün yetərli deyil.
88. Yekun olaraq Məhkəmə hesab edir ki, bütövlükdə hazırkı Finlandiya sisteminin ərizəçi üçün qeyri-mütənasib nəticələr doğurması sübuta yetirilmədi və hazırkı işdə ziddiyyətə girən maraqlar arasında ədalətli balansa riayət edilib.
89. Müvafiq olaraq, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş verməyib.
II. KONVENSİYANIN 12-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
90. Ərizəçi öncədən Məhkəməyə şikayət ərizəsində Konvensiyanın 12-ci maddəsinə istinad etməmişdi. Lakin 23 mart 2010-cu ildə Palata öz təşəbbüsü ilə ərizəyə həm də Konvensiyanın 12-ci maddəsi üzrə baxmağı qərara aldı.
91. Konvensiyanın 12-ci maddəsində deyilir.
"Nikah yaşına çatmış kişilər və qadınlar bu hüququn həyata keçirilməsini tənzimləyən milli qanunvericiliyə müvafiq olaraq, nikaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər".
A. Palatanın qərarı
92. 13 noyabr 2012-ci il tarixli qərarında Palata qeyd etdi ki, hazırkı işdə araşdırılan məsələ nikah hüququnu təmin edən Konvensiyanın 12-ci maddəsi üzrə hər hansı məsələni özündə ehtiva etmir. Ərizəçi 1996-cı ildən bəri qanuni nikahdadır. Araşdırılan məsələ əslində ərizəçinin cinsiyyətinin dəyişməsinin onunla arvadı arasında mövcud olan nikahı üçün doğurduğu nəticələrlə əlaqədardır və bu məsələ artıq Konvensiyanın 8-ci maddəsi üzrə araşdırılıb. Gəldiyi bu qənaəti nəzərə alaraq, Palata işin faktlarını Konvensiyanın 12-ci maddəsi üzrə ayrıca araşdırmağa ehtiyac görmədi.
B. Tərəflərin arqumentləri
1. Ərizəçi
93. Ərizəçi iddia etdi ki, Palata "ciddi seçim" apararaq Konvensiyanın 12-ci maddəsini digər variantların arasından seçib. 12-ci maddə üzrə təhlil önəmli ola bilər, belə ki, bu, 8-ci maddə üzrə təhlilə nisbətən fərqli meyarın tətbiq edilməsini, yəni nikaha məcburi qaydada xitam verilməsinin Məhkəmənin presedent hüququna uyğun olaraq "nikah hüququnun mahiyyətinə" təsir göstərib-göstərmədiyinin təhlil olunmasını tələb edir. Bu həm də ərizəçinin ailə hüquqları Konvensiyanın 8-ci maddəsi üzrə araşdırılarkən buraxılmış səhvləri düzəldə bilər.
94. Ərizəçi iddia etdi ki, Konvensiyanın 12-ci maddəsi ya yalnız nikah bağlanmasını əhatə edən dar çərçivəli maddə kimi, ya da mövcud nikahın davam etməsini də əhatə edən daha geniş çərçivəli maddə kimi şərh olunmalıdır. Birinci halda 12-ci maddənin ərizəçinin durumuna aidiyyəti olmayacaq, çünki onun arvadı ilə nikahı onlar fərqli cinsiyyəti olan cütlük olduqları zaman bağlanılıb. İkinci halda isə "məcburi" boşanmanın "nikah hüququnun mahiyyətinə" xələl gətirib-gətirməməsi məsələsi sözügedən meyarın şərtlərinə cavab verir. Ərizəçinin bildirdiyinə görə, bu işə ikinci şərh tətbiq edilir, çünki hazırkı işdə olduğu kimi Hökumət nikaha bu hüququ xeyli dərəcədə səmərəsiz edə biləcək tərzdə müdaxilə etmək imkanına malikdir. Bu cür şərh olunmaqla Konvensiyanın 12-ci maddəsi hazırkı işə tətbiq edilə bilər və işin həmin maddə əsasında araşdırılması tələb olunur.
2. Hökumət
95. Hökumət Palatanın bu rəyini bölüşdü ki, işin faktlarını Konvensiyanın 12-ci maddəsi üzrə ayrıca araşdrmağa ehtiyac yoxdur. Məhkəmənin presedent hüququ ərizəçinin yeni cinsiyyətinin təsdiqlənməsindən sonra arvadı ilə nikahda qalmaq istəyini müdafiə etmir və cinsiyyət dəyişikliyinin nəticələrinin necə tənzimlənməsi məsləsi iştirakçı dövlətin qiymətləndirmə sərbəstliyinin hüdudları daxilindədir. Ali İnzibati Məhkəmə hazırkı işdə bu qənaətə gəlib ki, daxili qanunvericilik yalnız kişi ilə qadının nikaha girə biləcəyi faktını dəyişməyə deyil, bu münasibətin qeydiyyata alınmış cütlük münasibəti kimi davam etməsinə imkan yaratmağa yönəlib və bunlardan sonuncusu qanunla qorunan və nikahla müqayisə oluna bilən münasibətdir. Nikah institutunun cinsi mənsubiyyəti nəzərə almayan instituta çevrilməsi parlament tərəfindən qanunun qəbulunu tələb edir.
C. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
96. Məhkəmə bir daha xatırladır ki, Konvensiyanın 12-ci maddəsi nikah hüququnu nəzərdə tutan xüsusi müddəadır. O, kişi ilə qadının təməl hüququ olan nikah bağlamaq və ailə qurmaq hüququnu təmin edir. 12-ci maddədə nikahın milli qanunvericiliklə tənzimlənməsi aydın şəkildə nəzərdə tutulur. O, kişi ilə qadın arasındakı ənənəvi nikah konsepsiyasını təsbit edir (bax: Reyes Birləşmiş Krallığa qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 49-cu bənd). Doğrudur, bəzi iştirakçı dövlətlər nikahı eyni cinsli cütlüklərə də şamil ediblər, amma 12-ci maddə iştriakçı dövlətlərin üzərinə eyni cinsli cütlüklərin nikah bağlamasına icazə vermək öhdəliyini qoyan maddə kimi şərh oluna bilməz (bax: Şalk və Kopf Avstriyaya qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 63-cü bənd).
2. Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
97. Bu işdə araşdırılan məsələ ərizəçinin cinsiyyətinin dəyişməsinin onunla arvadı arasında mövcud olan nikahı üçün doğurduğu nəticələrlə əlaqədardır. Palata kimi Böyük Palata da hesab edir ki, bu məsələ artıq Konvensiyanın 8-ci maddəsi üzrə araşdırılıb və nəticədə həmin maddənin pozulmadığı qənaətinə gəlinib. Belə olan halda Məhkəmə Konvensiyanın 12-ci maddəsi üzrə hər hansı ayrıca məsələnin meydana çıxmadığını hesab edir və müvafiq olaraq, həmin maddə üzrə ayrıca qərar qəbul etmir.
III. KONVENSİYANIN 8-Cİ VƏ 12-Cİ MADDƏLƏRİ İLƏ BİRGƏ GÖTÜRÜLMƏKLƏ 14-CÜ MADDƏNİN İDDİA EDİLƏN POZUNTUSU
98. Ərizəçi Konvensiyanın 14-cü maddəsi əsasında şikayət etdi ki, onun həqiqi cinsi mənsubiyyətinə uyğun qadın identifikasiya nömrəsini verməkdən imtina etməklə dövlət ona qarşı ayrı-seçkilik edib. Ona qadın identifikasiya nömrəsi verməkdən imtina edilməsi faktı onun transseksual olduğu barədə konfidensial informasiyanın açıqlanmasına səbəb olub və identifikasiya nömrəsinin tələb edildiyi hər bir halda o, hər hansı digər şəxsdən fərqli olaraq bu fərqi izah etmək məcburiyyətində qalıb.
99. Konvensiyanın 14-cü maddəsində deyilir:
"Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır".
A. Palatanın qərarı
100. 13 noyabr 2012-ci il tarixli qərarında Palata qeyd etdi ki, Konvensiyanın 8-ci maddəsi ilə birgə götürülməklə Konvensiyanın 14-cü maddəsi bu işə tətbiq edilə bilər.
101. Palata qeyd etdi ki, ərizəçinin Konvensiyanın 14-cü maddəsi üzrə şikayətləri qadın identifikasiya nömrəsini əldə etməyin mümkünsüzlüyü ilə bağlı idi. Ərizəçi öz vəziyyətini hər hansı digər şəxsin, o cümlədən sisseksualların (öz cinsi mənsubyyətinə uyğun olanların) və nikahda olmayan transseksualların vəziyyəti ilə müqayisə etdi. Palatanın rəyinə görə bu vəziyyətlər bir-biri ilə müqayisə olunmaq üçün yetərincə oxşar deyildi. Buna görə də ərizəçi qeyd etdiyi digər kateqoriyalara aid şəxslərlə eyni vəziyyətdə olduğunu iddia edə bilməzdi.
102. Bundan başqa, Palata qeyd etdi ki, hazırkı işdə problemin mahiyyəti bu faktdan qaynaqlanırdı ki, Finlandiya qanunvericiliyi eyni cinsli şəxslərin nikahlarına icazə vermirdi. Məhkəmənin presedent hüququna əsasən, Konvensiyanın 8-ci və 12-ci maddələri iştirakçı dövlətlərin üzərinə eyni cinsli cütlüklərin nikah bağlamasına icazə vermək öhdəliyi qoymur. Eləcə də Konvensiyanın 8-ci maddəsi ilə birgə götürülməklə Konvensiyanın 14-cü maddəsi iştirakçı dövlətlərin üzərinə eyni cinsli cütlüklərə nikahda qalmaq hüququ verən maddə kimi şərh oluna bilməz. Buna görə də, hətta ərizəçinin digər şəxslərin vəziyyətinə bənzər vəziyyətdə olduğunu fərz etsək belə, demək olmaz ki, ərizəçi qadın identifikasiya nömrəsi ala bilmədiyi zaman həmin şəxslərlə müqayisədə ayrı-seçkiliyə məruz qalıb. Palata bu qənaətə gəldi ki, Konvensiyanın 8-ci maddəsi ilə birgə götürülməklə Konvensiyanın 14-cü maddəsinin pozuntusu baş verməyib.
B. Tərəflərin arqumentləri
1. Ərizəçi
103. Ərizəçi Konvensiyanın 14-cü maddəsinə əsasən iddia etdi ki, iki məsələdə ona qarşı ayrı-seçkilik edilib.
104. Birincisi, o, cinsiyyətinin hüquqi cəhətdən tanınmasına nail olmaq üçün nikahına xitam verməkdən ibarət olan əlavə tələbi yerinə yetirmək məcburiyyətində qalıb. Beləliklə, o, hər hansı əlavə tələb olmadan doğulduqları andan avtomatik olaraq cinsiyyətləri hüquqi cəhətdən tanınan sisseksuallarla müqayisədə ayrı-seçkiliyə məruz qalıb. O, bu fərqli rəftar ucbatından gündəlik problemlərlə üzləşib.
105. İkincisi, ərizəçi, onun arvadı və uşağı ərizəçinin cinsi mənsubiyyəti ilə əlaqədar stereotip baxışlar ucbatından heteroseksual nikahda olanlara nisbətən daha az müdafiə ilə təmin olunublar. Sisseksualların nikahı ərizəçinin nikahı kimi "məcburi" boşanma riskinə gətirib çıxarmır. Amma hazırda cinsi mənsubiyyət ayrı-seçkiliyə qoyulan qadağanın məqsədləri üçün müdafiə tələb edən əlamət kimi tanınır.
2. Hökumət
106. Hökumət bildirdi ki, Konvensiyanın 14-cü maddəsi bu hala tətbiq edilə bilər, çünki iş Konvensiyanın 8-ci maddəsinin tətbiq dairəsinə düşür, amma iddia etdi ki, ayrıca 14-cü maddə üzrə heç bir məsələ meydana çıxmır. Əgər Məhkəmə fərqli fikirdə olacaqsa, o hal üçün Hökumət qeyd etdi ki, sisseksuallar ərizəçi ilə eyni vəziyyətdə deyillər, çünki onlar cinsiyyətlərini dəyişmək üçün müraciət etmirlər. İstənilən halda, fərqli rəftarın obyektiv və ağlabatan əsası var. Finlandiyanın hüquq sistemi transseksualizmə əsaslanan ayrı-seçkiliyi qadağan edir.
C. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
107. Məhkəmə qeyd edir ki, Konvensiyanın 14-cü maddəsi Konvensiyanın və onun Protokollarının digər substantiv (maddi-hüquqi) maddələrinə əlavədir. O, müstəqil surətdə mövcud deyil, belə ki, yalnız həmin maddələrin təmin etdiyi "hüquq və azadlıqlardan istifadə" ilə əlaqədar olaraq tətbiq edilir. 14-cü maddənin tətbiqi həmin maddələrin pozulmasını şərt kimi nəzərdə tutmasa da (bu baxımdan o, müstəqil xarakter daşıyır), araşdırılan faktlar həmin maddələrdən birinin və ya daha artığının tətbiq dairəsinə düşmürsə, onun tətbiqi üçün heç bir imkan yoxdur (misal üçün bax: E.B. Fransaya qarşı [BP], ərizə № 43546/02, 47-ci bənd, 22 yanvar 2008-ci il; və Vallianatos və başqaları Yunanıstana qarşı [BP], ərizələr № 29381/09 və 32684/09, 72-ci bənd, AİHM 2013).
108. Məhkəmə öz presedent hüququnda müəyyən edib ki, 14-cü maddə üzrə məsələnin meydana çıxması üçün nisbətən oxşar vəziyyətlərdə olan şəxslərlə fərqli rəftar edilməlidir. Bu cür fərqli rəftar obyektiv və ağlabatan əsasa malik deyilsə, başqa sözlə, qanuni məqsəd daşımırsa və ya tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, ayrı-seçkilik sayılır. İştirakçı dövlətlər digər analoji vəziyyətlərdə mövcud fərqlərin fərqli rəftara haqq qazandırıb-qazandırmadığını və nə dərəcədə haqq qazandırdığını qiymətləndirərkən müəyyən dərəcədə sərbəstliyə malikdirlər (bax: Burden Birləşmiş Krallığa qarşı [BP], ərizə № 13378/05, 60-cı bənd, AİHM 2008).
109. Digər tərəfdən, Məhkəmə dəfələrlə bildirib ki, cinsi mənsubiyyətə və ya cinsi oriyentasiyaya əsaslanan fərqlər fərqli rəftara haqq qazandırılması üçün xüsusilə ciddi əsasların olmasını tələb edir (bax: Smit və Qredi Birləşmiş Krallığa qarşı [BP], ərizələr № 33985/96 və 33986/96, 90-cı bənd, AİHM 1999‑VI; L. və V. Avstriyaya qarşı, ərizələr № 39392/98 və 39829/98, 45-ci bənd, AİHM 2003‑I; Karner Avstriyaya qarşı, ərizə № 40016/98, 37-ci bənd, AİHM 2003‑IX; Konstantin Markin Rusiyaya qarşı [BP], ərizələr № 30078/06, 127-ci bənd, AİHM 2012 (çıxarışlar); X və başqaları Avstriyaya qarşı [BP], ərizə № 19010/07, 99-cu bənd, AİHM 2013; və Vallianatos və bqaşları Yunanıstana qarşı [BP] iş üzrə yuxarıda istinad edilən qərar, 77-ci bənd). Digər tərəfdən, məsələn, ümumi iqtisadi və ya sosial strategiya tədbirlərindən söhbət getdikdə, Konvensiyaya əsasən adətən dövlətə daha geniş qiymətləndirmə sərbəstliyi verilir (misal üçün bax: Stek və başqaları Birləşmiş Krallığa qarşı [BP], ərizələr № 65731/01 və 65900/01, 52-ci bənd, AİHM 2006‑VI). Qiymətləndirmə sərbəstliyininin hüdudları işin hallarından, predmetindən və tarixçəsindən asılı olaraq fərqlənə bilər; bu baxımdan iştirakçı dövlətlərin qanunlarında məsələyə dair ümumi rəyin olub-olmaması əhəmiyyətli amillərdən biri ola bilər (bax: Petroviç Avstriyaya qarşı, 27 mart 1998-ci il, 38-ci bənd, Reports 1998‑II).
2. Yuxarıda qeyd edilən prinsiplərin bu işə tətbiqi
110. Hazırkı işdə bu məsələdə fikir ayrılığı yoxdur ki, ərizəçinin vəziyyəti Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan mənada "şəxsi həyat" və "ailə həyatı" anlayışının əhatə dairəsinə, habelə Konvensiyanın 12-ci maddəsinin tətbiq dairəsinə düşür. Müvafiq olaraq, Konvensiyanın 8-ci və 12-ci maddələri ilə birgə götürülməklə Konvensiyanın 14-cü maddəsi bu işə tətbiq edilir.
111. Məhkəmə qeyd edir ki, ərizəçinin Konvensiyanın 14-cü maddəsi üzrə şikayətləri onun qadın identifikasiya nömrəsi almaq üçün müraciət etməsi ilə və bu məsələdə üzləşdiyi problemlərlə əlaqədardır. Şikayətlərində ərizəçi öz vəziyyətini hər hansı əlavə tələb olmadan doğulduqları andan avtomatik olaraq cinsiyyətləri hüquqi cəhətdən tanınan və nikahları, ərizəçinin sözlərinə görə, onunku kimi "məcburi" boşanma riskinə gətirib çıxarmayan sisseksualların vəziyyəti ilə müqayisə edib.
112. Böyük Palata Palata ilə razılaşır ki, ərizəçinin vəziyyəti bir-biri ilə müqayisə olunmaq üçün sisseksualların vəziyyəti ilə yetərincə oxşar deyil. Buna görə də ərizəçi sisseksuallarla eyni vəziyyətdə olduğunu iddia edə bilməz.
113. Yekun olaraq Məhkəmə bu qənaətə gəlir ki, Konvensiyanın 8-ci və 12-ci maddələri ilə birgə götürülməklə Konvensiyanın 14-cü maddəsinin pozuntusu baş verməyib.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ:
1. Üç səsə qarşı on dörd səslə qərara alır ki, Konvensiyanın 8-ci maddəsi pozulmayıb;
2. Üç səsə qarşı on dörd səslə qərara alır ki, işi Konvensiyanın 12-ci maddəsi üzrə araşdırmağa ehtiyac yoxdur;
3. Üç səsə qarşı on dörd səslə qərara alır ki, Konvensiyanın 8-ci və 12-ci maddələri ilə birgə götürülməklə Konvensiyanın 14-cü maddəsi pozulmayıb;
Qərar ingilis və fransız dillərində tərtib edilib və 16 iyul 2014-cü ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmədə elan olunub.
Dean Şpilmann (Dean Spielmann)
Sədr
Con Kallevart (Johan Callewaert)
Katib müavini
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy