© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Avropa İnsan Hüquqları Məhkəməsi
DÖRDÜNCÜ BÖLMƏ
HARAKÇİYEV (HARAKCHIEV) VƏ TOLUMOV (TOLUMOV)
BOLQARISTANA QARŞI məhkəmə işi
(Ərizələr № 15018/11 və 61199/12)
QƏRAR
[Çıxarışlar]
Strasburq
8 iyul 2014-cü il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qəti qərara çevriləcək. Ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Harakçiyev və Tolumov Bolqarıstana qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (Dördüncü Bölmə),
hakimlər:
İneta Ziemele (Ineta Ziemele), sədr,
Pyaivi Hirvela (Päivi Hirvelä),
George Nikolau (George Nicolaou),
Ledi Bianku (Ledi Bianku),
Zdravka Kalayciyeva (Zdravka Kalaydjieva),
Pol Mahoni (Paul Mahoney),
Kşiştof Voytsiçek (Krzysztof Wojtyczek),
habelə Bölmə Katibinin müavini Fatoş Aracıdan (Fatoş Aracı) ibarət tərkibdə Palatada iclas keçirərək,
24 iyun 2014-cü ildə qapalı müşavirə keçirərək,
həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən iki Bolqarıstan vətəndaşı – cənab Mitko Georgiyev Harakçiyev (Mitko Georgiev Harakchiev) və cənab Lüdvik Slavov Tolumov (Liudvik Slavov Tolumov) (“ərizəçilər”) tərəfindən, müvafiq olaraq, 22 fevral 2011-ci ildə və 11 sentyabr 2012-ci ildə Məhkəməyə təqdim edilmiş Bolqarıstan Respublikasına qarşı ərizələr (№ 15018/11 və 61199/12) əsasında başlanıb.
2. Ərizəçiləri Plovdivdə vəkillik fəaliyyəti ilə məşğul olan cənab M. Ekimciyev (M. Ekimdzhiev) və xanım S. Stefanova (S. Stefanova) təmsil ediblər. Bolqarıstan Hökumətini ("Hökumət") onun nümayəndələri – Ədliyyə Nazirliyindən olan xanım İ. Stançeva-Çinova (I. Stancheva-Chinova) və xanım K. Radkova (K. Radkova) təmsil ediblər.
3. Ərizəçilər konkret olaraq iddia etdilər ki, cənab Harakçiyevin ömürlük (həmişəlik) həbs cəzası (доживотен затвор без замяна) qeyri-insani və ləyaqəti alçaldan rəftara bərabərdir, onların saxlanma rejimi və saxlanmalarının maddi şəraiti işgəncəyə və ya qeyri-insani və ləyaqəti alçaldan rəftara bərabərdir və onlar saxlanmalarının maddi şəraiti ilə bağlı səmərəli daxili hüquqi müdafiə vasitəsinə malik olmayıblar.
4. 19 fevral 2013-cü ildə Məhkəmə ərizələri bir icraatda birləşdirməyi qərara alaraq onları qismən qəbul olunan elan etdi və: a) cənab Harakçiyevin (həmişəlik) ömürlük həbs cəzası; b) ərizəçilərin saxlanma rejimi və şəraiti; c) cənab Tolumovun həbsxanadakı yazışmalarının iddia edilən yoxlanılması; və d) ərizəçilərin saxlanmalarının maddi şəraiti ilə bağlı səmərəli daxili hüquqi müdafiə vasitəsinə malik olmamaları haqqındakı şikayətlər barəsində Hökumətə məlumat verməyi qərara aldı.
5. 17 iyul 2013-cü ildə Məhkəmə tərəfləri müvafiq qeydlərində əlavə məsələyə aydınlıq gətirməyə dəvət etdi.
FAKTLAR
I. İŞİN HALLARI
6. Birinci ərizəni (№ 15018/11) vermiş ərizəçi cənab Harakçiyev 1968-ci ildə doğulub. O hazırda Stara Zaqora həbsxanasında ömürlük (həmişəlik) həbs cəzası çəkir (aşağıda 58-60-cı və 65-ci bəndlərə bax).
7. İkinci ərizəni (№ 61199/12) vermiş ərizəçi cənab Tolumov 1954-cü ildə doğulub. O hazırda Plovdiv həbsxanasında ömürlük həbs cəzası çəkir (aşağıda 56-cı və 65-ci bəndlərə bax).
A. Cənab Harakçiyev
1. Cənab Harakçiyevin cinayət bioqrafiyası və ömürlük (həmişəlik) həbs cəzası
8. Peşəsinə görə sürücü və avtomexanik olan cənab Harakçiyev 1992-ci ildən 2005-ci ilədək qeyri-zorakı cinayətlərə: oğurluğa və ağırlaşdırıcı hallarla oğurluğa (dörd məhkumluq), dələduzluğa və ağırlaşdırıcı hallarla dələduzluğa (üç məhkumluq) görə səkkiz dəfə məhkum edilmişdi. Ona iki ildən beş ilədək azadlıqdan məhrumetmə cəzası verilmişdi.
9. 21 yanvar 2003-cü ildə Haskovo regional məhkəməsi cənab Harakçiyevi qanunsuz odlu silah saxlamaqda və 2001-ci il oktyabrın 14-dən noyabrın 6-dək nəqliyyat vasitələrində dörd dəfə silahlı soyğunçuluq etməkdə məhkum etdi, sonunculardan ikisi adamöldürmə cəhdi ilə, ikisi isə adamöldürmə ilə müşayiət olunmuşdu. Məhkəmə ona ömürlük (həmişəlik) həbs cəzası verdi.
10. 26 iyun 2003-cü ildə Plovdiv Apellyasiya Məhkəməsi cənab Harakçiyev barəsindəki ittiham hökmünü və cəzanı qüvvədə saxladı.
11. 23 noyabr 2004-cü il tarixli yekun qərarda (реш. № 476 от 23 ноември 2004 г. по н. д. № 901/2003 г., ВКС, ІІІ н. о.) Ali Kassasiya Məhkəməsi də eynilə cənab Harakçiyev barəsindəki ittiham hökmünü və cəzanı qüvvədə saxladı. Həmin məhkəmə digər məsələlərlə yanaşı bildirdi ki, onun cinayətlərinin ağırlığını (xüsusən onların qətiyyətlə və qəddarlıqla törədildiyini) nəzərə alsaq, daha yüngül cəza, məsələn, sonradan başqa cəza ilə əvəzlənməsi mümkün olan ömürlük azadlıqdan məhrumetmə cəzası (доживотен затвор със замяна) adekvat olmazdı. Cənab Harakçiyevin təqsirini etiraf etməsi və cinayətkar fəaliyyətlərinin üstünün açılmasında istintaq orqanlarına kömək etməsi bu cəzanı dəyişdirə bilməzdi.
2. Stara Zaqora həbsxanasında saxlanma şəraiti və cənab Harakçiyevə tətbiq edilmiş həbsxana rejimləri
12. Cənab Harakçiyev 18 yanvar 2002-ci ilədək Stara Zaqora həbsxanasında saxlanıldı. O əvvəlcə "gücləndirilmiş rejimdə" saxlanıldı (aşağıda 115-ci bəndə bax). "Cəzaların icrası və məhkəməyəqədər həbsdə saxlanma haqqında" 1 iyun 2009-cu il tarixli qanun qüvvəyə mindikdən sonra onun rejimi həmin qanun əsasında "ciddi rejim" ilə əvəzləndi (aşağıda 118-ci bəndə bax). 17 iyun 2009-cu ildə Cəzaların icrası komissiyası (aşağıda 121-ci bəndə bax) Stara Zaqora regional məhkəməsinə cənab Harakçiyevin adətən ömürlük həbs cəzası almış məhbuslara tətbiq edilən "xüsusi rejimdə" saxlanılmasını təklif edərək onun "mənfi davranışına" və daxili qaydalara hörmət etməməsinə istinad etdi, habelə bu faktı qeyd etdi ki, istənilən halda o əvvəlcədən bu rejimdə saxlanılmalı idi. 21 iyul 2009-cu ildə Stara Zaqora regional məhkəməsi bu təklifi qəbul etdi. Cənab Harakçiyevin bu qərara qarşı 12 iyul 2009-cu ildə məhkəməyə verdiyi şikayət Stara Zaqora regional məhkəməsi və Plovdiv Apellyasiya Məhkəməsi tərəfindən vaxtı ötmüş şikayət kimi rədd edildi. Hökumət bildirdi ki, hazırda penitensiar orqanların cənab Harakçiyevin həbsxana rejimində növbəti dəyişiklik etmək niyyətləri yoxdur.
13. 2005-ci ilin dekabrından 2013-cü ilin martınadək cənab Harakçiyevə doqquz intizam cəzası verildi. Belə cəzalardan sonuncuları 2012-ci ilin avqustunda və 2013-cü ilin martında aşağıdakılarla əlaqədar təyin edilmişdi: a) 4 avqust 2012-ci ildə səhər gəzintisi zamanı digər bir məhbusla dalaşma ilə; və b) 18 fevral 2013-cü ildə digər məhbusun ümumi tualetdə qoyub getdiyi ərzağın oğurlanması ilə. Birinci ilə əlaqədar olaraq cənab Harakçiyevə töhmət verildi, ikinci ilə əlaqədar isə o, üç günlüyə intizam kamerasında təcrid halında saxlanıldı.
14. Cənab Harakçiyevin kamerası (hazırda o orada təkdir, amma görünür, 2002-ci ildən 2007-ci ilədək həmin kameranı başqa məhbusla paylaşıb) həbsxananın yüksək təhlükəsizlik tədbirləri tətbiq edilən sağ cinahında idi, ora ömürlük həbs cəzası almış məhbuslar üçün ayrılmışdı. Cənab Harakçiyevin sözlərinə görə, konkret olaraq təkcə mebelin 4.50 kvadrat metr yer tutduğunu nəzərə alsaq, kamera kifayət qədər kiçik idi və gecələr daim yanan 60 vattlıq közərmə lampası ilə işıqlandırılırdı. Hökumətin bildirdiyinə görə, kameranın ölçüsü kiçik deyildi. Onun sahəsi 4,30 x 1,81 kvadrat metr, hündürlüyü 3,95 metr idi, döşəmənin ümumi sahəsi 7,78 kvadrat metr təşkil edirdi. O, kiçik metal dolabla, ikiyaruslu iki metal çarpayı ilə, iki taburetlə və balaca masa ilə təchiz olunmuş, onların hamısı təhlükəsizlik səbəblərinə görə döşəməyə bərkidilmişdi. Kamerada cənuba baxan pəncərə vardı, ölçüsü 1,76 x 1,25 metr idi. Kamerada süni işıqlandırma sistemi 36 vattlıq iki lüminessent lampadan ibarət idi. Cənab Harakçiyevin sözlərinə görə, közərmə lampaları yalnız 2012-ci ildə lüminessent lampalarla əvəzlənmişdi. O həmçinin qeyd etdi ki, kamerada zəif işıqlı gecə lampaları yox idi.
15. Stara Zaqora həbsxanasında ventilyasiya və ya kondisioner sistemi yox idi. Cənab Harakçiyev iddia etdi ki, bunun nəticəsində yayda kamerasında temperatur çox yüksək olur və içəridə təmiz hava olmurdu. Qışda istilik səhər, günorta və axşam bir saatlıq müddətlərlə verilirdi. Hökumətin bildirdiyinə görə, kameranın pəncərəsini açmaq olardı ki, bu da istənilən vaxt kameraya hava daxil olmasına imkan verirdi. Həbsxananın öz isitmə qurğusu vardı ki, o da iki qazanxanadan və istilik mübadiləsi sistemindən ibarət idi. Qazanxana gündə doqquz saat ərzində yandırılırdı, amma onun qızdırdığı su daim isitmə qurğusunda dövr edirdi. Cənab Harakçiyevin sözlərinə görə, onun kamerasındakı radiator hər gün yalnız otuz dəqiqə ərzində isti olurdu, kamera pəncərəsinin və metal qapının təmirsiz vəziyyətdə olması qışda onun kamerasında temperaturun aşağı olmasına şərait yaradan amillər idi. Cənab Harakçiyev həmçinin bildirdi ki, paltarlarını kamerada qurutmağa məcbur olduğuna görə içəri çox rütubətli olurdu. Nəticədə divarın boyası və malası qopurdu.
16. Cənab Harakçiyevin sözlərinə görə, həbsxananın ümumi sahələri yalnız kalsium hipoxloritlə ağardılmaqla təmizlənir, kameralar isə yalnız su ilə təmizlənirdi. Bu iddiasının təsdiqi olaraq cənab Harakçiyev onun şikayəti əsasında aparılmış məhkəmə icraatının gedişində məhbus yoldaşlarından birinin verdiyi şahid ifadəsinə istinad etdi. Hökumətin bildirdiyinə görə, həbsxananın ümumi sahələri sadəcə ağardılmaqla təmizlənmirdi. Onlar hər gün yuyucu vasitələrlə təmizlənirdi və ən azı ildə iki dəfə həşərat və siçovullara qarşı nəzarət tədbirləri görülürdü, son dörd ildə həyata keçirilmiş bu cür xidmətlərə dair hesab-fakturalar da bunu təsdiqləyirdi. Cənab Harakçiyev bunun cavabında bildirdi ki, həmin hesab-fakturalar həqiqətən Hökumətin iddia etdiyi kimi yuyucu vasitələrdən istifadə edildiyini sübuta yetirmir. O həmçinin bildirdi ki, kamerasında daim tarakanlar və siçanlar olurdu və bununla bağlı həbsxana müdiriyyətinə etdiyi şikayətlərin heç birinə məhəl qoyulmurdu. O daha sonra bildirdi ki, kamerasının pəncərəsinə tor çəkilmədiyinə görə ifrazatların qoxusuna və daimi gecə işığına gələn həşəratlar daim kameraya daxil olur və onu dişləyirdilər.
17. Kamerada tualet və ya axar su yox idi. Cənab Harakçiyev bildirdi ki, bunun nəticəsində gündə üç dəfə ümumi tualetə getməkdən savayı qalan hallarda təbii ehtiyacını ödəmək üçün plastmas vedrədən istifadə etməli olurdu. Kamerasını başqa məhbusla paylaşdığı dövrdə bunu onun yanında etməli olurdu. Axar suyun olmaması onun təbii ehtiyacını ödədikdən sonra əllərini və ya vedrəni yumasının qarşısını alırdı. Hökumət qeyd etdi ki, yüksək təhlükəsizlik tədbirləri tətbiq edilən bölmədə tualet və vanna otağı gündə üç dəfə məhbusların ixtiyarında idi, həmçinin mühafizəçilərdən bunu xahiş etdikləri istənilən vaxtda onlar oraya buraxılırdılar. Buna görə də demək olmazdı ki, cənab Harakçiyev təbii ehtiyacını ödəmək üçün vedrədən istifadə etməyə məcbur edilirdi; bu onun öz seçimi idi. Faktiki olaraq onun kamerasında ondan artıq vedrə vardı, orada geyimini, yuyulmalı paltarlarını və digər əşyalarını saxlayırdı. Cənab Harakçiyev bunun cavabında bildirdi ki, saat 5.30-dan 20-dək gündə üç dəfə tualetə getdiyi vaxtlardan savayı qalan vaxtlarda mühafizəçilər tualetə getməsinə imkan vermək üçün onun kamerasını heç vaxt açmırdılar. Buna görə də sanitar-gigiyenik ehtiyaclarına görə vedrədən istifadə etməsi onun seçimi deyildi.
18. Gündə bir saatlıq gəzintidən savayı cənab Harakçiyev kamerasından gündə üç dəfə tualetə getmək üçün çıxa bilirdi. Hər dəfə oraya getdiyi zaman o həm də vedrəni boşalda, əlləri ilə yuya və su tələbatını və sanitar-gigiyenik ehtiyaclarını ödəmək üçün plastmas butulkaları su ilə doldura bilirdi. Onun sözlərinə görə, tualetdə olması səhərlər üç dəqiqədən, nahar vaxtı və axşamlar on dəqiqədən artıq çəkmirdi və bölmədəki digər məhbusların oraya getdiyi vaxtla üst-üstə düşmürdü.
19. Cənab Harakçiyevin sözlərinə görə, Stara Zaqora həbsxanasındakı məhbuslar yalnız on dörd-on beş gündən bir duş qəbul edə bilirdilər. Hökumətin bildirdiyinə görə, həbsxananın yüksək təhlükəsizlik tədbirləri tətbiq edilən bölməsindəki bütün məhbuslar həftədə iki dəfə duş qəbul edə bilərdilər.
20. Cənab Harakçiyevin sözlərinə görə, qohumları və ya vəkilləri ona baş çəkərkən onunla xüsusi otaqda görüşürdülər. Məhbuslarla ziyarətçiləri məftil torlardan ibarət maneə ayırırdı və məhbuslar oturmuş vəziyyətdə olmalı idilər. Orada həmişə həbsxana əməkdaşı olurdu. Hökumətin bildirdiyinə görə, görüşlər zamanı həbsxana əməkdaşı yalnız qayda-qanunu təmin etmək üçün orada olurdu və söhbətləri eşidə bilməzdi. Vəkillərin ziyarətləri ayrıca otaqda olurdu, orada heç bir başqa şəxs olmurdu. Yeganə nəzarət forması vizual müşahidə idi. Bu baxımdan Hökumət diqqəti bu fakta cəlb etdi ki, cənab Harakçiyevin həbsxana müdiriyyətinə qarşı qaldırdığı çoxsaylı iddialar nəticəsində o, 2009-cu ilin ortalarınadək 97 gün, 1 yanvar 2010-cu ildən 18 may 2012-ci ilədək isə 255 gün, yaxud bütövlükdə bu müddətin 54 faizini Stara Zaqora həbsxanasından kənarda keçirib.
21. Cənab Harakçiyevin sözlərinə görə, həbsxanada yeməklər pis hazırlanırdı, aşağı keyfiyyətli və dadsız idi, soyuq halda və pis gigiyenik şəraitdə verilirdi, miqdarı da yetərli deyildi. Ət həftədə bir dəfə verilirdi. Qalan vaxtlarda yeməklər şorba halında və ya pörtlədilmiş halda verilən paxlalılardan, mərcidən, kələmdən və kartofdan ibarət olurdu. Hökumətin bildirdiyinə görə, yeməklərin miqdarı, kimyəvi və kalori tərkibi tamamilə adekvat idi. Gündəlik porsiya 2,662 kalori təşkil edirdi, ən azı gündə bir dəfə yeməklərdə ət olurdu. Cənab Harakçiyev bunun cavabında bildirdi ki, əslində "ət" ifadəsi qaynadılmış sümükləri və ya konservləşdirilmiş əti bildirirdi. Hər iki tərəf müvafiq iddialarını təsdiq etmək üçün menyuları və cədvəlləri təqdim etdilər.
22. Cənab Harakçiyevin sözlərinə görə, Stara Zaqora həbsxanasında tibbi yardım bütün məhbuslara ümumi qaydada aspirin və ya analgin verilməsindən ibarət idi, bütün digər dərmanları isə məhbuslar özləri almalı idilər. Hökumətin bildirdiyinə görə, həbsxananın tibb mərkəzi terapevtlə, üç feldşerlə (əsas həbsxana binası üçün bir feldşer və həbsxananın iki yataqxanasının hər biri üçün bir feldşer), tibb bacısı ilə, psixiatrla və diş həkimi ilə təchiz olunmuşdu. Tibbi müayinələr gündəlik əsasda aparılırdı, təxirəsalınmaz hallarda məhbuslar Stara Zaqora xəstəxanasının təcili yardım palatasına aparıla bilərdilər. Yüksək təhlükəsizlik tədbirlərinin tətbiq edildiyi bölmədə tibbi müayinələr adətən cümə günləri aparılırdı. Məhbuslar həmçinin kənar mütəxəssislərdən məsləhətlər ala və ya penitensiar sistemin Sofiyadakı və Loveçdəki xəstəxanalarında müalicə oluna bilərdilər. Dərmanlar adətən həbsxananın tibb mərkəzi tərəfindən təmin edilirdi, yaxud həbsxana xaricindən əldə edilə bilərdi. Cənab Harakçiyevin özü üçün əldə etdiyi yeganə dərman bir ədədinin qiyməti 7,31 bolqar levi (BGN) olan rivotril (klonazepam) idi ki, buna da səbəb tibb mərkəzində həmin dərmanın olmaması idi. Cənab Harakçiyev bunun cavabında əlavə təfsilatlara varmadan bildirdi ki, adətən dərmanları özü almalı olurdu. O həmçinin bildirdi ki, ona göstərilən stomatoloji yardım sadəcə dişlərinin çıxarılmasından ibarət idi; onun protez dişlərlə təmin edilməsinə açıq-aydın ehtiyac olduğuna baxmayaraq, həbsxana müdiriyyəti bu baxımdan heç bir tədbir görməmişdi. Hökumət bunun cavabında bildirdi ki, protez dişlərin qoyulması Bolqarıstanda sağlamlığı sığorta olunan hər hansı şəxsə göstərilən standart tibbi yardımın tərkib hissəsini təşkil etmirdi və bu yardım pulsuz göstərilə bilməzdi.
23. Hökumət həmçinin iddia etdi ki, cənab Harakçiyev onun bölməsinə görə cavabdeh olan xüsusi müfəttişlə də görüşə bilərdi. O həmçinin psixoloqla, həbsxananın rəisi ilə və ya rəis müavini ilə, yaxud həbsxana personalının hər hansı digər üzvü ilə görüşmək üçün müraciət edə bilərdi. O həm də gündəlik gəzintilər zamanı və yemək vaxtlarında eyni kateqoriyadan olan digər məhbuslarla ünsiyyətdə ola bilərdi. O həmçinin əlli kanalı olan kabel televiziyasından, həbsxana kitabxanasından istifadə edə və dini ayinləri icra edə bilərdi. Öz növbəsində cənab Harakçiyev bildirdi ki, işləmək və ya idmanla məşğul olmaq, mədəni və ya təhsil fəaliyyətlərində iştirak etmək istəyini ifadə etməsinə baxmayaraq, ona belə imkan verilməyib. Hökumət daha sonra iddia etdi ki, 2006-cı ilin noyabrında stress səviyyəsini azaltması üçün cənab Harakçiyevin yoqa kursunda iştirak etməsinə icazə verilib.
24. Cənab Harakçiyevin 2009, 2010, 2011 və 2013-cü illərdə psixoloq tərəfindən aparılmış illik müayinələrinin Hökumət tərəfindən təqdim edilmiş yekun rəyləri çox oxşardır. Onların hamısında çox vaxt eyni sözlərdən istifadə edilməklə deyilir ki, onun davranışı təmasda olduğu penitensiar müəssisələrə və həbsxana əməkdaşlarına qarşı "apardığı kampaniya" ilə xarakterizə olunub və əsas etibarı ilə məhkəməyə müxtəlif şikayətlər verməkdən və digər məhbusları onun xeyrinə "yalan ifadə" verməyə təhrik etməkdən ibarət olub. Onunla dialoq aparmaq çox çətin olub, əsasən ona görə ki, o, hakimiyyət orqanlarına hörmətlə yanaşmayıb, hüquqlarından xəbərdar olmaqla xırdaçılığa gedib, inadkarlıq göstərib və penitensiar orqanlara qarşı qaldırdığı işlərdə müvafiq əməkdaşları ifadə verməyə çağırmağa meylli olub. Onun şəxsiyyəti, cinayətlərinin xarakteri və davranışının sərtliyi nəzərə alınmaqla onun ciddi ziyan törətməsi riski yüksək olub. O, həbsxana personalına qarşı aqressiv sözlərə yol verib.
...
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ PRAKTİKA
A. Ömürlük həbs
1. Tarixi qeydlər
51. 1878-ci ildə Bolqarıstanın dövlət müstəqilliyi bərpa edildikdən sonra qüvvəyə minmiş ilk hərtərəfli cinayət hüququ aktı olan 1896-cı il tarixli "Cinayət qanunu"nda ömürlük həbsdə saxlanılma formasında ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdu (15-ci maddənin 1-ci bəndi). Ömürlük həbs cəzasına məhkum edilən şəxslər ən azı cəzalarının on beş ilini çəkdikləri və "nümunəvi davrandıqları" halda azad edilə bilərdilər (20-ci maddənin 1-ci və 3-cü bəndləri).
52. 1896-cı il tarixli qanunu əvəz etmiş və 1956-cı ildən Cinayət Məcəlləsi adlandırılan 1951-ci il tarixli "Cinayət qanunu"nda cəza forması qismində ömürlük həbs cəzası nəzərdə tutulmamışdı.
2. 1968-ci il tarixli Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəza təyinetmə sistemi
53. 1956-cı il tarixli Cinayət Məcəlləsini əvəz etmiş 1968-ci il tarixli Cinayət Məcəlləsinin 36-cı maddəsində cinayət cəzasının məqsədləri müəyyən edilir. 1-ci bənddə deyilir ki, cəza aşağıdakı məqsədlərlə təyin olunur: a) məhkum olunmuş cinayətkarı qanunlara riayət etməsi və yüksək mənəviyyata yiyələnməsi üçün islah və yenidən tərbiyə etmək; b) məhkum olunmuş şəxsi növbəti cinayətlər törətməkdən çəkindirmək və bunun qarşısını almaq; və c) cəmiyyətin digər üzvlərinə xəbərdarlıq etmək və onları belə əməllərdən çəkindirmək. 2-ci bənddə deyilir ki, cəza fiziki əzab vermə və ya insan ləyaqətini alçaltma məqsədi daşıya bilməz.
54. Məcəllənin 37-ci maddəsində müxtəlif cinayət cəzaları sadalanır, 38-52-ci maddələrində isə həmin cəzaların xarakteristikaları verilir. 1986-cı ilədək mümkün olan ən uzunmüddətli azadlıqdan məhrumetmə cəzası iyirmi il müddətinə azadlıqdan məhrumetmə idi (Məcəllənin 39-cu maddəsinin 2-ci və 3-cü bəndlərinin 1968-ci ildən 1986-cı ilədək qüvvədə olmuş redaksiyasına əsasən). 1986-cı ildə maksimal cəza otuz il müddətinə azadlıqdan məhrumetməyədək artırıldı.
55. Məcəllənin 37-ci maddəsinin 2-ci bəndinin və 38-ci maddəsinin 1998-ci ilin dekabrında ölüm cəzası ləğv edilənə qədər qüvvədə olmuş redaksiyasına əsasən, məhkəmələr ölüm cəzasını yalnız qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə və yalnız daha yüngül cəza təyin etməklə cinayət cəzasının cəzalandırıcı və çəkindirici məqsədlərinə nail olunmayacağı qənaətinə gəldikləri təqdirdə təyin edə bilərdilər. Məcəllənin 38-ci maddəsinin 4-cü bəndinə əsasən, ölüm cəzası onun Respublika prezidenti tərəfindən başqa cəza ilə əvəzlənməsi məsələsinə baxılmayana qədər icra oluna bilməzdi.
56. 1995-ci ilədək ölün cəzasından sonra ən ağır cəza müstəsna hallarda təyin olunan otuz il müddətinə azadlıqdan məhrumetmə idi (Məcəllənin 39-cu maddəsinin 2-ci bəndinin 1986-cı ildən sonra qüvvədə olmuş redaksiyasına əsasən). 1995-ci ildə qanunvericiliyə yeni cəza – ömürlük həbs cəzası (доживотен затвор) daxil edildi, Məcəlləyə yenicə əlavə olunmuş 38a maddəsinin 1-ci bəndində ona belə anlayış verilmişdi: "məhkumun ömrünün sonunadək cəzaçəkmə müəssisəsinə yerləşdirilməsi". Məhkum olunmuş cinayətkar cəzasının ən azı iyirmi ilini çəkdikdən sonra bu cəza məhkəmə tərəfindən otuz il müddətinə azadlıqdan məhrumetmə ilə əvəzlənə bilərdi (Məcəllənin 38a maddəsinin 3-cü bəndi).
57. Ölüm cəzasına məhkum olunmuş şəxslərin cəzalarının icrası sonuncu dəfə 1989-cu ilin noyabrında həyata keçirilmişdi. Ölüm cəzasının icrasına faktiki moratorium qoyulmasının ardınca 20 iyul 1990-cı ildə parlament rəsmi moratorium tətbiq etdi. Bu məsələ barəsində və ölüm cəzasının ləğvi ilə bağlı sonrakı müzakirələr haqqında əlavə təfsilatlar üçün Yorqov Bolqarıstana qarşı məhkəmə işinə bax (ərizə № 40653/98, 12-28-ci bəndlər, 11 mart 2004-cü il).
58. Ölüm cəzasının ləğvi 27 dekabr 1998-ci ildən qüvvəyə mindi. Eyni zamanda, qanunvericiliyə yeni cəza – ömürlük (həmişəlik) həbs cəzası (доживотен затвор без замяна) daxil edildi. Bu cəza 1968-ci il tarixli Cinayət Məcəlləsinin xüsusi cinayətlərə aid müddəalarında yer alan ölüm cəzasını əvəz etdi.
59. Məcəllənin 37-ci maddəsinin 2-ci bəndinin dəyişiklikdən sonrakı redaksiyasında deyilir:
"Respublikanın əsaslarına təhlükə yaradan ən ağır cinayətlər və digər qəsdən törədilən xüsusilə ağır cinayətlər müvəqqəti və müstəsna qaydada ömürlük (həmişəlik) həbs cəzası ilə cəzalandırılır".
60. Məcəllənin 38-ci maddəsinin dəyişiklikdən sonrakı redaksiyasında deyilir:
"1. Ömürlük (həmişəlik) həbs cəzası ... yalnız xüsusilə ağır cinayətə görə və 36-cı maddədə təsbit olunmuş [cəzalandırma] məqsədinə daha yüngül cəza vasitəsilə nail oluna bilmədiyi təqdirdə təyin olunur.
2. Ömürlük (həmişəlik) həbs cəzası cinayət törədilən anda iyirmi yaşına çatmayan şəxsə, yaxud silahlı qüvvələrdə qulluq edən şəxs barəsində və ya müharibə dövründə tətbiq edildiyi təqdirdə on səkkiz yaşına çatmayan şəxsə təyin oluna bilməz. Ömürlük (həmişəlik) həbs cəzası cinayət törədilən anda və ya cəza təyin edilən anda hamilə olan qadına təyin oluna bilməz".
61. Məcəlləyə dəyişiklik edilməsi barədə qanun layihəsinə əlavə olunmuş izahedici qeydlərdə deyilir:
"Qanun layihəsi ölüm cəzasının yeni cəza ilə – ömürlük (həmişəlik) həbslə əvəzlənməsini nəzərdə tutur ki, bu da sonradan başqa cəza ilə əvəzlənməsi mümkün olan ömürlük azadlıqdan məhrumetmə cəzasından fərqlənir. Bu cəza məhbusu cəmiyyətdən xaric edəcək, onu yeni cinayətlər törətmək imkanından məhrum edəcək və potensial cinayətkarlara çəkindirici təsir göstərəcək".
62. Qanun layihəsinin parlamentdə müzakirəsi 27 noyabr 1998-ci ildə (birinci oxunuş) və 10 dekabr 1998-ci ildə (ikinci oxunuş) baş tutdu.
63. Birinci müzakirələrin gedişində parlamentin bir sıra üzvləri ölüm cəzasının ləğvinin lehinə çıxış etdilər. Eyni zamanda, parlamentin bir üzvü dedi ki, əgər bu təklif ömürlük (həmişəlik) həbs cəzasının tətbiqi ilə müşayiət olunarsa, onu yalnız dəstəkləyər. Həmçinin narahatlıqlar ifadə edildi ki, prezidentin əfv səlahiyyətinin tətbiqi bu cəzanın dəyişdirilməsinin yolverilməzliyinə xələl gətirə bilər. Parlamentin digər bir üzvü qeyd etdi ki, çətin ki, ictimaiyyəti ölüm cəzasının ləğvinin tərəfdarı hesab etmək olar, cəmiyyəti inandırmaq lazımdır ki, ölüm cəzasından qurtulanlar cəmiyyətdən tam təcrid olunmuş halda qalacaqlar. Öz növbəsində Ədliyyə naziri cinayət cəzalarının icrası barədə qanunvericiliyə əhəmiyyətli dərəcədə dəyişikliklər edilməsini öhdəsinə götürdü, bunda məqsəd ömürlük (həmişəlik) həbs cəzasına məhkum edilənlərin təcrid olunmasından və beləliklə onların həbsxanada cinayət törətməsinin və ya komfortlu şəraitdən yararlanmasının qarşısını almaqdan ibarət idi. O daha sonra dedi ki, təcrid olunma səviyyəsi diqqətlə qiymətləndirilməlidir ki, müvafiq şəxslərin insan hüquqları pozulmasın.
64. İkinci müzakirələrin gedişində parlamentin bir üzvü qeyd etdi ki, iki növ ömürlük azadlıqdan məhrumetmə cəzasının olması paradoksaldır, amma o bunu müvəqqəti hal kimi qəbul edə bilər. O daha sonra dedi ki, onun fikrincə, prezidentin əfv səlahiyyəti qanunla məhdudlaşdırıla bilməz. Lakin digər bir parlament üzvü dedi ki, tədbir görmək və ehtiyac yaranarsa prezidentin əfv səlahiyyətinin çərçivəsini məhdudlaşdırmaq lazımdır ki, dəyişiklik qəbul edilməyəcəyi təqdirdə ölüm cəzasına məhkum olunanlar bir gün belə azadlıqda gəzməsinlər. Parlamentin digər üzvü belə bir fikir ifadə etdi ki, yeni redaksiyada Məcəllənin yeni müddəaları ömürlük (həmişəlik) həbs cəzası çəkənlər barəsində prezidentin əfv səlahiyyətini həyata keçirməsinin qarşısını alacaq.
65. Beləliklə, ölüm cəzası ləğv ediləndən bəri Məcəllədə azadlıqdan məhrumetmənin üç növü nəzərdə tutulmuşdu: ən çoxu otuz il olmaqla müəyyən müddətə azadlıqdan məhrumetmə, cəzanın başqa cəza ilə əvəzlənməsi mümkün olmaqla ömürlük azadlıqdan məhrumetmə və cəzanın başqa cəza ilə əvəzlənməsi mümkün olmadan ömürlük (həmişəlik) azadlıqdan məhrumetmə. Məcəllədə elə cinayət əməli yoxdur ki, yalnız ömürlük həbs cəzası ilə cəzalandırılmış olsun.
66. 25 yanvar və 6 mart 1999-cu il tarixli iki fərmanla Respublikanın vitse-prezidenti qanuni qüvvəyə minən, amma icra olunmayan bütün ölüm cəzalarını ya cəzanın başqa cəza ilə əvəzlənməsi mümkün olmaqla ömürlük azadlıqdan məhrumetmə ilə (bir işdə), ya da ömürlük (həmişəlik) həbs cəzası ilə (iyirmi bir işdə) əvəz etdi.
3. Cinayət Məcəlləsinin yeni layihəsində nəzərdə tutulmuş cəza təyinetmə sistemi
67. 31 yanvar 2014-cü ildə Hökumət parlamentin qarşısına Cinayət Məcəlləsinin yeni layihəsini çıxardı, onun 1968-ci il tarixli Cinayət Məcəlləsini əvəzləməsi nəzərdə tutulur. Məcəllənin layihəsində ömürlük (həmişəlik) həbs cəzası nəzərdə tutulmayıb; orada yalnız cəzanın başqa cəza ilə əvəzlənməsi mümkün olmaqla ömürlük azadlıqdan məhrumetmə barədə müddəa var. Layihənin müvafiq hissəsində deyilir:
Maddə 47. Cəzaların növləri
"1. ...
2. Qəsdən törədilən xüsusilə ağır cinayətlər ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır".
Maddə 48. Ömürlük azadlıqdan məhrumetmə
"1. Ömürlük azadlıqdan məhrumetmə məhkumun ömrünün sonunadək cəza çəkmə müəssisəsində təcrid olunmasından ibarətdir.
2. Ömürlük azadlıqdan məhrumetmə eyni növ cinayətlərlə müqayisədə xüsusilə ağır olan cinayət törədildiyi təqdirdə və cəzalandırmanın məqsədlərinə daha yüngül cəza vasitəsilə nail olmaq mümkün olmadığı halda təyin olunur.
3. Ömürlük azadlıqdan məhrumetmə aşağıdakı şəxslərə təyin oluna bilməz:
1) cinayət törədildiyi anda yaşı iyirmiyə çatmayan şəxsə;
2) cinayət törədildiyi və ya cəza təyin edildiyi anda hamilə olan qadına".
Maddə 49. Ömürlük azadlıqdan məhrumetmənin müəyyən müddətə azadlıqdan məhrumetmə ilə əvəzlənməsi
"1. Məhkum olunmuş cinayətkar cəzasının ən azı on beş ilini çəkibsə və davranışı ilə islah olunduğunu sübuta yetiribsə, ömürlük azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi on beş il müddətinə azadlıqdan məhrumetmə ilə əvəzlənə bilər.
2. ...
3. 1-ci bənddə nəzərdə tutulmuş azadlıqdan məhrumetmənin müddəti azadlıqdan məhrumetmə cəzasının artıq çəkilmiş olan müddətindən ayrı hesablanır".
68. Məcəllənin layihəsinə əlavə olunmuş izahedici qeydlərdə (səh. 8-də) ömürlük azadlıqdan məhrumetmə ilə bağlı aşağıdakılar deyilir:
"Ömürlük (həmişəlik) azadlıqdan məhrumetmə cəzası ləğv olunmalıdır, çünki o, bu cəzaya məhkum olunan şəxslərin hər hansı ümidinin olmaması səbəbindən hazırda həddən artıq qeyri-insani cəza kimi qəbul edilir.
Digər tərəfdən, başqa cəza ilə əvəzlənməsi mümkün olan ömürlük azadlıqdan məhrumetmə cəzasının saxlanılması təklif olunur. Bu cəzanın müstəsna sərtliyi səbəbindən onun təyin oluna biləcəyi halların sayı məhduddur. Ondan yalnız o halda istifadə edilə bilər ki, cinayət əməli eyni növ cinayətlərlə müqayisədə xüsusilə ağır olsun və cəzalandırmanın məqsədlərinə daha yüngül cəza vasitəsilə nail olmaq mümkün olmasın. Humanitar səbəblərə görə nəzərdə tutulur ki, bu cəza cinayət törədildiyi anda yaşı iyirmiyə çatmayan cinayətkarlara, yaxud cinayət törədildiyi və ya cəza təyin edildiyi anda hamilə olan qadınlara təyin oluna bilməz".
69. Parlament bu layihəni hələ müzakirə etməyib.
B. Əfvetmə və hökmdə dəyişiklik etmə səlahiyyətləri və ömürlük (həmişəlik) həbs cəzasına onların tətbiqi
1. Şərti azadetmə
70. 1968-ci il tarixli Cinayət Məcəlləsinin 70-ci maddəsinin 1-ci bəndinə əsasən, şərti azadetmə yalnız müəyyən müddətə azadlıqdan məhrumetmə cəzalarına şamil oluna bilər. Ömürlük (həmişəlik) həbs cəzasına və ya cəzanın başqa cəza ilə əvəzlənməsi mümkün olmaqla ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş cinayətkarlar şərti azad edilmə hüququna malik deyillər.
2. Hökmün məhkəmə qərarı ilə dəyişdirilməsi
71. 1974-cü il tarixli Cinayət Prosessual Məcəlləsində və 2005-ci il tarixli Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulur ki, regional məhkəmə regional prokurorun vəsatəti əsasında ömürlük azadlıqdan məhrumetmə cəzasını müəyyən müddətə azadlıqdan məhrumetmə ilə əvəz edə bilər (1974-cü il Məcəlləsinin 427-ci və 428-ci maddələri və 2005-ci il Məcəlləsinin 449-cu və 450-ci maddələri). Regional məhkəmə bu məsələni əsaslandırılmış qərar vasitəsilə həll edir; mənfi qərardan yuxarı məhkəmələrə şikayət edilə bilər. Prokurorun təklifi rədd edildikdə iki il ərzində cəzanın dəyişdirilməsi barədə növbəti vəsatət verilə bilməz. Qanunvericilikdə ömürlük (həmişəlik) həbs cəzasına məhkum olunmuş cinayətkarların hökmündə dəyişiklik edilməsi barədə prokurorun müraciət etməsinə dair heç bir müddəa yoxdur.
3. Prezidentin əfv səlahiyyəti
a) Hüquqi baza
i) Konstitusiya və qanunvericilik normaları
72. 13 iyul 1991-ci ildə qüvvəyə minmiş 1991-ci il Konstitusiyasının 98-ci maddəsinin 11-ci bəndinə əsasən, əfv səlahiyyəti Respublika prezidentinin müstəsna hüququdur.
73. Həmin dövrdə prezidentin bu səlahiyyətinin hüdudlarını müəyyən edən 1968-ci il tarixli Cinayət Məcəlləsinin 74-cü maddəsində deyilirdi:
"Prezident şəxsi bağışlayaraq onu cəza çəkməkdən bütünlüklə və ya qismən azad etməklə, ölüm cəzası hallarında isə onu əfv etməklə və ya cəzasını dəyişməklə özünün əfv səlahiyyətindən istifadə edə bilər".
74. Məcəllənin 74-cü maddəsinə edilmiş və 13 oktyabr 2006-cı ildən qüvvəyə minmiş dəyişiklikdə nəzərdə tutulur ki, ölüm cəzası ilə bağlı prezidentin səlahiyyəti ömürlük (həmişəlik) həbs cəzasına və ya cəzanın başqa cəza ilə əvəzlənməsi mümkün olmaqla ömürlük azadlıqdan məhrumetmə cəzasına da şamil olunur.
75. Bu, 1991-ci il Konstitusiyasının 104-cü maddəsində nəzərdə tutulan və 1991-ci ildən bəri prezident tərəfindən Respublikanın vitse-prezidentinə ötürülən diskresion səlahiyyətdir. Onun tətbiqinə adi məhkəmələr tərəfindən yenidən baxıla bilməz (bax: опр. № 2429 от 20 февруари 2012 г. по адм. д. № 817/2012 г., ВАС, ІІІ о.).
ii) Konstitusiya Məhkəməsinin 2012-ci il tarixli 6 saylı qərarı
76. Parlamentin altmış bir üzvünün müraciətindən sonra qəbul edilmiş 11 aprel 2012-ci il tarixli 6 saylı qərarında (реш. № 6 от 11 април 2012 г. к. д. № 3/2012 г., обн., ДВ, бр. 15 от 2012 г.) Konstitusiya Məhkəməsi 1991-ci il Konstitusiyasının 98-ci maddəsinin 11-ci bəndinə (yuxarıda 72-ci bəndə bax) məcburi qüvvəyə malik şərh verdi və digər məsələlərlə yanaşı, 22 yanvar 2002-ci ildən 22 yanvar 2012-ci ilədək vəzifədə olduqları iki dövrdə keçmiş prezidentin və vitse-prezidentin əfv səlahiyyətlərini necə tətbiq etdikləri ilə bağlı araşdırma aparılması üçün xüsusi (ad hoc) komitə yaradılması barədə parlamentin 15 fevral 2012-ci il tarixli qərarını səlahiyyət həddini aşan və hakimiyyət bölgüsü prinsipini pozan qərar sayaraq konstitusiyaya zidd elan etdi (aşağıda 89-cu bəndə bax). Məhkəmə izah etdi ki, həmin bənddə nəzərdə tutulmuş prezidentin əfv səlahiyyəti kralın müstəsna əfv hüququnun müasir ekvivalentidir və humanizm prinsipinə əsaslanır. Bu səbəbdən həmin səlahiyyət xüsusi əsaslara görə məhdudlaşdırıla bilməz və prezident tərəfindən (yaxud o, bu səlahiyyətini vitse-prezidentə ötürdükdə sonuncu tərəfindən) hər bir işin konkret halları əsasında tətbiq edilməlidir. O, hökm qüvvəyə mindiyi andan həyata keçirilə və cəzanın bütünlüklə və ya qismən dəyişdirilməsindən və ya daha yüngül cəza ilə əvəzlənməsindən ibarət ola bilər. O, məhkəmə hakimiyyətinin müstəqilliyinə zidd deyil, çünki şəxsin cinayət məsuliyyətindən azad edilməsinə səbəb olmur, sadəcə olaraq həmin şəxsi cinayət məhkəmələrinin tətbiq etdiyi cəzanı çəkməkdən azad edir. Həmin səlahiyyətin hansı formada tətbiq edilməli olduğunun qanunvericilikdə təsbit olunmasına yol verilə bilər, amma onun tətbiq edilməsinin əsaslarının parlament tərəfindən müəyyən edilməsinə və ya məhdudlaşdırılmasına, yaxud onun tətbiq edilmə əsaslarına parlament tərəfindən təsir göstərilməsi cəhdlərinə yol verilə bilməz. Həmçinin barəsində bu səlahiyyətin tətbiq edildiyi cəza növlərinin məhdudlaşdırılmasına, yaxud məhkum olunmuş cinayətkarların müəyyən kateqoriyasının bu səlahiyyətin tətbiq dairəsindən xaric edilməsinə yol verilə bilməz.
77. Qanun qarşısında bərabərlik prinsipindən istisna təşkil edən əfv səlahiyyəti mücərrəd qanunvericilik normaları ilə qoruna bilməyən yüksək konstitusion dəyərlərin həyata keçirilməsi tələbatına əsaslanırdı. Buna görə də Konstitusiya əsasında bu qənaətə gəlmək olardı ki, bu səlahiyyət əsassız olaraq tətbiq edilməməli və konstitusion dəyərləri və prinsipləri həyata keçirmək vəzifəsinə uyğun olmalıdır. Buradan belə nəticə çıxırdı ki, Konstitusiya həmin səlahiyyətin tətbiqi zamanı prezident tərəfindən bərabərlik, humanizm, mərhəmət, bağışlama prinsiplərinin və məhkum olunmuş cinayətkarın sağlamlıq və ailə vəziyyətinin nəzərə alınmasını tələb edir. Əfv səlahiyyəti şəxsi cəzadan bütünlüklə deyil, qismən azad etməklə tətbiq edildiyi hallarda məhkum olunmuş cinayətkarın şəxsiyyətində hər hansı müsbət dəyişiklikləri nəzərə almaq önəmli idi. Prezident əfv qərarını əsaslandırmağa borclu deyildi: qanunverici orqanın onun əfv səlahiyyətini hər hansı formada məhdudlaşdırması yolverilməz olduğu kimi, onun əfv qərarlarını əsaslandırmasının tələb edilməsi də eynilə yolverilməz idi. Həqiqətən, əgər əfv fərmanları əsaslandırılsaydı, bu, prezidentin və ya vitse-prezidentin üzərinə gələcəkdə eyni halların yer aldığı işlərdə əfv barəsində müraciətləri təmin etmək öhdəliyini qoymuş olardı və məhkum olunmuş cinayətkarların belə düşünməsinə gətirib çıxarardı ki, onların durumu əvvəlki əfv fərmanlarında göstərilən şərtlərə uyğun gəldiyinə görə onlar əfv edilmək hüququna malikdirlər.
78. Eyni zamanda, prezident hər kəsin qanun qarısında bərabərlik hüququna hörmət etmək vəzifəsini daşıyırdı. Buna görə də prezidentin əfv barəsində bütün müraciətlərə eyni qaydada baxmasına və onların hamısına eyni meyarları tətbiq etməsinə şərait yaradan geniş təminatların mövcud olması zəruri idi. Təbii ki, prezidentə həmin meyarları qanunverici orqan tətbiq edə bilməzdi, çünki bu, hakimiyyət bölgüsü prinsipinə zidd olardı. Lakin prezident əfv səlahiyyətini hansı formada həyata keçirəcəyini və bu məsələdə rəhbər tutacağı ümumi meyarları göstərə bilərdi. Əfv siyasətinin bu formada açıqlanması həmin səlahiyyətin praktiki tətbiqini şəffaf və stabil edə bilərdi. Beləliklə, prezidentin və ya vitse-prezidentin əfv barədə müraciətlərə baxarkən tətbiq edəcəyi meyarları vəzifəsinin icrasının başlanğıcında elan etməsi mümkün idi.
79. Prezident istənilən vaxt (istər vəzifəsinin icrasının başlanğıcında, istərsə də sonradan) əfv səlahiyyətini vitse-prezidentə ötürə, o isə həmin səlahiyyəti prezidentin tətbiq etdiyi qaydada tətbiq edə bilərdi. Ötürülmüş səlahiyyət istənilən vaxt geri alına bilərdi və səlahiyyətin ötürülməsi həmin səlahiyyəti prezidentin özünün də tətbiq etməsinin qarşısını almırdı. Prezident və vitse-prezident ikinci müddətə bu vəzifəyə seçildikdə birinci dövrdə ötürülmüş səlahiyyət qüvvədə qalırdı və onun yenilənməsinə ehtiyac yox idi.
80. Prezidentin əfv fərmanlarının dövlətin naziri tərəfindən müştərək imzalanmasına ehtiyac yox idi. Onlar imzalandığı andan qüvvəyə minirdi və onlara hər hansı digər orqan tərəfindən yenidən baxıla bilməzdi. Eləcə də onlar qüvvəyə mindikdə prezident onları geri götürə və ya dəyişdirə bilməzdi. Bu baxımdan əfv fərmanı verildiyi andan onun ləğvi daha mümkün deyildi və ondan yararlanan şəxsin sonrakı davranışını əsas götürərək cəzasını çəkməyi davam etdirməsini tələb etmək olmazdı. Eləcə də əfvetmə əsasında cəzadan tam və ya qismən azad edilmək üçün hər hansı şərt qoyula bilməzdi.
81. Əfv fərmanlarının dövlətin rəsmi bülletenində dərc olunması barədə heç bir konstitusiya tələbi yox idi. Həmin fərmanları ictimaiyyətə elan edib-etməməyin məqsədəuyğunluğu barədə qərar əfv aktından yararlanan şəxsin şəxsi həyatına, fərdi məlumatlarına və ləyaqətinə hörmət edilməsi hüququ ilə ictimai maraq doğuran məsələlərin dövlət orqanları tərəfindən necə həll edildiyi barədə ictimaiyyətin məlumatlandırılmaq hüququ arasında həssas balansa riayət edilməsindən asılı idi. Əvvəlki iyirmi ilin praktikası ondan ibarət idi ki, maraqlı şəxs əfv fərmanlarının dərc olunmasına razılıq vermədiyi təqdirdə onlar dərc olunmurdu. Lakin onların dərc olunmasının tələb edilməsi qarşısında heç bir maneə yox idi. Bu məsələ barədə qərar vermək qanunverici orqanın üzərinə düşürdü.
82. Prezidentin və vitse-prezidentin bütün digər fərmanları kimi əfv fərmanları da inzibati qərarlar deyildi və onlarla eyni tutula bilməzdi. Buna görə də onlara məhkəmə tərəfindən yenidən baxıla bilməzdi, Konstitusiyanın 149-cu maddəsinin 1(2)-ci bəndinə istinadən onlara qarşı yalnız konstitusiyaya zidd olmaları əsas gətirilməklə Konstitusiya Məhkəməsinə şikayət verilə bilərdi və bunu həmin məhkəmədə iş qaldırmaq səlahiyyətinə malik olan, Konstitusiyanın 150-ci maddəsində göstərilən hər hansı dövlət orqanları və ya şəxslər, yəni parlamentin 240 üzvündən beşdə biri, Nazirlər Şurası, Ali Kassasiya Məhkəməsi, Ali İnzibati Məhkəmə və ya Baş prokuror edə bilərdilər.
83. Konstitusiya Məhkəməsinin qərarı ilə qismən razılaşmayan Konstitusiya Məhkəməsinin üç hakimi digər məsələlərlə yanaşı bildirdilər ki, əfv fərmanlarının əsaslandırılması qanunla prezidentdən tələb edilə bilər. Həqiqətən belə əsaslandırmalar həmin fərmanların əsassız olmadığını göstərmiş olardı və Konstitusiya Məhkəməsi tərəfindən onlara yenidən baxılmasını xeyli asanlaşdırardı.
b) Əfv səlahiyyətinin 2002-2012-ci illərdə tətbiqi
84. Əvvəlki prezident və vitse-prezident iki müddət ərzində – birinci dəfə 22 yanvar 2002-ci ildən 22 yanvar 2007-ci ilədək, ikinci dəfə isə 22 yanvar 2007-ci ildən 22 yanvar 2012-ci ilədək bu vəzifədə oldular.
85. 1 yanvar 2002-ci ildən 31 dekabr 2009-cu ilədək vitse-prezident əfv üçün 6.967 ərizə aldı. Onlardan 477-si təmin edildi.
86. Praktikada Prezident administrasiyasının rəsmilərindən ibarət komitə əfv üçün müraciətləri araşdırır və vitse-prezidentə təkliflər verirdi. Hər bir hal üzrə rəyini formalaşdırarkən komitə prezidentin hüquq məsləhətçilərinin cinayət siyasətinə dair mövqeyini nəzərə alır və məhkum olunmuş cinayətkar barəsində həbsxana müdiriyyətinin təqdim etdiyi məlumatlara istinad edirdi. Qərar çıxarmazdan əvvəl vitse-prezident həmçinin məhbusla söhbət edə bilərdi.
87. Penitensiar müəssisənin baş direktorunun 15 sentyabr 2009-cu il tarixli hesabatına əsasən, bir-birini əvəzləyən vitse-prezidentlərə ömürlük (həmişəlik) həbs cəzası çəkən məhbuslar tərəfindən əfv üçün təxminən 100 ərizə təqdim edilmiş və onların heç biri təmin edilməmişdi. Vitse-prezidentin administrasiya rəhbərinin bildirdiyinə görə, 21 yanvar 2002-ci ildən 7 sentyabr 2009-cu ilədək məsləhət komitəsi ömürlük (həmişəlik) həbs cəzasına məhkum olunmuş on altı şəxsdən əfv üçün iyirmi doqquz müraciət almış və onların heç biri təmin edilməmişdi. O daha sonra izah etdi ki, vitse-prezidentin imtina qərarlarını əsaslandırması tələb olunmur, amma müvafiq məhbuslar məhdudiyyət qoyulmadan əfv üçün ərizələrini yenidən təqdim edə bilərlər. 2010-cu ilin aprelində dərc olunmuş hesabatda Bolqarıstanın Helsinki komitəsi də bu məlumatı xatırlatdı və daha sonra bildirdi ki, onun araşdırması göstərir ki, hətta 2002-ci ilin yanvarından əvvəl ömürlük (həmişəlik) həbs cəzası çəkən şəxslərin heç biri prezidentin əfv fərmanından yararlanmayıb (aşağıda 175-ci bəndə bax).
88. Ərizəçilər 27 iyun 2006-cı il, 29 noyabr 2007-ci il və 17 fevral 2011-ci il tarixli dörd məktub təqdim etdilər, həmin məktublarda prezident administrasiyası ömürlük həbs cəzası almış iki məhbusa eyni ifadələrlə məlumat verirdi ki, onların "əfv ərizələri lazımi qaydada nəzərdən keçirilib və təmin edilməyib". Məktublarda hər hansı əlavə təfsilatlar yox idi.
c) Digər məsələlərlə yanaşı, 22 yanvar 2002-ci ildən 22 yanvar 2012-ci ilədək prezidentin əfv səlahiyyətinin tətbiqinin araşdırılması üzrə xüsusi (ad hoc) komitə yaradılması barədə parlamentin 15 fevral 2012-ci il tarixli qərarı
89. 15 fevral 2012-ci ildə parlament, digər məsələlərlə yanaşı, 22 yanvar 2002-ci ildən 22 yanvar 2012-ci ilədək vəzifədə olduqları iki müddət ərzində (yuxarıda 84-cü bəndə bax) keçmiş prezidentin və vitse-prezidentin əfv səlahiyyətini necə tətbiq etdiklərini araşdırmaq mandatına malik olan xüsusi (ad hoc) komitə yaradılmasını qərara aldı. Bundan az sonra, 11 aprel 2012-ci ildə Konstitusiya Məhkəməsi həmin qərarı səlahiyyət həddini aşan və hakimiyyət bölgüsü prinsipini pozan qərar sayaraq konstitusiyaya zidd elan etdi (yuxarıda 76-cı bəndə bax). Bunun cavabında 16 may 2012-ci ildə parlament, digər məsələlərlə yanaşı, müxtəlif icra qurumlarının bu məsələ ilə bağlı vəzifələrini necə yerinə yetirdiklərini araşdırmaq mandatına malik olan xüsusi (ad hoc) komitə yaradılmasını qərara aldı. 1 noyabr 2012-ci ildə dərc olunmuş hesabatında komitə digər məsələlərlə yanaşı qeyd etdi ki, prezidentin əfv səlahiyyətini ötürdüyü keçmiş vitse-prezidentə xüsusi komissiya məsləhətlər verib. Həmin komissiyanın praktikası əfv üçün müraciət etmiş məhbuslar barəsində həkim və psixoloqun məlumatlarını, o cümlədən psixoloji müayinələr barədə informasiyaları müvafiq həbsxana rəisindən almaqdan ibarət olub (yuxarıda 85-88-ci bəndlərə bax). Lakin həmin komissiyaya təqdim edilən məlumatların məhbusların şəxsi işlərindəki bütün məlumatları əks etdirib-etdirmədiyini söyləmək mümkün deyildi. Onu da qeyd etmək vacibdir ki, 2012-ci ilin yanvarında hakimiyyəti qəbul etmiş prezidentin administrasiyası əfv sisteminin şəffaflıq səviyyəsini xeyli artırmışdı (həmçinin aşağıda 90-107-ci bəndlərə bax). Komissiya daha sonra qeyd etdi ki, qanunvericilikdə prezident tərəfindən əfv olunmaq üçün müraciət edən məhkum olunmuş cinayətkarın davranışının və ya psixoloji xarakteristikasının qiymətləndirilməsini tənzimləyən heç bir meyar yoxdur. Nəticədə bu məsələlər barədə məlumatların təqdim edilməsi bütünlüklə səlahiyyətli rəsmilərin ixtiyarına buraxılıb. Buna görə də bu məsələ ilə bağlı qanunvericilik normaları qəbul edilməli və qanunvericiliyə prezidentin əfv fərmanlarının dərc olunması barədə tələb daxil edilməlidir. Hazırkı prezident administrasiyasının məlumatları dərc etmək praktikası tamamilə qənaətbəxş idi, amma bu praktika gələcək prezident administrasiyaları üçün məcburi qüvvəyə malik ola bilməzdi.
d) 2012-2013-cü illər ərzində prezidentin əfv səlahiyyətinin tətbiqi
i) Daxili prosedur qaydaları
90. 23 yanvar 2012-ci il tarixli iki fərmanında yeni seçilmiş və bir gün öncə vəzifəsinin icrasına başlamış prezident öz sələfləri kimi qərara aldı ki, əfv səlahiyyətini vitse-prezidentə ötürsün. O həmçinin həmin səlahiyyətin tətbiq ilə bağlı vitse-prezidentə məsləhətlər verilməsi üçün Əfv komissiyası yaratdı və komissiyanın işini tənzimləyən prosedur qaydalarını müəyyən etdi.
91. Həmin Qaydalarda yer alan 1-ci qaydanın 3-cü bəndində nəzərdə tutulurdu ki, komissiya öz işində, digər məsələlərlə yanaşı, Bolqarıstan barəsində qüvvədə olan insan hüquqlarına dair beynəlxalq müqavilələrin şərhi və tətbiqi ilə bağlı beynəlxalq məhkəmələrin və digər orqanların müvafiq presedent hüququnu nəzərə almalıdır. Komissiya müzakirələrini ayda iki dəfə aparır (qayda 5, 2-ci bənd). Əfv üçün hər bir müraciət komissiyanın bir üzvünün icraatına verilir, o isə bu barədə iki həftə ərzində (qayda 6) məruzə etməlidir (qayda 4, 1-ci bəndin 1-ci yarımbəndi). Qərarlar səs çoxluğu ilə qəbul edilir, səslər bərabər bölündükdə sədrlik edən şəxs həlledici səs hüququna malikdir (qayda 5, 4-cü bənd). Sonra sədrlik edən şəxs komissiyanın tövsiyələri barədə vitse-prezidentə məlumat verir (qayda 4, 1-ci bəndin 5-ci yarımbəndi). Əfv üçün müraciət etmiş məhbuslara vitse-prezidentin qərarı barədə yazılı məlumat verilməli və hər üç aydan bir komissiya öz fəaliyyəti barədə hesabat dərc etməlidir.
ii) 2012-ci ildə Əfv komissiyasının işi
92. Praktiki olaraq 2012-ci il ərzində Əfv komissiyası əhatəli aylıq hesabatlar dərc etdi.
93. 24 yanvar 2013-cü ildə komissiya özünün ilk illik hesabatını dərc etdi, həmin hesabat vitse-prezident tərəfindən təsdiq edildi. Bu, komissiyanın 2012-ci ildəki fəaliyyəti barədə məlumatları, il ərzində edilmiş əfv müraciətlərinin əsaslandığı səbəblərin növləri barədə analitik informasiyaları, statistik məlumatları, əfv müraciətlərinin araşdırılmasına komissiyanın yanaşmalarını, komissiyanın təklif etdiyi yekun qərarların növlərini (müraciətə baxmaqdan imtina, müraciətin təmin edilməməsi, yaxud tam və ya qismən əfvetmə) və komissiyanın qənaətlərini və tövsiyələrini özündə əks etdirən əhatəli sənəd idi.
94. Hesabata əsasən, 2012-ci ildə prezident tərəfindən əfv olunmaq üçün 840 şəxs 988 müraciət təqdim etmişdi. Həmin şəxslərdən altmış beşi birdən artıq müraciət təqdim etmişdi. Məhbuslar tərəfindən təqdim edilən müraciətlərin (onların qohumlarının müraciətlərindən fərqli olaraq) böyük əksəriyyətində (98%) aşağıdakı əsaslardan biri və ya bir neçəsi qeyd edilmişdi: 34% – məhkum olunmuş cinayətkarın öz cinayətinə münasibəti (bəzi məhbuslar peşmançılıqlarını ifadə etmiş, digərləri hərəkətlərini müdafiə etməyə çalışmış, yaxud barələrindəki hökmlərin və ya cəzaların düzgünlüyünə etiraz etmişdilər); 18% – məhkum olunmuş cinayətkarın azadlıqdan məhrum edildikdən sonra islah olunması; 48% – humanitar əsaslar (ailə çətinlikləri, uşaqlara və ya ahıl qohumlara qulluq etmək zərurəti, ailə üzvlərinə maliyyə yardımı göstərmək zərurəti, ailə üzvlərinə qovuşmaq tələbatı, xəstəlik, ahıl yaşda olma); müraciətlərin 7%-ində isə məhbuslar özlərini həbsxananın, məhkəmələrin və ya sistemin qurbanları kimi göstərməyə çalışmışdılar və həmin müraciətlərin bəzilərində azadlıqdan məhrum edilmənin mənfi nəticələri və ya həbsxanada şəxsiyyətin inkişafının mümkünsüzlüyü qeyd edilmişdi. Müraciətlərin qalan 2%-ində konkret əsaslar göstərilməmişdi. Müraciətlərin yalnız dördü müvafiq şəxsin özü tərəfindən deyil, hüquqi nümayəndəsi tərəfindən təqdim edilmişdi.
95. 2012-ci ildə komissiya ayda üç-beş dəfə olmaqla otuz üç müzakirə keçirmişdi.
96. Komissiyanın praktikası belə bir ideyaya əsaslanırdı ki, əfvetmə cəza müddətinin azaldılmasının əlavə üsuludur və yalnız elə hallarda tətbiq edilə bilər ki, bir tərəfdən cinayət cəzasını yüngülləşdirmək üçün başqa vasitə olmasın, digər tərəfdən isə cəzanın icrasının davam etdirilməsinə mənəvi cəhətdən haqq qazandırmaq mümkün olmasın və o, qanunun ruhuna zidd olsun, yəni məhkum edilmədən sonra yaranan hallar ucbatından məhkum olunmuş şəxsin vəziyyəti adi vəziyyətlərdən fərqlənmiş olsun və cəzanın icrasının davam etdirilməsi nəzərdə tutulan müsbət təsirlərə səbəb olmasın, əksinə, lüzumsuz dərəcədə repressiv xarakter alsın və cinayət hüququ siyasətinin humanist məqsədlərinə zidd olsun.
97. Əfv üçün müraciətlərin hər birinə baxarkən komissiya bütövlükdə məhbusun işinin hallarını, yəni aşağıdakıları nəzərə almalı idi: onun davranışının cinayətə meylliyini və xarakteristikalarını; cinayətin ağırlıq dərəcəsini; cinayətkar mühitin detallarını; cinayətin kökündə duran motivləri; cinayətin törədilməsindən sonrakı davranışı; bundan öncə məhkumluğun olub-olmamasını, o cümlədən əvvəlki cinayət sanksiyalarının effektivliyini; cinayətin qurbanlarını; cinayət törədildiyi andan ittiham hökmünün və cəza sanksiyasının qanuni qüvvəyə mindiyi anadək keçən müddəti; cəzanın çəkilməsinə mane olan hər hansı halları; cəzanın artıq çəkilmiş olan hissəsini və onun necə çəkildiyini; məhbusun şəxsiyyətinin inkişaf perspektivlərini, o cümlədən təkrarən cinayət törətmə riskini; islah prosesinin uğurluluğunu; cəzanın məqsədlərinə nə dərəcədə nail olunduğunu; məhbusu yenidən cəmiyyətə inteqrasiya edə biləcək şəxslərin və ya qurumların olub-olmadığını; məhbusun səhhətini və cəzanın çəkilməsinə bunun təsirlərini; məhbusun ailə vəziyyətini və onun hüquqi və mənəvi öhdəliklərinə bunun təsirlərini (məhbusun ailə üzvlərinin səhhətini və yaşını, yaxud ailəsində hamilə qadının, azyaşlı uşaqların və ya işsiz ailə üzvlərinin olmasını); məhkum edilmədən sonra qanunvericiliyə məhbusun törətdiyi hərəkətlərə görə cinayət məsuliyyətini ləğv edən və ya yüngülləşdirən hər hansı dəyişikliklər edilməsini; və cinayət cəzasını yüngülləşdirən hər hansı başqa vasitələrin olub-olmamasını.
98. Komissiya üç məhbusun əfv olunmasını vitse-prezidentə təklif etdi.
99. Onlardan biri əlli səkkiz yaşında idi, adamöldürməyə, ağır bədən xəsarəti yetirməyə və zorlamaya görə 1990-cı ildə ölüm cəzasına məhkum edilmiş və Bolqarıstanda ölüm cəzasının ləğvindən sonra 1999-cu ildə barəsindəki ölüm cəzası ömürlük (həmişəlik) həbs cəzası ilə əvəzlənmişdi (yuxarıda 58-ci bəndə bax). 2012-ci ildə o, cəzasının sonradan başqa cəza ilə əvəzlənməsi mümkün olan azadlıqdan məhrumetmə ilə əvəz edilməsi üçün müraciət edərək əməllərindən peşman olduğunu və cəzasının qeyri-insani olduğunu əsas gətirdi. Komissiya qeyd etdi ki, o artıq həbsxanada iyirmi iki il keçirib, onlardan on səkkiz ilini təkadamlıq kamerada qalmaqla ömürlük azadlıqdan məhrum edilmiş məhbuslara şamil olunan "xüsusi rejimdə" saxlanılıb (aşağıda 115, 116, 118 və 121-ci bəndlərə bax). Komissiya onun işini altı ay araşdırdı və bu qənaətə gəldi ki, onun ömürlük (həmişəlik) həbsə cəzasını çəkməkdə davam etməsini yolverilməz edən xüsusi hal (şəxsiyyətindəki davamlı müsbət dəyişikliklər) mövcuddur. Bu inkişaf mövcud sənədlərin, həbsdə olduğu bütün müddət ərzində həmin məhbusla işləmiş ekspertlərin rəylərinin, ekspert-psixoloqun komissiya tərəfindən əldə edilmiş xüsusi rəyinin və onun yenidən cinayət törətməsi riskinin müxtəlif metodlar üzrə qiymətləndirilməsinin əsasında birmənalı olaraq müəyyən edilmişdi. Onun cinayətə meylliliyini digər məhbuslara qarşı mərhəmət hissi əvəz etmiş və o, törətdiyi əməlləri yenidən nəzərdən keçirmişdi. Məhbusun dosyesi onun islah olunma prosesinin uğurlu olduğunu göstərirdi ki, bu da hətta analoji cinayətlərə görə məhkum olunan və onun artıq çəkmiş olduğu cəza müddətindən də qısa müddətə azadlıqdan məhrum edilən şəxslər üçün nadir hal idi. Bu amillərə görə 1968-ci il tarixli Cinayət Məcəlləsinin 38-ci maddəsinin 1-ci bəndi (yuxarıda 60-cı bəndə bax) ona şamil oluna bilməzdi.
100. Komissiya bu rəyə gəldi ki, həmin məhbusun ömürlük (həmişəlik) həbs cəzasının başqa cəza ilə əvəzlənməsi cəzanın məqsədlərinə xidmət etmiş olar və onun hərəkətlərinə görə mənəvi qınağa xələl gətirməz. Bu əvəzlənmə onun cinayətkar keçmişinin bağışlanması demək deyildi, onun keçmişindən uzaqlaşmasına yönələn səylərinin qiymətləndirilməsi demək idi. Bu həm də ömürlük (həmişəlik) həbs cəzasına məhkum edilmiş bütün digər şəxslərə nümayiş etdirəcəkdi ki, onları öz üzvü hesab etməkdə davam edən cəmiyyət tərəfindən onların səylərinin qəbul edilməsi sayəsində vəziyyətlərini yaxşılaşdıra bilərlər. Nəhayət, bu halda ömürlük (həmişəlik) həbs cəzasının sonradan başqa cəza ilə əvəzlənməsi mümkün olan ömürlük azadlıqdan məhrumetmə ilə əvəz edilməsi təkrarən cinayət törədilməsi riskini doğurmurdu.
101. Komissiya 20 dekabr 2012-ci ildə bu məhbusun cəzasının başqa cəza ilə əvəzlənməsini vitse-prezidentə təklif etdi, vitse-prezident isə bu təkliflə razılaşdı və 21 yanvar 2013-cü il tarixli fərmanla bunu həyata keçirdi.
102. 11 fevral 2013-cü ildə "24 saat" adlı gündəlik milli qəzetdə həmin məhbus haqında məqalə dərc olundu. Məqalədə digər məsələlərlə yanaşı deyilirdi ki, onun islah olunmasının səbəbkarı təxminən on beş il ərzində onunla iş aparan və hazırda istefaya çıxmış həbsxana müfəttişidir. Beləliklə, bu məhbus dürüst insanlarla qarşılaşdıqda hər kəsin dəyişə biləcəyinə əmin olmuş və bu səbəbdən digər məhbuslara da kömək etmişdi.
iii) 2013-cü ildə Əfv komissiyasının işi
103. 2013-cü il ərzində Əfv komissiyası aylıq hesabatları dərc etməkdə davam edərək statistik məlumatları və əfvetmə barədə vitse-prezidentə verdiyi təkliflərin əsasını təşkil edən səbəblər haqqında təfsilatlı informasiyaları orada əks etdirdi. Komissiyanın saytındakı məlumata əsasən, 2013-cü ildə 419 şəxs əfv üçün 475 müraciət təqdim etmiş və komissiya vitse-prezidentə üç nəfərin əfv olunmasını təklif etmişdi. O, ömürlük (həmişəlik) həbs cəzası çəkən şəxslərdən altı müraciət almışdı. 2013-cü ilin iyul-avqust ayları üçün hesabatında komissiya bildirdi ki, həmin müraciətlərdən ikisinə baxıb və onların rədd edilməsini tövsiyə edib, çünki müvafiq şəxslər islah olunma istiqamətində yetərli irəliləyişə nail olduqlarını nümayiş etdirə bilməyiblər.
104. Komissiyanın 2013-cü il üçün illik hesabatı 2014-cü ilin fevralında dərc olundu. Komissiyanın 2012-ci il üçün hesabatı kimi, o da Komissiyanın 2013-cü ildəki fəaliyyəti barədə məlumatları, il ərzində əfv üçün edilmiş müraciətlərin əsaslarına dair analitik informasiyaları, statistik məlumatları, əfv müraciətlərinin araşdırılmasına komissiyanın yanaşmalarını, komissiyanın təklif etdiyi yekun qərarların növlərini (müraciətə baxmaqdan imtina, müraciətin təmin edilməməsi, yaxud tam və ya qismən əfvetmə) və komissiyanın qənaətlərini və tövsiyələrini özündə əks etdirən əhatəli sənəd idi.
105. Hesabata əsasən, 2013-cü ildə komissiya 420 şəxsin əfv üçün təqdim etdiyi 587 müraciətə (təxminən ayda qırx beş müraciətə) baxmışdı. Həmin müraciətlərin iyirmi üçündən savayı hamısı məhbuslarla əlaqədar idi. 387 məhkum müraciəti şəxsən təqdim etmiş, qırx dörd halda müraciətlər onların qohumları tərəfindən, on bir halda isə hüquqi nümayəndələri tərəfindən təqdim edilmişdi. Müraciətlərin 31%-ində onların təqsirlərinə görə yetərincə cəza çəkdikləri qeyd edilir; 33%-ində hökmün həddən artıq sərt olması, məhkumun islah olunduğunun etiraf edilməməsi və həbsxanada şəxsi inkişafın mümkünsüzlüyü bildirilirdi; müraciətlərin 68%-i humanitar əsaslarla (ahıl yaş, xəstəlik, xəstə qohumlara qulluq etmək zərurəti, yoxsulluq, ailə üzvlərinə yardım etmək zərurəti) əlaqədar idi; 4%-ində məhbuslar islah olunduqlarını, həbsxanada işlədiklərini, nümunəvi davrandıqlarını və cəzalarının yarıdan çoxunu çəkdiklərini göstərmişdilər; müraciətlərin 16%-i cəza müddətinin həddən artıq uzun olması, cinayət prosesinin həddən artıq uzun sürməsi, ittiham hökmünün düzgün olmaması və s. barəsində idi; 8%-i isə məhbusun əslində təqsirsiz olduğu haqqında idi.
106. 2013-cü ildə komissiya otuz iki müzakirə keçirdi.
107. 2013-cü ildə komissiya özünün əvvəlki praktikasına tam sadiq qaldı və əfv müraciətlərinə baxarkən eyni amilləri nəzərə aldı (yuxarıda 97-ci bəndə bax). O, vitse-prezidentə doqquz məhbusun əfv edilməsini təklif etdi; 21 yanvar 2014-cü ilədək vitse-prezident bu təkliflərdən yeddisini qəbul etmiş, birini isə rədd etmişdi. Hesabatda bu təkliflərin hər birini əsaslandıran qısa xülasələr verilmişdi.
C. Saxlanma şəraiti ilə bağlı ümumi prinsiplər
108. Konstitusiyanın 31-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulur ki, məhbuslar cəzaları vasitəsilə məhdudlaşdırılmayan təməl hüquqlarını həyata keçirə bilmələrinə imkan verən şəraitdə saxlanılmalıdırlar.
109. "Cəzaların icrası haqqında" 1969-cu il tarixli qanunun 8-ci maddəsinin 2-ci bəndinin 1-ci yarımbəndinin 2002-ci ilin iyunundan sonrakı redaksiyasında nəzərdə tutulurdu ki, məhbuslar, digər vasitələrlə yanaşı, onların fiziki və ruhi sağlamlıqlarını təmin edən və insan ləyaqətini qoruyan şəraitdə saxlanılmaqla islah oluna bilərlər.
110. 1969-cu il tarixli qanunu əvəz etmiş "Cəzaların icrası və məhkəməyəqədər həbsdə saxlanma haqqında" 2009-cu il tarixli qanunun 3-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulur ki, məhbuslar işgəncəyə, yaxud qəddar və ya qeyri-insani rəftara məruz qala bilməzlər. 3-cü maddənin 2-ci bəndində işgəncəyə və qeyri-insani və ləyaqəti alçaldan rəftara belə anlayış verilir: a) Qanunla icazə verilən güc tətbiqindən, yardımçı vasitələrin və ya odlu silahların istifadəsindən irəli gələn hallar istisna olmaqla güclü fiziki ağrı və ya əzab verən, bilərəkdən edilən istənilən hərəkət və ya hərəkətsizlik; b) şəxsin bilərəkdən yetərincə yaşayış sahəsi, qida, geyim, istilik, işıq, ventilyasiya, tibbi yardım və fiziki hərəkətlər üçün imkanlar olmayan pis şəraitdə, uzun müddət insanlarla təmasların olmadığı təcrid halında saxlanması, yaxud şəxsin sağlamlığına ziyan yetirə bilən təqsirkar hərəkətlər və ya hərəkətsizlik; c) məhkum olunmuş cinayətkarın insan ləyaqətini alçaldan, iradəsi əleyhinə hərəkətlər etməyə və ya belə hərəkətlərə məruz qalmağa onu məcbur edən, yaxud onda qorxu, köməksizlik və ya acizlik hissləri doğuran alçaldıcı rəftar. 3-cü maddənin 3-cü bəndində nəzərdə tutulur ki, belə hərəkətlər və ya hərəkətsizlik hər hansı rəsmi şəxsin təhriki və ya göz yumması ilə rəsmi şəxs və ya hər hansı digər şəxs tərəfindən törədilən hərəkətləri və ya hərəkətsizliyi də özündə ehtiva edir.
111. 40-cı maddənin 2-ci bəndində nəzərdə tutulur ki, məhbuslar, digər vasitələrlə yanaşı, onların fiziki və ruhi sağlamlıqlarını təmin edən və insan ləyaqətini qoruyan şəraitdə saxlanılmaqla islah oluna bilərlər.
112. 90-cı maddənin 6-cı bəndində (bu bənd 1 yanvar 2013-cü ilədək 5-ci bənd idi) nəzərdə tutulur ki, məhbuslar ərizə və ya şikayət verdiklərinə görə intizam məsuliyyətinə cəlb oluna bilməzlər.
D. Məhbusların təhlükələrinin qiymətləndirilməsi
113. "Cəzaların icrası və məhkəməyəqədər həbsdə saxlanma haqqında" 2009-cu il tarixli qanunun 47-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulur ki, həbsxanaya gətirilən məhbuslar qəbul kamerasına salınmalı və iki həftədən bir ayadək orada qalmalıdırlar. Məhbus həmin kameraya salındıqdan sonra iki gün ərzində həbsxana müdiriyyəti onun şəxsi işini tərtib etməlidir (Qanunun 54-cü maddəsinin 1-ci bəndi və Qanunun icrası üçün 2 fevral 2010-cu ildə qəbul edilmiş qaydalarda yer alan 31-ci qaydanın 1-ci bəndi). Qanunun 55-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki, məhbus həmin kameraya salınmazdan əvvəl həbsxanaya təhkim olunmuş sosial işçi, həkim və psixoloq onun şəxsiyyətini, sağlamlıq durumunu və iş qabiliyyətini qiymətləndirərək rəy tərtib etməli və məhbusla qrup halında və ya fərdi qaydada iş aparmaq barədə tövsiyələrini verməlidirlər. Həmin bəndə edilmiş və 1 yanvar 2013-cü ildən qüvvəyə minmiş dəyişiklikdə nəzərdə tutulur ki, qiymətləndirmə həm də təkrarən cinayət törətmə və ya ziyan yetirmə təhlükəsini əhatə etməlidir. Eyni zamanda, 55-ci maddəyə yeni, 3-cü bənd əlavə edilib, həmin bənddə nəzərdə tutulur ki, cəzanın başqa cəza ilə əvəzlənməsi mümkün olmaqla ömürlük azadlıqdan məhrumetmə cəzası və ya ömürlük (həmişəlik) həbs cəzası, yaxud on ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzası çəkən, yaxud da doğura biləcəyi təhlükə "çox yüksək" və ya "yüksək" qiymətləndirilən məhbuslar bütün hallarda psixoloji müayinədən keçməlidirlər. Digər məhbuslara gəlincə, belə müayinə həbsxananın sosial fəaliyyətlər və tərbiyələndirmə işləri üzrə müfəttişinin vəsatəti əsasında həyata keçirilə bilər.
E. Ömürlük azadlıqdan məhrum edilmiş məhbusların saxlanma rejimi
1. "Cəzaların icrası haqqında" 1969-cu il tarixli qanunda nəzərdə tutulan rejimlər
114. Ömürlük azadlıqdan məhrum edilmiş məhbusların saxlanma rejimi 1 iyun 2009-cu ilədək "Cəzaların icrası haqqında" 1969-cu il tarixli qanunun 127a-127e maddələri ilə (onlar həmin qanuna 1995-ci ildə ömürlük azadlıqdan məhrumetmə cəza forması kimi qanunvericiliyə daxil edildikdən sonra əlavə olunmuşdu) və həmin qanunun icrası üçün 1990-cı ildə qəbul edilmiş və sonradan bir neçə dəfə dəyişikliklərə məruz qalmış qaydalarla tənzimlənirdi. Qanuna edilmiş və 2002-ci ilin iyununda qüvvəyə minmiş dəyişiklikdən sonra Qanunda aydın şəkildə nəzərdə tutulurdu ki, ömürlük (həmişəlik) həbs cəzasına məhkum olunmuş şəxslər cəzanın başqa cəza ilə əvəzlənməsi mümkün olmaqla ömürlük azadlıqdan məhrum edilmiş şəxslərlə eyni həbsxana rejimində saxlanmalıdırlar.
115. 127b maddəsinin 1-ci bəndində nəzərdə tutulurdu ki, ömürlük azadlıqdan məhrumetmə cəzasını təyin edərkən məhkəmə məhbusun "xüsusi rejim" adlandırılan ən ciddi rejimdə saxlanması barədə qərar çıxarmalıdır. Müəyyən müddətə azadlıqdan məhrumetmə cəzalarına şamil olunan digər mümkün həbsxana rejimləri "yüngül", "ümumi", "ciddi" və "gücləndirilmiş" rejimlər idi (43-cü maddənin 1-ci bəndi); ömürlük azadlıqdan məhrumetmə cəzasından fərqli olaraq, digər hallarda cəza təyin edən məhkəmə bu rejimlərdən hansının tətbiq edilməsini müəyyənləşdirərkən diskresion səlahiyyətə malik idi (51-ci maddə). Cəzanın başqa cəza ilə əvəzlənməsi mümkün olmaqla ömürlük azadlıqdan məhrumetmə cəzası və ya ömürlük (həmişəlik) həbs cəzası çəkən və "xüsusi rejim"də saxlanılan məhbuslar təkadamlıq bağlı kameralarda saxlanılmalı və onlara yüksək dərəcədə təhlükəsizlik və nəzarət tədbirləri tətbiq edilməli idi (56-cı qaydanın 1-ci bəndi, 167c qaydası və 167d qaydasının 1-ci bəndi). Öz növbəsində, "gücləndirilmiş" rejim bu rejimdə saxlanılan məhbusların gecələr bağlı kameralarda saxlanmasını nəzərdə tutur və həbsxanada hər hansı əmək fəaliyyətini və ya həbsxanadan kənarda hər hansı işləri yerinə yetirmələrinə icazə vermirdi (55-ci qaydanın 1-ci və 4-cü bəndləri). "Gücləndirilmiş" rejimdə saxlanılan məhbuslar cinayətlərinin ağırlığı və ya cəzalarının müddətinin uzun olması ilə əlaqədar təhlükəli cinayətkar sayıldıqda, yaxud daxili qaydalara açıq-aydın və mütəmadi hörmətsizlik etdikdə və ya digər məhbuslara mənfi təsir göstərdikdə həbsxana rəisinin əmri ilə daim bağlı kameralarda saxlanıla bilərdilər (56-cı qaydanın 1-ci bəndi).
116. Qanunun 127b maddəsinin 2-ci bəndinə və qaydalarda yer alan 167d qaydasının 2-ci bəndinə əsasən, ömürlük azadlıqdan məhrumetmə cəzası almış məhbuslar nümunəvi davrandıqları təqdirdə cəzalarının beş ilini çəkdikdən sonra daha yüngül rejimə keçirilə bilərdilər. Bu müddət hesablanarkən məhkəməyəqədər həbs dövründə onların həbsdə saxlanıldığı müddət nəzərə alınmırdı (167-ci qaydanın 2-ci bəndi). Ömürlük azadlıqdan məhrumetmə cəzası almış məhbusun daha yüngül rejimə keçirilməsi barədə qərar həbsxana əməkdaşlarından və digər müxtəlif rəsmi şəxslərdən ibarət olan xüsusi komissiya tərəfindən (17-ci maddənin 1-ci bəndi və 5-ci bəndinin 1-ci yarımbəndi), əksinə, hər hansı məhbusu daha sərt rejimə keçirmək barədə qərar isə həmin komissiyanın təklifi əsasında regional məhkəmə tərəfindən qəbul edilməli idi (17-ci maddənin 5-ci bəndinin 2-ci yarımbəndi). Bu barədə bütün təkliflər həmin məhbusun özü-özünə, digər məhbuslara və həbsxana əməkdaşlarına qarşı yaratdığı təhlükənin qiymətləndirilməsinə əsaslanmalı idi (17a maddəsi). 58-ci maddəyə əsasən, komissiyanın qərarları Ədliyyə naziri tərəfindən ləğv edilə bilərdi. "Ciddi rejimdə" saxlanılan ömürlük azadlıqdan məhrum edilmiş məhbusun özü-özünə, digər məhbuslara və ya həbsxana əməkdaşlarına qarşı təhlükə yaratmadığı hesab edilərdisə, o, eyni komissiyanın qərarı ilə həbsxanadakı digər məhbuslarla birlikdə saxlanıla bilərdi (2002-ci ilin iyununda Qanuna əlavə edilmiş 127b maddəsinin 4-cü bəndi).
2. "Cəzaların icrası və məhkəməyəqədər həbsdə saxlanma haqqında" 2009-cu il tarixli qanunda nəzərdə tutulan rejimlər
117. 2009-cu ilin iyununda və 2010-cu ilin fevralında 1969-cu il tarixli qanun və onun icrası üçün qəbul edilmiş qaydalar, müvafiq olaraq, "Cəzaların icrası və məhkəməyəqədər həbsdə saxlanma haqqında" 2009-cu il tarixli qanunla və onun icrası üçün 2 fevral 2010-cu ildə qəbul edilmiş qaydalarla əvəz edildi.
118. 2009-cu il tarixli qanunun 61-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulur ki, şəxs barəsində cəzanın başqa cəza ilə əvəzlənməsi mümkün olmaqla ömürlük azadlıqdan məhrum etmə və ya ömürlük (həmişəlik) həbs cəzası təyin edərkən məhkəmə onun "xüsusi rejimdə" saxlanılması barədə qərar çıxarmalıdır (həbsxanalarda hazırda tətbiq edilən üç rejim bunlardır: "xüsusi rejim", "ciddi rejim" və "ümumi rejim" – 65-ci maddənin 2-ci bəndi). 71-ci maddənin 2-ci bəndinə əsasən, "xüsusi rejimdə" saxlanılan şəxslər daim bağlı kameralarda və gücləndirilmiş nəzarət altında saxlanmalıdırlar. 2012-ci ilin dekabrında Qanuna daxil edilmiş və 1 yanvar 2013-cü ildə qüvvəyə minmiş 71-ci maddənin 3-cü bəndində nəzərdə tutulur ki, 198-ci maddənin 2-ci bəndinin tələblərini nəzərə alaraq onları digər məhbuslarla birlikdə saxlamaq mümkün deyilsə, cəzanın başqa cəza ilə əvəzlənməsi mümkün olmaqla ömürlük azadlıqdan məhrum etmə cəzasına və ya ömürlük (həmişəlik) həbs cəzasına məhkum olunan və "ciddi rejimdə" saxlanılan şəxslər də eynilə bağlı kameralarda və gücləndirilmiş nəzarət altında saxlanmalıdırlar. Bu əlavəyə dair izahedici qeydlərə əsasən, bu yeni bəndin qəbulu daim kilidlə bağlanmış kameralarda saxlanılan ömürlük azadlıqdan məhrum edilmiş məhbusların saxlanma rejimi "xüsusi rejimdən" "ciddi rejimə" keçirildikdə belə, onların bu barədə məhkəməyə şikayət etmələrini aradan qaldırmaq üçün zəruri idi (aşağıda 130-134-cü bəndlərə bax).
119. 197-199-cu maddələr konkret olaraq ömürlük (həmişəlik) həbs cəzası alan və ya cəzanın başqa cəza ilə əvəzlənməsi mümkün olmaqla ömürlük azadlıqdan məhrum edilən məhbuslarla əlaqədardır.
120. 197-ci maddənin 1-ci bəndində nəzərdə tutulur ki, bu iki cəza bu məqsədlər üçün inşa edilmiş həbsxanalarda, yaxud belə həbsxanalar olmadıqda digər həbsxanaların ayrıca bölmələrində çəkilməlidir. 197-ci maddənin 2-ci bəndində nəzərdə tutulur ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbuslara şamil olunan xüsusi müddəalar olmadıqda digər azadlıqdan məhrumetmə cəzalarını tənzimləyən müddəalar onlara da şamil olunur.
121. 198-ci maddənin 1-ci bəndində nəzərdə tutulur ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar nümunəvi davrandıqları təqdirdə cəzalarının beş ilini çəkdikdən sonra daha yüngül rejimə keçirilə bilərlər. 198-ci maddənin 2-ci bəndində nəzərdə tutulur ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar şəxsiyyətlərinin qiymətləndirilməsi əsasında Cəzaların icrası komissiyasının qərarı ilə həbsxanadakı digər məhbuslarla birlikdə saxlanıla və ümumi işlərdə, təlim-tərbiyə fəaliyyətlərində, idman fəaliyyətlərində və ya digər fəaliyyətlərdə iştirak edə bilərlər, bu şərtlə ki, buna qədər artıq "ciddi rejimə" keçirilmiş olsunlar. Həmin komissiyanın tərkibi həbsxana rəisindən, nəzarət orqanının üzvündən, həbsxana rəisinin təhlükəsizlik məsələləri üzrə müavinindən, penitensiar müəssisənin sosial və təhsil işləri şöbəsinin rəhbərindən və həbsxananın psixoloqundan ibarətdir (73-cü maddənin 1-ci bəndi). O, müzakirələrini ən azı ayda iki dəfə keçirir (55-ci qaydanın 1-ci bəndi).
122. 199-cu maddənin 1-ci bəndində nəzərdə tutulur ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar "ümumi rejimə" keçirilə bilməzlər, yaxud onlara həbsxana daxilində istifadə oluna bilməyən imtiyazlar verilə bilməz. 199-cu maddənin 2-ci bəndində nəzərdə tutulur ki, ömürlük azadlıqdan məhrum edilmiş və cəzaları məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrumetmə ilə əvəzlənmiş məhbuslar (yuxarıda 71-ci bəndə bax) həbsxanadan açıq tipli penitensiar müəssisəyə köçürülə və "ümumi rejimdə" və ya "yüngül rejimdə" saxlanıla bilərlər (bu rejimlərin tətbiqi yalnız açıq tipli penitensiar müəssisələrdə mümkündür – 65-ci maddənin 3-cü bəndi).
123. Ömürlük azadlıqdan məhrum edilmiş məhbusların saxlanma rejimi həmçinin 2009-cu il tarixli qanunun icrası üçün qəbul edilmiş qaydalarda yer alan 213-220-ci qaydalarla tənzimlənir. Ömürlük (həmişəlik) həbs cəzasına və cəzanın başqa cəza ilə əvəzlənməsi mümkün olmaqla ömürlük azadlıqdan məhrumetmə cəzasına tətbiq edilən qaydalar eynidir (220-ci qayda).
124. 213-cü qaydada nəzərdə tutulur ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar xüsusi olaraq bunun üçün inşa edilmiş həbsxanalarda, yaxud belə həbsxanalar olmadıqda digər həbsxanaların ayrıca bölmələrində saxlanılmalıdırlar. Orada nəzərdə tutulur ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar daim bağlı kameralarda gücləndirilmiş nəzarət altında saxlanmalıdırlar və yalnız onlarla eyni kateqoriyadan olan digər məhbuslarla ümumi fəaliyyətlərdə iştirak edə bilərlər.
125. 214-cü qaydada nəzərdə tutulur ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar başqa yerə köçürüldükdə, tibbi yardım aldıqda, onlara görüş verildikdə, açıq havada hər hansı fəaliyyətlə məşğul olduqda və ya kameralarını tərk etdikləri digər hallarda da digər məhbuslardan ayrı saxlanılmalıdırlar.
126. 216-cı qaydanın 1-ci bəndində nəzərdə tutulur ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar öz kameralarında və ya bu məqsəd üçün inşa edilmiş iş yerlərində (əgər belə yerlər varsa) işləyə bilərlər. 71-ci maddənin 1-ci bəndində isə, əksinə, digər kateqoriyalı məhbuslarla əlaqədar olaraq nəzərdə tutulur ki, onlar müvafiq həbsxananın və ya yataqxananın ərazisində, habelə müstəsna hallarda həbsxanadan kənarda təhlükəsizliyin təmin edildiyi yerlərdə işləyə bilərlər. Ömürlük azadlıqdan məhrum edilmiş məhbusların işlədiyi günlərin miqdarının qeydiyyatı aparılmalıdır (216-cı qaydanın 2-ci bəndi). Lakin 1968-ci il tarixli Cinayət Məcəlləsinin 1995-ci ildə qüvvəyə minmiş 38a maddəsinin 4-cü bəndinə əsasən, ömürlük azadlıqdan məhrum edilmiş məhbusun yerinə yetirdiyi iş onun vaxtından əvvəl azad edilməsinə şərait yaratmır; bu isə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası çəkən məhbuslar barəsindəki mövqeyə açıq-aydın əks olan mövqedir, belə ki, sonuncuların cəzaçəkmə yerində işlədiyi hər 2 gün onların vaxtından əvvəl azad edilməsi məqsədi ilə 3 gün kimi hesablanır (eyni Məcəllənin 41-ci maddəsinin 3-cü bəndi).
127. Qanunun 198-ci maddəsinin 2-ci bəndini (yuxarıda 121-ci bəndə bax) təkrarlayan 217-ci qaydada nəzərdə tutulur ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar şəxsiyyətlərinin qiymətləndirilməsi əsasında Cəzaların icrası komissiyasının qərarı ilə həbsxanadakı digər məhbuslarla birlikdə saxlanıla və ümumi işlərdə, təlim-tərbiyə fəaliyyətlərində, idman fəaliyyətlərində və ya digər fəaliyyətlərdə iştirak edə bilərlər, bu şərtlə ki, buna qədər artıq "ciddi rejimə" keçirilmiş olsunlar.
128. Qanunun 198-ci maddəsinin 1-ci bəndini (yuxarıda 121-ci bəndə bax) təkrarlayan 218-ci qaydada nəzərdə tutulur ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar nümunəvi davrandıqları təqdirdə cəzalarının beş ilini çəkdikdən sonra daha yüngül rejimə keçirilə bilərlər (məhkəməyəqədər həbs müddəti nəzərə alınmır).
129. Qanunun 197-ci maddəsinin 1-ci bəndini (yuxarıda 120-ci bəndə bax) təkrarlayan 219-cu qaydanın 1-ci bəndində nəzərdə tutulur ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar barələrindəki hökm qüvvəyə mindikdən sonra beş il müddətinə mövcud həbsxanaların xüsusi bölmələrinə, yaxud bu məqsəd üçün tikilən və Ədliyyə naziri tərəfindən müəyyənləşdirilən həbsxanaya yerləşdirilə bilərlər. Bu dövrdə məhbusa görə xüsusi qrup cavabdehlik daşıyır (219-cu qaydanın 2-ci bəndi). Həmin dövr bitdikdən və məhbusun davranışının ümumi qiymətləndirilməsi aparıldıqdan sonra o, fərqli şəraitin olduğu başqa həbsxanaya yerləşdirilə bilər (219-cu qaydanın 3-cü bəndi).
3. 2009-cu il tarixli qanunun icrası üçün qəbul edilmiş qaydalardan məhkəməyə şikayət
130. Ömürlük azadlıqdan məhrum edilmiş iki məhbus 2009-cu il tarixli qanunun icrası üçün qəbul edilmiş 213, 214 və 219-cu qaydalardan məhkəməyə 2010-cu ildə şikayət verdilər. Onlar iddia etdilər ki, həmin qaydalar Qanunun müddəalarına ziddir.
131. 28 mart 2011-ci il tarixli qərarında (реш. № 4373 от 28 март 2011 г. по адм. д. № 10758/2010 г., ВАС, І о.) Ali İnzibati Məhkəmənin üç üzvündən ibarət məhkəmə kollegiyası bu şikayəti təmin etdi. O, bu qənaətə gəldi ki, Ədliyyə naziri qaydaların qəbulu üçün lazımi prosedura riayət etməyib. Konkret olaraq, o, "Normativ aktlar haqqında" 1973-cü il tarixli qanunun 26-cı maddəsinin 2-ci bəndinin tələb etdiyi kimi, ictimaiyyətin qaydalarla tanış ola bilməsi və qeydlərini bildirməsi üçün qaydaların layihəsini nazirliyin saytında yerləşdirməyib. Bu, ciddi nöqsan idi. Məhkəmə kollegiyası daha sonra bu qənaətə gəldi ki, 213-cü qaydanın ömürlük azadlıqdan məhrum edilmiş məhbusların daim kilidlə bağlanmış kameralarda saxlanılmasını tələb edən hissəsi 2009-cu il tarixli qanunun 197-ci maddəsinin 1-ci bəndinə ziddir (yuxarıda 120-ci və 124-cü bəndlərə bax), çünki orada əks olunmuş tələb qanunun mətnindən irəli gələn tələb deyil: belə qaydalarda yalnız qanunun mətnindən irəli gələn tələblərin həyata keçirilməsi forması göstərilə bilərdi. Həmçinin 213-cü qayda 2009-cu il tarixli qanunun hər hansı maddəsinə əsaslanan qayda hesab edilə bilməzdi. 213-cü qaydanın qalan hissəsi, habelə 214-cü və 219-cu qaydalar (yuxarıda 124, 125 və 129-cu bəndlərə bax) 2009-cu il tarixli qanunun müddəalarına zidd deyildi.
132. Nazirin apellyasiya şikayəti üzrə qəbul edilmiş 14 sentyabr 2011-ci il tarixli yekun qərarla (реш. № 11411 от 14 септември 2011 г. по адм. д. № 6341/2011 г., ВАС, петчл. с-в) Ali İnzibati Məhkəmənin beş üzvündən ibarət məhkəmə kollegiyası üç üzvdən ibarət məhkəmə kollegiyasının qərarını ləğv etdi. O qərara aldı ki, qaydaların layihəsinin nazirliyin saytında yerləşdirilməməsi prosedur qaydalarının əhəmiyyətli pozuntusunu təşkil etmir. O daha sonra bildirdi ki, 213-cü qayda 2009-cu il tarixli qanunun müddəalarına zidd deyil, çünki belə hesab etmək olar ki, o, Qanunun 71-ci maddəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə götürülən 197-ci maddənin 1-ci bəndinə əsaslanır. Sonuncu bənd "xüsusi rejimdə" saxlanılan bütün məhbuslara tətbiq edilir və onların daim bağlı olan kameralardan ayrıca saxlanılmasını tələb edir.
133. İki hakim qərarla razılaşmayaraq bildirdilər ki, qaydaların layihəsinin nazir tərəfindən saytda yerləşdirilməməsi həqiqətən ciddi nöqsan idi və qaydaların qəbulu prosesini etibarsız edirdi.
134. Ömürlük azadlıqdan məhrum edilmiş eyni məhbusların ağır rejimdə saxlanılmaları nəticəsində məruz qaldıqları iztirablarla əlaqədar olaraq "Ziyana görə dövlətin və bələdiyyələrin məsuliyyəti haqqında" qanunun 1-ci maddəsi əsasında (aşağıda 136-cı bəndə bax) ziyanın kompensasiyası üçün qaldırdıqları iki iddia Ali İnzibati Məhkəmə tərəfindən qəbul olunmayan iddialar kimi rədd edildi, buna səbəb onların məhkəməyə verdikləri şikayətin təmin edilməməsi idi (bax: опр. № 3355 от 7 март 2012 г. по адм. д. № 3154/ 2012 г., ВАС, петчл. с-в; опр. № 5065 от 6 април 2012 г. по адм. д. № 14339/2011 г., ВАС, петчл. с-в). Məhkəmə qərara aldı ki, həmin iddialar yalnız o halda təmin edilə bilərdi ki, barəsində şikayət edilən qanunvericilik aktı öncəki məhkəmə prosesində ləğv edilmiş olsun, amma bu baş verməmişdi.
4. Ömürlük azadlıqdan məhrum edilmiş məhbuslarla rəftar üçün milli standartlar
135. 2 fevral 2007-ci ildə Cəzaların icrası idarəsinin direktoru "Ömürlük azadlıqdan məhrum edilmiş məhbuslarla rəftar üçün milli standartlar"ı Bolqarıstanda ilk dəfə təsdiq etdi. Bu standartların məqsədi "ömürlük azadlıqdan məhrum edilmiş məhbuslarla rəftarla əlaqədar olan, onların fiziki və ruhi sağlamlıqlarının qorunmasına konkret dəstəyi təmin edən, habelə cəmiyyətin və həbsxana personalının müdafiəsini təmin edən səmərəli modeli təsbit etməkdir". "Standartlar"da digər məsələlərlə yanaşı məhbusların saxlanmasının maddi şəraitinə, tətbiq edilə bilən təhlükəsizlik tədbirlərinə və ömürlük azadlıqdan məhrum edilmiş məhbuslarla rəftar qaydasına dair minimal tələblər əks olunub. "Standartlar"da həbsxana müdiriyyəti ömürlük azadlıqdan məhrum edilmiş məhbusları mümkün olan hallarda tətbiq edilə bilən təhlükəsizlik tədbirlərindən irəli gələn məhdudiyyətlər çərçivəsində münasib işlə, təhsillə (o cümlədən mümkün olan hallarda distant təhsillə), sosial inkişaf tədbirləri ilə, himayə ilə, fiziki və ruhi sağlamlıqlarının qorunmasına yönələn proqramlarla və tibbi yardımla təmin etməyə çağırılır. "Standartlar"da digər məsələlərlə yanaşı deyilir ki, ömürlük azadlıqdan məhrum edilmiş bütün məhbuslar düşdükləri durumu qəbul edə bilmələrinə imkan yaradılmasına, onlarda gələcəklərinə ümid hissi yaranmasına, öz-özlərinə yardım etməyə həvəsləndirilmələrinə, cəmiyyətlə təmaslarını qoruyub saxlamalarına, müxtəlif fəaliyyətlərdə iştiraklarının stimullaşdırılmasına və hər hansı depressiv və psixosomatik simptomların neytrallaşdırılmasına yönələn adaptasiya proqramlarına daxil edilməlidirlər. "Standartlar"da həmçinin deyilir ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar üçün fərdi cəzaçəkmə planı olmalı və onların durumu mütəmadi qiymətləndirilməli, həmçinin cəzalarının çəkilməsi ilə bağlı məsələləri həbsxana müdiriyyəti ilə müzakirə etmələrinə imkan yaradılmalıdır. Standartlara əsasən, ömürlük azadlıqdan məhrum edilmiş məhbusların mədəniyyət və idman fəaliyyətləri ilə məşğul olmasına, dövri nəşrləri əldə etməsinə, televizora və radioya baxmasına, dini ayinləri icra etməsinə və qrup fəaliyyətlərini yerinə yetirməsinə imkan yaradılmalıdır. Lakin belə görünür ki, standartlarda islah və ya yenidən tərbiyə proqramları barədə bir söz deyilmir.
...
III. MÜVAFİQ BEYNƏLXALQ MATERİALLAR
A. Mülki və siyasi hüquqlar haqqında 1966-cı il tarixli Pakt
157. Mülki və siyasi hüquqlar haqqında 1966-cı il tarixli Pakt (999 UNTS 71) Bolqarıstan tərəfindən 8 oktyabr 1968-ci ildə imzalanıb və 21 sentyabr 1970-ci ildə ratifikasiya olunub; 41-ci maddə istisna olmaqla onun müddəaları 23 mart 1976-cı ildə qüvvəyə minib. O, 28 may 1976-cı ildə Bolqarıstan dövlətinin rəsmi bülletenində dərc olunub (обн., ДВ, бр. 43 от 28 май 1976 г.), bu o deməkdir ki, 1991-ci il Konstitusiyasının 5-ci maddəsinin 4-cü bəndinə əsasən, o, daxili qanunvericiliyin tərkib hissəsini təşkil edir. Paktın 10-cu maddəsinin bu işə aidiyyəti olan hissəsində deyilir:
"1. Azadlıqdan məhrum edilmiş bütün şəxslərlə humanistcəsinə və insan şəxsiyyətinə xas olan ləyaqət hissinə hörmət edilməklə rəftar edilməlidir.
2. ...
3. Penitensiar sistemdə məhbuslar üçün əsas məqsədi islahdan və sosial baxımdan yenidən tərbiyədən ibarət olan rejim nəzərdə tutulur".
158. İnsan Hüquqları Komitəsi 6 aprel 1992-ci ildə keçirilmiş 1141-ci iclasında (qırx dördüncü sessiyada) qəbul etdiyi "10-cu maddəyə dair 21 saylı ümumi şərh"in ("Azadlıqdan məhrum edilmiş şəxslərlə humanist rəftar") 10-cu bəndində bildirdi ki, "prenitensiar sistem yalnız cəza xarakteri daşıya bilməz; o, mahiyyət etibarı ilə məhbusun islahına və sosial baxımdan yenidən tərbiyəsinə yönəlməlidir".
B. Avropa Şurasının sənədləri
1. Avropa penitensiar qaydaları
159. Avropa penitensiar qaydaları Avropa Şurasının Nazirlər Komitəsinin üzv dövlətlərə həbsxanalarda tətbiq edilməli olan minimal standartlara dair tövsiyələridir. 1987-ci il tarixli Avropa penitensiar qaydaları (həmin qaydalar R(87)3 saylı tövsiyəyə əlavə şəklində təqdim edilib) 12 fevral 1987-ci ildə qəbul olunub. 11 yanvar 2006-cı ildə Nazirlər Komitəsi 1987-ci il qaydalarının "cinayət hüququ siyasətində, cəza təyin etmə praktikasında və bütövlükdə Avropada həbsxanaların idarə olunmasında baş vermiş inkişafı əks etdirə bilməsi üçün onlara əhəmiyyətli dərəcədə yenidən baxılmasına və onların yenilənməsinə ehtiyac olduğunu" qeyd edərək, Avropa penitensiar qaydaları haqqında Rec(2006)2 saylı tövsiyə qəbul etdi. Qaydaların 2006-cı il tarixli yeni versiyası həmin tövsiyəyə əlavə şəklində təqdim edildi. Onun bu işə aidiyyəti olan hissəsində deyilir:
"I hissə
Əsas prinsiplər
1. Azadlıqdan məhrum edilmiş bütün şəxslərlə davranış zamanı onların hüquqlarına hörmət edilməlidir.
2. Azadlıqdan məhrum edilmiş şəxslər qanuna müvafiq olaraq onların məhkum edilməsi və həbsdə saxlanılması barədə çıxarılmış qərarla məhrum olunmadıqları bütün hüquqları saxlayırlar.
3. Azadlıqdan məhrum edilmiş bütün şəxslərə tətbiq olunan məhdudiyyətlər onların tətbiqinin qanuni məqsədinə uyğun və minimal olmalıdır.
4. Məhbusların insan hüquqlarının pozulduğu şəraitdə saxlanılmasına vəsait çatışmazlığı ilə haqq qazandırıla bilməz.
...
6. Həbsdə saxlanma elə təşkil olunmalıdır ki, azadlıqdan məhrum edilmiş şəxslərin cəmiyyətə qayıdışına kömək etsin.
...
II hissə
Həbsdə saxlanma şəraiti
...
Saxlanma rejimi
25.1. Bütün məhbusların saxlanma rejimi tarazlaşdırılmış tədbirlər proqramını nəzərdə tutmalıdır.
25.2. Belə rejim bütün məhbuslara imkan verməlidir ki, gün ərzində normal insani və qarşılıqlı ictimai əlaqələr üçün zəruri olan saatları kameradan kənarda keçirə bilsinlər.
25.3. Belə rejim eyni zamanda məhbusların maddi ehtiyaclarını ödəmək imkanını nəzərdə tutmalıdır.
...
Məhbusların azad edilməsi
33.3. Bütün məhbuslar azadlığa çıxdıqdan sonra onların cəmiyyətə qayıtmalarına kömək edən vasitələrdən istifadə etmək imkanına malik olmalıdırlar.
...
Mühafizə
51.1. Ayrı-ayrı məhbuslar barədə tətbiq edilən təhlükəsizlik tədbirləri onların etibarlı saxlanması üçün zəruri olan minimal səviyyədə olmalıdır.
...
51.3. Qəbuldan sonra imkan olan kimi aşağıdakıların müəyyənləşdirilməsi məqsədi ilə məhbusların qiymətləndirilməsi həyata keçirilməlidir:
a. onların qaçış vaxtı cəmiyyət üçün yarada biləcəkləri təhlükənin;
b. onların müstəqil və ya kənardan kömək göstərilməklə qaçış cəhdləri ilə əlaqədar riskin.
51.4. Bundan sonra hər bir məhbus bu risklərin dərəcəsinə uyğun rejim şəraitində saxlanılır.
51.5. Zəruri rejim tədbirlərinin dərəcəsinə bu və ya digər məhbusun həbsdə saxlanma müddəti ərzində vaxtaşırı yenidən baxılır.
...
VIII hissə
Məhkum olunmuş məhbuslar
Məhkum olunmuş məhbuslar üçün rejimin məqsədi
102.1. Bütün məhbuslara tətbiq edilən Qaydalardan əlavə, məhkum olunmuş məhbuslar üçün rejim onların cinayət törətmədən məsuliyyətli həyat tərzi keçirmələrinə yönəlməlidir.
102.2. Azadlıqdan məhrum etmə öz-özlüyündə cəzadır, buna görə də məhkum edilmiş məhbuslar üçün rejim onların iztirablarını artırmamalıdır.
Məhkum olunmuş məhbuslara rejimin tətbiqi
103.1. Məhkum olunmuş məhbuslar üçün nəzərdə tutulmuş rejim, əgər buna kimi tətbiq edilməyibsə, onlar penitensiar müəssisəyə məhkum kimi daxil olan vaxtdan tətbiq edilir.
103.2. Məhkum olunmuş məhbuslar daxil olduqdan sonra imkan olan kimi onlar üçün şəxsi iş tərtib edilir, hər birinə cəzanın çəkilməsi planının layihəsi və azadlığa hazırlıq strategiyası hazırlanır.
103.3. Cəzanın çəkilməsi üzrə fərdi planın hazırlanmasında məhbusların iştirakı həvəsləndirilməlidir.
103.4. Mümkün olan hallarda, bu planlara aşağıdakılar daxil edilməlidir:
a. iş;
b. təhsil;
c. digər fəaliyyət növləri; və
d. azadlığa hazırlıq.
103.5. Məhkum olunmuş məhbuslar üçün rejimlər çərçivəsində həmçinin ictimai iş, tibb xidməti və psixoloji kömək nəzərdə tutula bilər.
...
103.8. Uzun müddətə və ömürlük azadlıqdan məhrum edilmişlərin rejiminə və cəzanın çəkilməsi üzrə planların tərtib olunmasına xüsusi diqqət yetirilməlidir.
...
Məhkum olunmuş məhbusların azad edilməsi
107.1. Azad edilməmişdən əvvəl məhkum olunmuş məhbuslara penitensiar müəssisədən cəmiyyətdə qanuna itaətli yaşayışa keçməyə imkan verən müxtəlif üsullar və xüsusi proqramlar vasitəsilə köməklik göstərilməlidir.
107.2. Uzun müddətə azadlıqdan məhrum edilmiş məhbusların azad həyata tədricən qayıtmaları üçün tədbirlər görülməlidir .
107.3. Bu məqsədə azadlığa hazırlıqla əlaqədar tədbirlər proqramı və yaxud nəzarət altında şərti azad olunmuşlara digər sosial dəstək göstərilməsinə nail olmaq olar.
107.4. Penitensiar müəssisələr azad olunmuş məhbuslara nəzarəti həyata keçirən, onların cəmiyyətə, xüsusilə ailə həyatına və əməyə qayıtmasına dəstək verən sosial xidmətlərlə və təşkilatlarla sıx əlaqədə işləməlidirlər.
107.5. Belə sosial xidmət və təşkilatların nümayəndələrinə məhbusların azadlığa hazırlaşmasına kömək göstərilməsi və azad edilmişlərlə iş proqramı hazırlamaq məqsədilə penitensiar müəssisələrə daxil olmaq və məhbuslarla görüşmək üçün hər bir imkan verilməlidir".
160. 2006-cı il Qaydalarına dair şərhdə (Cinayətkarlıq problemləri üzrə Avropa Komitəsi tərəfindən hazırlanıb) deyilir ki, 102-ci qayda əsas beynəlxalq sənədlərin, o cümlədən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 10-cu maddəsinin 3-cü bəndinin tələblərinə (yuxarıda 157-ci bəndə bax) uyğundur.
2. (76)2 saylı qətnamə
161. 1976-cı ildən bəri Nazirlər Komitəsi uzun müddətə və ömürlük azadlıqdan məhrum edilmiş məhbuslarla bağlı bir sıra qətnamə və tövsiyələr qəbul edib. Onlardan birincisi 17 fevral 1976-cı il tarixli (76)2 saylı qətnamə idi, həmin qətnamədə üzv dövlətlərə digər məsələlərlə yanaşı aşağıdakılar tövsiyə olunurdu:
"1. uzun müddətə azadlıqdan məhrumetmə cəzalarının yalnız cəmiyyətin maraqlarının müdafiəsi üçün zəruri olan hallarda tətbiq edilməsini nəzərdə tutan cinayət hüququ siyasətini yürütmək;
2. belə cəzaların icrası müddətində məhbuslarla lazımi qaydada rəftar edilməsini təmin etmək üçün zəruri qanunverici və inzibati tədbirləri görmək;
...
6. bütün lazımi sahələrdə məhbusların iştirakını nəzərdə tutan sistemləri tədricən tətbiq etməklə məhbuslarda məsuliyyət hissi tərbiyə etmək;
...
9. şərti azadetmənin mümkünlüyünü müəyyənləşdirmək üçün bütün məhbusların işlərinə mümkün qədər tezliklə baxılmasını təmin etmək;
10. məhbusun davranışının müsbət olacağını proqnozlaşdırmaq mümkün olan kimi qanunvericilikdə nəzərdə tutulan çəkilmiş cəza müddəti barəsindəki tələblərə riayət etməklə məhbusları şərti azadlığa buraxmaq (cinayətkarlığın qarşısının alınması ilə bağlı ümumi mülahizələr şərti azadetmədən imtina üçün əsas təşkil etməməlidir);
11. uzun müddətə azadlıqdan məhrum edilmiş şəxslərə tətbiq edilən prinsipləri ömürlük azadlıqdan məhrum edilmiş şəxslərə də şamil etmək;
12. ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin işlərinə 9-cu maddədə qeyd edilən yenidən baxma əvvəllər həyata keçirilməyibsə, həbsdə saxlanmanın səkkiz-on dörd ilindən sonra onun həyata keçirilməsini təmin etmək və mütəmadi dövriliklə təkrarlamaq; ..."
3. Ömürlük və digər uzun müddətlərə azadlıqdan məhrum edilmiş məhbusların cəzalarının icrasının cəzaçəkmə yerlərinin müdiriyyəti tərəfindən həyata keçirilməsinə dair 2003(23) saylı tövsiyə
162. Ömürlük və digər uzun müddətlərə azadlıqdan məhrum edilmiş məhbusların cəzalarının icrasının cəzaçəkmə yerlərinin müdiriyyəti tərəfindən həyata keçirilməsinə dair 2003(23) saylı tövsiyə Nazirlər Komitəsi tərəfindən 9 oktyabr 2003-cü ildə qəbul edildi. O tövsiyə etdi ki, üzv dövlətlər ömürlük və digər uzun müddətlərə azadlıqdan məhrum edilmiş məhbusların cəzalarının icrası ilə bağlı qanunvericiliklərində, siyasətlərində və praktikalarında tövsiyəyə əlavə olunmuş prinsipləri rəhbər tutsunlar. Həmin prinsiplərin bu işə aidiyyəti olan hissələrində deyilir:
"Ömürlük və digər uzun müddətlərə azadlıqdan məhrum edilmiş məhbusların anlayışı
1. Bu Tövsiyənin məqsədləri üçün ömürlük azadlıqdan məhrum edilmiş məhbus ömürlük həbs cəzası çəkən məhbusdur. Uzun müddətə azadlıqdan məhrum edilmiş məhbus ümumilikdə beş il və ya daha artıq müddətə azadlıqdan məhrumetmə cəzası və ya cəzaları çəkən məhbusdur.
Əsas məqsədlər
2. Ömürlük və digər uzun müddətlərə azadlıqdan məhrum edilmiş məhbusların cəzalarının icrası aşağıdakı məqsədləri daşımalıdır:
- həbsxanaların məhbuslar üçün və orada işləyənlər və ya məhbuslara baş çəkənlər üçün təhlükəsiz və etibarlı yerlərdə olmasını təmin etmək;
- ömürlük və digər uzun müddətlərə azadlıqdan məhrum etmənin mənfi təsirlərini aradan qaldırmaq;
- bu məhbusların cəmiyyətə uğurlu qayıdış imkanlarını və azad edildikdən sonra qanuna tabe olmaqla yaşamaq imkanlarını artırmaq və yaxşılaşdırmaq.
Ömürlük və digər uzun müddətlərə azadlıqdan məhrum edilmiş məhbusların cəzalarının icrasının əsas prinsipləri
3. Ömürlük və digər uzun müddətlərə azadlıqdan məhrum edilmiş məhbusların şəxsi xarakteristikalarının fərqli olduğuna diqqət yetirilməli və cəzanın icrası üçün fərdi planlar hazırlanarkən bu nəzərə alınmalıdır (fərdiləşdirmə prinsipi).
4. Həbsxana həyatı elə təşkil edilməlidir ki, cəmiyyətdəki real həyata mümkün qədər yaxın olsun (normallaşdırma prinsipi).
5. Məhbusların həbsxanadakı gündəlik həyat məsələlərinə görə fərdi məsuliyyət daşımalarına imkan yaradılmalıdır (məsuliyyət prinsipi).
6. Ömürlük və digər uzun müddətlərə azadlıqdan məhrum edilmiş məhbusların xarici aləmə, öz-özlərinə və digər məhbuslara, habelə həbsxanada işləyənlərə və ya məhbuslara baş çəkənlərə qarşı yaratdığı hər hansı təhlükələr arasında dəqiq fərq qoyulmalıdır (təhlükəsizlik və etibarlılıq prinsipi).
7. Diqqət yetirilməlidir ki, ömürlük və digər uzun müddətlərə azadlıqdan məhrum edilmiş məhbuslar arasında onların cəza müddətləri əsasında bölgü aparılmasın (bölünməzlik prinsipi).
8. Ömürlük və ya digər uzun müddətlərə azadlıqdan məhrum edilmiş məhbusun cəzasının icrası üçün fərdi plan bütün penitensiar sistemdə müsbət irəliləyişlərə nail olmaq məqsədini daşımalıdır (irəliləyiş prinsipi).
Cəzaçəkmənin planlaşdırılması
9. Yuxarıda qeyd edilən əsas məqsədlərə nail olmaqdan və prinsiplərə riayət etməkdən ötrü hər bir konkret məhbus üçün əhatəli cəzaçəkmə planları tərtib edilməlidir. Bu planlar imkan daxilində məhbusun iştirakı ilə və xüsusən həbsxanada saxlanılma müddəti sona yaxınlaşdıqca məhbusun azadlıqdakı davranışına nəzarət edən orqanlarla və digər əlaqədar orqanlarla sıx əməkdaşlıq şəraitində hazırlanmalı və təkmilləşdirilməlidir.
10. Cəzaçəkmə planları hər bir məhbusun risklərinin və tələbatlarının qiymətləndirilməsini özündə ehtiva etməli və aşağıdakılara münasibətdə sistematik yanaşmanı nəzərdə tutulmalıdır:
- məhbusun ilkin olaraq yerləşdirilməsinə;
- penitensiar sistem vasitəsilə daha çox məhdudlaşdırıcı şəraitdən daha az məhdudlaşdırıcı şəraitə və ideal halda cəzaçəkmənin yekun mərhələsinin açıq rejimdə, ən yaxşısı cəmiyyətin içərisində keçirilməsinə doğru irəliləyişlərə;
- iş, təhsil, təlim fəaliyyətlərində və həbsxanada keçirilən vaxtdan məqsədyönlü istifadəni və azadlığa buraxıldıqdan sonra uğurlu adaptasiya şanslarının artmasını təmin edən digər fəaliyyətlərdə iştiraka;
- həbsxanada pozucu fəaliyyət və azad edildikdən sonra təkrarən cinayət törətmə ehtimalını azaltmaq üçün risklərin və tələbatların müəyyənləşdirilməsi məqsədini daşıyan proqramlara daxil edilməyə və onlarda iştiraka;
- uzun müddətlərə azadlıqdan məhrum edilmənin mənfi nəticələrinin aradan qaldırılması üçün asudə vaxtın təşkilində və digər fəaliyyətlərdə iştiraka;
- azad edildikdən sonra qanuna tabe olmaqla yaşamağa və cəmiyyətdəki həyata uyğunlaşmağa şərait yaradan nəzarət şərtlərinə və tədbirlərinə.
11. Cəzaçəkmənin planlaşdırılması məhbus həbsxanaya daxil olduqdan sonra mümkün qədər tezliklə başlanmalı, həmin planlara mütəmadi dövriliklə yenidən baxılmalı və zərurət olduqda dəyişikliklər edilməlidir.
...
Ömürlük və digər uzun müddətlərə azadlıqdan məhrum edilmiş məhbusların cəmiyyətə yenidən inteqrasiyasının təşkili
33. Ömürlük və digər uzun müddətlərə azadlıqdan məhrum edilmiş məhbusların uzun müddət həbsdə qaldıqdan sonra cəmiyyətdə qanuna tabe olmaqla yaşamağa uyğunlaşma zamanı yaranan konkret problemləri aradan qaldıra bilmələrinə şərait yaratmaq üçün onlar azadlığa buraxılmağa qabaqcadan hazırlanmalı və xüsusən aşağıdakılar nəzərə alınmalıdır:
- müvafiq risklərin və tələbatların müəyyənləşdirilməsinə yönələn azadetməyə qədərki və azadetmədən sonrakı xüsusi planların zəruriliyi;
- azadetmənin mümkünlüyünə və məhbuslar həbsdə saxlanılarkən daxil edildikləri və iştirak etdikləri hər hansı proqramların və ya islah tədbirlərinin azadetmədən sonra davam etdirilməsinə lazımi diqqət yetirilməsi;
- həbsxana müdiriyyəti ilə azadetmədən sonra nəzarəti həyata keçirən orqanlar, sosial və tibb xidmətləri arasında sıx əməkdaşlığa nail olmaq zərurəti.
34. Ömürlük və digər uzun müddətlərə azadlıqdan məhrum edilmiş məhbusların şərti azadlığa buraxılmasına qərar verilməsi və onun icrası zamanı "Şərti azadetmə haqqında" Rec(2003)22 saylı tövsiyədə müəyyən edilmiş prinsiplər rəhbər tutulmalıdır.
163. Tövsiyəyə əlavə olunmuş məruzədə (131-ci bənddə) 34-cü bəndlə əlaqədar olaraq deyilir:
"Rec(2003)22 saylı tövsiyədə yer alan prinsipə əsasən şərti azadetmə, çox qısa cəza müddəti çəkənlər istisna olmaqla, bütün məhbuslar üçün mümkün olmalıdır. Tövsiyənin şərtlərinə müvafiq olaraq, bu prinsip hətta ömürlük azadlıqdan məhrum edilmiş məhbuslara da şamil olunur. Lakin nəzərə almaq lazımdır ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbusların şərti azad edilməsinin mümkünlüyü yalnız tövsiyə olunur və bu o demək deyil ki, onlar bütün hallarda şərti azadlığa buraxılmalıdırlar".
...
IV. İŞGƏNCƏLƏRİN VƏ QEYRİ-İNSANİ VƏ YA LƏYAQƏTİ ALÇALDAN RƏFTAR VƏ YA CƏZANIN QARŞISININ ALINMASI ÜZRƏ AVROPA KOMİTƏSİNİN ("CPT") MÜVAFİQ HESABATLARI
A. On birinci ümumi hesabat
165. 3 sentyabr 2001-ci ildə dərc olunmuş on birinci ümumi hesabatında (CPT/Inf (2001)16) CPT ömürlük və digər uzun müddətlərə azadlıqdan məhrum edilmiş məhbuslarla bağlı aşağıdakıları qeyd etdi:
"33. Bir çox Avropa ölkələrində ömürlük və digər uzun müddətlərə azadlıqdan məhrum edilmiş məhbusların sayı artmaqdadır. Səfərlərinin bəzilərində CPT müəyyən etdi ki, həbsxanalarda maddi şərait, fəaliyyətlər və insanlarla təmas baxımından bu cür məhbusların vəziyyətinin yaxşılaşdırılmasına böyük ehtiyac var. Bundan başqa, belə məhbusların çoxu xüsusi məhdudiyyətlərə məruz qalırlar ki, bu da yəqin ki, uzun müddət həbsxanada saxlanmanın doğurduğu mənfi nəticələri gücləndirir; belə məhdudiyyətlərə misal olaraq onların həbsxanadakı qalan məhbuslardan daim ayrı saxlanılmasını, hər dəfə kameralarından çıxarılarkən qollarının qandallanmasını, digər məhbuslarla ünsiyyətlərinin qadağan olunmasını və görüş hüquqlarının məhdudlaşdırılmasını göstərmək olar. CPT müəyyən cəzaçəkmə növünün şamil olunduğu bütün məhbusların fərdi təhlükə yaradıb-yaratmamaları yetərincə nəzərdən keçirilmədən onlara məhdudiyyətlərin fərq qoyulmadan tətbiq edilməsi üçün heç bir əsas görmür.
Uzun müddətə azadlıqdan məhrumetmə məhbuslara onları cəmiyyətdən uzaqlaşdıran bir sıra təsirlər göstərə bilər, uzun müddətə azadlıqdan məhrum edilmiş məhbuslar müxtəlif psixoloji problemlər (o cümlədən özünəhörmət hissinin itirilməsi və sosial vərdişlərin zəifləməsi problemlərini) yaşaya bilər və cəmiyyətdən getdikcə daha çox uzaqlaşmağa meylli ola bilərlər; halbuki onların demək olar hamısı son nəticədə cəmiyyətə qayıdacaqlar. CPT-nin rəyinə görə, uzunmüddətli cəzalar çəkən məhbuslara şamil olunan rejimlər bu mənfi nəticələri pozitiv və aktiv şəkildə aradan qaldırmağa yönəlməlidir.
Müvafiq məhbuslar müxtəlif xarakterli geniş çeşidli fəaliyyətlərlə məşğul olmaq (işləmək və yaxşı olar ki, peşəkar baxımdan dəyərə malik olan işləri yerinə yetirmək; təhsil; idman fəaliyyətləri ilə; başqaları ilə ünsiyyət şəraitində əyləncəli fəaliyyətlərlə məşğul olmaq) imkanına malik olmalıdırlar. Bundan başqa, onlar vaxtlarını necə keçirəcəklərini seçmək imkanına malik olmalıdırlar ki, bu da onlarda müstəqillik və şəxsi məsuliyyət hissini artıra bilər. Onların həbsxanada saxlanma müddətinin mənalı keçməsi üçün addımlar atılmalıdır; konkret olaraq, cəzaçəkmənin fərdiləşdirilmiş planları və lazımi psixoloji və sosial yardım həbsxanada saxlanma şərtlərinə riayət etməkdə və vaxtı çatanda azadlığa çıxmağa hazır olmaqda bu cür məhbuslara kömək etməyin mühüm elementləridir. Bundan başqa, uzunmüddətli azadlıqdan məhrumetmə cəzası çəkən məhbusların ətraf aləmlə səmərəli əlaqə saxlamasına imkan yaradılarsa, azadlıqdan məhrumetmənin onlara göstərdiyi mənfi təsirlər daha da azalar və onlar azadlığa çıxmağa daha yaxşı hazır olarlar".
...
V. BOLQARISTANIN HELSİNKİ KOMİTƏSİNİN ÖMÜRLÜK (HƏMİŞƏLİK) AZADLIQDAN MƏHRUMETMƏ İLƏ BAĞLI HESABATI
175. Bolqarıstanda 2009-cu ilin iyunundan 2010-cu ilin aprelinədək ömürlük (həmişəlik) azadlıqdan məhrumetmə mövzusunda araşdırma apardıqdan sonra Bolqarıstanın Helsinki Komitəsi "Sonradan başqa cəza ilə əvəzlənməsi mümkün olmayan ömürlük azadlıqdan məhrumetmə: qeyri-insani və ləyaqəti alçaldan cəza" adlı hesabat dərc etdi. Hesabat sonradan başqa cəza ilə əvəzlənməsi mümkün olan ömürlük azadlıqdan məhrumetmə cəzası çəkən şəxslər barəsində deyil, yalnız ömürlük (həmişəlik) həbs cəzası çəkən şəxslər barəsində idi.
176. Hesabatda digər məsələlərlə yanaşı deyilirdi ki, konkret həbsxanalara səfərlər zamanı Plovdiv həbsxanasındakı ömürlük azadlıqdan məhrum edilmiş məhbusların hamısı təkadamlıq kameralarda idilər. Stara Zaqora həbsxanasında ömürlük azadlıqdan məhrum edilmiş məhbusların yalnız ikisi bir kameranı paylaşırdı, qalanlarının hamısı təkadamlıq kameralarda idilər. Plovdiv həbsxanası və bəzi digər həbsxanalar (Stara Zaqora həbsxanası buraya daxil deyil) istisna olmaqla, ömürlük azadlıqdan məhrum edilmiş məhbusların yerləşdirildiyi bölmələr çox pis vəziyyətdə idi: döşəmələr və divarlar çirkli idi, hamısı döşəməyə bərkidilmiş olan mebellər çox köhnə idi. Bəzi bölmələrdə ikiyaruslu metal çarpayılar vardı, amma onlardan nadir hallarda istifadə edilirdi. Ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar yeməklərini kameralarında yeyirdilər. Bölmələrə çox zaman yetərincə gün işığı düşmürdü. Pəncərələr adətən 1x0,6-0,8 metr ölçüdə olurdu və döşəmədən təxminən iki metr yuxarıda yerləşirdi ki, bu da məhbusların bayıra baxmasının qarşısını alırdı. Plovdiv həbsxanasında ömürlük azadlıqdan məhrum edilmiş məhbusların bölməsindəki pəncərə çərçivələri təzə idi, Stara Zaqora həbsxanasında isə belə deyildi. Lampa işığı heç vaxt söndürülmürdü ki, bu da mühafizəçilərin kameraları hər zaman yoxlamaya bilməsinə imkan verirdi. Bəzi məhbuslar şikayət etdilər ki, bu işıq, xüsusən də lüminessent lampalar onların yatmasını çətinləşdirir. Ömürlük azadlıqdan məhrum edilmiş məhbusların bölməsində ventilyasiya sistemi yox idi və təmiz hava içəriyə yalnız pəncərələr açıq olduqda oradan daxil olurdu ki, bu da qışda problem yaradırdı, çünki hətta ən soyuq günlərdə də istilik sistemi yalnız səhərlər bir saatlığa və gündüzlər bir saatlığa işə salınırdı. Ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar paltarlarını tualetə getdikləri zaman yumalı və kameralarında qurutmalı olurdular. Bir neçə həbsxanada tualetlər kameraların içərisində tikilmişdi, amma Plovdiv və Stara Zaqora həbsxanalarında belə deyildi. Ümumi tualetlərə getməyə səhərlər, nahar vaxtı və axşamlar otuz dəqiqə ərzində icazə verilirdi. Bu müddətdə ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar həm də öz vedrələrini və yemək qablarını yumalı idilər. Qalan vaxtlarda təbii ehtiyaclarını ödəmək üçün onlar mühafizəçiləri çağırmalı idilər. Həbsxanaların çoxunda bunun üçün siqnalizasiya sistemi olmadığına görə məhbuslar kameralarının qapılarını döyməyə və ya qışqırmağa məcbur olurdular. Bu isə tez-tez mühafizəçilərlə münaqişələrin yaranmasına səbəb olurdu, buna görə də məhbuslar çox vaxt təbii ehtiyaclarını ödəmək üçün kameralarındakı vedrələrdən istifadə etməyə üstünlük verirdilər. Pleven həbsxanası istisna olmaqla bütün həbsxanalarda ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar daim kameraları bağlı olmaqla saxlanılırdılar. Plovdiv həbsxanasında bir saatlıq gündəlik gəzintinin müddəti otuz dəqiqə, Stara Zaqora həbsxanasında isə iyirmi dəqiqə uzadılmışdı. Həbsxanaların çoxunda ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar gündəlik gəzintilərə ayrıca həyətlərdə çıxırdılar. Həmin həyətlər kifayət qədər balaca idi və Pleven həbsxanası kimi bəzi həbsxanalarda lazımi işləri yerinə yetirməyə imkan vermirdi.
177. Hesabatda daha sonra deyilirdi ki, 2009-cu ilin avqustunda ömürlük azadlıqdan məhrumetmə cəzası çəkən məhbusların yalnız səkkizi işlə təmin olunmuşdu: onların yeddisi kameralarında, biri isə bayırda işləyirdi. Sonradan onların sayı azaldı. Həbsxana müdiriyyəti üçün belə məhbuslara münasib iş tapmaq asan vəzifə deyildi, məsələn, Stara Zaqora həbsxanasında ömürlük azadlıqdan məhrum edilmiş məhbusların heç biri heç zaman işlə təmin olunmamışdı. Plovdiv həbsxanasında ömürlük azadlıqdan məhrum edilmiş məhbuslara müəyyən dövrdə iş verilmişdi ki, bu da cərrahiyyə əlcəklərinin qablaşdırılmasından ibarət idi.
178. Hesabatda həmçinin qeyd edilirdi ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbusların çoxunun öz televizoru, bəzilərinin isə həm də radiosu var. Həmin məhbusların çoxu illərlə eyni kamerada yaşadıqlarına görə kameralarını evdə işlənən məişət əşyaları ilə təchiz etməyə çalışırdılar. Plovdiv həbsxanasının və Stara Zaqora həbsxanasının yüksək təhlükəsizlik tədbirləri tətbiq edilən bölmələrində klublar yox idi. Ömürlük azadlıqdan məhrum edilmiş məhbusların yalnız az qismi onlar üçün maraqlı olan fəaliyyətlərlə məşğul olmaq imkanına malik idi. Onlar üzərində nəzarət çox sərt idi, çünki azad edilmə perspektivləri yox idi. Bununla belə, bəzi həbsxanalarda ömürlük azadlıqdan məhrum edilmiş məhbuslarla işləyən qruplar onlara psixoloji dəstək vermək və gələcəyə ümid hissi yaratmaq üçün ciddi səylər göstərir və onları sosial təmaslarını saxlamağa, həbsxanadakı fəaliyyətlərdə iştirak etməyə və hər hansı depressiv və ya psixosomatik simptomlarla mübarizə aparmağa həvəsləndirirdilər. Lakin bəzi həbsxanalarda ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar "Ömürlük azadlıqdan məhrum edilmiş məhbuslarla rəftar üçün milli standartlar"ın (yuxarıda 135-ci bəndə bax) tələblərinə cavab vermirdi və müvafiq məhbusların bəziləri şikayət etdilər ki, onlarla heç bir fərdi iş aparılmır və onlar üçün heç bir mədəni, məlumatlandırıcı və ya idman fəaliyyətləri təşkil olunmur.
HÜQUQİ MƏSƏLƏLƏR
I. ƏRİZƏÇİLƏRİN SAXLANMA REJİMİ VƏ ŞƏRAİTİ
179. Cənab Harakçiyev və cənab Tolumov iddia etdilər ki, müvafiq olaraq, ömürlük (həmişəlik) həbs cəzası və sonradan cəzanın başqa cəza ilə əvəzlənməsi mümkün olmaqla ömürlük azadlıqdan məhrumetmə cəzası çəkən məhbuslar qismində onlara tətbiq edilmiş həbsxana rejimləri onların saxlanmasının maddi şəraiti ilə birgə götürülməklə Konvensiyanın 3-cü maddəsini pozan işgəncəyə, yaxud da qeyri-insani və ləyaqəti alçaldan rəftara bərabərdir.
180. Konvensiyanın 3-cü maddəsində deyilir:
"Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır".
...
B. Şikayətlərin mahiyyəti
...
III. ÖMÜRLÜK (HƏMİŞƏLİK) HƏBS
230. Cənab Harakçiyev iddia etdi ki, tətbiq edildiyi andan barəsindəki ömürlük (həmişəlik) həbs cəzası Konvensiyanın 3-cü maddəsini pozan qeyri-insani və ləyaqəti alçaldan cəzaya bərabərdir.
231. Konvensiyanın 3-cü maddəsinin mətni yuxarıda 180-ci bənddə verilib.
A. Tərəflərin arqumentləri
1. Hökumətin qeydləri
232. Hökumət bildirdi ki, cənab Harakçiyevin sadəcə ömürlük (həmişəlik) həbs cəzasına məhkum edilməsi faktı Konvensiyanın 3-cü maddəsinin pozuntusuna bərabər sayıla bilməz, çünki o, əfv üçün istənilən vaxt prezidentə müraciət edə bilərdi. Ömürlük (həmişəlik) həbs cəzası çəkən şəxsin bu cəzasının vitse-prezident tərəfindən başqa cəza ilə əvəzlənməsi presedenti artıq mövcud idi. Bunun yetərli olmadığı qənaətinə gəlmək vitse-prezidentin yanında əfv komissiyasının işinə qarşı ədalətsizlik olar və təkcə Bolqarıstanda deyil, həm də digər üzv dövlətlərdə hüquqi nizamsızlıq təhlükəsi yaradardı. Ölüm cəzasının ləğvi nəticəsində 1998-ci ildə qanunvericiliyə daxil edilmiş ömürlük (həmişəlik) həbs cəzası Bolqarıstan cinayət hüququnun cəza sisteminin olduqca mühüm komponenti idi. O çox nadir hallarda tətbiq edilən cəza idi və ən ağır cinayətlər üçün nəzərdə tutulmuşdu. Hazırda Bolqarıstanda ömürlük (həmişəlik) həbs cəzası çəkən 57 nəfər və sonradan başqa cəza ilə əvəzlənməsi mümkün olan ömürlük azadlıqdan məhrumetmə cəzası çəkən 106 nəfər var.
233. Prezidentin əfv səlahiyyəti ömürlük (həmişəlik) həbs cəzasının əvəzlənməsi üçün maneəsiz istifadə edilə bilən vasitə idi və bu cür cəza çəkənlərin hamısına ümid verirdi ki, bir gün azadlıqlarına qovuşacaqlar. Bu baxımdan olduqca önəmli idi ki, 21 yanvar 2013-cü ildə vitse-prezident bir məhbus barəsində bu səlahiyyətini tətbiq edərək ömürlük (həmişəlik) həbs cəzasını sonradan başqa cəza ilə əvəzlənməsi mümkün olan ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz etmişdi. Bu qərarın kökündə duran səbəblər Əfv komissiyasının hesabatında əks etdirilmiş, üstəlik orada qeyd edilmişdi ki, bu qərar ömürlük (həmişəlik) həbs cəzası çəkən bütün digər şəxslərin öz vəziyyətlərini yaxşılaşdıra biləcəyini nümayiş etdirir. Prezidentin əfv səlahiyyəti ömürlük (həmişəlik) həbs cəza qismində qanunvericiliyə daxil edildiyi vaxt qüvvədə idi və daim elə tətbiq edilirdi ki, maraqlı şəxslərdə cəzalarının azaldılmasına nail olacaqlarına ümid yaransın. Bunu ömürlük (həmişəlik) həbs cəzası çəkən şəxslərin əfv müraciətləri rədd edilərkən gətirilən əsaslar da aydın şəkildə göstərirdi, onlar mahiyyət etibarı ilə iki arqumentə söykənirdi: islah prosesində irəliləyişin olmaması, yaxud indiyədək cəzanın kifayət qədər çox hissəsinin çəkilməməsi. Əfv müraciətlərinə baxılması proseduru prezidentin fərmanlarında daim öz əksini tapırdı, məsələn, o, prezidentin qanun qüvvəli 23 fevral 2012-ci il tarixli fərmanında əks olunmuşdu. Qüvvədə olan normaların ən son versiyası bu proseduru optimallaşdırmaq və daha şəffaf etmək və praktikada artıq mövcud olan standartları hüquqi cəhətdən rəsmiləşdirmək məqsədini daşıyırdı. Əsas diqqət Əfv komissiyasının araşdırıcı və analitik imkanlarının artırılmasına və əfv üçün hər bir müraciətə baxılması qaydasının nizama salınmasına yönəldilmişdi. Bu prosedur cəza növünü başqası ilə əvəzləyən məhkəmə prosedurları ilə eyni təsirə malik idi. Prezident və vitse-prezident hər hansı meyarlardan asılı deyildilər və istənilən şəxs barəsində istənilən vaxt əfv səlahiyyətini həyata keçirə bilərdilər.
234. Ömürlük azadlıqdan məhrumetmə cəzası çəkən məhbusların saxlanma rejimi onların islah olunduqlarını sübut etmələrinə mane olmurdu. Bu, ömürlük (həmişəlik) həbs cəzasını sonradan başqa cəza ilə əvəzlənməsi mümkün olan ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz etmək barədə vitse-prezidentin 21 yanvar 2013-cü il tarixli qərarında gətirilən əsaslardan, habelə cənab Tolumovun davranışından və onun saxlanma rejimindəki dəyişiklikdən aydın görünürdü. Öz növbəsində cənab Harakçiyev hər hansı islah olunma əlamətləri nümayiş etdirməmişdi. Əksinə, ona bir sıra intizam cəzaları tətbiq edilmişdi və onun işində residivizm riski daim yüksək olaraq qalırdı. Bundan başqa, iki ərizəçidən hər hansı birinin əfv üçün müraciət etdiklərini göstərən heç bir sübut yox idi.
2. Cənab Harakçiyevin qeydləri
235. Cənab Harakçiyev bildirdi ki, çəkməkdə olduğu ömürlük (həmişəlik) həbs cəzası Konvensiyanın 3-cü maddəsinə ziddir, çünki bu cəza onun ömrünün qalan hissəsini həbsxanada keçirməsini nəzərdə tutur. Eyni zamanda, Bolqarıstan qanunvericiliyinin müvafiq normalarının təhlili göstərir ki, bu cəzanın tətbiqi vasitəsilə qarşıya qoyulan məqsədlərə sonradan başqa cəza ilə əvəzlənə bilən ömürlük azadlıqdan məhrumetmə vasitəsilə də nail olmaq olardı. 1968-ci il tarixli Cinayət Məcəlləsinə əsasən, ömürlük (həmişəlik) həbs cəzası cəzanın məqsədlərinə daha yüngül cəza vasitəsilə nail olmağın mümkün olmadığı hallar üçün nəzərdə tutulmuşdu. Buradan belə nəticə çıxır ki, o, heç vaxt islah oluna bilməyən şəxslər üçün nəzərdə tutulmuşdu, halbuki aydın məsələdir ki, cəza təyin edən məhkəmə iyirmi və ya otuz il ərzində şəxsin islah olunub-olunmayacağını öncədən deyə bilməzdi.
236. Ömürlük azadlıqdan məhrumetmə cəzasının başqa cəza ilə əvəzlənməsini tənzimləyən məhkəmə proseduru Konvensiyanın 3-cü maddəsinin tələblərinə tam uyğun olsa da, prezidentin əfv səlahiyyətinin tətbiqi aydın və öncədən proqnozlaşdırıla bilən deyildi. 1991-ci il Konstitusiyasının 98-ci maddəsində və 1968-ci il tarixli Cinayət Məcəlləsinin 74-cü maddəsində bu səlahiyyətin tətbiqi ilə bağlı hər hansı prosedur qaydaları və ya şərtlər əks olunmamışdı. Nəticədə ömürlük azadlıqdan məhrum edilmiş məhbus əfv şansına malik olub-olmadığını bilmirdi. 23 fevral 2012-ci ilədək bu səlahiyyətin tətbiq edilməsi üsulu aydın deyildi: neçə məhbusun əfv üçün müraciət etdiyi və hansı əsaslara görə müraciət etdiyi barədə, neçə müraciətin təmin edildiyi və hansı əsaslara görə təmin etdiyi barədə, ekspertlərə məsləhətlər verən ekspertlərin kim olduğu barədə və onların öz vəzifələrini hansı normalara uyğun olaraq yerinə yetirdikləri barədə heç bir məlumat yox idi. Bu iddianın təsdiqi üçün ərizəçilər ömürlük (həmişəlik) həbs cəzası çəkən və əfv üçün müraciət edən məhbuslara prezident administrasiyası tərəfindən 2006-cı ildən 2011-ci ilədək göndərilmiş dörd məktubu təqdim etdilər: onların hamısında sadəcə olaraq deyilirdi ki, müraciət lazımi qaydada araşdırılıb və təmin edilməyib. Bu cəzanı çəkən şəxslərdən on altı nəfəri 2002-ci ildən 2009-cu ilədək əfv üçün müraciət etmiş, onların müraciətlərinin heç biri təmin edilməmişdi. Eləcə də 2002-ci ilə qədər bu cür şəxslərin əfv edildiyinə dair heç bir nümunə yoxdur.
237. Prezidentin əfv səlahiyyətinin həyata keçirilməsini tənzimləyən hüquqi baza 23 fevral 2012-ci ildə təkmilləşdirilməmişdi. Prezident tərəfindən həmin tarixdə müəyyən edilmiş normalar irəliyə doğru addım olsa da, əfv üçün hansı şərtlərlə müraciət etmək məsələsinə yetərincə aydınlıq gətirmirdi. Onlar prezidentin və vitse-prezidentin bu səlahiyyətlərinin həyata keçirilməsini deyil, sadəcə olaraq Əfv komissiyasının işini tənzimləyən daxili təlimatlar idi. Üstəlik bu normalar hətta dövlətin rəsmi bülletenində də dərc olunmamışdı, hətta prezidentin Konstitusiya və qanunlar əsasında mücərrəd normalar qəbul etmək hüququna malik olub-olmadığı da aydın deyildi. Hüquqi cəhətdən prezident və vitse-prezident hər hansı meyarlara əsaslanmadan əfv müraciətini təmin etmək və ya etməmək barədə qərar verməkdə sərbəst idilər. Bu məsələ barədə çıxarılan qərarı əsaslandırmaq tələb olunmurdu və ondan məhkəməyə şikayət verilə bilməzdi. 2012-ci ildə əfv üçün yüz müraciətdən yalnız üçü təmin edilmişdi, halbuki ömürlük azadlıqdan məhrumetmə cəzası alanların sayı çox olaraq qalırdı. Buna görə də əfv proseduru ömürlük azadlıqdan məhrumetmə cəzasının başqa cəza ilə əvəzlənməsi üçün münasib vasitə deyildi. Ömürlük (həmişəlik) həbs cəzasının ləğv edilməli olduğu barədə şəxsi rəyi əsasında hazırkı vitse-prezidentin həmin cəzanı çəkən bir nəfəri əfv etməsi hər hansı real ümid yaratmırdı. Bu mövqe təqdirəlayiq olsa da, vitse-prezidentin şəxsi mövqeyi idi və olduqca qeyri-populyar idi və yalnız o vəzifəsində qaldığı müddətdə qüvvədə olacaqdı. Bu mövqe qanunvericiliyə dəyişiklik edilməsi istiqamətində uzunmüddətli təsirə malik ola bilməzdi.
238. Cənab Harakçiyev kimi ömürlük (həmişəlik) həbs cəzası çəkənlərin saxlanma rejimi onların hətta kameradan kənarda olduqları və işlədikləri vaxtlarda da tam təcrid olunmasına gətirib çıxarırdı. Yeganə ünsiyyət imkanı eyni rejimdə saxlanılan digər məhbuslarla təmasda olmaq idi və bu yalnız bir saatlıq gündəlik gəzintilər zamanı baş verirdi. Olduqca məhdudlaşdırıcı saxlanma şəraiti, demək olar ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbusların münasib iş tapmasını mümkünsüz edirdi. Bunu Bolqarıstanın Helsinki Komitəsinin 2010-cu il aprel hesabatında əks olunmuş məlumatlar da təsdiq edirdi. Həmçinin bu hesabat göstərirdi ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar cəmiyyətə yenidən inteqrasiya olunmaları üçün hər hansı proqramlarla təmin edilmirlər və maddi baxımdan son dərəcə pis şəraitdə saxlanılırlar. Bütün bu amillər onların islah olunduqlarını sübut etmələrini və beləliklə əfvə layiq olduqlarına prezidenti və ya vitse-prezidenti inandıra bilmələrini mümkünsüz edirdi.
3. Hökumətin əlavə qeydləri
239. Əlavə qeydlərində Hökumət bildirdi ki, bu işdəki situasiya Vinter və başqaları Birləşmiş Krallığa qarşı işdə ([BP], ərizələr № 66069/09, 130/10 və 3896/10, AİHM 2013, çıxarışlar) mövcud olmuş vəziyyətdən açıq-aydın fərqlənir. Birləşmiş Krallığın Ədliyyə nazirinin məhdud səlahiyyətlərindən fərqli olaraq, Bolqarıstanda prezidentin əfv səlahiyyəti hər hansı formada məhdudlaşdırılmamışdı. Prezident istənilən cəzanı başqası ilə əvəzləyə bilərdi və bu səlahiyyət faktiki olaraq həyata keçirilirdi. Prosedur yetərincə çevik (şəraitə uyğunlaşdırılmış) idi ki, bu da məhbusların hər hansı müddət qoyulmadan və hər hansı əsaslarla məhdudlaşdırılmadan əfv üçün müraciət etmələrinə imkan yaradırdı. Əfv üçün istənilən müraciət hərtərəfli qiymətləndirilərək həbsdə saxlanmanın davam etdirilməsinə qanuni cəzalandırma əsasları ilə haqq qazandırmağın mümkün olub-olmadığı müəyyənləşdirilirdi. Vitse-prezidentin yanında əfv komissiyasının aylıq hesabatları komissiyanın bu məsələləri ətraflı təhlil etdiyini göstərirdi. Ömürlük azadlıqdan məhrum edilmiş bir məhbusun cəzasının dəyişdirilməsini təklif etdiyi bir işdə komissiya bu amilləri dəqiqliklə nəzərə almışdı. Ömürlük azadlıqdan məhrum edilmiş məhbus cəzasını çəkməyə başladığı andan əfv üçün prezidentə müraciət etmək imkanına malik idi, bu imkan hamıya bəlli idi və geniş şəkildə istifadə olunurdu.
240. Hökumətin bildirdiyinə görə, bu səlahiyyətin həyata keçirilməsi üçün təfsilatlı normalara ehtiyac yox idi. Onun həyata keçirilməsi üsulu ilə bağlı müəyyənlik yox idi, buna görə də hər hansı təfsilatlı normalar onun hazırda olduqca geniş olan hüdudlarını yalnız məhdudlaşdıra bilərdi. İstənilən halda, dövlətlər ömürlük azadlıqdan məhrumetmə cəzasına yenidən baxılması üsuluna dair qərar verməkdə müəyyən qiymətləndirmə sərbəstliyinə malik idilər. Prezidentin əfv səlahiyyətinin bütünlüklə diskresion səlahiyyət olması faktı onun səmərəliyini azaltmırdı. Bunu 2013-cü ilin əvvəlində ömürlük həbs cəzası çəkən məhbus barəsində bu səlahiyyətin tətbiqi də göstərirdi. Cənab Harakçiyevin iddiasının əksinə olaraq, həmin hal təkcə hazırkı vitse-prezidentin şəxsi mülahizələrinin nəticəsi deyildi. Ömürlük həbs cəzası almış həmin məhbusun cəzasının dəyişdirilməsi barədə qərar müəyyən tendensiya yaratmışdı. Əfv komissiyasının hesabatından göründüyü kimi, həmin qərar bütün müvafiq amillərin hərtərəfli qiymətləndirilməsi əsasında qəbul edilmişdi. Bu tendensiyanı həm də ömürlük (həmişəlik) həbs cəzasının ləğvini nəzərdə tutan Cinayət Məcəlləsinin layihəsindən görmək olardı. Lakin cinayət məcəlləsi kimi kompleks qanunvericilik aktlarının qəbulu vaxt tələb edirdi. Bu arada əfv üçün prezidentə müraciət etmək imkanı ömürlük (həmişəlik) həbs cəzasına məhkum olunmuş şəxslərin sərəncamında olan kifayət qədər səmərəli vasitə idi.
241. Qüvvədə olan qaydalara əsasən, ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar həbsxanaya gələn kimi hüquq və vəzifələri barədə, həbsxanadakı qayda və intizam haqqında aydın dildə məlumatlandırılmalıdırlar; onlar həmçinin bu məlumatları yazılı şəkildə almaq hüququna malikdirlər. Bu məlumatlara həbsxana qaydaları və normaları, əmək hüququ, görüş rejimi, intizam sanksiyaları, saxlanma rejimində dəyişiklik edilməsi və vaxtından əvvəl azad edilmə üçün müraciət etməyin mümkünlüyü barədə təfsilatlı izahatlar daxildir. Bundan başqa, 2007-ci ildə Cəzaların icrası idarəsi "Ömürlük azadlıqdan məhrum edilmiş məhbuslarla rəftar üçün milli standartlar"ı qəbul etdi. Bu standartlarda aydın şəkildə deyilirdi ki, dövlət orqanları ömürlük azadlıqdan məhrum edilmiş məhbusların cəzalarının icrasına aid məsələləri müzakirə edə bilmələrinə imkan yaratmalıdırlar. Cəzalarının sonradan başqa cəza ilə əvəzlənməsinin mümkün olub-olmamasından asılı olmayaraq, ömürlük azadlıqdan məhrum edilmiş məhbusların hamısı onların həbsxana rejimində dəyişiklik edilməsindən ötrü müraciət etmələri üçün cəzalarının hansı müddətini çəkməli olduqları barədə və cəzalarının başqa cəza ilə əvəzlənməsinə nail olmaq şanslarını artırmaq üçün hansı davranış tərzinə riayət etməli olduqları haqqında məlumatlandırılırdılar. Bundan əlavə, ömürlük azadlıqdan məhrum edilmiş məhbusların hər birinin fərdi cəzaçəkmə planı vardı ki, orada onlardan gözlənilən müsbət dəyişikliklər və həmin dəyişikliklərə aparan konkret addımlar əks olunmuşdu. Məhbusların diqqətinə çatdırılmalı olan həmin plan mütəmadi olaraq yenidən qiymətləndirilirdi. Harakçiyevin işində sonuncu plan onun tərəfindən imzalanmamışdı, amma bunun yeganə səbəbi bu idi ki, o, həbsxana müdiriyyətindən çıxan bütün sənədləri imzalamaqdan imtina edirdi.
B. Məhkəmənin qiymətləndirməsi
1. Şikayətin qəbuledilənliyi
242. Bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3"a" bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız və ya hər hansı digər səbəblərə görə qəbul edilə bilməyən şikayət deyil. Buna görə də o, qəbul olunan elan edilməlidir.
2. Şikayətin mahiyyəti
a) Məhkəmənin presedent hüququnda təsbit edilmiş ümumi prinsiplər
243. Kafkaris Yunanıstana qarşı işdə ([BP], ərizə № 21906/04, 97-ci bənd, AİHM 2008) Məhkəmənin Böyük Palatası qərara aldı ki, dövlət tərəfindən cinayət ədliyyəsi sisteminin seçilməsi, o cümlədən ittiham hökmlərinə və azadetmə məsələlərinə yenidən baxılması prinsipcə Məhkəmənin həyata keçirdiyi nəzarətin hüdudları xaricində olsa da və yetkinlik yaşına çatmış cinayətkar barəsində ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin olunması Konvensiyanın 3-cü maddəsi ilə və ya hər hansı digər maddəsi ilə qadağan edilməsə də və ya onlara zidd olmasa da, sonradan əvəzlənməsi mümkün olmayan ömürlük azadlıqdan məhrumetmə cəzası 3-cü maddə üzrə məsələni meydana çıxara bilər. Böyük Palata həmçinin bunu vurğulamağı da lazım bildi ki, sadəcə olaraq praktikada ömürlük azadlıqdan məhrumetmə cəzasının bütünlüklə çəkilməsinin mümkünlüyü faktı onu "əvəzlənməsi mümkün olmayan" cəzaya çevirmir və bu fakt həmin cəzanı Konvensiyanın 3-cü maddəsinin məqsədləri üçün de yure və de fakto "əvəzlənməsi mümkün olan" cəza hesab etmək üçün kifayətdir (həmin iş üzrə qərarın 98-ci bəndinin son hissəsi).
244. Həmin işdə Böyük Palata Konvensiyanın 3-cü maddəsinin pozulmadığını müəyyən etdi, çünki Kipr Konstitusiyasına əsasən prezident istənilən vaxt baş prokurorla razılaşdırmaqla ömürlük azadlıqdan məhrumetmə cəzasını daha qısa müddətə azadlıqdan məhrumetmə ilə əvəzləyə və sonra şəxsi cəzadan azad edə bilərdi. Doğrudur, bu prosedurda müəyyən çatışmazlıqlar vardı: prezidentin bu diskresion səlahiyyətini necə həyata keçirməli olduğunu göstərən heç bir dərc olunmuş meyar yox idi, həmçinin baş prokurorun məhbusun müraciəti ilə əlaqədar rəyini məhbusa açıqlaması öhdəliyi də yox idi, eləcə də prezidentin öz qərarını əsaslandırması barədə tələb və belə praktika yox idi və onun qərarlarına məhkəmə tərəfindən yenidən baxılması da mümkün deyildi. O da doğrudur ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbusların azadlığa çıxma perspektivi məhdud idi, çünki ömürlük azadlıqdan məhrumetmə cəzasının tənzimlənməsi bütünlüklə prezidentin diskresion səlahiyyəti çərçivəsində idi. Bununla belə, bir sıra konkret nümunələr vardı ki, prezident bu diskresion səlahiyyətini tətbiq etmiş və ömürlük azadlıqdan məhrum edilmiş məhbusların azadlığa buraxılması barədə qərar çıxarmışdı. Buna görə də demək olmazdı ki, cənab Kafkaris azadlığa buraxılması üçün bütün perspektivlərdən məhrum edilmişdi (həmin iş üzrə qərarın 102-105-ci bəndləri).
245. Sonradan əvəzlənməsi mümkün olmayan ömürlük azadlıqdan məhrumetmə cəzalarının Konvensiyanın 3-cü maddəsinə uyğunluğu məsələsini Məhkəmənin Böyük Palatası nisbətən son dövrlərə aid olan Vinter və başqalarının işində (yuxarıda bu işə istinad edilib) yenidən araşdırdı. Böyük Palata Məhkəmənin presedent hüququndan irəli gələn müvafiq mülahizələri və müqayisəli hüquqda və beynəlxalq hüquqda ömürlük azadlıqdan məhrumetmə ilə bağlı son dövrdəki tendensiyaları təfsilatlı şəkildə nəzərdən keçirdi (həmin iş üzrə qərarın 104-118-ci bəndləri). Bu araşdırmanın əsasında o qərara aldı ki, ömürlük azadlıqdan məhrumetmə cəzası yalnız o halda Konvensiyanın 3-cü maddəsinə uyğun ola bilər ki, azadlığa buraxılma və ittiham hökmünə yenidən baxılması imkanı mövcud olsun (həmin iş üzrə qərarın 109-110-cu bəndləri), belə ki, məhbus onun azadlıqdan məhrum edilməsi üçün qanuni cəzalandırma əsasları mövcud olmadıqda həbsdə saxlanıla bilməz. Bu əsaslara cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah olunma daxildir. Böyük Palata konkret olaraq qeyd etdi ki, azadlıqdan məhrumetmənin bu əsasları arasında balans hökmən statik olmaya da bilər və cəzanın çəkilməsi dövründə həmin balans dəyişə bilər. Cəza uzun müddətdən bəri çəkildikdən sonra cəzanın çəkilməsinin başlanğıcında azadlıqdan məhrumetməyə haqq qazandıran əsas səbəb daha mövcud olmaya bilər. Buna görə də yalnız həbsdə saxlanmanın davam etdirilməsinə haqq qazandıran səbəbləri cəzaçəkmənin müvafiq dövründə yenidən nəzərdən keçirməklə həmin amilləri və ya dəyişiklikləri lazımi qaydada qiymətləndirmək olar. Məhbus azadlığa buraxılma perspektivi olmadan və ömürlük azadlıqdan məhrumetmə cəzasına yenidən baxılması imkanı olmadan azadlıqdan məhrum edilibsə, o halda onun günahını heç vaxt yuya bilməməsi riski mövcud olur: o, həbsxanada nə etsə də, islah olunma istiqamətində nə qədər müstəsna irəliləyişlərə nail olsa da, cəzası qəti şəkildə eyni olaraq qalacaq və ona yenidən baxılması mümkün olmayacaq (həmin iş üzrə qərarın 111-112-ci bəndləri). Buna görə də Böyük Palata qərara aldı ki, şəxsin islah olunmasına çalışmadan və ona bir gün yenidən azadlığa qovuşma şansı vermədən onu məcburi qaydada azadlıqdan məhrum etmə insan ləyaqətinə (bu amil Konvensiya sisteminin mahiyyətini təşkil edir) uyğun hal deyil (həmin iş üzrə qərarın 113-cü bəndi). O daha sonra qeyd etdi ki, hazırda Avropa hüququnda və beynəlxalq hüquqda bu prinsip açıq-aydın dəstəklənir ki, ömürlük azadlıqdan məhrum edilənlər də daxil olmaqla bütün məhbuslara islah olunma imkanı verilməli və bu islaha nail olunduqda azadlığa çıxma perspektivi mövcud olmalıdır (həmin iş üzrə qərarın 114-cü bəndi). Cəza azadlıqdan məhrumetmənin əsas məqsədlərindən biri olaraq qalsa da, Avropa penitensiar qaydalarında yer alan 6-cı qaydada, 102-ci qaydanın 1-ci bəndində və 108-ci qaydanın 3-cü bəndində, Nazirlər Komitəsinin 76(2) saylı qətnaməsində və 2003(23) və 2003(22) saylı tövsiyələrində, CPT-nin açıqlamalarında, bir sıra iştirakçı dövlətlərin praktikasında və beynəlxalq hüquq normalarında, o cümlədən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 10-cu maddəsinin 3-cü bəndində və həmin maddəyə dair ümumi şərhdə ifadə edildiyi kimi, hazırda Avropanın cinayət hüququ siyasətində azadlıqdan məhrumetmə cəzasının islahetmə məqsədi önə çəkilir və bu hətta ömürlük azadlıqdan məhrum edilmiş məhbuslara da aiddir (həmin iş üzrə qərarın 115-118-ci bəndləri).
246. Bu təhlilin əsasında Böyük Palata Palatanın əvvəlki qərarını ləğv etməyi və ömürlük azadlıqdan məhrumetmə cəzası ilə bağlı aşağıdakı mülahizələri irəli sürməyi qərara aldı:
a) Ömürlük azadlıqdan məhrumetmə kontekstində Konvensiyanın 3-cü maddəsi cəza müddətinin azaldılmasının mümkünlüyünü tələb edən maddə kimi şərh olunmalıdır, yəni ömürlük azadlıqdan məhrum edilmiş məhbusun davranışında onun həbsdə saxlanmasının davam etdirilməsinə qanuni cəzalandırma əsasları ilə haqq qazandırmağı mümkünsüz edən əhəmiyyətli dəyişikliklərin olub-olmadığını və cəzaçəkmənin gedişində islah olunmağa doğru irəliləyişlərə nail olunub-olunmadığını nəzərdən keçirə bilmək üçün dövlət orqanları onun cəzasına yenidən baxmalıdırlar (həmin iş üzrə qərarın 119-cu bəndi);
b) Cinayət ədliyyəsi və cəza təyinetmə məsələlərində iştirakçı dövlətlərə geniş qiymətləndirmə sərbəstliyinin verilməli olduğunu nəzərə alsaq, həmin yenidən baxmanın hansı formada (icra və ya məhkəmə orqanı tərəfindən) həyata keçirilməli olduğunu göstərmək və ya nə zaman həyata keçirilməli olduğunu müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Bununla belə, müqayisəli hüquq və beynəlxalq hüquq materialları göstərir ki, ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin edilməsindən sonra iyirmi beş ildən gec olmamaqla cəzaya yenidən baxılmasını və daha sonra mütəmadi dövriliklə təkrarən baxılmasını təmin edən dəqiq mexanizmin yaradılmasına açıq-aydın dəstək vardır (həmin iş üzrə qərarın 120-ci bəndi);
c) Bu cür yenidən baxma daxili qanunvericilikdə nəzərdə tutulmayıbsa, ömürlük azadlıqdan məhrumetmə Konvensiyanın 3-cü maddəsinin standartlarına uyğun olmayacaqdır (həmin iş üzrə qərarın 121-ci bəndi);
d) Tələb olunan yenidən baxma birmənalı olaraq ittiham hökmü çıxarıldıqdan sonra gələcəkdə baş verə biləcək hadisə ilə əlaqədar olsa da, ömürlük azadlıqdan məhrum edilmiş məhbus cəzasını şərtləndirən hüquqi amillərin daha Konvensiyanın 3-cü maddəsinin bu məsələ ilə bağlı tələblərinə cavab vermədiyini əsas gətirərək şikayət verə bilmək üçün gözləməyə və qeyri-müəyyən sayda illər ərzində cəza çəkməyə borclu deyil. Bu, istər hüquqi müəyyənlik prinsipinə, istərsə də Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulan mənada qurban statusu ilə bağlı ümumi prinsiplərə zidd olardı. Bundan başqa, cəza təyin edildiyi andan daxili qanunvericiliyə əsasən onun dəyişdirilməsi mümkün olmadığı hallarda məhbusun gələcəkdə, tarixi öncədən bilinməyən gündə onun islah olunması əsasında azadlığa buraxılmasına imkan yaradan mexanizmin tətbiq ediləcəyini bilmədiyi təqdirdə islah olunma istiqamətində çalışacağını gözləmək doğru olmazdı. Ömürlük azadlıqdan məhrum edilmiş məhbus azadlığa buraxılmaq üçün nə etməli olduğunu və hansı şərtlərlə azad ediləcəyini, o cümlədən cəzasına nə zaman yenidən baxılacağını və ya bunun üçün nə zaman müraciət edə biləcəyini cəza müddətinin lap başlanğıcından bilmək hüququna malikdir. Müvafiq olaraq, daxili qanunvericilikdə ömürlük (həmişəlik) həbs cəzasına yenidən baxılması üçün hər hansı mexanizm və ya imkan nəzərdə tutulmayıbsa, bu halın Konvensiyanın 3-cü maddəsinə zidd olması faktı azadlıqdan məhrumetmənin hər hansı sonrakı mərhələsində deyil, ömürlük (həmişəlik) həbs cəzasının təyin edildiyi andan meydana çıxır (həmin iş üzrə qərarın 122-ci bəndi).
b) Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
247. Məhkəmə öncə qeyd edir ki, cənab Harakçiyev çəkdiyi cəzanın özlüyündə cinayətlərinin ağırlıq dərəcəsinə ümumən qeyri-mütənasib olduğunu, yaxud həbsxanada saxlanılmasının davam etdirilməsi üçün qanuni cəzalandırma əsaslarının daha mövcud olmadığını iddia etməyə çalışmayıb (bax: Vinter və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 102-ci bənd). Onun şikayəti əslində həmin cəzanın nəticələrinə qarşı yönəlib.
248. Bolqarıstanda ömürlük (həmişəlik) həbs cəzası (o əvvəllər Bolqarıstanın cinayət qanunvericiliyində mövcud deyildi) parlament tərəfindən ölüm cəzasının rəsmən ləğv edildiyi 1998-ci ildə qanunvericiliyə daxil edilib (yuxarıda 51, 52 və 58-ci bəndlərə bax). Bu cəza, hazırkı iş üzrə qeydlərində Hökumətin təsdiq etdiyi kimi, "müvəqqəti" və "müstəsna" cəza sayılır və: a) "Respublikanın əsaslarını təhdid edən", yaxud xüsusilə ağır olan və qəsdən törədilən cinayətlərin baş verdiyi hallar üçün; və b) "cəzanın məqsədinə daha yüngül cəza vasitəsilə nail oluna bilmədiyi" hallar üçün nəzərdə tutulub (yuxarıda 59-cu və 60-cı bəndlərə bax). O, 1995-ci ildə qanunvericiliyə daxil edilən və başqa cəza ilə əvəzlənməsi mümkün olan "adi" ömürlük azadlıqdan məhrumetmə cəzası ilə yanaşı mövcuddur (yuxarıda 56, 65 və 71-ci bəndlərə bax).
249. Məhkəmə daha sonra qeyd edir ki, ömürlük (həmişəlik) həbs cəzası "müvəqqəti" və "müstəsna" cəza sayılırdı və bu yaxınlarda, 2014-cü ilin yanvarının sonunda Hökumət tərəfindən parlamentə təqdim edilmiş Cinayət Məcəlləsinin yeni layihəsində bu cəzanın yalnız "adi" forması, yəni başqa cəza ilə əvəzlənməsi mümkün olan ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulub (yuxarıda 67-ci bəndə bax), çünki həmin Məcəllə layihəsinə əlavə olunmuş izahedici qeydlərə əsasən, ömürlük (həmişəlik) azadlıqdan məhrumetmə cəzası "bu cəzaya məhkum olunan şəxslərin hər hansı ümidinin olmaması səbəbindən hazırda həddən artıq qeyri-insani cəza kimi qəbul edilir" (yuxarıda 68-ci bəndə bax). Belə görünür ki, qəbul ediləcəyi təqdirdə bu Məcəllə hazırda ömürlük (həmişəlik) həbs cəzası çəkənlərə də sonradan cəzanın başqa cəza ilə əvəzlənməsi mümkün olmaqla ömürlük azadlıqdan məhrumetmə cəzası çəkənlərlə eyni ümidlər vəd edir.
250. Artıq qeyd edildiyi kimi, dövlət tərəfindən cinayət ədliyyəsi sisteminin seçilməsi, o cümlədən ittiham hökmlərinə və azadetmə məsələlərinə yenidən baxılması prinsipcə Məhkəmənin həyata keçirdiyi nəzarətin hüdudları xaricindədir və yetkinlik yaşına çatmış cinayətkara ömürlük azadlıqdan məhrumetmə cəzasının sadəcə olaraq təyin edilməsi özlüyündə Konvensiyanın 3-cü maddəsi ilə və ya hər hansı digər maddəsi ilə qadağan olunmayıb.
251. Məhkəmənin öz presedent hüququnun işığında cavablandırmalı olduğu sual ondan ibarət idi ki, cənab Harakçiyevə təyin olunmuş cəza dəyişdirilə bilən cəza idimi, yəni onun azadlığa çıxma perspektivi və cəzaya yenidən baxılması imkanı mövcud idimi? Məhkəmə bununla bağlı qeyd edir ki, Bolqarıstan qanunvericiliyi cənab Harakçiyevin şərti azad edilməsinə icazə verməsə də (bu tədbir yalnız müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası çəkən məhbuslara şamil olunurdu) və barəsindəki ömürlük (həmişəlik) həbs cəzasının daha yüngül cəza ilə əvəz edilməsi haqqında məhkəmə qərarının çıxarılmasına cənab Harakçiyevin ümid bəsləməsi mümkünsüz olsa da, qanunvericilikdə prezidentin iki cür əfv tədbiri nəzərdə tutulmuşdu: ya bütünlüklə əfv edilmə, ya da cəzanın başqa cəza ilə əvəzlənməsi (yuxarıda 72-74-cü bəndlərə bax). Bütünlüklə əfv edildiyi təqdirdə cənab Harakçiyev dərhal və qeyd-şərtsiz azad edilə bilərdi. Cəzası başqa cəza ilə əvəzləndiyi təqdirdə, hətta 2013-cü ilin yanvarında başqa bir məhbusun nümunəsində olduğu kimi adi ömürlük azadlıdan məhrumetmə ilə əvəzləndikdə belə (yuxarıda 99-101-ci bəndlərə bax), cənab Harakçiyevin məhkəmə qərarı vasitəsilə cəzasının başqa cəza ilə əvəzlənməsi üçün və sonra ola bilsin ki, həm də şərti azad edilmək üçün müraciət etmək imkanı olacaqdı.
252. Kafkarisin işindən (yuxarıda bu işə istinad edilib) sonra, lakin Vinter və başqalarının işindən (yuxarıda bu işə istinad edilib) əvvəl həll edilmiş Yorqovun işində (№ 2) ([Yorqov Bolqarıstana qarşı (№ 2), ərizə № 36295/02, 2 sentyabr 2010-cu il], 48-60-cı bəndlər) olduğu kimi, Məhkəmənin Beşinci Bölməsinin Palatası yuxarıdakı konstitusiya və qanunvericilik tədbirlərini və 2009-cu ilədək onların tətbiqini nəzərdən keçirdi. O qeyd etdi ki, hətta 2002-ci ildən 2009-cu ilədək prezidentin əfv səlahiyyəti 477 məhbus barəsində tətbiq edilsə də, ömürlük (həmişəlik) həbs cəzası çəkənlərin heç birinə indiyədək bu cür əfv şamil olunmayıb. Bununla belə, Palata bu nəticəyə gəldi ki, mövcud vəziyyətdə demək olmazdı ki, ömürlük (həmişəlik) həbs cəzası çəkən cənab Yorqov bir gün həbsxanadan azad ediləcəyi ilə bağlı bütün ümidlərindən məhrum edilmişdi. Hətta 2009-cu ilin noyabrınadək prezidentin əfv səlahiyyəti ömürlük azadlıqdan məhrum edilmiş məhbusların heç birinə şamil olunmamışdısa da, bu, Bolqarıstanda ömürlük (həmişəlik) həbs cəzasının de fakto başqa cəza ilə əvəzlənməsinin mümkün olmadığını sübut etmək üçün yetərli deyildi. Həmin cəza Bolqarıstan qanunvericiliyinə kifayət qədər son dövrlərdə, ölüm cəzası rəsmən ləğv edildikdən sonra 1998-ci ilin dekabrında daxil edilmişdi. Bu o demək idi ki, cənab Yorqov da daxil olmaqla bu cəzanı çəkən çoxlu sayda məhbuslar, çətin ki, prezidentin əfv fərmanına düşmək üçün həbsxanada kifayət qədər uzun müddət keçirmişdilər. Cənab Yorqovun əfv üçün lazımi qaydada müraciət etdiyi təqdirdə onun ərizəsinə geniş çeşidli meyarlar əsasında lazımi qaydada baxılmayacağını güman etmək üçün heç bir əsas yox idi. Beləliklə, o, azad edilmək üçün heç bir ümidi olmayan məhbus sayıla bilməzdi və buna görə də Konvensiyanın 3-cü maddəsinin pozuntusu baş verməmişdi (bax: Yorqovun işi (№ 2) üzrə yuxarıda istinad edilən qərar, 52-60-cı bəndlər).
253. Bununla belə, Böyük Palatanın son dövrdə Vinter və başqalarının işi üzrə qəbul etdiyi qərarın 122-ci bəndini (yuxarıda 246-cı bəndin "d" bölümündə həmin bənddən sitat gətirilib) nəzərə alaraq, Məhkəmə hazırkı işdə eyni yanaşmanı qəbul edə bilməz. Həmin yanaşma belə bir ehtimala əsaslanır ki, ömürlük azadlıqdan məhrumetmə cəzasının başqa cəza ilə əvəzlənməsi üçün həqiqi imkanın olmaması yalnız o halda Konvensiyanın 3-cü maddəsinin pozuntusu sayıla bilər ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbus kifayət qədər uzun müddət ərzində cəza çəkmiş olsun və səlahiyyətli orqanı onun cəzasının dəyişdirilməsinə inandıra bilmək baxımından real şans əldə etmək üçün islah yolunda əhəmiyyətli irəliləyişə nail olsun. Bu ehtimalı daxili məhkəmələrin qərarları və Vinter və başqalarının işi üzrə Palatadakı çoxluğun qərarı təsdiqləyirdi, sonuncunun rəyi mahiyyət etibarı ilə ondan ibarət idi ki, əgər ömürlük azadlıqdan məhrum edilmiş məhbus onun daha həbsxanada saxlanılmasına haqq qazandırmağı mümkünsüz edən dərəcədə uzun müddət ərzində cəza çəkməyibsə, başqa cəza ilə əvəzlənməsi mümkün olmayan ömürlük azadlıqdan məhrumetmə Konvensiyanın 3-cü maddəsinin pozuntusuna səbəb olmur (bax: Vinter və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 48, 49, 56, 87 və 91-ci bəndlər). Bu əsaslandırma həmin işdə Böyük Palata tərəfindən aydın şəkildə rədd edilmişdi (həmin iş üzrə qərarın 122-ci bəndi).
254. Buradan belə nəticə çıxır ki, hazırkı işdə cənab Harakçiyev kimi ömürlük (həmişəlik) həbs cəzası çəkən şəxslərin bu cəzanın dəyişdirilməsinə nail olması imkanını tənzimləyən hazırkı tədbirləri diqqətlə araşdırmaqdan əlavə Məhkəmə onu da yoxlamalıdır ki, cənab Harakçiyev barəsindəki ittiham hökmü qüvvəyə mindiyi zaman (2004-cü ilin noyabrında) və ondan sonra həmin hökmə yenidən baxılması üçün Bolqarıstan qanunvericiliyində adekvat imkan nəzərdə tutulmuşdumu?
255. Aydın məsələdir ki, ən azı 1968-ci il tarixli Cinayət Məcəlləsinin 74-cü maddəsinə edilmiş və 13 oktyabr 2006-cı ildə qüvvəyə minmiş dəyişiklikdən (yuxarıda 74-cü bəndə bax) sonra sözügedən cəzanın dəyişdirilməsi de yure mümkün idi. Lakin həmin dəyişikliyə qədər bunun mümkün olub-olmadığı aydın deyil. 74-cü maddənin 13 oktyabr 2006-cı ilə qədərki redaksiyasında bu imkan açıq-aydın istisna edilməsə də, orada aydın ifadələrlə göstərilməmişdi ki, prezidentin əfv səlahiyyəti ömürlük (həmişəlik) həbs cəzası və adi ömürlük azadlıqdan məhrumetmə cəzası çəkənlərə də şamil olunur (yuxarıda 73-cü bəndə bax). 2006-cı ilin oktyabrından bəri prezident və ya vitse-prezident tərəfindən əfv səlahiyyətinin ömürlük (həmişəlik) həbs cəzası çəkən məhbusa tətbiq edildiyinə dair heç bir nümunə yox idi (yuxarıda 87-ci bəndə bax) və müasir dövrdə prezidentin əfv səlahiyyətinə dair qanunvericilik normalarının mötəbər şərhi mövcud olmadığına görə bunu söyləmək çətindir ki, həmin maddənin mətnində bu barədə konkret göstəriş olmasa belə, təklikdə və ya 1991-ci il Konstitusiyasının 98-ci maddəsinin 11-ci bəndi ilə birlikdə götürülmüş halda həmin maddə sözügedən cəzaya prezidentin əfv səlahiyyətinin şamil olunduğunu bildirən maddə kimi şərh edilə bilərdimi? Bu qeyri-müəyyənliyi ömürlük (həmişəlik) həbs cəzasının qanunvericiliyə daxil edilməsi ilə bağlı aparılmış müzakirələrin gedişində parlament üzvlərinin ifadə etdiyi fikirlərdən (yuxarıda 63-cü və 64-cü bəndlərə bax), qanunverici orqanın sonradan qanunvericiliyə dəyişiklik etmək yolu ilə bu məsələyə aydınlıq gətirməyi zəruri hesab etməsi faktından görmək olardı və həmçinin bu faktdan da görmək olardı ki, 2012-ci ildə parlamentin bir qrup üzvü 1991-ci il Konstitusiyasının 98-ci maddəsinin 11-ci bəndinə və xüsusən prezidentin əfv səlahiyyətinin bütün cinayət cəzalarına şamil olunub-olunmaması məsələsinə məcburi qüvvəyə malik şərh verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdi (yuxarıda 76-cı bəndə bax). Belə olan halda Məhkəmə əmin deyil ki, cənab Harakçiyev barəsindəki hökm qüvvəyə mindiyi zaman onun de yure dəyişdirilməsinin mümkün olub-olmadığı aydın idi.
256. Beləliklə, Məhkəmə sözügedən dövrdə cənab Harakçiyev barəsindəki hökmün həmçinin de fakto dəyişdirilməsinin mümkün olduğuna və həbsxanada saxlanıldığı müddətdə onun həqiqətən azadlığa çıxmasına imkan yaradan mexanizmin mövcudluğundan xəbərdar olduğuna əmin deyil.
257. 2012-ci ilin yanvarından vəzifəsinin icrasına başlamış prezidentin qəbul etdiyi qərarlara və həmin vaxt onun təsis etdiyi Əfv komissiyasının praktikasına (yuxarıda 90-107-ci bəndlərə bax) və ən önəmlisi, Konstitusiya Məhkəməsi tərəfindən 2012-ci ilin aprelində 1991-ci il Konstitusiyasının 98-ci maddəsinin 11-ci bəndinə verilmiş məcburi qüvvəyə malik şərhə (yuxarıda 76-83-cü bəndlərə bax) əsaslanan hazırkı sistemdə prezidentin əfv səlahiyyətini hansı üsulla həyata keçirməsi məsələsinə xeyli dərəcədə aydınlıq gətirildi.
258. Konkret olaraq, Konstitusiya Məhkəməsi həmin səlahiyyətlərin hüdudlarını müəyyənləşdirdi və qərara aldı ki, o, əsassız şəkildə tətbiq edilməməli, bərabərlik, humanizm, mərhəmət, bağışlama prinsipləri və məhkum olunmuş cinayətkarın sağlamlıq və ailə vəziyyəti və onun şəxsiyyətindəki hər hansı müsbət dəyişikliklər nəzərə alınmalıdır. Həmin məhkəmə daha sonra bildirdi ki, prezidentin və ya vitse-prezidentin ayrı-ayrı hallar üzrə qərarlarını əsaslandırmaları tələb olunmur, onlardan gözlənilən budur ki, əfv səlahiyyətini tətbiq edərkən rəhbər tutduqları ümumi meyarları açıqlasınlar. Nəhayət, məhkəmə qərara aldı ki, müəyyən məhdudlaşdırıcı şərtlərlə olsa da, konkret olaraq həbsxanada saxlanılmanın uzun sürməsindən bu məhkəməyə şikayət etmək imkanı mövcud idi (yuxarıda 76-83-cü bəndlərə bax). Bu qərar prezidentin əfv səlahiyyətinin ziddiyyətsiz və öncədən proqnozlaşdırıla bilən şəkildə tətbiq edilməsi üçün əsaslı təminat təşkil edir.
259. Bundan əlavə, vitse-prezident yanında əfv komissiyasının işini tənzimləyən qaydalarda nəzərdə tutulur ki, komissiya öz işində, digər məsələlərlə yanaşı, Bolqarıstan barəsində qüvvədə olan insan hüquqlarına dair beynəlxalq müqavilələrin şərhi və tətbiqi ilə bağlı beynəlxalq məhkəmələrin və digər orqanların müvafiq presedent hüququnu nəzərə almalıdır (yuxarıda 91-ci bəndə bax). 2012-ci ilin əvvəlində öz işinə başladığı vaxtdan bəri komissiyanın qəbul etdiyi praktika (xüsusən əfv müraciətlərinə baxarkən onun rəhbər tutduğu meyarların; ayrı-ayrı hallarda əfv səlahiyyətinin tətbiqi ilə bağlı vitse-prezidentə verdiyi tövsiyələr üçün gətirdiyi əsasların; və müvafiq statistik məlumatların dərc olunmasını nəzərdə tutan praktika – yuxarıda 94-107-ci bəndlərə bax) həmçinin əfv prosedurunun şəffaflığını artırıb və bu məsələlərdə prezidentin səlahiyyətlərinin ziddiyyətsiz və şəffaf şəkildə həyata keçirilməsi üçün əlavə təminat təşkil edir.
260. Nəhayət, bu fakt da nəzərə alınmalıdır ki, bu təklif yalnız 2012-ci ilin dekabrında verilsə də, hər halda Əfv komissiyası vitse-prezidentə təklif etmişdi ki, məhbusun islah olunmasına istinadən onun ömürlük (həmişəlik) həbs cəzasını sonradan başqa cəza ilə əvəzlənə bilən ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz etsin və 2013-cü ilin yanarında vitse-prezident həmin təklifi qəbul etmişdi (yuxarıda 99-101-ci bəndlərə bax). Komissiyanın qeyd etdiyi kimi və Hökumətin də öz qeydlərində bildirdiyi kimi, bu hal cənab Harakçiyev kimi ömürlük (həmişəlik) həbs cəzasına məhkum edilmiş bütün digər şəxslərə nümayiş etdirirdi ki, onlar öz vəziyyətlərini yaxşılaşdıra bilərlər (yuxarıda 100-cü bəndə bax).
261. Buna görə də, belə görünür ki, indiki və gələcək prezidentlər və vitse-prezidentlər əfv səlahiyyətini 2012-ci ildə Konstitusiya Məhkəməsi tərəfindən təsbit olunmuş qaydalara və elə həmin il onun tərəfindən qəbul edilmiş praktikaya uyğun şəkildə tətbiq etməkdə davam edərlərsə, cənab Harakçiyevin ömürlük (həmişəlik) həbs cəzasının de fakto dəyişdirilməsi mümkün ola bilər və həmin andan etibarən cəzasının dəyişdirilməsinə və ya azadlığa çıxmasına imkan yaradan mexanizmin mövcudluğundan onun xəbərdar olduğunu hesab etmək olar. Doğrudur, qüvvədə olan qaydaların bəziləri Konstitusiyada və ya qanunvericilik aktlarında deyil, prezidentin fərmanında əks olunub. Lakin artıq qeyd edildiyi kimi, cəzalara yenidən baxılmasının hansı formada həyata keçirilməli olduğunu göstərmək Məhkəmənin vəzifəsi deyil.
262. Lakin eyni sözləri hökmün qüvvəyə mindiyi tarixdən (2004-cü ilin noyabrından) ən azı 2012-ci ilin ilk aylarınadək olan dövr barəsində söyləmək olmaz. İki müddət ərzində – birinci dəfə 22 yanvar 2002-ci ildən 22 yanvar 2007-ci ilədək, ikinci dəfə isə 22 yanvar 2007-ci ildən 22 yanvar 2012-ci ilədək hakimiyyətdə olmuş əvvəlki prezidentin administrasiyasının dövründə prezidentin əfv səlahiyyətini həyata keçirməsi qaydası kifayət qədər qeyri-şəffaf idi, əfv siyasəti ictimaiyyətə açıqlanmırdı və ayrı-ayrı əfv qərarlarının əsaslandığı səbəblər göstərilmirdi (yuxarıda 87-ci bəndə bax). Məhkəmə həqiqətən bu faktı diqqətdən qaçıra bilməz ki, 1998-ci apardıqları müzakirələr zamanı parlament üzvləri prezidentin diskresion səlahiyyətinin ömürlük (həmişəlik) həbs cəzasına məhkum olunmuş şəxclərə tətbiq edilməyəcəyinə zəmanət istəmişdilər, 2012-ci ildə isə parlament bu məsələnin araşdırılması üçün xüsusi (ad hoc) komitə yaratmağı zəruri hesab etmişdi (yuxarıda 89-cu bəndə bax). Eləcə də mövcud vəziyyətdə cənab Harakçiyevin həmin səlahiyyətin tətbiqindən yararlanmağa ümid edə biləcəyini göstərən heç bir konkret nümunə yox idi (əks hal üçün bax: Kafkarisin işi üzrə yuxarıda istinad edilən qərar, 103-cü bənd). Doğrudur, belə nümunələrin olmamasını bu faktla izah etmək olardı ki, ömürlük (həmişəlik) həbs cəzası Bolqarıstan qanunvericiliyinə bundan qısa müddət öncə – 1998-ci ilin dekabrında daxil edilmişdi və buna görə də həmin vaxtadək bu cəzanı çəkən çoxlu sayda məhbusların əfv edilə bilmək üçün həbsxanada kifayət qədər uzun müddət ərzində cəza çəkdiklərini güman etmək olmazdı (bax: Yorqovun işi (№ 2) üzrə yuxarıda istinad edilən qərar, 56-57-ci bəndlər). Bununla belə, prezidentin əfv səlahiyyətinin tətbiqi məsələsində rəsmi, yaxud hətta qeyri-rəsmi təminatların olmaması və eləcə də ömürlük (həmişəlik) həbs cəzası çəkən şəxsin cəzasının dəyişdirilməsinə nail olan biləcəyini və bunun üçün hansı şərtlərə riayət etməli olduğunu güman etməyə əsas verən heç bir nümunənin olmaması Məhkəməni bu nəticəyə gəlməyə vadar edir ki, 2004-cü ilin noyabrından 2012-ci ilin əvvəlinədək cənab Harakçiyevin cəzası de fakto əvəzlənə bilən cəza sayıla bilməzdi. Bu, qaçılmaz olaraq Vinter və başqalarının işi üzrə Böyük Palatanın qərarında yer alan belə bir rəydən (yuxarıda 246-cı bəndin "d" bölümündə həmin rəyə istinad edilib) irəli gəlir ki, bu tip işlərdə Konvensiyanın 3-cü maddəsinin pozuntusu məhbusun azadlığa çıxma ümidindən, bu ümid nə qədər az olsa belə, hər hansı müddətə məhrum edilməsindən ibarət olur.
263. Qeyd etmək lazımdır ki, ərizəçilərin həmçinin saxlanma rejimi və şəraiti ilə bağlı ciddi şikayətlər irəli sürdükləri hazırkı işdə (yuxarıda 179-cu bəndə bax) Məhkəmə tərəfindən araşdırılmalı olan daha bir aspekt var: cənab Harakçiyevin saxlanma rejimini və şəraitini nəzərə alsaq, onu həqiqətən islah olunmaq və beləliklə prezidenti və ya vitse-prezidenti bunu nəzərə alaraq əfv səlahiyyətlərini tətbiq etməyə inandırmağa cəhd göstərmək imkanına malik olan məhbus saymaq olardımı? Bununla bağlı onu da qeyd etmək lazımdır ki, Vinter və başqalarının işində (yuxarıda istinad edilmiş həmin iş üzrə qərarın 122-ci bəndində) Böyük Palata bildirmişdi ki, "ömürlük azadlıqdan məhrum edilmiş məhbus azadlığa buraxılmaq üçün nə etməli olduğunu və hansı şərtlərlə azad ediləcəyini ... cəza müddətinin lap başlanğıcından bilmək hüququna malikdir" (yuxarıda 246-cı bəndin "d" bölümünə bax).
264. Baxmayaraq ki, Konvensiya özlüyündə bəraət hüququnu təmin etmir və 3-cü maddə dövlət orqanlarının üzərinə məhbusları islah və cəmiyyətə yenidən inteqrasiya olunma proqramları və fəaliyyətləri ilə, məsələn, müəyyən kurslarla və ya məsləhət xidmətləri ilə təmin etmək kimi mütləq vəzifə qoyan maddə kimi şərh oluna bilməz, həmin maddə dövlət orqanlarının ömürlük azadlıqdan məhrum edilmiş məhbuslara bir gün yenidən azadlıqlarına qovuşma şansı (bu şans nə qədər az olsa belə) verməsini tələb edir. Bu şansın həqiqi və real olması üçün dövlət orqanları ömürlük azadlıqdan məhrum edilmiş məhbuslara islah olunma imkanı da verməlidirlər. Əslində Məhkəmə əvvəlki işlərdə bunu qeyd etmək imkanına malik olub ki, son illər islah olunmanın daha çox önə çəkilməsi tendensiyası mövcuddur ki, bu da şəxsin fərdi məsuliyyət hissi artırılmaqla cəmiyyətə yenidən inteqrasiyasını nəzərdə tutur (bax: Dikson Birləşmiş Krallığa qarşı [BP], ərizə № 44362/04, 28-ci bənd, AİHM 2007-V; və Vinter və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 113-118-ci bəndlər). Bu, Bolqarıstan Cinayət Məcəlləsinin 36-cı maddəsində (yuxarıda 53-cü bəndə bax), habelə 1970-ci ildən Bolqarıstan barəsində qüvvədə olan Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 10-cu maddəsinin 3-cü bəndində təsbit olunmuş cinayət cəzasının birinci vəzifəsinə tam uyğundur, sonuncuda qeyd edilir ki, məhbuslar üçün nəzərdə tutulmuş rejimin əsas məqsədi onların islah olunmasından və sosial baxımdan yenidən tərbiyələnməsindən ibarətdir (yuxarıda 157-ci və 158-ci bəndlərə bax). Artıq qeyd edildiyi kimi, məcburi xarakter daşımadıqlarına baxmayaraq, Məhkəmə tərəfindən böyük əhəmiyyət verilən bir sıra sənədlərdə (bax (müvafiq dəyişikliklərlə): Rivyenin işi [Rivye Fransaya qarşı, ərizə № 33834/03, 11 iyul 2006-cı il], 72-ci bənd; və Dibekunun işi [Dibeku Albaniyaya qarşı, ərizə № 41153/06, 18 dekabr 2007-ci il], 48-ci bənd...), o cümlədən aşağıdakılarda da bu məqsəd öz əksini tapıb: Avropa penitensiar qaydalarında yer alan 6-cı qayda, 33-cü qaydanın 3-cü bəndi, 102-ci qaydanın 1-ci bəndi və 107-ci qaydanın 1-ci bəndi; Nazirlər Komitəsinin 76(2) saylı qətnaməsinin 6-cı və 11-ci bəndləri; və "Ömürlük və digər uzun müddətlərə azadlıqdan məhrum edilmiş məhbusların cəzalarının icrasının cəzaçəkmə yerlərinin müdiriyyəti tərəfindən həyata keçirilməsinə dair" 2003(23) saylı tövsiyənin 2-ci bəndinin son hissəsi, 5-ci və 33-cü bəndləri – bu sənədlərin hamısında vurğulanır ki, ömürlük azadlıqdan məhrum edilənlər də daxil olmaqla bütün məhbusların cəmiyyətə yenidən inteqrasiyasına və islah olunmasına yardım etmək üçün həbsxana müdiriyyəti tərəfindən səy göstərilməsinə ehtiyac var (yuxarıda 159, 161 və 162-ci 246-cı bəndlərə bax).
265. Əlbəttə, bu məsələ o sahəyə aiddir ki, orada iştirakçı dövlətlər geniş qiymətləndirmə sərbəstliyinə malikdirlər. Lakin bu kontekstdə ömürlük azadlıqdan məhrum edilmiş məhbusların saxlanma rejimi və şəraiti az əhəmiyyətli məsələ sayıla bilməz. Həmin şərait və rejim elə olmalıdır ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar bir gün cəzalarının dəyişdirilməsindən ötrü müraciət edə bilmələri üçün islah olunmağa cəhd edə bilsinlər.
266. Hətta ömürlük azadlıqdan məhrum edilmiş bolqarıstanlı məhbus hazırda "azad edilmək üçün nə etməli olduğunu və hansı şərtlərlə azad edilə biləcəyini bilsə də (yuxarıda 246-cı bəndin "d" bölümünə bax), bir qayda olaraq cənab Harakçiyev kimi məhbuslar, Pleven həbsxanasındakı "eksperiment" vasitəsilə saxlanma rejimi tədricən yüngülləşdirilən cənab Yorqovun durumundan fərqli olaraq (yuxarıda 209-cu bəndə bax), xüsusilə ciddi rejimli həbsxanada saxlanılırdılar ki, bu da onların ətraf aləmdən, demək olar ki, tam təcrid olunması ilə və sosial təmaslar, iş və ya təhsil üçün imkanların olduqca məhdud olması ilə nəticələnirdi... Hazırkı işdə saxlanma rejimindəki bəzi dəyişikliklərə baxmayaraq, praktikada cənab Harakçiyev həbsxanada saxlanıldığı bütün müddət ərzində daim bağlı kameralarda və həbsxanadakı qalan məhbuslardan təcrid olunmuş halda qalırdı, sosial təmaslarda olmaq və ya işlə məşğul olmaq imkanları olduqca məhdud idi (yuxarıda 12, 23, 32 və 177-ci bəndlərə bax). Məhkəmənin rəyinə görə, bu acınacaqlı rejimin zərərli təsirləri, cənab Harakçiyevin saxlanıldığı qeyri-qənaətbəxş maddi şəraitlə birlikdə götürülməklə, onun islah olunma ehtimalını və beləliklə bir gün islah yolunda irəliləyişə nail ola və bunu nümayiş etdirə biləcəyinə və cəzasının azaldılmasına nail olacağına bəslədiyi real ümidi, yəqin ki, ciddi şəkildə zəiflətmişdi. Onu da əlavə etmək lazımdır ki, onun islah yolunda irəliləyişə nail olmasının ardıcıl dövriliklə qiymətləndirilməsi aparılmırdı. Doğrudur, cənab Harakçiyev illik psixoloji müayinələrdən keçirdi... Amma qeyd etmək lazımdır ki, 2007-ci ildə qəbul edilmiş "Ömürlük azadlıqdan məhrum edilmiş məhbuslarla rəftar üçün milli standartlar", belə görünür ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbusların islah istiqamətində çalışmasına yardım göstərməyə deyil, cəzalarına uyğunlaşmalarına kömək etməyə yönəlmişdi (yuxarıda 135-ci bəndə bax). Eləcə də həmin standartlar bu məsələyə aydınlıq gətirmirdi ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbusların davranışındakı müsbət dəyişikliklər onların öz səyləri nəticəsində, yoxsa CPT-nin tövsiyə etdiyi kimi, həbsxana müdiriyyətinin aktiv yanaşmaları nəticəsində baş verməlidir (yuxarıda 165-ci bəndə bax).
267. Yuxarıdakı mülahizələri nəzərə alaraq, Məhkəmə bu qənaətə gəlir ki, Konvensiyanın 3-cü maddəsinin pozuntusu baş verib.
268. Bu nəticəyə gələrkən Məhkəmə cənab Harakçiyevin şikayətinin xarakterini nəzərə alır (yuxarıda 247-ci bəndə bax) və qeyd edir ki, həmin şikayətdə göstərilən pozuntunun baş verdiyi barədə Məhkəmənin gəldiyi nəticə onun dərhal azadlığa buraxılması perspektivini yaradan qərar kimi başa düşülməməlidir.
...
V. KONVENSİYANIN 46-CI MADDƏSİNİN TƏTBİQİ
278. Konvensiyanın 46-cı maddəsinin bu işə aidiyyəti olan hissəsində deyilir:
"1. Yüksək Müqavilə Tərəfləri Məhkəmənin onların tərəf olduqları işlər üzrə yekun qərarına riayət etməyi öhdələrinə götürürlər.
2. Məhkəmənin yekun qərarı onun icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsinə göndərilir. ..."
279. Bu maddəyə əsasən, iştirakçısı dövlətlər tərəf olduqları istənilən işlər üzrə Məhkəmənin yekun qərarlarına riayət etməyi öhdələrinə götürürlər, onların icrasına nəzarət isə Nazirlər Komitəsi tərəfindən həyata keçirilir. Buradan belə nəticə çıxır ki, Məhkəmənin Konvensiyanın və ya onun Protokollarının pozulduğunu müəyyən etmiş qərarı, digər məsələlərlə yanaşı, cavabdeh dövlətin üzərinə belə bir hüquqi öhdəlik qoyur ki, nəinki sadəcə olaraq müvafiq şəxslərə Konvensiyanın 41-ci maddəsi əsasında təyin olunmuş məbləğləri ödəsinlər, həm də Nazirlər Komitəsi tərəfindən nəzarətin olması şərti ilə, Məhkəmənin tərəfindən müəyyən edilmiş pozuntuya son qoymaq və onun nəticələrini mümkün qədər aradan qaldırmaq üçün öz daxili hüquq sistemləri çərçivəsində qəbul edilməli olan ümumi tədbirləri və ya lazımi hallarda fərdi tədbirləri seçsinlər. Nazirlər Komitəsinin nəzarəti altında bu öhdəliyin yerinə yetirilməsi üçün daxili hüquq sistemində tətbiq ediləcək tədbirləri seçmək vəzifəsi ilk növbədə müvafiq dövlətin üzərinə düşür. Lakin bu vəzifənin yerinə yetirilməsində cavabdeh dövlətə kömək etmək məqsədi ilə Məhkəmə aşkar etdiyi situasiyaya son qoyulması üçün görülməli olan fərdi və (və ya) ümumi tədbirlərin növünü göstərə bilər (son dövrlərə aid olan bu qərara bax: Stanev Bolqarıstana qarşı [BP], ərizə № 36760/06, 254-255-ci bəndlər, AİHM 2012).
280. Hazırkı işdə ərizəçilərin saxlanma rejimi və şəraiti ilə bağlı müəyyən edilmiş Konvensiyanın 3-cü maddəsinin pozuntusu əsas etibarı ilə "Cəzaların icrası və məhkəməyəqədər həbsdə saxlanma haqqında" 2009-cu il tarixli qanunun müvafiq müddəalarından və onun icrası üçün qəbul edilmiş qaydalardan irəli gəlir (yuxarıda 203-214-cü bəndlərə bax). Bu pozuntu artıq analoji şikayətlərə səbəb olmuş sistem problemini üzə çıxarır (bax: Çerenkovun işi [Çerenkov Bolqarıstana qarşı, ərizə № 45358/04, 27 noyabr 2012-ci il], 50-ci və 69-70-ci bəndlər; və Sabevin işi [SabevBolqarıstana qarşı, ərizə № 27887/06, 28 may 2013-cü il], 72-ci və 98-99-cu bəndlər – bu işlərin hər ikisinə yuxarıda istinad edilib) və növbəti belə şikayətlərin verilməsinə səbəb ola bilər. Pozuntunun xarakteri belə düşünməyə əsas verir ki, bu qərarı lazımi qaydada icra etmək üçün cavabdeh dövlətdən tələb olunur ki, şərti azad edilmə imkanı olmaqla və ya olmadan ömürlük azadlıqdan məhrum edilmiş şəxslərə tətbiq edilən həbsxana rejimlərini tənzimləyən hüquqi bazada islahat aparsın və bu islahatın qanunvericilik aktlarında aparılması daha yaxşı olar. 1999-cu ildən bəri daim CPT tərəfindən tövsiyə olunan bu islahat: a) hazırda ömürlük azadlıqdan məhrum edilmiş məhbusların hamısına bir qayda olaraq ən azı cəzalarının ilk beş ili ərzində tətbiq edilən yüksək dərəcədə məhdudlaşdırıcı həbsxana rejiminin tətbiqinin aradan qaldırılması ilə; və b) xüsusi saxlanma rejiminin yalnız ömürlük azadlıqdan məhrum edilmiş məhbusların hər birinin yaratdığı fərdi təhlükənin qiymətləndirilməsi əsasında təyin (və tətbiq) edilməsini nəzərdə tutan müddəaların qəbul edilməsi və yalnız buna ciddi zərurət olduğu müddətdə tətbiq edilməsi ilə nəticələnməlidir.
...
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:
...
5. Qərara alır ki, barəsindəki ömürlük (həmişəlik) həbs cəzası qüvvəyə mindikdən sonra onun müddətinin azaldılmasına cənab Harakçiyevin nail ola bilməməsi məsələsində Konvensiyanın 3-cü maddəsi pozulub;
6. Qərara alır ki, barəsindəki ömürlük (həmişəlik) həbs cəzası qüvvəyə mindikdən sonra onun müddətinin azaldılmasına cənab Harakçiyevin nail ola bilməməsi məsələsində Konvensiyanın 3-cü maddəsi pozulduğunun müəyyən edilməsi özlüyündə onun bu baxımdan məruz qaldığı hər hansı mənəvi ziyana görə yetərincə ədalətli kompensasiya təşkil edir;
...
Qərar ingilis dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 8 iyul 2014-cü ildə yazılı şəkildə elan olunub.
İneta Ziemele (Ineta Ziemele)
Sədr
Fatoş Aracı (Fatoş Aracı)
Katib müavini
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy