© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 177 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2014-cü il, avqust-sentyabr
Hassan (Hassan) Birləşmiş Kralllığa qarşı [BP] – ərizə № 29750/09
16.9.2014 tarixli qərar [BP]
Maddə 5
5-ci maddənin 1-ci bəndi
Qanuni tutma və ya həbs
Üçüncü və Dördüncü Cenevrə Konvensiyaları əsasında İraqda həbs düşərgəsində saxlanılma: pozuntu baş verməyib
Maddə 1
Dövlətlərin yurisdiksiyası
Dövlətlərin məsuliyyəti
İraq vətəndaşının İraqda silahlı koalisiya qüvvələri tərəfindən həbsdə saxlanılması ilə bağlı ərazi yurisdiksiyası
Faktlar – 2003-cü ilin martında Amerika Birləşmiş Ştatlarının başçılıq etdiyi silahlı koalisiya qüvvələri İraqa daxil oldu. Britaniya ordusu Bəsrəni işğal etdikdən sonra Bəəs Partiyasının yüksək vəzifəli üzvlərini həbs etməyə başladı və partiyanın yüksək vəzifəli üzvü olan ərizəçi gizlənməyi qərara alaraq qardaşı Tareki ailənin Ümm-Qəsrdəki evini mühafizə etmək üçün evdə qoydu. Britaniya ordusu 23 aprel 2003-cü ildə səhər ərizəçini həbs etmək ümidi ilə onun evinə gəldilər. Məlumatlara əsasən, onlar Tarek Hassanı AK-47 avtomat silahı ilə silahlanmış halda tapdılar və onu döyüşçü olmaqda şübhəli bilinən şəxs kimi və ya təhlükəsizliyə qarşı təhlükə yaradan mülki şəxs kimi həbs etdilər. Daha sonra onu İraqda Birləşmiş Ştatların idarə etdiyi həbsdə saxlanma yeri olan Bukka düşərgəsinə apardılar. Düşərgənin bəzi hissələri həm də Birləşmiş Krallıq tərəfindən məhbusların saxlanması və dindirilməsi üçün istifadə edilirdi. Tarek Hassan həm Birləşmiş Ştatların, həm də Birləşmiş Krallığın hakimiyyət orqanları tərəfindən dindirildikdən sonra hesab edildi ki, o hər hansı kəşfiyyat əhəmiyyətli məlumata malik deyil və məlumatlara əsasən, 2 may 2003-cü ildə azadlığa buraxılma məntəqəsi olan Ümm-Qəsrdə azad edildi. 2003-cü il sentyabrın əvvəlində oradan təxminən 700 metr məsafədə onun üzərində işgəncə və edam əlamətləri olan cəsədi aşkar edildi.
2007-ci ildə ərizəçi İngiltərə inzibati məhkəməsinə şikayət etdi, amma şikayəti bu əsasa görə rədd edildi ki, Bukka düşərgəsi Birləşmiş Krallığın deyil, Birləşmiş Ştatların hərbi müəssisəsi idi.
Avropa Məhkəməsinə şikayət ərizəsində ərizəçi iddia etdi ki, qardaşı Britaniyanın İraqdakı silahlı qüvvələri tərəfindən tutularaq həbs edilib, sonra isə izah olunmayan şəraitdə ölmüş halda tapılıb. O, Konvensiyanın 5-ci maddəsinin 1, 2, 3 və 4-cü bəndləri əsasında şikayət etdi ki, tutulma və həbsə alınma əsassız və qanunsuz idi və prosessual təminatlar yox idi, həmçinin 2, 3 və 5-ci maddələr əsasında şikayət etdi ki, Birləşmiş Krallığın dövlət orqanları onun həbsə alınması, qəddar rəftara məruz qalması və ölümü ilə bağlı araşdırma aparmayıblar.
Hüquqi məsələlər – 2-ci və 3-cü maddələr: Tarek Hassanın həbsdə saxlanılarkən qəddar rəftara məruz qaldığını və 3-cü maddə əsasında rəsmi araşdırma aparmaq öhdəliyinin yarandığını güman etməyə əsas verən heç bir sübut yox idi. Eləcə də onun Bukka düşərgəsindən azad edildikdən təxminən dörd ay sonra ölkənin Birləşmiş Krallıq qüvvələrinin nəzarəti altında olmayan ucqar hissəsində baş vermiş ölümünə görə Birləşmiş Krallığın hakimiyyət orqanlarının birbaşa və ya dolayı məsuliyyət daşıdığını göstərən heç bir sübut yox idi. Birləşmiş Krallığın dövlət nümayəndələrinin onun ölümündə əli olduğunu, yaxud hətta bu ölümün Birləşmiş Krallığın nəzarəti altında olan ərazidə baş verdiyini göstərən heç bir sübutun olmadığı bir vəziyyətdə 2-ci maddə əsasında araşdırma aparmaq öhdəliyi yarana bilməzdi.
Nəticə: şikayət qəbul olunan deyil (şikayət açıq-aydın əsassızdır)
5-ci maddənin 1, 2, 3 və 4-cü bəndləri:
a) Yurisdiksiya
i) Britaniya qoşunları tərəfindən tutulma və Bukka düşərgəsinə qəbul edilmə arasındakı dövr: Tarek Hassan Birləşmiş Krallıq əsgərlərinin fiziki hakimiyyəti və nəzarəti altında idi və buna görə də Birləşmiş Krallığın yurisdiksiyası daxilində idi. Məhkəmə Hökumətin bu arqumentini rədd etdi ki, iştirakçı dövlətin nümayəndələri işğal edən dövlətin nümayəndəsi kimi fəaliyyət göstərmirlərsə və dövlətin hərəkətlərinə hələ də beynəlxalq humanitar hüququn tələbləri şamil olunursa, yurisdiksiyanın yuxarıda göstərilən əsası beynəlxalq silahlı münaqişənin aktiv hərbi əməliyyatlar fazasına şamil olunmur. Məhkəmənin rəyinə görə, belə qənaət onun öz presedent hüququna və Beynəlxalq Məhkəmənin presedent hüququna zidd olardı, həmin məhkəmə qərara almışdı ki, insan hüquqları üzrə beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq eyni vaxtda tətbiq edilə bilər.*
ii) Bukka düşərgəsinə qəbul edilmədən sonrakı dövr: Məhkəmə Hökumətin bu arqumentini qəbul etmədi ki, onun yurisdiksiyası Tarek Hassanın Bukka düşərgəsinə qəbul edilməsindən sonrakı dövrə şamil olunmurdu, çünki bu dövr onun Birləşmiş Krallığın ixtiyarından Birləşmiş Ştatların ixtiyarına keçməsini özündə ehtiva edirdi. Tarek Hassan Bukka düşərgəsinə Birləşmiş Krallığın məhbusu kimi qəbul edilmişdi. Gəlişindən az sonra o, bütünlüklə Birləşmiş Krallıq qüvvələri tərəfindən nəzarət edilən zonaya aparılmışdı. Birləşmiş Krallıq, Birləşmiş Ştatlar və Avstraliya hökumətləri arasında bağlanan və saxlanılan məhbusların təhvil verilməsi ilə əlaqədar olan saziş haqqında memoranduma əsasən, Birləşmiş Krallıq Britaniya qüvvələri tərəfindən tutulmuş şəxslərin Üçüncü və Dördüncü Cenevrə Konvensiyaları üzrə təsnifatına və onların azad edilib-edilməməsi məsələsinin həllinə görə cavabdehlik daşıyırdı. Doğrudur, Tarek Hassanın Bukka düşərgəsində saxlanılması ilə bağlı müəyyən əməliyyat aspektlərinin icrası (məsələn, onun müvafiq zonaya gətirilərkən və oranı tərk edərkən müşayiət olunması və düşərgənin digər ərazilərində mühafizəsi) Birləşmiş Ştatların qüvvələrinin öhdəsinə keçmişdi, amma bununla belə, Birləşmiş Krallıq onun həbsdə saxlanmasının ərizəçinin 5-ci maddə üzrə şikayətlərinə aid bütün aspektləri üzərində öz səlahiyyət və nəzarətini qoruyub saxlayırdı.
Buna görə də, Tarek Hassan 23 aprel 2003-cü ildə tutulduğu andan 2 may 2003-cü ildə azadlığa buraxılacağı yerə (çox güman ki, Ümm-Qəsrə) gətirildiyi ana qədər Birləşmiş Krallığın yurisdiksiyası daxilində idi.
Nəticə: ərizəçinin qardaşı Birləşmiş Krallığın yurisdiksiyası daxilində idi (yekdilliklə).
a) Şikayətin mahiyyəti: Dinc dövrdə həyata keçirilmiş həbsin konteksti və məqsədi ilə silahlı münaqişənin gedişində döyüşçünün həbs edilməsinin konteksti və məqsədi arasında mühüm fərqlər var. Üçüncü və Dördüncü Cenevrə Konvensiyalarında nəzərdə tutulmuş səlahiyyətlər əsasında həbsə alma "a"-"f" yarımbəndlərində sadalanan hər hansı kateqoriya ilə müqayisə oluna bilməzdi.
Birləşmiş Krallıq İraqdakı əməliyyatlarla əlaqədar olaraq Konvensiyanın 15-ci maddəsi (fövqəladə hallar zamanı öhdəliklərdən geri çəkilmə) əsasında 5-ci maddədə nəzərdə tutulmuş öhdəliklərindən geri çəkilməsinə imkan verən rəsmi müraciət təqdim etməmişdi. Əvəzində Hökumət 5-ci maddədə nəzərdə tutulmuş öhdəliklərinin tətbiq edilməməsini və ya beynəlxalq humanitar hüququn verdiyi həbsə alma səlahiyyətlərinin işığında onların hər hansı digər formada şərh olunmasını Məhkəmədən xahiş etmişdi.
Konvensiyanın Müqavilələr hüququ haqqında 23 may 1969-cu il tarixli Vyana Konvensiyasında təsbit olunmuş normaların işığında şərh edilməsinə yönələn oturuşmuş praktika Məhkəmənin araşdırmasının başlanğıc nöqtəsini təşkil etdi, həmin Konvensiyanın 31-ci maddəsinin 3-cü bəndində deyilirdi ki, müqaviləni şərh edərkən aşağıdakıları nəzərə almaq lazımdır: a) iştirakçılar arasında müqavilənin şərhi və ya müddəalarının tətbiqi ilə əlaqədar əldə edilən hər hansı sonrakı razılaşmanı; b) müqavilənin tətbiqi zamanı iştirakçıların müqavilənin şərhi ilə əlaqədar razılaşmasını müəyyən edən hər hansı sonrakı praktikanı; və c) iştirakçılar arasındakı münasibətlərə tətbiq edilə bilən hər hansı müvafiq beynəlxalq hüquq normalarını.
31-ci maddənin 3"a" bəndinə gəlincə, beynəlxalq silahlı münaqişə vəziyyətlərində 5-ci maddənin şərhi ilə bağlı iştirakçı dövlətlər arasında hər hansı sonrakı razılaşma olmamışdı. Lakin 31-ci maddənin 3"b" bəndinə gəlincə, Məhkəmə öncə bildirmişdi ki, Konvensiya ratifikasiya edildikdən sonra iştirakçı dövlətlərin bərqərar olan praktikası onların təkcə şərhlə bağlı razılaşması kimi deyil, həm də Konvensiyanın mətnində dəyişiklik edilməsi barədə razılaşması kimi qəbul edilə bilər. İştirakçı dövlətlərin praktikası ondan ibarət idi ki, onlar beynəlxalq silahlı münaqişələr zamanı Üçüncü və Dördüncü Cenevrə Konvensiyaları əsasında şəxsləri həbsə almaq üçün 5-ci maddədə nəzərdə tutulmuş öhdəliklərindən geri çəkilmirlər. Həmin praktika dövlətin Mülki və siyasi hüquqların müdafiəsi haqqında Beynəlxalq Pakt üzrə praktikasının analoqu idi.
31-ci maddənin 3"c" bəndində yer alan meyara gəlincə, Məhkəmə bir daha xatırlatdı ki, Konvensiya tərkib hissəsini təşkil etdiyi digər beynəlxalq hüquq normaları ilə, o cümlədən beynəlxalq humanitar hüquq normaları ilə uzlaşdırılmış şəkildə şərh olunmalıdır. Məhkəmə Konvensiyanı Beynəlxalq Məhkəmə tərəfindən çərçivələri müəyyən edilmiş beynəlxalq humanitar hüquq normalarına uyğun şəkildə şərh və tətbiq etməyə çalışmalı idi. Müvafiq olaraq, 15-ci maddə əsasında öhdəliklərdən geri çəkilmənin rəsmən bəyan edilməməsi ərizəçinin işində 5-ci maddənin şərhi və tətbiqi zamanı kontekstin və beynəlxalq humanitar hüquq normalarının Məhkəmə tərəfindən nəzərə alınmasına mane olmurdu.
Bununla belə, hətta beynəlxalq silahlı münaqişə şəraitində də Konvensiyada təsbit olunmuş təminatlar qüvvədə qalmaqda davam edirdi, hərçənd ki, beynəlxalq humanitar hüquq normalarının kontekstində şərh olunurdu. Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqda və Konvensiyada nəzərdə tutulmuş təminatların birgə mövcudluğu səbəbindən, 5-ci maddənin 1-ci bəndinin "a"-"f" yarımbəndlərində təsbit olunmuş həbsə almanın yol verilə bilən əsasları Üçüncü və Dördüncü Cenevrə Konvensiyaları əsasında hərbçilərin əsir alınması və təhlükəsizliyə qarşı təhlükə yaradan mülki şəxslərin həbsə alınması ilə mümkün qədər uzlaşdırılmalı idi. Məhkəmə bu faktı nəzərə aldı ki, dinc dövrdə əsir saxlama 15-ci maddə əsasında öhdəliklərdən geri çəkilmə səlahiyyəti tətbiq edilmədən Konvensiyanın 5-ci maddəsi ilə tənzimlənən azadlıqdan məhrum etmənin tətbiq dairəsinə düşmür. 5-ci maddə belə geniş səlahiyyətlərin yalnız beynəlxalq silahlı münaqişə şəraitində, yəni hərbçilərin əsir alınmasının və təhlükəsizliyə qarşı təhlükə yaradan mülki şəxslərin həbsə alınmasının beynəlxalq humanitar hüquq əsasında həyata keçirildiyi şəraitdə tətbiq edilməsinə icazə verən müddəa kimi şərh oluna bilərdi.
Həmin yarımbəndlərdə təsbit olunmuş həbsə almanın yol verilə bilən əsaslarının nümunəsində olduğu kimi, beynəlxalq humanitar hüquqda nəzərdə tutulmuş səlahiyyətlər əsasında azadlıqdan məhrum etmə də "qanunla nəzərdə tutulmuş" olmalı idi ki, 5-ci maddənin 1-ci bəndinin pozuntusu istisna edilsin. Bu o demək idi ki, həbsə alma beynəlxalq humanitar hüquq normalarına uyğun olmalı və ən əsası, 5-ci maddənin 1-ci bəndinin başlıca məqsədinə – hər hansı şəxsi qanunsuzluqlardan müdafiə etmək məqsədinə uyğun olmalı idi.
Prosessual təminatlara gəlincə, Məhkəmə hesab etdi ki, beynəlxalq silahlı münaqişə zamanı həbsdə saxlama ilə bağlı 5-ci maddənin 2-ci və 4-cü bəndləri də kontekst və qüvvədə olan beynəlxalq humanitar hüquq normaları nəzərə alınmaqla şərh olunmalı idi. Dördüncü Cenevrə Konvensiyasının 43-cü və 78-ci maddələrində nəzərdə tutulurdu ki, əsir saxlama qərarına "səlahiyyətli orqan imkan daxilində altı ayda bir dəfədən az olmamaqla mütəmadi olaraq yenidən baxır". Beynəlxalq silahlı münaqişənin gedişində həbsdə saxlamanın qanuniliyinə 5-ci maddənin 4-cü bəndində nəzərdə tutulmuş müstəqil "məhkəmə" tərəfindən yenidən baxılması praktiki cəhətdən mümkünsüz görünsə də, iştirakçı dövlət bu kontekstdə 5-ci maddənin 4-cü bəndində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməyə borclu idisə, o halda qanunsuzluğa qarşı müdafiənin təmin edilməsi üçün "səlahiyyətli orqan" yetərincə qərəzsiz və ədalətli olmalı idi. Bundan başqa, həbsin qanuniliyi məsələsinə şəxs həbsə alındıqdan az sonra baxılmalı və daha sonra qısa zaman aralıqları ilə mütəmadi olaraq yenidən baxılmalı idi ki, beynəlxalq humanitar hüquqa əsasən əsir alına bilən şəxslər kateqoriyasının heç birinə aid olmayan şəxsin lüzumsuz yerə yubadılmadan azad edilməsi təmin edilmiş olsun. Lakin 5-ci maddənin 3-cü bəndi bu işə tətbiq edilə bilməzdi, çünki Tarek Hassan 5-ci maddənin 1"c" bəndinin müddəalarına uyğun olaraq həbsə alınmamışdı.
Ərizəçinin işinin faktlarına gəlincə, Məhkəmə hesab etdi ki, belə bir halda Birləşmiş Krallığın hakimiyyət orqanlarının Birləşmiş Krallıq qoşunları tərəfindən silahlı halda qardaşının evinin damında tapılmış Tarek Hassanın (həmin evdə digər silahlar və hərbi kəşfiyyat əhəmiyyətli sənədlər aşkar edilmişdi) ya hərbi əsir kimi tutulmalı olan, ya da qəti təhlükəsizlik mülahizələrinə görə əsir alınmalı olan şəxs olduğunu güman etmək üçün əsasları vardı və onların hər ikisi Üçüncü və Dördüncü Cenevrə Konvensiyaları əsasında tutma və həbsdə saxlama üçün qanuni əsas təşkil edirdi. Demək olar ki, Bukka düşərgəsinə qəbul edilməsindən dərhal sonra o, Birləşmiş Ştatların və Birləşmiş Krallığın hərbi kəşfiyyat zabitləri tərəfindən aparılmış iki dindirmə formasında yoxlama prosedurundan keçmiş və nəticədə onun azadlığa buraxılması qərara alınmışdı, çünki onun təhlükəsizliyə qarşı təhlükə yaratmayan mülki şəxs olduğu müəyyən edilmişdi. Sübutlar onun az sonra düşərgədən fiziki olaraq azad edildiyini göstərirdi.
Yuxarıda qeyd edilənlərin fonunda belə məlum olurdu ki, Tarek Hassanın tutulması və həbsdə saxlanması Üçüncü və Dördüncü Cenevrə Konvensiyaları əsasında Birləşmiş Krallığın malik olduğu səlahiyyətlərə uyğun idi və qanunsuz deyildi. Üstəlik, düşərgəyə gətirilməsindən bir neçə gün sonra onun azadlığa buraxılması barədə qərar qəbul edildiyini və fiziki olaraq azad edildiyini nəzərə alaraq, Məhkəmə həmin yoxlama prosesinin qanunsuz həbsə qarşı adekvat müdafiənin təminatını təşkil edib-etməməsi məsələsini araşdırmağı zəruri hesab etmədi. Nəhayət, işin kontekstindən və yoxlama xarakterli iki dindirmə zamanı Tarek Hassana verilən suallardan belə məlum olurdu ki, tutulmasının səbəbi ona aydın idi.
Nəticə: pozuntu baş verməyib (dörd səsə qarşı on üç səslə).
(Həmçinin bax: Əl-Skeyni və başqaları Birləşmiş Krallığa qarşı [BP], ərizə № 55721/07; və Əl-Ceddə Birləşmiş Krallığa qarşı [BP], ərizə № 27021/08 – hər iki iş üzrə qərar 7 iyul 2011-ci ildə elan olunub; 143 saylı Məlumat bülleteni)
*Konkret olaraq bax: İşğal olunmuş Fələstin ərazisində divar inşasının hüquqi nəticələrinə dair məsləhət rəyi (9 iyul 2004-cü il).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy