© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2014. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Avropa İnsan Hüquqları Məhkəməsi
BÖYÜK PALATA
HASSAN (HASSAN) BİRLƏŞMİŞ KRALLIĞA QARŞI məhkəmə işi
(Ərizə № 29750/09)
QƏRAR
Strasburq
16 sentyabr 2014-cü il
Bu qərar qətidir, amma ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Mündəricat
PROSEDUR
FAKTLAR
I. İŞİN HALLARI
A. İraqa müdaxilə
B. Ərizəçinin qardaşının Britaniya qüvvələri tərəfindən tutulması
C. Bukka düşərgəsində həbsdə saxlanılma
D. Seçilmə prosesi
E. Tarek Hassanın Bukka düşərgəsinin mülki zonasında saxlanılması və azadlığa buraxılması ehtimalı ilə bağlı sübutlar
F. Tarek Hassanın cəsədinin aşkar edilməsi
G. Dövlət vəkilləri ilə yazışmalar və məhkəmə icraatı
II. MÜVAFİQ BEYNƏLXALQ VƏ DAXİLİ HÜQUQ VƏ PRAKTİKA
A. Üçüncü və Dördüncü Cenevrə Konvensiyalarının müvafiq müddəaları
B. Beynəlxalq müqavilələr hüququ haqqında Vyana Konvensiyası (1969), 31-ci maddə
C. Beynəlxalq humanitar hüquqla insan hüquqları üzrə beynəlxalq hüquq arasındakı qarşılıqlı münasibətlə bağlı Beynəlxalq Məhkəmənin presedent hüququ
D. Beynəlxalq Hüquq Komissiyasının tədqiqat qrupunun "beynəlxalq hüququn fraqmentasiyası" haqqında məruzəsi
E. Əl-Ceddənin işi üzrə Lordlar Palatasının qərarı
F. Həbsdə saxlama ilə bağlı öhdəliklərdən İnsan hüquqları haqqında Avropa Konvensiyasının 15-ci maddəsi və Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 4-cü maddəsi əsasında geri çəkilmə
HÜQUQİ MƏSƏLƏLƏR
I. MƏHKƏMƏ TƏRƏFİNDƏN SÜBUTLARIN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ FAKTLARIN MÜƏYYƏN EDİLMƏSİ
A. Tərəflərin arqumentləri
1. Ərizəçi
2. Hökumət
B. Faktların Məhkəmə tərəfindən qiymətləndirilməsi
II. KONVENSİYANIN 2-Cİ VƏ 3-CÜ MADDƏLƏRİNİN İDDİA EDİLƏN POZUNTUSU
A. Tərəflərin arqumentləri
1. Ərizəçi
2. Hökumət
B. Məhkəmənin qiymətləndirməsi
III. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 1, 2, 3 VƏ 4-CÜ BƏNDLƏRİNİN İDDİA EDİLƏN POZUNTUSU
A. Yurisdiksiya
1. Tərəflərin arqumentləri
2. Məhkəmənin qiymətləndirməsi
B. 5-ci maddənin 1, 2, 3 və 4-cü bəndləri üzrə şikayətlərin mahiyyəti
1. Tərəflərin arqumentləri
2. Məhkəmənin qiymətləndirməsi
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ [qərara alır]
Hassan Birləşmiş Krallığa qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi,
hakimlər:
Din Şpilmann (Dean Spielmann), sədr,
Josep Kasadeval (Josep Casadevall),
Qvido Raymondi (Guido Raimondi),
İneta Ziemele (Ineta Ziemele),
Mark Villiger (Mark Villiger),
İzabella Berro-Lefevr (Isabelle Berro-Lefèvre),
Draqolyub Popoviç (Dragoljub Popović),
George Nikolau (George Nicolaou),
Luis Lopes Gerra (Luis López Guerra),
Miryana Lazarova Traykovska (Mirjana Lazarova Trajkovska),
Ledi Bianku (Ledi Bianku),
Zdravka Kalayciyeva (Zdravka Kalaydjieva),
Vinsent A. De Qaetano (Vincent A. De Gaetano),
Angelika Nyussberger (Angelika Nußberger),
Pol Mahoni (Paul Mahoney),
Faris Vehaboviç (Faris Vehabović),
Robert Spano (Robert Spano),
habelə Katib müavini Maykl O’Boyldan (Michael O’Boyle) ibarət tərkibdə Böyük Palatada iclas keçirərək,
11 dekabr 2013-cü ildə və 25 iyun 2014-cü ildə qapalı müşavirə keçirərək,
yuxarıda qeyd edilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən İraq vətəndaşı cənab Xadim Resaan Hassan (Khadim Resaan Hassan) (“ərizəçi”) tərəfindən 5 iyun 2009-cu ildə Məhkəməyə təqdim edilmiş Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına qarşı ərizə (№ 29750/09) əsasında başlanıb.
2. Ərizəçini Birmingemdə vəkillik fəaliyyəti ilə məşğul olan cənab P. Şayner (P. Shiner), eləcə də Londonda vəkillik fəaliyyəti ilə məşğul olan cənab T. Otti (T. Otty) və cənab T. Hikman (T. Hickman) təmsil ediblər. Birləşmiş Krallıq Hökumətini ("Hökumət") onun nümayəndəsi, Xarici İşlər və Birlik Ölkələri Nazirliyindən olan xanım R. Tomlinson (R. Tomlinson) təmsil edib.
3. Ərizəçi iddia etdi ki, qardaşı Britaniyanın İraqdakı silahlı qüvvələri tərəfindən tutularaq həbs edilib, sonra isə izah olunmayan şəraitdə ölmüş halda tapılıb. O, Konvensiyanın 5-ci maddəsinin 1, 2, 3 və 4-cü bəndləri əsasında şikayət etdi ki, tutulma və həbsə alınma əsassız və qanunsuz idi və prosessual təminatlar yox idi, həmçinin 2, 3 və 5-ci maddələr əsasında şikayət etdi ki, Birləşmiş Krallığın dövlət orqanları onun həbsə alınması, qəddar rəftara məruz qalması və ölümü ilə bağlı araşdırma aparmayıblar.
4. Ərizə Məhkəmənin Dördüncü Bölməsinin icraatına verildi (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). Ərizəyə baxılması Əl-Skeyni və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə qərar ([BP], ərizə № 55721/07, AİHM 2011) çıxarılana qədər təxirə salındı. Daha sonra, 30 avqust 2011-ci ildə ərizə barədə Hökumətə məlumat verildi.
5. 4 iyun 2013-cü ildə Palata Böyük Palatanın xeyrinə öz yurisdiksiyasından imtina etməyi qərara aldı. Böyük Palatanın tərkibi Konvensiyanın 27-ci maddəsinin 2-ci və 3-cü bəndlərinin və Məhkəmə Reqlamentinin 24-cü Qaydasının müddəalarına uyğun olaraq müəyyənləşdirildi.
6. Ərizəçi və Hökumət hər biri ərizənin qəbuledilənliyi və mahiyyəti üzrə əlavə yazılı qeydlərini təqdim etdilər, habelə üçüncü tərəf qismində Esseks Universitetinin İnsan Hüquqları Mərkəzindən ("üçüncü tərəf") olan professor Fransuaza Hempsonun (Françoise Hampson) və professor Noam Lubellin (Noam Lubell) şərhləri alındı.
7. 11 dekabr 2013-cü ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmə keçirildi (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmədə iştirak etdilər:
a) Hökumətin adından:
nümayəndə:
xanım R. Tomlinson (R. Tomlinson),
vəkillər:
cənab C. İdi (J. Eadie), Krallıq vəkili,
cənab K. Steker (C. Staker),
məsləhətçilər:
cənab M. Eddison (M. Addison),
xanım A. Makleod (A. McLeod);
b) ərizəçinin adından:
vəkillər:
cənab T. Otti (T. Otty), Krallıq vəkili,
cənab T. Klever (T. Cleaver),
məsləhətçilər:
cənab P. Şayner (P. Shiner),
xanım B. Şayner (B. Shiner),
xanım L. Şayner (L. Shiner).
Məhkəmə cənab İdinin və cənab Ottinin çıxışlarını, habelə Məhkəmə tərəfindən verilmiş suallara onların cavablarını dinlədi.
FAKTLAR
I. İŞİN HALLARI
8. Tərəflərin təqdim etdikləri iş üzrə faktları aşağıdakı kimi qısaca ümumiləşdirmək olar. Müəyyən faktlarla bağlı fikir ayrılıqları olduqda, hər bir tərəfin hadisələrə dair versiyası təqdim edilir.
A. İraqa müdaxilə
9. 20 mart 2003-cü ildə tərkibində Birləşmiş Krallıqdan iri qüvvələr və Avstraliya, Danimarka və Polşadan kiçik kontingentlər olmaqla Amerika Birləşmiş Ştatlarının başçılığı ilə vahid komandanlıq altında silahlı qüvvələr koalisiyası özünün Küveytdəki sərhədboyu toplanış məntəqəsindən İraqa müdaxiləyə başladı. 5 aprel 2003-cü ilədək Britaniya qüvvələri Bəsrəni ələ keçirdi və 9 aprel 2003-cü ilədək Birləşmiş Ştatların qoşunları Bağdad üzərində nəzarəti ələ aldı. İraqda əsas döyüş əməliyyatları 1 may 2003-cü ildə yekunlaşmış elan edildi.
B. Ərizəçinin qardaşının Britaniya qüvvələri tərəfindən tutulması
10. Müdaxilədən əvvəl ərizəçi Bəəs Partiyasının Milli katibliyinin baş müdiri və Bəəs Partiyasının ordusu olan Əl-Qüds ordusunun generalı idi. O, Əl-Bəsrədən (Bəsrə şəhəri) təxminən 50 kilometr məsafədə Küveyt sərhədi yaxınlığında Bəsrə bölgəsində liman şəhəri olan Ümm-Qəsrdə yaşayırdı. Britaniya ordusu Bəsrəni işğal etdikdən sonra Bəəs Partiyasının yüksək vəzifəli üzvlərini həbs etməyə başladı. Bəəs Partiyasının digər üzvləri isə İraq milisi tərəfindən qətlə yetirildi. Buna görə də ərizəçi və ailəsi gizlənməyi qərara aldılar, ərizəçinin qardaşı Tarek Resaan Hassanı (bundan sonra "Tarek Hassan" adlandırılacaq) və əmisi oğlunu isə ailənin evini mühafizə etmək üçün evdə qoydular.
11. Hökumətin verdiyi məlumata əsasən, Britaniya ordusunun bölməsi olan 1-ci batalyonun "qara patrul" (Black Watch) qüvvələri 23 aprel 2003-cü ildə səhər ərizəçini həbs etmək ümidi ilə onun evinə gəldilər. Ərizəçi orada yox idi, amma Britaniya qüvvələri həbslər bölməsi tərəfindən həmin vaxt tərtib edilmiş raportda ("batalyonun raportu") "silahlı cinayətkar" kimi təsvir olunan Tarek Hassanla evin damında qarşılaşdılar, onun əlində AK-47 avtomat silahı vardı. Batalyonun raportunda göstərilmişdi ki, "silahlı cinayətkar" özünü ərizəçinin qardaşı kimi təqdim edib və təxminən saat 6.30-da həbs edilib. Orada daha sonra göstərilirdi ki, həbsi həyata keçirmiş əsgərlər tərəfindən həmin evdə həmçinin başqa odlu silahlar və Bəəs Partiyasının və Əl-Qüds ordusunun yerli üzvləri ilə əlaqədar kəşfiyyat əhəmiyyətli bir sıra sənədlər tapılıb.
12. Ərizəçinin verdiyi 30 noyabr 2006-cı il tarixli ifadəyə əsasən, Tarek Hassan Britaniya qüvvələri tərəfindən 22 aprel 2003-cü ildə ərizəçi evdə olmadığı zaman həbs edilmişdi. Onun ifadəsinə əsasən: "Bacılarım Britaniya hərbi komandanlığına müraciət etdikdə onlara dedilər ki, qardaşım onlar tərəfindən azad edilməzdən əvvəl mən onlara təslim olmalıyam". Bir müddət sonra 12 sentyabr 2008-ci ildə verdiyi ifadədə ərizəçi bacıları barədə bir söz demədi, amma əvəzində israrla bildirdi ki, dostu Said Teryaqdan və qonşusu Hac Salemdən xahiş edib ki, Britaniya qüvvələrindən Tarek Hassan barədə məlumat vermələrini xahiş etsinlər. Ərizəçi bu dostlarına ona görə xahişlə müraciət etmişdi ki, onlara etibar edirdi; Hac Salem hörmətli iş adamı idi; Said Teryaq isə universitetə gedirdi və ingiliscə danışırdı. Ərizəçinin sözlərinə görə: "Onlar Britaniya hərbi komandanlığına müraciət etdikdə britaniyalılar onlara dedilər ki, qardaşım onlar tərəfindən azad edilməzdən əvvəl mən onlara təslim olmalıyam".
13. Ərizəçinin qonşusu cənab Səlim Hüseyn Nassir Əl-Ubodi ilə 2 fevral 2007-ci il tarixli telefon müsahibəsinin qısa xülasəsinə əsasən, Tarek Hassan apreldə naməlum gündə saat 4.30 radələrində qolları arxasında bağlanmış halda britaniyalı əsgərlər tərəfindən evdən aparılmışdı. Cənab Əl-Ubodi bildirdi ki, onların nə istədiklərini soruşmaq üçün əsgərləri müşayiət edən iraqlılardan birinə yaxınlaşıb və ona deyiblər ki, əsgərlər ərizəçini həbs etməyə gəliblər. Üç gündən sonra ərizəçi cənab Əl-Ubodiyə telefonla zəng vurdu və xahiş etdi ki, onun evi üçün mühafizəçi tapsın və Tarek Hassanın başına nə iş gəldiyini Britaniya ordusundan öyrənsin. İki gündən sonra cənab Əl-Ubodi Şatt-Əl-Ərəb otelindəki Britaniya qərargahına getdi. O, iraqlı tərcüməçidən Tarek Hassan barəsində bir şey öyrənməsini xahiş etdi. İki gündən sonra cənab Əl-Ubodi geri qayıtdı və tərcüməçi ona məlumat verdi ki, Britaniya qüvvələri Tarek Hassanı ərizəçi təslim olana qədər saxlayacaqlar. Bundan başqa, tərcüməçi cənab Əl-Ubodidən xahiş etdi ki, geri qayıtmasın, çünki bu onun sorğu-suala çəkilməsinə səbəb ola bilər.
C. Bukka düşərgəsində həbsdə saxlanılma
14. Hər iki tərəf razılaşdılar ki, Tarek Hassan Britaniya qüvvələri tərəfindən Bukka düşərgəsinə aparılıb. Ümm-Qəsrdən 2,5 kilometr məsafədə və Bəsrədən təxminən 70 kilometr cənubda yerləşən bu düşərgə öncə 23 mart 2003-cü ildə Birləşmiş Krallığın tutulanlar üçün saxlanma yeri kimi təşkil edilmişdi. Lakin 14 aprel 2003-cü ildə "Bukka düşərgəsi" kimi tanınan bu yer Birləşmiş Ştatların idarəçiliyində olan saxlanma yerinə çevrildi. 2003-cü ilin aprelində düşərgə tikanlı məftillərlə bir-birindən ayrılmış səkkiz zonadan ibarət idi və onların hamısının yeganə giriş məntəqəsi vardı. Hər biz zonada bir neçə yüz məhbusun məskunlaşa biləcəyi yanları açıq çadırlar, su kranı, ümumi tualet və üstüaçıq sahə vardı.
15. Operativlik baxımından rahatlıq üçün Birləşmiş Krallıq həbsə aldığı şəxsləri Bukka düşərgəsində saxlamaqda davam edirdi. Bir zona Birləşmiş Krallığın cinayət əməllərində şübhəli qismində həbsə aldığı şəxslər üçün ayrılmışdı. Bundan əlavə, düşərgədə ayrıca bir zona "Birləşmiş ilkin dindirmə qrupu" (BİDQ) üçün Birləşmiş Krallığın ixtiyarına verilmişdi. Bu zonanı Britaniya qüvvələri inşa etmişdilər və onu idarə etməkdə davam edirdilər. Həm Birləşmiş Krallıq, həm də Birləşmiş Ştatlar ordusu tərəfindən tutulmuş məhbuslar BİDQ-in zonasında dindirilirdilər və orada Birləşmiş Krallıqla Birləşmiş Ştatların təhqiqatçı qrupları çalışırdılar, Birləşmiş Krallığın Birləşmiş ilkin dindirmə qrupu orada saxlanılan bütün məhbusların saxlanılmasına və dindirilməsinə nəzarət edirdi. Düşərgənin hər bir yerində Birləşmiş Ştatlar ordusu məhbusların keşiyini çəkməyə və onları müşayiət etməyə görə cavabdehlik daşıyırdı, Birləşmiş Krallıq isə Birləşmiş Krallıq tərəfindən tutularaq düşərgədə saxlanılan məhbuslara Birləşmiş Ştatların çəkdiyi xərclərin əvəzini ödəməyə borclu idi. Britaniyanın hərbi polis heyəti (hərbi polislər), BİDQ-in zonasında saxlanılanlar istisna olmaqla, Birləşmiş Krallığın həbsə aldığı şəxslərin Birləşmiş Ştatların ixtiyarına verilməsinə "nəzarət etməyə görə cavabdeh" idi. Birləşmiş Krallıq tərəfindən həbsə alınmış xəstə və ya xəsarəti olan şəxslər Britaniyanın səyyar xəstəxanalarında müalicə olunurdular. Birləşmiş Krallığın hakimiyyət orqanları Birləşmiş Krallığın həbsdə saxladığı şəxslər ilə rəftarla və onların həbsdə saxlanmaları barədə ailələrini məlumatlandırmaqla əlaqədar olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əlaqə saxlanılmasına görə cavabdehlik daşıyırdılar (həmçinin aşağıda 20-ci bəndə bax). Birləşmiş Krallıq həmçinin tutulmuş şəxslərin Üçüncü Cenevrə Konvensiyasının 4-cü və 5-ci maddələri əsasında təsnifləşdirilməsinə görə cavabdehlik daşımaqda davam edirdi (aşağıda 33-cü bəndə bax).
16. Ttutulmuş şəxsləri həbsdə saxlamaq üçün şərikli saxlanma yerlərinin Birləşmiş Krallıq tərəfindən istifadə olunmasını nəzərdə alaraq, 23 mart 2003-cü ildə Birləşmiş Krallıq, Birləşmiş Ştatlar və Avstraliya hökumətləri tutulmuş şəxslər üzərində idarəçiliyin təhvil verilməsi ilə bağlı "Saziş haqqında memorandum" (SM) imzaladılar, orada deyilirdi:
"Bu saziş Birləşmiş Ştatlar, Birləşmiş Krallıq və ya Avstraliya qüvvələrinin idarəçiliyi altında olan, İraqa qarşı əməliyyatlar zamanı tutulan hər hansı hərbi əsirlərin, əsir götürülən mülki şəxslərin və həbsə alınan mülki şəxslərin hər hansı digər tərəfin ixtiyarına verilməsi qaydalarını müəyyən edir.
Tərəflər aşağıdakıları öhdələrinə götürürlər:
1. Bu saziş Hərbi əsirlərlə rəftar haqqında Cenevrə Konvensiyasına və Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında Cenevrə Konvensiyasına, habelə beynəlxalq adət hüququna uyğun olaraq həyata keçiriləcək.
2. Birləşmiş Ştatlar, Birləşmiş Krallıq və Avstraliya qüvvələri hər hansı digər tərəfin idarəçiliyi altında olan hərbi əsirləri, əsir götürülən mülki şəxsləri və həbsə alınan mülki şəxsləri ("Qəbuledici dövlət" olaraq) qarşılıqlı surətdə müəyyən edilən qaydada qəbul edəcək və onlara təhvil verilmiş bütün belə şəxslərin saxlanılmasına və təhlükəsizliyinə görə məsuliyyət daşıyacaqlar. Hərbi əsirlərin, əsir götürülən mülki şəxslərin və həbsə alınan mülki şəxslərin Qəbuledici dövlətlər arasında təhvil verilməsi həm Qəbuledici dövlət, həm də Həbsə alan dövlət tərəfindən qarşılıqlı surətdə müəyyən edilən qaydada həyata keçirilə bilər.
3. Xəsarət almış hərbi əsirlərin, əsir götürülən mülki şəxslərin və həbsə alınan mülki şəxslərin tibbi prioritetə uyğun olaraq müalicə oluna bilməsi üçün təhvil verilməsi sürətləndiriləcək. Bütün belə təhvil verilmələr bu saziş əsasında hərbi əsirlərin, əsir götürülən mülki şəxslərin və həbsə alınan mülki şəxslərin təhvil verilməsi üçün yaradılacaq sistemlər çərçivəsində idarə olunacaq və qeydə alınacaq.
4. Həbsə alan dövlət tərəfindən təhvil verilmiş hər hansı hərbi əsirlər, əsir götürülən mülki şəxslər və həbsə alınan mülki şəxslər Həbsə alan dövlətin müraciəti əsasında Qəbuledici dövlət tərəfindən yubadılmadan Həbsə alan dövlətə qaytarılacaq.
5. Təhvil verilmiş hərbi əsirlərin, əsir götürülən mülki şəxslərin və həbsə alınan mülki şəxslərin azad edilməsi və ya öz ölkəsinə qaytarılması, yaxud da İraq xaricindəki ərazilərə göndərilməsi yalnız Həbsə alan dövlətlə Qəbuledici dövlət arasındakı qarşılıqlı razılaşma əsasında həyata keçiriləcək.
6. Həbsə alan dövlətin təhvil verdiyi hər hansı hərbi əsir, əsir götürülən mülki şəxslər və həbsə alınan mülki şəxslər Qəbuledici dövlətin ixtiyarında olduğu müddətdə Həbsə alan dövlət onlara baş çəkmək hüququnu bütünlüklə özündə saxlayır.
7. Qəbuledici dövlət ona təhvil verilmiş bütün hərbi əsirlərlə, əsir götürülən mülki şəxslərlə və həbsə alınan mülki şəxslərlə bağlı dəqiq hesabatların aparılmasına görə cavabdehlik daşıyır. Belə hesabatlar Həbsə alan dövlətin müraciəti əsasında onun tərəfindən yoxlanılmağa açıq olacaq. Hərbi əsirlər, əsir götürülən mülki şəxslər və həbsə alınan mülki şəxslər Həbsə alan dövlətə qaytarılarsa, hərbi əsirlərlə, əsir götürülən mülki şəxslərlə və həbsə alınan mülki şəxslərlə bağlı hesabatlar da (yaxud onların etibarlı surəti) təhvil veriləcək.
8. Həbsə alan dövlət bu tədbirin həyata keçirilməsini asanlaşdırmaq məqsədi ilə Qəbuledici dövlətlə əlaqə üçün əlaqələndirici hərbçilər təyin edəcək.
9. Həbsə alan dövlət öz hərbi qüvvələri tərəfindən tutulan potensial hərbi əsirlərin Hərbi əsirlərlə rəftar haqqında Cenevrə Konvensiyasının 4-cü və 5-ci maddələri əsasında təsnifləşdirilməsinə görə təkbaşına cavabdehlik daşıyacaq. Bu təsnifləşdirilmə aparılana qədər həmin tutulmuş şəxslər hətta Qəbuledici dövlətin ixtiyarına verilsələr belə, onlarla hərbi əsirlər kimi rəftar ediləcək və onlar Konvensiyada nəzərdə tutulmuş bütün hüquqlarla və müdafiə ilə təmin ediləcəklər.
10. Həbsə alan dövlətin hansı dövlət olması məsələsində şübhə olarsa, Həbsə alan dövlət qarşılıqlı razılaşma əsasında müəyyənləşdirilənə qədər bütün Tərəflər tutulmuş şəxslərə görə birgə məsuliyyət daşıyacaq və onlara baş çəkmək (və onlarla rəftarla bağlı hər hansı qeydlərlə tanış olmaq) imkanına bütünlüklə malik olacaqlar.
11. Hərbi əsirlər, əsir götürülən mülki şəxslər və həbsə alınan mülki şəxslər tərəfindən törədildiyi iddia edilən cinayət əməlləri üzrə, o cümlədən hərbi cinayətlər üzrə yurisdiksiyanın tətbiqi mümkün olan hallarda həmin şəxslər Qəbuledici dövlətə təhvil verilənə qədər ilkin yurisdiksiyanın tətbiqi əvvəlcə Həbsə alan dövlətin öhdəsinə düşəcək. Həbsə alan dövlətlər yurisdiksiyasından imtina etmək barədə Qəbuledici dövlət tərəfindən hər hansı müraciəti lazımi qaydada nəzərə alacaqlar.
12. Hərbi əsirlər, əsir götürülən mülki şəxslər və həbsə alınan mülki şəxslər Qəbuledici dövlətə təhvil veriləndən sonra onlar tərəfindən törədildiyi iddia edilən intizam qaydalarının pozuntuları ilə və məhkəmənin səlahiyyətinə aid hüquqpozmalarla bağlı ilkin yurisdiksiyanın tətbiqi Qəbuledici dövlətin öhdəsinə düşəcək.
13. Həbsə alan dövlət bu sazişə uyğun olaraq təhvil verilmiş hərbi əsirlərin, əsir götürülən mülki şəxslərin və həbsə alınan mülki şəxslərin saxlanılması ilə bağlı Qəbuledici dövlətin çəkdiyi xərclərin əvəzini ona ödəyəcək.
14. Tərəflərdən birinin müraciəti əsasında Tərəflər bu sazişin həyata keçirilməsi barədə məsləhətləşmə aparacaqlar".
17. Sözügedən dövrdə Bukka düşərgəsində hərbi polis heyətində qulluq etmiş mayor Nil B. Uilsonun şahid ifadəsinə əsasən, adi qayda ondan ibarət idi ki, tutulmuş şəxs onu tutmuş hərbi bölmənin mühafizə dəstəsinin müşayiəti ilə düşərgəyə gətirilirdi. Oraya gəldikdən sonra o, sənədləri yoxlanıldığı müddətdə müvəqqəti saxlanma zonasında saxlanılır və üzərindəki şəxsi əşyaları götürülürdü. Tələb olunduğu təqdirdə bu məqamda tibbi yardım göstərilirdi. Tutulmuş şəxs yeni gətirilənlər üçün çadırda Birləşmiş Krallığın personalı tərəfindən tərcüməçinin köməyi ilə dindirilirdi. Onun rəqəmsal fotoşəkli çəkilir və həmin fotoşəkil tutulmuş şəxs barəsindəki digər informasiyalarla birlikdə İraqdakı əməliyyatlar dövründə hərbi personal barədə geniş çeşidli məlumatları qeydə almaq üçün Birləşmiş Krallığın hakimiyyət orqanları tərəfindən istifadə edilən məlumat bazasına, o cümlədən tutulmuş şəxslər barəsində "AP3-Ryan" məlumat bazası kimi tanınan bazaya daxil edilirdi.
18. Bu məlumat bazasının tədqiqi göstərdi ki, oraya Tarek Resaan Hassan adlı şəxs barəsində qeyd daxil edilməyib, amma oraya fotoşəkillə birlikdə "Tarek Resaan Haşmi Əli" adlı şəxs barəsində qeyd daxil edilmişdi. Özünün şahid ifadəsində ərizəçi izah etdi ki, rəsmi məqsədlər üçün iraqlılar öz adlarından, ardınca atalarının, analarının, babalarının və ulu babalarının adlarından istifadə edirlər. "Əli" ərizəçinin ulu babasının adı idi və belə görünür ki, "Hassan" (ərizəçinin babasının adı) səhvən buraxılmışdı. Tarek Hassana üzərində "UKDF018094IZSM" seriya nömrəsi həkk olunmuş Birləşmiş Krallığın məhbus qolbəndi verilmişdi, burada "DF" saxlanma yerini, "IZ" onun İraq vətəndaşı olduğunu, "SM" isə "kişi cinsinə mənsub əsgər" olduğunu göstərirdi. Həmçinin "AP3-Ryan" məlumat bazasından götürülmüş skrinşotlar (kompüter ekranındakı yazılar) göstərirdi ki, ona milli hakimiyyət orqanlarının onun həbsi barədə məlumatlandırılmasına razı olub-olmadığı barədə sual verilmiş, o isə buna razılıq verməmişdi.
19. Birləşmiş Krallığın qeydiyyat prosesindən keçdikdən sonra tutulmuş şəxslər ikinci qeydiyyat üçün Birləşmiş Ştatların hərbi qüvvələrinə təhvil verilirdilər. Burada qolbəndin üzərinə Birləşmiş Ştatların seriya nömrəsi həkk olunurdu. Tarek Hassana Birləşmiş Ştatların verdiyi qeydiyyat nömrəsi UK912-107276EPW46 idi. "UK" hərfləri onu bildirirdi ki, şəxsi həbs edən dövlət Birləşmiş Krallıqdır, "EPW" isə onu göstərirdi ki, Birləşmiş Ştatların hərbi qüvvələri onu düşmən tərəfdən olan hərbi əsir hesab edirlər; istənilən halda, bu mərhələdə cinayət əməli törətməkdə şübhəli bilinərək Britaniya qüvvələri tərəfindən tutulanlar istisna olmaqla qalan bütün məhbuslar hərbi əsir kimi təsnifləşdirilirdi. Qeydiyyata alındıqdan sonra tutulmuş şəxslər adətən tibbi müayinədən keçirilir, sonra yataq ləvazimatları ilə, yeməklə və yuyunma dəstləri ilə təmin edilir, sonra isə Birləşmiş Ştatların hərbi qüvvələri tərəfindən məskunlaşacaqları zonalara göndərilirdilər.
20. Hökumət 2003-cü ildə hərbi əməliyyatlar başlanandan bəri Birləşmiş Krallığın İraqla əlaqədar hərbi əsirlər üzrə informasiya bürosunun (BKHƏİB) idarə olunmasına görə cavabdehlik daşıyan cənab Timoti Lesterin şahid ifadəsini təqdim etdi. O bildirmişdi ki, BKHƏİB Üçüncü Cenevrə Konvensiyasının 122-ci maddəsinin tələbinə uyğun olaraq İraqda "Milli informasiya bürosu" qismində fəaliyyət göstərib və hərbi əsirlər və cinayətə görə tutulanlar barəsindəki detalların monitorinqini aparıb ki, onların yaxın qohumları ilə əlaqə yaradılması asanlaşsın. Üçüncü Cenevrə Konvensiyası həmçinin "Hərbi əsirlərin işləri üzrə mərkəzi məlumat bürosu"nun yaradılmasını tələb edirdi. Bu rol Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Mərkəzi Axtarış Agentliyinə həvalə olunmuşdu. BQXK fərdlərin tutulması barədə informasiyaları toplayır və məhbusun razılığının olması şərti ilə onları məhbusun mənşə ölkəsinə və ya onun idarəçiliyi altında olduğu dövlətə göndərirdi. Praktiki olaraq, Britaniya qüvvələri tərəfindən həbsdə saxlanılan bütün məhbuslar barədə təfsilatlar İraqda saxlanma yerinin personalı tərəfindən məlumat bazasına daxil edilir və Londona, cənab Lesterə göndərilirdi, o isə sonradan məlumatları elektron cədvəl formasına salır və BQXK-nin qorunan İnternet saytına yerləşdirirdi. O bildirdi ki, aktiv döyüşlər fazasında o adətən məlumatları BQXK-ya hər həftə, daha sonra isə hər ay göndərirdi. Lakin BKHƏİB-nin kompüter sisteminin yenilənməsi ilə bağlı baş vermiş gecikmə səbəbindən Tarek Hassanla bağlı təfsilatlar barəsində 25 iyul 2003-cü ilə qədər BQXK-ya məlumat verilməmişdi. İstənilən halda, Tarek Hassanın dosyesində qeyd edilirdi ki, o, tutulması barədə İraqın hakimiyyət orqanlarının məlumatlandırılmasına razılıq verməyib (yuxarıda 18-ci bəndə bax). Cənab Lester hesab etdi ki, bu razılıq olmadığı halda BKHƏİB-nin İraqın hakimiyyət orqanlarını məlumatlandırması və öz növbəsində həmin orqanların Hassanın ailəsinə məlumat verməsi inandırıcı deyildi.
D. Seçilmə prosesi
21. Hökumətin bildirdiyinə görə, hərbi əsir Bukka düşərgəsinə gəldiyi vaxt onun statusu qeyri-müəyyən olduqda Birləşmiş Krallığın hakimiyyət orqanları onu hərbi əsir kimi qeydə alırdılar. Planlaşdırılmış əməliyyat zamanı tutulmuş Tarek Hassan kimi istənilən məhbus ikimərhələli dindirmə üçün dərhal BİDQ-nin zonasına gətirilirdi. Hökumətin bildirdiyinə görə, Birləşmiş Krallığın və Birləşmiş Ştatların təhqiqat qrupları vardı ki, onlar BİDQ-nin zonasında işləyirdilər və hər iki qrup istər Birləşmiş Krallıq, istərsə də Birləşmiş Ştatlar tərəfindən tutulmuş məhbusları dindirirdi. Birinci dindirmə sadəcə olaraq tutulmuş şəxs gətirilən anda orada olan istənilən qrup tərəfindən aparıla bilərdi. Dindirmə prosesinin məqsədi hərbi kampaniya ilə bağlı məlumatlara malik olan hərbi və yarımhərbi personalı aşkara çıxarmaqdan, tutulmuş şəxsin döyüşçü olmadığı müəyyən edildikdə isə onun təhlükəsizliyə qarşı təhlükə yaratmasından və ya cinayətkar olmasından şübhələnmək üçün əsasların olub-olmadığını müəyyən etməkdən ibarət idi. Bununla bağlı ağlabatan əsaslar mövcud olmadıqda şəxs təhlükəsizliyə qarşı təhlükə yaratmayan mülki şəxs kimi təsnifləşdirilir və onun dərhal azad edilməsi barədə göstəriş verilirdi.
22. BİDQ-nin kompüterindəki məlumat bazasının printerdə çap olunmuş məlumatları göstərirdi ki, Bakka düşərgəsində Tarek Hassan 494 №-li BİDQ-yə təhkim olunmuş və ona UK107276 qeydiyyat nömrəsi verilmişdi. Onun düşərgəyə gəlmə vaxtı 23 aprel 2003-cü il saat 16.40 kimi, düşərgədən getmə vaxtı isə 25 aprel 2003-cü il saat 17.00 kimi qeydə alınmış, onun "son təyinat yeri" qrafasında isə "Qeydiyyat (mülki həbsxana)" yazılmışdı. Azad etmə/saxlama (Release/Keep) qrafasına "R" (azad etmə) hərfi daxil edilmişdi. Taktiki dindirmə (tactical questioning) mənasını verən "TQ" qrafasına "231830ZAPR03‑Steve" qeydi, "Intg 1" qrafasına isə "250500ZAPR03" qeydi daxil edilmişdi. Hökumətin bildirdiyinə görə, bu qeydlərdən birincisi o demək idi ki, Tarek Hassan ilə əvvəlcə 23 aprel 2003-cü ildə "Zulu" vaxtı ilə saat 18.30-da ("Zulu" bu kontekstdə "Əlaqələndirici universal vaxt" mənasını verirdi, o həm də "Orta Qrinviç vaxtı" kimi tanınırdı) taktiki dindirmə aparılmışdı. Aprelin 23-ü "Zulu" vaxtı ilə saat 18.30 İraq vaxtı ilə 21.30 demək idi. İkinci qeyd onu göstərirdi ki, Tarek Hassan əvvəlcə 25 aprel 2003-cü ildə "Zulu" vaxtı ilə saat 5.00-da və ya yerli vaxtla 8.00-da yenidən dindirilib, sonra isə yerli vaxtla saat 20.00-da Bakka düşərgəsinin mülki zonasına göndərilib.
23. Hökumət Tarek Hassanın Birləşmiş Ştatların agentləri tərəfindən 23 aprel 2003-cü ildə Zulu vaxtı ilə saat 18.30-da dindirilməsinin protokolunu Məhkəməyə təqdim etdi, orada deyilirdi:
"DTHƏ [Düşmən tərəfdən olan hərbi əsir] 3 avqust 1981-ci ildə Bəsrədə doğulub. O hazırda öz evində atası, anası, böyük qardaşı (adı: Qəzm, 1970-ci illərdə doğulub) və kiçik bacısı (yaşı: qeyd edilməyib) ilə birlikdə yaşayır. Ev Bəsrənin şimalında, Camiyət regionundakı Xəlissa məktəbinin o biri tərəfində yerləşir. DTHƏ orta məktəbi bitirib və futbol komandasında oynayıb. Hazırda o, Bəsrə futbol klubunda hücumçu mövqeyində oynayır. Onun komandası hökumətdən pul alır, komandanın xərclərini isə Olimpiya Komitəsi ödəyir. DTHƏ işləmir, çünki futbol onun həyatıdır və hökumət onun futbolla bağlı bütün xərclərini ödəyir.
DTHƏ bilir ki, qardaşı Qəzmə görə buraya gətirilib. Qəzm Bəəs partiyasında milli katibliyin baş müdiridir və dörd gün öncə evini tərk edərək naməlum istiqamətə gedib. Qəzm Bəəs partiyasına 1990-cı ildə daxil olub və mütəmadi yığıncaqların keçirilməsində və fövqəladə tədbirlərin planlaşdırılmasında iştirak edib (başqa heç nə qeyd edilməyib). Müharibədən əvvəl Qəzm Bəəs partiyasından pikap avtomobili almışdı. Koalisiya qüvvələri Bəsrəyə daxil olanda Qəzm pikapı qonşusuna (adı qeyd edilməyib) verdi ki, onu qorusun, özü isə Bəsrənin mərkəzindəki otelə köçdü (otelin adı məlum deyil). Həmin vaxtlarda Qəzm evə dörd dəfə zəng etmiş, amma harada qaldığını heç vaxt deməmişdi. Problem o vaxt yarandı ki, pikapın əsil sahibləri olan yerli neft şirkətinin nümayəndələri Bəəs partiyasına icarəyə verdikləri bu nəqliyyat vasitəsini geri tələb etməyə gəldilər. Qəzm bütün bunlardan məyus oldu və az sonra yoxa çıxdı.
DTHƏ yaxşı oğlan təəssüratı oyadır və belə görünür ki, futbola o qədər başı qarışıb ki, qardaşını harada olması ilə qətiyyən maraqlanmır. Amma belə görünür ki, onların mehriban ailəsi var və DTHƏ qardaşının Bəəs partiyasındakı fəaliyyəti barədə, habelə onun partiyadakı yoldaşlarının bəziləri haqqında daha çox məlumatlı ola bilər. Hər hansı formada sərt yanaşmanın tətbiqi səmərəsiz ola bilər. DTHƏ ailəsini və futbolu sevir. DTHƏ əməkdaşlığa gedəcək, amma etibar edəcəyi birisinə ehtiyacı var ki, qardaşı barədə məlumat verəcəyi təqdirdə qardaşına ziyan yetirilməsin. Belə görünür ki, DTHƏ-nin özünün hər hansı təqsiri yoxdur, amma ətrafındakı adamlar barəsində məlumat verməklə işə köməklik edə bilər".
24. İkinci dindirmənin protokolu Hökumət tərəfindən "taktiki dindirmə raportu" formasında təqdim edildi. Bu sənəddə göstərilirdi ki, o, "PW 494" barəsindədir, informasiyanın tarixi kimi isə "250445ZAPR03", yəni 25 aprel 2003-cü il, Zulu vaxtı ilə 4.45 və ya yerli vaxtla 7.45 göstərilmişdi. Raportda deyilirdi:
"1. DTHƏ [Düşmən tərəfdən olan hərbi əsir] 22 yaşındadır, subaydır, 80 yaşlı atası (o şeyxdir) və anası ilə Bəsrənin Camiyət rayonunda yaşayır. O, fəhlə işləyir, tələbə olduğuna görə hərbi xidmətdə olmayıb. O bildirib ki, həbs edildiyi vaxt AK-47 onların evində idi, amma onu yalnız özünümüdafiə üçün saxlayıb. DTHƏ və atası Bəəs partiyasının üzvü deyillər.
2. DTHƏ deyir ki, öz evində Birləşmiş Ştatların qoşunları tərəfindən həbs edilib [sənədin əslində belə deyilir], onlar onun qardaşı Kasimi axtarırdılar. Onun qardaşı Bəəs partiyasının üzvüdür, milli katibliyin baş müdiridir. O, partiyaya 1990-cı ildə Şaat Əl-Ərəb kollecinin hüquq fakültəsində tələbə ikən daxil olub. Qardaşı hazırda tələbədir, sonuncu kursdadır, evlidir, amma uşaqları yoxdur. O, təhsil almaqla eyni vaxtda avtomobil ticarətçisi kimi işləyir. Qardaşı Bəəs partiyasının üzvlərinə qarşı repressiyalar ucbatından öz həyatına görə qorxurdu, buna görə də ölkədən qaçıb, ola bilsin ki, Suriyaya və ya İrana gedib. DTHƏ axırıncı dəfə qardaşı ilə 5 gün öncə telefonla danışıb. Qardaşı öz yerini deməyib.
BİDQ-nin şərhi: Belə görünür ki, DTHƏ həqiqəti söyləyir və şəxsiyyətinin düzgün müəyyənləşdirilməməsi nəticəsində səhvən həbs edilib. O heç bir dəyərli informasiyaya malik deyil və onun mülki zonaya köçürülməsi tövsiyə olunur. Burada BİDQ-nin şərhi bitir."
E. Tarek Hassanın Bukka düşərgəsinin mülki zonasında saxlanılması və azadlığa buraxılması ehtimalı ilə bağlı sübutlar
25. Ərizəçi İraq Qırmızı Xaç Komitəsinin Bəsrədəki bölməsinin keçmiş sədri və ərizəçinin ailəsinin dostu olan Fuad Avdah Əl-Sədunla 27 yanvar 2007-ci il tarixində aparılmış dindirmənin qısa xülasəsini təqdim etdi. O, Britaniya qoşunları tərəfindən həbs edilmişdi və Bukka düşərgəsində təxminən 400 nəfər tutulmuş şəxsin məskunlaşdığı çadırda saxlanılırdı. O bildirmişdi ki, Tarek Hassan 24 aprel 2003-cü ildə axşam saat 6 radələrində çadıra gətirilib. Cənab Əl-Sədun Tarek Hassanın qorxmuş və çaşqın göründüyünü bildirmiş, amma onun qəddar rəftar barədə şikayət etdiyini söyləməmişdi. Onlar Bukka düşərgəsində birlikdə olduqları müddətdə Tarek Hassan dindirilməmişdi. Cənab Əl-Sədunun səhhəti yaxşı olmadığına görə Tarek Hassan ona yemək gətirir və qulluq edirdi. Cənab Əl-Sədun 27 aprel 2003-cü ildə 200 nəfərlik məhbus qrupu ilə birlikdə azadlığa buraxıldı, çünki Birləşmiş Krallığın hakimiyyət orqanları yaşı 55 və ya daha yuxarı olan tutulmuş şəxslərin hamısını azadlığa buraxmağı qərara almışdı. Tutulmuş şəxslər gecə vaxtı Bəsrə və Əl-Zübeyr arasındakı şose yolunda azad edildilər və avtomobil icarəyə götürə biləcəkləri ən yaxın yerə qədər 25 mil piyada getməli oldular. Azad edildikdən sonra o ərizəçinin ailəsinə məlumat verdi ki, Tarek Hassanı Bukka düşərgəsində görüb. Ərizəçinin sözlərinə görə, bu, qardaşının həbsindən sonra onun yeri barədə ailəsinin əldə etdiyi yeganə informasiya idi. Bu iddiaya cavab olaraq Hökumət bildirdi ki, cənab Əl-Sədun, ola bilsin ki, tarix barəsində səhv edir, çünki dindirmə protokollarından belə məlum olur ki, Tarek Hassan 25 aprel 2003-cü ildə mülki zonaya köçürülüb. O həmçinin vurğuladı ki, həmin şəxsləri tutulduqları yerə və ya tələb olunduğu təqdirdə alternativ yerə qədər ötürmək üçün ciddi səylər göstərilib və Bəsrə ilə Əl-Zübeyr arasındakı məsafə 25 mildən xeyli azdır.
26. İraqda əməliyyatların aparıldığı müvafiq dövrdə tutulanların Britaniya zonasında saxlanılması məsələləri ilə bağlı məsləhətlər verən, hərbi polis heyətindən olan əsgərlər qrupuna rəhbərlik edən mayor Nil Uilsonun Hökumət tərəfindən təqdim edilmiş şahid ifadəsinə əsasən, Birləşmiş Krallıq tərəfindən tutularaq Bukka düşərgəsində saxlanılan şəxslərin (cinayətdə ittiham olunanlardan savayı) azad edilməsi barədə qərar Britaniyanın hərbçi hüquqşünaslarının keçirdiyi tribunal tərəfindən qəbul edilmişdi. Sonradan bu barədə təfsilatlar Birləşmiş Ştatlardan olan mühafizəçilərə çatdırılmış, onlar isə tutulanları buraxmazdan əvvəl onlar barəsindəki məlumatları yoxlamış və "AP3‑Ryan" məlumat bazasına daxil etmişdilər. Birləşmiş Krallığın Bəsrədə yerləşən hərbi diviziya qərargahının həmin dövrdə verdiyi əmrlərə əsasən, Birləşmiş Ştatların hərbi qüvvələri hansı hərbi qüvvələr tərəfindən tutulmasından asılı olmayaraq bütün məhbusların öz nəzarətləri altında olan döyüş əməliyyatı zonalarında, yəni İraqın cənub-şərqində azadlığa buraxmasına görə cavabdehlik daşıyırdılar. BQXK azad edilənlərin hamısı ilə görüşmək imkanına malik olmalı idi. Verilmiş əmrlərə uyğun olaraq, azad ediləcəkləri yerə Britaniya qüvvələri tərəfindən aparılacaq məhbuslar içərisində silahlı mühafizəçilər olan avtobuslara mindirilməli və avtobusları ön və arxa tərəfdən silahlı mühafizə dəstəsinin maşınları müşayiət etməli idi. Məhbuslar günün işıqlı saatlarında müəyyən yerlərdə azad edilməli və evə çatana qədər kifayət edəcək qida və su ehtiyatı ilə təmin edilməli idilər. Mayor Uilsonun ifadəsinə əsasən, buraxılan şəxsləri tutulduqları məkanlara ötürmək üçün bütün mümkün tədbirlər görülmüşdü. Birləşmiş Krallığın nəzarəti altında olan rayonlarda dörd belə əməliyyat məkanı var idi, buraya "Əl-Bəsrə GR TBC" də daxil idi [koordinatların təsdiqlənməsi tələb olunur]. Ümm-Qəsr azadlığa buraxılma məntəqəsi kimi göstərilməmişdi, amma azadlığa buraxılmağa hazırlanan şəxslərin dosyelərində azadlığa buraxılma məntəqəsi kimi göstərilə bilərdi.
27. Hökumət həmçinin 27 aprel 2003-cü il tarixli hərbi əmri (FRAGO 001/03) təqdim etdi, əmrin məqsədi hərbi əməliyyatlar yekunlaşana qədər mümkün qədər çoxlu sayda mülki şəxsləri və hərbi əsirləri azad etmək idi (sonradan bu yekunlaşma 1 may 2003-cü ildə elan edildi). Bu zaman riayət edilməli olan prosedurlar əmrin əlavəsində qeyd edilmişdi. Bir sıra şəxslər təhlükəsizlik mülahizələrinə görə və ya cinayət törətməkdə şübhəli bilindiklərinə görə həbsdə qalmaqda davam etdilər; onlar artıq BİDQ tərəfindən müəyyən edilmişdilər və bu barədə qərarlar "AP3-Ryan" məlumat bazasında qeydə alınmışdı, həmçinin onların azadlığa buraxılmamasını təmin etmək üçün siyahı Birləşmiş Ştatların hakimiyyət orqanlarına verilmişdi. Qalan məhbuslar ayrı-ayrı zonalarda qalır və azadlığa buraxılma prosedurlarının aparılmasını gözləyirdilər. Prosedurların aparıldığı çadırda üç məqam yoxlanılırdı: tutulmuş hər bir məhbusun qolbəndi, "AP3-Ryan" məlumat bazasında əks olunmuş sifəti və rəqəmsal profili. Sonra məlumat bazasına aşağıdakı informasiyaların daxil edilməsi tələb olunurdu: "1) Azadlığa buraxılmanı həyata keçirmiş hərbi bölmə; 2) Azadlığa buraxılmanın tarixi; 3) Azadlığa buraxılmanı həyata keçirmiş dövlət; 4) Azadlığa buraxılma üçün seçilən yer". Əmrin mətnində azadlığa buraxılma üçün dörd yer (Bəsrə, Nəcəf, Əl-Kut və Nazariyə) göstərilmişdi (sonuncu üç şəhər Bəsrənin şimalında idi), amma sənədin əlavəsində bunlardan əlavə azadlığa buraxılma yeri kimi Üm-Qəsr də göstərilmişdi (o, Bəsrədən cənubda və düşərgədən 2,5 kilometr məsafədə idi). Daha sonra Birləşmiş Krallığın hərbi qüvvələri tutulmuş şəxsin şəxsiyyət vəsiqəsini özlərində saxlayır və qida və su təchizatı məsələsi və şəxsi əşyaların qaytarılması da daxil olmaqla yekun prosedurların aparılması üçün şəxsiyyət vəsiqəsini Birləşmiş Ştatların hakimiyyət orqanlarına qaytarırdılar. "Hər bir azadlığa buraxılma yeri üçün bir zona" olmaqla dörd saxlama zonası təşkil edilir, tutulmuş şəxslər oradan nəqliyyatla razılaşdırılmış azadlığa buraxılma yerlərinə daşınır və günün işıqlı saatlarında azadlığa buraxılırdılar. Əmrdə həmçinin yekun yoxlamanın aparılması tələb olunurdu ki, Birləşmiş Krallıq tərəfindən tutulan və "AP3-Ryan" məlumat bazasının siyahısında olan bütün şəxslərin ya azad edildiyini, ya da həbsdə qalmaqda davam etdiyini müəyyənləşdirmək mümkün olsun. Əgər hər hansı şəxsin azad edildiyi, ya da həbsdə qalmaqda davam etdiyi barədə qeydin olmadığı müəyyən edilərdisə, təhqiqat şurası bunun necə baş verdiyini müəyyənləşdirmək üçün iclas keçirməli idi.
28. Bundan əlavə, Hökumət "AP3-Ryan" məlumat bazasındakı informasiyaların idarə olunmasına görə cavabdeh olan 2-ci kateqoriyalı uorent-zabit (zabit pilləsindən əvvəlki rütbə) Kerri Patrik Medisonun 29 oktyabr 2007-ci il tarixli şahid ifadəsini təqdim etdi. O bildirmişdi ki, "AP3-Ryan" məlumat bazasına əsasən, döyüş əməliyyatlarının başlanmasından 2003-cü il mayın 22-dək Birləşmiş Krallığın hərbi qüvvələri İraqda 3.738 nəfəri tutmuş və onları müvafiq prosedurlardan keçirərək 361 nəfərdən başqa hamısını azadlığa buraxmışdılar. Uorent-zabit Medisonun ifadəsinə həm də məlumat bazasına Tarek Hassan barəsində daxil edilmiş qeydləri göstərən skrinşotlar əlavə olunmuşdu. Onlar göstərirdi ki, 4 may 2003-cü ildə saat 13.45-də "Tarek Resaan Haşmi Əlinin" 2 may 2003-cü ildə saat 00.01-də azadlığa buraxıldığı barədə qeyd daxil edilib. Azadlığa buraxılmanı həyata keçirmiş hərbi bölmə kimi Birləşmiş Krallığın qüvvələri ("United Kingdom (ARMD) DIV SIG REGT "); azadlığa buraxılma yeri kimi "Ümm-Qəsr"; azadlığa buraxılma üsulu kimi "avtobusla daşınma"; və azadlığa buraxılma üçün əsas kimi "hərbi əməliyyatların başa çatması" göstərilmişdi. Birləşmiş Krallığın "AP3-Ryan" məlumat bazasına daha bir qeyd 12 may 2003-cü ildə saat 22.13-də daxil edilmişdi, orada deyilirdi: "100%-lik yoxlama aparılarkən müəyyən edildi ki, hərbi əsir həbsdə saxlanma yerində deyil. "AP3"-dəki məlumatlara əsasən, hərbi əsir 12 may 2003-cü ildə azadlığa buraxılıb". Uorent-zabit Medisonun sözlərinə görə, təxminən 400 nəfər barəsindəki qeydlərdə deyilirdi ki, "“AP3”-dəki məlumatlara əsasən, hərbi əsir 12 may 2003-cü ildə azadlığa buraxılıb", hərçənd ki, əslində onlar daha tez azadlığa buraxılmışdılar və buna görə də, güman ki, düşərgədən azadlığa buraxılma barədə kompüterdəki qeydlər fiziki yoxlamadan sonra mayın 12-də daxil edilmişdi. Birləşmiş Ştatların kompüter sistemində 2003-cü il mayın 17-dək heç bir azadlığa buraxılma halı qeydə alınmamışdı və Hökumətin bildirdiyinə görə, bu, güman ki, Bukka düşərgəsinin Birləşmiş Ştatlara aid hissəsinin məlumat bazasının Birləşmiş Ştatların hakimiyyət orqanları tərəfindən mayın 17-də aparılmış məhbusların fiziki yoxlanmasının nəticələrinə uyğunlaşdırılması ilə izah olunur.
F. Tarek Hassanın cəsədinin aşkar edilməsi
29. Ərizəçinin sözlərinə görə, Tarek Hassan ehtimal olunan azadlığa buraxılma günündən sonrakı dövrdə ailəsi ilə təmasda olmayıb. 1 sentyanr 2003-cü ildə ərizəçinin əmisi oğlanlarından birinə Bağdadın şimalındakı Samirə şəhərindən naməlum şəxs zəng vurdu. Həmin adam məlumat verdi ki, yaxılıqdakı kənd yerində ölmüş şəxsin cəsədi tapılıb, onun geydiyi idman gödəkçəsinin cibində kimliyini göstərən plastik lövhəcik (birka) və əmisi oğlunun telefon nömrəsi yazılmış kağız parçası var. Ərizəçinin sözlərinə görə, Tarek Hassan Britaniya hərbi qüvvələri tərəfindən tutularkən idman geyimində idi. Ərizəçinin əmisi oğlu ona zəng vurdu və ərizəçi o biri qardaşı ilə birlikdə Samirədəki Tekrit ümumi xəstəxanasının məhkəmə-tibb bölməsinə getdi. Orada sinəsindən AK-47 avtomat silahından səkkiz güllə yarası almış Tarek Hassanın cəsədini gördülər. Ərizəçinin sözlərinə görə, Tarek Hassanın əlləri plastik məftillə bağlanmışdı. Cibindən tapılmış kimliyini göstərən plastik lövhəcik ona Bukka düşərgəsində Birləşmiş Ştatların hakimiyyət orqanları tərəfindən verilmişdi. 2 sentyabr 2003-cü ildə İraqın hakimiyyət orqanları ölüm şəhadətnaməsi verərək orada ölüm tarixini 1 sentyabr 2003-cü il kimi göstərdilər, amma ölümün səbəbinin göstərilməsi üçün nəzərdə tutulan qrafalar doldurulmamışdı. Polis protokolunda mərhumun adı "Tariq Hassan" kimi göstərilmişdi, amma ölümün səbəbi barəsində heç bir məlumat yox idi.
G. Dövlət vəkilləri ilə yazışmalar və məhkəmə icraatı
30. Ərizəçi 2006-cı ilin oktyabrında Suriya sərhədini keçənə qədər İraqda gizlənmiş halda yaşadı. 2006-cı ilin noyabrında o, Suriyadakı nümayəndəsinin vasitəsilə Britaniyanın dövlət vəkilləri ilə təmasa girdi. 21 dekabr 2006-cı ildə ərizəçinin vəkilləri Britaniyanın dövlət vəkillərinə məktub yazaraq Tarek Hassanın tutulması və həbsdə saxlanması ilə, habelə ölümünə səbəb olmuş hallarla bağlı izahat verilməsini xahiş etdilər. Ərizəçinin qardaşının kimliyini müəyyənləşdirmək üçün müəyyən vaxt tələb olundu, çünki onun adı Bukka düşərgəsinin məlumat bazasına "Tarek Resaan Haşmi Əli" kimi daxil edilmişdi (yuxarıda 18-ci bəndə bax). Hər halda 29 mart 2007-ci il tarixli məktubda dövlət vəkilləri bildirdilər ki, Birləşmiş Krallığın hərbi əsirlərlə bağlı kompüter qeydlərinin yoxlanması göstərir ki, Tarek Resaan Haşmi Əli Bukka düşərgəsində həbsdə saxlanılıb. 5 aprel 2007-ci il tarixli sonrakı məktubda dövlət vəkilləri bildirdilər ki, əlavə kompüter qeydləri aşkar edilib və onlar Birləşmiş Krallığın hakimiyyət orqanları tərəfindən Tarek Hassanın Birləşmiş Ştatların hakimiyyət orqanlarına "təhvil verildiyini təsdiq edir" və onun 12 may 2003-cü ildə azadlığa buraxıldığı qeyd edilir.
31. Ərizəçi qardaşının Konvensiyanın 2, 3 və 5-ci maddələrində nəzərdə tutulmuş hüquqlarının pozulması ilə əlaqədar olaraq İnsan hüquqları haqqında 1998-ci il tarixli qanuna 1 saylı Əlavədə nəzərdə tutulan qaydada Yüksək Məhkəmədə iddia qaldıraraq maliyyə kompensasiyasının ödənilməsini və Hökumətin üzərinə 22 aprel 2003-cü ildə Britaniya hərbi qüvvələri tərəfindən həbsə alındıqdan sonra mərhumun sonrakı taleyi ilə bağlı müstəqil və açıq araşdırma aparmaq vəzifəsi qoyan qərar qəbul edilməsini tələb etdi. İddiaya 19 və 20 yanvar 2009-cu ildə baxıldı və o, 25 fevral 2009-cu ildə hakim Uolker tərəfindən qəbul edilmiş qərarla ([2009] EWHC 309 (Admin)) rədd edildi. Hakim qərara aldı ki, Əl-Skeyninin işi üzrə Lordlar Palatasının qərarını nəzərə alaraq (Lordlar Palatasının qərarının qısa xülasəsinin təfsilatları üçün yuxarıda istinad edilən Əl-Skeyni Birləşmiş Krallığa qarşı iş üzrə qərarın 83-88-ci bəndlərinə bax), Tarek Hassanın hər hansı dövrdə Konvensiyanın 1-ci maddəsinə əsasən Birləşmiş Krallığın yurisdiksiyası daxilində olduğunu söyləmək olmaz. Əl-Skeyninin işində Lordlar Palatası dövlətin öz sərhədləri xaricindəki ərazi üzərində yurisdiksiyaya malik olmadığı barədə ümumi qaydadan bir sıra istisnaların olduğunu etiraf etdi, amma bildirdi ki, şəxsin saxlanıldığı yer hərbi həbsxana və ya iştirakçı dövlətin nəzarəti altında olan digər analoji müəssisə deyilsə, onun həbsdə saxlanılması bu istisnalara daxil deyil. Hakimin Saziş haqqında memorandumla (yuxarıda 16-cı bəndə bax) bağlı apardığı təhlildə göstərilirdi ki, aşağıdakı səbəblərə görə Bukka düşərgəsi Birləşmiş Krallıqdan daha çox, Birləşmiş Ştatların hərbi müəssisəsi idi:
"... Tamamilə aydındır ki, Həbsə alan dövlət [yəni Birləşmiş Krallıq] təhvil verdiyi şəxsi geri tələb etməyənə qədər onun saxlanması və mühafizəsinə görə məsuliyyət daşımır. Bu məsələdə məsuliyyət Qəbuledici dövlətin [yəni Birləşmiş Ştatların] üzərinə düşür. Şəxs Qəbuledici dövlətə təhvil verildikdən sonra onun təmaslarının müəyyənləşdirilməsinə gəlincə, Həbsə alan dövlət bu səlahiyyəti Qəbuledici dövlətə vermiş olur. Ümumən bu o deməkdir ki, Həbsə alan dövlət sözügedən şəxsin gündəlik həyat şəraiti üzərində əhəmiyyətli nəzarətə malik deyil".
32. Ərizəçiyə məlumat verildi ki, apellyasiya şikayətinin heç bir uğur perspektivi yoxdur.
II. MÜVAFİQ BEYNƏLXALQ VƏ DAXİLİ HÜQUQ VƏ PRAKTİKA
A. Üçüncü və Dördüncü Cenevrə Konvensiyalarının müvafiq müddəaları
33. Hərbi əsirlərlə rəftar haqqında 12 avqust 1949-cu il tarixli Üçüncü Cenevrə Konvensiyasının ("Üçüncü Cenevrə Konvensiyası") və Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 12 avqust 1949-cu il tarixli Dördüncü Cenevrə Konvensiyasının ("Dördüncü Cenevrə Konvensiyası") aşağıdakı maddələri bu işdəki məsələlər üçün xüsusi əhəmiyyət daşıyır:
Dörd Cenevrə Konvensiyasının hamısı üçün ümumi olan 2-ci maddə
Sülh dövründə qüvvəyə minməli olan müddəalardan əlavə, bu Konvensiya bir və ya bir neçə Yüksək Müqavilə Tərəfləri arasında elan olunmuş müharibə və ya hər hansı digər silahlı münaqişə baş verdiyi bütün hallarda, hətta onlardan biri müharibə vəziyyətinin olduğunu qəbul etməsə belə, tətbiq edilir.
Konvensiya həmçinin Yüksək Müqavilə Tərəfinin ərazisinin qismən və ya bütünlüklə işğal olunduğu bütün hallarda, hətta bu işğal heç bir müqavimətlə qarşılaşmasa belə, tətbiq edilir.
Münaqişədəki dövlətlərdən biri bu Konvensiyanın iştirakçısı olmasa belə, onun iştirakçısı olan dövlətlər qarşılıqlı münasibətlərində bu Konvensiyaya bağlı olaraq qalırlar. Bundan başqa, əgər həmin dövlət Konvensiyanın müddəalarını qəbul və tətbiq edirsə, onlar həmin dövlətə münasibətdə də bu Konvensiyaya bağlıdırlar...
Üçüncü Cenevrə Konvensiyasının 4(A) maddəsi
Bu Konvensiyada nəzərdə tutulan mənada hərbi əsirlər düşmən tərəfin hakimiyyəti altına düşən, aşağıdakı kateqoriyalardan birinə mənsub olan şəxslərdir:
1) Münaqişə tərəfinin silahlı qüvvələrinin, eləcə də belə silahlı qüvvələrin tərkib hissəsini təşkil edən qeyri-nizami qoşunların və ya könüllü dəstələrin üzvləri.
2) Münaqişə tərəfinə mənsub olan, öz ərazisi işğal edilmiş olsa belə, öz ərazisində və ya onun xaricində fəaliyyət göstərən və aşağıdakı şərtlərə cavab verən digər qeyri-nizami qoşunların və ya könüllü dəstələrin, o cümlədən mütəşəkkil müqavimət hərəkatlarının üzvləri:
a) onlar tabeliyindəki şəxslərə görə məsuliyyət daşıyan şəxsin rəhbərliyi altında olmalı;
b) uzaqdan aydın görünən müəyyən fərqlənmə nişanına malik olmalı;
c) açıq şəkildə silah gəzdirməli;
d) əməliyyatlarını müharibə qanunlarına və adətlərinə uyğun şəkildə aparmalıdırlar.
3) Əsir saxlayan dövlət tərəfindən tanınmayan hökumətə və ya hakimiyyətə sadiq olduqlarını bəyan edən silahlı nizami ordu qüvvələrinin üzvləri.
4) Bilavasitə silahlı qüvvələrin üzvü olmadan onları müşayiət edən şəxslər, məsələn, hərbi təyyarələrin ekipajına daxil olan mülki şəxslər, hərbi müxbirlər, təchizatçılar, işçi bölmələrinin və ya silahlı qüvvələrdəki məişət işlərinə görə cavabdeh olan xidmətlərin üzvləri – bu şərtlə ki, onlar müşayiət etdikləri silahlı qüvvələrdən buna icazə almış olsunlar və sonuncular bu məqsədlə onları buraya əlavə olunmuş nümunədəkinə bənzər şəxsiyyət vəsiqəsi ilə təmin etmiş olsunlar.
5) Münaqişə tərəflərinə məxsus olan, beynəlxalq hüququn hər hansı digər müddəalarına əsasən daha əlverişli rejimdən yararlanmayan ticarəti gəmiləri ekipajlarının üzvləri, o cümlədən kapitanlar, losmanlar və yunqalar və mülki aviasiya ekipajlarının üzvləri.
6) İşğal altında olmayan ərazidə yaşayan, düşmən tərəf yaxınlaşdıqca işğalçı qüvvələrə müqavimət göstərmək üçün könüllü surətdə silaha sarılan və nizami silahlı bölmələr şəklində formalaşmağa imkan tapmayan sakinlər – bu şərtlə ki, onlar açıq şəkildə silah gəzdirməli və müharibə qanunlarına və adətlərinə əməl etməlidirlər.
Üçüncü Cenevrə Konvensiyasının 5-ci maddəsi
1) Bu Konvensiya 4-cü maddədə göstərilən şəxslərə düşmən tərəfin hakimiyyəti altına düşdükləri andan tam azad edildikləri və repatriasiya olunduqları ana qədər tətbiq edilir.
2) Hərbi əməliyyatlarda bu və ya digər formada iştirak edən və düşmən tərəfin əlinə keçən şəxslərin 4-cü maddədə sadalanan şəxslər kateqoriyasına mənsub olub-olmaması ilə bağlı şübhə yaranarsa, səlahiyyətli məhkəmə tərəfindən hüquqi vəziyyətləri müəyyənləşdirilənə qədər belə şəxslər bu Konvensiyanın himayəsindən yararlanırlar.
Üçüncü Cenevrə Konvensiyasının 12-ci maddəsi
Hərbi əsirlər onları əsir götürmüş ayrı-ayrı şəxslərin və ya hərbi hissələrin deyil, düşmən dövlətin hakimiyyəti altında olurlar. Ayrı-ayrı şəxslərin məsuliyyət daşımasının mümkünlüyündən asılı olmayaraq, hərbi əsirlərlə rəftara görə Əsir saxlayan dövlət məsuliyyət daşıyır.
Əsir saxlayan dövlət hərbi əsirləri yalnız bu Konvensiyanın iştirakçısı olan dövlətə təhvil verə bilər və bunu yalnız hərbi əsirləri təhvil verəcəyi dövlətin Konvensiyanı tətbiq etmək istəyində və iqtidarında olduğuna əmin olduqdan sonra edə bilər. Hərbi əsirlər bu şərtlərlə təhvil verildikdə Konvensiyanın tətbiqinə görə məsuliyyət onları qəbul edən dövlətin himayəsində olduqları müddətdə həmin dövlətə keçir.
Lakin həmin dövlət hər hansı mühüm məsələdə bu Konvensiyanın müddəalarını yerinə yetirməzsə, hərbi əsirləri təhvil vermiş dövlət Himayəçi dövlətdən bildiriş aldıqdan sonra vəziyyəti düzəltmək üçün səmərəli tədbirlər görür və ya hərbi əsirlərin qaytarılmasını tələb edir. Belə tələb yerinə yetirilməlidir.
Üçüncü Cenevrə Konvensiyasının 21-ci maddəsi
Əsir saxlayan dövlət hərbi əsirləri düşərgəyə yerləşdirə bilər. O, onların üzərinə öhdəlik qoya bilər ki, olduqları düşərgədə müəyyən edilmiş hüdudları keçməsinlər, yaxud düşərgənin ərafına çəpər çəkilibsə, həmin çəpərdən kənara çıxmasınlar. Bu Konvensiyanın cinayət və intizam sanksiyaları ilə bağlı müddəaları nəzərə alınmaq şərti ilə, hərbi əsirləri qapalı tikililərdə saxlamaq olmaz, lakin bu tədbirin onların sağlamlığının qorunması üçün zəruri olduğu hallar istisna təşkil edir və o, yalnız həmin yerdə saxlanılmanı zəruri edən hallar davam etdiyi müddət ərzində tətbiq edilə bilər. ...
Üçüncü Cenevrə Konvensiyasının 118-ci maddəsi
Hərbi əməliyyatlar başa çatdıqdan sonra hərbi əsirlər yubadılmadan azadlığa buraxılır və repatriasiya olunurlar. ...
Dördüncü Cenevrə Konvensiyasının 42-ci maddəsi
Himayə altında olan şəxslərin düşərgəyə salınması və ya təyin olunmuş məkana yerləşdirilməsi barədə göstəriş yalnız Əsir saxlayan dövlətin təhlükəsizliyi üçün buna mütləq zərurət olduqda verilə bilər. ...
Dördüncü Cenevrə Konvensiyasının 43-cü maddəsi
Himayə altında olan, düşərgəyə salınan və ya təyin olunmuş məkana yerləşdirilən hər kəs bu qərara mümkün qədər tezliklə Əsir saxlayan dövlətin bu məqsəd üçün təyin etdiyi müvafiq məhkəmə və ya inzibati orqan tərəfindən yenidən baxılması hüququna malikdir. Düşərgəyə salınma və ya təyin olunmuş məkana yerləşdirilmə qərarı qüvvədə qalarsa, şərait buna imkan verdiyi təqdirdə məhkəmə və ya inzibati orqan ilkin qərara əlverişli dəyişiklik edilməsi üçün ən azı ildə iki dəfə olmaqla mütəmadi olaraq onun işinə yenidən baxır.
Dördüncü Cenevrə Konvensiyasının 78-ci maddəsi
İşğal edən dövlət himayə altında olan şəxslər barəsində qəti təhlükəsizlik mülahizələrinə görə ehtiyat tədbirləri görməyi zəruri hesab edərsə, ən uzağı onları təyin olunmuş məkana yerləşdirə və ya düşərgəyə sala bilər.
Düşərgəyə salınma və ya təyin olunmuş məkana yerləşdirilmə barədə qərarlar İşğal edən dövlətin bu Konvensiyanın müddəalarına uyğun surətdə müəyyən etdiyi adi prosedura müvafiq olaraq qəbul edilir. Bu prosedur maraqlı şəxslərin apellyasiya hüququnu özündə ehtiva edir. Apellyasiya üzrə qərarlar mümkün qədər qısa müddətdə qəbul edilir. Qərar qüvvədə saxlanıldığı təqdirdə həmin dövlətin təşkil etdiyi səlahiyyətli orqan imkan daxilində altı ayda bir dəfədən az olmamaqla ona mütəmadi olaraq yenidən baxır.
Himayə altında olan, təyin olunmuş məkana yerləşdirilən və müvafiq olaraq, evlərini tərk etməyə məcbur olan şəxslər heç bir məhdudiyyət olmadan bu Konvensiyanın 39-cu maddəsində nəzərdə tutulmuş üstünlüklərdən istifadə edirlər.
Dördüncü Cenevrə Konvensiyasının 133(1)-ci maddəsi
Düşərgədə saxlanılma hərbi əməliyyatlar bitdikdən sonra mümkün qədər tezliklə başa çatmalıdır.
Dördüncü Cenevrə Konvensiyasının 133(2)-ci maddəsi
Düşərgəyə salınmış hər bir kəs düşərgəyə salınmasını zəruri etmiş səbəblər aradan qalxdıqdan dərhal sonra Əsir saxlayan dövlət tərəfindən azadlığa buraxılır.
B. Beynəlxalq müqavilələr hüququ haqqında Vyana Konvensiyası (1969), 31-ci maddə
34. Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasının ("Vyana Konvensiyası") 31-ci maddəsində deyilir:
Maddə 31. Şərhin ümumi qaydası
1. Müqavilə onun terminlərinə onların kontekstində verilməli olan adi mənaya, habelə müqavilənin obyektinə və məqsədinə uyğun surətdə vicdanla şərh olunmalıdır.
2. Müqavilənin şərhinin məqsədləri üçün kontekst mətndən, eləcə də preambula və əlavələrdən savayı həm də aşağıdakıları əhatə edir:
a) Müqavilə ilə əlaqəli olan, müqavilənin bağlanması ilə əlaqədar bütün tərəflər arasında əldə edilən hər hansı sazişi;
b) Müqavilənin bağlanması ilə əlaqədar bir və ya bir neçə iştirakçı tərəfindən tərtib edilmiş və digər iştirakçılar tərəfindən müqavilə ilə əlaqəli sənəd kimi qəbul edilmiş hər hansı sənədi.
3. Kontekstlə yanaşı aşağıdakılar nəzərə alınır:
a) İştirakçılar arasında müqavilənin şərhi və ya müddəalarının tətbiqi ilə əlaqədar əldə edilən hər hansı sonrakı razılaşma;
b) Müqavilənin tətbiqi zamanı iştirakçıların müqavilənin şərhi ilə əlaqədar razılaşmasını müəyyən edən hər hansı sonrakı praktika;
c) İştirakçılar arasındakı münasibətlərə tətbiq edilə bilən hər hansı müvafiq beynəlxalq hüquq normaları.
4. İştirakçıların belə niyyətinin olduğu müəyyən edilərsə, terminə xüsusi məna verilir.
C. Beynəlxalq humanitar hüquqla insan hüquqları üzrə beynəlxalq hüquq arasındakı qarşılıqlı münasibətlə bağlı Beynəlxalq Məhkəmənin presedent hüququ
35. Nüvə silahı ilə hədələmənin və ya onun tətbiqinin qanuniliyinə dair məsləhət rəyində (8 iyul 1996-cı il) Beynəlxalq Məhkəmə aşağıdakıları bildirdi:
"25. Məhkəmə qeyd edir ki, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın təmin etdiyi müdafiəyə silahlı münaqişə zamanı xitam verilmir, amma Paktın 4-cü maddəsində nəzərdə tutulan, milli səviyyədə fövqəladə vəziyyətlərdə ayrı-ayrı müddəaların şərtlərindən geri çəkilməyə yol verilən hallar istisna təşkil edir. Lakin yaşamaq hüququna hörmət belə müddəalardan deyil. Prinsipcə qanunsuz olaraq həyatdan məhrum edilməmək hüququ hərbi əməliyyatlar zamanı da qüvvədə qalır. Lakin həyatdan məhrum edilmənin qanunsuz olub-olmaması məsələsi müvafiq xüsusi qanun (lex specialis) əsasında, yəni hərbi əməliyyatların aparılmasını tənzimləmək üçün nəzərdə tutulan, silahlı münaqişə şəraitində tətbiq edilə bilən hüquq norması əsasında həll olunur. Beləliklə, müharibədə müəyyən silahdan istifadə etməklə həyatdan məhrum etməni Paktın 6-cı maddəsində zidd olan qanunsuz həyatdan məhrum etmə hesab edib-etməmək məsələsi Paktın öz müddəalarından irəli gələn şərtlər əsasında deyil, yalnız silahlı münaqişələr zamanı tətbiq edilə bilən qanun əsasında həll edilə bilər".
36. İşğal olunmuş Fələstin ərazisində divar inşasının hüquqi nəticələrinə dair məsləhət rəyində (9 iyul 2004-cü il) Beynəlxalq Məhkəmə İsrailin tərəfdar çıxdığı insan hüquqlarına dair müqavilələrin işğal olunmuş əraziyə şamil olunmadığı barədə arqumentini rədd etdi və aşağıdakıları qərara aldı:
"106. ... Məhkəmə hesab edir ki, [Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın] 4-cü maddəsində nəzərdə tutulan ayrı-ayrı müddəaların şərtlərindən geri çəkilməyə yol verilən hallar istisna olmaqla, insan hüquqlarına dair konvensiyaların təmin etdiyi müdafiəyə silahlı münaqişə zamanı xitam verilmir. Beləliklə, beynəlxalq humanitar hüquqla insan hüquqları üzrə beynəlxalq hüquq arasındakı qarşılıqlı münasibətə gəlincə, burada üç situasiya mümkündür: müəyyən hüquqlar yalnız beynəlxalq humanitar hüquq sahəsinə aid ola bilər; digərləri yalnız insan hüquqları üzrə beynəlxalq hüquq sahəsinə aid ola bilər; o biriləri isə beynəlxalq hüququn hər iki sahəsinə aid ola bilər. Qarşısına qoyulmuş suala cavab vermək üçün Məhkəmə beynəlxalq hüququn hər iki sahəsini, yəni həm insan hüquqları üzrə beynəlxalq hüquq normalarını, həm də xüsusi hüquq normaları (lex specialis) olan beynəlxalq humanitar hüquq normalarını nəzərə almalıdır".
37. Konqo ərazisində silahlı əməliyyatlara aid iş üzrə qərarında (Konqo Demokratik Respublikası Uqandaya qarşı, 19 dekabr 2005-ci il) Beynəlxalq Məhkəmə aşağıdakıları qərara aldı:
"215. UXMQ-nin [Uqanda Xalq Müdafiə Qüvvələrinin] və onun əsgər və zabitlərinin hərəkətlərinə görə Uqandanın cavabdehlik daşıdığını müəyyən etdikdən sonra Məhkəmə indi həmin hərəkətlərin Uqandanın beynəlxalq öhdəliklərinin pozuntusunu təşkil edib-etmədiyini araşdırmalıdır. Bununla əlaqədar olaraq Məhkəmə insan hüquqları üzrə beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn bu məsələyə aidiyyəti olan qayda və prinsiplərini müəyyənləşdirməlidir.
216. Məhkəmə ilk növbədə xatırladır ki, insan hüquqları üzrə beynəlxalq hüquqla beynəlxalq humanitar hüquq arasındakı qarşılıqlı münasibət məsələsini və insan hüquqları üzrə beynəlxalq hüquqi sənədlərin milli ərazidən kənardakı ərazilərə tətbiqi məsələsini İşğal olunmuş Fələstin ərazisində divar inşasının hüquqi nəticələrinə dair 9 iyul 2004-cü il tarixli məsləhət rəyində artıq araşdırıb. Həmin məsləhət rəyində Məhkəmə müəyyən edib ki:
“... Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 4-cü maddəsində nəzərdə tutulan ayrı-ayrı müddəaların şərtlərindən geri çəkilməyə yol verilən hallar istisna olmaqla, insan hüquqlarına dair konvensiyaların təmin etdiyi müdafiəyə silahlı münaqişə zamanı xitam verilmir. Beləliklə, beynəlxalq humanitar hüquqla insan hüquqları üzrə beynəlxalq hüquq arasındakı qarşılıqlı münasibətə gəlincə, burada üç situasiya mümkündür: müəyyən hüquqlar yalnız beynəlxalq humanitar hüquq sahəsinə aid ola bilər; digərləri yalnız insan hüquqları üzrə beynəlxalq hüquq sahəsinə aid ola bilər; o biriləri isə beynəlxalq hüququn hər iki sahəsinə aid ola bilər” (I.C.J. Reports, səh. 178, 106-cı bənd).
Beləliklə, Məhkəmə bu qənaətə gəldi ki, beynəlxalq hüququn hər iki sahəsi, yəni həm insan hüquqları üzrə beynəlxalq hüquq, həm də beynəlxalq humanitar hüquq nəzərə alınmalıdır. Məhkəmə həmçinin bu nəticəyə gəldi ki, insan hüquqları üzrə beynəlxalq hüquqi sənədlər "dövlətin öz ərazisi xaricində", konkret olaraq işğal olunmuş ərazilərdə "yurisdiksiyasını həyata keçirərkən etdiyi hərəkətlərə" tətbiq edilir (yeni eyni mənbə, səh. 178-181, 107-113-cü bəndlər)".
D. Beynəlxalq Hüquq Komissiyasının tədqiqat qrupunun "beynəlxalq hüququn fraqmentasiyası" haqqında məruzəsi
38. Beynəlxalq Hüquq Komissiyasının araşdırma qrupunun "Beynəlxalq hüququn fraqmentasiyası: beynəlxalq hüququn diversifikasiyasından və tətbiq dairəsinin genişlənməsindən irəli gələn çətinliklər" mövzusunda məruzəsi Beynəlxalq Hüquq Komissiyası tərəfindən 2006-cı ildə onun əlli səkkizinci sessiyasında qəbul edildi. Tədqiqat qrupunun həmin mövzuda 13 aprel 2006-cı il tarixli analitik araşdırmasının (A/CN.4/L.682) 104-cü bəndində deyilirdi:
Müharibə qanunları buna misaldır ki, qayda hansı şərtlər altında tətbiq edilməsini özü müəyyən edir, yəni onun tətbiqi üçün "silahlı münaqişə" mövcud olmalıdır. Bu şərtin sayəsində qayda bu şərtin müəyyən edilmədiyi hallara nisbətən daha çox "xüsusi" qayda kimi görünür. Bu situasiyanı xüsusi hal (lex specialis) kimi qəbul etmək üçün bu prinsipin fəaliyyətinin mühüm aspektinə diqqət yetirmək lazımdır. Onun məqsədi istisna halların tətbiqinə haqq qazandırmaq olsa da, tətbiqində istisnaya yol verilən qaydalar tamamilə aradan qalxmamalıdır. [Beynəlxalq Məhkəmə] xüsusi olaraq qeyd edir ki, insan hüquqları üzrə beynəlxalq hüququn tətbiqi silahlı münaqişə zamanı da davam edir. İstisna (humanitar hüquqla bağlı) yalnız bir (hərçənd ki, mühüm) aspektə, yəni "qanunsuzluğun" nisbi qiymətləndirilməsinə aiddir. Xüsusi normalar (lex specialis) qismində humanitar hüquq normaları müharibə zamanı insan hüquqlarının ləğv edilməsini nəzərdə tutmur. Bu qayda formal və ya mütləq şəkildə deyil, Məhkəmənin arqumentlərinin praqmatik aspektlərindən biri kimi tətbiq edilir. Yadda saxlamaq lazımdır ki, müharibə müstəsna durumdur və belə (müstəsna) hallarda davranışları əsaslandırmaq üçün hansı standartlardan istifadə etmək məsələsini müəyyənləşdirərkən bunu yaddan çıxarmaq olmaz. Nüvə silahlarının qanuniliyinə dair iş "çətin iş" idi, belə ki, [Beynəlxalq Məhkəmə] elə müxtəlif qaydalar arasında seçim etməli idi ki, onların bir digərini tam istisna etmir. Xüsusi normalar (lex specialis) sadəcə onu göstərir ki, yalnız insan hüquqları üzrə beynəlxalq hüquq normalarının tətbiqi arzuedilən olsa da, silahlı münaqişələrin xüsusiyyətlərini və davamlılığını nəzərə alsaq, belə həll yolu həddən artıq idealist variant olardı. Beləliklə, Məhkəmə hüquq normalarına elə bir sistemli baxış formalaşdırdı ki, həmin baxışa görə, "dövlətin mövcudluğunu" təmin etmək kimi birinci dərəcəli zərurət nəzərə alınmaqla, iki normalar toplusu istər bu günkü reallıqda, istərsə də sabahkı perspektivdə bir-biri ilə əlaqələndirilmiş oldu".
E. Əl-Ceddənin işi üzrə Lordlar Palatasının qərarı
39. Əl-Ceddənin işi üzrə 12 dekabr 2007-ci il tarixli qərarında (R. (on the application of Al-Jedda) (FC) (Appellant) v Secretary of State for Defence (Respondent) [2007] UKHL 58) Lordlar Palatası səs çoxluğu ilə hesab etdi ki, Birləşmiş Millətlər Təşkilatının Tərhlükəsizlik Şurasının 1546 saylı qətnaməsi cənab Əl-Ceddənin əsirlikdə saxlanmasına icazə verir. Bundan başqa, çoxluq qərara aldı ki, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 103-cü maddəsi Birləşmiş Krallığın Konvensiyanın 5-ci maddəsi üzrə öhdəlikləri ilə müqayisədə həmin qətnamə üzrə öhdəliklərinə prioritet verir (təfsilatlar üçün bax: Əl-Ceddə Birləşmiş Krallığa qarşı [BP], ərizə № 27021/08, 18-22-ci bəndlər, AİHM 2011). Lakin lord Binqem izahat verdi ki, bu qənaətə baxmayaraq, 5-ci maddə müəyyən dərəcədə tətbiq edilə bilər:
"39. Beləliklə, bir tərəfdən Təhlükəsizlik Şurasının qərarında aydın şəkildə göstərilmiş tutula bilən şəxsləri tutmaq səlahiyyəti və ya vəzifəsi arasında, digər tərəfdən isə Birləşmiş Krallığın yurisdiksiyası altında olan şəxslərin (ərizəçi kimi insanların) təməl insan hüququnu müdafiə etmək öhdəliyi arasında ziddiyyət mövcuddur. Bu ziddiyyəti necə həll etməli? Mənim fikrimcə, bunu həll etməyin yeganə yolu budur: qərar çıxarılmalıdır ki, qəti təhlükəsizlik mülahizələrinə görə zərurət olduqda, Birləşmiş Krallıq BMT-nin Təhlükəsizlik Şurasının 1546 saylı qətnaməsi və sonrakı qətnamələri ilə sanksiyalaşdırılan tutma səlahiyyətini qanuni olaraq həyata keçirə bilər, amma tutulmuş şəxsin 5-ci maddədə nəzərdə tutulan hüquqlarının bu cür tutmanın şərtləndirdiyi dərəcədən artıq pozulmamasını da təmin etməlidir".
Eynilə baronessa Heyl də qeyd etdi ki:
"125. ... Mən lord Binqemlə razıyam ki, onun göstərdiyi səbəblərə görə, yeganə həll yolu Konvensiya hüquqlarının bu cür tövsifini qəbul etməkdir.
126. Lakin mən bundan irəliyə getməzdim. Hüquq məhdudlaşdırılır, amma başqası ilə əvəzlənmir. Bu bizə təqdim edilmiş arqumentlərdə yetərincə araşdırılmayan mühüm fərqdir. Biz problemli ərazidə sülhün və təhlükəsizliyin bərpası üçün BMT-nin aydın şəkildə bizdən tələb etdiyindən də irəli gedə bilərik. Hüquq yalnız qətnamənin tələb etdiyi və ya icazə verdiyi dərəcədə məhdudlaşdırıla bilər. Daha sonra yerdə qalan nə varsa, ona əməl edilməlidir. Bunun həm substantiv (maddi-hüquqi), həm də prosessual nəticələri ola bilər.
127. Mənə aydın deyil ki, "qətnaməyə əlavə olunmuş məktublara, o cümlədən çoxmillətli qüvvələrin ölkədə qalmasının davam etdirilməsi barədə İraqın xahişini əks etdirən və onların vəzifələrini müəyyən edən məktublara uyğun olaraq İraqda sülhün və təhlükəsizliyin qorunmasına yardımçı olmaq üçün" çoxmillətli qüvvələrə "bütün zəruri tədbirləri görməyə icazə verərkən" BMT-nin Təhlükəsizlik Şurasının 1546 saylı qətnaməsi nə dərəcədə irəliyə gedib (10-cu bənd). Dövlət katibi Pauell tərəfindən sadalanan "geniş çeşidli vəzifələr" sırasına bunlar daxildir: "[İraqın siyasi gələcəyinə zorakılıq yolu ilə təsir göstərməyə çalışan] qruplara qarşı döyüş əməliyyatları aparmaq, qəti təhlükəsizlik mülahizələrinə görə mütləq zərurət olduqda əsir almaq, habelə İraqın təhlükəsizliyini təhdid edən silahları davamlı olaraq axtarmaq və mühafizə etmək". Eyni zamanda dövlət katibi çoxmillətli qüvvələrin "silahlı münaqişələrlə bağlı normalardan, o cümlədən Cenevrə Konvensiyalarından irəli gələn öhdəliklərə uyğun surətdə hərəkət etmək" öhdəliyini aydın şəkildə ifadə edib.
128. Nəyin əsasında deyilir ki, bu konkret şikayətçinin həbsdə saxlanması silahlı münaqişələrlə bağlı normalardan irəli gələn öhdəliklərimizə uyğundur? O, dördüncü Cenevrə Konvensiyasında nəzərdə tutulmuş "himayə altında olan şəxs" deyil, çünki bizim vətəndaşlarımızdan biridir. Eni zamanda Birləşmiş Krallıq İraqın hər hansı hissəsinin hərbi işğalında daha iştirak etmir. Beləliklə, çıxış yolu ondadır ki, "qəti təhlükəsizlik mülahizələrinə görə mütləq zərurətin" mövcud olduğunun hesab edildiyi hallarda istənilən şəxsi əsir almaq səlahiyyətinə bənzər səlahiyyəti həm də münaqişədən sonrakı dövrdə, işğaldan sonrakı vaxtda müəyyən etmək lazımdır. Hətta BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinin bu şəkildə başa düşülməsi mümkün olsa belə, bu şəxsin İraqda davamlı olaraq əsirlikdə saxlanılmasının nəyə görə zəruri olduğu dərhal aydın olmur, belə ki, onun İraqda yaratdığı hər hansı təhlükə ilə bağlı problem onun bu ölkəyə qaytarılması və məsələyə burada baxılması yolu ilə həll edilə bilərdi. Əgər bu işin konkret hallarından bir qədər kənara çıxsaq, bu, çox vaxt britaniyalıların xarici ölkələrdə qanunla problemləri yarandıqda israrla nümayiş etdirilən reaksiyadır və bu işdə buna nail olmaq Britaniyanın hakimiyyət orqanlarının səlahiyyəti çərçivəsindədir.
129. Amma bizə təqdim edilən arqumentə bu şəkildə baxılmadı. Bəs bunlar açıq-aydın fərqli şeyləri ifadə etdiyi halda nəyə görə lord Binqem və lord Braun "əvəzlənmə və ya məhdudlaşdırılma" barəsində belə birnəfəsə danışırdılar? Biz BMT-nin səlahiyyəti və ya icazəsi ilə bağlı məsələyə daha mücərrəd səviyyədə baxdıq. Biz icazənin dəqiq əhatə dairəsinə az diqqət yetirdik. Qətnamənin dəqiq olaraq hansı məsələləri əhatə etməsi və bu işin faktlarına onun tətbiqinin mümkün olub-olmaması barədə mübahisə açmaq üçün, yəqin ki, hələ də yer var. Bunu necə etmək məsələsinin həlli başqa icraatlara qalır. Beləliklə, bu etirazı bildirərək, lakin eyni zamanda lord Binqem, lord Karsvell və lord Braunla razılaşaraq, mən bu apellyasiya şikayətini rədd edərdim".
F. Həbsdə saxlama ilə bağlı öhdəliklərdən İnsan hüquqları haqqında Avropa Konvensiyasının 15-ci maddəsi və Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 4-cü maddəsi əsasında geri çəkilmə
40. Özünün bir sıra müstəmləkələrində qiyamların yatırılması üçün 1954-cü ildən 1966-cı ilədək Böyük Britaniyanın verdiyi bir sıra bəyanatları nəzərə almasaq, Konvensiyanın 15-ci maddəsi əsasında öhdəliklərindən geri çəkilən bütün iştirakçı dövlətlər öz ərazilərində yaranmış fövqəladə vəziyyətə istinad ediblər.
41. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın (MSHBP) 4-cü maddəsində öhdəliklərdən geri çəkilmək üzrə Konvensiyanın 15-ci maddəsinin analoqu olan müddəalar yer alıb. Məhkəmənin sərəncamında olan informasiyaya əsasən, MSHBP ratifikasiya olunandan bəri 18 dövlət "azadlıq və şəxsi toxunulmazlıq hüququnu" nəzərdə tutan 9-cu maddədəki öhdəliklərindən geri çəkilmək barədə bəyanat verib. Bu bəyanatlardan, yəqin ki, yalnız üçünü öhdəliklərindən geri çəkilən dövlətin hakimiyyət orqanlarının beynəlxalq silahlı münaqişəyə və ya digər dövlətin hərbi təcavüzünə istinadən öhdəliklərindən geri çəkilməsi kimi şərh etmək olar. Belə bəyanatlar bu dövlətlər tərəfindən verilib: 1985-ci ildən 1988-ci ilədək olan dövrdə Nikaraqua tərəfindən – həmin bəyanatda Birləşmiş Ştatlar tərəfindən "Nikaraqua xalqına və onun inqilabi hökumətinə qarşı ədalətsiz, hüquqa və mənəviyyata zidd təcavüzə" istinad edilmişdi; 1993-cü ilin aprelindən sentyabrınadək olan dövrdə Azərbaycan tərəfindən – həmin bəyanatda "Ermənistan silahlı qüvvələrinin genişlənən təcavüzünə" istinad edilmişdi; və İsrail tərəfindən –3 oktyabr 1991-ci ildə verilmiş və hazırda qüvvədə olan həmin bəyanatda deyilir:
"Yaradıldığı andan İsrail Dövləti onun mövcudluğuna, habelə vətəndaşlarının həyat və əmlakına qarşı aramsız təhdid və hücumların qurbanıdır.
Bu təhdidlər insanların ölümü və xəsarət alması ilə nəticələnən müharibə, silahlı hücumlar və terror aktları formasını alıb.
Yuxarıdakıları nəzərə alaraq, 1948-ci ilin mayında elan olunmuş fövqəladə vəziyyət indiyədək qüvvədədir. Bu durum dövlətin ərazisində Paktın 4-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulan mənada fövqəladə vəziyyət təşkil edir.
Buna görə də İsrail hökuməti dövlətin müdafiəsi və insanların həyatının və əmlakının qorunması üçün sözügedən 4-cü maddəyə uyğun olaraq vəziyyətin kəskinliyinin tələb etdiyi dərəcədə tədbirlər görməyi, o cümlədən tutma və həbsdə saxlama səlahiyyətlərini həyata keçirməyi zəruri hesab edir.
Bu tədbirlərdən hər hansı biri Paktın 9-cu maddəsinə uyğun olmazsa, bu bəyanatla İsrail həmin maddədən irəli gələn öhdəliklərindən geri çəkilir".
Öhdəliklərdən geri çəkilmənin Üçüncü və ya Dördüncü Cenevrə Konvensiyalarına uyğun olaraq şəxsləri həbsə almaq üçün zəruri olduğunu dövlətlərin heç biri açıq-aydın bəyan etməyib.
42. Bu sahədə dövlətlərin praktikasına gəlincə, "Müharibədə tutulanlar: silahlı münaqişə zamanı qanuni olaraq əsirlikdə saxlanılma" (Captured in War: Lawful Internment in Armed Conflict) [Hart Publishing, Editions A. Pedone, Paris and Oxford 2013] adlı kitabında Els Debaf (Els Debuf) Konvensiya və MSHBP əsasında yaradılmış müvafiq orqanlara barəsində məlumat verilən və Birləşmiş Millətlər Təşkilatının və Avropa Şurasının onlayn məlumat bazalarında əks olunan (həmin məlumat bazalarına sonuncu dəfə 1 oktyabr 2010-cu ildə nəzər salınıb) öhdəliklərdən geri çəkilmə halları ilə əlaqədar apardığı araşdırmaya istinad edib. O, aşağıdakıları qeyd edib:
"MSHBP-yə və İHAK-a tərəfdar çıxmış dövlətlərin ratifikasiya tarixindən sonra iştirak etdikləri beynəlxalq silahlı münaqişələrə və işğallara aid olan bu məlumat bazalarını tədqiq etməyimizin sayəsində aşağıdakı məlumatları əldə etdik. ... Nə Əfqanıstan, nə də Sovet İttifaqı 1979-1989-cu illərdə bu iki dövlət arasındakı münaqişə zamanı MSHBP üzrə öhdəliklərindən geri çəkilməmişdilər. Eynilə, Əfqanıstan, Avstraliya, Kanada, Danimarka, Fransa, Almaniya, İtaliya, Niderland, Yeni Zelandiya, Birləşmiş Krallıq və ya Birləşmiş Ştatlar MSHBP-də və ya İHAK-da nəzərdə tutulmuş azadlıq hüququ üzrə öhdəliklərindən son dövrdə Əfqanıstandakı münaqişənin beynəlxalq fazasında (2001-2002-ci illər) geri çəkilməmişdilər; eyni sözlər ABŞ, Böyük Britaniya və digər dövlətlərlə İraq arasında 2003-2004-cü illər münaqişəsinə də aiddir. Aşağıdakı dövlətlər də MSHBP və ya İHAK üzrə öhdəliklərindən geri çəkilmədən şəxsləri Üçüncü və Dördüncü Cenevrə Konvensiyaları əsasında əsirlikdə saxlayıblar: Birləşmiş Krallıq və Argentina – 1982-ci ildə Folklend (Malvin) adaları ilə bağlı münaqişə zamanı; ABŞ – 1983-cü ildə Qrenadada hərbi əməliyyatlar zamanı; Hindistan və Banqladeş – 1970-ci illərdə Pakistanla münaqişələr zamanı (Pakistan MSHBP-nin iştirakçısı deyil); İran və İraq – 1980-1988-ci illər müharibəsi zamanı; İsrail və ərəb dövlətləri – Yaxın Şərqdə qarşıdurmaların gedişində bütün beynəlxalq silahlı münaqişələr zamanı (1948-ci ildən bu günədək) [lakin öhdəlikdən geri çəkilmə barədə İsrailin yuxarıda 41-ci bənddə qeyd edilən bəyanatını nəzərə almaq lazımdır]; İHAK-ın iştirakçısı olan, BMT-nin himayədarlığı altında 1950-1953-cü illərdə Koreya müharibəsində iştirak edən dövlətlər; İraq, Küveyt, ABŞ və Birləşmiş Krallıq – 1991-ci ildəki Körfəz müharibəsi zamanı (münaqişə dövründə çoxlu məhbusları əsirlikdə saxlayan Səudiyyə Ərəbistanı MSHBP-nin iştirakçısı deyil); Anqola, Burundi, Konqo Demokratik Respublikası (KDR), Namibiya, Ruanda, Uqanda və Zimbabve – KDR-dəki münaqişə zamanı (1998-2003-cü illər); Efiopiya – 1998-ci ildən 2000-ci ilədək Eritreya ilə münaqişə zamanı (Eritreya həmin vaxt MSHBP-ni ratifikasiya etməmişdi); Eritreya və Cibuti – 2008-ci ildə qısamüddətli sərhədyanı münaqişə zamanı; Gürcüstan və Rusiya – 2008-ci ilin avqustundakı ildırım sürətli müharibə zamanı. Rusiya 1992-ci ildə Dnestryanı bölgə ilə bağlı Moldova ilə münaqişə zamanı MSHBP üzrə öhdəliklərindən geri çəkilməyib (həmin vaxt Rusiya İHAK-ın iştirakçısı deyildi, Moldova isə nə MSHBP-nin, nə də İHAK-ın iştirakçısı idi). Nə Kipr, nə də Türkiyə III və IV Cenevrə Konvensiyaları əsasında Şimali Kiprdə şəxsləri əsirlikdə saxlamaq üçün MSHBP və ya İHAK üzrə öhdəliklərindən geri çəkilməmişdilər (qeyd etmək lazımdır ki, Türkiyə belə hesab etmir ki, MSHBP və ya İHAK dövlətin sərhədləri xaricindəki ərazilərə tətbiq edilir); Türkiyə bu ölkənin materik hissəsindəki şəxslərlə əlaqədar İHAK üzrə öhdəliklərindən geri çəkilmişdi, amma konkret olaraq hansı maddələr üzrə öhdəliklərindən geri çəkilmək niyyətində olduğunu göstərmədiyinə görə onun məhz III və IV Cenevrə Konvensiyaları əsasında şəxsləri əsirlikdə saxlamağı zəruri hesab edib-etmədiyi aydın deyil. Eynilə, Azərbaycan Ermənistanla münaqişə nəticəsində (1988-1994-cü illər) zəruri olan tədbirləri görmək üçün İHAK üzrə öhdəliklərindən geri çəkilmişdi (həmin vaxt o hələ İHAK-ın iştirakçısı deyildi), amma Azərbaycanın bunu məhz III və IV Cenevrə Konvensiyaları əsasında şəxsləri əsirlikdə saxlamaq üçün edib-etmədiyi aydın deyil. Eləcə də Nikaraqua MSHBP-nin 9-cu maddəsi üzrə öhdəliklərindən geri çəkilərək bildirmişdi ki, 1980-ci illərdə əksinqilabçılarla münaqişəyə ABŞ-ın cəlb olunması səbəbindən bunu etməyə məcburdur. Nikaraquanın MSHBP üzrə öhdəliklərindən geri çəkilmək üçün Cenevrə Konvensiyaları əsasında şəxsləri əsirlikdə saxlamağı zəruri hesab edib-etmədiyi aydın deyil, öhdəliklərindən geri çəkilmə barədə bəyanatlarında o israrla bildirmişdi ki, yalnız milli təhlükəsizlik və ictimai qayda əleyhinə cinayətlərlə əlaqədar olaraq 9-cu maddənin 1-ci bəndində nəzərdə tutulmuş öhdəliklərindən geri çəkilir".
HÜQUQİ MƏSƏLƏLƏR
I. MƏHKƏMƏ TƏRƏFİNDƏN SÜBUTLARIN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ FAKTLARIN MÜƏYYƏN EDİLMƏSİ
A. Tərəflərin arqumentləri
1. Ərizəçi
43. Ərizəçi iddia etdi ki, bacılarının, dostunun və qonşusunun ifadələri göstərir ki, qardaşı Britaniya hərbi qüvvələri tərəfindən tutulub və həbsdə saxlanılıb ki, bunda da məqsəd ərizəçini təslim olmağa məcbur etmək idi. Tarek Hassanın həbsi barədə qeydin olduğu batalyonun raportuna (yuxarıda 11-ci bəndə bax) Hökumət ilk dəfə 2013-cü ilin sentyabrında Böyük Palataya təqdim etdiyi izahatlarında istinad etmişdi. Hökumət bu materialların son dövrlərdə peyda olması ilə bağlı qaneedici izahat vermədi, halbuki Hökumətin bu sənədə verdiyi əhəmiyyəti nəzərə alsaq, bu hal təəccüblü idi. Ərizəçi bu sənədin həqiqiliyi ilə bağlı rəyini bildirmədi. O bunu da vurğuladı ki, bu yeganə sənəd idi ki, Tarek Hassanın əlində AK-47 avtomat silahını tutmuş halda damda tapıldığı orada qeyd edilmişdi. Onunla aparılmış dindirmələrin protokollarının heç birində (yuxarıda 23-24-cü bəndlərə bax) onun şübhəli döyüşçü kimi, yaxud Britaniya silahlı qüvvələrinə qarşı hər hansı real və ya ehtimal olunan təhlükə yarada biləcək şəxsi kimi həbsdə saxlanıldığı göstərilməmişdi.
44. Ərizəçi daha sonra iddia etdi ki, Bukka düşərgəsində həbsdə saxlanma ilə bağlı kompüter qeydlərində azadlığa buraxılmanın üç müxtəlif tarixləri əks olunub və onların heç biri inandırıcı deyil (yuxarıda 28-ci bəndə bax). Eynilə, azadlığa buraxılmanın yeri də aydın olmayan və ziddiyyətli olan məlumatlara əsaslandığına görə şübhəli görünür (yuxarıda 27-28-ci bəndlərə bax). Birləşmiş Ştatların məlumat bazasında qeydə alınmış azadlığa buraxılma tarixini nəzərə alsaq, hətta əminliklə demək olmazdı ki, Tarek Hassan 12 may 2003-cü ildə yoxlamadan sonra həbsdə saxlanılmırdı. Ərizəçi qeyd etdi ki, qardaşı, üzərində Birləşmiş Ştatların Bukka düşərgəsi tərəfindən verilmiş kimliyini göstərən lövhəcik olmaqla ölmüş halda tapılıb (yuxarıda 29-cu bəndə bax) və Birləşmiş Krallığın hərbi qüvvələri tərəfindən tutulduqdan sonra ailəsi ilə bir dəfə də təmasda olmayıb, buna görə də, onun belə imkana malik olmadığını düşünmək üçün ciddi əsas var.
2. Hökumət
45. Hökumət bildirdi ki, ərizəçi Birləşmiş Krallığın dövlət orqanlarına şikayətini nəyə görə yubatdığını yetərincə əsaslandırmayıb. Bu yubanma Tarek Hassanın ölümü ilə bağlı səmərəli araşdırma aparılmasına qaçılmaz əngəl törədib. Tarek Hassanın ölümü ilə bağlı Hökumətin izahat verə bilməməsindən mənfi nəticə çıxarılmamalıdır, belə ki, təqdim edilmiş sübutlar onun tutulması, həbsdə saxlanılması və azadlığa buraxılması ilə bağlı qaneedici və inandırıcı izahat təşkil edir.
46. Hökumət bu iddianı təkzib etdi ki, Tarek Hassanın həbsə alınması ərizəçini təslim olmağa məcbur etmək üçün ona təzyiq göstərmə vasitəsi idi. O bildirdi ki, ərizəçinin bu iddiasının təsdiqi üçün təqdim etdiyi sübutlar qeyri-dəqiqdir və şayiələrə əsaslanır və belə məqsədin olması Birləşmiş Krallığın hakimiyyət orqanlarının sonradan Tarek Hassanın təhlükəsizliyə qarşı təhlükə yaratmayan mülki şəxs olduğu müəyyənləşdirilən kimi onu Bukka düşərgəsindən azadlığa buraxmaları ilə bir araya sığmır. Hökumət iddia etdi ki, bunun əvəzinə Britaniya qüvvələrinin Tarek Hassanın döyüşçü olmasından şübhələnmələri daha ağlabatan olardı, çünki o, ordu generalı Əl-Qüdsün evinin damında silahlı halda tapılmışdı və orada digər odlu silahlar və Bəəs partiyasının yerli üzvləri ilə bağlı bir sıra mühüm sənədlər də vardı (yuxarıda 11-ci bəndə bax). Hökumət daha sonra qeyd etdi ki, ərizəçinin şahid ifadəsindən savayı ölümün səbəbi barədə heç bir müstəqil sübut yox idi, buna görə də bu məlumatlar ölüm haqqında şəhadətnaməyə daxil edilməmişdi (yuxarıda 29-cu bəndə bax). O vurğuladı ki, istənilən halda, Samirə Bukka düşərgəsindən təxminən 700 kilometr məsafədə, Britaniya hərbi qüvvələri tərəfindən işğal olunmamış bölgədə idi, AK-47 avtomatı isə Britaniya qüvvələrinin istifadə etdiyi silah deyildi.
B. Faktların Məhkəmə tərəfindən qiymətləndirilməsi
47. Məhkəmə ilk növbədə xatırladır ki, milli səviyyədə məhkəmə icraatı ona görə aparılmamışdı ki, ərizəçinin qardaşı araşdırılan dövrlərin heç birində Birləşmiş Krallığın yurisdiksiyası daxilində olmayıb (yuxarıda 31-ci bəndə bax). Buna görə də milli məhkəmələr tərəfindən faktların təfsilatlı şəkildə müəyyənləşdirilməsinə ehtiyac yox idi. Bir qayda olaraq, Məhkəmə yalnız yardımçı funksiyaya malik olduğunu yetərincə nəzərə alır və birinci instansiya məhkəməsinin faktları müəyyənləşdirmək funksiyasını öz üzərinə götürərkən ehtiyatlı davranır (bax: Makkerr Birləşmiş Krallığa qarşı (qərardad), ərizə № 28883/95, 4 aprel 2000-ci il). Amma indiki halda o, qarşısındakı sübutlar əsasında qaçılmaz olaraq bəzi faktları özü müəyyənləşdirməlidir.
48. Hadisələrə dair versiyaların bir-birinə zidd olduğu işlərdə Məhkəmə faktları müəyyən edərkən qaçılmaz olaraq birinci instansiya məhkəməsinin qarşılaşdığı çətinliklərlə qarşılaşır. O xatırladır ki, sübutları qiymətləndirərkən "əsaslı şübhə yeri qoymayan" sübut standartını rəhbər tutur. Lakin o heç vaxt bu standartı tətbiq edən milli hüquq sistemlərinin yanaşmasını mənimsəmək niyyətində olmayıb. Onun funksiyası cinayətlə bağlı təqsirliliyi və ya mülki məsuliyyət məsələsini həll etmək deyil, iştirakçı dövlətlərin Konvensiya üzrə məsuliyyətini müəyyən etməkdir. Onun Konvensiyanın 19-cu maddəsində nəzərdə tutulmuş (Razılığa gələn Yüksək Tərəflərin bu Konvensiya və onun Protokolları ilə üzərlərinə götürdükləri öhdəliklərə riayət etmələrini təmin etmək) vəzifəsinin spesifikliyi Məhkəmənin sübut və sübutetmə məsələlərinə yanaşmasını şərtləndirir. Hazırkı icraatda sübutların və ya öncədən müəyyənləşdirilmiş qiymətləndirmə meyarlarının qəbul edilməsinin qarşısında heç bir prosessual maneə yoxdur. Məhkəmə o qənaətləri qəbul edir ki, onlar, onun fikrincə, faktlardan və tərəflərin arqumentlərindən çıxan nəticələr də daxil olmaqla bütün sübutların müstəqil surətdə qiymətləndirilməsi vasitəsilə təsdiqlənir. Onun bərqərar olmuş presedent hüququna əsasən, sübut kifayət qədər güclü, aydın və uzlaşan qənaətlərin və ya analoji təkzibolunmaz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Üstəlik, konkret nəticəyə gəlmək üçün zəruri olan əminlik dərəcəsi və bununla əlaqədar sübutetmə yükünün bölgüsü faktların spesifikliyi ilə, irəli sürülmüş iddiaların xarakteri ilə və araşdırılan Konvensiya hüququ ilə qırılmaz surətdə bağlıdır. Məhkəmə həmçinin iştirakçı dövlət tərəfindən təməl hüquqların pozulduğu barədə qərarın ciddiliyini nəzərə alır (bax: Əl-Məsri "keçmiş yuqoslav respublikası Makedoniyaya" qarşı [BP], ərizə № 39630/09, 151-ci bənd, AİHM 2012).
49. Bundan başqa, xatırlatmaq lazımdır ki, affirmanti incumbit probatio prinsipini (bu prinsipə əsasən, sübutetmə yükü sözügedən iddianı irəli sürmüş şəxsin üzərinə düşür) Konvensiya üzrə icraatlara heç də bütün hallarda dəqiq şəkildə tətbiq etmək olmur. Məhkəmə Konvensiyanın 2-ci və 3-cü maddələri üzrə öz presedent hüququnu xatırladır, belə ki, araşdırılan məsələ barədə məlumatlara yalnız hakimiyyət orqanları malikdirlərsə (onların nəzarəti altında həbsdə saxlanılan şəxslərin işində olduğu kimi), həbsdə saxlanılma zamanı bədən xəsarətləri və ölüm baş verdikdə faktlarla bağlı ciddi ehtimallar ortaya çıxır. Belə halda hesab edilir ki, sübutetmə yükü, yəni qaneedici və inandırıcı izahat vermək vəzifəsi hakimiyyət orqanlarının üzərinə düşür. Belə izahat olmadığı təqdirdə Məhkəmə cavabdeh dövlət üçün əlverişli olmayan nəticələr çıxara bilər. Məhkəmə artıq müəyyən edib ki, bu mülahizələr Konvensiyanın 5-ci maddəsi üzrə araşdırılan yoxa çıxma hallarına da şamil olunur, bu zaman şəxsin dövlət orqanları tərəfindən həbsə alındığı sübut olunmasa belə, onun dövlət orqanlarının rəsmi çağırışı əsasında getdiyini, onların nəzarəti altında olan tikiliyə daxil olduğunu və o vaxtdan bəri heç kimin onu görmədiyini müəyyən etmək mümkündür. Belə hallarda Hökumət həmin tikilidə nələrin baş verdiyinə dair inandırıcı və qaneedici izahat təqdim etməyə və həmin şəxsin dövlət orqanları tərəfindən həbsdə saxlanılmadığını və sonradan azadlıqdan məhrum edilmədən tikilini tərk etdiyini sübut etməyə borcludur. Bundan başqa, Məhkəmə bir daha xatırladır ki, o, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi kontekstində sübutetmə yükü cavabdeh dövlətin üzərinə keçənə qədər bir-biri ilə uzlaşan qənaətlər formasında sübut tələb edir (bax: Əl-Məsrinin işi üzrə yuxarıda istinad edilən qərar, 152-153-cü bəndlər).
50. Hazırkı işdə bu məsələdə fikir ayrılığı yoxdur ki, ərizəçinin qardaşı 23 aprel 2003-cü ildə Birləşmiş Krallığın hərbi qüvvələri tərəfindən tutulub, daha sonra Bukka düşərgəsində həbsdə saxlanılıb və 1 sentyabr 2003-cü ildə cəsədinin Samirədə tapılmasından az öncə ölüb. Faktlarla bağlı fikir ayrılıqları iki məsələyə aiddir: birincisi, həqiqətənmi Tarek Hassan ərizəçiyə təslim olması üçün təzyiq göstərmək vasitəsi kimi tutulmuş və həbsdə saxlanılmışdı və ikincisi, Tarek Hassan Bukka düşərgəsini hansı şəraitdə tərk etmişdi. Bundan əlavə, ərizəçi Tarek Hassanın bədənində qəddar rəftar əlamətlərinin olduğunu iddia etdiyinə görə, belə bir sual yaranır ki, o həbsdə saxlanıldığı zaman qəddar rəftara məruz qalmışdımı?
51. Birinci məsələyə gəlincə, Məhkəmə qeyd edir ki, sərəncamında olan və Tarek Hassanın ərizəçiyə təslim olması üçün təzyiq göstərmək məqsədi ilə həbsə alındığını təsdiq edən yeganə sübut ərizəçinin verdiyi iki ifadə və ərizəçinin qonşusu ilə telefon söhbətinin mətnidir və onların hər kisi ölkədaxili məhkəmə icraatında təqdim edilmək məqsədi ilə hazırlanıb (yuxarıda 12-13-cü bəndlərə bax). Birinci ifadəsində ərizəçi iddia edib ki, Britaniya hərbçiləri onun bacılarına deyiblər ki, ərizəçi təslim olmayana qədər Tarek Hassan azadlığa buraxılmayacaq. İkinci ifadəsində ərizəçi iddia edib ki, bu məlumat onun qonşusuna və dostuna da verilib. Nə ərizəçinin ifadələrinin hər hansı birində, nə də qonşusu cənab Əl-Ubodinin ifadəsində bu məlumatı verdiyi iddia edilən Birləşmiş Krallıq hərbçisinin adı və ya rütbəsi göstərilməyib. Bu ifadələrdə dəqiqlik olmadığını, onların şayiə xarakteri daşıdığını və ərizəçinin ifadələrindəki daxili ziddiyyətləri nəzərə alaraq, Məhkəmə hesab etmir ki, bu sübutlar ərizəçi tərəfindən iddia edilənlərin ciddiliyini təsdiqləyir.
52. Öz növbəsində Hökumət Məhkəməyə Tarek Hassanın həbsi ilə bağlı heç bir şahid ifadəsi təqdim edə bilməyib. Amma bununla belə, o, Məhkəməyə 1-ci batalyonun "qara patrul" qüvvələrinin sözügedən hadisələr baş verən zaman hazırladığı əməliyyat raportunu təqdim edib (yuxarıda 11-ci bəndə bax). Orada deyilir ki, Britaniya qüvvələri evə gələndə Tarek Hassan damda olub, AK-47 avtomat silahı ilə silahlanıb və evdən digər odlu silahlar və kəşfiyyat əhəmiyyətli sənədlər tapılıb. Bundan əlavə, Hökumət Bukka düşərgəsində Tarek Hassanla aparılmış dindirmələrin protokollarını və "AP3-Ryan" məlumat bazasında onun barəsindəki skrinşotları təqdim edib (müvafiq olaraq, yuxarıda 23-24-cü və 18, 22 və 28-ci bəndlərə bax). Bu protokolların həqiqiliyini şübhə altına almaq üçün Məhkəmə heç bir əsasa malik deyil. Onlar göstərir ki, Tarek Hassan 23 aprel 2003-cü ildə Bukka düşərgəsində qeydiyyata alınıb, 23 aprel 2003-cü ildə saat 16.40-da BİDQ-in zonasına aparılıb və 25 aprel 2003-cü ildə yerli vaxtla saat 20-də Bukka düşərgəsinin mülki zonasına buraxılıb. Bundan başqa, kompüter qeydləri göstərir ki, o, 23 aprel 2003-cü ildə yerli vaxtla saat 21.30-da və daha sonra 25 aprel 2003-cü ildə yerli vaxtla saat 20-də dindirilib. Hər iki dindirmənin protokolları Məhkəməyə təqdim edilib. Onlar göstərir ki, Tarek Hassanın ərizəçinin qardaşı olması faktı məlum idi və onun Bəəs partiyasına və ya Əl-Qüds ordusuna heç bir aidiyyətinin olmadığı müəyyən edilmişdi.
53. Məhkəmənin rəyinə görə, həbsin və dindirmənin protokolları Hökumətin bu məlumatına uyğun gəlir ki, Tarek Hassan şübhəli döyüşçü və ya təhlükəsizliyə qarşı təhlükə yaradan mülki şəxs qismində tutulub. Bu rəyi digər sübutlar da təsdiqləyir, onlar göstərir ki, Tarek Hassan, yəqin ki, silahlı idi, yaxud ən azı həbs edildiyi anda onun AK-47 avtomat silahı vardı, konkret olaraq ərizəçinin kiçik qardaşının ailənin evini mühafizə etmək üçün evdə qaldığı barədə ərizəçinin dedikləri (yuxarıda 10-cu bəndə bax) və Britaniya agentləri tərəfindən dindirilərkən Tarek Hassanın verdiyi ifadədə silahı özünümüdafiə üçün gəzdirdiyi barədə verdiyi izahat bunu təsdiq edir (yuxarıda 24-cü bəndə bax). Daha sonra Bukka düşərgəsindəki qeydlər göstərir ki, onun təhlükəsizliyə qarşı təhlükə yaratmayan mülki şəxs olduğu müəyyən edilən kimi dərhal azadlığa buraxılması barədə göstəriş verilib.
54. Məhkəmə qəbul edir ki, Tarek Hassanın həbsi onun qardaşı ilə qohumluq münasibəti ilə əlaqədar idi, amma Britaniya hərbi qüvvələri bu münasibət barədə Tarek Hassanın özündən öyrənmiş və Tarek Hassanı həbs etdikləri anda silahlı halda tapmışdılar (yuxarıda 11-ci bəndə bax) və ola bilsin həbsin səbəbi bu idi ki, onun Bəəs partiyası və Əl-Qüds ordusu ilə əlaqəli olmasından şübhələnmişdilər. Məhkəmə hesab etmir ki, sübutlar Tarek Hassanın ərizəçi təslim olana qədər həbsdə saxlanılmaq üçün tutulduğu barədə iddianı təsdiqləyir. Əgər Birləşmiş Krallığın hərbi qüvvələrinin niyyəti bu olsaydı, onlar ikinci dindirmədən dərhal sonra və onun Bukka düşərgəsinə gətirilməsindən 38 saatdan da az müddət sonra onu azadlığa buraxmağı qərara almazdılar (yuxarıda 22-ci bəndə bax).
55. Tarek Hassanın azadlığa buraxılma vaxtına və yerinə gəlincə, əsas sübut "AP3-Ryan" məlumat bazasındakı qeydlərdən ibarətdir (yuxarıda 28-ci bəndə bax). 4 may 2003-cü ildə daxil edilmiş birinci qeyddə deyilir ki, Tarek Hassan "hərbi əməliyyatların başa çatması" ilə əlaqədar olaraq 2 may 2003-cü ildə azad edilərək avtobusla Ümm-Qəsrə aparılıb. 12 may 2003-cü il tarixli digər bir qeyddə deyilirdi ki, məhbusların tam yoxlanılması aparılarkən Tarek Hassan düşərgədə olmayıb. Məhkəmə bu qeydlərin, habelə ikinci dindirmədən sonra Tarek Hassanın azadlığa buraxılması barədə qəbul edilmiş qərarın əsasında belə hesab edir ki, o, böyük ehtimalla, 2003-cü il mayın əvvəlində azad edilib. 1 may 2003-cü ildə hərbi əməliyyatların yekunlaşması elan edilənə qədər və ya elan edildikdən sonra, cinayət törətməkdə şübhəli bilinən və ya fəaliyyətləri təhlükəsizliyə qarşı təhlükə yaradan şəxslər istisna olmaqla, bütün məhbusları azadlığa buraxmaq barədə Birləşmiş Krallığın hərbi qüvvələri tərəfindən qəbul edilmiş siyasi qərarla bağlı Hökumətin təqdim etdiyi sübutlar da bu rəyi təsdiqləyir (yuxarıda 27-ci bəndə bax). Azadlığa buraxılma yerinə gəlincə, Məhkəmə qeyd edir ki, Bukka düşərgəsi Ümm-Qəsrdən cəmi 2,5 kilometrə yaxın məsafədə yerləşirdi. Məhbusların Bukka düşərgəsindən azad edilməsi barədə müvafiq hərbi əmrin əsas mətnində Ümm-Qəsr azadlığa buraxılma yeri kimi göstərilməsə də (orada yalnız düşərgədən şimalda yerləşən dörd şəhər göstərilmişdi), əmrin əlavəsində Ümm-Qəsr azadlığa buraxılma yeri kimi göstərilmişdi. Daha inandırıcı sübutlar olmadığı halda bunu əminliklə söyləmək mümkün olmasa da, şəhərin düşərgəyə yaxın olduğunu, əlavədə onun adının çəkildiyini, Birləşmiş Krallığın hərbi əməliyyatlar başa çatdıqdan sonra bütün məhbusları azad etməyə yönələn siyasətini və Tarek Hassanın azadlığa buraxılması ilə bağlı kompüter qeydlərini nəzərə alaraq, Məhkəmə hesab edir ki, Tarek Hassan, güman ki, 2 may 2003-cü ildə Ümm-Qəsr ərazisində və ya onun yaxınlığında azadlığa buraxılıb.
56. Məhkəmə bu fikirdədir ki, bu işdə Tarek Hassanın həbsdə saxlanılmasına və azadlığa buraxılmasına dair sübutların əksər hissəsi yalnız Hökumətin sərəncamında olduğuna görə məhz Hökumət düşərgədə Tarek Hassanın başına nələr gəldiyinə dair inandırıcı və qaneedici izahat təqdim etməyə və onun azadlığa buraxıldığını və bu azadlığa buraxılmanın təhlükəsiz şəraitdə baş verdiyini sübut etməyə borcludur (yuxarıda 49-cu bəndə bax). Kompüter qeydləri göstərir ki, döyüş əməliyyatlarının başlanmasından 2003-cü il mayın 22-dək Birləşmiş Krallığın hərbi qüvvələri İraqda 3.738 nəfəri tutmuş və 361 nəfərdən başqa hamısını azadlığa buraxmışdılar (yuxarıda 28-ci bəndə bax). Ərizəçinin şikayətini təqdim edənə qədər xeyli vaxt keçdiyini və 2003-cü il aprelin sonlarında və mayın əvvəllərində Bukka düşərgəsindən azad edilən məhbusların sayının çox olduğunu nəzərə alsaq, Tarek Hassanın azadlığa buraxılmasını görmüş şahidləri tapmağın mümkün olmaması təəccüblü deyil. Məhkəmə bu işin hallarını nəzərə alaraq hesab edir ki, yuxarıda qeyd edilən sübutlar Hökumətin üzərinə düşən sübutetmə vəzifəsinin onun tərəfindən yerinə yetirildiyinə əmin olmaq üçün kifayətdir.
57. Nəhayət, Məhkəmənin əlində Tarek Hassanın həbsdə saxlanılarkən qəddar rəftara məruz qaldığını güman etməyə əsas verən heç bir sübut yoxdur. Dindirmə protokolları göstərir ki, düşərgəyə gəldikdən az sonra o iki dəfə dindirilib və onun hər hansı kəşfiyyat əhəmiyyətli məlumata malik olmayan və təhlükəsizliyə qarşı təhlükə yaratmayan mülki şəxs olduğu müəyyən edilib. Tarek Hassanı dindirilməsindən sonrakı və azad edilməsindən qabaqkı dövrdə Bukka düşərgəsinin mülki zonasında gördüyünü iddia edən cənab Əl-Sədunun ərizəçi tərəfindən təqdim edilmiş şahid ifadəsində Tarek Hassanın üzərində hər hansı xəsarət əlaməti olduğu barədə və ya onun qəddar rəftardan şikayət etdiyi haqqında heç nə deyilmir. Üstəlik, ərizəçinin şahid ifadəsindən savayı Məhkəmənin əlində Tarek Hassanın ölümünün səbəbi ilə və ya bədənində qəddar rəftarın izləri ilə bağlı heç bir sübut yoxdur, belə ki, ölüm haqqında şəhadətnamədə bunlar barəsində heç bir məlumat verilmir. Ərizəçi tərəfindən qardaşının cəsədinin təsvirinin düzgün olduğunu fərz etsək, Tarek Hassanın azadlığa buraxılması ilə ölümü arasında ötmüş dörd aylıq müddət ona həbsdə olduğu zaman xəsarət yetirildiyi barədə rəyi təsdiq etmir.
58. İşin faktlarını müəyyən etdikdən sonra Məhkəmə ərizəçinin Konvensiya üzrə şikayətlərini araşdırmalıdır.
II. KONVENSİYANIN 2-Cİ VƏ 3-CÜ MADDƏLƏRİNİN İDDİA EDİLƏN POZUNTUSU
A. Tərəflərin arqumentləri
1. Ərizəçi
59. Ərizəçi şikayət etdi ki, Tarek Hassanın ölümünün halları Konvensiyanın 2-ci və 3-cü maddələrinin pozulduğunu ən azından ilkin olaraq güman etməyə əsas verir ki, bu da Hökumətin səmərəli araşdırma aparmaq öhdəliyini doğurur. Konvensiyanın 2-ci maddəsində deyilir:
"1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə məhkəmə tərəfindən çıxarılmış ölün hökmünün icrası istisna olmaqla, heç kəs bilərəkdən həyatından məhrum edilə bilməz.
2. Həyatdan məhrum etmə aşağıdakı məqsədlər üçün güc tətbiqində mütləq zərurətin nəticəsi olduqda bu maddənin pozuntusu hesab edilmir:
a) istənilən şəxsin hüquqa zidd zorakılıqdan qorunması üçün;
b) qanuni həbsi həyata keçirmək və ya qanuni əsaslarla həbsdə olan şəxsin qaçmasının qarşısını almaq üçün;
c) qanuna müvafiq olaraq iğtişaş və ya qiyamın yatırılması üçün".
Konvensiyanın 3-cü maddəsində deyilir:
"Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır".
60. Ərizəçi vurğuladı ki, Tarek Hassan tutulduqdan sonra onun başına nələr gəldiyini yalnız Birləşmiş Krallığın hakimiyyət orqanları bilirdilər və onlar onun azad edildiyi anda sağ-salamat olduğunu və ölümlə və ya qəddar rəftarla bağlı ciddi təhlükəyə məruz qalmadığı şəraitdə azad edilmədiyini sübut etməyə borcludurlar. Onun Birləşmiş Krallıq tərəfindən həbsə alındıqdan sonra yoxa çıxması və ölümü belə güman etməyə əsas verir ki, o ya Birləşmiş Krallığın hərbi personalı tərəfindən və ya onların iştirakı ilə qətlə yetirilib, ya uzaqda yerləşən və ya hər hansı digər səbəbdən təhlükəli olan yerdə azadlığa buraxıldığına görə ölümlə və ya qəddar rəftarla bağlı real təhlükəyə məruz qalıb, ya da üçüncü şəxslərə təhvil verib. Bununla əlaqədar olaraq 2-ci və 3-cü maddələrlə bağlı iki sual meydana çıxır. Birincisi, Hökumət Tarek Hassanın ölümünə səbəb olmuş hadisələrə dair inandırıcı alternativ izahat verə bilmirsə, o halda bu ölümə görə məsuliyyət daşımalıdır. İkincisi, 2-ci və 3-cü maddələrin pozulduğu barədə əsaslı iddia irəli sürülüb ki, bu da araşdırma aparmaqdan ibarət prosessual öhdəlik yaradır.
2. Hökumət
61. Hökumət bildirdi ki, bu cür işdə Tarek Hassanın qəddar rəftara məruz qalmasına və ya ölümünə görə Birləşmiş Krallığın məsuliyyət daşıdığı, yaxud da Tarek Hassanın ölümünün Birləşmiş Krallığın nəzarəti altında olan ərazidə baş verdiyi sübuta yetirilmədiyi təqdirdə 2-ci və 3-cü maddələrdən irəli gələn araşdırma aparmaq öhdəliyi meydana çıxmır. Onun dövlətin nəzarəti altında olduğu zaman öldüyünü göstərən sübut yoxdur. Belə ölüm halları araşdırma aparmaq öhdəliyini bu və ya digər dərəcədə zəruri edə bilər, amma indiki halda buna zərurət yoxdur. Tarek Hassanın ölümü onun azadlığa buraxılmasından bir çox aylar keçdikdən sonra baş verib və elə bir şəraitdə baş verib ki, Birləşmiş Krallığın bu ölümdə əli olduğunu gösətərən heç nə yoxdur.
B. Məhkəmənin qiymətləndirməsi
62. Məhkəmənin presedent hüququna əsasən, 2-ci maddədə nəzərdə tutulmuş yaşamaq hüququnu qorumaq öhdəliyi, dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi öhdəliyi ilə, yəni "yurisdiksiyası daxilində olan hər kəs üçün Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqları təmin etmək" öhdəliyi ilə birgə götürülməklə, dolayısı ilə tələb edir ki, fərdlər dövlət nümayəndələri tərəfindən güc tətbiqi nəticəsində qətlə yetirildikdə müəyyən formada rəsmi araşdırma aparılsın (bax: Əl-Skeyni və başqaları Birləşmiş Krallığa qarşı [BP], ərizə № 55721/07, 163-cü bənd, AİHM 2011). Bundan əlavə, 3-cü maddə dövlətin üzərinə belə bir öhdəlik qoyur ki, şəxs dövlətin rəsmi nümayəndələrinin əlində olarkən bu maddə pozulmaqla qəddar rəftara məruz qaldığı barədə "əsaslı iddia" irəli sürdükdə, yaxud açıq-aydın ifadə edilmiş şikayət olmadığı təqdirdə işgəncə və ya qəddar rəftarın baş verdiyini güman etməyə əsas verən aydın əlamətlər olduqda səmərəli araşdırma aparılmalıdır (bax: (bax: Labita İtaliyaya qarşı [BP], ərizə № 26772/95, 131-ci bənd, AİHM 2000-IV; və "Yəhva şahidləri" dini təşkilatının Qldani icmasının üzvləri (97 nəfər) Gürcüstana qarşı, ərizə № 71156/01, 3 may 2007-ci il 97-ci bənd və həmin bənddə istinad edilən qərarlar).
63. Hazırkı işdə Məhkəmə tərəfindən yuxarıda qiymətləndirilmiş faktları nəzərə alsaq, Tarek Hassanın həbsdə saxlanılarkən qəddar rəftara məruz qaldığını və cavabdeh dövlətin 3-cü maddə əsasında rəsmi araşdırma aparmaq öhdəliyinin yarandığını güman etməyə əsas verən heç bir sübut yoxdur. Eləcə də Tarek Hassanın Bukka düşərgəsindən azad edildikdən təxminən dörd ay sonra ölkənin Birləşmiş Krallıq qüvvələrinin nəzarəti altında olmayan ucqar hissəsində baş vermiş ölümünə görə Birləşmiş Krallığın hakimiyyət orqanlarının birbaşa və ya dolayı məsuliyyət daşıdığını göstərən heç bir sübut yoxdur. Birləşmiş Krallığın dövlət nümayəndələrinin onun ölümündə əli olduğunu, yaxud hətta bu ölümün Birləşmiş Krallığın nəzarəti altında olan ərazidə baş verdiyini göstərən heç bir sübutun olmadığı bir vəziyyətdə 2-ci maddə əsasında araşdırma aparmaq öhdəliyi yarana bilməz.
64. Yekun olaraq Məhkəmə hesab edir ki, Konvensiyanın 2-ci və 3-cü maddələri üzrə şikayətlər Konvensiyanın 35-ci maddəsinin 3"a" bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə uyğun olaraq qəbul olunmayan elan edilməlidir.
III. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 1, 2, 3 VƏ 4-CÜ BƏNDLƏRİNİN İDDİA EDİLƏN POZUNTUSU
65. Ərizəçi iddia etdi ki, Birləşmiş Krallığın hərbi qüvvələri tərəfindən qardaşının tutulması və Bukka düşərgəsində həbsdə saxlanılması onun Konvensiyanın 5-ci maddəsinin 1, 2, 3 və 4-cü bəndlərində nəzərdə tutulmuş hüquqlarının pozulmasına səbəb olub; həmin maddənin müvafiq hissələrində deyilir:
"1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlığından məhrum edilə bilməz:
...
b) məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması;
c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törədildikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsasların olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;
...
2. Tutulmuş hər kəsə ona aydın olan dildə tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir.
3. Bu maddənin I bəndinin “c” yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəmədə iştirak etmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər.
4. Tutulma və ya həbsə alınma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs həbsinin qanuniliyi məsələsinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir.
5. Bu maddənin müddəalarının pozulması ilə tutulmadan və ya həbsə alınmadan zərər çəkmiş hər kəsin iddia ilə təmin olunan kompensasiya hüququ var".
Hökumət Tarek Hassanın araşdırılan hər hansı dövrdə Birləşmiş Krallığın yurisdiksiyası daxilində olduğunu inkar etdi. Yaxud alternativ variant olaraq, o, beynəlxalq silahlı münaqişə zamanı onun tutulmasının və həbsdə saxlanmasının 5-ci maddənin müddəalarının hər hansı pozuntusuna səbəb olduğunu inkar etdi.
A. Yurisdiksiya
66. Ərizəçi iddia etdi ki, qardaşı araşdırılan bütün dövrlərdə Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulan mənada Birləşmiş Krallığın yurisdiksiyası daxilində idi; həmin maddədə deyilir:
"Yüksək Müqavilə Tərəfləri yurisdiksiyaları daxilində olan hər kəs üçün bu Konvensiyanın I bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər".
1. Tərəflərin arqumentləri
a) Ərizəçi
67. Ərizəçi bildirdi ki, Əl-Skeyni və başqaları Birləşmiş Krallığa qarşı işdə ([BP], ərizə № 55721/07, 138-140-cı bəndlər, AİHM 2011) Məhkəmə tərəfindən ifadə edilmiş "ərazi üzərində faktiki nəzarət" prinsipi tətbiq edilməklə, Tarek Hassan 1-ci maddəyə əsasən Birləşmiş Krallığın yurisdiksiyası daxilində idi. O daha sonra bildirdi ki, Əl-Skeyninin işi üzrə qərardan belə nəticə çıxarmaq olar ki, 1 may 2003-cü ildə Bəəs rejiminin hakimiyyətdən kənarlaşdırılmasına nail olunduqdan sonra Birləşmiş Krallıq İraqın cənub-şərqi üzərində faktiki nəzarətə malik idi. O qeyd etdi ki, 9 aprel 2003-cü ildə koalisiya qoşunları Bağdadı nəzarətə götürdülər və Tarek Hassanın tutulmasından xeyli əvvəl, 2003-cü il aprelin ortalarınadək Britaniyanın baş naziri və Birləşmiş Ştatların qərargah rəislərinin birgə komitəsi tərəfindən verilən bəyanatlar göstərirdi ki, koalisiya qüvvələri müharibənin uğurla başa çatdırıldığını hesab edirlər. Dövlətin ərazi üzərində faktiki nəzarətə malik olub-olmaması məsələsi ilə bağlı Məhkəmə tərəfindən müəyyən edilmiş meyarlara, yəni "dövlətin regionda hərbi mövcudluğunun dərəcəsinə" və "tabeliyində olan yerli administrasiyaya verdiyi iqtisadi və siyasi dəstəyin onun region üzərində nüfuz və nəzarətini təmin etmə dərəcəsinə" gəlincə, 2003-cü il aprelin 23-ündəki durumla mayın 1-dəki durum arasında hər hansı əhəmiyyətli praktiki fərqin olduğuna dair heç bir sübut yoxdur və bu məsələdə hüquqi cəhətdən fərqli mövqe tutmaq üçün heç bir əsaslı səbəb yoxdur.
68. Yaxud alternativ variant olaraq, ərizəçi iddia etdi ki, dövlət nümayəndələrinin hakimiyyəti prinsipi əsasında yurisdiksiya aydın müəyyən edilmişdi. Ərizəçinin bildirdiyinə görə, Məhkəmənin presedent hüququna uyğun olaraq, bu əsasa görə yurisdiksiya bina, ərazi və ya nəqliyyat vasitəsi üzərində nəzarətdən asılı deyil və şəxs üzərində fiziki nəzarət və ya hakimiyyət mövcud olduğu halda da yarana bilər. Yurisdiksiyanın yaranması üçün fərdlər üzərində bu cür hakimiyyətin və ya nəzarətin müstəsna və ya ümumi xarakterli olması vacib deyil. Eləcə də nəzarəti altında olan şəxsin Konvensiyada nəzərdə tutulmuş bütün hüquqlarını dövlətin təmin etmək iqtidarında olması vacib deyil. Bu əsasa istinadən Məhkəmə Hökumətin bu arqumentini rədd etməlidir ki, ikitərəfli və ya birgə nəzarət Konvensiyanın 1-ci maddəsinin məqsədləri üçün yetərli deyil.
69. Ərizəçi bildirdi ki, 2003-cü il aprelin 22-dən 23-nə keçən gecə qardaşının tutulmasından və Birləşmiş Krallıq əsgərlərinin nəzarəti altına keçməsindən sonra bu məsələ real olaraq şübhə doğura bilməzdi ki, Birləşmiş Krallıq onun üzərində hakimiyyətə və nəzarətə və beləliklə, 1-ci maddəyə əsasən həm də yurisdiksiyaya malik idi. Onun Bukka düşərgəsinə qəbul edilməsindən sonrakı dövrə gəlincə, Birləşmiş Krallıq həbsdə saxlanma yerində onun üzərində hakimiyyətə və nəzarətə malik olmaqda davam edirdi. Konkret olaraq, o, istər "AP3-Ryan" məlumat bazasında, istərsə də Birləşmiş Ştatların Bukka düşərgəsindəki məlumat bazasında Birləşmiş Krallıq tərəfindən tutulmuş şəxs kimi müəyyən edilmişdi. Birləşmiş Krallığın hakimiyyət orqanları həbs protokolunun və həbsdə saxlanma raportunun hazırlanmasına görə cavabdehlik daşıyırdılar. Düşərgəyə çatan kimi Tarek Hassan bütünlüklə Birləşmiş Krallıq qüvvələrinin nəzarəti altında olan BİDQ-in zonasına gətirilmiş və aprelin 25-dək orada qalmışdı. Hətta BİDQ-in zonasından köçürüldükdən sonra da o, Birləşmiş Krallığın nəzarəti altında qalırdı, belə ki, Birləşmiş Krallıq Bukka düşərgəsində saxladığı məhbusların salamatlığına görə cavabdehlik daşımaqda davam edirdi; Birləşmiş Krallığın hakimiyyət orqanları tutulanlarla rəftar və tutulmaları barədə ailələrinin məlumatlandırılması məsələsində BQXK ilə əlaqə saxlayırdılar; Bukka düşərgəsinə giriş hüququnu bütünlüklə özlərində saxlayır və daxili və beynəlxalq standartlara riayət edilməsini təmin etməyə yönələn monitorinqin aparılması üçün orada daimi qrup saxlayırdılar. Birləşmiş Krallığın hərbi polis heyəti (hərbi polislər) Birləşmiş Krallığın məhbusları üzərində nəzarətə görə cavabdeh idi və hər gün onları yoxlayırdı, tibbi yardıma ehtiyacı olan Birləşmiş Krallığın məhbusları səyyar xəstəxanalarda həmin yardımı alırdılar. Birləşmiş Krallıq həmçinin Üçüncü Cenevrə Konvensiyasının 4-cü və 5-ci maddələri üzrə məhbusların təsnifləşdirilməsinə görə cavabdehlik daşıyırdı. Birləşmiş Ştatların hakimiyyət orqanlarının Tarek Hassanın həbsdə saxlanmasına hər hansı formada təkbaşına nəzarət etmək iddiasında olduqlarını göstərən heç bir əlamət yox idi. Mayor Uilson ifadəsində bildirmişdi ki, Birləşmiş Krallığın məhbuslarının azad edilməsi barədə qərarlar Birləşmiş Krallıq tərəfindən qəbul olunurdu. Tarek Hassanın məsələsinə gəlincə, onun azadlığa buraxılmasını BİDQ tövsiyə etmişdi. Üstəlik, Birləşmiş Krallığın hakimiyyət orqanları saxlanılan şəxsi buraxmaq barədə qərar qəbul etdikdə onun azad edilməsi təkcə Birləşmiş Ştatlar tərəfindən həyata keçirilmirdi, həm də düşərgədən buraxılması ilə bağlı rəsmiləşdirmə prosedurları Birləşmiş Krallıq tərəfindən aparılırdı. Ərizəçinin rəyinə görə, şübhə yoxdur ki, Bukka düşərgəsində Birləşmiş Krallığın məhbuslarının mühafizəsini və müşayiətini təmin etməklə Birləşmiş Ştatların personalı Birləşmiş Krallığın nümayəndələri kimi hərəkət edirdilər. Bunu bu fakt da təsdiq edir ki, məhbusların saxlanması ilə bağlı Birləşmiş Ştatların xərclərini Birləşmiş Krallıq ödəyirdi. Sadəcə olaraq məhbusları Birləşmiş Ştatların bazasında saxlamaq Birləşmiş Krallıq üçün rahat idi. Bu durum ilə Birləşmiş Krallığın məhbusların mühafizəsi vəzifəsini özəl podratçılara həvalə etməsi arasında mahiyyət etibarı ilə fərq yox idi. Birləşmiş Krallıq yaxasını Konvensiya üzrə daşıdığı məsuliyyətdən kənara çəkə və məhbusları müvəqqəti olaraq digər təşkilatın himayəsinə verməklə məsuliyyətdən boyun qaçıra bilməz.
b) Hökumət
70. Hökumət vurğuladı ki, Məhkəmənin presedent hüququna əsasən, dövlətin öz ərazisi xaricində yurisdiksiyasını həyata keçirməsi müstəsna hal olaraq qalır. Bundan başqa, yurisdiksiya anlayışına "canlı (daim təkmilləşən) sənəd" doktrinası şamil olunmur. Yuxarıda istinad edilən Əl-Skeyninin işində Məhkəmə bu qənaətə gəldi ki, iki konkret faktiki halın kombinasiyası ilə əlaqədar olaraq Birləşmiş Krallıq ərizəçilərin qohumlarının ölümünə aid məsələdə yurisdiksiyaya malikdir. Birinci mühüm element ondan ibarət idi ki, Birləşmiş Krallıq işğal edən dövlət qismində 1 may 2003-cü ildən 24 iyun 2004-cü ilədək İraqın cənub-şərqində təhlükəsizliyin mühafizəsi ilə bağlı səlahiyyət və məsuliyyəti öz üzərinə götürmüşdü. İkinci element ondan ibarət idi ki, ölüm halları Britaniya qüvvələri tərəfindən onların səlahiyyət və məsuliyyətinə uyğun olaraq həyata keçirilən təhlükəsizlik əməliyyatlarının gedişində baş vermişdi. Bu amillərdən hər hansı biri olmadıqda heç bir yurisdiksiya əlaqəsi mövcud olmur. Konkret olaraq, Əl-Skeyninin işi üzrə ölkədaxili icraatda Məhkəmə "ərazi üzərində faktiki nəzarət" doktrinası əsasında yurisdiksiyanın mövcud olduğunu müəyyən etmədi və apellyasiya məhkəməsinin gəldiyi bu nəticələrə açıq-aydın istinad etdi ki, 2003-cü ilin mayında Birləşmiş Krallığın faktiki nəzarəti həyata keçirdiyini və Konvensiyanın təmin etdiyi hüquq və azadlıqları Bəsrənin hər bir sakini üçün təmin etməyə borclu olduğunu güman etmək tamamilə "qeyri-real" olardı. 23 aprel 2003-cü ildə ərizəçinin qardaşı tutularkən Birləşmiş Krallıq İraqın cənub-şərqindəki təhlükəsizlik əməliyyatlarına görə məsuliyyəti hələ öz üzərinə götürməmişdi; bu yalnız 1 may 2003-cü ildə baş verdi.
71. Hökumət Məhkəmənin belə bir qənaətə gəldiyini etiraf etdi ki, 1-ci maddədə nəzərdə tutulan yurisdiksiyanın mövcud olduğu situasiyalardan biri ondan ibarətdir ki, bu zaman iştirakçı dövlətin ərazisi xaricində fəaliyyət göstərən dövlət nümayəndələri şəxs üzərində "ümumi və müstəsna nəzarəti" və ya "tam və müstəsna nəzarəti" həyata keçirirlər, şəxsin xaricdə iştirakçı dövlətin nümayəndələrinin nəzarəti altında olduğu durum buna misal ola bilər. Bununla belə, o bildirdi ki, yurisdiksiya üçün əsas təşkil edən bu hal, əgər sözügedən iştirakçı dövlətin nümayəndələri həmin dövlətin işğal etmədiyi ərazidə fəaliyyət göstərirlərsə, beynəlxalq silahlı münaqişənin aktiv hərbi əməliyyatlar fazasına şamil oluna bilməz. Əvəzində belə vəziyyətlərdə iştirakçı dövlətin hərəkətlərinə beynəlxalq humanitar hüququn bütün tələbləri şamil olunur. Beləliklə, Tarek Hassanın tutulması, Bukka düşərgəsində Birləşmiş Ştatların ixtiyarına verilməsi və 25 aprel 2003-cü ildə Britaniya qüvvələri tərəfindən dindirilməsi də daxil olmaqla 1 may 2003-cü ildən sonra baş vermiş heç bir hadisə Konvensiyanın 1-ci maddəsinin məqsədləri üçün Birləşmiş Krallığın yurisdiksiyası daxilində deyildi.
72. Bundan əlavə, Hökumət iddia etdi ki, Tarek Hassan Bukka düşərgəsinə qəbul edildikdən sonra Birləşmiş Krallığın yurisdiksiyası daxilində deyildi, çünki Birləşmiş Ştatların ixtiyarına verildikdən sonra o daha Birləşmiş Krallığın müstəsna nəzarəti, yaxud hətta ilkin nəzarəti altında deyildi. Hökumətin bildirdiyinə görə, yurisdiksiyanın müəyyən edilməsi üçün Məhkəmənin presedent hüququ tələb edirdi ki, iştirakçı dövlətin ərazisi xaricində fəaliyyət göstərən dövlət nümayəndələri şəxs üzərində "ümumi və müstəsna nəzarəti" və ya "tam və müstəsna nəzarəti" həyata keçirməlidirlər və şəxs üzərində birtərəfli və ya birgə nəzarət 1-ci maddənin məqsədləri üçün yurisdiksiyanın müəyyən edilməsindən ötrü yetərli deyil. SM-in 4-cü bəndinə əsasən (yuxarıda 16-cı bəndə bax) Birləşmiş Krallığın Tarek Hassan üzərində nəzarətin Birləşmiş Ştatlardan ona qaytarılması üçün müraciət etmək hüququna malik olması bu qənaətə təsir göstərmir. Birləşmiş Krallığın belə bir müraciət etdiyini göstərən heç bir sübut yoxdur. Üstəlik, SM-in belə müraciətə dair müddəasından açıq-aydın görünür ki, müvafiq şəxs Birləşmiş Ştatların mühafizəsi və nəzarəti altında qaldığı müddətdə Birləşmiş Krallığın yurisdiksiyası daxilində deyildi. Bu prinsipial mövqeyi Üçüncü Cenevrə Konvensiyasının 12-ci maddəsi də təsdiqləyir (yuxarıda 33-cü bəndə bax). 12-ci maddənin birinci bəndində deyilir ki, hərbi əsirlərlə "rəftara görə Əsir saxlayan dövlət məsuliyyət daşıyır". Bununla belə, ikinci bənddə aydınlıq gətirilir ki, Əsir saxlayan dövlət hərbi əsirləri Konvensiya iştirakçısı olan digər dövlətə təhvil verdikdən sonra "Konvensiyanın tətbiqinə görə məsuliyyət onları qəbul edən dövlətin himayəsində olduqları müddətdə həmin dövlətə keçir". Beləliklə, Tarek Hassan Bukka düşərgəsində saxlanıldığı müddətdə onun barəsində Üçüncü və Dördüncü Cenevrə Konvensiyalarının tətbiqinə görə məsuliyyət Birləşmiş Ştatların üzərinə düşürdü.
73. İstənilən halda, Hökumət iddia etdi ki, 25 aprel 2003-cü ildə Tarek Hassanın azad edilməli olan mülki şəxs olduğu müəyyən edildikdən və o, Bukka düşərgəsinin mülki zonasına köçürüldükdən sonra nə Birləşmiş Krallıq, nə də Birləşmiş Ştatlar onu həbsdə saxlamaq üçün qanuni hüquqa malik deyildilər. O düşərgədə yalnız ona görə qalmışdı ki, onun dərhal azad edilməsi təhlükəsizliklə bağlı vəziyyət ucbatından məsuliyyətsiz addım olardı. O daha məhbus deyildi, amma tutulduğu yerə qaytarılmaq üçün Bukka düşərgəsində qalaraq nəqliyyat vasitəsini gözləyirdi. Eynilə, Birləşmiş Krallıq qüvvələri tərəfindən avtobusla azad ediləcəyi yerə aparılarkən o, azad şəxs idi və Birləşmiş Krallığın sərəncamında, nəzarətində və ya yurisdiksiyasında deyildi.
2. Məhkəmənin qiymətləndirməsi
74. Məhkəmə xatırladır ki, yuxarıda istinad edilən Əl-Skeyninin işi üzrə qərarın 130-142-ci bəndlərində o, Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulan mənada iştirakçı dövlətin ərazisi xaricində həyata keçirilən yurisdiksiya məsələsinə tətbiq edilə bilən prinsiplərin aşağıdakı şəkildə qısa xülasəsini verib:
"130. ... [Konvensiyanın 1-ci maddəsinə] müvafiq olaraq, iştirakçı dövlətin üzərinə götürdüyü öhdəlik onun "yurisdiksiyası" daxilində olan şəxslərin Konvensiyada sadalanan hüquq və azadlıqlarını "təmin etməklə" (fransız mətnində "reconnaître" sözü işlənib) məhdudlaşır (bax: Sörinq Birləşmiş Krallığa qarşı, 7 iyul 1989-cu il, 86-cı bənd, A seriyaları, № 161; Bankoviç və başqaları Belçikaya və digərlərinə qarşı [BP] (qərardad), ərizə № 52207/99, 66-cı bənd, AİHM 2001-XII). 1-ci maddədə nəzərdə tutulmuş "yurisdiksiya" müvafiq həddi müəyyənləşdirən meyardır. Yurisdiksiyanın həyata keçirilməsi iştirakçı dövlətin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqların pozulmasına səbəb olduğu iddia edilən hərəkətlərinə və ya hərəkətsizliyinə görə məsuliyyətə cəlb edilməsi üçün zəruri şərtdir (bax: İlaşku və başqaları Moldovaya və Rusiyaya qarşı [BP], ərizə № 48787/99, 311-ci bənd, AİHM 2004-VII).
α) Ərazi prinsipi
131. 1-ci maddəyə əsasən dövlətin yurisdiksiya səlahiyyəti ilk növbədə ərazi səlahiyyətidir (bax: Sörinqin işi üzrə yuxarıda istinad edilən qərar, 86-cı bənd; Bankoviçin işi üzrə yuxarıda istinad edilən qərar, 61 və 67-ci bəndlər; və İlaşkunun işi üzrə yuxarıda istinad edilən qərar, 312-ci bənd). Hesab edilir ki, yurisdiksiya adətən dövlətin öz ərazisində həyata keçirilir (İlaşkunun işi üzrə yuxarıda istinad edilən qərar, 312-ci bənd; Assanidze Gürcüstana qarşı [BP], ərizə № 71503/01, 139-cu bənd, AİHM 2004-II). Digər tərəfdən, iştirakçı dövlətlərin öz əraziləri xaricində həyata keçirdiyi hərəkətlər və ya onların nəticələri yalnız müstəsna hallarda 1-ci maddədə nəzərdə tutulan yurisdiksiyanın həyata keçirilməsi hesab oluna bilər (Bankoviçin işi üzrə yuxarıda istinad edilən qərar, 67-ci bənd).
132. Bu günədək Məhkəmə öz presedent hüququnda iştirakçı dövlət tərəfindən öz ərazisinin sərhədləri xaricində yurisdiksiyanın həyata keçirilməsinə gətirib çıxara bilən bir sıra müstəsna halların mövcud olduğunu etiraf edib. Hər bir halda Məhkəmənin dövlətin öz ərazisi xaricində yurisdiksiyasını həyata keçirdiyi qənaətinə gəlməsini tələb edən və bu qənaətə haqq qazandıran müstəsna halların mövcudluğu məsələsi konkret faktlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir.
β) Dövlət nümayəndələrinin səlahiyyəti və nəzarəti
133. Məhkəmə öz presedent hüququnda etiraf edib ki, ərazi prinsipindən istisna olaraq, iştirakçı dövlətin 1-ci maddədə nəzərdə tutulan yurisdiksiyası onun hakimiyyət orqanları tərəfindən həyata keçirilən və onun ərazisi xaricində nəticələrə səbəb olan hərəkətlərə şamil oluna bilər (bax: Drozd və Yanusek Fransaya və İspaniyaya qarşı, 26 iyun 1992-ci il tarixli qərar, A seriyaları, № 91; Loizidu Türkiyəyə qarşı (ilkin etirazlar), 23 may 1995-ci il tarixli qərar, 62-ci bənd, A seriyaları, № 310; Loizidu Türkiyəyə qarşı (şikayətlərin mahiyyəti), 18 dekabr 1996-cı il, 52-ci bənd, Qərar və qərardadlar toplusu, 1996-VI; və Bankoviçin işi üzrə yuxarıda istinad edilən qərar, 69-cu bənd). Bu prinsipin mənası, Drozd və Yanusekin işindən və indicə istinad edilmiş digər işlərdən göründüyü kimi, yetərincə genişdir: Məhkəmə sadəcə olaraq bildirir ki, iştirakçı dövlətin məsuliyyəti bu hallarda "yarana bilər". Aparıcı prinsipləri müəyyən etmək üçün Məhkəmənin presedent hüququna nəzər salmaq lazımdır.
134. Birincisi, aydın məsələdir ki, beynəlxalq hüquq normalarına uyğun olaraq xarici ölkənin ərazisində olan diplomatik nümayəndələrin və konsulluq təmsilçilərinin hərəkətləri, əgər həmin nümayəndələr digər şəxslər üzərində səlahiyyətə və nəzarətə malikdirlərsə, yurisdiksiyanın həyata keçirilməsinə bərabər sayıla bilər (bax: Bankoviçin işi üzrə yuxarıda istinad edilən qərar, 73-cü bənd; həmçinin bax: X Almaniya Federativ Respublikasına qarşı, ərizə № 1611/62, Komissiyanın 25 sentyabr 1965-ci il tarixli qərarı, İnsan hüquqları haqqında Avropa Konvensiyası üzrə illik məcmuə, 8-ci cild, səh. 158 və 169; X Birləşmiş Krallığa qarşı, ərizə № 7547/76, Komissiyanın 15 dekabr 1977-ci il tarixli qərarı; WM Danimarkaya qarşı, ərizə № 17392/90, Komissiyanın 14 oktyabr 1993-cü il tarixli qərarı).
135. İkincisi, Məhkəmə etiraf edib ki, iştirakçı dövlət öz ərazisi xaricində həmin ərazinin hakimiyyətinin razılığı, dəvəti və ya güzəşti ilə adətən hakimiyyət orqanlarının həyata keçirdikləri dövlət səlahiyyətlərinin hamısını və ya bir hissəsini həyata keçirirsə, həmin ərazidə yurisdiksiyasını həyata keçirmiş olur (Bankoviçin işi üzrə yuxarıda istinad edilən qərar, 71-ci bənd). Beləliklə, adətlərə, müqaviləyə və ya digər razılaşmaya uyğun olaraq iştirakçı dövlətin hakimiyyət orqanları digər dövlətin ərazisində icra funksiyalarını və ya hüquqi funksiyaları yerinə yetirirlərsə, həmin hərəkətlər ərazinin məxsus olduğu dövlət tərəfindən deyil, onun tərəfindən həyata keçirildiyi müddətdə iştirakçı dövlət bu hərəkətlərin nəticəsində baş verən Konvensiyanın pozuntularına görə məsuliyyət daşıya bilər (bax: Drozd və Yanusekin işi üzrə yuxarıda istinad edilən qərar; Centilhomm və başqaları Fransaya qarşı, ərizələr № 48205/99, 48207/99 və 48209/99; 14 may 2002-ci il tarixli qərar; və X və Y İsveçrəyə qarşı, ərizələr № 7289/75 və 7349/76, ərizəçinin qəbuledilənliyinə dair Komissiyanın 14 iyul 1977-ci il tarixli qərarı, DR 9, səh. 57).
136. Bundan əlavə, Məhkəmənin presedent hüququ göstərir ki, müəyyən hallarda öz əraziləri xaricində fəaliyyət göstərən dövlət nümayəndələri tərəfindən güc tətbiqi nəticəsində şəxs onların dövlətinin hakimiyyət orqanlarının nəzarəti altında olduqda həmin şəxs dövlətin 1-ci maddədə nəzərdə tutulan yurisdiksiyası daxilində ola bilər. Bu prinsip dövlətin xaricdəki nümayəndələri tərəfindən şəxsin həbs edildiyi hallarda tətbiq edilir. Məsələn, Öcalan Türkiyəyə qarşı işdə ([GC], ərizə № 46221/99, 91-ci bənd, AİHM 2005‑IV) Məhkəmə qərara aldı ki, "Keniyanın rəsmi şəxsləri tərəfindən Türkiyənin rəsmi şəxslərinə təhvil verildikdən bilavasitə sonra ərizəçi faktiki olaraq Türkiyənin hakimiyyəti altında idi və buna görə də Konvensiyanın 1-ci maddəsinin məqsədləri üçün həmin dövlətin "yurisdiksiyası" daxilində idi, hərçənd ki, bu halda Türkiyə öz hakimiyyətini ərazisi xaricində həyata keçirirdi". İssa və başqaları Türkiyəyə qarşı işdə (ərizə № 31821/96, 16 noyabr 2004-cü il) Məhkəmə qeyd etdi ki, Türkiyə əsgərlərinin ərizəçilərin qohumlarını İraqın şimalında həbs etdikləri, yaxınlıqdakı mağaraya apardıqları və orada edam etdikləri müəyyən edilmiş olsaydı, o halda mərhumlar əsgərlərin onlar üzərində hakimiyyətə və nəzarətə malik olması nəticəsində Türkiyənin yurisdiksiyası daxilində olacaqdılar. Əl-Sədun və Müfdi Birləşmiş Krallığa qarşı işdə (qərardad, ərizə № 61498/08, 86-89-cu bəndlər, 30 iyun 2009-cu il) Məhkəmə qərara aldı ki, Britaniyanın nəzarəti altındakı hərbi həbsxanalarda saxlanılan iki İraq vətəndaşı Birləşmiş Krallığın yurisdiksiyası daxilində idilər, çünki Birləşmiş Krallıq həbsxanalar və orada saxlanılan şəxslər üzərində tam və müstəsna səlahiyyəti həyata keçirirdi. Nəhayət, Medvedev və başqaları Fransaya qarşı işdə ([BP], ərizə № 3394/03, 67-ci bənd, AİHM 2010-...) Məhkəmə qərara aldı ki, ərizəçilər Fransanın yurisdiksiyası daxilində idilər, belə ki, gəmi beynəlxalq sulara daxil olduğu andan Fransanın dövlət nümayəndələri gəmi və onun ekipajı üzərində tam və müstəsna nəzarəti həyata keçirirdilər. Məhkəmə hesab etmir ki, yuxarıdakı işlərdə yurisdiksiya yalnız iştirakçı dövlət tərəfindən şəxslərin saxlanıldığı binalar, təyyarə və ya gəmi üzərində nəzarətin həyata keçirilməsi nəticəsində yaranır. Belə hallarda həlledici amil sözügedən şəxs üzərində fiziki hakimiyyətin və nəzarətin həyata keçirilməsidir.
137. Aydın məsələdir ki, dövlət öz nümayəndələri vasitəsilə şəxs üzərində nəzarəti və hakimiyyəti və beləliklə həm də yurisdiksiyanı həyata keçirirsə, həmin şəxsin vəziyyətinə uyğun olaraq Konvensiyanın 1-ci maddəsi əsasında onun hüquq və azadlıqlarını qorumağa borcludur. Beləliklə, bu mənada Konvensiya hüquqları "bölünə və vəziyyətə uyğunlaşdırıla bilər" (müqayisə üçün bax: Bankoviçin işi üzrə yuxarıda istinad edilən qərar, 75-ci bənd).
γ) Ərazi üzərində faktiki nəzarət
138. 1-ci maddədə nəzərdə tutulan yurisdiksiyanın dövlətin öz ərazisi ilə məhdudlaşması prinsipindən digər bir istisna hal o zaman baş verir ki, qanuni və ya qanunsuz hərbi əməliyyatlar nəticəsində iştirakçı dövlət öz milli ərazisi xaricindəki ərazi üzərində faktiki nəzarəti həyata keçirir. Belə ərazidə Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları təmin etmək öhdəliyi, bu cür nəzarətin birbaşa və ya dolayı yolla həyata keçirilməsindən asılı olmayaraq, iştirakçı dövlətin öz silahlı qüvvələri və ya tabeliyindəki yerli administrasiya vasitəsilə bu cür nəzarəti həyata keçirməsi faktından doğur (Loizidunun işi üzrə yuxarıda istinad edilən qərar (ilkin etirazlar), 62-ci bənd; Kipr Türkiyəyə qarşı [BP], ərizə № 25781/94, 76-cı bənd, AİHM 2001‑IV; Bankoviçin işi üzrə yuxarıda istinad edilən qərar, 70-ci bənd; İlaşkunun işi üzrə yuxarıda istinad edilən qərar, 314-316-cı bəndlər; və Loizidunun işi üzrə yuxarıda istinad edilən qərar (şikayətlərin mahiyyəti), 52-ci bənd). Ərazi üzərində bu cür hökmranlığın mövcudluğu müəyyən edildikdə, iştirakçı dövlətin tabeliyindəki yerli administrasiyanın siyasəti və hərəkətləri üzərində hərtərəfli nəzarəti həyata keçirib-keçirmədiyini müəyyənləşdirməyə ehtiyac yoxdur. Yerli administrasiyanın iştirakçı dövlətin hərbi qüvvələri sayəsində mövcudluğunu davam etdirməsi və ondan digər dəstək alması onun siyasətinə və hərəkətlərinə görə iştirakçı dövlətin məsuliyyətini doğurur. Nəzarəti həyata keçirən dövlət 1-ci maddə əsasında nəzarəti altında olan ərazidə Konvensiyada və ratifikasiya etdiyi əlavə Protokollarda təsbit olunmuş substantiv (maddi-hüquqi) hüquqların hamısının təmin edilməsinə görə cavabdehdir. O, həmin hüquqların istənilən pozuntularına görə məsuliyyət daşıyır (Kipr Türkiyəyə qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 76-77-ci bəndlər).
139. İştirakçı dövlətin öz sərhədləri xaricindəki ərazi üzərində faktiki nəzarəti həyata keçirib-keçirməməsi məsələsi faktlara aid məsələdir. Faktiki nəzarətin mövcud olub-olmadığını müəyyənləşdirərkən Məhkəmə ilk növbədə dövlətin ərazidəki hərbi qüvvələrinin sayına diqqət yetirir (bax: Loizidunun işi üzrə yuxarıda istinad edilən qərar (şikayətlərin mahiyyəti), 16-cı və 56-cı bəndlər; İlaşkunun işi üzrə yuxarıda istinad edilən qərar, 387-ci bənd). Həmçinin digər göstəricilər, məsələn, yerli administrasiyaya onun region üzərində təsirə və nəzarətə malik olmasını təmin edən dərəcədə hərbi, iqtisadi və siyasi dəstək verilməsi əhəmiyyət daşıya bilər (bax: İlaşkunun işi üzrə yuxarıda istinad edilən qərar, 388-394-cü bəndlər).
140. Konvensiyanı imzalamış dövlətlər beynəlxalq münasibətlərinə görə cavabdehlik daşıdıqları xaricdəki ərazilərinə Konvensiyanın 56-cı maddəsində (keçmiş 63-cü maddəsində) nəzərdə tutulan bəyanat sistemini tətbiq etməyi qərara aldıqda yuxarıda qeyd edilən "faktiki nəzarət" prinsipinə əsaslanan yurisdiksiya həmin sistemi aradan qaldırmır. 56-cı maddənin 1-ci bəndində elə bir mexanizm nəzərdə tutulur ki, onun vasitəsilə dövlət "yerli tələbləri yetərincə nəzərə almaqla" Konvensiyanın tətbiqini beynəlxalq münasibətlərinə görə cavabdehlik daşıdığı ərazilərin hamısına və ya hər hansı birinə şamil edə bilər. Tarixi səbəblərə görə Konvensiyaya daxil edilmiş bu mexanizmin mövcudluğu indiki şəraitdə 1-ci maddədəki "yurisdiksiya" termininin tətbiq dairəsini məhdudlaşdıran hal kimi şərh olunmamalıdır. "Faktiki nəzarət" prinsipinin şamil olunduğu situasiyaları iştirakçı dövlətin 56-cı maddədə nəzərdə tutulan bəyanat vasitəsilə Konvensiyanın və ya onun hər hansı Protokollarının qüvvəsini beynəlxalq münasibətlərinə görə cavabdehlik daşıdığı xaricdəki ərazilərinə şamil etmədiyi situasiyalardan asanlıqla ayırmaq və fərqləndirmək mümkündür (bax: Loizidunun işi üzrə yuxarıda istinad edilən qərar (ilkin etirazlar), 86-89-cu bəndlər; və "Kvark Fişinq Ltd." Birləşmiş Krallığa qarşı (qərardad), ərizə № 15305/06, 76-cı bənd, AİHM 2006‑...).
δ) Konvensiyanın hüquqi məkanı ("espace juridique")
141. Konvensiya Avropa ictimai qaydasının konstitusion sənədidir (bax: Loizidu Türkiyəyə qarşı iş üzrə yuxarıda istinad edilən qərar (ilkin etirazlar), 75-ci bənd). Konvensiya onun iştirakçısı olmayan dövlətlərin hərəkətlərini tənzimləmir, həmçinin iştirakçı dövlətlər tərəfindən Konvensiya standartlarının digər dövlətlərə tətbiq edilməsini tələb etmir (bax: Sörinqin işi üzrə yuxarıda istinad edilən qərar, 86-cı bənd).
142. Məhkəmə vurğulayıb ki, Konvensiyanın iştirakçısı olan bir dövlətin ərazisi digər iştirakçı dövlət tərəfindən işğal olunubsa, işğal edən dövlət Konvensiyaya əsasən işğal olunmuş ərazidə insan hüquqlarının pozuntularına görə prinsipcə məsuliyyət daşımalıdır, çünki əks halda həmin ərazinin əhalisini işğaladək istifadə etdikləri hüquq və azadlıqlardan məhrum etmiş olar və bu hal "Konvensiyanın hüquqi məkanı" daxilində müdafiə "boşluğu" ilə nəticələnər (bax: Loizidunun işi üzrə yuxarıda istinad edilən qərar (şikayətlərin mahiyyəti), 78-ci bənd; Bankoviçin işi üzrə yuxarıda istinad edilən qərar, 80-ci bənd). Bununla belə, bu cür hallarda işğal edən dövlətin yurisdiksiyasının müəyyən edilməsinin vacibliyi bunun əksini nəzərdə tutmur, yəni heç də onu bildirmir ki, Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulan bu cür yurisdiksiya Avropa Şurasının üzvü olan dövlətlərin ərazisinin hüdudları xaricində heç vaxt mövcud ola bilməz. Məhkəmə özünün presedent hüququnda hər hansı belə məhdudiyyət tətbiq etməyib (digər nümunələr arasında Öcalanın; İssanın; Əl-Sədun və Mufdinin; və Medvedevin işləri üzrə yuxarıda istinad edilən qərarlara bax)".
75. Yuxarıda istinad edilən Əl-Skeyninin işində Məhkəmə müəyyən etdi ki, ərizəçilərin qohumları Birləşmiş Krallığın yurisdiksiyası daxilində idilər, çünki 2003-cü il mayın 1-dən 2004-cü il iyunun 28-dək olan dövrdə Birləşmiş Krallıq İraqın cənub-şərqində təhlükəsizliyin mühafizəsini öz üzərinə götürmüşdü və qohumlar Birləşmiş Krallıq tərəfindən bu səlahiyyətə uyğun olaraq həyata keçirilmiş təhlükəsizlik əməliyyatlarının gedişində qətlə yetirilmişdilər (Əl-Skeyninin işi, 143-150-ci bəndlər). Bu qənaəti nəzərə alsaq, bunu araşdırmağa ehtiyac qalmırdı ki, Birləşmiş Krallığın həmin dövrdə İraqın cənub-şərqində faktiki hərbi nəzarəti həyata keçirməsi də yurisdiksiyanı doğururdumu? Lakin Əl-Skeyninin işində bəyan edilmiş faktlara elə materiallar daxil idi ki, onlar işğal etdiyi cənub-şərq regionunda Birləşmiş Krallığın faktiki nəzarəti həyata keçirməkdən çox-çox uzaq olduğunu nümayiş etdirirdi; bunu Əl-Skeyninin işi üzrə ölkədaxili icraatda sübutları araşdırmış apellyasiya məhkəməsi də təsdiq etmişdi (bax: Əl-Skeyninin işi üzrə yuxarıda istinad edilən qərar, 20-23-cü və 80-ci bəndlər). Hazırkı iş daha əvvəlki dövrə, yəni Birləşmiş Krallığın və onun koalisiya tərəfdaşlarının beynəlxalq silahlı münaqişənin aktiv hərbi əməliyyatlar fazasının başa çatdığını və ərazini işğal etdiklərini elan etmələrindən və Birləşmiş Krallığın ölkənin cənub-şərqində təhlükəsizliyin mühafizəsinə görə məsuliyyəti öz üzərinə götürməsindən əvvəlki vaxta aiddir (bax: Əl-Skeyninin işi üzrə yuxarıda istinad edilən qərar, 10-11-ci bəndlər). Bununla belə, Əl-Skeyninin işində olduğu kimi burada da Məhkəmə Birləşmiş Krallığın müvafiq dövrdə ərazi üzərində faktiki nəzarətə malik olub-olmaması məsələsini həll etməyə ehtiyac görmür, çünki belə hesab edir ki, Birləşmiş Krallıq digər bir əsasa görə Tarek Hassan üzərində yurisdiksiyanı həyata keçirirdi.
76. 2003-cü ilin 23 aprel səhəri Britaniya qoşunları tərəfindən tutulduğu vaxtdan gündüz Bukka düşərgəsinə qəbul edildiyi vaxta qədər Tarek Hassan Birləşmiş Krallıq əsgərlərinin fiziki hakimiyyəti və nəzarəti altında idi və buna görə də Əl-Skeyninin işi üzrə qərarın yuxarıda verilmiş 136-cı bəndində əks olunan prinsiplərə əsasən Birləşmiş Krallığın yurisdiksiyası daxilində idi. Hökumət öz izahatlarında etiraf etdi ki, ölkə ərazisi xaricində əməliyyat aparan dövlət nümayəndələri şəxsi həbsə alırlarsa, bu, ölkə ərazisindən kənarda yurisdiksiyanın həyata keçirildiyi qənaətinə gəlmək üçün əsas təşkil edir və Məhkəmə bu əsası təsdiqləyib. Bununla belə, o bildirdi ki, iştirakçı dövlətin nümayəndələri işğal edən dövlətin nümayəndəsi kimi fəaliyyət göstərmirlərsə və dövlətin hərəkətlərinə hələ də beynəlxalq humanitar hüququn tələbləri şamil olunursa, yurisdiksiyanın yuxarıda göstərilən əsası beynəlxalq silahlı münaqişənin aktiv hərbi əməliyyatlar fazasına şamil olunmur.
77. Bu arqument Məhkəməni inandırmadı. Əl-Skeyninin işi həmçinin elə bir dövrə aid idi ki, həmin dövrdə beynəlxalq humanitar hüquq normaları tətbiq edilə bilərdi, yəni Birləşmiş Krallıq və onun koalisiya tərəfdaşları artıq İraqı işğal etmişdilər. Bununla belə, həmin işdə Məhkəmə hesab etdi ki, Birləşmiş Krallıq ərizəçilərin qohumları üzərində Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş yurisdiksiyanı həyata keçirib. Bundan başqa, Hökumətin bu məsələyə dair arqumentinin qəbul edilməsi Beynəlxalq Məhkəmənin presedent hüququna zidd olardı, həmin məhkəmə qərara almışdı ki, insan hüquqları üzrə beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq eyni vaxtda tətbiq edilə bilər (yuxarıda 35-37-ci bəndlərə bax). Bir çox hallarda Məhkəmənin qeyd etdiyi kimi, Konvensiya təcrid halında şərh oluna bilməz və tərkib hissəsini təşkil etdiyi beynəlxalq hüququn digər normaları ilə mümkün qədər uzlaşan şəkildə şərh olunmalıdır (misal üçün bax: Əl-Adsani Birləşmiş Krallığa qarşı [BP], ərizə № 35763/97, 55-ci bənd, AİHM 2001‑XI). Bu sözlər eynilə istər Konvensiyanın 1-ci maddəsinə, istərsə də digər maddələrinə aiddir.
78. Tarek Hassanın Bukka düşərgəsinə gəlişindən sonrakı dövrə gəlincə, Hökumət yurisdiksiyanı istisna edən alternativ əsas irəli sürdü, yəni bildirdi ki, onun düşərgəyə qəbil edilməsi onun Birləşmiş Krallığın ixtiyarından Birləşmiş Ştatların ixtiyarına keçməsini özündə ehtiva edirdi. Lakin baxmayaraq ki, Hökumətin arqumentləri SM-in şərtlərinə və Üçüncü Cenevrə Konvensiyasının 12-ci maddəsinə əsaslanırdı (yuxarıda 16, 33 və 72-ci bəndlərə bax), Məhkəmə bu fikirdədir ki, Bukka düşərgəsində qüvvədə olan razılaşmaları nəzərə alsaq, bu dövrdə Tarek Hassan Birləşmiş Krallıq qüvvələrinin hakimiyyəti və nəzarəti altında qalmaqda davam edirdi. O, düşərgəyə Birləşmiş Krallığın məhbusu kimi qəbul edilmişdi. Gəlişindən az sonra BİDQ-in zonasına aparılmışdı, həmin zonaya bütünlüklə Birləşmiş Krallıq qüvvələri nəzarət edirdilər (yuxarıda 15-ci bəndə bax). Düşərgədə saxlanılan şəxslərə münasibətdə Birləşmiş Krallığın və Birləşmiş Ştatların müxtəlif vəzifələrini özündə əks etdirən SM-ə əsasən, Birləşmiş Krallıq Britaniya qüvvələri tərəfindən tutulmuş şəxslərin Üçüncü və Dördüncü Cenevrə Konvensiyaları üzrə təsnifatına və onların azad edilib-edilməməsi məsələsinin həllinə görə cavabdehlik daşıyırdı (yuxarıda 16-cı bəndə bax). Tarek Hassanın BİDQ-in zonasında dindirilməsindən sonra məhz bu baş vermişdi, həmin vaxt Birləşmiş Krallığın hakimiyyət orqanları qərara almışdılar ki, o, təhlükəsizliyə qarşı təhlükə yaradan mülki şəxs deyil və imkan daxilində ən qısa müddət ərzində azad edilməlidir. Doğrudur, Tarek Hassanın Bukka düşərgəsində saxlanılması ilə bağlı müəyyən əməliyyat aspektlərinin icrası, xüsusən onun BİDQ-in zonasına gətirilərkən və oranı tərk edərkən müşayiət olunması, düşərgənin digər ərazilərində mühafizəsi Birləşmiş Ştatların qüvvələrinin öhdəsinə keçmişdi, amma bununla belə, Birləşmiş Krallıq onun həbsdə saxlanmasının ərizəçinin 5-ci maddə üzrə şikayətlərinə aid bütün aspektləri üzərində öz səlahiyyət və nəzarətini qoruyub saxlayırdı.
79. Nəhayət, Məhkəmə Hökumətin bu arqumentini qeyd edir ki, Tarek Hassanın azad edilməsi barədə qərar qəbul edildikdən və o, mülki şəxslər üçün zonaya gətirildikdən sonra daha tutulmuş şəxs deyildi və buna görə də Birləşmiş Krallığın yurisdiksiyası daxilində deyildi. Lakin Məhkəmənin rəyinə görə, aydın məsələdir ki, Tarek Hassan onu Bukka düşərgəsindən aparmış avtobusu tərk edənə qədər silahlı hərbçilərin mühafizəsi altında saxlanmaqda idi və Birləşmiş Krallığın hakimiyyəti və nəzarəti altında idi.
80. Buna görə də, yekun olaraq Məhkəmə hesab edir ki, Tarek Hassan 23 aprel 2003-cü ildə Ümm-Qəsrdə Birləşmiş Krallığın qoşunları tərəfindən tutulduğu andan onu Bukka düşərgəsindən azadlığa buraxılacağı yerədək (çox güman ki, Ümm-Qəsrə qədər) aparmış avtobusu tərk etdiyi ana qədər Birləşmiş Krallığın yurisdiksiyası daxilində idi (yuxarıda 55-ci bəndə bax).
B. 5-ci maddənin 1, 2, 3 və 4-cü bəndləri üzrə şikayətlərin mahiyyəti
1. Tərəflərin arqumentləri
a) Ərizəçi
81. Ərizəçi bununla razılaşmadı ki, Tarek Hassanın tutulması və həbsdə saxlanması beynəlxalq silahlı münaqişənin aktiv hərbi əməliyyatlar fazasında baş verib, çünki 9 aprel 2003-cü ildə koalisiya qoşunları Bağdadı nəzarət altına almış və Bəəs partiyasını hakimiyyətdən kənarlaşdırmışdılar. Lakin hətta Tarek Hassanın tutulması və həbsdə saxlanması beynəlxalq silahlı münaqişənin aktiv hərbi əməliyyatlar fazasında baş vermiş olsaydı belə, bu, Konvensiyanın tətbiqini aradan qaldırmayacaqdı. 15-ci maddə iştirakçı dövlətə "müharibə və ya millətin həyatını təhdid edən digər fövqəladə hallar zamanı" vəziyyətin fövqəladəliyinin şərtləndirdiyi dərəcədə Konvensiyanın müddəalarından geri çəkilməyə yönələn tədbirlər görmək kimi xüsusi səlahiyyət verir. Bu işdə öhdəliklərdən geri çəkilmə bəyan edilməyib və Konvensiya hüquqlarının qüvvədən düşməsi baş verməyib. Konvensiyanın hansı tarixi şəraitdə tərtib edildiyini, yəni bunun qlobal münaqişədən sonra baş verdiyini xatırlamaq önəmlidir. Müharibə haqqında xatirələr hələ təzə idi və tərtibçilər Konvensiyada tanınan təməl hüquqların müharibə dövründə fərqli şəkildə tətbiq edilməli olub-olmaması üzərində düşünmüş və qərara almışdılar ki, onların fərqli tətbiqi yalnız: 1) müharibə və ya digər fövqəladə hallar zamanı vəziyyətin fövqəladəliyi ilə şərtlənməli; 2) bu zaman dövlət beynəlxalq hüquqda nəzərdə tutulan digər öhdəliklərinə əməl etməli; və 3) dövlət öz öhdəliklərindən rəsmi qaydada və açıq şəkildə geri çəkilməlidir. Nəticədə 15-ci maddə yarandı. Əgər tərtibçilərin niyyəti beynəlxalq münaqişə zamanı insan hüquqlarının avtomatik olaraq qüvvədən düşməsini və ya dəyişikliyə məruz qalmasını nəzərdə tutan rejim bərqərar etmək olsaydı, onlar bunu edərdilər.
82. Ərizəçi Yüksək Müqavilə Tərəflərinin dövlət praktikasında beynəlxalq silahlı münaqişənin gedişində faktiki döyüşçülər və ya döyüşçü olmaqda şübhəli bilinənlər tutulduğu zaman Konvensiyaya riayət etməyin vacib olmadığını göstərən hər hansı sübutların mövcud olması ilə razılaşmadı. Hətta onlar mövcud olsaydı belə, onların hüquqa uyğunluğuna əminlik (opinio juris) yoxdur. Üstəlik, hətta bunların hər ikisi mövcud olsaydı belə, Məhkəmənin 19-cu maddədə nəzərdə tutulmuş funksiyası Konvensiyaya əməl olunmasını təmin etməkdən, onu təkcə dövlətləin istədikləri vaxtlarda deyil, hər zaman tətbiq etməkdən ibarətdir. Eləcə də Məhkəmənin presedent hüququ, məsələn, Varnava və başqaları Türkiyəyə qarşı iş ([BP], ərizələr № 16064/90, 16065/90, 16066/90, 16068/90, 16069/90, 16070/90, 16071/90, 16072/90 və 16073/90, 185-ci bənd, AİHM 2009) Hökumətin mövqeyini təsdiqləmir. Varnavanın işində Məhkəmə müvafiq beynəlxalq humanitar hüquq normalarının dövlətin 2-ci maddədə nəzərdə tutulmuş öhdəliklərinə şamil olunduğunu qərara aldı və müharibə dövründə əsas hüquqların avtomatik olaraq məhdudlaşdırılması fikri ilə razılaşmadı. Hər hansı "müddəanı mümkün qədər beynəlxalq hüququn ümumi prinsiplərinin işığında şərh etmək" konsepsiyasının kökündə bunun etirafı dayanır ki, hər hansı müddəanın müxtəlif şərh variantlarının olması mümkündür və təklif olunan bəzi şərhlər həmin variantların əhatə dairəsi xaricində ola bilər. Hüquqların "qüvvəsini itirdiyi" barədə Hökumətin arqumenti mahiyyət etibarı ilə o deməkdir ki, Konvensiyada nəzərdə tutulan hüquqlar "müharibə dövründə" çoxsaylı istisnaları nəzərdə tutur, əslində isə belə deyil. Belə yanaşma Varnavanın işində dəstəklənməyib. Nəhayət, ərizəçi bildirdi ki, Hökumətin İşğal olunmuş Fələstin ərazisində divar inşasının hüquqi nəticələrinə dair Beynəlxalq Məhkəmənin məsləhət rəyinə istinad etməsini anlamaq çətindir, çünki həmin rəydə Beynəlxalq Məhkəmə aydın şəkildə bildirib ki, öhdəliklərdən geri çəkilmə insan hüquqları üzrə beynəlxalq hüquq normalarının qüvvəsini itirməsinin yeganə üsuludur (yuxarıda 36-cı bəndə bax).
83. Məhkəmə dəfələrlə silahlı münaqişə vəziyyətlərində Konvensiyanı tətbiq edib və belə vəziyyətlərdə onun qüvvəsini itirmədiyini prinsipcə etiraf edib (ərizəçi aşağıdakı işlərə istinad etdi: Ahmet Özkan və başqaları Türkiyəyə qarşı, ərizə № 21689/93, 85-ci və 319-cu bəndlər, 6 aprel 2004-cü il; Varnava və başqaları Türkiyəyə qarşı [BP], ərizələr № 16064/90, 16065/90, 16066/90, 16068/90, 16069/90, 16070/90, 16071/90, 16072/90 və 16073/90, 191-ci bənd, AİHM 2009; Əl-Ceddənin işi üzrə yuxarıda istinad edilən qərar, 105-ci bənd; Əl-Skeyninin işi üzrə yuxarıda istinad edilən qərar, 164-167ci bəndlər). Üstəlik, bu rəy İşğal olunmuş Fələstin ərazisində divar inşasının hüquqi nəticələrinə dair Beynəlxalq Məhkəmənin məsləhət rəyinin 106-cı bədində də təsdiqlənib (yuxarıda 36-cı bəndə bax). Ərizəçinin bildirdiyinə görə, Beynəlxalq Məhkəmə rəyin həmin hissəsində etiraf edib ki, beynəlxalq humanitar hüququn tətbiq dairəsinə düşən müəyyən hüquqlar ola bilər ki, insan hüquqlarına dair konvensiyalar onlara şamil olunmur. Ərizəçinin rəyinə görə, bu mövqenin məğzi maksimum ondan ibarətdir ki, beynəlxalq humanitar hüquq normaları Konvensiyanın normalarının şərhinə təsir göstərə bilər. Məsələn, həmin normalar 2-ci maddənin müddəalarından geri çəkilmək məqsədi ilə hansı hərəkətlərin vəziyyətin fövqəladəliyindən irəli gəldiyini müəyyənləşdirmək üçün əhəmiyyətli ola bilər. 5-ci maddənin kontekstində isə, bu, müvafiq halda 5-ci maddənin 1"c" bəndindəki "səlahiyyətli məhkəmə" və "hüquq pozuntusu" anlayışlarının Məhkəmə tərəfindən şərhinə yardımçı ola bilər. Bununla belə, Cenevrə Konvensiyalarından söhbət getdiyi hallarda 5-ci maddənin qüvvəsini itirdiyi barədə fikir düzgün deyil. Konvensiya təməl hüquqların müdafiəsi məqsədini daşıyan müqavilədir. Onun müddəaları təhrif olunmamalı, hələ üstəlik Konvensiyanın kökündə duran mexanizmdən istifadə edə bilməyən dövlətlərin işini asanlaşdırmaq üçün bir kənara atılmamalıdır, elə bir mexanizm ki, onların Konvensiyanın müddəalarını müharibədən doğan fövqəladə vəziyyətlə necə uzlaşdırmalı olduqlarını aydın şəkildə göstərir.
84. Ərizəçi daha sonra iddia etdi ki, istənilən halda, Hökumət aydınlıq gətirmədi ki, Cenevrə Konvensiyalarının hansı müddəaları Birləşmiş Krallığın hərbi qüvvələrindən tələb edirdi ki, 5-ci maddəyə zidd hərəkət etsinlər. Səddam Hüseyn rejimi devrildikdən və koalisiya qüvvələri tərəfindən həyata keçirilmiş işğaldan sonra İraqdakı müharibə qeyri-beynəlxalq silahlı münaqişə idi. Beynəlxalq silahlı münaqişələrə nisbətən qeyri-beynəlxalq silahlı münaqişələrə beynəlxalq müqavilə hüququnun müddəaları daha az şamil olunur. Beynəlxalq humanitar hüquq silahlı münaqişə şəraitində dövlətlərin qarşısında irəli sürülən minimal tələbləri nəzərdə tutur, amma onlara səlahiyyətlər vermir. Əslində Konvensiya müddəalarının "qüvvəsini itirdiyi" barədə Hökumətin arqumenti 1-ci maddədə yer alan və Əl-Skeyninin işində (bu işə yuxarıda istinad edilib) artıq həll edilmiş olan yursidksiya məsələsini mübahisələndirmək cəhdidir. Hökumətin mövqeyi düzgün olsaydı, bu, pozuntuların qurbanlarının hər hansı səmərəli hüquqi müdafiə vasitəsindən bütünlüklə məhrum edilməsi ilə nəticələnərdi, belə ki, Üçüncü və Dördüncü Cenevrə Konvensiyalarının qüvvəsi həmin şəxslərə şamil olunmazdı. Xarici silahlı qüvvələrin fərdlərə münasibətdə rəftarı ilə əlaqədar fərdlərin hüquqlarının bu cür məhdudlaşdırılması qeyri-prinsipial və qeyri-düzgün yanaşma olardı.
85. Nəhayət, hətta Məhkəmə 5-ci maddənin Üçüncü və Dördüncü Cenevrə Konvensiyalarının işığında şərh həll edilməli olduğunu qərara alsa belə, Tarek Hassanın tutulması və həbsdə saxlanması ərizəçini təslim olmağa məcbur etmək üçün vasitə idi. Bu həbs qanunsuz idi və 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulmuş qanuni həbs kateqoriyalarının heç birinin tətbiq dairəsinə düşmürdü və hətta beynəlxalq humanitar hüquqa əsasən yol verilə bilən həbs deyildi.
b) Hökumət
86. Hökumət bildirdi ki, Konvensiyanın tərtibçiləri beynəlxalq silahlı münaqişənin aktiv fazasında ölkə ərazisi xaricində həyata keçirilən hərəkətlərin qurbanının, məsələn, Üçüncü Cenevrə Konvensiyası ilə müdafiə edilən və buna baxmayaraq 5-ci maddənin pozulmasından şikayət etmək istəyən hərbi əsirin Konvensiyanın müdafiəsindən yararlana bilməsini nəzərdə tutmaq niyyətində olmayıblar. Nə Konvensiyada, nə onun hazırlıq materiallarında, nə də müvafiq hüquqi rejimin tətbiqini müəyyən edərkən Konvensiya tərtibçilərinin rəhbər tutduqları 1949-cu il tarixli Cenevrə Konvensiyalarının hazırlıq materiallarında belə niyyətin mövcud olduğunu güman etməyə əsas verən heç nə yoxdur. Bundan başqa, belə niyyət beynəlxalq silahlı münaqişə zamanı aktiv hərbi əməliyyatların aparılmasının praktiki reallıqlarına, habelə bu məsələ ilə əlaqədar Konvensiya üzrə məhkəmə praktikasına zidd olardı.
87. Hökumət ilk növbədə iddia etdi ki, müvafiq hadisələr Birləşmiş Krallığın yurisdiksiyası xaricində baş verib. Yaxud alternativ variant qismində Hökumət iddia etdi ki, əgər Məhkəmə Tarek Hassan həbsdə saxlanıldığı dövrdə Birləşmiş Krallığın onun üzərində yurisdiksiyaya malik olduğunu müəyyən edərsə, 5-ci maddə beynəlxalq hüquqa uyğun surətdə və onunla uzlaşdırılmış şəkildə şərh və tətbiq edilməlidir. Konvensiyanın müddəaları beynəlxalq silahlı münaqişə kontekstində və konkret olaraq həmin münaqişənin aktiv fazasında tətbiq edilməlidirsə, xüsusi normalar (lex specialis) qismində tətbiq edilən və Konvensiyanın müvafiq müddəasını dəyişdirən və ya hətta aradan qaldıran beynəlxalq humanitar hüquq normalarını nəzərə almaq lazımdır. Məsələn, Kipr Türkiyəyə qarşı işdə (ərizələr № 6780/74 və 6950/75, Komissiyanın 10 iyul 1976-cı il tarixli məruzəsi, 1-ci cild) Komissiya Üçüncü Cenevrə Konvensiyasına uyğun olaraq şəxslərin hərbi əsir kimi saxlanılması kontekstində 5-ci maddənin pozuntusu məsələsini araşdırmağı zəruri hesab etmədi. Bundan başqa, Beynəlxalq Məhkəmənin ardıcıl yanaşması ondan ibarətdir ki, beynəlxalq silahlı münaqişə kontekstində insan hüquqlarına dair müəyyən müqavilə tətbiq edildiyi hallarda beynəlxalq humanitar hüquq normaları xüsusi normalar (lex specialis) qismində tətbiq edilir. Bu rəy Beynəlxalq Hüquq Komissiyasının tədqiqat qrupunun "Beynəlxalq hüququn fraqmentasiyasına" dair məruzəsində (yuxarıda 38-ci bəndə bax), habelə akademik əsərlərdə, məsələn, Flekin "Beynəlxalq humanitar hüquqa dair soraq kitabı"nda (Fleck, “The Handbook of International Humanitarian Law”) və Jil və Flekin "Hərbi əməliyyatlarla bağlı beynəlxalq hüquqa dair soraq kitabı"nda (Gill and Fleck, “The Handbook of the International Law of Military Operations”) dəstəklənib.
88. Hökumət iddia etdi ki, Konvensiyanın 5-ci maddəsində nəzərdə tutulan azadlıq hüququna silahlı münaqişə şəraitində faktiki döyüşçülərin və ya döyüşçü olmaqda şübhəli bilinənlərin tutulmasının və həbsdə saxlanılmasının mühüm əhəmiyyət daşıması kontekstində baxılmalıdır. İştirakçı dövlətin silahlı qüvvələri öz ölkələrinin ərazisi xaricindəki silahlı münaqişədə aktiv hərbi əməliyyatlara cəlb olunublarsa, həmin dövlət hərbi əsir kimi tutulmuş düşmən döyüşçülərinin və ya döyüşçü olmaqda şübhəli bilinənlərin 5-ci maddədə nəzərdə tutulmuş hüquqlara malik olub-olmadıqlarının müəyyənləşdirilməsi hələ başa çatmadığı müddətdə onlara münasibətdə 5-ci maddədə nəzərdə tutulmuş prosessual təminatları yerinə yetirə bilməz və bu həqiqətən belədir. Bundan əlavə, əgər bu işdə bu məsələ meydana çıxıbsa, Dördüncü Cenevrə Konvensiyasının 42-ci maddəsinə uyğun olaraq, eyni prinsip təhlükəsizlik mülahizələrinə görə tutulmasına "mütləq zərurət" olan mülki şəxslərin həbsə alınmasına da şamil olunmalıdır (yuxarıda 33-cü bəndə bax). Hazırkı işdə Tarek Hassan əvvəlcə döyüşçü olmaqda şübhəli bilinən şəxs kimi tutulduğuna görə, xüsusi normalar (lex specialis) qismində beynəlxalq humanitar hüquq normaları ya 5-ci maddənin tətbiqini aradan qaldırmalı, ya da onun müddəalarını elə dəyişdirməli idi ki, onlar Üçüncü və (və ya) Dördüncü Cenevrə Konvensiyalarına uyğun olaraq faktiki döyüşçülərin və ya döyüşçü olmaqda şübhəli bilinənlərin tutulmasını və həbsdə saxlanılmasını özündə ehtiva etsin və ya buna icazə versin; bu baxımdan Birləşmiş Krallıq Tarek Hassanın tutulması və həbsdə saxlanılması ilə əlaqədar olaraq heç bir pozuntuya yol verməyib.
89. Yaxud alternativ variant qismində Hökumət bildirdi ki, əgər Məhkəmə silahlı münaqişə şəraitində 5-ci maddənin tətbiq edilməli olduğunu, yəni aradan qalxmadığını və ya müddəalarının dəyişdirilməli olmadığını müəyyən edərsə, 5-ci maddənin 1-ci bəndində sadalanan həbsə almanın yol verilə bilən məqsədləri elə şərh olunmalıdır ki, həmin şərh xüsusi normalar (lex specialis) qismində beynəlxalq humanitar hüquq normalarını nəzərə almış olsun və ya onlara uyğun olsun. Üçüncü Cenevrə Konvensiyasına uyğun olaraq şəxslərin hərbi əsir kimi saxlanılması və Dördüncü Cenevrə Konvensiyasına uyğun olaraq mülki şəxslərin həbsdə saxlanılması 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulmuş qanuni həbs kateqoriyasına aid hesab edilməlidir; burada ən münasib kateqoriya 5-ci maddənin 1"c" bəndində nəzərdə tutulmuş "qanuni həbs" kateqoriyasıdır. Bu xüsusi kontekstdə həmin bənddəki "hüquq pozuntusu" anlayışının hərbi əməliyyatlarda düşmən döyüşçüsü qismində iştirak etməni və (və ya) Dördüncü Cenevrə Konvensiyasına 42-ci maddəsinə uyğun olaraq Əsir saxlayan dövlətin təhlükəsizliyinin təhdid edilməsini özündə ehtiva edən anlayış kimi şərh edilməsi düzgün olardı. O halda 5-ci maddənin 1-ci bəndinin məqsədləri üçün əsas sual ondan ibarət olacaqdı ki, beynəlxalq silahlı münaqişə kontekstində Tarek Hassanın həbsdə saxlanılması "qanuni həbs" idimi və Hökumət bildirdi ki, şübhəsiz ki, qanuni həbs idi. Britaniya hərbi qüvvələri ilə qarşılaşarkən Tarek Hassan AK-47 avtomat silahı ilə "silahlanmış şəxs" idi və Əl-Qüds ordusunun generalına məxsus evin damında idi, həmin evdən odlu silahlar, habelə kəşfiyyat xarakterli materiallar tapılmışdı. O, döyüşçü olmaqda şübhəli bilinən şəxs kimi tutulmuşdu və beynəlxalq humanitar hüquqa əsasən Britaniya hərbi qüvvələri onu tutmaq və statusu qəti müəyyənləşdirilənə qədər həbsdə saxlamaq üçün qanuni hüquqa malik idilər.
90. Hökumət etiraf etdi ki, bu kimi işdə 15-ci maddənin tətbiqinin mümkünlüyü ilə bağlı mürəkkəb məsələlər ortaya çıxa bilər. Belə əməliyyatlarda iştirak etmiş digər Yüksək Müqavilə Tərəflərinin praktikasına uyğun olaraq, Birləşmiş Krallıq öhdəliklərindən geri çəkildiyini bəyan etməmişdi; bunu etməyə zərurət də yox idi, çünki Konvensiya belə hallarda xüsusi normalar (lex specialis) qismində beynəlxalq humanitar hüquq normaları nəzərə alınmaqla şəxsin həbsdə saxlanılmasına icazə verir. 15-ci maddənin Konvensiyaya daxil edilməsi heç də o demək deyildi ki, müharibə və ya millətin həyatını təhdid edən digər fövqəladə hallar zamanı Konvensiyada nəzərdə tutulmuş öhdəliklər bütün hallarda dəqiqliklə sülh dövründə olduğu kimi şərh olunmalıdır. 15-ci maddə əsasında öhdəliklərdən geri çəkilmə bəyan edilmədiyi təqdirdə 5-ci maddənin kontekstdən və döyüşçü olmaqda şübhəli bilinən şəxslərin həbsə alınmasını tənzimləyən təfsilatlı beynəlxalq humanitar hüquq normalarından asılı olmayaraq tətbiq edilməli olduğu barədə istənilən arqumentlər döyüşçülər və ya mülki şəxslər üçün nəzərdə tutulan müdafiənin zəifləməsi riskini doğurardı (və əslində müvafiq dövlətlərin öhdəliklərindən geri çəkilmələri barədə bəyanatlarını lüzumsuz edərdi). Bu həm də beynəlxalq silahlı münaqişələrdə faktiki döyüşçülərin və ya döyüşçü olmaqda şübhəli bilinənlərin həbsdə saxlanması ilə bağlı dövlətlərin universal praktika təəssüratı yaradan praktikasına, eləcə də Avropa Məhkəməsinin və Beynəlxalq Məhkəmənin hüquq praktikasına zidd olardı, belə ki, onların izahına görə, xüsusi normalar (lex specialis) qismində beynəlxalq humanitar hüquq normalarının tətbiqi ümumi prinsipdir və insan hüquqlarına dair qüvvədə olan müqavilənin müddəalarından geri çəkilmə barədə bəyanatın verilməsindən asılı deyil.
c) Üçüncü tərəf
91. Hazırkı işdə üçüncü tərəf qismində təqdim etdiyi qeydlərdə Esseks Universitetinin İnsan Hüquqları Mərkəzi vurğuladı ki, özünün presedent hüququnda Məhkəmənin bildirdiyi kimi, Konvensiya tərkib hissəsini təşkil etdiyi beynəlxalq ümumi hüququn digər normaları ilə uzlaşan şəkildə şərh olunmalıdır. Bu prinsip ona görə arzuedilən və zəruridir ki, dövlətlər ziddiyyətli hüquqi öhdəliklərlə və mübahisəli nəticələrlə qarşılaşmasınlar. Bu, beynəlxalq silahlı münaqişələrdə tətbiq edilən həbsdə saxlanma rejimi ilə bağlı xüsusi əhəmiyyət kəsb edir, belə ki, bu rejim xüsusi olaraq hazırda araşdırılan situasiya üçün nəzərdə tutulub və Üçüncü və Dördüncü Cenevrə Konvensiyaları hamılıqla ratifikasiya olunub. Məhkəmənin Əl-Ceddə Birləşmiş Krallığa qarşı iş üzrə qərarında ([BP], ərizə № 27021/08, 107-ci bənd, AİHM 2011) belə düşünməyə əsas verə biləcək bir cümlə var ki, Məhkəmə beynəlxalq humanitar hüququn yalnız o müddəalarını nəzərə alır ki, həmin müddəalarda müəyyən davranış istiqaməti deyil, öhdəlik müəyyən edilir, konkret olaraq söhbət həmin cümlənin bu hissəsindən gedir: "... Məhkəmə beynəlxalq humanitar hüquq normalarının İşğal edən dövlətin üzərinə şəxsi qeyri-müəyyən müddətə məhkəməsiz əsir saxlamaq öhdəliyi qoyduğunu sübuta yetirilmiş hesab etmir". Bununla belə, üçüncü tərəf hesab edir ki, həmin qərarın kontekstində Məhkəmə, görünür, beynəlxalq humanitar hüquqa özlüyündə ayrıca normalar toplusu kimi deyil, Təhlükəsizlik Şurasının qətnamələrinə daxil edilməsi mümkün olan normaların mənbəyi kimi nəzər salır. Birləşmiş Krallıq Hökuməti beynəlxalq humanitar hüquqdan azadlıqdan məhrumetmənin müstəqil əsası kimi istifadə etmək variantını seçə bilərdi, amma bunun əvəzinə yalnız Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanmaq variantını seçdi. Əl-Ceddənin işi üzrə qərarın yuxarıda sitat gətirilən cümləsi heç də onu bildirmir ki, Məhkəmə beynəlxalq humanitar hüququn yalnız dövlətlərin üzərinə öhdəlik qoyan hissəsini nəzərə alır.
92. Üçüncü tərəf qeyd etdi ki, konkret fəaliyyət sahələrini tənzimləyən əhatəli rejim qismində formalaşdırılmış beynəlxalq hüququn bir çox digər sahələri kimi silahlı münaqişələrə dair beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn (bundan sonra hər ikisi bilrikdə "beynəlxalq humanitar hüquq" adlandırılacaq) da öz daxilindəki normalar arasında uyğunluq və uzlaşma var. Əsas prinsip ondan ibarətdir ki, bu hüquq hərbi zərurətlə humanitar mülahizələr arasında balans təşkil edir. Bu o deməkdir ki, hərbi zərurətin hansı hallarda yarandığını nəzərdə tutan müqavilə normasından kənar olan hərbi zərurətə istinad etmək olmaz. İkinci əsas prinsip ondan ibarətdir ki, bu hüquq sahəsi münaqişə tərəflərinin hüquqlarına deyil, öhdəliklərinə əsaslanır. Üçüncüsü, şəxsə tətbiq edilə bilən normalar onun hansı qrupa mənsub olmasından, məsələn, döyüşçü və ya mülki şəxs olmasından asılıdır. Dördüncüsü, beynəlxalq humanitar hüquq prinsiplərinə tez-tez istinad edilsə də, bu prinsiplərin özü hüquq normaları deyil; normaları müqavilə müddəalarında axtarmaq lazımdır, həmin müddəalar bu prinsiplərin məcburi hüquqi qüvvəyə malik normalar şəklində ifadə formasıdır. Buna görə də aydındır ki, beynəlxalq humanitar hüququn daxilindəki uyğunluq insan hüquqları üzrə beynəlxalq hüququn daxilindəki uyğunluqdan əhəmiyyətli dərəcədə fərqlənir.
93. Beynəlxalq hüququn müxtəlif sahələrinin qarşılıqlı münasibətləri arasında problemli olan təckə beynəlxalq humanitar hüquqla insan hüquqları üzrə beynəlxalq hüququn münasibətləri deyil, amma onlar diqqəti daha çox cəlb edir. İnsan hüquqlarına dair müəyyən müqavilələrin konkret şərtləri "müharibə və ya digər fövqəladə hallar" zamanı tətbiq olunmaqda davam edir, beynəlxalq silahlı münaqişələrə dair normalar isə iki və ya daha artıq dövlət arasında istənilən silahlı münaqişə zamanı, o cümlədən bir dövlət digərinin ərazisinin bir hissəsini və ya hamısını işğal etdiyi zaman tətbiq edilir. Bu o deməkdir ki, insan hüquqlarına dair müəyyən müqavilələr silahlı münaqişələrə dair hüquq normalarının tətbiq edildiyi hallarda (ola bilsin ki, dəyişikliyə məruz qalmaqla) qüvvəsini saxlayır. Beynəlxalq Məhkəmə üç halda bu qarşılıqlı münasibəti nəzərdən keçirib (yuxarıda 35-37-ci bəndlərə bax). Açıq-aydın həmin presedent hüququndan törəyən müəyyən elementlər var. Birincisi, beynəlxalq humanitar hüququn tətbiqi insan hüquqları üzrə müqavilə orqanının yurisdiksiyasını aradan qaldırmır. Bu rəy belə bir qənaətdən irəli gəlir ki, insan hüquqlarına dair hüquq normaları bütün hallarda qüvvəsini saxlayır. İkincisi, beynəlxalq humanitar hüququn tətbiqi mümkün olan hallarda insan hüquqları üzrə müqavilə orqanının iki seçim imkanı olur. O ya insan hüquqlarına dair hüquq normalarına beynəlxalq humanitar hüququn prizmasından baxmalı, ya da insan hüquqlarına dair hüquq normalarını beynəlxalq humanitar hüquqla uzlaşdırmalıdır. Bu, hər iki sahəyə aid normaların tətbiq dairəsində olan müəyyən məsələlərin yeganə mümkün şərhidir, digər məsələlər isə beynəlxalq humanitar hüquqla tənzimlənir. Xüsusi normalar (lex specialis) termininə istinad faydasızdır, bunu o fakt da təsdiq edir ki, Beynəlxalq Məhkəmə Konqoya aid iş üzrə qərarında (yuxarıda 37-ci bəndə bax) ona istinad etməyib. Bu termindən istifadə edilməsi məsələni aydınlaşdırmaqdan daha çox, dolaşdıra bilər.
95. Beynəlxalq Məhkəmə dövlətin beynəlxalq humanitar hüquqa istinad etməzdən əvvəl öhdəliklərindən geri çəkildiyini bəyan etməsinin zəruriliyi məsələsində açıq-aydın ziddiyyətli rəhbəri prinsiplər təqdim edib. Əgər ümumiyyətlə beynəlxalq humanitar hüququn istifadəsi üçün əsas kimi insan hüquqları üzrə müqavilə orqanlarının digər beynəlxalq hüquq sahələrini nəzərə almalı olması götürülərsə, bu elə başa düşülə bilər ki, bu istifadə dövlətin öhdəliklərindən geri çəkildiyini bəyan edib-etməməsindən və beynəlxalq humanitar hüquqa istinad edib-etməməsindən asılıdır. Digər tərəfdən, dövlət bunların heç birini etməyibsə, insan hüquqları üzrə müqavilə orqanı beynəlxalq humanitar hüququn tətbiqi məsələsini nəzərdən keçirə və eyni zamanda deyə bilər ki, dövlət dinc dövrə aid olan daha yüksək insan hüquqları standartını tətbiq edib, hərçənd ki, bu yanaşma reallıqdan uzaq kimi görünə bilər. Əgər dövlət öhdəliklərindən geri çəkildiyini bəyan etməyibsə, amma beynəlxalq humanitar hüquqa istinad edibsə, insan hüquqları üzrə müqavilə orqanı ya beynəlxalq humanitar hüquq normalarını rəhbər tuta, ya da iddia edə bilər ki, insan hüquqları üzrə beynəlxalq öhdəliklərin dəyişikliklərə məruz qalmasının yeganə yolu öhdəliklərdən geri çəkilmənin bəyan edilməsi idi.
95. Bu iki rejim arasındakı qarşılıqlı münasibətə gəlincə, burada tətbiq edilə bilən vahid bir qayda ola bilməz. Hər hansı konkret situasiya, yəqin ki, hər iki sahənin elementlərinin birgə fəaliyyətdə olmasını tələb edir, amma onlar arasındakı tarazlıq və qarşılıqlı münasibət fərqli ola bilər. Müvafiq olaraq, məsələn, hərbi əsirlərin saxlanılması nümunəsində elə vəziyyətlər ola bilər ki, meyarların kombinə edilməsi beynəlxalq humanitar hüququn daha üstün tutulması ilə nəticələnə və həbsdə saxlanmanın əsasları və onun hüquqa uyğunluğuna yenidən baxılması kimi məsələlərlə əlaqədar insan hüquqlarının pozuntularının müəyyənləşdirilməsi beynəlxalq humanitar hüququn müvafiq normalarına əsaslana bilər. Lakin hətta belə vəziyyətdə də insan hüquqlarına dair hüquq normaları bütünlüklə beynəlxalq humanitar hüquq normalarından asılı hala düşmür. Məsələn, qəddar rəftarın baş verdiyi iddia edilirsə, insan hüquqlarına dair hüquq normaları pozuntu təşkil edən hərəkətlərin detalları kimi məsələlərin müəyyənləşdirilməsinə yardım edir. İnsan hüquqları üzrə müqavilə orqanının nöqteyi-nəzərindən yanaşsaq, insan hüquqlarına dair hüquq normalarından həll edilməli problemlərin, məsələn, həbsin qanuniliyinin mütəmadi olaraq yoxlanılması, tutulmanın səbəbləri barədə məlumatlandırılma, nəzarət mexanizmi tərəfindən məsələyə yenidən baxılarkən hüquqi yardım göstərilməsi kimi məsələlərin müəyyənləşdirilməsində ilk addım kimi istifadə etmək əlverişli olardı. İkinci addım araşdırılan işin hallarına nəzərə salarkən həm beynəlxalq humanitar hüquq normalarından, həm də insan hüquqlarına dair hüquq normalarından istifadə etməklə kontekstual təhlilin aparılmasından ibarət ola bilər. İnsan hüquqları üzrə müqavilə orqanının təhlili kifayət qədər ardıcıl və dəqiq aparması şərti ilə, qəbul edilən qərarlar dövlətlərin və silahlı qüvvələrin gələcək hərəkətlərində rəhbər tutacaqları prinsipləri təşkil edə bilər. Sözsüz ki, yanaşmalar və nəticə elə olmalıdır ki, onların praktikada silahlı münaqişə vəziyyətlərində tətbiqi mümkün olsun.
2. Məhkəmənin qiymətləndirməsi
a) Tətbiq edilməli olan ümumi prinsiplər
96. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində belə bir ümumi qayda müəyyən edilir ki, "hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var" və heç kəs "a"-"f" yarımbəndlərində müəyyən edilmiş hallardan savayı qalan hallarda "azadlığından məhrum edilə bilməz".
97. Artıq uzun müddətdən bəri müəyyən edilib ki, əgər ağlabatan müddətdə cinayət ittihamları irəli sürmək niyyəti yoxdursa, azadlıqdan məhrum etməyə icazə verən əsasların 5-ci maddənin 1-ci bəndində verilmiş siyahısına əsir saxlama və ya preventiv (qabaqlayıcı) həbs daxil deyil (bax: Louless İrlandiyaya qarşı (№ 3), 1 iyul 1961-ci il, 13 və 14-cü bəndlər, A seriyaları, № 3; İrlandiya Birləşmiş Krallığa qarşı, 18 yanvar 1978-ci il, 196-cı bənd, A seriyaları, № 25; Qutsardi İtaliyaya qarşı, 6 noyabr 1980-ci il, 102-ci bənd, A seriyaları, № 39; Yeçius Litvaya qarşı, ərizə № 34578/97, 47-52-ci bəndlər, AİHM 2000-IX; və Əl-Ceddənin işi üzrə yuxarıda istinad edilən qərar, 100-cü bənd). Bundan başqa, Məhkəmə hesab edir ki, dinc dövrdə həyata keçirilmiş həbsin konteksti və məqsədi ilə silahlı münaqişənin gedişində döyüşçünün həbs edilməsinin konteksti və məqsədi arasında mühüm fərqlər var. O hesab etmir ki, Üçüncü və Dördüncü Cenevrə Konvensiyalarında nəzərdə tutulmuş səlahiyyətlər əsasında həbsə alma "a"-"f" yarımbəndlərində sadalanan hər hansı kateqoriya ilə müqayisə oluna bilər. 5-ci maddənin 1"c" bəndi ilk baxışdan bu hala ən çox uyğun gələn müddəa kimi görünə bilər, amma təhlükəsizlik mülahizələrinə görə şəxsin əsir alınması ilə cinayət törətməkdə şübhəli bilinməsi və ya cinayətin törədilməsi riskinin mövcud olması əsasında həbs edilməsi arasında heç bir əlaqə yoxdur. Hərbi əsir kimi saxlanılan döyüşçülərə gəlincə, bu şəxslər kateqoriyası cinayət sanksiyaları tətbiq edilmədən hərbi əməliyyatlarda iştirak etmələrinə imkan verən döyüşçü imtiyazlarından yararlandığına görə, Məhkəmə hesab edə bilməz ki, həbsdə saxlamanın bu forması 5-ci maddənin 1"c" bəndinin tətbiq dairəsinə düşür.
98. Bundan əlavə, 5-ci maddənin 2-ci bəndi tutulmuş hər bir şəxsin tutulmasının səbəbləri barədə dərhal məlumatlandırılmasını, 5-ci maddənin 4-cü bəndi isə tutulmuş hər bir şəxsin həbsinin qanuniliyi məsələsinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna malik olmasını tələb edir. Konvensiyanın 15-ci maddəsində nəzərdə tutulur ki, "müharibə və ya millətin həyatını təhdid edən digər fövqəladə hallar zamanı" Yüksək Müqavilə Tərəfi Konvensiya üzrə müəyyən öhdəliklərindən, o cümlədən 5-ci maddədə nəzərdə tutulmuş öhdəliklərindən geri çəkilməyə yönələn tədbirlər görə bilər. Hazırkı işdə Birləşmiş Krallıq 5-ci maddədə nəzərdə tutulmuş öhdəliklərindən 15-ci maddəyə əsasən geri çəkilmək niyyətində olduğunu bildirməyib.
99. Bu birinci işdir ki, cavabdeh dövlət 5-ci maddədə nəzərdə tutulmuş öhdəliklərinin tətbiq edilməməsini və ya beynəlxalq humanitar hüququn verdiyi həbsə alma səlahiyyətlərinin işığında onların hər hansı digər formada şərh olunmasını Məhkəmədən xahiş edib. Konkret olaraq, yuxarıda istinad edilən Əl-Ceddənin işində Birləşmiş Krallıq Hökuməti Üçüncü və Dördüncü Cenevrə Konvensiyalarında nəzərdə tutulmuş həbsə alma səlahiyyətlərinin 5-ci maddənin müddəalarında dəyişikliyə səbəb olduğunu və ya onun qüvvəsini dayandırdığını iddia etməmişdi. Bunun əvəzində o iddia etmişdi ki, Birləşmiş Krallıq ərizəçini əsir almaqla Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası qarşısında öhdəliyini yerinə yetirib və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 103-cü maddəsinə əsasən bu öhdəlik Birləşmiş Krallığın Konvensiya üzrə öhdəliklərinə nisbətən prioritet təşkil edirdi. Hökumətin mövqeyi bundan ibarət oldu ki, ərizəçini əsir saxlamaq öhdəliyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1546 saylı qətnaməsindən və ona əlavə olunmuş məktublardan irəli gəlirdi və bu qətnamə işğalı həyata keçirən dövlətin beynəlxalq humanitar hüquqda, konkret olaraq Haaqa Qaydalarının 43-cü maddəsində nəzərdə tutulmuş öhdəliklərini təsdiqləyirdi (bax: Əl-Ceddənin işi üzrə yuxarıda istinad edilən qərar, 107-ci bənd). Məhkəmə belə bir öhdəliyin yaranmadığını müəyyən etdi. Bu işdəkinə bənzər məsələ Kipr Türkiyəyə qarşı işdə (ərizələr № 6780/74 və 6950/75, Komissiyanın 10 iyul 1976-cı il tarixli məruzəsi, 1-ci cild) Komissiya qarşısında qaldırılmışdı, yəni sual ondan ibarət idi ki, Konvensiyanın 15-ci maddəsi əsasında öhdəliklərdən geri çəkilmə bəyan edilmədiyi təqdirdə Üçüncü və Dördüncü Cenevrə Konvensiyaları əsasında şəxsin həbsdə saxlanılması Konvensiyanın 5-ci maddəsində nəzərdə tutulmuş öhdəliklərə uyğundurmu? Öz məruzəsində Komissiya hərbi əsir statusu verilmiş məhbuslara münasibətdə 5-ci maddənin mümkün pozuntularını araşdırmaqdan imtina etdi və bu faktı nəzərə aldı ki, Kipr və Türkiyə Üçüncü Cenevrə Konvensiyasının iştirakçısıdırlar (məruzənin 313-cü bəndinə bax). İndiyədək Məhkəmə Komissiyanın bu yanaşmasını yenidən nəzərdən keçirmək və bu məsələ barədə öz qərarını vermək imkanına malik olmamışdı.
100. Konvensiyanın Müqavilələr hüququ haqqında 23 may 1969-cu il tarixli Vyana Konvensiyasında təsbit olunmuş normaların işığında şərh edilməsinə yönələn oturuşmuş praktika Məhkəmənin araşdırmasının başlanğıc nöqtəsini təşkil etməlidir (bax: Qolder Birləşmiş Krallığa qarşı, 21 fevral 1975-ci il tarixli qərar, A seriyaları, № 18, 29-cu bənd; və çoxsaylı sonrakı işlər). Vyana Konvensiyasının "şərhin ümumi qaydası"nı özündə əks etdirən 31-ci maddəsinin (yuxarıda 34-cü bəndə bax) 3-cü bəndində deyilir ki, şərh zamanı kontekstlə yanaşı aşağıdakılar nəzərə alınır: a) iştirakçılar arasında müqavilənin şərhi və ya müddəalarının tətbiqi ilə əlaqədar əldə edilən hər hansı sonrakı razılaşma; b) müqavilənin tətbiqi zamanı iştirakçıların müqavilənin şərhi ilə əlaqədar razılaşmasını müəyyən edən hər hansı sonrakı praktika; və c) iştirakçılar arasındakı münasibətlərə tətbiq edilə bilən hər hansı müvafiq beynəlxalq hüquq normaları.
101. Beynəlxalq silahlı münaqişə vəziyyətlərində 5-ci maddənin şərhi ilə bağlı Yüksək Müqavilə Tərəfləri arasında hər hansı sonrakı razılaşma olmayıb. Bununla belə, Vyana Konvensiyasının 31-ci maddəsinin 3"b" bəndində təsbit olunmuş meyarla əlaqədar olaraq (yuxarıda 34-cü bəndə bax) Məhkəmə öncə bildirib ki, Konvensiya ratifikasiya edildikdən sonra Yüksək Müqavilə Tərəflərinin bərqərar olan praktikası onların təkcə şərhlə bağlı razılaşması kimi deyil, həm də Konvensiyanın mətnində dəyişiklik edilməsi barədə razılaşması kimi qəbul edilə bilər (bax: (müvafiq dəyişikliklərlə): Sörinq Birləşmiş Krallığa qarşı, 7 iyul 1989-cu il, 102-103-cü bəndlər, A seriyaları, № 161; və Əl-Sədun və Müfdi Birləşmiş Krallığa qarşı, ərizə № 61498/08, 120-ci bənd, AİHM 2010). Yüksək Müqavilə Tərəflərinin praktikası ondan ibarətdir ki, onlar beynəlxalq silahlı münaqişələr zamanı Üçüncü və Dördüncü Cenevrə Konvensiyaları əsasında şəxsləri həbsə almaq üçün 5-ci maddədə nəzərdə tutulmuş öhdəliklərindən geri çəkilmirlər. Bankoviç və başqaları Belçikaya və digərlərinə qarşı işdə (qərardad [BP], ərizə № 52207/99, 62-ci bənd, AİHM 2001-XII) Məhkəmənin qeyd etdiyi kimi, iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya etdikdən sonra onların iştirakı ilə əraziləri xaricində bir neçə hərbi missiya həyata keçirilsə də, bu dövlətlərin heç biri bu hərəkətləri ilə əlaqədar olaraq Konvensiyanın 15-ci maddəsi əsasında öhdəliklərindən geri çəkildiyini heç vaxt bəyan etməyib. 5-ci maddədə nəzərdə tutulmuş öhdəliklərdən geri çəkilmə barədə bəyanatlar həbsdə saxlama ilə bağlı əlavə səlahiyyətlərlə əlaqədar idi və dövlətlərin iddia etdiyinə görə, onlar daxili münaqişələrin və ya iştirakçı dövlətə qarşı terror təhdidlərinin nəticəsində zəruri idi (misal üçün bax: Branniqan və Makbrayd Birləşmiş Krallığa qarşı, 26 may 1993-cü il, A seriyaları, № 258‑B; Aksoy Türkiyəyə qarşı, 18 dekabr 1996-cı il, Qərar və qərardadlar toplusu, 1996-VI; və A və başqaları Birləşmiş Krallığa qarşı [BP], ərizə № 3455/05, AİHM 2009; həmçinin yuxarıda 40-41-ci bəndlərə bax). Üstəlik, belə görünür ki, beynəlxalq silahlı münaqişələr zamanı Üçüncü və Dördüncü Cenevrə Konvensiyaları əsasında şəxsləri həbsə alma ilə əlaqədar olaraq Konvensiyanın 15-ci maddəsi əsasında öhdəliklərdən geri çəkilmə barədə bəyanat verməmək praktikası dövlətin Mülki və siyasi hüquqların müdafiəsi haqqında Beynəlxalq Pakt üzrə praktikasının analoqudur. Eynilə, bir çox dövlətlər Paktı ratifikasiya etdikdən sonra Üçüncü və Dördüncü Cenevrə Konvensiyalarında nəzərdə tutulan səlahiyyətlərə uyğun olaraq silahlı münaqişələr kontekstində şəxsləri əsir saxlasalar da, bu dövlətlərin heç biri, hətta Beynəlxalq Məhkəmənin yuxarıda istinad edilmiş məsləhət rəylərindən və qərarından sonra da, bu cür həbsdə saxlama ilə əlaqədar olaraq Paktın 4-cü maddəsi əsasında öhdəliklərindən geri çəkildiyini açıq-aydın bəyan etməyib (yuxarıda 42-ci bəndə bax), halbuki Beynəlxalq Məhkəmə həmin rəylərində və qərarında izahat vermişdi ki, dövlətlərin iştirakçısı olduğu insan hüquqlarına dair beynəlxalq sənədlərdə nəzərdə tutulmuş öhdəlikləri beynəlxalq silahlı münaqişə şəraitində qüvvədə qalmaqda davam edir (yuxarıda 35-37-ci bəndlərə bax).
102. Vyana Konvensiyasının 31-ci maddəsinin 3"c" bəndində yer alan meyara gəlincə (yuxarıda 34-cü bəndə bax), Məhkəmə aydınlıq gətirdi ki, bir çox hallarda Konvensiya tərkib hissəsini təşkil etdiyi digər beynəlxalq hüquq normaları ilə uzlaşdırılmış şəkildə şərh olunmalıdır (yuxarıda 77-ci bəndə bax). Bu qayda eyni dərəcədə beynəlxalq humanitar hüquqa da aiddir. Müharibənin dəhşətlərini yüngülləşdirmək məqsədi daşıyan 1949-cu il tarixli dörd Cenevrə Konvensiyası İnsan hüquqları haqqında Avropa Konvensiyası ilə paralel olaraq hazırlanmışdı və hamılıqla ratifikasiya olundu. Üçüncü və Dördüncü Cenevrə Konvensiyalarının hazırkı işə aidiyyəti olan əsir saxlama barədə müddəaları tutulmuş döyüşçülərin və təhlükəsizliyə qarşı təhlükə yaradan mülki şəxslərin müdafiəsi üçün nəzərdə tutulmuşdu. Məhkəmə artıq bildirib ki, Konvensiyanın 2-ci maddəsi "mümkün qədər beynəlxalq hüququn ümumi prinsiplərinin işığında, o cümlədən silahlı münaqişənin amansızlığının və qeyri-insaniliyinin yüngülləşdirilməsində oynadığı rol əvəzedilməz olan və hamılıqla qəbul edilən beynəlxalq humanitar hüquq normalarının işığında şərh olunmalıdır" (bax: Varnava və başqaları Türkiyəyə qarşı ([BP], ərizələr № 16064/90, 16065/90, 16066/90, 16068/90, 16069/90, 16070/90, 16071/90, 16072/90 və 16073/90, 185-ci bənd, AİHM 2009) və hesab edir ki, bu mülahizələr eynilə 5-ci maddəyə də şamil olunur. Bundan başqa, Beynəlxalq Məhkəmə artıq bildirib ki, insan hüquqlarına dair konvensiyaların və beynəlxalq humanitar hüququn təmin etdiyi müdafiə silahlı münaqişə kontekstində birgə mövcud olur (yuxarıda 35-37-ci bəndlərə bax). Konqo ərazisində silahlı əməliyyatlara aid iş üzrə qərarında Beynəlxalq Məhkəmə İşğal olunmuş Fələstin ərazisində divar inşasının hüquqi nəticələrinə dair öz məsləhət rəyinə istinadən qeyd etdi ki, "beynəlxalq humanitar hüquqla insan hüquqları üzrə beynəlxalq hüquq arasındakı qarşılıqlı münasibətə gəlincə, burada üç situasiya mümkündür: müəyyən hüquqlar yalnız beynəlxalq humanitar hüquq sahəsinə aid ola bilər; digərləri yalnız insan hüquqları üzrə beynəlxalq hüquq sahəsinə aid ola bilər; o biriləri isə beynəlxalq hüququn hər iki sahəsinə aid ola bilər" (yuxarıda 36-cı və 37-ci bəndlərə bax). Məhkəmə Konvensiyanı Beynəlxalq Məhkəmə tərəfindən çərçivələri müəyyən edilmiş beynəlxalq humanitar hüquq normalarına uyğun şəkildə şərh və tətbiq etməyə çalışmalıdır.
103. Yuxarıdakı mülahizələrin işığında Məhkəmə Hökumətin bu arqumentini qəbul edir ki, 15-ci maddə əsasında öhdəliklərdən geri çəkilmənin rəsmən bəyan edilməməsi bu işdə 5-ci maddənin şərhi və tətbiqi zamanı kontekstin və beynəlxalq humanitar hüquq normalarının Məhkəmə tərəfindən nəzərə alınmasına mane olmur.
104. Bununla belə, Beynəlxalq Məhkəmənin presedent hüququna müvafiq olaraq, Məhkəmə hesab edir ki, hətta beynəlxalq silahlı münaqişə şəraitində də Konvensiyada təsbit olunmuş təminatlar qüvvədə qalmaqda davam edir, hərçənd ki, beynəlxalq humanitar hüquq normalarının kontekstində şərh olunur. Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqda və Konvensiyada nəzərdə tutulmuş təminatların birgə mövcudluğu səbəbindən, 5-ci maddənin 1-ci bəndinin "a"-"f" yarımbəndlərində təsbit olunmuş həbsə almanın yol verilə bilən əsasları Üçüncü və Dördüncü Cenevrə Konvensiyaları əsasında hərbçilərin əsir alınması və təhlükəsizliyə qarşı təhlükə yaradan mülki şəxslərin həbsə alınması ilə mümkün qədər uzlaşdırılmalıdır. Məhkəmə bu faktı nəzərə alır ki, dinc dövrdə əsir saxlama 15-ci maddə əsasında öhdəliklərdən geri çəkilmə səlahiyyəti tətbiq edilmədən Konvensiyanın 5-ci maddəsi ilə tənzimlənən azadlıqdan məhrum etmənin tətbiq dairəsinə düşmür (yuxarıda 97-ci bəndə bax). 5-ci maddə belə geniş səlahiyyətlərin yalnız beynəlxalq silahlı münaqişə şəraitində, yəni hərbçilərin əsir alınmasının və təhlükəsizliyə qarşı təhlükə yaradan mülki şəxslərin həbsə alınmasının beynəlxalq humanitar hüquq əsasında həyata keçirildiyi şəraitdə tətbiq edilməsinə icazə verən müddəa kimi şərh oluna bilər.
105. Həmin yarımbəndlərdə təsbit olunmuş həbsə almanın yol verilə bilən əsaslarının nümunəsində olduğu kimi, beynəlxalq humanitar hüquqda nəzərdə tutulmuş səlahiyyətlər əsasında azadlıqdan məhrum etmə də "qanunla nəzərdə tutulmuş" olmalıdır ki, 5-ci maddənin 1-ci bəndinin pozuntusu istisna edilsin. Bu o deməkdir ki, həbsə alma beynəlxalq humanitar hüquq normalarına uyğun olmalı və ən əsası, 5-ci maddənin 1-ci bəndinin başlıca məqsədinə – hər hansı şəxsi qanunsuzluqlardan müdafiə etmək məqsədinə uyğun olmalıdır (misal üçün bax: Kurt Türkiyəyə qarşı, 25 may 1998-ci il, 122 bənd, Qərar və qərardadlar toplusu, 1998‑III; Əl-Məsrinin işi üzrə yuxarıda istinad edilən qərar, 230-cu bənd; həmçinni bax: Saadi Birləşmiş Krallığa qarşı [BP], ərizə № 13229/03, AİHM 2008, 67-74-cü bəndlər və orada istinad edilən işlər).
106. Prosessual təminatlara gəlincə, Məhkəmə hesab edir ki, beynəlxalq silahlı münaqişə zamanı həbsdə saxlama ilə bağlı 5-ci maddənin 2-ci və 4-cü bəndləri də kontekst və qüvvədə olan beynəlxalq humanitar hüquq normaları nəzərə alınmaqla şərh olunmalıdır. Dördüncü Cenevrə Konvensiyasının 43-cü və 78-ci maddələrində nəzərdə tutulur ki, əsir saxlama qərarına "səlahiyyətli orqan imkan daxilində altı ayda bir dəfədən az olmamaqla mütəmadi olaraq yenidən baxır". Beynəlxalq silahlı münaqişənin gedişində həbsdə saxlamanın qanuniliyinə 5-ci maddənin 4-cü bəndində nəzərdə tutulmuş müstəqil "məhkəmə" tərəfindən yenidən baxılması praktiki cəhətdən mümkünsüz görünsə də (bu kontekstdə bu iş üzrə qərara bax: Raynprext Avstriyaya qarşı, ərizə № 67175/01, 31-ci bənd, AİHM 2005‑XII), iştirakçı dövlət bu kontekstdə 5-ci maddənin 4-cü bəndində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməyə borcludursa, o halda qanunsuzluğa qarşı müdafiənin təmin edilməsi üçün "səlahiyyətli orqan" yetərincə qərəzsiz və ədalətli olmalıdır. Bundan başqa, həbsin qanuniliyi məsələsinə şəxs həbsə alındıqdan az sonra baxılmalı və daha sonra qısa zaman aralıqları ilə mütəmadi olaraq yenidən baxılmalıdır ki, beynəlxalq humanitar hüquqa əsasən əsir alına bilən şəxslər kateqoriyasının heç birinə aid olmayan şəxsin lüzumsuz yerə yubadılmadan azad edilməsi təmin edilmiş olsun. Ərizəçi əlavə olaraq həmçinin 5-ci maddənin 3-cü bəndinə istinad etsə də, Məhkəmə hesab edir ki, bu bənd bu işə tətbiq edilə bilməz, çünki Tarek Hassan 5-ci maddənin 1"c" bəndinin müddəalarına uyğun olaraq həbsə alınmayıb.
107. Nəhayət, yuxarıda izah edilmiş səbəblərə görə Məhkəmə öhdəliklərdən geri çəkilmə barədə rəsmi bəyanat verilməsinin zəruri olduğunu hesab etmir, 5-ci maddənin müddəaları yalnız o halda beynəlxalq humanitar hüququn müvafiq normalarının işığında şərh və tətbiq edilir ki, cavabdeh dövlət bunu xüsusi olaraq bəyan etmiş olsun. Buna dəlalət edən dəqiq əlamətlər olmadığı təqdirdə Məhkəmə iddia edə bilməz ki, dövlət Konvensiyanı ratifikasiya etməklə üzərinə götürdüyü öhdəlikləri dəyişmək niyyətində olub.
b) Yuxarıdakı prinsiplərin bu işin faktlarına tətbiqi
108. Məhkəmə ilk öncə qeyd etməlidir ki, nəzərdən keçirilən dövrdə İraqda hadisələrə cəlb olunmuş bütün tərəflər beynəlxalq silahlı münaqişə situasiyalarında və Yüksək Müqavilə Tərəfinin ərazisinin bir hissəsinin və ya hamısının işğal edildiyi hallarda tətbiq edilən dörd Cenevrə Konvensiyasının iştirakçısı olan Yüksək Müqavilə Tərəfləri idi (yuxarıda 33-cü bənddə verilən, dörd Cenevrə Konvensiyası üçün ümumi olan 2-ci maddəyə bax). Buna görə də aydın məsələdir ki, 2003-cü il aprelin sonunda və mayın əvvəlində İraqın cənub-şərqindəki vəziyyətin işğal və ya silahlı münaqişənin aktiv fazası olmasından asılı olmayaraq dörd Cenevrə Konvensiyası bu hala tətbiq edilir.
109. Məhkəmə əlində olan sübutların təhlilindən sonra faktlarla bağlı gəldiyi nəticələrə istinad edir (yuxarıda 47-57-ci bəndlərə bax). Konkret olaraq, o bu qənaətə gəlib ki, Tarek Hassan Birləşmiş Krallıq qoşunları tərəfindən silahlı halda qardaşının evinin damında tapılıb və evdə digər silahlar və hərbi kəşfiyyat əhəmiyyətli sənədlər aşkar edilib (yuxarıda 51-54-cü bəndlərə bax). Məhkəmə hesab edir ki, belə bir halda Birləşmiş Krallığın hakimiyyət orqanlarının onun ya hərbi əsir kimi tutulmalı olan, ya da qəti təhlükəsizlik mülahizələrinə görə əsir alınmalı olan şəxs olduğunu güman etmək üçün əsasları vardı və onların hər ikisi tutma və həbsdə saxlama üçün qanuni əsas təşkil edirdi (bax: Üçüncü Cenevrə Konvensiyasının 4A və 21-ci maddələri və Dördüncü Cenevrə Konvensiyasının 42 və 78-ci maddələri – onların hamısı yuxarıda 33-cü bənddə verilib). Demək olar ki, Bukka düşərgəsinə qəbul edilməsindən dərhal sonra Tarek Hassan Birləşmiş Ştatların və Birləşmiş Krallığın hərbi kəşfiyyat zabitləri tərəfindən aparılmış iki dindirmə formasında yoxlama prosedurundan keçib və nəticədə onun azadlığa buraxılması qərara alınıb, çünki onun təhlükəsizliyə qarşı təhlükə yaratmayan mülki şəxs olduğu müəyyən edilib (yuxarıda 21-24-cü bəndlərə bax). Məhkəmə həmçinin müəyyən edib ki, sübutlar onun az sonra düşərgədən fiziki olaraq azad edildiyini göstərir (yuxarıda 55-56-cı bəndlərə bax).
110. Yuxarıda qeyd edilənlərin fonunda belə məlum olur ki, Tarek Hassanın tutulması və həbsdə saxlanması Üçüncü və Dördüncü Cenevrə Konvensiyaları əsasında Birləşmiş Krallığın malik olduğu səlahiyyətlərə uyğun idi və qanunsuz deyildi. Üstəlik, düşərgəyə gətirilməsindən bir neçə gün sonra onun azadlığa buraxılması barədə qərar qəbul edildiyini və fiziki olaraq azad edildiyini nəzərə alaraq, Məhkəmə həmin yoxlama prosesinin qanunsuz həbsə qarşı adekvat müdafiənin təminatını təşkil edib-etməməsi məsələsini araşdırmağı zəruri hesab etmir. Nəhayət, işin kontekstindən və yoxlama xarakterli iki dindirmə zamanı Tarek Hassana verilən suallardan belə məlum olur ki, tutulmasının səbəbi ona aydın idi.
111. Yuxarıdakı təhlildən belə nəticə çıxır ki, Məhkəmə bu işin halları baxımından 5-ci maddənin 1, 2, 3 və ya 4-cü bəndlərinin heç bir pozuntusunun baş vermədiyi qənaətinə gəlir.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ:
1. Yekdilliklə qərara alır ki, Konvensiyanın 2-ci və 3-cü maddələri üzrə şikayətlər qəbul olunan deyil;
2. Yekdilliklə qərara alır ki, ərizəçinin qardaşı həbs edildiyi andan onu Bukka düşərgəsindən aparmış avtobusdan düşürülərək sərbəst buraxıldığı ana qədər Birləşmiş Krallığın yurisdiksiyası daxilində olub;
3. Konvensiyanın 5-ci maddəsinin 1, 2, 3 və 4-cü bəndləri üzrə şikayətləri yekdilliklə qəbul olunan elan edir;
4. Dörd səsə qarşı on üç səslə qərara alır ki, Konvensiyanın 5-ci maddəsinin 1, 2, 3 və 4-cü bəndləri pozulmayıb.
Qərar ingilis və fransız dillərində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 16 sentyabr 2014-cü ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmədə elan olunub.
Din Şpilmann (Dean Spielmann)
Sədr
Maykl O’Boyl (Michael O’Boyle)
Katib müavini
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy