© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Hayniş Almaniyaya qarşı (Heinisch v. Germany), ərizə № 28274/08
21.07.2011-ci il tarixli qərar [V Bölmə]
Maddə 10
10-cu maddənin 1-ci bəndi
Məlumatları yaymaq azadlığı
Özəl şirkətə məxsus ahıllar evində işləyən tibbi bacısının orada nöqsanların olduğu barədə şikayət verdiyinə görə işdən azad edilməsi: pozuntu baş verib
Faktlar – Ərizəçi əsas mülkiyyətçisi federal ərazi vahidi (federal torpaq) statusuna malik Berlin şəhəri olan bir şirkətə məxsus ahıllar evində ahıllara qulluq edən tibb bacısı vəzifəsində işləyirdi. 2003-cü ilin yanvarından 2004-cü ilin oktyabrınadək o və həmkarları müdiriyyətə bildirirdilər ki, işçi çatışmazlığı səbəbindən onların iş yükü həddən artıq çox olur və göstərilən xidmətlər lazımi qaydada sənədləşdirilmir. Səhiyyə sığortası fondunun tibbi nəzarət şurası apardığı təftişdən sonra ahıllara göstərilən qulluqda ciddi nöqsanlar olduğunu, o cümlədən işçilərin çatışmadığını, qulluğun qənaətbəxş olmadığını və sənədləşdirilmənin qaneedici şəkildə aparılmadığını qeydə aldı. 2004-cü ilin noyabrında ərizəçinin vəkili şirkətə məktub yazaraq işçi çatışmazlığı problemlərini qeyd etdi və şirkətin onu gözləyən cinayət məsuliyyətindən necə yaxa qurtarmaq niyyətində olduğunu soruşdu. Şirkət məktubdakı ittihamları rədd etdikdən sonra o, cinayət işi başlanması barədə ərizə verərək şirkətdə ağırlaşdırıcı hallarla saxtakarlıqlara yol verildiyini iddia etdi, belə ki, şirkət öz reklamlarında elan etdiyi yüksək keyfiyyətli qulluğu təmin etmir, problemləri sistematik olaraq ört-basdır etməyə çalışır və işçiləri xidmətlər barədə hesabatları saxtalaşdırmağa sövq edirdi. 2005-ci ilin yanvarında prokurorluq özünün başlamış olduğu ibtidai istintaqa xitam verdi. Elə həmin ay ərizəçi dəfələrlə xəstə olduğu üçün işə çıxmadığına görə ona işdən azad ediləcəyi barədə xəbərdarlıq edildi, işdən çıxarılma qərarı martın 31-dən qüvvəyə minməli idi. Həmkarlar ittifaqı və ərizəçinin dostları bundan sonra vərəqələr yaydılar, vərəqələrdə onun işdən azad edilməsinin "işçilərin ağzını yummaq üçün siyasi xarakterli intizam tədbiri" olduğu bildirilir və cinayət işi başlanması üçün onun verdiyi ərizə xatırladılırdı. Öncə cinayət işi başlanması üçün ərizə verilməsindən xəbərsiz olan şirkət bundan sonra ərizəçini xəbərdarlıq etmədən işdən azad etdi, şirkət vərəqələrin hazırlanmasının və yayılmasının təşəbbüskarının ərizəçi olmasından şübhələnirdi. Daxili məhkəmələr ərizəçinin işdən çıxarılmasına qarşı iddia tələblərini rədd edərək bu qənaətə gəldilər ki, cinayət işi başlanması üçün onun verdiyi şikayət ərizəsi onunla əmək münasibətlərinə xəbərdarlıq edilmədən xitam verilməsi üçün "tutarlı əsas " təşkil edirdi.
Hüquqi məsələlər – Maddə 10: Cinayət işi başlanması üçün ərizəçi tərəfindən verilmiş şikayət ərizəsinin 10-cu maddənin tətbiq dairəsinə düşən məlumat yayma olduğunu və nəticədə onun işdən azad edilməsinin və daxili məhkəmələrin bu işlə bağlı qərarlarının onun ifadə azadlığı hüququna müdaxilə təşkil etdiyini hesab etmək üçün tam əsas vardı. Lakin bu müdaxilə qanunla nəzərdə tutulmuşdu və digər şəxslərin nüfuzu və hüquqlarının, yəni ərizəçinin işəgötürənin işgüzar nüfuzunun və maraqlarının müdafiəsindən ibarət qanuni məqsəd daşıyırdı.
Müdaxilənin mütənasibliyi məsələsinə gəlincə, Məhkəmə hesab etdi ki, dövlət sektorunda çalışan işçilərlə əlaqədar olan Quca Moldovaya qarşı işdə[1] onun müəyyən etdiyi prinsiplər və meyarlar özəl şirkətin əmək münasibətlərinə də şamil olunur və işçinin öz işəgötürəninin qanunsuz hərəkətləri və hüquqa zidd əməlləri barədə məlumat vermək hüququnu işəgötürənin öz nüfuzunu və kommersiya maraqlarını qorumaq hüququ ilə müqayisə edərkən həmin prinsip və meyarlardan istifadə edilməlidir.
Ahıl yaşlı pasiyentlərin xüsusilə əlverişsiz vəziyyətdə olduğunu və sui-istifadə hallarının qarşısını almaq zərurətini nəzərə alsaq, açıqlanan məlumatlar, şübhəsiz ki, ictimai maraq doğururdu və buna görə Qucanın işində göstərilmiş birinci meyara cavab verirdi. İkinci meyara, yəni məlumatları yaymaq üçün alternativ kanallardan istifadənin mümkün olub-olmadığı məsələsinə gəlincə, ərizəçi cinayət işi başlanması üçün ərizə verdiyi vaxt iş yükünün həddən artıq çox olduğu barədə müdiriyyəti dəfələrlə məlumatlandırmış və mümkün cinayət təqibi barədə xəbərdarlıq etmişdi. Doğrudur, ilk dəfə məhz ərizəçinin cinayət işi başlanması üçün verdiyi ərizədə işəgötürənin hərəkətləri ağırlaşdırıcı hallarla saxtakarlıq kimi tövsif edilmişdi, amma ərizəçi artıq öz işəgötürənini ərizəsinin hansı faktiki hallara əsaslandığı barədə məlumatlandırmışdı və işəgötürənə sonrakı şikayətlərin səmərəli olmayacağı barədə onun mövqeyini təkzib etmək üçün yetərli sübutlar yox idi. Növbəti meyara, yəni açıqlanan məlumatların həqiqətə uyğun olub-olmadığı məsələsinə gəlincə, ərizəçinin iddialarının faktlara söykənmədiyini demək olmazdı (eyni nöqsanları tibbi nəzarət şurası da tənqid etmişdi) və onun bilərəkdən və ya məsuliyyətsizlikdən yanlış məlumatlar yaydığını göstərən heç bir dəlil yox idi.
İlkin araşdırmaya xitam verilməsi faktı heç də o demək deyildi ki, cinayət işi başlanması üçün verilmiş şikayət ərizəsinin əsasını təşkil edən iddialar lap başlanğıcdan faktlara əsaslanmırdı və qeyri-ciddi idi. Ərizəçinin hərəkətlərinin həmçinin dördüncü meyara – vicdanlı şəkildə hərəkət etmə meyarına cavab verdiyinə heç bir şübhə yox idi. Hətta cinayət işi başlanması üçün onun verdiyi şikayət ərizəsində müəyyən dərəcədə şişirtmələr və ümumiləşdirmələr olmuşdusa da, onun iddiaları bütünlüklə faktlara dair əsasdan məhrum deyildi və işəgötürənə qarşı şəxsi xarakterli səbəbsiz hücum təşkil etmirdi. Bundan başqa, məlumatların müəssisə xaricinə çıxarılmasının zəruri olduğu qənaətinə gəldikdən sonra o, dərhal mediaya müraciət etməmiş və ya vərəqələr yaymamışdı, sadəcə olaraq cinayət işi başlanması üçün şikayət ərizəsi vermək məqsədi ilə yardım və məsləhət üçün vəkilə müraciət etmişdi. Beşinci meyara, yəni işəgötürənə dəymiş ziyana gəlincə, baxmayaraq ki, ərizəçinin iddiaları, şübhəsiz ki, işəgötürənə ziyan yetirmişdi, ahıllara stasionar qulluqdakı nöqsanlar barədə məlumatlandırılmağa olan ictimai maraq o dərəcədə mühüm idi ki, şirkətin işgüzar nüfuzunu və maraqlarını üstələyirdi. Nəhayət, sanksiyanın sərtliyinə gəlincə, ərizəçiyə əmək qanunvericiliyinə əsasən mümkün olan ən sərt sanksiya tətbiq edilmişdi. Bu sanksiya nəinki ərizəçinin karyerasına mənfi təsir göstərmiş, həm də şirkətin digər işçilərinə və bütövlükdə tibb bacısı xidmətləri göstərən işçilərə çəkindirici təsir göstərmişdi, bununla da pasiyentlərin çox zaman öz hüquqlarını müdafiə etmək imkanına malik olmadıqları və orta tibb personalının göstərilən xidmətlərdəki nöqsanlardan birinci növbədə xəbər tutduğu bir sahədə, yəni ahıllara qulluq sahəsində məlumatların yayılmasına maneə yaradılmışdı.
Beləliklə, ərizəçinin xəbərdarlıq edilmədən işdən azad olunması qeyri-mütənasib tədbir idi və daxili məhkəmələr işəgötürənin nüfuzunun müdafiəsi zərurəti ilə ərizəçinin ifadə azadlığının müdafiəsi zərurəti arasında ədalətli balansı təmin etməmişdilər.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 10.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
[1] Quca Moldovaya qarşı [Böyük Palata], ərizə № 14277/04, 12 fevral 2008-ci il, 105 saylı Məlumat bülleteni.
Full & Egal Universal Law Academy