Hermi (Hermi) İtaliyaya qarşı - 18114/02
Qərar 18.10.2006 [BP]
Maddə 6
6-cı Maddənin 1-ci bəndi
Açıq məhkəmə iclası
Birinci instansiya və apellyasiya məhkəmələrində iclasların təqsirləndirilən şəxsin xahişi ilə sadələşdirilmiş prosedur əsasında qapalı keçirilməsi: pozuntu yoxdur
Açıq məhkəmə iclası
Şifahi dinləmə
Təqsirləndirilən şəxs işin apellyasiya instansiyasında baxışına çağırılmışdır, lakin gəlməmişdir. Məhkəmə orqanları təqsirləndirilən şəxsin olmamasını onun məhkəmə iclasında iştirak etmək hüququndan imtina etməsi kimi qiymətləndirmişdir: pozuntu yoxdur
Faktlar - Ərizəçiyə qarşı narkotik maddə alveri ilə bağlı məhkəmə prosesi onun xahişi ilə sadələşdirilmiş qaydada həyata keçirilmişdir. O, qapalı keçirilən çəkişməli prosesi nəticəsində məhkum olunmuşdur. Birinci instansiyadakı məhkəmə iclaslarında öz vəkilləri ilə iştirak etmişdir. O, apellyasiya məhkəmə baxışı barədə məhkum olunduqdan sonra yerləşdirildiyi həbsxanada məlumatlandırılmışdır. O, apellyasiya məhkəməsi iclasında iştirak etməmiş və onun vəkili məhkəmə iclasının müdafiə etdiyi şəxsin iştirakı olmadan keçirilməsinə etiraz etmişdir.
Hüquqi məsələlər - Maddə 6 § 1: Özünün seçdiyi iki vəkilin yardımını alan ərizəçi, sadələşdirilmiş prosesin, xüsusilə də birinci instansiya və apellyasiya məhkəməsi iclasların qapalı keçəcəyi ilə bağlı nəticələri anlamaq iqtidarında idi. Sadələşdirilmiş prosesin cinayət prosesinin sürətini artırmağa yönəldiyi nəzərə alındıqda, iclasların qapalı keçirilməsi Konvensiyaya zidd deyil.
Ərizəçi apellyasiya məhkəməsi iclasında iştirak etməmişdir. Buna baxmayaraq, onun iştirakı məhkum olunduğu cinayətin tövsifünə heç bir təsir edə bilməzdi, çünki apellyasiya məhkəməsi onun cəzasını artırmaq səlahiyyətinə malik deyildi və iclaslar heç bir sübut və şahid ifadəsi araşdırılmadan tərəflərin arqumentlərinin səsləndirilməsi ilə məhdudlaşmışdır (sadələşdirilmiş prosesin qaydalarına uyğun olaraq). Apellyasiya məhkəməsinə çağırışda, bu iclasda iştirak edə bilmək üçün ərizəçinin əvvəlcədən müraciət etməli olduğu qeyd edilməsə də, bu qayda ərizəçinin seçdiyi vəkillərə məlum olmalı idi. Lakin ərizəçi bu vəkillərin səy göstərməməsindən şikayət etməmişdir və ya onların yol verdiyi hər hansı nöqsanlar aşkar edilməmişdir. Apellyasiya məhkəməsi iclasında iştirakla bağlı müraciətin sonradan və yalnız ərizəçinin vəkili tərəfindən edildiyi faktından əlavə, ərizəçinin bu iclasda iştirak etmək istədiyinə dair heç bir əlavə göstərici yoxdur. Dövlət orqanları ərizəçinin dolayısı ilə, lakin birmənalı olaraq apellyasiya məhkəməsi iclasında iştirak etmək hüququndan imtina etdiyi barədə qənaətə gəlmək hüququna malik idilər.
Nəticə: pozuntu yoxdur (beş səsə qarşı on iki səs).
Full & Egal Universal Law Academy