İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
HEYDƏROVA AZƏRBAYCANA QARŞI
(59005/08 nömrəli şikayət)
Q Ə R A R
STRASBURQ
18 dekabr 2012-ci il
Heydərova Azərbaycana qarşı işində,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:
Sədrlik edən – Nina Vayiç,
Hakimlər -
Xanlar Hacıyev,
Erik Möse,
və Bölmə katibi – Andre Vampak,
27 noyabr 2012-ci ildə şikayətə qapalı məhkəmə iclasında baxaraq, həmin tarixdə qərar qəbul etmişdir:
PROSEDUR MƏSƏLƏLƏRİ
Bu iş Azərbaycan Respublikasının vətəndaşı xanım Zərintac Heydərovanın (“ərizəçi”) İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 18 noyabr 2008-ci ildə təqdim etdiyi şikayət (59005/08 nömrəli) ilə başlanmışdır.Ərizəçi Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab İ.Əliyev, Azərbaycan Hökuməti (“Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil olunmuşlar.6 iyul 2010-cu ildə şikayət barədə Hökumətə məlumat verilmişdir.Hökumət ərizənin Komitə tərəfindən baxılmasına etiraz etmişdir. Məhkəmə Hökumətin etirazını araşdırdıqdan sonra onu rədd etmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
Ərizəçi 1939-cu ildə anadan olmuşdur və Lənkəranda yaşayır. Ərizəçi 615 kv.m torpaq ərazisində tikilmiş sahəsi 315 kv.m. təşkil edən evin mülkiyyətçisi idi. 18 yanvar 1991-ci ildə onun adına həmin torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə şəhadətnamə verilmişdir.J.E. ərizəçiyə məxsus torpaq sahəsinə bitişik 346 kv.m. sahəsi olan torpağın mülkiyyətçisi idi. J.E. 1957-ci ildə vəfat etmişdir. Lakin 23 sentyabr 1992-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi (bundan sonra “Şöbə” kimi adlandırılacaq) J.E.-nin adına əlavə torpaq sahəsini qeydiyyata almışdır və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran rayonu Ərazi İdarəsi (bundan sonra “İdarə” kimi adlandırılacaq) ona məxsus torpağı 938 kv.m. sahəsində sənədləşdirmişdir. Həmin torpaq sahəsinin bir hissəsi faktiki olaraq ərizəçiyə məxsus olmuşdur. İş materiallarından vəfat etmiş şəxsin adına həmin qeydiyyatın aparılmasının səbəbləri aydın deyil.Ərizəçi Şöbənin 23 sentyabr 1992-ci il tarixli qərarının qanunsuz hesab edilməsi və onun torpağına aid olan hissədə bütün qeydiyyat sənədlərinin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Lənkəran rayon məhkəməsinin 11 mart 1993-cü il tarixli qərarı ilə ərizəçinin iddiası təmin edilmiş, Şöbənin 23 sentyabr 1992-ci il tarixli qərarı və sonradan İdarə tərəfindən keçirilmiş qeydiyyat ləğv edilmişdir. Qüvvədə olmuş qanunvericiliyə əsasən həmin qərar onun qəbul edilməsindən on gün sonra icraya yönəldilməlidir.Lakin J.E.-nin oğlu İ.E. 12 may 1993-cü ildə atasının varisi olaraq həmin torpaq sahəsini 938 kv.m. ölçüdə öz adına rəsmiləşdirmişdir. Onun adına 938 kv.m. ölçüdə torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə şəhadətnamə verilmişdir. 1993-cü ildə qüvvədə olan Mülki-Prosessual Məcəllənin müvafiq müddəalarına uyğun olaraq Lənkəran rayon prokurorluğu ərizəçinin xeyrinə işə müdaxilə etmiş, bununla İdarəyə və İ.E.-yə qarşı iddia qaldıraraq əmlak reyestrinə İdarə tərəfindən edilmiş səhv qeydlərin və İ.E.-nin adına verilmiş şəhadətnamənin ləğvini xahiş etmişdir. Ərizəçi ikinci iddiaçı kimi məhkəmə icraatında iştirak etmişdir. 21 yanvar 1999-cu ildə Masallı rayon məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə qət etmişdir ki, Şöbənin 23 sentyabr 1992-ci il tarixli qərarı və sonradan İdarə tərəfindən aparılmış qeydiyyat ləğv olunmalıdır. Qüvvədə olmuş qanunvericiliyə əsasən həmin qərar onun qəbul edilməsindən on gün sonra icraya yönəldilməlidir. Lakin ərizəçinin bir sıra səlahiyyətli qurumlara verdiyi şikayətlərinə baxmayaraq, həmin qətnamə İdarə tərəfindən uzun müddət ərzində icra edilməmişdir. Qətnamə əsasında İdarə ərizəçiyə və İ.E.-yə məxsus torpaq sahələrinin ölçüləri ilə bağlı reyestrdə edilmiş qeydlərə müvafiq dəyişikliklər etməli idi. Ərizəçi bildirib ki, səlahiyyətli qurumların həmin qətnaməni icra etməməsi nəticəsində ona məxsus torpaq sahəsi müəyyən müddət ərzində qonşusu tərəfindən istifadə edilmişdir. Ərizəçi öz qonşusunun torpaqdan istifadəsinin qarşısını almaq iqtidarında deyildi. Belə ki, ona məxsus torpağın sənədləri məhkəmə qətnaməsinə baxmayaraq səhv olmuş və səlahiyyətli qurumlar reyestrdə müəyyən düzəlişləri etməmişdilər.Şikayət barədə Hökumətə məlumat verildikdən sonra 20 avqust 2010-cu ildə ərizəçinin xeyrinə qəbul edilmiş qətnamə icra edilmiş və İdarənin reyestrinə müvafiq düzəlişlər edilmişdir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
Qüvvədə olan qanunvericiliyə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmalıdır. Mülki Məcəlləyə əsasən, torpaq sahəsinin sərhədləri həmin xidmət tərəfindən verilmiş sənədlərdə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən torpaq üzərində mülkiyyət hüququnun qeydiyyatı həmin hüququn hüquqi tanınması barədə rəsmi sənəd hesab edilir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 6-cı MADDƏSİNİN 1-ci BƏNDİ VƏ KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 1-ci MADDƏSİNİN POZULMASI İDDİALARI
Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsaslanaraq xeyrinə çıxarılmış qətnamənin icra olunmamasından şikayət etmişdir. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin müvafiq hissəsində qeyd edilir:
“Hər bir kəsin...mülki hüquq və vəzifələrinin müəyyən edilməsi ilə bağlı işə...məhkəmə tərəfindən...ədalətlə baxılması hüququ vardır...”
1 saylı Protokolun 1-ci maddəsində qeyd edilir:
“Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Şəxs yalnız cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş qaydada mülkiyyətindən məhrum edilə bilər.
Lakin yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara uyğun olaraq mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək məqsədilə zəruri olan qanunları həyata keçirmək hüququnu məhdudlaşdırmır.”
A. İşə baxılmasının mümkünlüyü
1. Məhkəmənin rationae temporis yurisdiksiyası
Məhkəmə qeyd edir ki, ərizəçinin xeyirinə olan məhkəmə qətnaməsi Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi 15 aprel 2002-ci ildən əvvəl qəbul edilmişdir.Məhkəmə bildirir ki, dövlət orqanlarının qeyd olunan qətnaməni icra etməməsi nəticəsində o, uzun müddət icra edilməmiş vəziyyətdə qalmışdır. Ona görə də, burada davam edən pozuntu mövcuddur və bu baxımdan Məhkəmə şikayətin 15 aprel 2002-ci ildən sonrakı dövrlə bağlı hissəsinə baxmaq səlahiyyətinə malikdir (baxın, yuxarıda qeyd edilmiş “Gülməmmədova” işi, 26-cı bənd).
2. Ərizəçinin zərərçəkmiş şəxs statusu
Hökumət bildirmişdir ki, ərizəçinin xeyrinə qəbul edilmiş qətnamənin icra edildiyini nəzərə alaraq, o, iddia edilən Konvensiya müddəalarının pozuntusu nəticəsində zərərçəkmiş şəxs statusunu itirmişdir. Bu səbəbdən də şikayətlər açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.Məhkəmə qeyd edir ki, ərizəçinin xeyrinə qəbul edilmiş qətnamə 20 avqust 2010-cu ildə icra edilmişdir. Lakin Məhkəmə təkrar edir ki, ərizəçinin xeyrinə qəbul edilmiş qərar və ya həyata keçirilmiş tədbir onun “zərərçəkmiş şəxs” statusundan azad edilməsi üçün kifayətedici hesab olunmur. Bu məqsədlə milli qurumlar açıq-aydın və ya mahiyyət üzrə Konvensiyanın pozulmasını etiraf etməli və bundan sonra pozulmuş hüquqları bərpa etməlidirlər (baxın, Amuur Fransaya qarşı, Qərar və Qərardadlar barədə Hesabatlar, 1996-III, s. 846, 36-cı bənd və Dalban Rumıniyaya qarşı, Böyük Palata, 28114/95 nömrəli şikayət, 44-cü bənd, İHAM 1999-VI). Yalnız göstərilən şərtlər yerinə yetirildikdə Konvensiyanın qabaqlayıcı mexanizminin xüsusiyyəti ərizənin araşdırılmasının qarşısını alır.Hazırkı iş üzrə qətnamənin on bir ildən artıq müddət ərzində icra olunmadığını və bunun səkkiz ildən çox hissəsinin Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi dövrə aid olduğunu nəzərə alaraq Məhkəmə müəyyən edib ki, həmin dövr ərzində ərizəçinin hüquqları bərpa edilməmişdir. Həmçinin, ərizəçiyə məhkəmənin 21 yanvar 1999-cu il tarixli qətnaməsinin davamlı olaraq icra edilməməsi və Konvensiya müddəalarının iddia olunan pozuntusu ilə əlaqədar heç bir təzminat təklif edilməmişdir.Belə olan halda, ərizəçinin xeyrinə qəbul edilmiş qətnamənin icra olunmasına baxmayaraq, Məhkəmə müəyyən edib ki, xeyrinə həyata keçirilmiş tədbirlər onun hazırkı iş üzrə “zərərçəkmiş şəxs” statusundan azad olunması üçün kifayətedici deyil (müqayisə et, “Ramazanova və digərləri Azərbaycana qarşı”, 44363/02 nömrəli şikayət, 1 fevral 2007-ci il tarixli qərar, 38-ci bənd).
3. Digər mümkünlük meyarları
Məhkəmə hesab edir ki, şikayətlər Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş mənada açıq-aşkar əsassız deyil və hər hansı digər əsasa görə də onlara baxılması mümkünsüz hesab edilə bilməz. Buna görə, bu şikayətlərə baxılması mümkün hesab edilir.
B. İşin mahiyyəti
1. Konvensiyanın 6-cı maddəsi
Məhkəmə təkrarlayır ki, 6-cı maddənin 1-ci bəndi ilə hər kəsin onun mülki hüquq və öhdəliklərinə aid hər hansı iddia ilə məhkəməyə müraciət etmək hüququ təmin olunur. Bununla, burada “məhkəmə hüququ” təcəssüm edilir ki, müraciət etmək hüququ, yəni məhkəmədə mülki iş üzrə icraata başlamaq hüququ onun bir aspektini təşkil edir. Eyni zamanda, iştirakçı dövlətin daxili hüquq sistemində məhkəmənin yekun, qanuni qüvvəyə minmiş qərarının tərəflərdən birinin ziyanına olaraq icra edilməməsinə yol verildiyi halda, həmin hüquq xəyali olardı. 6-cı maddənin 1-ci bəndində məhkəmə qərarının icra edilməsini müdafiə etmədən məhkəmə prosesinin tərəflərinə verilən prosessual təminatların – ədalətli, açıq və təxirəsalınmaz məhkəmə prosesi – hərtərəfli təsvir edilməsi ağlasığmaz olardı; 6-cı maddənin müstəsna olaraq məhkəməyə müraciət etmək imkanlarına və məhkəmə prosesinin aparılmasına aid olan kimi izah edilməsi nəticəsində iştirakçı dövlətlərin Konvensiyanı təsdiq etdiyi zaman öz üzərlərinə götürdükləri qanunun aliliyi prinsipinə riayət etmək öhdəliyinə uyğun olmayan vəziyyət yaranardı. Bununla da, hər bir məhkəmənin çıxardığı qərarın icra edilməsi 6-cı maddənin məqsədləri üçün “məhkəmə prosesinin” tərkib hissəsi kimi qəbul edilməlidir (baxın, “Hornsbi Yunanıstana qarşı” (Hornsby v. Greece, 19 March 1997, § 40, Reports of Judgments and Decisions 1997‑II).Hazırkı işə qayıdaraq, əmlaka mülkiyyət statusunun müəyyənləşdirilməsi üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üzrə tələbi nəzərə alaraq Məhkəmə qeyd edir ki, dövlətdaxili prosedurun əsas məsələsi daşınmaz əmlakla bağlıdır və təbiətcə maddi məsələdir. Bununla həmin məsələ 6-cı maddəsinin 1-ci bəndinin tətbiqi dairəsi altına düşür (baxın, mutatis mutandis, “Backoviç Serbiyaya qarşı” (Backović v. Serbia, no. 47997/06, § 47, 7 February 2012). Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə qərarının icrasının ləngidilməsi xüsusi hallarda əsaslandırıla bilər. Lakin ləngitmə Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsinə əsasən qorunan hüququn mahiyyətini pozmamalıdır (baxın, “Burdov Rusiyaya qarşı” (Burdov v. Russia, no. 59498/00, § 35, ECHR 2002‑III). Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçinin xeyrinə çıxarılmış qətnamənin davamlı şəkildə icra edilməməsi nəticəsində o, onun mülkiyyət hüquqlarına dair məhkəmə prosesinin müvəffəqiyyətlə başa çatmasından faydalanmaqdan məhrum olunmuşdur.İşdə olan sənədləri araşdıraraq Məhkəmə müəyyən edir ki, Hökumət 21 yanvar 1999-cu il tarixli qətnamənin icra edilməsi üçün tələb edilən tədbirlərin həyata keçirildiyini təsdiq edən faktı və ya həmin qətnamənin qısa müddətdə icra edilməsini ləngidən halları göstərməsi üçün hər hansı arqumenti təqdim etməmişdir.Belə olan halda Məhkəmə hesab edir ki, ərizəçinin xeyrinə qəbul edilmiş qətnamənin uzun müddət ərzində icra edilməməsi nəticəsində səlahiyyətli qurumlar 6-cı maddənin 1-ci bəndinin faydalı təsirinə xələl gətirmişdir. Bununla, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur.
2. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi
Ərizəçi bildirmişdir ki, onun xeyrinə qəbul edilən qətnamənin uzun müddət ərzində icra edilməməsi nəticəsində, o, qonşusu tərəfindən səhvən daxil edilmiş qeydiyyat məlumatları əsasında zəbt edilmiş torpaq sahəsinin bir hissəsinin istifadəsindən məhrum edilmişdir. Ərizəçi ona məxsus torpağının qonşusu tərəfindən zəbt edilməsinin qarşısını ala bilməmişdir. Belə ki, onun mülkiyyətində olan torpaq sahəsinin ölçülərini müəyyən edən sənədlərə səhv məlumat daxil edilmişdir və bununla bağlı məhkəmə tərəfindən qəbul edilmiş qətnaməyə baxmayaraq səlahiyyətli qurumlar rəsmi sənədlərdə olan səhv qeydləri düzəltməmişlər. Bununla, ərizəçi öz mülkiyyətindən sərbəst istifadə etmək imkanlarından məhrum edilmişdir.Məhkəmə təkrarlayır ki, mülkiyyətə aid iddianın məhkəmədə müdafiə olunması ehtimalı lazımi qaydada müəyyən edildikdə o, “mülkiyyəti” təşkil edə bilər (baxın, “Stran Grik Refineris və Stratis Andreadis Yunanıstana qarşı” (Stran Greek Refineries and Stratis Andreadis v. Greece, 9 December 1994, § 59, Series A no. 301‑B). Məhkəmə qeyd edir ki, 21 yanvar 1999-cu il tarixli qətnamə ilə ərizəçinin iddiası Konvensiyanın 1 Saylı Protokolunun 1-ci maddəsi mənasında “mülkiyyəti” təşkil etmək üçün kifayət qədər müəyyən olunmuşdur. 21 yanvar 1999-cu il tarixli qətnamənin icra edilməsinə nail olmasının qeyri-mümkünlüyü 1 Saylı Protokolun 1-ci maddəsinin birinci bəndinin birinci cümləsində təsbit olunmuş ərizəçinin öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna müdaxiləni təşkil etmişdir (baxın, yuxarıda göstərilən “Burdov Rusiyaya qarşı”, § 40, və “Jasiüniene Litvaya qarşı” (Jasiūnienė v. Lithuania, no. 41510/98, § 45, 6 March 2003). Hökumət bu müdaxiləni məqbul qaydada əsaslandıra bilməmişdir.Bununla, Konvensiyanın 1 Saylı Protokolunun 1-ci maddəsi pozulmuşdur.
II. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.”
A. Ziyan
1. Maddi ziyan
Ərizəçi vurulmuş maddi ziyana görə 41 500 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Həmin məbləğə 1999-cu ildən torpaq sahəsindən istifadə edə bilmədiyinə görə əldən çıxmış fayda daxildir.Hökumət bildirmişdir ki, ərizəçi öz tələbini sübut etmək üçün heç bir sənəd təqdim etməmişdir.Məhkəmə hesab edir ki, ərizəçi maddi ziyanla bağlı tələbini müdafiə etmək üçün heç bir sübut təqdim etməmişdir. Bununla, Məhkəmə həmin tələbi rədd edir.
2. Mənəvi ziyan
Ərizəçi vurulmuş mənəvi ziyana görə 10 000 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.Hökumət tələb edilən məbləğin həddindən artıq böyük olduğunu qeyd etmiş və mənəvi ziyana görə ərizəçiyə maksimum 1 000 avro məbləğində vəsaitin ödənilməsinə hazır olduğunu bildirmişdir.Məhkəmə hesab edir ki, ərizəçi xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət ərzində icra olunmaması nəticəsində müəyyən mənəvi ziyana məruz qalmışdır. Məhkəmə Konvensiyanın 41-ci maddəsində tələb olunduğu kimi ədalətli qiymətləndirmə apararaq ərizəçiyə vurulmuş mənəvi ziyana görə 3 600 avro məbləğində vəsaitin ödənilməsini və bura bu məbləğdən tutulacaq vergilərin əlavə olunmasını qət edir.
B. Məhkəmə xərcləri
Ərizəçi, həmçinin hüquqi xidmətlər üçün 1 050 manat, tərcümə xidmətləri ilə əlaqədar 300 manat və poçt xidmətinə görə 300 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Öz tələbini təsdiq etmək üçün ərizəçi Məhkəmədə aparılan icraatla əlaqədar hüquqi yardımın və tərcümə xidmətinin göstərilməsi üzrə müqavilələri təqdim etmişdir. Hər iki müqavilədə təsbit edilmişdir ki, göstəriləcək xidmətə görə vəsait iş üzrə Məhkəmə tərəfindən pozuntu aşkar olunduqda ödəniləcəkdir.Hökumət tələb edilən məbləğin həddindən artıq böyük olduğunu bildirmişdir.Məhkəmənin presedent hüququna görə ərizəçinin çəkdiyi xərc və məsrəflər yalnız o zaman ona ödənilir ki, bu xərc və məsrəflərin həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilsin və məbləği ağlabatan olsun. Hazırkı işdə olan sənədləri və yuxarıda qeyd olunmuş meyarları nəzərə alaraq Məhkəmə çəkilmiş bütün xərc və məsrəflərə görə ərizəçiyə tutulacaq vergi də daxil olmaqla 500 avro məbləğinin ödənilməsini qət edir.
C. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi
Məhkəmə ödənilməsi gecikdirilən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini məqbul hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Şikayətə baxılmasını mümkün hesab edir;
2. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu qət edir;
3. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulduğunu qət edir;
4. Qərara alır ki,
(a) Cavabdeh Dövlət üç ay ərzində ərizəçiyə ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə aşağıdakı vəsaiti ödəməlidir:
(i) tutulacaq vergi də daxil olmaqla vurulmuş mənəvi ziyana görə 3 600 (üç min altı yüz) avro;
(ii) tutulacaq vergi də daxil olmaqla məhkəmə xərclərinə görə 500 (beş yüz) avro.
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
5. Ərizəçinin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.
Qərar Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 2012-ci il 18 dekabr tarixində ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Andre Vampak Nina Vayiç
Katibin müavini Sədr
Full & Egal Universal Law Academy