© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Hirsi Camaa və başqaları İtaliyaya qarşı [Böyük Palata] (Hirsi Jamaa and Others v. Italy [GC]), ərizə № 27765/09
23.02.2012-ci il tarixli qərar [Böyük Palata]
Maddə 3
Ölkədən çıxarılma
Açıq dənizdə yaxalanmış miqrantların tərk etdikləri ölkəyə geri qaytarılması: pozuntu baş verib
Maddə 13
Açıq dənizdə yaxalanan və tərk etdikləri ölkəyə geri qaytarılan miqrantların sərəncamında hüquqi müdafiə vasitələrinin olmaması: pozuntu baş verib
4 saylı Protokolun 4-cü maddəsi
Əcnəbilərin kollektiv sürətdə ölkədən çıxarılmasının qadağan olunması
Açıq dənizdə yaxalanan miqrantların tərk etdikləri ölkəyə geri qaytarılması: 4 saylı Protokolun 4-cü maddəsi bu işə tətbiq edilə bilər; pozuntu baş verib
Faktlar – On biri Somali və on üçü Eritreya vətəndaşı olan ərizəçilər İtaliya sahillərinə çatmaq məqsədi ilə 2009-cu ildə üç gəminin göyərtəsində Liviyanı tərk etmiş iki yüzə yaxın şəxslər qrupunun tərkibində idilər. 6 may 2009-cu ildə Maltanın axtarış və xilasetmə səlahiyyətlərinin şamil olunduğu ərazidə olarkən gəmilər İtaliyanın vergi polisinin (Guardia di finanza) və sahil mühafizə xidmətinin gəmiləri tərəfindən saxlanıldılar. Saxlanılmış gəmilərdə olanlar İtaliya hərbi gəmilərinə götürüldü və Tripoliyə qaytarıldı. Ərizəçilər bildirdilər ki, səfər zamanı İtaliyanın dövlət orqanları onlara hara aparıldıqları (təyinat ölkəsi) barədə məlumat vermədilər və onların kimliyini müəyyənləşdirmək üçün heç bir addım atmadılar. On saatlıq yoldan sonra Tripoli limanına çatdıqda miqrantlar Liviyanın hakimiyyət orqanlarına təhvil verildilər. Hadisələrə dair ərizəçilərin versiyasına əsasən, onlar Liviyanın hakimiyyət orqanlarına təhvil verilmələrinə etiraz etdilər, amma İtaliya gəmilərini tərk etməyə məcbur edildilər. Ertəsi gün keçirilmiş mətbuat konfransında İtaliyanın daxili işlər naziri bildirdi ki, açıq dənizdə gəmilərin tutulması və miqrantların Liviyaya qaytarılması əməliyyatları Liviya ilə bağlanmış ikitərəfli müqavilələrin 2009-cu ilin fevralında qüvvəyə minməsinin nəticəsi idi və gizli miqrasiyaya qarşı mübarizədə mühüm dönüş nöqtəsi idi. Ərizəçilərdən ikisi sözügedən hadisələrdən sonra naməlum şəraitdə öldü. Ərizəçilərdən on dördünə 2009-cu ilin iyun və noyabr ayları arasında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) Tripolidəki ofisi tərəfindən qaçqın statusu verildi. 2011-ci ilin fevralında Liviyada baş vermiş inqilab nəticəsində ərizəçilərlə onların hüquqi nümayəndələri arasında təmaslar çətinləşdi. Hazırda vəkillər ərizəçilərdən altısı ilə əlaqə saxlayırlar, onlardan dördü Benində, Maltada və İsveçrədə yaşayır, bəziləri isə beynəlxalq himayə barədə müraciətlərinə cavab gözləyirlər. Ərizəçilərdən biri Tunisdəki qaçqın düşərgəsindədir və İtaliyaya qayıtmağı planlaşdırır. 2011-ci ilin iyununda ərizəçilərdən birinə qanunsuz olaraq daxil olduğu İtaliyada qaçqın statusu verilib.
Hüquqi məsələlər
Maddə 1: İtaliya etiraf etdi ki, içərisində ərizəçilərin olduğu gəmi bütünlüklə İtaliyanın yusirdiksiyasında idi. Məhkəmə İtaliyanın Naviqasiya Məcəlləsində təsbit olunmuş belə bir beynəlxalq hüquq prinsipini qeyd etdi ki, açıq dənizdə üzən gəmi hansı dövlətin bayrağı altında üzürsə, onun müstəsna yusirdiksiyasındadır. Məhkəmə baş verənlərin "açıq dənizdə" xilasetmə əməliyyatı olduğu barədə, yaxud ərizəçilərə minimal səviyyədə nəzarət tətbiq edildiyi haqqında Hökumətin izahatını qəbul etmədi. Hadisələr bütünlüklə İtaliya silahlı qüvvələrinin gəmilərinin göyərtəsində baş vermişdi və onların ekipajı yalnız İtaliya hərbçilərindən ibarət idi. Həmin gəmilərə mindikləri andan Liviyanın hakimiyyət orqanlarına təhvil verildikləri ana qədər ərizəçilər hüquqi və faktiki cəhətdən İtaliyanın hakimiyyət orqanlarının davamlı və müstəsna nəzarəti altında idilər. Müvafiq olaraq, iddia edilən pozuntulara səbəb olmuş hadisələr Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulan mənada İtaliyanın yurisdiksiyasında baş vermişdi.
Nəticə: hadisələr İtaliyanın yurisdiksiyasında baş vermişdi (yekdilliklə).
Maddə 3
a) Liviyada pis rəftara məruz qalma riski – Məhkəmə daim artmaqda olan miqrant axınlarının dövlətləri təzyiq altında saxladığını və xüsusən dəniz mühitində mürəkkəb vəziyyət yaratdığını dərk etsə də, hər halda qeyd etdi ki, bu vəziyyət dövlətləri mənşə ölkəsində 3-cü maddəni pozan rəftara məruz qalma riski ilə üzləşə biləcək şəxsi ölkədən çıxarmamaq öhdəliyindən azad etmir. 2010-cu ilin aprelindən sonra Liviyada vəziyyətin pisləşdiyini nəzərə alaraq, Məhkəmə bu işə baxılmasının məqsədləri üçün yalnız bu işdə göstərilən dövrdə Liviyada mövcud olmuş vəziyyəti nəzərə aldı. O, bununla bağlı qeyd etdi ki, gizli mühacirlərlə rəftar məsələsində çoxsaylı təşkilatların gəldiyi narahatlıq doğuran nəticələr CPT-nin[1] 2010-cu ildə dərc olunmuş hesabatı ilə təsdiqlənib. Hesabata əsasən, qanunsuz miqrantlarla sistematik olaraq həbs edilən və müşahidəçilərin qeyri-insani şərait kimi təsvir etdikləri şəraitdə saxlanılan sığınacaq axtaranlar arasında fərq qoyulmurdu, konkret olaraq işgəncə halları barədə də məlumatlar vardı. Gizli miqrantlar istənilən vaxt öz ölkələrinə qaytarılma təhlükəsi altında idilər və yenidən azadlığa qovuşmağa nail olduqda pis yaşayış şəraitinə və irqçiliyə məruz qalırdılar. Liviyanın miqrantlar üçün təhlükəsiz təyinat ölkəsi olduğu və sığınacaq məsələsində və qaçqınların müdafiəsində bu ölkənin öz beynəlxalq öhdəliklərinə riayət etdiyi barədə İtaliya Hökumətinin arqumenti ilə bağlı Məhkəmə qeyd etdi ki, mötəbər mənbələr Konvensiya prinsiplərinə zidd olan praktikanın mövcudluğu barədə məlumat verirsə, əsas hüquqlara hörmət edilməsinə təminat verən ölkədaxili qanunların mövcudluğu və beynəlxalq müqavilələrin ratifikasiya olunması pis rəftar təhlükəsinə qarşı adekvat müdafiəni təmin etmək üçün özlüyündə yetərli deyil. Bundan başqa, İtaliya Liviya ilə ikitərəfli müqavilələrindən irəli gələn sonrakı öhdəliklərinə istinad etməklə Konvensiyada nəzərdə tutulmuş öhdəliyindən boyun qaçıra bilməzdi. BMTQAK-ın Tripolidəki ofisi Liviya Hökuməti tərəfindən heç vaxt tanınmamışdı. İşin hallarına aid olan dövrdə Liviyadakı vəziyyət yaxşı məlum olduğuna və həmin vəziyyəti yoxlamaq asan olduğuna görə İtaliyanın hakimiyyət orqanları ərizəçiləri ölkədən çıxararkən onların Konvensiyanın pozuntusunu təşkil edən rəftara məruz qalacağını bilirdi və ya bilməli idi. Bundan başqa, ərizəçilərin aydın şəkildə sığınacaq istəməməsi faktı İtaliyanı öz öhdəliklərini yerinə yetirməkdən azad etmirdi. Məhkəmə dövlətlərin qaçqınlara aid beynəlxalq hüquq normalarından irəli gələn öhdəliklərini, o cümlədən Avropa İttifaqının Əsas hüquqlar haqqında Xartiyasında təsbit olunmuş "şəxsin təhlükəyə məruz qala biləcəyi ölkəyə qaytarılmaması" prinsipini (“principle of non-refoulement”) qeyd etdi. Bundan əlavə, Məhkəmə hesab etdi ki, ərizəçilərin və bir çox digər gizli miqrantların ümumi vəziyyəti bu şəxslərdən hər hansı birinin daha az təhlükə altında olduğuna dəlalət etmir və bu qənaətə gəldi ki, ərizəçiləri Liviyaya göndərməklə İtaliyanın hakimiyyət orqanları bütün mövcud faktlar barədə məlumatlı ola-ola onları Konvensiya ilə qadağan olunan rəftara məruz qoyublar.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
b) Ərizəçilərin mənşə ölkəsində pis rəftara məruz qalması riski – Əcnəbinin dolayı şəkildə ölkədən çıxarılması iştirakçı dövlətin məsuliyyətini doğurur və həmin dövlətdən tələb olunur ki, vasitəçi ölkənin qanunsuz repatriasiyaya qarşı yetərli zəmanətlər verməsini təmin etsin (xüsusən həmin ölkə Konvensiyanın iştirakçısı deyilsə). Məhkəmənin sərəncamında olan bütün məlumatlar açıq-aydın göstərirdi ki, Somalidəki və Eritreyadakı vəziyyət qeyri-sabitliyi ilə fərqlənir, belə ki, sadəcə ölkəni qanunsuz tərk etməyə görə işgəncəyə məruz qalma və qeyri-insani şəraitdə həbsdə saxlanılma təhlükəsi vardı. Buna görə də ərizəçilər əsaslı olaraq iddia edə bilərdilər ki, onların repatriasiyası (öz ölkəsinə qaytarılması) 3-cü maddəni pozmuş olacaq. Daha sonra Məhkəmə bu məsələni araşdırdı ki, İtaliyanın hakimiyyət orqanları Liviyanın qanunsuz repatriasiyaya qarşı yetərli təminatlar verəcəyinə əsaslı olaraq ümid edə bilərdilərmi? Məhkəmə Liviyanın Qaçqınların statusuna dair Cenevrə Konvensiyasını ratifikasiya etmədiyini və bu dövlətdə hər hansı sığınacaq formasının və qaçqınların müdafiəsi prosedurunun olmadığını qeyd edərək bu arqumentlə razılaşmadı ki, BMTQAK-ın Tripolidəki fəaliyyətləri qanunsuz repatriasiyaya qarşı təminat təşkil edirdi. "Human Rayts Votç" (Human Rights Watch) təşkilatı və BMTQAK sığınacaq axtaranların və qaçqınların onları yüksək dərəcədə təhlükə gözləyən ölkələrə bir neçə dəfə məcburi qaydada qaytarılması hallarını pisləmişdilər. Buna görə də ərizəçilərin bəzilərinin Liviyada qaçqın statusu alması tam əminlik yaradan hal deyildi və müvafiq şəxslərin əlverişsiz vəziyyətdə olmasının əlavə sübutu idi. Məhkəmə bu qənaətə gəldi ki, ərizəçilər Liviyaya göndərilərkən İtaliyanın hakimiyyət orqanları onları hüquqa zidd olaraq müvafiq mənşə ölkələrinə qaytarılmaq təhlükəsindən qoruyan təminatların yetərli olmadığını bilirdilər və ya bilməli idilər.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
4 saylı Protokolun 4-cü maddəsi
a) Şikayətin qəbuledilənliyi – Avropa Məhkəməsi bu məsələni ilk dəfə araşdırmalı oldu ki, dövlət əcnəbiləri öz ərazisi xaricindən üçüncü ölkəyə göndərirsə, 4 saylı Protokolun 4-cü maddəsi bu hala şamil olunurmu? O, müəyyən etməli idi ki, ərizəçilərin Liviyaya göndərilməsi həmin maddədə nəzərdə tutulan mənada "əcnəbilərin kollektiv surətdə çıxarılması" idimi? Məhkəmə qeyd etdi ki, nə 4 saylı Protokolun 4-cü maddəsi, nə də Konvensiyanın tərtibi ilə bağlı hazırlıq materialları bu maddənin dövlətin ərazisindən kənarda icra edilən çıxarma hallarına tətbiq edilməsinə mane olmur. Bundan başqa, əcnəbilərin ölkədən çıxarılmasını onların üzv dövlətlərin milli ərazilərindən çıxarılması ilə məhdudlaşdırmaq müasir miqrasiya modellərinin çox mühüm bir komponentinin həmin maddənin tətbiq dairəsindən kənarda qalması anlamına gələrdi və quru yolla hərəkət edən miqrantlardan fərqli olaraq, dənizə çıxmaqla çox vaxt həyatları ilə riskə girən və dövlətin sərhədlərinə gəlib çata bilməyən miqrantları ölkədən çıxarmadan əvvəl işlərinin konkret hallarına baxılması imkanından məhrum edərdi. "Yurisdiksiya" anlayışı kimi "çıxarılma" anlayışı da prinsipcə ərazi ilə əlaqədar anlayışdır. Lakin hazırkı işdə olduğu kimi Məhkəmə iştirakçı dövlətin müstəsna hallarda öz yurisdiksiyasını (səlahiyyətini) milli ərazisi xaricində həyata keçirdiyini müəyyən edibsə, qəbul edə bilər ki, həmin dövlət tərəfindən yurisdiksiyanın ölkə ərazisindən kənarda həyata keçirilməsi kollektiv çıxarılma formasını alıb. Bundan başqa, dəniz mühitinin xüsusi xarakteri qanundankənar ərazinin mövcudluğuna haqq qazandıra bilməz, elə bir ərazinin ki, fərdlərin Konvensiya ilə qorunan hüquqlarından və orada nəzərdə tutulan təminatlardan istifadə etməsinə imkan yaradan heç bir hüquq sistemi həmin fərdlərə şamil olunmur. Buna görə də 4 saylı Protokolun 4-cü maddəsi bu işə tətbiq edilə bilər.
Nəticə: şikayət qəbulediləndir (yekdilliklə).
b) Şikayətin mahiyyəti – Ərizəçilərin Liviyaya göndərilməsi hər bir ərizəçinin konkret vəziyyəti araşdırılmadan həyata keçirilmişdi. İtaliyanın hakimiyyət orqanları ərizəçilərin kimliyini müəyyən etmək üçün hər hansı prosedur həyata keçirməmiş və onları öz gəmilərinə alaraq Liviyada düşürməklə kifayətlənmişdilər. Ərizəçilərin ölkədən çıxarılması kollektiv xarakter daşıyırdı və 4 saylı Protokolun 4-cü maddəsinin pozuntusunu təşkil edirdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Konvensiyanın 3-cü maddəsi ilə və 4 saylı Protokolun 4-cü maddəsi ilə birgə götürülməklə 13-cü maddənin pozulub-pozulmaması: İtaliya Hökuməti etiraf etdi ki, göyərtəsinə ərizəçilərin götürüldüyü hərbi gəmilərdə onların işinin konkret halları qiymətləndirilməyib. Göyərtədəki personalın arasında heç bir tərcüməçi və ya hüquq məsləhətçisi olmayıb. Ərizəçilər iddia etdilər ki, İtaliya hərbçiləri onlara heç bir məlumat verməyərək onların belə düşünməsinə səbəb olublar ki, onları İtaliyaya aparırlar, həmçinin Liviyaya aparılmaqdan yaxa qurtarmaq üçün hansı prosedurdan keçməli olduqları barədə də onlara məlumat verilməyib. Hadisələrin bu versiyası Hökumət tərəfindən şübhə altına alınsa da BMTQAK, CPT və "Human Rayts Votç" tərəfindən toplanmış çoxsaylı şahid ifadələri ilə üst-üstə düşürdü və Məhkəmə bu fakta xüsusi əhəmiyyət verdi. Məhkəmə xatırlatdı ki, nəticələrinin sonradan düzəldilməsi mümkün olmayan çıxarılma tədbirinə məruz qalan hər kəsin müvafiq prosedurlardan səmərəli şəkildə istifadə edə bilməsinə imkan verən yetərli məlumatlar almaq və şikayətlərini əsaslandırmaq hüququ var. Hətta bu cür hüquqi müdafiə vasitəsi praktikada əlçatan olmuşdusa belə, hərbi gəmilərin göyərtəsindəki hərbçilərə qarşı cinayət işinin qaldırılması Konvensiyanın 13-cü maddəsinin tələblərinin yerinə yetirilməsi üçün yetərli deyildi, çünki bu tədbir 13-cü maddədə nəzərdə tutulan dayandırıcı qüvvəyə malik olma meyarına cavab vermirdi. Ərizəçilər Konvensiyanın 3-cü maddəsi və 4 saylı Protokolun 4-cü maddəsi üzrə şikayətlərini səlahiyyətli orqana təqdim etmək üçün hər hansı hüquqi müdafiə vasitəsindən istifadə etmək və çıxarılma tədbiri qüvvəyə minənə qədər şikayətlərinin hərtərəfli və diqqətlə qiymətləndirilməsinə nail olmaq imkanından məhrum edilmişdilər.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 46: İtaliya Hökuməti Liviya hakimiyyət orqanlarından ərizəçilərin Konvensiyanın 3-cü maddəsinə zidd rəftara və ya qanunsuz repatriasiyaya məruz qalmayacaqlarına dair zəmanətlər almaq üçün mümkün olan bütün addımları atmalı idi.
Maddə 41: Mənəvi ziyana görə ərizəçilərin hər birinə 15.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
[1] İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsi.
Full & Egal Universal Law Academy