İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BÖYÜK PALATA
HİRSİ CAMAA VƏ DİGƏRLƏRİ İTALİYAYA QARŞI
(Case of Hirsi Jamaa and Others v. Italy)
(27765/09 nömrəli ərizə)
QƏRAR
STRASBURQ
23 fevral 2012-ci il
Bu qərar qətidir, lakin onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil. Geniş məlumat üçün müəlliflik hüququ ilə bağlı bu sənədin sonundakı tam məlumata bax.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire 1’indication de copyright/droits d’auteur a la fin du present document.
Hirsi Camaa və Digərləri İtaliyaya qarşı işində
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası:
sədrNikolas Bratza (Nicolas Bratza),
hakimlər:
Jan-Pol Kosta (Jean-Paul Costa),
Fransuaz Tulkens (Françoise Tulkens),
Josep Kasadevall (Josep Casadevall),
Nina Vayiç (Nina Vajić),
Din Şpilman (Dean Spielmann),
Peer Lorensen (Peer Lorenzen),
Liliana Miyoviç (Ljiljana Mijović),
Draqolyub Popoviç (Dragoljub Popović),
Corcio Malinverni (Giorgio Malinverni),
Miryana Lazarova Traykovska (Mirjana Lazarova Trajkovska),
Nona Tsotsoriya (Nona Tsotsoria),
İşıl Karakaş (Işıl Karakaş),
Kristina Pardalos (Kristina Pardalos),
Quido Raymondi (Guido Raimondi),
Vinsent A. De Qaetano (Vincent A. de Gaetano),
Paulu Pintu de Albukerke (Paulo Pinto de Albuquerque)
və məhkəmə katibinin müavini Mayklı O’Boyldan (Michael O’Boyle) ibarət tərkibdə
2011-ci il iyunun 22-də və 2012-ci il yanvarın 19-da qapalı müşavirə keçirərək
yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş 2009-cu il 26 may tarixində adları və doğum tarixləri hazırkı qərara əlavə edilmiş siyahıda göstərilən Somalinin on bir vətəndaşı və Eritreyanın on üç vətəndaşı tərəfindən İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən İtaliya Respublikasına qarşı verilmiş ərizəyə (№ 27765/09) əsasən başlanmışdır.
2. Ərizəçiləri Romada fəaliyyət göstərən vəkillər cənab A.C.Lana və cənab A.Sakkuççi təmsil etmişlər. İtaliya Hökumətini (“Hökumət”) onun səlahiyyətli nümayəndəsi xanım E.Spatafora və həm-nümayəndəsi xanım Koppari təmsil etmişlər.
3. Ərizəçilər iddia etmişlər ki, onların İtaliyanın hakimiyyət orqanları tərəfindən Liviyaya verilməsi nəticəsində Konvensiyanın 3-cü maddəsi və 4 saylı Protokolun 4-cü maddəsi pozulmuşdur. Ərizəçilər həmçinin onlara yuxarıda qeyd edilən şikayətlərə baxılmasına nail olmağa imkan verə biləcək, Konvensiyanın 13-cü maddəsinin tələblərinə cavab verən hüquq müdafiə vasitələrinin olmamasından şikayət etmişlər.
4. Ərizə Məhkəmənin İkinci Bölməsinin icraatına verilmişdir (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). 2009-cu il noyabrın 17-də həmin Bölmənin Palatası ərizəni İtaliya Hökumətinə göndərmək qərarına gəlmişdir. 2011-ci il fevralın 15-də sədr Fransuaz Tülkens, hakimlər, İreneu Kabral Barreto, Draqolyub Popoviç, Nona Tsotsoriya, İşil Karakaş, Kristina Pardalos, Quido Raymondi və Bölmənin katibi Stenli Neysmitdən ibarət Palata Böyük Palatanın xeyrinə yurisdiksiyadan imtina etmiş, tərəflərin heç biri buna etiraz etməmişdir (Konvensiyanın 30-cu maddəsi və 72-ci Qayda).
5. Böyük Palatanın tərkibi Konvensiyanın 27-ci maddəsinin 2-ci və 3-cü hissələrinə və Məhkəmə Qaydalarının 24-cü Qaydasına əsasən müəyyən olunmuşdur.
6. Böyük Palata ərizənin qəbuledilənliyi və mahiyyəti üzrə qərarı bir vaxtda qəbul edəcəyi qərara almışdır (Konvensiyanın 29-cu maddəsinin 1-ci hissəsi).
7. Həm ərizəçilər, həm də Hökumət işin mahiyyətinə dair yazılı qeydlərini təqdim etmişlər. Tərəflər bir-birinin qeydlərini dinləmələr zamanı cavablandırmışlar (44-cü Qaydanın 5-ci hissəsi). Eyni zamanda, Məhkəmənin sədri tərəfindən işdə üçüncü tərəf qismində iştirakına icazə verilmiş Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı (“BMTQAK”), “Human Rights Watch” təşkilatı, Kolambiya Universitetinin hüquq fakültəsinin İnsan Hüquqları Klinikası (Columbia Law School Human Rights Clinic), “Avropada Fərdi Hüquqlar üzrə Məsləhət Mərkəzi” (Centre for Advice on Individual Rights in Europe - “Aire Centre”), “Amnesty İnternational” təşkilatı və “İnsan Hüquqları naminə Beynəlxalq Federasiya” (International Federation for Human Rights - “FİDH”) kollektiv şəkildə yazılı qeydlərini təqdim etmişlər (Konvensiyanın 36-cı maddəsinin 2-ci hissəsi). Bununla yanaşı, Məhkəmənin sədri tərəfindən işdə üçüncü tərəf qismində iştirakına icazə verilmiş Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı (“BMTİHAK”) öz qeydlərini təqdim etmişdir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarına həmçinin şifahi icraatda iştirak etməyə icazə verilmişdir.
8. Dinləmələr 2011-ci il iyunun 22-də Strasburqda İnsan Hüquqları Sarayında açıq qaydada keçirilmişdir (59-cu Qaydanın 3-cü bəndi).
Dinləmələrdə aşağıdakı şəxslər iştirak etmişlər:
(a) Hökumət tərəfindən
xanım S.Koppari, həm-nümayəndə,
cənab C.Albentsio, dövlət vəkili (Avvocato dello Stato);
(b) ərizəçi tərəfindən
cənab A.C.Lana,
cənab A.Sakkuççi, vəkil,
xanım A.Sironi, məsləhətçi;
(c) işdə üçüncü tərəf qismində iştirak etmiş BMT-nin Qaçqınlar üzrə Ali Komissarı tərəfindən
xanım M.Qarlik, Avropa Şöbəsinin Strateji və Hüquqi Təminat Bölməsinin rəhbəri, vəkil,
cənab K.Uoters, Qaçqınların statusunu tənzimləyən hüquq üzrə baş məsləhətçi,
Milli Müdafiə Bölməsi,
cənab S.Butrüş, Avropa Şöbəsinin Strateji və Hüquqi Təminat Bölməsinin hüquq məsləhətçisi məsləhətçilər.
Məhkəmə xanım Koppari, cənab Albentsio, cənab Lana, cənab Sakkuççi və xanım Qarlikin çıxışlarını, habelə onların hakimlərin suallarına verdikləri cavabları dinləmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
A. Ərizəçilərin saxlanılması və Liviyaya qaytarılması
9. Ərizəçilər – Somalinin on bir vətəndaşı və Eritreyanın on üç vətəndaşı – özlərini İtaliyanın sahilinə çatdırmaq məqsədilə Liviyanı üç gəmidə tərk etmiş təxminən iki yüz nəfərdən ibarət qrupun bir hissəsi idilər.
10. 2009-cu il mayın 6-da gəmilər Lampeduza adasından (Aqricento vilayəti) cənub istiqamətində 35 dəniz mili məsafəsində, yəni Maltanın cavabdehliyində olan axtarış-xilasetmə regionunda olduqda İtaliya Gömrüyünün (Guardia di finanza) və Sahil Mühafizə Xidmətinin üç gəmisi tərəfindən saxlanılmışdır.
11. Saxlanılmış gəmilərdə olan şəxslər İtaliyanın hərbi gəmilərinə keçirilərək Tripoliyə qaytarılmışlar. Ərizəçilər iddia etmişlər ki, bu reys zamanı İtaliyanın hakimiyyət orqanlarının nümayəndələri onlara reysin həqiqi təyinat nöqtəsi barədə məlumat verməmiş və onların şəxsiyyətlərini müəyyən etmək üçün heç bir tədbir görməmişlər.
Ərizəçilərin bütün şəxsi əşyaları, o cümlədən şəxsiyyəti təsdiq edən sənədlər hərbiçilər tərəfindən müsadirə olunmuşdur.
12. On saatlıq reysdən sonra Tripoli Limanına gəlmiş ərizəçilər Liviya hakimiyyət orqanlarının nümayəndələrinə təhvil verilmişlər. Ərizəçilərin bildirdiklərinə görə, onlar Liviya hakimiyyət orqanlarının nümayəndələrinə təhvil verildiklərinə qarşı etiraz etmiş, lakin onlar İtaliyaya məxsus gəmiləri tərk etməyə məcbur edilmişlər.
13. 2009-cu il mayın 7-də keçirilmiş mətbuat konfransında İtalyanın daxili işlər naziri bildirmişdir ki, gəmilərin açıq sularda saxlanılması və miqrantların Liviyaya qaytarılması üzrə əməliyyat Liviya ilə 2009-cu il fevralın 4-də bağlanmış ikitərəfli sazişlərin qüvvəyə minməsi nəticəsində həyata keçirilməklə gizli miqrasiyaya qarşı mübarizənin mühüm dönüş nöqtəsi olmuşdur. Daxili işlər naziri 2009-cu il mayın 25-də Senatda çıxış edərək bildirmişdir ki, həmin ikitərəfli sazişlərə əsasən 2009-cu il mayın 6-dan 10-dək olan dövr ərzində 471 qeyri-qanuni miqrant açıq sularda saxlanılaraq Liviyaya verilmişdir. Nazir bu əməliyyatların dövlətlər arasında əməkdaşlıq prinsipi əsasında həyata keçirildiyini izah edib bildirmişdir ki, qeyri-qanuni miqrantların qaytarılması siyasəti qanunsuz miqrasiyaya qarşı mübarizədə çox effektiv olmuşdur. Daxili işlər nazirinin bildirdiyinə görə, həmin siyasət insan qaçaqmalçılığı və insan alveri ilə məşğul olan cinayətkar qrupları bu fəaliyyətdən çəkindirmiş, dənizdə insanları xilas etməyə kömək etmiş və qeyri-qanuni miqrantların İtaliya sahilinə çıxması hallarının sayını əhəmiyyətli dərəcədə azaltmışdır. 2009-cu ilin mayında belə halların sayı 2008-ci ilin mayı ilə müqayisədə beş dəfə azalmışdır.
14. 2009-cu ildə İtaliya Liviya ilə bağlanmış ikitərəfli sazişlərə əsasən qeyri-qanuni miqrantların saxlanılması məqsədi ilə açıq sularda doqquz əməliyyat keçirmişdir.
B. Ərizəçilərin taleyi və onların öz nümayəndələri ilə əlaqələri
15. Ərizəçilərin nümayəndələri tərəfindən Məhkəməyə təqdim edilmiş məlumata uyğun olaraq, ərizəçilərdən ikisi – cənab Mohamed Abukar Mohamed və cənab Hasan Shariff Abbirahman (hazırkı qərara əlavə edilmiş siyahıda müvafiq olaraq № 10 və № 11) baxılmanın predemeti olan hadisələrdən sonra qeyri-müəyyən şəraitdə vəfat etmişdir.
16. Ərizə Məhkəməyə verildikdən sonra vəkillər telefon və elektron poçt vasitəsilə digər ərizəçilərlə əlaqə saxlaya bilmişlər.
2009-cu ilin iyun – oktyabr aylarında BMTQAK-ın Tripolidəki Ofisi on dörd ərizəçiyə (adları siyahıda göstərilir) qaçqın statusu vermişdir.
17. Liviyada 2011-ci ildə başlanmış və çoxlu sayda insanı ölkəni tərk etməyə məcbur etmiş inqilabdan sonra ərizəçilər ilə onların nümayəndələri arasında əlaqənin keyfiyyəti zəiflənmişdir. Hal-hazırda vəkillər ərizəçilərdən altısı ilə əlaqə saxlayırlar:
(i) cənab Ermias Berhane (siyahıda № 20) qeyri-qanuni olaraq İtaliya sahilinə çıxa bilmişdir. 2011-ci il iyunun 21-də Krotone vilayətinin Qaçqınların Məsələləri üzrə Şurası tərəfindən ona qaçqın statusu verilmişdir;
(ii) cənab Habtom Tsegay (siyahıda № 19) hal-hazırda Tunisdəki Çuça düşərgəsindədir. O, İtaliyaya qayıtmağı planlaşdırır;
(iii) cənab Kiflom Tesfazion Kidan (siyahıda № 24) Maltada yaşayır;
(iv) cənab Hayelom Mogos Kidane və cənab Valdu Habtemçael (siyahıda müvafiq olaraq № 23 və № 13) İsveçrədə yaşayır və hal-hazırda beynəlxalq müdafiə ilə bağlı verdikləri müraciətə cavab gözləyirlər;
(v) cənab Roberl Abzighi Yohannes (siyahıda № 21) Benində yaşayır.
II. MÜVAFİQ MİLLİ HÜQUQ
A. İtaliyanın Naviqasiya Məcəlləsi
18. 2002-ci ildə düzəlişlər edilmiş 1942-ci il 30 mart tarixli Naviqasiya Məcəlləsinin 4-cü maddəsində aşağıdakılar nəzərdə tutulur:
“İtaliyanın açıq sularda üzən gəmisi və hər hansı dövlətin suverenliyinin şamil olunmadığı kosmik fəzada hərəkət edən hava gəmisi İtaliyanın ərazisi hesab olunur.”
B. İtaliya ilə Liviya arasındakı ikitərəfli sazişlər
19. 2007-ci il dekabrın 29-da İtaliya və Liviya Tripolidə gizli immiqrasiyaya qarşı mübarizə haqqında ikitərəfli saziş bağlamışdır. Həmin tarixdə bu dövlətlər sözügedən sazişin tətbiqi ilə bağlı operativ və texniki məsələləri tənzimləyən Əlavə Protokolu imzalamışdır. Qeyd edilən Sazişin 2-ci maddəsinə əsasən:
[Məhkəmə Katibliyinin tərcüməsi]
“İtaliya və “Böyük Xalq Sosialist Liviya Ərəb Cəmariyyəti” İtaliyanın müvəqqəti əsaslarla təqdim etdiyi altı gəmidən istifadə etməklə dəniz patrullarını təşkil etməyi öhdələrinə götürür. Gəmilərin ekipajları qarışıq tərkibli olmalı, onlara liviyalı heyət və gəmilərdən istifadə və onların idarə edilməsi üzrə təlimi, metodik rəhbərliyi və texniki yardımı təmin edəcək italiyalı polis zabitləri daxil olmalıdır. Müşahidə, axtarış və xilasetmə üzrə əməliyyatlar qüvvədə olan beynəlxalq konvensiyalara və iki ölkə arasında operativ razılaşmalara uyğun olaraq həm Liviyanın ərazi sularında, həm də beynəlxalq sularda, gizli immiqrantların daşınması üçün istifadə edilən gəmilərin yola düşmə və tranzit zonalarında həyata keçiriləcək.”
Bundan əlavə, İtaliya fərqləndirici nişanları olmayan üç gəmini üç illik müddətə Liviyaya təqdim etməyi (Sazişin 3-cü maddəsi) və Avropa İttifaqının (Aİ) orqanlarını Aİ ilə Liviya arasında çərçivə sazişi bağlamağa təşviq etməyi (Sazişin 3-cü maddəsi) öhdəsinə götürmüşdür.
Nəhayət, bu ikitərəfli sazişin 7-ci maddəsinə uyğun olaraq, Liviya “gizli immiqrasiyanın səviyyəsini azaltmaq və immiqrantların repatriasiyasını təmin etmək məqsədi ilə öz fəaliyyətini immiqrantların mənşə ölkələri ilə əlaqələndirməyi” öhdəsinə götürmüşdür.
2009-cu il fevralın 4-də İtaliya və Liviya Tripolidə gizli immiqrasiyaya qarşı mübarizənin gücləndirilməsinə yönəlmiş yeni Əlavə Protokolu imzalamışlar. Həmin Protokol 2007-ci il 29 dekabr tarixli Sazişi qismən dəyişdirmiş, o cümlədən Sazişə aşağıdakı məzmunlu yeni bir maddə əlavə olunmuşdur:
“Hər iki ölkə müvafiq təcrübə və biliklərə malik, bərabər sayda olan italiyalı və liviyalı heyətlərdən ibarət ekipajlar tərəfindən dəniz patrullarını təşkil etməyi öhdəsinə götürür. Patrullar Liviyanın ərazi sularında və beynəlxalq sularda liviyalı heyətin nəzarəti altında və ekipajın italiyalı üzvlərinin iştirakı ilə, İtaliyanın ərazi sularında və beynəlxalq sularda isə italiyalı heyətin nəzarəti altında və ekipajın liviyalı üzvlərinin iştirakı ilə həyata keçiriləcək.
İtaliyanın 2007-ci il 29 dekabr tarixli Sazişin 3-cü maddəsinə uyğun olaraq təqdim etdiyi gəmilər üzərində mülkiyyət hüququ qəti olaraq Liviyaya keçir.
Hər iki ölkə gizli immiqrantları repatriasiya etməyi və gizli immiqrasiyanı məhdudlaşdırmaq məqsədi ilə gizli immiqrantların mənşə ölkələri ilə müvafiq sazişlər bağlamağı öhdəsinə götürür.”
20. 2008-ci il avqustun 30-da Benqazidə İtaliya ilə Liviya arasında “Dostluq, Tərəfdaşlıq və Əməkdaşlıq haqqında” Saziş imzalanmışdır. Həmin Sazişin 19-cu maddəsində miqrasiya axınlarının mənşə ölkələrində gizli immiqrasiyanın qarşısının alınması ilə bağlı səylərə dair müddəalar öz əksini tapmışdır. Sözügedən Sazişin 6-cı maddəsinə əsasən İtaliya və Liviya Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və İnsan Hüquqları haqqında Ümumi Bəyannaməyə uyğun olaraq fəaliyyət göstərməsini öhdəsinə götürmüşdür.
21. İtaliyanın müdafiə nazirinin bildirdiyinə görə, İtaliya ilə Liviya arasındakı sazişlərin icrası 2011-ci ilin hadisələrindən sonra dayandırılmışdır.
III. BEYNƏLXALQ HÜQUQUN VƏ AVROPA HÜQUQUNUN HAZIRKI İŞƏ AİDİYYƏTİ OLAN ASPEKTLƏRİ
A. “Qaçqınların statusu haqqında” 1951-ci il Cenevrə Konvensiyası
22. İtaliya “Qaçqınların statusu haqqında” 1951-ci il Cenevrə Konvensiyasını (“Cenevrə Konvensiyası”) ratifikasiya etmişdir. Həmin konvensiyada dövlətin qaçqın statusunun alınması üçün müraciət edən şəxslərə bu statusu verməli olduğu hallar, habelə belə şəxslərin hüquq və vəzifələri müəyyən olunmuşdur. Konvensiyanın 1-ci maddəsinə və 33-cü maddəsinin 1-ci hissəsində aşağıdakılar nəzərdə tutulur:
Maddə 1
“Bu Konvensiyanın məqsədləri üçün “qaçqın” termini ... irqi, dini, vətəndaşlığı, müəyyən sosial qrupa mənsubiyyəti və ya siyasi əqidəsi üzündən təqibə məruz qalmaq əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənarda olan və həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya bu ehtiyatlara görə bu himayədən istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayan və həmin hadisələr nəticəsində əvvəllər daim yaşadığı ölkədən kənarda qalan və bu cür ehtiyatlara görə oraya qayıda bilməyən şəxs deməkdir.”
33-cü maddəni 1-ci hissəsi
“1. Razılığa gələn Dövlətlər qaçqını irqinə, dininə, vətəndaşlığına, müəyyən sosial qrupa mənsubiyyətinə, siyasi əqidəsinə görə həyat və ya azadlığını təhlükə gözləyən ölkənin sərhədlərinə heç vəchlə göndərməyəcək və ya qaytarmayacaq (“refouler”).”
23. İştirakçı dövlətlər tərəfindən Cenevrə Konvensiyasının necə tətbiq edilməsinin monitorinqini keçirməli olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Beynəlxalq Müdafiəyə dair 2001-ci il 13 sentyabr tarixli Qeydində (A/AC.96/951, § 16) göstərmişdir ki, 33-cü maddədə əks olunmuş geri qaytarmama (“non-refoulement”) prinsipi:
“... Konvensiyada təsbit olunmuş kardinal müdafiə prinsipidir və ona dair heç bir qeyd-şərt edilə bilməz. Həmin prinsip İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə tanınan sığınacaq üçün müraciət etmək hüququnu bir çox cəhətdən məntiqli şəkildə tamamlayır. O, hazırda bütün dövlətlər üçün məcburi olan beynəlxalq adət hüququnun bir norması kimi qəbul olunur. Bundan əlavə, insan hüquqlarına dair beynəlxalq hüquq geri qaytarmama prinsipinin işgəncə və qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın mütləq qadağan edilməsinin fundamental komponentlərindən biri olmasını müəyyən etmişdir. Həmçinin, şəxsi qaytarmamaq (not to refoule) vəzifəsi qaçqın statusunun rəsmi tanınıb-tanınmamasından asılı olmayaraq tətbiq edilir; beləliklə, bu prinsip sığınacaq üçün müraciət etmiş və statusu hələ müəyyən olunmamış şəxslərə də şamil olunur. Həmin prinsip dövlət tərəfindən görülən və sığınacaq üçün müraciət etmiş şəxsin və ya qaçqının onun həyat və ya azadlığını təhlükə gözləyən, yaxud onun təqibə məruz qalmaq riski ilə üzləşə biləcəyi ərazinin sərhədlərinə qaytarılması ilə nəticələnə biləcək istənilən tədbiri əhatə edir. Bu, istər sığınacaq axtaran ayrı-ayrı şəxslərə, istərsə də insanların kütləvi axını hallarına münasibətdə sərhəddən buraxılmama, saxlama və şəxsin başqa dövlətə dolayı qaytarılması (“indirect refoulement”) tədbirlərini ehtiva edir.
B. Dəniz hüququ üzrə BMT-nin 1982-ci il Konvensiyası (“Monteqo Bey Konvensiyası”)
24. Monteqo Bey Konvensiyasının müvafiq maddələrində aşağıdakılar nəzərdə tutulur:
Maddə 92
Gəmilərin statusu
“1. Gəmi yalnız bir dövlətin bayrağı altında üzə bilər və bu Konvensiyada xüsusi olaraq nəzərdə tutulmuş müstəsna hallardan başqa ona açıq sularda yalnız həmin dövlətin yurisdiksiyası şamil olunur...”
Maddə 94
Bayrağın mənsub olduğu dövlətin vəzifələri
“1. Hər bir dövlət onun bayrağı altında üzən gəmilər üzərində inzibati, texniki və sosial məsələlərdə effektiv yurisdiksiya və nəzarəti həyata keçirir.
...”
Maddə 98
Kömək etmək vəzifəsi
“1. Hər bir dövlət onun bayrağı altında üzən gəminin kapitanından, onun öz gəmisini, ekipajını və ya sərnişinlərini ciddi təhlükəyə məruz qoymadan edə biləcəyi dərəcədə, aşağıdakıları tələb edir:
a) dənizdə ölüm təhlükəsi qarşısında olan hər hansı bir şəxsə kömək etmək;
b) təhlükədə olan şəxslərin köməyə ehtiyacı barədə məlumat adlığı halda, belə bir addımın ondan gözlənilməsi ağlabatan dərəcədə mümkün olduqda, bu şəxsləri xilas etmək üçün mümkün olan ən yüksək surətlə hərəkət etmək;
...”
C. “Dənizdə axtarış və xilasetmə haqqında” 1979-cu il Beynəlxalq Konvensiyası (“SAR Konvensiyası”) (2004-cü ildə edilmiş dəyişikliklərlə)
25. SAR Konvensiyasının 3.1.9-cu maddəsində aşağıdakılar nəzərdə tutulur:
“Tərəflər dənizdə təhlükədə olan şəxsləri gəmiyə alaraq onlara yardım göstərməklə sonradan nəzərdə tutulmuş marşrutdan minimal dərəcədə yayınan gəmilərin kapitanlarının vəzifələrindən azad edilməsini təmin etmək məqsədi ilə öz fəaliyyətini əlaqələndirir və əməkdaşlıq edir, bir şərtlə ki, qəmi kapitanlarının öz vəzifələrindən azad edilməsi dənizdə insan həyatını təhlükəyə məruz qoymasın. Bu cür yardımın göstərildiyi axtarış və xilasetmə regionuna cavabdeh tərəf, hadisənin konkret halları və Təşkilatın (Beynəlxalq Dəniz Təşkilatı) işləyib hazırladığı rəhbər prinsiplər nəzərə alınmaqla, xilas olunmuş şəxslərin onlara yardım göstərmiş gəmindən düşürülərək təhlükəsiz yerə çatdırılmasını təmin etmək məqsədi ilə belə əlaqələndirmə və əməkdaşlığının həyata keçirilməsinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyır. Belə hallarda müvafiq tərəflər şəxslərin gəmidən düşürülməsini ağlabatan mümkün qədər qısa müddət ərzində təşkil edir.”
D. Birləşmiş Millətlər Təşkilatının Mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Miqrantların quru, su və hava yolları ilə sərhəddən qanunsuz keçirilməsinə dair” Protokol (“Palermo Protokolu”) (2000-ci il)
26. Palermo Protokolunun 19-cu maddəsinin 1-ci hissəsində aşağıdakılar nəzərdə tutulur:
“1. Bu Protokolda heç nə beynəlxalq hüquqa, beynəlxalq humanitar hüquqa və beynəlxalq insan hüquqları hüququna əsasən və xüsusilə onların tətbiq edildiyi hallarda, Qaçqınların statusuna dair 1951-ci il Konvensiyasına və 1967-ci il Protokoluna, həmçinin burada təsbit edilmiş geri qaytarmama prinsipinə əsasən dövlətlərin və ayrı-ayrı şəxslərin hüquqları, öhdəlikləri və məsuliyyəti məsələsinə toxunmur.”
E. Avropa Şurası Parlament Assambleyasının 1821 (2011) nömrəli Qətnaməsi
27. 2011-ci il 21 iyun tarixində Avropa Şurasının Parlament Assambleyası Sığınacaq axtaran şəxslərin, qaçqınların və qanunsuz miqrantların dənizdə saxlanılması və xilas edilməsinə dair Qətnaməni qəbul etmişdir. Qətnamədə aşağıdakılar nəzərdə tutulur:
“1. Avropanın cənub sərhədləri üzərində nəzarət regional prioritetə çevrilmişdir. Avropa qitəsi Afrikadan dəniz yolu ilə əsasən İtaliya, Malta, İspaniya, Yunanıstan və Kiprin ərazisindən Avropaya gələn nisbətən genişmiqyaslı miqrasiya axınları məsələsini həll etməlidir.
2. Miqrantlar, qaçqınlar, sığınacaq axtaranlar və digər şəxslər əksər hallarda dənizdə üzməyə yararlı olmayan gəmilərdə özlərini Avropanın cənub sərhədlərinə çatdırmaq üçün həyatlarını təhlükəyə məruz qoyurlar. Hər zaman qeyri-qanuni qaydada, əsasən bayraqsız üzən gəmilər vasitəsilə həyata keçirilən və sərnişinlərini insan qaçaqmalçılığı və insan alveri ilə məşğul olan dairələrin əlinə keçmək riski ilə üzləşdirən həmin reyslər özlərini Avropaya çatdırmaq üçün qanuni imkanlara və ilk növbədə, daha təhlükəsiz imkanlara malik olmayan bu şəxslərin ümidsiz vəziyyətini əks etdirir.
3. Dəniz yolu ilə gələn şəxslərin sayının son illər ərzində əhəmiyyətli dərəcədə azalmasına və nəticədə miqrasiya marşrutlarının dəyişməsinə (xüsusən Türkiyə ilə Yunanıstan arasındakı quru sərhədi istiqamətinə) baxmayaraq, Parlament Assambleyası inter alia özünün “Avropanın “qayıq adamları”: cənubi Avropaya dəniz yolu ilə gedən qarışıq miqrasiya axınları”na dair 1637 (2008) nömrəli Qətnaməsinə istinadən dəniz yolu ilə gedən həmin qarışıq miqrasiya axınları ilə bağlı problemləri həll etmək məqsədilə həyata keçirilən tədbirlərlə əlaqədar öz dərin narahatlığını bir daha ifadə edir. Dənizdə təhlükədə olan xeyli sayda insan xilas olunmuş, özünü Avropaya çatdırmağa cəhd edən bir çox insan isə geri qaytarılmış, lakin ölümlə nəticələnən halların uzun siyahısı – bu hallar qabaqcadan təxmin edilə bildiyi kimi də faciəlidir – hal-hazırda demək olar ki, gündə genişlənir.
4. Bununla yanaşı, Şimali Afrikadakı hadisələr nəticəsində son vaxtlarda İtaliyaya və Maltaya miqrantların gəlməsi göstərir ki, Avropa qeyri-qanuni miqrantların, sığınacaq axtaran şəxslərin və qaçqınların özünün cənubi sahillərinə mümkün genişmiqyaslı gəlişi ilə üzləşməyə hər zaman hazır olmalıdır.
5. Assambleya qeyd edir ki, bu şəxslərin dəniz yolu ilə gəlməsini nizama salmaq üçün görülən tədbirlər çoxsaylı problemlərə səbəb olur, onlardan beşi xüsusi narahatlıq doğurur:
5.1. bu sahədə tətbiq edilən və dövlətlərin və ayrı-ayrı şəxslərin bu sahədə hüquq və vəzifələrini qənaətbəxş şəkildə təsbit edən bir sıra müvafiq beynəlxalq sənədlərə baxmayaraq, həmin sənədlərin məzmununun müxtəlif şərhləri mövcuddur. Bəzi dövlətlər konkret hallara münasibətdə öz vəzifələrinin mahiyyət və həcmi ilə razılaşmır, digər dövlətlər isə həmçinin geri qaytarmama prinsipinin açıq sularda tətbiqini sual altına qoyur;
5.2. dənizdə saxlama zamanı xilas olunmuş şəxslərin qısa bir vaxtda “təhlükəsiz yer”də düşürülməsi mütləq prioritet olsa da, bütün üzv dövlətlər “təhlükəsiz yer” anlayışını eyni şəkildə şərh etmir. Buna baxmayaraq, aydındır ki, “təhlükəsiz yer”in anlayışı yalnız insanların fiziki müdafiəsi ilə məhdudlaşmamalı, zəruri olaraq onların fundamental hüquqlarına riayət olunmasını ehtiva etməlidir;
5.3. bu cür ziddiyyətlər xüsusən xilasetmə tədbirlərini ləngitməklə və ya onlara mane olmaqla xilas edilməli şəxslərin həyatı üçün birbaşa təhlükə yaradır; eyni zamanda onlar dənizçiləri dənizdə təhlükədə olan şəxsləri xilas etməkdən çəkindirə bilər. Bundan əlavə, onlar bir sıra şəxslərə, o cümlədən beynəlxalq müdafiəyə ehtiyacı olan bəzi şəxslərə münasibətdə geri qaytarmama prinsipinin pozulmasına səbəb ola bilər;
5.4. Avropa İttifaqının Üzv Dövlətlərinin Xarici Sərhədlərində Əməliyyatlarla bağlı Əməkdaşlığının Əlaqələndirilməsi üzrə Avropa Agentliyinin (“Frontex”) qeyri-qanuni miqrantların dənizdə saxlanılmasında daim artan rol oynadığına baxmayaraq, beynəlxalq hüquqdan və Avropa İttifaqı hüququndan irəli gələn insan hüquqları və öhdəlikləri ilə bağlı təminatlar bu qurumun əlaqələndirdiyi birgə əməliyyatlar kontekstində hələ ki, adekvat deyildir;
5.5. nəhayət, qeyri-qanuni miqrantların, qaçqınların və sığınacaq axtaran şəxslərin dəniz yolu ilə gəlməsi Avropa İttifaqının cənubi sərhədlərində yerləşən dövlətlərin üzərinə qeyri-proporsional yük qoyur. Avropa dövlətləri arasında miqrasiya sahəsində vəzifələrin daha ədalətli şəkildə bölüşdürülməsi və daha böyük birliyə nail olunması məqsədi hələ ki, əlçatmazdır.
6. Miqrasiya axınlarının qarışıq xarakteri vəziyyəti daha da mürəkkəbləşdirir və bu səbəbdən xilas olunmuş şəxslərin müdafiəsi məsələlərini nəzərə alan və onların statusuna uyğun olan xüsusi və məqsədyönlü cavab tədbirlərinin görülməsini tələb edir. Dövlətlər qeyri-qanuni miqrantların, qaçqınların və sığınacaq axtaran şəxslərin dəniz yolu ilə gəlməsinə adekvat və müvafiq beynəlxalq standartlara uyğun şəkildə cavab vermək üçün miqrasiya məsələlərinin tənzimlənməsi ilə bağlı siyasət və tədbirləri həyata keçirərkən bu aspekti nəzərə almalıdır.
7. Assambleya üzv dövlətlərə onların beynəlxalq hüquqdan, o cümlədən İnsan Hüquqları üzrə Avropa Konvensiyası (ETS №. 5), Dəniz hüququ üzrə BMT-nin 1982-ci il Konvensiyası və “Qaçqınların statusu haqqında” 1951-ci il Cenevrə Konvensiyasından irəli gələn öhdəliklərini, xüsusilə geri qaytarmama prinsipini və sığınacaq axtarmaq hüququnu xatırlatmaq istəyir. Assambleya həmçinin “Dənizdə insan həyatının mühafizəsinə dair” 1974-cü il və “Dənizdə axtarış və xilasetmə haqqında” 1979-cu il beynəlxalq konvensiyalarına qoşulmuş dövlətlərə onların bu sənədlərdən irəli gələn öhdəliklərini bir daha xatırlatmaq istəyir.
8. Nəhayət və hər şeydən əvvəl, Assambleya üzv dövlətlərə xatırladır ki, onların dənizdə təhlükədə olan şəxslərin cüzi yubanma olmadan xilas edilməsi ilə bağlı həm mənəvi, həm də hüquqi öhdəliyi var. Assambleya BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (BMTQAK) geri qaytarmama prinsipinin açıq sularda da tətbiq edildiyini bildirən şərhini bir daha birmənalı şəkildə qeyd edir. Açıq sular dövlətlərin öz hüquqi öhdəliklərindən, o cümlədən insan hüquqlarına dair beynəlxalq hüquqdan və qaçqınların statusunu tənzimləyən beynəlxalq hüquqdan irəli gələn öhdəliklərindən azad edildiyi bir məkan deyildir.
9. Beləliklə, Assambleya özünün üzv dövlətlərini de jure və ya de facto yurisdiksiyasını həyata keçirərkən istər insan qaçaqmalçılığının və insan alverinin qarşısının alınması, istərsə də sərhəd nəzarətinin təmin edilməsi kontekstində dəniz sərhədlərinə nəzarətlə bağlı əməliyyatları apardıqları zaman aşağıdakıları etməyə çağırır:
9.1. dənizdə təhlükədə olan insanların xilas edilməsi ilə bağlı öz öhdəliklərini heç bir istisna və hər hansı yubanma olmadan icra etmək;
9.2. sərhəd nəzarətinin təmin edilməsi ilə bağlı siyasət və tədbirlərin, o cümlədən saxlama ilə bağlı tədbirlərin həyata keçirilməsi zamanı dəniz sərhədlərini keçməyə cəhd edən şəxslərin axınlarının qarışıq xarakterinin nəzərə alınmasını təmin etmək;
9.3. saxlama ilə bağlı tədbirlərin öz ərazi sularında, ikitərəfli ad hoc razılaşmaya əsasən digər dövlətin ərazi sularında və ya açıq sularda həyata keçirilməsindən asılı olmayaraq, bütün saxlanılmış şəxslərlə insani rəftarı və onların insan hüquqlarına, o cümlədən geri qaytarmama prinsipinə sistemli şəkildə hörmət olunmasını təmin etmək;
9.4. BMTQAK-ın geri qaytarmama prinsipinin ekstraterritorial tətbiqi ilə bağlı şərhinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müvafiq qərarlarına uyğun olaraq şəxsin birbaşa və ya dolayı geri qaytarılmasını (“direct or indirect refoulement”) təşkil edə bilən hər hansı hərəkətlərdən çəkinmək;
9.5. xilas olunmuş şəxslərin qısa bir vaxtda “təhlükəsiz yer”də düşürülməsini prioritet qaydada həyata keçirmək, habelə, “təhlükəsizlik” anlayışı yalnız fiziki təhlükədən mühafizə ilə məhdudlaşmayaraq həmçinin təklif olunan düşürülmə yerində insan hüquqları ölçüsünü əhatə etməli olduğuna görə, “təhlükəsiz yer” anlayışını düşürülmüş şəxslərin təxirəsalınmaz ehtiyaclarının təmin edilə biləcəyi və onların fundamental hüquqlarına hər hansı yolla xələl gətirilməyəcəyi yer kimi şərh etmək;
9.6. beynəlxalq müdafiəyə ehtiyacı olan saxlanılmış şəxslərin sığınacaq üçün müraciətlərə baxılması üzrə ədalətli və səmərəli mexanizmdən istifadə etmək imkanını təmin etmək;
9.7. insan alverinin qurbanı olan və yaxud insan alverinin qurbanı olmaq riski ilə üzləşmiş saxlanılmış şəxslərin müdafiə və yardım, o cümlədən sığınacaq üçün müraciətlərə baxılması mexanizmlərindən istifadə etmək imkanını təmin etmək;
9.8. saxlanılmış şəxslərin saxlanma mərkəzində yerləşdirilməsinə icazənin (bu tədbir heç vaxt yetkinlik yaşına çatmayanlara və həssas qruplara mənsub şəxslərə tətbiq olunmamalıdır) onların statusundan asılı olmayaraq məhkəmə hakimiyyəti orqanı tərəfindən yalnız zəruri və qanunvericilikdə nəzərdə tutulmuş hallarda və başqa münasib alternativ olmadıqda verilməsini və belə yerləşdirmənin Parlament Assambleyasının “Avropada sığınacaq axtaran şəxslərin və qeyri-qanuni miqrantların saxlanması haqqında” 1707 (2010) nömrəli Qətnaməsində təsbit olunmuş minimal standart və prinsiplərinə uyğun qaydada həyata keçirilməsini təmin etmək;
9.9. üçüncü dövlətlərlə bağlanmış hər hansı ikitərəfli sazişlər saxlanılmış şəxslərin insan hüquqlarını, xüsusilə, sığınacaq üçün müraciətlərə baxılması mexanizmindən istifadə etmək hüququnu müvafiq qaydada təmin etmədikdə və nəticədə geri qaytarmama prinsipinin pozulması mümkün olduqda, həmin sazişlərin icrasının dayandırmaq və insan hüquqları ilə bağlı təminatları və onların müntəzəm və səmərəli monitorinqi üzrə tədbirləri təsbit edən yeni ikitərəfli sazişləri bağlamaq;
9.10. əgər onlar bunu hələ etməyiblərsə, yuxarıda göstərilən müvafiq beynəlxalq sənədləri imzalamaq və ratifikasiya etmək və Beynəlxalq Dəniz Təşkilatının (BDT) Dənizdə xilas olunmuş şəxslərlə rəftara dair Rəhbər Prinsiplərini nəzərə almaq;
9.11. əgər onlar bunu hələ etməyiblərsə, Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasını (CETS № 197) və Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasının “Palermo Protokollarını” (2000-ci il) imzalamaq və ratifikasiya etmək;
9.12. dəniz sərhədlərinə nəzarətlə bağlı əməliyyatların və sərhəd nəzarəti tədbirlərinin qaçqınlar, vətəndaşlığı olmayan şəxslər, qadınlar və müşayiət edilməyən uşaqlar, miqrantlar, insan alverinin qurbanları və ya insan alverinin qurbanı olmaq riski ilə üzləşmiş şəxslər, yaxud işgəncələrin və psixi sarsıntının qurbanları kimi həssas kateqoriyalara mənsub şəxslər üçün beynəlxalq hüquqda nəzərdə tutulmuş xüsusi müdafiə tədbirlərinə təsir etməyəcəyini təmin etmək.
10. Assambleya Avropa İttifaqı dövlətlərinin və “Frontex”-in müvafiq vəzifələri ilə əlaqədar aydınlığın olmamasından və həmin qurumun əlaqələndirdiyi birgə əməliyyatlar çərçivəsində fundamental insan hüquqlarına və beynəlxalq standartlara riayət olunması ilə bağlı adekvat təminatların mövcud olmamasından narahatdır. Assambleya fundamental hüquqlara tam riayət olunmasının təminatlarını gücləndirmək məqsədi ilə bu agentliyin fəaliyyətini tənzimləyən qaydaların dəyişdirilməsinə dair Avropa Komissiyasının təkliflərini alqışlayaraq, eyni zamanda onların kifayət etmədiyini hesab edir və xüsusilə fundamental hüquqlara aid məsələlərdə Avropa Parlamentinə agentliyin fəaliyyəti üzərində demokratik nəzarətlə bağlı səlahiyyətlərin verilməsini arzulayır.
11. Assambleya həmçinin ümidsiz insanları Avropaya üz tutan gəmilərə minməklə həyatlarını təhlükəyə məruz qoymağa məcbur edən əsas səbəblərin aradan qaldırılması üçün səylər göstərilməsini vacib hesab edir. Assambleya bütün üzv dövlətləri potensial immiqrantların və sığınacaq axtaran şəxslərin mənşə ölkələrində sülhün, hüququn aliliyinin və rifahın dəstəklənməsi üzrə səylərini artırmağa çağırır.
12. Nəhayət, qeyri-qanuni miqrantların dəniz yolu ilə gedən qarışıq axınlarının sahilboyu dövlətlər üçün doğurduğu ciddi çağırışları nəzərə almaqla, Assambleya beynəlxalq birliyi, xüsusən Beynəlxalq Dəniz Təşkilatını, BMT-nin Qaçqınlar üzrə Ali Komissarını, Beynəlxalq Miqrasiya Təşkilatını, Avropa Şurasını və Avropa İttifaqını (o cümlədən “Frontex”-i və Sığınacaq məsələləri üzrə Avropa Bürosunu (“European Asylum Support Office”)) aşağıdakı tədbirlər görməyə çağırır:
12.1. qeyd edilən dövlətlərə tələb olunan istənilən yardımı həmrəylik və vəzifələrin bölüşdürülməsi ruhunda göstərmək;
12.2. inter alia, əsas termin və normaların tərifləri və mahiyyəti üzrə razılaşmanın əldə olunması yolu ilə beynəlxalq dəniz hüququna ardıcıl və uyğunlaşdırılmış yanaşmanın təmin edilməsi üçün Beynəlxalq Dəniz Təşkilatının himayəsi altında konkret səylər göstərmək;
12.3. qeyri-qanuni immiqrantların dənizdə saxlanılması sahəsində əsas problemlərin, o cümlədən hazırkı qətnamədə göstərilən beş problemin öyrənilməsi və həll edilməsi, aydın prioritetlərin müəyyən edilməsi, dövlətlərin və digər müvafiq subyektlərin istiqamətləndirilməsi, qeyri-qanuni immiqrantların dənizdə saxlanılması ilə bağlı tədbirlərin tətbiqinin monitorinqi və qiymətləndirilməsinin həyata keçirilməsi məqsədi ilə qurumlararası qrupu yaratmaq. Həmin qrupun tərkibinə Beynəlxalq Dəniz Təşkilatının, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Ofisinin, Beynəlxalq Miqrasiya Təşkilatının, Avropa Şurasının, “Frontex”-in və Sığınacaq məsələləri üzrə Avropa Bürosunun üzvləri daxil olmalıdır.”
F. Avropa İttifaqının hüququ
1. "Əsas hüquqlar haqqında” Avropa Birliyinin Xartiyası (2000-ci il)
28. “Əsas hüquqlar haqqında” Avropa Birliyi Xartiyasının 19-cu maddəsində aşağıdakılar nəzərdə tutulur:
Çıxarma, deportasiya və ya ekstradisiya ilə əlaqədar müdafiə
“1. Kollektiv şəkildə çıxarmalar qadağandır.
2. Heç kəs ölüm cəzası, işgəncə və ya digər qeyri-insani və ya ləyaqəti alçaldan rəftar, yaxud cəzaya məruz qala biləcəyi riskinin ciddi olduğu dövlətə çıxarıla, deportasiya və ya ekstradisiya edilə bilməz.”
2. 1985-ci ilin Şengen Sazişi
29. Şengen Sazişinin 17-ci maddəsində aşağıdakılar nəzərdə tutulur:
“Şəxslərin hərəkət etməsi sahəsində Tərəflər ümumi sərhədlərində yoxlamaları ləğv etmək və onları xarici sərhədlərinə keçirmək üçün səy göstərəcək. Bu məqsədlə onlar, zərurət olduqda, yoxlamaların əsasını təşkil edən qadağa və məhdudiyyətlərlə bağlı qanunları və inzibati müddəaları qabaqcadan uyğunlaşdırmaq, habelə təhlükəsizliyi təmin etmək və Avropa Birliklərinin üzvləri olmayan dövlətlərin vətəndaşları tərəfindən qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparmaq üçün əlavə tədbirlər həyata keçirəcək.”
3. Avropa İttifaqının Üzv Dövlətlərinin Xarici Sərhədlərində Əməliyyatlarla bağlı Əməkdaşlığının Əlaqələndirilməsi üzrə Avropa Agentliyini (“FRONTEX”) təsis edən Avropa İttifaqı Şurasının 2007/2004 nömrəli 2004-cü il 26 oktyabr tarixli Qaydası
30. 2007/2004 nömrəli Qaydada aşağıdakı müddəalar təsbit olunmuşdur:
“(1) Avropa İttifaqının xarici sərhədləri sahəsində Birliyin siyasəti Avropa İttifaqı daxilində insanların hərəkət etmək sərbəstliyinin zəruri tamamlanması, habelə azadlıq, təhlükəsizlik və ədalət məkanının fundamental elementlərindən biri olan vahid və yüksək səviyyəli nəzarəti təmin edən birgə idarəçiliyə nail olunmasına yönəlmişdir. Bu məqsədlə xarici sərhədlər üzərində nəzarətin standart və proseduralarına dair ümumi qaydaların müəyyən edilməsi nəzərdə tutulur.
(2) Ümumi qaydaların səmərəli tətbiqi Üzv Dövlətlər arasında əməliyyatlar üzrə əməkdaşlığın əlaqələndirilməsinin gücləndirilməsini tələb edir.
(3) Şura nəzdində fəaliyyət göstərən Xarici Sərhədlər üzrə Mütəxəssislərin Ümumi Bölməsinin təcrübəsi nəzərə alınmaqla, Üzv Dövlətlər arasında əməliyyatlar üzrə əməkdaşlığın əlaqələndirilməsinə məsul olan ixtisaslaşmış ekspert orqanı - Avropa İttifaqının Üzv Dövlətlərinin Xarici Sərhədlərində Əməliyyatlarla bağlı Əməkdaşlığının Əlaqələndirilməsi üzrə Avropa Agentliyi (bundan sonra “Agentlik” adlandırılacaq) formasında - təsis edilməlidir.
(4) Xarici sərhədlər üzərində nəzarətin həyata keçirilməsinə görə məsuliyyət Üzv Dövlətlər üzərinə düşür. Agentlik xarici sərhədlərin idarə olunması sahəsində Birliyin mövcud və gələcək tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar Üzv Dövlətlərin fəaliyyətlərinin əlaqələndirilməsini təmin etməklə həmin tədbirlərin tətbiqini irəlilətməlidir.
(5) Üzv Dövlətlərin coğrafi yerləşməsindən asılı olmayaraq, xarici sərhədlər üzərində səmərəli nəzarət onlar üçün son dərəcədə böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən Üzv Dövlətlər arasında xarici sərhədlərin idarə olunması sahəsində həmrəyliyin təmin edilməsinin təşviqinə ehtiyac var. Üzv Dövlətlərin ərazisinə qeyri-qanuni yollarla daxil olmuş üçüncü ölkələr vətəndaşlarının həmin ölkələrə qaytarılması daxil olmaqla, xarici sərhədlərin idarə olunmasının əməliyyat aspektlərinin implementasiyasında Üzv Dövlətlərə yardım göstərən Agentliyin təsis edilməsi bu istiqamətdə mühüm addımlardan biridir.”
4. “İnsanların sərhədlərdən keçməsinin rejimi haqqında” Avropa Birliyinin Məcəlləsini (“Sərhədlər haqqında” Şengen Məcəlləsi) təsdiq edən Avropa Parlamentinin və Avropa İttifaqı Şurasının 2006-cı il 15 mart tarixli (EC) 562/2006 nömrəli Qaydası
31. (EC) 562/2006 nömrəli Qaydanın 3-cü maddəsində aşağıdakılar nəzərdə tutulur:
“Hazırkı Qayda aşağıda göstərilən hüquqlara xələl gətirmədən Üzv Dövlətin daxili və ya xarici sərhədlərini keçən istənilən şəxs barəsində tətbiq edilir:
(a) Birliyin sərbəst hərəkət etmək hüququndan istifadə edən şəxslərin hüquqları;
(b) qaçqınların və beynəlxalq müdafiə axtaran şəxslərin hüquqları, xüsusən geri qaytarmama ilə bağlı hüquqlar.”
5. “Sərhədlər haqqında” Şengen Məcəlləsini Avropa İttifaqının Üzv Dövlətlərinin Xarici Sərhədlərində Əməliyyatlarla bağlı Əməkdaşlığının Əlaqələndirilməsi üzrə Avropa Agentliyinin əlaqələndirdiyi əməliyyat əməkdaşlığı kontekstində xarici dəniz sərhədləri üzərində nəzarət ilə bağlı müddəalarla tamamlayan Avropa İttifaqı Şurasının 2010-cu il 26 aprel tarixli Qərarı (2010/252/EU)
32. Avropa İttifaqı Şurasının 2010-cu il 26 aprel tarixli Qərarına Əlavədə aşağıdakılar qeyd olunur:
“Agentliyin [FRONTEX] dəniz sərhədlərində əlaqələndirdiyi əməliyyatlara dair Qaydalar
1. Ümumi prinsiplər
1.1. Sərhəd nəzarəti üzrə əməliyyat ilə bağlı tətbiq edilən tədbirlər fundamental hüquqlara uyğun və saxlanılmış və ya xilas edilmiş şəxsləri, habelə əməliyyatda iştirak edən bölmələri təhlükəyə məruz qoymayan üsulla həyata keçirilməlidir.
1.2. Heç kəs geri qaytarmama prinsipinə zidd olaraq hər hansı ölkədə gəmidən çıxarıla və ya hər hansı başqa yolla bu ölkənin hakimiyyət orqanlarına təhvil verilə, habelə həmin prinsipə zidd olaraq digər ölkəyə deportasiya olunmaq və ya qaytarılmaq riskinin mövcud olduğu ölkədə gəmidən çıxarıla və ya hər hansı başqa yolla bu ölkənin hakimiyyət orqanlarına təhvil verilə bilməz. Hazırkı Qaydaların 1.1-ci bəndinə xələl gətirmədən, saxlanılmış və ya xilas edilmiş şəxslərə müvafiq tərzdə məlumat verilməlidir ki, onlar təklif olunan yerdə gəmidən çıxarılacağının geri qaytarmama prinsipinə zidd olacağını güman etməyə hər hansı əsaslarının olduğunu ifadə edə bilsinlər.
1.3. Əməliyyatın həyata keçirilməsi zamanı uşaqların, insan alveri qurbanlarının, təcili tibbi yardıma ehtiyacı olan şəxslərin, beynəlxalq müdafiəyə ehtiyacı olan şəxslərin və olduqca həssas vəziyyətdə olan digər şəxslərin tələbatlarına diqqət yetirilməlidir.
1.4. Üzv Dövlətlər nəzarət üzrə əməliyyatda iştirak edən sərhədçilərin müvafiq insan hüquqları və qaçqınların statusunu tənzimləyən hüququn müvafiq müddəaları ilə bağlı biliklərə malik olmasını, habelə axtarış və xilasetmə üzrə beynəlxalq rejimlə tanış olmasını təmin etməlidir.”
IV. İTALİYA TƏRƏFİNDƏN AÇIQ SULARDA HƏYATA KEÇİRİLƏN SAXLAMALARA VƏ LİVİYADAKI VƏZİYYƏTƏ DAİR BEYNƏLXALQ MATERİALLAR
A. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarının mətbuat üçün bəyanatı
33. 2009-cu il mayın 7-də BMTQAK mətbuat üçün aşağıdakı bəyanat vermişdir:
“Cümə axşamı günü BMTQAK İtaliyanın patrul gəmiləri tərəfindən çərşənbə günü Maltanın cavabdehliyində olan axtarış-xilasetmə regionunda (SAR) xilas edilmiş və müdafiəyə ehtiyacının olub-olmamasının zəruri qiymətləndirməsi aparılmadan Liviyaya qaytarılmış 230 şəxsin taleyi ilə əlaqədar dərin narahatlığını ifadə etmişdir. Xilasetmə əməliyyatı İtaliyanın Lampeduza adasından cənub istiqamətində 35 dəniz mili məsafəsində, lakin Maltanın cavabdehliyində olan axtarış-xilasetmə regionunda həyata keçirilmişdir.
Xilas edilmiş şəxslərin Liviyaya doğru istiqamətləndirilməsi təhlükədə olmuş üç gəmidəki insanların xilas edilməsinə və gəmilərdən çıxarılmasına görə kimin məsul olması ilə bağlı Malta və İtaliya hakimiyyətləri arasında bir gün davam edən qızğın müzakirələrdən sonra baş tutmuşdur. Gəmilər Lampeduza adasına daha yaxın məsafədə olmasına baxmayaraq, Maltanın cavabdehliyində olan axtarış-xilasetmə regionunda saxlanılmışdır.
Gəmilərdə olmuş şəxslərin vətəndaşlığı barədə hər hansı məlumat olmasa da, çox güman ki, həmin insanlar arasında beynəlxalq müdafiəyə ehtiyacı olanlar var. 2008-ci ildə İtaliyaya dəniz yolu ilə gəlmiş şəxslərin təxminən 75 faizi sığınacaq üçün müraciət etmiş və bu şəxslərin 50 faizinin bu və ya digər formada müdafiəsi təmin edilmişdir.
“Mən İtaliya və Malta hakimiyyətlərini çağırıram ki, dənizdə xilas edilmiş və beynəlxalq müdafiəyə ehtiyacı olan şəxslərin bu ölkələrin ərazilərinə daxil olmaq və sığınacaq verilməsi proseduralarından istifadə etmək imkanlarının tam həcmdə təmin edilməsi üzrə tədbirlərini davam etdirsinlər” - BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterres bildirmişdir.
Bu hadisə İtaliya hökumətinin siyasətində əhəmiyyətli dəyişikliklərin baş verdiyini göstərməklə çox ciddi narahatlıq doğurur. BMTQAK hadisə ətrafında şəffaflığın çatışmazlığından çox təəssüf edir.
“Biz müharibədən və təqiblərdən qaçan insanların 1951-ci il Cenevrə Konvensiyasına uyğun şəkildə müdafiəsini təmin etmək məqsədi ilə Lampeduzada və digər yerlərdə İtaliyanın hakimiyyət orqanları ilə yaxından işləmişik” - BMTQAK-ın Romadakı nümayəndəsi Loran Jol bildirmişdir. “Geri qaytarmama prinsipinə tam həcmdə riayət olunmasının təmin edilməsi fundamental əhəmiyyət kəsb edir”.
Bundan əlavə, Liviya “Qaçqınların statusu haqqında” BMT-nin 1951-ci il Konvensiyasını imzalamamış və bu ölkədə sığınacaq verilməsi sahəsində işlək sistem mövcud deyildir. BMTQAK İtaliya hakimiyyət orqanlarını öz qərarına yenidən baxmağa və belə tədbirləri gələcəkdə təkrarlamaqdan çəkinməyə çağırır.”
B. Avropa Komissiyasının vitse-prezidenti cənab Jak Barronun 2009-cu il 15 iyul tarixli məktubu
34. 2009-cu il iyulun 15-də cənab Jak Barro “İtaliyanın hakimiyyət orqanları tərəfindən miqrantların müxtəlif qruplarının dəniz yolu ilə Liviyaya qaytarılması”na dair hüquqi rəy üçün sorğuya cavab olaraq Avropa Parlamentinin Vətəndaş Azadlıqları, Ədalət və Daxili İşlər Komitəsinin sədrinə məktub yazmışdır. Həmin məktubda Avropa Komissiyasının vitse-prezidenti öz fikirlərini aşağıdakı formada ifadə etmişdir:
“Komissiyada olan məlumata görə, sözügedən miqrantlar açıq sularda saxlanılmışlar.
Üzv dövlətlərin ərazisinə qanunsuz olaraq daxil olmağa cəhd edən üçüncü dövlətlər vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin vəziyyəti ilə əlaqədar - onlardan bəzilərinin beynəlxalq müdafiəyə ehtiyacı ola bilər - Avropa Birliyinin iki qrup qaydaları nəzərdən keçirilməlidir.
Birincisi, sığınacaq verilməsi sahəsində Avropa Birliyinin qaydaları (acquis), “Əsas hüquqlar haqqında” Avropa İttifaqı Xartiyasının 18-ci maddəsində nəzərdə tutulduğu kimi və “Qaçqınların statusu haqqında” 1951-ci il Cenevrə Konvensiyasına və digər müvafiq sazişlərə uyğun olaraq sığınacaq almaq hüququnun təmin edilməsinə yönəlmişdir. Lakin, həmin qaydalar, o cümlədən Sığınacaq verilməsi proseduralarına dair 2005-ci ilin Direktivi, yalnız Üzv Dövlətlərin ərazisində verilmiş sığınacaq almaq barədə müraciətlərə tətbiq edilir. Bu ərazilərə sərhədlər, tranzit zonaları və dəniz sərhədləri kontekstində Üzv Dövlətlərin ərazi suları daxildir. Beləliklə, hüquqi cəhətdən tam aydındır ki, sığınacaq verilməsi sahəsində Avropa Birliyinin qaydaları açıq sularda baş vermiş hadisələrə şamil olunmur.
İkincisi, “Sərhədlər haqqında” Şengen Məcəlləsi Üzv Dövlətlərdən inter alia sərhədi qanunsuz keçmə hallarının qarşısını almaq məqsədi ilə sərhədlər üzrə nəzarətin həyata keçirilməsini tələb edir (Avropa Birliyinin 562/2006 nömrəli Qaydasının (“Şengen Məcəlləsi”) 12-ci maddəsi). Lakin, Avropa Birliyinin bu öhdəliyi geri qaytarmama prinsipinə uyğun şəkildə, qaçqınların və beynəlxalq müdafiəyə ehtiyacı olan digər şəxslərin hüquqlarına xələl gətirmədən icra olunmalıdır.
Komissiya hesab edir ki, dənizdə sərhəd nəzarəti ilə bağlı istər ərazi sularda, istərsə də bitişik zonada və ya müstəsna iqtisadi zonada, yaxud açıq sularda həyata keçirilən tədbirlər Şengen Məcəlləsinin tətbiqi dairəsinə düşür. Bununla əlaqədar apardığımız ilkin hüquqi təhlil göstərir ki, italiyalı sərhədçilərin həyata keçirdikləri tədbirlər nəticəsində sözügedən şəxslərin qanunsuz olaraq xarici dəniz sərhədini keçməsinin qarşısı alınmış və onlar çıxış etdikləri üçüncü ölkəyə qaytarılmış və bu səbəbdən həmin tədbirlər Şengen Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulmuş “sərhəd nəzarəti” anlayışına uyğundur. Avropa Birliyinin Ədalət Məhkəməsinin presedent hüququna müvafiq olaraq, Birliyin öhdəlikləri onun hüququnun ümumi prinsiplərinin tərkib hissəsini təşkil edən fundamental hüquqlara uyğun şəkildə tətbiq edilməlidir. Məhkəmə həmçinin izah etmişdir ki, qeyd olunan hüquqların Avropa Birliyinin hüquq sistemi çərçivəsində tətbiqi dairəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) presedent hüququ nəzərə alınmaqla müəyyən edilməlidir.
İHAM-ın verdiyi şərhə əsasən, geri qaytarmama prinsipi o deməkdir ki, Dövlətlər hər hansı şəxsi işgəncəyə və ya qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qalmaq riski ilə üzləşə biləcəyi ölkəyə qaytarmaqdan (birbaşa və ya dolayı yolla) çəkinməlidir. Bundan əlavə, Dövlətlər qaçqınları onların həyatı və ya azadlığı irqinə, dininə, milliyyətinə, müəyyən sosial qrupa mənsubiyyətinə və ya siyasi baxışlarına görə təhlükəyə məruz qala biləcəyi ərazilərə qaytara bilməz. Şengen Məcəlləsinə uyğun olaraq istənilən formada sərhəd nəzarəti, o cümlədən açıq sularda sərhəd nəzarəti həyata keçirilərkən bu öhdəliyə riayət olunmalıdır. İHAM-ın presedent hüququnda nəzərdə tutulur ki, hər hansı Dövlətin gəmisinin açıq sularda apardığı əməliyyatlar ekstraterritorial yurisdiksiya hallarını təşkil etməklə həmin Dövlətin məsuliyyəti məsələsini ortaya çıxara bilər.
Avropa Birliyinin yurisdiksiyası ilə bağlı yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, Komissiya İtaliyanın hakimiyyət orqanlarından sözügedən şəxslərin Liviyaya qaytarılmasının faktiki halları, habelə bu iki ölkə arasında ikitərəfli sazişlərin icrası zamanı geri qaytarmama prinsipinə riayət olunmasının təmin edilməsi üçün tətbiq edilən müddəalar barədə əlavə məlumatların verilməsini xahiş etmişdir.”
C. İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin hesabatı
35. İşgəncələrin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzaların Qarşısının Alınması üzrə Avropa Komitəsinin (İQK) nümayəndə heyəti 2009-cu il iyulun 27-dən 31-dək İtaliyada səfərdə olmuşdur. Səfər zamanı nümayəndə heyəti İtaliya hökumətinin ölkənin cənub dəniz sərhədinə yaxınlaşan miqrantların dənizdə saxlanılması və Liviyaya qaytarılması ilə bağlı yeni siyasətindən irəli gələn müxtəlif məsələləri nəzərdən keçirmişdir. Xüsusən, nümayəndə heyəti diqqətini heç bir şəxsin işgəncəyə və ya pis rəftara məruz qalmaq riskinin mövcudluğunu güman etmək üçün kifayət qədər ciddi əsasların olduğu ölkəyə göndərilməyəcəyi ilə əlaqədar təminatlar sistemi üzərində cəmləşdirmişdir.
36. 2010-cu il aprelin 28-də açıqladığı hesabatda İQK belə qənaətə gəlmişdir ki, İtaliyanın miqrantların dənizdə saxlanılması və onların Liviyaya və ya digər qeyri-Avropa ölkələrinə qayıtmağa məcbur edilməsi ilə bağlı siyasəti geri qaytarmama prinsipini pozmuşdur. Komitə vurğulamışdır ki, İtaliyanın öz yurisdiksiyasını həyata keçirdiyi bütün hallarda, ö cümlədən onun gəmiləri və ekipajları vasitəsilə hətta ölkə ərazisindən kənarda sərhədlərin mühafizəsi və ya dənizdə xilasetmə ilə bağlı əməliyyatlar həyata keçirdiyi hallarda geri qaytarmama prinsipinə riayət etmək öhdəliyi vardır. Bundan əlavə, İtaliyanın yurisdiksiyası altında olan bütün şəxslərin beynəlxalq müdafiə əldə etmək məqsədilə müraciət etmələri üçün müvafiq imkan və vasitələr təmin olunmalıdır. İQK-də olan məlumat göstərir ki, nəzərdən keçirilmiş dövr ərzində İtaliyanın hakimiyyət orqanları tərəfindən dənizdə saxlanılmış miqrantlara belə imkan və vasitələr təqdim olunmamışdır. Əksinə, 2009-cu ilin may ayından iyul ayınadək olan dövr ərzində keçirilmiş əməliyyatlar nəticəsində Liviyaya qaytarılmış şəxslərin onların məsələsinə fərdi qaydada baxılması hüququ və qaçqınların müdafiəsi sistemindən yararlanmaq imkanı təmin olunmamışdır. Bununla əlaqədar İQK qeyd etmişdir ki, gəmi səfərindən sağ çıxmış insanların vəziyyəti olduqca həssas olmuşdur və onlar bir çox hallarda elə bir vəziyyətdə olmuşlar ki, onların dərhal sığınacaq almaq istəklərini bəyan etmələri gözlənilməməli idi.
İQK-nın hesabatına əsasən, Liviya insan hüquqları və qaçqınların statusunu tənzimləyən hüquq baxımından təhlükəsiz ölkə hesab edilə bilməz; Liviyada həbs edilərək saxlanılan şəxslərin, o cümlədən miqrantların - onlar həmçinin digər ölkələrə deportasiya oluna bilərlər - vəziyyəti Liviyaya qaytarılan insanların pis rəftara məruz qalmaq riski altında olmalarını göstərir.
D. “Human Rights Watch” təşkilatının hesabatı
37. 2009-cu il sentyabrın 21-də dərc olunmuş “Qaytarılmış, kobud rəftar edilmiş insanlar: İtaliya tərəfindən gəmi miqrantlarının və sığınacaq axtaranların məcburi geri qaytarılması, Liviya tərəfindən miqrantlar və sığınacaq axtaranlar ilə kobud rəftar edilməsi” adlı böyük həcmli hesabatda “Human Rights Watch” təşkilatı İtaliya tərəfindən miqrantlarla dolu gəmilərin açıq sularda saxlanılması və heç bir qiymətləndirmə aparılmadan onların Liviyaya istiqamətləndirilməsi praktikasını pisləmişdir. Qeyd edilən hesabat həmçinin 2006-cı ildə dərc olunmuş “Liviya, axının qabağının alınması. Miqrantların, sığınacaq axtaranların və qaçqınların hüquqlarının pozulması” adlı tədqiqatın nəticələrinə əsaslanırdı.
38. “Human Rights Watch” təşkilatının bildirdiyinə görə, İtaliyanın patrul gəmiləri miqrantları daşıyan gəmiləri yedəyə almaqla, həmin gəmilərdə qaçqınların, xəstə və ya yaralanmış insanların, hamilə qadınların, müşayiət edilməyən uşaqların, yaxud insan alverinin və ya zorakılığın digər formalarının qurbanlarının olub-olmamasını yoxlamadan onları beynəlxalq sulardan aparmışdır. İtaliyanın hakimiyyət orqanları gəmilərdə olan miqrantları Liviyaya məxsus gəmilərə keçməyə məcbur etmiş və ya onları birbaşa Liviyaya aparmışdır; orada miqrantlar dərhal Liviyanın hakimiyyət orqanları tərəfindən saxlanılırdı. Əməliyyatların bəziləri “Frontex” tərəfindən əlaqələndirilirdi.
Hesabat 91 miqrant, sığınacaq axtaran şəxs və qaçqın ilə əsasən 2009-cu ilin may ayında Malta və İtaliyada edilmiş söhbətlər, habelə Liviyada həbs edilmiş bir miqrant ilə telefon söhbəti əsasında tərtib olunmuşdur. “Human Rights Watch” təşkilatının təmsilçiləri apreldə Liviyaya səfər edib hökumət rəsmiləri ilə görüşlər keçirmişlər; lakin Liviyanın hakimiyyət orqanları təşkilatın nümayəndələrinə miqrantlar ilə təkbətək söhbət etməyə icazə verməmişdir. Bundan əlavə, çoxsaylı xahişlərə baxmayaraq, Liviyanın hakimiyyət orqanları “Human Rights Watch” təşkilatına Liviyadakı miqrantların saxlama mərkəzlərindən heç birinə baş çəkməyə icazə verməmişdir.
Hal-hazırda BMT-nin Qaçqınlar üzrə Ali Komissarı gizli miqrantların saxlandıqları Misrata Həbsxanasına baş çəkə bilər, Liviyada fəaliyyət göstərən təşkilatlar isə orada humanitar xidmətlər göstərir. Lakin, rəsmi razılaşma olmadığına görə baş çəkmələrin hər hansı təminatları mövcud deyil. Bununla yanaşı, Liviyada sığınacaq verilməsi sahəsində heç bir qanun yoxdur. Liviyanın hakimiyyət orqanları qaçqınlar, sığınacaq axtaran şəxslər və digər gizli miqrantlar arasında fərq qoymur.
39. “Human Rights Watch” təşkilatı Liviya hökumətini ölkədə acınacaqlı saxlanma şəraitini yaxşılaşdırmağa və qaçqınların statusunun tənzimlənməsi sahəsində beynəlxalq standartlara uyğun sığınacaq verilməsi proseduralarını təmin etməyə çağırmışdır. O, həmçinin İtaliya hökumətini, Avropa İttifaqını və “Frontex”-i insanların, o cümlədən açıq sularda saxlanılmış şəxslərin sığınacaq verilməsi proseduralarından yararlanmaq imkanını təmin etməyə və Liviyanın miqrantlar, sığınacaq axtaranlar və qaçqınlar ilə rəftarı beynəlxalq standartlara tam cavab verilənədək qeyri-liviyalıların Liviyaya qaytarmaqdan çəkinməyə çağırmışdır.
E. “Amnesty International” təşkilatının Liviyaya səfəri
40. “Amnesty International” təşkilatının bir qrupu faktların araşdırılması məqsədi ilə 2009-cu ilin may ayının 15-dən 23-dək Liviyada səfərdə olmuşdur. Bu, təşkilatın 2004-cü ildən sonra Liviya hakimiyyət orqanları tərəfindən ölkəyə icazə verilmiş ilk səfəri olmuşdur.
Səfər zamanı “Amnesty International” təşkilatının təmsilçiləri Tripolidən 200 kilometr məsafəsində yerləşən, Afrikanın digər ölkələrindən olan bir neçə yüz qeyri-qanuni miqrantın yüksək sıxlıq şəraitində saxlanıldığı Misrata Saxlama Mərkəzinə baş çəkərək orada saxlanılan bir neçə şəxslə söhbət etmişlər. Onların bir çoxu İtaliyaya, habelə Liviyadan və digər Şimali Afrika ölkələrindən Saxaradan cənubda olan dövlətlərdən qeyri-qanuni şəkildə gələn miqrantlar axınının qarşısını almağı gözləyən Avropanın cənubunda yerləşən digər ölkələrə getməyə cəhd edərkən tutulduqları vaxtdan Mərkəzdə saxlanılmışlar.
41. “Amnesty International” təşkilatının fikrinə görə, Misratada təqiblərdən qaçan qaçqınlar saxlanıla bilər; təşkilat vurğulamışdır ki, Liviyada sığınacaq verilməsi proseduralarının mövcud olmadığı və bu ölkə “Qaçqınların statusu haqqında” Konvensiyaya və ya onun 1967-ci ilin protokollarına qoşulmadığı üçün əcnəbilər, o cümlədən beynəlxalq müdafiəyə ehtiyacı olan şəxslər hüquqi müdafiədən kənarda qala bilər. Həmçinin, Mərkəzdə saxlanılan şəxslərin səlahiyyətli məhkəmə orqanlarına işgəncə və pis rəftarın digər formaları ilə bağlı şikayət vermək üçün praktiki olaraq heç bir imkanı olmamışdır.
Liviyanın hökumət rəsmiləri ilə görüşlər zamanı “Amnesty International” təşkilatının nümayəndələri bu ölkənin hakimiyyət orqanlarının qeyri-qanuni miqrantlar hesab etdiyi yüzlərlə və bəlkə də minlərlə xarici vətəndaşın tutulmasından və onlar ilə iddia olunan pis rəftardan narahatlığını ifadə edərək hökumət rəsmilərini sığınacaq axtaran şəxslərin və qaçqınların müəyyən edilməsi və onların zəruri müdafiəsinin təmin edilməsi proseduralarını işə salmağa çağırmışlar. Təşkilatın nümayəndələri həmçinin Liviya hakimiyyət orqanlarını xarici vətəndaşların insan hüquqlarının ciddi pozulması ilə üzləşə biləcəkləri ölkələrə məcburi qaytarılması praktikasını dayandırmağa və bu səbəbdən mənşə ölkələrinə qaytarılması mümkün olmayan əcnəbilərin tutulmasına daha yaxşı alternativ tapmağa çağırmışlar. Misratada saxlanılan şəxslərin əhəmiyyətli hissəsini təşkil edən Eritreya vətəndaşları “Amnesty International” təşkilatının nümayəndələrinə orada artıq iki il saxlandıqlarını bildirmişlər.
V. LİVİYADAKI VƏZİYYƏTİ TƏSVİR EDƏN DİGƏR BEYNƏLXALQ MATERİALLAR
42. Yuxarıda istinad edilmiş hesabatlardan başqa, milli və beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları tərəfindən qeyri-qanuni miqrantların Liviyada saxlanıldıqları və yaşadıqları şəraiti pisləyən çoxsaylı hesabatlar dərc edilmişdir
Əsas hesabatlar aşağıdakılardır:
(i) “Human Rights Watch” təşkilatı, “Axının qabağının alınması: miqrantların, sığınacaq axtaranların və qaçqınların hüquqlarının pozulması”, sentyabr, 2006-cı il;
(ii) Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsi, “Yekun qeydlər. Liviya Ərəb Cəmariyyəti”, 15 noyabr 2007-ci il;
(iii) “Amnesty International” təşkilatı, “Liviya - “Amnesty International” təşkilatının 2008-ci il üzrə hesabatı”, 28 may 2008-ci il;
(iv) “Human Rights Watch” təşkilatı, “Liviya: təhlükədə olan hüquqlar”, 2 sentyabr 2008-ci il;
(v) ABŞ Dövlət Departamenti, “2010-cu il üçün insan hüquqları üzrə illik hesabat: Liviya”, 4 aprel 2010-cu il.
VI. SOMALİ VƏ ERİTREYADAKI VƏZİYYƏTİ TƏSVİR EDƏN BEYNƏLXALQ MATERİALLAR
43. Somalidəki vəziyyətlə bağlı əsas beynəlxalq sənədlər “Sufi və Elmi Birləşmiş Krallığa qarşı” işində (Sufi and Elmi v. the United Kingdom, (nos. 8319/07 and 11449/07, §§ 80-195, 28 June 2011)) təqdim olunmuşdur.
44. Eritreyada törədilən insan hüquqları pozuntuları müxtəlif hesabatlarda pislənilir. Həmin sənədlərdə Eritreya hökumətinin törətdiyi insan hüquqları pozuntuları, daha dəqiq, əsassız həbslər, işgəncə, qeyri-insani saxlama şəraiti, məcburi əmək, habelə hərəkət, ifadə və din azadlığının ciddi məhdudlaşdırılması halları təfərrüatı ilə təsvir olunur. Qeyd edilən sənədlərdə həmçinin Liviya, Sudan, Misir və İtaliya kimi ölkələrə qaça bilmiş və sonrada məcburi qaydada repatriasiya olunmuş eritreyalıların mürəkkəb vəziyyəti təhlil edilir.
Əsas hesabatlar aşağıdakılardır:
(i) BMTQAK “Eritreyadan olan sığınacaq axtaran şəxslərin ehtiyaclarının qiymətləndirilməsi üçün rəhbər prinsiplər”, aprel, 2009-cu il;
(ii) “Amnesty International” təşkilatı, “Eritreya – “Amnesty International” təşkilatının 2009-cu il üzrə Hesabatı”, 28 may 2009-cu il;
(iii) “Human Rights Watch” təşkilatı, “Eritreyada ömürlük hərbi xidmət, dövlət repressiyaları və qeyri-müəyyən müddətə hərbi çağırış”, aprel, 2009-cu il;
(iv) “Human Rights Watch” təşkilatı, “Liviya, eritreyalıları işgəncələrə məruz qalmaq riskinin olduğu yerə qaytarma”, 15 yanvar 2010-cu il;
(v) “Human Rights Watch” təşkilatı, “Dünya ölkələri üzrə hesabat”, yanvar, 2010-cu il.
HÜQUQİ MƏSƏLƏLƏR
I. HÖKUMƏT TƏRƏFİNDƏN QALDIRILMIŞ İLKİN MƏSƏLƏLƏR
A. Ərizəçilərin nümayəndələrinin etibarnamələrinin qanuniliyi və ərizəyə baxılmasının davam etdirilməsi
1. Hökumət tərəfindən qaldırılmış məsələlər
45. Hökumət müxtəlif məsələlər ilə əlaqədar ərizəçilərin nümayəndələrinin təqdim etdikləri etibarnamələrin qanuniliyini mübahisələndirmişdir. Birincisi, o, iddia etmişdir ki, etibarnamələrin əksəriyyəti formal cəhətdən qüsurlu idi, yəni:
(i) etibarnamələrdə onların verildiyi tarix və yer göstərilməmiş, bəzi hallarda isə belə görünür ki, tarix və yer eyni şəxs tərəfindən yazılmışdır;
(ii) etibarnamələrdə ərizənin nömrəsi göstərilməmişdir;
(iii) etibarnamələrdə ərizəçilərin şəxsiyyətləri yalnız soyadları, adları, vətəndaşlıqları, aydın olmayan imzaları və bəzən qismən təsvir edilmiş və ya çətinliklə görünən barmaq izləri vasitəsilə göstərilmişdir;
(iv) etibarnamələrdə ərizəçilərin doğum tarixləri barədə heç bir məlumat verilməmişdir.
46. Daha sonra Hökumət iddia etmişdir ki, ərizədə etibarnamələrin hansı şəraitdə tərtib edilməsinə dair heç bir məlumatın olmaması onların qanuniliyinə şübhə etməyə əsas verirdi; həmçinin, ərizədə ərizəçilərin nümayəndələri tərəfindən təmsil etdikləri şəxslərin şəxsiyyətlərini müəyyən etmək üçün görülmüş tədbirlər barədə heç bir məlumat verilməmişdir. Hökumətin fikrinə görə, vəkillərin ərizəçilər ilə əlaqəni qurmaqda və saxlamaqda üzləşdikləri problemlər işə çəkişmə prinsipi əsasında baxılmasına mane olmuşdur.
47. Beləliklə, ərizəçilərin şəxsiyyətlərini müəyyən etmək mümkün olmadığı və ərizəçilər “işin baxılmasında şəxsən iştirak etmədikləri” üçün Məhkəmə işə xitam verməlidir. Hökumət “Hussun və Digərləri İtaliyaya qarşı” (ərizənin işlərin siyahısından çıxarılması barədə) işinə (Hussun and Others v. Italy ((striking out), nos. 10171/05, 10601/05, 11593/05 and 17165/05, 19 yanvar 2010) istinad edərək Məhkəmədən ərizənin baxılacaq işlərin siyahısından çıxarılmasını xahiş etmişdir.
2. Ərizəçilərin dəlilləri
48. Ərizəçilərin nümayəndələri etibarnamələrinin qanuni olmasını bildirmişlər. Onlar qeyd etmişlər ki, Hökumətin istinad etdiyi formal qüsurlar onlara təmsil etdikləri şəxslər tərəfindən verilmiş etibarnamələri qanuni qüvvədən məhrum edən dərəcədə ciddi olmamışdır.
49. Nümayəndələr etibarnamələrin hansı şəraitdə tərtib olunması məsələsi ilə əlaqədar bildirmişlər ki, ərizəçilər bu sənədləri Liviyaya gəldikdən sonra müxtəlif saxlama mərkəzlərində fəaliyyət göstərən humanitar təşkilatların təmsilçilərinin köməyi ilə tərtib etmişlər. Sonradan qeyd olunan təşkilatların təmsilçiləri ərizəçilərin nümayəndələri ilə əlaqə saxlayaraq etibarnamələri imzalamaq və qəbul etmək üçün onlara təqdim etmişlər.
50. Ərizəçilərin nümayəndələri bildirmişlər ki, işin müvafiq iştirakçılarının müəyyən olunması ilə bağlı problemlər ərizənin predmetinin, yəni gizli miqrantların müəyyən edilməsi üçün hər hansı addımlar atılmadan insanları kollektiv şəkildə geri qaytarmaq məqsədi ilə həyata keçirilən əməliyyatın birbaşa nəticəsi olmuşdur. İşin hallarından asılı olmayaraq, vəkillər Məhkəmənin diqqətinə belə bir faktı çatdırmışlar ki, ərizəçilər Liviyaya gəldikdən sonra BMTQAK-ın Tripolidəki ofisi onların bir çoxunun şəxsiyyətlərini müəyyən etmişdir.
51. Nəhayət, vəkillər bildirmişlər ki, onlar ərizəçilərin bəziləri ilə telefon və ya elektron poçt vasitəsilə əlaqə saxlamaqlarını davam etdirmişlər. Onlar ərizəçilərlə əlaqə saxlamaqda ciddi problemləri, xüsusən Liviyada 2011-ci ilin fevralından sonra tez-tez baş verən zorakılıq hallarını qeyd etmişlər.
3. Məhkəmənin qiymətləndirməsi
52. Məhkəmə ilk növbədə təkrarlayır ki, ərizəçinin nümayəndəsi “etibarnaməni və ya ərizəçi adından çıxış etmək üçün yazılı icazəni” təqdim etməlidir (Məhkəmə Qaydalarının 45-ci Qaydasının 3-cü hissəsi). Beləliklə, adi yazılı icazə, əgər onun ərizəçi tərəfindən başa düşülmədən və ərizəçinin razılığı olmadan verilməsi sübut olunmazsa, Məhkəmədəki icraatın məqsədləri üçün etibarlı olacaq (bax: “Velikova Bolqarıstana qarşı” (Velikova v. Bulgaria, no. 41488/98, § 50, ECHR 2000-VI)).
53. Bundan əlavə, nə Konvensiyada, nə də Məhkəmənin Qaydalarında etibarnamənin formasına dair hər hansı konkret tələblər nəzərdə tutulmamış və həmin sənədin hər hansı milli orqan tərəfindən təsdiq edilməsi tələb olunmur. Məhkəmə üçün ərizəçinin onu Məhkəmədə təmsil etmək səlahiyyətinin nümayəndəsinə verməsinin və nümayəndənin bu səlahiyyəti həyata keçirməyə razılıq verməsinin etibarnamədə aydın şəkildə göstərilməsi əhəmiyyət kəsb edir (bax: “Ryabov Rusiyaya qarşı” (Ryabov v. Russia, no. 3896/04, §§ 40 and 43, 31 yanvar 2008)).
54. Hazırkı işlə bağlı Məhkəmə qeyd edir ki, işin materiallarında olan bütün etibarnamələr imzalanmış və barmaq izləri ilə təsdiq edilmişdir. Bundan əlavə, Məhkəmədəki icraat zamanı vəkillər əlaqə saxlamaqlarını davam etdirə bildikləri ərizəçilər ilə bağlı faktları və onların taleyi barədə ətraflı məlumatları təqdim etmişlər. İşin materiallarında vəkillərin mövqeyini və ya Məhkəmə ilə məlumat mübadiləsini şübhə altına ala biləcək heç nə yoxdur (əks mövqe üçün bax: yuxarıda qeyd edilmiş “Hussun”, 43‑50-ci bəndlər).
55. Belə olan halda, Məhkəmə etibarnamələrin qanuni olmasına şübhə etməyə heç bir əsas görmür. Bu səbəbdən Məhkəmə Hökumətin etirazını rədd edir.
56. Bundan əlavə, Məhkəmə qeyd edir ki, vəkillərin təqdim etdikləri məlumatlara uyğun olaraq, ərizəçilərdən ikisi, cənab Mohamed Abukar Mohamed və cənab Hasan Shariff Abbirahman (siyahıda müvafiq olaraq № 10 və № 11) ərizənin Məhkəməyə verilməsindən qısa müddət sonra vəfat etmişlər (yuxarıda 15-ci bəndə bax).
57. Məhkəmə qeyd edir ki, onun təcrübəsinə əsasən ərizə baxılan işlərin siyahısından ərizəçinin Məhkəmədəki icraat zamanı öldüyü və onun varislərinin və ya yaxın qohumlarının işə baxılmasını davam etdirmək istəyini bildirmədikləri halda çıxarılır (digər qərarlarla yanaşı bax: “Şerer İsverçrəyə qarşı” (Scherer v. Switzerland, 25 March 1994, §§ 31-32, Series A no. 287); “Ölinger Avstriyaya qarşı” (Öhlinger v. Austria, no. 21444/93, Commission Report of 14 yanvar 1997, § 15); “Tevnon Fransaya qarşı” (qərardad) (Thévenon v. France (dec.)), no. 2476/02, ECHR 2006-III; və “Lejer Fransaya qarşı” (ərizənin baxılan işlərin siyahısından çıxarılması haqqında) [Böyük Palata], (Léger v. France (striking out) [GC], no. 19324/02, § 44, 30 March 2009)).
58. Məhkəmə işin halları nəzərə alınmaqla hesab edir ki, ərizənin vəfat etmiş ərizəçilərə aid hissəsinə baxılmasını davam etdirmək üçün əsaslar yoxdur (Konvensiyanın 31-ci maddəsinin 1-ci hissəsinin (c) bəndi). Bundan əlavə, Məhkəmə qeyd edir ki, ilkin olaraq cənab Mohamed Abukar Mohamed və cənab Hasan Shariff Abbirahman tərəfindən verilmiş şikayətlər digər ərizəçilərin verdikləri və Məhkəmənin barəsində münasibət bildirəcəyi şikayətlər ilə eynidir. Belə olan halda, Məhkəmə Konvensiyanın və onun Protokollarında müəyyən edilən insan hüquqlarına riayət olunmasına aid və Konvensiyanın 37-ci maddəsinin 1-ci hissəsinin axırıncı cümləsinə uyğun olaraq şikayətə baxılmasını davam etdirməyi tələb edən hər hansı əsaslar görmür.
59. Nəticədə Məhkəmə şikayəti cənab Mohamed Abukar Mohamedə və cənab Hasan Shariff Abbirahmana aid hissədə baxılacaq işlərin siyahısından çıxarmağı, ərizənin qalan hissəsinə baxılmasını davam etdirməyi qərara alır.
B. Dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməsi
60. Böyük Palatadakı dinləmələrdə Hökumət dövlətdaxili hüquq müdafiə vasitələri tükəndirilmədiyinə görə ərizənin qəbuledilməz olduğunu iddia etmişdir. O, bildirmişdir ki, ərizəçilər Konvensiyanın iddia edilən pozulmasının tanınması və buna görə kompensasiya alınması üçün İtaliyanın məhkəmələrinə müraciət etməmişlər.
61. Hökumətin fikrinə görə, hal-hazırda sərbəst hərəkət edə və Məhkəmədəki icraatla bağlı öz vəkilləri ilə əlaqə saxlaya bilən ərizəçilər onların başqa ölkəyə qaytarılmasında iştirak etmiş hərbiçilər tərəfindən milli və beynəlxalq hüququn pozulması ilə bağlı İtaliyanın cinayət məhkəmələrinə şikayət verməli idilər. Hazırda oxşar işlər üzrə cinayət mühakimə icraatı aparılır və bu cür hüquq müdafiə vasitəsi “səmərəli” hesab edilir.
62. Məhkəmə qeyd edir ki, ərizəçilər həmçinin onların Konvensiyanın 13-cü maddəsinin tələblərinə cavab verən hüquq müdafiə vasitələrindən istifadə etmək imkanının təmin edilməməsindən şikayət etmişlər. Məhkəmə hesab edir ki, Hökumətin dəlili ilə ərizəçilərin Konvensiyanın 13-cü maddəsinə əsasən verdikləri şikayətlərin mahiyyəti arasında sıx əlaqə mövcuddur. Bu səbəbdən Məhkəmə belə qənaətə gəlir ki, Hökumətin bu etirazı Konvensiyanın 13-cü maddəsinə əsasən verilmiş şikayətlərin mahiyyətinə birləşdirilməli və ərizəyə bu kontekstdə baxılmalıdır (aşağıda 207-ci bəndə bax).
II. KONVENSİYANIN 1-Cİ MADDƏSİNƏ ƏSASƏN YURİSDİKSİYA MƏSƏLƏSİ
63. Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulur ki:
“Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyasında olan hər kəs üçün bu Konvensiyanın I Bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edir.”
1. Tərəflərin dəlilləri
(a) Hökumət
64. Cavabdeh Hökumət razılaşmışdır ki, baxılmanın predmeti olan hadisələr İtaliyanın hərbi gəmilərində baş vermişdir. Lakin o, İtaliyanın hakimiyyət orqanlarının ərizəçilər üzərində “tam və müstəsna nəzarət”i həyata keçirməsini inkar etmişdir.
65. Hökumət bildirmişdir ki, ərizəçiləri daşıyan gəmilər açıq sularda təhlükədə olan şəxslərin xilas edilməsi kontekstində saxlanılmış – bu, beynəlxalq hüquqdan, daha dəqiq Dəniz hüququ üzrə BMT-nin Konvensiyasından (“Monteqo Bey Konvensiyası”) irəli gələn öhdəlikdir – və bu əməliyyat heç bir halda su polisinin əməliyyatı kimi təsvir edilə bilməz.
İtaliyanın gəmiləri sadəcə təhlükədə olan üç gəmiyə yardım edib həmin gəmilərdəki insanların təhlükəsizliyini təmin etmişdir. Onlar saxlanılmış miqrantları 2007-ci və 2009-cu illərin ikitərəfli sazişlərinə uyğun olaraq Liviyaya müşayiət etmişdir. Hökumət iddia etmişdir ki, Monteqo Bey Konvensiyasında əks olunmuş açıq sularda insan həyatını xilas etmək öhdəliyi öz-özlüyündə ölkə ilə müvafiq şəxslər arasında dövlətin yurisdiksiyasını təsbit edən əlaqəni yaratmır.
66. Ərizəçilərin on saatdan az çəkmiş “xilas edilməsi”nə gəldikdə isə, hakimiyyət orqanlarının təmsilçiləri müvafiq tərəflərə zəruri humanitar və tibbi yardım göstərmiş və hər hansı zorakılığa yol verməmişlər; onlar ərizəçiləri daşıyan gəmilərə daxil olmamış və silahdan istifadə etməmişlər. Hökumət belə nəticəyə gəlmişdir ki, hazırkı ərizə Məhkəmə tərəfindən Fransanın açıq sularda olan gəmi və onun ekipajı üzərində həyata keçirdiyi nəzarətin tam və müstəsna xarakteri nəzərə alınmaqla, ərizəçilərin Fransanın yurisdiksiyası altında olmalarının təsdiq edildiyi “Medvedev və Digərləri Fransaya qarşı” [Böyük Palata] işindən (Medvedyev and Others v. France [GC], no. 3394/03, 29 March 2010) fərqlənmişdir.
(b) Ərizəçilər
67. Ərizəçilər hazırkı işdə İtaliyanın yurisdiksiyası ilə bağlı hər hansı şübhələrin olmadığını bildirmişlər. Onlar İtaliyanın gəmilərinə daxil olduqları andan İtaliyanın müstəsna nəzarəti altında olmuş və bu səbəbdən o, Konvensiyadan və onun Protokollarından irəli gələn bütün öhdəliklərə riayət etməli idi.
Ərizəçilər qeyd etmişlər ki, İtaliyanın Naviqasiya Məcəlləsinin 4-cü maddəsində İtaliyanın bayrağı altında üzən bütün gəmilərin, hətta ərazi sularından kənarda olduğu hallarda, İtaliyanın yurisdiksiyası altında olması aydın şəkildə təsbit olunmuşdur.
(c) İşdə iştirak edən üçüncü tərəflər
68. İşdə iştirak edən üçüncü tərəflər hesab etmişlər ki, beynəlxalq ədat hüququna və Məhkəmənin presedent hüququna uyğun olaraq dövlətlərin sığınacaq axtaranları və hətta “potensial” sığınacaq axtaranları geri qaytarmamaq və onların işinə ədalətli baxılması imkanını təmin etmək öhdəliyi öz əhatə dairəsinə görə ekstraterritorial olmuşdur.
69. Qaçqınların müdafiəsi məsələlərini tənzimləyən beynəlxalq hüquqa əsasən, dövlətin məsuliyyətinin müəyyən edilməsi üçün həlledici test geri qaytarılan şəxsin dövlətin ərazisində deyil, bu dövlətin səmərəli nəzarəti və hakimiyyəti altında olmasından ibarətdir.
İşdə iştirak edən üçüncü tərəflər Məhkəmənin Konvensiyanın 1-ci maddəsi və “yurisdiksiya” anlayışının ekstraterritorial əhatə dairəsi ilə bağlı presedent hüququna və digər beynəlxalq orqanların rəylərinə istinad etmişlər. Onlar insan hüquqlarının müdafiəsi sahəsində ikili standartların tətbiq edilməməsinin və hər hansı dövlətə öz ərazisində yolverilməz olan hərəkətləri bu ərazidən kənarda etməyə icazə verilməməsinin vacibliyini vurğulamışlar.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Konvensiyanın 1-ci maddənin mənasında yurisdiksiya ilə bağlı məsələləri tənzimləyən ümumi prinsiplər
70. Konvensiyanın 1-ci maddəsinə uyğun olaraq, Razılığa gələn Tərəflərin öhdəliyi onların “yurisdiksiyası” altında olan hər kəsin Konvensiyanın I Bölməsində müəyyən olunmuş hüquq və azadlıqlarının “təmin edilməsi”ndən (fransız dilində “reconnaître”) ibarətdir (bax: “Söring Birləşmiş Krallığa qarşı” (Soering v. the United Kingdom), 7 July 1989, § 86, Series A no. 161)) və “Bankoviç və Digərləri Belçika və 16 Digər İştirakçı Dövlətə qarşı” [Böyük Palata] (Banković and Others v. Belgium and 16 Other Contracting States (dec.)), no. 52207/99, § 66, ECHR 2001-XII)). Yurisdiksiyanın həyata keçirilməsi iştirakçı dövlət tərəfindən törədilən, Konvensiyada təsbit olunmuş hüquq və azadlıqların pozulduğunun iddia edilməsinə səbəb olan hərəkətlərə və ya hərəkətsizliyə görə həmin dövlətin cavabdehlik daşıya bilməsi üçün zəruri şərtdir (bax: “İlaşku və Digərləri Moldova və Rusiyaya qarşı” [Böyük Palata] (Ilaşcu and Others v. Moldova and Russia), no. 48787/99, § 311, ECHR 2004‑VII).
71. Konvensiyanın 1-ci maddəsinin mənasında yurisdiksiya əsasən ərazi xarakter daşıyır (bax: yuxarıda istinad edilən “Bankoviç”, 61-ci 67-ci bəndlər, habelə yuxarıda istinad edilən “İlaşku”, 312-ci bənd). Yurisdiksiyanın bir qayda olaraq dövlətin bütün ərazisində həyata keçirildiyi güman edilir (bax: yuxarıda istinad edilən “İlaşku və Digərləri”, 312-ci bənd, habelə “Assanidze Gürcüstana qarşı” [Böyük Palata] (Assanidze v. Georgia), no. 71503/01, § 139, ECHR 2004-II).
72. Yurisdiksiyanın əsasən ərazi anlayışı olduğunu nəzərə alaraq, Məhkəmə yalnız müstəsna hallarda razılaşırdı ki, iştirakçı dövlətlərin öz ərazilərindən kənarda etdiyi və ya müəyyən nəticələr doğurduğu hərəkətlər onlar tərəfindən Konvensiyanın 1-ci maddəsinin mənasında öz yurisdiksiyasının həyata keçirilməsi hallarını təşkil edə bilər (bax: “Drozd və Yanusek Fransaya və İspaniyaya qarşı” (Drozd and Janousek v. France and Spain), 26 June 1992, § 91, Series A no. 240; yuxarıda qeyd edilmiş “Bankoviç”, 67-ci bənd; və yuxarıda qeyd edilmiş “İlaşku və Digərləri”, 314-ci bənd).
73. “Luizidu” (Loizidou) işi üzrə birinci qərarında (ilkin etirazlar) Məhkəmə qət etmişdir ki, Konvensiyanın predmet və məqsədi nəzərə alınmaqla, dövlətin məsuliyyəti məsələsi həmçinin bu dövlətin keçirdiyi hərbi əməliyyat nəticəsində – bu əməliyyatın qanuni və ya qanunsuz olmasından asılı olmayaraq – milli ərazisindən kənarda hər hansı ərazi üzərində səmərəli nəzarəti həyata keçirdiyi hallarda ortaya çıxa bilər (bax: “Luizidu Türkiyəyə qarşı” (ilkin etirazlar) [Böyük Palata], (Loizidou v. Turkey (preliminary objections) [GC], 23 March 1995, § 62, Series A no. 310). Lakin, “Bankoviç” işində olduğu kimi, söhbət yalnız birdəfəlik aktdan getdiyi hallarda, bu məsələ ortaya çıxmır, çünki Konvensiyanın 1-ci maddəsi “yurisdiksiya” anlayışına bu cür yanaşmanı nəzərdə tutmur (bax: yuxarıda istinad edilən qərar, 75-ci bənd). Hər bir işdə Məhkəmənin dövlət tərəfindən ekstraterritorial yurisdiksiyasının həyata keçirilməsini təsbit edən qərarın qəbul etməsini tələb edən və buna əsas müstəsna halların olub-olmaması məsələsi konkret faktlara, məsələn, həbsxana və ya gəmi üzərində tam və müstəsna nəzarət faktına istinadən həll edilməlidir (bax: “Əl-Skeyni və digərləri Birləşmiş Krallığa qarşı” [Böyük Palata] (Al-Skeini and Others v. the United Kingdom, [GC], no. 55721/07, § 132 and 136, 7 July 2011; yuxarıda istinad edilən “Medvedev və digərləri”, 67-ci bənd).
74. Dövlət onun ərazisindən kənarda fəaliyyət göstərən dövlət nümayəndəsi vasitəsilə hər hansı şəxs üzərində nəzarəti və hakimiyyəti və beləliklə yursidiksiyasını həyata keçirdiyi bütün hallarda həmin şəxsin Konvensiyanın I Bölməsində nəzərdə tutulmuş və onun vəziyyətinə aidiyyəti olan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı 1-ci maddən təsbit edilmiş öhdəliyə riayət etməlidir. Buna görə də bu mənada Konvensiyada nəzərdə tutulmuş hüquqlar “bölunə və vəziyyətə uyğunlaşdırıla bilər” (bax: yuxarıda qeyd edilən “Al‑Skeini”, 136-cə və 137-ci bəndlər; yuxarıda qeyd edilmiş “Bankoviç” işi üzrə qərarın 75-ci bəndi ilə müqayisə et).
75. Məhkəmənin presedent hüququnda dövlətin diplomatik nümayəndələrinin və ya konsullarının xaricdə və ya bu dövlətin bayrağı altında uçan və ya üzən, yaxud həmin dövlətdə qeydiyyatda olan təyyarə və gəmilərdə fəaliyyəti ilə bağlı işlərdə həmin dövlətin ekstraterritorial yurisdiksiyasını həyata keçirməsinin digər nümunələri da vardır. Belə xüsusi hallarda Məhkəmə beynəlxalq adət hüququ və beynəlxalq müqavilələrin müddəalarını rəhbər tutaraq müvafiq dövlətlər tərəfindən ekstraterritorial yurisdiksiyanın həyata keçirilməsini tanımışdır (bax: yuxarıda qeyd edilmiş “Bankoviç”, 73-ci bənd və “Medvedev və digərləri”, 65-ci bənd).
(b) Yuxarıdakı prinsiplərin hazırkı işə tətbiqi
76. Tərəflər baxılmanın predmeti olan hadisələrin açıq sularda, İtaliyanın bayrağı altında üzən hərbi gəmilərdə baş verdiyini mübahisələndirmir. Bundan əlavə, cavabdeh Hökumət ərizəçilərin keçirildikləri Gömrüyün və Sahil Mühafizə Xidmətinin gəmilərinin İtaliyanın yurisdiksiyası altında olmasını təsdiq etmişdir.
77. Məhkəmə qeyd edir ki, dəniz hüququnun müvafiq müddəalarına əsasən, açıq sularda üzən gəmiyə bayraq dövlətinin yurisdiksiyası şamil olunur. Beynəlxalq hüququn bu prinsipini rəhbər tutaraq Məhkəmə müəyyən dövlətin bayrağı altında üzən gəmidə, habelə bu dövlətdə qeydiyyatda olan təyyarədə törədilən əməllərlə bağlı həmin dövlətin yurisdiksiyasının ekstraterritorial qaydada tətbiq edilməsini tanımışdır (yuxarıda 75-ci bəndə bax). Digəri üzərində nəzarətin mövcud olduğu halda, bu, sözügedən dövlətin maraqlı şəxslərin üzərində həyata keçirdiyi de jure nəzarətdir.
78. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən prinsip İtaliyanın milli hüququnda – Naviqasiya Məcəlləsinin 4-cü maddəsində öz əksini tapmış və cavabdeh Hökumət bu faktı mübahisələndirmir (yuxarıda 18-ci bəndə bax). Məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş həqiqətən İtaliya tərəfindən Konvensiyaya uyğun olaraq onun məsuliyyəti məsələsini ortaya çıxara bilən ekstraterritorial yurisdiksiyanın həyata keçirilməsi halını təşkil edir.
79. Bundan əlavə, İtaliya baxılmanın predmeti olan hadisələri açıq sularda həyata keçirilmiş xilasetmə əməliyyatları kimi təsvir etməklə Konvensiya mənasında “yurisdiksiyası” məsələsindən yayına bilməz. Belə ki, Məhkəmə hadisələr baş verdiyi zaman İtaliyanın müvafiq şəxslər üzərində nəzarəti minimal dərəcədə həyata keçirməsi səbəbindən ərizəçilərin taleyinə görə məsuliyyət daşıya bilməməsi barədə cavabdeh Hökumətin dəlili ilə razılaşa bilmir.
80. Bununla əlaqədar onu qeyd etmək kifayətdir ki, yuxarıda istinad edilən “Medvedev və Digərləri”nin işində baxılmanın predmeti olan hadisələr üçüncü dövlətin bayrağı altında üzən, lakin ekipajı Fransanın hərbiçilərinin nəzarəti altında saxlanılan Winner adlı gəminin göyərtəsində baş vermişdir. Həmin işin halları kontekstində Məhkəmə Fransa tərəfindən Winner və onun ekipajı üzərində ən azı davamlı və fasiləsiz de facto nəzarətin həyata keçirilib-keçirilməməsini müəyyən etmək üçün Fransa rəsmilərinin hərəkətlərinin mahiyyət və təsir dairəsini nəzərdən keçirmişdir (bax: yenə orada, 66-cı və 67-ci bəndlər).
81. Məhkəmə qeyd edir ki, hazırkı işdə bütün hadisələr İtaliya silahlı qüvvələrinin gəmilərində baş vermiş və onların ekipajları yalnız italiyalı hərbiçilərindən ibarət olmuşdur. Məhkəmə hesab edir ki, ərizəçilər İtaliyanın silahlı qüvvələrinin gəmilərinə daxil olduqları andan Liviyanın hakimiyyət orqanlarına təhvil verildikləri anadək İtaliya hakimiyyət orqanlarının davamlı və müstəsna de jure və de facto nəzarəti altında idilər. Məhkəmənin İtaliyanın gəmilərinin açıq sularda fəaliyyətinin mahiyyət və məqsədləri barədə ehtimalları onun hər hansı bir fərqli nəticəyə gəlməsinə gətirib çıxarmayacaq.
82. Beləliklə, iddia olunan pozuntulara səbəb olan hadisələr Konvensiyanın 1-ci maddəsinin mənasında İtaliyanın “yurisdiksiyası” altına düşür.
III. KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
83. Ərizəçilər geri qaytarılmasına görə Liviyada və onların mənşə ölkələrində - müvafiq olaraq Eritreyada və Somalidə - işgəncəyə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmaq riski ilə üzləşdiklərindən şikayət etmişlər. Onlar Konvensiyanın 3-cü maddəsinə istinad etmişlər. Həmin maddədə aşağıdakılar nəzərdə tutulur:
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.”
84. Məhkəmə qeyd edir ki, hazırkı işdə Konvensiyanın iki aspekti ortaya çıxır: birincisi, ərizəçilərin Liviyada qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmaq riski, ikincisi isə, onların mənşə ölkələrinə qaytarılması təhlükəsi. Həmin aspektlərə ayrı-ayrılıqda baxılmalıdır.
A. Ərizəçilərin Liviyada qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmaq riski ilə bağlı Konvensiyanın 3-cü maddəsinin iddia edilən pozuntusu
1. Tərəflərin dəlilləri
(a) Ərizəçilər
85. Ərizəçilər Konvensiyaya zidd olaraq əsassız geri qaytarmanın qurbanları olduqlarını iddia etmişlər. Onlar bildirmişlər ki, onların Liviyaya qaytarılmasından şikayət etmək və İtaliya hakimiyyət orqanlarına sığınacaq üçün müraciət etmək imkanı təmin edilməmişdir.
86. Ərizəçilərə gəmi səfərinin həqiqi təyinat nöqtəsi barədə heç bir məlumat verilmədiyinə görə, onlar İtaliyanın gəmilərində olduqları zaman İtaliyaya aparıldıqlarına əmin olmuşlar. Ərizəçilər bu baxımdan İtaliya hakimiyyət orqanlarının əsl “hiyləsi”nin qurbanları olduqlarını iddia etmişlər.
87. Gəmilərdə tutulmuş miqrantları eyniləşdirmək və onların şəxsi vəziyyəti barədə hər hansı məlumatları toplamaq mümkün olmamışdır. Belə olan halda sığınacaq verilməsi üçün hər hansı rəsmi müraciət verilə bilməzdi. Buna baxmayaraq, Liviyanın sahilinə yaxınlaşdıqda ərizəçilər və digər miqrantların bir çoxu italiyalı hərbiçilərindən xahiş etmişlər ki, onları bir müddət əvvəl qaçdıqları Tripoli Limanında düşürməsinlər, İtaliyaya aparsınlar.
Ərizəçilər təsdiq etmişlər ki, onlar Liviyanın hakimiyyət orqanlarına təhvil verilməmək istəyini kifayət qədər aydın formada ifadə etmişlər. Onlar Hökumətin belə bir dəlili ilə razılaşmamışlar ki, bu cür xahiş beynəlxalq müdafiə üçün müraciət hesab oluna bilməz.
88. Ərizəçilər həmçinin bildirmişlər ki, onlar Konvensiyaya zidd olan rəftara məruz qalacaqlarını ehtimal etməyə kifayət qədər əsasların olduğu ölkəyə qaytarılmışlar. Bir çox beynəlxalq mənbələrdə Liviyada qeyri-qanuni miqrantların, xüsusən Somali və Ertirteyadan olanların saxlanıldıqları qeyri-insani və ləyaqəti alçaldan şərait və gizli miqrantların həmin ölkədə təhlükəli yaşayış şəraiti barədə məlumat verilmişdir.
Bununla əlaqədar ərizəçilər İQK-nın 2010-cu il aprel ayının hesabatına, habelə işdə iştirak edən üçüncü tərəflərin Liviyadakı vəziyyətlə bağlı təqdim etdikləri mətn və sənədlərə istinad etmişlər.
89. Ərizəçilərin fikrincə, İtaliya Liviya ilə ikitərəfli müqavilələri imzalayarkən və baxılmanın predmeti olan geri qaytarma əməliyyatlarını həyata keçirərkən bu daim pisləşən vəziyyət barədə məlumatlı olmaya bilməzdi.
90. Bununla yanaşı, ərizəçilərin qorxu və narahatlıqlarının tam əsaslı olduğu təsdiq edilmişdir. Onların hamısı qeyri-insani və ləyaqəti alçaldan saxlama şəraiti və azad olunduqdan sonra onların qeyri-qanuni miqrant statusu ilə bağlı təhlükəli yaşayış şəraiti barədə məlumat vermişlər.
91. Ərizəçilər iddia etmişlər ki, açıq sularda saxlanılan gizli miqrantların Liviyaya sıxışdırılıb çıxarılması İtaliyanın sözügedən insanların fundamental hüquqlarının müdafiəsi məsələsini nəzərə almadan qeyri-qanuni miqrasiya üzərində nəzarəti həyata keçirmək vəzifəsinin polisə verilməsinə yönəlmiş düşünülmüş siyasi seçimi olmuşdur.
(b) Hökumət
92. Hökumət ilk növbədə bildirmişdir ki, ərizəçilər Konvensiyaya zidd olması ehtimal edilən rəftara məruz qaldıqlarını adekvat şəkildə sübuta yetirə bilməmişlər. Bu səbəbdən onlar Konvensiyanın 34-cü maddəsinin mənasında “qurbanlar” hesab oluna bilməzlər.
93. Daha sonra Hökumət bildirmişdir ki, ərizəçilər İtaliya ilə Liviya arasında 2007-ci və 2009-cu illərində imzalanmış ikitərəfli sazişlərə uyğun olaraq Liviyaya təhvil verilmişlər. Həmin sazişlər Afrika ilə Avropa arasında artan miqrasiya axınlarına cavab olmaqla gizli miqrasiyaya qarşı mübarizə sahəsində iki ölkə arasında əməkdaşlıq ruhunda imzalanmışdır.
94. Avropa İttifaqının orqanları Aralıq dənizi ölkələrinin miqrasiyaya nəzarət və gizli miqrasiya ilə bağlı cinayətlər qarşı mübarizə sahəsində əməkdaşlığını dəfələrlə təşviq etmişdir. Hökumət Avropa İttifaqının xarici sərhədlərində nəzarəti gücləndirmək və qeyri-qanuni immiqrasiyaya qarşı mübarizə aparmaq məqsədilə Avropa İttifaqı ölkələri üçün əməkdaşlıq etmək və miqrantların mənşə və tranzit ölkələri ilə tərəfdaşlıq əlaqələri yaratmaq zəruriliyini təsdiq edən Avropa Parlamentinin 2006/2250 nömrəli Qətnaməsinə və Avropa İttifaqı Şurasının 2008-ci il 24 sentyabr tarixində qəbul etdiyi “İmmiqrasiya və sığınacaq haqqında” Avropa Paktına xüsusi olaraq istinad etmişdir.
95. Hökumət bildirmişdir ki, hazırkı ərizənin verilməsinə səbəb olmuş 2009-cu il 6 may tarixli hadisələr beynəlxalq hüquqa uyğun olaraq açıq sularda həyata keçirilmiş xilasetmə əməliyyatı kontekstində baş vermişdir. O, həmçinin bildirmişdir ki, İtaliyanın hərbi gəmiləri ərizəçilərin olduqları gəmilərin düşdüyü ani təhlükə vəziyyətini aradan qaldırmaq, habelə ərizəçilər və digər miqrantların həyatlarını xilas etmək məqsədilə “Monteqo Bey” Konvensiyası və “Dənizdə axtarış və xilasetmə haqqında” Beynəlxalq Konvensiyasına (“SAR Konvensiyası”) uyğun şəkildə müdaxilə etmişlər.
Hökumətin fikrinə görə, açıq sularda tətbiq edilən hüquq sistemi naviqasiyanın sərbəstliyi prinsipi ilə xarakterizə olunur. Bu kontekstdə müvafiq tərəfləri eyniləşdirməyə ehtiyac yox idi. İtaliyanın hakimiyyət orqanları sadəcə humanitar yardım göstərmişdir. Gəmilərdə su polisinin hər hansı əməliyyatının həyata keçirilməsi nəzərdə tutulmadığına görə ərizəçilərin şəxsiyyətlərinin müəyyən edilməsi ilə bağlı tədbirlər minimuma endirilmişdir.
96. Ərizəçilər Liviyaya aparıldıqları zaman siyasi sığınacağın verilməsi və ya hər hansı başqa bir formada beynəlxalq müdafiənin təmin edilməsi üçün müraciət etmək niyyətini ifadə etməmişlər. Hökumət bildirmişdir ki, ərizəçilərin onları Liviyanın hakimiyyət orqanlarına təhvil verməmək xahişi onlara sığınacaq verilməsi barədə müraciət kimi şərh oluna bilməzdi.
Bununla əlaqədar Hökumət qeyd etmişdir ki, sözügedən şəxslər sığınacaq verilməsi üçün müraciət etsəydilər, onlar, 2009-cu ildə açıq sularda həyata keçirilmiş digər əməliyyatlarda olduğu kimi, İtaliyanın ərazisinə aparılacaqdılar.
97. Hökumət həmçinin Liviyanın qəbul edən ölkə kimi təhlükəsiz olduğunu bildirmişdir. Bu fikri əsaslandırmaq üçün Hökumət Liviya tərəfindən Birləşmiş Millətlər Təşkilatının Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın, BMT-nin İşgəncələr və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının və “Qaçqınlar haqqında” Afrika İttifaqı Konvensiyasının ratifikasiya edilməsi faktına, habelə Liviyanın Beynəlxalq Miqrasiya Təşkilatında üzvlüyünə istinad etmişdir.
“Qaçqınların statusu haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının iştirakçısı olmamasına baxmayaraq, Liviya BMTQAK-ın və Beynəlxalq Miqrasiya Təşkilatının Tripolidə ofislərinin açılmasına icazə vermiş, bununla da bir çox miqrantlara qaçqın statusunun verilməsi üçün imkan yaratmış və onların beynəlxalq müdafiəsini təmin etmişdir.
98. Hökumət Məhkəmənin diqqətini aşağıdakı fakta cəlb etmişdir: Liviya 2008-ci ilin Dostluq Sazişini ratifikasiya edərkən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin prinsiplərinə əməl etmək öhdəliyini öz üzərinə götürmüşdür. İtaliyanın Liviya tərəfindən öz öhdəliklərinə əməl edilməyəcəyini düşünmək üçün heç bir əsası yox idi.
Bu hal, habelə BMTQAK-ın və Beynəlxalq Miqrasiya Təşkilatının Tripolidəki ofislərinin fəaliyyət göstərməsi faktı İtaliyanın Liviyanın açıq sularda saxlanılmış miqrantlar üçün təhlükəsiz qəbul edən ölkə olduğuna əminliyini tam əsaslandırırdı. Bundan əlavə, Hökumətin fikrinə görə, BMTQAK tərəfindən bir çox ərizəçilərə, o cümlədən hazırkı işdə iştirak edən bəzi ərizəçilərə verilmiş qaçqın statusunun tanınması baxılmanın predmeti olan hadisələrin baş verdiyi zaman Liviyada mövcud vəziyyətin insan hüquqları sahəsində beynəlxalq standartlara uyğun olmasının birmənalı sübutudur.
99. Hökumət razılaşdı ki, Liviyanın hakimiyyət orqanları 2010-cu ilin aprel ayında Tripolidə BMTQAK-ın ofisini bağladıqdan sonra oradakı vəziyyət pisləşmiş, 2011-ci ilin əvvəlində baş vermiş hadisələrdən sonra isə tamamilə nəzarətdən çıxmışdır. Lakin Hökumət bildirmişdir ki, İtaliya miqrantların Liviyaya qaytarılması praktikasını dərhal dayandırmış və miqrantların açıq sularda xilas edilməsi qaydalarında dəyişikliklər edərək onların İtaliyanın ərazisinə daxil olmasına icazə vermişdir.
100. Hökumət, ərizəçilərin bildirdiklərinə görə miqrantların Liviyaya özbaşına qaytarılmasından ibarət “Hökumətin təcrübəsi”nin mövcudluğunu mübahisələndirmişdir. Bununla əlaqədar, o, ərizəçilərin verdikləri şikayəti İtaliya Hökumətinin hərəkətlərinə qarşı “öldürücü siyasi və ideoloji tənqid” kimi təsvir etmişdir. Hökumət Məhkəmədən olduqca həssas və mürəkkəb sahə olduğunu hesab etdiyi immiqrasiya nəzarəti ilə bağlı İtaliyanın səlahiyyətlərini şübhə altına almadan yalnız 2009-cu il mayın 6-da baş vermiş hadisələri nəzərdən keçirməyi xahiş etmişdir.
(c) İşdə iştirak edən üçüncü tərəflər
101. “Human Rights Watch” təşkilatı və BMTQAK çoxsaylı birbaşa şahidlərin ifadələrinə istinad edərək İtaliya tərəfindən qeyri-qanuni miqrantların Liviyaya məcburi qaydada qaytarılmasını pisləmişdir. 2009-cu ildə İtaliya tərəfindən açıq sularda doqquz əməliyyatın həyata keçirilməsi nəticəsində Somali, Eritreya və Nigeriyanın 834 vətəndaşı Liviyaya qaytarılmışdır.
102. “Human Rights Watch” təşkilatı bir neçə dəfə, daha dəqiq, özünün 2006-cı və 2009-cu illərin hesabatlarında Liviyadakı vəziyyəti pisləmişdir. Bu təşkilat bildirmişdir ki, Liviyada sığınacaq verilməsi sistemi mövcud olmadığına görə qeyri-qanuni miqrantlar sistematik şəkildə həbs olunur və bir çox hallarda zorlama da daxil olmaqla, işgəncəyə və fiziki zorakılığa məruz qalırdılar. Miqrantlar BMT-nin həbs etmə ilə bağlı rəhbər prinsiplərinə zidd olaraq tez-tez qeyri-müəyyən müddətə və məhkəmə nəzarəti olmadan həbs olunurdular. Bundan əlavə, miqrantların saxlama şəraiti qeyri-insani olmuşdur. Ölkədə fəaliyyət göstərən müxtəlif düşərgələrdə miqrantlar işgəncəyə məruz qalır və onlara heç bir tibbi yardım göstərilmirdi. Onlar istənilən an mənşə ölkələrinə qaytarıla və ya ölüm təhlükəsinin gözlənildiyi səhrada tək qoyula bilərdilər.
103. “Avropada Fərdi Hüquqlar üzrə Məsləhət Mərkəzi” (“Aire Centre”), “Amnesty İnternational” təşkilatı və “İnsan Hüquqları naminə Beynəlxalq Federasiya” (“FİDH”) bildirmişdir ki, mötəbər mənbələrdən bir neçə il ərzində daxil olan məlumatlar Liviyada insan hüquqları sahəsində vəziyyətin, xüsusən Eritreya və Somali kimi Afrikanın müəyyən regionlarından olan qaçqınlar, sığınacaq axtaranlar və miqrantların vəziyyətinin fəlakətli olmasını göstərməkdə davam edir.
İşdə iştirak edən həmin üç tərəfin mövqeyinə görə, qəbul edən dövlətdə saxlama və yaşayış şəraitinin Konvensiyanın 3-cü maddəsinə uyğun gəlmədiyi barədə etibarlı mənbələrdən mötəbər məlumat daxil olduqda “araşdırmaq vəzifəsi” ortaya çıxırdı.
Pacta sunt servanda (“müqavilələrə əməl olunmalıdır”) prinsipinə uyğun olaraq, dövlət gizli immiqrasiyaya qarşı mübarizə sahəsində ikitərəfli və ya çoxtərəfli sazişlərdən irəli gələn öhdəliklərə istinad etməklə Konvensiyaya əsasən öz üzərinə götürdüyü öhdəliklərin icrasında yanına bilməz.
104. BMTQAK bildirmişdir ki, İtaliya tərəfindən miqrantların geri qaytarılması əməliyyatları barədə ətraflı məlumatların təqdim edilmədiyi halda, Ali Komissarın suallarını cavablandırmış bir neçə şahid ərizəçilərin ifadələri ilə eyni məlumatları vermişdir. Onlar konkret olaraq bildirmişlər ki, insanları İtaliyanın gəmilərinə keçməyə həvəsləndirmək üçün İtaliyanın hərbiçiləri onları İtaliyaya aparılacaqlarına inandırırdılar. Müxtəlif şahidlər Liviyanın ərazisinə keçirildikləri və onların saxlanılacaqları mərkəzə daxil olduqları zaman qandallandıqlarını və zorakılığa məruz qaldıqlarını bildirmişlər. Bundan əlavə, İtaliyanın hakimiyyət orqanları onların şəxsi əşyalarını, o cümlədən BMTQAK tərəfindən verilmiş və onların qaçqın statusunu təsdiq edən sənədlərini müsadirə etmişdir. Müxtəlif şahidlər həmçinin müdafiə üçün müraciət etdiklərini və əməliyyatlar zamanı İtaliyanın hakimiyyət orqanlarının nümayəndələrinə bu barədə aydın şəkildə məlumat verdiklərini təsdiq etmişlər.
105. BMTQAK təsdiq etmişdir ki, Liviyaya qaytarılmış və sonradan özlərini İtaliyaya çatdıra bilmiş miqrantlardan ən azı beşinə, o cümlədən cənab Ermias Berhaneyə İtaliyada qaçqın statusu verilmişdir. Bundan əlavə, 2009-cu ildə BMTQAK-ın Tripolidəki ofisi İtaliya tərəfindən qaytarılmış yetmiş üç şəxsə, o cümlədən ərizəçilərin ön dördünə qaçqın statusu vermişdir. Bu faktlar İtaliyanın açıq sularda həyata keçirdiyi əməliyyatların beynəlxalq müdafiəyə ehtiyacı olan şəxslərin özbaşına geri qaytarılması ilə bağlı əsl təhlükəni ehtiva edirdi.
106. BMTQAK daha sonra bildirmişdir ki, miqrantların geri qaytarılmasını əsaslandırmaq məqsədilə İtaliyanın irəli sürdüyü dəlillərdən heç biri qəbuledilən deyildir. Nə miqrantların qaçaqmalçılığına qarşı mübarizədə dövlətlər arasında əməkdaşlıq prinsipi, nə də beynəlxalq dəniz hüququnun dənizdə insan həyatının təhlükəsizliyi ilə bağlı müddəaları dövlətləri beynəlxalq hüququn prinsiplərinə riayət etmək öhdəliyindən azad etmir.
107. Asiya və Afrikadan gələn miqrasiya axınları üçün tranzit və təyinat ölkəsi olan Liviya sığınacaq axtaran şəxslərin müdafiəsini heç bir formada təmin etmirdi. O, insan hüquqları sahəsində müəyyən sənədlərə tərəfdar çıxmasına baxmayaraq, üzərinə götürdüyü öhdəliklərə demək olar ki, əməl etmirdi. Ölkədə sığınacaq verilməsi sahəsində heç bir hüquq sistemi mövcud olmadığına görə bu sahədə bütün fəaliyyət müstəsna olaraq BMTQAK və onun tərəfdaşları tərəfindən həyata keçirilirdi. Buna baxmayaraq, Liviyanın hökuməti Ali Komissarın fəaliyyətini heç vaxt rəsmi qaydada tanımamış və 2010-cu ilin aprelində BMTQAK-a Tripolidəki ofisini bağlamağı və bu fəaliyyətləri dayandırmağı əmr etmişdir.
Göstərilən hallar nəzərə alınmaqla, Liviyanın hökuməti BMTQAK tərəfindən qaçqınlar qismində qeydə alınmış şəxslərə heç vaxt hər hansı rəsmi status verməmiş və heç bir formada müdafiəsini təmin etməmişdir.
108. 2011-ci ilin hadisələri baş verənədək, qeyri-qanuni miqrant hesab edilən hər kəs “saxlama mərkəzi”ndə saxlanılırdı və BMTQAK bu mərkəzlərin əksəriyyətinə baş çəkmişdir. Həmin mərkəzlərdəki yaşayış şəraiti adi olmaqla böyük sıxlıq və sanitariya qovşaqlarının qeyri-qənaətbəxş vəziyyəti ilə xarakterizə olunurdu. Miqrantların geri qaytarılması üzrə əməliyyatların həyata keçirilməsi nəticəsində mərkəzlərdəki sıxlıq artmış, sanitar vəziyyət daha da pisləşmiş, bu da yaşayış şəraitinin daha da ağırlaşmasına səbəb olmuşdur. Bu, həmin şəxslərin sadəcə həyatda qalmalarına yardımın göstərilməsinə daha çox ehtiyacın yaranmasına səbəb olmuşdur.
109. Kolambiya Universitetinin hüquq fakültəsinin İnsan Hüquqları Klinikasının təqdim etdiyi məlumatlara əsasən, dəniz yolu ilə həyata keçirilən gizli immiqrasiyanın yeni fenomen olmadığı halda, beynəlxalq birlik miqrantların müdafiə mexanizmlərindən istifadə etmələri üçün maneələr törədə bilən və bununla onları işgəncə riskinə məruz qoya bilən immiqrasiya nəzarəti praktikalarının məhdudlaşdırılmasına ehtiyacın olmasını getdikcə daha çox qəbul edir.
1. Məhkəmənin qiymətləndirməsi
(a) Şikayətin qəbuledilənliyi
110. Hökumət bildirmişdir ki, ərizəçilər Konvensiyanın 34-cü maddəsinin mənasında barəsində şikayət edilən hadisələrin “qurbanları” olmalarını iddia edə bilməzlər. O, ərizəçilərin Liviyaya qaytarılması nəticəsində qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalmaları ilə bağlı həqiqi riskin mövcudluğunu mübahisələndirmişdir. Bu təhlükə hər bir ərizəçinin vəziyyətinə aid mühüm əsaslar nəzərə alınmaqla qiymətləndirilməlidir. Müvafiq tərəflərin təqdim etdikləri məlumatlar isə qeyri-müəyyən və kifayət etməyən həcmdə olmuşdur.
111. Məhkəmə qeyd edir ki, bu ilkin etirazda qaldırılan məsələnin Məhkəmənin Konvensiyanın 3-cü maddəsi ilə bağlı şikayətlərə baxarkən nəzərdən keçirəcəyi məsələlərə sıx əlaqəsi var. Həmin müddəa Məhkəmədən müvafiq şəxslərin geri qaytarılmasından sonra işgəncəyə və ya qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qalmaları ilə bağlı həqiqi riskin mövcudluğunu ehtimal etmək üçün mühüm əsasların olub-olmamasını müəyyən etməyi tələb edir. Bu səbəbdən qeyd edilən məsələ işin mahiyyəti ilə bağlı məsələlərə birləşdirilməlidir.
112. Məhkəmə hesab edir ki, ərizənin bu hissəsi hüquqa və faktlara aid, işin mahiyyətinə baxılmadan həll oluna bilməyən kompleks məsələləri ortaya çıxarır. Buna görə o, Konvensiyanın 35-ci maddənin 3-cü hissəsinin (a) yarımbəndinin mənasında açıq-aşkar əsassız deyildir. O, hər hansı digər əsaslara görə də qəbuledilməz deyildir. Bu səbəbdən o, qəbuledilən elan edilməlidir.
(b) Şikayətin mahiyyəti
(i) Ümumi prinsiplər
(α) Ölkə hüdudlarından kənara çıxarma ilə bağlı hallarda iştirakçı dövlətlərin məsuliyyəti
113. Məhkəmənin formalaşmış presedent hüququna əsasən, iştirakçı dövlətlərin beynəlxalq hüquqa uyğun olaraq və müqavilələrdən, o cümlədən Konvensiyadan irəli gələn öhdəliklərinə riayət etmək şərti ilə əcnəbilərin ölkəyə gəlməsi, ölkədə yaşaması və ölkənin hüdudlarından kənara çıxarılması üzərində nəzarəti həyata keçirmək hüquq var (bir çox digər qərarlarla yanaşı bax: “Abdulaziz, kabales və Balkandali Birləşmiş Krallığa qarşı” (Abdulaziz, Cabales and Balkandali v. the United Kingdom, 28 May 1985, § 67, Series A no. 94) və “Bujlifa Fransaya qarşı” (Boujlifa v. France, 21 October 1997, § 42, Reports of Judgments and Decisions 1997-VI). Məhkəmə həmçinin qeyd edir ki, siyasi sığınacaq almaq hüququ nə Konvensiyada, nə də onun Protokollarına təsbit olunmamışdır (bax: “Vilvarajah və Digərləri Birləşmiş Krallığa qarşı” (Vilvarajah and Others v. the United Kingdom, 30 October 1991, § 102, Series A no. 215) və “Ahmed Avstriyaya qarşı” (Ahmed v. Austria, 17 December 1996, § 38, Reports 1996-VI)).
114. Lakin ölkənin hüdudlarından kənara çıxarma, ekstradisiya və yaxud əcnəbinin çıxarılmasına yönəlmiş hər hansı başqa tədbir Konvensiyanın 3-cü maddəsi ilə bağlı məsələni ortaya çıxara bilər, bununla da, əgər müvafiq şəxsin ölkədən çıxarılacağı halda qəbul edən ölkədə 3-cü maddəyə zidd olan rəftara məruz qalması ilə bağlı həqiqi risklə üzləşəcəyini ehtimal etmək üçün mühüm əsasların olması göstərilmişdirsə, əcnəbini ərazisindən çıxaran dövlətin Konvensiyaya əsasən məsuliyyətinə səbəb ola bilər. Belə hallarda Konvensiyanın 3-cü maddəsi şəxsi həmin ölkəyə deportasiya etməmək öhdəliyini nəzərdə tutur (bax: yuxarıda qeyd edilən “Söring”, 90-91-ci bəndlər; yuxarıda qeyd edilən “Vilvarajah və digərləri”, 103-cü bənd; yuxarıdan qeyd edilən “Ahmed”, 39-cu bənd; “H.L.R Fransaya qarşı” (H.L.R. v. France, 29 April 1997, § 34, Reports 1997-III); “Cabari Türkiyəyə qarşı” (Jabari v. Turkey, no. 40035/98, § 38, ECHR 2000-VIII; və “Salah Şeyx Niderlanda qarşı” (Salah Sheekh v. the Netherlands, no. 1948/04, § 135, 11 yanvar 2007)).
115. Beləliklə, Məhkəmə bu növ işlərə baxarkən qəbul edən ölkədəki vəziyyəti Konvensiyanın 3-cü maddəsinin tələbləri kontekstində qiymətləndirməlidir. Konvensiyaya əsasən hər hansı məsuliyyətin ortaya çıxdığı və ya çıxa biləcəyi hallarda, bu, iştirakçı dövlətin şəxsin qadağan olunmuş pis rəftara məruz qoyulması ilə birbaşa nəticələnə bilən hər hansı əməlinə görə yaranan məsuliyyət olacaq (bax: “Saadi İtaliyaya qarşı” [Böyük Palata] (Saadi v. Italy [GC], no. 37201/06, § 126, 28 February 2008).
(β) Şəxsin Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qalmaq riskinin qiymətləndirilməsində nəzərə alınan amillər
116. Məhkəmə ərizəçinin Konvensiyanın 3-cü maddəsinin qadağan etdiyi pis rəftara məruz qalmaq riskinin olub-olmamasını müəyyən edərkən bu məsələyə ona təqdim olunmuş bütün materiallı, zəruri hallarda isə proprio motu (öz təşəbbüsü ilə) əldə etdiyi materialları nəzərə almaqla qiymət verəcək (bax: yuxarıda qeyd edilən “H.L.R. Fransaya qarşı”, 37-ci bənd və “Hilal Birləşmiş Krallığa qarşı” (Hilal v. the United Kingdom, no. 45276/99, § 60, ECHR 2001-II). Hazırkı işə oxşar işlərdə pis rəftar riskinin mövcudluğu ilə bağlı Məhkəmə tərəfindən aparılan araşdırma əsaslı olmalıdır (bax: “Çahal Birləşmiş Krallığa qarşı” (Chahal v. the United Kingdom, 15 November 1996, § 96, Reports 1996-V)).
117. Məhkəmə pis rəftar riskinin olub-olmamasını müəyyən etmək üçün ərizəçinin qəbul edən ölkəyə çıxarılmasının qabaqcadan təxmin edilə bilən nəticələrini bu ölkədəki ümumi vəziyyət, habelə ərizəçinin şəxsi vəziyyəti kontekstində nəzərdən keçirməlidir (bax: yuxarıda qeyd edilən “Vilvarajah və digərləri”, 108-ci bəndi axırıncı cümləsi).
118. Bu məqsədlə Məhkəmə bir çox hallarda konkret ölkədəki ümumi vəziyyətlə bağlı “Amnesty International” təşkilatı kimi insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən müstəqil beynəlxalq assosiasiyaların hesabatlarında və ya hökumət mənbələrində göstərilən məlumatlara əhəmiyyət verirdi (nümunə üçün bax: yuxarıda qeyd edilən “Çahal”, 99-100-cü bəndlər; “Müslim Türkiyəyə qarşı” (Müslim v. Turkey, no. 53566/99, § 67, 26 April 2005); “Said Niderlanda qarşı” (Said v. the Netherlands, no. 2345/02, § 54, ECHR 2005-VI); “Al-Moayad Almaniyaya qarşı”(qərardad) (Al-Moayad v. Germany) (dec.), no.35865/03, §§ 65‑66, 20 February 2007) və yuxarıda qeyd edilən “Saadi”, 131-ci bənd).
119. Məhkəmə hesab edir ki, ərizəçinin sistematik şəkildə pis rəftar təcrübəsinə məruz qalan qrupun üzvü olduğunu iddia etdiyi işlərdə Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulmuş müdafiə ərizəçinin sözügedən təcrübənin mövcudluğuna və özünü müvafiq qrupa mənsub olduğuna inanmaq üçün mühüm əsasların olmasını - zəruri hallarda əvvəlki bənddə qeyd edilən mənbələrdən istifadə etməklə - sübuta yetirdiyi vaxtdan işləməyə başlayır (bax: mutatis mutandis, yuxarıda qeyd edilən “Salah Şeyx”, 138-149-cu bəndlər).
120. Təmin edilən hüququn mütləq xarakteri nəzərə alınmaqla, Məhkəmə istisna etmir ki, Konvensiyanın 3-cü maddəsi təhlükənin dövlət rəsmiləri olmayan şəxslərdən və ya qruplardan gəldiyi hallarda da tətbiq edilə bilər. Lakin, belə hallarda riskin həqiqi olması və qəbul edən dövlətin hakimiyyət orqanlarının müvafiq müdafiəni təmin etməklə həmin riski aradan qaldıra bilməməsi sübuta yetirilməlidir (bax: yuxarıda qeyd edilən “H.L.R. Fransaya qarşı”, 40-cı bənd).
121. Hadisələrin baş verdiyi tarixlə əlaqədar isə qeyd edilməlidir ki, riskin olub-olmaması ilk növbədə iştirakçı dövlətin ərizəçini öz ərazisindən kənara çıxardığı vaxt bildiyi və ya bilməli olduğu faktlar əsasında qiymətləndirilməlidir.
(ii) Yuxarıdakı prinsiplərin hazırkı işə tətbiqi
122. Məhkəmə artıq qeyd etmişdir ki, Avropa İttifaqının xarici sərhədlərində yerləşən dövlətlər hal-hazırda miqrantların və sığınacaq axtaran şəxslərin artan axını ilə bağlı məsələlərlə məşğul olarkən ciddi çətinliklər ilə üzləşir. Məhkəmə bu vəziyyətin həmin dövlətlər üzərinə qoyduğu və iqtisadi böhran kontekstində daha da artan yük və təzyiqi nəzərə alır (bax: “M.S.S. Belçika və Yunanıstana qarşı” [Böyük Palata] (M.S.S. v. Belgium and Greece, no. 30696/09, § 223, 21 yanvar 2011). Xüsusən, o, dəniz yolu ilə miqrasiya fenomeninin doğurduğu çətinliklərdən və dövlətlər üçün cənubi Avropada sərhədlər üzərində nəzarətin təmin edilməsində əlavə problemlərdən xəbərdardır.
Lakin, Konvensiyanın 3-cü maddəsində təmin edilən hüquqların mütləq xarakteri nəzərə alınmaqla, bu çətinliklər dövlətlərin həmin maddədən irəli gələn öhdəliklərdən yayınması üçün əsas ola bilməz.
123. Məhkəmə bir daha vurğulayır ki, Konvensiyanın 3-cü maddəsi ilə qadağan edilən rəftardan müdafiə dövlətlər üzərinə qəbul edən ölkədə belə rəftara məruz qalmaq riski ilə üzləşə biləcək istənilən şəxsi öz ərazisinin hüdudlarından kənara çıxarmamaq öhdəliyini qoyur.
Məhkəmə qeyd edir ki, beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının çoxsaylı hesabatları baxılmanın predmeti olan hadisələrin baş verdiyi vaxt Liviyada gizli miqrantlarla rəftarın narahatedici şəklini əks etdirir. Bundan əlavə, İQK-nın 2010-cu il 28 aprel tarixli hesabatı sözügedən sənədlərin nəticələrini təsdiq edir (yuxarıda 35-ci bəndə bax).
124. Məhkəmə eyni zamanda qeyd edir ki, BMTQAK-ın Tripolidəki ofisi 2010-cu ilin aprelində bağlandıqdan və 2011-ci ilin fevralında baş vermiş xalq inqilabından sonra Liviyadakı vəziyyət daha da pisləşmişdir. Lakin, işə baxılmasının məqsədləri üçün Məhkəmə baxılmanın predmeti olan hadisələr baş verdiyi vaxt Liviyada mövcud vəziyyəti nəzərdən keçirəcək.
125. Yuxarıda göstərilən müxtəlif hesabatlara əsasən, baxılan dövrdə Liviya qaçqınların müdafiəsinə dair hər hansı normalara əməl etmirdi. Ölkəyə qeyri-qanuni yolla gələn istənilən şəxs gizli miqrant hesab olunurdu, bununla belə qeyri-qanuni miqrantlar ilə sığınacaq axtaran şəxslər arasında heç bir fərq qoyulmurdu. Nəticədə həmin insanlar sistematik şəkildə həbs edilməklə kənar müşahidəçilərin, misal üçün BMTQAK-ın, “Human Rights Watch” və “Amnesty International” təşkilatlarının nümayəndə heyətlərinin yalnız qeyri-insani kimi təsvir edə bildiyi şəraitdə saxlanılırdılar. Bütün müşahidəçilər çoxsaylı işgəncə hallarını, qeyri-qənaətbəxş sanitariya vəziyyətini və zəruri tibbi yardımın olmamasını pisləmişlər. Gizli miqrantlar istənilən an öz mənşə ölkələrinə qaytarıla bilərdi, azadlıqda qaldıqları hallarda isə qanunsuz vəziyyətdə olduqlarına görə təhlükəli şəraitdə yaşayırdılar. Ərizəçilərin da aid edildiyi qeyri-qanuni miqrantlar Liviya cəmiyyətində ksenofobiya və irqçi xarakter daşıyan aktlara münasibətdə olduqca həssas, marginal və təcrid edilmiş vəziyyətdə qalmağa məhkum olmuşlar (yuxarıda 35-41 bəndlərə bax).
126. Həmin hesabatlar aydın şəkildə göstərir ki, ərizəçilər kimi İtaliya tərəfindən açıq sularda saxlanıldıqdan sonra Liviyaya gətirilmiş gizli miqrantlar da yuxarıda qeyd edilən risklər ilə üzləşirdilər.
127. Müxtəlif beynəlxalq təşkilatların təsvir etdiyi narahatedici şəkillə üz-üzə qoyulmuş cavabdeh Hökumət baxılmanın predmeti olan hadisələr baş verdiyi zaman Liviyanın açıq sularda saxlanılmış miqrantlar üçün “təhlükəsiz” təyinat nöqtəsi olduğunu iddia etmişdir.
Hökumətin bu mövqeyi Liviya tərəfindən sığınacağın verilməsi və miqrantların müdafiəsinin təmin edilməsi ilə bağlı bütün beynəlxalq öhdəliklərinə, o cümlədən geri qaytarmama prinsipinə riayət edilməsi prezumpsiyasına əsaslanırdı. Hökumət bildirmişdir ki, 2008-ci ildə İtaliya ilə Liviya arasında bağlanmış və gizli miqrantların Liviyaya qaytarılması üçün əsas olan Dostluq Sazişində Liviyanın tərəfdar olduğu insan hüquqları sahəsində beynəlxalq sənədlərə və digər konvensiyalara riayət olunması məsələsinə xüsusi olaraq istinad olunmuşdur.
128. Bununla əlaqədar Məhkəmə qeyd edir ki, Liviya tərəfindən beynəlxalq öhdəliklərinə riayət olunmaması həmin ölkəyə dair beynəlxalq hesabatlarda tənqid edilən faktlardan biri olmuşdur. İstənilən halda Məhkəmə qeyd etməlidir ki, əsas hüquqlara hörmət olunmasını təmin edən milli qanunvericiliyin mövcudluğu və bu sahədə beynəlxalq konvensiyaların ratifikasiya edilməsi öz-özlüyündə, hazırkı işdə olduğu kimi, hakimiyyət orqanlarının Konvensiyanın prinsiplərinə açıq-aşkar zidd olan praktikaları tətbiq etməsi, yaxud belə praktikalara dözümlüklə yanaşması barədə mötəbər mənbələrin məlumatlarının daxil olduğu hallarda pis rəftar riskindən adekvat müdafiənin təmin edilməsi üçün kifayət etmir (bax: yuxarıda qeyd edilən “M.S.S.”, 353-cü bənd, habelə, mutatis mutandis, yuxarıda qeyd edilən “Saadi”, 147-ci bənd).
129. Daha sonra Məhkəmə qeyd edir ki, İtaliya Liviya ilə bağlanmış ikitərəfli sazişlərdən irəli gələn öhdəliklərə istinad etməklə öz məsuliyyətindən yayına bilməz. Hətta həmin sazişlərdə açıq sularda saxlanılan miqrantların Liviyaya qaytarılması barədə konkret müddəaların əks olunması ehtimal edilsəydi belə, Konvensiyanın və onun Protokollarının İştirakçı Dövlətlərə münasibətdə qüvvəyə mindikdən sonra bu dövlətlərin hər hansı müqavilə münasibətlərinə daxil olduğu hallarda da həmin dövlətlərin məsuliyyəti qalmaqda davam edir (bax: “Lixtenşteyn Şahzadəsi Hans-Adam II Almaniyaya qarşı” [Böyük Palata] (Prince Hans-Adam II of Liechtenstein v. Germany [GC], no. 42527/98, § 47, ECHR 2001-VIII) və “Al-Saadun və Mufdhi Birləşmiş Krallığa qarşı” (Al-Saadoon and Mufdhi v. the United Kingdom, no. 61498/08, § 128, 2 March 2010)).
130. Tripolidə BMTQAK-ın ofisinin fəaliyyət göstərməsi ilə bağlı Hökumətin dəlili ilə əlaqədar qeyd edilməlidir ki, hətta Ali Komissarın Ofisi 2010-cu ilin aprelində bağlandıqdan əvvəl Liviyanın hakimiyyət orqanları onun fəaliyyətini heç bir formada tanımırdı. Məhkəmənin nəzərdən keçirdiyi sənədlər göstərir ki, BMTQAK tərəfindən verilmiş qaçqın statusu onun verildiyi şəxslər üçün Liviyada hər hansı müdafiəni təmin etmirdi.
131. Məhkəmə bir daha qeyd edir ki, bu vəziyyət hamıya bəlli idi və asanlıqla çoxsaylı mənbələr vasitəsilə yoxlanıla bilərdi. Bu səbəbdən Məhkəmə hesab edir ki, ərizəçilər geri qaytarıldıqları zaman İtaliyanın hakimiyyət orqanları onların qeyri-qanuni miqrantlar olduqlarına görə Liviyada Konvensiyaya zidd olan rəftara məruz qalacaqlarını və bu ölkədə müdafiəsinin heç bir formada təmin edilməyəcəyini bilmişdir və ya bilməli idi.
132. Hökumət bildirmişdir ki, ərizəçilər İtaliyanın hakimiyyət orqanlarına sığınacaq üçün müraciət etmədiklərinə görə Liviyada məruz qala biləcəkləri riskləri kifayət qədər ətraflı təsvir edə bilməmişlər. Ərizəçilərin Liviyada gəmilərdən çıxarılmasına qarşı etiraz etmələri faktı, Hökumətin fikrinə görə, İtaliya üzərinə Konvensiyanın 3-cü maddəsinə əsasən hər hansı öhdəlik qoyan müdafiə üçün müraciət hesab oluna bilməz.
133. Məhkəmə ilk növbədə qeyd edir ki, bu fakt İtaliyanın hərbiçilərini beynəlxalq müdafiə üçün müraciət etmək niyyəti barədə məlumatlandırdıqlarını bildirmiş ərizəçilər tərəfindən mübahisələndirilmişdir. Bundan əlavə, ərizəçilərin versiyası BMTQAK və “Human Rights Watch” təşkilatı tərəfindən toplanmış çoxsaylı şahid ifadələri ilə təsdiq olunur. İstənilən halda Məhkəmə hesab edir ki, ərizəçilərin geri qaytarıldıqdan sonra məruz qalacaqları rəftar ilə maraqlanmaq məhz yuxarıda göstərildiyi kimi insan hüquqlarının sistematik şəkildə pozulduğu vəziyyətlə üzləşmiş milli hakimiyyətin vəzifəsi idi (mutatis mutandis bax: yuxarıda qeyd edilən “Chahal”, 104-cü və 105-ci bəndlər; yuxarıda qeyd edilən “Jabari”, 40-cı və 41-ci bəndlər; və yuxarıda qeyd edilən “M.S.S.”, 359-cu bənd). İşin halları nəzərə alınmaqla, sözügedən şəxslərin aydın şəkildə sığınacaq üçün müraciət etməmələri faktı İtaliyanı Konvensiyanın 3-cü maddəsindən irəli gələn öhdəliyindən azad etmir.
134. Bununla əlaqədar Məhkəmə qeyd edir ki, Hökumətin istinad etdiyi beynəlxalq hüquq müddəalarının heç biri ərizəçilərin Liviyaya qaytarılmasına haqq qazandıra bilməz, çünki insanların dənizdə xilas edilməsi və insan qaçaqmalçılığına qarşı mübarizə ilə bağlı normalar dövlətlər üzərinə geri qaytarmama prinsipi daxil olmaqla qaçqınların statusunu tənzimləyən beynəlxalq hüquqdan irəli gələn öhdəliklərə riayət etmək öhdəliyini qoyur (yuxarıda 23-cü bəndə bax).
135. Geri qaytarmama prinsipi həmçinin "Əsas hüquqlar haqqında” Avropa Birliyi Xartiyasının 19-cu maddəsində təsbit olunmuşdur. Bununla əlaqədar Məhkəmə Avropa Komissiyasının vitse-prezidenti cənab Jak Barronun Avropa İttifaqının Üzv Dövlətləri tərəfindən açıq sularda həyata keçirilən əməliyyatlar kontekstində geri qaytarmama prinsipinə riayət olunmasının vacibliyini vurğuladığı 2009-cu il 15 iyul tarixli məktuba xüsusi əhəmiyyət verir (yuxarıda 34-cü bəndə bax).
136. Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, hazırkı işdə ərizəçilərin Liviyada Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qalamaq riskinin mövcudluğunu ehtimal etmək üçün mühüm əsasların olması sübuta yetirilmişdir. Liviyada çoxlu sayda qeyri-qanuni immiqrantların ərizəçilərlə oxşar vəziyyətdə olması kifayət qədər real və mümkün olan bu riskin daha az fərdi xarakter daşımasına dəlalət etmir (bax mutatis mutandis: yuxarıda qeyd edilmiş “Saadi”, 132-ci bənd).
137. Bu mülahizələri, habelə dövlətlərin Konvensiyanın 3-cü maddəsindən irəli gələn öhdəliklərini rəhbər tutaraq, Məhkəmə hesab edir ki, İtaliyanın hakimiyyət orqanları ərizəçiləri Liviyaya təhvil verməklə aidiyyəti faktlar barədə tam xəbərdar olaraq onları Konvensiyanın qadağan etdiyi rəftara məruz qoymuşdur.
138. Beləliklə, ərizəçilərin qurban statusunun olmaması ilə bağlı Hökumətin etirazı rədd edilməli və hazırkı işdə Konvensiyanın 3-cü maddəsinin pozulduğu nəticəsinə gəlinməlidir.
B. Ərizəçilərin əsassız olaraq Eritreyaya və Somaliyə qaytarılmaq riskinə məruz qalmaları faktı ilə bağlı Konvensiyanın 3-cü maddəsinin iddia edilən pozuntusu
1. Tərəflərin dəlilləri
(a) Ərizəçilər
139. Ərizəçilər iddia etmişlər ki, onların qaçqınların və sığınacaq axtaran şəxslərin heç bir formada müdafiəsinin təmin edilmədiyi Liviyaya təhvil verilməsi onları mənşə ölkələrinə - müvafiq olaraq Somaliyə və Eritreyaya – qaytarılmaq riskinə məruz qoymuşdur. Onlar bildirmişlər ki, beynəlxalq mənbələrin hesabatları hər iki ölkədə insan hüquqlarını pozan vəziyyətin mövcudluğunu təsdiq edirdi.
140. Öz ölkələrindən qaçmış ərizəçilər bildirmişlər ki, onlara beynəlxalq müdafiə üçün müraciət etmək imkanı verilməmişdir. Liviyaya gələndən sonra onların əksəriyyətinə qaçqın statusunun verilməsi onların pis rəftara məruz qalmaq qorxusunun əsaslı olduğunu təsdiq etmişdir. Onlar bildirmişlər ki, Liviyanın hakimiyyət orqanları BMTQAK-ın Tripolidəki ofisinin onlara verdiyi qaçqın statusunu tanımasa da, bu statusunun verilməsi mənsub olduqları miqrantlar qrupunun beynəlxalq müdafiəyə ehtiyacının olmasını nümayiş etdirirdi.
(b) Hökumət
141. Hökumət göstərmişdir ki, Liviya insan hüquqlarının müdafiəsi ilə bağlı çoxsaylı beynəlxalq sənədləri imzalamışdır; o, həmçinin qeyd etmişdir ki, Liviya 2008-ci ilin Dostluq Sazişini ratifikasiya etməklə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və İnsan hüquqları haqqında Ümumi Bəyannamədə təsbit olunmuş prinsiplərə riayət etmək öhdəliyini aydın surətdə öz üzərinə götürmüşdür.
142. Hökumət bir daha təsdiq etmişdir ki, BMTQAK-ın Liviyada fəaliyyət göstərməsi sığınacaq almaq və beynəlxalq müdafiənin hər hansı başqa bir formadan yararlanmaq hüququ olan heç bir şəxsin ölkədən özbaşına deportasiya edilməyəcəyinin təminatlarından biri olmuşdur. Hökumət bildirmişdir ki, ərizəçilərin çoxuna Liviyada qaçqın statusu verilmiş, bu da onların repatriasiyasını istisna edirdi.
(c) İşdə iştirak edən üçüncü tərəflər
143. BMTQAK bildirmişdir ki, Liviya qaçqınları və sığınacaq axtaranları işgəncəyə və pis rəftarın digər formalarına məruz qala biləcəkləri mənşə ölkələrinə kollektiv şəkildə tez-tez deportasiya edirdi. O, Liviyada beynəlxalq müdafiə sisteminin mövcud olmamasını və nəticədə müdafiəyə ehtiyacı olan şəxslərin “zəncirvari geri qaytarılması” riskinin çox yüksək olduğunu pisləmişdir.
Birləşmiş Millətlər Təşkilatının Ali Komissarı, “Human Rights Watch” və “Amnesty International” təşkilatları məcburi şəkildə Eritreyaya və Somaliyə repatriasiya olunan şəxslər üçün işgəncəyə və ya qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və çox təhlükəli yaşayış şəraitinin təsirinə məruz qalmaq riskini qeyd etmişlər.
144. “Aire Centre”, “Amnesty International” və “FIDH” təşkilatları bildirmişlər ki, sığınacaq axtaranların və açıq sularda saxlanılmış şəxslərin xüsusilə həssas kateqoriyaya mənsub olduqlarını və gəmilərdə geri qaytarmanı mübahisələndirməyə imkan verən adekvat təminatların və ya qaydaların mövcud olmadığını nəzərə alaraq, geri qaytarma əməliyyatlarında iştirak edən Razılığa gələn Tərəflər üçün qəbul edən ölkədəki vəziyyətin, o cümlədən qaytarılan şəxslərin sonradan repatriasiya olunmaq riskinin nəzərdən keçirilməsi həyati əhəmiyyət kəsb edir.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Şikayətin qəbuledilənliyi
145. Məhkəmə hesab edir ki, hazırkı şikayət hüquqa və faktlara aid, işin mahiyyətinə baxılmadan həll oluna bilməyən məsələləri ortaya çıxarır. Buna görə ərizənin bu hissəsi Konvensiyanın 35-ci maddənin 3-cü hissəsinin (a) yarımbəndinin mənasında açıq-aşkar əsassız deyildir. O, hər hansı digər əsaslara görə də qəbuledilməz deyildir. Bu səbəbdən o, qəbuledilən elan edilməlidir.
(b) Şikayətin mahiyyəti
146. Məhkəmə əcnəbinin dolayı yolla çıxarılmasının iştirakçı dövlətin məsuliyyəti məsələsinə toxunmadığı prinsipini və mövcud presedent hüququna görə dövlətdən sözügedən şəxsin repatriasiya olunacağı təqdirdə 3-cü maddənin tələblərinə zidd rəftara məruz qalmaq real riski ilə üzləşməyəcəyini təmin etməsinin tələb olunduğunu bir daha təkrar edir (bax: mutatis mutandis, “T.İ. Birləşmiş Krallığa qarşı” (T.I. v. the United Kingdom (dec.), no. 43844/98, ECHR 2000-III) və yuxarıda qeyd edilmiş “M.S.S.” işi 342-ci bənd).
147. Geri qaytarmanı həyata keçirən dövlət təmin etməlidir ki, aralıq dövlət maraqlı şəxsin üzləşə biləcəyi riskin qiymətləndirilməsi aparılmadan onun mənşə ölkəsinə qaytarılmasının qarşısının alınması üçün kifayət qədər təminat vermiş olsun. Məhkəmə qeyd edir ki, hazırkı işdə olduğu kimi aralıq dövlətin bu Konvensiyanın iştirakçısı olmadığı hallarda bu öhdəlik daha böyük önəm daşıyır.
148. Hazırkı işdə Məhkəmənin vəzifəsi ərizəçilərin repatriasiya olunacaqları halda Konvensiyanın pozulacağı barədə qərar qəbul etməkdən ibarət deyildir. Məhkəmənin vəzifəsi repatriasiya olunacaqları təqdirdə Konvensiyanın 3-cü maddəsinin pozulacağı ilə bağlı mübahisə predmeti ola biləcək iddialara malik maraqlı tərəflərin özbaşına şəkildə mənşə ölkəsinə geri qaytarılmayacaqları ilə bağlı kifayət qədər təminatın olub-olmadığını müəyyən etməkdir.
149. Məhkəmədə ərizəçilərin mənşə ölkələri olan Eritreya və Somalidəki ümumi vəziyyət barədə müvafiq şəxslərin və işdə iştirak edən üçüncü tərəflərin təqdim etdikləri müəyyən məlumatlar var (yuxarıda 43-cü və 44-cü bəndlərə bax).
150. Məhkəmə qeyd edir ki, BMTQAK-ın və “Human Rights Watch” təşkilatının verdiyi məlumata əsasən, Eritreyaya məcburi qaydada repatriasiya olunmuş şəxslər sadəcə ölkəni qeyri-qanuni yolla tərk etdiklərinə görə işgəncə və qeyri-insani saxlama şəraiti ilə üzləşə bilərlər. Somaliyə gəldikdə isə, “Sufi və Elmi” işi üzrə (yuxarıda qeyd edilmişdir) təzəlikcə qəbul edilmiş qərarda Məhkəmə Moqadişodakı zorakılığın təhlükəli səviyyədə olduğunu və həmin ölkəyə qaytarılmış şəxslər üçün silahlı münaqişənin təsirinə məruz qalmış ərazilərdən keçməyə məcbur edilmələri, yaxud yaşayış şəraiti dəhşətli olan köçkün və ya qaçqın düşərgələrində özlərinə sığınacaq axtarmaları ilə bağlı riskin artdığını qeyd etmişdir.
151. Məhkəmə hesab edir ki, ona təqdim olunmuş bütün məlumatlar prima facie göstərir ki, Somalidəki və Eritreyadakı vəziyyət təhlükəsizliyin olmaması ilə bağlı geniş yayılmış ciddi problemləri doğurmuş və bu problemlər qalmaqda davam edir. Bundan əlavə, tərəflər Məhkəmənin gəldiyi bu nəticəni mübahisələndirməmişlər.
152. Beləliklə, ərizəçilər əsaslı olaraq iddia edə bilərlər ki, onların repatriasiyası Konvensiyanın 3-cü maddəsinə zidd olacaqdı. İndi Məhkəmə İtaliya hakimiyyət orqanlarının Liviyanın özbaşına repatriasiyaya qarşı kifayət qədər təminat təklif edəcəyini gözləməsi üçün ağlabatan əsaslara malik olub-olmadığını müəyyən etməlidir.
153. Məhkəmə ilk növbədə qeyd edir ki, Liviya “Qaçqınların statusu haqqında” Cenevrə Konvensiyasını ratifikasiya etməmişdir. Bundan əlavə, beynəlxalq müşahidəçilər Liviyada qaçqınlar üçün sığınacaq və müdafiə mexanizmlərinin heç bir formada mövcud olmadığını qeyd etmişlər. Bununla əlaqədar Məhkəmə artıq qeyd etmişdir ki, BMTQAK-ın Tripolidə fəaliyyət göstərməsi qaçqın statusuna heç bir əhəmiyyət verməyən Liviya hakimiyyət orqanlarının mənfi münasibətinə görə sığınacaq axtaranların müdafiəsinin təminatı ola bilməzdi (yuxarıda 130-cu bəndə bax).
154. Belə olan halda Məhkəmə BMTQAK-ın fəaliyyətinin özbaşına repatriasiyaya qarşı təminat təşkil etməsinə dair Hökumətin dəlili ilə razılaşa bilmir. Bundan əlavə, “Human Rights Watch” təşkilatı və BMTQAK keçmişdə qeyri-qanuni miqrantların, o cümlədən sığınacaq axtaran şəxslərin və qaçqınların yüksək riskli ölkələrə bir neçə dəfə qaytarılmasını pisləmişlər.
155. Beləliklə, bəzi ərizəçilərin qaçqın statusu əldə etməsi faktı Məhkəməni özbaşına qaytarılma riskinin olmadığına inandırmır. Əksinə, Məhkəmə ərizəçilərin bu faktın onların həssas vəziyyətinin əlavə bir sübut olması haqqında fikrini bölüşür.
156. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçilər Liviyaya aparıldıqları zaman İtaliyanın hakimiyyət orqanları xüsusən sığınacaq üçün müraciət etmə ilə bağlı hər hansı mexanizmin mövcud olmamasını və Liviyanın hakimiyyət orqanlarını BMTQAK-ın verdiyi qaçqın statusu tanımağa məcbur etməyin qeyri-mümkün olmamasını nəzərə alaraq, ərizəçiləri özbaşına qaytarılma riskindən müdafiə edən kifayətedici təminatların olmadığını bilmiş, yaxud bilməli idi.
157. Bundan əlavə, Məhkəmə bir daha təsdiq edir ki, ərizəçilərin sığınacaq verilməsi üçün müraciət etmədikləri və ya Liviyada sığınacaq verilməsi sistemi mövcud olmadığına görə üzləşəcəkləri riskləri təsvir edə bilmədikləri faktı İtaliyanı Konvensiyanın 3-cü maddəsindən irəli gələn öhdəliklərindən azad etmir. Məhkəmə bir daha qeyd edir ki, İtaliyanın hakimiyyət orqanları Liviyanın hakimiyyət orqanlarının qaçqınların müdafiəsi ilə bağlı beynəlxalq öhdəliklərini necə yerinə yetirməsini müəyyən etməli idi.
158. Buradan belə çıxır ki, ərizəçilərin Liviyaya təhvil verilməsi onları həmçinin özbaşına repatriasiya olunmaq riskinə məruz qoyduğuna görə Konvensiyanın 3-cü maddəsini pozmuşdur.
IV. 4 SAYLI PROTOKOLUN 4-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
159. Ərizəçilər bildirmişlər ki, onlar hüquqda heç bir əsası olmayan kollektiv şəkildə çıxarmaya məruz qalmışlar. Onlar 4 saylı Protokolun 4-cü maddəsinə istinad etmişlər. Həmin maddədə aşağıdakılar nəzərdə tutulur:
“Əcnəbilərin kollektiv şəkildə çıxarılması qadağandır.”
1. Tərəflərin dəlilləri
(a) Hökumət
160. Hökumət bildirmişdir ki, 4 saylı Protokolun 4-cü maddəsi hazırkı işə tətbiq edilə bilməz. O, iddia etmişdir ki, bu müddəada nəzərdə tutulan təminat yalnız şəxslər hər hansı dövlətin ərazisinə çıxarıldıqları, yaxud milli sərhədi qeyri-qanuni yolla keçdikləri halda işləməyə başlayır. Hazırkı işdə isə baxılmanın predmeti olan tədbir “ölkə hüdudlarından çıxarma”dan deyil, daha çox dövlətin ərazisinə daxil olmağa icazə verilməməsindən ibarətdir.
(b) Ərizəçilər
161. Ərizəçilər “çıxarma” sözünün 4 saylı Protokolun 4-cü maddəsinin tətbiqi üçün zahirən maneə ola biləcəyi ilə razılaşsalar da, bildirmişlər ki, təkamül yönümlü yanaşma Məhkəmənin 4 saylı Protokolun 4-cü maddəsinin hazırkı işə tətbiq edilə bilməsini tanıması ilə nəticələnməlidir.
162. Belə ki, ərizəçilər həmin müddəanın funksional və teleoloji şərhinin verilməsini xahiş etmişlər. Onların fikrincə, kollektiv şəkildə çıxarmanın qadağan edilməsinin əsas məqsədi dövlətlər tərəfindən əcnəbilərdən ibarət qrupların bu insanların şəxsi vəziyyəti hətta ümumi şəkildə yoxlanılmadan digər dövlətlərə məcburi qaydada verilməsinin qarşısını almaqdan ibarətdir. Bu cür qadağa həmçinin miqrantların heç bir rəsmi qərar olmadan açıq sulardan sıxışdırılıb çıxarılması ilə bağlı tədbirlərə şamil olunmalı, çünki bu tədbirlər “çıxarmanın gizli forma”sını təşkil edə bilər. Bu müddəanın teleoloji və “ekstraterritorial” şərhi onun nəzəri və xəyali deyil, praktiki və effektiv olmasını təmin edəcək.
163. Ərizəçilərin fikrincə hətta Məhkəmə 4 saylı Protokolun 4-cü maddəsində təsbit olunmuş qadağanın sırf ərazi xarakterli olması barədə qərar qəbul etməli olsa belə, onların Liviyaya qaytarılması hər bir halda həmin maddənin tətbiqi dairəsinə düşür, belə ki, bu, İtaliyanın bayrağı altında üzən gəmidə baş vermişdir və İtaliya Naviqasiya Məcəlləsinin 4-cü maddəsinə uyğun olaraq bu ölkənin bayrağı altında üzən gəmi “İtaliya ərazisi” hesab olunurdu.
Ərizəçilərin hər birinin şəxsiyyəti müəyyən edilmədən və şəxsi vəziyyəti yoxlanılmadan Liviyaya qaytarılması mahiyyətcə “kollektiv” şəkildə həyata keçirilmiş çıxarma tədbirini təşkil etmişdir.
(c) İşdə iştirak edən üçüncü tərəflər
164. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarının (BMTQAK) qeydləri ilə razılaşdığı (yuxarıda 7-ci bəndə bax) Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı (BMTİHAK) 4 saylı Protokolun 4-cü maddəsinin hazırkı işə tətbiq edilə bilən olduğunu bildirmişdir. Onlar həmin müddəanın geniş şərhinin beynəlxalq miqrasiya sahəsində potensial mühüm nəticələri nəzərə alınmaqla, bu məsələnin həlledici əhəmiyyət kəsb etdiyini qeyd etmişlər.
Əcnəbilərin, o cümlədən qeyri-leqal vəziyyətdə olanların kollektiv şəkildə çıxarılmasının həm beynəlxalq hüquqda, həm də Avropa Birliyinin hüququnda qadağan edildiyini qeyd etdikdən sonra BMTİHAK bildirmişdir ki, açıq sularda saxlanılan şəxslərin, onlar dövlət sərhədlərinə çatmadıqları hallarda da, belə çıxarmaya qarşı müdafiə vasitələrindən faydalanmaq imkanı olmalıdır.
Açıq sularda kollektiv şəkildə çıxarmalar öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsipi nəzərə alınmaqla qadağan edilmiş və Konvensiyanın müddəaları məhz bu prinsipin kontekstində şərh olunmalıdır. Dövlətlərə 4 saylı Protokolun 4-cü maddəsində nəzərdə tutulmuş təminata əməl etmədən açıq dənizdə tutduqları miqrantalrı geri qaytarmağa icazə verilməsi dövlətlərin sərhədlərə nəzarət əməliyyatlarını inkişaf etdirməklə öhdəliklərindən yayındığını qəbul etmək olardı.
Bundan əlavə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının fikrinə görə açıq dənizdə baş vermiş hərəkətlər üzərində iştirakçı dövlətlərin ekstraterritorial yurisdiksiyasını həyata keçirdiyinin tanınması Konvensiya və Protokollarda təsbit edilmiş bütün hüquqların tətbiq edilə bilməsi prezumpsiyasını ehtiva etmiş olardı.
165. Kolambiya Universitetinin hüquq fakültəsinin İnsan Hüquqları Klinikası qaçqınların insan hüquqlarının müdafiəsi sahəsində prosessual təminatların vacibliyini vurğulamışdır. Dövlətlər müvafiq şəxslərin fundamental hüquqlarının səmərəli müdafiəsini təmin etmək və zərər görmək riskinin mövcud olduğu hallarda çıxarmanın qarşısını almaq məqsədi ilə hər biş şəxsin məsələsinə fərdi qaydada baxmalıdır.
Kolambiya Universitetinin hüquq fakültəsinin İnsan Hüquqları Klinikası bildirmişdir ki, dəniz yolu ilə həyata keçirilən gizli immiqrasiyanın yeni fenomen olmadığı halda, beynəlxalq birlik immiqrasiya nəzarəti təcrübəsi, o cümlədən miqrantların dənizdə saxlanılması ilə məhdudiyyətləri müəyyən etməyə ehtiyacın olmasını getdikcə daha çox qəbul edir. Geri qaytarmama prinsipi dövlətlərdən insanların şəxsi vəziyyətini fərdi qaydada yoxlamadan çıxarmaqdan çəkinməyi tələb edir.
Birləşmiş Millətlər Təşkilatının müxtəlif orqanları, məsələn, İşgəncələrə Qarşı Komitə belə təcrübənin insan hüquqları sahəsində beynəlxalq standartları poza biləcəyini açıq surətdə bildirmiş və insanların təhlükədə ola biləcəkləri vəziyyətə qaytarılmasının qarşısını almaq üçün fərdi eyniləşdirilmə və qiymətləndirmənin vacibliyini vurğulamışdır. İnsan Hüquqları üzrə Amerikalararası Komissiya bu prosessual təminatların vacibliyini “Haitinin İnsan Hüquqları naminə Mərkəzi və digərləri Amerika Birləşmiş Ştatlarına qarşı” (The Haitian Center for Human Rights et al. v. United States (case no. 10 675, report no. 51/96, § 163)) işdə tanımışdır. Komissiyanın həmin işdə ifadə edilmiş mövqeyinə görə Amerika Birləşmiş Ştatlarının saxlanılmış haitili miqrantların statusunu adekvat şəkildə araşdırmadan və qaçqın olub-olmamalarını müəyyən etmək üçün hər hansı dinləmə keçirmədən geri qaytarması yolverilməz olmuşdur. Həmin qərar ABŞ Ali Məhkəməsinin “Seyl Haiti Mərkəzlərinin Şurasına qarşı” (Sale v. Haitian Centers Council (113 S. Ct., 2549, 1993)) işi üzrə əvvəllər ifadə edilmiş mövqeyinə ziddiyyət təşkil etdiyi üçün xüsusi əhəmiyyətə malik olmuşdur.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Şikayətin qəbuledilənliyi
166. Məhkəmə ilk növbədə 4 saylı Protokolun 4-cü maddəsinin tətbiq edilə bilib-bilməməsi məsələsinə baxmalıdır. Danimarkanın hakimiyyət orqanları tərəfindən təxminən iki yüz nəfər vyetnamlı uşaqdan ibarət bir qrupun repatriasiya edilməsi ilə bağlı “Henninq Beker Danimarkaya qarşı” işində (Henning Becker v. Denmark (ərizə № 7011/75, 1975-ci il 3 oktyabr tarixli qərar) İnsan Hüquqları üzrə Avropa Komissiyası “əcnəbilərin kollektiv şəkildə çıxarılması”nın “belə bir tədbirin qrupun üzvü olan hər bir fərdin konkret işinin ağlabatan və obyektiv şəkildə araşdırılmasından sonra və belə bir araşdırmanın nəticələri əsasında qəbul edildiyi hallar istisna olmaqla, səlahiyyətli hakimiyyət orqanının əcnəbiləri qrup şəklində ölkəni tərk etməyə məcbur edən istənilən tədbiri” kimi müəyyən etmişdir.
167. Konvensiyaya əsasən yaradılmış orqanlar sonradan həmin tərifdən 4 saylı Protokolun 4-cü maddəsi ilə bağlı digər işlərdə də istifadə etmişlər. Məhkəmə qeyd edir ki, belə işlərin əksəriyyəti müvafiq ərazinin hüdudlarında olmuş şəxslər ilə bağlı idi (bax: “K.G. Almaniya Federativ Respublikasına qarşı” (K.G. v. the F.R.G.İ, no. 7704/76, Commission Decision of 1 March 1977); “O. və digərləri Lüksemburqa qarşı” (O. and Others v. Luxembourg, no. 7757/77, Commission Decision of 3 March 1978); “A. və digərləri Niderlanda qarşı” (A. and Others v. the Netherlands, no. 14209/88, Commission Decision of 16 December 1988); “Andrik İşveçə qarşı” (qərardad) (Andric v. Sweden (dec), no. 45917/99, 23 February 1999); “Çonka Belçikaya qarşı” (Čonka v. Belgium, no. 51564/99, ECHR 2002‑I); “Davidov Estoniyaya qarşı” (qərardad) (Davydov v. Estonia (dec), no. 16387/03, 31 May 2005); “Berişa və Haljiti Keçmiş Yuqoslav Respublikası Makedoniya” (Berisha and Haljiti v. “the former Yugoslav Republic of Macedonia”, no. 18670/03, decision of 16 June 2005); “Sultani Fransaya qarşı” (Sultani v. France, no. 45223/05, ECHR 2007-X); “Gulami Fransaya qarşı” (qərardad) (Ghulami v. France (dec), no. 45302/05, 7 April 2009) və “Dritsas İtaliyaya qarşı” (qərardad) (Dritsas v. Italy (dec), no. 2344/02, 1 February 2011)).
168. Lakin, “Ksavara və digərləri İtaliya və Albaniyaya qarşı” işi (qərardad) (Xhavara and Others v. Italy and Albania ((dec), no. 39473/98, 11 yanvar 2001) Albaniyaya məxsus gəmidə qeyri-qanuni yolla İtaliyaya gəlməyə cəhd etmiş və İtaliyanın sahilindən təxminən 35 dəniz mili məsafəsində İtaliyanın hərbi gəmisi tərəfindən saxlanılmış Albaniya vətəndaşları ilə bağlı olmuşdur. İtaliyaya məxsus gəmi sözügedən şəxslərin milli ərazisində sahilə düşmələrinin qarşısını almağa çalışmış və gəmilərin toqquşması nəticəsində ərizəçilərin valideynləri daxil olmaqla əlli səkkiz nəfər vəfat etmişdir. Həmin işdə ərizəçilər xüsusən qeyri-qanuni miqrantların dərhal çıxarılmasını nəzərdə tutan 1997-ci ilin 60 nömrəli qanunverici aktdan şikayət etmişlər. Həmin qərara qarşı şikayətin verilməsi onun icrasının dayandırmırdı. Ərizəçilər hesab etmişlər ki, bu hal 4 saylı Protokolun 4-cü maddəsində təsbit olunmuş təminatın pozulmasını təşkil edirdi. Məhkəmə qeyd olunan normanın o işdə tətbiq edilmədiyini nəzərə alaraq həmin şikayəti ratione personae prinsipinə uyğun olmadığına görə rədd etmiş və 4 saylı Protokolun 4-cü maddəsinin sözügedən işə tətbiq edilə bilib-bilməməsinə dair qərar qəbul etməmişdir.
169. Beləliklə, hazırkı işdə Məhkəmə 4 saylı Protokolun 4-cü maddəsinin əcnəbilərin milli ərazidən kənarda üçüncü dövlətə verilməsi ilə bağlı işlərə tətbiq edilə bilib-bilməməsi məsələsinə ilk dəfə baxmalıdır. Məhkəmə ərizəçilərin Liviyaya təhvil verilmələrinin sözügedən müddəanın mənasında “əcnəbilərin kollektiv şəkildə ölkə hüdudlarından kənara çıxarılması”nın olub-olmamasını müəyyən etməlidir.
170. Konvensiyanın müddəalarını şərh edərkən Məhkəmə “Beynəlxalq müqavilələr hüququ haqqında” Vyana Konvensiyasının 31-33-cü maddələrinə söykənir (nümunə üçün bax: “Qolder Birləşmiş Krallığa qarşı” (Golder v. the United Kingdom, 21 February 1975, § 29, Series A no. 18); “Demir və Baykara Türkiyəyə qarşı” [Böyük Palata] (Demir and Baykara v. Turkey [GC], no. 34503/97, § 65, 12 November 2008) və “Saadi Birləşmiş Krallığa qarşı” [Böyük Palata] (Saadi v. the United Kingdom [GC], no. 13229/03, § 62, 29 yanvar 2008)).
171. “Beynəlxalq müqavilələr hüququ haqqında” Vyana Konvensiyasına müvafiq olaraq Məhkəmə terminlər adi anlayışını onların kontekstində və mətnindən götürüldüyü normanın obyekti və məqsədi nəzərə alınmaqla müəyyən etməlidir. Məhkəmə nəzərə almalıdır ki, baxılmanın predmeti olan müddəa insan hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsinə yönəlmiş beynəlxalq sazişin tərkib hissəsini təşkil edir. Məhkəmə həmçinin nəzərə almalıdır ki, Konvensiya vahid sənəd kimi oxunmalı və onun müxtəlif müddəalarının arasında daxili uzlaşmanı və harmoniyanı təmin edən qaydada şərh edilməlidir (bax: “Stek və digərləri Birləşmiş Krallığa qarşı” (qərardad) [Böyük Palata] (Stec and Others v. the United Kingdom (dec) [GC], nos. 65731/01 and 65900/01, § 48, ECHR 2005-X)). Eyni zamanda, Məhkəmə beynəlxalq hüququn Razılığa gələn Tərəflərin qarşılıqlı münasibətlərinə tətbiq edilən müvafiq norma və prinsiplərini nəzərə almalıdır (bax: “Al-Adsani Birləşmiş Krallığa qarşı” [Böyük Palata] “Al-Adsani v. the United Kingdom [GC], no. 35763/97, § 55, ECHR 2001-XI) və “Bosfor Hava Yolları Turizm və Ticarət Anonim Şirkəti (Bosfor Hava Yolları) İrlandiyaya qarşı” [Böyük Palata] (Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi (Bosphorus Airways) v. Ireland [GC], no. 45036/98, § 150, ECHR 2005-VI); həmçinin Vyana Konvensiyasının 31-ci maddəsinin 3-cü hissəsinin (c) yarımbəndinə bax)). Bununla yanaşı, Məhkəmə terminin yuxarıda qeyd edilən metodların tətbiqi nəticəsində müəyyən olunmuş mənasını dəqiqləşdirmək və ya onun qeyri-müəyyən, anlaşılmaz və ya açıq-aşkar absurd və ağıla batmayan olduğu hallarda mənasının aydınlaşdırılması məqsədilə şərhetmənin əlavə vasitələrindən, xüsusilə Konvensiyanın hazırlıq materiallarından (travaux préparatoires) istifadə edə bilər (Vyana Konvensiyasının 32-ci maddəsinə bax).
172. Hökumət bildirmişdir ki, 4 saylı Protokolun 4-cü maddəsinin hazırkı işə tətbiqi üçün məntiqli maneə mövcud olmuşdur: belə ki, ərizəçilər Liviyaya təhvil verildikləri zaman İtaliyanın ərazisində olmamış və Hökumətin fikrinə görə həmin tədbir terminin adi mənasında “çıxarma” hesab edilə bilməz.
173. Məhkəmə Hökumətin bu mövqeyi ilə razılaşmır. O, ilk növbədə qeyd edir ki, əvvəllər baxdığı işlər müxtəlif formalarda müvafiq dövlətin ərazisində olan şəxslərə aid olsa da, 4 saylı Protokolun 4-cü maddəsinin ifadə forması öz-özlüyündə onun ekstraterritorial tətbiqi üçün maneə törətmir. Qeyd edilməlidir ki, 4 saylı Protokolun 4-cü maddəsində “ərazi” anlayışına heç bir istinad yoxdur; eyni zamanda həmin Protokolun 3-cü maddəsini mətni, əksinə, konkret olaraq vətəndaşların məcburi çıxarılmasına qadağanın ərazi üzrə tətbiqi dairəsinə istinad edir. 7 saylı Protokolun 1-ci maddəsində də qanuni əsaslarla dövlətin ərazisində yaşayan əcnəbilərin çıxarılmasına dair prosessual təminatlarla əlaqədar “ərazi” anlayışına istinad olunur. Məhkəmənin fikrincə, qeyd edilən maddələrin ifadə formasına əhəmiyyət verməmək olmaz.
174. Hazırlıq materialları 4 saylı Protokolun 4-cü maddəsinin tətbiqi dairəsi və hüdudları barədə müfəssəl məlumat vermir. İstənilən halda 4 saylı Protokola dair 1963-cü ilin İzahedici Hesabatı göstərir ki, Ekspertlər Komitəsinin fikrinə görə, 4-cü maddəni məqsədi “əcnəbilərin kollektiv şəkildə çıxarılmasının yaxın tarixdə mövcud olmuş formalarını” rəsmi qaydada qadağan etməkdən ibarət olmuşdur. Beləliklə, “razılıq əldə edilmişdir ki, bu Maddənin [4-cü maddə] və 3-cü maddənin 1-ci bəndinin qəbul edilməsi heç bir halda keçmişdə görülməsi ehtimal olunan kollektiv şəkildə çıxarma tədbirlərinə haqq qazandırılması kimi şərh oluna bilməz. Protokolun layihəsinə dair kommentari göstərir ki, Ekspertlər Komitəsinin fikrinə görə, bu Maddədə istinad edilən əcnəbilər yalnız qanuni əsaslarla dövlətin ərazisində yaşayan əcnəbilər deyil, “həmin dövlətin vətəndaşlığını əldə etmək hüququ olmayan və istər ölkənin ərazisindən keçən və ya orada müvəqqəti, yaxud daimi yaşayan, istərsə qaçqın olan və ya ölkənin ərazisinə öz təşəbbüsü ilə daxil olan, istərsə də vətəndaşlığı olmayan şəxslər və ya digər dövlətin vətəndaşları olan bütün şəxslər”dir (Ekspertlər Komitəsinin yekun layihəsinin 4-cü maddəsi, 505-ci səhifə, 34-cü bənd. Nəhayət, 4 saylı Protokolun layihəsi üzərində işləmiş ekspertlərin fikrinə görə “çıxarma” sözü hazırda istifadədə olan adi mənada (“hər hansı yerdən qovmaq”) şərh edilməlidir”. Bu axırıncı tərif İzahedici Hesabatın Protokolun 3-cü maddəsinə aid bölməsində verilsə də, Məhkəmə hesab edir ki, bu tərif həmçinin həmin Protokolun 4-cü maddəsinə də tətbiq edilə bilər. Bundan belə çıxır ki, hazırlıq materialları 4 saylı Protokolun 4-cü maddəsinin ekstraterritorial qaydada tətbiqini istisna etmir.
175. Lakin, Məhkəmə bu maddənin bu qaydada tətbiqi üçün əsasların olub-olmamasını hələ müəyyən etməlidir. Bu suala cavab tapmaq üçün baxılmanın predmeti olan müddəanın məqsədi və mənası nəzərə alınmalıdır; onlar isə öz növbəsində Konvensiyanın presedent hüququnda dərin kök salmış bir prinsipin kontekstində təhlil edilməlidir. Həmin prinsipə əsasən Konvensiya canlı sənəd olmaqla bugünkü vəziyyət kontekstində şərh edilməlidir (nümunə üçün bax: yuxarıda qeyd edilmiş “Sörinq”, 102-ci bənd; “Dadceon Birləşmiş Krallığa qarşı” (Dudgeon v. the United Kingdom, 22 October 1981, Series A no. 45); “X, Y və Z Birləşmiş Krallığa qarşı” (X, Y and Z v. the United Kingdom, 22 April 1997, Reports 1997-II); “V. Birləşmiş Krallığa qarşı” [Böyük Palata] (V. v. the United Kingdom [GC], no. 24888/94, § 72, ECHR 1999-IX) və “Metyus Birləşmiş Krallığa qarşı” [Böyük Palata] (Matthews v. the United Kingdom [GC], no. 24833/94, § 39, ECHR 1999-I)). Bundan əlavə, Konvensiyanın onda təsbit olunmuş təminatlara nəzəri və xəyali deyil, praktiki və effektiv xarakter verəcək qaydada şərh edilməsi və tətbiqi vacibdir (bax: “Marks Belçikaya qarşı” (Marckx v. Belgium, 13 June 1979, § 41, Series A no. 31); “Eyri İrlandiyaya qarşı” (Airey v. Ireland, 9 October 1979, § 26, Series A no. 32); “Mamatkulov və Askarov Türkiyəyə qarşı” [Böyük Palata] (Mamatkulov and Askarov v. Turkey [GC], nos. 46827/99 and 46951/99, § 121, ECHR 2005-I) və “Leyla Şahin Türkiyəyə qarşı” [Böyük Palata] (Leyla Şahin v. Turkey [GC], no. 44774/98, § 136, ECHR 2005-XI)).
176. 4 saylı Protokolun layihəsi hazırlandıqdan sonra uzun müddət keçmişdir. O vaxtdan bəri Avropadakı miqrasiya axınları güclənməyə davam etmiş, miqrasiya məqsədləri üçün dənizdən istifadə halları xeyli artmışdır. Bununla belə, miqrantların açıq dənizdə saxlanılması və tranzit və ya mənşə ölkələrinə çıxarılması dövlətlərin qeyri-qanuni immiqrasiyaya qarşı mübarizədə aləti olmaqla miqrasiya nəzarətinin vasitələrindən birini təşkil edir.
İqtisadi böhran və bu yaxınlarda baş vermiş sosial və siyasi dəyişikliklər Afrikanın və Yaxın Şərqin müəyyən regionlarına xüsusi təsir göstərərək Avropa dövlətləri üçün immiqrasiya nəzarəti sahəsinə yeni çağırışların ortaya çıxmasına səbəb olmuşdur.
177. Məhkəmə artıq belə qənaətə gəlmişdir ki, İnsan Hüquqları üzrə Avropa Komissiyasının və Məhkəmənin presedent hüququna əsasən 4 saylı Protokolun 4-cü maddəsinin məqsədi dövlətləri bəzi əcnəbilərin şəxsi vəziyyətini yoxlamadan və nəticədə onlara müvafiq dövlət orqanının tətbiq etdiyi tədbirə qarşı öz dəlillərini irəli sürmək şansı vermədən onları çıxarmaq imkanından məhrum etməkdən ibarətdir. Beləliklə, 4 saylı Protokolun 4-cü maddəsi yalnız Konvensiyanın iştirakçı dövlətlərinin ərazisindən kollektiv surətdə çıxarmalara münasibətdə tətbiq edilsəydi, müasir miqrasiya strukturunun əhəmiyyətli komponenti bu müddəanın əhatə dairəsinə düşməyəcəkdi, baxmayaraq ki, bu müddəa ilə qadağan edilən davranış milli ərazidən kənarda, xüsusən hazırkı işdə olduğu kimi açıq sularda baş verə bilər. Bu səbəbdən 4-cü maddə hazırda artmaqda olan belə hallarda praktiki cəhətdən qeyri-effektiv olacaqdı. Bunun nəticəsində çox zaman həyatları təhlükədə qoyularaq dənizə çıxarılmış və dövlətin sərhədlərinə çata bilməmiş miqrantlar quru ərazi ilə səfər etmiş şəxslərdən fərqli olaraq çıxarılmazdan qabaq şəxsi işlərinə baxılması hüququna malik olmayacaqlar.
178. Beləliklə, aydın olur ki, “yurisdiksiya” anlayışının əsasən əraziyə aid olduğu və onun dövlətlərin milli ərazilərində həyata keçirildiyinin güman olunduğu halda (yuxarıda 71-ci bəndə bax), “çıxarma” anlayışı da əsasən əraziyə aiddir, o mənada ki, çıxarmalar bir çox hallarda milli ərazidən həyata keçirilir. Lakin, hazırkı işdə olduğu kimi, Məhkəmə iştirakçı dövlətin müstəsna hallarda öz yurisdiksiyasını milli ərazisindən kənarda icra etdiyi qənaətinə gələrsə, o, həmin dövlət tərəfindən həyata keçirilən ekstraterritorial yurisdiksiyanın kollektiv şəkildə çıxarma formasını aldığının qəbul edilməsi üçün heç bir maneə görmür. Məhkəmənin əks qənaətə gəlməsi və bununla da axırıncı anlayışın (çıxarma) əhatə dairəsinin sırf əraziyə bağlı olması ilə razılaşması Konvensiyanın özünün tətbiqi dairəsi ilə 4 saylı Protokolun tətbiqi dairəsi arasında uyğunsuzluğun olması ilə nəticələnəcəkdi, bu da Konvensiyanın vahid sənəd kimi şərh edilməli olması prinsipinə zidd olacaqdı. Bundan əlavə, dövlətlər tərəfindən açıq sularda yuriskisiyasının həyata keçirilməsi ilə əlaqədar Məhkəmə artıq bildirmişdir ki, dəniz şəraitinin xüsusi xarakteri fərdlərin onlara Konvensiyada nəzərdə tutulmuş və dövlətin yurisdiksiyası altında olan hər bir kəsin istifadə etməsini təmin etməyi üzərinə öhdəlik götürdüyü hüquq və təminatlardan istifadə imkanı verəcək hər hansı hüquq sistemi ilə əhatə olunmadıqları qanundan kənar ərazinin mövcudluğuna haqq qazandıra bilməz (bax: yuxarıda qeyd edilmiş Medvedyev və Digərləri işi, 81-ci bənd).
179. Yuxarıdakı mülahizələr dövlətlərin öz immiqrasiya siyasətini müəyyən etmək hüququnu şübhə altına almır. Lakin, qeyd edilməlidir ki, miqrasiya axınlarının idarə olunması ilə bağlı problemlər dövlətlərin Konvensiyadan irəli gələn öhdəliklərinə uyğun olmayan vasitələrdən istifadə etməsinə haqq qazandıra bilməz. Məhkəmə bununla əlaqədar bir daha vurğulayır ki, beynəlxalq müqavilələrin müddəaları vicdanla, müqavilənin predmeti və məqsədi kontekstində və səmərəlilik prinsipinə uyğun şəkildə şərh edilməlidir (bax: yuxarıda qeyd edilmiş “Mamatkulov və Askarov”, 123-cü bənd).
180. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, dövlətin hakimiyyət orqanlarının öz suveren hakimiyyəti həyata keçirməsi zamanı miqrantların açıq sularda saxlanılması kontekstində baş verən və məqsədi miqrantların həmin dövlətin sərhədlərinə çatmalarının qarşını almaqdan və hətta onları digər dövlətə qaytarmaqdan ibarət olan əcnəbilərin çıxarılması dövlətin Konvensiyanın 1-ci maddəsinin mənasında yurisdiksiyasını həyata keçirməsi halını təşkil edir və nəticədə sözügedən dövlətin 4 saylı Protokolun 4-cü maddəsinə əsasən məsuliyyəti məsələsini ortaya çıxarır.
181. Hazırkı işdə Məhkəmə hesab edir ki, ərizəçilərin Liviyaya təhvil verilməsi ilə nəticələnmiş əməliyyat İtaliyanın hakimiyyət orqanları tərəfindən qeyri-qanuni miqrantların İtaliyanın torpağına düşməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilmişdir. Bununla əlaqədar Məhkəmə bu hadisələrdən sonra daxili işlər nazirinin İtaliya mətbuatına və dövlətin Senatına verdiyi bəyanatlara xüsusi əhəmiyyət verir. Həmin bəyanatlarda daxili işlər naziri miqrantların qaytarılması üzrə açıq sularda həyata keçirilən əməliyyatlarının gizli immiqrasiyaya qarşı mübarizə üçün vacibliyini izah etmiş və 2009-cu ildə həyata keçirilmiş əməliyyatlar nəticəsində miqrantların sahilə çıxma hallarının əhəmiyyətli dərəcədə azalmasını vurğulamışdır (yuxarıda 13 bəndə bax).
182. Beləliklə, Məhkəmə Hökumətin etirazını rədd edir və 4 saylı Protokolun 4-cü maddəsinin hazırkı işə tətbiq edilə bildiyini hesab edir.
(b) Şikayətin mahiyyəti
183. Məhkəmə qeyd edir ki, “Çonka” işi (yuxarıda qeyd edilmiş qərara bax) – bu günə qədər Məhkəmənin 4 saylı Protokolun 4-cü maddəsinin pozulması müəyyən etdiyi yeganə işdir. Bu işə baxdıqda Məhkəmə kollektiv şəkildə çıxarmanın baş verib-vermədiyini müəyyən etmək üçün işin hallarını öyrənmiş və deportasiya haqqında qərarlar qəbul edilən zaman müvafiq şəxslərin xüsusi şəraitinin nəzərə alınması məsələsini araşdırmışdır. Bununla əlaqədar olaraq Məhkəmə aşağıdakıları bildirmişdir (61-63-cü bəndlərdə):
“Eyni zamanda, Məhkəmə qeyd edir ki, müvafiq tutulma və deportasiya haqqında qərarlar ərazini tərk etmə barədə 1999-cu il 29 sentyabr tarixli sərəncamın icrası məqsədilə qəbul edilmişdir; bu sərəncam təkcə “Xaricilər haqqında” Qanunun 7-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən çıxarılmış, ərizəçilərin şəxsi vəziyyəti kimi yalnız onların Belçikada üç aydan çox qalması faktı göstərilmişdir. Xüsusən, sənəddə onların sığınacaq barədə müraciəti və ya 1999-cu il 3 mart və 18 iyun tarixli qərarlar göstərilməmişdir. Ehtimal etmək olar ki, həmin qərarlar da ərizəni tərk etmə barədə sərəncam ilə müşayiət edilmiş, lakin bu sərəncam, öz-özlüyündə, ərizəçilərin tutulmasına icazə verməmişdir. Buna görə, ərizəçilərin tutulması ilk dəfə 1999-cu il 29 sentyabr tarixli qərarda onların sığınacaq barədə müraciəti ilə bağlı olmayan, lakin, buna baxmayaraq, mübahisələndirilən tədbirlərin həyata keçirilməsi üçün kifayət olmuş əsaslarla əmr edilmişdir. Belə şəraitdə və ərizəçilərin üzləşdiyi ilə eyni tale ilə üzləşmiş eyni mənşəli şəxslərin böyük sayını nəzərə alaraq Məhkəmə hesab edir ki, keçirilmiş prosedurda ölkənin hüdudlarından kənara kollektiv şəkildə çıxarılmanın kollektiv ola bilməsi barədə bütün şübhələri aradan qaldırmaq üçün imkan yaradılmamışdır.
Bu şübhə bir sıra amillərlə möhkəmləndirilir: birincisi, ərizəçilərin deportasiyasından qabaq müvafiq siyasi hakimiyyət orqanları bu kimi əməliyyatların keçiriləcəyini elan etmiş və müvafiq dövlət orqanına onların həyata keçirilməsini tapşırmışlar ...; ikincisi, aidiyyəti olan bütün xaricilər eyni vaxtda polis bölməsinə gəlmək barədə göstəriş almışlar; üçüncüsü, ərazini tərk etmək barədə və onların tutulması barədə onlara təqdim edilmiş sərəncamların mətni eyni olmuşdur; dördüncüsü, xaricilərin vəkil ilə əlaqə saxlaması çətin olmuşdur; nəhayət, sığınacaq barədə müraciətlə bağlı prosedur tamamlanmamışdır.
Yəni, prosedur zamanı əcnəbilər polis bölməsinə gəlmək barədə bildirişin təqdim edilməsi ilə onların kollektiv şəkildə çıxarılması arasındakı müddətdə aidiyyəti olan hər birinin şəxsi vəziyytinin həqiqətən və xüsusən nəzərə alınmasını göstərən kifayət qədər təminatlar olmamışdır.”
184. Konvensiya orqanlarının presedent hüququnda həmçinin göstərilmişdir ki, səlahiyyətli dövlət orqanına çıxarmanın əleyhinə dəlilləri şəxsən təqdim etmək imkanı aidiyyəti olan hər bir şəxs üçün yaradıldığı təqdirdə, bir neçə əcnəbi barədə eyni qərarların qəbul edilməsi faktının özü kollektiv şəkildə çıxarmanın baş verməsi nəticəsinə gətirib çıxarmır (bax: yuxarıda qeyd edilmiş “K.G. Almaniya Federativ Respublikasına qarşı” işi üzrə qərar, yuxarıda qeyd edilmiş “Andirk” üzrə qərar və yuxarıda qeyd edilmiş “Sultani” işi üzrə qərar, 81-ci bənd). Nəhayət, Məhkəmə qət etmişdir ki, [ərizəçinin] təqsiri üzündən şəxsin çıxarılması barədə qərarda çatışmazlıq olduqda 4 saylı Protokolun 4-cü maddəsi pozulmur (bax: yuxarıda qeyd edilən “Berişa və Halciti” işi üzrə qərar, yuxarıda qeyd edilən “Dritsas” işi üzrə qərar).
185. Hazırkı işdə Məhkəmə yalnız belə qənaətə gələ bilər ki, ərizəçilərin Liviyaya verilməsi hər bir ərizəçinin şəxsi vəziyyəti hər hansı formada araşdırılmadan həyata keçirilmişdir. Mübahisə edilmir ki, İtaliyanın hakimiyyət orqanları ərizəçilərin şəxsiyyətlərini müəyyən etməmiş və saxlanılmış bütün immiqrantları hərbi gəmilərə yükləməklə və Liviya sahilində çıxarmaqla kifayətlənmişdir. Bundan başqa, Məhkəmə qeyd edir ki, hərbi gəmilərin ekipajı fərdi müsahibə keçirmək üçün təlim keçməmiş, onlara tərcüməçilər və ya hüquqi məsləhətçilər yardım etməmişlər.
Bu, sözügedən insanların hər birinin şəxsi vəziyyətinin həqiqətən təfərrüatlı araşdırmanın predmeti olmasının kifayət qədər təminatlarının mövcud olduğunu Məhkəmə tərəfindən istisna etmək üçün kifayətdir.
186. Göstərilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, ərizəçilərin kollektiv şəkildə çıxarılması 4 saylı Protokolun 4-cü maddəsinə zidd olaraq kollektiv xarakter daşımışdır. Nəticə etibarilə, bu maddə pozulmuşdur.
VI. KONVENSİYANIN 3-CÜ MADDƏSİ VƏ 4 SAYLI PROTOKOLUN 4-CÜ MADDƏSİ İLƏ BİRGƏ KONVENSİYANIN 13-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
187. Ərizəçilər şikayət etmişlər ki, Konvensiyanın 3-cü maddəsinə və 4 saylı Protokolun 4-cü maddəsinə əsasən şikayət etmək üçün İtaliya qanunvericiliyində səmərəli hüquqi müdafiə vasitəsi nəzərdə tutulmamışdır. Onlar aşağıdakılar nəzərdə tutulan Konvensiyanın 13-cü maddəsinə istinad etmişlər:
“[Bu] Konvensiyada təsbit edilmiş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir”
1. Tərəflərin dəlilləri
(a) Ərizəçilər
188. Ərizəçilər bildirmişlər ki, şəxslərin İtaliya tərəfindən açıq sularda saxlanılması qanuna uyğun olmamış və bunun qanuniliyi milli hakimiyyət orqanı tərəfindən yoxlanılmamışdır. Bu səbəbdən, ərizəçilər onların Liviyaya qaytarılmasına qarşı şikayət etmək və Konvensiyanın 3-cü maddəsinin və 4 saylı Protokolun 4-cü maddəsinin pozulmasını iddia etmək imkanından məhrum edilmişlər.
189. Ərizəçilər iddia etmişlər ki, saxlanılmış immiqrantların şəxsiyyətlərini müəyyən etməmiş və onların müdafiə barədə müraciətlərinə məhəl qoymamış İtaliya hakimiyyət orqanları Məhkəmənin presedent hüququnda nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrin səmərəliliyinə dair tələblərdən heç birinə əməl etməmişdir. Bundan əlavə, onların hərbiçilərə sığınacaq barədə müraciət etmək imkanının olması ehtimal edilsə də belə, sadəcə gəmilərdə olduqlarına görə onlara məhkəməyə müraciət etmə daxil olmaqla İtaliya qanunvericiliyində nəzərdə tutulmuş prosessual təminatlar verilməmişdir.
190. Ərizəçilər hesab etmişlər ki, immiqrasiya siyasəti ilə bağlı ərazi suverenliyi hüququnun həyata keçirilməsi heç bir halda Konvensiya ilə dövlətlər üzərində müəyyən edilmiş öhdəliklərə, o cümlədən öz yurisdiksiyası daxilində hər bir şəxs üçün milli məhkəmə qarşısında səmərəli hüquqi müdafiə vasitəsini təmin etmək öhdəliyinə əməl etməməsinə gətirib çıxara bilməz.
(b) Hökumət
191. Hökumət bildirmişdir ki, hazırkı işdə hadisələrin gəmidə baş verməsinə görə ərizəçilərin milli məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi mümkün olmamışdır.
192. Böyük Palatada məhkəmə iclası zamanı Hökumət iddia etmişdir ki, ərizəçilər zərərçəkmiş şəxs qismində tanınmaq və müvafiq hallarda Konvensiyanın iddia edilən pozuntularına görə kompensasiya almaq üçün milli məhkəmələrə müraciət etməli idilər. Hökumətin fikrinə görə, İtaliyanın məhkəmə sistemi ərizəçiləri xilas etmiş hərbiçilərin milli və beynəlxalq hüquqa əsasən hər hansı məsuliyyətini müəyyən etmək üçün imkan yaradardı.
Hökumət sübut etməyə çalışmışdır ki, BMTQAK tərəfindən qaçqın statusu almış ərizəçilərin hər zaman İtaliya ərazisinə daxil olmaq və öz Konvensiya hüquqlarını, o cümlədən məhkəmə orqanlarına müraciət etmək hüququnu həyata keçirmək imkanı olmuşlar.
(c) İşdə iştirak edən üçüncü tərəflər
193. BMTQAK bildirmişdir ki, geri qaytarmama prinsipi dövlətlərin prosessual öhdəliklərini əhatə edir. Bundan əlavə, sığınacaq almaq üçün səlahiyyətli orqan tərəfindən həyata keçirilən səmərəli prosedura müraciət etmək hüququ “qarışıq” miqrasiya axınları hallarında xüsusi əhəmiyyət kəsb edir ki, bunun çərçivəsində mümkün sığınacaq istəyənlər digər immiqrantlar sırasından müəyyən edilməli və seçilməlidir.
194. “Avropada Fərdi Hüquqlar üzrə Məsləhət Mərkəzi” (“Aire Centre”), “Amnesty İnternational” təşkilatı və “İnsan Hüquqları naminə Beynəlxalq Federasiya” (“FİDH”) hesab etmişlər ki, açıq sularda saxlanılma nəticəsində ölkəyə qaytarılmış şəxslər Konvensiyaya tərəfdar çıxan və əməliyyata görə məsuliyyət daşıyan dövlətdəki nəinki 13-cü maddənin tələblərinə cavab verə bilən hüquqi müdafiə vasitəsinə, hər hansı hüquq müdafiə vasitəsinə müraciət etmək imkanına malik olmamışlar. Ərizəçilər həmçinin Konvensiyanın tələblərinə cavab verən ciddi araşdırmaya, onların qaytarılmasının əleyhinə çıxış edən səbəbləri irəli sürmək üçün zəruri imkana və ya lazımi yardıma, xüsusilə tərcüməçinin yardımına malik olmamışlar. Bu təşkilatlar iddia etmişlər ki, Konvensiyanın iştirakçı dövlətləri gəmini saxlayaraq geriyə qaytardıqda, onların sözügedən hər bir şəxsin Konvensiya ilə təmin olunan hüquqlar nəzərə alınaraq öz qaytarılmanı mübahisələndirmək üçün səmərəli imkana malik olmasını və qaytarıldıqdan qabaq müraciətinə baxılmasını təmin etmək öhdəliyi vardır.
Göstərilən təşkilatlar hesab etmişlər ki, ərizəçilərin şəxsiyyətlərini müəyyən edilməsinə imkan yaradan hüquqi müdafiə vasitəsinin, onların müdafiə barədə müraciətlərinin və onların ehtiyaclarının fərdi qaydada qiymətləndirmənin olmaması, habelə qaytarılmış şəxslərin taleyini öyrənmək üçün hər hansı araşdırmanın olmaması hərəkətsizliyin ciddi halını təşkil etmişdir.
195. Kolambiya Universitetinin hüquq fakültəsinin İnsan Hüquqları Klinikası bildirmişdir ki, insan hüquqlarını və qaçqınların statusunu tənzimləyən beynəlxalq hüquq ilk növbədə dövlət tərəfindən immiqrantlara müdafiə olunmaq hüququ barədə məsləhət verilməsini tələb etmişdir. Bu cür məsləhət dövlətin saxlanılmış şəxslər sırasından beynəlxalq müdafiəni tələb edənləri müəyyən etmək vəzifəsinin yerinə yetirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Dənizdə saxlanılanlar yerli qanunlarla tanış olmadığına və adətən tərcüməçinin xidmətlərini və hüquqi yardım ala bilmədiyinə görə, bu tələb xüsusilə ciddi olmuşdur. Bununla belə, hər bir şəxsin müraciəti ilə əlaqədar fərdi qərarın çıxarılması üçün dövlət orqanları onunla müsahibə keçirməlidir.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Şikayətin qəbuledilənliyi
196. Məhkəmə bir daha təsdiq edir ki, Hökumətin Böyük Palata qarşısında qaldırdığı dövlət daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsi barədə etirazı (yuxarıda 62-ci bəndə bax) 13-cü maddəyə əsasən şikayətlərin mahiyyətinə baxılması ilə birləşdirilmişdir. Bundan əlavə, Məhkəmə hesab edir ki, ərizənin bu hissəsində şikayətin mahiyyətinə baxılmadan müəyyən edilməsi mümkün olmayan hüquq və faktiki hallar ilə bağlı mürəkkəb məsələlər qaldırılır. Buna görə, şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü hissəsinin “a” bəndinin mənasında açıq-aşkar əsassız deyil. Həmçinin, şikayət hər hansı başqa əsaslara görə qəbuledilməz deyil. Buna görə, o, qəbuledilən elan edilməlidir.
(b) Şikayətin mahiyyəti
(i) Ümumi prinsiplər
197. Konvensiyanın 13-cü maddəsində hər hansı formada qoruna bilən Konvensiya hüquq və azadlıqlarının mahiyyətini həyata keçirmək üçün hüquqi müdafiə vasitəsinin dövlət səviyyəsində mövcud olması təmin edilir. Buna görə, bu normanın nəticəsində Konvensiyaya əsasən “sübut oluna bilən şikayətin” mahiyyətinə baxılması və münasib yardım göstərilməsi üçün dövlət daxili hüquqi müdafiə vasitəsinin nəzərdə tutulması tələb edilir. Konvensiyanın iştirakçı dövlətlərinin 13-cü maddəyə əsasən öhdəliklərin əhatə dairəsi ərizəçinin şikayətlərinin xarakterindən asılıdır. Eyni zamanda, 13-cü maddədə tələb edilən hüquqi müdafiə vasitəsi təcrübədə və qanunvericilikdə “səmərəli” olmalıdır. 13-cü maddənin mənasında “hüquqi müdafiə vasitəsi”nin “səmərəliliyi” işin ərizəçinin xeyrinə həll edilməsindən asılı deyil. Hətta bu müddəada göstərilən “dövlət orqanı”nın məhkəmə orqanı olması heç də mütləq deyil; lakin, belə olmadıqda, onun qarşısında olan hüquqi müdafiə vasitəsinin səmərəli olub-olmadığını müəyyən etmək üçün onun səlahiyyətləri və verdiyi təminatlar nəzərə alınır. Həmçinin, hətta bir hüquqi müdafiə vasitəsi 13-cü maddənin tələblərinə cavab vermədiyi halda, milli qanunvericiliyə əsasən nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrinin məcmusu bu tələblərə cavab verə bilər (digər qərarlarla yanaşı bax, “Kudla Polşaya qarşı” (Kudła v. Poland [GC], no. 30210/96, § 157, ECHR 2000‑XI).
198. Məhkəmənin presedent hüququndan belə nəticə irəli gəlir ki, ərizəçinin üçüncü dövlətə çıxarılması onun barəsində Konvensiyanın 3-cü maddəsi ilə qadağan edilmiş rəftara gətirib çıxaracağı haqqında şikayət “dövlət orqanı” tərəfindən mütləq ciddi surətdə baxılmalıdır” (bax: “Şamayev və Digərləri Gürcüstana qarşı” (Shamayev and Others v. Georgia and Russia, no. 36378/02, § 448, ECHR 2005-III; həmçinin yuxarıda qeyd edilən “Cabari” qərarının 39-cu bəndinə bax). Məhkəmə bu prinsipi rəhbər tutaraq qət etmişdir ki, 3 maddə ilə birlikdə götürüldükdə 13-cü maddənin mənasında “səmərəli hüquqi müdafiə vasitəsi” anlayışı ilə, birincisi, “3-cü maddəyə zidd olan rəftarın həqiqi təhlükənin olması barədə əsaslı səbəblərin” olduğu bu cür vəziyyətdə olan hər hansı şəxs tərəfindən verilmiş şikayətə “müstəqil və ciddi qaydada baxılması”, ikincisi isə, “mübahisələndirilən tədbirin həyata keçirilməsinin dayandırılması mümkün olması” tələb edilir (yuxarıda qeyd edilən qərarların müvafiq olaraq 460 və 50-ci bəndlərinə bax).
199. Bundan başqa, “Çonka” qərarında (yuxarıda qeyd edilən, 79-cu və sonrakı bəndlər) 4 saylı Protokolun 4-cü maddəsi ilə birlikdə götürüldükdə 13-cü maddə ilə əlaqədar olaraq Məhkəmə bildirmişdir ki, hüquqi müdafiə vasitəsi tətbiq edildikdə müvafiq tədbirin dayandırılması mümkün olmadıqda o, 13-cü maddənin tələblərinə cavab vermir. Məhkəmə xüsusilə aşağıdakıları qeyd etmişdir (79-cu bənd):
“Məhkəmə hesab edir ki, 13-cü maddəyə əsasən səmərəli hüquqi müdafiə vasitəsi anlayışı tələb edir ki, hüquqi müdafiə vasitəsi Konvensiyaya zidd olan və nəticələri potensial olaraq dönməz olan tədbirin yerinə yetirilməsinin qarşısını ala bilsin... Nəticə etibarilə, Konvensiyanın iştirakçı dövlətlərinin bu müddəaya əsasən öz öhdəliklərinə riayət etmə qaydası ilə bağlı müəyyən diskresiyaya malik olmasına baxmayaraq, onların Konvensiyaya uyğunluğu məsələsinə dövlət orqanları tərəfindən baxılmasından əvvəl bu cür tədbirlərin yerinə yetirilməsi 13-cü maddəyə uyğun deyil ... .”
200. Məhkəmənin Konvensiyanın 3-cü maddəsinə verdiyi əhəmiyyəti, habelə işgəncə və ya pis rəftar təhlükəsinin gerçəkləşməsi nəticəsində vurula biləcək zərərin dönməz xarakterini nəzərə alaraq, Məhkəmə qət etmişdir ki, dayandırıcı təsir həmçinin Konvensiyaya tərəfdar çıxmış dövlət xaricinin onun bu cür təhlükə ilə üzləşəcəyinə inanmaq üçün əsaslı səbəblər olduğu ölkəyə çıxarılması haqqında qərar qəbul etdiyi hallarda tətbiq edilməlidir (bax: “Gebremdehin Fransaya qarşı” (Gebremedhin [Geberamadhien] v. France, no. 25389/05, § 66, ECHR 2007-II, və yuxarıda qeyd edilmiş “M.S.S.” işi üzrə qərarın 293-cü bəndi).
(ii) Yuxarıdakı prinsiplərin hazırkı işə tətbiqi
201. Məhkəmə artıq belə nəticəyə gəlmişdir ki, ərizəçilərin Liviyaya qaytarılması Konvensiyanın 3-cü maddəsinin və 4 saylı Protokolun 4-cü maddəsinin pozuntusunu təşkil etmişdir. Buna görə, bu məsələlər ilə əlaqədar ərizəçilərin təqdim etdiyi şikayətlər 13-cü maddəsi məqsədləri üçün “sübut oluna biləndir”.
202. Məhkəmə müəyyən etmişdir ki, ərizəçilərin Liviyaya qaytarılmasından qabaq şəxsiyyətlərinin müəyyən edilməsi və şəxsi vəziyyətinin qiymətləndirilməsi proseduralarına müraciət etmək imkanı olmamışdır (yuxarıda 185-ci bəndə bax). Hökumət etiraf etmişdir ki, ərizəçilərin keçirildiyi hərbi gəmilərdə belə proseduralar nəzərdə tutulmamışdır. Gəmilərin ekipajlarında tərcüməçilər və vəkillər olmamışdır.
203. Məhkəmə qeyd edir ki, ərizəçilər onları İtaliyaya getməyinə inandırmış və Liviyaya qaytarmanın qarşısını almaq üçün müraciət olunmalı prosedura barədə məlumat verməmiş İtaliya hərbiçilər tərəfindən onlara məlumat verilmədiyini iddia etmişlər.
Bu halın Hökumət tərəfindən mübahilənməsini nəzərə alaraq, ərizəçilərin ifadələrinin BMTQAK, İQK və “Human Rights Watch” tərəfindən toplanmış çoxsaylı şahid ifadələri ilə təsdiq edildiyinə görə, Məhkəmə ərizəçilərin ifadələrinə üstünlük verir.
204. Məhkəmə əvvəllər müəyyən etmişdir ki, məlumatı əldə etmək imkanının olmaması sığınacaq almaq prosedurasına müraciət etmək üçün əsas maneəni təşkil edir (bax: yuxarıda qeyd edilən “M.S.S.”, 304-cü bənd). Məhkəmə nəticələri potensial olaraq dönməz olduğu çıxarma tədbirinə məruz qalan hər kəsin müvafiq prosedura müraciət etmək və öz şikayətlərini əsaslandırmaq imkanının yaradılması üçün kifayət qədər məlumat almaq hüququnun təmin olunmasının vacibliyini bir daha təsdiq edir.
205. Hazırkı işin hallarını nəzərə alaraq Məhkəmə hesab edir ki, ərizəçilər 3-cü maddəyə və 4 saylı Protokolun 4-cü maddəsinə əsasən şikayətlərini səlahiyyətli orqana təqdim etmək, habelə şikayətlərinə çıxarılma tədbirin həyata keçirilməsindən qabaq hərtərəfli və ciddi surətdə baxılması üçün imkan yaradacaq hər hansı hüquqi müdafiə vasitəsindən məhrum olunmuşlar.
206. Ərizəçilərin Liviyaya gəldikdən sonra İtaliyanın cinayət işləri üzrə məhkəmələrinə müraciət etmək imkanından istifadə etməli olması barədə Hökumətin dəlilinə gəldikdə isə Məhkəmə yalnız onu qeyd edə bilər ki, bu cür hüquqi müdafiə vasitəsi təcrübədə mövcud olsaydı da, yuxarıda qeyd edilən “Çonka” qərarında təsbit edilmiş dayandırıcı təsir meyarına cavab vermədiyindən hərbi gəmidəki hərbiçilər barəsində cinayət təqibi Konvensiyanın 13-cü maddəsinin tələblərinə uyğun deyil. Məhkəmə bir daha təsdiq edir ki, 13-cü maddədən irəli gələn, mübahisələndirilən tədbirin həyata keçirilməsinin dayandırılmasına dair tələb əlavə tədbir sayıla bilməz (bax: yuxarıda qeyd edilən “M.S.S.”, 388-ci bənd).
207. Məhkəmə belə nəticəyə gəlir ki, Konvensiyanın 3-cü maddəsi və 4 saylı Protokolun 4-cü maddəsi ilə birlikdə götürüldükdə Konvensiyanın 13-cü maddəsi pozulmuşdur. Bununla da, ərizəçilər dövlət daxili hüquqi müdafiə vasitələrini lazımı qaydada tükəndirmədiyinə görə tənqid oluna bilməz, Hökumətin ilkin etirazı isə (yuxarıda 62-ci bəndə bax) rədd edilməlidir.
VII. KONVENSİYANIN 46 VƏ 41-Cİ MADDƏLƏRİ
A. Konvensiyanın 46-cı maddəsi
208. 46-cı maddədə aşağıdakılar nəzərdə tutulur:
“1. Razılığa gələn Yüksək Tərəflər Məhkəmənin onların tərəf olduqları işlər üzrə qəti qərarını icra etməyi öhdələrinə götürürlər.
2. Məhkəmənin qəti qərarı onun icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsinə göndərilir.”
209. Konvensiyanın 46-cı maddəsinə müvafiq olaraq, Razılığa gələn Yüksək Tərəflər Məhkəmənin onların tərəf olduqları işlər üzrə qəti qərarını icra etməyi öhdələrinə götürür, Nazirlər Komitəsi isə qəti qərarların icrasına nəzarəti həyata keçirir. Yəni, Məhkəmə tərəfindən pozuntu müəyyən edildikdə, cavabdeh dövlətin maraqlı tərəflərə 41-ci maddəyə əsasən əvəzin ədalətli ödənilməsi qaydasında təyin edilmiş məbləğləri ödəməkdən əlavə, həmçinin zəruri ümumi və ya fərdi xarakterli tədbirləri həyata keçirmək öhdəliyi vardır. Məhkəmənin qərarlarının əsasən deklarativ xarakter daşıdığına görə, ilk növbədə müvafiq dövlət Nazirlər Komitəsinin nəzarəti altında Konvensiyanın 46-cı maddəsində nəzərdə tutulan öhdəlikləri yerinə yetirmək üçün vasitə seçməlidir; bu vasitə Məhkəmənin qərarında qeyd edilən nəticələrlə uyğun olmalıdır. Eyni zamanda, müəyyən hallarda Məhkəmə pozuntunun müəyyən edilməsinə gətirib çıxarmış, adətən sistematik olan vəziyyətə son qoymaq üçün seçilə biləcək vasitənin növünü cavabdeh dövlətə göstərməyi faydalı hesab edə bilər (bax: misal üçün “Öcalan Türkiyəyə qarşı” (Öcalan v. Turkey [GC], no. 46221/99, § 210, ECHR 2005-IV), və “Popov Rusiyaya qarşı” (Popov v Russia, no. 26853/04, § 263, 13 July 2006)). Bəzi hallarda pozuntunun xarakteri elə olur ki, tələb olunan tədbirlər arasında real seçim olmur (bax: yuxarıda qeyd edilən “Assanidze”, 198-ci bənd; “Aleksanyan Rusiyaya qarşı” (Aleksanyan v. Russia, no. 46468/06, § 239, 22 December 2008); və “Ferayn gegen Tirfabriken Şvaits (VgT) İsveçrəyə qarşı” (Verein gegen Tierfabriken Schweiz (VgT) v. Switzerland (no. 2) [GC], no. 32772/02, §§ 85 and 88, 30 June 2009)).
210. Hazırkı işdə Məhkəmə, gələcəkdə oxşar pozuntuların qarşısının alınması üçün tələb olunan ümumi tədbirlər məsələsinə toxunmayaraq, bu qərarın icrası üçün tələb olunan fərdi tədbirin göstərilməsini zəruri hesab edir (bax: yuxarıda qeyd edilən “M.S.S.”, 400-cü bənd).
211. Məhkəmə, digər məsələlər sırasında müəyyən etmişdir ki, ərizəçilərin verilməsi nəticəsində onlar Liviyada pis rəftara məruz qalmaq və Somaliyə və Eritreyaya məcburi qaydada repatriasiya olunmaq təhlükəsi ilə üzləşmişlər. İşin hallarını nəzərə alaraq Məhkəmə hesab edir ki, İtaliya Hökuməti ərizəçilərin Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qalmaması və ya məcburi qaydada repatriasiya edilməməsi barədə Liviyanın dövlət orqanlarından təminatlar almaq üçün bütün zəruri addımlar atmalıdır.
B. Konvensiyanın 41-ci maddəsi
212. Konvensiyanın 41-ci maddəsində aşağıdakılar nəzərdə tutulur:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə ədalətli təzminatın ödənilməsini təyin edir.”
213. Ərizəçinin hər birisi vurulmuş mənəvi ziyana görə 15000 avro tələb etmişdir.
214. Hökumət İtaliyanın dövlət orqanlarının müdaxiləsi nəticəsində ərizəçilərin həyatlarının xilas olunmasını qeyd edərək bu tələbə etirazını bildirmişdir.
215. Məhkəmə hesab edir ki, ərizəçilər müəyyən mənəvi iztirablara məruz qalıb və onların əvəzi təkcə pozuntuların müəyyən edilməsi ilə ödənilə bilməz. Hazırkı işdə müəyyən edilmiş pozuntuların xarakterini nəzərə alaraq Məhkəmə ərizəçilərin tələblərini təmin etməyi ədalətli hesab edərək mənəvi ziyana görə hər birinə 15000 avro məbləğində kompensasiya təyin edir; bu məbləğ ərizəçilərin vəkil etdiyi şəxslərdə saxlanılmalıdır.
C. Məhkəmə xərcləri
216. Ərizəçilər həmçinin Məhkəmədə çəkilmiş məhkəmə xərclərinə görə 1575,74 avro tələb etmişlər.
217. Hökumət bu tələbə etiraz etmişdir.
218. Məhkəmənin presedent hüququna görə ərizəçinin çəkdiyi xərc və məsrəflər yalnız o zaman ona ödənilir ki, bu xərc və məsrəflərin həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilsin və məbləği ağlabatan olsun. Hazırkı işdə, habelə təqdim edilmiş sənədləri və presedent hüququnu nəzərə alaraq, Məhkəmə işə Məhkəmədə baxılması ilə əlaqədar tələb edilən məbləğin əsaslı olduğunu hesab edərək həmin məbləğin ərizəçilərə ödənilməsini təyin edir.
D. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi
219. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ
1. On üç səs lehinə və dörd səs əleyhinə olmaqla ərizəni cənab Mohamed Abukar Mohamedə və cənab Hasan Shariff Abbirahmana aid hissədə baxılacaq işlərin siyahısından çıxarmağı qərara alır;
2. Ərizəni digər ərizəçilərə aid hissədə baxılacaq işlərin siyahısından çıxarmamağı yekdilliklə qərara alır;
3. Konvensiyanın 1-ci maddəsinin məqsədləri üçün ərizəçilərin İtaliyanın yurisdiksiyası altında olduğunu yekdilliklə qət edir;
4. Dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsi və ərizəçilərin zərərçəkmiş olmaması barədə Hökumətin etirazlarını işin mahiyyətinə baxılması ilə yekdilliklə birləşdirir;
5. 3-cü maddəyə əsasən şikayətləri yekdilliklə qəbuledilən elan edir;
6. Ərizəçilərin Liviyada pis rəftara məruz qalmaq təhlükəsi ilə üzləşməsinə görə Konvensiyanın 3-cü maddəsinin pozulduğunu yekdilliklə qət edir və ərizəçilərin zərərçəkmiş olmaması barədə Hökumətin etirazını rədd edir;
7. Ərizəçilərin Somaliyə və Eritreyaya repatriasiya olunmaq təhlükəsi ilə üzləşməsinə görə Konvensiyanın 3-cü maddəsinin pozulduğunu yekdilliklə qət edir;
8. 4 saylı Protokolun 4-cü maddəsinə əsasən şikayəti yekdilliklə qəbuledilən elan edir;
9. 4 saylı Protokolun 4-cü maddəsinin pozulduğunu yekdilliklə qət edir;
10. Konvensiyanın 3-cü maddəsi və 4 saylı Protokolun 4-cü maddəsi ilə birlikdə götürüldükdə 13-cü maddəyə əsasən şikayəti yekdilliklə qəbuledilən elan edir;
11. Konvensiyanın 3-cü maddəsi ilə birlikdə götürüldükdə 13-cü maddənin və 4 saylı Protokolun 4-cü maddəsi ilə birlikdə götürüldükdə 13-cü maddənin pozulduğunu yekdilliklə qət edir və dövlət daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsi barədə Hökumətin etirazını rədd edir;
12. Yekdilliklə qət edir ki,
(a) cavabdeh dövlət üç ay ərzində ərizəçilərə aşağıdakı məbləğləri ödəməlidir:
(i) mənəvi ziyan ilə əlaqədar hər birinə hər hansı vergi tutmaları üstünə gəlməklə, ərizəçilərin vəkil etdiyi şəxslərdə saxlanılmalı 15000 avro (on beş min avro);
(ii) məhkəmə xərcləri ilə əlaqədar hər hansı vergi tutmaları üstünə gəlməklə cəmi 1575,74 avro (bir min beş yüz yetmiş beş avro yetmiş dörd sent doqquz min);
(b) yuxarıda qeyd edilən üç ay müddətindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğlərdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir.
Məhkəmə Qaydalarının 77-ci qaydasının 2 və 3-cü hissələrinə müvafiq olaraq, qərar ingilis və fransız dillərində tərtib edilmiş və 2012-ci il fevralın 23-də Strasburqdakı İnsan Hüquqları Sarayında keçirilmiş açıq məhkəmə iclasında elan edilmişdir.
Maykl OboylNikolas Bratza
Məhkəmə katibinin müaviniSədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci hissəsinə və Məhkəmə Qaydalarının 74-cü qaydasının 2-ci hissəsinə müvafiq olaraq hakim Paulu Pintu de Albukerkenin xüsusi rəyi bu qərara əlavə edilir[1].
N.B.
M.O.B.
ƏRİZƏÇİLƏRİN SİYAHISI
Ərizəçinin adı
Doğulduğu yer və tarix
Ərizəçinin hazırkı vəziyyəti
1.
JAMAA Hirsi Sadik
Somali,
30 may 1984-cü il
2009-cu il iyunun 25-də qaçqın statusu verilmişdir (N. 507-09C00279)
2.
SHEIKH ALI Mohamed
Somali,
22 yanvar 1979-cu il
2009-cu il avqustun 13-də qaçqın statusu verilmişdir (N. 229-09C0002)
3.
HASSAN Moh’b Ali
Somali,
10 sentyabr 1982-ci il
2009-cu il iyunun 25-də qaçqın statusu verilmişdir (N. 229-09C00008)
4.
SHEIKH Omar Ahmed
Somali,
1 yanvar 1993-cü il
2009-cu il avqustun 13-də qaçqın statusu verilmişdir (N. 229-09C00010)
5.
ALI Elyas Awes
Somali,
6 iyun 1983-cü il
2009-cu il avqustun 13-də qaçqın statusu verilmişdir (N. 229-09C00001)
6.
KADIYE Mohammed Abdi
Somali,
28 mart 1988-ci il
2009-cu il iyunun 25-də qaçqın statusu verilmişdir (N. 229-09C00011)
7.
HASAN Qadar Abfillzhi
Somali,
8 iyul1978-ci il
2009-cu il iyulun 26-da qaçqın statusu verilmişdir (N. 229-09C00003)
8.
SIYAD Abduqadir Ismail
Somali,
20 iyul 1976-cı il
2009-cu il avqustun 13-də qaçqın statusu verilmişdir (N. 229-09C00006)
9.
ALI Abdigani Abdillahi
Somali,
1 yanvar 1986-cı il
2009-cu il iyunun 25-də qaçqın statusu verilmişdir (N. 229-09C00007)
10.
MOHAMED Mohamed Abukar
Somali,
27 fevral 1984-cü il
Müəyyən edilməmiş tarixdə vəfat etmişdir
11.
ABBIRAHMAN Hasan Shariff
Somali, doğulduğu tarix müəyyən edilməmişdir
2009-cu ilin noyabrında vəfat etmişdir
12.
TESRAY Samsom Mlash
Eritreya, doğulduğu tarix müəyyən edilməmişdir
Harada olması müəyyən edilməmişdir
13.
HABTEMCHAEL Waldu
Eritreya,
1 yanvar 1971-ci il
2009-cu il iyunun 25-də qaçqın statusu verilmişdir 2009 (N. 229-08C00311); İsveçrədə yaşayır
14.
ZEWEIDI Biniam
Eritreya,
24 aprel 1973-cü il
Liviyada yaşayır
15.
GEBRAY Aman Tsyehansi
Eritreya,
25 iyun 1978-ci il
Liviyada yaşayır
16.
NASRB Mifta
Eritreya,
3 iyul1989-cu il
Liviyada yaşayır
17.
SALIH Said
Eritreya,
1 yanvar 1977-ci il
Liviyada yaşayır
18.
ADMASU Estifanos
Eritreya, doğulduğu tarix müəyyən edilməmişdir
Harada olması müəyyən edilməmişdir
19.
TSEGAY Habtom
Eritreya, doğulduğu tarix müəyyən edilməmişdir
Tunisdəki Çuça düşərgəsində saxlanılır
20.
BERHANE Ermias
Eritreya,
1avqust 1984-cü il
2011-ci il mayın 25-də qaçqın statusu verilmişdir 2011; resident in Italy
21.
YOHANNES Robel Abzaghi
Eritreya,
12 iyun 1985-ci il
2009-cu il oktyabrın 8-də qaçqın statusu verilmişdir (N. 507-09C001346); Benində yaşayır
22.
KERI Telahun Meherte
Eritreya, doğulduğu tarix müəyyən edilməmişdir
Harada olması müəyyən edilməmişdir
23.
KIDANE Hayelom Mogos
Eritreya,
24 fevral 1974-cü il
2009-cu il iyunun 25-də qaçqın statusu verilmişdir (N. 229-09C00015); İsveçrədə yaşayır
24.
KIDAN Kiflom Tesfazion
Eritreya,
29 iyun 1978-ci il
2009-cu il iyunun 25-də qaçqın statusu verilmişdir (N. 229-09C00012); Maltada yaşayır
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil və Məhkəmə tərcümənin keyfiyyətinə görə hər hansı məsuliyyət daşımır. Tərcüməni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin HUDOC presedent hüququ məlumat bazasından () və ya Məhkəmənin onu bölüşdüyü istənilən digər məlumat bazasından yükləmək olar. Bu tərcümə işin tam adının, yuxarıda qeyd edilmiş müəlliflik hüququna dair məlumatın göstərilməsi və “Hyuman Rayts Trast Fondu”na istinad edilməsi şərti ilə qeyri-kommersiya məqsədləri üçün çoxaldıla bilər. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədləri üçün istifadə etmək istəyi olduqda, bu ünvanla əlaqə saxlaya bilərsiniz: publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour europeenne des droits de l’homme sont le francais et l’anglais. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour, et celle-ci decline toute responsabilite quant a sa qualite. Elle peut etre telechargee a partir de HUDOC, la base de jurisprudence de la Cour europeenne des droits de l’homme (), ou de toute autre base de donnees a laquelle HUDOC l’a communiquee. Elle peut Itre reproduite a des fins non commerciales, sous reserve que le titre de l’affaire soit cite en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la reference au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la presente traduction a des fins commerciales est invitee a le signaler a l’adresse suivante: publishing@
[1] Xüsusi rəylər tərcümə olunmamışdır, lakin Məhkəmənin presedent hüququnun HUDOC məlumat bazasından onların Məhkəmənin rəsmi dillərində olan qərara əlavə edilmiş mətnlərini ingilis və fransız dillərində əldə etmək mümkündür.
Full & Egal Universal Law Academy