Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 11
Oktyabr 1999-cu il
***
Humen (Humen) Polşaya qarşı [BP] – ərizə № 26614/95
15.10.1999 tarixli qərar [Böyük Palata]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Məhkəmə araşdırmasının ağlabatan müddətdə keçirilməsi
Mülki prosesin müddəti: pozuntu baş verməyib
Faktlar: 1983-cü ildə ərizəçi zorakı xarakterli nümayişdə iştirakına görə məhkum edildi. 1993-cü ildə ittiham hökmü ləğv olundu. O, qanunsuz ittiham hökmünə və əsassız olaraq həbsdə saxlanmasına görə kompensasiya tələbi ilə iddia qaldırdı. 1994-cü ilin iyununda keçirilmiş dinləmədən sonra ərizəçinin həbsdə saxlanması ilə xəstələnməsi arasında səbəb-nəticə əlaqəsini təsdiqləyən sübutların əldə edilməsi üçün işin icraatı qeyri-müəyyən müddətə təxirə salındı. Ərizəçi sonradan beyin tomoqrafiyasının təsvirini təqdim etməkdən imtina etdi. 1995-ci ilin iyununda onun iddia tələbi qismən təmin edildi. Bu qərar apellyasiya şikayətindən sonra ləğv olundu və iş birinci instansiya məhkəməsinə göndərildi, o isə yeni tibbi ekspertiza keçirilməsi barədə qərar çıxardı. İcraat bir neçə dəfə təxirə salındıqdan sonra 1996-cı ilin martında ərizəçiyə kompensasiya təyin edildi.
Hüquqi məsələlər: 6-cı maddənin 1-ci bəndi: Araşdırılmalı müddət 1 may 1993-cü ildə (Məhkəməyə şikayət vermə hüququnun Polşa tərəfindən tanındığı tarixdə) başlamış və 1996-cı ilin martında başa çatmışdı. Beləliklə, proses, demək olar ki, 2 il 11 ay davam etmişdi. İşin müəyyən xüsusiyyətləri mürəkkəb idi (tibbi rəy almaq və ərizəçinin məşğulluğu və gəlirlərini itirməsi ilə bağlı sübutları əldə etmək tələb olunurdu). Baxmayaraq ki, ilkin mərhələdə ərizəçinin davranışı işin gedişinə maneə yaradan davranış kimi qiymətləndirilə bilməzdi, sonrakı davranışı, çətin ki, normal halda iddiaçı tərəfindən prosesin tezləşdirilməsi üçün səy göstərilməsi tələbinə uyğun sayıla bilərdi. Məhkəmənin birinci dinləməni keçirməyə hazırlaşması 14 ay vaxt aparmışdı və iş yükünün çoxluğu bütün bu müddətə haqq qazandırmaq üçün inandırıcı izahat deyildi, amma digər tərəfdən, prosesdə dövlət orqanlarının təqsiri ucbatından əhəmiyyətli hərəkətsizlik dövrü olmamışdı – dinləmələr ağlabatan zaman intervalları ilə keçirilmiş və yalnız sübutların əldə edilməsi zəruri olduqda təxirə salınmışdı, hətta bir illik fasilə zamanı da məhkəmə passiv qalmamışdı. Ümumiyyətlə, dövlət orqanlarının lazımi səy göstərmədiklərini və prosesin müddətinin ağlabatan olmadığını söyləmək olmazdı.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Full & Egal Universal Law Academy