İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
HÜSEYN VƏ DİGƏRLƏRİ AZƏRBAYCANA QARŞI
(35485/05, 45553/05, 35680/05 və 36085/05 saylı şikayətlər)
Q Ə R A R
STRASBURQ
26 iyul 2011-ci il
Hüseyn və digərlərinin Azərbaycana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:
Nina Vajiç, Sədr,
Elizabet Steyner,
Xanlar Hacıyev,
Qeorqe Nikolau,
Miryana Lazarova Traykovska,
Julia Laffranq,
Linos-Aleksandr Sisilianos, hakimlər,
və Soren Nilsen, Bölmə Katibi,
05 iyul 2011-ci ildə şikayətlə bağlı müşavirə apararaq, həmin tarixdə aşağıdakı qərarı qəbul edir.
PROSES
1.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə müvafiq olaraq bu iş birgə “ərizəçilər” adlandırılan dörd Azərbaycan vətəndaşı cənab Pənah Çodar oğlu Hüseyn (birinci ərizəçi), Rauf Arif oğlu Abbasov (ikinci ərizəçi), Arif Mustafa oğlu Hacılı (üçüncü ərizəçi) və Sərdar Cəlal oğlu Məmmədov (dördüncü ərizəçi) tərəfindən 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasına qarşı verilmiş dörd şikayətdən (35485/05, 45553/05, 35680/05 və 36085/05 saylı) ibarətdir.
2. Birinci və dördüncü ərizəçilər cənab F.Ağayev tərəfindən təmsil edilirdi. İkinci ərizəçi cənab R.Hacılı tərəfindən təmsil edilirdi. Üçüncü ərizəçi cənab İ.Əliyev tərəfindən təmsil edilirdi. Bütün nümayəndələr Azərbaycanda fəaliyyət göstərən vəkillər idi. Azərbaycan Hökuməti öz səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərovla təmsil edilirdi.
4. Ərizəçilər xüsusi olaraq iddia edirdilər ki, onların ədalətli məhkəmə araşdırılması hüquqlarının pozulması ilə nəticələnən cinayət icraatlarında çoxsaylı çatışmazlıqlar olmuş və təqsirsizlik prezumpsiyası hüquqlarına xələl gətirilmişdir.
4. 12 iyul 2007-ci il (no. 35485/05, 35680/05 və 36085/05) və 9 oktyabr (no. 45553/05) tarixlərində Birinci Bölmənin sədri Hökuməti şikayətlər barəsində məlumatlandırmaq qərarına gəlmişdir. Şikayətlərin məqbuliyyəti ilə eyni zamanda mahiyyətinə də baxılması qərara alınmışdır (Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndi).
FAKTLAR
İŞİN HALLARI
5. Ərizəçilər müvafiq olaraq 1957, 1966, 1962 və 1957-ci il təvəllüdlüdürlər və Bakıda yaşayırlar.
6. Birinci ərizəçi cənab Pənah Hüseyn (həmçinin Pənah Hüseynov kimi istinad edilir) Azərbaycan Xalq Partiyasının qabaqcıl üzvü idi. İkinci ərizəçi cənab Rauf Abbasov (hamı tərəfindən Rauf Arifoğlu kimi tanınan) Müsavat partiyasının öncül üzvü və müxalifət yönümlü Yeni Müsavat qəzetinin baş redaktoru idi. Üçüncü ərizəçi cənab Arif Hacılı Müsavat Partiyasının sədr müavini idi. Dördüncü ərizəçi cənab Sərdar Məmmədov (Sərdar Cəlaloğlu kimi tanınan) Azərbaycan Demokratik Partiyasının sədr müavini idi.
7. Ərizəçilərin birləşmiş olduğu müvafiq siyasi qüvvələr Bizim Azərbaycan seçki koalisiyasının təsisçiləri idi. Həmin koalisiya müxalifətin başlıca namizədi cənab İsa Qəmbəri 2003-cü il 15 oktyabr prezident seçkilərində dəstəkləmək məqsədilə yaradılmışdı.
2003-cü il 15 və 16 oktyabr hadisələri
8. Cənab Qəmbər 2003-cü il 15 oktyabr seçkilərində məğlub olmuşdur.
9. Seçki gününün axşamı müxalifəti dəstəkləyənlərin bir dəstəsi Bakının mərkəzində Müsavat Partiyasının baş ofisində toplaşaraq namizədin seçkilərdə qalibiyyətini tələb etmişlər. Həmin vaxt müxalifət tərəfdarları və hüquq mühafizə orqanları arasında zorakı münaqişələr yaşanırdı.
10. Okyabrın 16-da saat təxminən günorta 2 radələrində bir qisim müxalifət tərəfdarları seçki nəticələrinə etirazlarını bildirmək üçün Bakının mərkəzində Dövlət Xalçaçılıq muzeyinin qarşısında toplaşmağa başlamışdır. Kütlə daha sonra şəhərin baş meydanı olan Azadlıq meydanına tərəf hərəkət etmişdir. Verilən məlumata görə, hərəkət edilən yolda bəzi şəxslər avtomobillərə, binalara, oturacaqlara və digər şəhər konstruksiyalarına ziyan vurmuşlar. İcazəsiz etirazın təşkilatçılarının və müxalifət partiyasının müəyyən rəhbərlərinin öz tərəfdarlarını zorakılığa təhrik etdiyi bildirilmişdir.
11. Azadlıq meydanında toplanmış polis əməkdaşlarından bəzilərinin nümayişçilərin zərbələrinə məruz qaldığı iddia edilmişdir. Qısa müddət sonra dəbilqə, sipər və dəyənəklərlə silahlanmış çoxsaylı polis əməkdaşları və hərbçilər nümayişi dağıtmaq məqsədilə meydana gəlmişlər. Vəziyyət ictimai qaydanın pozulmasına gətirib çıxarmış və kütlə və polis arasında şiddətli toqquşmalar baş vermişdir. Dövlət orqanlarının həmin yerdə olan hər bir kəsə qarşı fərq qoyulmadan hədsiz zorakılıq tətbiq etdiyi bildirilmişdir.
12. Digər şəxslərlə birgə olan ərizəçilər dövlət orqanları tərəfindən nümayişin təşkilatçıları hesab edilmişlər. Günorta saat 2.30 radələrində cənab Məmmədovdan başqa bütün ərizəçilər Azadlıq meydanındakı tribunada görünmüşlər. Onların arasında yalnız cənab Hacılı nitq söyləmişdir. Cənab Məmmədov həmin vaxt siyasi partiyasının ofisində idi və ofisinin çıxışları dövlət mühafizə orqanları tərəfindən bağlandığı üçün Azadlıq meydanına gedə bilmirdi (getmək istəməsinə baxmayaraq).
13. Təxminən saat 6-da nümayiş tamamən dağıdılmışdır. Yüzlərlə şəxs 16 okyabr və növbəti hadisələrdə həbs edilmişdir.
B. Cinayət işinin başlanılması və ibtidai istintaq
1. Ərizəçilərin həbsi
14. 2003-cü il oktyabrın 16-da Baş Prokurorluq tərəfindən 2003-cü ilin 15 və 16 oktyabr hadisələri ilə bağlı cinayət işi başlanmışdır (iş no. 80308). Həmin hadisələrlə bağlı həbs edilən yüzdən çox şəxs bu iş üzrə məhkəməyə cəlb edilmişdir. İş yalnız nümayişin təşkilatçılarının əməlləri və iştirakçıları ilə bağlı idi və nümayişin dağıdılması zamanı polis və digər hərbi qüvvələr tərəfindən özbaşınalığa yol verilməsi iddiası ilə əlaqədar heç bir cinayət və ya digər iş başlanılmamışdır (Muradova Azərbaycana qarşı, no. 22684/05, §§ 23 və 114, 02 aprel 2009-cu il).
15. Yuxarıda qeyd edilən cinayət icraatları çərçivəsində aşağıdakı tarixdə ərizəçilərin hamısı həbs edilmiş və cinayət əməlində ittiham olunmuşlar.
16. Birinci ərizəçi cənab Pənah Hüseyn öz evində olarkən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi (“BMCQMİ”) tərəfindən 2003-cü il 18 oktyabr tarixində saxlanmışdır. O, BMCQMİ-nin təcridxanasına aparılmışdır.
17. İkinci ərizəçi cənab Rauf Abbasovun dediklərinə görə, 2003-cü il oktyabrın 17-də adi geyimli çoxsaylı polis əməkdaşı onu uğursuzcasına saxlamağa çalışmışdır. Bu səbəbdən, saxlanmadan qaçmaq məqsədilə ərizəçi 2003-cü il oktyabrın 21-ə qədər Norveç səfirliyinə sığınmışdır. O, səfirliyi yalnız polis tərəfindən saxlanılmayacağına təminat aldıqdan sonra tərk etmişdir. Bununla belə, o, 2003-cü il oktyabrın 27-də saxlanmış və 1 saylı İstintaq Təcridxanasına aparılmışdır.
18. Üçüncü ərizəçiyə gəldikdə, Nəsimi rayon məhkəməsi Baş Prokurorluğun tələbi ilə cənab Arif Hacılını 2003-cü il 21 oktyabrda həbsə almışdır. Ərizəçi həmin iclasda şəxsən iştirak etməmiş və təmsil edilməmişdir. 2003-cü il oktyabrın 24-də o, həbs edilmə qərarından sonra saxlanmışdır.
19. Dördüncü ərizəçi cənab Sərdar Məmmədov 2003-cü il oktyabrın 18-də evində tutulmuş və BMCQMİ-yə aparılmışdır (baxın, dördüncü ərizəçinin tutulması və həbsi ilə bağlı daha dəqiq məlumat üçün Məmmədov Azərbaycana qarşı, no. 34445/04, §§ 6-14, 11 yanvar 2007-ci il).
20. Tutulduqdan sonra birinci, üçüncü və dördüncü ərizəçilər dərhal vəkil yardımından istifadə edə bilməmişlər (baxın, aşağıda B.4 bölməsi).
21. Bütün ərizəçilər Cinayət Məcəlləsinin 32.2, 220.1 və 315.2-ci maddələri üzrə “kütləvi iğtişaş törətmə” və “hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq edilməsi” kimi əməllərdə ittiham edilmişlər. Baş Prokurorluğun müvafiq müraciətləri əsasında onların hamısı məhkəmə qərarı əsasında həbsə alınmış və həbs müddətləri mühakiməyə qədər uzadılmışdır.
2. Birinci, ikinci və dördüncü ərizəçilərin pis rəftara məruz qalması iddiası
22. Birinci ərizəçi BMCQMİ-də 2003-cü il oktyabrın 22-ə qədər saxlanmışdır. Daha sonra o, başqa təcridxanaya göndərilmişdir. Onun dediyinə görə, BMCQMİ-də saxlandığı beş gün ərzində dəfələrlə pis rəftara məruz qalmışdır. O, həmçinin bir neçə qohumunun, o cümlədən qardaşının həbs olunduğu barədə xəbər almışdır. 2003-cü il oktyabrın 23-ə qədər vəkildən istifadə etmək hüququna malik olmamışdır (baxın, aşağıda). Digər təcridxanaya köçürüldükdən sonra bəlli olmayan müddət ərzində o, kamerada tək saxlanılmış və yazmaq üçün ləvazimatlar, kitablar, radio və ya qəzetlər saxlamaq hüququna malik olmamışdır.
23. 2004-cü ilin fevral ayında birinci ərizəçi bir çox digər məhbuslarla (hazırkı işdə ərizəçi olmayanlar) Baş Prokurorluğa həbs olunduqları birinci bir neçə gün ərzində pis rəftara məruz qaldıqlarını bildirən və buna görə təqsirli olanlara qarşı cinayət təqibinin başlanılmasını tələb edən şikayət təqdim etmişlər. 2004-cü il fevralın 14-də onların şikayəti əsassız olduğu bildirilərək rədd edilmişdir. Xüsusilə də, birinci ərizəçiyə münasibətdə qeyd edilmişdir ki, o, ilkin dindirilməsindən dərhal sonra pis rəftara məruz qaldığını iddia etməmiş, müxtəlif vaxtlarda etdiyi müxtəlif iddiaları ziddiyyətli olmuş və məhkəmə ekspertizasından keçmək imkanına malik olduğu halda o, bədənində iz yerlərinin olmadığını bildirərək bundan imtina etmişdir. Beləliklə, belə bir nəticəyə gəlinmişdir ki, heç bir pis rəftar olmamışdır.
24. Mühakimə ərzində (aşağıda C. hissəsi) birinci ərizəçi BMCQMİ-də işgəncəyə məruz qalmasından şikayətlənmişdir. Etdiyi iddialarla bağlı ona verilən bir sıra suallara cavab verərkən əllərinin qandallandığını, eləcə də sinəsindən və böyrəklərindən bıçaqlandığını və oğlunun da işgəncəyə məruz qalacağı ilə hədələndiyini qeyd etmişdir. Lakin o, işgəncə barəsində heç bir xüsusi məlumat verməmiş və ümumilikdə “bu cür qəddarlıq” görmədiyini bildirmişdir. O, həmçinin təqsirklarların “önəmli şəxslər olmadığı” səbəbindən ad çəkməmiş və əvəzində Prezident, Daxili İşlər Nazirliyi və Prezident Administrasiyasının rəhbərliyini onunla pis davranmaq “sərəncamları verməkdə” təqsirləndirmişdir. O, həmçinin eşitdiklərindən irəli gələrək, bir çox digər şəxslərin pis rəftara məruz qaldığını bildirmişdir. Belə məlum olur ki, birinci instansiya məhkəməsi onun pis rəftarla bağlı şikayətlərini əsassız hesab edərək təmin etməmişdir.
25. İkinci ərizəçinin dediklərinə görə, 1 saylı İstintaq Təcridxanasında saxlandığı birinci otuz altı gün ərzində o, bir nəfər üçün nəzərdə tutulmuş kamerada saxlanmış və yazı ləvazimatları, kitablar, qəzetlər və radiodan istifadə edə bilməmişdir.
26. Dördüncü ərizəçinin pis rəftara məruz qalması Məhkəmənin daha öncə baxdığı işin mövzusudur (baxın, yuxarıda qeyd edilmiş Məmmədov işi).
3. İbtidai istintaq, ərizəçinin işinin 80308 saylı cinayət işindən ayrılması və ibtidai istintaqın tamamlanması
27. Cinayət işinin başlanmasından 2004-cü il martın 1-ə qədər davam edən müddətdə ərizəçilərin, eləcə də digər təqsirəndirilən şəxslərin ittihamları ilə bağlı istintaq 80308 saylı cinayət işi çərçivəsində aparılmışdır.
28. 2004-cü il martın 1-də istintaq qrupunun rəhbəri 80308 saylı cinayət işindən yeni cinayət işinin (80365) ayrılması qərarına gəlmişdir. Yeni iş dörd ərizəçi və cənab İ.Ağazadə, cənab İ.İbrahimov və cənab E.Əsədov daxil olmaqla bütövlükdə yeddi təqsirləndirilən şəxsi əhatə edirdi. Qərar üçün aşağıdakı səbəblər gətirilmişdir:
“İstintaq adı çəkilən şəxslərin ittiham edildikləri əməlləri törətdiklərini sübut edən yetərincə dəlil toplamışdır. Digərlərinə münasibətdə cinayət işi davam edir...
İş materiallarının xüsusi genişliyi və işlə bağlı çoxsaylı hadisələr ibtidai istintaq və ibtiadi həbs müddətinin uzadılmasını zəruri edir. Bu, barələrində yetərli sübutların əldə edildiyi təqsirləndirilən şəxslərin qanuni maraqlarını və hüquqlarının təmin edilməsində çətinliklər törədərdi və işin birinci instansiyaya göndərilməsində qəbuledilməz təxirəsalmaya yol açmış olardı.
Müvafiq olaraq, 80308 saylı cinayət işindən yeni cinayət işinin ayrılması, ayrılmış işlə bağlı ibtidai istintaqın başa çatdırılması və onun birinci instansiya məhkəməsinə göndərilməsi uyğundur.”
29. Belə məlum olur ki, 80365 saylı cinayət işi ilə bağlı ibtidai istintaq eyni gün, yəni 2004-cü il martın 1-də başa çatdırılmışdır.
4. Ərizəçilərin icraat ərzində hüquqi təmsilçiliyi və ibtidai istintaqın başa çatmasından sonra onların vəkillərinin istintaq materiallarını əldə etməsi
30. Aşağıda iş materiallarından məlum olduğu baxımından, ərizəçilərin aldığı hüquqi yardım, onların vəkilləri və ibtidai istintaqdan sonra mühakimədən öncə istintaq materiallarını əldə etmə şəraiti qeyd edilmişdir.
(a) Birinci ərizəçi
31. 2003-cü il oktyabrın 18-də tutulduqdan sonra birinci ərizəçi cənab Hüseyn 2003-cü il oktyabrın 23-ə qədər vəkil yardımından istifadə edə bilməmişdir. Həmin tarixdən etibarən o, cənab M.Hadı tərəfindən təmsil edilmişdir.
32. İbtidai istintaq mərhələsinin 2004-cü il martın 1-də başa çatmasından sonra ərizəçi və onun vəkili cənab Hadı müvafiq olaraq 2004-cü il 6 aprel və 15 apreldə istintaq materiallarını əldə edə bilmiş və həmin materiallarla tanış olduqları barədə sənəd imzalamışlar. Ərizəçinin söylədiklərinə görə, onun vəkilinə bütöv materialdan istifadə edə bilmək üçün yalnız bir gün verilmişdir.
33. Daha sonra, mühakimə müddətində naməlum tarixdən etibarən cənab Hüseyn həmçinin başqa bir vəkil, cənab Pənahov tərəfindən təmsil edilmişdir.
(b) İkinci ərizəçi
34. Tutulduqdan sonra ikinci ərizəçi cənab Abbasov dövlət tərəfindən təyin olunmuş vəkillə təmsil edilmişdir. Həmin vəkil daha sonra ərizəçinin 2003-cü ilin oktyabr və noyabr aylarında təyin etdiyi üç vəkillə əvəz edilmişdir. Həmin vəkillərdən biri cənab T.Kərim idi.
35. Belə məlum olur ki, ibtidai istintaqın başa çatmasından sonra cənab Kərimə iş materialları ilə tanış ola bilməsi üçün icazə verilmiş və o, 2004-cü il aprelin 15-də həmin materiallarla tanış olduğunu bildirən sənəd imzalamışdır. Cənab Abbasovun özünə də həmin materiallarla tanış olmaq imkanı verilmişdir. Onun söylədiklərinə görə, həmin materialları təhlil etmək üçün 100-dən də az saatı var idi və bu müddət iyirmi iki hissədən (6.200 səhifədən çox) və iyirmi iki videokassetdən (hər biri iki saat yarımlıq) ibarət olan materialları öyrənmək üçün yetərsiz idi.
36. 2004-cü il mayın 27-də Ağır cinayətlər məhkəməsinin 2004-cü il mayın 7-də başlanmış olan ilkin iclaslarından birində cənab Abbasov onu lazımınca təmsil edə bilmədikləri səbəbindən üç vəkilin də xidmətlərindən imtina etməsi ilə bağlı ərizə təqdim etmişdir. O, özünü şəxsən müdafiə edə bilməsi üçün icazə istəmiş, lakin Hökumətin verdiyi məlumata əsasən daha sonra yeni vəkil üçün müraciət etmişdir. 2004-cü il iyunun 4-də Ağır cinayətlər məhkəməsi ərizəni qəbul etmiş və ərizəçinin dövlət tərəfindən təyin edilmiş yeni vəkillə təmsil edilməsi zərurətini ifadə edən qərar çıxarmışdır. Vəkil, cənab S.Pənahov təxminən 2004-cü il iyulun 8-də təyin edilmişdir. Mühakimə ərzində başqa bir vəkil, cənab E.Quliyev ərizəçi tərəfindən təyin edilmişdir.
(c) Üçüncü ərizəçi
37. 2003-cü il oktyabrın 24-də tutulduqdan sonra üçüncü ərizəçi cənab Hacılı 2003-cü il oktyabrın 27-ə qədər hüquqi yardımdan istifadə edə bilməmişdir. Həmin tarixdən başlayaraq, o, icraat ərzində çoxsaylı vəkillər tərəfindən təmsil edilmişdir.
38. İbtidai istintaqın 2004-cü il martın 1-də başa çatmasından sonra ərizəçi və onun bir neçə vəkili (cənab M.Şahmarov, cənab N.Səfərov, cənab M.Hadı və cənab O.Kazımov) istintaq materialları ilə tanış ola bilmişlər. Ərizəçi 2004-cü il aprelin 6-da və vəkillərindən hər biri ayrı-ayrılıqda 15, 16 və 17 apreldə iş materialları ilə tanış olmalarına dair sənədlər imzalamışlar.
(d) Dördüncü ərizəçi
39. Cənab V.Xasayev 2003-cü il oktyabrın 19-da cənab Məmmədovun vəkili təyin edilmişdir.
40. 2003-cü il oktyabrın 21-də cənab Xasayev teleqram vasitəsilə Baş Prokurorluğa ərizəçi ilə görüşmək icazəsi ala bilmədiyini bildirmişdir. Nəhayət, o, birinci dəfə 2003-cü il oktyabrın 22-də ərizəçi ilə görüşmüşdür.
41. İş materiallarında cənab Xasayev və ya ərizəçinin ikisindən birinin ibtidai istintaqın başa çatmasından sonra istintaq materialları ilə tanış olub-olmamasına dair məlumat yoxdur.
Mühakimə
42. Yuxarıda qeyd edildiyi kimi, 80308 saylı cinayət işi çərçivəsində 2003-cü il 15 və 16 oktyabr hadisələrində iştirak etdikləri üçün yüzdən çox şəxs məhkəməyə cəlb edilmişdir. Daha sonra, iş təqsirləndirilən şəxsləri on beş fərqli qrupa bölməklə ayrılmış (qruplardan biri ərizəçilərdən ibarət olan 80365 saylı yeni şaxələnmiş qrup idi) və hər bir qrup ayrı-ayrı mühakimə edilmişdir. Birinci ön dörd qrup kütləvi iğtişaş törətməkdə və dövlət məmurlarına qarşı zor istifadə edilməsində təqsirləndirilənlər idi. Bütün həmin proseslər Ağır cinayətlər məhkəməsi, yaxud da Səbail rayon məhkəməsi tərəfindən aparılmış və 2004-cü ilin aprel ayında yekunlaşdırılmışdır. Bütün təqsirləndirilən şəxslər həmin proseslərdə təqsirli bilinmiş və azadlıqdan məhrumetmə, müəyyən müddətə şərti azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması cəzalarına məhkum edilmişlər.
43. 80365 saylı cinayət işində on beşinci və sonuncu mühakimə hazırkı işdə dörd ərizəçi daxil olmaqla kütləvi iğtişaşın təşkilatçılarını əhatə edirdi. Bu mühakimə birinci on dörd mühakimədən sonra baş tutmuşdur.
44. Mühakimə Ağır cinayətlər məhkəməsi tərəfindən aparılmışdır. Bu proses bir neçə hazırlıq iclası ilə başlamış və bunlardan birincisi 2004-cü il mayın 7-də keçirilmişdir. Üç hakimdən ibarət məhkəmə tərkibinə cənab M.İbayev (sədr), S.Ələsgərov və C.Cumalıyev daxil idi.
1. İlkin iclas və mühakimə müddətində müdafiə tərəfinin təqdim etdiyi ərizələr
45. 2004-cü il 12 may tarixli hazırlıq iclasında ərizəçilərin vəkilləri Ağır cinayətlər məhkəməsində 2004-cü il mayın 7-də baş tutmuş ilkin iclasdan sonra ortaya çıxan hadisəni məhkəmənin diqqətinə çatdıraraq onların fiziki bütövlüyünün təhlükə qarşısında olduğunu bildirmişdir. Vəkillərin bildirdiyinə görə, onlardan altısı televiziya jurnalistinə mühasibə verərkən məhkəmənin xaricində bir neçə polis əməkdaşı onlara təcavüz etmiş və onlar təhqirlərə məruz qalmışlar. Həmin faktı təsdiqləmək üçün vəkillərdən ikisi toqquşmalar zamanı zərər görmüş geyim əşyalarını və hadisəni təsvir edən fotoşəkilləri təqdim etmişlər. Onlar həmin hadisəni dövlətin onlara göstərmək istədiyi təzyiq kimi qiymətləndirmiş və məhkəmədən fiziki təhlükəsizliklərini qorumaq üçün tədbirlər görməsini xahiş etmişlər. İclasa sədrlik edən hakim onun məhkəmənin iclas zalının xaricində baş verən hadisələrlə əlaqəsinin olmadığını və vəkillərin məhkəmədən xaricdə baş verdiyi iddia edilən təcavüzlərdən şikayət etmək arzusunda olduqları halda, müvafiq hüquqi vasitələrdən istifadə etməli olacaqlarını bildirmişdir. Bununla yanaşı, məhkəmə “müvafiq orqanlara” vəkillərin iddiasını çatdırmağı qərara almışdır. Lakin iş materiallarından məhkəmənin bununla bağlı hansı xüsusi addımlar atdığı aydın olmur.
46. Bundan başqa, birinci ərizəçi cənab Hüseyn Ağır cinayətlər məhkəməsinin tərkibində hakimlərdən birinin, cənab İbayevin iştirakına etiraz etmiş və hakimin oğlunun Baş Prokurorluqda vəzifədə və işə baxan istintaq qrupuna tabe olduğunu bildirmişdir. Digər təqsirləndirilən şəxslər də həmin şikayət ərizəsini dəstəkləmişlər. 2004-cü il iyunun 24-də Ağır cinayətlər məhkəməsi hakim İbayevin oğlunun Baş Prokurorluqda işləməsi faktını təsdiqləsə də, ərizəçilərin işində heç bir zaman şəxsən iştirak etmədiyini əsas gətirərək ərizəni rədd etmişdir.
47. Daha sonra isə, birinci ərizəçi digər ərizəçilərlə birgə hakim Ələsgərovun işdə iştirak etməsinə etiraz etmişdir. Onlar hakim Ələsgərovun Baş Prokurorluqda müstəntiq olan cənab N.Ələsgərovun qardaşı olmasına və 2003-cü il 19 oktyabrdan 2004-cü il yanvarın 26-a qədər ərizəçilərin işinə baxan istintaq qrupunun üzvü olduğuna diqqət çəkmişlər. Birinci ərizəçi hakim Ələsgərovun qardaşının işdə birbaşa iştirakı səbəbindən onun işə qərəzsiz hakim qismində baxa bilməyəcəyini iddia etmişdir. 2004-cü il iyunun 28-də Ağır cinayətlər məhkəməsi cənab N.Ələsgərovun 80308 saylı cinayət işinin istintaqını aparan istintaq qrupunun qırx üç üzvündən biri olduğunu qeyd edərək ərizəni rədd etmişdir. Bununla yanaşı, o, 2004-cü il yanvarın 26-da qrupdan azad edilmişdir. Daha sonra 80308 nömrəli işdən 80365 nömrəli işin (ərizəçilərlə bağlı) ayrılmasından sonra cənab N.Ələsgərov yeni işə baxan istintaq qrupunun üzvləri arasına daxil edilməmişdir. Bu səbəblərdən Ağır cinayətlər məhkəməsi hakim Ələsgərovun qərəzliliyi ilə bağlı iddiaların obyektiv əsasa malik olmadığı qənaətinə gəlmişdir.
48. Ağır cinayətlər məhkəməsində mühakimənin aparılması ərzində ərizəçilər bir sıra şikayət ərizələri təqdim etmişlər. Onların dediyinə görə, məhkəmənin həmin ərizələrin rədd edilməsi ilə bağlı qərardadları onlara bildirilməmiş və ya onların nəzərinə əhəmiyyətli vaxt müddətindən sonra çatdırılmışdır. Bundan başqa, ərizəçilər ziddiyyətləri və “saxtakarlıqları” aşkarlamaq və öz fikirlərini bildirmək imkanına malik olmaq üçün hər bir iclasdan sonra məhkəmə iclaslarının protokollarını yoxlamaq üçün icazə verilməsini istəmişlər. Lakin onlar yalnız mühakimənin sonunda həmin protokollarla tanış ola bilmişlər.
2. Mühakimə zamanı araşdırılmış sübutlar
49. Mühakimə müddətində Ağır cinayətlər məhkəməsi geniş həcmli şahid ifadələri, o cümlədən videoqeydlər və digər materialları araşdırmışdır. Aşağıda nəzərdən keçirilmiş sübutların qısa xülasəsi və onların Ağır cinayətlər məhkəməsində qiymətləndirilməsi tərzi qeyd edilmişdir.
(a) İttiham şahidləri
50. İttiham şahidlərinin əksəriyyəti 2003-cü il oktyabrın 16-da Azadlıq meydanında toplanmış polis məmurları idi. İttiham, həmçinin 2003-cü il 15 və 16 oktyabr hadisələri ilə bağlı əvvəlki mühakimələrdə təqsirləndirilən şəxslərdən bəzilərinin və bir sıra digər mülki şəxslərin mühakimədən əvvəl dindirildiyi protokolları ortaya qoymuşdur.
(i) 2003-cü il 15 və 16 oktyabr hadisələri ilə bağlı olan və ərizəçiləri birbaşa cəlb etməyən sübutlar
51. İttiham şahidlərinin mütləq əksəriyyəti ictimai qaydanın pozulması faktının dəqiq müəyyən edilməsi üçün 2003-cü il 15 və 16 oktyabr hadisələri ilə bağlı ümumi təsvir vermələri üçün çağırılmışdır. Onların ifadələri nümayişçilərin Müsavat partiyasının iqamətgahından dəyənək, daş və digər topladığı həmin əşyaları polisə və hərbi qüvvələrə qarşı silah qismində istifadə etdikləri və müxtəlif ictimai və şəxsi mülkiyyətə zərər vurduqlarını sübut etməyə yönəldilmişdir. Həmin şahid ifadələri ərizəçiləri nə həmin hadisələrin bilavasitə təşkilatçıları, nə də iştirakçıları kimi qələmə vermişdir. Bundan başqa, ittiham şəxsi və ictimai mülkiyyətə vurulan müxtəlif növ zərərlərin ekspert qiymətləndirilməsini ortaya qoymuşdur.
(ii) Polis əməkdaşlarının ərizəçiləri birbaşa cəlb edən ifadələri
52. 16 oktyabr hadisələrində ərizəçinin oynadığı xüsusi rola gəldikdə isə, onların nümayişçilərin zorakı əməllərinin səbəbkarı və yönləndiricisi olduğunu sübut etmək üçün prokurorluq ərizəçilərin 2003-cü il 16 oktyabrda Azadlıq meydanına gəlişini, İ.Qəmbərin seçkilərdə qalibliyini ictimai şəkildə elan etməsini və meydanda mövcud olan tribunadan nümayişçilərə səslənib onları zorakılığa çağırmasını təsvir edən ilkin polis ifadələrini təqdim etmişdir.
53. Həmin ifadələrin planlaşdırılmış tarixdə təhlilindən əvvəl birinci ərizəçi digər cavabdehlərlə birgə 2004-cü il avqustun 5-də həmin şahidlərdən bəzilərinin ilkin ifadələrinin sözbəsöz eyni olduğunu iddia etmiş və həmin ifadələrin sübutlar siyahısından çıxarılmasını tələb etmişdir. O, müvafiq protokollar əsasında həmin ifadələrdən bəzilərinin eyni müstəntiq tərəfindən eyni gündə alındığını qeyd etmişdir. O, bunun fiziki cəhətdən qeyri-mümkün və Cinayət-Prosessual Məcəlləsinin şahidlərin ayrı-ayrılıqda dindirilməsini tələb edən 230-cu maddəsinə zidd olduğunu və hər iki halda həmin sübutların qəbul edilməməsinin zəruriliyini iddia etmişdir. Ağır cinayətlər məhkəməsinin həmin qərara etiraz edib-etmədiyi bəlli deyil, lakin bununla yanaşı o, həmin ifadələri sübut qismində qəbul etmişdir.
54. Məhkəmə iclaslarında hər bir polis əməkdaşı ayrı-ayrılıqda dinlənilmiş və ərizəçilər və vəkilləri tərəfindən yoxlanılmışlar. Xüsuilə qeyd edilməlidir ki, polis əməkdaşı V. N. Azadlıq meydanında ictimai qanunsuzluğun başlandığı vaxt ikinci və üçüncü ərizəçilər daxil olmaqla bəzi cavabdehlərin kütləni zorakılığa çağırdığını və “İsa (Qəmbər) prezident seçilmişdir, biz artıq hakimiyyətə gəldik və bundan sonra heç kimdən qorxmayın, biz tezliklə bütün şəhərin hakimiyyətini ələ keçirəcəyik, sizə çıxan hər kəsə qarşı durun” kimi bəyanatlar etdiyini inter alia qeyd etmişdir.
55. Məhkəmə iclaslarının protokollarından məlum olur ki, üzləşdirmə zamanı müdafiə tərəfi V.N.-in məhkəmə iclasları və ilkin icraat zamanı verilən ifadələri arasında bir sıra ziddiyyətlər aşkarlamışdır (təqsirləndirilən şəxslərdən hər hansı birini tribunada görüb-görməməsi və ya onlardan hər hansı birinin “Polisi döyün!” kimi ifadədən istifadə edib-etməməsi ilə bağlı xüsusi detallar verdiyi ifadələrlə bağlı). Müdafiə tərəfi məhkəmə iclası zamanı həmin ziddiyyətlərə işarə etmək məqsədilə V.N.-in mühakimədən əvvəlki ifadəsini oxumuşdur. Eynilə, müdafiə tərəfinin bildirdiyinə görə, bu növ əksər digər ifadələrin qarşılıqlı baxışı mühakimə və ilkin icraat zamanı edilən ifadələr arasındakı ziddiyyətləri aşkara çıxarır. Həmin ziddiyyətlərlə qarşılaşdırıldığında mühakimə iclaslarının protokollarından da göründüyü kimi, şahidlərdən bəziləri mühakimədən əvvəl verilən ifadələrinin düzgün qeyd edilmədiyini bildirmiş, bəziləri isə mühakimədən əvvəlki ifadələrini təkzib etmiş və üzləşmədən əvvəlki iclasda edilən bütün ziddiyyətli ifadələrindən geri çəkilmişlər.
56. Məhkəmə protokollarından aydın olur ki, bu növ on şahid dindirilmişdir. Ağır cinayətlər məhkəməsi 2004-cü il 22 oktyabr tarixli qərarında həmin şahidlərdən altısının ifadəsini cəmləşdirmiş və ərizəçilərin təqsirliliyinin sübuta yetirilməsində onlara istinad etmişdir. Qərarda nə ərizəçilərin həmin ifadələrin məqbuliyyəti, nə də onların çəkişməli dindirilməsi zamanı müdafiə tərəfi tərəfindən ortaya çıxarılan ziddiyyətlərlə bağlı etirazlarına münasibət bildirilmişdir.
(iii) Nümayişdə iştirak edən əvvəlki təqsirləndirilən şəxslər tərəfindən verilmiş və ərizəçiləri birbaşa cəlb edən ifadələr
57. İttiham, həmçinin 15 və 16 oktyabr hadisələrində təqsirləndirilən çoxsaylı şəxslərin ibtidai araşdırmada dindirilməsindən əldə edilən şahid ifadələrinə də istinad etmişdir. Həmin şəxslər Ağır cinayətlər məhkəməsi tərəfindən 2005-ci ilin martında aparılan birinci instansiya araşdırmalarında artıq məhkum edilmişlər. Ağır cinayətlər məhkəməsinin 2004-cü il 22 oktyabr tarixli qərarından göründüyü kimi, ərizəçilərin işində məhkəmə bu növ beş şahidin ifadəsinə əsaslanmışdır.
58. İttiham tərəfindən təqdim edilən protokollara görə həmin şəxslər 80308 saylı cinayət işinin gedişində ibtidai istintaq mərhələsində təqsirləndirilən şəxslər qismində dindirilərkən müxtəlif dərəcələrdə dəqiqliklə ərizəçilərin Azadlıq meydanında nümayişçiləri 2003-cü il 16 oktyabr hadisələri zamanı zorakı müqavimətə təhrik etmələrinin şahidi olduqlarını təsvir etmişlər.
59. Mühakimə zamanı həmin şahidlər ibtidai araşdırmada verdikləri ifadələr barəsində dindirilmişlər. Müvafiq protokollar və Ağır cinayətlər məhkəməsinin 2004-cü il 22 oktyabr tarixli qərarına görə, şifahi iclaslarda şahid qismində dindirilən həmin şahidlərdən dördü ərizəçilərin əleyhinə vermiş olduqları ifadələrdən açıq-aşkar geri çəkilmiş və həmin ifadələri işgəncə, pis rəftar və onlara qarşı həbsdə tətbiq edilmiş digər təhdid növləri altında məcburən verdiklərini qeyd etmişlər.
60. Həmin iddialara cavab olaraq, Ağır cinayətlər məhkəməsi şahidlərin pis rəftarla bağlı şikayətlərinə onların müvafiq məhkəmə iclaslarında baxıldığını və əsassız hesab edildiyini qeyd etmişdir. Məhkəmə həmin şahid ifadələrinin müvafiq mühakimələr zamanı inandırıcı sübutlar kimi əldə olunduğunu nəzərə alaraq, həmin sübutların qiymətləndirilməsinin “res judicata” məsələsi olduğunu bildirmişdir. Belə olan halda, məhkəmə həmin ibtidai ifadələri mötəbər sübut kimi qəbul etmək qərarına gəlmiş və şahidlərin həm öz mühakimələri, həm də ərizəçilərin mühakimələrində onlardan geri çəkilməsi faktına diqqət yetirməkdən imtina etmişdir.
(iv) Ərizəçiləri birbaşa cəlb edən digər şahid ifadələri
61. İttiham, həmçinin 2003-cü il 16 oktyabr hadisələrində ittiham edilməyən bir neçə digər mülki şahidlərin ifadələrini də təqdim etmişdir. İttihamın təqdim etdiyi protokollardan belə aydın olur ki, ibtidai istintaq zamanı həmin şahidlər yuxarıda qeyd edilmiş şahidlərin ifadələrinə oxşar ifadələr vermişlər. Lakin yenə də açıq iclas zamanı dindirilmədə həmin şahidlərdən ən azı üçü əvvəlki ifadələrindən geri çəkilmiş və pis rəftara məruz qalacaqları hədəsi və ya faktiki pis rəftar nəticəsində bu cür ifadə verdiklərini bildirmişlər.
62. Prosesin protokollarına əsasən şahid N.N. 2003-cü il 16 oktyabr hadisələrindən sonra bir neçə gün ərzində həbsdə saxlandığını və həmin müddət ərzində təqsirləndirilən şəxslərə qarşı (əsasən ikinci ərizəçiyə qarşı) saxta ifadə verməyə məcbur edildiyini qeyd etmişdir. O, 2003-cü il 16 oktyabr hadisələrində iştirakçılığı ilə bağlı istintaqa cəlb və həbs ediləcəyi ilə hədələndiyini və dindirilmə zamanı tamamən susuz saxlandığını, eləcə də müstəntiq tərəfindən qabaqcadan hazırlanan ifadəni imzalamaq məqsədilə qorxudulduğunu qeyd etmişdir.
63. Həmin şahidlər tərəfindən edilən pis rəftar iddialarını qiymətləndirmək üçün Ağır cinayətlər məhkəməsi onu dindirən müstəntiq və polisin sübutlarını dinləmişdir. Onlar ibtidai dindirmədə həmin şahidlərlə pis rəftar etmədiklərini bildirmişlər. Bundan başqa, məhkəmə şahidlərin ibtidai ifadələrinin başqa sübutla təsdiqləndiyini qeyd etmişdir. Buna əsaslanaraq, məhkəmə pis rəftar iddialarının əsassız olduğunu və bu səbəbdən, həmin şahidlərin ibtidai dindirilmə zamanı verdikləri ifadələrdə öz əksini tapan bəyanatlarının məqbul və ərizəçiləri təqsirləndirən sübut olaraq qəbul edilməli olduğunun zəruriliyini müəyyən etmişdir.
(b) Müdafiə tərəfinin şahidləri
64. Ağır cinayətlər məhkəməsi ərizəçilərin onların lehinə ifadə verəcək şahidlərin iştirakı ilə bağlı vəsatətlərini qismən təmin etmişdir. Qərardan belə məlum olur ki, iyirmidən çox belə şahid dindirilmişdir. Həmin şahidlərin əksəriyyəti ərizəçilərin siyasi həmkarları və ya onların partiyalarının üzvü olan digər şəxslər idi.
65. Ağır cinayətlər məhkəməsi öz qərarında bütün həmin şəxslərin ifadələrini cəmləşdirmiş və onların hamısı ərizəçilərin qabaqcadan zorakı əməllər planlaşdırdığını, kütləni sözlə zorakılığa sövq etdiyini və nümayişçilərə dəyənək və daşların paylanmasını təşkil etmələri kimi onlara aid edilən xüsusi əməlləri reallaşdırdığını inkar etmişlər. O, bundan əlavə qeyd etmişdir ki, şahidlər əksinə olaraq, polisin nümayişçilərə qarşı zorakılığa əl atdığını və ərizəçilərin öz nitqlərində nümayişçiləri polisə hücum etməkdən və hər hansı bir təxribata getməkdən çəkindirdiyini bildirmişlər.
66. Ağır cinayətlər məhkəməsi aşağıdakı əsaslandırmadan istifadə edərək, həmin ifadələri etibarsız kimi rədd etmişdir:
“(Ərizəçilərin) vəsatəti ilə həmin şahidlərin ifadələrini təhlil etdikdən sonra məhkəmə təsbit etmişdir ki, yuxarıda da qeyd edildiyi kimi həmin şəxslər təqsirləndirilən şəxslərin rəhbərlik etdiyi (siyasi) partiyaların üzvləridir və (təqsirləndirilən şəxslərlə) birgə işlədiklərindən onlara (təqsirləndirilən şəxslərə) tabe və bağlı insanlar idi. Onların ifadələrindən bəziləri hətta ziddiyyətli idi. Xüsusilə də, sualları cavablandırarkən (N.H.) bir tərəfdən, tribunadan çıxış edən şəxslərin digərlərini zorakılığa çağırdığını və digər tərəfdən, tribunadan 70-100 metr aralıqda durduğundan söylənənləri eşitmədiyini və hətta danışanların kim olduğunu seçə bilmədiyini bildirmişdir. (N.Y) meydanda tək durduğunu, (E.P) isə (N.Y) onunla olduğunu bildirmişdir.
Bundan əlavə, onların təsvir etdikləri hallar yuxarıda qeyd edilən zərərçəkənlərin və şahidlərin ifadələri, videoyazılar, maddi sübutlar və qüvvədə olan məhkəmə qərarından ibarət ətraflı, etibarlı və ardıcıl olan sübutlarla təkzib edilmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, (müdafiə tərəfinin şahidlərinin) ifadələri əsassızdır.”
(c) Digər sübutlar
67. Əlavə olaraq, məhkəmə iclaslarında 2003-cü il 16 oktyabr hadisələrini təsvir edən bir neçə videoçəkilişlər göstərilmişdir.
68. İttiham tərəfindən verilən videolarda nümayişçilərin zorakı əməlləri yer almışdır. Həmin çəkilişlərdəki bəzi görüntülər müəyyən istintaq şahidlərinin ifadələrinə zidd idi. Bəzi cavabdehlərin vəkilləri (məsələn, cənab Hadı) mühakiməyə qədər onlara göstərilmədiyi səbəbindən videoçəkilişləri birinci dəfə məhkəmə iclasında gördüklərini və bununla bağlı olaraq həmin sübutların təhlili üçün hazır olmadıqlarını bildirmişlər.
69. Müdafiə tərəfinin ərizə ilə müraciətindən sonra Ağır cinayətlər məhkəməsi əlavə olaraq müdafiə tərəfinin təqdim etdiyi və nümayişçiləri dağıtmaq üçün polis və ordu tərəfindən zorakılığa yol verildiyini göstərmək məqsədi daşıyan videoçəkilişləri də qəbul etmişdir.
70. Video sübutları qiymətləndirərək Ağır cinayətlər məhkəməsi çəkilişlərin, həmçinin nümayişçilərin zorakı hərəkətlərini, eləcə də onlara təşkilati qaydada dəyənək, daş və digər “silahların” paylandığını qeydə aldığını bildirmişdir.
3. Tərəflərin məhkəmə çıxışları
71. 2004-cü il sentyabrın 29-da Ağır cinayətlər məhkəməsi sübutların təqdim edilməsinin tamamlandığını və tərəflərin şifahi bəyanatlarını dinləyəcəyini bildirmiş və ilk olaraq ittiham tərəfini özünün məhkəmə çıxışını deməyə dəvət etmişdir. İttiham tərəfi nitqinin hazırlanması üçün 2004-cü il oktyabrın 1-ə qədər vaxt istəmişdir. Oktyabrın 1-də dövlət ittihamçısı 2004-cü il oktyabrın 11-ə qədər yenə də möhlət istəmişdir. İttihamçı son sözünü 2004-cü il 11 oktyabr və 12 oktyabr tarixli məhkəmə iclaslarında çatdırmışdır.
72. 2004-cü il oktyabrın 12-də ittihamçının nitqini dinlədikdən sonra məhkəmə müdafiə tərəfini də müvafiq olaraq məhkəmə çıxışlarını deməyə çağırmışdır. Lakin həmin dəvətə cavab olaraq, demək olar bütün ərizəçilərin vəkilləri növbə ilə şifahi bəyanat verməkdən və müdafiə tərəfi üçün məhkəmə çıxışı etməkdən imtina etdiklərini açıqlamış və məhkəməyə aşağıdakı izahatları gətirmişlər.
73. Birinci ərizəçinin vəkili cənab Hadı ilk olaraq çıxış etmiş və müştərisinin müdafiəsini hazırlamaq üçün icraat müddətində ona müvafiq zaman və imkanların ayrılmadığını bildirmişdir. Onun söylədiyinə görə, müdafiə taktikasını müvafiq şəkildə planlaşdıra bilməsi üçün mühakiməyə qədər istintaq materiallarını hərtərəfli öyrənməsinə icazə verilməmiş və bəzi istintaq sübutlarından kənarda qalmışdır. O, bundan əlavə, icraat zamanı müdafiə vəkillərinin müxtəlif təzyiq növləri ilə üzləşdiyini və hazırlıq iclaslarından birinə gələrkən təhqirə məruz qaldığını qeyd etmişdir. O, vəkillərin naməlum şəxslərdən ərizəçiləri lazımınca müdafiə etməsini əngəlləmək məqsədi daşıyan müxtəlif hədələr aldıqlarını iddia etmişdir. Vəkillərin bu məsələni Ağır cinayətlər məhkəməsi qarşısında dəfələrlə qaldırması və hətta fiziki hücumlara məruz qaldıqları hadisədən ayrılıqda şikayət etmələrinə baxmayaraq, məhkəmə bununla bağlı heç bir addım atmamış və onların üzləşdiyi çətinlikləri görməzdən gəlmişdir. O, eləcə də əslində mühakimənin nəticəsinin qabaqcadan bəlli olduğunu, siyasi motivlər daşıdığını və Prezidentin mühakiməyə qədər ərizəçiləri cinayətkar adlandırdığını və cəzalanacağını ictimai şəkildə elan etməsi faktını nəzərə alaraq, mühakimənin özünün bir növ “şou” olduğunu bildirmişdir. O, bu şəraitdə vəkillərin həssaslaşdığını və qorxuya düşdüyünü bildirmişdir. O qeyd etmişdir ki, bu səbəblərdən öz müştərisini lazımi şəkildə müdafiə edə bilməmiş və buna görə şifahi bəyanat verə bilməyəcəkdir. O, müştərilərindən, birinci ərizəçi və cənab İbrahimovdan üzr istəmiş və düzgün yolun təqsirləndirilən şəxslərin özlərinin şifahi bəyanatlarını hazırlamaq və çatdırmaq imkanına malik olmasını qeyd etmişdir.
74. Cənab Pənahov, birinci və ikinci ərizəçinin vəkili oxşar bəyanatla çıxış etmişdir. O da qeyd etmişdir ki, istintaq materialları ilə tanış olmaq icazəsi verilmədiyindən müştərilərini səmərəli müdafiə ilə təmin edə bilməyəcəkdir. O, ibtidai istintaqın başa çatmasından sonra işin məhkəməyə tez bir zamanda ötürülməsi üçün vəkillərin materiallarla tanış olduqlarını bildirən arayışları imzalamaq üçün təzyiq altında qaldıqlarını iddia etmişdir. Hazılıq iclaslarında bundan xüsusilə şikayət etməsinə baxmayaraq, Ağır cinayətlər məhkəməsi bu məsələni diqqətə almamışdır. Cənab Hadı kimi cənab Pənahov da şəxsi təhlükəsizlikləri üçün narahat olduqlarını və bunun müştərilərini zəruri şəkildə müdafiə edə bilmək qabiliyyətlərinə öz təsirini göstərdiyini qeyd etmişdir.
75. Digər vəkillər də həmkarları tərəfindən edilən bütün bəyanatlarla razılaşmış və məhkəmə çıxışlarından imtina etmələri üçün oxşar səbəblər gətirmişlər.
76. Bundan sonra birinci ərizəçi özü və digər təqsirləndirilən şəxslər adından məhkəməyə müraciət etmiş və şəxsən öz müdafiələrini etmək üçün icazə istəmişdir. O qeyd etmişdir ki, vəkillərin şifahi bəyanatlarda iştirak etməkdən imtina etməsinin ardından onlar mahiyyətcə hüquqi yardımdan məhrum edilmişlər. O, məhkəmə çıxışlarının hazırlanması üçün məhkəmədən vaxt istəmişdir.
77. Buna cavab olaraq, hakim İbayev bildirmişdir ki, təqsirləndirilən şəxslərə cavab vermək (replika) hüququ veriləcəkdir. Hakim Ələsgərov qeyd etmişdir ki, prosessual hüquq təqsirləndirilən şəxsə yalnız vəkillə təmsil edilmədiyi təqdirdə şəxsən məhkəmə çıxışlarını etmək hüququ verir. Hakim Cumalıyev bildirmişdir ki, vəkillər müştərilərini müdafiə etmək vəzifəsindən qaçına bilməz.
78. Növbəti iclasda 2004-cü il oktyabrın 13-də birinci ərizəçi özü və digər təqsirləndirilən şəxslərin adından yazılı müraciətlə məhkəmədən müdafiə nitqlərini şəxsən söyləmələrinə icazə verməsini istəmişdir.
79. Məhkəmə ərizəni əsassız hesab edərək rədd etmişdir. O qeyd etmişdir ki, müdafiə vəkilləri müştərilərini səmərəli və adekvat hüquqi yardımla təmin etmişdir. Bundan əlavə, o bildirmişdir ki, vəkillərə istintaq materiallarını öyrənmək üçün geniş imkanlar verilmiş, lakin onlar bu imkandan faydalana bilməmişlər və şifahi çıxışlar etmək vəkillərin vəzifəsidir, onlar bu mərhələdə müştərilərindən imtina edə bilməz və vəzifələrindən yayınmaq üçün heç bir əsaslı səbəbə malik deyillər.
80. Belə məlum olur ki, dördüncü ərizəçinin şifahi çıxışı şəxsən etmək üçün birinci ərizəçinin icazə müraciətinə qoşulmasına baxmayaraq, yalnız dördüncü ərizəçinin vəkili məhkəmə çıxışını etmişdir.
81. Ağır cinayətlər məhkəməsi tərəfləri cavab vermək hüququndan istifadə etməyə çağırmışdır. İttihamçı həmin hüquqdan istifadə etməmişdir.
82. Təqsirləndirilən şəxslərin cavab nitqindən əvvəl üçüncü ərizəçi şifahi çıxışlar zamanı onların adından məhkəmə çıxışının edilməməsi faktını nəzərə alaraq, məhkəmədən onların üzərinə vaxt məhdudiyyəti qoyulmamasını xahiş etmişdir. Sədrlik edən hakim bunun nəzərə alınacağını bildirmişdir.
83. Birinci ərizəçi cavab vermək hüququndan istifadə edərkən iki saat çıxış etmişdir. Sədrlik edən hakim onun nitqinə üç dəfə müdaxilə etmiş və cavabın qısa olmasının (3-15 dəqiqə arası) zəruriliyini bildirmiş, nəticədə ərizəçinin etirazlarına baxmayaraq, onun sözünü qısa şəkildə kəsmişdir.
84. Buna bənzər olaraq bütün digər ərizəçilər cavab vermək hüquqlarından istifadə edərkən uzun nitq söyləməyə çalışmış, lakin sədrlik edən hakim tərəfindən müdaxilə edilmiş və təxminən bir saat sonra cavabın qısa olmasının zəruriliyi tələbi ilə onları dayandırmışdır.
85. Bundan sonra məhkəmə iclasları hər bir təqsirləndirilən şəxsin son sözünü deyə bilməsi üçün onlara bir daha söz verilməklə başa çatmışdır.
4. Məhkum edilmələr və cəzalar
86. 2004-cü il oktyabrın 22-də Ağır cinayətlər məhkəməsi ərizəçiləri kütləvi iğtişaş törətməkdə (Cinayət Məcəlləsinin 32.3 və 220.1-ci maddələri) və dövlət hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə (Cinayət Məcəlləsinin 32.2 və 315.2-ci maddələri) təqsirli bilmişdir.
87. Birinci və dördüncü ərizəçilərin hər biri dörd il altı ay, ikinci və üçüncü ərizəçilərin hər biri isə beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər.
Şikayətlər və əfvlər
88. 2004-cü ilin oktyabr və noyabr aylarında ərizəçilər Apellyasiya Məhkəməsinə şikayət etmişlər. Xüsusilə birinci ərizəçi öz şikayətində, inter alia, qərəzsiz məhkəmə, müdafiəsinin hazırlanması üçün müvafiq vaxt və vəsait, səmərəli təmsil edilmə, tərəflərin bərabərliyi və təqsirsizlik prezumpsiyası hüquqlarının pozulduğunu bildirmişdir. O, həmçinin birinci instansiya məhkəməsi tərəfindən sübutların qəbulu və qiymətləndirilməsi prosesində buraxılan səhvlərdən şikayətlənmişdir. İkinci və dördüncü ərizəçilər öz şikayətlərində oxşar mövqelər ifadə etmişlər.
89. Üçüncü ərizəçinin şikayəti digərlərindən qısa idi və daha ümumi şəkildə ifadə edilmişdir. O, başqa məqamlarla yanaşı aşağıdakılardan şikayət etmişdir:
“İttiham hökmü qanunsuz, əsassız və ədalətsiz hesab edilərək ləğv edilməli və mən azad buraxılmalıyam. Xüsusilə də:
1. Məhkəmə baxışı mənim təqsirləndirilən şəxs qismində hüquqlarımın pozulması ilə aparılmışdır.
2. Məhkəmə baxışı mənim vəkilimin hüquqlarını pozmuşdur.
3. Məhkəmə baxışı mənim son söz demək və vəkilimin məhkəmə çıxışını etmək hüququnu pozmuşdur.
4. Məhkəmə əldə etdiyi nəticəyə gəlmək üçün bütün müvafiq halları araşdırmamışdır.
5. Qərardakı faktiki hallar sübuta yetirilməmişdir.
Mənim qərarın qanunsuzluğu, əsassızlığı və ədalətsizliyi ilə bağlı iddialarımın əsasları tərəfimdən (apellyasiya) iclaslarda qeyd ediləcəkdir.”
90. Apellyasiya şikayətlərinin hamısı ərizəçilər tərəfindən onların əl yazısı ilə tərtib olunmuşdur.
91. Hazırlıq iclasından sonra çıxarılmış 2004-cü il 8 noyabr tarixli qərarı ilə Apellyasiya Məhkəməsi ərizəçilərin şikayətlərinin mahiyyəti üzrə açıq iclas keçirmək barədə vəsatətlərini təmin etmiş, lakin təqsirləndirilən şəxslərin və şahidlərin üzləşdirilməsi və yeni sübutların qəbulu yolu ilə yeni “məhkəmə baxışı”nın keçirilməsi barədə vəsatətlərini rədd etmişdir. O, həmçinin ərizəçiləri birinci instansiyada təmsil edən eyni vəkilləri təyin etməklə, onların dövlət tərəfindən təyin edilmiş vəkillə təmin edilməsini qərara almışdır. Apellyasiya icraatı gedişində həmin vəkillər tərəfindən təmin edilən hüquqi yardımın dərəcəsi aydın deyildir.
92. 2004-cü il 19 noyabr tarixli qərarı ilə Apellyasiya Məhkəməsi Ağır cinayətlər məhkəməsinin qərarını təsdiqləmişdir. O, aşağı məhkəmələrin aşkarladığı halları təkrarlamış və bir cümlə ilə ərizəçilərin şikayətlərini əsassız hesab edərək rədd etmişdir.
93. Birinci ərizəçi həmin qərardan kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti 206 səhifədən ibarət idi və ərizəçinin öz əl yazısı ilə tərtib edilmişdir. Şikayət Ağır cinayətlər məhkəməsi və Apellyasiya Məhkəməsi qarşısındakı icraatlarda iddia edilən boşluqlara münasibətdə çox təfsilatlı idi. Digər ərizəçilər də özlərinin tərtib etdikləri kassasiya şikayətlərini təqdim etmişlər.
94. 2005-ci il martın 29-da Ali Məhkəmə aşağı məhkəmələrin qərarlarını təsdiq etmişdir.
95. 2005-ci ilin mart ayında bütün ərizəçilər Prezidentin əfv fərmanı əsasında azadlıqdan məhrumetmə cəzalarının qalan hissəsinin çəkilməsindən azad edilmişlər.
Digər dövlət məmurları və dövlət orqanları tərəfindən ərizəçilərlə bağlı icraatın müxtəlif mərhələlərində edilmiş bəyanatlar
96. Ərizəçilər ali vəzifəli dövlət məmurları və dövlət orqanları tərəfindən onların təqsirsizlik prezumpsiyası hüquqlarını pozan bəyanatları özündə ehtiva edən bir sıra nəşrlər təqdim etmişlər. Onlardan bəzilərinin aşağıda xülasəsi verilmişdir.
97. 2003-cü il oktyabrın 17-də Milli Məclis (Parlament) “Müsavat, Ümid və Azərbaycan Demokratik Partiyasının və müəyyən siyasi müxalifət qruplarının Konstitusiyaya zidd əməlləri haqqında” qərar qəbul etmiş və yuxarıda qeyd edilmiş partiyaları ifşa etmiş və hüquq mühafizə orqanlarının üzvləri və mülki şəxslərə yetirilmiş zərər və həyatın itirilməsi, eləcə də ictimai və şəxsi mülkiyyətə ziyan vurulması ilə nəticələnən “qanunsuz əməllər” və kütləvi iğtişaşlarla bağlı məsuliyyət daşıdıqlarını bildirmişdir. Digərləri ilə yanaşı, qərar İsa Qəmbər (Müsavatın rəhbəri), İqbal Ağazadə (ərizəçilərlə birgə mühakimə edilmiş şəxslərdən biri) və “müxalifətin üzvləri və tərəfdarlarından ibarət qrupu” yuxarıda qeyd edilmiş iğtişaşların təşkilatçıları kimi qələmə vermişdir. Qərar qəzetdə çap edilmişdir.
98. 2003-cü il oktyabrın 23-də rəsmi qəzet olan “Xalq Qəzeti” dövlətə məxsus xəbər agentliyi AzərTacın verdiyi və Daxili İşlər Nazirliyi tərəfindən 2003-cü il oktyabrın 22-də keçirilən mətbuat konfransı ilə bağlı məqalə çap etmişdir. Həmin mətbuat konfransı zamanı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Nazirliyin 2003-ci il 15 və 16 oktyabr hadisələri ilə bağlı rəsmi münasibətini bildirmiş və mətbuata bununla bağlı cinayət işinin başlanıldığı və çoxsaylı şəxsin həbs edildiyini çatdırmışdır. O, həmçinin aşağıdakıları da qeyd etmişdir:
“2003-cü il oktyabrın 15 və 16-da dağıdıcı müxalifət Müsavat, Ümid və Azərbaycan Demokratik Partiyalarının rəhbərləri İsa Qəmbər, Rəsul Quliyev, Sərdar Cəlaloğlu (Məmmədov), İqbal Ağazadə və digərlərinin birbaşa təhrikləri əsasında kütləvi iğtişaşlarla nəticələnən öncədən planlaşdırılmış qanunsuz əməlləri yerinə yetirməyə başlamışlar.”
99. Qəzetdəki eyni məsələ Səbail rayon Polis İdarəsinin rəhbəri tərəfindən müxalifəti ifşa edən bəyanatı özündə ehtiva edirdi. Aşağıdakılar orada qeyd edilmişdir:
“2003-cü il 15 və 16 oktyabrda İsa Qəmbər, İqbal Ağazadə və Sərdar Cəlaloğlunun (Məmmədov) birbaşa təlimatları əsasında müəyyən qarşısıalınmaz anarxist və radikal qruplar Bakıda dəhşətli cinayət əməlləri törətmişlər. ...
Biz cinayətləri törətmiş və həmin radikal əməllərə rəhbərlik etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb ediləcəyi və layiqli cəzalarını alacaqlarına inanırıq. Bundan əlavə, biz həmin cinayət əməllərini təşkil etmiş Müsavat, Ümid və Azərbaycan Demokratik Partiyasının ləğv ediləcəyi və həmin siyasi qurumların rəhbərlərinin (İ.Qəmbər, R.Quliyev, S.Cəlaloğlu və İ.Ağazadə) cinayət məsuliyyətinə cəlb ediləcəyindən əminik.”
100. 2003-cü il oktyabrın 25-də Xalq Qəzeti Ombudsmanın bəyanatını dərc etmişdir. Həmin bəyanatda o, müxalifəti və 2003-cü il 15-16 oktyabr hadisələri zamanı nümayişçilərin törətmiş olduğu əməlləri tənqid edir və bütün vətəndaşları mülki ittifaq və dinc hərəkətlərə çağırırdı. Bəyanat 2003-cü il 15-16 oktyabr hadisələri zamanı və ya daha sonra hüquq mühafizə orqanları tərəfindən edilmiş hədsiz və cəzalandırıcı gücdən istifadə etməsi ilə bağlı iddialara toxunmurdu.
101. 2003-cü il oktyabrın 27-də Xalq Qəzeti demək olar bir səhifəlik “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun 15 və 16 oktyabr tarixində baş vermiş hadisələrlə bağlı Mətbuat Məlumatı”nı dərc etmişdir. Bəyanat hüquq mühafizə orqanlarının son illərdə cinayətkarlıqla mübarizədə əldə etdiyi uğurların tərif edilməsi və Hökumətin qanunun aliliyi ilə idarə edilən demokratik dövlət qurulmasındakı uğurları ilə başlanırdı. O, daha sonra “pozitiv dəyişikliklər və mövcud reallıqları qəbul etmək istəməyən” və Hökumətin uğurlarına “kölgə salmağa” çalışan və ölkədə sabitliyi pozan “radikal müxalifət” haqqında öz narazılığını ifadə edirdi. O, aşağıdakı şəkildə davam edirdi:
“Azad və ədalətli seçkilərdə məğlub olacağını anlayan və demokratik və şəffaf şəkildə keçirilən səsvermədə bundan tam əmin olan müxalifətin ekstremist dairələri bir daha dağıdıcı gücə əl atmışlar. Müsavat və Ümid partiyasının rəhbərləri İsa Qəmbər və İqbal Ağazadə və onların tərəfdarları, eləcə də törətmiş olduğu cinayət əməllərinə görə beynəlxalq axtarışda olan Rəsul Quliyev daxil olmaqla ADP-nın rəhbərləri və Sərdar Cəlaloğlu (Məmmədov) və partiyanın digər üzvləri xüsusilə seçilmişlər.
Qeyd edilməlidir ki, oktyabrın 1-dən etibarən (yuxarıda) qeyd edilmiş şəxslər tərəfindən hazırlanan kütləvi iğtişaşlarda iştirak etmək məqsədilə həmin partiyaların fəal üzvləri və cinayətkarlığa meylli olan digər şəxslər (Bakıya) gətirilmiş və (iştirakçılıqları) əvəzində onlara pul verilmişdir.
(Məlumat 2003-cü il 15 oktyabrda seçki qanunsuzluqları və ədalətsizliyinin ilkin olaraq səsləndirildiyi müxalifət nümayişlərinin təsviri ilə davam edir).
Yuxarıda qeyd edilmiş partiya rəhbərləri tərəfindən yayılan saxta böhtanlar və yalanlar və onların (nümayişçiləri) qanunsuz əməllərə sövq etməsi paytaxtda ictimai qaydanın ağır pozulması ilə nəticələnən hərəkətlərə təkan verən qüvvə olmuşdur.”
102. Bəyanat 15-16 oktyabr hadisələrinin müfəssəl təsviri və nümayişin dağıdılması zamanı polis tərəfindən hədsiz və cəzalandırıcı gücə əl atılması və həbs edilən şəxslərin işgəncə və pis rəftara məruz qalması ilə bağlı iddiaların səthi inkarı ilə davam edirdi. O, həmçinin yalnız kiçik sayda şəxsin, təşkilatçılar və qanunsuz əməlləri törədən şəxslərin cinayət prosesi üzrə təqib edildiyini qeyd edirdi.
103. 2003-cü il oktyabrın 30-da Xalq Qəzeti Daxili İşlər Naziri müavininin “Azərbaycandakı sabitlik və sakitlik qorunacaq, qanunun aliliyinə hörmət ediləcəkdir” adlı məqaləsini dərc etmişdir. Demək olar ki, məqalə bütünlükdə ittihamlar və 15-16 oktyabr hadisələri zamanı siyasi müxalifətin əməllərinin kəskin tənqidindən ibarət idi. Müəllif ümumilikdə müxalifətə və xüsusən Müsavatın rəhbəri İsa Qəmbərə müraciətində “cinayətkar”, “dağıdıcı”, “radikal” və “zorakı” kimi ifadələrə yer vermişdir. Müəllif açıq şəkildə Müsavat partiyası, onun rəhbərləri və onları dəstəkləyən digər müxalif qüvvələrin “cinayət xarakterli əməllər” törətdiyini bildirmiş, onların dövlət hakimiyyətini qanunsuz yollarla ələ keçirmək niyyətini açıqladığını və tərəfdarlarına dəyənək payladığını və onları şiddətli əməllərə və vandalizmə, ölkədə sabitliyi pozmağa çağırdığını bildirmişdir. Yuxarıda qeyd olunanlar çərçivəsində məqalədə qeyd edilirdi:
“Pənah Hüseyn(ov) qan axıdılmasına təkan vermiş və kütləvi psixoz vəziyyəti yaratmağa çalışmışdır. Bu sarsıdıcı əməllərdə yalnız Pənah Hüseyn(ov) iştirak etmirdi. “İnqilabi vəziyyətin yetişdirilməsi” ilə bağlı ağılsız fikirlər İsa Qəmbər və Rəsul Quliyevdən irəli gəlsə də, onlar cəmiyyətə Sərdar Cəlaloğlu (Məmmədov), İqbal Ağazadə, İbrahim İbrahimli, Arif Hacı(lı), Rauf Arifoğlu (Abbasov) və Flora Kərimova tərəfindən çatdırılmışdır.”
104. 2004-cü il oktyabrın 5-də ərizəçilərin işi ilə bağlı Ağır cinayətlər məhkəməsinin hökmünün çıxarılmasından əvvəl rəsmi qəzet olan Azərbaycan Prezident tərəfindən Röyter agentliyinə verilən uzun müsahibəni dərc etmişdir. Müsahibədə müzakirə edilən çoxsaylı məsələlərlə yanaşı Prezident aşağıdakıları bildirmişdir:
“Müxalifətin seçki nəticələrini zorakılığa əl ataraq dəyişmək istəməsi cinayət əməli idi. Mən bir daha müxalifət olaraq istinad edilən məhbusların müxalifət üzvləri olduqları üçün deyil, qanunsuz əməllər törətdikləri üçün mühakimə edildiyini vurğulayıram.”
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
105. 2000-ci ilin Cinayət-Prosessual Məcəlləsinin müvafiq müddəalarında qeyd edilir:
Maddə 107. Etiraz və özü-özünə etirazın ümumi müddəaları
“Maddə 107.2. Hakimin, andlı iclasçının, prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, zərər çəkmiş şəxsin, (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin, yaxud şahidin nümayəndəsinin, eləcə də hal şahidinin, məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ya ekspertin cinayət prosesində iştirakını istisna edən, bu Məcəllənin 109, 110, 112-118-ci maddələri ilə nəzərdə tutulmuş hallar mövcud olduqda, onlar özü-özünə etiraz etməlidirlər.”
Maddə 109. Hakimə etiraz
“109.1. Hakimə (məhkəmə tərkibinə) edilən etiraz əsaslandırılmalıdır.Etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını istisna edən aşağıdakı hallardan heç olmasa biri olsun:
...
109.1.7. hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda;
...
109.2. Bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, hakim özü-özünə etiraz etməlidir.”
Maddə 339. Məhkəmə çıxışlarının başlanması
“339.1. Məhkəmə istintaqı qurtardıqdan sonra məhkəmə iclasında sədrlik edən məhkəmə çıxışlarına başladığını elan edir.
339.2. Məhkəmə çıxışlarında iştirak edən şəxslərdən hər hansı biri məhkəmə çıxışlarına hazırlaşmaq üçün vaxt verilməsi haqqında vəsatət qaldırdıqda, məhkəmə iclasında sədrlik edən müddətini göstərməklə məhkəmə iclasında tənəffüs elan edir.”
Maddə 340. Tərəflərin çıxışları
“340.1. Məhkəmə çıxışları dövlət ittihamçısı, zərər çəkmiş şəxs (xüsusi ittihamçı) və ya onun nümayəndəsi, mülki iddiaçı və ya onun nümayəndəsi, təqsirləndirilən şəxs (yalnız müdafiəçi işdə iştirak etmədiyi halda) və ya onun müdafiəçisi, mülki cavabdeh və ya onun nümayəndəsi tərəfindən növbə ilə söylənilən nitqlərdən ibarətdir.
...
340.3. Cinayət prosesinin tərəfləri öz çıxışlarında məhkəmə istintaqı zamanı tədqiq edilməmiş sübutlara istinad edə bilməzlər. Özünün gəldiyi nəticənin əsaslandırılması üçün yeni sübutlardan istifadə etmək zərurəti yarandıqda cinayət prosesinin tərəfi hansı halların və hansı sübutlar əsasında əlavə tədqiqat tələb edildiyini göstərməklə məhkəmə istintaqının təzələnməsi barədə vəsatət qaldırır. Məhkəmə cinayət prosesinin digər tərəfinin fikrini dinləyərək vəsatətin təmin və ya rədd edilməsi barədə qərar qəbul edir.
340.4. Məhkəmə, məhkəmə çıxışlarını müəyyən vaxtla məhdudlaşdıra bilməz, lakin məhkəmə çıxışlarında iştirak edən şəxslər məhkəmədə baxılan ittihama aid olmayan hallara toxunduqda, məhkəmə iclasında sədrlik edən onların çıxışlarını dayandırmaq hüququna malikdir.”
Maddə 341. Replikalar
“Məhkəmə baxışının bütün iştirakçılarının məhkəmə çıxışları səsləndikdən sonra dövlət ittihamçısı, zərər çəkmiş şəxs (xüsusi ittihamçı), təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət prosesi tərəfləri nümayəndələrinin çıxışlarında deyilənlərə dair qısa etiraz və qeydlərlə bir dəfə də çıxış etmək hüququna malikdirlər.”
Maddə 342. Təqsirləndirilən şəxsin son sözü
“342.1. Məhkəmə çıxışları və replikalar qurtardıqdan sonra təqsirləndirilən şəxsə son söz verilir. Təqsirləndirilən şəxs son sözünü söyləyərkən ona suallar verilməsinə yol verilmir.
342.2. Məhkəmə təqsirləndirilən şəxsin son sözünün müddətini müəyyən edə bilməz. Təqsirləndirilən şəxs məhkəmədə baxılan ittihama açıq surətdə aid olmayan hallara toxunduqda, məhkəmə iclasında sədrlik edən onun sözünü kəsmək hüququna malikdir.
342.3. Təqsirləndirilən şəxs son sözündə elan edilmiş ittihamın məhkəmədə hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyətə malik olan yeni halları barədə məlumat verdikdə, məhkəmə, məhkəmə istintaqını təzələyir.”
106. CPM-in 455-ci maddəsinə müvafiq olaraq, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarının pozulması işin yenidən açılması üçün yeni haldır. 456-cı maddəyə əsasən, Ali Məhkəmənin Plenumu işə yalnız hüquqi məsələlər üzrə baxır. İşin təhlil edilməsindən sonra Ali Məhkəmənin Plenumu aşağı məhkəmələrin qərarını ləğv edə və işi yenidən müvafiq aşağı məhkəməyə göndərə və ya kassasiya və ya digər məhkəmələrin qərarını dəyişdirə və ya kassasiya məhkəmələrinin və digər məhkəmələrin qərarını ləğv edə və yeni qərar çıxara bilər (CPM-in 459-cu maddəsi).
III. MÜVAFİQ BEYNƏLXALQ SƏNƏDLƏR
107. Aşağıdakılar Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Demokratik İnstitutlar və İnsan Hüquqları Ofisinin (OSCE/ODİHR) 2003-2004-cü illərdə Azərbaycanda Mühakimənin Monitorinq Layihəsinə dair hesabatdan çıxarışlardır (“OSCE-nin hesabatı”):
“2. Seçkidən sonrakı inkişafın xülasəsi
Seçkidən sonrakı zorakılıq
...Seçkidən dərhal sonra oktyabrın 15 və 16-da nümayişlər baş vermişdir. Həmin nümayişlər Bakıda təhlükəsizlik qüvvələri və nümayişçilər arasında zorakı toqquşmalara səbəb olmuşdur.
Oktyabrın 15-də Müsavat Partiyasının Qərargahı qarşısında ATƏT/ODİHR Seçki Müşahidəçiləri Missiyasının üzvləri polisin dinc tərəfdarlara hücum etdiyinin şahidi olmuşlar. Oktyabrın 16-da minlərlə nümayişçi və müxalifətin tərəfdarları Bakının mərkəzində Azadlıq meydanında oğurlanmış hesab etdikləri seçkilərə etiraz etmək məqsədilə toplanmışlar. Meydana gedərkən nümayişçilər binaları və nəqliyyat vasitələrini dağıtmış və polis qüvvələrinə dəmir dəyənəklər və daşlarla hücum etdikləri görünmüşdür. Meydanda nümayişçilər sürətlə polis və təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınmış və onlar kütləni dağıtmaq üçün sarsıdıcı qüvvəyə əl atmışlar. Təhlükəsizlik qüvvələri nümayişçiləri həmin ərazidə saxladıqdan sonra və onların asta-asta ərazini tərk etməklə artıq təhlükə daşımamasına baxmayaraq, onları dəyənək vasitəsilə döymüşlər. Videoçəkilişlər hökumət qüvvələri vasitəsilə nümayişçilərə təzyiq göstərmək üçün istifadə etdiyi güc və zorakılığın dərəcəsini göstərir.
Şiddətin ardından həbslər dalğası başlanmışdır. Məmurların dediyinə görə, məhbuslar zorakı əməllərdə iştirak etmiş və ya zorakılığın təşkil edilməsinə görə məsuliyyət daşıyırdılar. Həbslər bütün ölkə çərçivəsində baş tutmuş və zorakılıqla tam aydın əlaqəsi olmayan bir çox fərdləri də əhatə edirdi. Daxili İşlər Naziri şiddətli toqquşmaların ardından 600-dən çox insanın həbs edildiyini bildirmişdir. ...
İnzibati və cinayət ittihamları
Seçkilərlə bağlı saxlanılan şəxslərin əksəriyyəti az sonra ittihamsız azadlığa buraxılmışlar. Ümumilikdə, seçkidən sonrakı toqquşmalarla bağlı 129 şəxs cinayət ittihamı ilə məhkum edilmiş və onlardan 125 nəfəri həmin arayışın hazırlandığı vaxt mühakiməyə verilmişdir.
...
Cinayət ittihamı ilə məhkum edilənlər arasında (digərləri ilə yanaşı cənab Hüseyn, cənab Abbasov, cənab Hacılı və cənab Məmmədov) kimi müxalifətin tanınmış adamları var idi.
Həmin arayışın tərtib edilməsi zamanı ATƏT/ODİHR nümayişçilərə qarşı istifadə etdikləri güc və zorakılıqla bağlı polis məmurları və digər məmurlara qarşı qaldırılmış ittihamlardan xəbərsiz idi.
3. MƏQSƏD və METODOLOGİYA
Seçkidən sonrakı zorakılıqla bağlı məhkum edilmiş 125 nəfərin hamısının işinə ATƏT-in Mühakimə Monitorinq Proqramı ilə nəzarət edilmişdir.
ATƏT-in mühakimə müşahidəçiləri bütün birinci instansiya və iki yuxarı instansiya mühakimələrinin müşahidəçisi olmuşlar. ATƏT-in mühakimə müşahidəçiləri 2003-cü ilin dekabrı və 2004-cü ilin mayında milli və beynəlxalq səviyyədə ədalətli mühakimə standartları və mühakimə monitorinqi metodları ilə bağlı iki treninq sessiyasında iştirak etmişlər. Bundan əlavə, beynəlxalq ekspert Pol Qarlik, Əlahəzrətin Vəkili, Hakim (Birləşmiş Krallıq) mayın 7-də başlayan son mühakimələri izləmişdir. Bu arayışda əks etdirilən məlumat mühakimə müşahidəçiləri və beynəlxalq ekspertin birbaşa müşahidələrindən irəli gəlir. Lakin saxlanma və ibtidai mərhələ haqqında məlumat təqsirləndirilən şəxslər və onların vəkilləri tərəfindən məhkəmədə edilən bəyanatlara və təqsirləndirilən şəxslərlə və onların vəkilləri ilə müsahibələrə əsaslanmışdır. 15-ci qrupun mühakimə işində beynəlxalq eskpert tərəfindən müfəssəl sorğu kitabçası hazırlanmış və müdafiə vəkili tərəfindən tamamlanmışdır.
...
4. SEÇKİDƏN SONRAKI İŞLƏR HAQQINDA ƏSAS MƏLUMAT
...Mühakiməyə gətirilmiş 125 nəfərin işinə 15 qrup daxilində baxılmışdır. Həmin arayışın məqsədləri üçün onlar 1-15 Mühakimə Qrupları adlandırılır.
16 oktyabr hadisələri ilə bağlı mühakimələr
Digər mühakimə qruplarındakı mühakimələrin hamısı oktyabrın 16-da Azadlıq meydanında baş verən hadisələrlə bağlı idi və Ağır cinayətlər məhkəməsində baxılmışdır. 1-6 və 8-14 mühakimə qruplarındakı təqsirləndirilən şəxslər kütləvi iğtişaşlarda və ictimai qaydanın pozulmasına səbəb olan əməllərin təşkilində və ya onlarda fəal iştirak və ya dövlət məmuruna qarşı zorakı əməllərdə ittiham edilmişlər.
Son mühakimə qrupundakı, 15-ci qrupdakı təqsirləndirilən şəxslər müxalifətin ən tanınmış üzvlərini birləşdirirdi və onlar seçki sonrası zorakılıq əməlləri ilə bağlı mühakimə olunacaqdılar. Digər mühakimə qruplarındakı ərizəçilər kütləvi iğtişaşlarda iştirak etməkdə ittiham edilsələr də, 15-ci qrupdakı təqsirləndirilən şəxslər kütləvi iğtişaşların təşkilində ittiham edilirdilər. Bundan əlavə, onlar dövlət məmuruna qarşı müqavimət göstərməkdə və ya zorakı əməllərdə ittiham edilmişlər. ...
5. Aşkarlanan hallar və təhlil
...
C. Mühakiməyə qədər hüquqi yardım hüququ
Təqsirləndirilən şəxslərin mühakiməyə qədər və ya həbsə alınanadək hüquqi təmsilçiyə malik olmadıqlarını iddia etdikləri xüsusi hallar mövcuddur. 15-ci Mühakimə qrupunda təqsirləndirilən şəxs Pənah Hüseynov (Hüseyn) 2003-cü il oktyabrın 18-də həbs edilməsindən 2003-cü il oktyabrın 23-ə qədər vəkillə görüşmək icazəsinə malik olmadığı barədə yazılı bəyanatlar vermişdir. O, hüquqi vəkil hüququndan imtina etməyə məcbur edildiyindən şikayət etmişdir. Həmin işdə təqsirləndirilən şəxs Qazax Polis Bölməsində vəkil xidmətlərindən imtina etdiyi qeyd edilən kağızı və polis məmurlarına qarşı güc tətbiq etdiyini etiraf etdiyi kağızı imzalamağa məcbur edildiyini bildirmişdir.
15-ci Mühakimə qrupu ilə bağlı bəzi təqsirləndirilən şəxslər ibtidai həbsə alındıqdan sonra qısa müddət ərzində hüquqi təmsilçi ilə təmin edilsə də, müəyyən hallarda birinci görüşdən sonra hüquqi yardım dayandırılmışdır.
F. MÜDAFİƏNİN HAZIRLANMASI ÜÇÜN MÜVAFİQ ZAMAN VƏ İMKANLAR HÜQUQU
...
15-ci Mühakimə qrupunda sübutlar 22 hissəlik cinayət işi materialı, şahid ifadələri, zərərin vurulması haqqına məlumat, zərərçəkənlərin ifadələri və 22 videokassetdən ibarət idi. Material vəkillərə yalnız 2004-cü ilin martında verilmişdir. Hətta bu zaman belə iş materialının yalnız bir nüsxəsi təqsirləndirilən şəxslərə təqdim edilmişdir. Beləliklə, onların müdafiəsinin hazırlığına, xüsusilə də mühakimə zamanı məhdudiyyətlər qoyulmuşdur, çünki onlar mühakimə zamanı fərqli kameralarda saxlanılırdılar.15-ci qrupun məhkəmə iclasları zamanı bir neçə halda təqsirləndirilən şəxslər izolyasiya vəziyyətində saxlandıqları və iş materiallarının yeganə bir nüsxəsini paylaşmaq məcburiyyətində olduqlarından şahidlərin qarşılıqlı dindirilməsi zamanı üzləşdikləri çətinliklərdən şikayət etmişlər.
Təqsirləndirilən şəxslərə materialların yalnız bir nüsxəsinin verilməsi ilə yaradılmış çətinlikdən əlavə müdafiə tərəfinin vəkilləri məhkəmənin mühakimənin ilkin mərhələlərində çıxardığı qərarların nüsxələrindən də məhrum edilmələrindən şikayət etmişlər. Müdafiə vəkilləri bildirmişlər ki, müdafiə tərəfindən verilən 31 şikayət ərizəsindən yalnız 8-nin nüsxəsi məhkəmə tərəfindən təqdim edilmişdir.
G. İŞGƏNCƏDƏN VƏ PİS RƏFTARDAN AZAD ETMƏ VƏ İFADƏ VERMƏYƏ VƏ YA ETİRAF ETMƏYƏ MƏCBUR OLMAMAQ HÜQUQU
...
Təqsirləndirilən şəxslərin işgəncə və pis rəftar iddiaları
15 Mühakimə qrupundan ikisində işgəncə və pis rəftar ittihamları edilmişdir. 1-14 Mühakimə qruplarında bu iddialar əsasən müvəqqəti həbsdə hüquq mühafizə orqanlarına yönləndirilmişdi, eləcə də həbs müdəti zamanı pis rəftar barəsində ittihamlar mövcud idi. Məhkəmə və ya birbaşa ATƏT-in mühakimə müşahidəçilərinə bildirilmiş pis rəftar davranışlarına yaxın qohumların hədələnməsi, qida və suyun verilməməsi, stullara bağlanma, məhbusların çılpaq halda dindirilməsi və videoçəkilişlər, odlu silahlarla hədələnmə, döyülmə, yumruqlanma, təpiklənmə, dəyənək, butılka və çubuqlarla döyülmə, məhbusların yağışın altında saatlarla çöldə durmağa məcbur edilməsi, siqaretlərlə yandırma, naməlum maddələrin bədənə iynə ilə yeridilməsi və zorakılıq hədələri... daxil idi.
Şahidlərin işgəncə və pis rəftar ittihamları
Təqsirləndirilən şəxslərin işgəncə və pis rəftarla bağlı verdiyi məlumatdan əlavə şahidlər də işgəncə və pis rəftar barədə ittihamlar irəli sürmüşlər: (pis rəftar barəsində ilkin ittihamların xülasəsi)...
İddia edilən pis rəftarın nəticəsi olaraq bir neçə şahid mühakimə zamanı bəyanatlarının saxta olduğunu bildirmişlər. ...
I. İŞGƏNCƏ VƏ DİGƏR PİS RƏFTAR NÖVLƏRİ YOLU İLƏ ƏLDƏ EDİLMİŞ SÜBUTLARIN İSTİFADƏSİNİN QADAĞAN EDİLMƏSİ
İşgəncə və pis rəftar ittihamları 11 və 12-ci Mühakimə qruplarından başqa bütün Mühakimə qruplarında edilmişdir. Bütün instansiyalarda hakimlər ittihamların sübuta yetirilmədiyini bildirmişdir. Yeganə istisna hakimin işgəncə ittihamlarına məhəl belə qoymadığı 5-ci Mühakimə qrupu idi.
Bundan əlavə, təzyiq altında verildiyi iddia edilən bəyanatlar 2, 3, 4, 7, 8, 10, 13 və 15-ci Mühakimə qruplarında sübut kimi istifadə edilmişdir. Ümumilikdə, məhkəmə müdafiə tərəfinin müvəqqəti saxlanma müəssisələrində edilən bəyanatların işgəncə və ya digər pis rəftarla əldə edildiyi ilə bağlı çoxsaylı şikayətlərinə məhkəmə tibbi müayinələr təyin etməklə və hüquq mühafizə orqanlarının şahid qismində dindirilməsi ilə cavab vermişdir.
...
Şahidlər
... Məhkəmənin 15-ci Mühakimə qrupunda işgəncəyə məruz qaldığını iddia edən şahid ifadələrinin qəbul edilib-edilməməsi ilə bağlı yanaşma tərzi boşluqlara malik idi. Bu şahidlər tərəfindən məhkəməyə təqdim edilən sübutları nəzərə alaraq, heç bir məhkəmə şübhəsiz olaraq işgəncənin yer almadığı nəticəsinə gələ bilməzdi. Məhkəmə işgəncə ittihamlarını araşdırmamış və daha əvvəl digər məhkəmələrin aşkarladıqları hallara həddindən artıq əsaslanmışdır. Əslində, məhkəmə digər qərarların arxasında duran əsaslandırmanı araşdırmadan və digər məhkəmələrin işə baxarkən əlində olan sübutları tam yoxlamadan və həmin sübutları 15-ci Mühakimə qrupunun işində özünün əlində olan sübutlarla müqayisə etmədən özünü bu məhkəmələrin nəticələrinə gəlməyə məcbur hesab etmişdir.
J. AÇIQ İCLAS HÜQUQU
Seçki sonrası işlərlə bağlı bütün məhkəmə iclasları guya ictimaiyyətə açıq idi. Lakin çoxsaylı məhdudiyyətlər və əngəllər həmin hüquqa müdaxilə edirdi.
15-ci Mühakimə qrupunda məhkəmə iclas zalı ciddi nəzarət altında idi və məhkəmənin təhlükəsizlik əməkdaşları ilə məhdudlaşdırılırdı. Mühakimə zamanı təqsirləndirilən şəxslər və onların vəkilləri bir neçə dəfə məhkəmə zalında oturacaqların olmasına baxmayaraq, ictimaiyyətin məhkəmə zalına daxil olmasının qadağan edilməsinə etiraz etmişlər.
...
Mühakimələr açıq şəkildə aparılsa da, ictimaiyyətin mühakimədə iştirak etməsini əngəlləyən bir neçə faktor özünü göstərmişdir:
Məhkəmə otaqları iclasda iştirak etmək istəyən hər kəsi yerləşdirmək üçün çox balaca idi və bir neçə iclasda hətta təqsirləndirilən şəxslərin qohumları da iştirak edə bilməmişlər. Təqsirləndirilən şəxslərin yeddi ilə on arası qruplarda mühakimə edilməsi bu problemi ağırlaşdırırdı.
İnsanlar adətən Ağır cinayətlər məhkəməsinin daxilinə şəxsiyyət vəsiqələrinin nüsxəsi təqdim edilməklə və məhkəmə əməkdaşları tərəfindən onlar haqqında şəxsi məlumatların qeydə alınması ilə buraxılırdılar.
Ağır cinayətlər məhkəməsi təxirə salınmış iclaslar barədə məlumat verməmiş və bu məlumatı ictimaiyyətə heç bir şəkildə çatdırmamışdır. Nəticədə, ATƏT təxirə salınmış iclasların vaxtı və yerini müəyyənləşdirmək üçün məhkəmə ilə telefon vasitəsilə əlaqə saxlamalı olmuşdur. İki instansiyada məhkəmə katibləri bu növ məlumatı bildirmək səlahiyyətinə malik olmadıqlarını bildirmişlər.
Bəzi instansiyalarda Yeni Müsavat və Bakı Xəbərləri daxil olmaqla müxalifət qəzetlərinin üzvlərinin məhkəmə zalına daxil olması məhkəmə əməkdaşları tərəfindən qadağan edilmişdir. Bəzi hallarda jurnalistlər heç bir səbəb gətirilmədən, digərlərində isə məhkəmə otağında yer olmaması səbəbindən iclasa buraxılmamışlar.
K. MÜSTƏQİL VƏ QƏRƏZSİZ MƏHKƏMƏ VASİTƏSİLƏ ARAŞDIRMA HÜQUQU
... 15-ci Mühakimə qrupuna münasibətdə məhkəmə iclasının iki üzvü ibtidai istintaqda iştirak edən və ya ittiham olunan şəxslərlə əlaqəsi olduğunu açıqlamamışdır. Hakimlərin həmin əlaqə ilə bağlı qərəzli davrandığını göstərmək üçün heç bir sübut gətirilməsə də, həmin hakimlərin törədilmiş əməllərin istintaqına və ittihamına cəlb edənlərlə əlaqəsini açıqlamaması xoş hal deyildir. Təqsirləndirilən şəxslər və onların vəkilləri tərəfindən diqqət yetirilənədək bu məlumatın açıqlanmaması hakimlərin qərəzsizliyinə etibar yaratmırdı.
...
15-ci Mühakimə qrupuna münasibətdə hakimlər ittiham tərəfinin təxirə salma ilə bağlı vəsatətini nadir hallarda rədd etmişlər, əslində isə bunun üçün heç bir əsas yox idi. Xüsusilə də, hakim ittiham tərəfinin son sözünü hazırlamaq üçün işi on günlük təxirə salmaqla bağlı vəsatətini təmin etmiş, lakin ittiham tərəfindən bu qədər uzunmüddətli təxirə salma üçün səbəb gətirməsini istəməmişdir. Təqsirləndirilən şəxslər bu uzunmüddətli təxirəsalmalara etiraz etsələr də, məhkəmə onların etirazına və ya bu müddətin onlara vura biləcəyi ziyana heç bir məhəl qoymamışdır.
Yenə də 15-ci Mühakimə qrupu ilə bağlı məhkəmə bir neçə halda təqsirləndirilən şəxslər və onların vəkilləri tərəfindən verilən ərizələrlə bağlı qərarını bildirməmiş, əksinə, həmin ərizələri daha sonra baxılmaq üçün təxirə saldığını qeyd etmişdir. Hakimlərin, məsələn, təqsirləndirilən şəxslərin vəsatəti ilə çağırılmasına icazə verəcəyi şahid sayı kimi həlledici məsələləri də təxirə salması ciddi məsələ idi. Bu, təqsirləndirilən şəxslərin müdafiə zamanı hansı sübutun təqdim ediləcəyi ilə bağlı çaşqınlıq içərisində qalmasına səbəb olmuşdur. Aydındır ki, bu, təqsirləndirilən şəxslərin işlərini təqdim etmək tərzinə zərər gətirirdi. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxslərin vəsatəti ilə çağırılan şahid sayını da məhdudlaşdırmışdır.
L. ƏDALƏTLİ MƏHKƏMƏ ARAŞDIRILMASI HÜQUQU
... 15-ci Mühakimə qrupuna münasibətdə təqsirləndirilən şəxslər məhkəməyə tez-tez məhkəmə iclasından sonra həbsxanaya aparıldıqlarında ayrı saxlanmalarının, aralarında yalnız bir məhkəmə materialına malik olmalarının işlərə hazırlaşmalarını, xüsusilə də şahidlərin üzləşdirilməsini çətinləşdirdiyindən şikayət etmişlər. Müdafiə vəkillərinin doldurduğu sorğu kitabçalarında məhkəmə tərəfindən təqsirləndirilən şəxslərə və onların vəkillərinə sənədlərin nüsxəsinin və videoçəkilişlərin verilməsindən imtina edilməsi ilə bağlı çoxsaylı şikayətlər var idi.
Təqsirsizlik prezumpsiyası
... Seçki sonrası günlərdə seçilmiş Prezident və Daxili İşlər Nazirliyi, Bakı Baş Polis İdarəsi, Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinin nümayəndələri bəyanatlarla çıxış etmiş və qanunsuz hərəkətlər Müsavat, ADP və Ümid partiyalarına aid edilmişdir. ...
İstintaq tərəfindən maddi məlumatın açıqlanması
15-ci Mühakimə qrupuna münasibətdə müdafiə vəkilləri dəfələrlə məhkəməyə istintaqın məhkəmədən müdafiəyə yardım edə biləcək 16 oktyabr videoçəkilişlərini gizlətdiyindən şikayət etmişlər. Xüsusilə də, istintaqın təqsirləndirilən şəxslərin tribunada nitq söylmədiyini və nümayişçiləri təhrik etmək və ya onları qızışdırmaq üçün məsuliyyət daşımadığını göstərən çəkilişləri təqdim etmədiyi qeyd edilmişdir. Məhkəmə məsələ ilə bağlı müvafiq araşdırma aparmamışdır. Məhkəmə ittiham tərəfini müdafiə tərəfinin ittihamlarını inkar edəcək sübutlar təqdim etməyə çağırmamışdır. Məsələyə məhkəmə tərəfindən hərtərəfli şəkildə baxılmalı və istintaq məhkəməni bütün məlumatın tam açıqlandığından əmin etməli idi.
...
Şahidləri çağırmaq və dindirmək hüququ
Mühakimələrin çoxunda hakimlər yalnız ittiham tərəfindən təqdim edilən sübutları araşdırmış və onlarla şahid (əsasən, əsgərlər və hüquq mühafizə orqanlarının əməkdaşları) dindirmiş və pəncərələri sındırdığını, maşınlara zərər vurduğunu və hüquq mühafizə orqanlarını döydüyünü göstərən qrupların şəkilləri və videoçəkilişlərini nəzərə almışdır. Eyni zamanda, tərəflərin bərabərliyi və çəkişməli icraat prinsipinin əksinə olaraq müdafiə vəkillərinə cinayət ittihamlarını təkzib etmək, təqsirləndirilən şəxsləri cinayət məsuliyyətindən azad edən hallara və yüngülləşdirici hallara diqqət çəkmək üçün bərabər imkanlar verilməmişdir. Məhkəmə müdafiə tərəfinin təqdim etdiyi əlavə sübutların nəzərə alınması ilə bağlı onların təqdim etdiyi ərizələrin demək olar heç birini təmin etməmişdir.
15-ci Mühakimə qrupuna münasibətdə məhkəmə müdafiə tərəfinə polis və digər hökumət qüvvələri tərəfindən nümayişçilərə qarşı işgəncəyə əl atdığını göstərən audiokassetlər təqdim etməsinə icazə vermişdir. Lakin məhkəmə müdafiə tərəfinin müraciəti ilə çağırılan şahidlərin sayını əhəmiyyətli şəkildə azaltmışdır. Təqsirləndirilən şəxslər məhkəməyə nümayişçilər tərəfindən silah kimi istifadə edilən alətlərin əldə edilməsində məsuliyyət daşımadıqları, nümayişçiləri meydanda zorakılığa əl atmamağa və polisin təhriklərinə cavab verməməyə və ümumilikdə təqsirləndirilən şəxslərin 16 oktyabrda ortaya çıxan mülki qarışıqlığı planlaşdırmadığını və idarə etmədiyini sübut edəcək ifadə vermək üçün 600-ə yaxın şahidin çağırılması arzusunda olduğunu bildirmişlər. Bundan əlavə, təqsirləndirilən şəxslər polis və Daxili İşlər Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti daxil olmaqla digər hökumət qurumlarından yüksək vəzifəli məmurların çağırılmasını xahiş etmişlər. Təqsirləndirilən şəxslər həmin şahidlərin zorakılığın polis və hökumət orqanları tərəfindən edildiyi və nümayişçiləri bu cür reaksiya verməyə sövq etdiyini göstərəcək şəkildə təhlil edilməsinin zəruri olduğunu bildirmişlər. Məhkəmə həmin məmurları dəvət etməkdən imtina etmişdir. ...
M. AÇIQ VƏ ƏSASLANDIRILMIŞ MƏHKƏMƏ QƏRARI HÜQUQU
...
Əsaslandırılmış məhkəmə qərarı hüququ
... 15-ci Mühakimə qrupuna münasibətdə ATƏT müşahidəçiləri məhkəmənin təqsirləndirilən şəxslərin 2003-cü il oktyabrın 16-da baş verən qanunsuzluğu təşkil və idarə etdiyinə və ya bunda iştirak etdiyinə əmin olduğunu əsaslandırmaq üçün istinad edə biləcəyi yetərli sübutlara malik olmadığını bildirmişlər. Müxtəlif təqsirləndirilən şəxslərin nümayişçiləri zorakılığa və digər bu növ əməllərə sövq etdiyini nəzərdə tutan şahid ifadələri o qədər zəif və etibarsız idi ki, heç bir məhkəmə ona əsaslana bilməzdi. Xüsusilə də, təqsirləndirilən şəxslərin kütləni qızışdırmaq üçün xüsusi əməllərə əl atdığını və ya qanunsuzluqda iştirak etdiyini gördüyünü iddia edən istintaq şahidlərinin sübutları şahidlərin qarşılıqlı dindirilməsində tamamən etibardan düşmüşdü və ittihamlar üçün əsas ola bilməzdi. Çıxardığı qərarda məhkəmə ittiham şahidlərinin əksəriyyətinin araşdırmanın gedişində etdiyi qeyri-müvafiq bəyanatları diqqətə almamışdır. İttiham şahidlərinin çoxu əvvəlki bəyanatlarından tamamən fərqli olan ifadələr vermiş və nəticədə təqsirləndirilən şəxsləri ittiham edən şahid ifadələri öz etibarlılığını itirmişdir. Məhkəmə müdafiə şahidlərinin ifadələrini saxta və qeyri-müvafiq əsaslarla rədd edərək, təqsirləndirilən şəxslərin lehinə verilən sübutlara yetərli diqqət ayırmamışdır.
Məhkəmənin müdafiə şahidlərinin sübutları ilə bağlı yanaşma tərzi çatışmazlıqlara malik idi və onlara qarşı qərəzli münasibət bəsləyirdi. Müdafiə şahidlərinin təqdim etdiyi sübutlar müdafiə üçün həlledici rol oynayırdı və öz qərarında məhkəmə sübutlara səthi yanaşmış və hər bir şahid sübutunu rədd etdiyi üçün heç bir müfəssəl təhlil vermədən bütün şahidlərin sübutlarını rədd etmişdir....”
108. ATƏT-in hesabatının 4-cü Əlavəsi yalnız 15-ci Mühakimə qrupuna aid xüsusi müşahidələri özündə ehtiva edirdi. Başlanğıcda, təqsirləndirilən şəxslər və şahidlər tərəfindən mühakimə zamanı əlavə edilən işgəncə və pis rəftar ittihamları, eləcə də birinci ərizəçi cənab Hüseyn tərəfindən mühakimə zamanı edilən ittihamları əks etdirirdi (baxın, yuxarıda 24-cü paraqrafda). Əlavədə daha sonra müşahidəçilərin şəxsi müşahidələri və mühakimə ilə bağlı qeydləri yer almışdır:
“15-ci Mühakimə qrupuna münasibətdə ATƏT müşahidəçiləri və beynəlxalq ekspert təqsirləndirilən şəxslərin 2003-cü il 16 oktyabrda baş vermiş qanunsuzluğu təşkil və idarə etdiyinə və ya bunda iştirak etdiyinə əmin olduğunu əsaslandırmaq üçün istinad edə biləcəyi yetərli sübutlara malik olmadığını bildirmişlər. Çıxardığı qərarda məhkəmə ittiham şahidlərinin əksəriyyətinin etdiyi çoxsaylı qeyri-müvafiq bəyanatları diqqətə almamışdır.
Məsələn, məhkəmə üçün həlledici məsələlərdən biri təqsirləndirilən şəxs İqbal Ağazadənin oktyabrın 16-da Azadlıq meydanındakı tribunada çıxış edib-etməməsi məsələsinin müəyyənləşdirilməsi idi. Məhkəmə məsələ ilə bağlı ittihamın əldə etdiyi sübutların etibarlılığı və dəqiqliyindən razı deyildisə, həmin təqsirləndirilən şəxsə qarşı iş mahiyyətcə boşluqlara malik idi və heç bir müvafiq məhkəmə onu məhkum edə bilməzdi. İqbal Ağazadənin çıxış etməsi ilə bağlı ittihamın istinad etdiyi şahidlərdən biri məhkəməyə Ağazadənin meydana liman tərəfindən ağ maşında gəldiyini söyləmişdir. Lakin məhkəmədə göstərilən videoçəkilişlərdə təqsirləndirilən şəxs Ağazadənin və Pənah Hüseynovun meydana qara mersedesdə gəldiyi və avtomobilin meydana liman tərəfdən deyil, İnturist mehmanxanası tərəfdən gəldiyi görsənmişdir. Məhkəmə bu məsələyə müvafiq diqqət ayırmamış və şahidin ifadəsinə verilməli olan hər hansı bir sübutedici dəyərin qiymətləndirilməsi zamanı onu nəzərə almamışdır. Ümumilikdə, işdəki bütün sübutlar heç bir məhkəməni təqsirləndirilən şəxslər Ağazadə və Hüseynovun ittihamın irəli sürdüyü şəkildə hərəkət etdiyinə inandıra bilməzdi.
...
İttihamın istinad etdiyi şahidlərin çoxu istintaq orqanına mühakimədən öncə oxşar bəyanatlar vermiş və eyni punktuasiya və yazı səhvlərinə malik idi. Bu, şahid sübutlarının vicdanlı şəkildə qeydə alınmasından daha çox istintaq orqanlarının bəyanatları özlərinin hazırladığı şübhəsini oyadır. Başqa məsələ isə dindirilmə qeydlərinə görə istintaq orqanlarının eyni gündə bir neçə şahidi sorğu-sual etməsi idi. Bu aşağıdakılardan biri deməkdir: 1) dindirilmə düzgün qeydə alınmamış və ya saxtalaşdırılmış; 2) və ya qeydlər düzgün idisə, həmin şahidlər Cinayət-Prosessual Məcəlləsinə zidd olaraq birgə dindirilmişdir. Bununla bağlı heç bir əsaslı izahat verilməsə də, məhkəmə bu məsələ ilə bağlı araşdırma aparmamış və dəlillərin sübutetmə dəyərini qiymətləndirərkən lazımi diqqət ayırmamışdır.
Təqsirləndirilən şəxslərin vəsatəti ilə məhkəmə çoxlu sayda şahid çağırmışdır ki, onların ifadəsi qəbul edilcəyi təqdirdə, təqsirləndirilən şəxslərin lehinə olacaqdı və istintaqın işinə ciddi şübhə yaratmış olacaqdı. Çıxardığı qərarda müdafiə tərəfinin ifadəsini bütövlükdə qeyri-uyğun şəkildə ümumiləşdirərək məhkəmə aşağıdakı mülahizə ilə onları tamamən rədd etmişdir: (66-cı paraqrafdakı mətn).
Bu qısa qərar saxta və əsassız zəminlərlə təqsirləndirilən şəxslərin lehinə olan sübuta yetərli əhəmiyyət verməmiş, məhkəmənin müdafiə tərəfinin sübutuna olan yanaşma tərzi boşluqlara malik idi və onlara qarşı qərəzli münasibət bəsləyirdi. Müdafiə şahidlərinin təqdim etdiyi sübutlar müdafiə tərəfi üçün həlledici rol oynayırdı, lakin məhkəmə öz qərarında sübutlara səthi yanaşmış və bütün şahidlərin ifadələrini rədd etmə üçün heç bir müfəssəl təhlil gətirmədən rədd etmişdir.”
109. 2003-cü il 15 və 16 oktyabrda nümayişçilər və hüquq mühafizə orqanları ortaya çıxan şiddətli qarşıdurmaları təsvir edən beynəlxalq qurumlar və insan hüquqları QHT-lər tərəfindən tərtib edilmiş çoxsaylı hesabatlardan çıxarışlar daha öncə Muradova işində qeyd edilmişdir (baxın, yuxarıda 71-77-ci paraqraflar).
110. Beynəlxalq QHT-lərin digər oxşar hesabatları arasında Human Rights Watch-un Sarsıdıcı Müxtəliflik: Repressiya, Zorakılıq və Azərbaycan Seçkiləri (2004-cü il yanvar, Hissə 16, no 1 (D)) 2003-cü il 15 və 16 oktyabr hadisələri ilə bağlı saxlanmış şəxslərin həbsdə olduqları müddətdə məruz qaldıqları işgəncə və pis rəftar ittihamları ilə bağlı birinci bəyanatlarını özündə ehtiva edir. 2003-cü ilin sentyabrından noyabrına qədər təşkilatın Azərbaycana iki missiyası çərçivəsində Human Rights Watch-un tədqiqatçıları tərəfindən şəxsən dindirilən zərərçəkənlər oxşar ifadələr vermişlər.
HÜQUQİ MƏSƏLƏLƏR
I. ŞİKAYƏTLƏRİN BİRLƏŞDİRİLMƏSİ
111. Şikayətlərin bütün ərizəçilərin təqsirləndirilən şəxs qismində çıxış etdiyi eyni cinayət istintaqı ilə bağlı məsələləri əhatə etməsini nəzərə alan Məhkəmə, onları Məhkəmə Reqlamentinin 42-ci qaydasının 1-ci bəndi əsasında birləşdirməyi qərara almışdır.
II. KONVENSİYANIN 3-cü MADDƏSİNİN İDDİA OLUNAN
POZUNTUSU
112. Birinci ərizəçi BMCQMİ-də olduğu vaxt pis rəftara məruz qaldığından şikayət etmişdir. Bundan əlavə, birinci və ikinci ərizəçilər də ibtidai həbsdə saxlanma şəraitlərindən şikayətlənmişlər. Konvensiyanın 3-cü maddəsində deyilir:
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.”
Tərəflərin dəlilləri
113. Birinci ərizəçinin həbsdə pis rəftarla bağlı ittihamlarına gəldikdə, Hökumət onun müvafiq daxili vasitələri tükəndirmədiyini qeyd etmişdir. Xüsusilə də, onlar pis rəftar ittihamını rədd edərək, CPM-in müvafiq müddəalarına (122 və 449-cu maddələr) müvafiq olaraq onun 2004-cü il 14 fevral tarixli qərara qarşı yuxarı prokuror və ya məhkəməyə şikayət ərizəsi verə biləcəyini irəli sürmüşlər. Hökumət birinci ərizəçinin pis rəftar ittihamlarını birinci instansiya məhkəməsi qarşısında mühakimə zamanı qeyd etdiyini qəbul etmişdir. Lakin onlar ərizəçinin daha sonra eyni şikayəti yuxarı məhkəmələr qarşısında qaldırmadığını bildirmişlər.
114. Birinci ərizəçinin ittihamlarının mahiyyətinə gəldikdə, Hökumət onların dəqiq olmadığını, əksinə çox geniş və natamam olduğunu və onları sübut etmək üçün heç bir dəlil gətirilmədiyini bildirmişdir. Daxili səviyyədə pis rəftarla bağlı aparılan xüsusi istintaq kontekstində o, ittihamları ilə bağlı dindirilmiş olsa da, heç bir təfsilatlı məqamları göstərməmiş və tibbi müayinədən keçməkdən imtina etmişdir. Oxşar şəkildə onun birinci instansiya məhkəməsi qarşısında pis rəftar şikayəti də yetərincə əsaslandırılmamışdır. Belə ki, o, pis rəftar adlandırdığı davranış üçün konkret təfsilatlar gətirməmişdir. Nəhayət, Hökumət daxili orqanların birinci ərizəçinin ittihamlarına yanaşma tərzinin səmərəli və adekvat olduğunu və ərizəçinin pis rəftar ittihamlarında təqsirli olduğunu iddia etdiyi şəxsin kimliyini və onun mahiyyətini və müddətini açıqlamamasının daxili istintaqın qarşısında əngəl törətdiyini bildirmişdir.
115. Birinci və ikinci ərizəçilərin ibtidai həbs şəraiti ilə bağlı şikayətlərinə gəldikdə, Hökumət onların heç vaxt bu barədə şikayət etmədiyini qeyd etmişdir. İkinci ərizəçinin ittihamlarının mahiyyətinə gəldikdə, Hökumət onun saxlanma şəraitinin başlanğıcda sərt olsa da, pis rəftarla nəticələnmədiyi və saxlanma şəraitinin tədricən yaxşılaşması, eləcə də onun yazı ləvazimatları, kitablar, qəzet və radio əldə edə bilməsi və hətta həbsdə olduğu müddətdə kitab çap etməsi faktını qeyd etmişdir.
116. Bu baxımdan, BMCQMİ-nin təcridxanasında pis rəftar ittihamları ilə bağlı birinci ərizəçi ilk dindirilmə zamanı işgəncəyə məruz qaldığını və yaxın qohumlarının izlənməsi və işgəncəyə məruz qalacağı ilə hədələndiyini bildirmişdir. O, bu məsələni daxili dövlət orqanları və bütün milli məhkəmələr qarşısında qaldırdığını, lakin məsələ ilə bağlı daxili istintaqın aparılmadığını bildirmişdir. O iddia etmişdir ki, pis rəftar şikayətini irəli sürməsi ilə onun pis rəftara məruz qalmadığının sübutetmə yükü daxili orqanların üzərinə düşür. O, bir sıra digər məhbusların 2003-cü il 15 və 16 oktyabr hadisələri ilə bağlı saxlanmasından sonra pis rəftarla bağlı söylədiklərinə istinad etmiş və ümumilikdə bununla bağlı aparılan daxili istintaqın qeyri-müvafiq və səmərəsiz olduğunu iddia etmişdir.
117. Saxlanma şəraiti ilə bağlı birinci ərizəçi BMCQMİ-dən digər həbs müəssisəsinə köçürülməsindən sonra kamerada tək saxlandığını və yazı ləvazimatları, kitablar, radio və qəzetlərə sahib olmaq icazəsi aldığını bildirmiş, lakin həmin şəraitdə saxlanma müddətini dəqiqləşdirməmişdir.
118. İkinci ərizəçi otuz altı gün ərzində xarici dünyadan “təcrid” vəziyyətdə kamerada tək saxlandığından və yazı ləvazimatları, kitab, radio və qəzetdən məhrum olduğundan şikayət etmişdir. O, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi qarşısında bu şikayəti qaldırsa da, onun ittihamları ilə bağlı səmərəli istintaq aparılmamışdır.
B. Məhkəmənin qiymətləndirməsi
119. Məhkəmə hesab edir ki, ərizəçilərin daxili vasitələri tükəndirmiş olub-olmamasının araşdırılması zəruri deyildir. Belə ki, hətta həmin halda bu şikayətlər aşağıdakı səbəblərdən qeyri-məqbuldur.
120. Məhkəmə qeyd edir ki, pis rəftar ittihamları müvafiq sübutlarla əsaslandırılmalıdır. Sübutların qiymətləndirilməsində Məhkəmə, bir qayda olaraq, “şübhədən kənar” sübutlar standartını tətbiq edir (baxın, İrlandiya Birləşmiş Krallığa qarşı, 18 yanvar 1978-ci il, §161, A Seriyaları, no. 25). Lakin bu cür sübut yetərincə güclü, aydın və sabit nəticələr və ya faktların oxşar təkzibolunmaz prezumpsiyasından irəli gələ bilər. İbtidai həbsdə hakimiyyət orqanlarının nəzarəti altında olan şəxslərin halında olduğu kimi, sözügedən hadisələr tamamilə və ya böyük qisimdə dövlət orqanlarının müstəsna bilgi dairəsi çərçivəsində olduğu zaman həbsdə olarkən ortaya çıxan zədələrlə bağlı güclü faktlar prezumpsiyası yaranır. Əslində, sübutetmə yükü qənaətbəxş və inandırıcı izahatın verilməsi kimi dövlət orqanlarının üzərinə düşür (baxın, Ribiç Avstriyaya qarşı, 4 dekabr 1995-ci il, §34, A Seriyaları, no.336, Salman Türkiyəyə qarşı, (BP), no. 21986/93, § 100, İHAM 2000-VII). Xüsusən, fərdin polis nəzarəti altına alınması zamanı sağlamlığının yerində olduğu, lakin azadlığa çıxdıqdan sonra xəsarət aldığı aşkarlandığı halda, şəxsin hansı hallarda zədə aldığı ilə bağlı doğru izahatın verilməsi öhdəliyi Dövlətin üzərinə düşür, əks halda isə, Konvensiyanın 3-cü maddəsi altında məsələ ortaya çıxmış olar (baxın, Tomasi Fransaya qarşı, 27 avqust 1992-ci il, §108-11, A Seriyaları, no. 241-A, və Selmuni Fransaya qarşı (BP), no. 25803/94, § 87, İHAM 1990-V).
121. İlk növbədə, Məhkəmə qeyd edir ki, müxtəlif QHT-lər və beynəlxalq təşkilatların 2003-cü il 15 və 16 oktyabr hadisələri ilə bağlı tutulmuş şəxslərin həbsdə məruz qaldığı pis rəftarla bağlı hesabatlarını diqqətsiz qoya bilməz. Həmin hesabatlar iddia edilən zərərkəçənlər tərəfindən pis rəftarla bağlı verilən müxtəlif dərəcəli təfərrüatla çoxsaylı ifadələri özündə ehtiva edir. Oxşar şəkildə Məhkəmə qeyd edir ki, hətta ərizəçilərin öz mühakimələrində belə yalnız birinci ərizəçi deyil, çoxsaylı şahidlər də həbsdə pis rəftara məruz qaldığını iddia etmişlər. Əlavə olaraq, Məhkəmə hazırkı işdə dördüncü ərizəçi (baxın, yuxarıda Məmmədov) tərəfindən ayrıca ərizədə edilmiş oxşar şikayətlə bağlı çıxardığı qərara istinad edir. Həmin qərarda Məhkəmə ərizəçinin BMCQMİ-nin təcridxanasında hazırkı işdə iddia edilən hallara oxşar şəkildə işgəncəyə məruz qaldığını aşkarlamışdır. Yuxarıda qeyd edilən bütün məlumatlar dolayı yolla olsa da, hazırkı işdə birinci ərizəçinin iddialarını dəstəkləyir.
122. Lakin hadisələrin arxasında duran bu məlumat özü-özlüyündə birinci ərizəçinin xüsusi halında Konvensiyanın 3-cü maddəsinin pozuntusunun aşkarlanması üçün yetərli deyildir. Məhkəmənin bu pozuntunu aşkarlaması üçün ərizəçinin pis rəftar ittihamları müvafiq sübutlarla şübhəsiz şəkildə sübuta yetirilməli idi və ya bu cür sübut yetərincə güclü, aydın və ardıcıl qənaətlər və ya faktların oxşar təkzibolunmaz prezumpsiyasından irəli gəlməlidir. Bununla yanaşı, Məhkəmə qeyd edir ki, məsələn, oxşar ittihamların qaldırıldığı Məmmədov işindən fərqli olaraq, birinci ərizəçi pis rəftar barəsində rəsmi şikayət etməmiş, iddia edilən pis rəftardan dərhal sonra məhkəmə tibbi müayinəsinin keçirilməsini tələb etməmiş və bunu tələb etməmə səbəbi üçün heç bir açıqlama gətirməmişdir. Onun vəkil yardımı ilə təmin edilməsinin tutulmasından sonra bir neçə gün ərzində təxirə salınması doğrudur və bu, həmin vaxt onu yuxarıdakı addımların atılmasından geri çəkindirə bilərdi; lakin ərizəçinin vəkillə təmin edilməsindən sonra da bu istiqamətdə heç bir tədbir görülməmişdir. İddia edilən pis rəftardan təxminən dörd ay sonra şikayət edərkən o, ona təklif edilən məhkəmə tibbi müayinəsindən birmənalı şəkildə imtina etmişdir. O, nə də Məhkəməyə bədənindəki zədələri sübut edəcək hər hansı dəlil təqdim etmişdir. Bu addımı atmaması üçün etibarlı açıqlama gətirilməmişdir. Bundan əlavə, birinci ərizəçinin əksini iddia etməsinə baxmayaraq, iş materiallarından onun iddia edilən pis rəftarın səbəbkarları, müddəti və ya növü və ya hadisələrin xronologiyası ilə bağlı milli orqanlara təfərrüatlı və ya münasib təsvir vermədiyi bəlli olur. Əksinə, aydın olur ki, bu məsələlər barəsində xüsusi dindirildiyi zaman o, ümumi və natamam bəyanatlar verərək, heç bir zaman dolğun cavab verməmişdir. O, nə də Məhkəməyə həmin məsələlər barəsində təfsilatlı məlumat təqdim etmişdir. Ərizəçinin məruz qalmış olduğu zədələrlə bağlı məlumatın və ya heç bir dəlilin olmadığı təqdirdə, Məhkəmə hesab edir ki, birinci ərizəçinin ittihamlarının şəksiz sübuta yetirilməsi və ya ən azı pis rəftarla bağlı dispozitiv halın təsbit edilməsi və sübutetmə yükünün əsaslı və inandırıcı sübutların təqdim edilməsi məqsədilə Hökumətin üzərinə düşməsi üçün yetərli sübut yoxdur.
123. Bundan başqa, birinci və ikinci ərizəçilərin həbsdə məruz qaldığı pis rəftar ittihamları ilə bağlı bəyanatlarının mahiyyəti və təfsilatı dərəcəsi baxımından, Məhkəmə hesab edir ki, onlar Konvensiyanın 3-cü maddəsi ilə tələb edilən minimal sərtlik dərəcəsi həddinə çatan pis rəftar şəklini ifadə etmir.
124. Müvafiq olaraq, şikayətin bu hissəsi açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 “a” yarımbəndinə və 4-cü bəndinə müvafiq olaraq rədd edilməlidir.
III. KONVENSİYANIN 6-cı MADDƏSİNİN 1 VƏ 3-cü BƏNDLƏRİNİN
İDDİA OLUNAN POZUNTULARI
125. Bütün ərizəçilər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 3 “b”, “c” və “d” yarımbəndləri və 13-cü maddəsinə istinad edərək aşağıdakılardan şikayət etmişlər:
(i) Ağır cinayətlər məhkəməsinin iki hakimi qərəzsiz davranmamışdır;
(ii) Müdafiələrinin hazırlanması üçün onlara kifayət qədər vaxt və vəsait ayrılmamışdır, çünki nə onlar, nə də onların vəkilləri istintaq materialları ilə tanış ola bilmişlər;
(iii) İcraatların birinci mərhələsi və mühakimə iclasları da daxil olmaqla cinayət icraatı gedişində səmərəli hüquqi yardım ala bilməmişlər;
(iv) Onların ittiham tərəfi ilə eyni şəraitdə şifahi bəyanatlar vermək imkanına malik olmaması ilə bağlı mühakimə zamanı tərəflərin bərabərliyi prinsipi pozulmuşdur;
(v) Onlara qarşı irəli sürülən ittihamlar saxta dəlillərə əsaslanmış, onlar ittiham tərəfinin şahid ifadələrini zəruri şəkildə təhlil etmək imkanına malik olmamışlar, müdafiə şahidlərinin onların əleyhinə olan ifadələrlə eyni şərtlərlə təhlili və iştirakına nail ola bilməmişlər və milli məhkəmələr onların şahid ifadələrinə qarşı etirazlarına cavab verməmiş və sübutların mümkünlüyü və qiymətləndirilməsi ilə bağlı qərarları üçün adekvat açıqlama gətirməmişdir.
126. Məhkəmə hesab edir ki, bu şikayət Konvensiyanın 6-cı maddəsi üzrə baxılmaldır. Həmin maddənin müvafiq hissələrində deyilir:
“Hər kəs, ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
...
3. Cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir:
...
b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq;
c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək;
d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırılması və dindirilməsi hüququna malik olmaq; ...”
A. Şikayətin məqbuliyyəti
1. Tərəflərin dəlilləri
127. Hökumət birinci və üçüncü ərizəçilərin Ağır cinayətlər məhkəməsinin hakimlərinin qərəzliliyi ilə bağlı şikayətləri üzrə daxili hüquqi vasitələri tükəndirmədiyini bildirmişdir. Onlar həm də üçüncü ərizəçinin şahidlərin dindirilməsi, müdafiəsinin hazırlanması üçün yetərli zaman və imkanın ayrılması və səmərəli hüquqi yardım hüququ ilə bağlı şikayətləri üzrə də daxili hüquqi vasitələri tükəndirmədiyini bildirmişdir.
128. Hökumət xüsusilə də, ərizəçilərin Ağır cinayətlər məhkəməsinin hakimlərinin qərəzliliyi ilə bağlı şikayətlərini hazırlıq iclasında qaldırdığını bildirmişdir. Hökumət qeyd etmişdir ki, sonrakı icraatın gedişində 2004-cü il sentyabrın 6-da birinci ərizəçi məhkəmənin tərkibi ilə bağlı yeni etiraz qaldırmaq niyyətində olduğunu bildirmiş, lakin növbəti gün fikrindən daşınmışdır. Onlar daha sonra bildirmişlər ki, birinci ərizəçinin Apellyasiya Məhkəməsi qarşısında Ağır cinayətlər məhkəməsi hakimlərinin qərəzliliyindən şikayət etmiş olmasına baxmayaraq, o, ümumiləşdirmə aparmış və şikayətini mahiyyətcə əsaslandırmamışdır. Bunun əksinə, Apellyasiya Məhkəməsi qarşısında şifahi bəyanatlarında o, Apellyasiya Məhkəməsi hakimlərinin qərəzliliyindən şikayətlənmişdir. Nəhayət, Hökumət üçüncü ərizəçinin bu məsələni Apellyasiya Məhkəməsi və Ali Məhkəmə qarşısında qaldırmadığını bildirmişdir.
129. Bundan başqa, Hökumət üçüncü ərizəçinin Apellyasiya Məhkəməsi və ya Ali Məhkəmə qarşısında hazırkı işin Konvensiyanın 6-cı maddəsinin 3 “b”, “c” və “d” yarımbəndlərinin təsiri altına düşən hissələrini qaldırmadığını iddia etmişdir.
130. Birinci ərizəçi Ağır cinayətlər məhkəməsinin hazırlıq iclasında hakimlərin qərəzsizliyi ilə bağlı zəruri ərizəni lazımınca təqdim etdiyini bildirmişdir. Daha sonra o, bununla bağlı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə qarşısında mahiyyətcə əsaslandırılmış şikayətlər təqdim etmişdir. Xüsusilə də, onun Apellyasiya Məhkəməsi qarşısındakı çıxışının qeydlərində bu məsələyə altı səhifə ayrılmışdır.
131. Üçüncü ərizəçi şikayətlərinin hakimlərin qərəzliliyi məsələsinə ayrıca toxunmadığına baxmayaraq, yuxarı məhkəmələrə şifahi bəyanatlarında bu məsələdən şikayətləndiyini qeyd etmişdir. Digər şikayətlərlə bağlı daxili hüquq vasitələrinin tükəndirilməməsi iddiasına gəldikdə, üçüncü ərizəçi qısa olsa da, bu məsələləri yuxarı məhkəmələrə şikayətlərində qaldırdığını bildirmişdir. İkincisi, o, yuxarı məhkəmələr qarşısında şifahi bəyanatlarında daha təfərrüatlı dəlillər irəli sürdüyünü qeyd etmişdir. Üçüncüsü, o özü və digər təqsirləndirilən şəxslərin müdafiələri ilə bağlı birgə və ümumi mövqe aldığını bəyan etmişdir. Daxili məhkəmələrin təqsirləndirilən şəxslər tərəfindən edilən hər hansı bəyanat və ya təqdim edilən ərizəni ümumiləşdirdiyi və bütün təqsirləndirilən şəxslərə aid etdiyi faktı nəzərə alınarsa, digər təqsirləndirilən şəxslər müvafiq şikayətlərində mühakimənin hər bir problemli cəhəti ilə bağl təfərrüatlı şikayətlər qaldırdığından o, yazılı şikayətlərində eyni dərəcədə təfərrüatla eyni bəyanatları etmək tələbindən azad idi.
2. Məhkəmənin qiymətləndirməsi
132. Məhkəmə bir daha qeyd edir ki, Konvensiyanın 35-ci maddəsində təsbit edilmiş dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməsi qaydası Dövlətə qarşı beynəlxalq məhkəmə və ya arbitraj orqanı qarşısında öz işlərini çıxarmaq istəyənləri ilk öncə milli hüquq sistemləri tərəfindən təmin edilən vasitələrdən istifadə etməyə məcbur edir ki, bununla da Dövlətlər öz hərəkətləri ilə bağlı dövlətdaxili hüquq sistemləri ilə məsələlərin həllinə imkan olduğu təqdirdə, bu imkanlardan istifadə edilməməklə beynəlxalq qurumlar qarşısında qaldırılan işlərə görə cavabdehlik daşımaqdan azad edilirlər. Bu qaydaya əməl etmək üçün ərizəçi iddia etdiyi pozuntuların aradan qaldırılması məqsədilə mümkün və qənaətbəxş vasitələrdən istifadə etməlidir. Məhkəmə qeyd edir ki, bu qaydanın tətbiqi hər bir işin kontekstini, xüsusilə də ərizəçinin şəxsi vəziyyətini nəzərə almalıdır. Müvafiq olaraq, Məhkəmə Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin müəyyən dərəcədə yumşaqlıqla və hədsiz formallıqlara varmadan tətbiq edilməsinin zəruriliyini bildirmişdir (baxın, Akdivar və digərləri Türkiyəyə qarşı, 16 sentyabr 1996-cı il, §§ 65-66 və 69, Qərar və Qərardadların Hesabatları,1996‑IV).
133. Hökumətin birinci ərizəçi ilə bağlı etirazlarına gəldikdə, Məhkəmə onun qərəzli davrandıqları səbəbindən hakim İbayev və Ələsgərovin iştirakına etiraz olaraq Ağır cinayətlər məhkəməsinə şikayət verdiyini müşahidə etmişdir. Ərizələr mahiyyətcə əsaslandırılmış və müvafiq açıqlamaya malik idi. Bundan əlavə, Hökumətin barələrində etiraz qaldırmadığı ikinci və dördüncü ərizəçilər də daxil olmaqla, bütün digər ərizəçilər də həmin ərizələrə qoşulmuş və bununla səssiz şəkildə işin daha öncə daxili məhkəmə qarşısında qaldırılmış olduğunu qəbul etmişlər. Müvafiq olaraq, Məhkəmə Hökumətin birinci ərizəçinin bu addımı yerinə yetirmədiyi ilə bağlı bəyanatını əsaslandıran səbəb görmür. Məhkəmə Hökumətin ərizəçinin həmin hakimlərə qarşı icraatın sonrakı mərhələlərində təkrar şikayət verməməsi ilə bağlı bəyanatını qəbul edə bilməz. Birinci ərizəçinin daxili hüququn qanunauyğun tələblərinə müvafiq olaraq, hazırlıq iclasında bu etirazı qaldırması və uğursuz nəticə əldə etməsi ilə nə Konvensiya, nə də daxili hüquq ondan eyni etirazı eyni məhkəmə qarşısında qaldırmasını tələb edirdi.
134. Bundan əlavə, birinci ərizəçinin şikayətinin məzmunu və onun yuxarı məhkəmələr qarşısında şifahi bəyanatlarının qeydlərini nəzərə alaraq, Məhkəmə ərizəçinin həmin məhkəmələr qarşısında yetərli təfərrüatla və yetərli əsaslandırma ilə Ağır cinayətlər məhkəməsi hakimlərinin qərəzliliyi ilə bağlı şikayətinin mahiyyətini bildirməsindən razı qalmışdır.
135. Hökumətin üçüncü ərizəçiyə münasibətdə etirazına gəldikdə, Məhkəmə onun şikayətinin məzmununu nəzərə alaraq hesab etmişdir ki, o, çox ümumi sözlərlə ifadə edilmiş və onun Məhkəmə qarşısında Konvensiyanın 6-cı maddəsinin 3 “b”, “c” və “d” yarımbəndlərinə müvafiq olaraq qaldırdığı iddialardan heç birini əhatə etmirdi. Bununla belə, Məhkəmə hesab edir ki, hazırkı işin xüsusi kontekstində üçüncü ərizəçinin vəziyyəti daxili hüquq vasitələrinin tükənməsi qaydasının aşağıdakı səbəblərdən müəyyən dərəcədə yumşaqlıqla tətbiq edilməsini tələb edir.
136. Məhkəmə qeyd edir ki, üçüncü ərizəçi digər ərizəçilərlə oxşar vəziyyətdə idi. Xüsusilə də, bütün ərizəçilər eyni təqsirləndirici sübutlar əsasında eyni cinayət ittihamları qarşısında eyni cinayət icraatında ittiham olunurdular. Ərizəçilərin hamısı müdafiə hüquqlarının eyni və ya oxşar pozuntusuna məruz qalmışdılar. Bütün ərizəçilər ardıcıl olaraq bir-birlərinin daxili məhkəmələr qarşısında etirazlarına, ərizələrinə, dəlillərinə və şikayətlərinə qoşulmuş və dəstək çıxmışdılar. Bundan əlavə, üçüncü ərizəçi tərəfindən düzgün olaraq qeyd edildiyi kimi, hətta daxili məhkəmələr ərizəçilərin hər hansı biri tərəfindən verilmiş şikayət və ya etirazı bütün təqsirləndirilən şəxslərə aid edirmiş kimi qəbul edirdilər.
137. Yuxarıda qeyd edildiyi kimi, birinci ərizəçi hazırkı işdə qaldırılmış bütün məsələləri daxili məhkəmələr qarşısında ərizələrində və şikayətlərində lazımi səviyyədə bildirmişdir. Bundan əlavə, ikinci və dördüncü ərizəçilərə münasibətdə oxşar etirazlar qaldırmamaqla Hökumət onların daxili hüquq vasitələrini tükəndirdiyini səssiz qəbul etmişdir. Müvafiq olaraq, üçüncü ərizəçinin də təxminən digərləri ilə eyni vəziyyətdə olması və Məhkəmə qarşısında eyni şikayətləri qaldırması ilə digər ərizəçilərin təqdim etdiyi şikayətlər mühakimə zamanı onların hamısını, eləcə də üçüncü ərizəçini öz təsiri altına alan boşluqları daxili orqanların diqqətinə çatdırmışdır.Yuxarıda göstərilənləri nəzərə alaraq, onun yazılı şikayətlərinin digər ərizəçilərin şikayətləri ilə eyni dərəcədə əsaslandırılmış olduğu təqdirdə daha çox müvəffəqiyyət əldə edəcəyi iddia edilə bilməzdi. Bundan başqa, Məhkəmə üçüncü ərizəçinin istənilən halda yuxarı məhkəmələr qarşısında şifahi bəyanatlarının yazılı şikayətlərindən daha dəqiq və təfərrüatı ilə ifadə edildiyini nəzərə alır.
138. Bu səbəbdən, Məhkəmə Hökumətin birinci və üçüncü ərizəçiyə münasibətdə etirazlarını təmin etmir. O, daha sonra qeyd edir ki, bütün dörd ərizəçinin şikayəti Konvensiyanın 35-ci maddəsinin 3 “a” yarımbəndi daxilində açıq-aşkar əsassız deyildir və digər əsaslarla da qeyri-məqbul hesab edilə bilməz. Buna görə, onlar məqbul elan edilməlidir.
İşin mahiyyəti
1. Tərəflərin dəlilləri
(a) Hökumət
139. Daxili məhkəmənin iddia olunan qərəzliliyinə gəldikdə, Hökumət ərizəçilərin hakim Ələsgərov və İbayevin qərəzliliyi ilə bağlı qorxularının əsassız olduğunu bildirmişdir. Hakim Ələsgərova münasibətdə Hökumət bildirmişdir ki, Ağır cinayətlər məhkəməsi ərizəçilərin qərəzliliklə bağlı şikayətlərini təhlil etmiş və hakimin qardaşının 80308 saylı cinayət işinin istintaq qrupunun üzvü olduğunu aşkarlamışdır. Lakin 2004-cü il yanvarın 26-da o, həmin qrupdan xaric edilmiş və daha sonra ərizəçilərin təqsirləndirilən şəxs qismində cəlb edildiyi 80365 saylı işin istintaq qrupuna cəlb edilməmişdir. Müvafiq olaraq, hakim Ələsgərovun qardaşı şəxsən heç bir istintaq tədbiri görməmiş və ya ərizəçilərin cinayət işində heç bir şəkildə iştirak etməmişdir.
140. Hökumət daha sonra hakim İbayevin oğlunun Baş Prokurorluqda işləməsi faktının onun atasının qərəzliliyi qorxularını əsaslandırmaq üçün yetərli olmadığını bildirmişdir. Hakim İbayevin oğlu icraatın heç bir mərhələsində ərizəçilərin işinə cəlb edilməmişdir.
141. Ərizəçilərin onlara verilmiş hüquqi yardımın səmərəsizliliyi ilə bağlı şikayətlərinə gəldikdə isə, Hökumət onların vəkillərinin 2003-cü ilin oktyabrında təyin edildiyini, işin başlanğıcından işə cəlb olunduğunu və bu səbəbdən öz müştərilərini səmərəli təmsil etməyə qadir olduqlarını bildirmişdir. Bundan əlavə, mühakimə zamanı ərizəçilərdən bəziləri qohumları tərəfindən işə cəlb edilmiş başqa vəkillərlə də təmsil edilmişlər.
142. Hökumət ərizəçilərin və onların vəkillərinin müdafiəni hazırlamaq üçün istintaq materialları ilə zəruri müddətdə tanış olma imkanına malik olduğunu bildirmişdir. Onların hamısı müdafiə üçün onlara ayrılmış vaxt və vəsait yetərsizliyi ilə bağlı qeyd-şərt etmədən işin materialları ilə tanış olduqları barədə sənəd imzalamışdır.
143. Hökumət qeyd etmişdir ki, Ağır cinayətlər məhkəməsinin hazırlıq iclası ərizəçilər və onların vəkillərinin iclasa gəlməmələri səbəbindən bir aydan uzun müddətə təxirə salınmışdır. Bunu nəzərə alaraq, Hökumət müdafiə tərəfinə mühakimə iclasları qarşısında öz müdafiəsini hazırlamaq üçün yetərli vaxtın ayrıldığı qənaətinə gəlmişdir. Nəticədə, ərizəçilərin vəkilləri bütün mühakimə ərzində müdafiəni həyata keçirmişlər. Vəkillər müdafiə üçün son sözdən imtina etsələr də, onlar ərizəçilərə hüquqi yardım göstərməyə davam etməkdən imtina etməmişdilər. CPM-in 360.1-ci maddəsinə müvafiq olaraq, təqsirləndirilən şəxs yalnız icraatda müdafiə vəkilinin iştirak etmədiyi halda, son sözünü şəxsən deyə bilərdi. Ərizəçilərin vəkilləri olduğundan Ağır cinayətlər məhkəməsi onların şəxsən şifahi bəyanatlar vermək müraciətini qəbul etməməkdə haqlı olmuşdur. Digər tərəfdən, onlara cavab vermək hüququnu həyata keçirməklə və yekun çıxışlarını bildirməklə müdafiə nitqini söyləməyə imkan yaradılmışdır.
144. Ərizəçilərin Ağır cinayətlər məhkəməsinin qərardadlarının nüsxələrini təqdim etməməsi ilə bağlı şikayətlərinə gəldikdə (baxın, aşağıda 157-ci paraqraf), Hökumət onların həmin qərarların iclasda açıq şəkildə elan edildiyi zaman məlumatlandırıldığını və bu qərardadların nüsxələrinin daha sonra ərizəçilərə təqdim edildiyini bildirmişdir. Ərizəçilərin müxtəlif şikayətlərini rədd edən qərardadların yazılı mətnlərinin tarixi heç bir əhəmiyyət daşımırdı. Belə ki, istənilən halda sözügedən qərardadlar icraatın həmin mərhələlərində mübahisələndirilə bilməzdi və yalnız Apellyasiya Məhkəməsində apellyasiya icraatında mübahisəyə açıq idi.
145. Şahidlərin dindirilməsinə gəldikdə, Hökumət müdafiə hüquqlarının mühakimə zamanı müvafiq şəkildə təmin edildiyini bildirmişdir. Ərizəçilər ittiham şahidlərini qarşılıqlı dindirmə imkanına malik olmuşlar. Demək olar ki, müdafiə şahidlərinin dindirilməsi ilə bağlı ərizəçilərin bütün müraciətləri qəbul edilmişdir. Xüsusən, 2004-cü il 8, 22, 27 və 28 sentyabr tarixli qərardadları ilə Ağır cinayətlər məhkəməsi ərizəçilərin məsələ ilə bağlı vəsatətlərini təmin etmişdir. Sübutların məhkəmə baxışının yekunlaşması ilə bağlı 2004-cü il 29 sentyabr tarixli vəsatəti ilə ərizəçilər onların lehinə ifadə verən təxminən qırx şahidin iştirakına nail olduqlarını bildirmişlər.
146. Mühakimə zamanı verilən sübutun qiymətləndirilməsinə gəldikdə, Hökumət bildirmişdir ki, Məhkəmə daxili məhkəmələrin yerini tuta bilməz. Daxili məhkəmə şahidlər tərəfindən verilən məlumatın müxtəlif versiyalarını qiymətləndirmək üçün daha yaxşı mövqeyə malik idi və belə edərkən şahidləri dinləmək və onların davranışnı izləmək üstünlüyünə malik idi. Ərizəçilər iclaslarda təqdim edilən sübutlar əsasında çəkişməli icraat üzrə məhkum edilmişlər.
147. Hökumət bildirmişdir ki, ərizəçilərin etirazlarını müxtəlif mübahisə məqamlarında təmin etməyən daxili məhkəmələr qərarlarını lazımınca əsaslandırmışlar. Ərizəçilərə dəlillərini irəli sürmək imkanı verilmişdir. Nəticədə, daxili məhkəmələr tərəfindən rədd edilmiş olsa da, onların dəlilləri nəzərdən keçirilmiş və ardıcıl görünən, özbaşınalıqdan uzaq əsaslarla rədd edilmişdir.
148. Nəhayət, Hökumət bildirmişdir ki, ilkin mühakimə zamanı çatışmazlıqlar özünü göstərsə də, onlar Apellyasiya Məhkəməsi və Ali Məhkəmə qarşısında araşdırmalarla aradan qaldırılmışdır. Beləliklə, bütövlükdə baxıldığında cinayət icraatları ədalətli məhkəmə araşdırılması tələblərinə müvafiq şəkildə aparılmışdır.
(b) Ərizəçilər
149. Ağır cinayətlər məhkəməsi hakimlərinin iddia olunan qərəzliliyi ilə bağlı ərizəçilər CPM-in 109.1.7-ci maddəsinə müvafiq olaraq hakimin cinayət icraatının iştirakçılarından hər hansı biri ilə qohumluq əlaqəsi və ya şəxsi asılılıq münasibətində olduğu halda hakimin işdən kənarlaşdırılmasının zəruriliyini bildirmişlər. Ərizəçilər qeyd etmişlər ki, hakim Ələsgərovun qardaşı 80308 saylı istintaq qrupunun üzvü olaraq 2003-cü il oktyabrın 16-dan atılan istintaq addımlarında birbaşa iştirak etmiş, bir sıra prosessual sənədlərə imza atmış və onların işi ilə bağlı olan sübutlar onun fəal iştirakı ilə toplanmışdır. Üç aydan artıq müddətdə (istintaq qrupundan kənarlaşdırılanadək) o, bir neçə dindirməni şəxsən etmiş və iş üzərində başqa yollarla da fəal çalışmışdır. Hakim Ələsgərovun qardaşı 2004-cü il yanvarın 26-da cinayət işindən kənarlaşdırılsa da, həmin tarixə qədər təqsirləndirilən şəxslərə qarşı sübutların çoxu toplanmış və istintaq addımlarının əksəriyyəti atılmışdır. Onun istintaqda iştirak etdiyi müddətdə toplanmış sübutlar mühakimə zamanı təqdim edilmişdir.
150. Ərizəçilər Hökumətin hakim Ələsgərovun qardaşının ərizəçilərin 80365 saylı cinayət işi altında qruplaşdırılan işində heç bir zaman iştirak etməməsi fikri ilə razılaşmamışlar. Ərizəçilər 80365 saylı cinayət işinin sadəcə olaraq ilkin 80308 saylı cinayət işinin bir parçası olduğunu və nəticə etibarilə on beş müxtəlif hissəyə ayrıldığını və yeni iş olmadığını qeyd etmişlər. Ərizəçilər qeyd etmişlər ki, 80365 saylı cinayət işi ilkin cinayət işindən 2004-cü il martın 1-də ayrılmış və qısa müddət sonra onlar istintaqın başa çatdığı barədə məlumatlandırılmışlar. Beləliklə, yeni yaradılmış cinayət işi ilə əlaqədar çox az istintaq addımı atılmışdır, çünki ərizəçilərin təqsirləndirilməsi üçün həlledici rol oynayan sübutların böyük bir hissəsi 80308 saylı cinayət işi çərçivəsində artıq toplanmışdır. Ərizəçilərin digər təqsirləndirilən şəxslərdən ayrıldığı və cinayət işinə yeni nömrənin verilməsi faktı onun tamamilə yeni cinayət işinə çevrilməsini ifadə etmirdi.
151.Yuxarıdakı mülahizələrə əsaslanaraq, ərizəçilər hakim Ələsgərovun qardaşının rəsmi olaraq işin içində olduğunu və istintaqın işinə böyük töhfə verdiyini, hakim Ələsgərovun özünün etiraf etdiyi kimi qardaşının icraatdakı rolundan xəbərdar olduğunu və istintaq qrupunun üzvü ilə yaxın ailə qohumluğunun olmasını və işlə bağlı qərəzsiz davranmasının qeyri-mümkün olduğunu bildirmişlər.
152. Hakim İbayevin iddia olunan qərəzliliyinə gəldikdə, ərizəçilər yalnız onun oğlunun Baş Prokurorluqda vəzifədə olmasını deyil, eləcə də ərizəçilərin işində istintaq qrupunun rəhbəri olan cənab Kazımovun birbaşa tabeçiliyi altında olduğunu qeyd etmişlər. Bu fakt hakim İbayevin oğlunun cinayət işində şəxsən iştirak etməməsinə baxmayaraq, onun qərəzsizliyinə ciddi şübhələr doğururdu.
153. Göstərilən hüquqi yardımın səmərəliliyinə gəldikdə, birinci, üçüncü və dördüncü ərizəçilər icraatın ilkin mərhələsində ortaya çıxan gecikdirmələri qeyd etmişlər. Bundan başqa, bütün ərizəçilər vəkillərinin istintaq materialları ilə yetərli dərəcədə tanış olma imkanına malik olmadığını və məhkəmədənkənar görünməz fiziki və mənəvi təzyiqə məruz qaldığını bildirmişlər. Bu şərtlərdə onlar ərizəçiləri səmərəli şəkildə müdafiə edə bilməzdilər. Xüsusilə də, vəkillərin qarşısına çıxan əngəllər onları müdafiə üçün adekvat son sözünün hazırlanmasına mane olmuş və onlar bu səbəbdən bundan birgə imtina etmişlər. Ərizəçilər son sözlərini demək üçün icazə istəməkdən savayı seçimə malik deyildilər, lakin onların müraciəti rədd edilmişdir ki, bu da onları ən vacib müdafiə hüquqlarının birinin icrasından məhrum etmişdir. Onlar ittiham tərəfinin bəyanatlarına cavab vermək hüququnu icra etmək icazəsi ala bilsələr də, bu “cavab vermək hüququ” ətraflı son sözə bərabər deyildi. Belə ki, şifahi dəlillər zamanı qarşı tərəfin etdiyi müxtəlif xüsusi bəyanatlar üzrə müşahidələrə qısa etiraz etmək hüququ kimi müəyyənləşdirilmişdir. Bundan başqa, müdafiə tərəfinin hüquqlarının məhdudlaşdırılması şifahi bəyanatlarının hazırlanması üçün ittiham tərəfinə iki fərqli uzadılma müddətinin verilməsi faktı ilə daha da dərinləşirdi.
154. Şahid ifadələri və digər sübutların araşdırılmasına gəldikdə, ərizəçilər Ağır cinayətlər məhkəməsinin hüquqi əsaslandırması və sübutların qiymətləndirilməsində aşkar yanlışlıqlara yol verdiyini bildirmişlər. Onlar Konvensiyanın sadəcə olaraq müdafiə tərəfindən müəyyən şahidlərin çağırılması və qarşılıqlı dindirilib-dindirilməməsinin yoxlanışını tələb etmədiyini, əksinə, bütün sübutların ədalətsizlikdən və özbaşınalıqdan uzaq olmasının zəruriliyini bildirmişlər.
155. Ərizəçilər bildirmişlər ki, Ağır cinayətlər məhkəməsi onlara müəyyən sayda müdafiə şahidini dindirmək icazəsi verdiyinə baxmayaraq, onların dindirmək arzusunda olduğu bir sıra digər şahidlərin çağırılması ilə bağlı ərizələrini rədd etmişdir.
156. Ərizəçilər qeyd etmişlər ki, onları təqsirləndirən əvvəlki bəyanatlarından imtina edən şahidlərlə Ağır cinayətlər məhkəməsi 2003-cü il 15 və 16 oktyabr hadisələri ilə bağlı öncəki mühakimələr zamanı (ərizəçilərin iştirak etmədiyi) qəbul edilmiş qərarlara əsaslanmışdır. Həmin mühakimələrdə müxtəlif sübutedici elementlər qiymətləndirilmiş və bu qərarlar res judicata xarakteri qazanmış, bununla da, ərizəçiləri sübutların öz mühakimələri zamanı ədalətli qiymətləndirməsindən məhrum etmişdir. Ağır cinayətlər məhkəməsi müxtəlif şahidlərin ilkin icraatdakı ifadələrin pis rəftar yolu ilə onlardan alınması haqqında müxtəlif bəyanatlarına diqqətsiz yanaşmışdır.
157. Ərizəçilər mühakimə zamanı bir sıra digər prosessual çatışmazlıqların olduğunu iddia etmişlər. Xüsusilə də, onlar Ağır cinayətlər məhkəməsinin qərardadlarının nüsxələrini onlara vaxtında təqdim etmədiyini iddia etmişlər. Onlar həm də məhkəmə iclaslarının protokollarının adətən səhv və natamam olduğunu və onların məhkəməyə bunları düzəltməklə bağlı müraciət edə bilməməsindən şikayət etmişlər. Belə ki, protokollar sədrlik edən hakim və katib tərəfindən imzalandıqdan sonra qanunla tələb edildiyi kimi üç gün müddətində onların baxışına təqdim edilməmişdir.
2. Məhkəmənin qiymətləndirməsi
158. Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin tələbləri 1-ci bəndinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququnun xüsusi aspektləri olaraq görünsə də, Məhkəmə şikayətə hər iki müddəaya uyğun olaraq baxacaqdır (baxın, F.C.B. İtaliyaya qarşı, 28 avqust 1991-ci il, § 29, A Seriyaları, no. 208‑B; Puatrimol Fransaya qarşı, 23 noyabr 1993-cü il, § 29, A Seriyaları, no. 277‑A; Lala Niderlanda qarşı, 22 sentyabr 1994-cü il, § 26, A Seriyaları, no. 297‑A; və Krombaş Fransaya qarşı, no. 29731/96, § 82, İHAM 2001‑II). Bu cür hərəkət etməklə, Məhkəmə öz növbəsində icraatların bütövlükdə ədalətli olub-olmadığını müəyyənləşdirmək üçün hazırkı işin ortaya çıxmasına əsas verən müxtəlif zəminləri təhlil edəcəkdir (müqayisə edin, Barberà, Messegué and Jabardo İspaniyaya qarşı, 06 dekabr 1988-ci il, §§ 68 və s., A Seriyaları, no. 146).
(a) Ağır cinayətlər məhkəməsi hakimlərinin qərəzsizliyi
159. Məhkəmə qeyd edir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məqsədləri üçün qərəzsizliyin mövcudluğu subyektib test, yəni hər bir işdəki hakimin şəxsi inancı əsasında, eləcə də obyektiv test, yəni hakimin bu baxımdan hər hansı bir şübhələri aradan qaldırması üçün yetərli təminat verməsindən əminliklə müəyyənləşdirilməlidir (baxın, Fey Avstriyaya qarşı, 24 fevral 1993-cü il, § 28, A Seriyaları, no. 255-A).
160. Subyektiv testlə bağlı, əks sübut olana qədər hakimin şəxsi qərəzsizliyi güman edilməlidir (baxın, Hauşildt Danimarkaya qarşı, 24 may 1989-cu il, § 47, A Seriyaları, no. 154). Tələb edilən sübut növünə gəldikdə, Məhkəmə, məsələn, hakimin şəxsi səbəblərdən kinlilik və ya pis niyyətlilik nümayiş etdirib-etdirməməsini araşdırmağa çalışmışdır (baxın, De Kubber Belçikaya qarşı, 26 oktyabr 1984-cü il, § 25, A Seriyaları, no. 86).
161. Obyektiv testlə bağlı, hakimin şəxsi davranışından başqa onun qərəzsizliyi ilə bağlı şübhələrə yer verəcək təsbit edilmiş faktların olub-olmadığı da aydınlaşdırılmalı idi. Bu baxımdan, hətta görünüş müəyyən qədər əhəmiyyətli ola bilər. Əsas məsələ məhkəmələrin demokratik cəmiyyətdə ictimaiyyət, ən vacibi isə təqsirləndirilən şəxslər arasında yaratdığı inamdır. Bu, hər bir işdə hakimin qərəzli davranması qorxusu üçün qanuni əsasın olub-olmadığına qərar verərkən təqsirləndirilən şəxsin nöqteyi-nəzərinin həlledici deyil, önəmli olduğu mənasına gəlir. Həlledici məqam bu qorxunun obyektiv olaraq əsaslı kimi qəbul edilib-edilməməsidir (baxın, yuxarıda qeyd olunmuş Fey, § 30).
162. Bundan başqa, qərəzsizliyi təmin etmək üçün milli prosedurların, yəni hakimlərin səlahiyyətlərinə xitam verilməsini tənzimləyən normaların mövcudluğu müvafiq faktordur. Bu növ qaydalar milli qanunvericinin hakimin və ya məhkəmənin qərəzliliyi ilə bağlı bütün şühbələrin aradan qaldırılması üzrə narahatçılığını nümayiş etdirir və bu cür narahatçılığın səbəblərini aradan qaldırmaqla qərəzsizliyi təmin etmək cəhdini təşkil edir. Eyni zamanda, faktiki qərəzliliyin yoxluğunu təmin etməkdən əlavə, onlar qeyri-obyektivliyin hər hansı bir görüntüsünü uzaqlaşdırmağa istiqamətlənmişdir və beləliklə, demokratik cəmiyyətdə məhkəmələrin ictimaiyyət arasında yaratdığı inam hissinin dəstəklənilməsinə xidmət edir. Məhkəmə hər hansı bir məhkəmənin qərəzliliyi və xüsusilə də, ərizəçinin qorxularının obyektiv əsasa malik olub-olmadığı ilə bağlı qiymətləndirmə edərkən həmin normaları diqqətə almalıdır (baxın, mutatis mutandis, Pescador Valero İspaniyaya qarşı, no. 62435/00, §§ 24-29, İHAM 2003‑VII və Pfeyfer və Plankl Avstriyaya qarşı, 25 fevral 1992-ci il, § 36, A Seriyaları, no. 227).
163. Hazırkı işə qayıdaraq, subyektiv testə əsasən Məhkəmə Ağır cinayətlər məhkəməsinin iki hakiminin şəxsi qəsdi-qərəzlilik göstərdiyi ilə bağlı yetərli sübutların olmadığını hesab edir. Bununla yanaşı, bir çox işlərdə hakimin subyektiv qərəzsizliyi prezumpsiyasını təkzib etmək üçün sübutların təqdim edilməsi çətin olsa da, obyektiv qərəzsizlik tələbinin əlavə vacib təminatın verilməsini təmin etdiyi yadda saxlanılmalıdır. Müvafiq olaraq, Məhkəmə şikayətə obyektiv test üzrə baxacaqdır.
164. Hakim Ələsgərovun iddia olunan obyektiv qərəzliliyi məsələsinə gəldikdə, Məhkəmə hesab edir ki, ərizəçilər doğru olaraq hakimin cinayət prosesinin üzvü ilə qohumluq əlaqəsi olduğu səbəbindən, vəziyyəti CPM-in 109.1.7-ci maddəsi çərçivəsində neqativ hallardan biri kimi şərh etmişlər. Bundan əlavə, Məhkəmə qeyd edir ki, CPM-in 109.2-ci maddəsi 109.1-ci maddədə qeyd edilən hallardan hər hansı birinin təsiri altına düşən hakimin üzərinə ona etirazın edilməsini gözləmədən işə baxmaqdan çəkinmək öhdəliyi qoyur.
165. Məhkəmə qeyd edir ki, həm ittiham, həm də hakim Ələsəgərov da daxil olmaqla Ağır cinayətlər məhkəməsinin hakimləri hakim Ələsgərovun qardaşının 2004-cü il yanvarın 26-a qədər ərizəçilərin cinayət işi üzrə istintaq qrupunun fəal üzvü olduğunu qəbul etmişlər. Məhkəmənin zənnincə, hakimin qardaşının 80308 saylı cinayət işinin istintaq qrupunun artıq üzvü olmaması və 80365 saylı cinayət işinə heç bir zaman cəlb edilməməsi səbəbindən ərizəçilərin tələbinin rədd edilməsi qərarı çox formal xarakter daşıyırdı və bir sıra müvafiq faktorları diqqətə almamışdır.
166. Məhkəmə, ilk növbədə 80365 saylı cinayət işinin fərqli və əlaqəsiz cinayət işi olmadığını, sadəcə olaraq 80308 saylı cinayət işinin bir qolu olduğunu qeyd edir. Ərizəçilər 80308 saylı cinayət işində icraatların başlanmasından etibarən təqsirləndirilən şəxslər idi. Baş Prokurorun 2004-cü il 1 mart tarixli qərarından məlum olduğu kimi, istintaqın 80365 saylı cinayət işini 80308 saylı cinayət işindən ayırmaq üçün yeganə seçilən səbəb fərdi işlərinin mühakiməyə hazır olduğu təqsirləndirilən şəxslər barəsində istintaqın başa çatdırılmasından və onların mühakimədə iştirakını sürətləndirməkdən əmin olmaq məqsədi idi, çünki təcrübədə yüzdən çox təqsirləndirilən şəxs üçün bir mühakimənin keçirilməsi çox çətin idi. Həmin qərarda xüsusi olaraq qeyd edilirdi ki, 80365 saylı cinayət işinin ayrılması tarixinədək istintaq 80308 saylı cinayət işinin istintaqı kontekstində ərizəçiləri mühakimə etmək üçün bütün zəruri sübutları toplamışdır. Müvafiq olaraq, təqsirləndirilən şəxslərin fərqli mühakimə qruplarına bölüşdürülməsi və işlərə formal nömrələr verilmiş olmasına baxmayaraq, Məhkəmə həm hakim Ələsgərov, həm də onun qardaşının eyni təqsirləndirilən şəxslərlə bağlı eyni cinayət işində de facto iştirak etdiyini hesab edir.
167. İkincisi, hakimin qardaşının 2004-cü il yanvarın 26-da istintaq qrupundan azad edilməsinə baxmayaraq, iş materiallarından belə məlum olur ki, hamısı olmasa da, mühakimədə ərizəçilərə qarşı istifadə edilən başlıca ittiham sübutlarının əksəriyyəti istintaq qrupu tərəfindən həmin tarixə qədər toplanmışdır. Müəyyən məqamda istintaq qrupunun qırx üç üzvdən ibarət olması və hakimin qardaşının iştirakının xüsusi əhəmiyyət daşımadığı iddia edilsə də, Məhkəmə hakim Ələsgərov tərəfindən mühakimədə istifadə ediləcək sübutların toplanması işində onun qardaşının iştirak etdiyini qeyd edir. Bundan əlavə, hakim mühakimə zamanı nəinki istintaqın bəyanatlarına mahiyyəti üzrə baxacaq, eləcə də müdafiə tərəfinin istintaq qrupunun hərəkətləri və icraatların ilkin mərhələsində sübutların toplanmasının qeyri-düzgünlüyü üzrə çoxsaylı etirazları və dəlilləri təhlil edəcəkdir. Belə olan halda, Məhkəmə istintaq qrupunun üzvü və hakim Ələsgərov arasında sıx qohumluq əlaqəsinin ərizəçilərin hakimin obyektiv qərəzsizlikdən uzaq olduğu ilə bağlı qorxularına haqq qazandırmaq üçün yetərli olduğu fikrindədir (müqayisə edin, mutatis mutandis, Mikalef Maltaya qarşı [BP], no. 17056/06, § 102, İHAM 2009).
168. Hakim İbayevin iddia olunan qərəzliliyinə gəldikdə, Məhkəmə ərizəçilərin qorxularının onun oğlunun Baş Prokurorluğun işçisi olmasına və ərizəçilərin işində istintaq qrupu rəhbərinin bilavasitə tabeçiliyi altında olduğuna əsaslandığını müşahidə etmişdir. Hakim İbayevin oğlunun heç bir zaman ərizəçilərin işi ilə məşğul olmadığını nəzərə alaraq, Məhkəmə şikayətin bu hissəsinin ayrılıqda baxıldığı zaman hakim İbayevin prosesin tərəflərindən biri ilə əlaqəsinin onun qərəzliliyini iddia etmək qorxularını obyektiv əsaslandırmaq üçün çox uzaq olduğu vəziyyətlə bağlı olduğunu hesab edir. Lakin həm hakim Ələsgərov, həm də hakim İbayevin ərizəçilərin işinə baxan Ağır cinayətlər məhkəməsinin üç hakimdən ibarət tərkibinin üzvü olduğu nəzərə alınarsa, Məhkəmə ərizəçilərin həmin hakimlərlə bağlı etirazlarına bir-birindən müstəqil şəkildə baxılmasını qeyri-müvafiq hesab edir. Məhkəmə düşünür ki, təklikdə baxıldığı zaman hakim İbayevin prosesin iştirakçısı ilə əlaqəsinin nə qədər uzaq və əhəmiyyətsiz olmasına baxmayaraq, hazırkı işin xüsusi kontekstində onun vəziyyəti ən azı Ağır cinayətlər məhkəməsinin hakim Ələsgərovun vəziyyətindən irəli gələn qərəzliliyi ilə bağlı yuxarıda qeyd edilən qorxuları daha da artırırdı.
169. Yuxarıda qeyd edilmiş mülahizələr Məhkəmənin Ağır cinayətlər məhkəməsi tərkibinin qərəzsizliyi təmin edə bilməməsi və onun Konvensiya üzrə obyektiv testə uyğun olmadığı qənaətinə gəlməsi üçün yetərlidir.
(b) İcraatın ilkin mərhələsində hüquqi yardım
170. Məhkəmə birinci, üçüncü və dördüncü ərizəçilərin ibtidai istintaqın ilk günlərində vəkillə görüşmək imkanına malik olmadığını müşahidə etmişdir. Xüsusilə də, birinci ərizəçi tutulduqdan yalnız beş gün, üçüncü ərizəçi üç gün və dördüncü ərizəçi dörd gün sonra görüşə bilmişdir.
171. Məhkəmə təkrarən qeyd edir ki, mütləq olmasa da, cinayət ittihamına cəlb edilən hər kəsin dövlət tərəfindən təyin edilmiş olsa belə, vəkillə təmsil edilmək hüququ ədalətli məhkəmə araşdırılmasının başlıca xüsusiyyətlərindəndir (baxın, yuxarıda qeyd olunmuş Krombaş, § 89). Bu baxımdan, məhkəmənin ədalətliliyinə qabaqcadan riayət olunmadığı halda, 6-cı maddə işin məhkəməyə göndərilməsindən əvvəlki mərhələyə də şamil oluna bilər (baxın, İmbrioscia İsveçrəyə qarşı, 24 noyabr 1993-cü il, § 36, A Seriyaları, no. 275 və Öcalan Türkiyəyə qarşı, (BP) no. 46221/99, § 131, İHAM 2005-IV). Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 3 “c” yarımbəndinin istintaqın gedişinə tətbiq edilməsi tərzi icraatın xüsusiyyətlərindən və işin hallarından asılıdır. 6-cı maddə təqsirləndirilən şəxsin polis dindirməsinin ilkin mərhələsində vəkil yardımından faydalanmasını tələb edir (baxın, Con Mürrey Birləşmiş Krallığa qarşı, 8 fevral 1996-cı il, § 63, 1996-I və yuxarıda qeyd olunmuş Öcalan, § 131). Məhkəmənin daha sonra aydınlıq gətirdiyi kimi, ədalətli məhkəmə araşdırılması hüququnun yetərincə “praktiki və səmərəli” qalması üçün, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bir qayda olaraq, yalnız işin xüsusi halları çərçivəsində həmin hüququn məhdudlaşdırılması üçün tutarlı səbəblərin mövcudluğu istisna edilməklə, vəkil yardımı təqsirləndirilən şəxsin polis tərəfindən ilkin dindirilmə anından təmin edilməlidir. Tutarlı səbəblər vəkil yardımının təmin edilməsindən imtinanı müstəsna hallarda əsaslandıra bilsə də, səbəbindən asılı olmayaraq bu məhdudiyyət təqsirləndirilən şəxsin 6-cı maddədən irəli gələn hüquqlarına lüzumsuz xələl gətirə bilməz. Vəkil yardımı olmadan polis dindirməsi zamanı verilən təqsirləndirici ifadələrin sonradan məhkum olunma üçün istifadə edilməsi, prinsipcə, müdafiə hüquqlarına bərpası mümkün olmayan xələl gətirə bilər (baxın, Salduz Türkiyəyə qarşı (BP), no. 36391/02, § 55, İHAM 2008-...). Hətta təqsirləndirilən şəxsin susduğu və həbsdə dindirilmədiyi halda belə, saxlanma tarixindən başlayaraq bu və ya digər şəxsin hüquqi yardım hüququnun məhdudlaşdırılması Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 3 “c” yarımbəndinin tələblərinə cavab vermir (baxın, Dayanan Türkiyəyə qarşı, no. 7377/03, §32-33, AİHM 2009-...).
172. Hazırkı işdə belə məlum olur ki, saxlanmalarının birinci bir neçə günü ərzində birinci, üçüncü və dördüncü ərizəçilər hüquqi yardımdan faydalanmadan dindirilmiş və cinayət istintaqının materiallarına daxil edilən müəyyən ifadələr vermişlər. Onların heç biri açıq şəkildə vəkil yardımı hüququndan imtina etməmişdir. Məsələ ilə bağlı məlumatlar baxımından, Məhkəmə ərizəçilərin vəkil yardımından faydalanmasının icraatın sonrakı mərhələlərinə nə şəkildə təsir edə biləcəyi və həmin müddət ərzində vəkilin olmamasının onların müdafiə hüquqlarını əsaslı şəkildə pozub-pozmadığı haqqında dəqiq təsəvvürə malik deyildir. Bununla yanaşı, Məhkəmə hüquqi yardımın başlanğıcda məhdudlaşdırılmasının ərizəçilərin müdafiə hüququna öz təsirini göstərdiyini qeyd edir.
173. Nəticə etibarilə, Məhkəmə hesab edir ki, birinci, üçüncü və dördüncü ərizəçilərin ibtidai araşdırma müddətində vəkil yardımından məhrum edilməsi onların müdafiə hüquqlarına xələl gətirmişdir.
(c) Müdafiə tərəfinin istintaq materialları ilə tanış olması
174. Məhkəmə qeyd edir ki, bütün ərizəçilər istintaq materiallarının öyrənilməsi üçün vəkillərinə yetərli vaxt və vəsaitin ayrılmamasından şikayət etmişlər. Bu, nəticədə vəkillərin ərizəçiləri səmərəli şəkildə müdafiə etmək və mühakimə zamanı müdafiə dəlillərini düzgün formalaşdırmaq qabiliyyətinə mənfi təsir göstərmişdir.
175. Daha dəqiq desək, bütün ərizəçilər davamlı olaraq iddia etmişlər ki, nə özləri, nə də vəkilləri ibtidai istintaqın başa çatmasından sonra və mühakimənin başlanmasından öncə istintaq sübutları ilə yetərli qədər tanış olmuş, nə də mühakimənin başlanmasından sonra onlara bu şərait yaradılmışdır. Məhkəmə qeyd edir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə müvafiq olaraq cinayət işi üzrə çəkişməli icraat hüququ həm ittiham, həm də müdafiə tərəfinə qarşı tərəfdən edilmiş bəyanatlarla və təqdim edilmiş sübutlarla tanış olmaq imkanının verilməsini nəzərdə tutur. Milli hüququn bu tələbə əməl etdiyi müxtəlif yollar mövcuddur. Lakin seçilən metoddan asılı olmayaraq o, digər tərəfin bəyanatların təqdim edildiyindən xəbərdar və onlarla bağlı şərh vermək üçün real imkana malik olmasını təmin etməli idi (baxın, Brendsteter Avstriyaya qarşı, 28 avqust 1991-ci il, § 66-67, A Seriyaları, no. 211). Konvensiyanın 6-cı maddəsinin 3 “b” yarımbəndi təqsirləndirilən şəxsə “müdafiəsini hazırlamaq üçün yetərli vaxt və vəsaitin verilməsini” təmin edir və bununla da onun adından keçirilən müdafiə fəaliyyəti başlıca mühakimə üçün “zəruri olan” hər bir şeyi özündə ehtiva edə bilər. Təqsirləndirilən şəxs müdafiəsini müvafiq şəkildə hazırlamaq və birinci instansiya məhkəməsi qarşısında bütün müvafiq müdafiə dəlillərini məhdudiyyətsiz irəli sürmək və icraatların nəticəsinə təsir göstərmək imkanına malik olmalıdır (baxın, Can Avstriyaya qarşı, no. 9300/81, Komissiyanın 12 iyul 1984-cü il Hesabatı, § 53, A Seriyaları, no. 96; Konoli Birləşmiş Krallığa qarşı, no. 27245/95, Komissiyanın 26 iyun 1996-cı il qərarı; və Mayzit Rusiyaya qarşı, no. 63378/00, § 78, 20 yanvar 2005-ci il). Cinayət ittihamına məruz qalan hər kəsin malik olması lazım olan şərait onun öz müdafiəsini hazırlamaq üçün icraat ərzində aparılan istintaqın nəticələri ilə tanış olmaq imkanını özündə ehtiva edir (baxın, C.G.P. Niderlanda qarşı, no. 29835/96, Komissiyanın 15 yanvar 1997-ci il qərarı və Fuşe Fransaya qarşı, 18 mart 1997-ci il, §§ 31-38, 1997-II). Təqsirləndirilən şəxsə ayrılan vaxt və şərait məsələsi hər bir işin xüsusi halları çərçivəsində qiymətləndirilməlidir.
176. Məhkəmə istintaq materiallarının iyirmi iki hissədə 6.200 səhifəlik sənəd və iyirmi iki videokasset üzərində qeyd edilmiş video sübutlardan ibarət geniş həcmli olduğunu qeyd etmişdir. Bu qədər geniş həcmli sübutların təhlili əhəmiyyətli zaman tələb edirdi (müqayisə edin, yuxarıda qeyd olunmuş Öcalan, §§ 142-147). Hökumət hər bir müdafiə vəkili və ərizəçinin onlara ayrılmış zaman və imkan yetərsizliyi ilə bağlı heç bir qeyd-şərt etmədən istintaq materialları ilə tanış olduqları barədə sənəd imzaladığına istinad edərək, müdafiə tərəfinə işin materialları ilə tanış olması üçün yetərli zaman ayrıldığını bildirmişdir. Məhkəmə bu dəlili qəbul edə bilməz. O, işin materialları ilə tanışlıq üzrə sənəd imzalamanın sözügedən şəxslərin iş materialları ilə tanış olması faktını qeydə almaq məqsədi daşıyan az hüquqi əhəmiyyətə malik prosessual rəsmiyyət olduğunu qeyd etmişdir. Lakin bu növ sənədin imzalanması mütləq şəkildə ayrılan zaman və imkanın yetərli olması və ya müdafiə tərəfinin istintaq materialları ilə tanış olması ilə bağlı maddi və ya prosessual şikayətlərdən imtina etməsi mənasına gəlmir. Məhkəmə qeyd edir ki, vəkillər mühakimə ərzində daimi əsasda istintaq materialını yetərincə təhlil etmək üçün adekvat zamana malik olmadıqlarından şikayət etmişlər; onlardan bəziləri hətta materialların onlara təqdim edilmədən onlarla tanış olma haqqında sənədi imzalamağa məcbur edildiklərindən şikayətlənmişlər. Məhkəmə bu iddiaları olduğu kimi qəbul etməli olmasa da, iddiaların ciddi, təkrar və qarşılıqlı uyğunluq vəziyyətində olması və daxili məhkəmələrin onlara zəruri şəkildə baxmaqdan imtina etməsi səbəbindən onlara yetərincə əhəmiyyət verilməli olduğunu hesab edir.
177. Yuxarıda gətirilmiş dəlillərdən başqa, Hökumət müdafiə tərəfinə istintaq materialları ilə tanış olmaq üçün ayrılan zaman və ya tanış olma tərzi, yəni hər bir vəkil və ərizəçiyə istintaq materiallarının nüsxəsi və ya onların istintaq materialları ilə istintaq orqanlarının yerləşdiyi yerdə tanış olmaq məcburiyyətində olub-olmadığı ilə bağlı müvafiq məlumat verməmişdir. Nəzərəçarpan istisna olaraq, Hökumət ikinci ərizəçinin vəkillərindən biri, cənab Kərimin ittiham sübutları ilə tanış ola bilməsi cədvəli üzrə məlumatı təqdim etmişdir; lakin bu məlumat yersiz idi. Belə ki, cənab Kərim ikinci ərizəçinin vəkili olmaqdan azad edilmiş və mühakimə zamanı onu təmsil etmirdi. Məhkəmə qeyd edir ki, müdafiə tərəfinin iş materialları ilə tanış olması üzrə vaxt cədvəli və tanış olma tərzi tərəflərin təqdim etdiyi sənədlərdən məlum olur. Məhkəmə ATƏT-in Hesabatındakı “təqsirləndirilən şəxslərə istintaq materiallarının yalnız bir nüsxəsinin təqdim edilməsi və beləliklə, onların müdafiə hüquqlarının məhdudlaşdırılması” ilə bağlı şərhini nəzərə alır.
178. Bütün bunları, eləcə də ərizəçilər və vəkillərin daxili məhkəmələr qarşısında məsələ ilə bağlı ardıcıl və təkrar şikayətlərini və Hökumətin bəyanatlarındakı müvafiq və aydın faktiki məlumatın olmamasını nəzərə alaraq, Məhkəmə işin hallarının müdafiə tərəfinin ərizəçilərin mühakiməsinə hazırlaşmaq üçün istintaq materialları ilə tanış olması məqsədilə ayrılan zaman və imkanlarla bağlı ciddi problemin olduğundan xəbər verdiyini hesab edir.
(d) Mühakimə zamanı səmərəli hüquqi yardım
179. Məhkəmə Ağır cinayətlər məhkəməsinin ilkin hazırlıq iclaslarından başlayaraq və icraatın gedişində müxtəlif vaxtlarda bütün ərizəçilərin vəkillərinin dəfələrlə müdafiəni hazırlamaq üçün öz müştərilərini vaxt və vəsaitlər məhdudiyyəti və məhkəmədənkənar üzərlərinə edilən təzyiq səbəbindən adekvat hüquqi yardımla təmin edə bilməmələrindən şikayət etdiyinin şahidi olmuşdur. Bu şikayətlər nəticədə birinci üç ərizəçinin vəkillərinin onların adından son söz deməkdən imtina etməsinə gətirib çıxarmışdır.Vəkillər rəsmi olaraq xidmətlərini başa vurmamışdılar və formal olaraq ərizəçilərin vəkilləri olaraq qalmaqda davam edirdilər, lakin həmin andan başlayaraq mühakimədə fəal iştirak etməmişlər.
180. Bu baxımdan, Məhkəmə qeyd edir ki, Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndinə müvafiq olaraq təqsirləndirilən şəxsin nəzəri və xəyali deyil, praktiki və səmərəli hüquqi yardıma ehtiyacı vardır. Konvensiyanın bu maddəsi “təyin edilmə” deyil, “yardımdan” bəhs edir: təyin edilmə özü-özlüyündə səmərəli hüquqi yardımı ifadə etmir. Belə ki, müxtəlif praktiki səbəbləri və onun öz vəzifələrindən imtina etməsini nəzərə alaraq, vəkilin bu cür yardım göstərməsi əngəllənə bilər. Dövlət hüquqi yardım məqsədləri üçün təyin edilmiş vəkil tərəfindən ortaya çıxan hər bir boşluq üçün məsuliyyət daşımır. Lakin hüquqi yardımçının səmərəli təmsilçiliyi həyata keçirməməsi açıq-aydın olarsa və ya dövlət orqanlarının diqqətinə başqa şəkildə çatmış olarsa, onlar təqsirləndirilən şəxsin düzgün hüquqi yardımdan faydalanmasını təmin etmək üçün zəruri tədbirləri görməlidir (baxın, Artiko İtaliyaya qarşı, 13 may 1980-ci il, §§ 33-37, A Seriyaları, no. 37 və Kamasinski Avstriyaya qarşı, 19 dekabr 1989-cu il, § 65, A Seriyaları, no. 168). Bundan əlavə, təqsirləndirilən şəxsi daxili məhkəmələr qarşısında təmsil edən vəkilin müvafiq müdafiəni təşkil etmək üçün zaman və imkana malik olmadığının məlum olduğu hallarda, məhkəmə vəkilin öz vəzifələrini mümkün ən yaxşı şərtlərdə yerinə yetirmək imkanını təmin etmək üçün pozitiv xarakterli tədbirlər görməlidir (baxın, mutatis mutandis, Goddi İtaliyaya qarşı, 9 aprel 1984-cü il, § 31, A Seriyaları, no. 76).
181. Ərizəçiləri təmsil edən vəkillərin bəzilərinin Dövlət tərəfindən təyin edilməsi baxımından, Məhkəmə vəkillərin öz vəzifələrini düzgün şəkildə icra etməsi ilə bağlı üzləşdiklərini iddia etdikləri əngəllərin hər hansı birinin və ya hamısının əsasa malik olub-olmamasından asılı olmayaraq, bu, onların yekunda son söz deməkdən və həmin dəqiqədən etibarən mühakimədə hər hansı digər şəkildə fəal iştirak etməkdən imtina etməsi, təqsirləndirilən şəxslərin mühakimənin böyük bir hissəsi ərzində hüquqi yardımdan tamamilə məhrum edilməsi ilə nəticələnmişdir. Ərizəçilərin səmərəli təmsilçilikdən məhrum edilməsi aydın idi və bununla bağlı təkrar şikayətlər və ərizələr və nəhayət, vəkillərin şifahi bəyanatlarda iştirak etməkdən imtina etməsi yolu ilə Ağır cinayətlər məhkəməsinin diqqətinə aydın şəkildə çatdırılmışdır.
182. Ağır cinayətlər məhkəməsi məsələyə 2004-cü il oktyabrın 13-də baxmış və ərizəçilərin şəxsən şifahi bəyanat etməklə bağlı müraciətlərini vəkillərin de facto geri çəkilməsi səbəbindən rədd etmişdir (baxın, yuxarıda §§ 78-79). Lakin Məhkəmənin zənnincə, Ağır cinayətlər məhkəməsinin 2004-cü il 13 oktyabr tarixli qərarı səthi və ziddiyyətli idi. Belə ki, Ağır cinayətlər məhkəməsi müvafiq açıqlama vermədən, ilk növbədə vəkillərin ərizəçiləri bütün icraat ərzində adekvat və səmərəli yardımla təmin etdiyini bildirmişdir. Lakin bundan sonra o, vəkillərin istintaq materialları ilə tanış olması üçün özlərinə daha geniş imkanlar yaratmaq məqsədilə vəzifələrindən sui-istifadə etdiklərini bildirmişdir. Bu qeyd-şərt vəkillərin hüquqi yardımının səmərəli olması ilə bağlı məhkəmənin öz düşüncəsinə zidd olmuşdur. Məhkəmə məsələ üzrə belə etinasız yanaşma tərzinin daxili məhkəmələr tərəfindən ərizəçilərə tanınan hüquqi yardımın səmərəliliyi ilə bağlı xüsusi marağının olmadığını göstərir. İş materiallarında daxili məhkəmənin ərizəçilər və onların vəkilləri tərəfindən qaldırılan məsələlərə müstəqil və hərtərəfli şəkildə baxması cəhdi aydın deyil.
183. Məhkəmənin fikrincə, vəziyyət Ağır cinayətlər məhkəməsi tərəfindən vəkillərin xüsusi iddialarına ən azı müəyyən səviyyədə baxılmasını tələb edirdi; məsələn, Ağır cinayətlər məhkəməsi onlara ittiham sübutları ilə tanış olmaları üçün ayrılan zaman və imkan üzrə məlumat tələb etməli və həmin məlumatları nəzərə almalı idi. Ağır cinayətlər məhkəməsi vəkillərə öz işini yerinə yetirməyə mane olan əngəllərin varlığını qeyd etdiyi andan həmin əngəlləri aradan qaldırmaqla vəziyyəti bərpa etməli idi. Məsələn, vəkillərin iş materialları ilə yetərincə tanış ola bilməsi üçün iclasları müəyyən müddətə təxirə salmalı idi. Alternativ şəkildə mühakimənin müxtəlif məqamlarında ərizəçilərdən bəzilərinin aldıqları hüquqi yardımın qeyri-səmərəliliyi səbəbindən müdafiələrini şəxsən həyata keçirmək niyyətlərində olduqlarını bildirmələri faktı nəzərə alınarsa, daxili məhkəmə ən azı bunu nəzərə ala və onlara öz müdafiələrinə hazırlaşmaq üçün vaxt ayıra bilərdi. Lakin heç buna da əməl edilməmişdir (baxın, aşağıda “e” bölməsi).
184. Vəkillərdən bəzilərinin ərizəçilər tərəfindən təyin edilməsini nəzərə alaraq, Məhkəmə hesab edir ki, hazırkı işdə vəziyyət dövlət tərəfindən təyin edilmiş vəkillərdən fərqli deyildir. Ərizəçinin şəxsi seçimi olan vəkilin hüquqi təmsilçiliyinin keyfiyyəti üçün dövlət məsuliyyət daşımasa da, o, həmin vəkilin öz vəzifələrini ən yaxşı şəkildə icra etməsini təmin etməlidir.Vəkilin müvafiq müdafiəni hazırlamaq üçün yetərli zaman və imkana malik olmaması səbəbindən öz müştərisini səmərəli təmsil edə bilmədiyi halda, vəziyyətin bərpa edilməsi üçün müvafiq tədbirlər görülməlidir.
185. Məhkəmə digər ərizəçilərin vəkillərindən fərqli olaraq, dördüncü ərizəçinin vəkillərinin müştərisinin adından son söz dediyini qeyd etmişdir. Lakin bu vəkillər ərizəçilərin müdafiəsinin hazırlanamasına əngəl olan maneələr üzrə şikayətlərlə bağlı öz həmkarlarına qoşulmuşlar. Dördüncü ərizəçi aldığı hüquqi yardımın qeyri-səmərəli olduğunu iddia edərək özü digər ərizəçilərin şəxsən müdafiələrini həyata keçirmək üçün ərizələrinə qoşulmuşdur. Müvafiq olaraq, daxili məhkəmə digər ərizəçilər kimi dördüncü ərizəçinin də səmərəli təmsilçiliyi üzrə problemlərlə bağlı yetərincə məlumata malik idi və vəziyyəti düzəltmək üçün adekvat addımlar atmamışdır.
186. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçilərin səmərəli hüquqi yardımdan istifadə edə bilməməsi açıq-aşkar idi və bu, daxili məhkəmələrin diqqətinə çatdırılmışdır, lakin onların Konvensiyaya müvafiq olaraq hüquqi yardım hüquqlarından istifadəsini təmin etmək üçün adekvat addımlar atılmamışdır.
(e) Mühakimənin son mərhələsində yekun söz deyilməsi üçün təqsirləndirilən
şəxslərin hüquqlarının təmin edilməsində olan çatışmazlıqlar
187. Yuxarıda qeyd edildiyi kimi, Məhkəmə qeyd edir ki, birinci, üçüncü və dördüncü ərizəçilərin vəkilləri müştərilərinin adından şifahi bəyanatlarda iştirak etməkdən imtina etmiş və ərizəçilər şəxsən yekun sözlərini söyləmələri üçün məhkəməyə müraciət etmişlər. Milli hüququn təqsirləndirilən şəxslərin icraatlarda rəsmi təmsil edilməsi halında onlara yekun söz demək icazəsi verməməsi səbəbindən ərizələri rədd edilmişdir. Nəticədə, ərizəçilər vəkillərinin onların adından yekun söz demədiyi və özlərinin də buna icazələri olmadığı vəziyyətə düşmüşlər. Məhkəmə daxili hüququn bu məsələni tənzimlədiyi vasitə və ya ərizəçinin işində bu vasitənin düzgün tətbiq edilib-edilmədiyini yoxlamaq vəzifəsi daşımır. Məhkəmənin vəzifəsi ərizəçilərin daxili məhkəmə qarşısında yekun sözlərini deyə bilməməsi üzrə faktiki vəziyyətin onların Konvensiya hüquqlarına zidd olub-olmamasını yoxlamaqdır.
188. Məhkəmə təkrar edir ki, geniş mənada ədalətli məhkəmə araşdırılması konsepsiyasının başlıca elementi olan tərəflərin bərabərliyi prinsipi hər bir tərəfə öz işini qarşı tərəfə münasibətdə əlverişsiz mövqeyə salınmayacaq şəraitdə təqdim etməsi üçün müvafiq imkanların yaradılmasını tələb edir (baxın, Nideröst-Huber İsveçrəyə qarşı, 18 fevral 1997-ci il, § 23, 1997-I). Həmin hüquq mühakimədə iştirak edən tərəflərə, inter alia, iş üzrə şəxsi qiymətləndirmələrini həyata keçirmək və məhkəmənin qərarına təsir göstərmək məqsədilə digər tərəfin bəyanatlarına cavab vermək imkanının verilməsini nəzərdə tutur (baxın, mutatis mutandis, Lobo Maçado Portuqaliyaya qarşı, 20 fevral 1996-cı il, § 31, 1996‑I ). Tərəflər arasında “ədalətli tarazlıq” üzrə tərəflərin bərabərliyi tələbi, prinsipcə, həm cinayət, həm də mülki işlərə tətbiq edilir; cinayət işlərində həmin tələbdən kənara çıxmalar üçün daha az sərbəstlik verilir (baxın, Dombo Beheer B.V. Niderlanda qarşı, 27 oktyabr 1993-cü il, §§ 32-33, A Seriyaları, no. 274).
189. Məhkəmə təkrar edir ki, cinayət işi üzrə iclasların ən vacib aspektlərindən biri kimi müdafiə tərəfi, eləcə də ittiham üçün yekun sözlərinin deyilməsi çıxış edir. Bu, hər iki tərəfin iş üzrə bütöv fikirlərini və məhkəmədə təqdim edilən bütün sübutlar üzrə fikirlərini bildirmələri və bu nəticələrin qiymətləndirilməsi üzrə hüquqi dəlillərinin təqdim edilməsi üçün yeganə fürsətdir (baxın, mutatis mutandis, Hanževački Xorvatiyaya qarşı, no. 17182/07, § 25, 16 aprel 2009-cu il).
190. Məhkəmə qeyd edir ki, hazırkı işdə ittiham tərəfinə yekun çıxışını hazırlamaq imkanının verilməsi üçün iclaslar iki dəfə təxirə salınmışdır. Yekun söz iki iclas ərzində nə məhkəmə, nə də müdafiə tərəfindən heç bir müdaxilə edilmədən və etirazsız tam şəkildə çatdırılmışdır. Digər tərəfdən, birinci, ikinci və üçüncü ərizəçilər vəkillərinin bundan imtina etməsi səbəbindən yekun söz hüquqlarından istifadə edə bilməmişlər. Yuxarıda qeyd edildiyi kimi, vəkillərin imtinası onların səmərəli hüquqi yardım göstərə bilməmələrindən xəbər verir və həmin məsələyə daxili məhkəmələr tərəfindən lazımınca baxılmamışdır. Beləliklə, vəkillərin de facto geri çəkilməsi ərizəçilərin yekun sözlərini demək hüququndan imtinası mənasına gəlmirdi. Əksinə, ərizəçilər həmin hüququ şəxsən yerinə yetirmək istəmişlər, lakin onların müraciəti rədd edilmişdir. Müvafiq olaraq, yekun sözdən açıq-aşkar ifadə edilmiş imtinanın olmadığı təqdirdə, ərizəçilər icraat zamanı ortaya çıxan bu çatışmazlıq üçün məsuliyyət daşımırlar.
191. Hökumət praktikada ərizəçilərin replika və son çıxışlarını etmək hüquqlarının icrası ilə bütün dəlillərini şəxsən təqdim edə bildiklərini bildirmişdir. Lakin Məhkəmə aşağıdakı səbəblərdən bu dəlili qəbul edə bilməz.
192. O, ilk olaraq hər hansı bir tərəfin yekun söz hüququnun həm maddi, həm də prosessual zəmində replika hüququndan tamamilə fərqli olduğunu qeyd edir. Daxili hüquq buna tərəflərin şifahi bəyanatlarının müxtəlif mərhələləri kimi yanaşaraq onları bir-birindən ayırır. Yalnız yekun sözdə işin tərəfi işlə bağlı bütövlükdə hüquqi və faktiki qiymətləndirməsini bütöv şəkildə təqdim etmək imkanı alır. Lakin replika isə digər tərəfin yekun sözü üzrə qısa şərhlərin edilməsi idi və bu səbəbdən vəziyyətin bərpası deyil, daha çox etirazları ifadə edirdi. İkincisi, istənilən halda hazırkı işdə ərizəçilərə replika hüquqlarının həyata keçirilməsi zamanı normadan daha çox danışmaq və daha geniş məsələlər dairəsinə toxunmaq imkanı verilsə də (baxın, yuxarıda 82-84-cü paraqraflar), Məhkəmə onların sədrlik edən hakim tərəfindən replikanın qısa olmasının zəruriliyi ilə tez-tez dayandırılmasını və nəticədə bir neçə müdaxilədən sonra nitqlərinin yarıda kəsildiyini qeyd etmişdir. Bu həm də Hökumətin bəyanatlarının əksinə olaraq, hətta Ağır cinayətlər məhkəməsinin özünün ərizəçilərin nitqinin müdafiə üçün yekun sözləri ilə eyni qüvvəli ola və ya onu əvəz edə biləcəyini düşünmədiyindən xəbər verir.
193. Bundan əlavə, Məhkəmə hesab edir ki, son çıxışla oxşar şəkildə təqsirləndirilən şəxsin mühakimənin ən sonunda şəxsən həyata keçirə biləcəyi hüququ özü və ya vəkili tərəfindən öncədən deyilmiş yekun sözdən asılı olmayaraq, təqsirləndirilən şəxsin yekun sözü ilə eyni qüvvəyə malik deyildir və onu qarşılıqlı şəkildə əvəz edə bilməz və cinayət icraatı mərhələsini tərəflərin şifahi bəyanatları mərhələsindən tamamilə fərqləndirir.
194. Nəhayət, Məhkəmə qeyd edir ki, vəkillərin geri çəkilməsindən sonra ərizəçilər nəinki yekun sözlərini şəxsən demək üçün müraciət etmiş, eləcə də vəkillərinin ani geri çəkilməsini nəzərə alaraq, onu hazırlamaq üçün zamana ehtiyacı olduqlarını qeyd etmişlər. Hətta de facto yekun sözün deyilməsi üçün onların replika və son istəklərini ifadə etmək imkanına malik olduğunu güman etsək belə, CPM-in 339.2-ci maddəsinə zidd olaraq onların müdafiə nitqlərinin hazırlanması üçün yetərli vaxtları olmamış və bu səbəbdən iclasın dinlənilməsi təxirə salınmalı idi.
195. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçilər müdafiə üçün yekun söz hüquqlarından istifadə edə bilməməklə, bu hüququnu mümkün qədər ən dolğun şəkildə həyata keçirmiş olan ittiham qarşısında əlverişsiz mövqeyə düşmüşlər. Müvafiq olaraq, ittiham tərəfi ilə eyni şərtlərlə işlərini təqdim etmək imkanına malik olmayan ərizəçilərin müdafiə hüquqları məhdudlaşdırılmışdır.
(f) Sübutların qəbul olunması və araşdırılması və əsaslandırılmış
qərar hüququ
196. İlk növbədə, Məhkəmə ittiham materiallarının əhəmiyyətli dərəcədə məhkəmədə təqdim edilən ibtidai araşdırmada verilmiş çoxsaylı şahid ifadələrinə əsaslandığını qeyd etmişdir. Lakin belə məlum olur ki, həmin şahidlərin hamisi məhkəməyə çağırılmış və prinsipcə ərizəçilərin onları dindirmək imkanı olmuşdur. Müdafiə şahidlərinə gəldikdə, Ağır cinayətlər məhkəməsi müdafiə tərəfindən xahiş edilən şahidlərdən bütün şəxslərin çağırılmasından imtina etmiş, yalnız bəzilərini dindirməyə icazə vermişdir. Konvensiyanın 6-cı maddəsinin 3 “d” yarımbəndi cinayət icraatında şahidlərin çağırılması və dindirilməsi ilə bağlı müdafiə və ittiham tərəfləri arasında bərabərliyi təmin etmək məqsədi daşısa da, təqsirləndirilən şəxsə şahidlərin məhkəmədə iştirakı ilə bağlı qeyri-məhdud hüquq vermir. Bu səbəbdən, daxili hüquq ifadələrin qəbul olunması və araşdırılması üçün şərtlər qoya bilər, lakin bu şərtlər hər iki tərəfin şahidləri üçün eyni olmalıdır. Buna oxşar şəkildə, daxili məhkəmə Konvensiya tələblərinə əməl etmək şərtilə, məsələn, onların ifadələrinin etibarlı olmadığı əsası ilə müdafiə tərəfindən çağırılan şahidləri dəvət etməkdən imtina edə bilər (baxın, X Avstriyaya qarşı, no. 4428/70, Komissiyanın 01 iyun 1972-ci il tarixli qərarı). Mövcud materiala nəzər salaraq, Məhkəmə Ağır cinayətlər məhkəməsinin çağırmaqdan imtina etdiyi şahidlərdən hər hansı birinin ərizəçilərə qarşı irəli sürülmüş ittihamlarla bağlı onların müdafiəsinə hansı şəkildə yardım göstərə biləcəyinin aydın olmadığını hesab edir.
197. Beləliklə, yuxarıda qeyd olunanlar və tərəflərin həmin şikayətlərlə bağlı növbəti bəyanatlarını nəzərə alaraq, Məhkəmə hesab edir ki, şikayətin bu hissəsinin qaldırmış olduğu başlıca məsələ ərizəçilərin ittiham şahidlərini dindirmək və ya müdafiə şahidlərinin iştirakına nail olub-olmaması deyil, ərizəçilərə qarşı istifadə edilən sübutun qəbul edilməsi və daha sonra Ağır cinayətlər məhkəməsi tərəfindən istifadə tərzinin Konvensiyanın tələblərinə müvafiq olub-olmaması idi. Xüsusən, Məhkəmə qeyd edir ki, ərizəçilər ittihamlarının saxta sübutlara əsaslandığından, şahid ifadələrinin qeyri-qanuni yollarla və ya təzyiq altında əldə edildiyindən və Ağır cinayətlər məhkəməsinin həmin sübuta yanaşma tərzindən şikayət etmişlər.
198. Bu baxımdan, Məhkəmə qeyd edir ki, Konvensiyanın 19-cu maddəsinə müvafiq olaraq, onun vəzifəsi dövlətlərin Konvensiya üzrə öhdəliklərini yerinə yetirməsini təmin etməkdir. Xüsusilə də, onun funksiyası milli məhkəmələr tərəfindən iddia olunan faktiki və hüquqi səhvlərə yol verilməsinin aradan qaldırılması deyildir, əgər bu səhvlər Konvensiya ilə müdafiə edilən hüquq və azadlıqlara xələl gətirmirsə (baxın, Şenk İsveçrəyə qarşı, 12 iyul 1988-ci il, § 45, A Seriyaları, no. 140).
199. Bu səbəbdən, müxtəlif sübut növlərinin, məsələn, daxili hüquqa zidd olaraq əldə edilmiş sübutların məqbul olub-olmaması və ya ərizəçilərin təqsirliliyinin müəyyənləşdirilməsi onun roluna daxil deyildir. Söhbət bütövlükdə icraatların, eləcə də sübutların əldə edilməsi yolunun ədalətli olub-olmamasındadır. Bu, sözügedən “qanunsuzluğun” araşdırılmasını və digər Konvensiya hüququnun pozuntusunun olub-olmadığını və aşkarlanan pozuntunun mahiyyətinin təhlilini özündə ehtiva edir (baxın, Xan Birləşmiş Krallığa qarşı, no. 35394/97, § 34, İHAM 2000‑V; Allan Birləşmiş Krallığa qarşı, no. 48539/99, § 42, İHAM 2002-IX; və Jalloh Almaniyaya qarşı [BP], no. 54810/00, § 95, İHAM 2006‑IX).
200. İcraatların bütövlükdə ədalətli olub-olmamasının müəyyənləşdirilməsində müdafiə tərəfinin hüquqlarına hörmət edilib-edilməməsinə də diqqət yetirilməlidir. Xüsusilə də, ərizəçilərin sübutların həqiqiliyini mübahisələndirmək və onun istifadəsinə etiraz etmək imkanının olub-olmadığı təhlil edilməlidir. Bundan əlavə, sübutların keyfiyyəti, eləcə də onların əldə edilməsi şəraitinin sübutların etibarlılığı və dəqiqliyi üzərinə şübhə salıb-salmaması nəzərə alınmalıdır (baxın, yuxarıda qeyd edilmiş Xan, §§ 35 və 37 və Allan, § 43). Sübutların etibarlılığı sual altında olarsa, onların məqbuliyyətinin təhlili üçün ədalətli prosedurların olması daha çox əhəmiyyət qazanır (baxın, yuxarıda qeyd edilmiş Allan, § 47 və Bıkov Rusiyaya qarşı [BP], no. 4378/02, § 95, İHAM 2009‑...).
201. Bütün sübutlar çəkişməli araşdırma məqsədilə təqsirləndirilən şəxsin iştirakı ilə açıq iclasda təqdim edilməlidir. Polis dindirməsi və istintaq mərhələsində əldə edilən ifadələrin sübut kimi istifadə edilməsi özü-özlüyündə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 3 “d” yarımbəndinə o şərtlə zidd deyildir ki, müdafiə hüquqları təmin edilsin. Ümumi qayda olaraq, bu hüquqlar təqsirləndirilən şəxsə bəyanatlarını təqdim edərkən və ya daha sonrakı mərhələdə onun əleyhinə olan şahidi dindirmək və mübahisələndirmək üçün adekvat və müvafiq imkana malik olmasını tələb edir (baxın, Aş Avstriyaya qarşı, 26 aprel 1991-ci il, § 27, A Seriyaları, no. 203; Lüdi İsveçrəyə qarşı, 15 iyun 1992-ci il, § 47, A Seriyaları, no. 238; və Saïdi Fransaya qarşı, 20 sentyabr 1993-cü il, § 43, A Seriyaları, no. 261‑C).
202. Bundan əlavə, Konvensiyanın 3-cü maddəsinə zidd olaraq əldə edilmiş bəyanatların cinayət icraatında təqsirləndirilən şəxsin əleyhinə istifadəsi zamanı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndindən irəli gələn məsələ ortaya çıxır. Belə ki, 3-cü maddəyə zidd olaraq əldə edilən hər bir bəyanat etibarsızdır (baxın, mutatis mutandis, Söylemez Türkiyəyə qarşı, no. 46661/99, § 122, 21 sentyabr 2006-cı il). Hətta qəbul edilmiş sübutun ittiham üçün həlledici rol oynamadığı təqdirdə belə, bu dəyişilməz olaraq qalır (baxın, məsələn, Özcan Çolak Türkiyəyə qarşı, no. 30235/03, § 43, 06 oktyabr 2009-cu il və Örs və digərləri Türkiyəyə qarşı, no. 46213/99, § 60, 20 iyun 2006-cı il). Bundan əlavə, 3-cü maddə üzrə şikayətin olmadığı təqdirdə belə, Məhkəmə 6-cı maddənin təminatlarına əməl edilməsi üzrə qərar vermək məqsədilə pis rəftar iddialarını diqqətə almaqdan kənar edilə bilməz (baxın, mutatis mutandis, yuxarıda qeyd olunmuş Örs və digərləri, § 58 və Kolu Türkiyəyə qarşı, no. 35811/97, § 54, 02 avqust 2005-ci il). Yuxarıda göstərilmiş işlər faktlar üzrə təqsirləndirilən şəxslərin özlərini ittiham etmələri ilə bağlı vəziyyətlərlə əlaqəli olsa da, 3-cü maddənin pozuntusu ilə əldə edilmiş və yalnız təqsirləndirilən şəxslər tərəfindən edilən deyil, həmçinin ittiham sübutu qismində edilən bütün şahid ifadələri daxil olmaqla, hər hansı sübutla əlaqəli eyni prinsiplər tətbiq edilir.
203. Nəhayət, Məhkəmə təkrar edir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məqsədi, inter alia, “məhkəmənin” üzərinə bəyanatlar, dəlillər və sübutları qiymətləndirmək və ya qərar üçün müvafiqliyinə xələl gətirmədən müvafiq şəkildə lazımınca araşdırmaq öhdəliyi qoyulmasıdır. Məhkəmə isə dəlillərin düzgün şəkildə araşdırılıb-araşdırılmamasını qiymətləndirməli deyil. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmağı tələb edir, lakin bu, hər bir dəlil üçün təfərrüatlı cavab tələbi kimi başa düşülməməlidir (baxın, Van de Hurk Hollandiyaya qarşı, 19 aprel 1994-cü il, §§ 59 və 61, A Seriyaları, no. 288 və García Ruiz İspaniyaya qarşı [BP], no. 30544/96, § 26, İHAM 1999‑I). Əsaslandırma ilə bağlı funksiyanın həcmi qərarın mahiyyətindən asılı olaraq müxtəlif ola bilər və işin halları üzrə qiymətləndirilməlidir (baxın, Ruiz Torija İspaniyaya qarşı, 09 dekabr 1994-cü il, § 29, A Seriyaları, no. 303‑A, və Hiro Balani İspaniyaya qarşı, 09 dekabr 1994-cü il, § 27, A Seriyaları, no. 303‑B).
204. Məhkəmə qeyd edir ki, hazırkı işdə ittiham şahidlərinin əksəriyyətindən kütləvi iğtişaşlar və nümayişçilərin zorakı niyyətləri və əməllərini təsbit etmək məqsədilə və 2003-cü il 16 oktyabr hadisələri ilə bağlı ümumi təsvir yaratmaları xahiş edilmişdir. Bu ifadələr ərizəçilərə birbaşa təsir göstərmirdi. Ərizəçiləri birbaşa təsiri altına salan və təqsirləndirilmələri üçün həlledici rol oynayan sübutlar azsaylı ittiham şahidləri, xüsusilə bir neçə polis məmuru, həmçinin məhkum olunmuş digər nümayişçilər və bir neçə digər şahidlərin ifadələrindən ibarət idi (baxın, §§ 52-63).
205. Ərizəçilərin əleyhinə ifadə verən polis məmurlarına gəldikdə, Məhkəmə onların ilk dəfə izahat formasında ibtidai araşdırma mərhələsində ifadə verdiklərini qeyd edir. Müdafiə tərəfi həmin ifadələrin əldə edilməsi yolu və onların məzmunu ilə bağlı olduqca güclü və əsaslandırlmış etirazlar qaldırmış və onlardan bəzilərinin ittiham tərəfindən eyni vaxtda alındığını (qeyri-mümkün və ya qanunsuz) və demək olar sözbəsöz eyni olduğunu qeyd etmişdir. Lakin belə məlum olur ki, Ağır cinayətlər məhkəməsi bu etiraza məhəl qoymamış və ərizəçiləri məhkum edərkən həmin şahid ifadələrini nəzərə almamışdır. Bu səbəbdən, o, həm ifadələrin məqbuliyyəti, həm də mötəbərliliyi, etibarlılığı və eyni olduğu iddia edilən şahidlərin şəxsi toxunulmazlığı məsələsini nəzərə almamışdır. Ərizəçilərin etirazlarında qaldırılan hər iki məsələ sonuncuların müvəffəqiyyətli olduğu təqdirdə, ərizəçilərin təqsirliliyini sübut etmək üçün kifayət qədər güclü sübut olub-olmadığı ilə bağlı ədalətli məhkəmənin qiymətləndirməsinə təsir etmək qabiliyyətinə malik idi.
206. Məhkəmə iclasında ifadə vermək üçün çağırıldığı zaman polis və hərbçilərin əksəriyyəti özlərinin ibtidai araşdırmada verilmiş ifadələrinə, eləcə də istintaqa təqdim edilən videoçəkilişlərə zidd olması iddia olunan bəyanatlar etmişlər (baxın, §§ 54-56 və 68; həmçinin yuxarıda 107-108-ci paraqraflarda ATƏT-in hesabatındakı müvafiq çıxarışlar). Məhkəmə protokollarından bəlli olduğu kimi, müdafiə tərəfi bu ziddiyyətlər barədə məhkəməyə dəfələrlə işarə etmiş və şahidlərin yalan söylədiyini bildirmişdir. Məhkəmə şahidlərin müxtəlif zamanlarda verdiyi ifadələr arasındakı ziddiyyətlər, eləcə də ittiham tərəfindən təqdim edilən sübutların müxtəlif növləri arasındakı ciddi uyğunsuzluqların sübutların etibarlılığının və bu və ya digər şəxsin ifadəsinin sübutedici dəyərinin mübahisələndirilməsi üçün ciddi səbəblər verdiyini qeyd edir; bu cür mübahisələndirmə həmin sübutlara əsaslanaraq faktiki halların qiymətləndirilməsinə və nəhayət, məhkəmənin nəticəsinə təsir edə biləcək etirazı təşkil edə bilər. Məhkəmə, bununla yanaşı, qeyd edir ki, Ağır cinayətlər məhkəməsi öz qərarında bu baxımdan müdafiə tərəfinin etirazları ilə bağlı susmuş və iş materiallarındakı sənədlərdən məlum olduğu kimi həmin ittiham şahidlərinin ifadələrindəki uyğunsuzluqlarla bağlı təqsirləndirilən şəxslərin iddialarından hər hansı birini nəzərə almaq üçün heç bir cəhd göstərməmişdir. Bu çatışmazlıq Ağır cinayətlər məhkəməsinin öz qərarında müdafiə şahidlərinin ifadələrindəki uyğunsuzluqları təhlil etməsi faktı nəzərə alınarsa (baxın, yuxarıda 66-cı paraqraf) daha da diqqətçəkici idi, lakin o, ittiham şahidləri ilə bağlı müdafiə tərəfinin etirazlarının hansı səbəbdən təhlil edilmədiyi və nə üçün ittiham şahidlərinin ifadəsindəki uyğunsuzluqları əhəmiyyətsiz hesab etdiyini bildirməmişdir.
207. Belə olan halda, Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilmiş şahidlər qrupuna qarşı müdafiə tərəfinin qaldırdığı etirazların mahiyyəti və təbiəti nəzərə alınaraq, daxili məhkəmə həmin etirazlara cavab verməli idi və bu cür cavabların olmadığı təqdirdə, ərizəçinin özünün əleyhinə olan ifadələri mübahisələndirmək və əsaslı qərar əldə etmək hüququ pozulur.
208. Ərizəçiləri birbaşa təsiri altına alan digər şahid ifadələrinə gəldikdə (baxın, §§ 57-63), Məhkəmə qeyd edir ki, ibtidai araşdırmada ifadə verən şahidlər məhkəmə iclaslarına çağırıldıqları zaman tamamilə fərqli bəyanatlar vermiş, öncəki ittiham bəyanatlarını saxta adlandıraraq onları təkzib etmiş və pis rəftar növləri və hədələri altında həmin bəyanatları verdiklərini iddia etmişlər. Ağır cinayətlər məhkəməsi eyni bəyanatların yaxşı sübut olaraq və həmin şəxslərin pis rəftar iddialarının əsassız olduğu qəbul edildiyi zaman mövcud qərarların “res judicat” xarakterinə əsaslanaraq onların ibtidai araşdırmada bəyanatlarından geri çəkilmələrinə əhəmiyyət verməmişdir. Məhkəmə aşağıdakı səbəblərdən daxili məhkəmənin məsələ ilə bağlı yanaşma tərzini qəbul etməmişdir.
209. O, ilk növbədə (yuxarıda qeyd edilmiş) Məmmədov işindəki qərarına əsaslanır. Həmin qərarda o, ərizəçinin ondan məlumat çıxarılması məqsədilə həbsdə zorakılığa məruz qaldığını və daxili məhkəmələrin onun pis rəftarla bağlı adekvat və səmərəli istintaq aparmadığını aşkarlamışdır. Həmin işdə ərizəçi olmuş və hazırkı işdə dördüncü ərizəçi olan şəxs bu işdəki şahidlərlə oxşar vəziyyətdə idi. Belə ki, o da 2003-cü il 16 oktyabr hadisələri ilə bağlı saxlanılanlar arasında idi. Məmmədov işi hazırda baxılan işlə birbaşa əlaqəli olmasa da, hazırkı işdə şahidlərin şikayətləndiyi oxşar vəziyyətin 2003-cü il 16 oktyabr hadisələri ilə bağlı cinayət icraatının bütöv kontekstindən irəli gəldiyini nümayiş etdirir. O, eləcə də şahidlərin pis rəftar şikayətlərinə daxili məhkəmələrin baxması qaydalarından bəzilərinin həqiqətin təsbit edilməsində səmərəli olduğunu ifadə etmədiyini nümayiş etdirir. İkincisi, yüksək nüfuzlu beynəlxalq şirkətlər və QHT-lərin, ATƏT və Human Rights Watch-in təfərrüatı ilə təsvir edilmiş hesabatları da daxil olmaqla mövcud olan materialları nəzərə alaraq, Məhkəmə 2003-cü il 15 və 16 oktyabr hadisələri ilə əlaqədar hüquq mühafizə orqanları tərəfindən dindirilən məhbusların və şahidlərin pis rəftara məruz qalması haqqında çoxsaylı, ardıcıl və etibarlı iddiaların mövcudluğunu qeyd edir. Xüsusilə də, həmin hesabatlar saxlanılan çoxsaylı şəxslər tərəfindən məruz qaldıqları pis rəftar və digər məhbuslara qarşı istifadə edilmiş pis rəftarın şahidi olduqları barədə ifadələri özündə ehtiva edir. Məhkəmə hesab edir ki, bununla bağlı məlumatın ardıcıllığı və dəqiqliyi səviyyəsi o qədər güclüdür ki, daxili məhkəmələr tərəfindən 2003-cü il 15 və 16 oktyabr hadisələri ilə bağlı aparılan istintaqın gedişində dindirilmə metodları ilə bağlı ciddi şübhələrə yer verir. Məhkəmə həmin hesabatlarda göstərilən məlumatı hazırkı işdə müvafiq şahidlərin və ya hesabatlarda adları çəkilən digər şəxslərin pis rəftara məruz qalması haqqında sübut olaraq qəbul edə bilməsə də, hesab edir ki, onların müəlliflərinin etibarlılığı və onların ardıcıl və dəqiq xarakteri daxili məhkəmələrin müxtəlif proseslərdə iddia edilən pis rəftar üzrə münasibəti ilə bağlı etibarsızlıq yaradır.
210. 80308 saylı cinayət işi ilə əlaqəli saxlanılmış və dindirilmiş şəxslərin pis rəftar ilə bağlı hesabatlarının üstünü açan yuxarıdakı məlumatlar baxımından, Məhkəmə hesab edir ki, hazırkı işdə təzyiq altında ifadə verdiyini iddia edən şahidlərin çoxluğunu nəzərə alaraq, Ağır cinayətlər məhkəməsi həmin iddiaların aradan qaldırılmasında daha ciddi olmalı idi. Ərizəçilərə qarşı təzyiq altında ifadə verdikərini iddia edən şahidlərin bu qədər çox olması faktı daxili məhkəmədən onların ifadə sübutları ilə bağlı məqbuliyyət və etibarlılıq məsələsinə daha çox təfərrüatla və daha da diqqətlə baxmasını tələb edirdi.
211. Məhkəmə hesab edir ki, ədalətli və çəkişməli məhkəmə araşdırılması anlayışı, əksini sübut edəcək hallar olmadıqca, prinsipcə, məhkəmənin iclasda verilən şahid ifadəsinə ittiham tərəfindən öncədən qeydə alınmış ibtidai araşdırmadakı ifadədən daha çox önəm verməsini ifadə edir. Bunun səbəbi ibtidai araşdırma sorğu-sualının ittiham tərəfinin işi məhkəmədə dəstəkləmək üçün məlumat topladığı proses olmasıdır. Lakin mühakiməni aparan məhkəmə sübutların birbaşa olaraq məhkəmədə qiymətləndirilməsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyini məhkəmədə təqdim edilən bütün sübutların qiymətləndirilməsinin ardından müəyyənləşdirməlidir. Daxili məhkəmələrin həmin qiymətləndirmədə səhvə yol verib-vermədiyini müəyyənləşdirmək Məhkəmənin üzərinə düşməsə də, o, məhkəmələrin təqdim edilmiş sübutları rədd etməsi qərarını əsaslandırıb-əsaslandırmadığını nəzərdən keçirməlidir. 212. Hazırkı işdə Məhkəmə hesab edir ki, şahidlərin ibtidai araşdırma ifadələrini mötəbər sübut qismində qəbul etməklə və mühakimədə həmin bəyanatlardan geri çəkilmələrini nəzərə almamaqla və bunun üçün yeganə səbəbin şahidlərin pis rəftardan şikayət etdikləri əvvəlki bəyanatlarının əssasız olaraq rədd edilməsi ilə, Ağır cinayətlər məhkəməsi ərizəçiləri onların əleyhinə olan sübutların tam və hərtərəfli qiymətləndirilməsi imkanından məhrum etmişdir. Ağır cinayətlər məhkəməsinin istinad etdiyi müvafiq qərarlar qüvvəyə minmiş olsa da, Məhkəmə hesab edir ki, digər məhkəmələrin şahidlərin eyni və ya oxşar bəyanatları ilə bağlı çıxardığı qərarlar “res judicata” qüvvəsinə malik deyildi və ya onların öz mühakiməsi zamanı eyni etirazları qaldırmalarına əngəl ola bilməzdi. Məhkəmə qeyd edir ki, təqsirsizlik prezumpsiyası və təqsirləndirilən şəxsin özünə qarşı irəli sürülən sübutları mübahisələndirmək hüququnu nəzərə alaraq, cinayət məhkəməsi təqsirləndirilən şəxsin təqsirliliyi ilə bağlı sübutların, onların hər hansı digər icraatda və digər təqsirləndirilən şəxslərə qarşı istifadə edilməsindən asılı olmayaraq, məqbuliyyəti və etibarlılığının tam, müstəqil və hərtərəfli təhlil və qiymətləndirməsini aparmalıdır. Bu baxımdan, hazırkı işdə ərizəçilərin Ağır cinayətlər məhkəməsi qarşısındakı əvvəlki icraatlarda tərəf qismində çıxış etməməsi və bu səbəbdən hər hansı bir iddia və ya xüsusi məsələ ilə bağlı qəbul edilmiş hər hansı qərarı mübahisələndirə bilməməsi xüsusi əhəmiyyət daşıyırdı. Bundan əlavə, həmin icraatlardakı şahid ifadələri ərizəçilərin işindən fərqli kontekstdə qiymətləndirilmişdir. Bu səbəbdən, şahidlərin özlərinin təqsirləndirilən şəxs qismində çıxış etdiyi həmin icraatlarda onların təzyiq altında ifadə vermələri ilə bağlı bəyanatları pis rəftarın müəyyənləşdirilməsi və təqsirləndirilən şəxslərin təzyiq altında özlərini ittiham edən ifadə verib-vermədiyini qiymətləndirmək məqsədləri üçün təhlil edilmişdir. Digər tərəfdən, ərizəçilərin işində şahidlərin eyni və ya oxşar ifadələri üçüncü tərəfi (ərizəçiləri) ittiham edən sübutun məqbuliyyəti və sübutetmə dərəcəsinin qiymətləndirilməsi üçün müvafiq idi.
213. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə, daxili məhkəmənin ərizəçilər tərəfindən onların əleyhinə istifadə edilən sübutların məqbuliyyəti və sübutetmə dərəcəsi ilə əlaqəli qaldırılan əsaslı etirazlarla bağlı heç bir addım atmadığı və sübutları ziddiyyətli və şübhəli mahiyyətə malik sübutlar kimi qiymətləndirməsi üçün heç bir səbəb gətirmədiyi qənaətinə gəlmişdir.
(g) Şikayətlər
214. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırmaları bütövlükdə baxıldıqda ilkin mühakimədə özünü göstərən çatışmazlıqların sonradan yuxarı məhkəmələrdə aradan qaldırıldığı təqdirdə, ədalətli hesab edilə bilər (baxın, mutatis mutandis, Edvards Birləşmiş Krallığa qarşı, 16 dekabr 1992-ci il, § 39, A Seriyaları, no. 247‑B və yuxarıda qeyd edilmiş De Kubber, § 33, A Seriyaları, no. 86, Adolf Avstriyaya qarşı, 26 mart 1982-ci il, §§ 38-40, A Seriyaları, no. 49). Lakin Hökumətin hazırkı işdəki dəlilinin əksinə, Məhkəmə ilkin mühakimədəki çatışmazlıqlardan heç birinin Apellyasiya Məhkəməsi və ya Ali Məhkəmə tərəfindən aradan qaldırılmadığnı hesab edir. Belə ki, həmin məhkəmələr ya işə baxmaqdan imtina etmiş (Apellyasiya Məhkəməsi), yaxud da həm fakt, həm də hüquq baxımından sübutların hüquqi araşdırılması və tərəflərin hüquqi və faktiki dəlilləri üzrə yeni iclas açmaq üçün özünü səlahiyyətsiz elan etmişdir (Ali Məhkəmə). Bundan əlavə, məhkəmələrin hər ikisi birinci instansiya məhkəmələrinin aşkarladığı halları təsdiqləmiş və ərizəçilərin mühakimə ərzində ortaya çıxan çatışmazlıqlar barəsində çoxsaylı şikayətlərinə münasibət bildirməmiş və həmin şikayətləri ümumilikdə əsassız adlandıraraq, heç bir səbəb gətirmədən rədd etmişdir.
(h) Nəticələr
215. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş müdafiə hüquqlarının pozuntusu bütün ərizəçilərə eyni dərəcədə təsir etməsə də, hər bir ərizəçinin, hamısı olmasa da, ən azı mühakimədəki yeddi nöqsanın təsiri altına düşdüyü aydın idi. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Məhkəmə hesab edir ki, sözügedən araşdırmalar bütövlükdə götürüldükdə ədalətli məhkəmə araşdırılmasının tələblərinə cavab vermir.
216. Müvafiq olaraq, iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə birgə bu maddənin 3 “b”, “c” və “d” yarımbəndlərinin pozuntuları baş vermişdir.
IV. KONVENSİYANIN 6-cı MADDƏSİNİN 2-ci BƏNDİNİN
İDDİA OLUNAN POZUNTUSU
217. Ərizəçilər səlahiyyətli məhkəmə tərəfindən təqsirli bilinmələrindən əvvəl dövlət orqanları və yüksək vəzifəli dövlət məmurlarının etdiyi açıq bəyanatların onların Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi üzrə təqsirsizlik prezumpsiyası hüququnu pozduğundan şikayət etmişlər. Həmin maddədə deyilir:
“Cinayət torətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında subut edilənədək təqsirsiz hesab edilir.”
A. Şikayətin məqbuliyyəti
218. Hökumət ərizəçilərin mövcud daxili hüquq vasitələri tükəndirmədiyini bildirmişdir, çünki onlar bu şikayətlərini müvafiq hakimiyyət orqanına bildirmək üçün zəruri addımlar atmamışlar. Xüsusilə də, Hökumət daxili hüquq əsasında ərizəçilərin Cinayət Məcəlləsinin147-ci maddəsi və CPM-in 27-ci fəslinə müvafiq olaraq böhtanla bağlı cinayət ittihamı və ya onların təqsirsizlik prezumpsiyası hüquqlarını pozan dövlət məmurlarına qarşı mülki zərərlər üçün kompensasiya iddiası qaldırmaq hüququna malik olduğunu bildirmişdir.
219. Ərizəçilər təqsirsizlik prezumpsiyası iddiası ilə bağlı şikayətləri üçün praktikada səmərəli hüquqi vasitələrin olmadığını bildirmişlər. Bu növ hüquqi vasitələr nəzəriyyədə mövcud olsa da, onların praktiki işində həmin vasitələrin müvəffəqiyyətə ümid bəsləmədiyini bildirmişlər. Belə ki, ərizəçilərin Konvensiya hüquqlarının istintaq orqanları tərəfindən “müntəzəm və nəzərəçarpan şəkildə pozuntuları ilə bağlı daxili orqanlar çox səbrli davranmışlar”. Onlar Cinayət Məcəlləsinin və CPM-in müddəalarının bu şikayət növlərinə uyğun olmadığını və milli hüquqi təcrübədə təqsirsizlik prezumpsiyası hüququnun pozulması ilə bağlı heç bir məhkəmə qərarının olmamasını qeyd etmişlər.
220. Məhkəmə təkrarlayır ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində daxili hüquqi vasitələr qaydasının məqsədi üzv dövlətlərə iddia edilən pozuntuların Məhkəməyə şikayət olunmazdan əvvəl qarşısını almaqdan və ya onları bərpa etməkdən ibarətdir. Bununla yanaşı, tükənməli olan yeganə hüquqi vasitələr iddia edilən pozuntularla əlaqəli və eyni zamanda əlçatan və səmərəli olanlardır. Bu hüquqi vasitələrin mövcudluğu yalnız nəzəriyyədə deyil, praktikada da kifayət qədər müəyyən olmalıdır, əks halda, onlar tələb edilən əlçatımlıq və səmərəlilikdən məhrum olar; bu müxtəlif şərtlərin yerinə yetirilməsinin müəyyənləşdirilməsi cavabdeh dövlətin üzərinə düşür (baxın, Vernillo Fransaya qarşı, 20 fevral 1991-ci il, § 27, A Seriyaları, no. 198).
221. Hökumət milli hüququn böhtan ittihamı üzrə cinayət şikayəti və ya kompensasiya ilə əlaqəli mülki iddia formasında səmərəli hüquqi vasitələrə malik olduğunu və onların təqsirsizlik prezumpsiyası üzrə iddia edilən pozuntularla bağlı bərpa etməni təmin edə biləcəyini bildirsə də, Məhkəmə qeyd edir ki, Hökumət təqsirsizlik prezumpsiyasının pozuntusu ilə bağlı şikayətlər üzrə yuxarıda qeyd edilmiş hüquqi vasitələrin istifadəsinə dair xüsusi nümunələr gətirməmişdir. Hökumət həm də xüsusi nümunələr vasitəsilə müvafiq cinayət orqanları və ya mülki məhkəmələr tərəfindən qeyd edilmiş proses üzrə bu konkret əhəmiyyətli məsələnin təhlil edildiyini nümayiş etdirə bilməmişdir. Şikayətçinin cinayət mühakiməsini həyata keçirən məhkəmə qarşısında təqsirsizlik prezumpsiyası üzrə şikayət edilməsinə gəldikdə, Məhkəmə bu növ şikayətin tamamilə əsassız şəkildə rədd edildiyi bir haldan xəbərdardır (baxın, Fətullayev Azərbaycana qarşı, no. 40984/07, §§ 45 və 153, 22 aprel 2010-cu il), bu, həmin vasitələrin səmərəliliyi tələbinə əməl etmirdi. Belə olan halda, Məhkəmə Hökumət tərəfindən adı çəkilən vasitələrdən hər hansı birinin iddia edilən pozuntuya münasibətdə istifadə edilə biləcəyi və ya təcrübədə həmin vasitələrin mövcudluğunun yetərincə müəyyən olduğunu hesab etmir.
222. Müvafiq olaraq, Məhkəmə Hökumətin etirazını rədd edir və qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3 “a” yarımbəndi çərçivəsində açıq-aşkar əsassız deyildir və hər hansı bir digər əsasla qeyri-məqbul hesab edilə bilməz. Bu səbəbdən, o, məqbul elan edilməlidir.
B. İşin mahiyyəti
1. Tərəflərin dəlilləri
223. Hökumət bildirmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi dövlət orqanlarının icraatda olan hər hansı bir iş haqqında ictimaiyyəti xəbərdar etməsini əngəlləyə bilməz. Onlar ərizəçilərin təqsirsizlik prezumpsiyasının pozulmadığını və ərizəçilərin işarə etdiyi heç bir öncəki məhkəmə qərarı və ya ictimai bəyanatın onları cinayətkar kimi qələmə vermədiyini və ya cinayət ittihamından öncə onların təqsirliliyini təsbit etmədiyini bildirmişlər.
224. Ərizəçilər öz şikayətlərini təkrar etmiş və müvafiq səlahiyyətli məhkəmə tərəfindən ittiham qərarının çıxarılmasından öncə müxtəlif dövlət orqanları və yüksək vəzifəli məmurlar tərəfindən müxtəlif bəyanatlarda təqsirli elan edildiklərini bildirmişlər.
2. Məhkəmənin qiymətləndirməsi
225. Məhkəmə təkrar edir ki, 6-cı maddənin 2-ci bəndi müvafiq aspektdən ədalətli cinayət mühakiməsinin həmin icraatlarla sıx əlaqədə edilmiş qərəzli bəyanatlarla zəiflədilməsinin qarşısını almaq məqsədi daşıyır. 6-cı maddənin 2-ci bəndində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası 1-ci bəndin tələb etdiyi ədalətli məhkəmə araşdırılmasının elementlərindən biridir (baxın, Allenet de Ribemont Fransaya qarşı, 10 fevral 1995-ci il, § 35, A Seriyaları, no. 308). O, nəinki “cinayət ittihamı ilə mühakimə edilən” şəxsin qanunla sübut edilmədən məhkəmə tərəfindən təqsirli adlandırılmasını qadağan edir (baxın, Minelli İsveçrəyə qarşı, 25 mart 1983-cü il, § 38, A Seriyaları, no. 62), eləcə də digər dövlət məmurları tərəfindən icraatda olan cinayət mühakimələri ilə bağlı ictimaiyyəti şübhəli bilinən şəxsin təqsirli olduğuna inandıran və müvafiq məhkəmə orqanı tərəfindən faktların qiymətləndirilməsi ilə bağlı əvvəlcədən fikir yürütməsinə əsas verə biləcək bəyanatları da özündə ehtiva edir (baxın, yuxarıda qeyd edilmiş Allenet de Ribemont, § 41 və Daktaras Litvaya qarşı, no. 42095/98, §§ 41-43, İHAM 2000-X). Məhkəmə vurğulayır ki, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi dövlət orqanlarının ictimaiyyətə davam edən cinayət icraatı ilə bağlı məlumat verməsinə əngəl olmur, lakin təqsirsizlik prezumpsiyasının gözlənilməsi üçün bütün lazımi ehtiyat və diqqətlə bunu etməsini tələb edir (baxın, yuxarıda qeyd edilmiş Allenet de Ribemont, § 38).
226. Cinayət ittihamı ilə mühakimə edilən şəxs haqqında məhkəmə qərarı və ya dövlət məmuru tərəfindən edilən bəyanatın onun qanunla sübut edilməsindən öncə təqsirli olduğunu əks etdirməsi halında təqsirsizlik prezumpsiyasının pozulması Məhkəmənin məsələyə formalaşmış yanaşma tərzidir. Hətta rəsmi bəyanatların olmadığı halda belə, məhkəmə və ya rəsmilərin şübhəli bilinən şəxsi təqsirli kimi qiymətləndirməsini ifadə edən istənilən düşüncə belə yetərlidir. Şəxsin cinayət törətməkdə şübhəli bilinməsi ilə qəti qüvvəyə minmiş ittiham olmadan haqqında bəhs edilən əməli törətməsi ilə bağlı aydın bəyanatın edilməsi arasında böyük fərq vardır. Məhkəmə dəfələrlə şəxsin mühakimə edilməsindən və hər hansı bir cinayət əməlinin törədilməsində təqsirli bilinməsindən öncə dövlət məmurlarının bəyanatlarındakı söz seçiminə diqqət etməsinin zəruriliyini vurğulamışdır (baxın, Xuzhin və digərləri Rusiyaya qarşı, no. 13470/02, § 94, 23 oktyabr 2008-ci il). Dövlət məmurunun bəyanatının təqsirsizlik prezumpsiyasını pozub-pozmadığı mübahisəli bəyanatın edildiyi xüsusi şərtlər kontekstində müəyyənləşdirilməlidir (baxın, Butkevičius Litvaya qarşı, no. 48297/99, § 49, İHAM 2002-II).
227. Hazırkı işdə ərizəçilər çoxsaylı dövlət orqanları və dövlət məmurları tərəfindən edilən bəyanatlardan şikayətlənmişlər. Məhkəmə hesab edir ki, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinin təhlili məqsədilə yalnız hüquq mühafizə orqanları, yəni Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən edilən (baxın, yuxarıda 98 və 101-102-ci paraqraflar) və iki yüksək vəzifəli polis əməkdaşı tərəfindən edilən bəyanatlara (baxın, yuxarıda 99 və 103-cü paraqraflar) diqqət yetirilməsi yetərlidir.
228. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri tərəfindən 2003-cü il 22 oktyabr tarixli mətbuat konfransında və 2003-cü il 27 oktyabr tarixli Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə mətbuat məlumatında edilən bəyanatlara gəldikdə, Məhkəmə qeyd edir ki, onlar cinayət icraatından müstəqil şəkildə edilmişdir. O qeyd edir ki, 2003-cü il 15 və 16 oktyabr hadisələrinin ağırlığı dövlət orqanlarının həmin hadisələrlə bağlı qaldırılan cinayət işləri haqqında ictimaiyyəti məlumatlandırmasını tələb edə bilərdi. Lakin bu hallar onların icraatda iştirak edən şəxslərlə bağlı bəyanatlarında istifadə etdikləri sözlərə diqqət etməmələrinə əsas vermir. Həmin bəyanatlar ərizəçilərlə bağlı cinayət işinin başlanğıcında edilmişdir. Bu mərhələdə dövlət hüquq mühafizə orqanlarının gözündə ərizəçilərin təqsirliliyini təsdiqləyən şəkildə şərh edilə biləcək bəyanatların edilməməsi vacib idi. Məhkəmə qeyd edir ki, bu bəyanatlar xüsusilə dördüncü ərizəçinin adını çəkir və adları çəkilməyən“digər” şəxslərə istinad edirdi və heç bir qiymətləndirmə və qeyd-şərt edilmədən həmin şəxslərin nümayişçiləri kütləvi iğtişaşla nəticələnən qanunsuz əməllərə təhrik etdiyini və buna sərəncam verdiyini elan etmişdir.
229. Səbail rayon Polis İdarəsi rəisinin (baxın, yuxarıda 99-cu paraqraf) və Daxili İşlər Naziri müavininin (baxın, yuxarıda 103-cü paraqraf) qəzetdə dərc olunan məqalələrindən onların heç birinin ictimaiyyəti məlumatlandırmaq məqsədi güdmədiyi aydın olur. Həmin bəyanatların məzmunu və ritorikasından məlum olur ki, onların başlıca məqsədi müxalifətin və ona aid edilən zorakı əməllərin siyasi tənqidi və mühakimə edilməsi idi. Bəyanatların müəlliflərinin siyasətçilər deyil, hüquq mühafizə orqanlarının yüksək vəzifəli məmurları olduğunu nəzərə alaraq, rəsmi səviyyədə edilən həmin bəyanatlar müəyyən dərəcədə şişirdilməyə və siyasi rəqiblərə münasibətdə dəyərləndirmə qərarlarının liberal istifadəsinə yol verən qanuni siyasi müzakirələrin bir hissəsi hesab edilə bilməzdi.
230. Müxtəlif bəyanatlarında Səbail rayon Polis İdarəsinin rəisi birmənalı şəkildə dördüncü ərizəçi və adları ilə qeyd edilən iki digər müxalifət liderlərinin təlimatları əsasında “nümayişçilərin dəhşətli cinayət əməlləri törətdiyini” bəyan etmişdir. Öz tərəfindən Daxili İşlər Nazirinin müavini bütün ərizəçiləri “radikal”, “reaksioner” və “dağıdıcı” müxalifət tərəfindən törədilən və dövlət hakimiyyətini istənilən yolla ələ keçirməyə çalışan “kriminal xarakterli əməllərə” nəzarət edən şəxslər qismində adları ilə qeyd etmişdir. Daxili İşlər Naziri müavininin müəllifi olduğu məqalə müxalifət və onun liderləri və onlara aid edilən əməllərə münasibətdə “cinayət” və “cinayətkar” sözlərinin dəfələrlə və inadla istifadə edilməsi ilə yadda qalmışdır.
231. Məhkəmə qeyd edir ki, Daxili İşlər Nazirinin müavini öz bəyanatında bütün ərizəçilərin adını çəkirdi, baxmayaraq ki, yuxarıda qeyd edilmiş digər bəyanatlarda yalnız dördüncü ərizəçinin adı çəkilirdi və bəzi naməlum “digər” şəxslərə istinad edilirdi. Lakin həmin bəyanatların edildiyi bütün şərtlər baxımından, “digərləri” sözü sadəcə olaraq digər üç ərizəçiyə üstüörtülü şəkildə işarə edirdi. Belə ki, ictimaiyyət xəbərlərdən 2003-cü il 15 və 16 oktyabr hadisələri ilə bağlı hansı müxalifət liderlərinin saxlandığı barədə məlumatlı idi.
232. Yuxarıdakı bəyanatların hüquq mühafizə orqanları və onların yüksək vəzifəli məmurları tərəfindən edildiyini nəzərə alaraq, onlar icraatda olan cinayət prosesi və ərizəçilərin istintaqa cəlb edilməsinə səbəb olan hadisələrlə bağlı söz seçiminə xüsusi diqqət yetirməli idi. Məhkəmə hesab edir ki, heç bir qiymətləndirmə və ya qeyd-şərt edilmədən edilən həmin bəyanatlar ərizəçilərin cinayət əməlini törətməsi haqqında aydın və birmənalı ifadə edilmiş sözlərdən ibarət idi. Beləliklə, onlar müvafiq məhkəmə orqanı tərəfindən faktların qiymətləndirilməsindən öncə fikir irəli sürürdü və ictimaiyyətdə qanunla sübut edilməsindən öncə ərizəçilərin təqsirli olması haqqında fikir yaradırdı.
233. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə qeyd edir ki, ərizəçilərin dövlət məmurları və dövlət orqanları tərəfindən edilən digər bəyanatları ilə bağlı dəlillərinin təhlili zəruridir.
234. Beləliklə, iş üzrə Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinin pozuntusu baş vermişdir.
V. KONVENSİYANIN 11-ci MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
235. Birinci, ikinci və üçüncü ərizəçilər ədalətsiz cinayət mühakimələrinin onların Konvensiyanın 11-ci maddəsi ilə təmin edilən dinc toplaşmaq azadlığına son qoymaq məqsədi daşıdığından şikayət etmişlər. Həmin maddədə deyilir:
“1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.”
A. Tərəflərin dəlilləri
236. Hökumət ərizəçilərdən heç birinin daxili hüquq vasitələrini tükəndirmədiyini bildirmişdir. Belə ki, onlardan heç biri Konvensiyanın 11-ci maddəsi üzrə hüquqlarının pozuntusu ilə bağlı rəsmi şikayət təqdim etməmişdir.
237. Bundan başqa, Hökumət nümayişçilərin bir sıra polis əməkdaşları və mülki şəxslərin xəsarət aldığı və ictimai və şəxsi mülkiyyətə əhəmiyyətli dərəcədə zərər vurulduğu zorakı niyyətləri və zorakı əməllərini sübut edən yetərincə şahid və video sübutların olduğunu qeyd etmişdir. Yuxarıdakıların əsasında Hökumət nümayişin “dinc toplaşmaq” olmadığını və bu səbəbdən Konvensiyanın 11-ci maddəsinin müdafiəsi altına düşmədiyini irəli sürmüşdür.
238. Nəhayət, Hökumət bildirmişdir ki, istənilən halda 11-ci maddə tətbiq edilsə və Məhkəmə ərizəçilərin 11-ci maddədən irəli gələn hüquqlarına müdaxilə edildiyi fikrində olsa belə, həmin müdaxilə qanunla nəzərdə tutulmuş, ictimai təhlükəsizlik və digərlərinin hüquq və azadlıqlarını qorumaq kimi qanuni məqsəd daşımış və “demokratik cəmiyyətdə zəruri idi”, çünki ərizəçilər yanlış hərəkətlərinin, yəni çoxsaylı insanların xəsarət alması və mülkiyyətə ziyan vurulması ilə nəticələnən əməllərinin müvafiq cəzasını almışlar.
239. Ərizəçilər şikayətin məqbuliyyəti ilə bağlı Hökumətin etirazlarını şərh etməmişlər.
240. Ərizəçilər Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulması ilə yanaşı ədalətsiz məhkəmə araşdırmasından sonra “kütləvi iğtişaşın təşkil edilməsində” təqsirli bilinmələrinin onların Konvensiyanın 11-ci maddəsi ilə təmin edilən hüquqlarının da pozulması ilə nəticələndiyini iddia etmişlər. Onlar bildirmişlər ki, onların məhkum edilməsinin arxasında duran yeganə səbəb prezident seçkilərinin nəticələrinə qarşı ictimai etirazlara çağıran müxalifət liderləri olması faktı idi.
241. 2003-cü il 16 oktyabr hadisələri ilə bağlı ərizəçilər qeyd etmişlər ki, cənab İ.Qəmbərin seçiciləri qanunauyğun nümayiş keçirmək üçün icazə ilə bağlı öncədən müraciət etmələrinə baxmayaraq, onlara icazə verməkdən imtina edilmişdir. Ərizəçilər özlərinin və digər nümayişçilərin Hökumət orqanlarının rəsmi icazəsi olmadan belə dinc toplaşmaq hüququ olduğunu bildirmişlər. Ərizəçilər Hökumətin nümayişin zorakı olması ilə bağlı düşüncəsi ilə razılaşmamışdır. Onlar iddia etmişlər ki, yalnız bir qrup “təhrikçi” narahatlıq yaratmaq üçün toplanmış, lakin hüquq mühafizə orqanları nümayişin dağıdılmasında gərəksiz və hədsiz zorakılıq göstərmişlər.
242. Ərizəçilərin fikrincə, dövlət orqanlarının nümayişçilərə qarşı güc tətbiq etməsi və ərizəçilərin özləri də daxil olmaqla, çoxsaylı nümayişçilərin müxtəlif əməllərlə bağlı saxlanması və ədalətsiz mühakiməsi onların dinc toplaşmaq azadlığı hüququna müdaxilə etmişdir.
B. Məhkəmənin qiymətləndirməsi
1. Məhkəmə qarşısında qaldırılan şikayətin əhatəsi
243. Məhkəmə ərizəçilərə qarşı aparılan icraatların və hazırkı işlə bağlı bütün digər hadisələrin birbaşa 2003-cü il 15 və 16 oktaybr hadisələri ilə əlaqəli olduğu faktını diqqətsiz qoya bilməz. Bu səbəbdən, öz mahiyyətinə görə hadisələr dinc toplaşmaq azadlığı ilə əlaqəlidir. Bu isə, öz növbəsində demokratik cəmiyyətin əsasında duran başlıca azadlıqlardan biridir. Məhkəmə təkrar edir ki, dinc toplaşmada iştirak etmək azadlığı şəxsin qadağan edilməyən nümayişdə iştirakı üçün sanksiyaya məruz qalmaması qədər əhəmiyyətlidir, bir şərtlə ki, şəxs həmin halda cəzalandırıla bilən əməl törətməmiş olsun (baxın, Ezelin Fransaya qarşı, 26 aprel 1991-ci il, § 53, A Seriyaları, no. 202). Bundan əlavə, dövlət hakimiyyəti orqanları Konvensiyanın 11-ci maddəsi ilə təmin edilən toplaşmaq azadlığının öz mahiyyətini itirmədiyi müddətdə dinc yığıncaqlarla bağlı müəyyən dərəcədə təmkinli davranmalıdır (baxın, Oya Ataman Türkiyəyə qarşı, no. 74552/01, §§ 38-42, İHAM 2006‑XIII). Bununla yanaşı, Məhkəmə qeyd edir ki, onun vəzifəsi qarşısında açıq-aydın və ya mahiyyəti üzrə qaldırılmış işlərə baxmaqdır.
244. Bununla bağlı, ərizəçilərin müvafiq ərizələrindəki ilkin şikayətlərinə nəzər salaraq, Məhkəmə hesab edir ki, onlar nümayişin keçirilməsinə rəsmi icazə verilməməsi və ya nümayişiin dağıdılması, yaxud da nümayişin dağıdılma faktı baxımından Konvensiyanın 11-ci maddəsi üzrə hüquqlarının pozulmasından şikayətlənməmişlər. Bu səbəbdən, Məhkəmə həmin məsələlərin hazırkı şikayətlərin xaricində qaldığını hesab edir. Hər bir halda nümayişçi qismində ərizəçilərdən hər hansı biri daxili məhkəmələrə dövlət orqanlarının nümayişin keçirilməsinə icazə verməməsinin qanunsuz olması və ya onların zorla nümayişi dağıtmaq qərarlarının ərizəçilərin özlərinin və digər nümayişçilərin dinc toplaşmaq azadlığı hüquqlarını pozduğunu iddia edən şikayətlə müraciət etməmişdir. Beləliklə, yuxarıda qeyd edilmiş məsələlərlə bağlı istənilən şikayət daxili hüquq vasitələrin tükənməməsi səbəbindən hətta Məhkəmə qarşısında qaldırılmaları kimi niyyət olsa da, qeyri-məqbul olacaqdı.
245. Lakin ilkin şikayətlərində Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərindən əlavə, ərizəçilər “kütləvi iğtişaşların təşkili” ilə bağlı məruz qaldıqları ədalətsiz mühakimənin onların 11-ci maddə üzrə də hüquqlarını pozduğundan şikayət etmişlər. Onlar bu məsələ ilə bağlı 6-cı maddə üzrə irəli sürdükləri eyni dəlillərə istinad etmişlər. Beləliklə, hazırkı şikayətlərin əhatəsi icazəsiz nümayişin ardından ədalətli məhkəmə araşdırması tələbinə zidd olaraq ərizəçilərin “kütləvi iğtişaşların təşkilində” ittiham edilmələrinin 11-ci maddə üzrə pozuntu təşkil edib-etmədiyi və müsbət halda əsaslı olub-olmadığı məsələsi ilə məhdudlaşırdı.
2. Şikayətin məqbuliyyəti
246. Bu şikayətin yuxarıda qeyd edilmiş əhatəsi nəzərə alınaraq, Məhkəmə Hökumətin 11-ci maddənin tətbiq edilməməsi ilə bağlı etirazını rədd edir. Bundan əlavə, Məhkəmə hesab edir ki, Hökumətin daxili vasitələrin tükənməməsi ilə bağlı etirazı da təmin edilməməlidir. Ərizəçilərin cinayət mühakiməsinin ədalətsizliyi ilə bağlı iddiasına gəldikdə, onlar daxili hüququn onlara verdiyi bütün şikayətlərdən istifadə etmiş və onların bəyanatları Məhkəmə qarşısında qaldırılmış bəyanatlarla mahiyyətcə oxşar idi. Hökumət müvafiq cinayət məhkəmələrinin ərizəçiləri kütləvi iğtişaşların təşkilinə görə məhkum etməsindən sonra onların xüsusilə Konvensiyanın 11-ci maddəsi altında edilmiş, lakin eyni şikayətlərlə bağlı daxili apellyasiya şikayətlərinin necə müvəffəqiyyətli ola biləcəyinə izah gətirməmiş və Məhkəmə də bunu anlamamışdır.
247. Şikayətin qeyri-məqbul elan edilməsi üçün heç bir başqa səbəb gətirilməmişdir. Bu səbəbdən, Məhkəmə həmin şikayəti yuxarıdakı 245-ci paraqrafda təsvir edilmiş çərçivədə məqbul elan edir.
3. İşin mahiyyəti
248. Məhkəmə qeyd edir ki, ərizəçilərin nümayişlərdə iştirak etməsi səbəbindən deyil, nümayişin gedişindəki xüsusi davranışları, məsələn, zorakılıq və ya zorakılığa təhrik səbəbindən cəzalandırma halları arasında fərqləndirilmənin aparılması zəruridir (müqayisə edin, mutatis mutandis, G. Almaniyaya Federativ Respublikasına qarşı, no. 13079/87, Komissiyanın 06 mart 1989-cu il tarixli qərarı). Müvafiq olaraq, bu şikayətin başlıca mövzusu ərizəçilərin zorakılığa təhrikdə iştirak edib-etməməsinin müəyyənləşdirilməsidir. Həmin suala ədalətli məhkəmə araşdırmasına təminat verən müvafiq səlahiyyətli daxili məhkəmə cavab tapmalı idi. Məhkəmə hazırkı işdəki cinayət icraatlarının tələb edilən ədalətlilik təminatına cavab vermədiyini aşkarlamışdır. Bundan əlavə, ərizəçilərin məqbul elan edilən 11-ci maddə üzrə şikayətlərinə dair bəyanatları 6-cı maddə üzrə bəyanatları ilə eynidir.
249. Belə olan halda, ərizəçilərin mühakimənin ədalətsizliyi ilə bağlı dəlilləri 6-cı maddənin pozuntusunun aşkarlanması ilə əhatə olunması səbəbindən, Məhkəmə hesab edir ki, 11-ci maddə üzrə ayrıca araşdırma aparılmasına ehtiyac yoxdur.
VI. KONVENSİYANIN DİGƏR İDDİA EDİLƏN POZUNTULARI
250. Konvensiyanın 8-ci maddəsinə istinad edərək birinci ərizəçi saxlandığı müddətdə polis əməkdaşlarının onun mənzilinə axtarış qərarı olmadan daxil olması və evinə hörmət hüququnu pozmasından şikayət etmişdir. Bütün ərizəçilər Konvensiyanın digər şikayətləri ilə birgə götürülmüş 14-cü maddəsinə əsaslanaraq, müxalifətin üzvləri kimi siyasi görüşlərinə görə istintaqa cəlb edildikləri və daxili məhkəmələrin şahid ifadələrini yalnız həmin şahidlərin də müxalifət partiyalarının üzvü olmaları səbəbindən rədd etməsindən şikayət etmişlər.
251. Mövcud olan bütün materiallar baxımından və şikayət edilən mövzuların səlahiyyəti çərçivəsində olduğu qədər Məhkəmə, onların Konvensiya və onun Protokollarında qeyd edilmiş hüquq və azadlıqları pozmadığını aşkarlamışdır. Belə məlum olur ki, şikayətin bu hissəsi açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
VII. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
252. Konvensiyanın 41-ci maddəsində qeyd edilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Zərər
1. Maddi zərər
253. Birinci ərizəçi maddi zərərə görə, eləcə də həbsdə olduğu müddətdə tibbi müayinə və ailəsinin ona gətirdiyi qida məhsulları ilə bağlı çəkdiyi xərclər, həmçinin “dövlət sisteminin hər pilləsində” məruz qaldığı korrupsiyanın ona vurduğu zərər də daxil olmaqla, 670.000 avro tələb etmişdir.
254. İkinci ərizəçi həbsdə olduğu müddətdə ailə üzvləri tərəfindən ona gətirilən qida məhsulları və dərmanlar, eləcə də həmin müddətdə itirdiyi qazanca görə 45.000 avro ödənilməsini tələb etmişdir.
255. Üçüncü ərizəçi maddi zərərə görə həbsdə olduğu müddətdə ailəsinin gətirdiyi qida məhsullarına çəkilən xərclərə görə 17.000 avro ödənilməsini tələb etmişdir.
256. Dördüncü ərizəçi həbsdə olduğu zaman ailə üzvləri tərəfindən ona gətirilən qida məhsulları və tibbi müayinəsi üçün çəkdiyi xərclərə, eləcə də “dövlət sisteminin hər pilləsində” məruz qaldığı korrupsiyanın ona vurduğu zərərə görə 620.000 avro ödənilməsini tələb etmişdir.
257. Hökumət ərizəçilərin iddialarının əsassız olduğunu və heç bir sənədli sübuta əsaslanmadığını iddia etmişdir.
258. Məhkəmə aşkarlanan pozuntular və ərizəçilərin mənəvi zərərlə bağlı iddiaları arasında heç bir səbəbli nəticə əlaqəsi görmür. İstənilən halda yuxarıdakı iddialardan heç birinin sübutu yox idi. Bu səbəbdən, Məhkəmə ərizəçilərin maddi zərərlə bağlı iddialarını təmin etməmişdir.
2. Mənəvi zərər
259. Bütün ərizəçilər Konvensiya hüquqlarının pozulması ilə bağlı mənəvi kompensasiyanın ödənilməsini tələb etmişlər. Birinci ərizəçi 70.000 avro, ikinci ərizəçi 250.000 avro, üçüncü ərizəçi 50.000 avro və dördüncü ərizəçi 400.000 avro tələb etmişdir.
260. Hökumət tələb edilən məbləğlərin əsassız və həddindən artıq yüksək olduğunu bildirmiş və pozuntuların aşkarlanmasının hər hansı bir mənəvi zərərin ödənilməsi üçün yetərli kompensasiyanı təşkil etdiyini iddia etmişdir.
261. Məhkəmə ərizəçilərin pozuntunun aşkarlanması ilə ödənilə bilməyəcək mənəvi çətinliyə məruz qaldıqlarını hesab edir. Konvensiyanın 41-ci maddəsi ilə tələb edilən şəkildə ədalətli qiymətləndirmə apararaq, Məhkəmə hər bir ərizəçiyə 10.000 avro və hesablana biləcək vergilərin məbləğini təyin etmişdir.
262. Məhkəmə təkrar edir ki, Konvensiyanın 6-cı maddəsinin təmin etdiyi kimi hüquqlarının potensial pozulmasına baxmayaraq ərizəçinin məhkum edildiyi halda, o, bu müddəanın pozulmadığı təqdirdə olacağı vəziyyətə mümkün qədər qaytarılmalıdır (baxın, Pyersak Belçikaya qarşı (50-ci maddə), 26 oktyabr 1984-cü il, § 12, A Seriyaları, no. 85). Yuxarıda qeyd edildiyi kimi, hazırkı işdəki cinayət icraatları ədalətlilik tələblərinə cavab vermir. Belə olan halda, Konvensiyanın 6-cı maddəsinə uyğun olaraq bərpa etmənin ən müvafiq tərzi, prinsipcə, iş üzrə icraatın yenidən həyata keçirilməsi olardı (baxın, mutatis mutandis, Somogyi İtaliyaya qarşı, no. 67972/01, § 86, İHAM 2004-IV; Şulepov Rusiyaya qarşı, no. 15435/03, § 46, 26 iyun 2008-ci il; yuxarıda qeyd olunmuş Maksimov, § 46; və yuxarıda qeyd olunmuş Abbasov, §§ 41-42). Bununla bağlı, Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 455 və 456-cı maddələri nəzərdə tutur ki, Məhkəmə Konvensiyanın pozulmasını müəyyən etdikdə, cinayət icraatı Ali Məhkəmənin Plenumu tərəfindən yenidən açıla bilər.
B. Xərc və məsrəflər
263. Birinci ərizəçi hüquqi xərclər və daxili məhkəmələr qarşısında çəkdiyi digər xərclər üçün 7.000 avro və Məhkəmə qarşısında çəkdiyi xərclər üçün 5.500 avro (hüquqi xərclər üçün 4.500 avro və poçt xidmətləri üçün 1.000 avro ) daxil olmaqla, məhkəmə xərcləri üçün 12.500 avro tələb etmişdir. Məhkəmə qarşısında hüquqi xərclərinin sübutu olaraq o, cənab F.Ağayevlə bağladığı müqaviləni təqdim etmişdir.
264. İkinci ərizəçi Məhkəmə qarşısındakı xidmətləri üçün cənab Hacılıya ödədiyi “təxminən” 1.500 avro daxil olmaqla, daxili məhkəmələr qarşısında xərcləri üçün 6.500 avro tələb etmişdir. Bunun sübutu olaraq o, vəkilinə ödədiyi 2.000 AZN məbləğində hesab-fakturanı təqdim etmişdir.
265. Üçüncü ərizəçi məhkəmə xərcləri üçün daxili məhkəmələr qarşısındakı icraatlarda çəkdiyi 3.000 avro və Məhkəmə qarşısındakı icraatlarda xərclədiyi 4.500 avro daxil olmaqla, 7.500 avro tələb etmişdir. O, həmçinin tərcümə xidmətləri üçün 2.592 avro və poçt xidmətləri üçün 1.000 avro tələb etmişdir. O, Məhkəmə qarşısındakı xidmətlərlə bağlı cənab İ.Əliyevlə hüquqi xidmətlər üzrə müqaviləni, tərcümə xidmətləri üzrə müqaviləni və əlavə tərcümə xidmətləri üçün etdiyi ödənişi təsdiqləyən hesab-fakturanı təqdim etmişdir.
266. Dördüncü ərizəçi hüquqi xidmətlər və daxili məhkəmələr qarşısında digər xərclər üçün 10.000 avro və Məhkəmə qarşısında xərclər üçün 5.500 avro (hüquqi xidmətlər üçün 4.500 avro və poçt xidmətləri üçün 1.000 avro) daxil olmaqla, məhkəmə xərcləri üçün 15.500 avro tələb etmişdir. Məhkəmə qarşısında hüquqi xərclərin sübutu olaraq o, cənab F.Ağayevlə bağladığı müqaviləni təqdim etmişdir.
267. Hökumət bildirmişdir ki, iddia edilən məbləğlər yüksək, yersiz və saxta idi. Onlar qeyd etmişlər ki, ərizəçilər iddialarının təsdiqi olaraq sübutlar təqdim etməmişlər və ya təqdim etdikləri sübutlar yetərsiz olmuşdur.
268. Məhkəmənin presedent-hüququna əsasən ərizəçi yalnız xərclərin real olduğu, zəruri olaraq və həcmi baxımından müvafiq şəkildə çəkildiyini sübut etdikləri qədər məhkəmə xərclərinin əvəzinin ödənilməsinə nail ola bilərlər.
269. Daxili məhkəmələr qarşısında çəkilmiş hüquqi xərclər və poçt xidmətləri ilə bağlı xərclərə gəldikdə, Məhkəmə qeyd edir ki, ərizəçilərdən heç biri həmin iddialarla bağlı sənəd təqdim etməmiş və bununla əlaqədar inandırıcı səbəb gətirməmişdir. Bu səbəbdən, Məhkəmə ərizəçilərin poçt xidmətləri və daxili məhkəmələr qarşısındakı xərclərlə bağlı iddialarını təmin etməmişdir.
270. Tələblərin qalan hissəsinə gəldikdə, malik olduğu sənədlər və yuxarıda 268-ci paraqrafda qeyd edilən meyar baxımından, Məhkəmə aşağıdakı qərara gəlmişdir:
(i) Məhkəmə qeyd edir ki, birinci və dördüncü ərizəçilər Məhkəmə qarşısındakı icraatda eyni vəkil (cənab F.Ağayev) tərəfindən təmsil edilmiş və həmin xidmətlər üçün hər biri 4.500 avro tələb etmişdir. Ərizəçilər və cənab Ağayev arasında bağlanmış müqavilə və göstərilmiş xidmətlər baxımından, Məhkəmə hesab edir ki, iddia edilən məbləğlər göstərilmiş hüquqi xidmətlərə uyğun və hazırkı iş üçün çəkilmiş zəruri xərc deyildir. Bundan əlavə, Məhkəmə hər iki işdə təqdim edilmiş şikayətlər və dəlillərin oxşarlığını qeyd edir və hər iki işdə vəkillərin bəyanatlarının əsaslı hissələrinin ya eyni, ya da bir-birinə bənzər olduğuna diqqət yetirmişdir.Yuxarıdakı mülahizələri nəzərə alaraq, Məhkəmə cənab F.Ağayevin göstərdiyi hüquqi xidmətlərlə bağlı birinci və dördüncü ərizəçilərə birgə 3.200 avro məbləğ təyin edir.
(ii) Məhkəmə ikinci ərizəçinin Məhkəmə qarşısındakı xərclərlə bağlı iddiasını qəbul edir və ona 1.500 avro ödənilməsini təyin edir.
(iii) Üçüncü ərizəçi və vəkili cənab İ.Əliyev arasında bağlanmış müqavilədəki xidmətlər və faktiki göstərilmiş xidmətlərə nəzər salaraq, Məhkəmə iddia edilən məbləğlərin göstərilmiş hüquqi xidmətə müvafiq və hazırkı işdə zəruri xərc olmadığını hesab edir. Bundan əlavə, hazırkı işdə tərcümə edilən materialların ümumi həcmini nəzərə alaraq, Məhkəmə tərcümə xidmətləri ilə bağlı iddianın yüksək olduğu və bu səbəbdən yalnız bir hissəsinin qəbul edilə biləcəyini hesab edir.Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə üçüncü ərizəçiyə Məhkəmə qarşısındakı icraatlar üçün 3.000 avro təyin etmişdir.
Faiz dərəcəsi
271. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Şikayətləri birləşdirməyi qərara alır;
2. Ərizəçilərin Konvensiyanın 6-cı maddəsinin 1 və 2-ci bəndləri, eləcə də 3 “b” və “c” yarımbəndləri üzrə şikayətlərini və birinci, ikinci və üçüncü ərizəçilərin Konvensiyanın 11-ci maddəsi üzrə şikayətlərini məqbul, şikayətlərin qalan hissəsini isə qeyri-məqbul elan edir;
3. Konvensiyanın 6-cı maddəsinin 3 “b”, “c” və “d” yarımbəndləri ilə birgə həmin maddənin 1-ci bəndinin pozulduğunu qərara alır;
4. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinin pozulduğunu qərara alır;
5. Şikayətə Konvensiyanın 11-ci maddəsi üzrə ayrıca baxılmasına ehtiyac olmadığını qərara alır;
6. Qərara alır ki,
(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh Dövlət qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində aşağıdakı məbləğləri ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ödəməlidir:
(i) hər bir ərizəçiyə mənəvi zərərə görə hesablana biləcək hər hansı vergi məbləği də üstünə gəlməklə 10.000 (on min) avro;
(ii) birinci və dördüncü ərizəçilərə, cənab Hüseyn və cənab Məmmədova cənab F.Ağayevin xidmətləri ilə bağlı hesablana biləcək hər hansı vergi məbləği də üstünə gəlməklə 3.200 (üç min iki yüz) avro;
(iii) ikinci ərizəçiyə, cənab Abbasova Məhkəmə qarşısındakı hüquqi xidmətlərə görə hesablana biləcək hər hansı vergi məbləği də üstünə gəlməklə 1.500 (min beş yüz) avro;
(iv) üçüncü ərizəçiyə, cənab Hacılıya Məhkəmə qarşısındakı məhkəmə xərcləri ilə bağlı hesablana biləcək hər hansı vergi məbləği də üstünə gəlməklə 3.000 (üç min) avro;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir.
7. Ərizəçilərin kompensasiya ilə bağlı şikayətlərinin qalan hissəsini təmin etmir.
Qərar Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 26 iyul 2011-ci ildə ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Soren NilsenNina Vajiç
Katib Sədr
Full & Egal Universal Law Academy