Hatçinson (Hutchinson) Birləşmiş Krallığa qarşı [BP] – ərizə № 57592/08
17.1.2017 tarixli qərar [Böyük Palata]
Maddə 3
Ləyaqəti alçaldan cəza
Qeyri-insani cəza
Daxili işlər nazirinin azadetmə səlahiyyətlərinə aydınlıq gətirildikdən sonra ömürlük həbs cəzası almış şəxsin həbsdə saxlanılmasının davam etdirilməsi: pozuntu baş verməyib
Faktlar – Vinter və başqaları Birləşmiş Krallığa qarşı məhkəmə işində Avropa Məhkəməsi müəyyən etdi ki, İngiltərə və Uelsdə ömürlük həbs cəzası almış məhbusların azadlığa buraxılması perspektivi qeyri-müəyyəndir. "Cinayətlər (cəzalar) haqqında" 1997-ci il tarixli qanunun 30-cu maddəsi daxili işlər nazirinə istənilən məhbusu, o cümlədən ömürlük həbs cəzası alanları azad etmək səlahiyyəti versə də, "Qeyri-müəyyən müddətə təyin edilən cəzalar haqqında təlimat"ın ("Ömürlük həbs cəzası haqqında təlimat")* 12-ci fəslində nəzərdə tutulmuşdu ki, belə cəzanı çəkən məhbus yalnız sağalmaz xəstəliyi olduqda və ya fiziki cəhətdən fəaliyyət qabiliyyətini itirdikdə azadlığa buraxıla bilər. Bunlar olduqca məhdud sayda şəxsləri əhatə edən şərtlər idi və Məhkəmənin rəyinə görə, ömürlük həbs cəzası alanlar üçün Məhkəmənin presedent hüququna əsasən tələb olunan "azadlığa buraxılma perspektivi" yaratmırdı və Konvensiyanın 3-cü maddəsinin məqsədləri üçün cəzanın yüngülləşdirilməsinə imkan yaradan şərtlər sayıla bilməzdi.
Sonradan İngiltərə və Uels Apellyasiya Məhkəməsi İngiltərə qanunvericiliyində əks olunmuş mövqeyi Vinter və başqalarının işi üzrə qərarın işığında araşdırdı. Maklolinin (McLoughlin) işində** o qərara aldı ki, "Ömürlük həbs cəzası haqqında təlimat" nazirin "humanizm mülahizələrinə görə" məhbusun azad edilməsinə aidiyyəti olan bütün əhəmiyyətli halları nəzərdən keçirmək vəzifəsini məhdudlaşdıra bilməz və 3-cü maddənin tələblərinə uyğun şəkildə şərh edilməli olan həmin vəzifə "Ömürlük həbs cəzası haqqında təlimat"da göstərilən hallarla məhdudlaşmır və daha geniş məna kəsb etməklə ayrı-ayrılıqda hər bir konkret işə şamil oluna bilər. Bundan başqa, daxili işlər nazirinin qərarı əsaslandırılmalı və bu qərara məhkəmə tərəfindən yenidən baxılması mümkün olmalıdır. Beləliklə, Apellyasiya Məhkəməsinin rəyinə görə, İngiltərə və Uels qanunvericiliyi ömürlük həbs cəzası almış məhbusların müstəsna hallarda azadlığa buraxılmasına imkan verirdi.
Hazırkı işdə ərizəçi 1984-cü ilin sentyabrında soyğunçuluqda, zorlamada və üç qətl törətməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum olunmuş və çəkməli olduğu minimal cəza müddəti (tarif müddəti) 18 il müəyyən edilmişdi. 1994-cü ilin dekabrında isə daxili işlər naziri ərizəçiyə məlumat vermişdi ki, onun ömürlük həbs cəzasının müddətini azaltmamaq barədə qərar qəbul edib. "Cinayət mühakimə icraatı haqqında" 2003-cü il tarixli qanun qüvvəyə mindikdən sonra ərizəçi ona təyin olunmuş ömürlük həbs cəzasının müddətinə yenidən baxılması üçün müraciət etdi. 2008-ci ilin mayında Yüksək Məhkəmə onun cinayətlərinin ağırlığını nəzərə alaraq bu qənaətə gəldi ki, daxili işlər nazirinin qərarı ilə razılaşmamaq üçün əsas yoxdur. Ərizəçinin apellyasiya şikayəti 2008-ci ilin mayında Apellyasiya Məhkəməsi tərəfindən rədd edildi. Avropa Məhkəməsinə şikayət ərizəsində ərizəçi iddia etdi ki, ömürlük həbs cəzasının yüngülləşdirilməsi və onun azadlığa buraxılması perspektivi yoxdur, bu isə Konvensiyanın 3-cü maddəsinin pozuntusudur.
3 fevral 2015-ci il tarixli qərarla (bax: 182 saylı Məlumat bülleteni) Məhkəmənin Palatası bir səsə qarşı altı səslə bu nəticəyə gəldi ki, 3-cü maddəsinin pozuntusu baş verməyib. Ərizəçinin vəsatəti əsasında 1 iyun 2015-ci ildə iş Böyük Palatanın icraatına verildi.
Hüquqi məsələlər – Maddə 3: Maklolinin işində Apellyasiya Məhkəməsi Vinterin işi üzrə qərarda yer alan tənqidə birbaşa cavab verdi. O təsdiq etdi ki, qanun daxili işlər nazirinin üzərinə azadetmə səlahiyyətini Konvensiyanın 3-cü maddəsinə uyğun şəkildə həyata etmək vəzifəsi qoyur və aydınlıq gətirdi ki, "Ömürlük həbs cəzası haqqında təlimat" daxili işlər nazirinin məhbusun azad edilməsinə aidiyyəti olan bütün əhəmiyyətli halları nəzərdən keçirmək vəzifəsini məhdudlaşdıra bilməz, yaxud da daxili işlər nazirinin diskresion səlahiyyəti yalnız "Ömürlük həbs cəzası haqqında təlimat"da göstərilən məsələlərlə məhdudlaşdırıla bilməz. Beləliklə, Apellyasiya Məhkəməsi müvafiq daxili qanunvericiliyin məzmununa aydınlıq gətirərək Vinterin işində müəyyən edilmiş qeyri-müəyyənliyi həll etdi.
Vinterin işində müəyyən edilmiş daxili qanunvericilikdəki qeyri-müəyyənliyin aradan qaldırıldığını müəyyən etdikdən sonra Böyük Palata bu məsələni nəzərdən keçirməyə başladı ki, təyin olunmuş cəzaya yenidən baxılması prosedurunun və onun əhatə etdiyi məsələlərin xarakteri, yenidən baxmanın şərtləri, meyarları və müddəti nəzərə alınmaqla İngiltərə və Uelsdə ömürlük həbs cəzalarına yenidən baxılması proseduru 3-cü maddənin tələblərinə cavab verirdimi?
i) Yenidən baxma prosedurunun xarakteri – Məhkəmə bu yenidən baxma prosedurunun xarakterinə görə məhkəmə hakimiyyət tərəfindən deyil, icra hakimiyyət tərəfindən həyata keçirilən prosedur olduğu və bu halın 3-cü maddənin tələblərinə zidd olduğu barədə özünün əvvəlki presedent hüququnda gəldiyi qənaətdən kənarlaşmaq üçün heç bir səbəb görmədi. O, bununla bağlı qeyd etdi ki, daxili işlər naziri azadetmə səlahiyyətini Konvensiyada müəyyən edilmiş hüquqlara uyğun şəkildə tətbiq etmək, Məhkəmənin müvafiq presedent hüququnu nəzərə almaq və hər bir qərarını əsaslandırmaq vəzifəsini daşıyırdı. Bundan başqa, daxili işlər nazirinin qərarlarına daxili məhkəmələr tərəfindən yenidən baxıla bilərdi və Hökumət bildirdi ki, bu cür yenidən baxma formal və ya prosessual əsasların yoxlanması ilə məhdudlaşmır, həm də işə mahiyyəti üzrə baxılmasını əhatə edirdi.
ii) Yenidən baxma prosedurunun əhatə etdiyi məsələlər – Apellyasiya Məhkəməsi Maklolinin işində belə bir mühüm məsələni qeyd etmişdi ki, qanunun 30-cu maddəsində qeyd edilən "müstəsna hallar" "Ömürlük həbs cəzası haqqında təlimat"da yer alan ölümqabağı situasiyalarla məhdudlaşa bilməz və humanizm mülahizələri əsasında azadetmə ilə əlaqədar olan bütün müstəsna halları əhatə etməlidir. Apellyasiya Məhkəməsi "müstəsna hallar" sözlərinin mənasına əlavə aydınlıq gətirməkdən və ya bu məsələ ilə bağlı meyarları müəyyənləşdirməkdən imtina etsə də, ölkədaxili məhkəmələrin öncəki presedent hüququnu xatırlatdı, belə ki, həmin məhkəmələr qərara almışdılar ki, məhbusun həbsxanada olduğu müddətdə nail olduğu müstəsna irəliləyişlər azadetmə məsələsinə baxılarkən nəzərə alınmalıdır. Beləliklə, aydındır ki, qanunvericilikdə nəzərdə tutulan "müstəsna hallar" anlayışı islah olunma istiqamətində müstəsna irəliləyişləri də əhatə edir. Eynilə, "Ömürlük həbs cəzası haqqında təlimat"da yer alan "humanizm mülahizələri" termininin məhdud çərçivəli şərhinə Apellyasiya Məhkəməsinin qərarı ilə düzəliş edilmiş və həmin qərarda təsdiq edilmişdi ki, bu termin dar çərçivəli humanizm mülahizələri ilə məhdudlaşmır və 3-cü maddənin tələblərinə uyğun olan daha geniş məna kəsb edir.
iii) Yenidən baxma prosedurunun meyarları və şərtləri – Məhkəmə təsdiq etdi ki, iş üçün əhəmiyyət kəsb edən sual ondan ibarətdir ki, ölkənin cəzaçəkmə sistemində ömürlük həbs cəzası çəkən məhbuslar azadlığa buraxılmaları məsələsinə baxılması üçün nə etməli olduqlarını və yenidən baxma prosedurunun hansı şərtlərlə həyata keçirildiyini bilirlərmi? Bu məsələ ilə bağlı ölkədaxili sistem kifayət qədər konkretliyə və ya dəqiqliyə malik sistem sayıla bilər, belə ki, birincisi, 30-cu maddədə nəzərdə tutulmuş səlahiyyətin tətbiqi zamanı Avropa Məhkəməsinin müvafiq presedent hüququ, yəni bütün indiki və gələcək qərarları rəhbər tutulur və ikincisi, 30-cu maddədə istifadə edilmiş terminlərin konkret mənası praktikada daha da konkretləşdirilir. Bu sonuncunun kontekstində qeyd etmək lazımdır ki, daxili işlər naziri hər bir qərarını əsaslandırmaq vəzifəsini daşıyır və belə qərarlara məhkəmə tərəfindən yenidən baxıla bilər ki, bu da azadetmə səlahiyyətinin ziddiyyətsiz və şəffaf şəkildə tətbiqinin təminatıdır.
iv) Yenidən baxma prosedurunun müddəti – Qeyri-müəyyənliklə əlaqədar olaraq Vinterin işində ifadə edilmiş narahatlığın (3-cü maddə əsasında şikayət etməsinə icazə verilənə qədər məhbus qeyri-müəyyən sayda illər ərzində cəza çəkmək məcburiyyətində qalmamalıdır) və bu qeyri-müəyyənliyin ömürlük həbs cəzası almış məhbus üçün doğurduğu nəticələrin ərizəçinin məsələsinə aidiyyəti olduğunu söyləmək olmazdı. 30-cu maddədə nəzərdə tutulmuş yenidən baxma proseduru məhbus tərəfindən istənilən vaxt başladıla bilərdi və ərizəçi azadlığa buraxılması məsələsinə baxılması üçün daxili işlər nazirinə müraciət etməsinin qarşısını alan və ya onu bu işdən çəkindirən hər hansı məsələnin olduğunu bildirməyib.
Yekun olaraq, Maklolinin işi ölkədaxili hüquq sistemində mövcud olan, Vinterin işində aşkara çıxarılan qeyri-müəyyənliyi, yəni tətbiq edilən qanunvericiliklə dərc olunan dövlət siyasəti arasındakı uyğunsuzluğu aradan qaldırdı. Bundan əlavə, Apellyasiya Məhkəməsi təyin olunmuş cəzaya daxili işlər naziri tərəfindən yenidən baxılmasının əsaslarına və əhatə etdiyi məsələlərə, yenidən baxmanın hansı qaydada aparılmalı olduğuna, habelə həbsdə saxlanmanın davam etməsinə qanuni penoloji əsaslarla haqq qazandırmaq daha mümkün olmadıqda daxili işlər nazirinin ömürlük həbs cəzası almış məhbusu azad etmək vəzifəsinə aydınlıq gətirdi. Həbsdə saxlanmanın qanuni penoloji əsaslarının qeyd edilməsi ömürlük həbs cəzası almış məhbusun azadlığa buraxılması üçün hansı hallarda müraciət edə biləcəyinə aydınlıq gətirilmiş oldu və yəqin ki, bu məsələ ölkədaxili hüquq praktikasında daha ətraflı şəkildə müəyyən edilə bilər. Milli məhkəmələrin qanunla müəyyən edilmiş Avropa Məhkəməsinin 3-cü maddə üzrə presedent hüququnu və onun gələcək inkişafını nəzərə almaq öhdəliyi əlavə mühüm təminat təşkil edir.
Müvafiq olaraq, hazırda ömürlük həbs cəzası yüngülləşdirilə bilən cəza sayıla bilər ki, bu da Konvensiyanın 3-cü maddəsinin tələblərinə uyğundur.***
Nəticə: pozuntu baş verməyib (üç səsə qarşı on dörd səslə).
(Həmçinin bax: Kafkaris Kiprə qarşı [BP], ərizə № 21906/04, 12 fevral 2008-ci il, 105 saylı Məlumat bülleteni; Vinter və başqaları Birləşmiş Krallığa qarşı [BP], ərizə № 66069/09 və s., 9 iyul 2013-cü il, 165 saylı Məlumat bülleteni; və Mürrey Niderlanda qarşı [BP], ərizə № 10511/10, 25 aprel 2016-cı il, 195 saylı Məlumat bülleteni; və daha ümumi məlumat üçün Ömürlük həbs cəzası mövzusunda tematik materiala bax).
* Bu sənəd Penitensiar xidmətin 4700 saylı əmri kimi dərc olunub.
** Kraliça Nyuelə qarşı (R v. Newell); Kraliça Maklolinə qarşı (R v McLoughlin) [2014] EWCA Crim 188.
*** Tərəflərin izahatları Maklolinin işi üzrə qərar nəzərə alınmaqla ömürlük həbs cəzası almış ərizəçinin durumunun Vinterin işində qeyd edilmiş 3-cü maddənin tələblərinə uyğun olub-olmaması məsələsi ilə məhdudlaşdığına görə, Məhkəmə Maklolinin işi üzrə qərarın qəbulundan sonrakı dövrdə ərizəçinin həbsdə saxlanmasının 3-cü maddənin pozuntusu olub-olmadığını araşdırmadı. Bununla belə o qeyd etdi ki, bu iki işin mühüm hallarını bir-birindən fərqləndirmək olmaz.
Full & Egal Universal Law Academy