© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2014. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSI
BÖYÜK PALATA
YANOVETS (JANOWIEC) VƏ BAŞQALARI RUSİYAYA QARŞI məhkəmə işi
(Ərizələr № 55508/07 və 29520/09)
QƏRAR
Strasburq
21 oktyabr 2013-cü il
Bu qərar qətidir, amma ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Yanovets və başqaları Rusiyaya qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi,
hakimlər:
Josep Casadeval (Josep Casadevall), sədr,
Qvido Raymondi (Guido Raimondi),
İneta Ziemele (Ineta Ziemele),
İzabella Berro-Lefevr (Isabelle Berro-Lefèvre),
Korneliu Birsan (Corneliu Bîrsan),
Per Lorensen (Peer Lorenzen),
Alvina Gülümyan (Alvina Gyulumyan),
Xanlar Hacıyev (Khanlar Hajiyev),
Draqolyub Popoviç (Dragoljub Popović),
Luis Lopes Gerra (Luis López Guerra),
Kristina Pardalos (Kristina Pardalos),
Vinsent E. de Qaetano (Vincent A. de Gaetano),
Yuliya Laffrank (Julia Laffranque),
Helen Keller (Helen Keller),
Helena Yaderblom (Helena Jäderblom),
Kşiştof Voytsiçek (Krzysztof Wojtyczek),
Dmitri Dedov (Dmitry Dedov),
habelə Katib Erik Friberqdən (Erik Fribergh) ibarət tərkibdə Böyük Palatada iclas keçirərək,
13 fevral və 5 sentyabr 2013-cü ildə qapalı müşavirə keçirərək,
yuxarıda qeyd edilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən on beş Polşa vətəndaşı (“ərizəçilər”) tərəfindən, müvafiq olaraq, 19 noyabr 2007-ci ildə və 24 may 2009-cu ildə Məhkəməyə təqdim edilmiş Rusiya Federasiyasına qarşı iki ərizə (№ 55508/07 və 29520/09) əsasında başlanıb.
2. Ərizəçilərin adları aşağıda 25-37-ci bəndlərdə sadalanır. Onlar Polşada və Amerika Birləşmiş Ştatlarında yaşayırlar. Məhkəmədəki icraatda ərizəçilər cənab Yanovetsi (Janowiec) və Tribovskini (Trybowski) Varşavada vəkillik fəaliyyəti ilə məşğul olan polşalı vəkil cənab İ. Şevçik (J. Szewczyk) təmsil edib. Qalan ərizəçiləri Hüquqi Araşdırmalar İnstitutundan olan cənab İ. Kaminski (I. Kamiński) və müvafiq olaraq, Qdansk və Şetsində vəkillik fəaliyyəti ilə məşğul olan polşalı vəkillər cənab R. Novoselski (R. Nowosielski) və cənab B. Soxanski (B. Sochański), habelə Moskvada vəkillik fəaliyyəti ilə məşğul olan rusiyalı vəkillər cənab R. Karpinski (R. Karpinskiy) və xanım A. Stavitskaya (A. Stavitskaya) təmsil ediblər.
3. Rusiya Hökumətini ("Hökumət") Rusiya Federasiyasının Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi cənab G. Matyuşkin (G. Matyushkin) təmsil edib.
4. Konvensiyanın 36-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq prosesə qatılmış Polşa Hökumətini əvvəlcə onun nümayəndəsi, Xarici İşlər Nazirliyindən olan cənab İ. Volaşeviç (J. Wołąsiewicz), sonra isə Hökumətin müştərək nümayəndəsi xanım A. Mejikovska (A. Mężykowska) təmsil ediblər.
5. Ərizələr Məhkəmənin Beşinci Bölməsinin icraatına verildi (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). 7 oktyabr 2008-ci ildə və 24 noyabr 2009-cu ildə Bölmənin sədri ərizələr barədə Rusiya və Polşa Hökumətlərinə məlumat verməyi qərara aldı. Həmçinin qərara alındı ki, Məhkəmə Reqlamentinin 41-ci Qaydası əsasında bu ərizələrə baxılmasına prioritet verilsin.
6. 5 iyul 2011-ci il tarixli qərarı ilə Məhkəmə ərizələri bir icraatda birləşdirdi. O, daha sonra qərara aldı ki, Konvensiyanın 2-ci maddəsinin prosessual aspekti üzrə şikayətlə əlaqədar zaman meyarına görə bu işin Məhkəmənin yurisdiksiyasına aidiyyəti məsələsi barədə Hökumətin etirazı işə mahiyyəti üzrə baxılması ilə eyni vaxtda nəzərdən keçirilsin və ərizələri qismən qəbul olunan elan etdi.
7. 16 aprel 2012-ci ildə aşağıdakı hakimlərdən ibarət tərkibdə təşkil edilmiş Beşinci Bölmənin Palatası qərarını elan etdi: Din Şpilmann (Dean Spielmann) (sədr), Karel Yunqvirt (Karel Jungwiert), Boştyan M. Zupançiç (Boštjan M. Zupančič), Anatoli Kovler (Anatoly Kovler), Mark Villiger (Mark Villiger), Hanna Yudkovska (Ganna Yudkivska) və Angelika Nussberger (Angelika Nußberger). O, üç səsə qarşı dörd səslə müəyyən etdi ki, Konvensiyanın 2-ci maddəsi üzrə verilmiş şikayətə mahiyyəti üzrə baxılması onun səlahiyyətinə aid deyil, iki səsə qarşı beş səslə müəyyən etdi ki, on ərizəçi barəsində Konvensiyanın 3-cü maddəsi pozulub və yekdilliklə müəyyən etdi ki, qalan ərizəçilər barəsində həmin maddənin pozuntusu baş verməyib. O, həmçinin üç səsə qarşı dörd səslə müəyyən etdi ki, cavabdeh Hökumət Konvensiyanın 38-ci maddəsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməyib.
8. 5 iyul 2012-ci ildə ərizəçilər Konvensiyanın 43-cü maddəsi və Məhkəmə Reqlamentinin 73-cü Qaydası əsasında işin Böyük Palataya göndərilməsi barədə vəsatət verdilər. 24 sentyabr 2012-ci ildə Böyük Palatanın kollegiyası vəsatəti təmin etdi.
9. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4-cü və 5-ci bəndlərinin və 24-cü Qaydanın müddəalarına uyğun olaraq müəyyənləşdirildi.
10. Ərizəçilər və Hökumət hər biri Böyük Palataya işlə bağlı memorandum (yaddaş qeydləri) təqdim etdilər.
11. Daha sonra Böyük Palatanın sədri Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi əsasında aşağıdakı təşkilatların üçüncü tərəf qismində yazılı şərhlərini təqdim etmələrinə icazə verdi: Açıq Cəmiyyət Hüquq Təşəbbüsü (Open Society Justice Initiative), Beynəlxalq Amnistiya Təşkilatı (Amnesty International) və Beynəlxalq Ümumi Hüquq və Siyasət Qrupu (Public International Law and Policy Group). Həmçinin üç qeyri-hökumət təşkilatları qrupunun – "Memorial" (Memorial), Avropa İnsan Hüquqlarını Müdafiə Mərkəzi (European Human Rights Advocacy Centre) və Keçid Dövründə Ədalət Mühakiməsi Uğrunda Şəbəkənin (Transitional Justice Network)) üçüncü tərəf qismində birgə yazılı qeydlərini təqdim etmələrinə icazə verildi.
12. 13 fevral 2013-cü ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmə keçirildi (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmədə iştirak etdilər:
a) cavabdeh Hökumətin adından:
cənab G. Matyuşkin (G. Matyushkin), nümayəndə,
cənab N. Mixaylov (N. Mikhaylov),
cənab P. Smirnov (P. Smirnov), məsləhətçilər;
b) ərizəçilərin adından:
cənab İ. Şevçik (J. Szewczyk),
cənab İ. Kaminski (I. Kamiński),
cənab B. Soxanski (B. Sochański), vəkillər;
c) Polşa Hökumətinin adından:
cənab M. Şpunar (M. Szpunar), xarici işlər nazirinin müavini,
xanım A. Mejikovska (A. Mężykowska), müştərək nümayəndə,
cənab V. Şabas (W. Schabas), məsləhətçi.
Məhkəmə ərizəçilərin adından cənab Şevçikin, cənab Kaminskinin və cənab Soxanskinin, cavabdeh Hökumətin adından cənab Matyuşkinin və Polşa Hökumətinin adından xanım A. Mejikovskanın çıxışlarını dinlədi.
FAKTLAR
I. İŞİN HALLARI
13. İş üzrə təqdim edilən və tərəflərin şübhə altına almadıqları faktları aşağıdakı kimi qısaca ümumiləşdirmək olar:
A. Tarixçə
14. 23 avqust 1939-cu ildə Sovet İttifaqının və faşist Almaniyasının xarici işlər nazirləri ölkələrinin bir-birinə hücum etməməsi haqqında ("Molotov-Ribbentrop Paktı" kimi tanınan) saziş imzaladılar, sazişə əlavə məxfi protokol da daxil idi ki, ona əsasən tərəflər "Şərqi Avropada öz müvafiq təsir dairələrinin sərhədləri məsələsi" barədə razılığa gəlmişdilər. Konkret olaraq, onlar aşağıdakıları qərara almışdılar:
"2. Polşa dövlətinə məxsus olan torpaqların məsələsinə ərazi və siyasi cəhətdən yenidən baxılacağı təqdirdə Almaniyanın və SSRİ-nin təsir dairələrinin hüdudları təxminən Narev, Visla və San çaylarının sərhədləri boyunca olmalıdır".
15. 1 sentyabr 1939-cu ildə Almaniya Polşaya müdaxilə edərək İkinci Dünya Müharibəsinə başladı. 17 sentyabr 1939-cu ildə Sovet Qızıl Ordusu Polşa ərazisinə girdi və iddia edildi ki, bu addım Polşanın şərq hissəsində yaşayan ukraynalıları və belorusları müdafiə etmək üçün atılıb, çünki Polşa dövləti Almaniyanın hücumları qarşısında dağılmışdı və daha öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilmirdi. Polşa ordusu hərbi müqavimət göstərmədi. SSRİ yenicə nəzarəti altına keçmiş ərazini ilhaq etdi və 1939-cu ilin noyabrında bəyan etdi ki, orada yaşayan 13,5 milyon Polşa vətəndaşı bundan sonra Sovet vətəndaşlarıdır.
16. Qızıl Ordunun irəliləməsinin ardınca Polşanın 250.000-ə yaxın hərbçiləri, sərhəd mühafizəçiləri, polis əməkdaşları, həbsxana mühafizəçiləri, dövlət rəsmiləri və digər dövlət qulluqçuları həbsə alındılar. Onlar tərksilah edildikdən sonra bəziləri sərbəst buraxıldılar, digərləri isə NKVD (Daxili İşlər üzrə Xalq Komissarlığı, KQB-nin sələfi) tərəfindən Kozelsk, Ostaşkov və Starobelskdə təşkil edilmiş xüsusi həbs düşərgələrinə göndərildilər. 9 oktyabr 1939-cu ildə qərara alındı ki, Polşanın hərbçilər korpusu Kozelsk və Starobelskdəki düşərgələrdə, digər dövlət qulluqçuları, o cümlədən polis əməkdaşları və həbsxana mühafizəçiləri isə Ostaşkovda yerləşdirilməlidir.
17. 1940-cı ilin əvvəlində NKVD-nin rəhbəri L. Beriya SSRİ Kommunist Partiyasının baş katibi İ. Stalinə polşalı hərbi əsirlərin güllələnməsi barədə təklifi təsdiqlənmək üçün təqdim etdi və belə əsas gətirdi ki, onların hamısı "Sovet hakimiyyətinin düşmənləri olaraq Sovet idarəetmə sisteminə nifrət edirlər", "[əks-inqilabi] işlərini davam etdirməyə" və "anti-sovet təbliğatı aparmağa çalışırlar". Təklifdə göstərilirdi ki, hərbi əsirlər üçün düşərgələrdə 14.736 nəfər keçmiş hərbçi və polis əməkdaşı saxlanılır, onların 97 faizindən çoxu Polşa vətəndaşıdır, daha 10.685 polyak isə Ukrayna və Belorusiyanın qərb rayonlarında həbsxanalarda saxlanılırlar.
18. 5 mart 1940-cı ildə SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu təklifi nəzərdən keçirdi və aşağıdakıları qərara aldı:
"I. SSRİ NKVD-sinə aşağıdakılar tapşırılsın:
1) hərbi əsirlər üçün düşərgələrdə qalan 14.700 nəfərin (Polşa ordusunun keçmiş hərbçiləri, dövlət məmurları, mülkədarlar, polis nəfərləri, kəşfiyyat agentləri, hərbi polis əməkdaşları, hərbi mükəlləfiyyətlilər və həbsxana mühafizəçiləri) işlərinə,
2) habelə həbsə alınan və Ukrayna və Belorusiyanın qərb rayonlarındakı həbsxanalarda saxlanılan, sayı 11.000 nəfər olan şəxslərin (müxtəlif əks-inqilabi casusluq və təxribatçılıq təşkilatlarının üzvləri, keçmiş mülkədarlar, fabrik sahibləri, Polşa ordusunun keçmiş hərbçiləri, dövlət məmurları və fərarilər) işlərinə xüsusi qaydada baxılsın və ən yüksək cəza (güllənməklə [ölüm cəzası]) tətbiq edilsin.
II. Məhbuslar işlərə baxılmasında iştirak üçün çağırılmasın və ya ittihamlar onlara açıqlanmasın və istintaqın yekunu barədə hər hansı bəyanatlar və ya ittiham aktları onlara verilməsin və işlərə aşağıdakıların əsasında baxılsın:
a) hərbi əsirlər üçün düşərgələrdə qalan şəxslərin işlərinə: SSRİ NKVD-sinin Hərbi əsirlərin işləri üzrə idarəsi tərəfindən təqdim edilən məlumatlar əsasında,
a) həbsə alınmış şəxslərin işlərinə: Ukrayna SSR NKVD-si və Belorusiya SSR NKVD-si tərəfindən təqdim edilən məlumatlar əsasında".
Qərar İ. Stalin, K. Voroşilov, A. Mikoyan, V. Molotov, M. Kalinin və L. Kaqanoviç tərəfindən imzalanmışdı.
19. Qətllər 1940-cı ilin aprelində və mayında baş verdi. Kozelsk düşərgəsindən olan məhbuslar Smolensk yaxınlığında Xatın meşəsi kimi tanınan yerdə qətlə yetirildilər; Starobelsk düşərgəsindən olanlar isə Xarkov NKVD-sinin həbsxanasında güllələndilər və cəsədləri Pyatixatki kəndi yaxınlığında basdırıldı; Ostaşkovda saxlanılan polis əməkdaşları Kalinin (indiki Tver) NKVD-sinin həbsxanasında güllələndilər və Mednoyedə basdırıldılar. Qərbi Ukrayna və Belorusiya həbsxanasındakı məhbusların qətllərinin icrasının halları bu günədək naməlum qalır.
20. 1942 və 1943-cü illərdə əvvəlcə Polşa dəmiryolçuları, sonra isə Almaniya ordusu Xatın meşəsi yaxınlığında kütləvi məzarlıq aşkar etdilər. Belçika, Bolqarıstan, Xorvatiya, Danimarka, Finlandiya, Macarıstan, İtaliya, Niderland, Rumıniya, Slovakiya və İsveçdən olan on iki xarici ekspertdən və onlara yardım göstərən heyətdən ibarət beynəlxalq komissiya təşkil edildi və 1943-cü ilin aprelindən iyununadək ekshumasiya işləri həyata keçirildi. 4.243 Polşa hərbçisinin cəsədlərinin qalıqları torpaqdan çıxarıldı, onlardan 2.730-unun kimliyi müəyyənləşdirildi. Komissiya bu nəticəyə gəldi ki, kütləvi qırğına görə Sovet hakimiyyəti orqanları məsuliyyət daşıyırlar.
21. Sovet hakimiyyəti orqanları buna reaksiya verərək təqsiri almanların üzərinə qoydular, Moskvanın bildirdiyinə görə, iddialara əsasən, onlar 1941-ci ilin yayında polşalı hərbi əsirlərə nəzarət edirdilər və hərbi əsirləri məhz onlar qətlə yetirmişdilər. 1943-cü ilin sentyabrında Smolensk rayonu Qızıl ordu tərəfindən azad ediuldikdən sonra NKVD N. Burdenkonun sədliyi altında Fövqəladə Dövlət Komissiyası təşkil etdi, sonuncunun məqsədi polşalı hərbçilərin qətlinə görə almanların məsuliyyət daşıdığını sübut edən dəlillər toplamaq idi. 22 yanvar 1944-cü il tarixli rəsmi məlumatda Komissiya elan etdi ki, polşalı hərbçilər 1941-ci ilin payızında almanlar tərəfindən qətlə yetiriliblər.
22. Alman hərbi cinayətkarları barəsində Beynəlxalq Hərbi Tribunalda aparılmış məhkəmə araşdırmasının gedişində Xatındakı qətllər ittiham aktında (Indictment: Count Three – War Crimes, Section C (2)) hərbi cinayət hadisəsi kimi göstərildi. 13 fevral 1946-cı ildə SSRİ Baş prokurorunun müavini cənab Pokrovski müttəhimləri 1941-ci ilin payızında 11.000 polşalı hərbi əsirin qətlə yetirilməsində ittiham edərək Fövqəladə Dövlət Komissiyasının hesabatına istinad etdi (Trial of the Major War Criminals before the International Military Tribunal, vol. VII, pp. 425-7). Şifahi ifadələrin alınmasına Sovet prokurorlarının eriraz etməsinə baxmayaraq, Tribunal 1 və 2 iyul 1946-cı ildə ittiham tərəfinin üç şahidinin və müdafiə tərəfinin üç şahidinin ifadəsini dinlədi (Vol. XVII, pp. 270-371). Məhkəmə araşdırmasının yekununda nə Beynəlxalq Hərbi Tribunalın qərarının mətnində, nə də Sovet hakiminin qərarla üstə-üstə düşməyən rəyində Xatındakı qətllər barədə heç nə deyilmədi.
23. 3 mart 1959-cu ildə Dövlət Təhlükəsizliyi Komitəsinin (KQB) sədri A. Şelepin SSRİ Kommunist Partiyasının Baş katibi Xruşşova təklif etdi ki, polşalı hərbi əsirlərin qətlə yetirilməsi barədə sənədlər məhv edilsin:
"1940-cı ildən bəri məhbuslar və həbsdə saxlanılan hərbçilər, polis nəfərləri, jandarmlar, [hərbi] mükəlləfiyyətlilər, mülkədarlar və keçmiş Polşa burjuaziyasına mənsub olan və eyni ildə güllələnən digər şəxslər barəsindəki protokollar və digər materiallar SSRİ Nazirlər Şurasının Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən saxlanılır. Sovet NKVD-sinin xüsusi üçlüyü (troyka) tərəfindən qəbul edilmiş qərara əsasən, ümumilikdə 21.857 şəxs güllələnib, onlardan 4.421-i Xatın meşəsində (Smolensk rayonu), 3.820-si Xarkov yaxınlığında Starobelsk düşərgəsində, 6.311-i Ostaşkov düşərgəsində (Kalinin rayonu), 7.305-i isə Ukrayna və Belorusiyanın qərbində digər düşərgə və həbsxanalarda saxlanılan şəxslər idi.
Bütövlükdə yuxarıda göstərilən şəxslərin məhvi üzrə əməliyyat SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin 5 mart 1940-cı il tarixli qərarı əsasında həyata keçirilib... Yuxarıda göstərilən əməliyyatın həyata keçirildiyi vaxtdan bəri işə aidiyyəti olan heç bir kəsə məlumat verilməyib və 21.857 şəxsi işin hamısı möhürlənmiş yerdə saxlanılıb.
Bu işlərin heç biri Sovet orqanları üçün hər hansı operativ və ya tarixi əhəmiyyət daşımır. Həmçinin onların polşalı dostlarımız üçün hər hansı real dəyərə malik olması da böyük şübhə doğurur. Əksinə, öncədən görülə bilməyən hər hansı insident əməliyyat barədə məlumatların aşkarlanmasına səbəb ola bilər ki, bu da ölkəmiz üçün bütövlükdə arzuolunmaz nəticələrə gətirib çıxara bilər, xüsusən nəzərə alsaq ki, 1944-cü ildə Sovet hakimiyyəti orqanlarının təşəbbüsü ilə aparılmış araşdırma Xatın meşəsində güllələnmiş şəxslərin məsələsi barəsində rəsmi versiyanı təsdiq edib...
Yuxarıdakılara əsaslanaraq, 1940-cı ildə yuxarıda göstərilən əməliyyat zamanı güllələnmiş şəxslər barəsindəki bütün protokolları məhv etmək məqsədəuyğun sayılır... Həmin şəxslərə güllələnmə hökmü çıxarmış SSRİ NKVD-sinin üçlüyünün iclaslarının protokolları və həmçinin həmin qərarın icrası barədə sənədlər saxlanıla bilər".
24. Qalan sənədlər "1 saylı qovluq" kimi tanınan xüsusi işlərin qovluqlarına daxil edildi və onlara çıxış hüququna yalnız SSRİ Kommunist Partiyasının Baş katibi malik idi. 28 aprel 2010-cu ildə onun içərisindəkilər Rusiya Dövlət Arxiv İdarəsinin saytında rəsmən açıqlandı. Qovluqda aşağıdakı tarixi sənədlər vardı: Beriyanın 5 mart 1940-cı il tarixli təklifi, Siyasi Büronun həmin gün çıxarılmış qərarı, Siyasi Büronun iclasının protokollarından çıxarılmış səhifələr və Şelepinin 3 mart 1959-cu il tarixli qeydləri.
B. Ərizəçilər və onların qurbanlarla əlaqəsi
1. 55508/07 saylı ərizəni vermiş ərizəçilər
25. Birinci ərizəçi cənab İrji-Roman Yanovets (Jerzy-Roman Janowiec) 1929-cu ildə anadan olub. O, 1890-cı ildə doğulmuş, İkinci Dünya Müharibəsindən əvvəl Polşa ordusunda leytenant olmuş cənab Andrjey Yanovetsin (Andrzej Janowiec) oğludur.
26. İkinci ərizəçi cənab Antoni-Stanislav Tribovski (Antoni-Stanisław Trybowski) 1940-cı ildə anadan olub. O, 1883-cü ildə doğulmuş, Polşa ordusunda podpolkovnik olmuş cənab Antoni Navratilin (Antoni Nawratil) nəvəsidir.
27. Həm cənab Andrjey Yanovets, həm də cənab Antoni Navratil 1939-cu ilin sentyabrında Polşaya Sovet müdaxiləsi zamanı əsir alınıblar və SSRİ-dəki Starobelsk düşərgəsinə göndəriliblər. Cənab Yanovets düşərgədəki məhbuslar arasında 3914 saylı, cənab Navratil isə 2407 saylı məhbus kimi göstəriliblər. Sonradan onlar Xarkovdakı həbsxanaya köçürülüblər və 1940-cı ilin aprelində qətlə yetiriliblər.
2. 29520/09 saylı ərizəni vermiş ərizəçilər
25. Birinci və ikinci ərizəçilər xanım Vitomila Volk-Yejerska (Witomiła Wołk-Jezierska) və xanım Oytsumila Volk (Ojcumiła Wołk), müvafiq olaraq, 1940 və 1917-ci ildə anadan olublar. Onlar 1909-cu ildə doğulmuş, İkinci Dünya Müharibəsindən əvvəl Polşa ordusunun ağır artilleriya bölməsində leytenant olmuş cənab Vinsenti Volkun (Wincenty Wołk) qızı və arvadıdır. O, 19 sentyabr 1939-cu il gecəsində Qızıl Ordu tərəfindən əsir alınıb və Kozelsk xüsusi düşərgəsində saxlanılıb (NKVD-nin 04.1940 tarixli 052/3 saylı göndəriş siyahısında adı 3-cü yerdə göstərilib). O, 30 aprel 1940-cı ildə Xatında qətlə yetirilib və basdırılıb. Onun cəsədi 1943-cü il tarixli ekshumasiya zamanı tanınıb (№ 2564).
29. Üçüncü ərizəçi xanım Vanda Rodoviç (Wanda Rodowicz) 1938-ci ildə anadan olub. O, 1983-cü ildə doğulmuş, Polşa ordusunda ehtiyat zabit olmuş cənab Stanislav Rodoviçin (Stanisław Rodowicz) nəvəsidir. O, təxminən 20 sentyabr 1939-cu ildə Macarıstan sərhədində Qızıl Ordu tərəfindən əsir alınıb və Kozelsk xüsusi düşərgəsində saxlanılıb (017/2 saylı siyahıda adı 94-cü yerdə göstərilib). O, Xatında qətlə yetirilib və basdırılıb. Onun cəsədi 1943-cü il tarixli ekshumasiya zamanı tanınıb (№ 970).
30. Dördüncü ərizəçi xanım Halina Mixalska (Halina Michalska) 1929-cu ildə anadan olub və 2012-ci ildə vəfat edib. O, 1889-cu ildə doğulmuş cənab Stanislav Yujemblonun (Stanisław Uziembło) qızı idi. Polşa ordusunun zabiti olmuş cənab Yujemblo Belostok (Polşa) yaxınlığında Qızıl Ordu tərəfindən əsir alınıb və NKVD-nin Starobelskdəki xüsusi düşərgəsində saxlanılıb (siyahıda adı 3400-cü yerdə göstərilib). Ehtimal olunur ki, o, Xarkovda qətlə yetirilib və Xarkov yaxınlığında Pyatixatkidə (indiki Ukraynada) basdırılıb.
31. Beşinci ərizəçi cənab Artur Tomaşevski (Artur Tomaszewski) 1933-cü ildə anadan olub. O, 1900-cü ildə doğulmuş cənab Şimon Tomaşevskinin (Szymon Tomaszewski) oğludur. Beşinci ərizəçinin Kobelyakidə (Kobılya) Polşa-Sovet sərhədindəki polis bölməsinin rəisi olmuş atası Sovet qoşunları tərəfindən həbs edilib və NKVD-nin Ostaşkovdakı xüsusi düşərgəsinə aparılıb (045/3 saylı siyahıda adı 5-ci yerdə göstərilib). O, Tverdə qətlə yetirilib və Mednoyedə basdırılıb.
32. Altıncı ərizəçi cənab İrji Lex Velebnovski (Jerzy Lech Wielebnowski) 1930-cu ildə anadan olub. Onun atası, 1897-ci ildə doğulmuş cənab Aleksandr Velebnovski (Aleksander Wielebnowski) Şərqi Polşada Lyuk şəhərində çalışan polis əməkdaşı idi. 1939-cu ilin oktyabrında o, Sovet qoşunları tərəfindən həbs edilib və Ostaşkov düşərgəsinə yerləşdirilib (033/2 saylı siyahıda adı 10-cu yerdə göstərilib). O, Tverdə qətlə yetirilib və Mednoyedə basdırılıb.
33. Yeddinci ərizəçi cənab Qustav Erxard (Gustaw Erchard) 1935-ci ildə anadan olub. Onun atası, 1900-cü ildə doğulmuş cənab Stefan Erxard (Stefan Erchard) Rudkada (Polşa) ibtidai məktəbin direktoru idi. O, Sovet qoşunları tərəfindən həbs edilib və Starobelsk düşərgəsində saxlanılıb (adı 3869-cu yerdə göstərilib). Ehtimal olunur ki, o, Xarkovda qətlə yetirilib və Pyatixatkidə basdırılıb.
34. Səkkizinci və doqquzuncu ərizəçilər cənab İrji Karol Maleviç (Jerzy Karol Malewicz) və cənab Kşiştof Yan Maleviç (Krzysztof Jan Malewicz), müvafiq olaraq, 1928 və 1931-ci ildə anadan olublar və cənab Stanislav Avqust Maleviçin (Stanisław August Malewicz) övladıdırlar. Doqquzuncu ərizəçi 2011-ci ildə vəfat edib. Onların atası 1989-cu ildə anadan olub və Polşa ordusunda həkim vəzifəsində qulluq edib. O, Rovnoda (Polşa) əsir alınıb və Starobelsk düşərgəsində saxlanılıb (adı 2219-cu yerdə göstərilib). Ehtimal olunur ki, o, Xarkovda qətlə yetirilib və Pyatixatkidə basdırılıb.
35. Onuncu və on birinci ərizəçilər xanım Kristina Kşişkovyak (Krystyna Krzyszkowiak) və xanım İrena Erxard (İrena Erchard), müvafiq olaraq, 1940 və 1936-cı ildə anadan olublar və cənab Mixal Adamçikin (Michał Adamczyk) qızıdırlar. 1903-cü ildə doğulmuş bu şəxs Sarnaki polis bölməsinin rəisi idi. O, Sovet qoşunları tərəfindən həbs edilib, Ostaşkov düşərgəsində saxlanılıb, Tverdə qətlə yetirilib və Mednoyedə basdırılıb (037/2 saylı siyahıda adı 5-ci yerdə göstərilib).
36. On ikinci ərizəçi xanım Kristina Mişşankovska (Krystyna Mieszczankowska) 1930-cu ildə anadan olub, cənab Stanislav Miletskinin (Stanisław Mielecki) qızıdır. Onun Polşa zabiti olmuş atası 1895-ci ildə doğulub və Sovet qoşunları tərəfindən həbs edildikdən sonra Kozelsk düşərgəsində saxlanılıb. O, Xatında qətlə yetirilib və basdırılıb; onun cəsədi 1943-cü il tarixli ekshumasiya zamanı tanınıb.
37. On üçüncü ərizəçi cənab Kşiştof Romanovski (Krzysztof Romanowski) 1953-cü ildə anadan olub, cənab Rişard Jolencovskinin (Ryszard Żołędziowski) bacısı oğludur. 1887-ci ildə anadan olmuş cənab Jolencovski Starobelsk düşərgəsində saxlanılıb (adı 1151-ci yerdə göstərilib) və ehtimala görə Xarkovda qətlə yetirilib və Pyatixatkidə basdırılıb. Onun da adının olduğu Starobelsk məhbuslarının siyahısı 1991-ci ildə Xarkov yaxınlığında birgə Polşa-Rusiya ekshumasiya əməliyyatı zamanı cəsədi çıxarılan və başında güllə yarası olan polşalı zabitin mundirinin cibindən tapılıb.
C. 159 saylı cinayət işinin istintaqı
38. 13 aprel 1990-cı ildə Polşa prezidenti V. Yaruzelskinin Moskvaya səfəri zamanı SSRİ-nin prezidenti M. Qorbaçov Xatın qırğınına aid sənədləri ona təhvil verdi. SSRİ-nin rəsmi xəbər agentliyi rəsmi məlumat dərc etdi, məlumatda yenicə açıqlanmış arxiv materialları əsasında təsdiq edilirdi ki, "Beriya, Merkulov və onların tabeliyində olanlar Xatın meşəsində törədilmiş cinayətə görə birbaşa məsuliyyət daşıyırlar".
39. 22 mart 1990-cı ildə Xarkov regional prukurorluğu şəhərin Lesopark rayonunda aşkar edilmiş kütləvi məzarlığın mənşəyi ilə əlaqədar cinayət istintaqına başladı. 6 iyun 1990-cı ildə Kalinin (Tver) prukurorluğu Ostaşkovda NKVD düşərgəsində saxlanılan polşalı hərbi əsirlərin 1940-cı ilin mayında "yoxa çıxması" (исчезновение) ilə əlaqədar cinayət işi açdı. 27 sentyabr 1990-cı ildə SSRİ Baş hərbi prokurorluğu Xarkovda açılmış 159 saylı işin istintaqını öz icraatına götürdü və istintaqı bir qrup hərbi prokurora həvalə etdi.
40. 1991-ci ilin yayında və payızında polşalı və rusiyalı mütəxəssislər Xarkov, Mednoye və Xatındakı kütləvi məzarlıq yerlərində cəsədlərin ekshumasiyasını həyata keçirdilər. Onlar həmçinin Xatın qırğını ilə əlaqədar arxiv sənədlərini nəzərdən keçirdilər, ən azı qırx şahidi dindirdilər və məhkəmə ekspertizalarının həyata keçirilməsi barədə göstəriş verdilər.
41. 14 oktyabr 1992-ci ildə Rusiya prezidenti B. Yeltsin açıqladı ki, polşalı hərbçilər Stalin və SSRİ Kommunist Partiyasının Siyasi Bürosu tərəfindən ölüm cəzasına məhkum olunublar. Rusiya Dövlət Arxivinin direktoru bir sıra sənədləri, o cümlədən 5 mart 1940-cı il tarixli qərarı Polşanın hakimiyyət orqanlarına göndərdi. 25 avqust 1993-cü ildə Polşaya səfəri zamanı prezidenti Yeltsin Varşavada Xatın xaç abidəsi önündə qurbanların xatirəsini yad etdi.
42. 1995-ci ilin mayının sonlarında Belarus, Polşa, Rusiya və Ukraynadan olan prokurorlar Varşavada işçi görüş keçirdilər və görüş zamanı 159 saylı işin istintaqındakı irəliləyişləri nəzərdən keçirdilər. İştirakçılar razılaşdılar ki, Rusiya prokurorları 1940-cı ildə 7.305 Polşa vətəndaşının qətlə yetirilməsinin hallarının müəyyənləşdirilməsindən ötrü hüquqi yardım üçün belarusiyalı və ukraynalı həmkarlarına müraciət etməlidirlər.
43. 13 may 1997-ci ildə Belarusiyanın hakimiyyət orqanları rusiyalı həmkarlarına məlumat verdilər ki, 1940-cı ildə polşalı hərbi əsirlərin qətlə yetirilməsinə aid hər hansı sənədləri aşkara çıxara bilməyiblər. 2002-ci ildə Ukraynanın hakimiyyət orqanları polşalı məhbusların Starobelsk düşərgəsindən Xarkov vilayətindəki NKVD həbsxanasına köçürülməsinə aid sənədləri təqdim etdilər.
44. 2001, 2002 və 2004-cü illərdə Polşa Milli Yaddaş İnstitutunun (INR) sədri istintaq materialları ilə tanışlıq məqsədi ilə dəfələrlə Rusiya Baş hərbi prokurorluğu ilə təmas yaratmaq istədi, amma cəhdləri uğursuz oldu.
45. 21 sentyabr 2004-cü ildə Baş hərbi prokurorluq 159 saylı cinayət işinə xitam verməyi qərara aldı və görünür, bunun səbəbi o idi ki, cinayətdə təqsirkar olduğu iddia edilən şəxslər artıq ölmüşdülər. 22 dekabr 2004-cü ildə Dövlət sirlərinin qorunması üzrə qurumlararası komissiya işin materillarının (cəmi 183 cilddən) otuz altı cildini "tam məxfi" materiallar kimi, daha səkkiz cildini isə "yalnız daxili istifadə üçün" təqdim edilə bilən materiallar kimi təsnifləşdirdi. İşin istintaqına xitam verilməsi barədə qərar "tam məxfi" qərar kimi təsnifləşdirildi və bu qərarın mövcudluğu yalnız 11 mart 2005-ci ildə Baş hərbi prokurorun keçirdiyi mətbuat konfransında açıqlandı.
46. 21 sentyabr 2004-cü il tarixli qərarın Məhkəməyə təqdim edilməsi üçün Məhkəmənin müraciətindən sonra Rusiya Hökuməti onun məxfi qərar kimi təsnifləşdirilməsinə istinad edərək onu təqdim etməkdən imtina etdi. Hökumətin təqdim etdiyi qeydlərdən belə məlum olur ki, şübhəli şəxslərin ölməsi səbəbindən işin istintaqına Cinayət Prosessual Məcəlləsinin 24-cü maddəsinin 4.1-ci bəndi əsasında xitam verilib.
47. INR-dən olan və Xatın qırğını ilə əlaqədar istintaq aparan üç prokuror və Polşa xalqına qarşı cinayətlərin təqibi üzrə mərkəzi komissiyanın baş mütəxəssisi Baş prokurorluğun dəvəti ilə 2005-ci il oktyabrın 9-dan 21-dək Moskvada səfərdə oldular. Onlar 159 saylı işin materiallarının məxfi kimi təsnifləşdirilməyən altmış yeddi cildini nəzərdən keçirdilər, amma materialların hər hansı surətlərini çıxarmalarına icazə verilmədi.
48. 8 may 2010-cu ildə Rusiya prezidenti D. Medvedev Xatın işinin istintaq materiallarının altmış yeddi cildini Polşa parlamentinin spikerinə təqdim etdi. Polşa Hökumətinin təqdim etdiyi məlumata əsasən, Rusiyanın hakimiyyət orqanları ümumilikdə təxminən 45.000 səhifədən ibarət olan 148 cildin təsdiqlənmiş surətlərini ona təqdim ediblər.
D. 55508/07 saylı ərizə üzrə icraat
49. 2003-cü ildə cənab Şevçik (ərizəçi cənab Yanovets və ərizəçi cənab Tribovskinin anası tərəfindən cəlb olunmuş polşalı vəkil) Rusiya Federasiyasının Baş prokuroruna cənab Andrjey Yanovets, cənab Antoni Navratil və bir nəfər üçüncü şəxs barəsindəki sənədlərin ona təqdim edilməsi barədə vəsatətlə müraciət etdi.
50. 23 iyun 2003-cü ildə Baş prokurorluq vəkilə cavabında məlumat verdi ki, 1940-cı ildə polşalı hərbçilərin qətlə yetirilməsi ilə əlaqədar cinayət işinin istintaqı Baş hərbi prokurorluq tərəfindən aparılır. 1991-ci ildə istintaq Xarkov, Tver və Smolensk vilayətlərində iki yüzə yaxın cəsəd aşkar edib və cənab Navratil ilə cənab Yanovets də daxil olmaqla onların bəzilərinin kimliyini müəyyənləşdirib. Onların adları Starobelsk düşərgəsindəki məhbusların siyahısında aşkar edilib. Onlar barəsindəki hər hansı əlavə sənədlər sonradan məhv edilib.
51. 4 dekabr 2004-cü ildə cənab Şevçik Baş hərbi prokurorluğa rəsmən müraciət etdi ki, qətlə yetirilmiş polşalı hərbçilərin qohumları qismində cənab Yanovetsin və cənab Tribovskinin hüquqları tanınsın və onlar prosessual sənədlərin surətləri ilə, habelə cənab Antoni Navratilə və cənab Andrjey Yanovetsə aid şəxsi sənədlərin surətləri ilə təmin edilsinlər.
52. 10 fevral 2005-ci ildə Baş hərbi prokurorluq cavabında bildirdi ki, cənab Antoni Navratilin və cənab Andrjey Yanovetsin adları Starobelsk düşərgəsində saxlanılan, 1940-cı ildə NKVD tərəfindən qətlə yetirilən və Xarkov yaxınlığında basdırılan məhbusların siyahısında var. Həmin şəxslərlə əlaqədar hər hansı əlavə materiallar əldə olunmayıb. Prosessual sənədlərin surətləri yalnız rəsmən zərərçəkən kimi tanınan şəxslərə və ya onların qohumlarına verilə bilər.
53. Daha sonra ərizəçilər cənab Yanovets və cənab Tribovski rusiyalı vəkil cənab Buşuyevin xidmətlərindən istifadə etdilər, o, Baş hərbi prokurorluqdan xahiş etdi ki, işin materialları ilə tanış olmasına icazə verilsin. 7 noyabr 2006-cı ildə Baş hərbi prokurorluq ona məlumat verdi ki, onun materiallarla tanış olmasına icazə verilə bilməz, çünki onun müştəriləri bu işdə rəsmən zərərçəkən kimi tanınmayıblar.
54. Vəkil Baş hərbi prokurorluğun 10 fevral 2005-ci il və 7 noyabr 2006-cı il tarixli imtina cavablarından məhkəməyə şikayət ərizəsi verdi. O, konkret olaraq bildirdi ki, cinayət əməlindən zərərçəkən statusu işin faktiki hallarına istinadən müəyyənləşdirilməli, məsələn, müvafiq şəxsin cinayət nəticəsində ziyana məruz qalıb-qalmaması əsasında təyin edilməlidir. Bu baxımdan müstəntiqin hər hansı şəxsi zərərçəkən kimi tanımaq qərarına faktiki halların formal olaraq tanınması kimi baxılmalıdır. Vəkil cənab Yanovets ilə cənab Tribovskinin zərərçəkən kimi tanınmasını və işin materialları ilə onun tanış olmasına icazə verilməsini tələb etdi.
55. 18 aprel 2007-ci ildə Moskva dairə hərbi məhkəməsi şikayəti rədd etdi. O, qeyd etdi ki, cənab Antoni Navratil ilə cənab Andrjey Yanovetsin adları Starobelsk düşərgəsindəki məhbusların siyahısında olsa da, onların cəsədlərinin qalıqları istintaq tərəfindən kimliyi müəyyənləşdirilmiş şəxslərin cəsədləri arasında olmayıb. Müvafiq olaraq, Hərbi məhkəmənin rəyinə görə, onların sözügedən cinayət nəticəsində öldüklərini güman etmək üçün heç bir hüquqi əsas yoxdur. İşin materiallarına gəlincə, Hərbi məhkəmə qeyd etdi ki, cinayət prosesinə xitam verilməsi barədə 21 sentyabr 2004-cü il tarixli qərar dövlət sirri elan olunub və bu səbəbdən xarici vətəndaşlar onunla tanış ola bilməzlər.
56. 24 may 2007-ci ildə apellyasiya icraatında Rusiya Federasiyasının Ali Məhkəməsi bu qərarı qüvvədə saxlayaraq Hərbi məhkəmənin gətirdiyi əsasları sözbəsöz təkrarladı.
E. 29520/09 saylı ərizə üzrə icraat
57. 20 avqust 2008-ci ildə ərizəçilərin maraqlarını təmsil edən bir qrup vəkil prokurorun 21 sentyabr 2004-cü il tarixli qərarından məhkəməyə şikayət ərizəsi verdilər. Onlar bildirdilər ki, ərizəçilərin qohumlarının adları həbsdə saxlanılan, qətlə yetirilməsinə 5 mart 1940-cı ildə SSRİ Kommunist Partiyası tərəfindən göstəriş verilən polşalı hərbçilərin arasında var idi. Bununla belə ərizəçilərə 159 saylı iş üzrə zərərçəkən statusu verilmədi və onlar nə vəsatət və şikayətlər verə, nə də işin materialları ilə tanış ola və ya qərarların surətlərini ala bilərdilər. Vəkillər həmçinin iddia etdilər ki, istintaq səmərəli olmayıb, çünki ekshumasiya olunmuş insan cəsədlərinin kimə məxsus olduğunu müəyyənləşdirmək üçün ərizəçilərdən bioloji nümunələr götürülməyib.
58. 15 oktyabr 2008-ci ildə Moskva dairə hərbi məhkəməsi şikayəti rədd etdi. O, müəyyən etdi ki, 1943-cü ildə Beynəlxalq Komissiya və Polşa Qırmızı Xaç Komitəsinin Texniki Komissiyası cəsədlərin qalıqlarını torpaqdan çıxarıb və sonra onların kimə məxsus olduğunu müəyyənləşdirmədən və ya onları saymadan yenidən basdırıb. Sonradan 1991-ci ildə onlar torpaqdan çıxarılarkən yalnız iyirmi iki şəxsin kimliyi müəyyən edilib və həmin tanınan şəxslər arasında ərizəçilərin qohumları olmayıb. Hərbi məhkəmə təsdiq etdi ki, ərizəçilərin qohumlarının adları Ostaşkov, Starobelsk və Kozelsk düşərgələrində saxlanılanların adlarının göstərildiyi NKVD siyahısına daxil edilib; lakin "“Xatın işi”nin istintaqı ... adı çəkilən şəxslərin taleyini müəyyənləşdirməyib". Onların cəsədləri tanınmadığına görə ərizəçilərin qohumlarının 21 sentyabr 2004-cü il tarixli qərarda göstərilmiş hakimiyyət səlahiyyətindən sui-istifadə cinayəti (1926-cı il tarixli Sovet Cinayət Məcəlləsinin 193-17-ci maddəsi) nəticəsində həyatlarını itirdiklərinə dair sübut yoxdur. Müvafiq olaraq, Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsi əsasında ərizəçilərə zərərçəkən statusu vermək üçün heç bir əsas yoxdur. Bundan başqa, "xarici dövlətlərin nümayəndələri" məxfi sayılan materiallarla tanışlığa buraxıla bilməzlər.
59. Vəkillər şikayət ərizəsi verdilər və orada iddia etdilər ki, ərizəçilərin qohumlarının taleyi barədə məlumatın olmaması səmərəsiz istintaqın nəticəsidir. İyirmi iki nəfərin kimliyi yalnız basdırılma yerlərində aşkar edilmiş hərbi identifikasiya nişanələri əsasında müəyyənləşdirilib və müstəntiqlər torpaqdan çıxarılmış cəsədlərin kimə məxsus olduğunu müəyyənləşdirmək üçün heç bir tədbir görməyiblər və ya hər hansı məhkəmə ekspertizası aparılması barədə göstəriş verməyiblər. Bundan başqa, bu, ictimaiyyətə məlum olan fakt idi ki, 1943-cü ildə cəsədlərin qalıqları torpaqdan çıxarılarkən 4.243 nəfərin cəsədi aşkar edilmiş, onlardan 2.730 nəfərin kimliyi müəyyənləşdirilmişdi. Kimliyi müəyyənləşdirilmiş şəxslər arasında məhkəmə prosesində şikayətçi olan şəxslərin qohumu olan üç şəxs də vardı. Şikayətçilərə zərərçəkən statusunun verilməsi genetik metodlardan istifadə etməklə cəsədlərin kimə məxsus olduğunu müəyyənləşdirməyə imkan verərdi. Nəhayət, vəkillər vurğuladılar ki, Xatın cinayət işinin materiallarında belə bir qənaəti təsdiqləyən heç bir məlumat yoxdur ki, NKVD düşərgəsindən aparılmış hər hansı polşalı hərbçi salamat qalıb və ya təbii səbəblərdən ölüb.
60. 29 yanvar 2009-cu ildə Rusiya Federasiyasının Ali Məhkəməsi 14 oktyabr 2008-ci il tarixli məhkəmə qərarını bütünlüklə qüvvədə saxladı. O, Moskva hərbi məhkəməsinin gəldiyi nəticələrdən götürülmüş geniş hissələri sözbəsöz təkrarladı və həmçinin əlavə etdi ki, 21 sentyabr 2004-cü il tarixli qərar ləğv oluna bilməz, çünki qanunla müəyyən edilmiş müddət bitib və "bəraətverici əsaslara" görə müəyyən şübhəli şəxslər barəsindəki icraatlara xitam verilib.
F. 21 sentyabr 2004-cü il tarixli qərarın məxfiliyinin götürülməsi üçün icraat
61. 26 mart 2008-ci ildə insan hüquqları sahəsində fəaliyyət göstərən Rusiyanın qeyri-hökumət təşkilatı "Memorial" Baş hərbi prokurorluğa ərizə verərək 21 sentyabr 2004-cü il tarixli qərarın məxfiliyinin götürülməsini tələb etdi. 22 aprel 2008-ci il tarixli cavabında prokurorluq "Memorial"a məlumat verdi ki, 22 dekabr 2004-cü ildə Dövlət sirlərinin qorunması üzrə qurumlararası komissiya ("Komissiya") tərəfindən təsdiq edilmiş "məxfi" statusunun ləğv edilməsi onun səlahiyyətinə daxil deyil.
62. 12 mart 2009-cu ildə "Memorial" 21 sentyabr 2004-cü il tarixli qərarın məxfiliyinin götürülməsi üçün Komissiyaya müraciət edərək iddia etdi ki, Xatın işinin istintaq materiallarının məxfiləşdirilməsi mənəvi və hüquqi cəhətdən qəbuledilməzdir və həmçinin Dövlət sirri haqqında Qanunun 7-ci maddəsinin pozuntusudur, həmin maddəyə əsasən insan hüquqlarının pozuntuları barədə hər hansı məlumatların məxfiləşdirilməsinə yol verilmir. 27 avqust 2009-cu il tarixli məktubla Komissiya "Memorial"a cavab verdi ki, onun ərizəsinə baxılıb və tələbi rədd edilib, amma məktubda əlavə təfsilatlar göstərilməmişdi.
63. "Memorial" Komissiyanın imtina cavabından Moskva şəhər məhkəməsinə şikayət etdi. 13 iyul 2010-cu ildə keçirilmiş dinləmədə məhkəmə Komissiyanın sədrlik edən hakimə ünvanlanmış 25 iyun 2010-cu il tarixli məktubunu oxudu. Məktubda deyilirdi ki, Komissiya 22 dekabr 2004-cü ildə Baş hərbi prokurorluğun 21 dekabr 2004-cü il tarixli qərarının məxfiləşdirilməsi barədə hər hansı qərar qəbul etməyib.
64. Qapalı dinləmədən sonra Moskva şəhər məhkəməsi qərarın məxfiliyinin götürülməsi barədə "Memorial"ın ərizəsini 2 noyabr 2010-cu ildə rədd etdi və konkret olaraq aşağıdakıları müəyyən etdi:
"Məhkəmə müəyyən etdi ki, 21 sentyabr 2004-cü ildə Baş hərbi prokurorluq Xarkovun meşəlik ərazisində Polşa vətəndaşlarının cəsədlərinin aşkar edilməsi ilə əlaqədar 22 mart 1990-cı ildə Ukrayna SSR-in Xarkov regional prokurorluğu tərəfindən başlanmış cinayət işinə xitam verilməsi barədə qərar qəbul edib...
İstintaq SSRİ-nin yüksək vəzifəli şəxslərinin hərəkətlərini RSFSR Cinayət Məcəlləsinin 193-17-ci maddəsinin "b" bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı hallarla hakimiyyət səlahiyyətindən sui-istifadə edilməsi kimi xarakterizə edib. Həmin vəzifəli şəxslər barəsindəki cinayət işinə Rusiya Cinayət Prosessual Məcəlləsinin 24-cü maddəsinin 1.4-cü bəndi əsasında xitam verilib (təqsirkar şəxslərin ölməsi ilə əlaqədar olaraq). Digər şəxslər barəsindəki icraata 24-cü maddəsinin 1.2-ci bəndi əsasında xitam verilib (cinayət əməli olmadığına görə).
Baş hərbi prokurorluq cinayət prosesinə xitam verilməsi barədə qərarın layihəsini orada Dövlət sirri haqqında Qanunun 9-cu maddəsində nəzərdə tutulan mənada hər hansı konfidensial və ya məxfi məlumatın olub-olmadığını təyin etməkdən ötrü ekspert rəyinin verilməsi üçün Federal Təhlükəsizlik Xidmətinə göndərib, çünki Federal Təhlükəsizlik Xidməti məxfi saydığı məlumatları Baş hərbi prokurorluğun qərarının mətnindən çıxarmaq hüququna malikdir.
Federal Təhlükəsizlik Xidmətinin ekspert komissiyası müəyyən edib ki, Baş hərbi prokurorluğun qərarının layihəsində elə məlumatlar var ki, onların məxfiliyi götürülə bilməz. Bundan əlavə, komissiya qeyd edib ki, qərar layihəsində elə məlumatlar var ki, onlarla tanış olmağa məhdudiyyətlər qoyulur...
21 sentyabr 2004-cü ildə Baş hərbi prokurorluğun rəsmisi 159 saylı cinayət işinə xitam verilməsi barədə qərar qəbul edib. Federal Təhlükəsizlik Xidmətinin yuxarıda qeyd edilən qənaətləri nəzərə alınmaqla və Dövlət sirri haqqında Qanunun 5-ci maddəsinin 4.2 və 4.3-cü bəndləri və 8-ci maddəsi və 30 noyabr 1995-ci il tarixli 1203 saylı Prezident fərmanının 80-ci bəndi əsasında sənəd "tam məxfi" kimi təsnifləşdirilib... Müvafiq olaraq, Baş hərbi prokurorluğun 21 sentyabr 2004-cü il tarixli qərarının məxfiləşdirilməsi barədə çıxarılmış qərarı qanunsuz və əsassız elan etmək haqqında "Memorial"ın vəsatətini təmin etmək üçün heç bir hüquqi əsas yoxdur...
Şikayət ərizəsində dövlət orqanları və ya vəzifəli şəxslər tərəfindən törədilmiş qanun pozuntularına aid məlumatların Dövlət sirri haqqında Qanunun 7-ci maddəsinə uyğun olaraq dövlət sirri elan olunmasının və ya məxfi kimi təsnifləşdirilməsinin yolverilməzliyi barədə irəli sürülən iddiaya gəlincə, bu arqument əsassızdır, çünki Baş hərbi prokurorluğun 21 sentyabr 2004-cü il tarixli qərarında kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətləri sahəsinə aid məlumatlar vardı, bunlar isə, Dövlət sirri haqqında Qanunun 4-cü maddəsinə əsasən, dövlət sirri təşkil edir..."
65. 26 yanvar 2011-ci ildə Rusiya Federasiyasının Ali Məhkəməsi şəhər məhkəməsinin qərarından "Memorial"ın verdiyi şikayəti rədd etdi.
G. Ərizəçilərin qohumlarına "bəraət" verilməsi üzrə icraat
66. Ərizəçilərin çoxu Xatın cinayət işinin istintaqı barədə məlumat almaq üçün və Bəraət haqqında 1991-ci il tarixli Qanunun müddəaları (aşağıda 86-cı bəndə bax) əsasında qohumlarına "bəraət" verilməsi üçün dəfələrlə Rusiyanın dövlət orqanlarına və ilk növbədə Baş hərbi prokurorluğa müraciət etdilər.
67. Xanım Oytsumila Volkun bəraət barədə vəsatətinə cavab olaraq göndərilmiş 21 aprel 1998-ci il tarixli məktubla Baş hərbi prokurorluq təsdiq etdi ki, onun əri cənab Vinsenti Volk Kozelsk düşərgəsində hərbi əsir kimi saxlanılıb və 1940-cı ilin yazında digər məhbuslarla birlikdə qətlə yetirilib. Məktubda deyilirdi ki, onun bəraət barədə ərizəsinə yalnız cinayət işinin istintaqı yekunlaşdıqdan sonra baxıla bilər.
68. 159 saylı cinayət işinə xitam verildikdən sonra xanım Vitomila Volk-Yejerska 25 oktyabr 2005-ci ildə Baş hərbi prokurorluqdan xahiş etdi ki, işin istintaqına xitam verilməsi barədə qərarın surəti ona verilsin. 23 noyabr 2005-ci il tarixli məktubla prokurorluq surəti ona verməkdən imtina edərək qərarın tam məxfi kimi təsnifləşdirilməsinə istinad etdi. 8 dekabr 2005-ci ildə Moskvadakı Polşa səfirliyi prokurorluqdan xahiş etdi ki, cənab Volka bəraət verilməsi məsələsi ilə bağlı izahat versin. 18 yanvar 2006-cı il tarixli məktubla prokurorluq belə bir rəyini ifadə etdi ki, cənab Volka və ya digər Polşa vətəndaşlarına bəraət verilməsi üçün hüquqi əsas yoxdur, çünki istintaq onların məruz qaldığı repressiyanın 1926-cı il tarixli Cinayət Məcəlləsinin hansı maddəsinə əsaslandığını müəyyənləşdirməyib. Oxşar mətni olan 12 fevral 2007-ci il tarixli məktubla xanım Volkun bu barədə daha bir xahişi eyni səbəblərdən rədd edildi.
69. 13 mart 2008-ci ildə Baş hərbi prokurorluq bütün ərizəçilərin adından vəkillərin təqdim etdiyi bəraət barədə vəsatəti rədd etdi. Prokuror bildirdi ki, 1940-cı ildə Polşa vətəndaşlarının məruz qaldığı repressiyanın hüquqi əsasını müəyyənləşdirmək mümkün deyil. Ərizəçilərin qohumlarının Ostaşkov, Kozelsk və Starobelskdəki NKVD düşərgələrindən Kalinin, Smolensk və Xarkova köçürüldüyü barədə bəzi sənədlərin olmasına baxmayaraq, Belarus, Polşa, Rusiya və Ukrayna müstəntiqlərinin birgə səyləri 1940-cı ildə onlar barəsindəki cinayət təqibinə dair hər hansı materialları və ya digər sənədləri aşkara çıxarmadı. Belə materiallar olmadığı təqdirdə Bəraət haqqında Qanunun tətbiqinin mümkünlüyü məsələsi barədə qərar vermək mümkün deyil. Bundan başqa, prokuror bildirdi ki, ərizəçilərin qohumlarının cəsədləri ekshumasiya işləri zamanı tapılmış insan qalıqları arasında aşkar edilməyib.
70. Vəkillər prokurorun imtina qərarından məhkəməyə şikayət etdilər.
71. 24 oktyabr 2008-ci ildə Moskvanın Xamovniçeski rayon məhkəməsi şikayəti rədd etdi. Məhkəmə ərizəçilərin qohumlarının adlarının NKVD-nin məhbuslar siyahısında göstərildiyini təsdiq etsə də, qeyd etdi ki, 159 saylı işin kontekstində aparılmış ekshumasiyalar nəticəsində yalnız iyirmi cəsəd tanınıb və ərizəçilərin qohumları kimliyi müəyyənləşdirilmiş şəxslər arasında olmayıb. Məhkəmə daha sonra müəyyən etdi ki, on polşalı hərbi əsirin (ərizəçilərin qohumlarının) həqiqətən öldürüldüyünü güman etmək üçün heç bir əsas yoxdur və Polşa vətəndaşlarına bəraət verilməsi məsələsində rusiyalı vəkillərin hər hansı hüquqi marağı yoxdur.
72. 25 noyabr 2008-ci ildə Moskva şəhər məhkəməsi rayon məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətini qısa ifadələrlə rədd etdi.
H. Xatın faciəsi barədə Rusiya Dumasının bəyanatı
73. Rusiya parlamentinin aşağı palatası olan Dövlət Duması 26 noyabr 2010-cu ildə "Xatın faciəsi və onun qurbanları haqqında" bəyanat qəbul etdi, orada konkret olaraq aşağıdakılar deyilirdi:
"Yetmiş il əvvəl SSRİ NKVD-sinin hərbi əsir düşərgələrində və Ukrayna SSR ilə Belorusiya SSR-in qərb rayonlarındakı həbsxanalarda saxlanılan minlərlə Polşa vətəndaşı güllələniblər.
Rəsmi Sovet təbliğatı kollektiv surətdə Xatın faciəsi adı verilmiş bu vəhşiliyə görə məsuliyyəti faşist cinayətkarlarının üzərinə qoyub... 1990-cı illərin əvvəllərində bizim ölkəmiz Xatın faciəsi haqqında həqiqətin müəyyən edilməsi istiqamətində böyük uğurlara nail olub. Etiraf edilib ki, İkinci Dünya Müharibəsi zamanı SSRİ ərazisində Polşa vətəndaşlarının kütləvi qırğını totalitar dövlətin özbaşına hərəkəti idi...
Uzun illər məxfi arxivlərdə saxlanılan və hazırda ictimaiyyətə açıqlanan materiallar nəinki bu dəhşətli faciənin miqyasını nümayiş etdirir, həm də Xatın cinayətinin Stalinin və digər Sovet rəhbərlərinin birbaşa göstərişləri ilə həyata keçirilməsi faktını təsdiq edir...
Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun bağlı arxivlərində saxlanılmış bir çox sənədlərin surətləri artıq Polşa tərəfinə verilib. Dövlət Dumasının üzvləri hesab edirlər ki, bu iş həyata keçirilməlidir. Arxivlərin öyrənilməsinin davam etdirilməsi, qurbanların siyahılarının yoxlanılması, Xatında və digər yerlərdə həlak olanların təmiz adlarının bərpa edilməsi və faciənin hallarının aşkara çıxarılması zəruridir..."
II. MÜVAFİQ BEYNƏLXALQ HÜQUQ VƏ PRAKTİKA
A. IV Haaqa Konvensiyası
74. Quru müharibəsinin qanunlarına və adətlərinə hörmət edilməsi haqqında Konvensiyada (IV) və xüsusən ona əlavə olunmuş "Quru müharibəsinin qanunlarına və adətlərinə dair Qaydalar"da (Haaqa, 18 oktyabr 1907-ci il) aşağıdakılar nəzərdə tutulur:
"Maddə 4. Hərbi əsirlər onları əsir almış şəxslərin və ya dəstələrin deyil, düşmən dövlətin hakimiyyəti altındadırlar.
Onlarla insanpərvərcəsinə davranılmalıdır.
...
Maddə 23. Xüsusi sazişlərlə müəyyən edilmiş qadağalardan əlavə, xüsusi olaraq aşağıdakılar qadağan olunur:
...
b) düşmənin əhalisinə və ya ordusuna mənsub olan şəxsləri xaincəsinə öldürmək və ya yaralamaq;
c) silahı yerə qoyan və ya daha müdafiə vasitəsinə malik olmayan, qalibə təslim olan düşməni öldürmək və ya yaralamaq...
...
Maddə 50. Birgə və ya şəxsən məsuliyyət daşımadıqları ayrı-ayrı şəxslərin hərəkətlərinə görə əhaliyə istər maddi, istərsə də digər formada hər hansı cəza tətbiq edilə bilməz".
B. Cenevrə Konvensiyası
75. Hərbi əsirlərlə rəftar haqqında Cenevrə Konvensiyasında (Cenevrə, 27 iyul 1929-cu il) aşağıdakılar nəzərdə tutulur:
"Maddə 2. Hərbi əsirlər onları əsir götürmüş şəxslərin və ya hərbi hissələrin deyil, düşmən dövlətin hakimiyyəti altındadırlar.
Onlarla hər zaman insanpərvərcəsinə davranılmalı və onlar müdafiə altında olmalı, xüsusən zorakılıq aktlarından, təhqirlərdən və ictimaiyyət tərəfindən göstərilən maraqdan müdafiə edilməlidirlər.
Onlara qarşı repressiya tədbirləri qadağandır.
...
Maddə 61. Heç bir əsir özünü müdafiə etməsinə imkan verilmədən məhkum olunmamalıdır.
Heç bir əsir təqsirləndirildiyi hüquq pozuntusunda təqsirkar olduğunu boynuna almağa məcbur edilməməlidir.
...
Maddə 63. Hərbi əsir barəsində hökm yalnız o halda qanuni sayılır ki, onu əsir saxlayan dövlətin silahlı qüvvələrinə mənsub olan şəxslər üçün müəyyən edilmiş eyni məhkəmələr tərəfindən və eyni qaydada çıxarılmış olsun".
C. Beynəlxalq Hərbi Tribunalın Nizamnaməsi
76. 8 avqust 1945-ci ildə ABŞ, Fransa, Birləşmiş Krallıq və SSRİ hökumətləri tərəfindən imzalanmış sazişə uyğun olaraq yaradılan Beynəlxalq Hərbi Tribunalın ("Nürnberq Tribunalı") Nizamnaməsinin (Statutunun) 6-cı maddəsində cinayətlərin aşağıdakı anlayışları yer alıb:
"Aşağıdakı hərəkətlər və ya onların hər hansı biri Tribunalın yurisdiksiyasına aid olan və fərdi məsuliyyətə səbəb olan cinayətlərdir:
a) sülh əleyhinə cinayətlər, yəni: təcavüzkar müharibənin və ya beynəlxalq müqavilələrə, sazişlərə və ya zəmanətlərə zidd olan müharibənin planlaşdırılması, hazırlanması və həyata keçirilməsi, yaxud yuxarıda qeyd edilən hərəkətlərin hər hansı birinin həyata keçirilməsinə yönələn ümumi planda və ya qəsddə iştirakçılıq;
b) hərbi cinayətlər, yəni: müharibə qanunlarının və adətlərinin pozuntuları. Bu pozuntular aşağıdakıları özündə ehtiva edir, lakin təkcə onlarla məhdudlaşmır: işğal olunmuş ərazinin mülki əhalisinin qətlə yetirilməsi, qəddar rəftara məruz qalması, yaxud kölə əməyinə cəlb olunmaq üçün və ya hər hansı başqa məqsəd üçün aparılması; hərbi əsirlərin və ya dənizdə olan şəxslərin qətlə yetirilməsi; girovların öldürülməsi; ictimai və ya özəl mülkiyyətin qəsb olunması; şəhər, qəsəbə və ya kəndlərin səbəbsiz yerə dağıdılması; yaxud hərbi zərurət olmadan ərazinin viran edilməsi;
c) insanlıq əleyhinə cinayətlər, yəni: müharibədən əvvəl və ya müharibə zamanı mülki əhalinin qətlə yetirilməsi, kölə halına salınması, deportasiya olunması və onlara qarşı törədilən hər hansı digər qeyri-insani hərəkətlər; yaxud siyasi, irqi və ya dini motivlərə əsaslanan, Tribunalın yurisdiksiyasına aid olan hər hansı cinayətin törədilməsi məqsədi ilə və ya həmin cinayətlə əlaqədar həyata keçirilən təqiblər (törədildikləri ölkədə daxili qanunvericiliyin pozuntusunu təşkil edib-etməmələrindən asılı olmayaraq)".
77. Sonradan bu anlayış "Nürnberq Tribunalının Nizamnaməsində və Tribunalın qərarında tanınan beynəlxalq hüquq prinsipləri"nin VI prinsipi kimi təsbit olundu, həmin prinsiplər Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 177 (II) saylı qətnaməsi əsasında 1950-ci ildə Beynəlxalq Hüquq Komissiyası tərəfindən ifadə edildi və Baş Assambleya tərəfindən təsdiq olundu.
D. Hərbi cinayətlərə və insanlıq əleyhinə cinayətlərə müddət məhdudiyyətinin tətbiq edilməməsi haqqında Konvensiya
78. Hərbi cinayətlərə və insanlıq əleyhinə cinayətlərə müddət məhdudiyyətinin tətbiqi edilməməsi haqqında Konvensiyada (26 noyabr 1968-ci il) (Rusiya Federasiyası bu Konvensiyanın iştirakçısıdır) konkret olaraq aşağıdakılar nəzərdə tutulur:
Maddə I
"Törədildiyi vaxtdan asılı olmayaraq aşağıdakı cinayətlərə heç bir müddət məhdudiyyəti tətbiq edilmir:
a) anlayışı Beynəlxalq Nürnberq Hərbi Tribunalının 8 avqust 1945-ci il tarixli Nizamnaməsində verilmiş və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 13 fevral 1946-cı il tarixli 3 (I) saylı və 11 dekabr 1946-cı il tarixli 95 (I) saylı qətnamələri ilə təsdiqlənmiş hərbi cinayətlər...
b) anlayışı Beynəlxalq Nürnberq Hərbi Tribunalının 8 avqust 1945-ci il tarixli Nizamnaməsində verilmiş və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 13 fevral 1946-cı il tarixli 3 (I) saylı və 11 dekabr 1946-cı il tarixli 95 (I) saylı qətnamələri ilə təsdiqlənmiş insanlıq əleyhinə cinayətlər (müharibə dövründə və ya dinc dövrdə törədilməsindən asılı olmayaraq)..."
Maddə IV
"Bu Konvensiyanın iştirakçısı olan dövlətlər qanunla və ya digər yolla müəyyən edilmiş müddət məhdudiyyətlərinin bu Konvensiyanın I və II maddələrində göstərilən cinayətlərə görə məhkəmə tətbiqinə və cəzalara tətbiq edilməməsini və belə məhdudiyyətlər mövcud olduğu hallarda onların ləğvini təmin etmək üçün özlərinin müvafiq konstitusiya prosedurlarına uyğun olaraq istənilən zəruri qanunvericilik tədbirlərini və ya digər tədbirləri görməyi öhdələrinə götürürlər".
E. Müqavilələr hüququ haqqında Vyana Konvensiyası
79. Rusiya Federasiyasının da iştirakçısı olduğu Müqavilələr hüququ haqqında Vyana Konvensiyasında (23 may 1969-cu il) aşağıdakılar nəzərdə tutulur:
Maddə 26
"Pacta sunt servanda"
"Qüvvədə olan hər bir müqavilə onun iştirakçıları üçün məcburidir və onlar tərəfindən vicdanla yerinə yetirilməlidir".
Maddə 27
Daxili hüquq və müqavilələrə riayət edilməsi
"İştirakçı tərəf müqaviləni yerinə yetirməməsinə haqq qazandırmaq üçün öz daxili hüququnun müddəalarına istinad edə bilməz..."
Maddə 28
Müqavilələrin qüvvəsinin geriyə şamil olunmaması
"Müqavilədə bunun əksinə dəlalət edən hər hansı niyyət aşkarlanmayıbsa və ya hər hansı digər formada müəyyən edilməyibsə, müqavilənin iştirakçı tərəf barəsində qüvvəyə mindiyi tarixədək mövcud olmuş hər hansı hərəkətə və ya fakta və ya həmin tarixədək mövcudluğu başa çatmış hər hansı situasiyaya aid müqavilə müddəaları həmin tərəf üçün məcburi deyil".
F. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt
80. Rusiya Federasiyasının da iştirakçısı olduğu Paktın 7-ci maddəsində deyilir:
"Heç kəs işgəncəyə, yaxud qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konkret olaraq, heç kəs könüllü razılığı olmadan tibbi və ya elmi eksperimentlərə məruz qalmamalıdır".
81. "Paktın iştirakçısı olan dövlətlərin üzərinə düşən ümumi hüquqi öhdəliyin xarakteri" barədə İnsan Hüquqları Komitəsinin 29 mart 2004-cü ildə (2187-ci iclasda) qəbul edilmiş 31 [80] saylı ümumi şərhində deyilir:
"Ümumiyyətlə Paktda və konkret olaraq 2-ci maddədə nəzərdə tutulmuş öhdəliklər ümumən hər bir iştirakçı dövlət üçün məcburidir. Hakimiyyətin bütün qanadları (icra, qanunvericilik və məhkəmə hakimiyyəti) və istənilən (milli, regional və ya yerli) səviyyəli digər dövlət və ya idarəetmə orqanları iştirakçı dövlətin üzərinə düşən məsuliyyəti daşıyırlar. Adətən iştirakçı dövləti beynəlxalq miqyasda, o cümlədən Komitə qarşısında təmsil edən icra hakimiyyəti edilmiş hərəkətə və onun nəticəsində Paktın pozulmasına görə iştirakçı dövlətin məsuliyyətdən azad edilməsi üçün bu fakta istinad edə bilməz ki, Paktın müddəalarına zidd olan həmin hərəkət hakimiyyətin digər qanadı tərəfindən edilib. Bu anlayış bilavasitə Müqavilələr hüququ haqqında Vyana Konvensiyasının 27-ci maddəsində yer alan prinsipdən irəli gəlir, həmin prinsipə əsasən, iştirakçı dövlət “müqaviləni yerinə yetirməməsinə haqq qazandırmaq üçün öz daxili hüququnun müddəalarına istinad edə bilməz”..."
82. Paktın 28-ci maddəsi əsasında yaradılmış İnsan Hüquqları Komitəsi 3 aprel 2003-cü ildə keçirilmiş iclasında xanım Natalya Şedkonun (Natalia Schedko) və cənab Anton Bondarenkonun (Anton Bondarenko) adından Belarusa qarşı təqdim edilmiş 886/1999 saylı məlumatı (şikayəti) nəzərdən keçirdikdən sonra aşağıdakı mülahizələrini ifadə etdi:
"10.2. Komitə qeyd edir ki, oğlunun edamının nə günü, nə saatı, nə yeri, nə də sonradan basdırıldığı dəqiq yer barədə ailəsinin məlumatlandırılmadığı haqqında məlumat müəllifinin iddiası şübhə altına alınmayıb. Bu iddia iştirakçı dövlət tərəfindən şübhə altına alınmadığına görə və iştirakçı dövlət tərəfindən ölüm cəzalarının icra praktikasına dair hər hansı digər müvafiq məlumatlar təqdim edilmədiyinə görə məlumat müəllifinin iddiası yetərincə əsaslı sayılmalıdır. Komitə oğlunun edamına gətirib çıxarmış halların, habelə onun basdırıldığı yerin davamlı olaraq qeyri-müəyyən qalmasının ölümə məhkum edilmiş məhbusun anası olaraq məlumat müəllifinə yetirdiyi təşvişi və mənəvi əzabı anlayır. Edam gününün və basdırılma yerinin ətrafındakı tam məxfilik və cəsədin dəfn edilmək üçün verilməsindən imtina ailələri bilərəkdən qeyri-müəyyən durumda və mənəvi əzab içərisində saxlamaqla qorxutmaq və ya cəzalandırmaq məqsədi daşıyıb. Komitə hesab edir ki, oğlunun edamının nəzərdə tutulduğu gün barəsində məlumat müəllifinin dövlət orqanları tərəfindən öncədən məlumatlandırılmaması, sonra isə oğlunun basdırıldığı yer barədə ona davamlı olaraq məlumat verilməməsi Paktın 7-ci maddəsinin pozuntusu olmaqla məlumat müəllifinə qarşı qeyri-insani rəftara bərabərdir".
83. İnsan Hüquqları Komitəsi 28 mart 2006-cı ildə keçirilmiş iclasında Mariam (Mariam), Filip (Philippe), Auqust (Auguste) və Tomas Sankaranın (Thomas Sankara) adından Burkina Fasoya qarşı təqdim edilmiş 1159/2003 saylı məlumatı (şikayəti) nəzərdən keçirdikdən sonra aşağıdakı mülahizələrini ifadə etdi:
"6.2. Komitə məlumatın ratione temporis (zaman meyarına görə) qəbuledilməzliyi barədə iştirakçı dövlətin arqumentlərini nəzərdən keçirdi. Həmçinin məlumat müəllifinin arqumentlərini də nəzərdən keçirdikdən sonra Komitə hesab etdi ki, cənab Tomas Sankara ilə əlaqədar şikayət ilə xanım Sankara və onun övladları ilə əlaqədar şikayət arasında fərq qoyulmalıdır. Komitə hesab etdi ki, Paktın bir neçə maddəsinin pozuntusuna səbəb olan bilən Tomas Sankaranın ölümü 15 oktyabr 1987-ci ildə baş verib və deməli, Paktın və onun Fakultativ Protokolunun Burkina Faso barəsində qüvvəyə minməsindən əvvəl olub. Buna görə də məlumatın bu hissəsi zaman meyarına görə (ratione temporis) qəbuledilməzdir. Tomas Sankaranın ölümü haqqında 17 yanvar 1988-ci il tarixli şəhadətnamədə ictimaiyyətə məlum olan və iştirakçı dövlət tərəfindən təsdiqlənən faktlara zidd olaraq onun təbii səbəblərdən öldüyünün göstərilməsi və dövlət orqanlarının həmin vaxtdan sonrakı dövrdə şəhadətnaməyə düzəliş etməməsi xanım Sankara və onun övladları üçün bu pozuntuların doğurduğu nəticələrin işığında nəzərdən keçirilməlidir.
...
12.2. 7-ci maddənin pozuntusu ilə bağlı iddiaya gəlincə, Komitə mübahisəli şəraitdə qətlə yetirilmiş şəxsin ailəsi olaraq xanım Sankaranın və oğlanlarının məruz qaldıqları və davam etməkdə olan iztirabları və psixoloji təzyiqi anlayır, belə ki, onlar Tomas Sankaranın ölümünü əhatə edən hallar və ya onun cəsədinin rəsmən basdırıldığı dəqiq yer barəsində hələ də xəbərsizdirlər. Tomas Sankaranın ailəsi onun ölümünün halları barədə məlumatlandırılmaq hüququna malikdir və Komitə qeyd edir ki, Paktın 7-ci maddəsi əsasında qadağan olunmuş hər hansı hərəkətlərlə bağlı şikayət səlahiyyətli orqanlar tərəfindən operativ və qərəzsiz şəkildə araşdırılmalıdır. Bundan əlavə, Komitə, məlumatın qəbuledilənliyi məsələsinin müzakirəsi zamanı qeyd etdiyi kimi, Tomas Sankaranın ölümü haqqında 17 yanvar 1988-ci il tarixli şəhadətnamədə düzəliş edilməməsi faktını bir daha qeyd edir, həmin şəhadətnamədə ictimaiyyətə məlum olan və iştirakçı dövlət tərəfindən təsdiqlənən faktlara zidd olaraq onun təbii səbəblərdən öldüyü qeydə alınmışdı. Komitə hesab edir ki, Tomas Sankaranın ölümü ilə bağlı araşdırma aparmaqdan imtina edilməsi, onun basdırıldığı yerin rəsmən etiraf edilməməsi və ölüm haqqında şəhadətnamədə düzəliş edilməməsi Paktın 7-ci maddəsinin pozuntusu olmaqla xanım Sankaraya və onun oğlanlarına qarşı qeyri-insani rəftar təşkil edir. ..."
III. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Rusiya Federasiyasının Cinayət Prosessual Məcəlləsi (18 dekabr 2001-ci il tarixli 174-FZ saylı Qanun)
84. 24-cü maddənin 1-ci bədində cinayət işinə xitam verilməsi üçün aşağıdakı əsaslar əks olunub:
"1) cinayət hadisəsi yoxdursa;
2) əməldə cinayət tərkibi yoxdursa;
...
4) şübhəli və ya təqsirləndirilən şəxs ölübsə (cinayət işi üzrə icraatın aparılmasının ölmüş şəxsə bəraət verilməsi üçün zəruri olduğu hallar istisna olmaqla)..."
85. 42-ci maddədə "zərərçəkənə" cinayət nəticəsində fiziki, maddi və ya mənəvi ziyana məruz qalmış şəxs kimi anlayış verilir. Şəxsin "zərərçəkən" kimi tanınması barədə qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilməlidir.
B. Bəraət haqqında Qanun (18 oktyabr 1991-ci il tarixli 1761-I saylı Qanun)
86. Preambulaya əsasən, Bəraət haqqında Qanunun məqsədi 7 noyabr 1917-ci ildən sonra Rusiya Federasiyası ərazisində təqib olunmuş bütün siyasi repressiya qurbanlarına "bəraət" verməkdir, "bəraət" termini isə belə başa düşülməlidir: "onların mülki hüquqlarının bərpası, onlara qarşı özbaşınalığın digər nəticələrinin aradan qaldırılması və onlara mənəvi ziyana görə kompensasiya ödənilməsi".
87. 1-ci maddədə "siyasi repressiyaya" belə anlayış verilir: həyatdan və ya azadlıqdan məhrumetmə də daxil olmaqla dövlət tərəfindən siyasi motivlərlə tətbiq edilən müxtəlif məhdudlaşdırıcı tədbirlər, habelə sinfi, sosial, etnik və ya dini mənşəyinə görə dövlət və siyasi quruluş üçün sosial təhlükəli hesab olunan şəxslərin hüquq və ya azadlıqlarına qoyulan hər hansı digər məhdudiyyətlər.
88. 2-ci maddə Bəraət haqqında Qanunun tətbiq dairəsini genişləndirərək onu 7 noyabr 1917-ci ildən sonra Rusiya Federasiyası ərazisində siyasi repressiyaya məruz qalmış bütün Rusiya Federasiyası vətəndaşlarına, keçmiş SSRİ vətəndaşlarına, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə şamil edir.
89. 3-cü maddə "bəraət" hüququna malik olan şəxslərin kateqoriyalarını müəyyən edir. Bu maddənin "b" bəndi Ümumrusiya Fövqəladə Komissiyasının (VÇK, ВЧК), Baş Siyasi İdarənin (QPU, ГПУ), Daxili İşlər üzrə Xalq Komissarlığının (NKVD, НКВД), Dövlət Təhlükəsizliyi Nazirliyinin (MQB, МГБ), prokurorların və onların kollegiyalarının, "xüsusi komissiyaların", üçlüklərin (troyka) və məhkəmə funksiyalarını həyata keçirən digər orqanların qərarları əsasında cinayət repressiyasına məruz qalmış şəxslərə aiddir.
C. Rusiyada məlumatların dövlət sirri kimi məxfiləşdirilməsi və məxfiliyinin götürülməsi
90. Dövlət sirri haqqında Qanunun (21 iyul 1993-cü il tarixli 5485-I saylı Qanun) preambulasına əsasən, bu qanun məlumatların dövlət sirri kimi müəyyənləşdirilməsi, məxfiləşdirilməsi və məxfiliyinin götürülməsi və Rusiya Federasiyasının milli təhlükəsizliyinin maraqları naminə məlumatların qorunması qaydasını tənzimləyir.
91. 5-ci maddədə dövlət sirri təşkil edən məlumatların kateqoriyalarının siyahısı yer alıb. Buraya konkret olaraq aşağıdakılar daxildir:
"4) kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətləri, habelə terrorizmə qarşı mübarizə sahəsində aşağıdakılar barəsindəki məlumatlar:
- kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətlərinin qüvvələri, vəsaitləri, mənbələri, metodları, planları və nəticələri və onların maliyyələşdirilməsi barəsində; ...
- kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirən orqanlarla konfidensial əsasda əməkdaşlıq etmiş və ya edən şəxslər barəsində".
92. 7-ci maddədə dövlət sirri elan oluna və ya məxfiləşdirilə bilməyən məlumatların siyahısı yer alıb. O, konkret olaraq aşağıdakılar barəsindəki məlumatları əhatə edir:
"- insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozuntuları barəsində; ...
- dövlət hakimiyyəti orqanları və ya onların vəzifəli şəxsləri tərəfindən törədilən qanun pozuntuları barəsində".
93. 13-cü maddə məlumatların məxfiliyinin götürülməsi qaydasını tənzimləyir. Orada həmçinin aşağıdakılar nəzərdə tutulur:
"Dövlət sirlərinin məxfi saxlanılmasının müddəti otuz ildən artıq ola bilməz. Müstəsna hallarda Dövlət sirlərinin qorunması üzrə qurumlararası komissiya bu müddəti uzada bilər.
94. 2 avqust 1997-ci ildə Hökumət dövlət sirri təşkil edən məlumatların xarici ölkələrə və beynəlxalq təşkilatlara verilməyə hazırlanması qaydasını ("Dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə verilməyə hazırlanması qaydası", № 973) qəbul etdi. Orada nəzərdə tutulur ki, belə məlumatların verilməsi Dövlət sirlərinin qorunması üzrə qurumlararası komissiya tərəfindən hazırlanmış rəy əsasında Rusiya Hökuməti tərəfindən həyata keçirilə bilər (3-cü bənd). Məlumatları qəbul edən tərəf beynəlxalq müqavilə bağlamaqla məxfi məlumatları qorumağı öhdəsinə götürməli, müqavilədə digər məsələlərlə yanaşı məlumatların verilməsi qaydası müəyyən edilməli, konfidensiallıq barədə maddə yer almalı və mübahisələrin həlli qaydası müəyyən edilməlidir (4-cü bənd).
D. Rusiya Federasiyasının Cinayət Məcəlləsi (13 iyun 1996-cı il tarixli 63-FZ saylı Qanun)
95. 34-cü fəsildə sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlərin siyahısı yer alıb. 356-cı maddə konkret olaraq "hərbi əsirlərlə və ya mülki əhali ilə qəddar rəftarı" qadağan edir, bu əməl iyirmi il müddətinədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
96. 78-ci maddənin 5-ci bəndində nəzərdə tutulur ki, 353-cü (müharibə), 356-cı (qadağan olunmuş müharibə vasitələri), 357-ci (soyqırım) və 358-ci (ekosid) maddələrdə müəyyən edilmiş cinayətlərə müddət məhdudiyyəti tətbiq edilmir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. MƏRHUM ƏRİZƏÇİLƏRİN QOHUMLARI MƏHKƏMƏDƏ TƏRƏF KİMİ İŞTİRAK EDƏ BİLƏRLƏRMİ?
97. Ərizəçi cənab Kşiştof Yan Maleviç 7 iyul 2011-ci ildə vəfat etdikdən sonra onun oğlu cənab Pyotr Maleviç (Piotr Malewicz) ərizəçinin qaldırdığı məhkəmə iddiasını onun əvəzinə davam etdirmək istəyində olduğunu bildirdi.
98. Palata bir daha bildirdi ki, ərizəçi icraatın gedişində vəfat etdiyi hallarda Məhkəmə bundan öncə ərizəçinin vərəsələrinin və ya ailə üzvlərinin onun məhkəmə iddiasını davam etdirmək istəyini nəzərə alıb (bax: Karner Avstriyaya qarşı, ərizə № 40016/98, 25-ci bənd, ECHR 2003-IX; və Dalban Rumıniyaya qarşı [BP], ərizə № 28114/95, 39-cu bənd, ECHR 1999-VI). Buna görə də Palata qəbul etdi ki, cənab Pyotr Maleviç mərhum atasının təqdim etdiyi şikayət ərizəsi üzrə icraatı davam etdirə bilər.
99. Ərizəçi xanım Halina Mixalska 28 noyabr 2012-ci ildə vəfat etdi. 30 yanvar 2013-cü il tarixli məktubla onun oğlu cənab Kazimerj Raçinski (Kazimierz Raczyński) məhkəmə icraatını onun əvəzinə davam etdirmək niyyətini ifadə etdi.
100. Böyük Palata razılaşır ki, həm cənab Pyotr Maleviç, həm də cənab Kazimerj Raçinski mərhum ərizəçilərin yaxın qohumudurlar. O, daha sonra qeyd edir ki, cənab Pyotr Maleviçin Məhkəmədə tərəf qismində iştirak etməsinə tərəflərdən hər hansı biri etiraz bildirməyib. Buna görə də Böyük Palata həm cənab Pyotr Maleviç barəsində, həm də analogiya əsasında cənab Kazimerj Raçinski barəsində fərqli nəticəyə gəlmək üçün heç bir səbəb görmür.
101. Müvafiq olaraq, Məhkəmə qəbul edir ki, cənab Pyotr Maleviç və cənab Kazimerj Raçinski, müvafiq olaraq, mərhum cənab Kşiştof Yan Maleviç və mərhum xanım Halina Mixalska tərəfindən verilmiş şikayət ərizəsi üzrə icraatı davam etdirə bilərlər.
II. KONVENSİYANIN 2-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
102. Ərizəçilər şikayət etdilər ki, Rusiyanın dövlət orqanları Konvensiyanın 2-ci maddəsinin prosessual aspekti üzrə öhdəliklərini yerinə yetirməyiblər, həmin aspektin tələbinə görə bu orqanlar onların qohumlarının ölümü ilə əlaqədar adekvat və səmərəli araşdırma aparmalı idilər. 2-ci maddədə aşağıdakılar nəzərdə tutulur:
"1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə məhkəmə tərəfindən çıxarılmış ölün hökmünün icrası istisna olmaqla, heç kəs bilərəkdən həyatından məhrum edilə bilməz.
2. Həyatdan məhrum etmə aşağıdakı məqsədlər üçün güc tətbiqində mütləq zərurətin nəticəsi olduqda bu maddənin pozuntusu hesab edilmir:
a) istənilən şəxsin hüquqa zidd zorakılıqdan qorunması üçün;
b) qanuni həbsi həyata keçirmək və ya qanuni əsaslarla həbsdə olan şəxsin qaçmasının qarşısını almaq üçün;
c) qanuna müvafiq olaraq iğtişaş və ya qiyamın yatırılması üçün".
A. Palatanın qərarı
103. Palata xatırlatdı ki, şikayətin qəbuledilənliyi məsələsinə dair 5 iyul 2011-ci il tarixli qərarında o, Konvensiyanın 2-ci maddəsinin prosessual aspekti üzrə şikayətlə əlaqədar zaman meyarına görə Məhkəmənin bu işə baxmaq səlahiyyətinə malik olmadığını iddia edən Hökumətin etirazını işə mahiyyəti üzrə baxarkən nəzərdən keçirəcəyini bildirib və buna görə də öncə bu etirazın qəbul, yoxsa rədd edilməli olduğunu araşdırdı. Bu məqsədlə o, Məhkəmənin tətbiq edilə bilən presedent hüququnu, habelə Şilih Sloveniyaya qarşı iş üzrə qərarda ([BP], ərizə № 71463/01, 160-163-cü bəndlər, 9 aprel 2009-cu il) ifadə edilən, Rumıniya, Ukrayna və Xorvatiyaya qarşı bir sıra işlərdə tətbiq olunan, dövlətlərin prosessual öhdəliklərinin müddətlətlərini tənzimləyən prinsipləri nəzərdən keçirdi.
104. Birinci prinsiplə, yəni Şilihin işi üzrə qərarın 163-cü bəndinin birinci cümləsinin tələb etdiyi "həqiqi əlaqənin" mövcudluğu ilə əlaqdar Palata bu qənaətə gəldi ki, "həqiqi əlaqə" standartının tələbi yalnız o halda təmin edilmiş olur ki, hadisənin başlanğıc tarixi ilə ratifikasiya tarixi arasındakı müddət ağlabatan dərəcədə qısa olsun. Bundan əlavə, o, qeyd etydi ki, 2-ci maddədə nəzərdə tutulmuş prosessual öhdəliyə riayət edilməsinin təmin olunması üçün tələb edilən istintaq hərəkətlərinin əhəmiyyətli hissəsi ratifikasiya tarixindən sonra həyata keçirilməli idi. Palatanın qiymətləndirməsinə görə, hazırkı işdə bu şərtə də əməl olunmayıb, belə ki, ölüm hadisələri (1940) ilə ratifikasiya tarixi (5 may 1998-ci il) arasındakı müddət "həqiqi əlaqə" tələbinə uyğunluq baxımından mütləq mənada kifayət qədər uzun olub. Eynilə, Palata işin materiallarında və ya tərəflərin təqdim etdikləri qeydlərdə ratifikasiyadan sonrakı dövrdə əhəmiyyətinə görə ratifikasiya tarixinə qədərki hərəkətlərlə müqayisə oluna bilən hər hansı prosessual hərəkətlərin həyata keçirildiyini göstərən heç bir əlamət aşkar edə bilmədi.
105. Sonra Palata bu məsələni araşdırmağa keçdi ki, bu işin halları Şilihin işi üzrə qərarın 163-cü bəndinin sonuncu cümləsində qeyd edilmiş belə bir rəyə haqq qazandırırmı ki, başlanğıc hadisənin tarixi ilə ratifikasiya tarixi arasındakı əlaqə "Konvensiyanın təminatlarının və təməl dəyərlərinin səmərəli müdafiəsini təmin etmək tələbatına" əsaslanıb (139-cu bənd)? Bu, Məhkəmənin bu maddəyə bu aspektdən şərh verməli olduğu birinci hal olduğuna görə Palata, Breknellin işi üzrə Məhkəmənin qərarına (Breknell Birləşmiş Krallığa qarşı, ərizə № 32457/04, 27 noyabr 2007-ci il) əsaslanaraq, onu aşağıdakı kimi şərh etdi:
"Heç də təsadüfi deyil ki, Konvensiyanın təməl dəyərlərinə istinad göstərir ki, bu cür əlaqənin müəyyən edilməsi üçün araşdırılan hadisə adi cinayət əməlindən daha geniş miqyaslı olmalı və Konvensiyanın dəyərlərinin inkarını özündə təcəssüm etdirməlidir, məsələn, hərbi cinayətlər və ya insanlıq əleyhinə cinayətlər formasında olmalıdır. Hərbi cinayətlərə və insanlıq əleyhinə cinayətlərə müddət məhdudiyyətinin tətbiq edilməməsi haqqında Konvensiyaya müvafiq olaraq belə cinayətlərə müddət məhdudiyyəti tətbiq edilməsə də, ... bu o demək deyil ki, dövlətlərin onları araşdırmaq öhdəliyi daimidir. Bununla belə, mühüm tarixdən sonra işin hallarına yeni işıq sala biləcəyi güman edilən məlumatlar aşkara çıxarsa, prosessual öhdəlik bərpa oluna bilər. Konvensiyanın 2-ci maddəsi əsasında araşdırma aparmaqdan ibarət yeni öhdəlik heç də hər bir iddia və ya məlumat əsasında yarana bilməz. Bu maddənin mühüm əhəmiyyətini nəzərə alaraq, dövlət orqanları əvvəlki araşdırmanın nəticələrini heçə çıxara biləcək və ya öncə nəticəsiz qalmış araşdırmanı davam etdirməyə imkan yaradacaq istənilən informasiya və ya materiallara həssas yanaşmalıdırlar... Yeni materiallar ratifikasiyadan sonra aşkar edilibsə və araşdırmanın yeni mərhələsinə təkan verəcək dərəcədə yetərincə əsaslı və inandırıcıdırsa, o halda Məhkəmə cavabdeh dövlətin 2-ci maddədən irəli gələn prosessual öhdəliyini Məhkəmənin presedent hüququnda bəyan edilmiş prinsiplərə uyğun şəkildə yerinə yetirdiyinə əmin olmaq üçün zaman meyarına görə yurisdiksiyaya malikdir" (139-cu bənd, istinadlar buraxılıb).
106. Bu tələbləri bu işə tətbiq edərək Palata müəyyən etdi ki: 1) polşalı məhbusların Sovet polisi tərəfindən kütləvi şəkildə qətlə yetirilməsində hərbi cinayət əlamətləri vardı; lakin 2) 5 may 1998-ci ildən sonrakı dövrdə araşdırma aparmaqdan ibarət prosessual öhdəliyin bərpasına, yaxud yeni və ya daha geniş məsələlərin qaldırılmasına səbəb ola biləcək heç bir məlumat alınmamış və ya aşkar edilməmişdi. Müvafiq olaraq, o, bu nəticəyə gəldi ki, uzaq keçmişlə ratifikasiyadan sonrakı yaxın dövr arasında körpü yarada biləcək heç bir element olmayıb və qətllərlə ratifikasiya arasında əlaqəni əsaslandıra biləcək xüsusi halların mövcud olduğu sübuta yetirilməyib.
107. Bu mülahizələrin işığında Palata bu qənaətə gəldi ki, Məhkəmə zaman meyarına görə (ratione temporis) Konvensiyanın 2-ci maddəsi üzrə şikayətə mahiyyəti üzrə baxmaq səlahiyyətinə malik deyil.
B. Tərəflərin arqumentləri
1. Rusiya Hökuməti
108. Hökumət bildirdi ki, iki situasiya arasında hüquqi cəhətdən fərq qoyulmalıdır: bunlardan birincisi Konvensiya pozuntusunun Məhkəmənin zaman yurisdiksiyası çərçivəsindən kənarda qaldığı situasiyadır; ikincisi isə araşdırılan vaxtda Konvensiya mövcud olmadığına görə Konvensiya pozuntusunun "hüquqi cəhətdən ümumiyyətlə mövcud olmadığı" situasiyadır. Hökumətin rəyinə görə, bu fərq həlledici əhəmiyyət daşıyır, çünki yalnız 2-ci maddənin substantiv (maddi hüquqi) aspektinin "hüquqi cəhətdən mövcud olan" pozuntusu (bu aspektin pozuntusu Məhkəmənin zaman yurisdiksiyası xaricində də baş verə bilər) Konvensiyanın 1-ci maddəsi ilə birgə götürülməklə 2-ci maddəsi üzrə dövlətin prosessual öhdəliyini yarada bilər. Məhkəmə tərəfindən əvvəllər baxılmış işlərdə araşdırma aparmaq öhdəliyini doğuran hadisələr Konvensiyanın qəbulundan sonra baş verib. Hazırkı işdə 2-ci maddənin substantiv aspektinin iddia edilən pozuntusu nəinki Məhkəmənin zaman yurisdiksiyası xaricindədir, həm də hüquqi cəhətdən (de yure) mövcud olmayıb, çünki "Xatın hadisələri" 4 noyabr 1950-ci ildə Konvensiyanın qəbulundan on il əvvəl, 5 may 1998-ci ildə Rusiya tərəfindən ratifikasiya olunmasından isə əlli səkkiz il əvvəl baş verib. Hökumətin rəyinə görə, bu səbəbdən Məhkəmə Rusiyanın prosessual öhdəliklərini yerinə yetirməsi məsələsini araşdıra bilməz. Bundan başqa, Hökumət iddia etdi ki, beynəlxalq humanitar hüquq nöqteyi-nəzərindən Məhkəmə mahiyyət meyarına görə (ratione materiae) Xatın qırğınını hərbi cinayət kimi xarakterizə etmək səlahiyyətinə malik deyil.
109. Hökumət bildirdi ki, istər daxili qanunvericiliyə, istər beynəlxalq hüquqa, istərsə də Konvensiyaya əsasən "Xatın hadisələrini" araşdırmaqdan ibarət hər hansı öhdəlik yarana bilməz. Milli səviyyədə RSFSR Cinayət Məcəlləsinin 193-17-ci maddəsinin "b" bəndində nəzərdə tutulmuş cinayət əməli (ağır nəticələrə səbəb olmaqla ağırlaşdırıcı hallarla hakimiyyət səlahiyyətindən sui-istifadə edilməsi) üzrə araşdırma aparılıb və bu əmələ görə cinayət təqibi üçün müddət məhdudiyyəti on ildir. Rusiyanın müasir Cinayət Prosessual Məcəlləsi həmin müddət başa çatdıqdan sonra icraata xitam verilməsini tələb edir. Bundan əlavə, SSRİ NKVD-sinin əməkdaşları cinayət işi açılmazdan əvvəl vəfat ediblər. Daxili cinayət prosessual qanunvericiliyinə əsasən, onların ölümü onlara qarşı cinayət işi başlanmasını və ya başlanmış işin davam etdirilməsini istisna edən müstəqil hüquqi əsas təşkil edir. Beynəlxalq hüquqda da şübhəli və ya təqsirləndirilən şəxslərin ölümü cinayət işi başlamaqdan imtina üçün və ya başlanmış işə xitam verilməsi üçün hamılıqla qəbul edilmiş əsas təşkil edir (burada Hökumət bu işlərə istinad etdi: İttihamçı Normana, Fofanaya və Kondevaya qarşı (Prosecutor v. Norman, Fofana and Kondewa), Syerra-Leonenin Xüsusi Məhkəməsi, məhkəmə palatasının 21 may 2007-ci il tarixli qərarı (SCSL-04-14-T-776); və İttihamçı Slobodan Miloşeviçə qarşı (Prosecutor v. Slobodan Milošević), Keçmiş Yuqoslaviya üzrə beynəlxalq cinayət tribunalı (IT-02-54), icraata xitam verilməsi barədə 14 mart 2006-cı il tarixli qərar). Hökumətin rəyinə görə, aydın məsələdir ki, 159 saylı cinayət işinin istintaqı "Polşa hakimiyyətinə münasibətdə xoşməramlı jest olaraq siyasi motivlərə görə cinayət prosessual qanunvericiliyinin tələbləri pozulmaqla aparılıb".
110. Beynəlxalq humanitar hüquqa gəlincə, Hökumət hesab etdi ki, istər hərbi cinayətlərə və ya insanlıq əleyhinə cinayətlərə anlayış verilməsində, istərsə də bu cinayətlərə görə məsuliyyətin müəyyən edilməsində və cinayət təqibinin həyata keçirilməsində beynəlxalq hüququn hamı üçün məcburi olan müddəaları ən azından 1945-ci ilədək mövcud olmayıb. Beynəlxalq Hərbi Tribunal xüsusi (ad hoc) məhkəmə orqanı olduğuna görə onun Nizamnaməsinin müddəaları, o cümlədən cinayətlərin həmin müddəalarda yer alan anlayışları müharibəni uduzmuş Avropa ölkələrindən olan mühüm hərbi cinayətkarlar barəsindəki məhkəmə prosesi ilə məhdudlaşırdı. Hökumət bu nəticəyə gəldi ki, "Xatın hadisələrinin" müharibəni uduzmuş Avropa ölkələrindən olan mühüm hərbi cinayətkarlarla əlaqəli olduğu və Nürnberq Tribunalının yurisdiksiyasına aid olduğu hallar istisna olmaqla, beynəlxalq hüququn 1940-cı ildə mövcud olmuş normaları həmin hadisələri hərbi cinayət, insanlıq əleyhinə cinayət və ya soyqırım kimi xarakterizə etmək üçün yetərli əsas təşkil etmir. Bununla belə, Polşanın dövlət orqanlarının xahişi əsasında rusiyalı müstəntiqlər "soyqırım versiyasını" araşdırıblar və müəyyən ediblər ki, belə cinayət törədilməyib, çünki şübhəli şəxslərin motivləri hər hansı milli, etnik, irqi və ya dini qrupu tam və ya qismən məhv etmək motivi deyil (bu motiv Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 9 dekabr 1948-ci il tarixli Konvensiyanın 2-ci və 3-cü maddələrindəki anlayışda əks olunub), sırf cinayət motivi olub.
111. Konvensiyaya uyğun olaraq araşdırma aparmaqdan ibarət prosessual öhdəliyə gəlincə, Hökumət bir daha bildirdi ki, birincisi, 159 saylı işin istintaqı xoşməramlı jest olaraq siyasi motivlərə görə aparılıb və buna görə də 2-ci maddənin prosessual öhdəlikləri nöqteyi-nəzərindən qiymətləndirilə bilməz. İkincisi, Hökumətin rəyinə görə, yalnız Konvensiyanın qəbulundan sonra baş vermiş hadisələr hər hansı prosessual öhdəlik doğura bilər. Üçüncüsü, hadisələrdən əlli səkkiz il sonra Rusiyanın hakimiyyət orqanlarının səmərəli araşdırma aparmasını gözləmək ağlabatan olmazdı, belə ki, şahidlər artıq ölmüş, mühüm sənədlər isə məhv edilmişdi. Alternativ variant qismində Hökumət iddia etdi ki, "Konvensiya ... ratifikasiyaya qədər baş vermiş pozuntuların və ya ziyanın kompensasiya olunmasından ibarət konkret öhdəlik müəyyən etmir" (burada Hökumət bu işə istinad etdi: Kopetski Slovakiyaya qarşı [BP], ərizə № 44912/98, 38-ci bənd, ECHR 2004‑IX). Başqa sözlə, Məhkəmə zaman meyarına görə (ratione temporis) ölümün hallarını araşdırmaq səlahiyyətinə malik deyilsə, həmin ölümün 2-ci maddə üzrə prosessual öhdəlik doğurub-doğurmadığını müəyyənləşdirə bilməz (burada Hökumət bu işlərə istinad etdi: Xolodovlar Rusiyaya qarşı (qərardad), ərizə № 30651/05, 14 sentyabr 2006-cı il; və Moldovan və başqaları Rumıniyaya qarşı (qərardad), ərizələr № 41138/98 və 64320/01, 13 mart 2001-ci il).
112. Prosessual öhdəliyi ayrılıqda götürməyin mümkünlüyünə gəlincə, Rusiya Hökuməti qeyd etdi ki, heç də hər bir ölüm prosessual öhdəlik yaratmır və Məhkəmə əvvəlcə onu araşdırmalı idi ki, bu işdə ölümün halları prosessual öhdəlik doğururmu? Lakin ölüm ratifikasiya tarixinədək baş veribsə, Məhkəmə bu cür təhlil aparmaq üçün zaman yurisdiksiyasına malik deyil. Bundan başqa, Məhkəmənin yurisdiksiyasının və Konvensiyanın əhatə dairəsinin öncədən görülə bilməyən dərəcədə genişləndirilməsinə yol verməmək üçün "ayrılıqda götürmə" prinsipi müəyyən məhdudiyyətlərlə müşayiət olunmalıdır. Birincisi, ötmüş müddət kifayət qədər qısa olmalıdır, amma bu işdə belə olmayıb. İkincisi, istintaq hərəkətlərinin xeyli hissəsi ratifikasiya tarixindən sonra həyata keçirilməlidir. Bu iş bu meyara da uyğun gəlmir. Nəhayət, Konvensiyanın təməl dəyərlərinin real və səmərəli müdafiəsini təmin etmək zərurətinə gəlincə, Hökumət razılaşdı ki, nəzərdən keçirilən hadisə adi cinayət əməlindən daha geniş miqyaslı olmalıdır. Bununla belə, "Xatın hadisələrinə" gəlincə, Məhkəmə istər zaman meyarına (ratione temporis), istərsə də mahiyyət meyarına (ratione materiae) görə onları beynəlxalq humanitar hüquq nöqteyi-nəzərindən qiymətləndirmək üçün yurisdiksiyaya malik deyil.
113. Hökumət vurğuladı ki, Xatın işinin istintaqında ən mühüm prosessual hərəkətlərin hamısı 1990-cı illə 1995-ci il arasında həyata keçirilib, 5 may 1998-ci ildən sonra isə hər hansı əhəmiyyətli "yeni materiallar" aşkara çıxmayıb. Polşa Hökumətinin iddia etdiklərinin əksinə olaraq, ayrı-ayrı materialların məxfiləşdirilməsi barədə qərar 2-ci maddə üzrə prosessual öhdəliyin bərpasına səbəb ola biləcək "yeni material" sayıla bilməz. Eyni sözlər 2002-ci ildə Ukraynada tapıldığı iddia edilən siyahıya da aiddir, belə ki, həmin siyahı yalnız məsələyə aydınlıq gətirmək üçün Ukrayna dövlət orqanlarına sorğu göndərilməsi ilə nəticələnib.
2. Ərizəçilər
114. Ərizəçilər qəbul etdilər ki, 1940-cı ildə törədilmiş Xatın qırğını zaman baxımından Konvensiyanın əhatə dairəsi xaricində olan aktdır və Məhkəmə bu hadisələri 2-ci maddənin substantiv aspekti baxımından araşdırmaq səlahiyyətinə malik deyil. Bununla belə, onların rəyinə görə, Məhkəmə Rusiyanın 2-ci maddə üzrə prosessual öhdəliyini yerinə yetirib-yetirmədiyini araşdırmaq üçün zaman yurisdiksiyasına malik olmalıdır və hətta ölüm ratifikasiya tarixinədək baş versə belə, bu öhdəlik dövlətin üzərinə düşən ayrıca və müstəqil (avtonom) bir öhdəlikdir.
115. Ərizəçilər hesab etdilər ki, zaman meyarına görə Məhkəmənin səlahiyyətinin yaranması üçün zəruri olan "həqiqi əlaqə" ilk növbədə "Konvensiyanın təməl dəyərlərinin real və səmərəli müdafiəsini təmin etmək zərurətinə" əsaslanmalıdır (ərizəçilər Şilihin işi üzrə qərarın 163-cü bəndinin son hissəsinə istinad etdilər). "Konvensiyanın təməl dəyərləri" ifadəsini əvvəllər Məhkəmə ədavət yaymanın ayrı-ayrı nümunələrinin, məsələn, Holokostun inkar edilməsinin və ya hərbi cinayətlərə haqq qazandırılmasının Konvensiyanın dəyərlərinə zidd olduğu barədə qərar verərkən işlədib (burada ərizəçilər bu işlərə istinad etdilər: Qaraudi Fransaya qarşı (qərardad), ərizə № 65831/01, ECHR 2003-IX (çıxarışlar); Vitş Almaniyaya qarşı (qərardad), ərizə № 7485/03, 13 dekabr 2005-ci il; və Orban və başqaları Fransaya qarşı, ərizə № 20985/05, 35-ci bənd, 15 yanvar 2009-cu il). Beynəlxalq hüquqda müəyyən edilmiş cinayətlərin reallığının inkar edilməsi Konvensiyanın təməl dəyərlərinə zidd hesab edildiyinə görə eyni prinsip Konvensiyanın preambulasında ifadə edilən, Konvensiyanın təməl dəyərlərini təşkil edən ədalətin və sülhün mahiyyətinə xələl gətirən hərəkətlərə xüsusilə şamil olunmalıdır. Ərizəçilərin bildirdiyinə görə, Şilihin işi üzrə qərarın 163-cü bəndində "təməl dəyərlər" ifadəsinin işlənməsi onu göstərir ki, Konvensiya sisteminin əsaslarını pozan müəyyən hərəkətlər mövcuddur və onların xarakteri, miqyası və ağırlıq dərəcəsi Məhkəməyə zaman meyarına görə (ratione temporis) səlahiyyəti verir ki, dövlətin səmərəli araşdırma aparmaq öhdəliyi məsələsini araşdırsın.
116. Ərizəçilər iddia etdilər ki, Xatın qırğını beynəlxalq hüquqda nəzərdə tutulmuş cinayətdir. Qızıl Ordu tərəfindən əsir alınmış polşalı hərbçilər hərbi əsirlər üçün nəzərdə tutulan tam müdafiə ilə, o cümlədən 1907-ci il tarixli IV Haaqa Konvensiyasının və 1929-cu il tarixli Cenevrə Konvensiyasının müddəalarında nəzərdə tutulmuş zorakılığa və qəddarlığa qarşı müdafiə ilə təmin edilmək hüququna malik idilər. 1940-cı ildə polşalı hərbi əsirlərin qətlə yetirilməsi qanunsuz akt idi və IV Haaqa Konvensiyasının 4-cü maddəsini, 23-cü maddəsinin "c" bəndini və 50-ci maddəsini, habelə Cenevrə Konvensiyasının 2, 46, 61 və 63-cü maddələrini pozmuşdu. SSRİ bu konvensiyaların heç birinin iştirakçısı olmasa da, bu konvensiyalarda təsbit olunmuş beynəlxalq adət hüququnun hamı üçün məcburi olan prinsiplərinə hörmət etməyə borclu idi. Bu öhdəliyin SSRİ tərəfindən hüquqi cəhətdən məcburi öhdəlik kimi tanındığını bu fakt açıq-aydın göstərirdi ki, Nürnberq prosesində Sovet prokuroru faşist rəhbərlərini polşalı hərbi əsirləri qətlə yetirməkdə ittiham etməyə cəhd göstərmişdi. Polşalı hərbi əsirlərin məhv edilməsi Nürnberq Tribunalının 6-cı maddəsinin "c" bəndində nəzərdə tutulan mənada hərbi cinayət idi. Nürnberq Tribunalı tərəfindən Xatın qırğınının hərbi cinayət kimi təsnifləşdirilməsinə obyektiv şəkildə yanaşılmalıdır və bu təsnifat həmin vəhşiliyin faktiki olaraq kim tərəfindən törədilməsindən asılı deyil. Bundan başqa, hərbi əsirlərin qətlə yetirilməsi hərbi cinayət təşkil edir və beynəlxalq birlik tərəfindən hərbi cinayət hesab olunur, hərbi cinayətkarlar barəsində müharibədən sonrakı məhkəmə araşdırmalarının geniş presedentləri bu faktı inandırıcı şəkildə təsdiq edir. Xatın qırğını beynəlxalq hüquqda nəzərdə tutulmuş cinayət olduğuna görə, bu gün olduğu kimi törədildiyi dövrdə də ona müddət məhdudiyyəti tətbiq edilə bilməzdi və müvafiq olaraq bu cinayəti araşdırmaq öhdəliyi bu gün də qüvvədədir.
117. Ərizəçilər daha sonra iki amili qeyd etdilər ki, həmin amillər Məhkəmənin Rusiyanın 2-ci maddə üzrə öhdəliyini yerinə yetirməsi məsələsinə dair qərar çıxarmaq səlahiyyəti barəsindəki tezisi təsdiq edir. Birincisi, Avropa Şurası və Konvensiya iki totalitar rejim – faşizm və stalinizm tərəfindən insan ləyaqətinin kütləvi pozuntularının demokratik, siyasi və hüquqi alternativləri kimi yaranıb. Xatın qırğını məqsəd və dəyərləri Konvensiyanın məqsəd və dəyərlərindən kökündən fərqlənən totalitar rejim tərəfindən törədilib. Konvensiyanın real və səmərəli müdafiəsi üçün hazırkı Müqavilə Tərəfləri totalitar rejimlərin cinayətləri ilə əlaqədar səmərəli araşdırma aparmalıdırlar. İkincisi, Xatın qırğını ilə əlaqədar səmərəli araşdırma aparılması qətlə yetirilənlərə siyasi repressiya qurbanları kimi "bəraət" verilməsi üçün və totalitar rejimlərin cinayətləri barədə ictimaiyyətin məlumatlılığının artırılması üçün zəruri şərtdir.
118. Bundan başqa, ərizəçilər hesab etdilər ki, hətta Palatanın qərarında formalaşdırılmış və tətbiq edilmiş "yeni materiallar" meyarı çərçivəsində də Məhkəmə Rusiyanın 2-ci maddə üzrə prosessual öhdəliyini yerinə yetirməsi məsələsini araşdırmaq səlahiyyətinə malik ola bilər, belə ki, zəruri yeni element ratifikasiyadan sonrakı dövrdə ortaya çıxmış mühüm yeni sübutlarla məhdudlaşmır, həm də yeni və kifayət qədər mühüm prosessual faktları özündə ehtiva edir. Bu meyar həmçinin elə halları əhatə etməlidir ki, bu zaman milli hakimiyyət orqanları yeni sübutların toplanmasından yayınıblar, yaxud əvvəlki nəticələrlə və ya tarixi faktlarla kəskin ziddiyyət təşkil edən nəticələrə gəliblər. İşə xitam verilməsi barədə qərar özlüyündə istintaq üçün yeni material olmasa da, Konvensiyanın 2-ci maddəsinin kontekstində yeni prosessual fakt təşkil edə bilər, xüsusən ona görə ki, bu fakt istintaqın gedişində kəskin dönüş yaradıb. Bundan başqa, istintaq materiallarının xeyli hissəsi məxfiləşdirilibsə və eyni status istintaqın yekun qərarına da verilibsə, o halda belə güman etmək üçün əsaslı səbəblər var ki, istintaqın gedişindəki qəfil və kəskin dəyişiklik müvafiq yeni qənaətlərin nəticəsidir.
119. 2-ci maddə üzrə şikayətin mahiyyətinə gəlincə, ərizəçilər bildirdilər ki, Rusiyadakı araşdırma bu maddənin əsas tələblərinə cavab verməyib. Rusiyanın dövlət orqanları qətlə yetirilənlərin sayı (21.857) ilə "ölmüş" elan olunanların bundan xeyli az sayı (1.803) arasındakı fərqi nəzərə almayıblar. Onlar bütün basdırılma yerlərində tam miqyaslı qazıntı işləri aparmayıblar. Ərizəçilərin icraatda zərərçəkmiş tərəf statusu ilə iştirakına icazə verməkdən imtina edilib və bu səbəbdən istintaqda şəffaflıq çatışmayıb. Nəhayət, istintaq təqsirkarların aşkara çıxarılmasına və məsuliyyətə cəlb olunmasına yönəlməyib. Ərizəçilər Xatın qırğınında əli olan və 1990-cı illərdə hələ sağ olan yüksək vəzifəli iki Sovet funksionerinin adlarını çəkdilər.
3. Polşa Hökuməti
120. Polşa Hökuməti bildirdi ki, Şilihin işi üzrə qərarın 163-cü bəndinin sonuncu cümləsindəki "xüsusi hallarla bağlı qeyd-şərt" ifadəsini şərh edərkən törədilmiş hərəkətlərin xüsusi xarakteri nəzərə alınmalıdır, belə ki, həmin hərəkətlər beynəlxalq hüquqa əsasən hərbi cinayətlər idi. Bundan əlavə, Məhkəmə aşağıdakı amilləri nəzərə almalıdır: 1) 1990-cı ilədək Xatın qırğınının istintaqı siyasi səbəblərə görə mümkün deyildi; 2) araşdırma Konvensiyanın Rusiya tərəfindən ratifikasiya olunmasından sonra altı il ərzində davam edib; 3) qırğının hallarının aşkara çıxarılmasında qanuni marağı olan çoxlu sayda insanlar var; və 4) araşdırma aparmaq üçün hələ də yetərincə imkanlar var.
121. Polşa Hökuməti daha sonra bildirdi ki, 1998-ci illə 2004-cü il arasındakı dövrdə Rusiyanın prokurorluq orqanları Xatın istintaqı çərçivəsində bir sıra prosessual hərəkətləri həyata keçiriblər ki, onların nəticəsində yeni dəlillər əldə edilib və bu dəlillər, ola bilsin ki, 2-ci maddə üzrə prosessual öhdəliyin "bərpasına" səbəb ola bilər. Həmin dəlillərə bunlar aiddir: 1) 2002-ci ildə Rusiya və Ukrayna prokurorları arasında Xatın cinayəti mövzusunda məktublar mübadiləsi; 2) Rusiyanın fərdi məlumat mərkəzlərinə "Ukraynanın Xatın siyahısında" yer alan Polşa vətəndaşlarının taleyi barədə məlumat üçün 3.000-dən artıq sorğunun göndərilməsi; 3) ikitərəfli Polşa-Rusiya məsləhətləşmələri; 4) Xatın qurbanlarının qohumlarından doxsandan artıq sorğunun alınması; 5) Xatın cinayətinin hüquqi xarakteristikası barədə iki ekspert rəyinin tərtib edilməsi; və 6) işin materiallarının məxfiləşdirilməsi barədə qərar.
122. 2-ci maddə üzrə şikayətin mahiyyətinə gəlincə, Polşa Hökuməti iddia etdi ki, Xatın istintaqı səmərəsiz olub. Bir tərəfdən Rusiya prokurorları ərizəçilərin qohumlarının 1940-cı ildə qətlə yetirilməsi faktını təsdiq ediblər, digər tərəfdən isə Rusiya hərbi məhkəmələri onları xəbərsiz itkin düşmüş elan ediblər. Rusiyanın dövlət orqanları nə ərizəçilərdən ifadə alıblar, nə məhkəmə ekspertizası keçiriblər, nə də sənədləri üzə çıxarıblar. Onlar Polşa tərəfinin onlara təqdim etdiyi sübutları düzgün qiymətləndirməyiblər və Xatın qırğınını yanlış olaraq hakimiyyət səlahiyyətindən sui-istifadə kimi xarakterizə ediblər. Ərizəçilərin araşdırmada iştirak etməsinə icazə verməkdən imtina edilib və onlara "zərərçəkmiş şəxs" prosessual statusu verilməyib. Nəhayət, işin materiallarının xeyli hissəsini məxfiləşdirməklə Rusiyanın dövlət orqanları totalitar rejimin keçmişdəki cinayətlərinin açılmasında ictimaiyyətin marağı ilə qohumlarının ölümünün hallarının müəyyənləşdirilməsində ərizəçilərin fərdi marağı arasında ədalətli balansı gözləməyiblər.
4. Üçüncü tərəflər
a) Açıq Cəmiyyət Hüquq Təşəbbüsü
123. "Açıq Cəmiyyət Hüquq Təşəbbüsü" bildirdi ki, dövlətlər Konvensiyaya və beynəlxalq adət hüququna əsasən hərbi cinayətləri və insanlıq əleyhinə cinayətləri praktiki cəhətdən nə qədər mümkündürsə araşdırmağa borcludurlar. Bu öhdəlik belə cinayətlərə müddət məhdudiyyətinin tətbiqinə qoyulan qadağadan irəli gəlir və hər hansı müddətlə şərtlənmir. Etiraf etmək lazımdır ki, zaman keçdikcə səmərəli araşdırma aparılması daha da çətinləşir, amma yurisdiksiyasını keçmişdə törədilmiş pozuntulara şamil edən milli və beynəlxalq məhkəmələrin mövcud praktikası göstərir ki, hətta pozuntu faktından bir çox onilliklər keçdikdən sonra da uğurlu cinayət təqibi mümkündür. Üçüncü tərəf Breknellin və Varnavanın işləri üzrə Məhkəmənin qərarlarına, habelə Heliodoro Portuqal Panamaya qarşı (12 avqust 2008-ci il tarixli qərar) və Qomes Lund Braziliyaya qarşı (24 noyabr 2010-cu il tarixli qərar) işlər üzrə İnter-Amerika İnsan Hüquqları Məhkəməsinin hüquq praktikasına istinad etdi. Üçüncü tərəf iddia etdi ki, İkinci Dünya Müharibəsindəki cinayətlərlə bağlı səmərəli araşdırma aparılması 1998-ci ildən sonra da mümkün idi. O, faşist cinayətləri ilə bağlı Almaniya, Macarıstan, İtaliya və Polşada aparılmış araşdırmaları misal gətirdi, onların bəziləri müttəhimlərin yaşına baxmayaraq uğurlu cinayət təqibi ilə nəticələnmişdi. Bundan başqa, 2012-ci ildə Britaniya məhkəməsi 1952-1961-ci illərdə baş vermiş Keniya qiyamı zamanı törədildiyi iddia edilən işgəncə aktları ilə bağlı ziyanın əvəzinin ödənilməsi barədə Britaniya hökumətinə qarşı qaldırılmış mülki iddianı təmin etmişdi.
124. Üçüncü tərəf həmçinin bildirdi ki, fərdi meyar baxımından yanaşsaq, həqiqəti bilmək hüququ araşdırmanın nəticələri ilə, habelə arxiv və istintaq materialları ilə tanış olmağa buraxılmanı nəzərdə tutur. Məlumatların bu cür açıqlanması pozuntuların qarşısını almaq, cəzasızlığa qarşı mübarizə aparmaq və qanunun aliliyinə ictimai inamı qorumaq üçün mühüm əhəmiyyət daşıyır (burada o, bu işə istinad etdi: Kelli və başqaları Birləşmiş Krallığa qarşı, ərizə № 30054/96, 118-ci bənd, 4 may 2001-ci il). Həqiqəti bilmək hüququna gəlincə, insan hüquqlarının pozuntuları ilə bağlı məlumatların məxfiləşdirilməsinə yalnız müstəsna hallarda, mühüm dövlət marağının olduğu sübut edildikdən sonra yol verilə bilər və bu məxfilik müstəqil məhkəmə nəzarəti altında olmalı, məhdud müddət ərzində davam etməli və daha az məhdudlaşdırıcı alternativlər olmadığı təqdirdə tətbiq edilməlidir. Üçüncü tərəf məlumat əldə etmək hüququ barədə doxsan üç dövlətdə qüvvədə olan qanunlarla bağlı tədqiqatın nəticələrini təqdim etdi, tədqiqatdan belə nəticə çıxır ki, həmin dövlətlərin qırx dördündə qanun açıq-aydın tələb edir ki, məlumatların açıqlanmasında ictimai maraq məxfilik marağını üstələyirsə məlumatlar açıqlanmalıdır. Keçmişdəki pozuntular barədə həqiqətin obyektiv şəkildə bərpası böyük əhəmiyyət daşıyır, belə ki, ölkələrin öz tarixlərindən dərs almalarına və gələcəkdə dəhşətli hadisələrin qarşısını almaq üçün tədbirlər görmələrinə imkan yaradır (BMTQAK, Cəzasızlıqla mübarizə tədbirləri vasitəsilə insan hüquqlarının müdafiəsi və təşviqinə dair yenilənmiş prinsiplər toplusu, 2005/81 saylı qətnamə, 8 fevral 2005-ci il, 2-ci və 3-cü prinsiplər).
b) Beynəlxalq Amnistiya Təşkilatı
125. Beynəlxalq Amnistiya Təşkilatı bildirdi ki, hərbi cinayətləri və insanlıq əleyhinə cinayətləri araşdırmaq öhdəliyi Konvensiyanın tərtib edilməsindən və qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətlərə də şamil olunur. Hərbi əsirlərin və mülki şəxslərin qətlə yetirilməsi və qəddar rəftara məruz qalması 1939-cu ildə beynəlxalq adət hüququ ilə qadağan olunub və dövlətlər hələ 1939-cu ildən xeyli əvvəl müddət məhdudiyyəti qoyulmadan hərbi cinayətləri araşdırmaq və təqsirkarları məsuliyyətə cəlb etmək öhdəliyini daşıyırdılar (burada o, bu işlər üzrə qərarlara istinad etdi: Kononov Latviyaya qarşı [BP], ərizə № 36376/04, 186 və 232-ci bəndlər, ECHR 2010; və İnter-Amerika İnsan Hüquqları Məhkəməsinin qərarları: Velaskes-Rodriges Hondurasa qarşı, 29 iyul 1988-ci il, 174-cü bənd; və Qomes Lund Braziliyaya qarşı, 24 noyabr 2010-cu il, 108-ci bənd). Üçüncü tərəf vurğuladı ki, İnter-Amerika Məhkəməsi İnsan Hüquqları haqqında Amerika Konvensiyası ratifikasiya olunana qədər törədilmiş əməllərlə bağlı araşdırma aparmaq, təqsirkarları məhkəməyə cəlb etmək və cəzalandırmaq öhdəliyinin cavabdeh dövlət tərəfindən pozulduğunu dəfələrlə müəyyən edib (burada o, Qomes Lundun işi üzrə qərara və bu işə istinad etdi: Almonasid Arellano Çiliyə qarşı, 26 sentyabr 2006-cı il, 151-ci bənd). O, qeyd etdi ki, zamanın keçməsi dövlətin araşdırma aparmaq və zərərçəkənlər üçün münasib və səmərəli hüquqi müdafiə vasitələrini təmin etmək öhdəliyini dəyişmir. Zərərçəkənlərin faktiki olaraq ədalət mühakiməsinə buraxılmaq hüququ dinlənilmək hüququnu və ziyanın əvəzinin tam ödənilməsi hüququnu özündə ehtiva edir, sonuncuya isə bu hüquqlar daxildir: restitusiya, kompensasiya, bəraət, satisfaksiya və pozuntunun təkrarlanmayacağının təminatları (o, Qomes Lundun işi üzrə qərarın 261-262, 277 və 297-ci bəndlərində İnter-Amerika İnsan Hüquqları Məhkəməsinin gəldiyi nəticələrə istinad etdi). Nəhayət, üçüncü tərəf yenidən Qomes Lundun işi üzrə qərara (241-242-ci bəndlərə) istinad edərək bildirdi ki, səmərəli araşdırmanın aparılmaması ailə üzvlərinin onlara qarşı humanist davranış hüququna mənfi təsir göstərir.
c) "Memorial" (Moskva), Avropa İnsan Hüquqlarını Müdafiə Mərkəzi (EHRAC, London) və Keçid Dövründə Ədalət Mühakiməsi Uğrunda Şəbəkə (Esseks)
126. Bu üç təşkilat bildirdilər ki, BMT-nin Baş Assambleyasının, insan hüquqlarının müdafiəsi üzrə İnter-Amerika sisteminin sənədlərində və beynəlxalq müqavilə hüququnda hərbi cinayətlərin araşdırılması və təqsirkarların məsuliyyətə cəlb olunması öhdəliyi yer alıb, bunda məqsəd zərərçəkənlərə, onların ailələrinə, bütövlükdə cəmiyyətə və beynəlxalq birliyə pozuntular barədə dürüst və şəffaf hesabat verilməsini təmin etməkdir. Ailələrin itkin düşmüş və ya ölmüş qohumlarının taleyi barədə məlumatlandırılmaq hüququ araşdırma aparmaq öhdəliyinin ayrıca komponentidir və beynəlxalq adət hüququnda təsbit olunmuş normadır (burada onlar konkret olaraq bu mənbələrə istinad etdilər: Beynəlxalq humanitar adət hüququ, I cild, 117-ci qayda; Beynəlxalq Qırmızı Xaç Komitəsinin beynəlxalq humanitar hüquq sahəsində araşdırması, 2005-ci il; və İnter-Amerika İnsan Hüquqları Məhkəməsinin presedent hüququ). Bundan başqa, onlar beynəlxalq cinayətlərin törədilməsinə cavab olaraq həqiqətin müəyyən edilməsi üçün komissiyalar və ya analoji istintaq orqanları yaratmış müxtəlif dövlətlərin praktikasından nümunələr, o cümlədən bu komissiyaların mandatı və funksiyaları barədə ətraflı məlumatlar təqdim etdilər.
C. Məhkəmənin qiymətləndirməsi
127. Hökumət ilkin etirazında bildirdi ki, Məhkəmə Konvensiyanın 2-ci maddəsinin prosessual aspektinin pozulduğu barədə ərizəçilərin şikayətini zaman meyarına görə (ratione temporis) mahiyyəti üzrə araşdırmaq səlahiyyətinə malik deyil. Müvafiq olaraq, Məhkəmə öncə bu etirazın dəstəklənməli olub-olmadığını nəzərdən keçirməlidir.
1. Ümumi prinsiplər
128. Məhkəmə xatırladır ki, Konvensiyanın müddəaları Müqavilə Tərəflərinin üzərinə Konvensiya həmin Tərəf barəsində qüvvəyə mindiyi tarixə ("əhəmiyyətli tarix") qədər mövcud olmuş hər hansı hərəkət, fakt və ya istənilən situasiya ilə bağlı hər hansı öhdəlik qoymur. Bu, Məhkəmənin presedent hüququnda bərqərar olmuş prinsipdir və beynəlxalq hüquqda yer alan, Müqavilələr hüququ haqqında 23 may 1969-cu il tarixli Vyana Konvensiyasının 28-ci maddəsində təsbit olunan ümumi qaydaya əsaslanır (bax: Varnava və başqaları Türkiyəyə qarşı [BP], ərizələr № 16064/90, 16065/90, 16066/90, 16068/90, 16069/90, 16070/90, 16071/90, 16072/90 və 16073/90, 130-cu bənd, ECHR 2009; Şilih Sloveniyaya qarşı [BP], ərizə № 71463/01, 140-cı bənd, 9 aprel 2009-cu il; və Bleçiç Xorvatiyaya qarşı [BP], ərizə № 59532/00, 70-ci bənd, ECHR 2006‑III).
129. Konvensiyanı pozduğu iddia edilən hərəkət, hərəkətsizlik və ya qərar Konvensiya qüvvəyə minənə qədər baş veribsə, amma həmin hərəkətə görə kompensasiya barədə iş Konvensiya qüvvəyə mindikdən sonra qaldırılıbsa və ya onun qüvvəyə minməsindən sonra davam edibsə, həmin iş iddia edilən pozuntu ilə bağlı faktların tərkib hissəsi sayıla bilməz və bu iş zaman meyarına görə (ratione temporis) Məhkəmənin yurisdiksiyasına aid deyil (bax: yuxarıda istinad edilən Varnava və başqalarının işi üzrə qərar, 130-cu bənd; və Bleçiçin işi üzrə qərar, 77-79-cu bəndlər).
130. Əhəmiyyətli tarixdən başlayaraq dövlətin bütün hərəkətləri və hərəkətsizliyi Konvensiyaya uyğun olmalıdır, Konvensiya iştirakçı dövlətlərin üzərinə həmin tarixə qədər baş vermiş pozuntuları və ya ziyanı kompensasiya etmək öhdəliyini qoymur (bax: Kopetski Slovakiyaya qarşı [BP], ərizə № 44912/98, 38-ci bənd, ECHR 2004‑IX). Beləliklə, Məhkəmənin zaman yurisdiksiyasını müəyyənləşdirmək üçün hər bir konkret halda iddia edilən müdaxilənin dəqiq vaxtını təyin etmək önəmlidir. Bu zaman Məhkəmə həm barəsində ərizəçinin şikayət etdiyi faktları, həm də pozulduğu iddia edilən Konvensiya hüququnun tətbiq dairəsini nəzərə almalıdır (bax: yuxarıda istinad edilən Varnava və başqalarının işi üzrə qərar, 131-ci bənd; və Bleçiçin işi üzrə qərar, 72 və 81-82-ci bəndlər).
131. Məhkəmə artıq bir sıra işlərə baxıb ki, həmin işlərdə 2-ci və 3-cü maddələrin substantiv aspektlərinə aid faktlar zaman meyarına görə Məhkəmənin səlahiyyəti xaricində olsa da həmin maddələrin prosessual aspektlərinə aid faktlar, yəni sonrakı icraat ən azı qismən Məhkəmənin səlahiyyəti çərçivəsində olub (presedent hüququnun qısa xülasəsi üçün yuxarıda istinad edilən Şilihin işi üzrə qərarın 148-152-ci bəndlərinə bax).
132. Məhkəmə bu nəticəyə gəldi ki, 2-ci maddə üzrə səmərəli araşdırma aparmaqdan ibarət prosessual öhdəlik təkamülə uğrayaraq ayrıca və müstəqil öhdəliyə çevrilib. Baxmayaraq ki, bu öhdəlik 2-ci maddənin substantiv aspektinə aid faktlardan doğur, o, 2-ci maddədən irəli gələn və ayrılıqda götürülə bilən, dövlət üçün məcburi qüvvəsi olan öhdəlikdir (hətta ölüm faktı əhəmiyyətli tarixdən əvvəl baş versə belə) (bax: yuxarıda istinad edilən Varnava və başqalarının işi üzrə qərar, 138-ci bənd; və Şilihin işi üzrə qərar, 159-cu bənd).
133. Bununla belə, hüquqi müəyyənlik prinsipi nəzərə alınaraq, əhəmiyyətli tarixdən əvvəl baş vermiş ölüm faktı ilə bağlı Konvensiyanın 2-ci maddəsi üzrə prosessual öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar Məhkəmənin zaman yurisdiksiyası qeyri-məhdud deyil (bax: Şilihin işi üzrə yuxarıda istinad edilən qərar, 161-ci bənd). Şilihin işi üzrə qərarda Məhkəmə özünün zaman yurisdiksiyasının hüdudlarını aşağıdakı kimi müəyyən etdi:
"162. Birincisi, aydın məsələdir ki, ölüm əhəmiyyətli tarixdən əvvəl baş veribsə, yalnız həmin tarixdən sonra baş vermiş prosessual hərəkətlər və (və ya) hərəkətsizlik Məhkəmənin zaman yurisdiksiyasının hüdudları daxilinə düşə bilər.
163. İkincisi, 2-ci maddənin müəyyən etdiyi prosessual öhdəliklərin yaranması üçün ölüm faktı ilə Konvensiyanın cavabdeh dövlət barəsində qüvvəyə minməsi arasında həqiqi əlaqə mövcud olmalıdır.
Beləliklə, bu maddənin tələb etdiyi prosessual hərəkətlərin xeyli hissəsi (həmin hərəkətlərə təkcə müvafiq şəxsin ölümü ilə bağlı səmərəli araşdırma aparılması deyil, həm də ölümün səbəbini müəyyənləşdirmək məqsədi ilə müvafiq icraata başlanılması və təqsirkarların məsuliyyətə cəlb olunması daxildir) əhəmiyyətli tarixdən əvvəl həyata keçirilib və ya keçirilməli idi.
Bununla belə, Məhkəmə istisna etmir ki, sözügedən əlaqə müəyyən hallarda Konvensiyanın təminatlarının və təməl dəyərlərinin real və səmərəli müdafiəsini təmin etmək zərurətindən çıxış etməklə müəyyən edilə bilər".
134. Varnavanın işi üzrə qərarda Məhkəmə şübhəli ölüm hadisəsini araşdırmaq öhdəliyi ilə şübhəli şəkildə yoxa çıxma hadisəsini araşdırmaq öhdəliyi arasında fərq qoyulmasının mühümlüyünə aydınlıq gətirdi:
"148. ... Yoxa çıxma davam edən qeyri-müəyyən situasiya ilə və məsuliyyətə cəlb edilmənin olmaması ilə xarakterizə olunan müstəqil hadisədir ki, bu zaman məlumat çatışmazlığı olur, yaxud hətta baş verənlər bilərəkdən gizlədilir və ya dolaşıq hala salınır... Bu vəziyyət çox vaxt uzun müddət ərzində mövcud olaraq qurbanın qohumlarının əzablarını uzadır. Buna görə də, demək olmaz ki, yoxa çıxma "ani" hərəkət və ya hadisədir; yoxa çıxmış şəxslərin yeri və taleyi barədə sonradan məlumat verməkdən imtina edilməsi bu durumun əlavə fərqləndirici elementi olmaqla davamedici situasiya yaradır. Beləliklə, potensial olaraq prosessual öhdəliyin mövcudluğu yoxa çıxmış şəxsin taleyi barədə məlumat əldə edilməyənə qədər davam edə bilər; davamlı olaraq zəruri araşdırmanın aparılmaması pozuntunun davam etməsi sayılır... Bu sözlər həmçinin şəxsin öldüyünü güman etmək üçün əsasların olduğu hallara aiddir".
135. Məhkəmə daha sonra vurğuladı ki, Şilihin işi üzrə qərarda qeyd edildiyi kimi, ölümün baş verdiyi və istintaq hərəkətlərinin aparıldığı vaxt ilə Konvensiyanın cavabdeh dövlət barəsində qüvvəyə mindiyi tarix arasında az müddətin keçməsi barədə tələb yalnız qətl və ya şübhəli ölüm hadisələri kontekstində tətbiq edilir və bu zaman faktiki element, yəni qurbanın həyatını itirməsi, hətta ölümün dəqiq səbəbi və ya nəticə etibarı ilə kimin məsuliyyət daşıması müəyyən edilməsə belə, birmənalı şəkildə məlum olur. Belə hallarda prosessual öhdəlik davamedici xarakter daşımır (bax: Varnava və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 149-cu bənd).
2. Son dövrlərin presedent hüququ
136. Şilihin işi üzrə qərardan sonra "ayrılıqda götürülə bilən" öhdəliklə – şəxsin ölümü ilə bağlı Konvensiyanın 2-ci maddəsindən irəli gələn araşdırmaq öhdəliyi ilə əlaqədar Məhkəmənin zaman yurisdiksiyasını tənzimləyən prinsiplər çoxlu sayda işlərdə tətbiq edildi.
137. Belə işlərin ən geniş qrupunu 1989-cu ilin dekabrında baş vermiş Rumıniya inqilabı zamanı etirazçıların ölümü ilə bağlı araşdırmaların səmərəsiz olması ilə əlaqədar Rumıniyaya qarşı şikayətlər təşkil edir, həmin işlərdə Məhkəmə bu qənaətə gəldi ki, bu şikayətlər üzrə yurisdiksiyaya malikdir, çünki Konvensiya Rumıniya barəsində qüvvəyə mindiyi tarixdə bu işlər hələ prokurorluqların icraatında idi (bax: "21 dekabr 1989-cu il" assosiasiyası və başqaları Rumıniyaya qarşı, ərizələr № 33810/07 və 18817/08, 24 may 2011-ci il; Pastor və Tiklete Rumıniyaya qarşı, ərizələr № 30911/06 və 40967/06, 19 aprel 2011-ci il; Lapuşan və başqaları Rumıniyaya qarşı, ərizələr № 29007/06, 30552/06, 31323/06, 31920/06, 34485/06, 38960/06, 38996/06, 39027/06 və 39067/06, 8 mart 2011-ci il; Şandru və başqaları Rumıniyaya qarşı, ərizə № 22465/03, 8 dekabr 2009-cu il; və Aqaçe və başqaları Rumıniyaya qarşı, ərizə № 2712/02, 20 oktyabr 2009-cu il). 1990-cı ilin iyununda (bax: Mokanu və başqaları Rumıniyaya qarşı, ərizələr № 10865/09, 45886/07 və 32431/08, 13 noyabr 2012-ci il) və 1991-ci ilin sentyabrında (Kraynitseanu və Frumuşanu Rumıniyaya qarşı, ərizə № 12442/04, 24 aprel 2012-ci il) baş vermiş zorakılıq insidentlərinə aid sonrakı iki işdə də analoji qənaətlərə gəlindi.
138. Fərdi şikayət hüququ Türkiyə tərəfindən tanındıqdan təxminən yeddi il sonra polis həbsxanasında ölüm hadisəsinin baş verdiyi Tuna Türkiyəyə qarşı iş (bax: Tuna Türkiyəyə qarşı, ərizə № 22339/03, 57-63-cü bəndlər, 19 yanvar 2010-cu il) istisna olmaqla, son dövrlərə aid digər işlərdə araşdırılan ölüm hadisəsinin dövlət nümayəndələrinin hər hansı hərəkətlərinin nəticəsi olduğu iddia edilməyib və barəsində şikayət edilən hadisələr Konvensiyanın qüvvəyə mindiyi tarixdən 1-4 il əvvəl baş verib, özü də məhkəmə araşdırmalarının xeyli hissəsi bu tarixdən sonra aparılıb (bax: Kudra Xorvatiyaya qarşı, ərizə № 13904/07, 110-112-ci bəndlər, 18 dekabr 2012-ci il: özəl şirkətin səhlənkarlığı ucbatından baş verən təsadüfi ölüm – məhkəmə icraatı dörd il sonra aparılıb; İqor Şevçenko Ukraynaya qarşı, ərizə № 22737/04, 45-48-ci bəndlər, 12 yanvar 2012-ci il: yol-nəqliyyat qəzası – üç il sonra; Bajiç Xorvatiyaya qarşı, ərizə № 41108/10, 62-ci bənd, 13 noyabr 2012-ci il: tibbi səhlənkarlıq – dörd il sonra; Dimovlar Bolqarıstana qarşı, ərizə № 52744/07, 36-45-ci bəndlər, 6 noyabr 2012-ci il: yanğın səbəbindən ölüm – üç il sonra; Velsea və Mazare Rumıniyaya qarşı, ərizə № 64301/01, 85-88-ci bəndlər, 1 dekabr 2009-cu il: ailə münaqişəsi – bir il sonra; Trufin Rumıniyaya qarşı, ərizə № 3990/04, 32-34-cü bəndlər, 20 oktyabr 2009-cu il: qətl – iki il sonra; və Lyubov Yefimenko Ukraynaya qarşı, ərizə № 75726/01, 65-ci bənd, 25 noyabr 2010-cu il: soyğunçuluq və qətl – dörd il sonra). İki işdə ərizəçilərin qohumlarının, müvafiq olaraq, əhəmiyyətli tarixdən yeddi və altı il əvvəl qiyamçıların və ya hərbi qruplaşmaların əlində ölməsi faktı 2-ci maddənin prosessual aspekti ilə bağlı şikayətlərin Məhkəmə tərəfindən mahiyyəti üzrə araşdırılmasına mane olmadı (Paçacı və başqaları Türkiyəyə qarşı, ərizə № 3064/07, 64-66-cı bəndlər, 8 noyabr 2011-ci il; və Culariç Xorvatiyaya qarşı, ərizə № 20106/06, 38 və 45-46-cı bəndlər, 20 yanvar 2011-ci il). Eyni hal digər bir işdə də baş verdi, həmin işdə ərizəçinin oğlunun mübahisə zamanı baş vermiş ölümünün tarixi ilə Konvensiyanın Serbiya barəsində qüvvəyə mindiyi tarix arasında on üç il vaxt keçsə də əhəmiyyətli tarixdən sonra həyata keçirilmiş prosessual hərəkətlərin tarixi daha üstün tutuldu (bax: Mladenoviç Serbiyaya qarşı, ərizə № 1099/08, 38-40-cı bəndlər, 22 may 2012-ci il).
139. Məhkəmə həmçinin bir sıra işlərə baxıb ki, həmin işlərdə ərizəçilər, iddia edildiyinə görə, 3-cü maddə ilə qadağan olunan rəftara məruz qalıblar və bu rəftar əhəmiyyətli tarixə qədərki müddətdə baş verib. Məhkəmə bu qənaətə gəlib ki, o, Konvensiyanın qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə 3-cü maddənin prosessual aspektinin tələbinə – polisin qəddar rəftarı (bax: Yatsenko Ukraynaya qarşı, ərizə № 75345/01, 40-cı bənd, 16 fevral 2012-ci il; Stanimiroviç Serbiyaya qarşı, ərizə № 26088/06, 28-29-cu bəndlər, 18 oktyabr 2011-ci il) zorlama (bax: P.M. Bolqarıstana qarşı, ərizə № 49669/07, 58-ci bənd, 24 yanvar 2012-ci il) və adi fərdin qəddar rəftarı (Otaşeviç Serbiyaya qarşı, ərizə № 32198/07, 5 fevral 2013-cü il) ilə əlaqədar səmərəli araşdırma aparmaq öhdəliyinə cavabdeh dövlətin riayət edib-etmədiyini araşdırmaq səlahiyyətinə malikdir.
3. Şilihin işində müəyyən edilmiş meyarlara aydınlıq gətirilməsi
140. Məhkəmənin Şilihin işi üzrə qərardakı meyarlara istinadən zaman meyarına görə (ratione temporis) şikayətə baxmaq yurisdiksiyasına malik olduğu qənaətinə gəldiyi məhkəmə qərarlarının sayının daim artmasına baxmayaraq, praktikada həmin meyarların tətbiqi bəzən qeyri-müəyyənliyə gətirib çıxarıb, buna görə də onlara əlavə aydınlıq gətirmək məqsədəuyğundur.
141. Şilihin işi üzrə qərarın 162-ci və 163-cü bəndlərində müəyyən edilmiş meyarları (onlar yuxarıda 133-cü bənddə qeyd edilib) aşağıdakı kimi qısaca ümumiləşdirmək olar. Birincisi, ölüm əhəmiyyətli tarixdən əvvəl baş veribsə, Məhkəmənin zaman yurisdiksiyası yalnız həmin tarixdən sonra baş vermiş prosessual hərəkətlərə və ya hərəkətsizliyə şamil olunur. İkincisi, öhdəliyin yaranmasına səbəb olan hadisənin, yəni ölümün baş verməsi ilə Konvensiyanın qüvvəyə minməsi arasında "həqiqi əlaqə" mövcud olmalıdır. Üçüncüsü, "həqiqi" olmayan əlaqə də müəyyən hallarda şikayətin Məhkəmənin yurisdiksiyasına aid olması üçün yetərli ola bilər, bunun üçün həmin əlaqə Konvensiyanın təminatlarının və təməl dəyərlərinin real və səmərəli müdafiəsini təmin etmək üçün zəruri olmalıdır.
a) Konvensiyanın qüvvəyə minməsindən sonrakı dövrdə baş vermiş prosessual hərəkətlər və hərəkətsizlik
142. Məhkəmə öncə bir daha bildirir ki, 2-ci maddədən irəli gələn prosessual öhdəliyin nəzərdə tutduğu araşdırma əhəmiyyətli tarixdən əvvəl baş vermiş yaşamaq hüququnun pozuntusuna görə kompenasiya məsələsinin həlli proseduru deyil. Prosessual öhdəliyin iddia edilən pozuntusu səmərəli araşdırmanın olmamasından ibarətdir; prosessual öhdəlik ayrıca tətbiq dairəsinə malikdir və 2-ci maddənin substantiv aspektindən asılı olmadan müstəqil şəkildə qüvvədədir (bax: yuxarıda istinad edilən Varnava və başqalarının işi üzrə qərar, 136-cı bənd; və Şilihin işi üzrə qərar, 159-cu bənd). Müvafiq olaraq, Məhkəmənin zaman yurisdiksiyası Konvensiyanın cavabdeh dövlət barəsində qüvvəyə minməsinə qədər baş vermiş və ya baş verməli olan prosessual hərəkətlərə və hərəkətsizliyə də şamil olunur.
143. Bundan başqa, Məhkəmə hesab edir ki, "prosessual hərəkətlər" dedikdə Konvensiyanın 2-ci maddəsi üzrə, yaxud da müvafiq hallarda 3-cü maddəsi üzrə prosessual öhdəlikdən irəli gələn hərəkətlər, yəni təqsirkarların müəyyən edilməsi və cəzalandırılması ilə və ya zərərçəkən tərəfə kompensasiya təyin edilməsi ilə nəticələnə bilən cinayət, mülki, inzibati və intizam icraatları çərçivəsində həyata keçirilən hərəkətlər başa düşülməlidir (bax: Labita İtaliyaya qarşı [BP], ərizə № 26772/95, 131-ci bənd, ECHR 2000‑IV; və Makkann və başqaları Birlışmiş Krallığa qarşı, 27 sentyanr 1995-ci il, 161-ci bənd, A seriyaları, № 324). Bu anlayış digər məqsədlər üçün, məsələn, tarixi həqiqətin müəyyən edilməsi üçün aparılan digər növ təhqiqatları istisna edir.
144. "Hərəkətsizlik" termini elə bir situasiyanı bildirir ki, bu zaman səmərəli araşdırmanın həyata keçirilməli olduğu iddia edilir, amma araşdırma aparılmır və ya yalnız əhəmiyyətsiz prosessual hərəkətlər həyata keçirilir. Dövlət orqanlarının istintaq hərəkətlərini həyata keçirmək öhdəliyi o halda yarana bilər ki, təqsirkarların müəyyən edilməsinə və nəticə etibarı ilə məhkəməyə cəlb olunmasına və cəzalandırılmasına aidiyyəti olan həqiqətə bənzər, inandırıcı iddialar, dəlillər və ya məlumatlar ortaya çıxmış olsun (bax: Qutyerres Dorado və Dorado Ortis İspaniyaya qarşı (qərardad), ərizə № 30141/09, 39-41-ci bəndlər, 27 mart 2012-ci il; Çakır və başqaları Kiprə qarşı (qərardad), ərizə № 7864/06, 29 aprel 2010-cu il; və Breknell Birləşmiş Krallığa qarşı, ərizə № 32457/04, 66-72-ci bəndlər, 27 noyabr 2007-ci il). Yeni materiallar Konvensiyanın qüvvəyə minməsindən sonra ortaya çıxıbsa və kifayət qədər mötəbər və inandırıcıdırsa, habelə araşdırmanın yeni mərhələsinə təkan verəcək dərəcədə yetərincə əsaslı və inandırıcıdırsa, o halda Məhkəmə cavabdeh dövlətin 2-ci maddədən irəli gələn prosessual öhdəliyini Məhkəmənin presedent hüququnda bəyan edilmiş prinsiplərə uyğun şəkildə yerinə yetirdiyinə əmin olmalıdır. Lakin əgər öhdəlik yaradan hadisə Məhkəmənin zaman yurisdiksiyası (ratione temporis) xaricindədirsə, əhəmiyyətli tarixdən sonra yeni materialların aşkar edilməsi araşdırma aparmaq öhdəliyinin bərpasına yalnız o halda gətirib çıxara bilər ki, aşağıda müzakirə ediləcək "həqiqi əlaqə" tələbi və ya "Konvensiya dəyərləri" tələbi təmin edilmiş olsun.
b) "Həqiqi əlaqə" tələbi
145. Şilihin işi üzrə qərarın 163-cü bəndinin birinci cümləsində deyilir ki, öhdəlik yaradan hadisə ilə Konvensiyanın cavabdeh dövlət barəsində qüvvəyə minməsi arasında "həqiqi əlaqənin" mövcudluğu Konvensiyanın 2-ci maddəsi üzrə prosessual öhdəliyin yaranması üçün mütləq şərtdir.
146. Məhkəmə hesab edir ki, zaman amili əlaqənin "həqiqiliyinin" ən birinci mühüm göstəricisidir. O, bundan öncə Palatanın qərarında qeyd etdiyi kimi bildirir ki, "əlaqənin həqiqiliyi" tələbinin təmin edilməsi üçün öhdəlik yaradan hadisənin tarixi ilə əhəmiyyətli tarix arasındakı vaxt kifayət qədər qısa olmalıdır. Mütləq müddəti müəyyənləşdirmək üçün aydın hüquqi meyarlar mövcud olmasa da, həmin müddət on ildən artıq olmamalıdır (analogiya əsasında bax: Varnava və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 166-cı bənd; və Er və başqaları Türkiyəyə qarşı, ərizə № 23016/04, 59-60-cı bəndlər; ECHR 2012, çıxarışlar). Hətta müstəsna hallarda müddətin uzadılmasına haqq qazandırmaq mümkün olsa da, bu uzadılma "Konvensiya dəyərləri" tələbinə cavab verməlidir.
147. Lakin öhdəlik yaradan hadisənin tarixi ilə əhəmiyyətli tarix arasındakı vaxt özlüyündə əlaqənin "həqiqiliyinin" müəyyənləşdirilməsində həlledici əhəmiyyət daşımır. Şilihin işi üzrə qərarın 163-cü bəndinin ikinci cümləsində qeyd edilir ki, ölümün istintaqının xeyli hissəsi Konvensiyanın qüvvəyə minməsindən sonrakı dövrdə həyata keçirilibsə və ya keçirilməlidirsə, o halda əlaqənin mövcudluğu müəyyən edilmiş olur. Həmin hərəkətlərə ölümün səbəbi ilə bağlı icraatın aparılması və təqsirkarların məsuliyyətə cəlb olunması, habelə araşdırmanın gedişi üçün həlledici olan prosessual hərəkətlərin xeyli hissəsinin həyata keçirilməsi daxildir. Bu, belə bir prinsipdən irəli gəlir ki, Məhkəmənin yurisdiksiyası yalnız Konvensiyanın qüvvəyə minməsindən sonra baş verən prosessual hərəkətlərə və ya hərəkətsizliyə şamil olunur. Lakin icraatın xeyli hissəsi və ya ən mühüm prosessual hərəkətlər Konvensiyanın qüvvəyə minməsinə qədər baş veribsə, bu, Məhkəmənin aparılmış araşdırmanın səmərəliliyini Konvensiyanın 2-ci maddəsinin prosessual tələbləri nöqteyi-nəzərindən qiymətləndirmək imkanına xələl gətirə bilər.
148. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə bu qənaətə gəlir ki, "həqiqi əlaqənin" mövcudluğunun müəyyənləşdirilməsi üçün hər iki meyarın tələbləri təmin edilməlidir: öhdəlik yaradan hadisə qismində ölümün baş verdiyi tarixlə Konvensiyanın qüvvəyə mindiyi tarix arasındakı müddət kifayət qədər qısa olmalı və araşdırmanın xeyli hissəsi Konvensiyanın qüvvəyə mindiyi tarixdən sonra həyata keçirilməlidir.
c) "Konvensiya dəyərləri" tələbi
149. Məhkəmə daha sonra razılaşır ki, yuxarıda qeyd edilən "həqiqi əlaqə" tələbinə uyğun olmayan müstəsna hallar ola bilər ki, belə hallarda Konvensiyanın təminatlarını və təməl dəyərlərini təmin etmək zərurəti həqiqi əlaqənin mövcudluğunun qəbul edilməsi üçün yetərli əsas təşkil edə bilər. Şilihin işi üzrə qərarın 163-cü bəndinin sonuncu cümləsi "həqiqi əlaqə" tələbindən istisna təşkil edən bu cür imkanı istisna etmir. Yuxarıda qeyd edilən bütün işlərdə Məhkəmə "həqiqi əlaqənin" mövcudluğunu qəbul edib, çünki ölümün tarixi ilə əhəmiyyətli tarix arasındakı müddət kifayət qədər qısa olub və araşdırmanın xeyli hissəsi əhəmiyyətli tarixdən sonra aparılıb. Bu baxımdan bu iş, ola bilsin ki, bu müstəsna kateqoriyaya aid edilə bilən birinci işdir. Müvafiq olaraq, Məhkəmə "Konvensiya dəyərləri" tələbinin tətbiqinin meyarlarına aydınlıq gətirməlidir.
150. Palata kimi Böyük Palata da hesab edir ki, Konvensiyanın təməl dəyərlərinə istinad o deməkdir ki, öhdəlik yaradan hadisə adi cinayət əməlindən daha iri miqyaslıdırsa və Konvensiya dəyərlərinin inkarına bərabərdirsə, o halda əlaqənin mövcud olduğu müəyyən edilə bilər. Bu, beynəlxalq hüquqda nəzərdə tutulmuş ciddi cinayətlərə, məsələn, hərbi cinayətlərə, soyqırıma və ya insanlıq əleyhinə cinayətlərə aiddir (onların müvafiq beynəlxalq sənədlərdə nəzərdə tutulmuş anlayışlarına uyğun olaraq).
151. Belə cinayətlərin müdhiş xarakteri və ağırlığı Hərbi cinayətlərə və insanlıq əleyhinə cinayətlərə müddət məhdudiyyətinin tətbiqi edilməməsi haqqında Konvensiyanın iştirakçısı olan dövlətləri belə bir razılığa gəlməyə sövq edib ki, milli hüquq sistemində bu cinayətlərin təqibinə müddət məhdudiyyəti tətbiq edilməsin. Bununla belə, Məhkəmə hesab edir ki, "Konvensiya dəyərləri" tələbi Konvensiyanın qəbul edildiyi 4 noyabr 1950-ci il tarixindən əvvəl baş vermiş hadisələrə şamil oluna bilməz, çünki insan hüquqları sahəsində beynəlxalq müqavilə olaraq Konvensiyanın mövcudluğu yalnız həmin vaxtdan başlayıb. Müvafiq olaraq, Müqavilə Tərəfləri Konvensiyanın qəbulundan əvvəl baş vermiş hətta ən ciddi cinayətlərin belə beynəlxalq hüquq əsasında araşdırılmamasına görə Konvensiyaya əsasən məsuliyyət daşıya bilməzlər. Məhkəmə hətta bu gün bəzi ölkələrin İkinci Dünya Müharibəsi zamanı hərbi cinayətlərin törədilməsində təqsirkar olan şəxsləri uğurla məsuliyyətə cəlb etdikləri barədə arqumentə yetərincə əhəmiyyət versə də, cinayət təqibinə imkan verən hallar olduğu təqdirdə ağır cinayətə görə beynəlxalq hüquq əsasında şəxsə qarşı cinayət təqibinin mümkünlüyü ilə bu təqibin Konvensiya üzrə öhdəlik sayılması arasında prinsipial fərq olduğunu vurğulayır.
4. Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
152. Bu işin mübahisə doğurmayan faktlarına qayıdaraq Məhkəmə xatırladır ki, ərizəçilərin qohumları Polşa ordusunda hərbi qulluqçu idilər, 1939-cu ilin sentyabrında şərqi Polşa ərazisinə Sovet müdaxiləsinin başlanğıcında əsir alınmışdılar. Sonrakı aylarda onlar SSRİ-nin qərb hissəsində, Kozelsk, Ostaşkov və Starobelskdəki NKVD düşərgələrində saxlanılmışdılar.
153. 5 mart 1940-cı ildə SSR Kommunist Partiyası Mərkəsiz Komitəsinin Siyasi Bürosunun üzvləri NKVD rəhbərinin təklifi əsasında hərəkət edərək polşalı hərbi əsirlərin məhkəmədənkənar edamını təsdiqlədilər və bu iş NKVD əməkdaşları tərəfindən icra edilməli idi. Əsirlər qətlə yetirildilər və 1940-cı ilin aprelində və mayında müxtəlif günlərdə kütləvi məzarlıqdlarda basdırıldılar. Edam edilməli məhbusların siyahısı NKVD-nin "göndəriş siyahıları" əsasında tərtib edildi və həmin siyahılarda digərləri ilə yanaşı ərizəçilərin ailə üzvlərinin də adları vardı.
154. Ərizəçilərin ailə üzvlərindən üçünün kimliyi 1943-cü ildə aparılmış ekshumasiya zamanı müəyyənləşdirildi, digərlərinin cədələri isə nə tapıldı, nə də tanındı. Məhkəmə bir daha bildirir ki, o, bir çox işlərdə razılşıb ki, itkin düşmüş şəxs ölmüş elan oluna bilər. Bir qayda olaraq, bu fakt şəxsin hələ sağ olduğu, yaxud dövlət nümayəndələrinin əlində öldüyünün sübuta yetirilmədiyi barədə cavabdeh dövlətin iddalarının cavabında müəyyən edilib. Ölüm ehtimalının bu cür müəyyən edilməsi avtomatik baş vermir və yalnız işin hallarının nəzərdən keçirilməsi əsasında baş verir və bu zaman həmin şəxsin salamat olduğunu insanların gördüyü və ya eşitdiyi andan nə qədər vaxt keçməsi mühüm element təşkil edir (bax: Aslaxanova və başqaları Rusiyaya qarşı, ərizələr № 2944/06, 8300/07, 50184/07, 332/08 və 42509/10, 100-cü bənd, 18 dekabr 2012-ci il; Varnava və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 143-cü bənd; və Vaqapova və Zubirayev Rusiyaya qarşı, ərizə № 21080/05, 85-86-cı bəndlər, 26 fevral 2009-cu il). Məhkəmə itkin düşmüş şəxslər barəsində dörd il yarımdan artıq vaxt ərzində mötəbər məlumatların olmadığı hallarda ölüm ehtimalını qəbul edib (bax: İmakayeva Rusiyaya qarşı, ərizə № 7615/02, 155-ci bənd, ECHR 2006‑XIII, çıxarışlar (on ilədək müddət ərzində məlumatın olmaması), həmçinin Aslaxanova və başqalarının işi üzrə yuxarıda istinad edilən qərarın 103-115-ci bəndlərinə bax).
155. Şübhə yoxdur ki, 1939-cu ilin sonunda və 1940-cı ilin əvvəlində ərizəçilərin ailə üzvləri Sovet hakimiyyəti orqanlarının tam və müstəsna nəzarəti altında Sovet əraizisində həbsdə saxlanılırdılar və NKVD-nin "göndəriş sənədləri" bunun yazılı sübutunu təşkil edir. Siyasi Büronun 5 mart 1940-cı il tarixli qərarında deyilirdi ki, NKVD düşərgələrində saxlanılan polşalı hərbi əsirlər istisnasız olaraq məhkəmədənkənar edam olunmalıdırlar və bu iş sonrakı aylarda Sovet məxfi xidmətləri tərəfindən həyata keçirildi. Polşa hərbi formalarında olan məhbusların kütləvi məzarlıqları artıq 1943-cü ildə bu ərazi almanlar tərəfindən tutulduqdan sonra Xatın meşəsində aşkar edildi. NKVD-nin xələfi olan KQB-nin sədrinin 1959-cu ildə yazdığı qeydlərdə etiraf edilir ki, ümumilikdə NKVD tərəfindən iyirmi bir mindən artıq polşalı məhbus güllələnib. Ailələri 1940-cı ildə daha məhbuslardan məktub almadılar və o vaxtdan bəri, yəni yetmiş ildən artıq vaxt ərzində onlar barəsində heç bir məlumat da əldə etmədilər.
156. Faktlara aid bu elementləri nəzərə alaraq, Məhkəmə bu nəticəyə gəlir ki, ərizəçilərin 1939-cu ildə əsir alınmış ailə üzvləri 1940-cı ildə Sovet hakimiyyəti orqanları tərəfindən edam edilmiş hesab olunmalıdırlar.
157. Rusiya Federasiyası Konvensiyanı 5 may 1998-ci ildə, yəni ərizəçilərin qohumlarının edamından əlli səkkiz il sonra ratifikasiya edib. Böyük Palata Palatanın gəldiyi bu nəticəni dəstəkləyir ki, ölümün tarixi ilə əhəmiyyətli tarix arasındakı müddət bütün əvvəlki işlərdə 2-ci maddə üzrə prosessual öhdəliyi doğurmuş müddətdən nəinki xeyli artıq olub, həm də ərizəçilərin qohumlarının ölümü ilə Konvensiyanın Rusiya barəsində qüvvəyə minməsi arasında "həqiqi əlaqənin" müəyyən edilməsi üçün mütləq mənada həddən artıq uzun olub.
158. Kütləvi məzarlıqların mənşəyinin araşdırılmasına 1990-cı ildə başlanılıb və 2004-cü ilin sentyabrında rəsmən xitam verilib. Rusiya Hökuməti iş üzrə araşdırmaların başlanmasının öncədən qanunsuz olduğunu iddia etsə də, həmin araşdırmalar ən azı nəzəri cəhətdən təqsirkarların müəyyənləşdirilməsinə və cəzalandırılmasına gətirib çıxara bilərdi. Müvafiq olaraq, Konvensiyanın 2-ci maddəsinin məqsədləri üçün "prosessual hərəkətlər və hərəkətsizlik" anlayışı bu araşdırmalara şamil olunur.
159. 1990-cı illərin əvvəllərində Sovet, sonra isə Rusiya dövlət orqanları tərəfindən xeyli sayda prosessual hərəkətlər həyata keçirildi. 1991-ci ildə Xarkov, Mednoye və Xatında kütləvi məzarlıqlarda cəsədlərin ekshumasiyası keçirildi, müstəntiqlər məhkəmə ekspertizaları barədə göstərişlər verdilər və qətllərin potensial şahidlərini dindirdilər. Rusiya, Polşa, Ukrayna və Belarusun hakimiyyət orqanları arasında rəsmi səfərlər və koordinasiya görüşləri keçirildi. Lakin bütün bu addımlar əhəmiyyətli tarixədək atılmışdı. Konvensiyanın qüvvəyə minməsindən sonrakı dövrə gəlincə, işin materiallarındakı və tərəflərin təqdimatlarındakı məlumatlar 5 may 1998-ci ildən sonra hər hansı real istintaq hərəkətlərinin həyata keçirildiyini təsdiq etmir. Məhkəmə bunu qəbul etmək iqtidarında deyil ki, sübutların yenidən qiymətləndirilməsi, əvvəlki nəticələrdən imtina edilməsi və ya istintaq materiallarını məxfiləşdirmək barədə qərarın qəbulu Konvensiyanın 2-ci maddəsinin məqsədləri üçün "həqiqi əlaqənin" müəyyən edilməsindən ötrü tələb olunan "prosessual hərəkətlərin xeyli hissəsini" təşkil edib. Həmçinin əhəmiyyətli tarixdən sonra hər hansı mühüm dəlillər və ya məlumatlar aşkara çıxmayıb. Belə olan halda Məhkəmə bu nəticəyə gəlir ki, bu hallar "həqiqi əlaqənin" mövcudluğunun müəyyən edilməsi üçün zəruri olan meyarların heç birinin tələbinə cavab vermir.
160. Nəhayət, indi onu müəyyənləşdirmək qalır ki, bu işdə "Konvensiya dəyərləri" tələbini tətbiq etməklə "həqiqi əlaqə" tələbindən kənara çıxmağa haqq qazandıra bilən müstəsna hallar mövcud idimi? Məhkəmənin müəyyən etdiyi kimi, 2-ci maddə üzrə araşdırma aparmaq öhdəliyini doğura bilən hadisələr 1940-cı ilin əvvəlində, yəni Konvensiyanın mövcudluğundan on ildən də artıq öncə baş verib. Buna görə də Məhkəmə Palatanın gəldiyi bu nəticəni dəstəkləyir ki, uzaq keçmişlə Konvensiyanın qüvvəyə minməsindən sonrakı yaxın dövr arasında körpü yarada biləcək heç bir element olmayıb.
161. Yuxarıdakı mülahizələri nəzərə alaraq Məhkəmə Hökumətin zaman meyarına görə (ratione temporis) irəli sürdüyü etirazı dəstəkləyir və hesab edir ki, bu şikayətə Konvensiyanın 2-ci maddəsi üzrə baxmaq səlahiyyətinə malik deyil.
III. KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
162. Ərizəçilər şikayət etdilər ki, uzun müddət ərzində tarixi faktın inkar edilməsi və qohumları barəsində məlumatların gizlədilməsi, məlumat almaq üçün onların sorğularına Rusiyanın dövlət orqanları tərəfindən ziddiyyətləri cavabların verilməsi ilə birlikdə, Konvensiyanın 3-cü maddəsinin pozuntusunu təşkil edən qeyri-insani və ya ləyaqəti alçaldan rəftara bərabərdir, həmin maddədə deyilir:
"Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır".
A. Palatanın qərarı
163. Palata Xatın qırğını qurbanları ilə ərizəçiləri birləşdirən ailə əlaqələrinin yaxınlığı əsasında iki ərizəçi qrupu arasında fərq qoydu. O, qəbul etdi ki, dul qadının və 1940-cı ilədək doğulmuş doqquz övladın timsalında "sıx ailə əlaqəsi" mövcud olub və bu qrup 3-cü maddənin pozuntusunun qurbanı statusuna iddia edə bilər. Digər tərəfdən, 1940-cı ildə və ya daha sonra doğulan, yaxud Xatın qurbanlarının nisbətən uzaq qohumları olan digər beş ərizəçinin mənəvi iztirabları o dərəcədə deyil ki, Konvensiyanın 3-cü maddəsi onlara şamil olunsun.
164. Palata daha sonra birinci qurpa aid ərizəçilərin müxtəlif dövrlərdəki vəziyyətini araşdırdı. İkinci Dünya Müharibəsi zamanı onlar yaxınlarının "taleyi ilə bağlı qeyri-müəyyən vəziyyətdə idilər", müharibədən sonra isə "ən azı polşalı hərbi əsirlərin bəzilərinin ya daha ucqar Sovet düşərgələrində qalmaqla, ya da qaçmaqla və ya gizlənməklə sağ qala biləcəyinə hələ də ümid edə bilərdilər". SSRİ tərəfindən nəzarət edilən sosialist Polşasının mövcudluğu ərzində ərizəçilərin "baş verənlər barədə həqiqəti öyrənmələrinə siyasi səbəblərə görə icazə verilməmişdi və onlar Sovet və Polşa kommunist hakimiyyətləri tərəfindən təhrif olunmuş tarixi faktları qəbul etməyə məcbur edilmişdilər". Hətta Sovet və Rusiya dövlət orqanları tərəfindən Xatın qırğını açıq şəkildə etiraf edildikdən sonra ərizəçilər, yəqin ki, "istintaqda açıq-aydın irəliləyiş olmaması səbəbindən məyusluq hissi keçiriblər".
165. Konvensiyanın qüvvəyə minməsindən sonrakı dövrdə ərizəçilərin istintaq materialları ilə tanış olmalarına icazə verilməmiş və onlar xarici vətəndaş olmaları səbəbindən icraatda iştiraka buraxılmamışdılar. "Rusiyanın dövlət orqanlarının Xatın qırğınının reallığını etiraf etməyə açıq-aydın meyl göstərməməsi" Palatada xüsusilə təəccüb doğurub. Rusiyanın hərbi məhkəmələri ərizəçilərin qohumlarının NKVD düşərgələrində məhbus kimi saxlanıldıqlarını etiraf etsələr də, sonrakı edam barəsində bir söz deməkdən israrla yayınaraq Xatın istintaqının bunu sübutunu aşkar etmədiyinə istinad ediblər. Palata bu yanaşmanı "ərizəçilərin maraqlarına qarşı kobudcasına etinasızlıq və Xatın cinayətinin hallarının bilərəkdən gizlədilməsi" kimi şərh etdi. Bəraət prosesinə gəlincə, Palata hesab etdi ki, "kütləvi qətllərin reallığının inkar edilməsi və polşalı məhbusların bəlkə də cinayət işi üzrə müttəhim olmaları və hüquqa uyğun olaraq yüksək cəzaya layiq görülməli olmaları barədə ehtimalla bu inkarın möhkəmləndirilməsi ərizəçilərə qarşı münasibəti nümayiş etdirir, həmin münasibət sadəcə təhqiramiz deyil, həm də qeyri-insanidir".
166. Palata razılaşdı ki, bu işdə ərizəçilərin qohumlarından ayrı düşmələrindən sonra ötmüş müddət digər işlərə nisbətən xeyli uzun olub və ərizəçilər ailə üzvlərinin sağ qaldıqlarını və ya ölmüş olduqlarını bilməmələri ucbatından daha əvvəlki qədər güclü iztirab keçirməyiblər. Bununla belə, bu maddənin analoqu olan Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsi ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin məhkəmə praktikasına istinadən Palata bu qənaətə gəldi ki, dövlət orqanlarının 3-cü maddə üzrə daşıdığı öhdəlik sadəcə ölüm faktının etirafından ibarət ola bilməz, bu öhdəlik onu da tələb edir ki, onlar ölümün halları və məzarlıq yerləri barədə məlumat verməlidirlər. Hazırkı işdə Rusiyanın dövlət orqanları ərizəçilərə qohumlarının ölümünün halları ilə bağlı hər hansı rəsmi məlumat təqdim etməyiblər və ya onların basdırıldıqları yerləri tapmaq üçün hər hansı səmimi səylər göstərməyiblər. Palata 3-cü maddənin pozulduğu qənaətinə gəldi.
B. Tərəflərin arqumentləri
1. Rusiya Hökuməti
167. Hökumət ilk növbədə bildirdi ki, ölmüş və ya itkin düşmüş şəxslərin qohumlarına münasibətdə 3-cü maddə üzrə hər hansı məsələnin meydana çıxması üçün iki elementin mövcudluğu sübuta yetirilməlidir: 1) ərizəçilər qohumlarının taleyi ilə bağlı qeyri-müəyyən vəziyyətdə olmalı; və 2) dövlət orqanlarının hərəkətləri həmin müddətdə onların iztirablarını ağırlaşdırmalıdır (burada Hökumət bu işə istinad etdi: Luluyev və başqaları Rusiyaya qarşı, ərizə № 69480/01, 114-115-ci bəndlər, ECHR 2006‑XIII, çıxarışlar).
168. Birinci elementlə, yəni qeyri-müəyyən vəziyyətlə bağlı Hökumət qeyd etdi ki, baxmayaraq ki, cinayət və ya "bəraət" icraatının məqsədləri üçün ərizəçilərin qohumlarının taleyini əminliklə müəyyənləşdirmək mümkün deyil, onların doğum tarixlərini və İkinci Dünya Müharibəsi dövründən bəri onlar barəsində hər hansı xəbərin olmadığını nəzərə alsaq, 5 may 1998-ci ilədək onların hamısının hələ də sağ olduqlarını gözləmək ağlabatan olmazdı. Birinci element mövcud olmadığına görə Rusiya Hökuməti hesab etdi ki, 2-ci maddə üzrə artıq araşdırılmış olan məsələlərdən savayı 3-cü maddə üzrə hər hansı ayrıca məsələ meydana çıxa bilməz (burada Hökumət bu işlərə istinad etdi: Esmuxambetov və başqaları Rusiyaya qarşı, ərizə № 23445/03, 189-cu bənd, 29 mart 2011-ci il; Velxiyev və başqaları Rusiyaya qarşı, ərizə № 34085/06, 137-ci bənd, 5 iyul 2011-ci il; Sambiyev və Pokayeva Rusiyaya qarşı, ərizə № 38693/04, 74-75-ci bəndlər, 22 yanvar 2009-cu il; və Tangiyeva Rusiyaya qarşı, ərizə № 57935/00, 104-cü bənd, 29 noyabr 2007-ci il).
169. Hökumət daha sonra bu işdə ərizəçilərin iztirablarına "insan hüquqlarının ciddi pozuntularının qurbanlarının qohumlarının qaçılmaz olaraq məruz qaldığı emosional üzüntüdən daha fərqli miqyas və xarakter verə biləcək" "xüsusi amillərin" olmadığını qeyd etdi (burada Hökumət bu işlərə istinad etdi: Qonqadze Ukraynaya qarşı, ərizə № 34056/02, 184-cü bənd, ECHR 2005‑XI; və Orhan Türkiyəyə qarşı, ərizə № 25656/94, 357-358-ci bəndlər, 18 iyun 2002-ci il). Birinci "xüsusi amilə" – "ailə əlaqələrinin yaxınlığına" gəlincə, ərizəçilərin beşi qohumlarının tutulmasından sonra dünyaya gəliblər və Palata bu ərizəçilərin barəsində Konvensiyanın 3-cü maddəsinin pozulduğunu müəyyən etməyib. İkinci "xüsusi amil" – "ailə üzvlərinin sözügedən hadisələrin müəyyən dərəcədə şahidi olmaları" amili isə mövcud deyil, çünki onların heç biri qohumlarının ölümü ilə nəticələnmiş hadisələri görməyiblər. Bu işdə həmçinin üçüncü meyara – "ailə üzvlərinin itkin düşmüş şəxs barəsində məlumat almağa cəhd etmələri" meyarına uyğunluq yoxdur, çünki ərizəçilər Xatın araşdırmasında nə iştirak ediblər, nə də vəsatət və ya ifadə veriblər. İş on dörd ildən artıq müddətdə Rusiya və Polşa mətbuatında geniş işıqlandırılsa da, iki ərizəçi onlara rəsmi prosessual status verilməsini yalnız istintaqa xitam verildikdən sonra xahiş ediblər (burada Hökumət əks nümunə qismində bu işə istinad etdi: Musixanova və başqaları Rusiyaya qarşı, ərizə № 27243/03, 81-82-ci bəndlər, 4 dekabr 2008-ci il).
170. Dördüncü "xüsusi amil" olan Rusiyanın dövlət orqanlarının ərizəçilərin sorğularına reaksiyasına gəlincə, Hökumət iddia etdi ki, birincisi, Xatın hadisəsinin baş verdiyi tarixi Konvensiyanın Rusiya tərəfindən ratifikasiya edildiyi tarixdən ayıran əlli səkkiz illik müddət səbəbindən, habelə qohumlarının taleyi ilə bağlı daha ərizəçilərin qeyri-müəyyən vəziyyətdə olmaması səbəbindən həmin orqanların hərəkətlərinin və ya hərəkətsizliyinin məsələyə iddia edilən təsiri, yəqin ki, əhəmiyyətli dərəcədə azalmışdı. Hökumət milli hakimiyyət orqanlarının hərəkətlərinin əsaslı olduğunu iddia edərək qeyd etdi ki, birincisi, polşalı məhbuslara qarşı irəli sürülmüş ittihamlar barəsində hər hansı məlumat olmadığı bir şəraitdə onların "bəraət" alması mümkün deyildi. İkincisi, dövlət orqanları ərizəçiləri tapmaqdan və ya onlara zərərçəkən statusu verməkdən ibarət hüquqi öhdəlik daşımırdılar, çünki cinayət mühakimə icraatındakı sübutetmə standartının tələbinə uyğun olaraq "Xatın hadisələri" ilə ərizəçilərin qohumlarının ölümü arasındakı səbəb-nəticə əlaqəsini müəyyənləşdirmək üçün yetərli dəlillər yox idi. Üçüncüsü, prokurorların ərizəçilərə ünvanlanmış məktublarında "düzgün olmayan qənaətlər" vardı və son nəticədə ərizəçilərin nümayəndələrinin iştirakı ilə sənədlərin lazımi qaydada qiymətləndirilməsini həyata keçirmiş Rusiya məhkəmələri tərəfindən "uyğunsuzluqlara" aydınlıq gətirilmişdi.
171. Hökumət Palatanın bu qənaəti ilə razılaşmadı ki, Rusiya məhkəmələri Xatın cinayətinin reallığını inkar ediblər; onun fikrincə, məhkəmələr "sadəcə ərizəçilərin qohumlarının ölümünün hallarının" cinayət mühakimə icraatındakı sübutetmə standartının tələbinə uyğun olaraq "müəyyənləşdirilməsi üçün yetərli sübutlar olmadığını" qeyd ediblər. Hökumət bu rəyi də şübhə altına aldı ki, milli hakimiyyət orqanları itkin düşmüş şəxslərin taleyinə görə məsuliyyət daşımağa borcludurlar və onların basdırıldıqları yerlərin axtarılması üçün addımlar atmalıdırlar, belə ki, ərizəçilərin qohumları "itkin düşmüş şəxslər" deyildilər və nə daxili qanunvericilikdə, nə də beynəlxalq humanitar hüquqda və ya Konvensiyada bu cür öhdəlik nəzərdə tutulmamışdı. Nəhayət, Hökumət iddia etdi ki, onun tarixi faktları təhrif etmək və ya ərizəçiləri hər hansı formada alçaldıcı rəftara məruz qoymaq niyyəti olmayıb.
2. Ərizəçilər
172. Ərizəçilər Palatanın qərarında ifadə edilmiş belə bir mövqe ilə razılaşdılar ki, 3-cü maddədə nəzərdə tutulan öhdəlik 2-ci maddədən irəli gələn öhdəlikdən onunla fərqlənir ki, sonuncu maddə dövlətin konkret hüquqi tədbir görməsini tələb edir, birinci isə daha ümumi humanitar xarakter daşıyır. Onlar iddia etdilər ki, Məhkəmə Konvensiyanın qüvvəyə mindiyi tarixdən əvvəlki faktları nəzərdən keçirmək imkanına malik olmalıdır, çünki onların həmin tarixdən əvvəl baş vermiş faktlarla əlaqəsi ola bilər (onlar bu işlərə istinad etdilər: Broniovski Polşaya qarşı (qərardad) [BP], ərizə № 31443/96, 74-cü bənd, ECHR 2002‑X; və Hokkanen Finlandiyaya qarşı, 23 sentyabr 1994-cü il, 53-cü bənd, A seriyaları, № 299-A). Bundan əlavə, hətta həyatdan məhrum edilmə ilə bağlı ilkin faktları araşdırmaq zaman meyarına görə (ratione temporis) Məhkəmənin səlahiyyəti daxilində olmasa belə, o, dövlət orqanlarının 3-cü maddə üzrə öhdəliklərinə riayət edib-etmədiklərini qiymətləndirmək səlahiyyətinə malik olmalıdır (burada ərizəçilər Mariam Sankara və başqaları Burkina Fasoya qarşı iş üzrə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin 28 may 2006-cı il tarixli qərarı ilə paralellər apardılar).
173. Ərizəçilər ailə əlaqələrinin yaxınlığı əsasında onların iki fərqli qrupa bölünməsi barədə Palatanın qərarı ilə razılaşmadılar. Onlar bildirdilər ki, müharibədən sonrakı sosialist Polşasında vəziyyət və Xatın qırğınının SSRİ tərəfindən etiraf edilməsindən sonrakı hadisələr bütün ərizəçilərə eyni dərəcədə təsir göstərib. Onlar iddia etdilər ki, Palatanın yanaşmasından fərqli olaraq, atalarını xatırlamayanlar və ya onlarla şəxsi təmasda olmaq imkanından məhrum olanlar valideynlərinin faciəli taleyinə qarşı daha həssasdırlar. Bundan başqa, barələrində 3-cü maddənin pozuntusunun müəyyən edilmədiyi ikinci qrupdakı ərizəçilər müxtəlif hüquqi hərəkətlərdə, eləcə də həlak olmuş qohumlarının xatirəsinin əbədiləşdirilməsi ilə bağlı digər tədbirlərdə aktiv iştirak ediblər: xanım Volk-Yejerska Xatın qırğını barəsində bir sıra kitablar yazıb, xanım Kşişkovyak Xatın hadisələri ilə bağlı materiallar çap edən nəşriyyat yaradıb, xanım Rodoviç Xatın qırğınına həsr olunmuş bir neçə sənət əsəri yaradıb, ərizəçilər arasında ən gənc olan cənab Romanovskiyə isə mərhum anası "vəsiyyət" edib ki, qətlə yetirilmiş dayısının xatirəsini yad etsin. Ərizəçilər İnter-Amerika İnsan Hüquqları Məhkəməsinin presedent hüququna istinad edərək bildirdilər ki, 3-cü maddə üzrə ifadə etdikləri şikayətlərlə bağlı onların hamısı ya qətlə yetirilənlərin yetkin yaşlı birbaşa qohumları qismində, ya da qətlə yetirilmiş ailə üzvlərinin taleyi ilə bağlı çoxsaylı hərəkətlərdə iştirak etməklə onlarla möhkəm və davamlı şəxsi əlaqələrinin mövcudluğunu sübuta yetirmiş dolayı qohumlar qismində zərərçəkəndirlər.
174. Sorğularına Rusiyanın dövlət orqanlarının reaksiyasına gəlincə, ərizəçilər qeyd etdilər ki, Məhkəmənin baxdığı əvvəlki işlərdə bəzi hallarda "itkin düşmüş şəxslər" cəsədləri tapıldıqdan sonra ölmüş elan olunublar. Xatın işində isə ardıcıllıq tərsinə olub: "ölmüş" şəxslər Rusiyanın dövlət orqanlarının nəzərində "itkin düşmüş" sayılıblar. Bu tərs ardıcıllıq tarixi faktların inkar olunması deməkdir və ərizəçilərə güclü ağrı, əzab və stress gətirib. Bu, Holokost qurbanlarının bir qrup qohumlarına belə bir məlumatın verilməsinə bərabərdir ki, qurbanlar itkin düşmüş sayılmalıdırlar, çünki sənədlər faşist hakimiyyəti orqanları tərəfindən məhv edildiyinə görə onların yalnız düşərgəyə gətirilənə qədərki taleyini izləmək mümkün olub. Üstəlik, hərbi prokurorlar "[polşalı] məhbuslara qarşı ittihamlar üçün Cinayət Məcəlləsinin hansı maddəsinin hüquqi əsas təşkil etdiyini müəyyənləşdirmək" iqtidarında olmadıqlarını bildirdiklərinə görə mahiyyət etibarı ilə qurbanların müvafiq qaydada ölüm cəzasına məhkum edilə biləcək cinayətkarlar ola biləcəyini iddia ediblər. Bundan başqa, bəraət məsələsi ilə əlaqədar Moskva məhkəməsindəki araşdırmada prokuror iddia edib ki, repressiayalar üçün "əsaslı səbəblər" olub, belə ki, polşalı hərbçilər "casus, terrorçu və təxribatçılar" olublar və Polşanın müharibəyə qədərki ordusu "Sovet İttifaqına qarşı vuruşmaq üçün hazırlanıb". Ərizəçilər vurğuladılar ki, onların mənəvi iztirabları qətllərin özlərindən irəli gələn iztirablar kimi deyil, Rusiyanın dövlət orqanlarının rəftarı nəticəsində keçirdikləri iztirablar kimi səciyyələndirilməlidir.
3. Polşa Hökuməti
175. Polşa Hökuməti iddia etdi ki, Rusiyanın dövlət orqanları ərizəçiləri qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyublar. O, qeyd etdi ki, əsir alınan, Sovet hakimiyyəti orqanları tərəfindən həbsdə saxlanılan və son nəticədə qətlə yetirilən şəxslər ərizəçilərin yaxın qohumları idilər. Bir çox illər ərzində siyasi səbəblərə görə Sovet hakimiyyəti orqanları 1949-cu ilin sonunda əsir alınmış şəxslərin taleyi barəsində hər hansı rəsmi məlumatla tanışlığa icazə verməkdən imtina ediblər. 1990-cı ildə araşdırma başlandıqdan sonra ərizəçilər qohumlarının hüquqi bəraət qazanmasına nail olmaq üçün istintaq materialları ilə tanış olmağa cəhd ediblər, amma cəhdləri uğursuz olub. Məlumatlarla tanış ola bilməmələri və aldıqları məlumatların ziddiyyətli olması ərizəçiləri daim qeyri-müəyyən durumda və stress vəziyyətində saxlayıb və Rusiyanın dövlət orqanlarının onların alçaldılmasına yönələn hərəkətlərindən bütünlüklə asılı hala salıb. Bu, Konvensiyanın 3-cü maddəsini pozan rəftara bərabərdir.
4. Üçüncü tərəfin arqumentləri
176. Beynəlxalq Ümumi Hüquq və Siyasət Qrupu ərizəçinin ailə üzvünün 3-cü maddənin pozuntusunun qurbanı hesab edilməsi üçün zəruri olan ailə əlaqələrinin xarakteri və yaxınlığı ilə bağlı Məhkəmənin presedent hüququnun icmalını təqdim etdi. Onun fikrincə, presedent hüququndan görünür ki, Məhkəmə ərizəçilərin ailə üzvlərinin qaldırdığı iddialara və məlumat almaq üçün sorğu verilməsindən sonra dövlətin oynadığı rola getdikcə diqqətlə yanaşır. Üçüncü tərəf daha sonra bildirdi ki, itkin düşmüş şəxs barəsində məlumat almaq cəhdlərində ailə üzvünün iştirakı əsasında onun qurban statusunun tanınmasına və dövlət orqanlarının bu cəhdlərə münasibətinə Məhkəmənin yanaşması digər beynəlxalq məhkəmə təsisatlarının, o cümlədən İnter-Amerika İnsan Hüquqları Məhkəməsinin (burada o, bu işlərə istinad etdi: Qarrido və Bayqorriya Argentinaya qarşı, 27 avqust 1998-ci il tarixli qərar; və Bleyk Qvatemalaya qarşı, 24 yanvar 1998-ci il tarixli qərar) və Kamboca məhkəmələrinin fövqəladə palatalarının tətbiq etdikləri standarta uyğundur.
C. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
177. Məhkəmə özünün presedent hüququnda qurbanın Məhkəmədə ərizəçi qimində çıxış edən ailə üzvlərinə insan hüquqlarının ciddi pozuntularının göstərdiyi dərin psixoloji təsirə həmişə böyük diqqət yetirib. Lakin qurbanın qohumları barəsində Konvensiyanın 3-cü maddəsinin ayrıca pozuntusunun müəyyən edilməsi üçün onların iztirablarına pozuntu faktından qaçılmaz sürətdə irəli gələn emosional üzüntüdən daha fərqli miqyas və xarakter verə biləcək xüsusi amillər mövcud olmalıdır. Həmin amillər sırasına yaxın qohumluq əlaqəsi, münasibətlərin xüsusi halları, ailə üzvünün araşdırılan hadisələrin nə dərəcədə şahidi olması və qohumlarının taleyi barədə məlumat əldə etmək cəhdlərində ərizəçilərin iştirakı daxildir.
178. Bununla bağlı Məhkəmə bir daha bildirir ki, "itkin düşmüş şəxsin" ailə üzvü 3-cü maddəyə zidd olan rəftarın qurbanı statusuna o hallarda iddia edə bilər ki, itkin düşmə vaxtından itkin düşmüş şəxsin cəsədinin aşkar edildiyi vaxtadək uzunmüddətli qeyri-müəyyənlik dövrü mövcud olsun. Bu tip işlərdə 3-cü maddə üzrə meydana çıxan məsələnin mahiyyəti itkin düşmüş şəxsin hüquqlarınımn pozulmasından daha çox, bu durum dövlət orqanlarının diqqəitnə çatdırıldıqda onların bu vəziyyətə göstərdiyi etinasız reaksiyadan və münasibətdən ibarətdir. Bu əsasa görə pozuntunun müəyyən edilməsi təkcə şəxsin itkin düşməsinə görə cavabdeh dövlətin məsuliyyət daşıdığı hallarla məhdudlaşmır. Pozuntunun müəyyən edilməsi həm də qohumların məlumat əldə etmək cəhdlərinə dövlət orqanlarının reaksiya vermək istməməsinin və ya onların qarşısında maneələr yaratmasının və nəticədə qohumların özlərinin faktları aydınlaşdırmağa cəhd etmək məcburiyyətində qalmasının nəticəsi ola bilər (əgər belə münasibət itkin düşmüş şəxsin taleyi barədə məlumat vermək öhdəliyinə qarşı kobudcasına, davamlı və tam etinasızlıq hesab edilə bilərsə) (konkret olaraq bu işlərə bax: Açış Türkiyəyə qarşı, ərizə № 7050/05, 36 və 51‑54-cü bəndlər, 1 fevral 2011-ci il; Varnava və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 200-cü bənd; Osmanoğlu Türkiyəyə qarşı, ərizə № 48804/99, 96-cı bənd, 24 yanvar 2008-ci il; Luluyev və başqaları Rusiyaya qarşı, ərizə № 69480/01, 114-cü bənd, ECHR 2006‑XIII (çıxarışlar); Bazorkina Rusiyaya qarşı, ərizə № 69481/01, 139-cu bənd, 27 iyul 2006-cı il; Qonqadze Ukraynaya qarşı, ərizə № 34056/02, 184-cü bənd, ECHR 2005‑XI; Tanış və başqaları Türkiyəyə qarşı, ərizə № 65899/01, 219-cu bənd, ECHR 2005-VIII; Orhan Türkiyəyə qarşı, ərizə № 25656/94, 358-ci bənd, 18 iyun 2002-ci il; və Çakıcı Türkiyəyə qarşı [BP], ərizə № 23657/94, 98-ci bənd, ECHR 1999‑IV).
179. Məhkəmə şəxsin həbsə alındığı və taleyi nisbətən qısa müddət ərzində naməlum qaldıqdan sonra ölmüş halda tapıldığı situasiyalarda məhdudlaşdırıcı yanaşma tətbiq edir (bax: Tanlı Türkiyəyə qarşı, ərizə № 26129/95, 159-cu bənd, ECHR 2001-III; və Bitiyeva və başqaları Rusiyaya qarşı, ərizə № 36156/04, 106-cı bənd, 23 aprel 2009-cu il). Çeçenistanla əlaqədar olan, ərizçilərin öz qohumlarının qətlinin şahidi olmadıqları və yalnız onların cəsədləri aşkar edildikdən sonra qətlə yetirildiklərindən xəbər tutduqları silsilə işlərdə Məhkəmə hesab edib ki, 3-cü maddənin ayrıca pozuntusunu müəyyən etməyə ehtiyac yoxdur, belə ki, o, artıq Konvensiyanın 2-ci maddəsinin substantiv və prosessual aspektinin pozuntusunu müəyyən edib (bax: Velxiyev və başqaları Rusiyaya qarşı, ərizə № 34085/06, 137-ci bənd, 5 iyul 2011-ci il; Sambiyev and Pokayeva Rusiyaya qarşı, ərizə № 38693/04, 74-75-ci bəndlər, 22 yanvar 2009-cu il; və Tangiyeva Rusiyaya qarşı, ərizə № 57935/00, 104-cü bənd, 29 noyabr 2007-ci il).
180. Bundan başqa, dövlət orqanları tərəfindən 2-ci maddə pozulmaqla qətlə yetirilmiş şəxslər barəsindəki işlərdə Məhkəmə qərara alıb ki, ölümün baş verməsinə səbəb olmuş insidentin ani xarakter daşıması səbəbindən 3-cü maddənin tətbiqi, bir qayda olaraq, həmin şəxslərin qohumlarına şamil olunmur (bax: Damayev Rusiyaya qarşı, ərizə № 36150/04, 97-ci bənd, 29 may 2012-ci il; Yasin Ateş Türkiyəyə qarşı, ərizə № 30949/96, 135-ci bənd, 31 may 2005-ci il; Udayeva və Yusupova Rusiyaya qarşı, ərizə № 36542/05, 82-ci bənd, 21 dekabr 2010-cu il; Xaşuyeva Rusiyaya qarşı, ərizə № 25553/07, 154-cü bənd, 19 iyul 2011-ci il; və İnderbiyeva Rusiyaya qarşı, ərizə № 56765/08, 110-cu bənd, 27 mart 2012-ci il).
181. Bununla belə, Məhkəmə hesab edir ki, təsdiqlənmiş ölüm hallarında, yəni ərizəçilərin öz ailə üzvlərinin iztirablarının birbaşa şahidi olduqları situasiyalarda 3-cü maddənin pozuntusunun ayrıca müəyyən edilməsi əsaslı ola bilər (bax: Salahov və İslamova Ukraynaya qarşı, ərizə № 28005/08, 204-cü bənd, 14 mart 2013-cü il – bu işdə ərizəçi həbsdə saxlanılan oğlunun tədricən ölməsinin şahidi olmuş və ona kömək etmək imkanına malik olmamışdı; Esmuxambetov və başqaları Rusiyaya qarşı, ərizə № 23445/03, 190-cı bənd, 29 mart 2011-ci il – bu işdə ailəsinin bütün üzvlərinin öldürülməsinin şahidi olmuş ərizəçi barəsində 3-cü maddənin pozulduğu müəyyən edildi, amma qətllər barəsində sonradan xəbər tutmuş digər ərizəçilər barəsində pozuntu müəyyən edilmədi; Hacıəliyev və başqaları Rusiyaya qarşı, ərizə № 3013/04, 121-ci bənd, 6 noyabr 2008-ci il – bu işdə ərizəçilər övladlarının hissələrə bölünmüş və başları kəsilmiş cəsədlərini lazımi qaydada dəfn etmək imkanından məhrum olmuşdular; Musayev və başqaları Rusiyaya qarşı, ərizələr № 57941/00, 58699/00 və 60403/00, 169-cu bənd, 26 iyul 2007-ci il – bu işdə ərizəçi bir neçə qohumunun və qonşularının məhkəmədənkənar qətlinin şahidi olmuşdu; və Akkum və başqaları Türkiyəyə qarşı, ərizə № 21894/93, 258-259-cu bəndlər, ECHR 2005‑II (çıxarışlar) – bu işdə ərizəçiyə oğlunun eybəcər hala salınmış cəsədini gətirmişdilər).
2. Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
182. Məhkəmə qeyd edir ki, 3-cü maddə üzrə şikayətin əsasını təşkil edən situasiya əvvəlcə "itkin düşmə" barəsindəki işin xüsusiyyətlərinə malik idi. Ərizəçilərin ailə üzvləri işğalçı Sovet qüvvələri tərəfindən əsir alınmışdılar və Sovet düşərgələrində saxlanılırdılar. Sübutlar var ki, polşalı hərbi əsirlərlə onların ailə üzvləri arasındakı yazışmalar 1940-cı ilin yazınadək davam edib, odur ki, ailə üzvləri həmin vaxt onların sağ olduğundan xəbərdar idilər. Polşaya onlardan məktubların gəlməsi dayandıqdan sonra qohumları bir çox illər ərzində onların taleyi ilə bağlı qeyri-müəyyən durumda qaldılar.
183. 1943-cü ildə Xatın meçəsi yaxınlığında kütləvi məzarlıqlar aşkar edildikdən sonra qismən cəsədlərin qalıqlarının ekshumasiyası və tanınması həyata keçirildi. Lakin həmin vaxt ərizəçilərin qohumlarının yalnız üçünün – cənab Volkun, cənab Rodoviçin və cənab Miletskinin cəsədləri tanındı. Sovet hakimiyyəti orqanları polşalı hərbi əsirləri edam etdiklərini inkar etdilər, Siyasi Büronun və ya NKVD-nin materialları ilə tanış olmadan cəsədləri tanınmayan məhbusların taleyini isə müəyyənləşdirmək mümkün deyildi. Soyuq müharibə dövründə Xatın qırğını qurbanlarının müəyyənləşdirilməsi üçün heç bir cəhd göstərilmədi, çünki qətllərin faşistlər tərəfindən təşkil edildiyi barədə Sovet versiyası sosialist rejiminin mövcudluğunun bütün dövrü ərzində, yəni 1989-cu ilədək Polşa Xalq Respublikasında rəsmi versiya sayılırdı.
184. 1990-cı ildə SSRİ polşalı hərbi əsirlərin qətlinə görə Sovet rəhbərliyinin məsuliyyət daşıdığını rəsmən etiraf etdi. Sonrakı illərdə qırğın barəsindəki salamat qalmış sənədlər ictimaiyyətə açılandı və istintaq bir neçə məzarlıqda ekshumasiyanı həyata keçirdi. Polşa, Rusiya, Ukrayna və Belarus porkurorları arasında bir sıra məsləhətləşmələr keçirildi.
185. Konvensiya Rusiya tərəfindən 5 may 1998-ci ildə ratifikasiya edildiyi zaman polşalı hərbi əsirlərin edamından əlli səkkiz ildən artıq vaxt keçmişdi. O vaxtdan uzun müddət keçdiyini, bu dövrdə aşkar edilmiş materialları və Xatın cinayətinin hallarının aydınlaşdırılması üçün müxtəlif tərəflərin göstərdiyi səyləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, əhəmiyyətli tarixdən sonrakı dövrdə ərizəçilərin 1939-cu ildə Sovet Ordusu tərəfindən əsir alınmış qohumlarının taleyi ilə bağlı qeyri-müəyyən vəziyyətdə olduqlarını söyləmək olmaz. Şübhə qalmır ki, əvvəlcə "itkin düşmə" faktı üzrə başlanmış iş "təsdiqlənmiş ölüm" barəsində iş hesab olunmalıdır. Ərizəçilər işin bu cür qiymətləndirilməsi ilə razılaşıblar (konkret olaraq yuxarıda 116-cı bəndə və həmçinin Palatanın qərarının 119-cu bəndinə bax). Müxtəlif daxili icraatlarda ərizəçilərin qohumlarının Sovet düşərgələrində öldürülməsindən ibarət aşkar faktı inkar etməkdə davam edən Rusiya məhkəmələrinin bəyan etdiyi fikirlər bu qənaətə gəlməyə mane olmur.
186. Məhkəmə ailə üzvlərinin məhkəmədənkənar edamına görə ərizəçilərin keçirdiyi dərin kədər və iztirabları şübhə altına almır. Bununla belə, Məhkəmə xarıladır ki, hüquqi müəyyənlik, hərəkətlərin hüquqi nəticələrini öncədən görməyin mümkünlüyü və qanun qarşısında bərabərlik prinsiplərinin maraqları naminə o, əsaslı səbəblər olmadan öz presedentlərindən kənarlaşa bilməz (bax: Sabri Güneş Türkiyəyə qarşı [BP], ərizə № 27396/06, 50-ci bənd, 29 iyun 2012-ci il). Məhkəmənin yuxarıda qeyd edilmiş presedent hüququnda qəbul edilib ki, "itkin düşmüş şəxsin" uzun müddət ərzində gah ümidlənən, gah da ümidsizliyə qapılan ailə üzvlərinin keçirdiyi iztirablar onların məlumat almaq cəhdlərinə dövlət hakimiyyəti orqanlarının xüsusilə etinasız münasibət göstərməsi səbəbindən 3-cü maddənin ayrıca pozuntusunun müəyyən edilməsinə haqq qazandıra bilər. Hazırkı işə gəlincə, Məhkəmənin yurisdiksiyası yalnız Konvensiyanın Rusiya barəsində qüvvəyə mindiyi tarixdən – 5 may 1998-ci ildən başlayan dövrə şamil olunur. Məhkəmə yuxarıda müəyyən etdi ki, bu tarixdən sonra polşalı hərbi əsirlərin taleyi ilə bağlı heç bir qeyri-müəyyənlik qalmayıb. Hətta bütün cəsədlər tapılmasa belə, onların ölümü Sovet və Rusiya hakimiyyət orqanları tərəfindən açıq şəkildə etiraf edilib və təsdiqlənmiş tarixi fakta çevrilib. 1940-cı ildə Sovet hakimiyyəti orqanları tərəfindən törədilmiş cinayətin miqyası güclü emosional amildir, amma sırf hüquqi nöqteyi-nəzərdən Məhkəmə "itkin düşmüş şəxsin" ailə üzvlərinə 3-cü maddənin pozuntusunun qurbanları statusu verilməsi ilə bağlı öz presedent hüququndan kənarlaşmaq üçün bunu əsaslı səbəb kimi qəbul edə və qohumlarının ölümü müəyyən edilmiş olan ərizəçilərə bu statusu verə bilməz.
187. Bundan başqa, Məhkəmə "təsdiqlənmiş ölüm" işlərində 3-cü maddənin ayrıca pozuntusunun baş verdiyini onun müəyyənləşdirməsinə imkan verən hər hansı xüsusi hallar aşkara çıxarmayıb (yuxarıda 181-ci bənddə istinad edilən presedent hüququnun nümunələrinə bax).
188. Belə olan halda Məhkəmə bu nəticəyə gəlməyi mümkünsüz hesab edir ki, ərizəçilərin iztirabları insan hüquqlarının ciddi pozuntularının qurbanlarının qohumlarının qaçılmaz olaraq məruz qaldığı emosional üzüntüdən daha fərqli miqyasa və xarakterə malik olub.
189. Müvafiq olaraq, Məhkəmə Konvensiyanın 3-cü maddəsinin pozulmadığını müəyyən edir.
IV. KONVENSİYANIN 38-Cİ MADDƏSİNƏ CAVABDEH HÖKUMƏT TƏRƏFİNDƏN RİAYƏT EDİLMƏSİ
190. Məhkəmə dəfələrlə cavabdeh Hökumətə sorğu verib ki, Xatın cinayətinin istintaqına xitam verilməsi üçün əsas olmuş 21 sentyabr 2004-cü il tarixli qərarın surətini ona təqdim etsin (yuxarıda 45-ci bəndə bax). Barəsində sorğu verilən sənədi təqdim etməkdən cavabdeh Hökumətin imtina etməsindən sonra Məhkəmə tərəflərdən xahiş edib ki, cavabdeh Hökumətin Konvensiyanın 38-ci maddəsindən irəli gələn öhdəliyinə – Məhkəmə tərəfindən araşdırma aparılması üçün bütün zəruri şəraiti yaratmaq öhdəliyinə riayət etməsi məsələsini şərh etsinlər. Həmin maddədə deyilir:
"Məhkəmə maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə işin baxışını davam etdirir və ehtiyac olduqda işin hallarını araşdırır; bunun səmərəli olması üçün maraqlı Yüksək Müqavilə Tərəfləri bütün zəruri şəraiti yaradırlar".
A. Palatanın qərarı
191. Palata bir daha bildirdi ki, "işə lazımi qaydada baxılması üçün tərəflərin hansı sübutları təqdim etməli olduqlarını yalnız Məhkəmə həll edə bilər" və "tərəflər onun sübutlara dair sorğularını və təlimatlarını yerinə yetirməyə borcludurlar". Bundan başqa, o, barəsində sorğu verilən sənədin məxfiləşdirilməsi barədə qərar çıxarlmasına səbəb olmuş təhlükəsizlik problemlərinin xarakteri ilə bağlı cavabdeh Hökumət tərəfindən inandırıcı izahatların verilmədiyini qeyd etdi. O, bildirdi ki, barəsində sorğu verilən sənəd "əsas iştirakçılarının çoxunun ölmüş olduğu tarixi haidsəyə aiddir və polisin cari axtarış-əməliyyat fəaliyyəti ilə heç bir şəkildə əlaqəli ola bilməz". Daha geniş mətnli qeydlərində Palata bildirdi ki, keçmiş totalitar rejimin cinayələrinin açıq və şəffaf şəkildə araşdırılması, çətin ki, müasir demokratik Rusiyanın milli təhlükəsizlik maraqlarına xələl gətirə bilər, xüsusən nəzərə alsaq ki, bu cinayətə görə Sovet hakimiyyəti orqanlarının məsuliyyət daşıması ən yüksək siyasi səviyyədə etiraf edilib.
B. Tərəflərin arqumentləri
1. Rusiya Hökuməti
192. Hökumət ilk növbədə bildirdi ki, cinayət işinin otuz altı cildinin və 21 sentyabr 2004-cü il tairxli qərarın "tam məxfi" qrifi altında məxfiləşdirilməsi qanuni idi, çünki orada kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətlərinə aid məlumatlar vardı və həm də bu məxfiləşdirmə Federal Təhlüksizlik Xidməti və Dövlət sirlərinin qorunması üzrə qurumlararası komissiya tərəfindən, eləcə də "Memorial"ın ərizəsi üzrə qərarlar çıxarmış Moskva şəhər məhkəməsi və Ali Məhkəmə tərəfindən "yoxlanılmış və qüvvədə saxlanılmışdı". Hökumət iddia etdi ki, Rusiya qanunvericiliyində həssas xarakterli məlumatların beynəlxalq təşkilatlara verilməsinə mütləq qadağa qoyulmayıb, 21 oktyabr 2004-cü il tarixli qərar isə Məhkəməyə ona görə açıqlanmayıb ki, "səlahiyyətli milli orqanlar bunu etməyin mümkün olmadığı qənaətinə gəliblər".
193. Hökumət bildirdi ki, Konvensiyanın 38-ci maddəsi iştirakçı dövlətlərdən onların təhlükəsizliyinə xələl gətirə biləcək məlumatların açıqlanmasını tələb edən maddə kimi şərh oluna bilməz. O, Məhəkəməni digər üzv dövlətlərin qanunlarını təhlil etməyə dəvət edərək bildirdi ki, "orada, çətin ki, analoji normalar olsun". Hökumət Cinayət işləri üzrə qarşılıqlı yardım haqqında Avropa Konvensiyanın müddəalarına və Mülki və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və hüquqi münasibətlər haqqında Rusiya Federasiyası ilə Polşa Respublikası arasındakı sazişə istinad edərək bildirdi ki, bu sənədlər iştirakçı dövlətə imkan verir ki, ölkənin suverenliyinə, təhlükəsizliyinə, ictimai qaydasına və ya digər mühüm maraqlarına ziyan yetirə biləcək sorğunu təmin etməkdən imtina etsin (burada o, həmçinin bu işlərə istinad etdi: Lyu Rusiyaya qarşı (№ 2), ərizə № 29157/09, 85-ci bənd, 26 iyul 2011-ci il; və Çahal Birləşmiş Krallığa qarşı, 15 noyabr 1996-cı il, 138-ci bənd, Reports of Judgments and Decisions 1996‑V). Hökumət vurğuladı ki, Məhkəmə Reqlamentinin 33-cü Qaydası Məhkəməyə etibar edilmiş konfidensial məlumatın icazəsiz aşıqlanmasına görə hər hansı sanksiya nəzərdə tutmur.
194. Hökumət iddia etdi ki, 21 sentyabr 2004-cü il tarixli qərarın məzmunu barədə məlumat verib və həmin məlumat onun 38-ci maddə üzrə öhdəliyini yerinə yetirməsi üçün yetərli sayılmalıdır. Belə ki, o, qərarın hansı orqan tərəfindən məxfiləşdirildiyini, hansı təhlükəsizlik mülahizələrinin nəzərə alındığını və ehtimal olunan cinayətlərə hansı hüquqi xarakteristikanın verildiyini göstərib. Sözügedən qərarda ərizəçilər barəsində heç bir qeyd yoxdur, yaxud onların qohumlarının taleyi barədə və ya basdırıldıqları yerlər haqqında heç bir məlumat əks olunmayıb.
195. Nəhayət, Hökumət Palatanın qərarında yer alan "qeyri-adi məntiq" adlandırdığı məsələni şərh etdi. Onun rəyinə görə, 38-ci maddəyə aid məsələlər əvvəlki işlərdə olduğu kimi məhkəmə qərarının sonunda araşdırılmalı idi. O, vurğualdı ki, 38-ci maddədə nəzərdə tutulmuş öhdəlik "sırf prosessual xarakter" daşıyır və beləliklə, bu maddənin iddia edilən pozuntusu "ərizəçilərə heç bir iztirab yetirə bilməzdi" və ya "2-ci və 3-cü maddənin iddia edilən pozuntularını ağırlaşdıra bilməzdi". Hökumət bununla razılaşmadı ki, 38-ci maddədə nəzərdə tutulmuş öhdəlik büütn hallarda yerinə yetirilməlidir; onun rəyinə görə, bu öhdəlik xarakterinə görə ikinci dərəcəlidir və Konvensiyanın digər maddələri üzrə qəbul edilə bilən şikayətlərin mövcudluğundan asılıdır. Hazırkı işdə 38-ci maddə üzrə öhdəliyə Hökumət tərəfindən riayət edilməsi məsələsini araşdırmağın mənası yoxdur, çünki Məhkəmə Konvensiyanın 2-ci maddəsi üzrə şikayətə mahiyyəti üzrə baxmaq səlahiyyətinə malik olmadığını qərara almalıdır.
2. Ərizəçilər
196. Ərizəçilər bildirdilər ki, beynəlxalq adət hüququnun ənənəvi prinsiplərində nəzərdə tutulur ki, heç bir ölkədaxili norma, hətta konstitusiya səviyyəli olsa belə, beynəlxalq hüquqa riayət etməmək üçün əsas gətirilə bilməz (burada onlar Beynəlxlq ədalət mühakiməsi üzrə daimi palatanın və Beynəlxlq Ədalət Məhkəməsinin (BƏM) presedent hüququna istinad etdilər). Bu prinsip geniş əhatəli prinsip olan pacta sunt servanda prinsipinin daha da genişləndirilməsi üçün Müqavilələr hüququ haqqında Vyana Konvensiyasının 27-ci maddəsində təsbit olunub və beynəlxalq məhkəmələrin və kvazi-məhkəmə orqanlarının, o cümlədən İnsan Hüquqları Komitəsinin, Keçmiş Yuqoslaviya üzrə beynəlxalq cinayət tribunalının (KYBCT), İnter-Amerika İnsan Hüquqları Məhkəməsinin, İnsan və xalqların hüquqları üzrə Afrika Komissiyasının və arbitraj məhəkəmələrinin praktikasında dəfələrlə tətbiq edilib. İştirakçı dövlətin konfidensiallıq məsələsini əsas gətirərək barəsində sorğu verilən materialları təqdim etməkdən imtina etməsi ilə üzləşdikdə beynəlxalq məhkəmələr qapalı məhkəmə iclası keçirirlər (ərizəçilər bu işlərə istinad etdilər: Qodines Kruz Hondurasa qarşı, İnter-Amerika İnsan Hüquqları Məhkəməsi, 20 yanvar 1989-cu il tarixli qərar; və Ballo YUNESKO-ya qarşı, BƏT-in İnzibati Məhkəməsi, 191 saylı qərar, 15 may 1972-ci il). Korfu körfəzi ilə bağlı işdə Birləşmiş Krallıq hərbi dəniz sirri ilə əlaqədar olduğunu hesab etdiyi dəlilləri təqdim etməkdən imtina etdikdə BƏM bununla bağlı heç bir mənfi nəticəyə gəlməyib (9 aprel 1949-cu il tarixli qərar). Lakin İttihamçı Tixomir Blaşkiçə qarşı (Prosecutor v. Tihomir Blaškić) işdə Xorvatiya hökumətinin hərbi xarakterli bəzi sənədləri və dəlilləri təqdim etməkdən imtina etməsinə haqq qazandırmaq üçün Korfu körfəzi ilə bağlı iş üzrə məhkəmə qərarına istinad etməsini KYBCT qəbul etməyərək konkret olaraq bildirdi ki, dövlətlərin araşdırma üçün zəruri olan sənədləri təhlükəsizlik mülahizələrinə görə tam məxfi saxlamaq hüququ bilavasitə Tribunalın funksiyasına xələl gətirə bilər (29 oktyabr 1997-ci il tarixli qərar). O, əlavə etdi ki, həqiqi dövlət təhlükəsizliyi maraqları prosessual mexanizmlərdən, məsələn, konfidensial sənədlərin təqdim edilməsi və qeydə alınması üçün qapalı dinləmələrdən və xüsusi prosedurlardan istifadə edilməsi yolu ilə təmin oluna bilər. Bir qədər sonrakı dövrlərə aid olan İttihamçı Dario Kordiçə və Mario Çerkezə qarşı (Prosecutor v. Dario Kordić and Mario Čerkez) işdə də KYBCT bildirdi ki, barəsində sorğu verilən materialların araşdırma üçün əhəmiyyəti məsələsi bütünlüklə onun səlahiyyətinə aiddir və dövlətlər buna etiraz edə bilməzlər (9 sentyabr 1999-cu il tarixli qərar). Ərizəçilər bildirdilər ki, həmin işlərdəki qərarların məntiqi müvafiq dəyişikliklərlə bu işə də şamil oluna bilər.
197. Ərizəçilər təkrarən bildirdilər ki, Rusiya Hökuməti təhlükəsizlik mülahizələri barəsindəki iddialarını əsaslandırmayıb və keçmiş totalitar rejimin törətdiyi vəhşiliklər haqqında sənədlərin məxfiləşdirilməsinin nəyə görə zəruri olduğunu izah etməyib. Onların məxfiləşdirilməsi barədə qərar həm də Dövlət sirri haqqında Rusiya Qanununa ziddir, həmin qanunun 7-ci maddəsi insan hüquqlarının pozuntuları barədə məlumatların məxfiləşdirilməsinə icazə vermir. Xatın qırğını SSRİ-nin ali hakimiyyət orqanlarının göstərişləri əsasında törədilmiş yaşamaq hüququnun kütləvi pozuntusudur.
198. Ərizəçilər Palatanın Konvensiyanın 38-ci maddəsinin pozulduğunu müəyyən etmiş qərarı ilə razılaşdıqlarını qeyd etdilər. Onlar bildirdilər ki, Məhkəmə işi araşdırmaq üçün ona hansı sübutların lazım olduğunu müəyyənləşdirmək məsələsində tam diskretion səlahiyyətə malikdir, Məhkəmə ilə əməkdaşlıqdan imtina edilməsi isə hətta Konvensiyadakı substantiv (maddi) hüququn pozulmadığı hallarda belə Konvensiyanın 38-ci maddəsinin pozuntusunun müəyyən edilməsi ilə nəticələnə bilər.
3. Polşa Hökuməti
199. Polşa Hökuməti Konvensiyanın 38-ci maddəsinin pozuntusunun müəyyən edilməsi ilə bağlı Palatanın gəldiyi nəticələri dəstəklədi. O, ilk növbədə qeyd etdi ki, Rusiya Hökuməti hətta Məhkəmədəki araşdırma dövründə də materialların məxfiləşdirilməsi barədə qərarın kim tərəfindən və hansı tarixdə qəbul edildiyi barədə ziddiyyətli məlumatlar təqdim edib. 19 mart 2010-cu il tarixli arqumentlərində Rusiya Hökuməti qərarın Dövlət sirlərinin qorunması üzrə qurumlararası komissiya tərəfindən qəbul edildiyini bildirsə də, 30 noyabr 2012-ci ildə təqdim etdiyi yazılı qeydlərində bildirib ki, qərar Federal Təhlükəsizlik Xidməti ilə məsləhətləşmədən sonra Baş hərbi prokurorluq tərəfindən qəbul edilib.
200. Polşa Hökuməti hesab etdi ki, istintaq materiallarının məxfiləşdirilməsi barədə qərar Rusiya Federasiyası qanunvericiliyinin maddi hüquq normalarının pozuntusudur. Cinayət işinə xitam verilməsi barədə qərarın məzmunu Rusiyanın Cinayət Prosessual Məcəlləsi ilə dəqiq tənzimlənir və həmin qərarda dövlət sirri təşkil edən məlumat ola bilməzdi. Hətta qərarda barəsində məhkəmə araşdırması aparılan şəxslər haqqında məlumat olsa belə, bu, bütün qərarın məxfiləşdirilməsi və ona "tam məxfi" qrifi verilməsi üçün əsas təşkil edə bilməzdi. SSRİ-nin yüksək vəzifəli rəsmiləri barədə istənilən qərar 1970-ci ilə qədərki dövrə aid idi və müvafiq olaraq, qərar qəbul edildiyi zaman Dövlət sirri haqqında Qanunun 13-cü maddəsində müəyyənləşdirilmiş olan məxfiliyin otuz illik maksimal müddəti artıq bitmişdi. Bundan başqa, Rusiya Hökuməti SSRİ-nin rəsmi şəxslərinin hərəkətlərinin hakimiyyət səlahiyyətindən sui-istifadə kimi xarakterizə olunduğunu etiraf etdiyinə görə bu məlumatların məxfiləşdirilməsi Dövlət sirri haqqında Qanunun 7-ci maddəsi əsasında birmənalı şəkildə istisna olunurdu. Polşa Hökuməti həmçinin vurğuladı ki, Rusiya Hökuməti məxfiləşdirmə barədə qərarı əsaslandırmayıb.
201. Nəhayət, Polşa Hökuməti qeyd etdi ki, Xatın işinin istintaqı xüsusi xidmət orqanlarının cari funksiyaları və ya əməliyyatları ilə əlaqəli deyildi. Hətta materialların bir hissəsi əvvəlki rejim dövründə məxfiləşdirilmiş olsa belə, məxfiliyin saxlanılmasında davamlı və real ictimai maraq mövcud deyildi.
C. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
202. Məhkəmə bir daha bildirir ki, Konvensiyanın 34-cü maddəsi əsasında bərqərar edilmiş fərdi şikayət sisteminin səmərəli işləməsi üçün dövlətlərin şikayətlərə lazımi qaydada və səmərəli şəkildə baxılmasına imkan verən bütün zəruri şəraiti yaratmaları olduqca önəmlidir. Bu öhdəlik iştirakçı dövlətlərdən tələb edir ki, Məhkəmənin istər faktların müəyyənləşdirilməsi üzrə araşdırma aparmasından, istərsə də şikayətlərə baxılması üzrə ümumi vəzifələrini yerinə yetirməsindən asılı olmayaraq Məhkəmə üçün bütün zəruri şəraiti yaratsınlar. Hökumətlərin qaneedici izahat vermədən sərəncamlarındakı məlumatları təqdim etməkdən imtina etmələri nəinki ərizəçilərin iddialarının əsaslı olduğu barədə nəticə çıxarılmasına səbəb ola bilər, həm də cavabdeh dövlətin 38-ci maddə üzrə öhdəliklərini yerinə yetirməsinin səviyyəsinə mənfi təsir göstərə bilər (bax: Tahsin Acar Türkiyəyə qarşı [BP], ərizə № 26307/95, 253-254-cü bəndlər, ECHR 2004‑III; Timurtaş Türkiyəyə qarşı, ərizə № 235317/94, 66 və 70-ci bəndlər, ECHR 2000‑VI; və Tanrıkulu Türkiyəyə qarşı [BP], ərizə № 23763/94, 70-ci bənd, ECHR 1999‑IV).
203. Barəsində Məhkəmənin sorğu verdiyi dəlilləri təqdim etmək öhdəliyi istər şikayət ərizəsi barədə Hökumətin ilk dəfə məlumatlandırıldığı məqamda, istərsə də icraatın sonrakı mərhələsində həmin sorğu alındığı andan cavabdeh Hökumət üçün məcburidir (bax: Enukidze və Girqvliani Gürcüstana qarşı, ərizə № 25091/07, 295-ci bənd, 26 aprel 2011-ci il; və Bekirski Bolqarıstana qarşı, ərizə № 71420/01, 111-113-cü bəndlər, 2 sentyabr 2010-cu il). Bu, mühüm əhəmiyyətə malik tələbdir ki, barəsində sorğu verilən materiallar bu barədə Məhkəmənin göstərişi olduqda ona tam həcmdə təqdim edilməlidir və materiallarda hər hansı elementin olmaması lazımi qaydada əsaslandırılmalıdır (bax: Damir Sibqatullin Rusiyaya qarşı, ərizə № 1413/05, 65-68-ci bəndlər, 24 aprel 2012-ci il; Enukidze və Girqvlianinin işi üzrə yuxarıda istinad edilən qərar, 299‑300-cü bəndlər; və Davıdov və başqaları Ukraynaya qarşı, ərizələr № 17674/02 və 39081/02, 167-ci və sonrakı bəndlər, 1 iyul 2010-cu il). Bundan əlavə, barəsində sorğu verilən hər hansı materiallar yubadılmadan və bütün hallarda Məhkəmənin təyin etdiyi müddət ərzində təqdim edilməlidir; uzun sürən və izah olunmayan yubanma Məhkəmənin cavabdeh Hökumətin izahatlarının inandırıcı olmadığı qənaətinə gəlməsinə səbəb ola bilər (yuxarıda istinad edilən bu işlərə bax: Damir Sibqatullinin işi, 68-ci bənd; Tahsin Acarın işi, 254-cü bənd; və Enukidze və Girqvlianinin işi, 297-ci və 301-ci bəndlər).
204. Barəsində sorğu verilən sənədləri təqdim etməkdən imtina etməsi ilə bağlı cavabdeh Hökumətin heç bir izahat vermədiyi işlərdə (misal üçün bax: Bekirskinin işi üzrə yuxarıda istinad edilən qərar, 115-ci bənd; Tiqran Ayrapetyan Rusiyaya qarşı, ərizə № 75472/01, 64-cü bənd, 16 sentyabr 2010-cu il; və Maslova və Nalbandov Rusiyaya qarşı, ərizə № 839/02, 128-129-cu bəndlər, 24 yanvar 2008-ci il), yaxud da Məhkəmə tərəfindən yoxlanılmaq üçün sənədin əslini təqdim etməyərək onun natamam və ya təhrif olunmuş surətlərini təqdim etdiyi işlərdə Məhkəmə cavabdeh Hökumətin 38-ci maddənin tələblərini yerinə yetirmədiyi qənaətinə gəlib (bax: Trubnikov Rusiyaya qarşı, ərizə № 49790/99, 50-57-ci bəndlər, 5 iyul 2005-ci il).
205. Barəsində sorğu verilən materialların təqdim edilməməsinin səbəbi kimi Hökumət tərəfindən konfidensiallıq və ya təhlükəsizlik mülahizələri göstərildiyi hallarda Məhkəmə əmin olmalıdır ki, həmin sənədlərin məxfi və ya konfidensial sayılması üçün ağlabatan və əsaslı səbəblər var. Belə ki, əsasən Çeçenistanda insanların yoxa çıxması ilə əlaqədar olan bir çox işlərdə Rusiya Hökuməti Cinayət Prosessual Məcəlləsinin müddəasına istinadən iddia edib ki, həmin müddəa davam edən istintaqın materiallarını açıqlamağa yol vermir. Lakin Məhkəmə qeyd edib ki, həmin müddəada mütləq qadağa yer almayıb, sadəcə məlumatların açıqlanmasının qaydası və hüdudları əks olunub. O, həmçinin qeyd edib ki, bir çox analoji işlərdə barəsində sorğu verilən sənədləri təqdim edərkən Rusiya Hökuməti həmin müddəaya istinad etməyib, yaxud hətta bu müddəanı əsas gətirdiyi hallarda da sonradan istintaq materiallarının sənədlərini təqdim etməyə razılıq verib (digər işlər arasında bax: Sasita İsrailova və başqaları Rusiyaya qarşı, ərizə № 435079/04, 145-ci bənd, 28 oktyabr 2010-cu il; və Musixanova və başqaları Rusiyaya qarşı, ərizə № 27243/03, 107-ci bənd, 4 dekabr 2008-ci il).
206. Sənədlərin məxfiləşdirilməsinə gəlincə, işlərin birində Məhkəməni cavabdeh Hökumətin bu izahatı qane etməyib ki, məhbusların yazışmalarının nəzərdən keçirilməsi proseduruna aid qaydalar dövlət srrii təşkil edir (bax: Davıdov və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 170-ci bənd), yaxud digər bir işdə onu bu izahat qane etməyib ki, dövlət sirrinə aid edilən məlumatların beynəlxalq təşkilata verilməsi qaydası milli qanunveiriclilkdə müəyyən edilməyib (bax: Nolan və K. Rusiyaya qarşı, ərizə № 2512/04, 56-cı bənd, 2009-cu il). Məhkəmə qeyd etdi ki, qanuni milli təhlükəsizlik maraqları mövcud olduqda Hökumət həssas xarakterli hissələri sənədlərdən çıxarmalı və ya müvafiq faktiki əsasların qısa xülasəsini təqdim etməlidir (yenə eyni mənbəyə bax). Nəhayət, məxfi məlumatın xarakterini nəzərdən keçirərkən Məhkəmə sənədin məxfi xidmətlərə və yüksək vəzifəli dövlət rəsmilərinə aidiyyəti olmayan hər hansı şəxsə məlum olub-olmadığını nəzərə alır. Əgər məlum olsa ki, sıravi vətəndaşlar, məsələn, mülki iş üzrə iddiaçının vəkili sözügedən sənədlə tanlış ola bilər, o halda məlumatın həssas xarakter daşıdığı barədə iddia şübhə altına alınır (yenə eyni mənbəyə bax).
2. Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
207. Bu işin əsasını təşkil edən iki şikayət ərizəsi barəsində cavabdeh Hökumətə məlumat verərkən Məhkəmə tərəflərə bir neçə sual verdi və Hökumətdən xahiş etdi ki, 159 saylı cinayət işinin icraatına xitam verilməsi barədə 21 sentyabr 2004-cü il tarixli qərarın surətini təqdim etsin. Hökumət onu təqdim etməkdən imtina edərək ona "tam məxfi" qrifinin verildiyinə istinad etdi. 5 iyul 2011-ci ildə Məhkəmə şikayət ərizələrinin qismən qəbul edilməsi barədə qərar çıxardı və tərəflərə təklif etdi ki, onun diqqətinə çatdırmaq istədikləri hər hansı əlavə materialları təqdim etsinlər, habelə Hökumətin Konvensiyanın 38-ci maddəsində nəzərdə tutulmuş öhdəliklərinə riayət etməsi məsələsini qaldırdı. Hökumət, barəsində sorğu verilən qərarın surətini təqdim etmədi. 30 noyabr 2012-ci ildə və 17 yanvar 2013-cü ildə Böyük Palatada keçirilmiş icraatda Hökumət bir sıra əlavə sənədlər təqdim etdi, amma barəsində sorğu verilən 21 sentyabr 2004-cü il tarixli qərarın surəti onların arasında yox idi.
208. Məhkəmə bir daha bildirir ki, Konvensiyanın 38-ci maddəsi iştirakçı dövlətlərdən tələb edir ki, Məhkəmənin istər faktların müəyyənləşdirilməsi üzrə araşdırma aparmasından, istərsə də şikayətlərə baxılması üzrə ümumi vəzifələrini yerinə yetirməsindən asılı olmayaraq Məhkəmə üçün bütün zəruri şəraiti yaratsınlar. İşlərə baxılması prosedurunu və qaydalarını özü müəyyənləşdirən Məhkəmə ona təqdim edilən hər bir dəlilin nəinki qəbul edilə bilən və işə aidiyyəti olan dəlil olduğunu müəyyənləşdirmək səlahiyyətinə malikdir, həm də onların hər birini qiymətləndirməkdə sərbəstdir. Faktların qiymətləndirilməsi üçün konkret şahidin prosesdə iştirakının zəruri olub-olmadığına və nə dərəcədə zəruri olduğuna və işə lazımi qaydada baxılması üçün tərəflərin hansı sübutları təqdim etməli olduqlarına dair yalnız Məhkəmə qərar verə bilər. Tərəflər onun sübutlara dair sorğularını və təlimatlarını yerinə yetirməyə, sorğuların yerinə yetirilməsinə mane olan hallar barədə vaxtında məlumat verməyə və bu öhdəliklərini yerinə yetirməmələri ilə bağlı ağlabatan və ya inandırıcı izahatlar verməyə borcludurlar (bax: Davıdov və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 174-cü bənd; Nevmerjitski Ukraynaya qarşı, ərizə № 54825/00, 77-ci bənd, ECHR 2005-II (çıxarışlar); və İrlandiya Birləşmiş Krallığa qarşı, 18 yanvar 1978-ci il tarixli qərar, 210-cu bənd, A seriyaları, № 25). Beləliklə, barəsində sorğu verilən qərarda yer alan sübutların bu iş üzrə faktların müəyyənləşdirilməsi üçün Məhkəmə tərəfindən zəruri hesab edilməsi kifayətdir (bax: Dedovski və başqaları Rusiyaya qarşı, ərizə № 7178/03, 107-ci bənd, ECHR 2008 (çıxarışlar); və Axmadova və Sadulayeva Rusiyaya qarşı, ərizə № 40464/02, 137-ci bənd, 10 may 2007-ci il).
209. Konvensiyanın 38-ci maddəsindən irəli gələn öhdəliyin – araşdırma üçün bütün zəruri şəraiti yaratmaq öhdəliyinin ikinci dərəcəli xarakterinə gəlincə, Məhkəmə bir daha bildirir ki, bu öhdəlik Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulmuş fərdi şikayət hüququnun həyata keçirilməsinə mane olmamaq öhdəliyinin icrasının nəticəsidir. Həqiqətən, Müqavilə Tərəfinin işə aid bütün halların araşdırılmasında Məhkəməyə yardım göstərməkdən imtina etməsi, o cümlədən konkret olaraq Məhkəmənin öz funskyası üçün vacib etdiyi sübutları ona təqdim etməməsi bu hüququn real olaraq həyata keçirilməsinə mane ola bilər. Hər iki maddə məhkəmə araşdırmasının səmərəli həyata keçirilməsi üçün birlikdə tətbiq edilir və Konvensiyanın və onun Protokollarının maddi hüquq normaları əsasında ərizəçilər tərəfindən verilən şikayətlərin mahiyyəti ilə deyil, prosessual məsələlərlə əlaqədardırlar. Ənənəvi olaraq Məhkəmənin qərarlarının struktur baxımından ardıcıllığı Konvensiya maddələrinin nömrələrini özündə əks etdirsə də, adətən Məhkəmə ilk növbədə Hökumətin Konvensiyanın 38-ci maddəsində nəzərdə tutulmuş prosessual öhdəliyinə riayət edib-etmədiyini araşdırır (xüsusən barəsində sorğu verilən dəlilləri təqdim etməkdən Hökumətin imtina etməsinin mənfi nəticələrə səbəb ola biləcəyi hallarda) (digər qərarlar arasında bax: Şahgiriyeva və başqaları Rusiyaya qarşı, ərizə № 27251/03, 134-140-cı bəndlər, 8 yanvar 2009-cu il; Utsayeva və başqaları Rusiyaya qarşı, ərizə № 29133/03, 149-153-cü bəndlər, 29 may 2008-ci il; Zubayrayev Rusiyaya qarşı, ərizə № 67797/01, 74-77-ci bəndlər, 10 yanvar 2008-ci il; və Tangiyevanın işi üzrə yuxarıda istinad edilən qərar, 73-77-ci bəndlər). Məhkəmə həmçinin onu da xatırladır ki, hətta Konvensiyada nəzərdə tutulmuş substantiv (maddi) hüququn pozuntusu barədə qəbul edilə bilən şikayət olmasa belə, o, cavabdeh Hökumət tərəfindən prosessual öhdəliklərinin yerinə yetirilmədiyini qərara ala bilər (bax: Poleşşuk Rusiyaya qarşı, ərizə № 60776/00, 7 oktyabr 2004-cü il). Bundan başqa, belə hallarda Hökumətin iddia edilən müdaxiləsi nəticəsində fərdi şikayət hüququnun həyata keçirilməsinin real olaraq məhdudlaşdırılması və ya əhəmiyyətli təsirə məruz qalması tələb olunmur (bax: Makşeyn Birləşmiş Krallığa qarşı, ərizə № 43290/98, 151-ci bənd, 28 may 2002-ci il). Məhkəmə təsdiq edir ki, Müqavilə Tərəfi Konvensiyanın 34-cü və 38-ci maddələrində nəzərdə tutulmuş prosessual öhdəliklərini məhkəmə icraatının yekun nəticəsindən asılı olmayaraq və ərizəçiləri və ya onların nümayənədlərini hər hansı real və ya potensial mənfi təsirə məruz qoymayan tərzdə yerinə yetirilməlidir.
210. Barəsində sorğu verilən qərarın surətini təqdim etməməsini əsaslandırmaq üçün Hökumətin gətirdiyi səbəblərə gəlincə, Məhkəmə qeyd edir ki, Hökumət bu faktı önə çəkib ki, qərar milli səviyyədə qanuni şəkildə məxfiləşdirilib və mövcud qanunlar və normativ aktlar məxfi materialların konfidensial qalacağına zəmanət verilmədən Hökumətin onları beynəlxalq təşkilatlara təqdim etməsinə imkan vermir.
211. Məhkəmə bir daha bildirir ki, o, artıq Rusiyaya qarşı digər bir işdə müəyyən edib ki, sadəcə konfidensial sənədlərin beynəlxalq təşkilatlara verilməsini mümkünsüz edən daxili qanunvericilikdəki struktur nöqsanlarına istinad edilməsi Məhkəmənin istədiyi məlumatları ona verməkdən imtina etmək üçün yetərli deyil (bax: Nolan və K.-nın işi üzrə yuxarıda istinad edilən qərar, 56-cı bənd). O, həmçinin Məhkəmədəkli icraatda sənədlərin konfidensiallığına zəmanət verilməməsi ilə və konfidensiallıq şərtinin pozulmasına görə xarici vətəndaşlar barəsində sanksiyaların tətbiq edilməməsi ilə bağlı Rusiya Hökumətinin əvvəlki işlərdə bildirdiyi analoji etirazları rədd edib (bax: Şahgiriyeva və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 136-140-cı bəndlər). Məhkəmə bununla bağlı xatırladır ki, Konvensiya beynəlxalq müqavilədir və Müqavilələr hüququ haqqında Vyana Konvensiyasının 26-cı maddəsində təsbit olunmuş pacta sunt servanda prinsipinə əsasən Müqavilə Tərəfləri üçün məcburi qüvvəyə malikdir və onlar tərəfindən vicdanla yerinə yetirilməlidir. Vyana Konvensiyasının 27-ci maddəsinə əsasən, iştirakçı dövlət öz müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina etmək üçün milli hüquq normalarını əsas gətirə bilməz. Konvensiyanın 38-ci maddəsindən irəli gələn öhdəlik kontekstində bu tələb o deməkdir ki, cavabdeh Hökumət işə Məhkəmə tərəfindən baxılması üçün bütün materialları təqdim etməməsinə haqq qazandırmaq üçün daxili hüquqi maneələrə, məsələn, digər dövlət orqanının xüsusi razılığının olmamasına istinad edə bilməz. Məhkəmənin dəyişməz mövqeyi ondan ibarətdir ki, istənilən dövlət orqanlarının hərəkətlərinə görə hökumətlər Konvensiyaya əsasən məsuliyət daşıyırlar, çünki Məhkəmənin icraatındakı bütün işlər dövlətin beynəlxalq məsuliyyəti ilə əlaqədardır (bax: Lukanov Bolqarıstana qarşı, 20 mart 1997-c iil, 40-cı bənd, Reports 1997‑II).
212. Böyük Palatadakı icraatda Hökumət məxfiləşdirmə ilə bağlı icraatlarda milli məhkəmələrin qəbul etdikləri qərarların surətlərini təqdim etsə də, bunlar cinayət işinin materiallarının məxfiləşdirilməsi barədə qərarın, o cümlədən barəsində Məhkəmə tərəfindən sorğu verilmiş 21 sentyabr 2004-cü il traixli qərarın əsaslandığı təhlükəsizlik probleminin xarakterinə dəqiq şəkildə aydınlıq gətirməyib. Məlum olub ki, məxfiləşdirmə qərarı Baş hərbi prokurorluq tərəfindən onun öz təşəbbüsü ilə deyil, Federal Təhlükəsizlik Xidmətinin bəzi nümayəndələrinin rəyləri əsasında qəbul edilib, belə ki, sonuncu "bunu məqsəduyğun hesab etdikdə Baş hərbi prokurorluğun qərarında yer alan məlumatları mətndən çıxarmaq hüququna malikdir". Həmçinin bildirilib ki, 21 sentyabr 2004-cü il traixli qərarda "kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətləri sahəsinə aid məlumatlar" var, amma əlavə izahat verilməyib (yuxarıda 64-cü bəndə bax).
213. Məhkəmə bir daha bildirir ki, hər bir konkret halda təhlükəsizlik mülahizələri barədə milli hakimiyyət orqanlarının qərarlarını şübhə altına almaq çətindir. Bununla belə, hətta söhbət milli təhlükəsizlikdən getdikdə belə, demokratik cəmiyyətdə qanunçuluq və qanunun aliliyi anlayışları tələb edir ki, məsələyə aidiyyəti olan əsas insan hüquqları qərarın səbəblərini və müvafiq sübutları nəzərdən keçirmək səlahiyyətinə malik olan müstəqil orqan tərəfindən çəkişmə xarakterli prosesdə bu və ya digər formada araşdırma predmeti olsun. Milli təhlükəsizliyə qarşı təhlükənin olduğu barədə icra hakimiyyətinin iddiasına real olaraq etiraz etmək imkanı mövcud olmadıqda dövlət orqanları Konvensiya ilə qorunan hüquqlara özbaşına qəsd etmək imkanına malik olurlar (bax: Lyunun işi üzrə yuxarıda istinad edilən qərar, 85-87-ci bəndlər; və Əl-Naşif Bolqarıstana qarşı, ərizə № 50963/99, 123 və 124-cü bəndlər, 20 iyun 2002-ci il).
214. Hazırkı işdə Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmış Moskva şəhər məhkəməsinin 2 noyabr 2010-cu il tarixli qərarında işin materiallarına məxfi statusu verilməsinin səbəblərinin mahiyyətcə təhlili aparılmayıb. Hətta şəhər məhkəməsinə Federal Təhlükəsizlik Xidmətinin ekspertlərinin rəyinin surətinin verilib-verilmədiyi aydın deyil. Milli məhkəmələr həmin qərarda yer alan məlumatların hadisələrdən yetmiş ildən artıq vaxt keçdikdən sonra da məxfi saxlanılmalı olduğu barədə icra hakimiyyətinin iddiasını lazımi qaydada araşdırmayıblar. Onların araşdırması məxfiləşdirmə barədə qərarın müvafiq orqanların inzibati səlahiyyətləri çərçivəsində qəbul edildiyini müəyyənləşdirməklə məhdudlaşıb və onlar məxfiliyin götürülməsinin milli təhlükəsizlik üçün təhlükə təşkil etdiyi barədə qənaətin hər hansı fakta əsaslanıb-əsaslanmadığını müstəqil şəkildə nəzərdən keçirməyiblər. Rusiya məhkəmələri "Memorial"ın belə bir arqumentini mahiyyəti üzrə nəzərdən keçirməyiblər ki, bu qərar silahsız məhbusların kütləvi qətlinin, yəni ən yüksək vəzifəli Sovet rəsmilərinin göstərişləri əsasında törədilmiş insan hüquqlarının ən ciddi pozuntularından biri olan və buna görə də Dövlət sirri haqqında Qanunun 7-ci maddəsinə əsasən məxfiləşdirilə bilməyən hadisələrin istintaqına son qoymuş olub. Nəhayət, onlar bir tərəfdən Federal Təhlükəsizlik Xidmətinə məxsus məlumatların qorunmasının iddia edilən zəruriliyi, digər tərəfdən isə keçmiş totalitar rejimin cinayətlərinin şəffaf şəkildə araşdırılmasında ictimaiyyətin marağı və qurbanların qohumlarının həmin qurbanların ölümünün hallarının aşkara çıxarılmasında fərdi maraqları arasında balansı gözləməyiblər. Məxfiləşdirmə barədə qərara yenidən baxılması ilə bağlı ölkədaxili məhkəmə icraatının əhatə dairəsinin məhdudluğunu nəzərə alaraq, Məhkəmə razılaşa bilməz ki, barəsində sorğu verdiyi 21 sentyabr 2004-cü il tarixli qərarın surətinin təqdim edilməsi Rusiyanın milli təhlükəsizliyinə təsir göstərə bilərdi.
215. Nəhayət, Məhkəmə vurğulayır ki, qanuni milli təhlükəsizlik maraqları ilə əlaqədar problemlər müvafiq prosessual mexanizmlərin vasitəsilə, o cümlədən Məhkəmə Reqlamentinin 33-cü Qaydasına uyğun olaraq müvafiq sənədlə tanışlığın məhdudlaşdırılması və ya ən fövqəladə halda dinləmənin qapalı keçirilməsi yolu ilə həll edilə bilərdi. Rusiya Hökuməti belə imkanlar barədə tam məlumatlı olsa da, belə tədbirlərin tətbiqi barədə müraciət etməyib, halbuki məhz konfidensiallıq tələb edən tərəf bunu etməli və bu xahişini əsaslandırmalı idi.
216. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, hazırkı işdə barəsində Məhkəmənin sorğu verdiyi sənədi təqdim etməkdən imtina etməklə cavabdeh dövlət Konvensiyanın 38-ci maddəsi üzrə öhdəliklərini yerinə yetirməyib.
V. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
217. Konvensiyanın 41-ci maddəsində deyilir:
"Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Yüksək Müqavilə Tərəfinin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edərsə, zəruri halda zərərçəkən tərəfə ədalətli təzminat təyin edir".
A. Ziyan
218. Ərizəçilər cənab Karol Maleviç, cənab Yanovets və cənab Tribovski, müvafiq olaraq, atalarını və babalarını itirdiklərinə görə kompensasiya tələb etdilər. Bütün ərizəçilər həmçinin Konvensiyanın 2-ci və 3-cü maddələrinin iddia edilən pozuntuları ilə əlaqədar mənəvi ziyana görə kompensasiya tələb etdilər və ədalətli təzminatın məbləğini Məhkəmənin ixtiyarına buraxdılar.
219. Hökumət bu tələblərə etiraz etdi.
220. Məhkəmə Konvensiyanın 2-ci və 3-cü maddələrinin ərizəçilər tərəfindən iddia edilən pozuntularını aşkar etməyib. Rusiya Hökumətinin Konvensiyanın 38-ci maddəsinin müddəalarını yerinə yetirməməsi ərizəçilərə hər hansı ədalətli təzminat təyin olunmasını tələb etməyən prosessual məsələdir. Müvafiq olaraq, Məhkəmə ərizəçilərin maddi və mənəvi ziyana görə tələblərini rədd edir.
B. Məhkəmə xərcləri və digər məsrəflər
221. Ərizəçilər onlara aşağıdakı məbləğlərin ödənilməsini tələb etdilər:
i) 25.024,82 avro – xanım Şevçikin hüquqi xidmətlərinə görə (Məhkəmədən alınmış hüquqi yardımın məbləği çıxılmaqla);
ii) 7.000 avro – Rusiyadakı icraatda cənab Karpinski və xanım Stavitskayanın hüquqi xidmətlərinə görə;
iii) 7.581 avro və 1.199,25 Polşa zlotısı – Palatadakı icraatla bağlı çəkilmiş nəqliyyat və tərcümə xərclərinə görə;
iv) 4.129 avro – vəkillərin və ərizəçilərin icraatda iştiraka hazırlaşması və Palatanın qərarının qəbul edildiyi dinləmədə və Böyük Palatadakı dinləmədə iştirakı ilə bağlı çəkilmiş nəqliyyat və qalma xərclərinə görə;
v) 124 avro – Böyük Palatadakı icraatla bağlı tərcümə və poçt xərclərinə görə.
Bundan əlavə, ərizəçi cənab İrji Karol Maleviç Palatadakı dinləmədə iştirakları ilə bağlı qızının və özünün çəkdikləri səfər və qalma xərclərinə görə 2.219,36 ABŞ dolları tələb etdi.
223. Hökumət qeyd etdi ki, cənab Şevçikin qonorarların məbləği həddən artıq yüksəkdir, səfər xərclərinin zəruriliyi inandırıcı şəkildə sübuta yetirilməyib və iki rusiyalı vəkil yalnız "bəraət" məsələsinə aid ölkədaxili icraatda iştirak ediblər, həmin icraat isə bu işin əhatə dairəsi xaricindədir. Bundan başqa, rusiyalı vəkillərin tələbi hər hansı ödəniş tarifinə əsaslanmayıb və faktiki olaraq icra edilmiş işin miqdarı ilə əlaqələndirilməyib. Ərizəçilərin Palatadakı və Böyük Palatadakı icraatlarda iştirakı ilə bağlı xərclər zəruri olmayıb, çünki ərizəçilər üç vəkildən ibarət qrupla təmsil olunublar. Nəhayət, özlərinin etiraf etdiklərinə görə cənab Kaminski və cənab Soxanski hüququ yardımı pulsuz əsasda göstəriblər ki, bu da, Hökumətin rəyinə görə, onların işin hazırlanması üçün hər hansı məbləğ tələb etmələrinə imkan vermir.
224. Məhkəmə bir daha bildirir ki, ərizəçilərin iddia etdikləri pozuntuları aşkara çıxarmayıb. Lakin o, qəbul edir ki, Rusiya Federasiyası Hökumətinin Konvensiyanın 38-ci maddəsinin müddəalarını yerinə yetirməməsi ərizəçilərin nümayəndələri üçün əlavə iş yaratmış olub və onlar şifahi və yazılı təqdimatlarında bu məsələnin araşdırılması üçün müraciət etməli olublar. Bununla belə, o, hesab edir ki, hüquqi yardım göstərilməsinə görə nümayəndələrə ödənilmiş məbləğlər bu işin halları baxımından yetərli idi. Müvafiq olaraq, Məhkəmə ərizəçilərin məhkəmə xərclərinə və digər məsrəflərə görə tələblərini rədd edir.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ:
1. Yekdilliklə qərara alır ki, cənab Pyotr Maleviç və cənab Kazimerj Raçinski, müvafiq olaraq, mərhum cənab Kşiştof Yan Maleviçin və mərhum xanım Halina Mixalskanın verdikləri şikayət ərizəsi üzrə icraatı davam etdirə bilərlər;
2. Dörd səsə qarşı on üç səslə qərara alır ki, Məhkəmə Konvensiyanın 2-ci maddəsi üzrə verilmiş şikayəti araşdırmaq səlahiyyətinə malik deyil;
3. Beş səsə qarşı on iki səslə qərara alır ki, Konvensiyanın 3-cü maddəsi pozulmayıb;
4. Yekdilliklə qərara alır ki, cavabdeh dövlət Konvensiyanın 38-ci maddəsi üzrə öhdəliklərini yerinə yetirməyib;
5. Beş səsə qarşı on iki səslə ədalətli təzminat barəsində ərizəçilərin qalan tələblərini rədd edir.
Qərar ingilis və fransız dillərində tərtib edilib və 21 oktyabr 2013-cü ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmədə elan olunub.
Josep Casadeval (Josep Casadevall)
Sədr
Erik Friberq (Erik Fribergh)
Katib
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2014.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy