© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2014. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə məlumat qeydi No. 167
Oktyabr 2013
Yanovets (Janowiec) və başqaları Polşaya qarşı [BP] – ərizələr № 55508/07 və 29520/09
21.10.2013 tarixli qərar [BP]
Maddə 3
Qeyri-insani rəftar
Pozitiv öhdəliklər
1940-cı ildə Xatında Sovet məxfi xidmətləri tərəfindən edam edilmiş polşalı məhbusların taleyi ilə bağlı məsuliyyət məsələsinin lazımi qaydada araşdırılmaması: pozuntu baş verməyib
Maddə 35
35-ci maddənin 3-cü bəndi
Zaman meyarına görə (ratione temporis) yurisdiksiya
Konvensiyanın cavabdeh dövlət barəsində qüvvəyə minməsindən 58 il əvvəl baş vermiş ölüm hadisələrinə görə Məhkəmənin zaman meyarına görə yurisdiksiyası məsələsi: Hökumətin ilkin etirazı qəbul edildi
Maddə 38
38-ci maddənin 1 "a" bəndi
Bütün zəruri şəraiti yaratmaq öhdəliyi
Xatın qırğını ilə bağlı cinayət işinin istintaqına xitam verilməsi barədə daxili məhkəmənin qərarının surətini təqdim etməkdən milli təhlükəsizlik mülahizələrinə görə imtina edilməsi: 38-ci maddənin müddəalarına riayət edilməyib
Faktlar – Ərizəçilər 1939-cu ilin sentyabrında Qızıl Ordunun Polşa Respublikasına müdaxiləsindən sonra Sovet düşərgələrində və ya həbsxanalarında saxlanılmış və sonradan 1940-cı ilin aprelində və mayında Sovet məxfi xidmətləri tərəfindən 21.000-dən artıq digər şəxslə birlikdə məhkəməsiz qətlə yetirilmiş polşalı hərbçilərin və dövlət qulluqçularının qohumlarıdır. Qurbanlar Xatın meşəsində kütləvi məzarlıqlarda basdırılıblar. 1990-cı ildə kütləvi qətllərlə bağlı araşdırmalar başlandı, amma 2004-cü ildə onlara xitam verildi. İstintaqa xitam verilməsi barədə qərarın mətni Avropa Məhkəməsinin qərarı çıxarılan tarixdə məxfi saxlanılırdı və ərizəçilər onunla tanış olmaq imkanına malik deyildilər. Onların həmin qərarla tanış olmaq üçün və qərarın üzərindən "tam məxfi" qrifinin götürülməsi üçün dəfələrlə verdikləri vəsatətlər Rusiya məhkəmələri tərəfindən ardıcıl olaraq rədd edildi. Rusiyanın dövlət orqanları həmçinin qərarın surətini Avropa Məhkəməsinə təqdim etməkdən imtina edərək belə əsas gətirdilər ki, bu sənəd ərizəçilərin işinin həlli üçün əhəmiyyət daşımır və daxili qanunvericilik bu orqanların məxfiləşdirilmiş məlumatları açıqlamasına icazə vermir.
16 aprel 2012-ci il tarixli qərarında (151 saylı Məlumat bülleteninə bax) Məhkəmənin Palatası üç səsə qarşı dörd səslə bu qənaətə gəldi ki, Hökumət istintaqa xitam verilməsi barədə qərarın surətini təqdim etməməklə Konvensiyanın 38-ci maddəsinə riayət etməyib, amma Məhkəmə ölüm hadisələri ilə bağlı Hökumətin səmərəli araşdırma aparmaq öhdəliyini pozduğu barədə ərizəçilərin şikayətinə mahiyyəti üzrə baxmaq səlahiyyətinə malik deyil. Palata iki səsə qarşı beş səslə müəyyən etdi ki, Rusiyanın dövlət orqanlarının onların vəziyyətinə davamlı olaraq etinasız yanaşması ucbatından məruz qaldıqları iztirablarla əlaqədar olaraq on ərizəçi barəsində 3-cü maddə pozulub.
Hüquqi məsələlər – Maddə 2 (prosessual aspekt): Məhkəmə bir daha bildirdi ki, dövlət nümayəndələri tərəfindən törədildiyi iddia edilən qanunsuz qətllərlə əlaqədar dövlətin 2-ci maddə üzrə səmərəli araşdırma aparmaqdan ibarət prosessual öhdəliyini yerinə yetirməsinə nəzarət etməklə bağlı Məhkəmənin zaman yurisdiksiyası həmin ölüm hadisələri Konvensiyanın həmin dövlət barəsində qüvvəyə minməsindən əvvəl baş verdiyi hallarda qeyri-məhdud deyil. Belə hallarda Məhkəmə yalnız Konvensiyanın qüvvəyə minməsindən sonrakı dövrdə baş vermiş prosessual hərəkətlər və ya hərəkətsizlik barəsində yurisdiksiyaya malikdir və öhdəliklərin yaranmasına səbəb olan ölüm faktı ilə Konvensiyanın qüvvəyə minməsi arasında "həqiqi əlaqə" mövcud olmalıdır. "Həqiqi əlaqənin" mövcudluğunun müəyyən edilməsi üçün ölümün tarixi ilə Konvensiyanın qüvvəyə minmə tarixi arasındakı müddət ağlabatan dərəcədə qısa olmalı və araşdırmaların xeyli hissəsi Konvensiyanın qüvvəyə mindiyi tarixdən sonra həyata keçirilməlidir. Bu məqsəd üçün ağlabatan dərəcədə qısa müddət dedikdə on ildən artıq olmayan müddət nəzərdə tutulur.
Sübutlar əsasında ehtimal etmək olar ki, ərizəçilərin qohumları 1940-cı ildə Sovet hakimiyyəti orqanları tərəfindən qətlə yetiriliblər. Lakin Rusiya təxminən əlli səkkiz il sonrakı tarixədək – 1998-ci ilin mayınadək Konvensiyanı ratifikasiya etməyib. Bu işdəki hadisələr nəinki Məhkəmənin icraatında olmuş bütün əvvəlki işlərdə 2-ci maddə üzrə prosessual öhdəliyin yaranmasına səbəb olmuş hadisələrin baş verdiyi tarixdən xeyli əvvəl baş verib, həm də ölüm hadisələri ilə Konvensiyanın Rusiya barəsində qüvvəyə minməsi arasındakı müddət "həqiqi əlaqə" tələbinə uyğunluq baxımından mütləq mənada kifayət qədər uzun olub. Bundan başqa, kütləvi məzarlıqların mənşəyinin araşdırılmasına rəsmən yalnız 2004-cü ilin sentyabrında, yəni Konvensiyanın Rusiya barəsində qüvvəyə minməsindən altı il sonra xitam verilsə də, işin materiallarındakı məlumatların və tərəflərin arqumentlərinin əsasında Konvensiyanın qüvvəyə mindiyi tarixdən sonra hər hansı real istintaq hərəkətlərinin həyata keçirildiyini müəyyənləşdirmək mümkün deyildi. Məhkəmə bunu qəbul etmək iqtidarında deyildi ki, sübutların yenidən qiymətləndirilməsi, əvvəlki nəticələrdən imtina edilməsi və ya istintaq materiallarını məxfiləşdirmək barədə qərarın qəbulu Konvensiyanın 2-ci maddəsinin məqsədləri üçün "həqiqi əlaqənin" müəyyən edilməsindən ötrü tələb olunan "prosessual hərəkətlərin xeyli hissəsini" təşkil edib. Həmçinin həmin əhəmiyyətli tarixdən sonrakı dövrdə hər hansı mühüm dəlillər və ya məlumatlar aşkara çıxmayıb. Müvafiq olaraq, bu hallar "həqiqi əlaqənin" mövcudluğunun müəyyən edilməsi üçün zəruri olan meyarların heç birinin tələbinə cavab vermir.
Bununla belə, Şilih Sloveniyaya qarşı işdə Məhkəmənin qeyd etdiyi kimi, yuxarıda qeyd edilən "həqiqi əlaqə" tələbinə uyğun olmayan müstəsna hallar ola bilər ki, belə hallarda Konvensiyanın təminatlarını və təməl dəyərlərini təmin etmək zərurəti həqiqi əlaqənin mövcudluğunun qəbul edilməsi üçün yetərli əsas təşkil edə bilər. Tələb olunan bu əlaqənin müəyyən edilməsi üçün araşdırılan hadisə adi cinayət əməlindən daha geniş miqyaslı olmalı və Konvensiyanın dəyərlərinin inkarını özündə təcəssüm etdirməlidir. Beynəlxalq hüquqda nəzərdə tutulmuş ağır cinayətlər, məsələn, hərbi cinayətlər və ya insanlıq əleyhinə cinayətlər bu kateqoriyaya aid edilə bilər. Bununla belə, "Konvensiya dəyərləri" tələbi Konvensiyanın qəbul edildiyi 4 noyabr 1950-ci il tarixindən əvvəl baş vermiş hadisələrə şamil oluna bilməz, çünki insan hüquqları sahəsində beynəlxalq müqavilə olaraq Konvensiyanın mövcudluğu yalnız həmin vaxtdan başlayıb. Müqavilə Tərəfi Konvensiyanın qəbulundan əvvəl baş vermiş hətta ən ciddi cinayətlərin belə beynəlxalq hüquq əsasında araşdırılmamasına görə Konvensiyaya əsasən məsuliyyət daşıya bilməz. Bu baxımdan ağır cinayətə görə beynəlxalq hüquq əsasında şəxsə qarşı müvafiq hallarda dövlət tərəfindən cinayət təqibinin həyata keçirilməsinin mümkünlüyü ilə bu təqibin Konvensiya üzrə öhdəlik sayılması arasında prinsipial fərq var. 2-ci maddə üzrə araşdırma aparmaq öhdəliyini doğuran hadisələr 1940-cı ilin əvvəlində, yəni Konvensiyanın mövcudluğundan on ildən də artıq öncə baş verib. Müvafiq olaraq, uzaq keçmişlə Konvensiyanın qüvvəyə minmə tarixindən sonrakı yaxın dövr arasında körpü yarada biləcək heç bir element olmayıb və Məhkəmə 2-ci maddə üzrə verilmiş şikayətə baxmaq səlahiyyətinə malik deyil.
Nəticə: ilkin etiraz dəstəkləndi (dörd səsə qarşı on üç səslə).
Maddə 3: Özünün presedent hüququnda Məhkəmə qəbul edib ki, "itkin düşmüş şəxsin" uzun müddət ərzində gah ümidlənən, gah da ümidsizliyə qapılan ailə üzvlərinin keçirdiyi iztirablar onların məlumat almaq cəhdlərinə dövlət hakimiyyəti orqanlarının xüsusilə etinasız münasibət göstərməsi səbəbindən 3-cü maddənin ayrıca pozuntusunun müəyyən edilməsinə haqq qazandıra bilər. Lakin bu ərizəçilərin işində Məhkəmənin yurisdiksiyası yalnız Konvensiyanın Rusiya barəsində qüvvəyə mindiyi tarixdən – 5 may 1998-ci ildən başlayan dövrə şamil olunur. Bu tarixdən sonra polşalı məhbusların taleyi ilə bağlı heç bir qeyri-müəyyənlik qalmayıb. Hətta bütün cəsədlər tapılmasa belə, onların ölümü Sovet və Rusiya hakimiyyət orqanları tərəfindən açıq şəkildə etiraf edilib və təsdiqlənmiş tarixi fakta çevrilib. Buradan belə nəticə çıxır ki, əvvəlcə "itkin düşmə" faktı üzrə başlanmış iş "təsdiqlənmiş ölüm" barəsində iş hesab olunmalıdır. Məhkəmə "təsdiqlənmiş ölüm" işlərində 3-cü maddənin ayrıca pozuntusunun baş verdiyini onun müəyyənləşdirməsinə imkan verən hər hansı xüsusi halları (məsələn, ərizəçinin qurbanın iztirablarının birbaşa şahidi olmasını) ərizəçilərin işində aşkara çıxarmayıb, onların iztirabları insan hüquqlarının ciddi pozuntularının qurbanlarının qohumlarının qaçılmaz olaraq məruz qaldığı emosional üzüntüdən daha fərqli miqyasa və xarakterə malik olmayıb.
Nəticə: pozuntu baş verməyib (beş səsə qarşı on iki səslə).
Maddə 38: Hökumət Xatın işinin istintaqına xitam verilməsi barədə sentyabr 2004-cü il tarixli qərarın surətini təqdim etmək barədə Məhkəmənin sorğusunu təmin etməyərək belə əsas gətirdi ki, məxfi materialların konfidensial qalacağına zəmanət verilmədən Hökumətin onları beynəlxalq təşkilatlara təqdim etməsinə yol verilmir. Məhkəmə bir daha bildirdi ki, hətta söhbət milli təhlükəsizlikdən getdikdə belə, demokratik cəmiyyətdə qanunçuluq və qanunun aliliyi anlayışları tələb edir ki, məsələyə aidiyyəti olan əsas insan hüquqları qərarın səbəblərini və müvafiq sübutları nəzərdən keçirmək səlahiyyətinə malik olan müstəqil orqan tərəfindən çəkişmə xarakterli prosesdə bu və ya digər formada araşdırma predmeti olsun, əksə halda dövlət orqanları Konvensiya ilə qorunan hüquqlara özbaşına qəsd etmək imkanına malik olurlar. Hazırkı işdə milli məhkəmələr istintaqa xitam verilməsi barədə qərarda yer alan məlumatların hadisələrdən yetmiş ildən artıq vaxt keçdikdən sonra da məxfi saxlanılmalı olduğu barədə icra hakimiyyətinin iddiasını lazımi qaydada araşdırmayıblar. Onların araşdırması məxfiləşdirmə barədə qərarın müvafiq orqanların inzibati səlahiyyətləri çərçivəsində qəbul edildiyini müəyyənləşdirməklə məhdudlaşıb və onlar məxfiliyin götürülməsinin milli təhlükəsizlik üçün təhlükə təşkil etdiyi barədə qənaətin hər hansı fakta əsaslanıb-əsaslanmadığını müstəqil şəkildə nəzərdən keçirməyiblər. Onlar belə bir arqumenti mahiyyəti üzrə nəzərdən keçirməyiblər ki, bu qərar ən yüksək vəzifəli rəsmilərin göstərişləri əsasında törədilmiş insan hüquqlarının ən ciddi pozuntularından biri olan hadisələrin istintaqına son qoymuş olub və milli qanunvericiliyə əsasən faktiki olaraq məhkəmə nəzarətindən kənar olub. Onlar bir tərəfdən məlumatların qorunmasının iddia edilən zəruriliyi, digər tərəfdən isə araşdırmanın şəffaf şəkildə aparılmasında ictimaiyyətin marağı və qurbanların qohumlarının həmin qurbanların ölümünün hallarının aşkara çıxarılmasında fərdi maraqları arasında balansı gözləməyiblər. Məxfiləşdirmə barədə qərara yenidən baxılması ilə bağlı ölkədaxili məhkəmə icraatının əhatə dairəsinin məhdudluğunu nəzərə alaraq, Məhkəmə razılaşa bilməz ki, istintaqa xitam verilməsi barədə 2004-cü il tarixli qərarın surətinin təqdim edilməsi Rusiyanın milli təhlükəsizliyinə təsir göstərə bilərdi.
Nəhayət, Məhkəmə vurğuladı ki, qanuni milli təhlükəsizlik maraqları ilə əlaqədar problemlər müvafiq prosessual mexanizmlərin vasitəsilə, o cümlədən Məhkəmə Reqlamentinin 33-cü Qaydasına uyğun olaraq müvafiq sənədlə tanışlığın məhdudlaşdırılması və ya ən fövqəladə halda dinləmənin qapalı keçirilməsi yolu ilə həll edilə bilərdi. Lakin Hökumət belə tədbirlərin tətbiqi barədə müraciət etməyib.
Nəticə: 38-ci maddənin müddəalarına riayət edilməyib (yekdilliklə).
Maddə 41: Ziyana görə kompensasiya tələbləri rədd edildi, çünki Konvensiyanın 38-ci maddəsinin müddəalarına riayət edilməməsi hər hansı ədalətli təzminat təyin olunmasını tələb etməyən prosessual məsələdir.
(Bax: Şilih Sloveniyaya qarşı [BP], ərizə № 71463/01, 9 aprel 2009-cu il, 118 saylı Məlumat bülleteni).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2014.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy