Yeronoviçs (Jeronovičs) Latviyaya qarşı – ərizə № 44898/10
5.7.2016 tarixli qərar [BP]
Maddə 37
37-ci maddənin 1-ci bəndi
1 saylı Protokolun 1-ci maddəsinin ikinci hissəsi
Şikayətin baxılmalı işlərin siyahısından çıxarılması
Hətta birtərəfli bəyanatın ardınca şikayətin baxılmalı işlərin siyahısından çıxarılması barədə qərar qəbul edildikdən sonra belə, cavabdeh dövlətin 3-cü maddə üzrə şikayətləri araşdırmaq öhdəliyi qüvvədə qalmaqda davam edir
Maddə 3
Səmərəli araşdırma
Barəsində Hökumətin birtərəfli qaydada bəyanat verdiyi cinayət işinin icraatını təzələməkdən imtina edilməsi: pozuntu baş verib
Faktlar – 1998-ci ildə ərizəçi polis əməkdaşları tərəfindən qəddar rəftara məruz qaldığını iddia edərək onlar barəsində cinayət işi başlanması üçün ərizə verdi. Son nəticədə həmin cinayət prosesinə xitam verildi. 2001-ci ildə ərizəçi Avropa Məhkəməsinə ərizə (№ 547/02) təqdim edərək digər məsələlərlə yanaşı qəddar rəftardan və səmərəli araşdırmanın aparılmamasından şikayət etdi. Hökumət bu şikayətlə bağlı birtərəfli qaydada bəyanat verərək 3-cü maddənin pozulduğunu etiraf etdi və ərizəçiyə kompensasiya təyin olunduğunu bildirdi. Sonradan 10 fevral 2009-cu ildə ərizədə yer alan və birtərəfli bəyanatda qeydi edilən şikayətlər baxılmalı işlərin siyahısından çıxarıldı idi. 2010-cu ildə dövlət orqanları cinayət işinin icraatının təzələnməsi barədə ərizəçinin vəsatətini rədd etdilər.
Avropa Məhkəməsinə təqdim etdiyi hazırkı ərizəsində ərizəçi şikayət etdi ki, onun Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulduğunu Hökumətin etiraf etməsinə baxmayaraq, dövlət orqanları polis əməkdaşları tərəfindən törədilmiş qəddar rəftarı lazımi qaydada araşdırmayıblar.
3 fevral 2015-ci ildə Məhkəmənin Palatası Böyük Palatanın xeyrinə yurisdiksiyasından imtina etməyi qərara aldı (bax: 182 saylı məlumat bülleteni).
Hüquqi məsələlər – 3-cü maddə
a) Məhkəmənin birtərəfli bəyanatlarla bağlı presedent hüququ və praktikası – Birtərəfli bəyanat əsasında Konvensiyanın 37-ci maddəsinin 1(c) bəndinə uyğun olaraq şikayət ərizəsini baxılmalı işlərin siyahısından bütünlüklə və ya qismən çıxarıb-çıxarmamaq barədə qərar verərkən nəzərə alınmalı olan mülahizələr aşağıdakılardır: i) irəli sürülmüş şikayətlərin xarakteri, Məhkəmənin çıxardığı qərarların icrası kontekstində cavabdeh dövlət tərəfindən görülmüş tədbirlərin xarakteri və əhatə dairəsi və bu tədbirlərin sözügedən işə təsiri; ii) birtərəfli bəyanatda əks olunan güzəştin xarakteri, konkret olaraq Konvensiyanın pozuntusunun etiraf edilməsi və həmin pozuntuya görə adekvat kompensasiyanın ödəniləcəyinin vəd edilməsi; iii) bu məsələ ilə bağlı müvafiq və ya "aydın və geniş" presedent hüququnun mövcud olması, başqa sözlə, ərizədə artıq Məhkəmə tərəfindən əvvəlki işlərdə həll edilmiş olan məsələlərlə müqayisə oluna bilən məsələlərin yer alması; və iv) Hökumətin ərizəçini hansı üsulla kompensasiya ilə təmin etmək niyyətində olması və iddia edilən pozuntunun nəticələrini bu kompensasiya ilə aradan qaldırmağın mümkün olub-olmaması. Əgər yuxarıdakı sualların cavabları Məhkəməni qane edərsə, o, ərizədəki şikayətlərə və ya onların müvafiq hissəsinə baxılmasını davam etdirməyə haqq qazandıran əsasların qalıb-qalmadığını və insan hüquqlarına riayət olunmasının ərizəyə baxılmasını davam etdirməyi tələb edib-etmədiyini araşdırır. Bu şərtlər yerinə yetirilibsə, o, ərizədəki şikayətləri və ya onların müvafiq hissəsini baxılmalı işlərin siyahısından çıxarmağı qərara alır.
Hətta ona təqdim edilmiş birtərəfli bəyanatı qəbul etdikdən və ərizəni (və ya ərizədəki şikayətlərin müvafiq hissəsini) baxılmalı işlərin siyahısından çıxarmağı qərara aldıqdan sonra da Məhkəmə ərizəni (və ya ərizədəki şikayətlərin müvafiq hissəsini) baxılmalı işlərin siyahısında bərpa etmək hüququnu özündə saxlayır. Bu səlahiyyəti tətbiq edərkən Məhkəmə siyahıdan çıxarma qərarının qəbulu üçün əsas qismində qəbul edilmiş Hökumətin bəyanatında qeyd edilən müxtəlif öhdəliklərin həcmini və əhatə dairəsini hərtərəfli araşdırır və Hökumətin öhdəliklərinə riayət etməsini yoxlamaq üçün imkanın yaranacağı zamanı gözləyir. Beləliklə, Hökumətin birtərəfli bəyanatı Məhkəmə tərəfindən yoxlanılmaq üçün iki dəfə təqdim edilə bilər. Birinci halda, Məhkəmə şikayət ərizəsinin baxılmalı işlərin siyahısından çıxarılması barədə qərarı qəbul etməzdən əvvəl birtərəfli bəyanatda yer alan güzəştlərin xarakterini, kompensasiyanın adekvat olub-olmadığını və insan hüquqlarına riayət olunmasının yuxarıdakı meyarlar əsasında ərizəyə baxılmasını davam etdirməyi tələb edib-etmədiyini araşdırır. İkincisi halda isə, şikayət ərizəsinin baxılmalı işlərin siyahısından çıxarılması barədə qərar qəbul edildikdən sonra Hökumətin öhdəliklərini yerinə yetirməsinə Məhkəmə tərəfindən nəzarət edilməsi və ərizənin (və ya ərizədəki şikayətlərin müvafiq hissəsinin) baxılmalı işlərin siyahısında bərpa edilməsinə haqq qazandıran hər hansı "müstəsna halların" olub-olmadığının araşdırılması tələb oluna bilər. Hökumətin öhdəliklərini yerinə yetirməsinə nəzarət edərkən Məhkəmə həm birtərəfli bəyanatın, həm də şikayət ərizəsini baxılmalı işlərin siyahısından çıxarmaq barədə qərarın şərtlərini şərh etmək səlahiyyətinə malikdir.
b) Şikayətin mahiyyəti – Şikayətin baxılmalı işlərin siyahısından çıxarılması barədə qərarında Məhkəmə pozuntu etiraf edildikdən və kompensasiya ödənildikdən sonra səmərəli araşdırma aparmaq öhdəliyinin hələ də qüvvədə qaldığını, yoxsa aradan qalxdığını birmənalı şəkildə göstərməmişdi. Buna görə də Məhkəmə bu məsələni araşdırmalıdır ki, həmin öhdəlik Hökumətin birtərəfli bəyanatında yer alan öhdəlikdən və ərizəçinin şikayətinin baxılmalı işlərin siyahısından çıxarılması barədə Məhkəmənin qərarından irəli gəlirdimi, yaxud cinayət işinin icraatını təzələməkdən imtina edilməsi ərizədəki şikayətin siyahıdan çıxarılması barədə qərardan sonra mövcud olmaqda davam edən hər hansı prosessual öhdəliyə riayət edilmədiyini göstərirdimi?
Məhkəmə 10 fevral 2009-cu ildə işlərin siyahısından çıxarılmış olan 547/02 saylı ərizənin müvafiq hissəsinin baxılmalı işlərin siyahısında bərpa edilməsinə haqq qazandıra bilən heç bir müstəsna hal müəyyən etmədi. Bununla belə, o, 2009-cu il tarixli qərarda ərizənin müvafiq hissəsinin baxılmalı işlərin siyahısından çıxarılması barədə Məhkəmənin qərar çıxarmasının zəruri ilkin şərti qismində bu faktın qeyd edildiyini əhəmiyyətli hesab etdi ki, ərizəçi "kompensasiyaya nail olmaq üçün hər hansı digər hüquqi müdafiə vasitələrindən" istifadə etmək imkanını özündə saxlayır. Bu imkan cavabdeh dövlətin müvafiq öhdəliyi ilə, yəni ərizəçini dövlət nümayəndələri tərəfindən qəddar rəftara məruz qalmasının araşdırılması proseduru formasında hüquqi müdafiə vasitəsi ilə təmin etmək öhdəliyi ilə müşayiət olunmalı idi. Dövlət nümayəndələri tərəfindən bilərəkdən qəddar rəftar baş verdiyi hallarda dövlətin 3-cü maddədən irəli gələn səmərəli araşdırma aparmaq öhdəliyi daşıdığını nəzərə alsaq, kompensasiyanın ödənilməsi yetərli olmaya bilərdi. Birtərəfli bəyanat proseduru müstəsna prosedurdur və onun məqsədi heç də ərizəçinin dostcasına həll prosedurundan imtina etməsindən yan keçmək və ya Hökumətin Konvensiyada yer alan təməl hüquqların pozuntularına görə məsuliyyətdən yayınmasına imkan yaratmaq deyil. Müvafiq olaraq, kompensasiya ödənilməsi və Konvensiyanın müxtəlif müddəalarının pozulduğunun etiraf edilməsi cavabdeh dövləti Konvensiyanın 3-cü maddəsi əsasında üzərinə düşən və davam etməkdə olan prosessual öhdəlikdən azad etmir.
Daxili qanunvericiliyə əsasən ərizəçi yeni aşkar edilmiş hallarla əlaqədar olaraq işin istintaqının təzələnməsi üçün vəsatət verə bilərdi və bu imkandan istifadə etmişdi. Lakin vəsatəti belə bir əsasa görə rədd edilmişdi ki, birtərəfli bəyanat sözügedən daxili qanunvericilik müddəasının məqsədləri üçün yeni aşkar edilmiş hal sayılmır. Baxmayaraq ki, Konvensiya xitam verilmiş işin icraatının təzələnməsini tələb etmək hüququnu prinsipcə təmin etmir, Məhkəmə bu məsələni nəzərdən keçirə bilər ki, ərizəçinin vəsatətinin Latviyanın dövlət orqanları tərəfindən araşdırılması üsulu qüvvədə qalmaqda davam edən səmərəli araşdırma aparmaq öhdəliyinə zidd olan nəticələr doğurmuşdumu? O, bu məsələ ilə bağlı bu qənaətə gəldi ki, milli qanunvericilikdəki maneələr dövlətləri bu cür öhdəliyi icra etmək vəzifəsindən azad edə bilməz. Əks halda dövlət nümayəndələri tərəfindən bilərəkdən törədilən qəddar rəftar hallarına dövlət orqanlarının reaksiyası sadəcə kompensasiya ödəməklə məhdudlaşardı və onlar təqsirkarları məsuliyyətə cəlb etməz və cəzalandırmazdılar. Bu, dövlət nümayəndələrinin bəzi hallarda nəzarətləri altında olan şəxslərin hüquqlarını faktiki olaraq cəzasız qalmaqla pozmalarına imkan yaradar, işgəncələrə və qeyri-insani və ləyaqəti alçaldan rəftara qoyulmuş ümumi qadağanın fundamental əhəmiyyətinə baxmayaraq onu praktikada səmərəsiz edərdi. Buradan belə nəticə çıxır ki, ərizəçi Konvensiyanın 3-cü maddəsi ilə tələb olunan səmərəli araşdırmadan istifadə etmək imkanına malik olmayıb.
Nəticə: pozuntu baş verib (yeddi səsə qarşı on səslə).
Maddə 41: Mənəvi ziyana görə 4.000 avro təyin edildi.
Həmçinin bax: Qefgen Almaniyaya qarşı, [BP], 22978/05, 1 iyun 2010-cu il, 131 saylı məlumat bülleteni; Tahsin Acar Türkiyəyə qarşı (Hökumətin ilkin etirazları), [BP], 26307/95, 6 may 2003-cü il, 53 saylı məlumat bülleteni; Jarkoviç və başqaları Xorvatiyaya qarşı (qərardad), 75187/12, 9 iyun 2015-ci il, 187 saylı məlumat bülleteni; Aleksentseva və başqaları Rusiyaya qarşı (qərardad), 75025/01 və s., 4 sentyabr 2003-cü il; Aleksentseva və başqaları Rusiyaya qarşı (qərardad), 75025/01 və s., 23 mart 2006-cı il; Aleksentseva və başqaları Rusiyaya qarşı, 75025/01 və s., 17 yanvar 2008-ci il)
Full & Egal Universal Law Academy