Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 199
Avqust-sentyabr 2016-cı il
***
J.K. və başqaları İsveçə qarşı [BP] – ərizə № 59166/12
23.8.2016 tarixli qərar [Böyük Palata]
Maddə 3
Ölkədən çıxarılma
"Əl-Qaidə" tərəfindən təhdid edilən ailənin İraqa nəzərdə tutulan deportasiyası: deportasiya pozuntu təşkil edəcək
Faktlar – Nikahda olan ərizəçilər və onların oğlu İraq vətəndaşıdırlar. Onlar, müvafiq olaraq, 2010 və 2011-ci illərdə İsveçdə sığınacaq almaq üçün müraciət etdilər və belə əsas gətirdilər ki, İraqda "Əl-Qaidə" tərəfindən təqib riskinə məruz qalacaqlar, çünki birinci ərizəçi amerikalı müştərilər üçün işləmiş və uzun illər ABŞ silahlı qüvvələrinin İraqdakı hərbi bazasında fəaliyyət göstərmişdi. O və ailəsi 2004-2008-ci illərdə "Əl-Qaidə" tərəfindən çoxsaylı təhdidlər almış və zorakılıqlara məruz qalmışdılar. Onların həyatına sui-qəsd edilmiş, birinci ərizəçi iki dəfə yaralanmış, qardaşı 2005-ci ildə oğurlanmışdı, qızı isə 2008-ci ilin oktyabrında birinci ərizəçi ilə avtomobildə gedərkən açıqlan atəşlər nəticəsində öldürülmüşdü. Həmin andan ərizəçi işini dayandırmış və ailə Bağdadda müxtəlif yerlərə köçmüşdü. Onun mal anbarlarına "Əl-Qaidə" üzvləri tərəfindən dörd və ya beş dəfə hücum edildiyinə baxmayaraq, birinci ərizəçi bildirdi ki, 2008-ci ildən bəri şəxsən təhdid edilməyib, çünki ailə dəfələrlə başqa yerlərə köçüb. 2010-cu ildə birinci ərizəçi İraqı tərk etdi, 2011-ci ildə isə ikinci və üçüncü ərizəçilər onun yanına yollandılar.
İsveç Miqrasiya Şurası onların sığınacaq üçün vəsatətini rədd etdi. Onun qərarı 2012-ci ildə Miqrasiya işləri üzrə məhkəmə tərəfindən qüvvədə saxlanıldı və belə əsas gətirildi ki, "Əl-Qaidə"nin cinayət əməlləri bir neçə il əvvəl törədilib və birinci ərizəçinin amerikalılarla daha heç bir iş əlaqəsi yoxdur. Təhdidlər yenə davam edərsə, İraq hakimiyyəti ailəni müdafiə etmək üçün iradəyə və imkana malikdir.
4 iyun 2015-ci il tarixli qərarında (bax: 189 saylı Məlumat bülleteni) Avropa Məhkəməsinin Palatası iki səsə qarşı beş səslə müəyyən etdi ki, ərizəçilər barəsindəki deportasiya qərarının icrası Konvensiyanın 3-cü maddəsinin pozulmasına səbəb olmayacaq. Ərizəçinin vəsatəti əsasında 19 oktyabr 2015-ci ildə iş Böyük Palatanın icraatına verildi.
Hüquqi məsələlər – Maddə 3: Məhkəmə bir daha bildirdi ki, əcnəbinin deportasiya olunacağı təqdirdə təyinat ölkəsində 3-cü maddəyə zidd rəftara məruz qalması təhlükəsinin real olduğunu düşünmək üçün əsaslı səbəblərin mövcud olduğu sübut edilərsə, iştirakçı dövlət tərəfindən onun ölkədən çıxarılması 3-cü maddənin pozuntusuna səbəb ola və müvafiq olaraq, həmin dövlətin Konvensiya üzrə məsuliyyətini doğura bilər. Qadağan edilmiş rəftara məruz qalma təhlükəsinin real olub-olmaması hal-hazırda mövcud olan vəziyyətin işığında qiymətləndirilməli və bu zaman ərizəçinin təyinat ölkəsinə göndərilməsinin öncədən proqnozlaşdırıla bilən nəticələri oradakı ümumi situasiyanın və ərizəçinin fərdi situasiyasının işığında tədqiq edilməlidir.
a) Ümumi situasiya – Məhkəmə razılaşdı ki, Bağdadda təhlükəsizlik sahəsində vəziyyət pisləşsə də, özü-özlüyündə zorakılıqların şiddəti 3-cü maddəyə zidd olan rəftarın baş verməsi təhlükəsinin real sayıla biləcəyi səviyyəyə çatmayıb. Daha sonra o, bu məsələni araşdırmağa keçdi ki, ərizəçilərin fərdi situasiyası belə düşünməyə əsas verirmi ki, İraqa göndəriləcəkləri təqdirdə onlar bu cür təhlükə ilə üzləşəcəklər?
b) Ərizəçilərin fərdi situasiyası – Məhkəmə qeyd etdi ki, bir qayda olaraq sığınacaq axtaranların fərdi situasiyası barədə məlumat verə biləcək yeganə şəxs elə onların özü olduğuna görə, sübutetmə yükü onların üzərinə düşür, yəni onlar fərdi situasiyalarına aid olan və beynəlxalq himayə üçün verdikləri vəsatəti əsaslandırmaq üçün zəruri olan bütün sübutları mümkün qədər tez bir zamanda təqdim etməlidirlər. Lakin sığınacaq axtaranların xaricdə sübutların toplanması zamanı qarşılaşa biləcəkləri bütün çətinlikləri də nəzərə almaq vacibdir.
Sığınacaq axtaran şəxs keçmişdə qəddar rəftara məruz qaldığını iddia edirsə, o halda xüsusi problemlər meydana çıxır, belə ki, keçmişdə baş vermiş qəddar rəftar gələcəkdə qəddar rəftarın baş verməsi təhlükəsinin səviyyəsinin qiymətləndirilməsində əhəmiyyət kəsb edə bilər. Özünün öncəki presedent hüququnu,* Avropa İttifaqının Uyğunluq Direktivinin 4-cü maddəsinin 4-cü bəndini** və Qaçqın statusu almaq üçün vəsatət verilərkən sübutetmə yükü və standartı haqqında BMT-nin İzahedici qeydlərinin 19-cu bəndini*** nəzərə alaraq, Məhkəmə hesab etdi ki, ərizəçi hadisələr barəsində ümumən ziddiyyətsiz və inandırıcı məlumatlar veribsə və həmin məlumatlar sözügedən ölkədəki ümumi vəziyyət barədə mötəbər və obyektiv mənbələrdən daxil olan məlumatlara uyğun gəlirsə, belə hallarda keçmişdə baş vermiş qəddar rəftar gələcəkdə 3-cü maddəyə zidd olan rəftarın baş verməsi təhlükəsinin real olmasının ciddi əlamətidir.
Ərizəçilərin işində Məhkəmə 2004-cü ildən 2008-ci ilədək ailənin "Əl-Qaidə" tərəfindən qəddar rəftarın ən ağır formalarına məruz qaldığı barədə miqrasiya orqanının qənaətlərini, yaxud 2008-ci ildən sonra dolayı təhlükənin hələ də qaldığı və ərizəçinin mal anbarına hücumların davam etdiyi barədə ərizəçilərin iddia etdiklərini və "Əl-Qaidə" öz adamlarını İraqın hakimiyyət orqanlarına yeritdiyinə görə ərizəçilərin həmin orqanların himayəsindən istifadə edə bilməmələri səbəbindən növbəti qəddar rəftar hallarından yalnız gizlənməklə qurtulduqları barədə ərizəçilərin söylədiklərini şübhə altına almaq üçün heç bir səbəb görmədi. 2004-cü ildən 2010-cu ilədək baş vermiş hadisələr barədə ərizəçilərin söylədikləri ümumən ziddiyyətsiz və inandırıcı idi və mənşə ölkəsi barədə mötəbər və obyektiv mənbələrdən əldə edilən müvafiq məlumatlara uyğun gəlirdi. Beləliklə, onların İraqda qeyri-dövlət nümayəndələri tərəfindən təhlükəyə məruz qalmasının davam edəcəyini göstərən ciddi əlamət mövcud idi. Müvafiq olaraq, həmin təhlükə ilə bağlı hər hansı şübhələri aradan qaldırmaq vəzifəsi cavabdeh dövlətin üzərinə düşür.
Mötəbər və obyektiv mənbələrdən daxil olan müxtəlif məlumatlardan görünürdü ki, müharibədən sonra İraqdakı işğalçı qüvvələrin müvafiq orqanları ilə bu və ya digər formada əməkdaşlıq etmiş şəxslərin "Əl-Qaidə" və digər qruplar tərəfindən hədəflə alınması davam edir. Birinci ərizəçi Amerika silahlı qüvvələri ilə əlaqəsinə görə sistematik olaraq hədəfə alınan şəxslər qrupuna mənsub idi və onun Amerika qüvvələri ilə təmasları açıq-aydın göz önündə idi, belə ki, onun iş yeri Amerika Birləşmiş Ştatlarının hərbi bazasında yerləşirdi. Buna görə də Məhkəmə bu qənaətə gəldi ki, İraqa qayıdacaqları təqdirdə hər üç ərizəçiyə qarşı təqiblərin davam etməsi təhlükəsi realdır.
Geri qayıdacaqları təqdirdə İraqın hakimiyyət orqanlarının onları müdafiə ilə təmin etmək iqtidarında olması məsələsinə gəlincə, İraqın hakimiyyət orqanlarının öz xalqını müdafiə etmək imkanlarının zəif olduğu hesab edilir. İraqda hazırkı müdafiənin səviyyəsi geniş ictimaiyyət üçün bəlkə də yetərli olsa da, hədəfə alınmış qrupa mənsub olan ərizəçilər kimi insanların durumu fərqlidir. Buna görə də Məhkəmə ərizəçilərin işinin konkret hallarını nəzərə alaraq əmin deyil ki, hazırkı durumda İraq dövləti onları "Əl-Qaidə"nin və ya digər xüsusi qrupların təhlükələrinə qarşı səmərəli müdafiə ilə təmin etmək iqtidarındadır. Beləliklə, ərizəçilərin fərdi situasiyası və İraqın hakimiyyət orqanlarının onları müdafiə etmək imkanlarının zəif olması, məcmu halında götürüldükdə, onların İraqa qayıdacaqları təqdirdə real olaraq qəddar rəftara məruz qalması təhlükəsini yaradır.
Nəticə: deportasiya pozuntu təşkil edəcək (yeddi səsə qarşı on səslə).
Maddə 41: qərara alındı ki, pozuntunun müəyyən edilməsi faktı mənəvi ziyana görə yetərincə ədalətli təzminat təşkil edir; maddi ziyana görə kompensasiya tələbi isə rədd edildi.
* Məhkəmə bu işlərə istinad etdi: R.C. İsveçə qarşı, ərizə № 41827/07, 9 mart 2010-cu il, 128 saylı Məlumat bülleteni; R.J. Fransaya qarşı, ərizə № 10466/11, 19 sentyabr 2013-cü il; və D.N.W. İsveçə ərizə № 29946/10, 6 dekabr 2012-ci il.
** "Üçüncü ölkələrin vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin beynəlxalq himayənin benefisiarları qismində tanınması, qaçqınlar və əlavə himayə ilə təmin edilmək hüququ olan şəxslər üçün vahid statusun müəyyən edilməsi və təqdim edilən himayənin məzmunu ilə bağlı standartlar haqqında" Aİ Şurasının 29 aprel 2004-cü il tarixli 2004∕83∕EC saylı direktivinin (bu direktiv 13 dekabr 2011-ci il tarixli 2011∕95∕EU saylı direktiv vasitəsilə yenilənib) 4-cü maddəsinin 4-cü bəndində deyilir: "ərizəçinin artıq təqibə və ya ciddi ziyana, yaxud bu cür təqib və ya ziyanla bağlı birbaşa təhlükələrə məruz qalması faktı, əgər bu cür təqibin və ya ciddi ziyanın təkrarlanmayacağını düşünmək üçün əsaslı səbəblər yoxdursa, ərizəçinin təqiblə, yaxud real olaraq ciddi ziyana məruz qalma təhlükəsi ilə bağlı qorxusunun əsaslı olduğunun əlamətidir".
*** 19-cu bənddə deyilir: "Baxmayaraq ki, keçmişdə təqibin və ya qəddar rəftarın baş verməsi əhəmiyyətli dərəcədə ona dəlalət edir ki, təqib təhlükəsinin gələcəkdə mövcudluğunun mümkünlüyü ilə bağlı qiymətləndirmənin nəticəsi müsbət olacaq, keçmişdə təqibin və ya qəddar rəftarın baş verməməsi həlledici amil təşkil etmir. Analoji olaraq, keçmişdə təqibin baş verməsi xüsusən mənşə ölkəsində vəziyyətin əhəmiyyətli dərəcədə dəyişdiyi hallarda hökmən o demək deyil ki, şəxs mənşə ölkəsində birmənalı olaraq yenidən təqibə məruz qalacaq".
Full & Egal Universal Law Academy