© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Jüli və Sarl Liberasyon Fransaya qarşı (July and SARL Libération v. France), ərizə № 20893/03
14.02.2008-ci il tarixli qərar [III Bölmə]
Maddə 10
10-cu maddənin 1-ci bəndi
İfadə azadlığı
Zərərçəkən tərəfin təşkil etdiyi mətbuat konfransından reportajın əks olunduğu məqalədə məhkəmə işinin istintaqını aparan hakimlər barəsində diffamasiya (böhtan) xarakterli fikirlər dərc edildiyinə görə qəzetin baş redaktorunun cinayət ittihamı əsasında məhkum olunması: pozuntu baş verib
Faktlar – Bu, xaricdə ezamiyyətdə olarkən şübhəli şəraitdə ölmüş fransalı hakimin ölümü ilə bağlı aparılan cinayət işinə aid məqalə dərc edilməsi ilə əlaqədar olaraq gündəlik Fransa qəzeti "Liberasyon" (Liberation) və onun baş redaktoru Serj Jüli barəsində diffamasiya ittihamı əsasında çıxarılmış məhkəmə hökmünə aid iş idi. "Hakimin ölümü: dul qadın hakimləri və polisləri ittiham edir" ("Mort d`un juge: la veuve attaque juges et policiers") başlıqlı məqalədə həmin işə həsr olunan mətbuat konfransında səslənmiş fikirlər əks olunmuşdu. Mətbuat konfransının məqsədi işin araşdırılmasını həyata keçirmiş hakimlərin hərəkətlərinin yoxlanılması barədə dul qadının rəsmi tələbinin ictimaiyyətə çatdırılması idi. Mətbuat konfransında istintaq hərəkətləri tənqid edilmişdi. İşin istintaqını aparan hakimlər ərizəçilərə qarşı diffamasiya ilə əlaqədar icraata başladılar və iddia etdilər ki, məqalədə yer alan dörd epizod diffamasiya xarakteri daşıyır. Sitatlar: "1. Qərəzlilik. Dul qadın hakimlərin qərəzliliyindən şikayət edir. 2. Araşdırma "qəribə" tərzdə aparılıb. 3. Bu arada [Hakimlər Birliyinin sədri] "çoxsaylı səhvlərdən" danışdı. 4. Səbəb bu idi ki, [işin istintaqını aparan hakimlər] ləng hərəkət edirdilər". Cinayət İşləri üzrə Məhkəmə hər iki ərizəçiyə bəraət verdi. Lakin "hakimlərin qərəzliliyinə" aid epizod diffamasiya xarakterli hesab edildi. Bununla belə, bu məhkəmə ərizəçilərin vicdanlı niyyətlə hərəkət etdikləri barədə arqumentlərini nəzərə alaraq onlara bəraət verdi, belə ki, araşdırmanı tənqid edən fikirləri işıqlandırmış qəzet sadəcə cəmiyyəti məlumatlandırmaq vəzifəsini yerinə yetirmişdi. Apellyasiya Məhkəməsi ərizəçilərin barəsindəki bəraət hökmünü qismən ləğv etdi. O, qərara aldı ki, hakimlərin qərəzliliyi barədə fikirlərdən əlavə, həmçinin araşdırmanın "qəribə" tərzdə aparıldığı barədə ittiham da diffamasiya xarakteri daşıyırdı. Məhkəmə hesab etdi ki, bu epizodlar işin istintaqını aparan iki hakimin şərəf və nüfuzuna ziyan yetirib. Apellyasiya Məhkəməsi ərizəçilərin vicdanlı niyyətlə hərəkət etdikləri barədə arqumentlərini nəzərə almadı, çünki onlar diqqətlilik və obyektivlik tələblərini açıq-aydın pozmuşdular. Serj Jüli dövlət qulluqçularına açıq formada böhtan atmaqda təqsirkar hesab edildi, ərizəçi şirkət mülki məsuliyyətə cəlb olundu. Serj Jülinin üzərinə 10.000 frank (təxminən 1.500 avro) məbləğində cərimə və mülki iddiaçıların hər birinə analoji məbləğdə kompensasiya ödəmək vəzifəsi, habelə "Liberasyon" qəzetində və digər gündəlik ümummilli qəzetdə hökmün əsas müddəalarını əks etdirən elan dərc etmək vəzifəsi qoyuldu. Apellyasiya Məhkəməsinin qərarına əsasən, mülki iddiaçıların ödədikləri və dövlət tərəfindən əvəzi ödənilməyən məhkəmə xərclərinə görə ərizəçilər birlikdə mülki iddiaçılara 20.000 frank (təxminən 3.000 avro) ödəməli idilər. Ərizəçilər digər hüquq normaları ilə Konvensiyanın 10-cu maddəsi əsasında hüquqi məsələlərlə əlaqədar apellyasiya şikayəti verdilər, amma şikayətləri təmin edilmədi.
Hüquqi məsələlər – Ərizəçilərə qarşı çıxarılmış hökm onların ifadə azadlığı hüququna müdaxilə təşkil edirdi. Bu müdaxilə Fransa qanunvericiliyi ilə nəzərdə tutulmuşdu və qanuni məqsəd daşıyırdı, belə ki, dövlət qulluqçularının, yəni işin istintaqını aparan hakimlərin nüfuzunun və məhkəmə hakimiyyətinin qərəzsizliyinin müdafiəsinə yönəlmişdi.
Bu müdaxilənin "demokratik cəmiyyətdə zəruri" olub-olmadığına gəlincə, qeyd etmək lazımdır ki, mətbuat hakimlərin öz mürəkkəb vəzifələrini onların üzərinə qoyulan mühüm missiyaya uyğun şəkildə yerinə yetirmələrini yoxlamaq üçün siyasi xadimlərə və ictimai rəyə imkan yaradan vasitələrdən biridir. Bu fikir xüsusilə hazırkı işə aiddir, belə ki, mətbuat konfransında səslənmiş fikirlər mətbuatda geniş işıqlandırılmış mühüm cinayət işinə dair məhkəmə araşdırması ilə birbaşa əlaqəli idi. Buna görə də etiraz edilən tədbirin zəruriliyinin müəyyənləşdirilməsində dövlət orqanlarının qiymətləndirmə sərbəstliyinin hüdudları məhdud idi.
Apellyasiya Məhkəməsinin gətirdiyi əsaslar Avropa Məhkəməsinə inandırıcı görünmədi. Mübahisəli məqalədə artıq ictimaiyyətə məlum olan məhkəmə işi ilə əlaqədar mətbuat konfransı təsvir edilmişdi və məhkəmələr məlumatların jurnalistlər tərəfindən hansı üsulla yayılmalı olduğu barədə mətbuatın rəyini öz rəyləri ilə əvəz etməməli idilər. Bundan başqa, məqalədə feilin şərt formasından və müəyyən yerlərdə "dırnaq" işarələrindən istifadə edilmişdi ki, oxucular mətbuat konfransının iştirakçılarının bildirdikləri fikirləri qəzetin rəyi ilə səhv salmasınlar. Eləcə də çıxış edənlərin adları oxucuların rahatlığı üçün hər dəfə göstərilmişdi, buna görə də, Apellyasiya Məhkəməsinin rəyinin əksinə olaraq, bəzi fikirlərin jurnalistlərə və müvafiq olaraq ərizəçilərə məxsus olduğunu iddia etmək olmazdı. Bundan əlavə, məqalədə hakimlərə qarşı hər hansı ədavət hissi ifadə edilməmişdi.
Rəsmi vəzifələrinin icrası ilə əlaqədar dövlət qulluqçularına qarşı səsləndirilən tənqidlərin yol verilən həddi adi vətəndaşlarla müqayisədə daha genişdir. Ərizəçilərin şikayətini rədd edərkən Kassasiya Məhkəməsinin gətirdiyi əsaslar nə münasib, nə də yetərli idi, belə ki, dövlətin "mühüm təsisatlarında" çalışan dövlət qulluqçuları olan hakimlər "yol verilə bilən" müəyyən hədd daxilində şəxsən tənqidə məruz qala bilərdilər və bu tənqid sadəcə nəzəri və ümumi xarakter daşımaya bilərdi. Apellyasiya Məhkəməsinin ərizəçilərin istifadə etdikləri "qəribə" sözü ilə bağlı arqumentinə gəlincə, bu söz müsbət məna daşımasa da, məqalədə deyildiyinə görə, mətbuat konfransının iştirakçılarından birinə məxsus idi və jurnalist müstəqil şəkildə bu sözdən istifadə etməmişdi. İstənilən halda, ərizəçilər şişirtmə və ya təhrikçilikdən istifadə etməmişdilər, halbuki jurnalist azadlığı həyata keçirilərkən belə hallara müəyyən dərəcədə icazə verilir. Avropa Məhkəməsi yuxarıda qeyd edilən ifadələri hakimlər üçün "açıq-aydın təhqiramiz" hesab etmədi və bu rəyə gəldi ki, ərizəçilərin vicdanlı niyyətlə hərəkət etmədikləri barədə çıxarılmış nəticə ifadə azadlığı hüququna aid prinsiplərlə və mətbuatın "ictimai nəzarətçi" rolu ilə bir araya sığmır.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Ərizəçilərə birlikdə 7.500 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy