© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Kafkaris Kiprə qarşı [Böyük Palata] (Kafkaris v. Cyprus [GC]), ərizə № 21906/04
12.02.2008-ci il tarixli qərar [Böyük Palata]
Maddə 3
Ləyaqəti alçaldan rəftar
Qeyri-insani rəftar
Ömürlük həbs cəzası almış şəxsin qanunvericilikdə edilmiş dəyişikliklərdən sonra nümunəvi davranışa görə azadlığa buraxılma perspektivinin olmaması: pozuntu baş verməyib
Maddə 7
7-ci maddənin 1-ci bəndi
Cinayət əməli törədildiyi zaman tətbiq olunandan daha ağır cəza verilə bilməz
Ömürlük həbs cəzası almış şəxsin sonradan azad edilmə tələblərinə cavab verməsi üçün meyarlara aid qanunvericilik normalarında uyğunsuzluq: pozuntu baş verib
Ömürlük həbs cəzası almış və barəsindəki ittiham hökmünün həmişəlik azadlıqdan məhrum edilməni bildirdiyi barədə birinci instansiya məhkəməsi tərəfindən öncədən məlumatlandırılmış şəxsin nümunəvi davranışa görə azadlığa buraxılmasını nəzərdə tutan qanunvericilik müddəasında dəyişiklik edilməsi: pozuntu baş verməyib
Faktlar – 1989-cu ildə ərizəçi üç qətldə təqsirli hesab edildi və Cinayət Məcəlləsinə əsasən ömürlük həbs cəzasına məhkum olundu. Bu dövrdə Cəzaların icrası haqqında (ümumi) qaydalarda nəzərdə tutulmuşdu ki, ömürlük həbs cəzasına məhkum olunmuş şəxslərin cəza müddətlərinin dörddə biri sonradan ixtisar edilə bilər. Bu məqsəd üçün ömürlük həbs cəzası 20 il müddətinə azadlıqdan məhrum edilməyə bərabər tutulurdu. Hökm çıxarılmazdan ittiham tərəfi andlı iclasçılardan bu məsələni dəqiqləşdirmələrini xahiş etdi ki, bu işdə ömürlük həbs cəzası ərizəçinin həmişəlik azadlıqdan məhrum edilməsini bildirir, yoxsa Cəzaların icrası haqqında qaydalarda nəzərdə tutulmuş 20 illik müddəti bildirir, belə ki, sonuncu halda ittiham tərəfi 20 illik müddət bitdikdən sonra ərizəçinin həbsdə qalması üçün mütəmadi olaraq müraciət etmək niyyətində idi. Andlılar məhkəməsi qərara aldı ki, bu işdəki ömürlük həbs cəzasına məhkum olunmuş şəxsin həmişəlik azadlıqdan məhrum edilməsini bildirir. Lakin ərizəçi həbsxanaya gəldikdən sonra həbsxana müdiriyyəti ona məlumat verdi ki, nümunəvi davranış nümayiş etdirəcəyi təqdirdə 2002-ci ildə azadlığa buraxıla bilər. Sonradan Ali Məhkəmə başqa bir işdə qərara aldı ki, cəzaların yüngülləşdirilməsini tənzimləyən qaydalar konstitusiyaya ziddir və onları qəbul etmiş orqan səlahiyyət həddini aşıb və bunun ardınca yeni qanunvericilik qəbul edildi, bu qanunvericilik ömürlük həbs cəzasına məhkum olunmuş şəxslərin nümunəvi davranışları ilə əlaqədar olaraq cəzalarının yüngülləşdirilməsi üçün müraciət etmələrinə icazə vermirdi. Ərizəçi həbsxana müdiriyyətinin qeyd etdiyi tarixdə azadlığa buraxılmadı və həbsxanadan saxlanılmasının qanunsuz olmasından Ali Məhkəməyə şikayət etdi. Lakin onun bu şikayəti və sonradan verdiyi daha bir şikayət ərizəsi rədd edildi. Hazırda Kiprdə ömürlük həbs cəzasına məhkum olunmuş şəxslərin azad edilməsi yalnız baş prokurorun tövsiyəsi ilə cəzaların yüngülləşdirilməsi, müddətlərinin azaldılması və ya icrasının dayandırılması barədə konstitusiya səlahiyyətləri əsasında prezident tərəfindən qərar qəbul edildiyi təqdirdə, yaxud onun razılığı ilə baş prokurorun qanunvericilikdə nəzərdə tutulmuş şərti azad etmə səlahiyyətindən istifadə etdiyi təqdirdə mümkündür.
Hüquqi məsələlər – Maddə 3: a) Ərizəçinin azadlıqdan məhrum edilmə müddəti: Kiprdə ömürlük həbs cəzasına məhkum olunmuş şəxslərin azad edilməsi imkanı məhdud olsa da, bu o demək deyil ki, Kiprdə ömürlük həbs cəzası şəxsin azad edilməsini istisna edir və yüngülləşdirilə bilməz. Əksinə, bu barədə çıxarılmış hökmlər istər hüquqi (de yure), istərsə də faktiki (de fakto) cəhətdən yüngülləşdirilə bilər. Ömürlük həbs cəzası çəkən bir çox məhbuslar prezidentin konstitusiya səlahiyyətindən istifadə etməsi yolu ilə azad ediliblər və belə məhbuslar istənilən vaxt, minimal cəza müddətini çəkməsələr belə, cəzanın yüngülləşdirilməsi barədə qanunvericilik müddəalarından yararlana bilərlər. Müvafiq olaraq, hazırda qüvvədə olan prosedurda nöqsanlar olsa da (hazırda həmin nöqsanların aradan qaldırılması üçün islahatlar aparılır), ərizəçi azad edilməsi üçün heç bir perspektivin olmadığını, yaxud uzun müddət həbsxanada qalmasının qeyri-insani və ləyaqəti alçaldan rəftar təşkil etdiyini iddia edə bilməzdi.
b) Həbsxana müdiriyyətinin göstərdiyi müddətdən artıq həbsxanada saxlanılma: Qüvvədə olan qanunvericilikdə dəyişikliklər edilməsi və bunun ardınca azad edilmək ümidlərinin puç olması, yəqin ki, ərizəçinin iztirab keçirməsinə səbəb olmuşdu, amma bu iztirab 3-cü maddənin tətbiq dairəsinə düşən ağırlıq dərəcəsinə çatmayıb. Hadisələrin xronologiyasını nəzərə alsaq, ərizəçi 2002-ci ildə azad ediləcəyinə əsaslı olaraq ümid bəsləyə bilməzdi, çünki andlılar məhkəməsi onun cəza müddəti barədə aydın izahat vermişdi, milli qanunvericilikdə müvafiq dəyişikliklər isə azad edilmə tarixinin həbsxana müdiriyyəti tərəfindən göstərdiyi gündən təxminən altı il əvvəl edilmişdi. Beləliklə, milli qanunvericilikdə ömürlük həbs cəzasının bütün müddətinin çəkilməsini nəzərdə tutan dəyişikliklərdən sonra ərizəçinin vaxtından əvvəl azad edilməyə bəslədiyi ümidlər azalmalı idi. Cəzanın tələb olunan minimum müddəti çəkildikdən sonra azad edilməni nəzərdə tutmayan ömürlük həbs cəzası həbsxanadakı həyatla bağlı qaçılmaz narahatlıq və qeyri-müəyyənlik yaratsa da, bu hisslər təyin olunmuş bu cür hökmlərin xarakterindən irəli gəlir və mövcud sistemin qaydalarına uyğun olaraq azad edilmə perspektivini nəzərə alsaq, ərizəçinin həmin hissləri keçirməsi onun qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qaldığı barədə nəticə çıxarmağa əsas vermir.
Nəticə: pozuntu baş verməyib (yeddi səsə qarşı on səslə).
5-ci maddənin 1-ci bəndi: Andlılar məhkəməsi aydın şəkildə izah etmişdi ki, ərizəçi azadlıqdan 20 il müddətinə deyil, ömürlük məhrum edilib. Sonradan şərti azad edilməsinin mümkünlüyü barədə həbsxana müdiriyyətinin ona məlumat verməsi məhkəmə hökmünə, yaxud ərizəçinin 2002-ci ildən sonda həbsxanada qalmasının qanuniliyi məsələsinə təsir göstərə bilməzdi və göstərməmişdi.
Nəticə: pozuntu baş verməyib (bir səsə qarşı on altı səslə).
Maddə 7: a) Qanunun keyfiyyəti: Qanunun müddəalarının nə dərəcədə anlaşılan və dəqiq olduğuna gəlincə, Məhkəmə qeyd etdi ki, ərizəçi cinayətləri törətdiyi zaman Cinayət Məcəlləsində adamöldürməyə görə ömürlük həbs cəzası açıq-ayın nəzərdə tutulmuşdu, həmçinin eyni dəqiqliklə göstərilmişdi ki, cəzaların icrası haqqında qaydaları rəhbər tutaraq icra hakimiyyəti və inzibati orqanlar belə nəticə çıxarmışdılar ki, bu cəza 20 illik azadlıqdan məhrumetməyə bərabər tutula bilər və bütün məhbuslar, o cümlədən ömürlük həbs cəzasına məhkum edilənlər nümunəvi davranış nümayiş etdirdikləri təqdirdə cəzalarının yüngülləşdirilməsi hüququna malikdirlər. Məhkəmə razılaşdı ki, həmin qaydalar ittiham hökmünə deyil, cəzaların icrasına aid idi, lakin qeyd etdi ki, ömürlük həbs cəzasını təyin etmiş hökmün dəqiq müddəti və icra üsulu tam aydın deyildi. Müvafiq olaraq, ərizəçi cinayətləri törətdiyi zaman Kipr qanunvericiliyinin müddəaları ərizəçinin ömürlük həbs cəzasını təyin etmiş hökmün dəqiq müddətini və icra üsulunu (zərurət olduqda müvafiq hüquqi məsləhət almaqla) müəyyənləşdirə bilməsi üçün kifayət qədər aydın deyildi.
Nəticə: pozuntu baş verib (iki səsə qarşı on beş səslə).
b) Retrospektiv qaydada daha sərt cəzanın tətbiq edilməsi və şəxsin cəzasının yüngülləşdirilməsi imkanından məhrum edilməsi: Məhkəmə bununla razı deyil ki, ərizəçi barəsində retrospektiv qaydada (sonradan) daha sərt cəza tətbiq edilib, çünki Cinayət Məcəlləsinin maddi-hüquqi normalarını nəzərə alsaq, nəzərdən keçirilən dövrdə ömürlük həbs cəzasının 20 il müddətinə azadlıqdan məhrum edilməyə bərabər tutulduğunu iddia etmək olmaz. Ömürlük həbs cəzası almış məhbus olaraq ərizəçinin cəzasının yüngülləşdirilməsi hüququnu itirməsi ona təyin olunmuş "cəzaya" deyil, ittiham hökmünün icrasına aid olan məsələ idi. Cəzaların icrasına aid qanunvericilikdə və azadlığa buraxılma şərtlərində edilmiş dəyişikliklər ərizəçinin azadlığa buraxılmasını çətinləşdirsə də, iddia etmək olmaz ki, həmin dəyişikliklər məhkəmənin təyin etdiyi cəzadan daha sərt "cəzanın" təyin edilməsinə səbəb olub. Azadlığa buraxılma siyasətinə, onun həyata keçirilməsinə və məqsədlərinə aid məsələlər cinayət hüququ sahəsindəki siyasətin tərkib hissəsidir və milli səviyyədə həll olunmalıdır.
Nəticə: pozuntu baş verməyib (bir səsə qarşı on altı səslə).
3, 5 və 7-ci maddələrlə birgə götürülməklə 14-cü maddəyə riayət edilib-edilməməsi məsələsi: a) Ömürlük həbs cəzası almış və sonradan azadlığa buraxılmış məhbuslarla müqayisədə ərizəçinin ayrı-seçkiliyə məruz qaldığı barədə iddia: Ömürlük həbs cəzası almış müvafiq məhbuslar cəzaların icrası haqqında qaydalar əsasında və ya barələrində çıxarılmış hökm əsasında deyil, konstitusiyada nəzərdə tutulan diskresion səlahiyyətlərini həyata keçirmiş Respublika prezidentinin qərarı əsasında azad edilmişdilər. Bundan başqa, ərizəçinin işində andlılar məhkəməsi ömürlük azadlıqdan məhrumetmə anlayışını aydın şəkildə izah etmiş və ərizəçini ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdi. Prezidentin diskresion səlahiyyətlərini həyata keçirərkən bir çox amilləri, məsələn, cinayətin xarakterinə, cinayət ədliyyəsi sisteminə ictimaiyyətin inamına diqqət yetirdiyini nəzərə alsaq, iddia etmək olmaz ki, bu diskresion səlahiyyətlərdən istifadə edilməsi 14-cü maddə ilə bağlı hər hansı məsələ meydana çıxarır.
b) Digər məhbuslarla müqayisədə ərizəçinin ayrı-seçkiliyə məruz qaldığı barədə iddia: Ömürlük həbs cəzasının xarakterini nəzərə alsaq, ərizəçi öz vəziyyətinin ömürlük həbs cəzasına məhkum olunmayan məhbusların vəziyyəti ilə eyni olduğunu iddia edə bilməz.
Nəticə: pozuntu baş verməyib (bir səsə qarşı on altı səslə).
Maddə 41: Pozuntunun müəyyən edilməsi faktının özü kifayət qədər ədalətli kompensasiya təşkil edir.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy