Avropa İnsan Hüquqları Məhkəməsi
ÜÇÜNCÜ BÖLMƏ
KAKABADZE (KAKABADZE) VƏ BAŞQALARI GÜRCÜSTANA QARŞI məhkəmə işi
(Ərizə № 1484/07)
QƏRAR
Strasburq
2 oktyabr 2012-ci il
Qüvvəyə minmə tarixi:
02.01.2013
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulan hallarda qüvvəyə minəcək. Ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Kakabadze və başqaları Gürcüstana qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (Üçüncü Bölmə),
hakimlər:
Josep Kasadeval (Josep Casadevall), sədr,
Eqbert Miyer (Egbert Myjer),
Korneliu Birsan (Corneliu Bîrsan),
Alvina Gülümyan (Alvina Gyulumyan),
Yan Şikuta (Ján Šikuta),
Luis Lopes Gerra (Luis López Guerra),
Nona Tsotsoriya (Nona Tsotsoria),
habelə Bölmə Katibi Santyaqo Kesadadan (Santiago Quesada) ibarət tərkibdə Palatada iclas keçirərək,
11 sentyabr 2012-ci ildə qapalı müşavirə keçirərək,
həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən beş Gürcüstan vətəndaşı – cənab İrakli Kakabadze (Irakli Kakabadze) (“birinci ərizəçi”), cənab Laşa Çxartişvili (Lasha Chkhartishvili) (“ikinci ərizəçi”), cənab Caba Cişkariani (Jaba Jishkariani) (“üçüncü ərizəçi”), cənab Zurab Rtveliaşvili (Zurab Rtveliashvili) (“dördüncü ərizəçi”) və cənab Davit Dalakişvili (Davit Dalakishvili) (“beşinci ərizəçi”) tərəfindən 28 dekabr 2006-cı ildə Məhkəməyə təqdim edilmiş Gürcüstana qarşı ərizə (№1484/07) əsasında başlanıb.
2. Ərizəçiləri Tbilisidəki Gürcüstan Gənc Vəkillər Assosiasiyasının (GYLA) üzvləri – xanım Sopio Caparidze (Sopio Japaridze) və xanım Natiya Katsitadze (Natia Katsitadze), habelə Londandakı Avropa İnsan Hüquqlarının Təşviqi Mərkəzinin (EHRAC) təmsilçisi cənab Filip Liç (Philip Leach) təmsil ediblər. Gürcüstan Hökumətini (“Hökumət”) onun nümayəndəsi, Ədliyyə Nazirliyindən olan cənab Levan Mesxoradze (Levan Meskhoradze) təmsil edib.
3. 2 noyabr 2009-cu ildə Məhkəmə ərizəçilərin Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi, 6-cı maddəsinin 1-ci və 3(c) bəndləri, 10-cu və 11-ci maddələri və 7 saylı Protokolun 2-ci maddəsi üzrə şikayətləri barəsində Hökumətə məlumat verməyi qərara aldı. Qərara alındı ki, ərizənin qəbuledilənliyi və mahiyyəti məsələlərinə eyni vaxtda baxılsın (29-cu maddənin 1-ci bəndi).
4. Tərəflər təqdim edilmiş şikayətlərin qəbuledilənliyinə və mahiyyətinə dair qeydlərini təqdim etdilər (Məhkəmə Reqlamentinin 54A Qaydası).
FAKTLAR
I. İŞİN HALLARI
5. Birinci, ikinci, üçüncü, dördüncü və beşinci ərizəçilər, müvafiq olaraq, 1969, 1980, 1985, 1967 və 1984-cü ildə anadan olublar və Tbilisidə yaşayırlar. Onlar 2004-cü ilin fevralında təsis edilmiş Gürcüstanın qeyri-hökumət təşkilatının ("QHT") – Hüquq Bərabərliyi İnstitutunun üzvüdürlər. Penitensiar və hüquq-mühafizə orqanlarının monitorinqinə və məhkəmə orqanlarının müstəqilliyinin təşviqinə yönələn fəaliyyətlərinin tərkib hissəsi qismində bu QHT açıq mətbuat konfransları keçirir və Daxili İşlər Nazirliyi tərəfindən, habelə Gürcüstan həbsxanalarında törədildiyi iddia edilən insan hüquqlarının müxtəlif ciddi pozuntularını pisləyən küçə nümayişləri təşkil edirdi.
A. 29 iyun 2006-cı il tarixli insident
6. 29 iyun 2006-cı ildə saat 14.20 radələrində ərizəçilər "202" özəl televiziya kanalının mülkiyyətçiləri olan və həmin gün məhkəmələri keçirilən cənab Şalva Ramişviliyə və cənab Davit Koxreidzeyə dəstəklərini ifadə etmək üçün Tbilisi Apellyasiya Məhkəməsinin binasının yanında nümayişə başladılar. Ramişvili və Koxreidzenin işi ictimaiyyətin böyük diqqətini cəlb etdi (əlavə təfsilatlar üçün bax: Ramişvili və Koxreidze Gürcüstana qarşı, ərizə № 1704/06, 9-66-cı bəndlər, 27 yanvar 2009-cu il).
7. 29 iyun 2006-cı il tarixli insidentin dəqiq hallarını xatırlatmaq üçün 4 və 5 iyul 2006-cı ildə tərtib edilmiş yazılı ifadələrində ("ərizəçilərin yazılı ifadələri") ərizəçilərin göstərdiklərinə əsasən, onlar əsas darvazadan Tbilisi Apellyasiya Məhkəməsinin həyətinə daxil oldular; təhlükəsizlik mühafizəçiləri ərizəçilərdən birinin meqafon apardığını gördülər, amma buna etiraz etmədilər. Ərizəçilər məhkəmə binasının on-on iki metrliyində dayandılar və birinci ərizəçi meqafondan istifadə edərək aşağıdakı şüarları səsləndirməyə başladı:
"Gürcüstanda siyasi məhbuslar olmamalıdır! ... Biz sizi bir neçə yüksək vəzifəli məmurun şəxsi maraqlarına deyil, ədalətə qulluq etməyə çağırırıq! ... Ya ədalət, ya ölüm! ...".
8. Bundan başqa, Gürcüstanda insan hüquqları ilə bağlı mövcud vəziyyətin 1930-cu illərin sonlarında Sovet dövləti tərəfindən rəvac verilən terrora bənzədiyi barədə rəyini ifadə edərək, birinci ərizəçi daxili işlər naziri cənab V.M.-i alçaldıcı tərzdə "Lavrenti Beriyanın bic törəməsi" adlandırdı. Dördüncü və beşinci ərizəçilərin yazılı ifadələrinə əsasən, onlar həmçinin qanunsuz tutulan cənab Ramişvili və cənab Koxreidzenin dərhal azad edilməsini tələb etdilər və Tbilisi Apellyasiya Məhkəməsini daxili işlər nazirinin "cinayətkar fəaliyyətlərinin iştirakçısı olmamağa" çağırdılar.
9. Ərizəçilərin sözlərinə görə, məhkəməyə hörmətsizlik kimi yozula biləcək heç bir şey nümayiş etdirilmədi və ya səsləndirilmədi: insidenti gözləri ilə görmüş şahidlər bunu təsdiq edə bilərdilər, eləcə də "202" televiziya kanalının operatorunun çəkdiyi kadrlar bunu təsdiqləyə bilərdi (ərizəçilərin təqdim etdikləri videoyazıların təsviri üçün aşağıda 23-27-ci bəndlərə bax).
10. Birinci ərizəçinin nitqi təxminən üç dəqiqə çəkdi və bu zaman bir neçə uniformalı məhkəmə icraçısı ərizəçilərə yaxınlaşdı və iddia edildiyinə görə, ilkin xəbərdarlıq etmədən və ya izahat vermədən zor tətbiq edərək onları saxladı. Sonra ərizəçilər məhkəmə binasına gətirildilər və məhkəmə icraçılarının növbətçi otağında bağlı qapı arxasında saxlandılar.
11. Ərizəçilərin yazılı ifadələrinə əsasən, hadisə yerində tutma protokolu tərtib edilmədi. İstənilən halda, onlara nə belə bir sənəd göstərdilər, nə də onu imzalamalarını istədilər. Əksinə, məhkəmə icraçıları ərizəçiləri əmin etdilər ki, rəsmən həbs olunmayıblar, bu sadəcə anlaşılmazlıqdır və tezliklə azad ediləcəklər.
12. Lakin işin materiallarında hər bir ərizəçinin tutulması barədə beş ayrı-ayrı protokol vardı. Bu protokollarda onları tərtib etmiş məhkəmə icraçısının adı, habelə hər bir ərizəçinin adı, doğum tarixi, ünvanı və şəxsiyyət vəsiqəsinin tam nömrəsi göstərilmişdi. Daha sonra bu sənədlərdə deyilirdi ki, ərizəçilər saat 14.20 radələrində "Ümumi yurisdiksiyalı məhkəmələr haqqında" 13 iyun 1997-ci il tarixli qanunun ("Məhkəmələr haqqında qanun") 76.3-cü maddəsinin 1(f) bəndi əsasında tutulublar. Konkret olaraq, hüquqpozanlar "ictimai qaydanı pozublar" və bu pozuntu "məhkəməyə hörmətsizlik etmə, təhqirə yol vermə, hüquqa zidd hərəkətləri dayandırmaq barədə məhkəmə icraçılarının qanuni göstərişlərinə tabe olmama, hərəkətlərlə və sözlərlə məhkəmənin qərarına təsir göstərməyə cəhd etmə, ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma və s." formalarda təzahür edib. Protokolların hamısına onları tərtib etmiş məhkəmə icraçısının əlyazması formasında yazdığı belə bir qeyd daxil edilmişdi ki, "ərizəçilər protokolu imzalamaqdan və surətini almaqdan imtina ediblər". Hüquq pozuntusu və ərizəçilərin tutulması barədə dərhal Tbilisi Apellyasiya Məhkəməsinin sədrinə və polisə məlumat verildi.
13. Ərizəçilərin sözlərinə görə, onların tutulması barədə protokollar sonradan tərtib edilmiş və onların işinin materiallarına sonradan əlavə olunmuşdu.
14. Tutulmalarının səbəbini bilmədən məhkəmə binasındakı növbətçi otağında bağlı qapı arxasında təxminən üç saat qaldıqdan sonra ərizəçilər polislər tərəfindən Daxili İşlər Nazirliyinin ilkin həbs mərkəzinə aparıldılar; işin materialları arasında müvafiq həbsxana jurnalından çıxarışlar var və onlar göstərir ki, dördüncü ərizəçi ilkin həbs mərkəzinə saat 17.45-də daxil olub.
15. İşin materiallarında həmçinin ərizəçilərin tutulmasında iştirak etmiş üç məhkəmə icraçısının izahatları vardı. Bu izahatlar əlyazması formasında yazılmışdı və oxşar ifadələrin yer aldığı yarım səhifəlik sənədlər idi və onlar Tbilisi Apellyasiya Məhkəməsinin Məhkəmə İcraçıları Xidmətinin rəisinə ünvanlanmışdı. Beləliklə, həmin sənədlərə əsasən, ərizəçilər "məhkəmənin ictimai girişinin yaxınlığında saat 14.20 radələrində" "siyasi məhbusların azad edilməsini tələb etməyə" və "sözləri və hərəkətləri ilə məhkəməni təhqir etməyə" başlayıblar. Məhkəmə icraçılarından biri izahatında əlavə etmişdi ki, ərizəçilərin hərəkətləri məhkəmənin müstəqilliyinə və qərəzsizliyinə müdaxiləyə bərabərdir, digəri isə bildirmişdi ki, hüquqpozanlar məhkəmənin qərarına təsir göstərməyə çalışıblar. Hər üç məhkəmə icraçısı bildirmişdilər ki, tutma tədbirinə əl atmazdan əvvəl ərizəçilərdən iğtişaşı dayandırmalarını tələb ediblər.
16. İlkin həbs mərkəzinə aparılarkən ərizəçilər öyrəndilər ki, Tbilisi Apellyasiya Məhkəməsi sədrinin qəbul etdiyi 29 iyun 2006-cı il tarixli qərar əsasında tutulublar.
B. 29 iyun 2006-cı il tarixli qərar
17. Tbilisi Apellyasiya Məhkəməsinin sədri xanım E.T.-nin şifahi dinləmə keçirmədən təkbaşına qəbul etdiyi yarım səhifəlik sənəd olan 29 iyun 2006-cı il tarixli qərarda göstərildiyinə görə, sədr yalnız məhkəmə icraçılarının yazılı təqdimatları əsasında ərizəçilərin Cinayət Prosessual Məcəlləsinin ("CPM") 208-ci maddəsinin 6.1-ci bəndinə əsasən otuz gün müddətinə həbs edilməsini qərara almışdı. Beləliklə, o, 29 iyun 2006-cı il tarixli insidentə dair məhkəmə icraçılarının versiyasını, yəni aşağıdakıları nəzərə almışdı: "məhkəmə binasının daxilində, onun mərkəzi girişində olan [ərizəçilər] ictimai qaydanı pozublar, məhkəmənin normal fəaliyyətinə mane olublar və konkret iş üzrə məhkəmə prosesində məhkəmənin qərarına təsir göstərməyə çalışıblar". İğtişaşı dayandırmaq barədə məhkəmə icraçılarının tələbinə baxmayaraq, ərizəçilər davranışlarında inadkarlıq ediblər ki, bu da "söz və hərəkətlər" formasında təzahür edib. Sədr bu nəticəyə gəlmişdi ki, ərizəçilər "ictimai qaydanı pozublar, məhkəməyə qarşı açıq-aşkar və kobudcasına hörmətsizlik nümayiş etdiriblər və ədalət mühakiməsinin həyata keçirilməsinə təhlükə yaradıblar".
18. 29 iyun 2006-cı il tarixli qərarın nəticə hissəsində deyilirdi ki, qərardan şikayət verilə bilməz və ərizəçilər cəzalarını Daxili İşlər Nazirliyinin 2 saylı ilkin həbs mərkəzində keçirməlidirlər (yuxarıda 16-cı bəndə bax), qərarın icrasına görə isə Tbilisi polis idarəsi cavabdehdir.
C. Hadisələrin sonrakı gedişatı
19. 21 iyul 2006-cı ildə ərizəçilər Konstitusiya Məhkəməsinin 20 iyul 2006-cı il tarixli qərarı ilə CPM-in 208-ci maddəsinin 7-ci bəndinin qüvvədən düşdüyünü qeyd edərək (aşağıda 42-47-ci bəndlərdə Konstitusiya Məhkəməsinin 15 dekabr 2006-cı il tarixli qərarına bax) və həbslərinin inzibati cəza olduğunu iddia edərək Gürcüstan Ali Məhkəməsindən xahiş etdilər ki, 29 iyun 2006-cı il tarixli qərara qarşı şikayətlərinə İnzibati Xətalar Məcəlləsinin ("İXM") 279-cu maddəsi əsasında baxsın. Onlar şikayət etdilər ki, Tbilisi Apellyasiya Məhkəməsinin sədri onları birmənalı olaraq yalnız məhkəmə binası daxilində törədilən əməllərə görə məsuliyyət müəyyən edən CPM-in 208-ci maddəsi əsasında cəzalandırmaqla ədalət mühakiməsinin həyata keçirilməsində açıq-aydın səhvə yol verib; nümayişin Tbilisi Apellyasiya Məhkəməsinin həyətində baş verdiyini sübut etmək üçün videokadrlar təqdim edildi. Beləliklə, ərizəçilər iddia etdilər ki, yuxarıda qeyd edilən maddə hərəkətlərin nəticələrini öncədən görməyə imkan verən müddəa sayıla bilməzdi və buna görə də onların məhkum olunması və həbsdə saxlanması üçün qanuni əsas təşkil etmirdi. Bundan başqa, onlar şikayət etdilər ki, Tbilisi Apellyasiya Məhkəməsinin sədri hadisələrin yalnız məhkəmə icraçıları tərəfindən birtərəfli qaydada təqdim edilmiş versiyası əsasında qərar çıxarmaqla ədalətli məhkəmə araşdırmasının prinsiplərini pozub. Ərizəçilər həmçinin şikayət etdilər ki, sədr CPM-in 208-ci maddəsində nəzərdə tutulmuş ən ağır sanksiyanı seçib.
20. 26 iyul 2006-cı ildə Ali Məhkəmənin hakimi cənab Z.M. ərizəçilərin 21 iyul 2006-cı il tarixli şikayətinə onların iştirakı olmadan baxdı və şikayəti rədd etdi. Bu məhkəmə baxışının tarixi barədə ərizəçilərə qabaqcadan məlumat verilməmişdi.
21. 26 iyul 2006-cı il tarixli qərarda göstərilənlərə əsasən, hakim cənab Z.M. əvvəlcə qeyd etdi ki, CPM-in 208-ci maddəsinin 7-ci bəndinin qüvvədən düşməsi ərizəçilərə həbslərinə qarşı avtomatik şikayət etmək hüququ vermir. Bununla belə, hakim onların həbsinin xarakterinə görə inzibati cəza olduğunu qəbul edərək, qərara aldı ki, bu cəzaya qarşı 21 iyul 2006-cı il tarixli şikayətə İXM-in 279-cu maddəsi əsasında baxılmalıdır. Daha sonra hakim Z.M. ərizəçilərin ifadə azadlığı hüququndan sui-istifadə etmələrini tənqid etdi. O, işin materialları əsasında bunu sübuta yetirilmiş hesab etdi ki, ərizəçilər həmin hərəkətləri "məhkəmə binasının daxilində, yəni onun mərkəzi girişinin dəhlizində etməklə" həqiqətən Tbilisi Apellyasiya Məhkəməsinə qarşı "aşıq-aşkar və kobudcasına hörmətsizlik" nümayiş etdiriblər. İstənilən halda, CPM-in 208-ci maddəsinin 6.1-ci bəndinin məqsədi, hakim Z.M.-in rəyinə görə, təkcə məhkəmə binalarının daxilində deyil, həm də xaricində, qonşu tikililərdə ictimai qaydanın qorunması idi. Apellyasiya Məhkəməsinin sədrinin ərizəçilərə CPM-in 208-ci maddəsinin 6.1-ci bəndi əsasında sanksiya tətbiq etməkdən savayı seçimi yox idi, çünki nəzərdən keçirilən situasiyada təhlükə altına düşən "hakimin öz maraqları deyil, məhkəmənin nüfuzu və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi idi". Apellyasiya Məhkəməsinin sədrinin öz qərarını bütünlüklə bir tərəfin təqdim etdiyi məlumatlar əsasında qəbul etdiyi barədə şikayətə cavab olaraq hakim Z.M. bildirdi ki, bütün sübutlar (ərizəçilərin tutulmasının protokolları və izahatlar) məhkəmə icraçıları tərəfindən qanunla nəzərdə tutulan qaydada tərtib edilmiş və baxılmaq üçün sədrə təqdim edilmişdi. Hakim Z.M. həmçinin bildirdi ki, törədilmiş hərəkətlərin ağırlıq dərəcəsini nəzərə alsaq, otuz günlük həbs münasib cəza idi.
22. Ərizəçilərin həbs müddəti 28 iyul 2006-cı ildə başa çatdı və onlar azad edildilər.
D. 29 iyun 2006-cı il tarixli insidentin videoyazısı
23. Videoyazıda 29 iyun 2006-cı il tarixli insidentlə bağlı "202" kanalı tərəfindən hazırlanmış televiziya proqramından parçalar nümayiş etdirilirdi.
24. Birinci kadrda Tbilisi Apellyasiya Məhkəməsinin həyətində ərizəçilərin bəzilərinin bir neçə uniformalı məhkəmə icraçısı tərəfindən saxlanması qısaca göstərilirdi. Meqafonu əlində tutmuş birinci ərizəçini məhkəmə icraçıları məhkəmə binasının mərkəzi girişinə doğru itələyib aparırdılar. Kadrın sonunda kameranın obyektivi üzərində bir nəfərin əli peyda oldu.
25. Proqramın sonrakı epizodunda Tbilisi Apellyasiya Məhkəməsinin sədri xanım E.T. ərizəçilərin həbsi ilə bağlı keçirilən mətbuat konfransında göstərilirdi. O deyirdi:
"... beş nəfər məhkəməyə qarşı birbaşa və kobudcasına hörmətsizlik göstərib və məhkəmədə ictimai qaydanı pozub... Mən öz qərarımla onlara otuz günlük həbs cəzası təyin edəcəyəm və bu, məhkəməyə qarşı hörmətin və məhkəmədə ictimai qaydanın çox ciddi şəkildə qorunmasının daha bir müsbət nümunəsi olacaq".
(“...ხუთ მონაწილეს ამ აქციის,... რომლებმაც ასეთი პირდაპირი და უხეში უპატივცემულობა გამოხატეს სასამართლოს მიმართ და დაარღვიეს წესრიგი სასამართლოში ... მე გამოვიყენებ ჩემი განკარგულებით ოცდაათდღიანი დაპატიმრების ფორმას მათ მიმართ და ეს იქნება კიდევ ერთხელ კარგი მაგალითი იმისათვის, რომ პატივისცემის გამოხატვა სასამართლოს მიმართ და სასამართლოში წესრიგის დაცვა იქნება ძალიან მკაცრად დაცული.”)
26. Proqramın şərhçisi qeyd etdi ki, Tbilisi Apellyasiya Məhkəməsinin sədri vəzifəsini tutmazdan əvvəl xanım E.T. daxili işlər naziri cənab V.M.-in müavini vəzifəsində çalışıb.
27. Yayımın qalan səhnələrində ərizəçilərin vəkilləri və tərəfdarları ilə müsahiblər nümayiş etdirilirdi, onların bəziləri deyirdilər ki, ərizəçilər CPM-in 208-ci maddəsi əsasında məsuliyyətə cəlb edilə bilməzlər, çünki onların hərəkətləri məhkəmə binasının xaricində baş verib.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ PRAKTİKA
A. "Ümumi yurisdiksiyalı məhkəmələr" haqqında 13 iyun 1997-ci il tarixli qanunun həmin dövrdə qüvvədə olan mətni
28. 76.3-cü maddənin 1-ci bəndində məhkəmə icraçılarının hüquq və vəzifələri sadalanırdı:
Maddə 76.3
"1. Məhkəmə icraçıları:
a) hakimlərin, prosesdəki tərəflərin və şahidlərin təhlükəsizliyini təmin edir;
b) məhkəmə binası daxilində və iclas zallarında qaydanı mühafizə edir;
c) məhkəmənin sədrinin və işə baxan hakimin qayda-qanunun mühafizəsinə dair tapşırıqlarını icra edir;
d) məhkəmə binasını qoruyur;
e) prosesin keçirilməsi üçün iclas zallarının yetərincə hazırlanmasını təmin edir;
f) məhkəmə binası daxilində hüquq pozuntularının törədilməsinin qarşısını alır, hüquqpozanları müəyyənləşdirir və zərurət yarandıqda polisə təhvil vermək üçün həbs edir və belə həbslər barədə yazılı protokol tərtib edir...;
g) qanunla nəzərdə tutulan bütün digər səlahiyyətləri həyata keçirir".
29. 76.3-cü maddənin 2-ci bəndi məhkəmə icraçısına vəzifələrinin icrası zamanı "xüsusi vasitələrdən" və hətta odlu silahdan istifadə etməklə fiziki zor tətbiq etmək hüququ verirdi. 76.4-cü maddənin 1-ci və 4-cü bəndlərində nəzərdə tutulmuşdu ki, yuxarıda qeyd edilən hüquq yalnız sərtliyi daha az olan tədbirlərin səmərəsiz olduğu müəyyən edildiyi təqdirdə həyata keçirilə bilər və məhkəmə icraçıları güc tətbiq etməzdən əvvəl müvafiq şəxslərə şifahi xəbərdarlıq etməyə borcludurlar.
B. Cinayət Prosessual Məcəlləsinin ("CPM") həmin dövrdə qüvvədə olan mətni
30. 29 iyun 2006-cı il tarixli qərarla ərizəçilərə sanksiya tətbiqi üçün əsas təşkil etmiş 208-ci maddədə deyilirdi:
Maddə 208. Məhkəmədə ictimai qaydanın pozulmasına görə məsuliyyət
"1. Məhkəmənin sədri məhkəmədə ictimai qaydanın qorunmasını təmin edir, iclasa sədrlik edən hakim isə işlərə baxılması zamanı zalda qaydanın qorunmasına görə cavabdehdir...
2. Dinləmə zamanı ictimai qaydanı pozan və ya sədrlik edən hakimin qərarına məhəl qoymayan və ya məhkəməyə hörmətsizlik edən proses iştirakçısı və ya hər hansı digər şəxs cərimə olunur və (və ya) məhkəmə zalından çıxarılır. Məhkəmə zalından çıxarılmış şəxs ictimai qaydanı pozmaqda davam edərsə, ona bu maddədə nəzərdə tutulmuş həbs tətbiq edilə bilər...
6. Məhkəməyə qarşı açıq-aşkar və kobudcasına hörmətsizlik nümayiş etdilərsə, iclasa sədrlik edən hakim hüquqpozanın otuz günədək müddətə həbsə alınması barədə qərar çıxara bilər. Belə qərar dərhal icra edilir...
6.1. İctimai qaydanın pozulması və ya məhkəməyə hörmətsizlik məhkəmə binası daxilində baş verdiyi təqdirdə məhkəmənin sədri hüquqpozana bu maddədə nəzərdə tutulmuş tədbirləri tətbiq etmək hüququna malikdir.
7. Bu maddədə nəzərdə tutulan hallarda iclasa sədrlik edən hakimin və məhkəmə sədrinin qərarları bilavasitə yerindəcə müşavirə keçirməklə və şifahi dinləmə keçirmədən qəbul edilir və həmin qərarlardan şikayət verilə bilməz".
31. Konstitusiya Məhkəməsinin 15 dekabr 2006-cı il tarixli qərarından sonra (aşağıda 42-47-ci bəndlərə bax) CPM-in 208-ci maddəsi 29 dekabr 2006-cı ildə əhəmiyyətli dəyişikliklərə məruz qaldı. Belə ki, bu maddəyə yeni əlavə olunmuş 8-ci bənd məhkəmə icraçılarına "məhkəmədə ictimai qaydanı pozan, yaxud məhkəməyə hörmətsizlik edən və ya məhkəmənin normal fəaliyyətinə mane olan" şəxsi həbs etmək səlahiyyəti verirdi. Məhkəmə icraçıları bu cür həbslərin protokollarını tərtib etməyə və hüquqpozanı iyirmi dörd saat ərzində müvafiq məhkəmənin sədrinin yanına gətirməyə borclu idilər. Hüquqpozanı cəzalandırıb-cəzalandırmamaq barədə qərar çıxarmaq üçün sədrin ixtiyarında iyirmi dörd saatlıq müddət vardı. Bundan başqa, dəyişikliklərə məruz qalmış 208-ci maddənin 10 və 11-ci bəndlərində deyilirdi ki, hüquqpozana həbs cəzasının tətbiqi ilə bağlı proses bütün hallarda çəkişmə xarakterli olmalı və şifahi dinləmə formasında keçirilməlidir ki, hüquqpozana özünü müdafiə etmək imkanı verilmiş olsun. Sədr hüquqpozan barəsində həbs qərarı qəbil etdiyi təqdirdə sonuncu bu qərardan qırx səkkiz saat ərzində yuxarı məhkəməyə şikayət etmək hüququna malik idi.
C. İnzibati Xətalar Məcəlləsinin həmin dövrdə qüvvədə olan mətni
32. Məcəllə 15 dekabr 1984-cü ildə, Gürcüstan Sovet İttifaqının tərkibində olduğu zaman qəbul edilmişdi. Sonradan ona bir çox dəyişikliklər edildi. Nəzərdən keçirilən dövrdə bu Məcəllənin müvafiq müddəalarında deyilirdi:
Maddə 10. İnzibati xəta anlayışı
"1. İnzibati xəta bilərəkdən və ya ehtiyatsızlıqdan törədilən, dövlətin və ya ictimai qaydanın, idarəçilik normalarının, mülkiyyətin, vətəndaşların hüquq və azadlıqlarının əleyhinə yönələn və inzibati məsuliyyətə səbəb olan hüquqa zidd hərəkət və ya hərəkətsizlikdir.
İnzibati məsuliyyət yalnız bu Məcəllədə nəzərdə tutulmuş xətalara görə qüvvədə olan qanunvericilik əsasında cinayət məsuliyyətinin tətbiqi tələb olunmadığı hallarda tətbiq edilə bilər".
33. 24-cü maddənin 1-ci bəndində inzibati cəza növləri sadalanırdı və onların arasında ən ağır cəza inzibati həbs idi. 32-ci maddənin 1-ci bəndinə əsasən, inzibati həbs rayon (şəhər) məhkəməsi tərəfindən yalınız müstəsna qaydada, müəyyən inzibati xəta növlərinə görə və otuz günlük müddətdən artıq olmamaqla təyin oluna bilərdi.
34. 244-cü maddədə inzibati icraat çərçivəsində məhdudlaşdırıcı tədbirlər, məsələn, inzibati qaydada tutma, şəxsin və ya əşyaların axtarışı, əşyaların və sənədlərin müsadirə olunması nəzərdə tutulmuşdu. Tutma da daxil olmaqla bu tədbirlər "inzibati xətanın qarşısını almaq, ... inzibati işə vaxtında və düzgün baxılmasını və belə işdə hər hansı qərarın və ya qərardadın icrasını təmin etmək məqsədi ilə" istifadə edilə bilərdi.
35. 246-cı maddədə inzibati qaydada tutmanı həyata keçirmək səlahiyyətinə malik olan orqanların tam siyahısı sadalanırdı. Onların arasında məhkəmə icraçıları yox idi.
36. 247-ci maddəyə əsasən, müəyyən qanunvericilik aktlarında "zərurətin yarandığı müstəsna hallarda" daha uzun müddətlər nəzərdə tutulmamışdısa, inzibati qaydada tutmanın müddəti üç saatı keçməməli idi.
37. 252, 263 və 264-cü maddələrdə inzibati icraatın aparılması ilə bağlı prosessual və maddi hüquq normaları nəzərdə tutulmuşdu və onlar adətən məhkəmədə cinayət prosesinə tətbiq edilən normalara bənzər idi. Konkret olaraq, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs fundamental prosessual hüquqlara, məsələn, işin materialları ilə tanış olmaq, arqumentlər, sübutlar və vəsatətlər təqdim etmək, işə baxıldığı müddətdə hüquqi yardımdan istifadə etmək, prosesdə müdafiəsini ana dilində həyata keçirmək və ya tərcüməçinin yardımından istifadə etmək və prosessual qərardadlardan şikayət etmək hüququna malik idi. İnzibati işə bütün hallarda təqsirləndirilən şəxsin iştirakı ilə şifahi məhkəmə iclasında baxılmalı idi; qiyabi icraat yalnız şəxsin məhkəməyə lazımi qaydada çağırıldığı, amma gəlmədiyi halda keçirilə bilərdi.
38. 271-ci və 279-cu maddələrə əsasən, bir qayda olaraq, inzibati xətaya görə şəxsi məsuliyyətə cəlb etmiş və ona cəza təyin etmiş məhkəmə qərarından şikayət verilə bilməzdi. Bununla belə, yekun qərar fövqəladə icraat qaydasında ləğv edilə bilərdi. Bu maddələrdə deyilirdi:
Maddə 271, § 2. Qərardan şikayət etmək hüququ
"2. Şəhər (rayon) məhkəməsinin inzibati cəza təyin etmiş qərarı qətidir və qanunla başqa hal nəzərdə tutulmayıbsa, ona inzibati icraat qaydasında yenidən baxıla bilməz".
Maddə 279. İşə yenidən baxılması
"İnzibati işlər üzrə hakimin (məhkəmənin) inzibati xəta ilə bağlı qərarı həmin qərarı çıxarmış hakim (məhkəmə) tərəfindən prokurorun vəsatəti əsasında ləğv edilə və ya dəyişdirilə bilər, habelə bu cür vəsatətin verilib-verilməməsindən asılı olmayaraq yuxarı məhkəmənin sədri tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər...".
D. Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin həmin dövrdə qüvvədə olan mətni
39. Mənəvi ziyan anlayışının izahını verən Mülki Məcəllənin 413-cü maddəsində deyilir:
Maddə 413, § 1. Mənəvi ziyan
"1. Məbləği ağlabatan və ədalətli şəkildə müəyyənləşdirilməli olan mənəvi ziyanın əvəzi yalnız qanunla dəqiq şəkildə nəzərdə tutulan hallarda tələb edilə bilər.
2. Şəxs onun sağlamlığına dəymiş ziyanla əlaqədar olaraq mənəvi ziyana görə kompensasiya tələb etmək hüququna malikdir".
40. Mülki Məcəllənin 1005-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət qurumları vəzifəli şəxslərinin bilərəkdən və ya ehtiyatsızlıqdan fiziki şəxs və ya özəl qurum olan üçüncü tərəfə vurduğu ziyana görə müştərək məsuliyyət daşıyırlar, buraya cinayət əməlinə və ya inzibati xətaya görə qanunsuz cəzalandırılma və ya qanunsuz həbs cəzasının tətbiqi kimi hallar da daxildir və bunların qanunsuzluğu öncə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir.
41. Mülki Prosessual Məcəllənin 423-cü maddəsinin 1(f) bəndinə əsasən, mülki iş üzrə yekun qətnaməyə (qərardada) yeni açılmış hallar əsasında yenidən baxıla bilər. Bu cür yenidən baxma üçün əsaslara, digər hallarla yanaşı, elə faktların və ya sübutların aşkar edilməsi daxildir ki, onlar öncə işə baxılarkən daxili məhkəmələrə təqdim edilmiş olsaydı, bu, fərqli qərarın qəbuluna gətirib çıxarardı.
E. "Masuraşvili və Meboniya Gürcüstan parlamentinə qarşı" məhkəmə işi üzrə Konstitusiya Məhkəməsinin 15 dekabr 2006-cı il tarixli qərarı
42. Bu iş cinayət işləri üzrə şifahi məhkəmə iclaslarında törədilmiş ictimai qaydanın pozulmasına və məhkəməyə hörmətsizliyə görə CPM-in 208-ci maddəsinin 6-cı bəndi əsasında həbsə alınmış iki vəkilin konstitusiya şikayətləri əsasında başlanmışdı.
43. 20 iyul 2006-cı il tarixli qərarı ilə Konstitusiya Məhkəməsi bu konstitusiya şikayətlərini mahiyyəti üzrə baxılmaq üçün qəbulolunan elan etdi və proses yekunlaşana qədər CPM-in 208-ci maddəsinin 7-ci bəndinin qüvvəsini dayandırdı.
44. 15 dekabr 2006-cı ildə Konstitusiya Məhkəməsi CPM-in 208-ci maddəsinin 7-ci bəndini Konstitusiyaya zidd müddəa kimi ləğv etdi.
45. Qərarını əsaslandırarkən Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin presedent hüququna istinadən bu qənaətə gəldi ki, CPM-in 208-ci maddəsi əsasında aparılan icraata Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin "cinayət-hüquqi aspektinin" müddəaları şamil olunur. O daha sonra izah etdi ki, məhkəmə iclasını keçirən hakimə şifahi dinləmə keçirmədən yerindəcə müşavirə keçirib ictimai qaydanın pozulmasına və ya məhkəməyə hörmətsizliyə görə şəxsi cəzalandırmaq hüququ verən bu icraat ədalətli məhkəmə araşdırmasının ən fundamental təminatlarını, məsələn, tərəflərin bərabərliyi və prosesin çəkişmə xarakteri daşıması, şəxsin öz müdafiəsini hazırlaması üçün kifayət qədər vaxta və imkana malik olması və s. təminatları heçə endirir.
46. Konstitusiya Məhkəməsi bildirdi ki, CPM-in 208-ci maddəsi əsasında məhkum olunmuş şəxsin şikayət etmək hüququnu inkar etməklə həmin maddənin 7-ci maddəsi Konstitusiyanın 42-ci maddəsinin 1-ci bəndi ilə və 7 saylı Protokolun 2-ci maddəsi ilə ziddiyyət təşkil etmiş olur. Bu sonuncu qənaətinin təsdiqi olaraq, Konstitusiya Məhkəməsi Qurepka Ukraynaya qarşı məhkəmə işi üzrə Avropa Məhkəməsinin qərarına (ərizə № 61406/00, 59-62-ci bəndlər, 6 sentyabr 2005-ci il) istinad etdi.
47. Öz qərarında Konstitusiya Məhkəməsi həmçinin CPM-in 208-ci maddəsinin 6-cı bəndində yer alan məhkəməyə hörmətsizlik cinayətinin anlayışını qeydi-müəyyən anlayış kimi tənqid etdi. O, vurğuladı ki:
"mübahisələndirilən müddəada nəzərdə tutulmuş hüquq pozuntusu aydın şəkildə ifadə edilməyib ... və onun şərhi həmin müddəanın qeyri-dəqiqliyi və qeyri-müəyyənliyi ucbatından dolaşıq ola bilər. ... Qanunvericilikdə həbs kimi sanksiya nəzərdə tutulursa, hüquqpozan həbsə alınmasına səbəb olan hüquq pozuntusunun xarakterini aydın başa düşməli, digər tərəfdən isə qanunu tətbiq edən hakim onu düzgün və adekvat şəkildə tətbiq edə bilməlidir. ...
Konstitusiya Məhkəməsinin rəyinə görə, məhkəmələrin nüfuzunun qorunması və ədliyyə sisteminin rəvan fəaliyyət göstərməsi kimi mühüm məqsədlərə nail olma və bunun davamlılığını təmin etmə təməl insan hüquqlarına zərər yetirilməsi hesabına həyata keçirilməməlidir".
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 1-Cİ BƏNDİNİN, 6-CI MADDƏSİNİN 1-Cİ VƏ 3(c) BƏNDLƏRİNİN VƏ 10-CU VƏ 11-Cİ MADDƏLƏRİNİN İDDİA EDİLƏN POZUNTULARI
48. Ərizəçilər şikayət etdilər ki, ictimai qaydanı pozmağa və məhkəməyə hörmətsizliyə görə tutulmaları, məhkum olunmaları və ardınca azadlıqdan məhrum edilmələri üçün əsas olmuş Tbilisi Apellyasiya Məhkəməsi sədrinin 29 iyun 2006-cı il tarixli qərarı qanunsuz və ədalətsiz idi və Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndini və 6-cı maddəsinin 1-ci və 3(c) bəndlərini pozurdu.
49. Ərizəçilər daha sonra şikayət etdilər ki, tutulmaları və həbsdə saxlanmaları onların ifadə azadlığı və dinc toplaşmaq azadlığı hüquqlarını qanunsuz və əsassız olaraq pozub ki, bu da Konvensiyanın 10-cu və 11-ci maddələrinə ziddir:
50. Konvensiyanın müvafiq maddələrinin müvafiq hissələrində deyilir:
Maddə 5
"1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlığından məhrum edilə bilməz:
a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra, şəxsin qanuni həbsə alınması; ...
c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısına çıxarılması məqsədi ilə, yaxud da onun tərəfindən törədilə biləcək hüquq pozuntusunun və ya hüquq pozuntusu törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsasların olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması".
Maddə 6
"1. Hər kəs ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən ... məhkəmə vasitəsilə ... işinin ədalətli ... araşdırılması hüququna malikdir.
3. Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir:
c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək...".
Maddə 10
"1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyinə malik olmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi ... ictimai asayiş maraqları naminə ... və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər".
Maddə 11
"1. Hər kəsin dinc toplaşmaq azadlığı ... hüququ var.
2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz...".
A. Şikayətin qəbuledilənliyi
51. Hökumətin rəyi bundan ibarət oldu ki, ərizəçilər Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndi ilə tələb olunan daxili hüquqi müdafiə vasitələrini tükəndirməyiblər. Belə ki, ərizəçilər qanunsuz olduğunu iddia etdikləri həbsləri ilə bağlı Mülki Məcəllənin 413-cü və 1005-ci maddələri əsasında mənəvi ziyana görə kompensasiya tələb edə bilərdilər (yuxarında 39-41-ci bəndlərə bax). Alternativ variant qismində onlar məhkum edilmələrinə dair 29 iyun 2006-cı il tarixli qərarın ləğv edilməsi və yeni aşkar edilmiş hallarla əlaqədar olaraq Mülki Prosessual Məcəllənin 423-cü maddəsinin 1(f) bəndi əsasında müvafiq icraatın təzələnməsi üçün müraciət edə bilərdilər.
52. Ərizəçilər bununla razılaşmayaraq bir sıra arqumentlərə istinadən iddia etdilər ki, yuxarıda qeyd edilən hüquq normalarının onların işinə aidiyyəti yoxdur.
53. Mülki Prosessual Məcəllənin 423-cü maddəsinin 1(f) bəndində nəzərdə tutulmuş hüquqi müdafiə vasitəsinə gəlincə, Məhkəmə özünün çoxsaylı presedentlərini nəzərə alır, belə ki, mülki, cinayət və ya inzibati işlər üzrə məhkəmə icraatının təzələnməsi üçün müraciət edilməsi və ya analoji fövqəladə hüquqi müdafiə vasitələrindən istifadə edilməsi, bir qayda olaraq, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin tətbiqinin məqsədləri üçün nəzərə alına bilməz (bir çox digər qərarlar arasında bax: Mrevli Fondu Gürcüstana qarşı (qərardad), ərizə № 25491/04, 5 may 2009-cu il; Qalstyan Ermənistana qarşı, ərizə № 26986/03, 39-42-ci bəndlər, 15 noyabr 2007-ci il; və Saxnovski Rusiyaya qarşı [BP], ərizə № 21272/03, 40-45-ci bəndlər, 2 noyabr 2010-cu il).
54. Ərizəçilərin qanunsuz olduğunu iddia etdikləri həbslə bağlı ziyana görə dövləti məhkəməyə vermək imkanına malik olmalarına gəlincə, Məhkəmə bir daha xatırladır ki, söhbət həbsin qanuniliyi məsələsindən getdiyi hallarda ziyana görə məhkəmə iddiası münasib hüquqi müdafiə vasitəsi deyil, çünki həbsin qanuniliyi məsələsinə məhkəmə tərəfindən baxılmasına nail olmaq və Konvensiyanın 5-ci maddəsinə zidd olan istənilən azadlıqdan məhrumetməyə görə kompensasiya almaq hüququ iki fərqli hüquqlardır (digər qərarlar arasında bax: Vlox Polşaya qarşı, ərizə № 27785/95, 90-cı bənd, ECHR 2000-XI; və Xadisov və Tseçoyev Rusiyaya qarşı, ərizə № 21519/02, 151-ci bənd, 5 fevral 2009-cu il, əlavə istinadlarla). Ərizəçilərin müxtəlif şikayətlərinin onların daxili məhkəmələrdə qanunsuz tədbir kimi etiraz etdikləri tutma və həbs ilə əlaqədar olduğunu qeyd edərək, Məhkəmə daxili hüquqi müdafiə vasitələrinin tükəndirilmədiyi barədə Hökumətin etirazını rədd edir (həmçinin bu işlə müqayisə et: Şvab və MG. Almaniyaya qarşı, ərizələr № 8080/08 və 8577/08, 48-50-ci və 93-cü bəndlər, ECHR 2011, çıxarışlar).
55. Məhkəmə daha sonra qeyd edir ki, ərizənin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız deyil. Bundan başqa, Məhkəmə qeyd edir ki, o hər hansı digər əsaslara görə də qəbul olunmayan deyil. Buna görə də o, qəbulolunan elan edilməlidir.
A. Şikayətin mahiyyəti
1. Tutulmanın və həbsin qanuniliyi
a) Hökumətin arqumentləri
56. Hökumət bildirdi ki, ərizəçilərin tutulması və həbsi Konvensiyanın 5-ci maddəsinin 1(c) bəndində yer alan istisna halın tətbiq dairəsinə düşür. Yəni onlar ictimai qaydanın pozulmasına və məhkəməyə hörmətsizliyə görə tutulublar, bu hərəkətlər isə həmin bənddə nəzərdə tutulmuş "hüquq pozuntusu" təşkil edir. Ərizəçilərin azadlıqdan məhrum edilməsinin daxili qanunvericilikdə hüquqi əsasının olması məsələsinə gəlincə, Hökumət Məhkəmələr haqqında qanunun 76.3-cü maddəsinin 1(f) bəndinə və səlahiyyətli məhkəmə orqanına hüquqpozanları cəzalandırmaq üçün həbs cəzası təyin etmək hüququ verən CPM-in 208-ci maddəsinin 6.1-ci bəndinə istinad etdi (yuxarıda 28-ci və 30-cu bəndlərə bax). Alternativ variant qismində Hökumət hesab etdi ki, ərizəçilərin tutulması və həbsi Konvensiyanın 5-ci maddəsinin 1(b) bəndinin tətbiq dairəsinə düşən hal sayıla bilər.
57. Hökumət Məhkəmələr haqqında qanunun 76.3-cü maddəsinin 1(f) bəndinin mətnini hərfi mənada götürdükdə həmin bənddə məhkəmə icraçılarının yalnız məhkəmə binası daxilindəki şəxsləri həbs etmək səlahiyyətinin nəzərdə tutulduğunu etiraf etsə də, iddia etdi ki, həmin bənd daha çox məna baxımından şərh olunmalı və sözügedən hüquq norması vasitəsilə qanunvericinin hansı ümumi məqsədə nail olmaq istəməsi nəzərə alınmalıdır. Belə ki, Məhkəmələr haqqında qanunun 76.3-cü maddəsi öz mahiyyəti etibarı ilə məhkəmə icraçılarının ədalət mühakiməsinin həyata keçirilməsini prosesini mühafizə edə bilməsini təmin etməyə yönəlmişdi və təbii ki, Tbilisi Apellyasiya Məhkəməsinin həyətində bu məhkəməni təhqir etmiş ərizəçilər bu ehtimalı nəzərə almalı idilər ki, həmin məhkəmənin icraçıları müvafiq vəzifələrini təkcə məhkəmə binası daxilində deyil, həm də binanın xaricindəki qorunan ərazidə icra edə bilərlər.
58. Hökumət daha sonra bildirdi ki, ərizəçilərin tutulması ilkin dövrdə, yəni bu insident Tbilisi Apellyasiya Məhkəməsinin sədri tərəfindən araşdırılana qədər inzibati icraat çərçivəsində məhdudlaşdırıcı tədbir olan və İXM-in 244-cü maddəsində nəzərdə tutulan inzibati qaydada tutma idi (yuxarıda 34-cü bəndə bax). Sonra Hökumət Məhkəməni əmin etdi ki, həmin tutmanın müddəti İXM-in 247-ci maddəsi ilə icazə verilən üç saatlıq müddəti (yuxarıda 36-cı bəndə bax) aşmayıb. Bunun təsdiqi olaraq Hökumət bu fakta istinad etdi ki, ərizəçilərin tutulduğu vaxtdan onlardan birinin Daxili İşlər Nazirliyinin ilkin həbs mərkəzinə yerləşdirilməsinə qədər üç saat iyirmi beş dəqiqə keçmişdi və bu yerləşdirilmə 29 iyun 2006-cı il tarixli qərarın qəbulundan sonra labüd surətdə baş vermişdi (yuxarıda 14 və 18-ci bəndlərə bax); bu müddətdə ərizəçilərin məhkəmə binasından sonradan saxlanacaqları yerə aparılmasına iyirmi beş dəqiqədən artıq vaxt sərf olunmuşdu.
b) Ərizəçilərin arqumentləri
59. Ərizəçilər yuxarıdakıların cavabında bildirdilər ki, tutulmaları qanunsuz olub, çünki aydın məsələ idi ki, Məhkəmələr haqqında qanunun 76.3-cü maddəsinin 1(f) bəndi məhkəmə icraçılarına məhkəmə binası xaricindəki şəxsləri tutmaq səlahiyyəti vermir; bu məmurlar yalnız "məhkəmə binası daxilində hüquq pozuntuları törədilməsinin" qarşısını ala bilərdilər. Ərizəçilər şikayət etdilər ki, daxili məhkəmələr və cavabdeh Hökumət tərəfindən bu bəndə həddən artıq geniş çərçivəli şərh verilməsi məhkəmə icraçılarının tutma səlahiyyətlərinin şamil olunduğu ərazinin dairəsini genişləndirib ki, bu da öncəgörmə (qanunvericilik normasından irəli gələn nəticələri öncədən görmə) tələbinə cavab vermir və beləliklə bu səlahiyyət Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan mənada qanunsuzdur.
60. Ərizəçilər daha sonra bildirdilər ki, araşdırılan dövrdə onların tutulmasının müddətinin hansı hüquq norması ilə tənzimlənməli olduğu aydın deyildi. Onlar inzibati qaydada tutmanın müddətini müəyyən edən İXM-in 247-ci maddəsinin bu hala tətbiqinin mümkünlüyünə etiraz edərək iddia etdilər ki, həmin məcəllənin 10-cu maddəsində aydın şəkildə deyildiyi kimi, İnzibati Xətalar Məcəlləsi yalnız həmin məcəllədə nəzərdə tutulmuş xətalara tətbiq edilirdi (yuxarıda 32-ci bəndə bax), ərizəçilər isə Cinayət Prosessual Məcəlləsinin 208-ci maddəsi əsasında təqsirkar sayılmış və məhkum olunmuşdular. Digər tərəfdən, İnzibati Xətalar Məcəlləsi onların situasiyasına tətbiq edilə bilən qanun hesab olunsaydı, onda həmin məcəllənin 246-cı maddəsi ilə bağlı açıq-aydın problem yaranmış olardı, belə ki, həmin maddədə yer alan, qanunla inzibati qaydada tutmanı həyata keçirmək səlahiyyətinə malik olan dövlət orqanlarının tam siyahısına məhkəmə icraçıları daxil edilməmişdi (yuxarıda 35-ci bəndə bax).
61. Sonradan otuz günlük həbs təyin olunmaqla onların cəzalandırılması üçün əsas təşkil etmiş CPM-in 208-ci maddəsinin 6.1-ci bəndinin tətbiqinə gəlincə, ərizəçilər bildirdilər ki, bu bənd də eynilə aydın və dəqiq deyildi. Bu arqumentlərinin təsdiqi olaraq onlar Gürcüstan Konstitusiya Məhkəməsinin gəldiyi müvafiq nəticələrə, habelə sonradan 29 dekabr 2006-cı ildə həmin maddəyə edilmiş dəyişikliyə istinad etdilər ki, bu da, ərizəçilərin rəyinə görə, həmin maddənin ilkin versiyasının qüsurlu xarakterinin Gürcüstanın hakimiyyət orqanları tərəfindən susqun etirafı idi (yuxarıda 30-cu və 31-ci bəndlərə bax). Ərizəçilər bir daha bildirdilər ki, məhkəmə binası xaricində etdikləri hərəkətlərin CPM-in 208-ci maddəsinin 6.1-ci maddəsi əsasında həbs edilmələri ilə nəticələnəcəyini məntiqlə öncədən görə bilməzdilər.
c) Məhkəmənin qiymətləndirməsi
i. Ümumi prinsiplər
62. Məhkəmə bir daha xatırladır ki, hər bir azadlıqdan məhrumetmə, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin a-f yarımbəndlərində müəyyən edilmiş istisna halların hər hansı birinin tətbiq dairəsinə düşməkdən əlavə (bax: Assanidze Gürcüstana qarşı [BP], ərizə № 71503/01, 170-ci bənd, ECHR 2004‑II), həm də "qanuni" olmalıdır. Söhbət həbsin qanuniliyindən getdiyi hallarda Konvensiya milli qanunvericiliyi nəzərdə tutur və həbsin milli qanunvericiliyin maddi-hüquqi və prosessual normalarına uyğun olması öhdəliyini müəyyən edir (bax: Saadi Birləşmiş Krallığa qarşı [BP], ərizə № 13229/03, 67-ci bənd, 29 yanvar 2008-ci il). Bu öhdəlik ilk növbədə tutmanın və ya həbsə almanın daxili qanunvericilikdə hüquqi əsasa malik olmasını tələb edir və həmçinin qanunun keyfiyyəti məsələsini nəzərdə tutur, yəni onun müddəalarının Konvensiyanın bütün maddələri üçün səciyyəvi olan qanununun aliliyi prinsipinə uyğun olmasını tələb edir (bax: Stafford Birləşmiş Krallığa qarşı [BP], ərizə № 46295/99, 63-cü bənd, ECHR 2002‑IV; və Kafkaris Kiprə qarşı [BP], ərizə № 21906/04, 116-cı bənd, ECHR 2008). Bu mənada "qanunun keyfiyyəti" dedikdə o nəzərdə tutulur ki, milli qanunvericilik azadlıqdan məhrumetməyə icazə verdiyi təqdirdə onun müddəaları kifayət qədər əlçatan, dəqiq olmalı və tətbiqinin nəticələrini öncədən görmək mümkün olmalıdır ki, istənilən özbaşınalıq riski aradan qalxmış olsun (misal üçün bax: Nasrulloyev Rusiyaya qarşı, ərizə № 656/06, 71-ci bənd, 11 oktyabr 2007-ci il; və Muren Almaniyaya qarşı [BP], ərizə № 11364/03, 76-cı bənd, 9 iyul 2009-cu il). Beləliklə, Konvensiyanın müəyyən etdiyi "qanunilik" standartı bütün qanunların kifayət qədər dəqiq olmasını tələb edir ki, şəxs konkret hərəkətin doğura biləcəyi nəticələri (ehtiyac olduqda müvafiq hüquqi məsləhət almaqla) mövcud vəziyyətdə ağlabatan dərəcədə öncədən görə bilsin (bax: Baranovski Polşaya qarşı, ərizə № 28358/95, 52-ci bənd, ECHR 2000‑III).
63. Lakin həbsin milli qanunvericiliyə uyğunluğu yetərli deyil. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi bundan əlavə həm də tələb edir ki, azadlıqdan məhrumetmənin həyata keçirildiyi hər bir halda şəxsin özbaşınalıqdan müdafiə edilməsi məqsədinə riayət edilməlidir (bax: Botsano Fransaya qarşı, 18 dekabr 1986-cı il, 54-cü bənd, A seriyaları, № 111). Təməl prinsip ondan ibarətdir ki, heç bir əsassız həbs 5-ci maddənin 1-ci bəndinə uyğun ola bilməz. 5-ci maddənin 1-ci bəndində yer alan həbsin "əsassızlığı" konsepsiyası həbsin milli qanunvericiliyə uyğun olması anlayışından daha genişdir, belə ki, azadlıqdan məhrumetmə milli qanunvericiliyə əsasən qanuni olsa belə, əsassız ola və beləliklə Konvensiyaya zidd ola bilər (bax: Saadinin işi üzrə yuxarıda istinad edilən qərar, 67-ci bənd). Məhkəmə dövlət orqanlarının hansı növ hərəkətlərinin 5-ci maddənin 1-ci bəndinin məqsədləri üçün "əsassız" sayılmasının ümumi anlayışını əvvəlki işlərdə ifadə etməsə də, ayrı-ayrı işlərdə bununla bağlı əsas prinsipləri formalaşdırıb. Bundan əlavə, milli qanunvericiliyin mətninə riayət edildiyinə baxmayaraq, hakimiyyət orqanları tərəfindən vicdanlı olmayan davranış elementi mövcuddursa (bax: Giorgi Nikolaişvili Gürcüstana qarşı, ərizə № 37048/04, 53-cü bənd, 13 yanvar 2009-cu il; Botsanonun işi üzrə yuxarıda istinad edilən qərar, 59-cu bənd; və Saadinin işi üzrə yuxarıda istinad edilən qərar, 69-cu bənd), yaxud milli hakimiyyət orqanları müvafiq qanunvericiliyi düzgün tətbiq etməyə cəhd göstərməyiblərsə (Benhem Birləşmiş Krallığa qarşı, 10 iyun 1996-cı il, 47-ci bənd, Reports of Judgments and Decisions 1996-III; və Lyu Rusiyaya qarşı, ərizə № 42086/05, 82-ci bənd, 6 dekabr 2007-ci il), o halda həbs "əsassız" sayılır.
ii. Yuxarıdakı prinsiplərin bu işin hallarına tətbiqi
62. Məhkəmə ilk növbədə qeyd edir ki, "ictimai qaydanın pozulmasına qarşı Gürcüstanın hakimiyyət orqanları tərəfindən tədbir görülməsi üçün əsas var idimi, yaxud Tbilisi Apellyasiya Məhkəməsi bu məhkəmənin binası xaricində nümayiş keçirən ərizəçilərin yaratdığı səs-küydən narahat olmadan öz işini davam etdirə bilərdimi" sualına Məhkəmənin cavab verməsinə ehtiyac yoxdur. Hazırkı işdə həlledici məsələ ərizəçilərin azadlıqdan məhrum edilməsinin qanuniliyi məsələsidir. Məhkəmə daha sonra qeyd edir ki, tərəflər arasında bu məsələdə fikir ayrılığı yoxdur ki, məhkəmə icraçıları tərəfindən ərizəçilərin tutulması və Tbilisi Apellyasiya Məhkəməsinin qapısı bağlı növbətçi otağında saxlanması, eləcə də sonradan Tbilisi Apellyasiya Məhkəməsinin sədri tərəfindən təyin olunan həbs cəzası ilə cəzalandırılması Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan mənada ərizəçilərin davamlı olaraq azadlıqdan məhrum edilməsi demək idi. Qiymətləndirmə apararkən bu azadlıqdan məhrumetməni iki dövrə bölmək olar: ərizəçiləri 29 iyun 2006-cı il tarixli qərarı ilə həbs cəzası ilə cəzalandırmış hakimin yanına ərizəçilərin gətirilməsinə qədərki dövr və ondan sonrakı dövr.
65. Ərizəçilərin azadlıqdan məhrum edilməsinin birinci dövrünə gəlincə, Məhkəmə bununla razılaşmağa hazırdır ki, onlar ictimai qaydanı pozmaqdan və məhkəməyə hörmətsizlik etməkdən ibarət hüquq pozuntularını törətməkdə şübhəli bilindiklərinə görə həbs olunmuşdular və bu dövr Konvensiyanın 5-ci maddəsinin 1(c) bəndində nəzərdə tutulan istisna halın tətbiq dairəsinə düşən dövr sayıla bilər (məsələn, bu işlərlə müqayisə et: Mahmudov Rusiyaya qarşı, ərizə № 35082/04, 80 və 81-ci bəndlər, 26 iyul 2007-ci il; və Şvab və M.G.-nin işi üzrə yuxarıda istinad edilən qərar, 70-ci bənd). Bununla belə, sözügedən həbs dövrünün "qanuniliyini" müəyyənləşdirmək üçün daxili qanunvericiliyin keyfiyyətini qiymətləndirmək səlahiyyətindən istifadə edərək (yuxarıda 62-ci bəndə bax) Məhkəmə qeyd edir ki, ərizəçilərin tutulmasının və təxminən üç saat ərzində Tbilisi Apellyasiya Məhkəməsinin qapısı bağlı növbətçi otağında saxlanmasının hallarını, çətin ki, müvafiq daxili qanunvericiliyə uyğun hesab etmək olar.
66. Beləliklə, əgər Məhkəmə ərizəçilərin İnzibati Xətalar Məcəlləsi əsasında həbsə alındığı və həmin vaxt onların həbsdə saxlanmasının bu cür inzibati həbs üçün qanunla icazə verilən üç saatlıq müddət çərçivəsində olduğu barədə Hökumətin arqumentini qəbul edərsə (yuxarıda 36-cı bəndə bax), məhkəmə icraçılarının tutma səlahiyyətini həyata keçirmələri ilə bağlı açıq-aydın problem yaranmış olacaq. Məhkəmə qeyd edir ki, həmin məcəlləyə əsasən inzibati qaydada tutmanı həyata keçirmək səlahiyyətinə malik olan dövlət nümayəndələrinin tam siyahısında məhkəmə icraçıları yox idi (yuxarıda 35-ci bəndə bax).
67. Digər tərəfdən, ərizəçilərin tutulmasının protokollarının mətnindən göründüyü kimi (yuxarıda 12-ci bəndə bax), onların tutulması Məhkəmələr haqqında qanunun 76.3-cü maddəsinin 1-ci bəndi ilə, konkret olaraq həmin bəndin "f" yarımbəndi ilə əlaqədar idi və sonuncu məhkəmə icraçılarına səlahiyyət verirdi ki, ictimai qaydanı pozmaqdan və məhkəməyə hörmətsizlik etməkdən ibarət hüquq pozuntuları törətməkdə şübhəli bilinən şəxsləri tutsunlar. Bununla belə, tutmanın məhkəmə icraçıları tərəfindən hüquqpozanları "polisə təhvil vermək məqsədi ilə" həyata keçirilməsini nəzərdə tutan daxili qanunvericiliyin həmin müddəasında tutulmuş şəxsin məhkəmə səlahiyyətini həyata keçirən vəzifəli şəxsin yanına hansı müddət ərzində gətirilməli olduğu nəzərdə tutulmamışdı. Müvafiq olaraq, bu məsələ xeyli dərəcədə izah olunmamış qalır ki, məhkəmə icraçıları ərizəçiləri daxili qanunvericiliyin məhz hansı müddəası əsasında tutmuş və ən azı üç saat ərzində Tbilisi Apellyasiya Məhkəməsinin qapısı bağlı növbətçi otağında saxlamışdılar. Məhkəmə qeyd edir ki, əslində Gürcüstanın qanunverici orqanı yalnız ərizəçilərin tutulmasından sonra 29 iyun 2006-cı ildə müvafiq hüquq pozuntularını törətməkdə şübhəli bilinən şəxsin tutulub saxlanması üçün maksimum müddəti qəti olaraq müəyyən etmişdi (yuxarıda 31-ci bəndə bax).
68. Məhkəməni narahat edən digər bir məsələ ondan ibarətdir ki, istər ərizəçilərin tutulması üçün əsas təşkil etmiş Məhkəmələr haqqında qanunun 76.3-cü maddəsinin 1(f) bəndindən, istərsə də ərizəçilərin sonradan təqsirkar sayılması üçün əsas təşkil etmiş CPM-in 208-ci maddəsinin 6.1-ci bəndindən kifayət qədər əminliklə müəyyənləşdirmək olmur ki, fərdləri məhkəmə binası xaricində tutmaq qanunla mümkün idimi? Bu bəndlərin mətninə əsasən məhkəmə icraçılarının tutma səlahiyyətləri, habelə ictimai qaydanı pozmaqdan və məhkəməyə hörmətsizlik etməkdən ibarət hüquq pozuntuları məhkəmə binasının içərisi ilə məhdudlaşırdı. Belə olan halda Məhkəmə bu məsələyə müəyyən qədər şübhə ilə yanaşır ki, ərizəçilər sözügedən vaxtda Tbilisi Apellyasiya Məhkəməsinin qarşısında keçirdikləri küçə piketinin daxili qanunvericiliyin yuxarıda qeyd edilən müddəaları əsasında tutulmalarına və həbs edilmələrinə səbəb ola biləcəyini mövcud vəziyyətdə ağlabatan dərəcədə öncədən görə bilərdilər. O, bununla bağlı bir daha xatırladır ki, milli qanunvericilik kifayət qədər keyfiyyətli olmalı və xüsusən tətbiqinin nəticələrini öncədən görmək mümkün olmalıdır ki, istənilən özbaşınalıq riski aradan qalxmış olsun (bax: M. Almaniyaya qarşı, ərizə № 19359/04, 104-cü bənd, ECHR 2009).
69. Ərizəçilərin azadlıqdan məhrum edilməsinin ikinci dövrünə, yəni otuz günlüyə həbs edilmələrinə gəlincə, Tbilisi Apellyasiya Məhkəməsinin hakimi tərəfindən bu tədbirin ictimai qaydanı pozmaqdan və məhkəməyə hörmətsizlik etməkdən ibarət hüquq pozuntularına görə CPM-in 208-ci maddəsinin 6.1-ci bəndi əsasında 29 iyun 2006-cı il tarixli qərarla təyin edildiyini nəzərə alaraq, Məhkəmə hesab edir ki, bu dövr Konvensiyanın 5-ci maddəsinin 1(a) bəndində nəzərdə tutulan istisna halın tətbiq dairəsinə düşən dövr sayıla bilər (misal üçün bax: Şvab və M.G.-nin işi üzrə yuxarıda istinad edilən qərar, 74 və 83-cü bəndlər; M. Almaniyaya qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 87-ci bənd). Lakin sədr heç vaxt bu mühüm hüquqi məsələni müzakirə etməmişdi ki, məhkəmə icraçıları ərizəçiləri məhkəmə binası xaricində tutmaq səlahiyyətinə malik idilərmi və ərizəçilərin bayırdakı davranışı daxili qanunvericiliyin müvafiq müddəaları əsasında qanunla məsuliyyətə səbəb ola bilərdimi? Onun qənaətləri yalnız məhkəmə icraçılarının təqdim etdiyi izahatlara əsaslanmışdı və həmin izahatlar kimi onun qənaətləri də təfsilatlı izahdan məhrum idi və təəccüblü dərəcədə yığcam idi, nəticədə onun qərarında açıq-aydın yanlış olan belə bir fikir təsdiqlənmişdi ki, ərizəçilər sözügedən hərəkətləri "məhkəmə binasının daxilində, onun mərkəzi girişində törədiblər" (yuxarıda 12, 15 və 17-ci bəndlərə bax). Beləliklə, aydın olur ki, hakim ərizəçilərin həbsinin həm faktoloji, həm də hüquqi əsalarını nəzərdə keçirmək vəzifəsinə etinasız yanaşıb (bu işlə müqayisə et: Hakobyan və başqaları Ermənistana qarşı, ərizə № 34320/04, 123-cü bənd, 10 aprel 2012-ci il) və öz səlahiyyətindən Konvensiyada özbaşınalığa qarşı nəzərdə tutulmuş elementar prosessual təminatlara zidd şəkildə istifadə edib (bu işlə müqayisə et: Meneşeva Rusiyaya qarşı, ərizə № 59261/00, 92-ci bənd, ECHR 2006‑III).
70. Yuxarıdakıların işığında Məhkəmə bu nəticəyə gəlir ki, ərizəçilərin təxminən üç saat ərzində tutulub saxlanılması kifayət qədər aydın və öncəgörmə tələbinə cavab verən daxili qanunvericilik normalarına əsaslanan tədbir sayıla bilməzdi, sonradan onlara otuz günlük həbs cəzasının təyin olunması isə əsassız idi və milli hakimiyyət orqanları zəruri olan vicdanlı davranış nümayiş etdirməmişdilər.
71. Müvafiq olaraq, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozuntusu baş verib.
2. Ədalətli məhkəmə araşdırması hüququ
a) Tərəflərin arqumentləri
72. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin cinayət hüquqi aspektinin sözügedən icraata tətbiqinin mümkünlüyünü etiraf edərək, Hökumət bildirdi ki, tərəflərin bərabərliyi və prosesin çəkişmə xarakteri daşıması prinsipləri Tbilisi Apellyasiya Məhkəməsinin sədri tərəfindən şifahi dinləmənin keçirilməməsi səbəbindən pozulmuş sayıla bilməz, belə ki, bu fakt həm ərizəçilərin, həm də məhkəmə icraçılarının maraqlarına eyni dərəcədə zərər yetirib. Hökumət daha sonra iddia etdi ki, sədr müvafiq qərarı qəbul etməzdən əvvəl ərizəçilər məhkəmə icraçılarının təqdim etdikləri yazılı izahatlara cavab olaraq yazılı qeydlərini təqdim edə bilərdilər. Hökumət həmçinin bildirdi ki, Tbilisi Apellyasiya Məhkəməsi sədrinin 29 iyun 2006-cı il tarixli qərarında ərizəçilərin CPM-in 208-ci maddəsinin 6.1-ci bəndi əsasında təqsirkar sayılması üçün münasib və yetərli əsaslar yer almışdı və onlar sonradan Gürcüstan Ali Məhkəməsi tərəfindən tam təsdiqlənmişdi.
73. Ərizəçilər bunun cavabında bildirdilər ki, məhkəmə icraçıları tərəfindən təqdim edilən və sonradan Tbilisi məhkəməsinin sədri tərəfindən ərizəçilərin cəzalandırılması üçün yeganə əsas təşkil edən izahatlarla bağlı rəylərini nə şifahi, nə də ən azından yazılı şəkildə təqdim etmək imkanına malik olmayıblar. Onlar bu faktı pislədilər ki, sədr məhkəmə icraçılarının təqdim etdikləri məlumatların düzgünlüyünü öz təşəbbüsü ilə yoxlamağa və ya şübhə altına almağa cəhd etməyib. Ərizəçilər vurğuladılar ki, hətta sədrin hadisə yerindəcə qərar çıxarmağa hazırlaşdığı barədə qabaqcadan məlumatlandırılmayıblar və bu fakt barəsində sonradan ilkin həbs mərkəzində xəbər tutublar və beləliklə, müdafiə olunmaq üçün arqumentlərini təqdim edə bilməyiblər. Onlar həmçinin bildirdilər ki, Tbilisi Apellyasiya Məhkəməsi sədrinin 29 iyun 2006-cı il tarixli qərarı olduqca ümumi sözlərlə ifadə olunmuşdu və orada nə konkret hərəkətlər göstərilmiş, nə də ətraflı əsaslandırma təqdim edilmişdi.
74. Tərəflər həmçinin ərizəçilərin işə baxılarkən şəxsən və ya seçdikləri müdafiəçi vasitəsilə özlərini müdafiə etmək imkanına malik olmamaları ilə bağlı Konvensiyanın 6-cı maddəsinin 3(c) bəndi üzrə ərizələr tərəfindən irəli sürülnüş şikayətlə əlaqədar qarşılıqlı arqumentlərini bildirdilər.
b) Məhkəmənin qiymətləndirməsi
75. Məhkəmə ilk növbədə təsdiq edir ki, ərizəçilərə təyin olunmuş cəzanın (azadlıqdan məhrumetmə) xarakterini nəzərə alsaq, şübhəsiz ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin cinayət hüquqi aspekti sözügedən icraata şamil olunur və Hökumət buna etirazını bildirməyib (bir çox digər qərarlar arasında bax: Meneşevanın işi üzrə yuxarıda istinad edilən qərar, 94-98-ci bəndlər).
76. Gürcüstan Konstitusiya Məhkəməsinin gəldiyi analoji nəticələri nəzərə alaraq, Məhkəmə hesab edir ki, Tbilisi Apellyasiya Məhkəməsi sədrinin CPM-in 208-ci maddəsinin 7-ci bəndi əsasında ərizəçilərin işinə baxma tərzi (prosedur səthi xarakterli olmaqla qapalı şəkildə və yalnız məhkəmə icraçılarının yazılı izahatları əsasında aparılmış, ərizəçilərə dinlənilmək imkanı verilməmişdi) ədalətli məhkəmə araşdırmasının elementar prosessual təminatlarına, məsələn, məhkəmə prosesinin çəkişmə xarakteri daşıması və tərəflərin bərabərliyi prinsiplərinə, şəxsin öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq hüququna və ixtisaslı hüquqi yardımdan istifadə etmək hüququna və sairəyə qarşı tam etinasızlıq təşkil edirdi.
77. Məhkəmə hesab edir ki, sədrin 29 iyun 2006-cı il tarixli qərarında yer alan qənaətlər sadəcə olaraq məhkəmə icraçılarının təqdim etdikləri ittihamların təsvirinin qeyd-şərtsiz təkrarı idi və belə görünür ki, həmin qənaətlər insidentin konkret halları ilə bağlı obyektiv və hərtərəfli məhkəmə araşdırmasının nəticəsi deyildi (bax: Meneşevanın işi üzrə yuxarıda istinad edilən qərar, 99-cu bənd; Ziliberberq Moldovaya qarşı, ərizə № 61821/00, 40-42-ci bəndlər, 1 fevral 2005-ci il; və Hakobyan və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 98-ci bənd). Həmçinin bu da Məhkəməni narahat edən məsələdir ki, Tbilisi Apellyasiya Məhkəməsi sədrinin ərizəçilərin tutulması ilə bağlı mətbuat konfransı zamanı işlətdiyi ifadələri nəzərə alsaq, o, faktları açıq-aydın qərəzli şəkildə qiymətləndirmiş və ərizəçilərin təqsiri qanunla sübuta yetirilməzdən əvvəl onların təqsirkar olduğu barədə rəyini ifadə etmişdi (bu işlərlə müqayisə et: Böhmer Almaniyaya qarşı, ərizə № 37568/97, 54 və 56-cı bəndlər, 3 oktyabr 2002-ci il; və Neştyak Slovakiyaya qarşı, ərizə № 65559/01, 88 və 89-cu bəndlər, 27 fevral 2007-ci il).
78. Yuxarıdakı mülahizələr Məhkəmənin bu nəticəyə gəlməsi üçün kifayətdir ki, hazırkı işdə Konvensiyanın 6-cı maddəsinin 1(c) bəndi ilə birgə götürülməklə həmin maddənin 1-ci bəndinin pozuntusu baş verib.
3. İfadə azadlığı və dinc toplaşmaq azadlığı hüquqları
a) Tərəflərin arqumentləri
79. Ərizəçilərin Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndində və 11-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verdiyini etiraf edərək, Hökumət iddia etdi ki, bu müdaxiləyə həmin maddələrin ikinci bəndlərinin müddəaları əsasında haqq qazandırmaq olardı. Yəni müdaxilə Məhkəmələr haqqında qanunun 76.3-cü maddəsinin 1(f) bəndinə və CPM-in 208-ci maddəsinin 6.1-ci bəndinə əsaslanırdı, onların müddəaları isə qanunun əlçatan olması, nəticələrini öncədən görməyin mümkün olması və dəqiq olması barəsindəki müvafiq tələblərə tam uyğun idi (həmçinin yuxarıda 57-ci bəndə bax). Bundan başqa, müdaxilə məhkəmə hakimiyyətinin nüfuzunu qorumaq məqsədinə xidmət edirdi. Hökumət bununla bağlı qeyd etdi ki, 2006-cı ildə ölkədə məhkəmə sisteminin islahatı gedirdi və xüsusilə həmin dövrdə məhkəmə hakimiyyətini əsassız hücumlardan qorumağa təcili ehtiyac vardı.
80. Tbilisi Apellyasiya Məhkəməsinin həyətindəki nümayiş zamanı ərizəçilərin səsləndirdikləri təhqiramiz şüarlara gəlincə, Hökumət hesab etdi ki, həmin ifadələr, xüsusən daxili işlər nazirinin "bic törəmə" adlandırılması və məhkəmənin sonuncuya tabe olmamağa və onun "cinayətkar fəaliyyətlərinin" iştirakçısına çevrilməməyə çağırılması (yuxarıda 8-ci bəndə bax) normal tənqidin hüdudlarını aşmışdı və ərizəçilərin Tbilisi Apellyasiya Məhkəməsinin nüfuzunu ictimaiyyət qarşısında alçaltmaq niyyətini əks etdirirdi. Mütənasiblik tələbinə gəlincə, Hökumət bildirdi ki, konkreet olaraq ərizəçilərin hərəkətlərinin ağırlıq dərəcəsini onların həqarətli davranışlarını dayandırmaları barədə məhkəmə icraçılarının ilkin qanuni göstərişlərinə tabe olmaqdan imtina etmələri fonunda qiymətləndirsək, ərizəçilərə təyin olunmuş cəza (otuz günlük həbs) adekvat cəza idi. Bununla bağlı Hökumət həmçinin Məhkəməyə məlumat verdi ki, 29 iyun 2006-cı il hadisələri ərizəçilərin bəziləri tərəfindən bu cür hüquqa zidd davranış baş verdiyi birinci hal deyildi, belə ki, birinci, üçüncü və dördüncü ərizəçilər barəsində analoji küçə nümayişləri zamanı ictimai qaydanı pozduqlarına görə artıq protokollar tərtib edilmişdi.
81. Bunun cavabında ərizəçilər bildirdilər ki, nümayişə müdaxilə ilk növbədə "qanunla nəzərdə tutulmamışdı", belə ki, müdaxilə üçün əsas qismində milli hakimiyyət orqanlarının istinad etdiyi iki qanunvericilik müddəasına, yəni istər Məhkəmələr haqqında qanunun 76.3-cü maddəsinin 1(f) bəndinə, istərsə də CPM-in 208-ci maddəsinin 6.1-ci bəndinə əsasən məhkəmə icraçıları məhkəmə binası xaricində baş verən hüquq pozuntularının qarşısını almaq səlahiyyətinə malik deyildilər. Nəticədə ərizəçilər, ola bilsin ki, ifadə azadlığı və dinc toplaşmaq azadlığı hüquqlarını azadlıqdan məhrum edilməmək üçün hansı hədd daxilində həyata keçirmək imkanına malik olduqlarını bilmirdilər. Bundan başqa, ərizəçilər şikayət etdilər ki, 29 iyun 2006-cı il tarixli qərarında Tbilisi Apellyasiya Məhkəməsinin sədri müdaxiləyə haqq qazandıran münasib və yetərli əsasları göstərməmişdi.
82. Ərizəçilər bildirdilər ki, 29 iyun 2006-cı il tarixli nümayişdə səsləndirdikləri fikirlər əsasən daxili işlər nazirinə qarşı yönəlmiş tənqid forması idi və onların səsləndirilməsinin ümumi məqsədi Tbilisi Apellyasiya Məhkəməsini cənab Şalva Ramişvilinin məşhur cinayət işi üzrə ədalətli məhkəmə araşdırması keçirməyə sövq etmək idi. Onla etiraf etdilər ki, yeganə təhqiramiz söz "bic törəmə" idi, amma o, məhkəmə hakimiyyətinin nümayəndəsinə deyil, nazirə ünvanlanmışdı. Ərizəçilər həmçinin bununla bağlı bildirdilər ki, insan hüquqlarının müdafiəsi sahəsində rəsmən fəaliyyət göstərən QHT-ni təmsil edirdilər və onun məqsədlərinə məhkəmə hakimiyyətinin müstəqilliyinin təşviqi və daxiili işlər naziri tərəfindən törədilmiş hüquq pozuntularının pislənməsi daxil idi. Buna görə də onlar həmin vaxt ictimaiyyətin böyük diqqətini cəlb etmiş iş üzrə ictimai müzakirələrə şərait yaratmaq hüququna malik idilər və onların ictimai maraq doğuran məsələyə dair siyasi fikirlərini səsləndirmələrinin məhdudlaşdırılmasına yalnız inandırıcı əsaslarla haqq qazandırıla bilərdi. Ərizəçilər həmçinin qeyd etdilər ki, otuz günlük həbsin təyin olunması qeyri-mütənasib cəza idi.
b) Məhkəmənin qiymətləndirməsi
i. Ərizəçilərin şikayətlərinin hüdudları
83. Məhkəmə qeyd edir ki, ərizəçilərin Konvensiyanın 10-cu və 11-ci maddələri üzrə şikayətləri bu iddiaya əsaslanırdı ki, onların tutulması və həbsi 29 iyun 2006-cı ildə Tbilisi Apellyasiya Məhkəməsinin binası xaricində nümayiş keçirmələrinin qarşısını almağa yönələn tədbir idi. Belə hallarda 11-ci maddə xüsusi müddəa (lex specialis) hesab edilməlidir və şikayəti 10-cu maddə üzrə ayrıca araşdırmağa ehtiyac yoxdur. Digər tərəfdən, özünün müstəqil roluna və konkret tətbiq sahəsinə baxmayaraq, 11-ci maddə hazırkı işdə həm də 10-cu maddənin əsasında formalaşdırılmış prinsiplərin işığında nəzərdə keçirilməlidir (misal üçün bax: Ezelin Fransaya qarşı, 26 aprel 1991-ci il, 35-ci və 37-ci bəndlər, A seriyaları, № 202).
ii. Konvensiyanın 11-ci maddəsinin pozuntusu
84. Məhkəmə bir daha bildirir ki, toplaşmaq azadlığı hüququ istər qapalı yerlərdəki, istərsə də geniş küçələrdəki toplantıları, eləcə də hərəkətsiz (statik) toplantıları və ictimai yürüşləri əhatə edir (bax: Cavit An Türkiyəyə qarşı, ərizə № 20652/92, 56-cı bənd, ECHR 2003‑III). 11-ci maddənin 2-ci bəndindəki "məhdudiyyətlər" termini həm ictimai toplantıya qədərki, həm də ondan sonrakı tədbirləri, eləcə də sonradan görülən cəza tədbirlərini özündə ehtiva edən termin kimi şərh olunmalıdır (bax: Ezelinin işi üzrə yuxarıda istinad edilən qərar, 39-cu bənd; və Qalstyanın işi üzrə yuxarıda istinad edilən qərar, 101-ci bənd).
85. Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçilər Tbilisi Apellyasiya Məhkəməsinin qarşısında nümayiş keçirmişdilər. Bir neçə dəqiqə sonra onlar tutuldular və ictimai qaydanı pozduqlarına və məhkəməyə hörmətsizlik etdiklərinə görə sonradan həbs ilə cəzalandırıldılar. Onların barəsindəki məhkəmə təqibi, Hökumətin də qəbul etdiyi kimi, dinc toplaşmaq azadlığının həyata keçirilməsinə müdaxilə təşkil edirdi. Buna görə də indi müəyyənləşdirmək lazımdır ki, barəsində şikayət edilən müdaxilə "qanunla nəzərdə tutulmuşdumu", Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndində müəyyən edilmiş bir və ya daha artıq qanuni məqsəd daşıyırdımı və "demokratik cəmiyyətdə zəruri" idimi?
86. "Qanunilik" tələbinə gəlincə, Məhkəmə bir daha bildirir ki, müddəaları ərizəçilərin tutulmasına və həbslə cəzalandırılmasına səbəb olmuş Məhkəmələr haqqında qanunun 76.3-cü maddəsinin 1(f) bəndində və CPM-in 208-ci maddəsinin 6.1-ci bəndində aydın və paralel şəkildə deyilirdi ki, ictimai qaydanı pozduğu və məhkəməyə hörmətsizlik təşkil etdiyi hesab edilən hərəkətlər məhkəmə binası daxilində törədildiyi təqdirdə məhkəmə icraçıları onların qarşısını ala və müvafiq məhkəmənin sədri onları törədənləri cəzalandıra bilər (yuxarıda 67-ci bəndə bax). Məhkəməyə hörmətsizlikdən ibarət olan konkret hüquq pozuntusunun anlayışına gəlincə, Məhkəmə onu qeydi-müəyyən anlayış kimi xarakterizə etmiş Gürcüstan Konstitusiya Məhkəməsinin gəldiyi qənaətə (yuxarıda 47-ci bəndə bax) bir daha önəm verir. Belə olan halda, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi ilə bağlı gəldiyi nəticədə olduğu kimi, Məhkəmə bu məsələyə ciddi şübhə ilə yanaşır ki, ərizəçilər Tbilisi Apellyasiya Məhkəməsinin binası xaricində, onun həyətində keçirdikləri nümayişin onların daxili qanunvericiliyin yuxarıda qeyd edilən müddəaları əsasında məsuliyyətə cəlb olunmalarına səbəb ola biləcəyini ağlabatan dərəcədə öncədən görə bilərdilər (müqayisə üçün bax (müvafiq dəyişikliklərlə): Altuğ Taner Akçam Türkiyəyə qarşı, ərizə № 27520/07, 92-95-ci bəndlər, 25 oktyabr 2011-ci il; həmçinin bax: Amann İsveçrəyə qarşı [BP], ərizə № 27798/95, 78-80-ci bəndlər, ECHR 2000‑II). Bununla belə, müdaxilənin zəruriliyi ilə bağlı daha çox diqqətçəkən problemin yarandığını nəzərə alaraq, Məhkəmə Konvensiyanın 11-ci maddəsi üzrə qənaətlərini yalnız müdaxilənin qanuniliyi məsələsi ilə məhdudlaşdırmağı məqsədəuyğun saymır (bu işlərlə müqayisə et: Dink Türkiyəyə qarşı, ərizələr № 2668/07, 6102/08, 30079/08, 7072/09 və 7124/09, 116-cı bənd, 14 sentyabr 2010-cu il; və "Hayd Park" və başqaları Moldovaya qarşı (№ 5 və 6), ərizələr № 6991/08 və 15084/08, 48-ci bənd, 14 sentyabr 2010-cu il).
87. Məhkəmə Hökumətin bu arqumentini qəbul edə bilər ki, sözügedən müdaxilə qanuni məqsəd daşıyırdı, yəni iğtişaşın qarşısını almağa və məhkəmə hakimiyyətinin nüfuzunu qorumağa yönəlmişdi. Məhkəmə hakimiyyətinin nüfuzunun qorunması ilə bağlı önəmli məsələ demokratik cəmiyyətdə məhkəmələrə qarşı geniş ictimaiyyətdə inamın olmasından ibarətdir (digər qərarlar arasında bax (müvafiq dəyişikliklərlə): Fey Avstriyaya qarşı, 24 fevral 1993-cü il, 30-cu bənd, A seriyaları, № 255‑A). Məhkəmə hesab edir ki, bu məsələ ilə bağlı aparacağı qiymətləndirmə eynilə tədbirin demokratik cəmiyyətdə zəruriliyi məsələsinə də şamil olunmalıdır. Gürcüstan Konstitusiya Məhkəməsinin rəyi ilə (yuxarıda 47-ci bəndə bax) razılaşaraq, Məhkəmə bir daha xatırladır ki, ifadə azadlığı hüququ kimi dinc toplaşmaq hüququ da demokratik cəmiyyətin dayaqlarından biridir. Müvafiq olaraq, yalnız tam inandırıcı və təkzibolunmaz əsaslar bu hüquqa müdaxiləyə haqq qazandıra bilər (bax: Cavit Anın işi üzrə yuxarıda istinad edilən qərar, 56-cı bənd; Uranio Tokso və başqaları Yunanıstana qarşı, ərizə № 74989/01, 36-cı bənd, ECHR 2005‑X, çıxarışlar).
88. Məhkəmə xüsusən qeyd edir ki, cəmi beş nəfərin iştirak etdiyi nümayiş başlandıqdan beş dəqiqə sonra dağıdılıb; olduqca qısa vaxt ərzində ərizəçilər yalnız bir neçə şüar səsləndirə biliblər. Təkcə bu faktlar ictimai qaydanın pozulma dərəcəsi barədə Hökumətin iddiasını sual altına alır (müqayisə et: Sergey Kuznetsov Rusiyaya qarşı, ərizə № 10877/04, 44-cü bənd, 23 oktyabr 2008-ci il). Məhkəmənin fikrincə, həmin şüarların məzmunu məhkəməyə hörmətsizlik və ya hər hansı digər formada hüquqa zidd akt təşkil etmirdi. Belə ki, bu şüarların çoxu tənqidi xarakterli qiymətləndirici mülahizələr idi və onların vasitəsilə ərizəçilər, müəyyən dərəcədə siyasi xarakterli şişirtmələrə və sərt sözlərə əl ataraq, Gürcüstanda ictimai maraq doğuran məsələni – məhkəmə hakimiyyətinin müstəqilliyi məsələsini vurğulayırdılar; ərizəçilər zorakılıq etmədən və ya çıxışlarında demokratik prinsipləri inkar etmədən Tbilisi Apellyasiya Məhkəməsinə müraciət edirdilər. Məhkəmə bununla bağlı bir daha xatırladır ki, rəylər və sözlər nə qədər sarsıdıcı və qəbuledilməz olsa belə, bütün digər dövlət qurumları kimi məhkəmə orqanları da tənqiddən kənar tutula bilməz (bax: Sergey Kuznetsovun işi üzrə yuxarıda istinad edilən qərar, 45-ci bənd; və Skalka Polşaya qarşı, ərizə № 43425/98, 34-cü bənd, 27 may 2003-cü il).
89. Məhkəmə hesab edir ki, ərizəçilərin qısa piketi zamanı səslənmiş yeganə təhqiramiz ifadə onlardan birinin daxili işlər nazirini "Lavrenti Beriyanın bic törəməsi" adlandırması idi. Lakin Məhkəmə anlaya bilmir ki, bu ifadə məhkəməyə qarşı necə hörmətsizlik təşkil edə bilərdi, axı o, məhkəmə hakimiyyətinin nümayəndəsinə ünvanlanmamışdı (əks situasiya üçün bax: Skalkanın işi üzrə yuxarıda istinad edilən qərar, 36-cı bənd). İstənilən halda, demokratik cəmiyyətdə mühüm ictimai fiqurlar barəsində tənqidi fikirlərin ifadə edilməsinə qarşı, hətta bu fikirlər hazırkı işdə olduğu kimi dolaşıq, əndazəni aşan və provokativ tərzdə ifadə edilmiş olsa belə, daha çox dözümlülük nümayiş etdirilməlidir (bax: "Hayd Park" və başqalarının işi (№ 5 və 6) üzrə yuxarıda istinad edilən qərar, 43-cü bənd; və Nilsen və Yonsen Norveçə qarşı [BP], ərizə № 23118/93, 52-ci və 53-cü bəndlər, ECHR 1999‑VIII).
90. Bundan başqa, bu məsələ Məhkəmədə xüsusi narahatlıq yaradır ki, 29 iyun 2006-cı il tarixli qərarında Tbilisi Apellyasiya Məhkəməsinin sədri nümayişin dağıdılmasına və həbs cəzası təyin edilməklə ərizəçilərin cəzalandırılmasına haqq qazandıran inandırıcı əsasların mövcudluğunu müəyyənləşdirməkdən ibarət vəzifəsini yerinə yetirməkdənsə, daxili qanunvericilikdə nəzərdə tutulmuş ictimai qaydanın pozulması və məhkəməyə hörmətsizlik kimi hüquq pozuntularının tövsifini olduqca ümumi və mücərrəd ifadələrlə bildirib. O, ədalət mühakiməsinin həyata keçirilməsinə konkret olaraq necə maneçilik törədildiyini və ərizəçilərin səsləndirdikləri hansı ifadələrin məhkəməyə hörmətsizlik təşkil edəcək dərəcədə sərt ifadələr hesab edildiyini insidentin konkret hallarına istinad etməklə izah etməyib; onun qərarında istinad etdiyi yeganə hal (ərizəçilərin nümayişi "məhkəmə binasının daxilində, onun mərkəzi girişində" keçirdikləri barədə ifadə) həqiqətə uyğun deyildi və buna görə də müdaxiləyə 11-ci maddənin ikinci bəndi ilə haqq qazandırmaq üçün qəbuledilməz arqument idi (digər qərarlar arasında bax: Xristian Demokrat Xalq Partiyası Moldovaya qarşı, ərizə № 28793/02, 70-ci bənd, ECHR 2006‑II). Müvafiq olaraq, ərizəçilərin dinc toplaşmaq hüququnun məhdudlaşdırılmasının münasib və yetərli əsaslara söykəndiyini söyləmək olmaz (müqayisə et: Sergey Kuznetsovun işi üzrə yuxarıda istinad edilən qərar, 40-cı və 45-ci bəndlər; və "Sandi Tayms" Birləşmiş Krallığa qarşı (№ 1), 26 aprel 1979-cu il, 63-cü və 64-cü bəndlər, A seriyaları, № 30).
91. Nəhayət, bu fakt Məhkəməni heyrətləndirir ki, icazəli piket zamanı ərizəçilər hər hansı zorakı davranışa yol verməsələr də, sözügedən hüquq pozuntularına görə tətbiq edilə bilən ən ağır cəzaya, yəni otuz gün müddətinə azadlıqdan məhrumetməyə məruz qalıblar (misal üçün müqayisə et: Qalstyanın işi üzrə yuxarıda istinad edilən qərar, 116-cı bənd – həmin işdə Məhkəmə bu qənaətə gəldi ki, icazəli və dinc küçə nümayişində iştiraka görə otuz gün müddətinə azadlıqdan məhrumetmə sanksiyası dinc toplaşmaq azadlığı hüququnun mahiyyətinə xələl gətirir). Yuxarıda qeyd edildiyi kimi, 29 iyun 2006-cı il tarixli qərarın yetərli və münasib əsaslara söykənməməsi hazırkı işdə sərt cəzanın əsassızlığı faktını daha da ağırlaşdırıb.
92. Yuxarıdakı mülahizələri nəzərə alaraq, Məhkəmə bu qənaətə gəlir ki, Gürcüstanın hakimiyyət orqanları ərizəçilərin toplaşmaq azadlığı hüququna qarşı yetərincə dözümlü və vicdanlı tərzdə davranmayıblar, müdaxiləyə haqq qazandırmaq üçün yetərli və münasib əsaslar gətirməyiblər və mövcud vəziyyətdə qeyri-mütənasib olan sanksiya tətbiq ediblər.
93. Buradan belə nəticə çıxır ki, Konvensiyanın 11-ci maddəsinin pozuntusu baş verib.
II. 7 SAYLI PROTOKOLUN 2-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
94. Ərizəçilər daha sonra şikayət etdilər ki, onları məhkum etmiş 29 iyun 2006-cı il tarixli qərardan şikayət etmək imkanına malik olmayıblar, bu isə 7 saylı Protokolun 2-ci maddəsinin pozuntusudur. Həmin maddədə deyilir:
7 saylı Protokolun 2-ci maddəsi
"1. Cinayət törətməyə görə məhkəmə tərəfindən məhkum edilmiş hər kəsin, barəsində çıxarılmış hökmə və ya cəzaya yuxarı məhkəmədə yenidən baxılması hüququ var. Bu hüququn həyata keçirilməsi, o cümlədən onun həyata keçirilməsinin əsasları qanunla tənzimlənir.
2. Az əhəmiyyətli hesab olunan hüquqpozmalarla əlaqədar hallarda, yaxud müvafiq şəxsin işinə artıq birinci instansiyada ali məhkəmə orqanı tərəfindən baxıldığı və ya onun bəraət hökmündən verilmiş şikayətə baxılması nəticəsində həmin şəxsin məhkum edildiyi hallarda bu hüquqdan istisnaya yol verilir".
95. Hökumət bildirdi ki, sözügedən maddənin pozuntusu baş verməyib, belə ki, Ali Məhkəmənin hakimi ərizəçilərin onları məhkum etmiş 29 iyun 2006-cı il tarixli qərardan verdikləri apellyasiya şikayətinə İXM-in 279-cu maddəsi əsasında lazımi qaydada baxıb.
96. Ərizəçilər bununla razılaşmayaraq iddia etdilər ki, onların apellyasiya şikayətinin İXM-in 279-cu maddəsi əsasında araşdırılması səmərəsiz idi, çünki bu araşdırma milli hakimiyyət orqanlarının mülahizəsindən asılı idi.
97. Məhkəmə qeyd edir ki, bu işdəki vəziyyət Məhkəmənin bu məsələyə dair baxmış olduğu presedent xarakterli iki analoji işdə – Qurepka Ukraynaya qarşı işdə (ərizə № 61406/00, 59-61-ci bəndlər, 6 sentyabr 2005-ci il) və Qalstyanın işində (yuxarıda istinad edilən bu iş üzrə qərar, 124-127-ci bəndlər) mövcud olmuş vəziyyətə bənzəyir. Konkret olaraq, hazırkı işdə ərizəçilərin apellyasiya şikayətinə həqiqətən Ali Məhkəmənin hakimi tərəfindən İXM-in 279-cu maddəsi əsasında baxılıb-baxılmamasından asılı olmayaraq, milli hakimiyyət orqanlarının diskresion səlahiyyətindən asılı olan və aparılma qaydası və ya müddətləri aydın müəyyənləşdirilməyən fövqəladə icraat qaydasında işə yenidən baxma proseduru barəsindəki həmin daxili qanunvericilik müddəası 7 saylı Protokolun 2-ci maddəsinin məqsədləri üçün səmərəsiz hüquqi müdafiə vasitəsi idi (müqayisə et: Qalstyanın işi üzrə yuxarıda istinad edilən qərar, 126-cı bənd; və Qurepkanın işi üzrə yuxarıda istinad edilən qərar, 60-61-ci bəndlər). Bundan başqa, ərizəçilərin 29 iyun 2006-cı il tarixli qərarla məhkum edilmələri üçün əsas olmuş hüquq pozuntuları, sonradan təyin olunmuş cəzanın ağırlığını nəzərə alsaq, "az əhəmiyyətli" pozuntular sayıla və qeyd edilən maddənin ikinci bəndində yer alan istisna halın tətbiq dairəsinə düşə bilməzdi (yenə eyni qərarlara bax).
98. Beləliklə, 7 saylı Protokolun 2-ci maddəsinin pozuntusu baş verib.
III. KONVENSİYANIN İDDİA EDİLƏN DİGƏR POZUNTULARI
99. Nəhayət, həm ayrıca, həm də Konvensiyanın 13-cü maddəsi ilə birgə götürülməklə Konvensiyanın 5-ci maddəsinin 2, 3, 4 və 5-ci bəndlərinə istinad edərək ərizəçilər apellyasiya şikayəti verə bilməmələri də daxil olmaqla ölkədaxili məhkəmə proseslərindəki müxtəlif konkret prosessual ədalətsizlik hallarından şikayət etdilər.
100. Hazırkı işdə baxılmış mühüm hüquqi məsələlərə münasibətdə xüsusi müddəalar (lex specialis) olan Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi, 6-cı maddəsinin 1-ci bəndi və 7 saylı Protokolun 2-ci maddəsi üzrə gəldiyi qənaətləri nəzərə alaraq (müqayisə et: Hakobyan və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 125-127 və 136-cı bəndlər; Qalstyanın işi üzrə yuxarıda istinad edilən qərar, 53-cü bənd; Qurepkanın işi üzrə yuxarıda istinad edilən qərar, 51-ci bənd; və Meneşevanın işi üzrə yuxarıda istinad edilən qərar, 105107-ci bəndlər), Məhkəmə hesab edir ki, artıq baxılmış olan məsələləri təkrarlayan şikayət ərizəsinin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə uyğun olaraq açıq-aydın əsassız şikayət kimi rədd edilməlidir.
IV. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
101. Konvensiyanın 41-ci maddəsində deyilir:
"Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Yüksək Müqavilə Tərəfinin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edərsə, zəruri halda zərərçəkən tərəfə ədalətli təzminat təyin edir".
A. Ziyan
102. Ərizəçilərin hər biri mənəvi ziyana görə 20.000 avro tələb etdilər.
103. Hökumət ərizəçilərin tələblərini əsassız və məbləğləri şişirdilmiş hesab etdi.
104. Məhkəmə şübhə etmir ki, ərizəçilər müxtəlif hüquqlarının pozulması (yuxarıda 71, 78, 93 və 98-ci bəndlərə bax) səbəbindən iztirab və məyusluq hissi keçiriblər. Ədalət prinsipi əsasında qərar çıxararaq, Məhkəmə mənəvi ziyana görə hər bir ərizəçiyə 6.000 avro, üstəgəl bu məbləğdən tutula bilən hər hansı vergi məbləğini təyin edir.
B. Məhkəmə xərcləri və digər məsrəflər
105. Ərizəçilər Məhkəmədəki icraatda iki gürcüstanlı və bir britaniyalı vəkil vasitəsilə təmsil olunmaları ilə əlaqədar olaraq (yuxarıda 2-ci bəndə bax) 3.970 avro və 1.330 Britaniya funt sterlinqi (1.667 avro) tələb etdilər. İşə sərf olunmuş saatların miqdarı və vəkillərin bir saatlıq qonorarları əsasında bu iki məbləğin bölgüsü aşağıdakı kimi aparılmışdı: iki gürcüstanlı vəkil üçün bölgü – bir saatlıq işin dəyəri 50 avro olmaqla yetmiş doqquz saat qırx dəqiqəlik iş; və britaniyalı vəkil üçün bölgü – 2006-cı ildə bir saatlıq işin dəyəri 100 funt sterlinq (GBR) və 2010-cu ildə 150 GBR olmaqla iyirmi iki saatlıq iş. Bu bölgüdə həmçinin göstərilmiş hüquqi xidmətlərin tarixləri və dəqiq növləri göstərilmişdi.
106. Ərizəçilər daha sonra müvafiq qəbzlərin əsasında poçt və tərcümə xərclərinə görə 1.361,20 gürcü larisi tələb etdilər. Onlar həmçinin şikayət ərizəsi üzərində işləyərkən gürcüstanlı və britaniyalı nümayəndələri tərəfindən sərf olunduğunu iddia etdikləri bəzi digər xərclərə görə 592 avro və 160 GBP (200 avro) tələb etdilər; sonuncu tələbi təsdiqləyən heç bir maliyyə sənədi təqdim edilmədi.
107. Hökumət ərizəçilərin tələblərinə qısaca belə şərh verdi ki, onların çoxu əsassızdır və məbləğlər şişirdilib.
108. Məhkəmə qeyd edir ki, GYLA və EHRAC-dan olan gürcüstanlı və britaniyalı vəkillər həqiqətən ərizəçilərə hüquqi yardım göstəriblər. O, bununla bağlı həmçinin qeyd edir ki, Gürcüstanla bağlı Məhkəmənin icraatında olmuş bir sıra işlərdə bu qənaətə gəlib ki, bu iki QHT-dən olan vəkillərin kollektiv işi kompensasiya edilməyə bilməz və həmin işlərdə vəkillərin işinin analoji sübutlarını (sərf olunmuş saatların təfsilatlı və inandırıcı şəkildə bölgüsü) ərizəçilərin nümayəndələrinin çəkdikləri xərclərin qəbul oluna bilən sübutu hesab edib (bax: Klaus və Yuri Kiladze Gürcüstana qarşı, ərizə № 7975/06, 91-94-cü bəndlər, 2 fevral 2010-cu il; və Tsintsabadze Gürcüstana qarşı, ərizə № 35403/06, 105-ci bənd, 15 fevral 2011-ci il). Buna görə də Məhkəmə, müvafiq olaraq, iki gürcüstanlı və bir britaniyalı vəkillə təmsil olunmaları ilə əlaqədar olaraq ərizəçilərə 3.500 avro və 1.330 GBP (1.667 avro) təyin olunmasını məqsədəuyğun hesab edir.
109. İnzibati məsrəflərə gəlincə, Məhkəmə bu məsələyə dair özünün oturuşmuş presedent hüququnu (misal üçün bax: Qavtadze Gürcüstana qarşı, ərizə № 23204/07, 118-ci və 120-ci bəndlər, 3 mart 2009-cu il), habelə təqdim edilmiş sübutedici sənədləri nəzərə alaraq, hesab edir ki, poçt və tərcümə xərclərinə görə ərizəçilərə 1.361,20 GEL (657 avro) təyin edilməlidir.
C. İcranın gecikdirilməsinə görə faiz
110. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:
1. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi, 6-cı maddəsinin 1-ci və 3(c) bəndləri, 10-cu və 11-ci maddələri və 7 saylı Protokolun 2-ci maddəsi üzrə şikayətləri qəbulolunan, qalan şikayətləri isə qəbul olunmayan elan edir;
2. Qərara alır ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulub;
3. Qərara alır ki, Konvensiyanın 6-cı maddəsinin 3(c) bəndi ilə birgə götürülməklə həmin maddənin 1-ci bəndi pozulub;
4. Qərara alır ki, Konvensiyanın 11-ci maddəsi pozulub;
5. Qərara alır ki, 7 saylı Protokolun 2-ci maddəsi pozulub;
6. Qərara alır ki, Konvensiyanın 10-cu maddəsi üzrə şikayəti ayrıca araşdırmağa ehtiyac yoxdur;
7. Qərara alır ki:
a) bu qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qüvvəyə mindiyi tarixdən etibarən üç ay ərzində cavabdeh dövlət ərizəçilərə aşağıdakı məbləğləri ödəməli, həmin məbləğlər qərarın icra olunduğu tarixdə tətbiq edilən məzənnə üzrə cavabdeh dövlətin milli valyutasına çevrilməlidir:
i) mənəvi ziyana görə hər bir ərizəçiyə 6.000 (altı min) avro, üstəgəl bu məbləğdən tutula bilən hər hansı vergi məbləği;
ii) məhkəmə xərclərinə və digər məsrəflərə görə ərizəçilərin hamısına birlikdə 5.957 (beş min doqquz yüz əlli yeddi) avro, üstəgəl bu məbləğdən tutula bilən hər hansı vergi məbləği;
b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;
8. Ədalətli təzminat haqqında ərizəçilərin qalan tələblərini rədd edir.
Qərar ingilis dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq yazılı şəkildə elan olunub.
Josep Kasadeval (Josep Casadevall)
Sədr
Santyaqo Kesada (Santiago Quesada)
Katib
Full & Egal Universal Law Academy