Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 192
Yanvar 2016-cı il
***
Kalda (Kalda) Estoniyaya qarşı – ərizə № 17429/10
19.1.2016 tarixli qərar [II Bölmə]
Maddə 10
10-cu maddənin 1-ci bəndi
Məlumat almaq azadlığı
Hüquqi məlumatların yerləşdirildiyi müəyyən internet saytlarına məhbusun girişinə məhdudiyyətlər qoyulması: pozuntu baş verib
Faktlar – Məhbus olan ərizəçi şikayət etmişdi ki, müəyyən internet saytlarına girişinə icazə verilməməsi nəticəsində saytlarda hüquqi məsələlərlə bağlı axtarış aparmasına əngəl törədilib. Məhdudiyyət Avropa Şurasının ölkədəki informasiya ofisinin internet saytını və dövlətin qanunvericiliklə və məhkəmə qərarları ilə bağlı məlumat bazasının müəyyən hissəsini əhatə edirdi. Ərizəçinin şikayəti əsasında aparılmış icraatda Ali Məhkəmə bu nəticəyə gəldi ki, həbsxana müdiriyyətinin giriş üçün icazə verdiyi saytlardan savayı digər internet saytlarına giriş məhbusların qanunsuz ünsiyyətdə olması riskini artıra və beləliklə onların kompüterlərdən istifadə etmələrinə nəzarətin səviyyəsini artırmaq zərurəti yarana bilər.
Hüquqi məsələlər – Maddə 10: Bu işdə araşdırılan məsələ dövlət orqanlarının tələb olunan məlumatı verməkdən imtina etmələri deyildi. Ərizəçinin şikayəti müəyyən vasitədən (konkret olaraq İnternetdən) istifadə etməklə ictimaiyyət üçün açıq olan müəyyən saytlarda yerləşdirilmiş məlumatlara çıxış əldə etmə ilə bağlı idi.
Azadlıqdan məhrum edilmə məhbusların ətraf aləmlə ünsiyyətinə, o cümlədən məlumatları əldə etmək imkanına qaçılmaz olaraq bir sıra məhdudiyyətlərin tətbiqini nəzərdə tutur. 10-cu maddə bütövlükdə məhbusların internetə və ya konkret internet saytlarına girişini təmin etməkdən ibarət ümumi öhdəlik müəyyən edən maddə kimi şərh oluna bilməz. Lakin bu işin hallarına gəlincə, daxili qanunvericiliyin məhbusların internetə məhdud girişinə (o cümlədən qanunvericiliyə və məhkəmə qərarlarına aid rəsmi məlumat bazalarına girişinə) icazə verdiyini nəzərə alsaq, hüquqi məlumatların yer aldığı digər saytlara girişin məhdudlaşdırılması ərizəçinin məlumat almaq hüququna müdaxilə təşkil edirdi. Bu müdaxilə qanunla nəzərdə tutulmuşdu və qanuni məqsəd daşıyırdı, yəni digər şəxslərin hüquqlarının müdafiəsinə və iğtişaşın və cinayətin qarşısının alınmasına yönəlmişdi.
Ərizəçinin daxil olmaq istədiyi internet saytlarında əsas etibarı ilə hüquqi informasiyalar və məhbusların hüquqları da daxil olmaqla təməl hüquqlar barədə məlumatlar yer almışdı. Bu cür məlumatların əlçatan olması ictimaiyyətin məlumatlılığının artırılmasına və insan hüquqlarına riayət edilməsinə şərait yaradırdı. Milli məhkəmələr belə məlumatlardan istifadə edirdilər və buna görə də məhkəmə prosesində hüquqlarını müdafiə etmək üçün ərizəçinin də bu məlumatlarla tanışlığa ehtiyacı vardı. Ərizəçi daxili məhkəmələrə şikayət etdiyi zaman cavabdeh dövlətə qarşı Avropa Məhkəməsinin qərarlarının eston dilinə tərcümə olunmuş versiyaları yalnız Avropa Şurasının ölkədəki informasiya ofisinin saytında vardı və onun həmin sayta girişinə icazə verilməmişdi.
Avropa Şurasının və digər beynəlxalq qurumların bır sıra sənədlərində internetə giriş imkanı getdikcə daha artıq dərəcədə hüquq kimi başa düşülür və bütün dünyada internetə girişin təmin edilməsinə və "rəqəmsal" sahədə ölkələr arasında yaranmış fərqlərin aradan qaldırılmasına yönələn səmərəli siyasətin hazırlanması üçün çağırışlar edilir. Bundan başqa, yalnız internet vasitəsilə əlçatan olan xidmətlərin və məlumatların miqdarı getdikcə artmaqdadır.
Nəhayət, daxili qanunvericiliyə əsasən həbsxana müdiriyyətinin nəzarəti altında məhbusların xüsusi olaraq bu məqsəd üçün uyğunlaşdırılmış kompüterlər vasitəsilə internetə məhdud girişinə icazə verilirdi. Beləliklə, dövlət orqanları tərəfindən məhbusların internetdən istifadəsi üçün zəruri olan tədbirləri görmüş və bununla bağlı xərcləri artıq çəkmişdilər. Sözügedən internet saytlarının Avropa Şurası və dövlətin özü tərəfindən idarə olunduğunu nəzərə alsaq, daxili məhkəmələr ərizəçinin həmin saytlardan istifadəsi ilə bağlı mümkün təhlükəsizlik risklərinin təhlilini lazımi qaydada aparmamışdılar. Ərizəçinin üç əlavə sayta girişinin əhəmiyyətli xərclərə səbəb ola biləcəyini göstərən hər hansı dəlil də yox idi. Xülasə, baxmayaraq ki, dövlət hakimiyyəti orqanlarının qeyd etdiyi təhlükəsizlik məsələləri və iqtisadi mülahizələr əhəmiyyətli sayıla bilərdi, onlar ərizəçinin məlumat almaq hüququna müdaxiləyə haqq qazandırmaq üçün yetərli deyildi.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı altı səslə).
Maddə 41: Qərara alındı ki, pozuntunun müəyyən edilməsi faktının özü hər hansı mənəvi ziyana görə yetərincə ədalətli təzminat təşkil edir.
(Bax: Əhməd Yıldırım Türkiyəyə qarşı, ərizə № 3111/10, 18 dekabr 2012-ci il, 158 saylı Məlumat bülleteni)
Full & Egal Universal Law Academy