Karaçon (Karácsony) və başqaları Macarıstana qarşı [BP] – ərizələr № 42461/13 və 44357/13
17.5.2016 tarixli qərar [BP]
Maddə 10
10-cu maddənin 1-ci bəndi
İfadə azadlığı
Parlamentdə səsvermə zamanı transparantlar nümayiş etdirdiklərinə və meqafondan istifadə etdiklərinə görə müxalifətdən olan deputatlara cərimə təyin olunması: pozuntu baş verib
Faktlar – Araşdırılan dövrdə yeddi ərizəçi Macarıstan parlamentində müxalifət təmsilçiləri idi. Onlar hökuməti korrupsiyada ittiham edən transparantlar nümayiş etdirməklə və meqafondan istifadə etməklə parlamentin iclasının işini ciddi şəkildə pozduqlarına görə spikerin təklifi ilə 170 avrodan 600 avroyadək müxtəlif məbləğlərdə cərimələndilər. Cərimələr müzakirə aparılmadan parlament tərəfindən plenar iclasda təyin olundu.
Karaçon və başqalarının (ərizə № 42461/13, 177 saylı məlumat bülleteni) və Seyl və başqalarının işləri (ərizə № 44357/13) üzrə 16 sentyabr 2014-cü il tarixli iki müvafiq qərarında Məhkəmənin Palatası yekdilliklə bu qənaətə gəldi ki, ərizəçilərin Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən ifadə azadlığı pozulub.
16 fevral 2015-ci ildə iş Hökumətin vəsatəti əsasında Böyük Palatanın icraatına verildi.
Hüquqi məsələlər – Maddə 10: Ərizəçilərə təyin edilmiş cəza onların ifadə azadlığına müdaxilə təşkil edirdi. Fikirlərin ifadə edilməsi əsasən qeyri-verbal vasitələrlə – plakat və bannerlərin nümayiş etdirilməsi yolu ilə həyata keçirilmişdi. Etiraz edilən tədbirlər elə bir hüquq norması ("Parlament haqqında" qanunun 49-cu maddəsinin 4-cü bəndi) əsasında təyin edilmişdi ki, o, bir çox Avropa ölkələrinin analoji qanunvericiliyində olduğu kimi, qeyri-müəyyənlik elementini özündə ehtiva edirdi və parlament praktikası vasitəsilə şərh edilirdi. Lakin etiraz edilən müddəa hətta əvvəllər tətbiq edilmiş olmasa belə, ərizəçilər deputat qismində fəaliyyətləri ilə əlaqədar olaraq davranışlarının doğura biləcəyi nəticələri ağlabatan dərədəcə öncədən görmək imkanına malik idilər. Beləliklə, müdaxilənin qanunla nəzərdə tutulmuş hesab edilməsi üçün həmin müddəa tələb olunan dəqiqlik dərəcəsinə cavab verirdi. Müdaxilə iki məqsəd daşıyırdı: iğtişaşın qarşısının alınması və digər şəxslərin hüquqlarının qorunması.
Müdaxilənin demokratik cəmiyyətdə zəruriliyi məsələsinə gəlincə, Məhkəmə birinci dəfə idi ki, parlamentdə fikirlərini ifadə etmə üsulu ilə əlaqədar olaraq parlament üzvlərinə təyin olunmuş daxili intizam tədbirlərinin Konvensiyanın 10-cu maddəsinə uyğunluğu məsələsini araşdırmalı idi. Böyük Palata Məhkəmənin presedent hüququ çərçivəsində formalaşan, ümumiyyətlə və parlament daxilində ifadə azadlığını tənzimləyən ümumi prinsipləri xatırlatdı, hazırkı işdə onların balanslaşdırılması tələb olunurdu.
a) İfadə azadlığı – İfadə azadlığına müdaxilənin hansı hallarda "demokratik cəmiyyətdə zəruri" olması məsələsi Heyvanların Müdafiəçilərinin Beynəlxalq Təşkilatı Birləşmiş Krallığa qarşı ([BP], ərizə № 48876/08, 22 aprel 2013-cü il, 162 saylı məlumat bülleteni) və "Delfi AS" Estoniyaya qarşı ([BP], ərizə № 64569/09, 16 iyun 2015-ci il, 186 saylı məlumat bülleteni) məhkəmə işlərində təsbit olunub və qısaca ümumiləşdirilib.
b) Prosessual təminatlar – Prosedurların ədalətliliyi və təqdim edilən prosessual təminatlar müəyyən hallarda ifadə azadlığına müdaxilənin mütənasibliyi qiymətləndirilərkən nəzərə alınmalı olan amillərdir (bax: "Ekin" assosiasiyası Fransaya qarşı, ərizə № 39288/98, 17 iyul 2001-ci il; Lombardi Vallauri İtaliyaya qarşı, ərizə № 39128/05, 20 oktyabr 2009-cu il, 123 saylı məlumat bülleteni; və Cumhuriyet Vakfı və başqaları Türkiyəyə qarşı, ərizə № 28255/07, 8 oktyabr 2013-cü il, 167 saylı məlumat bülleteni).
c) Parlament üzvlərinin ifadə azadlığı – Məhkəmə ifadə azadlığının parlament üzvləri üçün vacibliyini ardıcıl olaraq vurğulayıb, belə ki, parlamentdə fikrin ifadə edilməsi sözün tam mənasında siyasi çıxışdır. Müvafiq olaraq, parlamentdəki müxalifət üzvünün ifadə azadlığına müdaxilə Məhkəmə tərəfindən ciddi şəkildə yoxlanılmalıdır (bax: Kastels İspaniyaya qarşı, ərizə № 11798/85, 23 aprel 1992-ci il).
d) Parlamentdə ifadə azadlığı – Parlamentdəki çıxışlara müdafiənin yüksək səviyyəsi şamil olunur ki, bu da parlament immunitetinə dair qaydada öz əksini tapıb. Hər iki növ parlament immunitetinin (məsuliyyətə cəlb edilməmək və toxunulmazlıq) verdiyi təminatlar öz vəzifələrinin icrasında parlamentin müstəqilliyinin təmin edilməsinə xidmət edir. Parlamentdə söz azadlığı üçün təmin edilən müdafiə bütövlükdə parlamentin maraqlarının qorunmasına xidmət edir və yalnız fərdi qaydada parlament üzvləri üçün təmin edilən müdafiə kimi başa düşülməməlidir. Lakin parlamentdə müzakirə aparmaq azadlığı mütləq azadlıq deyil və dövlətlər bu azadlıqla bağlı müəyyən məhdudiyyətlər və ya cəza sanksiyaları tətbiq edə bilərlər, onların ifadə azadlığına uyğunluğu isə sonradan Məhkəmə tərəfindən qiymətləndirilir. Bu kontekstdə parlamentdəki çıxış ilə həmin çıxışın vaxtı, yeri və ifadə üsulu arasında fərq qoymaq önəmlidir. Dövlətlər və parlamentlər, Məhkəmə tərəfindən məhdud nəzarətin olması şərti ilə, prinsipcə parlamentdəki çıxışların vaxtını, yerini və ifadə üsulunu müstəqil surətdə tənzimləyirlər, amma bununla belə, parlamentdəki çıxışların məzmununu tənzimləməkdə onların sərbəstliyi çox məhduddur. Lakin müəyyən ifadə formalarının, məsələn, zorakılığa birbaşa və ya dolayı çağırışların qarşısını almaq üçün müəyyən məhdudiyyətlərin tətbiqi zəruri sayıla bilər. Bu kontekstdə ifadə azadlığının müdafiə altında olduğunu yoxlayarkən Məhkəmənin nəzarəti daha ciddi olmalıdır. Konvensiya effektiv siyasi demokratiya ilə parlamentin səmərəli işi arasında sıx əlaqə müəyyən edir. Bu baxımdan ölkədaxili məhkəmənin vəzifəsi parlament üzvlərinin hüquqları ilə parlamentin səmərəli işinin təmin edilməsi arasında ədalətli balansı tapmaqdır və bu zaman parlamentdəki azlığın hüquqları da nəzərə alınmalıdır.
e) Parlamentin muxtariyyəti – Parlamentin daxili fəaliyyətinə aid qaydalar konstitusion prinsip olan parlamentin muxtariyyəti prinsipindən irəli gəlir, həmin prinsipə əsasən, parlament öz daxili işlərini tənzimləmək hüququna malikdir. Parlamentin muxtariyyəti parlamentin işinin nizamlı qaydada aparılmasını təmin etməyə yönələn qaydaların qəbulunu əhatə edir. Prinsipcə parlamentin daxili fəaliyyətinə aid qaydaların müəyyənləşdirilməsində iştirakçı dövlətlər müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər ki, onun da hüdudları bir sıra amillərdən asılıdır. Konkret olaraq, bu hüdudlar ifadə edilən fikirlərin növündən asılıdır. Bunu nəzərə almaqla qeyd edək ki, cəmiyyətin üstün maraqları, azad müzakirə tələblərinə riayət edilməsi şərti ilə, parlamentin demokratik cəmiyyətdə səmərəli fəaliyyət göstərmək və öz missiyasını yerinə yetirmək iqtidarında olmasının təmin edilməsini tələb edir. Buna görə də bu sahədə dövlətlərə verilən qiymətləndirmə sərbəstliyinin (diskresion səlahiyyətlərin) hüdudları geniş olmalıdır. Lakin milli hakimiyyət orqanlarının diskresion səlahiyyətləri önəmli olsa da, qeyri-məhdud deyil və effektiv siyasi demokratiya və qanunun aliliyi konsepsiyalarına uyğun olmalıdır. Konkret olaraq, azlıqların təmsilçiləri ilə ədalətli və düzgün rəftar edilməsini və çoxluğun öz üstün mövqeyindən sui-istifadə etməməsini təmin edən balansa nail olunmalıdır. Müvafiq olaraq, parlament muxtariyyətindən parlament üzvlərinin ifadə azadlığını sıxışdırmaq məqsədi ilə sui-istifadə edilməməlidir. İştirakçı dövlətlər müəyyən parlament muxtariyyəti sistemini qəbul etməklə parlamentdə fikrin azad ifadəsinin həyata keçirilməsinə münasibətdə Konvensiya əsasında daşıdıqları məsuliyyətdən azad edilsəydilər, bu hal Konvensiyanın məqsədinə və obyektinə zidd olardı. Analoji olaraq, parlamentin daxili işinə aid qaydalar çoxluğun müxalif azlıq qarşısında öz üstün mövqeyindən sui-istifadə etməsi üçün əsas təşkil etməməlidir. Məhkəmə çoxluq tərəfindən sui-istifadə hallarına qarşı parlamentdəki azlığın müdafiəsinə önəm verir. Müvafiq olaraq, o, bütünlüklə və ya əsas etibarı ilə müxalifətin ziyanına işlədiyini hesab etdiyi istənilən tədbiri xüsusi diqqətlə araşdırır.
Hazırkı işin hallarına qayıdaraq, Məhkəmə qəbul edir ki, plakatı nümayiş etdirməklə və meqafondan istifadə etməklə ərizəçilər parlamentin işinin nizamını pozublar ki, bu da onların davranışına reaksiya verilməsini zəruri edib. Bundan başqa, onların cəzalandırılması parlamentdə müzakirə olunan məsələlərə dair baxışlarını ifadə etmələri ilə deyil, bunu etmələrinin vaxtı, yeri və üsulu ilə əlaqədar idi.
Ərizəçilərin ifadə azadlığı hüququna tətbiq edilən məhdudiyyətin sui-istifadə hallarına qarşı səmərəli və adekvat təminatlarla müşayiət olunub-olunmadığına gəlincə, Məhkəmə iki fərqli situasiyanı bir-birindən fərqləndirdi. Birinci situasiya o halda baş verir ki, parlament açıq-aydın səlahiyyətini aşmaqla, əsassız şəkildə, yaxud hətta vicdanlı davranış prinsipini pozmaqla hərəkət edərək qaydalarda nəzərdə tutulmayan və yaxud intizam qaydalarının pozuntusuna açıq-aydın qeyri-mütənasib olan sanksiyanı tətbiq edir. Bu halda parlament sanksiyaya haqq qazandırmaq üçün öz muxtariyyətinə haqq qazandıra bilməz, belə ki, Avropa Məhkəməsi onun muxtariyyəti üzərində tam nəzarəti həyata keçirir. İkinci (hazırkı işə aidiyyəti olan) situasiya o halda baş verir ki, sanksiyaya məruz qalan parlament üzvü təyin olunmuş sanksiyaya qarşı parlament proseduru çərçivəsində şikayət etmək kimi əsas prosessual təminatlardan istifadə edə bilmir. Məhkəmə etiraf etdi ki, dərhal tətbiq edilən və parlament üzvlərinin fikirlərini ifadə etmələrinin qarşısını alan sanksiyalarla pozuntu faktının baş verməsindən sonra tətbiq edilən sanksiyalar, məsələn, hazırkı işdə təyin edilmiş cərimə sanksiyası arasında fərq var. Belə hallarda mövcud prosessual təminatlar ən azı müvafiq parlament üzvünün sanksiya təyin edilənə qədər parlament proseduru çərçivəsində dinlənilməsini özündə ehtiva etməlidir. Bu hüququn mövcudluğu demokratik dövlətlərdəki məhkəmə prosedurlarında getdikcə əsas prosessual normaya çevrilir ki, bunu da, digər müddəalarla yanaşı, Avropa İttifaqının Əsas hüquqlar haqqında Xartiyasının 41-ci maddəsinin 2(a) bəndi nümayiş etdirir. Bu hüququn həyata keçirilmə üsulu və forması parlament kontekstinə uyğunlaşdırılmalıdır və bu zaman nəzərə almaq lazımdır ki, parlamentdəki azlıqla ədalətli və düzgün rəftar edilməsini və çoxluğun öz üstün mövqeyindən sui-istifadə etməsinin qarşısının alınmasını təmin edən balansa nail olunmalıdır. Bundan əlavə, intizam sanksiyasına məruz qalmış parlament üzvü bu sanksiyaya qarşı parlamentdən kənar orqana şikayət etmək hüququna malik olmayan şəxs hesab edilsə də, sözügedən davranış ilə faktiki olaraq təyin edilmiş sanksiya arasında müəyyən vaxt keçdiyini nəzərə alsaq, bu kontekstdə prosessual təminatların mövcudluğu tələbi xüsusilə ciddi xarakter daşıyır. Bundan başqa, intizam sanksiyasının tətbiqi barədə sonradan qəbul edilən istənilən qərarda əsaslandırıcı səbəblər göstərilməlidir ki, müvafiq parlament üzvü tədbirin əsaslı olub-olmadığını anlaya bilsin və həmin sanksiya üzərində müəyyən formada ictimai nəzarət mövcud olsun.
Araşdırılan dövrdə daxili qanunvericilikdə sanksiyaya məruz qalan parlament üzvlərinin müvafiq prosedurda iştirakı və xüsusən dinlənilməsi nəzərdə tutulmamışdı. Eləcə də ərizəçilərin cərimələnməsi barədə qərarlarda müvafiq əsaslar göstərilməmişdi. Bundan əlavə, etiraz edilən tədbirlərdən şikayət etmək üçün Hökumətin təklif etdiyi hüquqi müdafiə vasitələrinin heç biri, yəni məsələni parlamentin plenar iclasına çıxarmaq, palatanın komitəsinə və ya parlamentin reqlamentinin şərhinə görə cavabdeh olan komitəyə müraciət etmək spikerin təklifindən şikayət təqdim etmələri üçün ərizəçiləri səmərəli müdafiə vasitəsi ilə təmin etmirdi. Cərimələnmiş parlament üzvünün hüquqi müdafiə vasitələrindən istifadə etməsi və parlament komitəsində arqumentlərini təqdim etməsi imkanını nəzərdə tutan müddəa 2014-cü ildə qəbul edilsə də, bu dəyişiklik ərizəçinin situasiyasına təsir göstərmədi. Buradan belə nəticə çıxır ki, ərizəçilərin şikayətinə səbəb olmuş onların ifadə azadlığı hüququna edilən müdaxilə qarşıya qoyulan qanuni məqsədlərə mütənasib deyildi, çünki adekvat prosessual təminatlarla müşayiət olunmamışdı. Beləliklə, ərizəçilərin ifadə azadlığı hüququna müdaxilə demokratik cəmiyyətdə zəruri deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Maddi ziyana görə 170 avrodan 600 avroyadək müxtəlif məbləğlərdə kompensasiyalar təyin olundu; pozuntunun müəyyən edilməsi mənəvi ziyana görə yetərincə ədalətli kompensasiya hesab edildi.
Full & Egal Universal Law Academy