© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Kart Türkiyəyə qarşı (Kart v. Turkey [GC]), ərizə № 8917/05
03.12.2009-cu il tarixli qərar [Böyük Palata]
Maddə 6
6-cı maddənin 1-ci bəndi
Cinayət prosesi
Məhkəməyə müraciət hüququ
Cinayət ittihamı
Parlament üzvünün cinayət prosesində özünü müdafiə edə bilməsi üçün parlament immunitetini götürtmək imkanına malik olmaması: 6-cı maddənin 1-ci bəndi bu işə tətbiq edilə bilər; pozuntu baş verməyib
Faktlar – Vəkil qismində peşə fəaliyyətlərini həyata keçirdiyi zaman ərizəçiyə iki cinayət işi açıldı. Bundan sonra o, 2002-ci ildə Türkiyə Böyük Millət Məclisinə seçildi və parlament üzvü kimi immunitet əldə etdi. Böyük Millət Məclisinin birgə komitəsinə ərizəçinin immunitetinin götürülməsi üçün müraciət edildi, amma o, ərizəçinin səlahiyyət müddəti bitənədək ərizəçiyə qarşı cinayət işini dayandırmağı qərara aldı və qərarını Böyük Millət Məclisinin plenar iclasına təqdim etdi. Ərizəçi etiraz edərək bildirdi ki, işinə ədalətli məhkəmə araşdırması vasitəsilə baxılması hüququna malikdir. Bu arada ərizəçi 2007-ci ildə yenidən parlamentə seçildi. Ərizəçinin deputat toxunulmazlığının götürülməsi barədə öz müraciəti parlament komitəsinin gündəliyində baxılmamış qaldı.
8 iyul 2008-ci il tarixli qərarla (110 saylı Məlumat bülleteninə bax) Məhkəmənin Palatası Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu müəyyən etdi.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi: a) 6-cı maddənin 1-ci bəndinin bu işə tətbiqinin mümkünlüyü məsələsi – Şəxs barəsində cinayət işi açılması onun vəziyyətinə labüd olaraq təsir göstərir. Şübhə yoxdur ki, bu işdə qaldırılan məsələ ərizəçinin cinayət işinə ağlabatan müddətdə baxılması hüququna aiddir. Buna görə də bu nəticəyə gəlmək olar ki, 6-cı maddənin 1-ci bəndi bu işə tətbiq edilə bilər.
b) 6-cı maddənin 1-ci bəndinə riayət edilib-edilməməsi məsələsi – Parlament immunitetinin ərizəçinin hüquqlarına təsiri bu immunitetin institusional məqsədlərinin saxlanılması tələbi nəzərə alınmaqla qiymətləndirilməlidir: immunitetin götürülməməsinin parlamentin toxunulmazlığının qorunmasında rolu nə qədər azdırsa, onun əsaslandırılması üçün bir o qədər ciddi dəlillər gətirilməlidir və əksinə. Şübhə yoxdur ki, immunitetin götürülməsi və ya saxlanılması məsələsində dövlətlər qiymətləndirmə sərbəstliyinə malikdirlər. Qanunun aliliyi prinsipinə riayət edilməsini təmin etmək üçün Türkiyə qanunvericiliyində deputat toxunulmazlığı sisteminin institusional konfiqurasiyasını və bu sistemin tətbiqinin şərtlərini qiymətləndirmək lazımdır. Şübhəsiz ki, Türkiyə deputatlarının toxunulmazlığının hüdudları digər iştirakçı dövlətlərdəkinə nisbətən bir çox cəhətdən genişdir. Amma immunitetin təmin etdiyi müdafiənin həcmini özlüyündə həddən artıq geniş hesab etmək olmaz. Bu immunitet nisbidir və deputat səlahiyyətlərinin müddəti ilə məhdudlaşır, həmçinin istisna hallar ola bilər, yəni immunitet götürülə bilər. Bu immunitet cinayət işlərində tətbiq edilir, amma o, müəyyən hallarda, məsələn, şəxs cinayət başında yaxalandıqda, yaxud rejimə və ya dövlətə qarşı cinayət törətdikdə tətbiq edilə bilməz. Bundan başqa, Türkiyə qanunvericiliyinə əsasən parlament immunitetinin hüdudları kifayət qədər geniş olsa da, görünür, onun həcmi Avropanın bir çox parlament sistemlərində qəbul edilmiş qaydalara zidd deyil. Hazırkı işdə aydın görünürdü ki, bu institutun (parlament immunitetinin) məqsədi ərizəçi barəsində cinayət təqibinin qarşısını almaqdır. Lakin bu maraq ərizəçinin immuniteti götürtmək hüququ ilə deyil, onun məhkəməyə müraciət hüququ ilə balanslaşdırılmalı idi. Belə qərarların qəbulu parlamentin daxili prosedurlarına aid məsələdir və buna görə də yalnız onun səlahiyyəti daxilindədir. Avropa Məhkəmənin rolu isə bu məsələyə aid parlament prosedurunun Konvensiya ilə təmin olunan hüquqlara uyğun olub-olmadığını müəyyənləşdirməkdir. İmmunitetin götürülməsi barədə tələblərə baxılması üzrə parlament proseduru Konstitusiya və Böyük Millət Məclisinin Reqlamenti ilə müəyyən edilir və onların vasitəsilə ilə tənzimlənir. Bu prosedur qərarların qəbulu prosesinin hər bir mərhələsində müdafiə hüququnu və müvafiq parlament qurumlarının qərarlarına qarşı şikayət hüququnu təmin edən bir sıra formallıqlarla şərtlənir.
Ərizəçi onun barəsindəki cinayət işləri üzrə icraatın dayandırılması barədə qərarlardan şikayət verməklə müvafiq hüquqlarını həyata keçirmək imkanına malik idi. Bundan başqa, immunitetin götürülməsi və ya götürülməməsi barədə qərarın qəbuluna görə məsuliyyətin parlamentin öhdəsinə düşməsi parlamentin müstəqilliyinin həyata keçirilməsinin bir üsulu idi. Belə qərarlar mahiyyət etibarı ilə hüquqi deyil, siyasi qərarlardır, buna görə də məhkəmə qərarlarının əsaslandırılması üçün tətbiq edilən meyarları bu cür qərarlara tətbiq etmək olmazdı. Bundan başqa, parlamentin 22-ci sessiyasından başlayaraq parlament immunitetinin götürülməsi barədə istənilən tələblərin daim rədd edilməsi tendensiyası müşahidə olunur. Müvafiq olaraq, bu cür praktika ayrı-seçkilik xarakterli deyildi və ya qanunsuz xarakter daşımırdı. İmmunitetin götürülməsi barədə tələblərə müvafiq parlament komitələri tərəfindən baxılması müəyyən müddətlərlə məhdudlaşır, plenar iclasda baxılmasına isə müddət qoyulmur. Bu işdə Avropa Məhkəməsi nəzərə aldı ki, ərizəçiyə qarşı irəli sürülmüş cinayət ittihamları altı ildən artıq qüvvədə qalıb və ərizəçinin parlament səlahiyyətləri başa çatana qədər bu müddət uzadıla bilər. Beləliklə, bu parlament proseduru istənilən cinayət icraatına xas olan qeyri-müəyyənliyi daha da artırıb və məhkəmə araşdırmasının müddətlərinin uzanmasına səbəb olub. Palata bu cür prosessual xarakterli gecikdirmələrin ərizəçiyə ziyan yetirdiyi qənaətinə gəlsə də, Böyük Palata ərizəçinin xüsusi statusunu və barəsində şikayət edilən prosedurun spesifikliyini nəzərə almaya bilməz: parlament üzvünün immuniteti ilə ərizəçinin müttəhim statusu arasındakı əlaqə bu işdə mühüm əhəmiyyət kəsb edən məsələ idi. Hələ seçkilərə qədər ərizəçi barəsində cinayət işləri açılmışdı. Vəkil olaraq o, deputat seçilməsinin ona qarşı açılmış cinayət işlərinə təsir göstərəcəyini, yəni toxunulmazlıqdan imtina etməsinin mümkün olmayacağını və immunitetin götürülməsi üçün onun istəyinin kifayət etməyəcəyini bilməmiş deyildi. Bu şikayətin qeyri-adi xarakter daşıdığını, yəni immunitetin parlamentdəki yerə sahib olan şəxsə üstünlük gətirən amil olmaqdansa onu əlverişsiz vəziyyətə salan amilə çevrildiyini nəzərə alaraq, Məhkəmə bu qənaətə gəldi ki, məhkəmə prosesinin gecikdirilməsinin ərizəçinin məhkəmə araşdırması hüququna göstərdiyi təsir müəyyənləşdirilərkən deputat statusu səbəbindən ərizəçinin məruz qaldığı ziyanın dərəcəsi də nəzərə alınmalı olan amildir.
Ərizəçinin məruz qaldığı ziyanı qiymətləndirərkən cinayət işinə baxılması üçün zəruri olan müddət deyil, immunitetin götürülməsi barədə onun tələblərinə parlament tərəfindən baxılması prosedurundakı yubanmalar nəzərə alınmalıdır. Bu baxımdan ərizəçinin mandatının müddəti bitdikdən sonra ədalətli məhkəmə hüququnu həyata keçirmək imkanına malik olmayacağını güman etmək üçün heç bir əsas yox idi. Belə görünür ki, parlament proseduru bu imkana heç cür xələl gətirmirdi, xüsusən də ona görə ki, həmin prosedur bütün təqsirləndirilən şəxslərin malik olduqları təqsirsizlik prezumpsiyası hüququna təsir göstərmirdi. Onu da nəzərdən qaçırmaq olmaz ki, parlament qurumlarının bu kontekstdə qəbul etdiyi qərarlar cəza və ya sanksiya məqsədi daşımırdı və deputat toxunulmazlığının götürülməsindən imtinanı nəzərdə tutduqlarına görə həmin qərarlar deputatlara ziyan yetirməyə deyil, onların müdafiəsinə yönəlmişdi. Hazırkı işdə deputat toxunulmazlığının götürülməsindən imtinanın cinayət işinin davam etdirilməsinə təsiri müvəqqəti xarakter daşıyır və bundan əlavə, parlament ədalət mühakiməsinin həyata keçirilməsində ümumiyyətlə iştirak etmir. Bu işdə parlament immunitetin götürülməsi barədə ərizəçinin tələbini araşdırarkən, görünür, yalnız bu məsələni qiymətləndirib ki, ədalət mühakiməsinin həyata keçirilməsi qarşısında yeganə maneə olan toxunulmazlıq dərhal götürülməlidir, yoxsa parlament mandatının müddətinin bitməsini gözləmək daha məqsədəuyğundur? Beləliklə, parlament sadəcə olaraq ədalət mühakiməsinin həyata keçirilməsi prosesini dayandırıb və bu prosesdə iştirak etməyib. Ona qarşı başlanmış cinayət işlərinin onun nüfuzuna ziyan yetirə biləcəyi barədə ərizəçinin arqumentlərinə gəlincə, öz təbiətinə görə bu cür ziyan yalnız rəsmi ittiham irəli sürüldüyü an baş verir. Lakin bu işdə heç bir şübhə yoxdur ki, ərizəçinin şərəf və nüfuzunun müdafiəsi təqsirsizlik prezumpsiyası prinsipinə riayət edilməsi vasitəsilə qorunub.
Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə hesab etdi ki, parlament proseduruna xas olan ləngimələr ərizəçinin işinə məhkəmə tərəfindən baxılması hüququna təsir göstərsə də, həmin ləngimələr ucbatından məhkəmə prosesinin gecikməsi ərizəçinin hüquqlarının mahiyyətinə xələl gətirməyib. Etiraz edilən immunitetin müddəti məhdud idi və o, məhkəmə təqibi üçün nəzərdə tutulan müddətin axımının dayandırılmasına aid xüsusi normalarla tənzimlənirdi, buna görə də həmin immunitet cinayət işinə baxılması qarşısında sadəcə olaraq müvəqqəti prosessual maneə idi və bu maneə ərizəçini onun işinə sonradan mahiyyəti üzrə baxılması imkanından məhrum etmirdi.
Qanununun aliliyi tələblərinə riayət edilməsinə gəlincə, ərizəçinin mandatından irəli gələn immunitet yalnız qanuni məqsədlər üçün, yəni parlamentin toxunulmazlığını və müxalifətin müdafiəsini təmin etmək məqsədləri üçün tətbiq edilib. Beləliklə, bu işdə ərizəçinin toxunulmazlığının götürülməsi barədə müraciətinin təmin edilməməsi qanuni məqsəd daşıyıb. Bu baxımdan ərizəçinin immunitetdən şəxsi imtinası Böyük Millət Məclisinin bu barədə qərarını əvəz edə bilməzdi. Nəhayət, cinayət ittihamları ilə bağlı məhkəmə qərarının çıxarılmasına nail olmaq hüququnun mütləq hüquq olmadığını və xüsusən də qərarın gecikdirilməsinin tərəflərə düzəldilməsi mümkün olmayan ziyan yetirmədiyini nəzərə alsaq, ərizəçinin deputat immunitetinin götürülməməsi onun məhkəməyə müraciət hüququna ziyan yetirsə də, həmin ziyan qarşıya qoyulan qanuni məqsədlərə qeyri-mütənasib deyildi.
Nəticə: pozuntu baş verməyib (dörd səsə qarşı on üç səslə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy