Kasparov (Kasparov) və başqaları Rusiyaya qarşı – ərizə № 21613/07
3.10.2013 tarixli qərar [I Bölmə]
Maddə 11
11-ci maddənin 1-ci bəndi
Dinc toplaşmaq azadlığı
Dinc xarakter daşıyan, amma icazəsiz olan nümayişdə iştiraka görə inzibati cərimənin tətbiq edilməsi: pozuntu baş verib
Maddə 6
6-cı maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması
İttihamların əsasını təşkil edən qeyri-müəyyən situasiyaya aydınlıq gətirmək üçün müdafiə tərəfinin şahidlərini çağırmaqdan imtina edilməsi: pozuntu baş verib
Faktlar – 2007-ci ilin aprelində Moskvada məhdud məkanda hökumət əleyhinə mitinqdən ibarət olan nümayiş keçirildi. Amma mitinqdən sonra yürüş keçirilməsinə icazə verməkdən imtina edildi. İş konkret olaraq nümayişdən əvvəl aparılmış bir sıra həbslərlə əlaqədar idi və tərəflər arasında həbsin halları ilə bağlı fikir ayrılıqları vardı. Hökumət iddia etdi ki, təxminən əlli nəfərlik qrup ucadan hökumət əleyhinə şüarlar səsləndirərək yürüş etməyə başladılar. Polis qrupun bəzi üzvlərini, o cümlədən birinci səkkiz ərizəçini yüksək təhlükəsizlik zonasına keçmək təhlükəsi yaratdıqları zaman həbs etdi. Ərizəçilər iddia etdilər ki, onlar nə yürüş keçirmiş, nə də yüksək təhlükəsizlik zonasına keçməyə cəhd etmişdilər. Birinci, ikinci və beşinci ərizəçilər iddia etdilər ki, mitinqin keçiriləcəyi yerə doğru dinc şəkildə irəlilədikləri zaman tutulublar, qalan ərizəçilər isə ümumiyyətlə nümayişə hər hansı aidiyyətləri olduğunu inkar etdilər. Bir-birinə zidd olan versiyaları qiymətləndirərkən işə baxan hakim polisin məlumatlarındakı versiyanı qəbul etdi və belə əsas gətirdi ki, polis bu işdə "maraqlı olmayan" tərəf idi. Birinci səkkiz ərizəçi inzibati hüquq pozuntusu törətməkdə, yəni nümayiş keçirmə qaydalarını pozmaqda təqsirli bilindilər və cərimə cəzası aldılar. Onların verdikləri şikayətlər uğursuzluqla nəticələndi.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi (birinci səkkiz ərizəçi)
a) 6-cı maddənin bu işə tətbiqinin mümkünlüyü məsələsi – Hökumət iddia etdi ki, 6-cı maddə inzibati icraatlara tətbiq edilə bilməz. Lakin ərizəçilərin təqsirli bilindikləri hüquq pozuntusu Rusiya qanunvericiliyində "inzibati" hüquq pozuntusu kimi təsnifləşdirilsə də, Engel və başqaları Niderlanda qarşı məhkəmə işində (ərizə № 5100/71 və s., 8 iyun 1976-cı il) müəyyən edilmiş meyarlara əsasən faktiki olaraq 6-cı maddənin tətbiqinin məqsədləri üçün cinayət hüquq pozuntusu təşkil edirdi.
Nəticə: Hökumətin ilkin etirazı rədd edildi (yekdilliklə).
b) Şikayətin mahiyyəti – Ərizəçilərin təqsirkar sayılması əsasən onların müəyyən vaxtda müəyyən yerdə olmaları ehtimalına əsaslanırdı. Lakin ərizəçilərin həbsinin halları, məsələn, onların qeyd edilən yerdə olmalarının məqsədi, iddia edilən yürüşün vaxtı və hətta həbs edilmələrinin vaxtı və dəqiq yeri ilə bağlı tərəflər arasında fikir ayrılıqları vardı. Tərəflərin bərabərliyi prinsipinin və ədalətli məhkəmə araşdırması hüququnun tələbinə əsasən ərizəçilərə daxili məhkəmələr qarşısında hadisələr barəsində öz versiyalarını təqdim etmələri üçün ağlabatan imkan yaradılmalı idi. Beləliklə, daxili məhkəmələrin polislərin məlumatlarını qeyd-şərtsiz qəbul etmələri və müdafiə tərəfinin şahidlərinin ifadələrinin iş üçün əhəmiyyətli olub-olmadığını yoxlamadan onları dinləməkdən imtina etmələri ərizəçilərin müdafiə hüquqlarının ədalətli məhkəmə araşdırması təminatları ilə bir araya sığmayan dərəcədə məhdudlaşdırılmasına gətirib çıxarmışdı.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 11 (birinci, ikinci və beşinci ərizəçilər) – İctimai mitinqlərin keçirilməsi üçün ictimai asayiş və milli təhlükəsizlik mülahizələrinə görə qabaqcadan icazə almaq tələbinin qoyulması özü-özlüyündə 11-ci maddənin ruhuna zidd olmasa da, nümayişin qabaqcadan icazə almadan təşkil edilməsi kimi qanunsuz situasiyanın mövcudluğu toplaşmaq azadlığının pozulmasına haqq qazandırmır. Konkret olaraq, icazəsiz nümayiş keçirənlər zorakılıq aktları törətmirlərsə, dövlət hakimiyyəti orqanları dinc toplantılara müəyyən dərəcədə dözümlülüklə yanaşmalıdırlar. Ərizəçilərin qadağan olunmuş zonaya daxil olmağa cəhd etdikləri barədə Hökumətin iddiasına gəlincə, qrupdakıların sayının az olduğunu və yürüşün birmənalı olaraq dinc xarakter daşıdığını nəzərə alaraq, Məhkəmə nümayişçilərin təhlükəsizlik zonasına daxil olması təhlükəsinin real olduğuna əmin deyil.
Nəticələri öncədən proqnozlaşdırıla bilməyən və icazəsiz olan nümayişlə qəflətən üzləşməsi və yaranmış durumu başqa vasitələrlə həll edə bilməyəcəyi səbəbindən polisin həbs tədbirinə əl atdığı barədə Hökumətin arqumenti daxili məhkəmələrin müəyyən etdikləri faktlara ziddir. Polisin gördüyü hazırlıq tədbirləri, şübhəsiz ki, bu cür kiçik həcmli qrupun yüksək təhlükəsizlik zonasından uzaqlaşdırılmasına imkan yaradırdı və orada çoxlu sayda polislərin olduğunu nəzərə alsaq, həbs tədbirinə əl atmadan ictimai asayişi və təhlükəsizliyi qorumaq mümkün idi. Buradan belə nəticə çıxır ki, ərizəçilərin tutulmasının və inzibati hüquq pozuntularında ittiham edilməsinin yeganə səbəbi hakimiyyət orqanlarının onların nümayişini icazəsiz hesab etmələri idi. Beləliklə, Hökumət onların həbsi üçün "təxirəsalınmaz ictimai tələbatın" mövcud olduğunu sübut edə bilməyib. Belə olan halda, polisin güc tətbiqi vasitəsilə müdaxiləsi ictimai iğtişaşın qarşısını almaq üçün mütənasib və zəruri deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə birinci, ikinci və beşinci ərizəçilərin hər birinə 10.000 avro; üçüncü, dördüncü, altıncı, yeddinci və səkkizinci ərizəçilərin hər birinə isə 4.000 avro təyin edildi.
(Həmçinin bax: Qalstyan Ermənistana qarşı, ərizə № 26986/03, 15 noyabr 2007-ci il, 102 saylı məlumat bülleteni; və Sergey Kuznetsov Rusiyaya qarşı, ərizə № 10877/04, 23 oktyabr 2008-ci il, 112 saylı məlumat bülleteni)
Full & Egal Universal Law Academy