Katikaridis (Katikaridis) və başqaları Yunanıstana qarşı – ərizə № 19385/92
15.11.1996 tarixli qərar
1 saylı Protokolun 1-ci maddəsi
1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsi
Mülkiyyətdən məhrumetmə
Magistral yolun yaxşılaşdırılmasından ərizəçilərin yararlanmalarının yetərli kompensasiya təşkil etdiyini nəzərdə tutan prezumpsiya əsasında əmlaklarının magistral yola çıxan hissəsinin müsadirə olunmasına görə ərizəçilərin tam kompensasiya ala bilməməsi: pozuntu baş verib
[Bu qısa icmal Məhkəmənin rəsmi məlumatlar toplusundan (A seriyaları və ya "Qərar və qərardadlara dair məlumatlar toplusu") götürülüb. Buna görə də onun formatı və quruluşu presedent hüququna dair məlumat bülletenlərində yer alan qısa icmallardan fərqlənə bilər.]
I. Hökumətin ilkin etirazı (daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsi)
Hökumətin ilkin etirazının birinci aspekti: Hökumət iddia etmişdi ki, ərizəçilər daxili məhkəmələrdəki icraatlarda 1 saylı Protokolun 1-ci maddəsinə istinad etməyiblər – Məhkəmə müəyyən etdi ki, Kassasiya Məhkəməsinin plenar iclasında ərizəçilər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 1 saylı Protokolun 1-ci maddəsinə açıq-aydın istinad etmişdilər.
İkinci aspekt: Hökumət iddia etmişdi ki, Kassasiya Məhkəməsinin Dördüncü bölməsindəki icraat hələ başa çatmayıb – Məhkəmə müəyyən etdi ki, Kassasiya Məhkəməsinin plenar iclasının 6 iyun 1991-ci il tarixli qərarından sonra bu cür icraatın ərizəçilər üçün heç bir uğur perspektivi yoxdur.
Nəticə: ilkin etiraz rədd edildi (yekdilliklə).
II. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi
A. Nəzərə alınmalı olan müddət
Müddətin başlanma tarixi: Yunanıstanın Məhkəmənin fərdi şikayətləri qəbul etmək hüququnu tanıdığı barədə bəyanat verdiyi tarix.
Müddətin bitmə tarixi: Kassasiya Məhkəməsinin plenar iclasının qərar çıxardığı gün.
Ümumi müddət: beş il altı ay on yeddi gün.
B. İcraatın uzun sürməsinin əsaslılığı
Kassasiya Məhkəməsindəki icraat üç ildən bir az artıq davam etmişdi – belə uzun müddət bu faktdan irəli gəlirdi ki, işə məhkəmənin üç müxtəlif tərkibli hakimlər heyəti tərəfindən baxılmışdı.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
III. 1 saylı Protokolun 1-ci maddəsi
Ərizəçilər mülkiyyətlərindən məhrum olmuşdular – əmlaklarının müsadirəsi cəmiyyətin ümumi maraqlarına xidmət etməklə qanuni məqsəd daşıyırdı, yəni magistral yolun vəziyyətinin yaxşılaşdırılması məqsədini güdürdü.
Qanunvericilikdə nəzərdə tutulan və Kassasiya Məhkəməsinin rəyinə görə təkzibedilməz olan prezumpsiyanın mənası ondan ibarət idi ki, kompensasiyanın məbləği eni on beş metr olan sahənin dəyəri miqdarında azaldılır və mülkiyyətçilərin əslində bu işlərin nəticəsində müxtəlif məbləğlərdə itkilərə məruz qalmalarından şikayət etmələrinə icazə verilmir.
Bu sistem olduqca qeyri-mütəhərrik idi (və açıq-aydın məntiqi əsasa söykənmirdi) və mülkiyyət hüququnun müdafiəsi tələbi ilə cəmiyyətin ümumi maraqlarının tələbləri arasında ədalətli balansı təmin etmirdi, ərizəçilərin üzərinə fərdi və həddən artıq ağır yük qoyulmuşdu, bu vəziyyət yalnız o halda qanuni sayıla bilərdi ki, onlar daxili məhkəmələr tərəfindən qiymətləndirilərək müəyyənləşdirilmiş kompensasiya məbləğini almaq imkanına malik olsunlar.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
IV. Konvensiyanın 50-ci maddəsi
A. Maddi ziyan: qərara alındı ki, bu məsələ həll olunmaq üçün hələ hazır deyil.
Nəticə: maddi ziyanla bağlı qərar çıxarılması təxirə salındı (yekdilliklə).
B. Məhkəmə xərcləri və digər məsrəflər: daxili məhkəmələrdəki icraatlarda və Konvensiya orqanlarında çəkilmiş xərclər qismən kompensasiya edildi.
Nəticə: cavabdeh dövlət qərarda göstərilən məbləği ərizəçilərə ödəməlidir (yekdilliklə).
Full & Egal Universal Law Academy