İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
KƏRİMLİ VƏ ƏLİBƏYLİ AZƏRBAYCANA QARŞI
(18475/06 və 22444/06 nömrəli şikayətlər)
Q Ə R A R
STRASBURQ
10 yanvar 2012-ci il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində təsbit edilmiş qaydada qəti qüvvəyə minəcəkdir. Qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.
Kərimli və Əlibəylinin Azərbaycana qarşı işi üzr,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:
Sədrlik edən - Nina Vajiç,
Hakimlər -
Elizabet Steyner,
Xanlar Hacıyev,
Miryana Lazarova Traykovska,
Julia Laffranq,
Linos-Aleksandr Sisilianos,
Erik Mose,
və Bölmə katibi - Soren Nilsen,
6 dekabr 2011-ci ildə şikayətə qapalı məhkəmə iclasında baxaraq, bu qərarı qəbul edir.
PROSES
1. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 34-cü maddəsinə uyğun olaraq bu iş Azərbaycan Respublikasının iki vətəndaşı - cənab Əli Əmirhüseyn oğlu Kərimli (“birinci ərizəçi”) və cənab Qulamhüseyn Surxan oğlu Əlibəylinin (“ikinci ərizəçi”) Azərbaycana qarşı müvafiq olaraq 28 aprel və 19 may 2006-cı ildə təqdim etdikləri iki şikayət (no. 18475/06 və 22444/06) əsasında başlanmışdır.
2. Ərizəçilər Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab İ.Əliyev, Azərbaycan Hökuməti (“Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil olunmuşlar.
3. Ərizəçilər əsasən namizədliklərini irəli sürdükləri müvafiq seçki dairələrində seçkilərin nəticələrinin Konstitusiya Məhkəməsi tərəfindən etibarsız hesab edilməsi ilə Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsində təsbit edilmiş seçki hüquqlarının pozulduğunu iddia etmişlər.
4. 3 sentyabr 2008-ci ildə (no. 22444/06) və 21 oktyabr 2008-ci ildə (no. 18475/06) Birinci Bölmənin sədri şikayətlər barədə Hökumətə məlumat vermək qərarına gəlmişdir. Həmçinin, şikayətlərin məqbuliyyəti və mahiyyəti barədə eyni vaxtda qərar çıxarmaq qərara alınmışdır (Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
5. Hər iki ərizəçi Bakıda yaşayır. Onlar müxalifətin tanınmış siyasətçiləridirlər. Birinci ərizəçi 2005-ci ilin parlament seçkilərinə qədər parlamentin deputatı olmuşdur. Hər iki ərizəçi Milli Məclisə 6 noyabr 2005-ci il seçkilərində müxalifətin Azadlıq blokunun namizədləri qismində iştirak etmişlər.
A. Birinci ərizəçinin seçki dairəsində seçkilərin nəticələri
6. Birinci ərizəçinin namizədliyi birmandatlı 31 saylı Suraxanı İkinci Seçki Dairəsi üzrə Dairə Seçki Komissiyası (“DSK”) tərəfindən qeydə alınmışdır. Bu seçki dairəsində ümumilikdə iyirmi səkkiz seçki məntəqəsi olmuşdur.
7. 7 noyabr 2005-ci ildə Azadlıq blokunun nümayəndələri Mərkəzi Seçki Komissiyasına (“MSK”) bir neçə şikayət ərizəsi ilə müraciət edərək seçki günü iqtidar yönümlü namizədlərin xeyrinə seçki qanunvericiliyinin dəfələrlə pozulduğunu bildirmiş və bütün dairədə seçkilərin nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişlər.
8. 8 noyabr 2005-ci ildə MSK seçki qanunvericiliyinin pozulması ilə bağlı 31 saylı Suraxanı İkinci Seçki Dairəsinin on seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab etmişdir. MSK bütünlükdə seçki dairəsi üzrə seçkilərin nəticələrini etibarsız saymamışdır.
9. Sonra MSK rəsmi internet saytında digər on səkkiz seçki məntəqəsində səsvermənin nəticələri əsasında 31 saylı Suraxanı İkinci Seçki Dairəsi üzrə seçkilərin ilkin nəticələrini dərc etmiş və bu nəticələrə görə ərizəçi 3.515 səs toplamış ən yaxın rəqibini üstələyərək 3.549 səslə qalib olmuşdur.
B. İkinci ərizəçinin seçki dairəsində seçkilərin nəticələri
10. İkinci ərizəçi namizədliyini birmandatlı 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsindən irəli sürmüşdür.
11. 6 noyabrda Dairə Seçki Komissiyası səsvermənin nəticələrini müəyyənləşdirməsindən sonra seçkilərin nəticələrinə dair protokol tərtib etmiş və bu protokola görə dairə üzrə ərizəçinin lehinə ümumilikdə 4.264 seçici səs vermişdir. Onun ən yaxın rəqibi 3.575 səs qazanmışdır. DSK-nın protokolunda ərizəçinin adı qalib kimi göstərilmişdir.
12. Seçkilərin nəticələrinə dair DSK-nın protokolu təsdiq olunmaq üçün MSK-ya göndərilmişdir.
C. MSK-nın seçkilərin nəticələri üzrə yekun protokolu
13. MSK-nın seçkilərin ümumi yekunları haqqında protokolunda birinci ərizəçinin 31 saylı Suraxanı İkinci Seçki Dairəsi və ikinci ərizəçinin 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsi üzrə namizədliyinin seçildiyi müəyyən edilmişdir.
14. Ölkə üzrə seçkilərin nəticələrinə gəldikdə, MSK dörd seçki dairəsi üzrə seçkilərin nəticələrini etibarsız hesab etmiş, 121 seçki dairəsində, həmçinin hər iki ərizəçinin namizədliklərini irəli sürdükləri dairələrdə isə seçkilərin nəticələrini təsdiq etmişdir.
15. 23 noyabr 2005-ci ildə MSK seçkilərin yekunlarına dair protokolu DSK-nın protokolları və digər sənədlərlə birlikdə yoxlanılması və təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim etmişdir.
D. Konstitusiya Məhkəməsinin ərizəçilərin seçki dairələri üzrə seçkilərin nəticələrini etibarsız hesab etməsi
16. Konstitusiya Məhkəməsi 1 dekabr 2005-ci il tarixli qərarı ilə 115 seçki dairəsində seçkilərin nəticələrini təsdiq etmiş, qalan 6 dairədə isə nəticələri təsdiq etməmişdir. Qərarın müvafiq hissəsində bildirilir:
“Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə ünvanladığı 30 noyabr 2005-ci il tarixli məktubunda Azərbaycan Respublikasının Prokurorluğu göstərmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə əlaqədar qanun pozuntularına yol verilməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasından və müvafiq dairə seçki komissiyalarından Baş Prokurorluğa cinayət tərkibli ehtimal edilən cəmi 72 müraciət daxil olmuşdur.
Həmin müraciətlərin araşdırılması nəticəsində bir sıra seçki dairələrində qeydiyyata alınmış namizədlər və seçki komissiyalarının üzvləri barəsində 11 cinayət işi, o cümlədən seçki sənədlərini saxtalaşdırdıqlarına görə 31 saylı Suraxanı ikinci seçki dairəsinin 10 məntəqə seçki komissiyasının sədrləri və üzvləri, qulluq səlahiyyətlərindən sui-istifadə etdiklərinə görə 69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairə seçki komissiyasının 4 üzvü barəsində cinayət işləri başlanılmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən tələb edilmiş əlavə sənədlərin, habelə cəlb olunmuş mütəxəssislərin arayışının təhlili göstərir ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası protokolunun tərtib edilməsi üçün əsas götürülmüş 121 dairə seçki komissiyasının protokollarından 115 dairə seçki komissiyasının protokolları Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun hesab edilməlidir.
Qalan 6 (altı), o cümlədən 31 saylı Suraxanı ikinci və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairə seçki komissiyalarının protokolları yuxarıda göstərilən Seçki Məcəlləsinin tələblərinə cavab vermədiyindən, həmin dairələr üzrə seçkilərin nəticələri təsdiq oluna bilməz.
......Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara aldı:(qeyd edilən) 115 seçki dairəsi üzrə seçkilərin nəticələri təsdiq edilsin.31 saylı Suraxanı ikinci, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar (və dörd digər) seçki dairələri üzrə seçkilərin nəticələri təsdiq edilməsin.Qərar elan olunduğu andan qüvvəyə minir...”
17. Konstitusiya Məhkəməsi nəticələri etibarsız hesab edilmiş bütün seçki dairələrində təkrar seçkilərin 13 may 2006-cı ildə keçirilməsini qərara almışdır.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Azərbaycan Respublikasının Konstitusiyası
18. 86-cı maddədə bildirilir: Maddə 86. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi
Seçkilərin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.
B. Seçki Məcəlləsi
19. Seçki gününün sonunda seçki məntəqəsində səslər hesablandıqdan sonra Məntəqə Seçki Komissiyası (“MənSK”) səsvermənin nəticələrinə dair 3 nüsxədə protokol tərtib edir (106.1‑106.6-cı maddələr). MənSK-nın protokolunun 1 nüsxəsi digər müvafiq sənədlərlə birlikdə 24 saat ərzində DSK-ya göndərilir (106.7-ci maddə). DSK MənSK-nın protokolunun qanuna uyğunluğunu və protokolda hər hansı uyğunsuzluğun mövcud olub-olmamasını yoxlayır (107.1-ci maddə). Dairə Seçki Komissiyasının protokolu Məntəqə Seçki Komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında səsvermə günündən 2 gün keçənədək tərtib edilir (107.2-ci maddə). Sonra DSK-nın protokolunun 1 nüsxəsi digər müvafiq sənədlərlə birlikdə 2 gün ərzində MSK-ya göndərilir (107.4-cü maddə). MSK DSK protokolunun qanuna uyğunluğunu, protokolda hər hansı uyğunsuzluğun mövcud olub-olmamasını yoxlayır (108.1-ci maddə) və sonra seçkilərin ümumi yekunları haqqında protokol tərtib edir (108.2-ci maddə).
20. Mərkəzi Seçki Komissiyası Dairə Seçki Komissiyaları tərəfindən təqdim edilmiş protokollarda (onlara əlavə edilən digər sənədlər də daxil olmaqla) səsvermə günündən başlayaraq ən geci 4 gün müddətində səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar etdikdə, o, müvafiq seçki dairəsində səslərin yenidən hesablanması haqqında qərar qəbul edə bilər (108.4-cü maddə).
21. Qeydə alınmış namizədin seçilməsinin etibarsız sayılması barədə müraciətə baxılarkən seçki komissiyası vətəndaşların və vəzifəli şəxslərin məlumatını dinləmək, zəruri sənəd və materialları tələb etmək və almaq hüququna malikdir (112.8-ci maddə).
22. Seçilməyən namizədlərə seçilməkdə kömək göstərilməsi ilə əlaqədar baş verən pozuntular aşkar edildikdə, onlar seçkilərin yekunları barədə qərarın ləğv edilməsi üçün əsas sayıla bilməz (114.5-ci maddə).
23. Birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etdikdə Dairə Seçki Komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə seçkiləri etibarsız sayır (170.2.2-ci maddə).
24. Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq seçkilərin yekunlarını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir (171.1-ci maddə). Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək Dairə Seçki Komissiyalarının protokollarını (bu Məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayır, 48 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir (171.2-ci maddə). Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin bu Məcəlləyə uyğunluğunu yoxlayır. Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər (171.3-cü maddə). Dairə Seçki Komissiyalarının protokolları bu Məcəllənin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir (171.4-cü maddə).
C. Konstitusiya Məhkəməsi haqqında Qanun
25. 42-ci maddədə bildirilir:
Maddə 42. Xüsusi konstitusiya icraatında maraqlı subyektlər
“42.1. Azərbaycan Respublikası Konstitusiyasının .....86-cı maddəsində..... nəzərdə tutulmuş hallarla əlaqədar Konstitusiya Məhkəməsinə sorğu və ya müraciət vermiş orqanlar və bu cür sorğu və ya müraciətlər əsasında mənafelərinə toxunulan orqanlar və şəxslər xüsusi konstitusiya icraatının maraqlı subyektləridir.
42.2. Xüsusi konstitusiya icraatında maraqlı subyektləri onların nümayəndələri təmsil edə bilərlər.”
26. 43-cü maddəyə uyğun olaraq tərəflərin və maraqlı subyektlərin xüsusilə aşağıdakı hüquqları vardır: (a) Konstitusiya Məhkəməsinin iclaslarında iştirak və çıxış etmək; (b) sübutları və digər materialları təqdim etmək; (c) işə baxılmasına dair vəsatət və təkliflər vermək; (ç) onlara verilən suallara cavab vermək; (d) hakimlərə etirazlar etmək; (e) şahid və ekspertlərin dəvət olunmasını xahiş etmək; və s.
27. 54-cü maddədə bildirilir: Maddə 54. Azərbaycan Respublikası Milli Məclisi deputatları seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi haqqında məsələyə baxılmasının xüsusiyyətləri
“54.1. Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə görə Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisi deputatları seçkilərinin nəticələrinin düzgünlüyünü yoxlayır və təsdiq edir. Azərbaycan Respublikası Milli Məclisi deputatları seçkilərinin nəticələrinin yoxlanılması və təsdiq edilməsi qaydaları Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilir.
...
54.5. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin nəticələrinin düzgünlüyünü yoxlamaq üçün keçirilən Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri və üzvləri, habelə Konstitusiya Məhkəməsi tərəfindən dəvət edilmiş digər şəxslər iştirak edirlər”.
HÜQUQİ MƏSƏLƏLƏR
ŞİKAYƏTLƏRİN BİRLƏŞDİRİLMƏSİ
28. Məhkəmənin Reqlamentinin 42-ci qaydasının 1-ci bəndinə uyğun olaraq Məhkəmə şikayətlərin faktiki və hüquqi əsaslarının oxşarlığını nəzərə alaraq onları bir icraatda birləşdirmək qərarına gəlir.
II. KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 3-cü MADDƏSİNİN
İDDİA OLUNAN POZUNTUSU
29. Ərizəçilər Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin və Konvensiyanın 13-cü maddəsinin pozulmasından şikayət edərək bildirmişlər ki, Dairə Seçki Komissiyalarının protokollarının Seçki Məcəlləsinin tələblərinə uyğun gəlməmələri iddiası ilə onların dairələri üzrə seçkilərin nəticələrinin etibarsız sayılması əsassız və qanunazidd olmuşdur. Seçkilərin nəticələrinin etibarsız sayılmasına dair Konstitusiya Məhkəməsinin qərarı faktlara əsaslanmamış, ölkə qanunvericiliyinə zidd olmuş və məhkəmə araşdırılmasının ədalətliliyi prinsipini pozmuşdur. Xüsusilə Konstitusiya Məhkəməsinin qərarında hansı sənədlərin yoxlanıldığı, Seçki Məcəlləsinin hansı tələblərinin pozulduğu və DSK-nın protokollarındakı çatışmazlıqların nədən ibarət olduğu bildirilməmişdir. Konstitusiya Məhkəməsinin qərarı qəti olduğundan iddia olunan pozuntudan şikayət verilməsi üçün hər hansı vasitə olmamışdır.
30. Məhkəmə hesab edir ki, bu işdə yalnız Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin pozulması məsələsinə baxılmalıdır və Konvensiyanın 13-cü maddəsinin pozuntusu iddialarına ayrıca olaraq baxılmasına ehtiyac yoxdur. Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsində bildirilir:
“Razılığa Gələn Yüksək Tərəflər qanunverici hakimiyyət orqanını seçərkən xalqın iradəsini sərbəst ifadə edə biləcək şəkildə, gizli səsvermə yolu ilə, ağlabatan dövriliklə azad seçkilər keçirməyi öhdəsinə götürürlər.”
A. Şikayətin məqbuliyyəti
31. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3 “a” yarımbəndinin mənasında açıq-aşkar əsassız və hər hansı digər əsasla qeyri-məqbul deyildir. Bu səbəbdən, o, məqbul elan edilməlidir.
B. İşin mahiyyəti
Tərəflərin dəlilləri
32. Ərizəçilər Konstitusiya Məhkəməsinin qərarının “heç bir hüquqi əsasının” olmadığını və sadəcə “siyasi sifariş” nəticəsində qəbul edildiyini bildirmişlər. Onlar qeyd etmişlər ki, “maraqlı tərəf” kimi hüquqları təmin olunmamışdır. Belə ki, ərizəçilərin məhkəmə iclasında iştirak etmələri və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 42 və 43-cü maddələrində nəzərdə tutulmuş hüquqlarından istifadə etmələrinə imkan verilməmişdir. Daha sonra ərizəçilər bildirmişlər ki, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini çox qısa bir vaxt ərzində yoxlamış və yoxlanmalı olan materialların həcmi nəzərə alınarsa, belə yoxlama hərtərəfli ola bilməzdi. Konstitusiya Məhkəməsinin qərarına gəlincə, məhkəmə iclasa qanuna əsasən ekspertlər dəvət etməli olduğu halda, qərarını adları göstərilməyən mütəxəssislərin yardımı ilə qəbul etmişdir, halbuki ölkə qanunvericiliyinə əsasən yalan rəy verməyə görə yalnız ekspertlər məsuliyyət daşıyırlar. Nəhayət, ərizəçilər şikayətlərindəki dəlilləri təkrar edərək bildirmişlər ki, qərar tam əsassızdır və məhkəmənin onların seçki dairələri üzrə seçkilərin nəticələrinin və müvafiq Dairə Seçki Komissiyalarının protokollarının Seçki Məcəlləsinin tələblərinə uyğun olmaması qənaətinə gəlməyinə əsas verən hər hansı hal qərarda əks olunmamışdır.
33. Hökumət bildirmişdir ki, ölkə qanunvericiliyi ərizəçilərin Konstitusiya Məhkəməsinin iclasında iştirak etmələrini tələb etmir. Belə ki, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 42 və 43-cü maddələri “ümumi normalardır”. Eyni Qanunun 54-cü maddəsi isə “xüsusi norma” olmaqla belə iclaslarda yalnız MSK-nın sədr və müavinlərinin iştirakını nəzərdə tutur. Hökumət daha sonra bildirmişdir ki, Konstitusiya Məhkəməsinin yoxlamanın mümkün nəticəsinə dair hər hansı “əvvəlcədən müəyyən edilmiş rəyi” olmamış və yoxlanılan seçki dairələri üzrə 2000-dən çox namizədin olması nəzərə alınarsa, bütün bu namizədlərin “maraqlı şəxs” qismində prosesdə iştirak etməyə dəvət edilməsi məhkəmə baxışını “qeyri-mümkün və mənasız” edəcəkdir. Hökumət daha sonra bildirmişdir ki, məhkəmə baxışında mütəxəssislərin iştirakı Seçki Məcəlləsinin 171.3-cü maddəsinə uyğun olmuşdur. Nəhayət, Hökumət “Konstitusiya Məhkəməsinin qərarında hansı sənədlərin yoxlandığı, Seçki Məcəlləsinin hansı tələblərinin pozulduğu və DSK-nın protokollarındakı çatışmazlıqların nədən ibarət olduğunun bildirilməməsi” ilə bağlı ərizəçilərin iddiası ilə razılaşmamışdır. Bununla bağlı Hökumət bildirmişdir ki, Konstitusiya Məhkəməsi öz qərarında “mütəxəssislərin rəyinə” istinad etmişdir ki, bu rəydə də DSK-ların seçkilərin nəticələrinə dair protokollarının Seçki Məcəlləsinin hansı müddəalarını pozduğu göstərilmişdir.
2. Məhkəmənin qiymətləndirməsi
34. İlk baxışdan 1 saylı Protokolun 3-cü maddəsi Konvensiya və Protokollarda nəzərdə tutulmuş digər hüquqlardan fərqli görünür. Belə ki, bu müddəa Razılığa gələn Yüksək Tərəfin konkret hüquq və ya azadlıqları təmin etmək öhdəliyini deyil, xalqın azad iradə ifadəsini təmin edəcək seçkilər keçirmək öhdəliyini təsbit edir. Lakin Məhkəmə müəyyən etmişdir ki, bu müddəa fərdi hüquqları, o cümlədən seçmək və namizədliyini irəli sürmək hüquqlarını təsbit edir (baxın, Matyo-Mohin və Klerfayt Belçikaya qarşı, 02 mart 1987-ci il, §§ 46-51, A Seriyaları, no. 113). Konvensiyanın təfsiri və tətbiqi zamanı Məhkəmə davamlı olaraq demokratik prinsiplərin vacibliyini ön plana çəkmiş və 1 saylı Protokolun 3-cü maddəsində təsbit olunmuş hüquqların qanunun aliliyinin təmin olunduğu səmərəli və mötəbər demokratiyanın əsaslarının yaradılması və qorunması üçün həlledici əhəmiyyətə malik olduğunu bildirmişdir (həmin yerdə, § 47; həmçinin baxın, Hirst Birləşmiş Krallığa qarşı (2-ci nömrə) [BP], no. 74025/01, § 58, İHAM 2005-IX).
35. 1 saylı Protokolun 3-cü maddəsində təsbit edilmiş hüquqlar mütləq deyil. Burada “vəziyyətdən irəli gələn məhdudiyyətlərin” tətbiq edilməsi üçün imkan mövcuddur və Razılığa gələn Tərəf seçkilərin öz mülahizəsinə uyğun keçirilməsində geniş səlahiyyətlərə malikdir (baxın, yuxarıda qeyd olunan Matyo-Mohin və Klerfayt işi, § 52; Metyu Birləşmiş Krallığa qarşı [BP], no. 24833/94, § 63, İHAM 1999-I; və Labita İtaliyaya qarşı [BP], no. 26772/95, § 201, İHAM 2000-IV). Bununla belə, son olaraq məhz Məhkəmə 1 saylı Protokolun 3-cü maddəsinin tələblərinə əməl olunub-olunmadığını müəyyənləşdirir. Xüsusilə Məhkəmə əmin olmalıdır ki, irəli sürülən şərtlər qeyd olunan hüquqları onların mahiyyətinə zərər gətirəcək dərəcədə pozmur və səmərəli surətdə həyata keçirilməsinə mane olmur. Məhkəmə eyni zamanda əmin olmalıdır ki, bu şərtlər qanuni məqsədlərə çatmaq üçün tətbiq edilir və məhdudiyyətlərin tətbiqi üçün istifadə olunan vasitələr qeyri-mütənasib deyil (baxın, yuxarıda qeyd edilən Matyo-Mohin və Klerfayt işi, § 52 və Qitonas və digərləri Yunanıstana qarşı, 1 iyul 1997-ci il, § 39, Qərar və Qərardadlara dair Hesabatlar, 1997-IV). Belə şərtlər qanunverici orqanın seçilməsində xalqın azad iradə ifadəsinə mane olmamalıdır – başqa sözlə, ümumi seçki hüququnun həyata keçirilməsi yolu ilə xalqın iradəsini müəyyən etmək məqsədi daşıyan seçki prosesinin bütövlüyü və səmərəliliyinin qorunması marağını əks etdirməli, ona zidd olmamalıdır (baxın, yuxarıda qeyd olunan Hirst (2-ci nömrə) işi, § 62).
36. Bundan əlavə, insan hüquqlarının müdafiəsi vasitəsi olan Konvensiyanın məqsədi onun müddəalarının elə bir tərzdə təfsirini və tətbiqini tələb edir ki, bu zaman onların həyata keçirilməsi nəzəri və ya xəyali deyil, praktiki və səmərəli olsun (baxın, digər mənbələrlə yanaşı, Türkiyənin Birləşmiş Kommunist partiyası və digərləri Türkiyəyə qarşı, 30 yanvar 1998-ci il, § 33, Hesabatlar 1998-I; Chassagnou və Digərləri Fransaya qarşı [BP], no. 25088/94, 28331/95 və 28443/95, § 100, İHAM 1999-III; və Lykourezos Yunanıstana qarşı, no. 33554/03, § 56, İHAM 2006-VIII). Əgər kimsə seçkilərdə namizəd kimi iştirak etmək hüququndan əsassız olaraq istənilən anda məhrum edilə bilərsə, 1 saylı Protokolun 3-cü maddəsində təsbit olunmuş və həqiqi demokratik rejim konsepsiyasının tərkib hissəsi olan bu hüquq sadəcə xəyali xarakter daşıyacaq. Beləliklə, seçilmək hüququnun həyata keçirilməsi üçün şərtlərin müəyyən edilməsində Dövlətlərin geniş səlahiyyətlərə malik olması həqiqət olsa da, hüquqların səmərəliliyi prinsipi tələb edir ki, seçki prosesində əsassız qərarlar qəbul edilməsinin qarşısının alınması üçün kifayətedici təminatlar olsun (baxın, Podkolzina Latviyaya qarşı, no. 46726/99, § 35, İHAM 2002-II). Əsassız qərar qəbul edilməsinin qarşısının alınması prinsipi ilkin olaraq seçilmək hüququ ilə bağlı irəli sürülən şərtlərlə əlaqədar qeyd olunsa da, o, fərdi seçki hüquqlarının səmərəliliyi məsələsinin qalxdığı digər vəziyyətlərə (baxın, Nemət Əliyev Azərbaycana qarşı, no. 18705/06, § 72, 8 aprel 2010-cu il), o cümlədən seçkilərin nəticələrinin yoxlanılması və etibarsız sayılması qaydasına da aiddir (baxın, Kovach Ukraynaya qarşı, no. 39424/02, § 55-ci bənd, İHAM 2008-...).
37. Məhkəmə vurğulamışdır ki, seçkilərin keçirilməsinə görə məsul olan orqanların şəffaf şəkildə fəaliyyət göstərməsi və siyasi manipulyasiyalara məruz qalmayaraq qərəzsizliyini və müstəqilliyini qoruması vacibdir (baxın, Gürcüstanın Əmək Partiyası Gürcüstana qarşı, no. 9103/04, § 101, 8 iyul 2008-ci il) və onlar tərəfindən həyata keçirilən proseslər zamanı əsassız qərarlar qəbul edilməsinin qarşısını almaq üçün minimal təminatlar olmalı, onların qərarları kifayət qədər əsaslandırılmalıdır (baxın, yuxarıda qeyd olunan Nemət Əliyev işi, §§ 81-90 və Kovach işi, §§ 59-60). Bundan əlavə, seçki prosesində təxirəsalmaların qarşısını almağa yönələn vaxt məhdudiyyətlərinin tətbiqinin məqsədəuyğunluğu və zəruriliyi bir qayda olaraq əsaslı sayılsa da, bu, seçki prosedurlarının səmərəliliyinin pozulması üçün bəhanə kimi çıxış edə bilməz (baxın, yuxarıda qeyd olunan Nemət Əliyev işi, § 90).
38. Bu işə gəlincə, Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarının faktiki və hüquqi cəhətdən əsaslandırılması ilə bağlı ciddi məsələlər ortaya çıxır. Xüsusilə qeyd olunmalıdır ki, qərarı əsaslandırmaq üçün istinad edilən yeganə fakt birinci ərizəçinin namizədliyini irəli sürdüyü seçki dairəsinin on seçki məntəqəsinin sədri və üzvləri barəsində “seçki sənədlərinin saxtalaşdırılması” və ikinci ərizəçinin namizədliyini irəli sürdüyü seçki dairəsi üzrə Dairə Seçki Komissiyasının dörd üzvü barəsində “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddələri ilə cinayət işinin başlanmasına dair Baş Prokurorluq tərəfindən Konstitusiya Məhkəməsinə göndərilmiş məktub olmuşdur. Lakin Məhkəmə hesab edir ki, başqa heç bir əsas gətirilmədiyi halda sadəcə dəqiq təsvir edilməyən pozuntular törədilməsi iddiası ilə bağlı cinayət işinin başlanılması faktı özü-özlüyündə hər hansı seçki dairəsində bütünlükdə seçkilərin nəticələrinin ləğv edilməsi üçün kifayətedici və münasib əsas kimi çıxış edə bilməz. Xüsusən Konstitusiya Məhkəməsi bu qanun pozuntularının həqiqətən də baş verdiyinin sübut edilib-edilmədiyini və sübut edilmişdirsə, bu pozuntuların hər bir seçki dairəsi üzrə seçicilərin iradəsinin müəyyən edilməsini qeyri-mümkün edən və bununla da seçkilərin nəticələrinə təsir edən dərəcədə ciddi olub-olmadığını aydınlaşdırmamışdır. Bundan əlavə, birinci ərizəçinin seçki dairəsi ilə bağlı Məhkəmə qeyd edir ki, on seçki məntəqəsində səsvermənin nəticələri artıq MSK tərəfindən etibarsız sayılmış və MSK nəticələri etibarsız hesab edən zaman baş vermiş pozuntuların ümumilikdə dairə üzrə seçkilərin nəticələrinə bu nəticələrin ləğv edilməsini tələb edən səviyyədə təsir etmədiyini müəyyənləşdirmişdir. Beləliklə, bu on seçki məntəqəsində baş verməsi iddia olunan qanun pozuntuları ilə bağlı məsələyə artıq MSK tərəfindən baxılmışdır. Belə olduğu təqdirdə eyni seçki məntəqələrində baş verməsi iddia olunan eyni qanun pozuntuları ilə bağlı məsələnin Konstitusiya Məhkəməsinin baxışı zamanı hansı səbəbdən təkrar olaraq qaldırılmasını anlamaq çətindir.
39. Ən başlıcası isə Konstitusiya Məhkəməsinin qərarında müvafiq Dairə Seçki Komissiyasının protokollarındakı pozuntuların nədən ibarət olduğu, seçki qanunvericiliyinin hansı müddəalarının pozulduğu, bu pozuntuların səsvermənin nəticələrinə necə təsir göstərdiyi və onların seçicilərin iradəsinin müəyyən edilməsini qeyri-mümkün edəcək dərəcədə ciddi olub-olmaması göstərilməmişdir. Bundan əlavə, qərarda Konstitusiya Məhkəməsi tərəfindən tələb edilmiş və yoxlanılmış “əlavə sənədlərin” hansılar olduğu, dəvət edilmiş “mütəxəssislərin” kimlər olduğu, verilmiş rəylərin nədən ibarət olduğu, yuxarıda qeyd olunan məlumatların fonunda seçkilərin nəticələrinin etibarsız sayılması ilə bağlı Seçki Məcəlləsində nəzərdə tutulmuş prosedur tələblərinə əməl edilib-edilməməsi (baxın, bu qərarın 20-23-cü paraqrafları) və digər məsələlər dəqiqləşdirilməmişdir. Bütün bu mühüm məsələlərə ya cavab verilməmiş, ya da məhəl qoyulmamışdır. Belə olan halda, Məhkəmə mübahisə edilən qərarın istər faktiki, istərsə də hüquqi cəhətdən əsaslandırılmadığı qərarına gəlməyə bilməz.
40. Bundan başqa, göründüyü kimi maraqlı tərəflər, o cümlədən seçilmiş hər bir namizəd prosesdən kənarlaşdırılmışdır. Xüsusilə onlar Konstitusiya Məhkəməsi tərəfindən qərarın qəbul edilməsi üçün əsas kimi götürülmüş heç bir sənəd və ya “mütəxəssis rəyi” ilə tanış edilməmiş və ya hər hansı digər belə məlumatla təmin edilməmişlər. Eyni zamanda onlara məhkəmə iclasında iştirak etmək və ya hər hansı başqa şəkildə, yazılı və ya şifahi olaraq öz maraqlarını müdafiə etmək imkanı da verilməmişdir. Məhkəmənin qənaətinə görə Konstitusiya Məhkəməsinin qərarı qəti olduğuna və hər iki namizədin, eləcə də müvafiq seçki dairələrindən olan minlərlə seçicinin seçki hüquqlarını səmərəli şəkildə həyata keçirməsinə mühüm təsir göstərdiyinə görə maraqlı tərəflərə heç bir prosessual təminatın verilməməsi xüsusilə ciddi xarakter daşımışdır. Belə ki, pozulmuş hüquqlarının bərpa edilməsi üçün onların hər hansı bir instansiyaya şikayət etmək imkanı olmamışdır. Məhkəmə bütün maraqlı tərəflərin prosesdə iştirak etməyə dəvət ediləcəyi təqdirdə məhkəmə baxışının “qeyri-mümkün və mənasız” olacağına dair Hökumətin dəlilləri ilə razılaşmır. İlk növbədə, aydındır ki, bütün seçki dairələrindən olan namizədlərin prosesdə iştirak etməyə dəvət olunması zəruri deyildir. Belə ki, qərar onların əksəriyyətinin maraqlarına təsir etmirdi. İkincisi, Konstitusiya Məhkəməsinin “yoxlamanın mümkün nəticələrinə dair qabaqcadan müəyyən edilmiş rəyi” olmadan prosesə başlaması məhkəmə baxışının istənilən mərhələsində konkret seçki dairələri ilə bağlı problemlərin ortaya çıxması aydın olduqdan sonra müvafiq maraqlı şəxslərin iştirakını təmin etməyə mane ola bilməzdi.
41. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə qət edir ki, ərizəçilərin seçki dairələrində seçkilərin nəticələrinin ləğv edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı işə aidiyyatı olan və ya kifayətedici hər hansı səbəblərə əsaslanmamış, maraqlı tərəflərə hər hansı prosessual təminat verməmiş və şəffaf olmamışdır. Əslində mübahisə edilən qərar ərizəçiləri deputat mandatından əsassız olaraq məhrum etmişdir. Bununla da, bu qərar ümumi seçki hüququnun həyata keçirilməsi ilə xalqın iradəsini müəyyən etmək məqsədi daşıyan seçki prosesinin bütövlüyü və səmərəliliyinin qorunması marağına ziddiyyət təşkil etmişdir.
42. Beləliklə, bu işdə Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi pozulmuşdur.
III. KONVENSİYANIN 14-CÜ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
43. Yuxarıdakı şikayətlə yanaşı ərizəçilər seçkilərdə açıq-aşkar qələbə qazanmalarına baxmayaraq, əsassız olaraq deputat mandatlarından məhrum edilmələrinin müxalifət partiyasının üzvü olmaları ilə bağlı olmasından da şikayət etmişlər. Bununla onlar Konvensiyanın 14-cü maddəsinin pozulduğunu bildirmişlər. Həmin maddədə bildirilir:
“Bu Konvensiyada təsbit edilmiş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.”
44. Məhkəmə qeyd edir ki, bu şikayət yuxarıda baxılmış şikayətlə bağlıdır və buna görə də onun kimi baxılması mümkün hesab edilməlidir.
45. Bununla belə, 1 saylı Protokolun 3-cü maddəsinin pozulması ilə bağlı yuxarıda gəldiyi nəticəni nəzərə alaraq Məhkəmə hesab edir ki, bu işdə Konvensiyanın 14-cü maddəsinin pozulub-pozulmamasını yoxlamağa zərurət yoxdur.
IV. KONVENSİYANIN DİGƏR MADDƏLƏRİNİN İDDİA OLUNAN POZUNTULARI
A. Konvensiyanın 6-cı maddəsi
46. Ərizəçilər şikayət edərək bildirmişlər ki, işin Konstitusiya Məhkəməsində baxışı zamanı onların Konvensiyanın 6-cı maddəsi ilə nəzərdə tutulmuş ədalətli mühakimə hüquqları pozulmuşdur. Bu maddədə bildirilir:
“Hər kəsin......mülki hüquq və vəzifələrinin müəyyən edilməsi ilə bağlı işə...məhkəmə tərəfindən...ədalətlə baxılması hüququ vardır....”
47. Məhkəmə qeyd edir ki, sözügedən məhkəmə baxışında ərizəçilərin parlament seçkilərində namizəd kimi iştirak etmək hüquqlarının pozulması məsələsinə baxılmışdır. Başqa sözlə mübahisə predmeti Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən edildiyi “mülki hüquq və vəzifələr” deyil, ərizəçilərin siyasi hüquqları olmuşdur (baxın, Pier-Bloş Fransaya qarşı, 21 oktyabr 1997-ci il, § 50, Hesabatlar, 1997-VI; Çerepkov Rusiyaya qarşı, no. 51501/99, İHAM 2000-I; Ždanoka Latviyaya qarşı, no. 58278/00, 6 mart 2003-cü il; və Mütəllibov Azərbaycana qarşı (qərardad), no. 31799/03, 19 fevral 2004-cü il). Beləliklə, Konvensiyanın bu müddəası barəsində şikayət edilən məhkəmə baxışına tətbiq edilmir.
48. Buradan belə nəticəyə gəlmək olar ki, Konvensiyanın 35-ci maddəsinin 3 “a” yarımbəndinə uyğun olaraq şikayət predmetinə görə Konvensiyanın müddəaları ilə ziddiyyət təşkil edir və buna görə də 35-ci maddənin 4-cü bəndinə görə rədd edilməlidir.
B. Digər şikayətlər
49. Ərizəçilər Konvensiyanın 13-cü maddəsinə istinad edərək müxalifətdən olan namizədlərin seçki ilə bağlı şikayətlərinə dövlət orqanları tərəfindən baxılması zamanı müxtəlif çətinliklərlə üzləşmələri və müxalifətdən olan namizədlərlə bağlı işlərdə hüquqların müdafiəsi vasitələrinin əməli cəhətdən səmərəsiz olması barədə ümumi xarakterli şikayətlər etmişlər. Bundan əlavə, onlar Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini əsas götürərək seçki hüquqlarının pozulması ilə seçkiqabağı təşviqata sərf etdikləri vəsaitin bütün faydalı nəticələrindən məhrum edildiklərindən şikayət etmişlər.
50. Lakin Məhkəmə iş üzrə bütün dəlilləri araşdıraraq belə nəticəyə gəlir ki, bu dəlillər şikayət edilən məsələlərlə bağlı Konvensiya və ya onun Protokollarında nəzərdə tutulmuş hüquq və azadlıqların pozulduğunu müəyyən etməyə əsas vermir. Beləliklə, bu şikayətlər tamamilə əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 “a” yarımbəndi və 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.
V. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
51. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər Razılığa Gələn Yüksək Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, zəruri olduğu təqdirdə zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.”
A. Ziyan
1. Maddi ziyan
(a) Birinci ərizəçi
52. Birinci ərizəçi namizədliyini irəli sürdüyü seçki dairəsində seçkilərin nəticələri ləğv edilməyəcəyi təqdirdə Milli Məclisin üzvü kimi əldə edəcəyi 122.880 Azərbaycan manatının ödənilməsini tələb etmişdir. O, həmçinin seçkiqabağı təşviqata sərf etdiyi 14.054 Azərbaycan manatı məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.
53. Hökumət ərizəçinin tələbinə etiraz etmişdir.
54. Seçkiqabağı təşviqata sərf edilən məbləğlə bağlı tələblərə gəlincə, Məhkəmə müəyyən edilmiş pozuntu ilə iddia olunan məbləğ arasında səbəbiyyət əlaqəsinin olmadığı qənaətindədir; buna görə də o, tələbin bu hissəsini təmin etmir.
55. Əldən çıxmış faydaya gəlincə, Məhkəmə qeyd edir ki, oxşar tələbə Kərimovanın Azərbaycana qarşı işində baxılmışdır (no. 20799/06, §§ 60-64, 30 sentyabr 2010-cu il). Belə tələblərə baxılan zaman xüsusilə nəzərə alınmalıdır ki, ərizəçinin seçilmədiyi təqdirdə müvafiq müddət ərzində qazanacağı başqa gəlirlər tələb olunan məbləğdən çıxılmalıdır (baxın, yuxarıda qeyd olunan Lykourezos işi, § 64 və yuxarıda qeyd olunan Kovach işi, § 66). Kərimova işindəki ərizəçidən fərqli olaraq bu işdəki ərizəçi müvafiq dövr ərzində əldə etdiyi başqa gəlir və “xalis itkisinin” nə qədər olması barədə heç bir məlumat vermədiyindən bu “xalis itkini” dəqiq hesablamaq mümkün deyil. Lakin ərizəçinin 2005-ci ilə qədər parlamentin deputatı qismində fəaliyyət göstərməsi və 2005-ci il seçkilərində bu qərar ilə müəyyən edilmiş pozuntunun törədilməsi nəticəsində yenidən seçilmək imkanından məhrum edilməsini nəzərə alaraq, Məhkəmə belə hesab edir ki, ərizəçi maddi ziyana məruz qalmışdır və buna görə ona kompensasiya ödənilməlidir. Bu baxımdan Məhkəmə hesab edir ki, ərizəçinin ən azı müəyyən müddət ərzində deputat kimi fəaliyyət göstərməklə əldə edə biləcəyi müəyyən gəlirlərdən məhrum edilməklə maddi ziyana məruz qalması qəbul edilsə də, bu ziyan parlament üzvü kimi bütün səlahiyyət müddətində ödənilməli olan aylıq əmək haqlarının texniki cəhətdən toplanması ilə hesablana bilməz (baxın, yuxarıda qeyd edilən Kərimova işi, § 64). Buna görə də ərizəçinin məruz qaldığı real ziyanı qiymətləndirmək mümkün olmadığından Məhkəmə ədalətli qiymətləndirmə aparmaqla ərizəçiyə vurulmuş maddi ziyanın əvəzi olaraq 20.000 avro ödənilməsini qət edir.
(b) İkinci ərizəçi
56. İkinci ərizəçi seçkiqabağı təşviqatla bağlı müxtəlif işlərə sərf edilmiş 9.500 Azərbaycan manatı məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.
57. Hökumət bu tələbə etiraz etmiş və ərizəçinin tələbini təsdiq etmək üçün hər hansı sənəd təqdim etmədiyini bildirmişdir.
58. Məhkəmə müəyyən edilmiş pozuntu ilə iddia olunan məbləğ arasında səbəbiyyət əlaqəsinin olmadığı qənaətindədir; buna görə də o, tələbin bu hissəsini təmin etmir.
2. Mənəvi ziyan
59. Dəymiş mənəvi ziyana görə birinci ərizəçi 20.000 avro, ikinci ərizəçi 18.000 Azərbaycan manatı ödənilməsini tələb etmişdir.
60. Hökumət tələb olunan məbləğin həddindən çox olduğunu bildirmiş və qeyd etmişdir ki, Konvensiyanın pozulması faktının müəyyən edilməsi özü-özlüyündə yetərli ədalətli kompensasiyadır.
61. Məhkəmə hesab edir ki, ərizəçilər mənəvi ziyana məruz qalmışlar və bu ziyanı yalnız 1 saylı Protokolun 3-cü maddəsinin pozulması faktının müəyyən edilməsi ilə kompensasiya etmək mümkün deyil. Məhkəmə ədalətli qiymətləndirmə apararaq hər bir ərizəçiyə dəymiş mənəvi ziyana görə tutulacaq vergi də daxil olmaqla 7.500 avro ödənilməsini qət edir.
B. Xərc və məsrəflər
62. Birinci ərizəçi çəkilmiş xərc və məsrəflərə, o cümlədən hüquqi xidmətlərə çəkilən xərclər, tərcümə məsrəfləri və poçt məsrəfləri üçün 5.900 avro, ikinci ərizəçi isə 4.850 Azərbaycan manatı məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.
63. Hökumət bu tələblərə etiraz etmişdir.
64. Məhkəmənin presedent hüququna görə ərizəçinin çəkdiyi xərc və məsrəflər yalnız o zaman ona ödənilir ki, bu xərc və məsrəflərin həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilsin və məbləği ağlabatan olsun.
65. Məhkəmə bildirir ki, hazırkı iş üzrə ərizəçilər eyni vəkil tərəfindən təmsil olunmuş, şikayətlər və onların hüquqi cəhətdən əsaslandırılması eyni və ya oxşar olmuşdur və vəkilin hər iki iş üzrə dəlilləri bir-birinə çox bənzəyir. Eyni zamanda hər bir iş üzrə tərcümə olunmuş mətnlərin böyük bir hissəsi də bir-birinin oxşarıdır. Nəhayət, Məhkəmə qeyd edir ki, heç də bütün tələb olunan xərc və məsrəflər sənədlərlə təsdiq olunmamışdır. Qeyd olunanları, həmçinin işdə olan sənədləri və yuxarıdakı bənddə əks olunmuş meyarları nəzərə alaraq Məhkəmə çəkilmiş xərc və məsrəflərə görə hər iki ərizəçiyə birlikdə tutulacaq vergi də daxil olmaqla 3.000 avro məbləğinin ödənilməsini qət edir.
C. Faiz dərəcəsi
66. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Şikayətləri bir icraatda birləşdirməyi qərara alır;
2. Şikayətləri 1 saylı Protokolun 3-cü maddəsi və 14-cü maddəyə aid olan hissələrdə məqbul, digər hissələrdə qeyri-məqbul hesab edir;
3. Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin pozulduğunu qərara alır;
4. Konvensiyanın 14-cü maddəsinin pozulması ilə bağlı şikayətə ayrıca baxılmasına zərurət olmadığını qərara alır;
5. Qərara alır ki,
(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh Dövlət qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində tutulacaq faiz də daxil olmaqla aşağıdakı məbləğlərdə vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ödəməlidir:
(i) birinci ərizəçi cənab Əli Kərimliyə vurulan maddi ziyana görə 20.000 (iyirmi min) avro;
(ii) tutulacaq vergi də nəzərə alınmaqla hər bir ərizəçiyə mənəvi ziyana görə 7.500 (yeddi min beş yük) avro;
(iii) hər bir ərizəçidən tutulacaq vergi də daxil olmaqla xərc və məsrəflərə görə ərizəçilərə birlikdə 3.000 (üç min) avro;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
6. Ərizəçilərin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.
Qərar Məhkəmənin Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 10 yanvar 2012-ci ildə ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Soren Nilsen Nina Vajiç
Katib Sədr
Full & Egal Universal Law Academy