İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
KƏRİMOVA AZƏRBAYCANA QARŞI
(Şikayət № 20799/06)
Q Ə R A R
STRASBURQ
30 sentyabr 2010-cu il
Bu qərar qətidir, lakin redaktə edilməsi üçün yenidən baxıla bilər. Qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti olacaq. O, yenidən redaktə edilə bilər.
Kərimova Azərbaycana qarşı iş üzrə,
Xristos Rozakis, Sədr,
Nina Vajiç,
Xanlar Hacıyev,
Din Spilman,
Sverr Erik Cebens,
Corcio Malinverni
Qeorqe Nikolau, hakimlər,
və Soren Nilsen, Bölmə Katibi,
09 sentyabr 2010-cu ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:
PROSES
1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan xanım Flora Ələkbər qızı Kərimovanın («ərizəçi») Azərbaycana qarşı verdiyi şikayət üzrə (№ 20799/06) iş 23 may 2006-cı ildə başlanılmışdır.
2. Ərizəçini Bakıda vəkil işləyən cənab F.Ağayev təmsil edib. Azərbaycan Hökumətini («Hökumət») onun nümayəndəsi Ç.Əsgərov təmsil edib.
3. Ərizəçi, xüsusən iddia etdi ki, onun seçki dairəsində seçki nəticələrinin ləğvi onun Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi ilə təmin olunmuş seçki hüquqlarını pozmuşdur.
4. Birinci Bölmənin Sədri 03 sentyabr 2008-ci ildə şikayət barədə Hökuməti məlumatlandırmaq qərarına gəlib. Həmçinin qərara alınmışdır ki, şikayətin mahiyyətinə onun məqbuliyyəti ilə eyni vaxtda baxılsın (Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1941-ci ildə anadan olmuş və Bakıda yaşayır.
6. O, 2005-ci il 6 noyabr Milli Məclis (“Parlament”) seçkilərində Azadlıq müxalifət blokunun namizədi olaraq iştirak etmişdir. Onun birmandatlı 42 saylı Sumqayıt ikinci seçki dairəsində namizədliyi Dairə Seçki Komissiyası (“DSK”) tərəfindən qeydiyyata alınmışdır.
7. Dairə hər birində bir səsvermə otağı olan otuz yeddi seçki məntəqəsinə bölünmüşdür. Həmin dairədə namizədliyini irəli sürən on beş iştirakçı var idi.
Ərizəçinin dairəsində seçkinin nəticələri
8. Səsvermə gününün sonunda ərizəçi dairənin otuz yeddi məntəqəsindən hər birinin seçki protokolunu (“MənSK”) əldə etmişdir. Ərizəçinin ixtiyarında olan MənSK protokollorına görə, o, dairədə səslərin çoxluğunu toplamışdır. Dəqiqliklə o, 5.566 səs toplamışdır. İkinci səs çoxluğunu, 3.922 səs, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının namizədi (H.) toplamışdır. Ərizəçi otuz səsvermə məntəqəsində səs çoxluğunu topladığı halda, H. yeddi səsvermə məntəqəsində səs çoxluğu toplamışdır.
9. Məntəqələrdən əldə etdiyi səsvermə nəticələrinin rəsmi cədvəli əsasında tərtib edilmiş DSK-nın 07 noyabr 2005-ci il protokoluna əsasən, dairədəki səs çoxluğunu ərizəçi əldə etmişdir. Xüsusən, DSK-nın protokoluna əsasən, ərizəçi 5.350, H. 4.091 və üçüncü namizəd 1.532 səs toplamışlar. Digər namizədlərin birgə topladığı səs çox az olmuşdur. DSK ərizəçini “seçilmiş namizəd” olaraq dəyərləndirmişdir.
Seçki nəticələrinin ləğv edilməsi və ərizəçinin şikayəti
10. 08 noyabr 2005-ci ildə Mərkəzi Seçki Komissiyası (“MSK”) 42 saylı Sumqayıt Seçki Dairəsinin seçki nəticələrini ləğv edən qərar qəbul etmişdir. Qərarda aşağıdakılar göstərilmişdir:
“Seçki Məcəlləsinin 19.4, 19.14, 25.2.22, 28.4, 100.12 və 170.2.2 maddələrinə və “Azərbaycan Respublikasının Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında” 27 may 2003-cü il tarixli Qanunun 3.5 və 3.6 maddələrinə müvafiq olaraq Mərkəzi Seçki Komissiyası qərara alır:
DSK protokollarına edilmiş və seçicilərin istəyinin təsbit edilməsini qeyri-mümkün edən yolverilməz düzəlişlər, eləcə də qanun pozuntuları səbəbindən, 42 saylı Sumqayıt İkinci Seçki Dairəsinin 1, 3, 4, 5, 8, 11, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 32 və 36 saylı seçki məntəqələrinin səsvermə nəticələri ləğv edilsin.
Səsvermə nəticələrinin ləğv edildiyi seçki məntəqələri dairədəki seçki məntəqələrinin beşdə ikisindən çox hissəsini təşkil etdiyindən və həmin məntəqələrdə qeydiyyatdan keçən seçici sayının dairə seçicilərinin dörddə birindən çox hissəsini təmsil etdiyindən, 42 saylı Sumqayıt İkinci Seçki Dairəsinin səsvermə nəticələri ləğv edilsin.
Həmin seçki dairəsi ilə bağlı məsələlər istintaq üçün Baş Prokurorluğa göndərilsin.”
11. 11 noyabr 2005-ci ildə ərizəçi MSK-nın qərarının yanlış olduğunu iddia edərək, Apellyasiya Məhkəməsinə şikayət vermişdir. MSK-nın qərarında “yolverilməz düzəlişlərin” 16 MənSK protokollarına edildiyi qeyd edilsə də, reallıqda düzəlişlər yalnız beş MənSK protokoluna edilmişdir (8, 10, 11, 21 və 24 saylı seçki məntəqələri). Ərizəçi qeyd etmişdir ki, DSK protokolunun onun əlində olan MənSK protokolları ilə müqayisə edilməsi bunu sübut edə bilər. Bundan başqa, o qeyd etmişdir ki, düzəlişlər onun topladığı səsləri azaltmaq və H.-nin səslərini çoxaltmaq məqsədilə edilmişdir. Saxtalaşdırmanın ərizəçinin əleyhinə aparılmasına baxmayaraq, o, yenə də DSK tərəfindən elan edilmiş saxta nəticələrə görə qalib idi.
12. Qalan on bir MənSK protokollarına edilən düzəlişlərə gəldikdə, ərizəçi onların texniki mahiyyət daşıdığını və heç bir namizəd üçün səs sayını dəyişmədiyini iddia etmişdir. Bu səbəbdən, həmin düzəlişlər seçicilərin istəyinin müəyyənləşdirilməsinə mane ola bilməzdi.
13. Ərizəçi MSK-nın Seçki Məcəlləsinin 108.4-cü maddəsinə müvafiq olaraq səslərin yenidən sayılması və onun namizəd olaraq çağırılması və Seçki Məcəlləsinin 112.8-ci maddəsinə müvafiq olaraq izahatlarının dinlənilməsi göstərişi verməsi mümkünlüyünün nəzərdən qaçırılmasından da şikayət etmişdir.
14. Nəhayət, ərizəçi DSK protokolunun 2005-ci il noyabrın 7-dən 8-nə keçən gecə MSK-ya təhvil verilməsi və səsvermə nəticələrinin ləğv edilməsi barədə qərarın noyabrın 8-də verilməsinə diqqət yetirmişdir. Nəticədə, vaxt azlığından bəzi MSK nümayəndələri məsələ barəsində natamam və ya yanlış məlumat almış və bu səbəbdən lazımi məlumata malik olmadan qərar qəbul etmişlər.
15. 2005-ci il 14 noyabrda keçirilən iclasda Apellyasiya Məhkəməsinin hakimləri MənSK və DSK protokollarının müstəqil olaraq araşdırılmasından imtina etmişlər. Apellyasiya Məhkəməsi MSK-nın qeyd etdiyi məsələləri təkrar edərək və səsvermə nəticələrinin ləğv edilməsinin qanuni olması nəticəsinə gələrək, MSK-nın qərarını təsdiqləmişdir.
16. Ərizəçi kassasiya şikayəti vermişdir. Apellyasiya Məhkəməsində irəli sürdüyü dəlillərdən əlavə, o, həmçinin, inter alia, Apellyasiya Məhkəməsi tərəfindən əsas sübutların (müvafiq seçki protokollarının əsli) müstəqil təhlilindən imtina etməsindən və sadəcə olaraq MSK-nın qənaətlərinin fakt kimi qəbul olunmasından şikayət etmişdir.
17. 2005-ci il 25 noyabrda Ali Məhkəmə ərizəçinin şikayətini rədd və Apellyasiya Məhkəməsinin qərarını qanuni elan etmişdir.
18. Nəticədə, səsvermə nəticələrinin ləğv edildiyi bütün dairələrdə təkrar seçkilərin keçirilməsi qərarı verilmişdir. Cəmi 10 belə dairə var idi. Görünür ki, müxalif qüvvələrin təkrar seçkilərin boykot edilməsi qərarı səbəbindən, ərizəçi 2006-cı il 13 may seçkilərində namizədliyini irəli sürməmişdir.
İşlə aid olan digər məhkəmə araşdırmaları
19. Eyni zamanda, 9 müxtəlif seçki məntəqəsinin rəsmi MənSK protokollarına müdaxilə edildiyinə görə (1, 5, 8, 11, 17, 19, 20, 21 və 24 saylı məntəqələr) DSK sədrinə və 17 saylı seçki məntəqəsinin sədrinə qarşı cinayət təqibi başlanılmışdır.
20. 2006-cı il 19 yanvarda Sumqayıt şəhər məhkəməsi hər iki şəxsi Cinayət Məcəlləsinin 161.1 (seçki sənədlərinin saxtalaşdırılması) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə məhkum etmişdir. Birinci təqsirləndirilən şəxs 110 AZN (təxminən 100 avro) ilə cəzalandırılmış və seçki administrasiyasında vəzifə tutmaqdan məhrum edilmişdir. İkincisi mənfəətinin 15%-nin dövlətin xeyrinə tutulması şərtilə bir il iyirmi səkkiz günlük islah işlərinə cəlb edilmişdir.
21. Təqsirli şəxsin etiraflarına və bir neçə şahid ifadələrinə əsaslanan Sumqayıt şəhər məhkəməsinin hökmü MənSK protokollarına edilən düzəlişlərin çox hissəsinin həmin protokolların DSK-ya təhvil verilməsindən sonra DSK sədri tərəfindən edildiyini aşkar etmişdir. Bu düzəlişlər ərizəçinin deyil, H. və ya digər namizədlərin xeyrinə edilmişdir.
22. İclas müddətində birinci təqsirləndirilən şəxs, DSK-nın sədri MənSK protokollarını 8 seçki məntəqəsi üzrə dəyişdirdiyini etiraf etmişdir. O, əlavə rəqəmlər daxil edərək və ya mövcud rəqəmləri dəyişdirərək, hər bir seçki məntəqəsində müxtəlif namizədlərin ümumi səs sayına dəyişiklik etmişdir. Bu tərzdə o, ərizəçinin deyil, ən azı digər beş namizədin topladığı səs sayını çoxaltmış (H. daxil olmaqla, səsini saydığı namizədlərin hər birinə 100 səs əlavə etmişdir) və ərizəçinin səslərini azaltmışdır (100 səs).
23. İkinci təqsirləndirilən şəxs olan MənSK sədri eynilə öz seçki məntəqəsi üzrə ərizəçinin rəqibi olan üç namizədin topladığı səsləri çoxaltmaq məqsədilə MənSK protokollarına müdaxilə etdiyini etiraf etmişdir.
II. Müvafİq daxİlİ Qanunverİcİlİk və beynəlxalq hesabatlar
Seçki Məcəlləsi
24. Seçki gününün sonunda seçki məntəqəsində səslər hesablandıqdan sonra MənSK seçki məntəqəsində səsvermənin nəticələrini sənədləşdirən seçki protokolunu (üç nüsxədə) tərtib edir (106.1-106.6-cı maddələr). MənSK-nın protokolunun bir nüsxəsi digər müvafiq sənədlərlə birlikdə 24 saatdan gec olmayaraq dairə seçki komissiyasına göndərilir (106.7-ci maddə). Dairə seçki komissiyası təqdim olunan sənədlərin qanunun tələblərinə cavab verməsini, səsvermənin nəticələrində uyğunsuzluğun olub-olmamasını yoxlayır (107.1-ci maddə). Dairə seçki komissiyasının protokolu məntəqə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında səsvermə günündən 2 gün keçənədək tərtib edilir (107.2-ci maddə). DSK-nın protokolunun bir nüsxəsi digər müvafiq sənədlərlə birlikdə seçki günündən sonra iki gün ərzində Mərkəzi Seçki Komissiyasına göndərilir (107.4-cü maddə). MSK təqdim olunan sənədlərin qanunun tələblərinə cavab verməsini, səsvermənin nəticələrində uyğunsuzluğun olub-olmamasını yoxlayır və dairə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında özünün yekun protokolunu tərtib edir (108.2-ci maddə).
25. Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokollarda (onlara əlavə edilən digər sənədlər də daxil olmaqla) səsvermə günündən başlayaraq ən geci 4 gün müddətində səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar etdikdə, müvafiq seçki dairəsində səslərin yenidən hesablanması haqqında qərar qəbul edə bilər (108.4-cü maddə).
26. Konkret namizədin seçilməsinin etibarsız sayılması barədə müraciətə baxılarkən, seçki komissiyası vətəndaşların və vəzifəli şəxslərin məlumatını dinləmək, zəruri sənəd və materialları tələb etmək və almaq hüququna malikdir (112.8-ci maddə).
27. Seçilməyən namizədlərə seçilməkdə kömək göstərilməsi ilə əlaqədar baş verən pozuntular aşkar edildikdə, onlar seçkilərin yekunları barəsində qərarın ləğv edilməsi üçün əsas sayıla bilməz (114.5-ci maddə).
28. Birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, Dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə seçkiləri o şərtlə etibarsız sayır ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin (170.2.2-ci maddə).
29. Sözügedən vaxtda qüvvədə olan Seçki Məcəlləsinin 106.3.6-cı maddəsinə müvafiq olaraq, seçki gününün sonunda səslərin hesablanmasının ilkin mərhələsində bülleten qutusunda müvafiq zərfə yerləşdirilməmiş bülleten aşkar edildiyi halda, həmin bülleten qüvvəsini itirmiş hesab edilir. 106.3.6-cı maddə 2 iyun 2008-ci ildə çıxarılmışdır.
B. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Demokratik İnstitutlar və İnsan Hüquqları İdarəsinin (ATƏT/DİİHS) 2005-ci il 6 noyabr seçkiləri ilə bağlı Seçki Müşahidəçisi Missiyasının Son Hesabatı ( Varşava, 2006-cı il 1 fevral).
30. Hesabatdan müvafiq çıxarışlar:
“Dairə seçki nəticələri qanuni müddətdə açıqlanmasa da, seçki məntəqələri tərəfindən müfəssəl nəticələr bütün DSK-lar MSK-nın kompüter şəbəkəsinə bağlı olmasına baxmayaraq, noyabrın 10-da, seçkilərdən dörd gün sonra açıqlanmışdır. Bu, namizədlər və müşahidəçilər üçün səslərin düzgün hesablanmasının yoxlanışını çətinləşdirmişdir. 9 və 42 saylı dairələrin protokolları ictimaiyyətə çatdırılmamışdır. ...
MSK dörd dairənin (42 saylı Sumqayıt İkinci Seçki Dairəsi daxil olmaqla) nəticələrini Seçki Məcəlləsinin dairə seçicilərinin dörddə birini təmsil edən seçki məntəqələrindən beşdə ikisində seçki nəticələrinin ləğv edilməsi halında bütün dairə nəticələrini ləğv edən 170.2-ci maddəsinə müvafiq olaraq ləğv etmişdir. ...
Ən azı, iki DSK sədri (9 və 42) seçki günündən sonra seçki saxtalaşdırılması cinayətində ittiham edilərək, vəzifələrindən azad edilmişlər. İki DSK sədri həbs edilmiş və seçki sənədlərinin saxtalaşdırılması ilə ittiham edilmişlər. MSK 29 MənSK üzrə mümkün cinayət pozuntuları ilə bağlı materialları Baş Prokurorluğa göndərmişdir. ...
MSK-nın dörd dairədə nəticələri ləğv etməsi prosesi yetərli qanuni əsaslar və ya sübutlarla müşayiət olunmamış və həmçinin, proses şəffaf keçirilməmişdir. Dörd dairədə seçki nəticələrinin ləğv edilməsi ilə bağlı MSK-nın qərarı “protokollara seçicilərin iradəsinin müəyyənləşdirilməsini qeyri-mümkün edən qəbuledilməz dəüzəlişlərin edilməsi və qanun pozuntusuna yol verilməsi” qənaətinə gəlmiş, lakin bu nəticəni əsaslandıran faktları göstərməmişdir. ...
Bundan başqa, nəticələri ləğv edərkən, MSK zəruri faktiki təhlili (Seçki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən) aparmamış və Seçki Məcəlləsinin MSK-ya DSK protokollarının və sənədlərinin “səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlara” yol verməsi halında dairədə səslərin yenidən hesablanmasını əmr etməsi səlahiyyəti verən 108.4-cü maddəsinə diqqət yetirməmişdir. DSK və MənSK protokolları MSK-nın iclaslarında təhlil edilməmiş və baxılmamışdır. Seçki məntəqələrində nəticələrin ləğv edilməsi MSK üzvünün protokolun ləğv edilməsi qərarına əsaslanırdı. MSK üzvünün protokolda boşluqlar olması ilə bağlı qənaəti iddia edilən səhvin heç bir izahatı verilmədən və ya sözügedən səs sayları müəyyənləşdirilmədən dəlil olaraq qəbul edilmişdir. Müvafiq olaraq, dörd dairədən hər hansı birində nəticələrin ləğv edilməsi üçün ictimaiyyətə heç bir faktiki səbəb gətirilməmişdir. Bu hal MSK-nın həmin dairələrdə pozuntulara yol verilməsi ilə bağlı bir neçə şikayət qeydə alması halında daha da nəzərəçarpandır. ...
Seçki sonrası mübahisələrin məhkəmə həlli qanuni çərçivədən kənara çıxırdı və beynəlxalq normalara müvafiq deyildi. ... Bir çox hallarda şikayətlər və ərizələr mahiyyəti üzrə baxılmır və ya həm Apellyasiya Məhkəməsi, həm də Ali Məhkəmə tərəfindən əsassız olaraq rədd edilmişdir.
Müxalif namizədlər MSK-nın 9, 42 və 110 saylı dairələrdə nəticələri ləğv etməsindən şikayət vermişlər. Apellyasiya Məhkəməsi MənSK protokolları kimi vacib sənədləri və ya dəlilləri araşdırmadan və heç bir araşdırma keçirmədən, MSK-nın üç qərarını da təsdiqləmişdir. 9 saylı dairədə şikayət verən ərizəçi Apellyasiya Məhkəməsindən MSK-nın Baş Prokurorluğa göndərdiyi protokolları araşdırmasını istəmişdir. Həmin müraciət rədd edilmişdir. 42 saylı dairədə ərizəçi oxşar müraciətlə çıxış etmiş və məhkəmə yenə də eyni müraciəti rədd etmiş və bildirmişdir ki, protokolların qanuni müddət ərzində Baş Prokurorluqdan tələb edilməsi mümkün deyildir. MSK etibarsız elan edilmiş protokolların, onlara edilmiş hansı dəyişikliyin nəticələrin ləğv edilməsi üçün yetərliliyi kimi xüsusi bir nöqsanla bağlı məlumat verə və ya bunu izah edə bilməmişdir. ...
Ali Məhkəmə qarşısında proses də yuxarıda qeyd edilmiş qüsurları aradan qaldıra bilməmişdir.
Ali Məhkəmə MSK-nın hər bir qərarını təsdiq etmişdir.”
HÜQUQİ MƏSƏLƏLƏR
KonvensiyanIn 1 saylI ProtokolUNUN 3-cü MaddəSİNİN
İDDİA OLUNAN pozuntusu
31. Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinə və Konvensiyanın 13-cü maddəsinə istinadən, ərizəçi onun dairəsində seçki nəticələrinin ləğv edilməsinin özbaşına və qeyri-qanuni olması və seçkilərin qanuni qalibi kimi hüquqlarının pozulduğunu iddia etmişdir. O, seçki nəticələrinin ləğv edilməsi prosesinin şəffaf və özbaşınalığa qarşı yetərli təminatlara malik olmamasını və seçki komissiyalarının və milli məhkəmələrin qərarlarının faktiki əsassız və daxili seçki hüququnun çoxsaylı tələblərinə zidd olmasını bildirmişdir.
32. Məhkəmə belə hesab edir ki, bu şikayət Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin təsiri altına düşür və 13-cü maddə ilə bağlı xüsusi araşdırmanın aparılması zəruri deyildir. Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi nəzərdə tutr ki:
“Razılığa gələn Yüksək Tərəflər qanunverici hakimiyyət orqanını seçərkən, xalqın öz iradəsini sərbəst ifadə edə biləcək şəraitdə, ağlabatan dövriliklə, gizli səsvermə yolu ilə azad seçkilər keçirməyi öhdələrinə götürürlər.”
Şikayətin məqbuliyyəti
33. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndi baxımından açıq-aşkar əsassız deyildir. Məhkəmə daha sonra bildirir ki, şikayət hər hansı digər əsasla qeyri-məqbul deyildir. Bu səbəbdən, şikayət məqbul elan edilməlidir.
İşin mahiyyəti
1. Tərəflərin dəlilləri
34. Hökumət bildirmişdir ki, MSK-nın ərizəçinin dairəsində seçki nəticələrini ləğv etmək qərarı faktiki əsaslara malikdir. Bu əsaslar 42 saylı Sumqayıt İkinci Seçki Dairəsinin DSK-nın və həmin dairənin 17 saylı seçki məntəqəsinin MənSK-nın iki rəsmisinə qarşı cinayət icraatının nəticələri ilə öz təsdiqini tapmışdır. Bu rəsmilərdən hər ikisi seçki protokollarına müdaxilə etdiklərini etiraf etmişlər.
35. MSK tərəfindən səslərin yenidən hesablanmasına dair göstərişin verilməməsi ilə bağlı ərizəçinin dəlilinə gəldikdə, Hökumət bildirmişdir ki, Seçki Məcəlləsinin 108.4-cü maddəsi MSK-dan səslərin bütün hallarda yenidən hesablanmasını tələb etmir və sadəcə olaraq, ona hər bir xüsusi halda səslərin yenidən hesablanmasına ehtiyac olub-olmaması qərarını qəbul etmək səlahiyyətini verir. Bundan əlavə, Hökumət bildirmişdir ki, hazırkı işdə səslərin yenidən hesablanması mümkün deyildir. Belə ki, sözügedən anda qüvvədə olan Seçki Məcəlləsinin 106.3.6-cı maddəsinə müvafiq olaraq (bu maddə 2008-ci ildə ləğv edilmişdir), zərfdə olmayan bülletenlər etibarsız sayılır. Beləliklə, MSK-ya təhvil verilən bülletenlər seçki məntəqələrində hesablanma zamanı zərfdən çıxarıldığı və yenidən zərfə qoyulmadığı üçün onların yenidən hesablanması mümkün deyildir.
36. Hökumət qeyd etmişdir ki, seçki protokollarına müdaxilə edilməsi ilə bağlı təsbit edilən hadisələr MSK-nın protokollara əsaslanaraq seçicilərin azad istəyini müəyyən etməsini qeyri-mümkün etmişdir. Səslərin hesablanması ilə bağlı sənədlərə bu cür müdaxilə edilməsi xalqın fikrinin azad ifadəsinə zidd idi və məhz bu səbəbdən MSK düzgün olaraq dairədə seçkinin nəticələrini ləğv etmişdir. Belə ki, bu, seçicilərin iradəsinə uyğun olaraq seçilən namizədlərin həmin seçiciləri Parlamentdə təmsil etməsi kimi qanuni məqsəd güdürdü.
37. Ərizəçi bəyan etmişdir ki, o, seçkilərdə yüksək səs çoxluğu ilə qalib gəlmişdir. Müvafiq protokollar müdaxilədən əvvəl və sonra da onun qalib olduğunu göstərirdi. Seçki protokollarına müdaxilə edilməsi onun topladığı səslərin əhəmiyyətli dərəcədə azaldılması və əsas rəqibinin səslərinin müvafiq olaraq çoxaldılması ilə nəticələnməsinə baxmayaraq, o, yenə də müdaxilə edilmiş protokollarda əks etdirilmiş nəticələrə görə qalib olaraq qalırdı. Bu səbəbdən, müdaxilədən sonra da müvafiq protokollar ərizəçinin 1.259 səs çoxluğu ilə qalib gəldiyini göstərirdi.
38. Ərizəçi seçki protokollarına edilən bütün yolverilməz dəyişikliklərin onun deyil, rəqiblərinin xeyrinə edildiyini qeyd etmişdir. Buna baxmayaraq, MSK Seçki Məcəlləsinin seçki prosesində təsbit edilmiş bütün qanunsuzluqların qalib gələn namizəd deyil, son nəticədə seçilməyən namizədlərin lehinə edilməsi halında seçki nəticələrinin ləğv edilməsinə icazə verməyən 114.5-ci maddəsinə riayət etməmişdir.
39. Ərizəçi qeyd etmişdir ki, müdaxilə edilən on altı protokollardan yalnız beşində namizədlərin səs saylarına yolverilməz dəyişiklik edilmişdir. Qalan protokollar səslərin cəminə təsir etməyən və bu səbəbdən, seçicilərin düzgün iradəsinin müəyyənləşdirilməsinə maneə törətməyən “texniki xarakterli” dəyişikliklər idi.
40. Hökumətin səslərin yenidən hesablanmasının mümkünsüzlüyü ilə bağlı dəlilinə gəldikdə, ərizəçi qeyd etmişdir ki, Hökumətin Seçki Məcəlləsinin qüvvədə olmayan 106.3.6-cı maddəsinə istinadı yanlışdır. Belə ki, həmin maddə bülletenlərin içində olduğu zərflərin ilk dəfə qutulardan çıxarıldığı seçki gününün sonunda seçki məntəqələrində səslərin ilkin hesablanması ilə bağlı idi və MSK üzvlərinin iştirakı ilə səslərin yenidən hesablanmasına istinad etmirdi. Hər bir halda, ərizəçi hesab edir ki, işin hallarını nəzərə alaraq, səslərin yenidən hesablanmasına ehtiyac yox idi. Belə ki, onun qələbəsi hətta dəyişdirilmiş protokollardan da bəlli olurdu.
41. Ərizəçi bəyan etmişdir ki, seçki nəticələrinin ləğv edilməsi üçün heç bir qanuni səbəb yox idi. Hazırkı işdə bu cür qərarın qəbul edilməsi daxili seçki sisteminin adi bir insanın seçki protokollarına cüzi dəyişiklik etməklə, on minlərlə seçicinin fikrini alt-üst etməsinə icazə verdiyini göstərir. Bu isə, Hökumətə seçkinin nəticələrini etibarsız elan etmək məqsədilə rəsmi seçki müdaxilələrinə malik olmaqla, müxalif namizədlərin parlament üzvü olmasına mane olmaq və nəticə etibarilə, bunu etdiyi üçün yüngül cəza ilə canını qurtarmaq imkanı vermişdir. Bununla bağlı, ərizəçi qeyd etmişdir ki, seçkinin nəticələrini məhv etməkdə təqsirləndirilən DSK sədri yüngül cərimə ilə cəzalandırılmış və məhkum edilməsinə baxmayaraq, 2008-ci ildə ictimai işə bərpa edilmişdir.
Məhkəmənin qiymətləndirməsi
42. İlk baxışdan, 1 saylı Protokolun 3-cü maddəsi Konvensiya və Protokollarla təmin olunan digər hüquqlardan fərqlənən kimi görünür, ona görə ki, o, konkret hüquq və ya azadlığa aid ifadələrdən daha çox insanların fikrinin sərbəst ifadə olunmasını təmin edən seçkiləri keçirmək öhdəliyini Tərəf Dövlətlərə yaradan kimi ifadə olunub. Lakin Məhkəmə müəyyən edib ki, o, səs vermək və seçilmək hüquqları daxil olmaqla, fərdi hüquqları təmin edir (baxın, Matyo-Mohin və Klerfayt Belçikaya qarşı, 02 mart 1987-ci il, §§ 46-51, A Seriyaları, № 113). Məhkəmə Konvensiyanın tətbiqinin və təfsirinin əsasında duran demokratik prinsiplərin əhəmiyyətini davamlı olaraq vurğulamış və xüsusən qeyd etmişdir ki, 1 saylı Protokolun 3-cü maddəsi ilə təmin olunan hüquqlar qanunun aliliyi ilə idarə olunan səmərəli və mənalı demokratiyanın müəyyən olunmasında və onun qorunmasında həlledicidir (həmin yerdə, § 47; baxın, həmçinin Hirst Birləşmiş Krallığa qarşı (№ 2) (BP), № 74025/01, § 58, İHAM 2005-IX).
43. 1 saylı Protokolun 3-cü maddəsi ilə təqdim olunmuş hüquqlar mütləq deyildir. Burada «nəzərdə tutulmuş məhdudiyyətlərə» yer vardır və Tərəf Dövlətlər seçkilərin bu sahəsində geniş mülahizə həddinə malikdirlər (baxın, yuxarıda qeyd olunmuş Matyo-Mohin və Klerfayt Belçikaya qarşı, § 52; Metyo Birləşmiş Krallığa qarşı (BP), № 24833/94, § 63, İHAM 1999-I; və Labita İtaliyaya qarşı (BP), № 26772/95 § 201, İHAM 2000-IV). Bununla belə, 1 saylı Protokolun 3-cü maddəsinə riayət olunub-olunmadığını müəyyən etmək son mərhələdə Məhkəməyə aiddir. Xüsusən, Məhkəmə, digər məsələlərlə yanaşı, əmin olmalıdır ki, seçki prosesinin gedişində fərdi hüquqların həyata keçirildiyi şərtlər sözügedən hüquqları onların mahiyyətinə zərər vurduğu qədər azaltmır və onları öz səmərəliliyindən məhrum etmir (baxın, yuxarıda qeyd olunmuş Matyo-Mohin və Klerfayt Belçikaya qarşı, § 52 və Qitonas və digərləri Yunanıstana qarşı, 01 iyul 1997-ci il, § 39, Qərar və Qərardadların Hesabatı, 1997-IV). Belə şərtlər qanunverici orqanın seçilməsində insanların sərbəst ifadəsinə maneə törətməməli, başqa sözlə, onlar ümumi səsvermə vasitəsilə insanların iradəsinin müəyyən olunmasına yönəlmiş seçki prosesinin bütövlüyünü və səmərəliliyini qorumaq marağını əks etdirməli və bu maraqlara zidd olmamalıdır (baxın, yuxarıda qeyd olunmuş Hirst (№ 2), § 62).
44. Bundan başqa, insan hüquqlarının müdafiəsi aləti olan Konvensiyanın məqsədi onun müddəalarının elə tərzdə təfsir və tətbiq olunmasını tələb edir ki, onların şərtlərini nəzəri və ya xəyali deyil, praktiki və səmərəli etsin (baxın, digər mənbələrlə yanaşı, Türkiyənin Birləşmiş Kommunist Partiyası və digərləri Türkiyəyə qarşı, 30 yanvar 1998-ci il, § 33, Hesabatlar, 1998-I; Çassanu və digərləri Fransaya qarşı (BP), № 25088/94, 28331/95 və 28443/95, § 100, İHAM 1999-III; və Lükurezos Yunanıstana qarşı, № 33554/03, § 56, İHAM 2006-VIII). 1 saylı Protokolun 3-cü maddəsi ilə təmin olunmuş və həqiqətən demokratik rejim konsepsiyasının tərkib hissəsi olan seçkidə namizədliyini irəli sürmək hüququ, əgər şəxs istənilən anda ondan məhrum edilərsə, yalnız xəyali olar. Nəticə etibarilə, abstrakt şəkildə seçilmək şərtlərinin müəyyən olunmasında Dövlətlərin geniş mülahizəyə malik olmaları həqiqət olsa belə, hüquqların səmərəli olmasına dair prinsip tələb edir ki, seçilmək prosesi qanunsuz qərarların qarşısını almaq üçün kifayətedici təminatları əks etdirir (baxın, Podkolzina Latviyaya qarşı, № 46726/99, § 35, İHAM 2002-II). Seçkidə namizədliyini irəli sürməyə aid şərtlərlə bağlı ilkin olaraq qeyd olunanlara baxmayaraq, qanunsuzluğun qarşısının alınmasını tələb edən prinsip seçki nəticələrinin yoxlanılması və seçki nəticələrinin ləğvi daxil olmaqla (baxın, mutatis mutandis, Kovaç Ukraynaya qarşı, № 39424/02, § 55, İHAM 2008-...), fərdi seçki hüquqlarının səmərəliliyinə toxunulduğu digər vəziyyətlərə də eynilə aiddir (baxın, Nemət Əliyev Azərbaycana qarşı, № 18705/06, § 72, 08 aprel 2010-cu il).
45. Məhkəmə vurğulamışdır ki, seçki administrasiyasına cavabdeh olan orqanlara vacibdir ki, şəffaf şəkildə hərəkət etsin və siyasi manipulyasiyadan qərəzsizliyi və müstəqilliyi qorusunlar (baxın, Gürcüstanın Fəhlə Partiyası Gürcüstana qarşı, № 9103/04, § 101, 08 iyul 2008-ci il) və onların həyata keçirdikləri araşdırmalar qanunsuzluğa qarşı minimum təminatlara malik olsun və onların qərarları kifayət qədər əsaslandırılsın (baxın, mutatis mutandis, yuxarıda qeyd olunmuş Nemət Əliyev Azərbaycana qarşı, §§ 81-90 və Kovaç Ukraynaya qarşı, §§ 59-60).
46. Hökumət bildirmişdir ki, seçki nəticələrinin ləğv edilməsi ilə bağlı mübahisəli qərar seçicilərin fikrinin azad ifadəsinin qanunsuz müdaxilədən müdafiəsi və düzgün seçilmiş namizədlərin parlamentdə seçiciləri təmsil etməsində əmin olmaq məqsədini daşıyırdı. Bununla belə, Məhkəmə qanunsuzluqların həcmindən və onların bütün dairədəki seçki nəticələri üzərindəki təsirindən asılı olmayaraq, bəzi seçki məntəqələrində qanunsuzluqların ortaya çıxması səbəbindən, bütün seçki dairəsində səslərinin etibarsız hesab edilməsinin 1 saylı Protokolun 3-cü maddəsi baxımından qanuni məqsəd daşıdığından əmin deyildir (müqayisə et, mutatis mutandis, yuxarıda qeyd edilmiş Kovaç, § 52). Lakin aşağıdakı qənaətlər baxımından, Məhkəmə bu məsələ ilə bağlı son qərar qəbul olunmasının tələb olunmadığını hesab edir.
47. İş materiallarından açıq-aydın görünür ki, ərizəçinin seçki gününün sonunda (protokollara müdaxilə edilməsindən əvvəl) hər bir seçki məntəqəsindən əldə etdiyi MənSK protokollarına görə, ərizəçi 5.566 və H. 3.992 səs toplamışlar. Həmin protokolların əsasında tərtib olunan DSK protokollarına görə, bu protokollardan bəzilərinə müdaxilə edilməsindən sonra ərizəçi 5.350 və H. 4.091 səs toplamışlar. Aydındır ki, protokollara qanunsuz dəyişikliklərin edilməsindən əvvəl və sonra seçkinin nəticələri ərizəçini onun açıq qalibi elan edir. Bundan başqa, nə MSK, nə onun qərarından şikayətlərə baxan daxili məhkəmələr, nə də sözügedən qanunsuzluqlarla bağlı cinayət işinə baxan Sumqayıt şəhər məhkəməsi həmin qanunsuzluqların ərizəçinin xeyrinə edilməsi ilə bağlı heç bir sübut tapmamışlar. Əksinə, Sumqayıt şəhər məhkəməsi bunun ərizəçinin rəqiblərinin lehinə edildiyini aşkar etmişdir. Həmçinin, Hökumət öz mülahizələrində həmin qanunsuzluqların ərizəçinin mənafeyi üçün edildiyini irəli sürməmişdir. Müvafiq olaraq, həmin qanunsuzluqların onun rəqiblərinin səs sayını şişirtmək və onun səs sayını azaltmaq üçün edilmiş olması faktına baxmayaraq, seçkinin nəticələri ərizəçini açıq qalib kimi müəyyən edirdi. Belə olan halda, Məhkəmə seçki orqanlarının və Hökumətin həmin qanunsuzluqların bütün dairədə “seçicilərin istəyinin müəyyənləşdirilməsini qeyri-mümkün etməsi” ilə bağlı mövqeyini anlamır. Əksinə, Məhkəmə işin hallarının, nə qədər ciddi olmasından asılı olmayaraq, aşkarladığı qanunsuzluqların seçkilərin nəticəsinə təsir etmədiyi və dairədə əksər seçicilərin seçiminə şübhə salmadığını hesab edir.
48. Digər tərəfdən, ərizəçinin dairəsində seçkinin nəticələrini ləğv edən MSK-nın 08 noyabr 2005-ci il qərarı ilə bağlı Məhkəmə qeyd edir ki, o, MənSK-nın protokollarına edilməsi iddia edilən “yolverilməz düzəlişlərin” və ya digər “qanun pozuntularının” heç bir xüsusi təsvirini vermir, həmin “düzəlişlərin” və “pozuntuların” mahiyyətini açmır və iddia edilən pozuntuların müvafiq seçki məntəqələrində səsvermənin nəticəsinə maneə olması və seçicilərin həqiqi fikrinin müəyyənləşdirilməsini qeyri-mümkün etməsi səbəbini izah etmir. Belə olan halda, Məhkəmə yalnız MSK-nın qərarının tamamilə əsassız olmasına dair nəticəyə gələ bilər.
49. Səslərin yenidən hesablanması ilə bağlı tərəflərin bəyanatlarına gəldikdə, Məhkəmə, hər bir halda qanunsuzluqlara baxmayaraq, qalib gələn namizədin müəyyən edilməsi mümkün olduğundan, belə yenidən hesablamanın artıq olması ilə bağlı ərizəçi ilə həmfikirdir. Lakin Məhkəmə seçki nəticələrinin ləğv edilməsindən əvvəl MSK-nın səslərin yenidən hesablanmasını, ən azı nəzərdən qaçırmasına ciddi yanaşır. Məhkəmə səslərin hesablanması və ya seçkinin nəticələrinə qanunsuz müdaxilənin seçkilərin nəticəsinin müəyyən edilməsinə öz təsirini göstərdiyi halda, səslərin yenidən hesablanmasının mümkün olduğu təqdirdə, hesablamanın yenidən aparılmasının bütün seçki prosesinin ədalətliliyi və müvəffəqiyyətinin önəmli təminatı olduğunu hesab edir. Azərbaycan qanunvericiliyinə müvafiq olaraq, səslərin yenidən hesablanmasının sərbəst (MSK-nın səlahiyyəti) və məcburi olmaması ilə bağlı Hökumətin dəlili qəbul edilsə də, Məhkəmə hazırkı işdə hesab edir ki, MSK səslərin yenidən hesablanması mülahizəsini gözdən keçirməli və ən azı, seçki nəticələrinin ləğv edilməsi qərarını verməzdən əvvəl həmin əlverişli fürsətin üzərindən keçməsi səbəblərini izah etməli idi. Məhkəmənin fikrincə, MSK-nın bu addımı onun qərarının özbaşına olduğu görüntüsünün yaranmasına öz töhvəsini vermişdir.
50. Seçki Məcəlləsinin əvvəlki 106.3.6-cı maddəsinin mübahisəli şərtləri səbəbindən, səslərin yenidən hesablanmasının mümkün olmaması ilə bağlı Hökumətin dəlilinə gəldikdə, Məhkəmə həmin arqumenti yersiz hesab edir. Birincisi, yuxarıda qeyd edildiyi kimi, yenidən hesablamanın aparılmaması səbəblərinin izah edilməsi MSK-nın vəzifəsi idi və o, bu səbəbləri qeyd etməmişdir. İkincisi, görünür ki, Seçki Məcəlləsinin əvvəlki 106.3.6-cı maddəsi bülletenlərin ilk hesablama üçün bülleten qutusundan çıxarılması zamanı təsbit edilməsi ilə bağlı idi. Bülleten zərfdən çıxarıldığı, həqiqi elan edildiyi və ilk hesablamadan keçdiyi halda, ondan yenidən hesablama üçün istifadə edilməsinə hər hansı maneə yoxdur. Üçüncüsu, Məhkəmə ümumiyyətlə hesab edir ki, seçki prosesinin bütövlüyünün qanuni təminatlarına əməl edilməməsinin əsaslandırılması üçün bu cür qeyri-müvafiq və kiçik rəsmiyyətlərə istinad qəbuledilməzdir.
51. Bundan başqa, 08 noyabr 2005-ci il tarixli MSK qərarına gəldikdə, Məhkəmə qeyd edir ki, MSK on altı seçki məntəqəsində iddia edilən qanunsuzluqlar səbəbindən, seçkinin nəticələrini əvvəl ləğv etmiş və sonra dairə seçicilərinin dörddə birini təmsil edən seçki məntəqələrindən beşdə ikisində seçki nəticələrinin ləğv edilməsi faktına əsaslanaraq, seçkilərin nəticələrinin ləğv edilməsi məqsədilə Seçki Məcəlləsinin 170.2.2-ci maddəsinə əsaslanmışdır. Bununla belə, Məhkəmə hesab edir ki, həm müvafiq seçki məntəqələrində, həm də bütün seçki dairəsində seçki nəticələrinin ləğv edilməsi ilə, MSK Seçki Məcəlləsinin seçkidə məğlub olan namizədlərin lehinə edilmiş qanunsuzluqların təsbit edilməsi səbəbindən, hər hansı bir səviyyədə seçki nəticələrinin ləğv edilməsini qadağan edən 114.5-ci maddəsinin tələblərinə etinasızlıq göstərmişdir (baxın, yuxarıda 27-ci paraqraf). Bu qayda seçicilərin olduğu kimi, səs çoxluğu toplayan və qanunsuzluqlar törədilməsində məsuliyyət daşımayan namizədlərin də maraqlarını bu cür namizədlərə qarşı qanunsuz əməllər törədilməsi cəhdlərindən qoruyurdu. Beləliklə, bu qayda qalib gələn namizədin məğlub rəqiblərinin əməlləri səbəbindən, seçkilərdəki qalibiyyətindən məhrum edilməklə, cəzalandırılmasının qarşısını almaq məqsədini daşıyırdı. Bu baxımdan, Məhkəmə Seçki Məcəlləsinin 114.5-ci maddəsində qeyd edilən vəziyyətin qanunsuzluqların “qalib” namizədin lehinə edildiyi vəziyyətin tam əksi olduğunu qeyd edir (yuxarıda qeyd edilmiş Nemət Əliyev, §§ 9-18, 64, 67 və 74). Bununla belə, Məhkəmə müşahidə edir ki, Seçki Məcəlləsinin 114.5-ci maddəsinin açıq-aydın tələblərinə baxmayaraq, seçkilərin ləğv edilməsi qərarının qəbul edilməsi anında nə MSK, nə də onun qərarından apellyasiya şikayətlərinə baxan daxili məhkəmələr qanunsuzluqların kimin lehinə edilməsini müəyyən etməyə cəhd göstərmişdir. Hər bir halda, Sumqayıt şəhər məhkəməsində aparılan sonrakı cinayət icraatı MənSK protokollarına edilmiş qanunsuz dəyişikliklərin ərizəçinin rəqiblərinin lehinə edildiyini təsbit etmişdir. Nəhayət, yuxarıda qeyd edildiyi kimi, həmin qanunsuz dəyişikliklərə baxmayaraq, ərizəçi yenə də ən çox səs toplamış namizəd olaraq qalırdı və daxili məhkəmələrdən heç biri ərizəçinin sözügedən qanunsuzluqlar üçün məsuliyyət daşıdığını irəli sürməmişdir. Belə olan halda, ərizəçinin dairəsində seçki nəticələrinin ləğv edilməsi, bununla da, onun parlament kürsüsündən məhrum edilməsi qərarı həm müvafiq əsaslara malik deyil, həm də Seçki Məcəlləsinin 114.5-ci maddəsinə ziddir. Ən azı, həmin tələbin nəzərə alınmaması və bunun üçün heç bir səbəbin gətirilməməsi seçki nəticələrinin ləğv edilməsi qərarının özbaşınalığını artırmışdır.
52. Nəhayət, Məhkəmə qeyd edir ki, ərizəçinin daxili məhkəmələrə şikayətlərində dəfələrlə yuxarıdakı məqamları nəzərə çatdırmasına baxmayaraq, məhkəmələr həmin məsələlərin adekvat həllinə çalışmamış və sadəcə olaraq MSK-nın dəlillərini təkrarlamışlar. Onlar qanunsuz dəyişikliklər edilmiş MənSK protokollarının həqiqi nüsxələrindən ibarət olan əsas dəlilləri araşdırmaqdan imtina etmiş və MSK qərarının seçki qanununa riayət etməsini sübut edə bilməmişlər. Beləliklə, ərizəçinin seçki ilə bağlı şikayətlərinin həll edilməsi tərzi səmərəli deyildir.
53. Dövlət orqanlarının həmin məsələyə qeyri-adekvat münasibəti, ixtiyarında olan bir neçə seçki protokollarına dəyişiklik edilməsi ilə vəzifələrindən sui-istifadə edən iki aşağı vəzifəli rəsmilərin bir əllə bütün seçki dairəsində seçki prosesinin sabotaj edilməsi ilə nəticələnmişdir. Həmin rəsmilərin əməlləri səbəbindən, seçki nəticələrinin özbaşına ləğv edilməsi ilə daxili dövlət orqanları seçkilərin əngəllənməsində onlara öz köməyini və razılığını göstərmişdir. Seçki orqanları tərkibində seçki prosesinin bütövlüyünə edilən bu etinasızlıq Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinə uyğun deyildir.
54. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə bu nəticəyə gəlir ki, dövlət orqanları tərəfindən seçkinin nəticələrini ləğv etmək qərarını guya “zəruri edən” qanunsuzluqların müəllifləri seçkilərin son nəticələrinə təsir etmək hədəflərinə müvəffəq ola bilməsələr də, ləğv etmə qərarı özü buna “müvəffəq” olmuşdur. Ərizəçinin dairəsində seçki nəticələrinin ləğv edilməsi hər hansı müvafiq əsaslara malik olmamış və daxili qanunvericiliklə müəyyən edilmiş prosesə açıq-aydın zidd olmuşdur (baxın, yuxarıda 51-ci paraqraf). Bu qərar ərizəçini parlamentə seçilmək faydasından məhrum edərək, onun seçki hüquqlarını pozmuş və beləliklə, dünyəvi seçkilər vasitəsilə xalqın iradəsinin müəyyənləşdirilməsini hədəfə alan seçki prosesinin bütövlüyünə zidd olmuşdur.
55. Müvafiq olaraq, Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi pozulmuşdur.
II. KONVENSİYANIN 14-cü MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
56. Yuxarıdakı şikayətlə birgə, ərizəçi seçkidə qalib gəlməsinə baxmayaraq, müxalifət partiyasının üzvü olması səbəbindən, parlamentdəki kürsüsündən qanunsuz şəkildə məhrum edilməsindən şikayət etmişdir. O, 14-cü maddəyə istinad etmişdir:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.”
57. Məhkəmə qeyd edir ki, bu şikayət yuxarıda qeyd edilənlərdən biri ilə əlaqəlidir və bu səbəbdən, qeyri-məqbul elan edilməlidir.
58. Bununla belə, 1 saylı Protokolun 3-cü maddəsi ilə bağlı yuxarıda qeyd edilmiş qənaətlər baxımından, Məhkəmə 14-cü maddənin pozulub-pozulmadığının yoxlanılmasını zəruri hesab etmir.
III. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
59. Konvensiyanın 41-ci maddəsi qeyd edir:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
Zərər
Maddi zərər
60. Ərizəçi onun dairəsində seçkinin nəticələri ləğv edilmədiyi halda, Milli Məclisə seçiləcəyi təqdirdə parlament üzvü kimi alacağı maaşın itkisi üçün 83.185,83 avro tələb etmişdir. O, müvafiq müddətdə onun digər qazancının pensiyada olan müğənni və Dövlət yardımının alıcısı ilə aylıq yalnız 125 yeni Azərbaycan manatı (AZN) təşkil etdiyini qeyd etmişdir (təxminən 120 avro).
61. Hökumət ərizəçinin tələbini mübahisələndirmiş və onun digər qazancının 125 AZN-dən daha çox olduğunu qeyd etmişdir.
62. Məhkəmə oxşar tələb irəli sürülən Kovaç işindəki təhlilini (66-cı paraqraf) təkrar edir:
“Doğrudur, seçiləcəyi təqdirdə ərizəçi parlament üzvü kimi maaş alacaqdır. Lakin bu yenə də iddia edilən məbləği təyin etmək üçün yetərli deyildir. Belə ki, həmin məbləğ (Lykurezos Yunanıstana qarşı işdəki kimi (№ 33554/03, § 64, İHAM 2006‑VIII), bu işdə də ərizəçi mandatını icra etməkdən məhrum edilmişdir) əldə edilən və seçiləcəyi halda verilməyən digər məbləğlə əvəzləşdirilməlidir. Ərizəçi parlament üzvü olacağı təqdirdə alacağı maaş haqda məlumat vermişdir, lakin təmiz itkisinin nə olduğunu bildirməmişdir.”
63. Lykurezos işində (64-cü paraqrafda qeyd edilmiş) Məhkəmə işə aşağıdakı kimi münasibət göstərmişdir:
“Məhkəmə ərizəçinin parlament kürsüsündən məhrum olmayacağı təqdirdə, mübahisəli tədbirin tarixi ilə seçiləcəyi qanunverici orqanın səlahiyyət müddəti arasındakı vaxtda iddia edilən məbləği alacağının mübahisələndirilmədiyini qeyd edir. Bununla belə, Məhkəmə qeyd etmişdir ki, ərizəçi həmin müddətdə fəaliyyətsiz durmamışdır; əksinə, o, vəzifə səlahiyyətlərinə davam edə bilmiş və müvafiq məbləği almışdır. Əlavə olaraq, ərizəçi sözügedən məbləğin həmin müddətdə alacağı parlament ödəmələrindən az olduğunu qeyd etməmişdir. ...Ərizəçinin həqiqi itkilərinin hesablanması və onun bərabər əsasda dəyərləndirilməsi cəhdindəki qeyri-müəyyənlikləri nəzərə alan Məhkəmə ona maddi zərərə görə 20.000 avro və əlavə olaraq tutula biləcək vergilərin məbləğini də təyin etmək qərarını vermişdir.”
64. Məhkəmə qeyd edir ki, yuxarıdakı işlərdən fərqli olaraq, ərizəçi parlament üzvü kimi alacağı maaş və müvafiq müddət ərzində əldə etdiyi digər məbləğ arasındakı fərqlər haqqında müfəssəl məlumat vermiş və bu məlumat onun “təmiz itkisinin” hesablanması üçün yetərlidir. Məhkəmə hesab edir ki, ərizəçi parlament üzvü olacağı təqdirdə, vəzifəsinin ən azı bir hissəsini həyata keçirmiş və göstərdiyi xidmətlərə görə müəyyən gəlir əldə etmiş olacaqdır. Müvafiq olaraq, o, müəyyən maddi zərərə məruz qalmışdır. Düzdür, həmin zərər parlament üzvünün tam xidmət müddəti üçün aylıq maaş qismində texniki olaraq kəmiyyətlə ölçülə bilməzdi. Bu səbəbdən, Məhkəmə ərizəçinin həqiqi itkilərinin hesablanması və onun bərabər əsasda dəyərləndirilməsi cəhdindəki qeyri-müəyyənlikləri nəzərə alaraq, ona maddi zərərə görə 50.000 avro məbləğində kompensasiyanın təyin olunmasını qərara almışdır.
Mənəvi zərər
65. Ərizəçi seçki hüquqlarının pozulması səbəbindən çəkdiyi əziyyət və narahatlıqlar üçün 100.000 avro təzminat tələb etmişdir.
66. Hökumət iddia edilən məbləğin əsassız və həddindən artıq olduğunu bildirmişdir.
67. Məhkəmə ərizəçinin məruz qaldığı mənəvi zərərin yalnız 1 saylı Protokolun 3-cü maddəsinin pozuntusunun müəyyən olunmasına əsaslanaraq kompensasiya edilə bilməyəcəyi qərarına gəlmişdir. Məhkəmə ədalətli əsaslarla, üstünə gələ bilən hər hansı vergi məbləği hesablanmaqla, ona mənəvi zərərə görə 7.500 avro məbləğində kompensasiyanın təyin olunmasını qərara almışdır.
Xərc və məsrəflər
68. Ərizəçi, həmçinin hüquqi xidmətlər üçün 4.500 avro və poçt xərcləri üçün 300 avro daxil olmaqla, Məhkəmə qarşısındakı xərclərə görə 4.800 avro tələb etmişdir.
69. Hökumət hüquqi xidmətlər məbləğininin həddən artıq çox olduğunu və poçt xərcləri ilə bağlı iddianın heç bir sənədlə təsdiqlənmədiyini irəli sürmüşdür.
70. Məhkəmənin presedent-hüququna müvafiq olaraq, xərc və məsrəflərin yalnız həqiqətən və zəruri olaraq, həmçinin əsaslandırılmış həcmdə çəkilməsi göstərildiyi halda, ərizəçi onların əvəzinin ödənilməsi hüququna malikdir. Məhkəmə qeyd edir ki, ərizəçi hüquqi və tərcümə xidmətlərinə görə xərcləri hələ çəkməsə belə, müqavilə öhdəliyinə əsasən, o, bu xərcləri çəkməlidir. Müvafiq olaraq, müqaviləyə əsasən vəkilin və tərcüməçinin nəzərdə tutulmuş məbləğləri ödəməyi tələb etmək hüquqlarına malik olduqlarını nəzərə alaraq, bu xərclər “həqiqətən çəkilmişdir”. Lakin hazırkı işdə həyata keçirilmiş hüquqi xidməti və həqiqətən tərcümə olunmuş materialın həcmini nəzərə alaraq, Məhkəmə hesab edir ki, həm hüquqi, həm də tərcümə xərclərinə aid tələblər həddən artıqdır və buna görə yalnız qismən təmin oluna bilər. Bundan başqa, Məhkəmə qeyd edir ki, ərizəçi poçt xərclərinə görə tələbini hər hansı sübutla təsdiq etməmiş və bu səbəbdən, həmin xərclərə aid hər hansı məbləğ təyin oluna bilməz.
71. Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə üstünə gələ bilən hər hansı vergi məbləği hesablanmaqla, Məhkəmə qarşısındakı icraat üzrə xərcləri əhatə edən 1.600 EUR məbləği təyin etməyi əsaslı hesab edir.
Faiz dərəcəsi
72. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
Şikayəti məqbul elan edir;
İş üzrə Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin pozulduğunu qərara alır;
Şikayətin Konvensiyanın 14-cü maddəsi baxımından araşdırılmasının tələb olunmadığını qərara alır;
4. Qərara alır ki,
(a) Qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə əsasən qəti olduğu gündən üç ay müddətində Hökumət tərəfindən ərizəçiyə həll olunma gününə tətbiq edilən dərəcəyə uyğun olaraq milli valyuta ilə aşağıdakı məbləğlər ödənilməlidir;
(i) maddi zərərə görə üstünə gəlinə bilən hər hansı vergi hesablanmaqla, 50.000 EUR (əlli min avro);
(i) mənəvi zərərə görə üstünə gəlinə bilən hər hansı vergi hesablanmaqla, 7.500 EUR (yeddi min beş yüz avro); və
(ii) xərc və məsrəflərə görə üstünə gəlinə bilən hər hansı vergi hesablanmaqla, 1.600 avro (bir min altı yüz avro);
(b) yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan həll olunma gününədək faiz dərəcəsi yuxarıdakı məbləğ üstünə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun ödənilməlidir;
5. Ədalətli kompensasiya üçün ərizəçinin tələbinin qalan hissəsini rədd edir.
İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 30 sentyabr 2010-cu ildə göndərilib.
Soren NilsenXristos Rozakis
Katib Sədr
Full & Egal Universal Law Academy