AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
Xalikova AZƏRBAYCANA QARŞI
(42883/11 №-li ərizə)
QƏRAR
STRASBURQ
22 oktyabr 2015-ci il
Yekun
14.03.2016
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qərara çevriləcəkdir. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.
Xalikova Azərbaycana qarşı işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci Bölmə), Palatanın aşağıdakı tərkibində:
Andras Sajo, Sədr,
Elizabet Stayner,
Miryana Lazarova Traykovska,
Xanlar Hacıyev,
Yuliya Lafranqe,
Dmitri Dedov
Erik Mose, hakimlər,
və Sören Nielsen, Bölmə katibi,
29 sentyabr 2015-ci il tarixində qapalı iclas keçirərək,
həmin tarixdə aşağıdakı qərarı qəbul etdilər:
PROSEDUR
1. İş Azərbaycan Respublikasının vətəndaşı, xanım Nuriyə Abəzovna Xalikova tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 14 iyul 2011-ci il tarixində Məhkəməyə ünvanlanmış ərizəsi (№ 42883/11) ilə başlanılmışdır.
2. Ərizəçi Azərbaycanda vəkillik fəaliyyəti ilə məşğul olan cənab F.Ağayev tərəfindən təmsil olunmuşdur. Azərbaycan Hökumətini (“Hökumət”) nümayəndəsi, cənab Ç.Əsgərov təmsil etmişdir.
3. Ərizəçi iddia edir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə zidd olaraq mülkiyyətindən məhrum edilmişdir və milli mülki məhkəmə icraatları Konvensiyanın 6-cı və 13-cü maddələrinin tələblərinin pozulması ilə aparılmışdır. O, həmçinin iddia etmişdir ki, qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, polis tərəfindən zorakılıqla evindən çıxarılmışdır və bununla da Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş vermişdir.
4. 28 yanvar 2014-cü il tarixində ərizə Hökumətə yönləndirilmişdir. Həmçinin Məhkəmə Reqlamentinin 41-ci maddəsinə əsasən prioritet qaydada baxılmasını qərara almışdır.
FAKTLAR
İŞİN HALLARI
5. Ərizəçi 1964-cü ildə anadan olmuşdur və Bakı şəhərində yaşayır. O, tatar mənşəli Azərbaycan vətəndaşıdır və onun Azərbaycanda yaşayan qohumu yoxdur.
6. Ərizəçi Bakı şəhəri, Füzuli küçəsi 58 ünvanında yerləşən ümumi sahəsi 28.5 kv.m. olan 51 saylı mənzilin mülkiyyətçisi olmuşdur.
7. Ərizəçinin mənzilinin yerləşdiyi bina 1908-ci il tarixdə inşa olunub və bina memarlıq abidəsi hesab olunur. Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə "Yerli əhəmiyyətli tarixi və mədəni Daşınmaz əmlak" siyahısında qeydiyyata alınmışdır.
İcra Hakimiyyəti tərəfindən ərizəçinin evinin yerləşdiyi əraziyə dair qəbul edilmiş aktlar
8. 24 sentyabr 2008-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin («BŞİH») başçısı “Yeni park kompleksinin salınması, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi haqqında” 511 saylı sərəncam imzalamışdır. Sərəncamın müvafiq hissəsində deyilir:
“Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Heydər Əliyev Sarayının arxasındakı (Fizuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrinin əhatəsində olan sahə) binalarının sökülərək yeni park-bağ kompleksinin salınması işləri Bakı Şəhər İcra Hakimiyyətinə həvalə olunmuş, qeyd edilən ərazidə yaşayış və qeyri-yaşayış sahələrinə görə veriləcək vəsaitin Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur.
Qeyd etmək lazımdır ki, mövcud qanunvericilikdə bu günə qədər söküntü ərazisinə düşən və dövlət ehtiyacları üçün alınan evlərin köçürülməsi ilə əlaqədar qitmətləndirmənin öz əksini tapmaması, qeyd olunan evlərdə yaşayan əhalinin köçürülməsi müəyyən çətinlik yaradır. Həmçin əhalinin köçürülməsi işi dövlət orqanları tərəfindən həyata keçirildikdə əhali tərəfindən qiymətlər süni surətdə artırılaraq onlara məxsus evlərin satın qiyməti bazar qiymətindən bir neçə dəfə baha təklif edilir ki,bu da artıq vəsaitin xərclənməsinə səbəb olur. Bunları nəzərə alaraq göstərilən ünvandakı əhali ilə danışıqların və onların köçürülməsi işi fiziki şəxs Kazımov Rufan Habil oğlu tərəfindən həyata keçirilməsi qərarına gəlinmişdir.
Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin məktubuna əsasən göstərilən sahədəki əhalinin köçürülməsi üçün ilkin olaraq 5,0 (5) milyon manat vəsait Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən bu işləri həyata keçiricək fiziki şəxs Kazımov Rufan Habil oğlunun hesabına köçürülmüş və təyinatı üzrə xərclənmişdir.
Növbəti mərhələdə Dövlət Neft Şirkəti alan vəsaitin birbaşa fiziki şəxsin hesabına köçürülməsini məqsədəuyğun hesab etməyərək onun Bakı Şəhər İcra Hakimiyyətinin hesabına köçürülməsini təklif etmişdir.
Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyəi tərəfindən 17 sentyabr 2008-ci il tarixli, 7-3636/4g saylı məktubla Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edilmiş və Nazirliyin 18 sentyabr 2008-ci il tarixli, 04/02/03-333-5099 saylı məktubunda bu işlərin həyata keçirilməsinə etiraz edilmədiyi bildirilmişdir.
Yuxarıda qeyd olunanları və Möhtərəm Prezidentimizin müvafiq tapşırığını rəhbər tutaraq:
1.Bakı şəhərinin Baş Planına əsasən Heydər Əliyev Sarayının arxasındakı (Fizuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrinin əhatəsində olan sahə) ərazi park salınması üçün nəzərdə tutulduğundan orada yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri mövcud qanunvericiliyin tələblərinə əsasən ödənilməklə köçürülməsi təmin edilsin.
2. Qeyd olunan ərazidə yaşayış və qeyri-yaşayış tikilərinin sahibləri ilə danışıqların aparılması və kompensasiya verərək köçürülməsi işi tərəflər arasında müqaviləyə əsasən fiziki şəxs Kazımov Rufan Habil oğlu tərəfindən həyata keçirilsin və bu sahədə aparılan işlər başa çatdırıldıqdan sonra toplanmış sənədlər Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilsin.
3. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mühasibatlığı göstərilən köçürmə ilə əlaqədar Azərbaycan Respublikası Neft Şirkəti tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin hesabına ödənilmiş vəsaitin fiziki şəxs R.H.Kazımovun hesabına keçirilməsini təmin etsin.
4. Sərancamın icrasına nəzarət Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri B.Fərəcbəyliyə həvalə edilsin.”
B. Ərizəçinin mənzilindən köçürülməsi cəhdləri
1. Hadisələrin ərizəçi tərəfindən verilən təsviri
9. 2010-cu ilin əvvəllərində Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ərizəçinin yaşadığı binanın ətrafında çəpərlərin qurulması işinə başladı. BŞİH-in əməkdaşları şifahi olaraq sakinlərə bildirdilər ki, evlərini tərk etməklərinin qarşılığında onların əmlakının hər kv.m-nə görə 1500 Azərbaycan manatı (AZN) məbləğində kompensasiya veriləcəkdir.
10. 2010-cu ilin fevral ayında BŞİH-nin tələbi ilə binanın birinci mərtəbəsindən orada yerləşən müxtəlif kommersiya şirkətləri çıxarıldı. Ərizəçinin qonşuları da eyni vəziyyət ilə üzləşdi və onların çoxu BŞİH-in təzyiqinə təslim oldu. Xüsusilə, binanın yuxarı mərtəbəsində yaşayan sakinlər evlərini tərk etdilər. Onlar evlərini tərk etdikdən sonra BŞİH-in işçiləri sözügedən mənzilləri və binanın dam örtüyünü sökdülər. Nəticə etibarı ilə yağış binaya tökülməyə başladı və bununla da ərizəçinin orada yaşaması artıq qeyri-mümkün idi.
11. Ərizəçi hadisənin öz təsvirinin sübutu kimi bir neçə video yazıları təqdim etmişdir. Video yazılardan aydındır ki, bina çəpərlərlə əhatə olunmuşdur və binanın dam örtüyü fəhlələr tərəfindən sökülür. Həmçinin video yazılardan aydındır ki, sözügedən binanın birinci və yuxarı mərtəbələrində yerləşən mənzillər və qeyri-yaşayış sahələri eləcə də sonuncu binanın yanındakı digər binalar artıq sökülmüşdür. Bununla yanaşı, ərizəçi məhkəməyə iddiasının təsdiqi kimi video yazıları doğrulayan şəkillər də təqdim etmişdir.
12. 2010-cu ilin mart ayında BŞİH-nin yüksək vəzifəli rəsmisi olan Z.İ ərizəçidən və binanın qalan digər sakinlərindən xahiş etdi ki, mənzillərini tərk etsinlər və bunun üçün onlara bir həftə müddət verdi. Lakin Bakı Şəhər İcra Hakimiyyəti sakinlərə alqı-satqı müqaviləsini icra hakimiyyəti ilə yox, Rufan Kazımov adlı üçüncü şəxslə bağlamağı təklif etmişdi. Sözügedən şəxsin BŞİH-də heç bir rəsmi vəzifəsi yox idi və bu şəxs ərazinin sakinləri ilə bağlanmış bütün alqı-satqı müqavilələrində alıcı kimi çıxış etmişdir.
13. 2010-cu il aprel ayının əvvəllərindən binadakı telefon xətləri 2 aylıq müddətə kəsilmiş və daha sonra işığın kəsilməsi adi hala çevrilmişdi. Binanın su nasosu yoxa çıxmşdı. Ərizəçinin fikrincə, bütün bu tədbirlər BŞİH-yə tərəfindən onu və digər sakinləri öz mənzillərini tərk etməyə məcbur etmək üçün həyata keçirilmişdir.
14. Ərizəçinin BŞİH əməkdaşlarının qanunsuz hərəkətləri barədə müxtəlif dövlət orqanlarına şikayətlərindən sonra icra hakimiyyəti orqanları 7 iyul 2010-cu il tarixli BŞİH-nin Administrasiyasının rəhbəri tərəfindən imzalanmış məktubla ərizəçiyə bildirdi ki, həmin ərazidə yeni park salınacaq və mülkiyyətində olan mənzilin hər kv.m üçün 1500 AZN məbləğində kompensasiya veriləcəkdir. Məktubda yazılır:
Sizin Azərbaycan Respublikasının Baş Prokurorluğundan Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş şikayətiniz öyrənildi.
Sizə bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 18 may 1987-ci il tarixli 182 saylı qərarı və Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 30 avqust 1989-cu il 9/340 saylı qərarı əsasında Bakı Şəhərinin İnkişafının Baş Planına uyğun olaraq Heydər Əliyev Sarayının arxasındakı ərazidə (Fizuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrinin əhatəsində olan sahə) olan binaların sökülməsi və əvəzində bağ-park kompleksinin salınması nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Prezidentin göstərişinə uyğun olaraq, həmin ərazidə yerləşən binaların sökülməsi və müasir bağ-park kompleksinin tikintisi vəzifəsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir.
Sözügedən ərazinin boşaldılması və kompensasiya ödənilməsi ilə bağlı 24 sentyabr 2008-ci il tarixli 511 saylı Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına uyğun olaraq həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin hər kv.m üçün 1500 AZN məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edilib.
15. Ərizəçi öz mənzilini bu şərtlərlə tərk etməkdən imtina etmişdir.
2. Hadisələrin hökumət tərəfindən verilən təsviri
16. Hökumət ərizəçinin təqdimatı ilə bağlı hər hansı bir şərh təqdim etməyib.
C. 19 Noyabr 2010-cu il tarixdə baş verən hadisələr
1. Hadisələrin ərizəçi tərəfindən verilən təsviri
17. 19 noyabr 2010-cu il tarixdə saat 09:00 radələrində ərizəçinin yaşadığı bina BŞİH-nin əməkdaşları və polislər tərəfindən əhatəyə alındı.
18. Saat 09:11-də ərizəçinin mənzilinin qapısı döyüldü. Ərizəçi qapının gözlüyündən baxdığı zaman təxminən 10 nəfər polis və icra hakimiyyəti işçilərindən ibarət bir qrup gördü. Onlar qapını açmağı əmr etdilər. Ərizəçi evdən çıxarılması üçün heç bir məhkəmə qərarının olmadığını deyərək qapını açmaqdan imtina etdi.
19. Ərizəçinin imtinasından sonra onlar qapını qırdı və ərizəçinin iradəsi əleyhinə onun evinə daxil oldular. Ərizəçi dərhal evini tərk tələb etdi lakin onlar bunu etmədilər.
20. Təxminən saat 09.30 radələrində ərizəçi, özünü yaxşı hiss etmədiyi üçün təcili yardım çağırdı. Təcili yardımın tezliklə gəlməsinə baxmayaraq polis həkimlərin evə daxil olmasına icazə vermədi.
21. Ərizəçinin səhhəti daha da pisləşdiyindən o, polis nəfəri tərəfindən çölə çıxarıldı və bu zaman həkim binanın qarşısında ona təcili yardım göstərdi.
22. Ərizəçi öz iddialarının müdafiəsi üçün onun evdən çıxarılması ilə bağlı halları göstərən video yazılar təqdim etmişdir. Video yazılardan aydındır ki, ərizəçi qapını açmağı rədd etdiyi andan yuxarıda qeyd olunan insanlar məsələnin məhkəmə baxışında olduğunu deyərək onun qapısını qırmağa başlayıblar. Növbəti görüntülərdən görünür ki, BŞİH-nin əməkdaşları və formada olan polis nəfərləri evə daxil oldular, ərizəçiyə məxsus əşyaları və mebeli evdən çıxartmağa başladılar və bütün bunlar baş verən zaman ərizəçi səhhəti pis olduğu üçün divanda uzanmış vəziyyətdə idi. Həmçinin video yazılardan görünür ki, ərizəçi özünü yaxşı hiss etmirdi və BŞİH-in əməkdaşları və polis nəfərlərinə həmin vaxtı binanın həyətində olan həkimi çağırmalarını xahiş etmişdir.
23. Saat 10:00-da ərizəçi 22 saylı Nəsimi rayon Polis Bölməsinə aparılmış və orada digər sakinlərlə bir otaqda saxlanılmışdır. Polis bölməsində, o özünü yaxşı hiss etmədiyi üçün təkrar təcili yardım çağırılmışdır. O, həkim tərəfindən müayinə olunmuş və bununla bağlı müvafiq tibbi arayış verilmişdir. Tibbi arayışda qeyd olunmuşdur ki, təcili yardım 10.45-də polis idarəsinə gəlmiş və ərizəçiyə polis bölməsində tibbi yardım göstərilmişdir.
24. 18:30-da bir polis nəfəri ərizəçi və digər sakinlərə ictimai asayişi pozduqları üçün polis idarəsinə gətirildiklərini təsdiqləyən ifadə verməyi tələb etdi. Lakin onlar bundan imtina etdilər.
25. Daha sonra polis işçisi onlara dedi ki, ifadə verməkdən imtina etmələri barədə iltizama imza etsinlər. Onlar bundan da imtina etdilər.
26. 19:10-da ərizəçi polis idarəsindən buraxıldı. Ərizəçiyə polis tərəfindən onun həbs olunması ilə bağlı hər hansı sənəd təqdim edilməmişdir.
27. Buraxıldıqdan sonra ərizəçi öz mənzilinə qayıdan zaman onun mənzili BŞİH-nin əməkdaşları tərəfindən artıq sökülmüşdü. BŞİH-nin əməkdaşı- Z.I ərizəçiyə məlumat verdi ki, onun əşyaları və mebelləri evindən çıxardılaraq anbara aparılmışdır. Anbara çatdıqdan sonra ərizəçi müəyyən etdi ki, onun əşyalarının və mebelinin çoxuna ziyan vurulub və bir qismi də yoxa çıxmışdır.
28. 22 noyabr 2010-cu il tarixdə sözügedən bina BŞİH tərəfindən tamamilə sökülmüşdür.
2. Hadisələrin hökumət tərəfindən verilən təsviri
29. 19 noyabr 2010-cu il tarixdə ərizəçi və bir qrup sakin köçürmələrinə etiraz olaraq icazəsiz nümayiş təşkil etdikləri üçün polis idarəsinə aparılmışdırlar. Onlar polisin xəbərdarlığına baxmayaraq icazəsiz toplaşmağa davam etmişlər. Bundan sonra ərizəçi və digər iştirakçılar saat 11:10-da polis bölməsinə aparılmış və danışıqlardan sonra 13:50-də sərbəst buraxılmışlar. Polis ərizəçinin saxlanılması barədə hər hansı bir rəsmi sənəd tərtib etməmişdir, çünki o inzibati qaydada həbs edilməmişdir.
30. Hökumət öz iddialarının müdafiəsi üçün ərizəçi və səkkiz nəfər şəxsin icazəsiz nümayiş təşkil etməsi səbəbindən 22 saylı Nəsimi rayon Polis Bölməsi aparıldığı barədə 19 noyabr 2010-cu il tarixli raport təqdim etmişdir. Bu raport 22 saylı Nəsimi rayon Polis Bölməsinin rəisinə ünvanlanmış və üç polis nəfəri tərəfindən imzalanmışdır. Raportun müvafiq hissəsində deyilir :
Sizə məlumat vermək üçün yazıram ki, 19 noyabr 2010-cu il tarixdə 11:00 radələrində müəyyən bir neçə şəxs Füzuli küçəsində icazəsiz nümayiş təşkil etməsi səbəbindən rəhbərliyin təlimatı əsasında tərəfimizdən 22 saylı Nəsimi rayon Polis Bölməsinə aparılmış və orada onların şəxsiyyətləri müəyyən edilmişdir
...
Bu şəxslər barəsində növbəti inzibati tədbirlərin icrası üçün əmr verməyinizi xahiş edirik.”
31. Həmçinin Hökumət 19 noyabr 2010-cu il tarixdə tərtib edilmiş inzibati xəta ilə əlaqədar olan protokol təqdim etmişdir. Bu protokoldan görünür ki, ərizəçi İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsinin tələbinə uyğun olaraq yığıncaqların, nümayişlərin, küçə yürüşlərinin təşkili və keçirilməsi qaydasının pozulması ilə bağlı xəbərdar edilmişdir. Protokol tərtib olunan vaxt dəqiq vaxt qeyd olunmamış və protokol ərizəçi tərəfindən imzalanmamışdır.
32. Hökumət həmçinin inzibati xətalara dair materialların qeydiyyat kitabından çıxarış təqdim etmişdir. Çıxarışa görə, ərizəçi qanunsuz piketə cəhd etdiyinə görə 11:10-da polis şöbəsinə aparılmış və 13:50-də azadlığa buraxılmışdır.
D. 19 noyabr 2010-cu il tarixli hadisələr ilə bağlı milli məhkəmələrdə icraat
33. 22 noyabr 2010-cu il tarixdə ərizəçi polis tərəfindən qanunsuz olaraq azadlıqdan məhrum edilməsi ilə bağlı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, yerli məhkəməyə eyni faktiki məlumatları təqdim etmiş (bax 17-27 bənd) və iddia etmişdir ki, 19 noyabr 2010-cu il tarixdə qanunsuz olaraq 10:00-dan 19:10-a qədər 22 saylı Nəsimi rayon Polis Bölməsində qanunsuz olaraq saxlanılmışdır. O, qeyd etmişdir ki, polis tərəfindən saxlanılması ilə onun zorla mənzildən çıxarılması təşkil olunmuşdur. O, həmçinin, mənzil toxunulmazlığı hüququnun pozulması ilə bağlı da şikayət ərizəsi vermişdir, çünki polis qanunsuz olaraq onun mənzilinə daxil olmuşdur.
34. 30 noyabr 2010-cu il tarixdə 22 saylı Nəsimi Rayon Polis Bölməsinin rəhbəri birinci instansiya məhkəməsinə 19 noyabr 2010-cu il tarixdə baş vermiş hadisələr ilə bağlı məktub təqdim etmişdir. Nəsimi Rayon Məhkəməsinin sədrinə ünvanlanmış məktubda deyilir :
“Sizin 23 noyabr 2010-cu il tarixli məktubunuza əsasən bildirilir ki, 19 noyabr 2010-cu il tarixdə saat 11:00-da Xalikova Nuriyə Abazovna və digər səkkiz nəfər Füzuli küçəsi 58 ünvanında binanın qarşısında qanunsuz olaraq toplaşdığına görə Nəsimi rayon Polis rəhbərliyinin göstərişi əsasında 22 saylı Nəsimi rayon Polis Bölməsinə aparılmışdır. Onlarla profilaktik söhbətlər aparılmış, İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsinə əsasən protokol tərtib edilmiş və qanunla nəzərdə tutulmuş üç saatdan artıq olmayan müddətdə buraxılmışlar."
35. 10 dekabr 2010-cu il tarixli məhkəmə baxışının protokolundan aydındır ki, şahidlər F.G və L.A ərizəçinin dediklərini təsdiq edən ifadə vermişlər. Xüsusilə, onlar ifadə vermişlər ki, ərizəçi saat 10:00- da polis bölməsinə aparılmış və təxminən 20:00 radələrində azadlığa buraxılmışdır. Onlar daha sonra əlavə etmişlər ki, polis əməkdaşları və digər əməkdaşlar qapını qıraraq qanunsuz yolla mənzillərinə daxil olmuş və onlar polis tərəfindən nəzarətə alınaraq mənzildən zorla çıxarılmaları həyata keçirilmişdir.
36. Həmin məhkəmə iclasında 22 saylı Nəsimi Rayon Polis Bölməsinin nümayəndəsi, polis nəfəri E.N. dindirilmişdir. O, məhkəmə qarşısında ifadə vermişdir ki, ərizəçi polis bölməsində olan zaman pis rəftara məruz qalmamışdır və ərizəçi özünü yaxşı hiss etmədiyindən şəxsən özü təcili tibbi yardım çağırmışdır. Ərizəçi daha sonra polis bölməsində həkim tərəfindən tibbi yardım ilə təmin edilmişdir. O, daha sonra bildirmişdir ki, ərizəçi və digər sakinlərin polis bölməsinə gətirilmə səbəblərini bilməmiş və sonradan öyrənmişdir ki, onlar qanunsuz nümayişdə iştirak etdiklərinə görə polis bölməsinə gətirilmişlər.
37. Həmçinin məhkəmə baxışının protokolundan görünür ki, - ərizəçinin saat 10:00-da polis bölməsinə aparılmasının təsdiqi kimi - ərizəçi tərəfindən təqdim edilmiş 19.11.2010-cu il tarixli tibbi arayışın surəti təcili tibbi yardımın saat 10:45-də polis bölməsinə çatmasını və onun tibbi yardım ilə təmin edilməsini təsdiq edir. Həmçinin ərizəçinin təqdim etdiyi video yazılardan polisin qapını necə qırması, mənzilə daxil olması və ona məxsus əşyaların və mebellərin BŞİH-nin əməkdaşları tərəfindən polis nəfərlərinin iştirakı ilə evdən necə çıxarılması görünür. Məhkmə baxışında video yazıların müayinəsi zamanı video yazıların 19 noyabr 2010-cu il tarixdə saat 09:11 və 09:45 arasında ərizəçinin mobil telefonun kamerası ilə qeydə alınması və onların həqiqiliyi təsdiq edilmişdir.
38. 20 dekabr 2010-cu il tarixdə Nəsimi Rayon Məhkəməsi ərizəçinin tələbini rədd etmişdir. Məhkəmə 22 saylı Nəsimi Rayon Polis Bölməsinin rəhbəri tərəfindən təqdim edilmiş 30 noyabr 2010-cu il tarixli məktuba və 19 noyabr 2010-cu il tarixli inzibati xəta ilə bağlı protokola istinad edərək qeyd etmişdir ki, ərizəçi, qanunsuz nümayiş təşkil etdiyinə görə polis tərəfindən xəbərdarlıq almışdır. Məhkəmə, həmçinin qət etmişdir ki, bu işdə hər hansı bir cinayət elementi yoxdur və ərizəçi polis tərəfindən inzibati qaydada tutulmasına görə şikayət verə bilər. Məhkəmə ərizəçinin iddiasının müdafiəsi məqsədi ilə təqdim etdiyi video yazılar və tibbi arayış kimi sübutlara qiymət verməmişdir. Məhkəmə həmçinin ərizəçinin mənzilinə polis müdaxiləsinin qanuniliyi məsələsini də araşdırmamışdır. F.G və L.A-nın şahid ifadələrinə gəlincə isə məhkəmə ərizəçinin saat 10:00-da polis bölməsinə aparılması, saat 20:00 radələrində azadlığa buraxılması və polis tərəfindən onun evdən çıxarılması üçün qanunsuz olaraq mənzilinə daxil olunması kimi halları nəzərə almadan onlarla polis bölməsində saxlanılarkən pis rəftar edilməməsi kimi halı qeyd etməsi ilə kifayətlənmişdir. Məhkəmə qərarının müvafiq hissəsində deyilir:
“Məhkəmə, tərəflərin izahatlarını və təqdim edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilə bilməz.
Məhkəməyə ünvanlanmış 30.11.2010, tarixli, 9/13-22-4019 saylı məktubda qeyd olunur ki, 19 noyabr 2010-cu il tarixdə Xalikova Nuriyə Abazovna və digər səkkiz nəfər Fizuli küçəsi 58 ünvanında, binanın qarşısında qanunsuz olaraq toplaşdığına görə Nəsimi rayon Polis rəhbərliyinin göstərişi əsasında 22 saylı Nəsimi Rayon Polis Bölməsinə aparılmışdır. Onlarla profilaktik söhbətlər aparılmış, İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsinə əsasən protokol tərtib edilmiş və qanunla nəzərdə tutulmuş üç saatdan artıq olmayan müddətdə buraxılmışlar.
22 saylı Nəsimi Rayon Polis Bölməsinin mayoru E.N məhkəmə baxışındakı ifadəsində bildirir ki, polis nəfərləri tərəfindən tərtib edilmiş, 22 saylı Nəsimi Rayon Polis Bölməsinin rəisi M.M-ə ünvanlanmış 19 noyabr 2010-cu il tarixli raportda deyilir ki, Xalikova Nuriyə Abazovna və digər səkkiz nəfər Fizuli küçəsi 58 ünvanında qanunsuz olaraq toplaşdığına görə rəhbərliyin təlimatına uyğun olaraq 22 saylı Nəsimi Rayon Polis Bölməsinə aparılmışdırlar. Raporta bu şəxslər barəsində qanuni tədbirlərin görülməsi haqqında sorğu daxildir.
...
Məhkəməyə təqdim edilmiş 19 noyabr 2010-cu il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, N.Xalikova Füzuli küçəsi 58 ünvanında qanunsuz nümayiş təşkil etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsinin tələbləri əsasında onun əməlində pozuntu tapılmış və inzibati cəza kimi ona xəbərdarlıq edilmişdir. N.Xalikova protokola imza etməkdən və hər hansı bir izah verməkdən imtina etmişdir.
Şahidlər F.G. və L.A məhkəmə baxışında polis bölməsinə aparılan zaman və orada olduqları müddətdə onlarla hər hansı bir pis rəftarın və ya ərizəçiyə qarşı hər hansı digər qeyri-qanuni fəaliyyətin şahidi olmadıqlarını ifadə etmişlər. Əksinə, polis bölməsinin ikinci mərtəbəsində olan zaman onlarla və digər şəxslərlə polis tərəfindən yaxşı rəftar olunub və N. Xalıkovanın özünü yaxşı hiss etmədiyini görən polis təcili yardım çağırıb. Bu faktlar ərizəçi tərəfindən də təsdiq edilmişdir.
Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə hesab edir ki, bu şikayətdə təsvir olunan faktlar cinayət təqibi üçün əsas təşkil etmir. Bu səbəbdən, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin normalarına uyğun olaraq araşdırıla bilməz.
Əslində, məhkəmə baxışında müəyyən edilmişdir ki, ərizəçi inzibati xəta törətməsi ilə bağlı Bakı şəhəri, 22 saylı Nəsimi Rayon Polis Bölməsinə dəvət olunmuşdur.
Ərizəçi bu qərardan apellyasiya şikayəti vermiş və təkrar etmişdir ki, o, qanunsuz olaraq polis tərəfindən saxlanılmış və polis qapını qıraraq qanunsuz olaraq onun mənzilinə daxil olmuşdur. Ərizəçi, qeyd etmişdir ki, onun iddiası şahid ifadələri, video yazılar və tibbi arayış ilə təsdiq olunur. Bununla da bildirmişdir ki, 19 noyabr 2010-cu il tarixdə o nə nümayiş təşkil etmiş, nə də ki belə bir tədbirdə iştirak etmişdir. Ərizəçi əlavə etmişdir ki, o, polis tərəfindən iddia edilən saat 11:00-da baş tutan nümayişdə iştirak etməmişdir. Belə ki, o, saat 10:00-da polis bölməsinə aparılmış və bu fakt təcili tibbi yardım tərəfindən saat 10:45-də tərtib edilmiş tibbi arayış ilə öz təsdiqini tapmışdır. Nəhayət o, qeyd etmişdir ki, polis nəfərləri və BŞİH-in əməkdaşlarının qanunsuz olaraq onun mənzilinə daxil olması faktı video yazılardan aydın formada görünür.
13 yanvar 2011-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi ərizəçinin xüsusi dəlillərinə qiymət vermədən şikayətini rədd etdi.
29 yanvar 2011-ci il tarixdə ərizəçi apellyasiya məhkəməsinin qərarını almışdır.
E. Ərizəçinin mülkiyyətindən məhrum edilməsi və mənzilindən çıxarılması ilə bağlı milli icraat
1. İcraatın ilkin mərhələsi
Mənzilinin faktiki sökülməsindən əvvəl, ərizəçi BŞİH, Nəsimi Rayon İcra Hakimiyyətinə ("Dövlətin mənzil siyasətinə əsasən") və Nəsimi Rayon Polis İdarəsinə qarşı mülkiyyət hüquqlarının pozulması ilə bağlı iddia qaldırmışdır. Ərizəçi, xüsusilə iddia etmişdir ki, BŞİH-in əməkdaşlarının onu və digər sakinləri köçürmək fəaliyyəti qanunsuz olmuşdur və məhkəmədən xahiş etmişdir ki, onun mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə bağlı maneələr aradan qaldırılsın. Ərizəçi, həmçinin, qeyd etmişdir ki, BŞİH tərəfindən binanın ətrafında çəpərlərin qurulması və qonşuluqda yerləşən mənzillərin sökülməsi qanunsuz olmuşdur, və xahiş etmişdir ki, BŞİH-nin 30 avqust 1989-cu il və 24 Sentyabr 2008-ci il tarixli onun köçürülməsi və bu sahədə park tikilməsi ilə bağlı əmri qanunsuz hesab edilsin. Ərizəçi vurğulamışdır ki, daxili qanunvericiliyə əsasən BŞİH köçürmə haqqında qərar qəbul etmək səlahiyyətinə malik deyil və Azərbaycan Respublikasın Nazirlər Kabineti o, yaşadığı bina ilə əlaqədar qanunvericiliyə uyğun olaraq tələb olunan hər hansı köçürmə qərarı qəbul etməmişdir. O, daha sonra iddia etmişdir ki, sözügedən bina memarlıq abidəsi kimi təsnif edilməsi səbəbindən dövlət tərəfindən qorunmalı və sökülməməlidir.
22 aprel 2010-cu il tarixdə Nəsimi Rayon Məhkəməsi iddianı qəbul etməkdən imtina etmişdir. Məhkəmə qeyd etmişdir ki, ərizəçi sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surətlərini təqdim edə bilməmişdir.27 may 2010-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv etmiş və işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərmişdir.
Birinci instansiya məhkəmə icraatında, məhkəmə iclasları BŞİH-nin nümayəndəsinin olmaması səbəbi ilə bir neçə dəfə təxirə salınmışdır.
02 sentyabr 2010-cu il tarixli məhkəmə prosesində BŞİH-nin nümayəndəsi Nəsimi Rayon Məhkəməsinin ərazi aidiyyatı ilə bağlı vəsatət vermişdir. Hakim vəsatəti rədd etmişdir. BŞİH məhkəmənin bu qərarından apellyasiya şikayəti vermişdir.
11 oktyabr 2010-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsi BŞİH-nin şikayəti rədd etmişdir.
04 noyabr 2010-cu il tarixdə Nəsimi Rayon Məhkəməsi işin mahiyyəti üzrə baxılması üçün məhkəmə iclasını 22 noyabr 2010-cu il tarixə təyin etmişdir.
13 noyabr 2010-cu il tarixdə BŞİH ərizəçi də daxil olmaqla ərazinin on doqquz sakininə qarşı Nəsimi Rayon məhkəməsində iddia qaldırmışdır. BŞİH məhkəmədən cavabdehlərin mənzillərindən çıxarılmasını, mülkiyyət hüquqlarının ləğv edilməsini və həmin ərazidə yerləşən binaların sökülməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. BŞİH iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikasının Prezidentinin tapşırığına və 24 sentyabr 2008-ci il tarixli sərancama istinad etmişdir.
19 noyabr 2010-cu il hadisələrindən və 22 noyabr 2010-cu il tarixdə binanın fiziki sökülməsindən sonra ərizəçi maddi zərərə görə 508,038 AZN və mənəvi ziyana görə 100.000 AZN məbləğində kompensasiya ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Qeyri-müəyyən tarixdə ərizəçi məhkəməyə vəsatət vermişdir ki, onun tərəfindən BŞİH-yə qarşı başlanılmış mülki iş üzrə icraat qurtaranadək BŞİH-nin iddiasının baxılması dayandırılsın. 30 noyabr 2010-cu il tarixdə Nəsimi Rayon Məhkəməsi ərizəçinin tələbini rədd etdi. Həmin tarixdə Nəsimi Rayon Məhkəməsi qərara almışdır ki, iki məhkəmə icraatı birləşdirilsin və onlara birgə baxılsın.
Ərizəçi bu qərardan apellyasiya şikayəti vermişdir. 28 dekabr 2010-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsi ərizəçinin şikayətini rədd etmişdir.
Bundan sonra, qeyri-müəyyən tarixdə ərizəçi ona dəymiş maddi və mənəvi zərər ilə bağlı iddialarını sübut etmək üçün məhkəməyə əlavə sənədlər təqdim etmişdir. Xüsusilə, ərizəçi tərəfindən onun mənzili ilə eyni ərazidə yerləşən oxşar mənzillərin kv.m-nin bazar qiyməti 2500 AZN olduğunu nəzərə alaraq, onun mənzilinin bazar dəyərinin 71,000 AZN məbləğində olduğunu göstərən özəl şirkət tərəfindən verilmiş 29 dekabr 2010-cu il tarixli ekspert hesabatı təqdim edilmişdir. O, həmçinin, Qadın Krizis Mərkəzi tərəfindən verilən 21 dekabr 2010-ci il tarixli bir sənəd təqdim etmişdir. Sözügedən sənəddən görünür ki, 24 noyabr 2010-cu il tarixdə ərizəçi yuxusuzluq, iştah pozğunluğu və psixoloji travma sonrası stresdən əziyyət çəkməsi səbəbindən yuxarıda qeyd olunan mərkəzə müraciət etmişdir.
12 yanvar 2011-ci il tarixdə Nəsimi Rayon Məhkəməsi mahiyyəti üzrə qətnamə qəbul etmişdir. Məhkəmə sözügedən binanın sökülməsi və əmlakın geri qaytarılmasının mümkün olmaması səbəbindən ərizəçinin iddiasını rədd etmişdir. Məhkəmə daha sonra qeyd etmişdir ki, ərizəçi və BŞİH-yə arasında əsas mübahisə təklif olunan kompensasiyanın məbləği ilə bağlıdır və ərizəçi bu məsələ ilə bağlı ayrı iddia verə bilər. Lakin birinci instansiya məhkəməsinin qətnaməsində iddia ərizəsində mübahisələndirilən xüsusi şikayətlərə toxunulmamışdır. Xüsusilə, məhkəmə BŞİH-nin qanunsuz hərəkətlərinə və ya binanın sökülməsi və ya ərizəçinin mənzildən çıxarılması ilə bağlı məsələlərə diqqət etməmişdir. Qətnamənin müvafiq hissəsində deyilir:
“24 sentyabr 2008-ci il tarixli Bakı şəhər İcra Hakimiyyətinin “Yeni Park Kompleksinin tikintisi, yaşayış və qeyri-yaşayış sahələrinin o, bölgədən köçürülməsi haqqında" sərəncamından aydındır ki, Heydər Əliyev Sarayının arxasında (Fizuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrinin əhatəsində olan sahə) park tikintisi planlaşdırılıb ki, bununla bağlı olaraq həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələri köçürülməli və kompensasiya qanuni tələblərinə uyğun olaraq ödənilməlidir. Bundan başqa, qeyd olunan ərazidə yaşayış və qeyri-yaşayış tikililərinin sahibləri ilə danışıqların aparılması və kompensasiya verərək köçürülməsi işi tərəflər arasında müqaviləyə əsasən fiziki şəxs Kazımov Rufan Habil oğlu tərəfindən həyata keçirilməli və bu sahədə aparılan işlər başa çatdırıldıqdan sonra toplanmış sənədlər Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilməlidir.
Bakı şəhər İcra Hakimiyyətinin 7 aprel 2010-cu il tarixli kl/112/10 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 18 may 1987-ci il tarixli 182 saylı qərarı və Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 30 avqust 1989-cu il 9/340 saylı qərarı əsasında Bakı Şəhərinin İnkişafının Baş Planına uyğun olaraq Füzuli meydanından Səməd Vurğun küçəsinədək, Füzuli (köhnə Basin) və S.Bədəlbəyli (köhnə Dmitrov) küçələri arasındakı sahədə yerləşən binaların sökülməsi və əvəzində yeni bağ-park kompleksinin salınması planlaşdırılmışdır. Bağ-park kompleksinin tikinti üçün həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin hər kv.m üçün 1.500 AZN məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edilmişdir.
“MBA-Marketing Business Analysis2 konsaltinq və qiymətləndirmə şirkəti tərəfindən tərtib edilmiş 29 dekabr 2010-cu il tarixli, MB 03/719 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi 58 ünvanında yerləşən 51 saylı mənzilin 29 dekabr 2010-cu il tarixi üçün bazar qiyməti hər kv.m-ə 2.500 AZN olmaqla toplamda 71.000 AZN məbləğində qiymətləndirilmişdir.
...
Məhkəmə baxışında müəyyən edilmişdir ki, Nəsimi rayonu, Füzuli küçəsi 58 ünvanında yerləşən 51 saylı mənzil ərizəçinin şəxsi mülkiyyətində olmuşdur, cavabdeh tərəfindən sökülüb və buna görə də mənzilin əvvəlki vəziyyətini bərpa etmək mümkün deyildir. Bu səbəbdən, ərizəçinin iddiaları təmin edilə bilməz.
Məhkəmə yuxarıda qeyd olunanlar əsasında hesab edir ki, iddiaçı Xalıkova Nuriyyə Abazovnanın Bakı Şəhər İcra Hakimiyyəti və başqalarına qarşı “mülkiyyət hüquqlarına müdaxilənin qarşısının alınması, maddi və mənəvi ziyanın ödənilməsi” ilə bağlı iddiası təmin edilə bilməz və iddiaçı Xalıkova Nuriyyə Abazovnaya izah edilsin ki, cavabdeh tərəflərin təklif etdiyi kompensasiya məbləği ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır.”
11 fevral 2011-ci il tarixdə ərizəçi birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. O, xüsusilə iddia etmişdir ki, BŞİH tərəfindən onun mənzilinin qanunsuz sökülməsi və onun mülkiyyət hüququnun pozulması ilə bağlı məhkəmə araşdırması düzgün aparılmamışdır.
02 iyun 2011-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi 12 yanvar 2011-ci il tarixli birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Apellyasiya Məhkəməsinin qərarı 12 yanvar 2011-ci il tarixli birinci instansiya məhkəməsinin qərarını təkrarlamışdır.
1 oktyabr 2011-ci il tarixdə ərizəçi bu qərardan kassasiya şikayəti vermişdir. O, Konvensiyanın 6 və 8-ci maddələrinə və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, mülkiyyətindən qanunsuz məhrum edilmiş, şəxsi və ailə həyatına hörmət və mənzil hüququ pozulmuş və bununla bağlı yerli məhkəmələr əsaslandırılmış qərar qəbul etməmişlər.
13 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlamışdır.
2. İcraatın ikinci mərhələsi
Eyni zamanda, 01 iyun 2010-cu il tarixdə onun mənzilinin sökülməsindən əvvəl ərizəçi BŞİH, Nəsimi Rayon İcra Hakimiyyəti və Nəsimi Rayon Polis İdarəsinə qarşı başqa bir iddia qaldıraraq qeyd etmişdir ki, binanın üst mərtəbələrinin və dam örtüyünün sökülməsi halları onun mənzilini yaşamaq üçün yararsız hala salmışdır. O, məhkəmədən xahiş etmişdir ki, binanın təmir edilməsi və 31 dekabr 2009-cu il tarixə qədər mövcud olan vəziyyətinə qaytarılması üçün restavrasiya edilməsi haqqında qərar qəbul etsin.
08 iyun 2010-cu il tarixdə Nəsimi Rayon Məhkəməsi onun iddiasını qəbul etməkdən imtina etmiş və qeyd etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edilməlidir.
06 iyul 2010-cu il tarixdə ərizəçi BŞİH-yə, Nəsimi Rayon İcra Hakimiyyətinə və Nəsimi Rayon Polis İdarəsinə qarşı başqa bir iddia qaldırmışdır. O, əvvəlki tələblərini təkrarlayaq həmçinin, məhkəmədən xahiş etmişdir ki, əgər BŞİH ilə və Rufan Kazımov arasında sözügedən ərazidə yerləşən binaların alınması ilə əlaqədar bağlanmış bir müqavilə varsa, onu həmin müqavilənin surəti ilə təmin etsinlər. Ərizəçi, həmçinin, BŞİH-nin əməkdaşlarının kondisionerə qoşulu olan işıq xəttini və su təchizatı borusunu kəsməsi kimi onu mənzili tərk etməyə məcbur edən qanunsuz hərəkətləri barədə də şikayət etmişdir.
19 iyul 2010-cu il tarixdə Nəsimi Rayon Məhkəməsi BŞİH-yə qarşı iddiaya Səbail Rayon Məhkəməsində baxılmasını əsas göstərək ərizəçinin iddiasını qəbul etməkdən imtina etmişdir.
27 iyul 2010-cu il tarixdə ərizəçi 19 iyul 2010-cu il tarixli qərardan apellyasiya şikayəti vermişdir.
26 avqust 2010-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsi mübahisəli qərarı ləğv etmiş və yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərmişdir. Məhkəmə qeyd etmişdir ki, ərizəçinin iddiaları Nəsimi Rayon Məhkəməsi tərəfindən araşdırılmalıdır.
Ərizəçi onun mənzilinin sökülməsindən 2 aydan çox keçməsindən sonra, 27 yanvar 2011-ci il tarixdə Rufan Kazımov ilə alqı-satqı müqaviləsi bağlamışdır. Müqaviləyə uyğun olaraq, ərizəçi müqavilə bağlanan zaman artıq mövcud olmayan, sahəsi 28.5 kv.m olan mənzilini Rufan Kazımova 42.750 AZN məbləğinə, başqa sözlə kv.m-ni 1.500 AZN məbləğinə satmışdır.
20 fevral 2011-ci il tarixdə ərizəçi iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət etmişdir. O, alqı-satqı müqaviləsinin təzyiq altında bağlanmasını əsas göstərək məhkəmədən xahiş etmişdir ki, Rufan Kazımov ilə aralarında bağlanmış müqavilə etibarsız hesab edilsin. Bununla əlaqədar ərizəçi qeyd etmişdir ki, o müqaviləni bağlamağa məcbur edilmişdir. Belə ki, onun mənzili artıq sökülmüşdü və onun başqa seçim şansı yox idi.
21 aprel 2011-ci il tarixdə Nəsimi Rayon Məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmişdir. Məhkəmə müqqavilənin parkın salınması ilə əlaqədar orada yaşayanların köçürülməsi ilə bağlı müvafiq aktlara uyğun bağlanıldığını əsas göstərərək ərizəçinin iddiasını rədd etmişdir. Məhkəmə daha sonra qeyd etmişdir ki, ərizəçi BŞİH tərəfindən hüquqlarının pozulduğunu sübut edə bilməmişdir.
20 may 2011-ci il tarixdə ərizəçi iddialarını təkrarlayaq bu qərardan apellyasiya şikayəti vermişdir.
11 avqust 2011-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
Azərbaycan Respublikasının Ali Məhkəməsinin 19 dekabr 2011-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Azərbaycan Respublikasının KonstitusiyasıKonstitusiyanın 13-cü maddəsinin 1-ci bəndinə əsasən:
“Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.”Konstitusiyanın 29-cu maddəsinin 4-cü bəndinə əsasən:
“Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”.Konstitusiyanın 33-cü bəndinə əsasən:
“1. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.
2. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz.”Konstitusiyanın 40-cı maddəsinin 2-ci bəndinə əsasən:
“Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır..” Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən:
“ Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.”
B. Həmin vaxt qüvvədə olan İnzibati Xətalar Məcəlləsi (İXM)
76. İXM-nin 298-ci maddəsinə əsasən:
Maddə 298. Yığıncaqların, mitinqlətin, nümayişlərin, küçə yürüyüşlərinin və piketlərin təşkili və keçirilməsi qaydasının pozulması
“298. Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasının pozulmasına görə xəbərdarlıq edilir və ya yeddi manatdan on üç manatadək miqdarda cərimə edilir”. İXM-nin 398-ci maddəsinə əsasən, inzibati qaydada tutma, yəni fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılması, müstəsna hallarda inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün zəruri hesab edildikdə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla tətbiq edilə bilər.İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması 3 saatdan çox ola bilməz.(Maddə 399.1.). İXM-nin 400-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında hər bir halda protokol (inzibati qaydada tutma haqqında protokol) tərtib edilir və orada aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; tutulanın şəxsiyyəti haqqında məlumat; tutmanın vaxtı və səbəbləri. Protokol onu tərtib etmiş vəzifəli şəxs və tutulmuş şəxs tərəfindən imzalanır. Tutulmuş şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda qeyd edilir.
C. Həmin vaxt qüvvədə olan “Sərbəst toplaşmaq azadlığı haqqında” 13 noyabr 1998-ci il tarixli qanunQanunun 5-ci maddəsinə əsasən toplantını təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidir.
79.14-cü maddə toplantının keçirilməsi ilə əlaqədar polisin səlahiyyətlərini və vəzifələrini müəyyən edir. 14-cü maddənin II bəndinə əsasən polis orqanlarının aşağıdakı hüqüqları vardır: toplantının dayandırılması və dağılışması barədə təşkilatçılara və iştirakçılara məlumat vermək; toplantının təşkilatçılarına və iştirakçılarına toplantının dayandırılması və iştirakçıların dağılışması üçün bütün mövcud imkanlardan istifadə etmək barədə əmr vermək; toplantının dayandırılması və iştirakçıların dağılışması barədə əmrin yerinə yetirilmədiyi halda onlara qarşı güc tətbiq ediləcəyi barədə təşkilatçıları və iştirakçıları xəbərdar etmək; toplantının dayandırılması və iştirakçıların dağılışması üçün müvafiq güc tətbiq etmək; toplantını dayandırmaq və dağılışmaq barədə əmri yerinə yetirməyən şəxsləri saxlamaq.
D. Həmin vaxt qüvvədə olan Mülki MəcəlləMəcəllənin 157.9-cu maddəsinə əsasən:
“Dövlət və ictimai ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədi ilə müvafiq orqanı (Nazirlər Kabineti) tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirə bilər ”.Mülki Məcəllənin həyata keçirilməsinin müxtəlif aspektləri ilə bağlı 2000-ci il 25 avqust tarixli 386 saylı Prezident fərmanında, həmin vaxt qüvvədə olan və 2004-cü il 17 iyun tarixli 78 saylı Prezident fərmanına edilmiş əlavə və dəyişikliklərlə, Nazirlər Kabineti Mülki Məcəllənin 157.9-cu maddəsində “müvafiq dövlət orqanı” kimi təyin edilmişdir.
Mülki Məcəllənin 203.3-cü bəndinə əsasən:
“203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir:
203.3.1. öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi;
203.3.2. qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi;
203.3.3. sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi;
203.3.4. təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması;
203.3.5. rekvizisiya;
203.3.6. müsadirə.
...
203.5. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə əsasən həyata keçirilir”.Mülki Məcəllənin 207-ci maddəsinə əsasən:
“Torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilmədən həmin sahənin dövlət ehtiyacları üçün alınmasının mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər.”
E. Həmin vaxt qüvvədə olan 1 oktyabr 2009-cu il tarixdə qüvvəyə minən Mənzil MəcəlləsiMənzil Məcəlləsinin 5-ci maddəsinə əsasən:
“1.Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.
2. Mənzilə orada yaşayanların razılığı olmadan daxil olmağa qanunla nəzərdə tutulmuş hallarda və qaydada qəza vəziyyəti, təbii fəlakət, kütləvi iğtişaş zamanı və ya fövqəladə xarakterli digər şəraitdə yalnız vətəndaşların həyatı və (və ya) onların əmlakının xilas edilməsi, onların şəxsi təhlükəsizliyi və ya ictimai təhlükəsizliyin təmin edilməsi, habelə cinayət törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması, törədilməsində şübhə olmayan cinayət faktlarının qarşısının alınması və ya törədilmiş cinayətin, yaxud baş vermiş bədbəxt hadisənin şəraitinin müəyyənləşdirilməsi məqsədilə yol verilir.
3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz.Mənzil Məcəlləsinin 31-ci maddəsinə əsasən, dövlət ehtiyacları üçün torpağın müsadirə edilməsi ilə bağlı həmin torpaqda yerləşən şəxsi yaşayış sahəsi dövlət tərəfindən alına bilər. Satın alma proseduru müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən həyata keçirilir və bu prosedur Nazirlər Kabineti tərəfindən yaşayış sahəsinin satın alınması barədə qərarın qəbul edilməsini, bu qərarın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını, qərarın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında mülkiyyətçiyə xəbərdarlıq olunmasını, ən az bir il qabaqcadan planlaşdırılmış satınalma ilə bağlı qarşılıqlı razılaşma, müxtəlif köçürülmə ilə bağlı xərclər, ödəniş cədvəli və digər şərtlərə əməl olunmasını tələb edir. Mülkiyyətçi tərəfindən həmin məlumatın alındığı gündən bir il müddət keçənədək yaşayış sahəsinin satın alınmasına yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin satın alınması barədə qərarla razılaşmadıqda və ya yaşayış sahəsinin satınalma qiymətinə və ya satınalmanın digər şərtlərinə dair onunla razılaşma əldə edilmədikdə, həmin qərarı qəbul etmiş dövlət orqanı (Nazirlər Kabineti) yaşayış sahəsinin dövlət ehtiyacları üçün satın alınması barədə məhkəmədə iddia qaldıra bilər. Yaşayış sahəsinin dövlət ehtiyacları üçün satın alınması barədə məhkəmədə iddia yaşayış sahəsinin mülkiyyətçisinə məlumat göndərildiyi andan iki il müddətində qaldırıla bilər.
Həmin vaxt qüvvədə olan 2009-cu ilin Mənzil Məcəlləsinin tətbiq edilməsinin müxtəlif aspektləri ilə bağlı 2009-cu il 27 avqust tarixli 153 saylı Prezidentin fərmanı Mənzil Məcəlləsinin 31-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı” kimi Nazirlər Kabinetinin təyin etməsini müəyyən edir.
F. Həmin vaxt qüvvədə olan 10 aprel 1998-ci il tarixli “Tarix və mədəniyyət abidələrinin müdafiəsi haqqında” QanunQanunun 10-cu maddəsində deyilir:
Maddə 10-Abidələrin toxunulmazlığı
“Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır”.
III. MÜVAFİQ BEYNƏLXALQ SƏNƏDLƏR VƏ HESABATLARİqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın (13 avqust 1992-ci ildə Azərbaycan tərəfindən ratifikasiya edilmiş) 11-ci maddəsinin 1-ci bəndinin müvafiq hissəsində deyilir:
“1. Bu Paktda iştirak edən Dövlətlər hər bir şəxsin özünün və ailəsinin kifayət qədər qidalanmasını, geyimini, yaşayış yerini və həyat şəraitinin daimi yaxşılaşmasını əhatə edən həyat səviyyəsi hüququnu tanıyırlar”.7 saylı Ümumi Şərhində: Adekvat mənzil hüququ (Paktın 11-ci maddəsinin 1-ci bəndi.): Əhalinin zorla köçürülməsi – (1997-ci ilin 16-cı sessiyasında qəbul edilmişdir) İqtisadi, Sosial və Mədəni hüquqlar üzrə Komitə bəyan edir:
“1. Özünün 4 saylı Ümumi Şərhində (1991) Komitə müəyyən etmişdir ki, bütün şəxslərin evdən məcburi çıxarılma, təcavüz və digər təhdidlərə qarşı hüquqi müdafiəsinə təminat verən mülkiyyətinin təhlükəsizlik dərəcəsi olmalıdır. Komitə bəyan edir ki, əhalinin zorla köçürülməsi Paktın tələblərinə prima facie ziddir...
3. ... “Məcburi köçürülmə” termini Ümümi şərhin daxilində fərdlərin, ailələrin, icmaların evlərindən, tutduqları torpaq sahələrindən iradələri əleyhinə hüquqi və ya digər müvafiq müdafiə vasitəsini nəzərdə tutmayan müvəqqəti və ya daimi köçürülmə kimi müəyyən edilir. Məcburi köçürülmə ilə bağlı qadağa İnsan Hüquqları üzrə Beyəlxalq Paktın müddəalarına və ya qanunvericiliklə müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilmiş məcburi köçürülmələrə şamil olunmur.
4. Məcburi köçürülmə təcrübəsi geniş yayılmışdır və həm inkişaf etmiş həm də inkişaf etməkdə olan ölkələrdə yaşayan şəxslərə təsir göstərir. Insan hüquqları arasında mövcud olan qarşılıqlı əlaqənin və qarşılıqlı asılılığın olmasından məcburi köçürülmə faktları adətən digər insan hüquqlarını da pozur. Belə ki, Paktda təsbit olunan hüquqları açıq-aşkar pozduqda, məcburi köçürülmə təcrübəsi müki və siyasi hüquqların – yaşamaq hüququnun, şəxsin təhlükəsizlik hüququnun, şəxsi həyata, ailə və evə toxunulmazlıq hüququnun və mülkiyyətindən maneəsiz istifadə hüququnun pozulmasına gətirib çıxara bilir...”2013-cü ilin mayında İqtisadi, Sosial və Mədəni Hüquqlara dair BMT Komitəsi Azərbaycanla bağlı üçüncü dövrü hesabatını (E/C.12/AZE/CO/3) dinləmiş və 17 may 2013-cü ildə keçirilmiş iclasında, inter alia, aşağıdakı nəticələrə gəlmişdir:
“22. Komitə paytaxt Bakı şəhərində əsasən bina, lüks mənzillər və magistral yolların çəkilməsilə bağlı həyata keçirilən heç bir xəbərdarlıq olunmadan minlərlə məcburi köcürülmələrlə, qanunsuz müsadirələrlə və edilən söküntülərlə bağlı daxil olan məlumatlara görə narahatdır. Komitə həmçinin bu məsələrlə bağlı konsultasiyaların, adekvat kompensasiyanın və səmərəli hüquqi müdafiə vasitələrinin olmamasından da narahatdır.
Komitə Dövləti müəyyən beynəlxalq insan hüquqları standartlarına uyğun olmayan müsadirələrə son qoymağa çağırıb. Komitə milli məhkəmələrə şikayət etmək hüququnu, səmərəli hüquqi müdafiə vasitələrini, adekvat kompensasiya və adekvat alternativ mənzillə təmin olmaq zəmanətini təmin etməyə çağırır. Komitə Dövləti bu evlərlə bağlı yerli məhkəmələrə şikayət vermək hüququnun təminatına, səmərəli hüquqi müdafiə vasitələri ilə təminatına, adekvat kompensasiya və adekvat alternativ mənzil ilə təminatına zəmanət verməyə çağırır.
Komitə həmçinin Dövləti şəhərin yenidənqurması üçün zəruri olan tədbirlər çərçivəsində keçirilən evlərin köcürülməsi zamanı qabaqcadan orada yaşayanlarla danışıqların aparılması və razılıqların alınması, onların ləyaqətinə və təhlükəsizliyinə hörmət əsasında adekvat və şəffaf qaydada həyata keçirilməsinə zəmanət verməyə çağırır.
Komitə daha sonra Dövləti məcburi köçürmələrə dair 7 saylı Ümumi Şərhə diqqət yetirilməsinə çağırır.“Azərbaycan tərəfindən öhdəliklərinin yerinə yetirilməsi”-nə dair həmməruzəçilər cənab Pedro Aqramunt və cənab Josef Deboni Qreç tərəfindən hazırlanmış Avropa Şurasına üzv ölkələrin öhdəliklərin yerinə yetirilməsi üzrə Komitənin (Monitorinq komitəsi) hesabatından müvafiq çıxarışlarda, (20 dekabr 2012, Doc.13084) deyilir:
“7.6 Binaların sökülməsi
278. Bakı Şəhər İcra Hakimiyyəti yenidənqurma proqramı çərçivəsində digər tikinti layihələri sırasında “bağ-park” kompleksini qurmaq üçün 2009-cu ildə mənzillərdən çıxarılma kompaniyasına başladı. Kompensasiyadan və köçürülmədən imtina edənlər məcburi çıxarıldı. Hakimiyyət orqanların məlumatına görə maddi təzminatın məbləği ilə bağlı narazılıqlar olsa da, sakinlərin böyük əksəriyyəti təklif olunan standart məbləğlə razılaşdı.
279. Vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş zamanı bununla bağlı narazılıqlar səsləndi. Onları narahat edən hallar çoxdur: ilk öncə, prosesdə bütövlüklə şəffaflıq yoxdur. Uzunmüddətli planlaşdırma kifayət qədər ictimai deyil; ictimaiyyətin sənədlərə çıxışı yoxdur; prosedur və qərar qəbul etmə prosesi aydın deyil; və bəzi hallarda sakinlər çox qısa müddətdə öz evlərini tərk etmək məcburiyyətində qalırlar. Aldığımız məlumata əsasən, yerli sakinlərin evlərinin sökülməsinə etiraz etdiyi məhkəmə baxışlarının heç birində Bakı şəhər İcra Hakimiyyəti şəhər inkişaf planını təqdim etməmişdir.
280. İkincisi, məcburi köçürülmələr şəxsi mülkiyyət hüququna zəmanət verən və Dövlətə yalnız məhdud hallarda - milli müdafiə və ya Dövlət məqsədləri üçün müsadirə etməyə imkan verən hazırda qüvvədə olan Azərbaycan qanunvericiliyinə ziddir. Mənzildən çıxarılmalar məhkəmə qərarı əsasında olmalıdır. Bir çox binaların sökülməsi məhkəmə qərarı olmadan və ya belə işlərdə məhkəmənin icraat sona çatmayanadək binanın sökülməsini qadağan etməsi ilə bağlı qərarlar qəbul etməsi kimi hallar nəzərə alınmadan həyata keçirilmişdir.
281. Üçüncüsü, əmlakın istifadə, yaş və ya vəziyyətinin asılı olmayaraq hər kvadrat metri üçün vahid qiymət 1900 ABŞ dollar nəzərdə tutulmuşdur. İcra orqanları sökülməli olan evlərin əsasən köhnə və sökük evlər olduğunu vurğulamışdır. Digər tərəfdən də doğrudur ki, bəzi sakinlərin şəhərin mərkəzindəki evlərinin kvadrat metri 5000 ABŞ dollarıdır, bəzi hallarda daha da çoxdur. Lakin müzakirələr əsasında məlum oldu ki, belə qiymətlər yalnız yeni tikilən binalara və yaxşı təmirli mənzillərə aiddir. Sakinlər qüvvədə olan qanunvericiliyə zidd olaraq evin yerləşdiyi torpağa görə kompensasiya almayıblar.
282. Bundan əlavə, bu günə qədər Nazirlər Kabinetinin 2001-ci il 132 saylı qərarı ilə memarlıq abidəsi kimi təsnif edilmiş 30 ev sökülmüşdür. Onların sahibləri də eyni standart kompensasiya almışlar.
283. Çoxsaylı sübutlara, o cümlədən video görüntülərə əsasən, polis məcburi köçürülmələrə fəal şəkildə cəlb edilmişdir.2012-ci ilin fevral ayında Human Rights Watch təşkilatı Bakı şəhərində son və həmin dövrdə davam edən, əhalinin zorla köçürülməsi və mülkiyyətlərindən məhrum edilməsi faktları ilə bağlı “Onlar mənim əlimdən hər şeyi aldılar – Azərbaycanın paytaxtında zorla köçürülmə, mülkiyyətdən qeyri-qanuni olaraq məhrum etmə və evlərin sökülməsi” başlıqlı müfəssəl hesabat yaydı. Hesabat Human Rights Watch təşkilatı tədqiqatçılarının Bakıya 2011-ci ilin iyun, sentyabr və dekabr, 2012-ci ilin yanvar ayında etdiyi səfər zamanı mülkiyyət sahibləri, hüquqşünaslar və QHT nümayəndələri ilə həyata keçirdiyi 67 müsahibə əsasında tərtib olunmuşdur. Hesabatın “Qeyri-qanuni saxlama – zorla köçürülmənin tərkib hissəsi kimi” başlıqlı fəslində 19 noyabr 2010-cu il tarixində baş vermiş hadisələrlə bağlı aşağıdakı müşahidələr öz əksini tapmışdır:
“Qeyri-qanuni saxlama – zorla köçürülmənin tərkib hissəsi kimi
Mülk sahiblərinin yaşadığı evlər fəhlələr tərəfindən sökülərkən onların polis bölmələrində zorla saxlanması ilə bağlı Human Rights Watch təşkilatı üç işi sənədləşdirmişdir. Zorla saxlananlar arasında 12-15 yaşlarında uşaqlar da var idi. Bütün bu hadisələr Heydər Əliyev Sarayının yaxınlığında baş vermişdir.
Bütün hallarda polis insanlara heç bir açıqlama vermədən onları bölmədə saxlamış, vəkillə əlaqələrinə icazə verməmiş, heç bir ittiham irəli sürmədən saatlarla, hətta 8 saat müddətində bölmədə saxlamışdır. Bu cür saxlama halları, polisin aqressiv şəkildə insanları öz evindən çıxarması ev sakinləri üçün məşəqqətli və mürəkkəb bir təcrübə olmuşdur. Bundan əlavə, hökumətin müsadirə və söküntü işlərini həyata keçirmək üçün polisdən istifadə etməsi, polisin Bakı Şəhər İcra Hakimiyyətinin və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin qeyri-qanuni işlərinə cəlb edilməsi deməkdir.
...
Füzuli küçəsi 58
19 noyabr 2010-cu il tarixində polis və digər rəsmi şəxslər Füzuli küçəsi 58 ünvanında yerləşən yaşayış binasını orada yaşayan 8 ailəni köçürmək üçün mühasirəyə aldılar. Söküntü işləri 2010-cu ilin iyun ayında başlamışdı və binanın damı sökülən kimi – 3-cü mərtəbədə yaşayan sakinlər mənzillərini boşaltmışdırlar. 46 yaşlı kitabxanaçı Nuriyə Xalikova, həmçinin 1-ci və 2-ci mərtəbələrdə yaşayan digər sakinlər mənzillərində yaşamağa davam edirdilər. Xalikova bildirmişdir ki, sökülmə ilə bağlı nə yazılı, nə də rəsmi xəbərdarlıq almışdır, nə də sökülmənin tarixi ilə bağlı ona məlumat verilmişdir.
Xalikova Human Rights Watch Təşkilatına 19 noyabr 2010-cu il tarixində baş verən zorla köçürülmə və qeyri-qanuni saxlama ilə bağlı hadisələri təsvir etmişdir:
Mən səhər tezdən çörək almaq üçün evdən çıxdım. Geri qayıdanda isə polisin binanı mühasirəyə aldığını gördüm. Dərhal mənzilimə qaçdım. Onların bu gün gələcəyindən xəbərdar deyildim. Təxminən 10-12 nəfər polis mənzilimin qapısını qırdı, sonra isə fəhlələr mənzilə daxil olaraq mənim əşyalarımı və mebelimi çıxarmağa başladılar.
Mənim qan təzyiqim qalxdı və özümü çox pis hiss etməyə başladım, buna görə də təcili yardıma zəng etdim. Təcili yardım maşını gələndə polis onun həyətə daxil olmasında icazə vermədi. Onun əvəzində isə polislər məni mənzilimdən çıxararaq polis maşınına mindirdilər və 22 nömrəli polis bölməsinə gətirdilər. Onlar artıq mənim qonşularımı oraya gətirmişdilər. Cəmi 8 nəfər idik. Bəzi insanlar hələ də gecə paltarında idilər. Onlar bizi demək olar ki bütün gün, saat 19:00-a qədər bölmədə saxladılar. Onlar bizə demişdilər ki, yarım saat ərzində bizi buraxacaqlar, lakin buraxmadılar.
Baxmayaraq ki, polis Xalikovaya saxlanma səbəbini izah etməmişdi, aydın idi ki, sakinlər sökülmə işlərinə müdaxilə etməsinlər deyə bölmədə saxlanılırdılar. Polis sakinləri qeyri-qanuni nümayiş həyata keçirdikləri üçün saxlandıqlarına dair sənəd imzalatdırmağa cəhd etsələr də, sakinlərin heç biri sənədi imzalamadı.
Xalikova binaya qayıtdıqdan sonra gördüklərini də Human Rights Watch təşkilatına bildirdi:
Nəhayət ki, onlar bizə getməyə icazə verəndə biz binaya qayıtdıq, lakin onlar artıq binanı sökməyə başlamışdılar deyə biz içəri daxil ola bilmədik. Biz əşyalarımızın nəhəng maşınlarla daşındığını gördük. Mən anbara əşyalarımı götürmək üçün getdim; əşyalarımın yarısı sınmışdı, bəziləri isə ümumiyyətlə yox idi. Mənim hər gün istifadə etdiyim brilyant qaşlı sırğalarım da yoxa çıxmışdı. Bir çox dəyərli əşyalar da itmişdi.”
HÜQUQ MƏSƏLƏLƏRİ
I.KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSUKonvensiyanın 5-ci və 13-cü maddələrinə əsaslanaraq ərizəçi şikayət etmişdir ki, 19 noyabr 2010-cu il tarixində qanunsuz olaraq tutulmuş, heç bir hüquqi əsas olmadan polis tərəfindən həbs olunmuş və bununla bağlı səmərəli hüquqi müdafiə vasitəsi olmamışdır. Məhkəmə qərara alır ki, hazırkı şikayət yalnız Konvensiyanın 5-ci maddəsi baxımından təhlil edilməlidir. Konvensiyanın 5-ci maddəsinin müvafiq hissəsində deyilir:
“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlıqdan məhrum edilə bilməz:
a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsin qanuni həbsə alınması;
b) məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması;
c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsasların olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;
d) yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti üçün qanuni qərar əsasında həbsə alınması və ya onun səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn qanuni həbsə alınması;
e) yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə və narkomaniyaya mübtəla olanların və ya səfillərin qanuni həbsə alınması;
f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədilə və ya barəsində deportasiya yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması.”
A. QəbuledilənlikMəhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndi baxımından açıq-aşkar əsassız deyil. Məhkəmə daha sonra qeyd edir ki, şikayət hər hansı digər əsas üzrə də qəbuledilməz deyil. Buna görə də şikayət qəbuledilən elan edilməlidir.
B. Mahiyyət
1. Tərəflərin arqumentləriHökumət bildirmişdir ki, 19 noyabr 2010-cu il tarixində ərizəçi və bir qrup şəxs “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 5-ci maddəsinin tələblərini pozduqları üçün polis bölməsinə aparılmışlar. Həmin şəxslər yerli icra hakimiyyəti orqanlarını məlumatlandırmadan BŞİH-nin yaşadıqları ərazidə parkın salınması üçün köçürülmələrinə dair sərəncamına etiraz etmək məqsədilə toplaşmağa çalışmışlar. Hökumətə əsasən, polis etiraz edən şəxsləri hərəkətlərinin qanunsuz olması barədə məlumatlandırmış və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 14-cü maddəsinə müvafiq olaraq nümayişi dayandırmağı əmr etmişdir. Buna baxmayaraq ərizəçi və digər iştirakçılar polisin qanuni tələbinə əməl etməmişlər, təxminən saat 11.10-da onlar polis bölməsinə aparılmış və saat 13.50-də azad olunmuşlar. Öz iddialarını dəstəkləmək üçün Hökumət üç polis nəfəri tərəfindən imzalanmış 19 noyabr 2010-cu il tarixli raporta, inzibati xətaya dair 19 noyabr 2010-cu il tarixli raporta və inzibati xətalara dair materialların qeydiyyat kitabından çıxarışa (bax §§ 30-32) istinad etmişdir. Ərizəçinin tutulması barədə protokolun olmaması ilə bağlı Hökumət bildirmişdir ki, ərizəçi inzibati qaydada həbs olunmamışdır və buna görə də polis tərəfindən həbslə bağlı protokol tərtib olunmamışdır.
Ərizəçi polis tərəfindən tutulması və həbsə alınmasının qanunsuz olduğunu qeyd etmişdir. O bildirmişdir ki, 19 noyabr 2010-cu il tarixində heç bir nümayişdə iştirak etməmişdir və o, polis tərəfindən mənzilindən məcburi çıxarılmasını həyata keçirmək üçün tutulmuşdur. Tutulma müddətinə gəlincə, ərizəçi qeyd etmişdir ki, polis bölməsinə saat 10.00-da aparılmış və saat 19.10-a qədər buraxılmamışdır. Bununla bağlı ərizəçi 19 noyabr 2010-cu il tarixli tibbi arayışa, F.G. və L.A.-nın ifadələrinə və video yazılara istinad etmişdir. O, xüsusi olaraq bildirmişdir ki, polis bölməsinə Hökumət tərəfindən iddia olunduğu kimi saat 11.10-da aparıla bilməzdi, çünki tibbi arayışda qeyd olunmuşdu ki, ərizəçiyə saat 10.45-də polis şöbəsində tibbi yardım göstərilmişdir. Bununla əlaqədar ərizəçi həmçinin qeyd etmişdir ki, polis bölməsindən olan nümayəndə milli məhkəmədə icraat zamanı ona polis bölməsində tibbi yardım göstərildiyini təsdiq etmişdir. Ərizəçi daha sonra qeyd etmişdir ki, hadisələrin onun tərəfindən təqdim olunan təsviri polis bölməsinə saat 10.00-da aparılması və ərazidəki sakinlərin mənzillərindən məcburi çıxarılmaları üçün polis tərəfindən həbs olunduğunu bildirən F.G. və L.A.-nın ifadələri ilə təsdiq olunurdu. Ərizəçi həm də bildirmişdir ki, 19 noyabr 2010-cu il tarixində saat 09.11-09.45-də çəkilmiş video yazılar da onun iddiasını təsdiq edir.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Ümumi prinsiplərMəhkəmə təkrarən qeyd edir ki, 5-ci maddə fundamental insan hüququnu, yəni şəxsin azadlıq hüququna Dövlət tərəfindən qanunsuz müdaxilə olunmasından müdafiə hüququnu əks etdirir (bax: Aksoy Türkiyəyə qarşı, 18 dekabr 1996-cı il, §76, Qərar və Qərardadlar Toplusu, 1996-VI). 5-ci maddənin (a)-(f) yarımbəndləri şəxsin azadlıqdan məhrum edilməsinə yol verilən halların qəti siyahısını əks etdirir və bu hallardan başqa digər hər hansı bir əsasla azadlıqdan məhrum edilməyə yol verilmir (Saadi Birləşmiş Krallığa qarşı [BP], № 13229/03, §43, AİHM 2008).
Məhkəmə daha sonra qeyd edir ki, 5-ci maddənin 1-ci bəndindəki “qanuni” və “qanunla nəzərdə tutulmuş qaydada” ifadələri milli qanunvericiliyə istinad edir və maddi və prosessual qaydalara riayət etmək vəzifəsini qeyd edir. Milli qanunvericiliyin şərhi və tətbiqi, bir qayda olaraq, milli orqanlara, xüsusilə də məhkəmələrə aid olsa da, 5-ci maddənin 1-ci bəndi ilə əlaqədar işlərdə olduğu kimi, qanunvericiliyə riayət olunmaması Konvensiyanın pozuntusuna səbəb olan hallarda vəziyyət fərqlidir. Belə hallarda Məhkəmə milli qanunvericiliyə əməl olunub-olunmamasını yoxlaya bilər və yoxlamalıdır (bax: Douiyeb Niderlanda qarşı [BP], № 31464/96, §§44-45, 4 avqust 1999-cu il).
Buna baxmayaraq qanunvericiliyə riayət olunması kifayət deyil: 5-ci maddənin 1-ci bəndi əlavə olaraq tələb edir ki, hər bir azadlıqdan məhrum etmə halı 5-ci maddənin məqsədlərinə, xüsusilə də, şəxsi qanunsuzluqdan qorumaq məqsədinə uyğun olmalıdır. Bu zaman əhəmiyyətli məsələ sadəcə “azadlıq hüququ” deyil, həm də “şəxsin toxunulmazlıq hüququ”dur (bax: Bozano Fransaya qarşı, 18 dekabr 1986-cı il, §54, A Seriyaları № 111 və Wassink Niderlanda qarşı, 27 sentyabr 1990-cı il, § 24, A Seriyaları № 185 A). İstənilən qanunsuz həbsin 5-ci maddənin 1-ci bəndinə zidd olması fundamental prinsipdir və 5-ci maddənin 1-ci bəndindəki “qanunsuzluq” anlayışı milli qanunvericiliyə əməl olunmasından daha geniş anlayışı əhatə edir ki, bu da azadlıqdan məhrumetmənin milli qanunvericiliyə uyğun olduğu halda belə Konvensiyaya zidd və beləliklə qanunsuz ola bilməsi deməkdir (Saadi, §67).
Məhkəmə həmçinin təkrarən qeyd edir ki, səbəbləri barədə ona məlumat verilmədən şəxsin həbsi Konvensiyanın 5-ci maddəsində nəzərdə tutulmuş təminatların tamamilə inkar olunması deməkdir və bu maddənin ən ağır pozuntusunu təşkil edir. Həbsin tarixi, vaxtı və yeri, həbs olunan şəxsin adı, həbsin əsasları və həbsi həyata keçirən şəxsin adı kimi məlumatların qeyd olunmaması qanunilik tələbinə və Konvensiyanın 5-ci maddəsinin məqsədlərinə zidd hesab olunmalıdır (Kurt Türkiyəyə qarşı, 25 may 1998-ci il, §125, Toplu 1998-III və Anguelova Bolqarıstana qarşı, № 38361/97, § 154, AİHM 2002 IV).
(b) Bu prinsiplərin hazırkı işə tətbiqi Məhkəmə qeyd edir ki, ilk növbədə, hazırkı işdə Konvensiyanın 5-ci maddəsinin tətbiq olunduğu azadlıqdan məhrum etmə halının baş verib-vermədiyi müəyyən olunmalıdır. Məhkəmə təkrarən qeyd edir ki, Konvensiyanın 5-ci maddəsi fundamental insan hüququnu, yəni şəxsin azadlıq hüququna Dövlət tərəfindən qanunsuz müdaxilə olunmasından müdafiə hüququnu əks etdirir. “Azadlıq hüququ”nu bəyan etməklə 5-ci maddənin 1-ci bəndi şəxsin fiziki azadlığını nəzərdə tutur və onun məqsədi heç kəsin qanunsuz şəkildə azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Azadlıqdan məhrum etmənin baş verib-vermədiyini müəyyən etmək üçün ilk öncə şəxsin işi ilə bağlı konkret hallar təhlil olunmalı və işlə əlaqədar, görülmüş tədbirin növü, müddəti, təsiri və icra qaydası kimi bütün amillər nəzərə alınmalıdır (bax: Guzzardi İtaliyaya qarşı, 6 noyabr 1980-cı il, §92, A Seriyaları № 39 və Austin və digərləri Birləmiş Krallığa qarşı [BP], № 39692/09, 40713/09 və 41008/09, §57, AİHM 2012).
Məhkəmə daha sonra qeyd edir ki, 5-ci maddənin 1-ci bəndi ərizəçilərin otuz dəqiqədən artıq olmayan müddətə axtarış məqsədilə saxlandığı və azadlığının çox qısa müddətə məhdudlaşdırıldığı (Gillan və Quinton Birləşmiş Krallığa qarşı, № 4158/05, § 57, AİHM 2010) və ya ərizəçinin polis şöbəsində qırx beş dəqiqədən artıq olmayan müddətə saxlanıldığı hallara (Shimovolos Rusiyaya qarşı, № 30194/09, §§ 48-50, 21 iyun 2011-ci il) da tətbiq oluna bilər. Hazırkı işdə ərizəçinin polis tərəfindən polis şöbəsinə aparılması və polisin icazəsi olmadan buraxılmaması mübahisə obyekti deyil. Buna görə də Məhkəmə hesab edir ki, 5-ci maddənin 1-ci bəndi baxımından azadlıqdan məhrum etmə üçün xarakterik olan məcburiyyət elementi mövcud olmuşdur (Gillan və Quinton, § 57 və Foka türkiyəyə qarşı, № 28940/95, §§ 74-79, 24 iyun 2008-ci il). Bu şərtlər daxilində Məhkəmə ərizəçinin 5-ci maddənin 1-ci bəndi baxımından azadlıqdan məhrum edildiyini hesab edir.
Ərizəçinin konkret olaraq hansı müddətə azadlıqdan məhrum edilməsinə gəlincə Məhkəmə müəyyən edir ki, ərizəçi polis tərəfindən 19 noyabr 2010-cu il tarixində saat 10.00-da tutulduğunu və həmin tarixdə saat 19.10-dan əvvəl polis bölməsini tərk etməsinə icazə verilmədiyini bildirsə də, Hökumət onun polis bölməsinə 19 noyabr 2010-cu il saat 11.10-da gətirildiyini və həmin gün saat 13.50-də azad edildiyini iddia etmişdir.
Məhkəmə qeyd edir ki, Hökumət ərizəçinin polis bölməsinə 19 noyabr 2010-cu il saat 11.10-da gətirilməsi və həmin gün saat 13.50-də azad edilməsinə dair iddiasını dəstəkləmək üçün 19 noyabr 2010-cu il tarixli raporta və inzibati xətalara dair materialların qeydiyyat kitabından çıxarışa istinad etmişdir. Buna baxmayaraq, Məhkəmə Hökumət tərəfindən təqdim edilmiş sənədlərdə və ümumilikdə ərizəçinin azadlıqdan məhrum edilməsinin sənədləşdirilməsində bir sıra çatışmazlıqların və uyğunsuzluqların olduğu qənaətinə gəlir.
Məhkəmə ilk öncə qeyd edir ki, Hökumət milli qanunvericilikdə bununla bağlı konkret tələblərin olmasına baxmayaraq ərizəçinin 19 noyabr 2010-cu il tarixində azadlıqdan məhrum edilməsinin dəqiq başlanğıc tarixinə dair hər hansı bir sənəd təqdim edə bilməmişdir (bax: §77). Bununla bağlı Məhkəmə Hökumətin belə bir sənədin ərizəçinin inzibati qaydada tutulmaması səbəbindən tərtib edilməməsinə dair arqumentini qəbul edə bilməz, belə ki, Məhkəmə artıq ərizəçinin 19 noyabr 2010-cu il tarixində azadlıqdan məhrum edildiyini müəyyən etmişdir (bax: §102). Bundan əlavə, Hökumətin arqumenti Nəsimi RPİ-nin rəisinin 30 noyabr 2010-cu il tarixli 22 №-li məktubu ilə ziddiyyət təşkil etmişdir, belə ki, məktubda ərizəçinin inzibati qaydada həbs olunması birbaşa təsdiq edilirdi və bildirilirdi ki, ərizəçinin polis bölməsində həbsi qanunla nəzərdə tutulmuş üç saatlıq müddəti keçməmişdir (bax: §34). Faktiki olaraq, üç saatlıq müddət milli qanunvericilikdə inzibati həbs üçün nəzərdə tutulmuş həddə uyğun gəlir (bax: §77).
Hökumət tərəfindən təqdim olunmuş sənədlərə gəlincə Məhkəmə qeyd edir ki, onlardan heç biri həbsin dəqiq vaxtı, müddəti və yeri, həbs olunan şəxsin adı, həbsin əsasları və onu həyata keçirən şəxsin adı, ərizəçinin həbsi ilə əlaqədar digər məlumatları özündə əks etdirən tutulma haqqında protokolu əvəz edə bilməzdi. Bundan əlavə, bu sənədlərdə həbsin başlama vaxtı və onun əsası barədə ziddiyyətli məlumatlar göstərilmişdir. 19 noyabr 2010-cu il tarixli raportda ərizəçinin polis bölməsinə təxminən saat 11.00-da qanunsuz nümayiş keçirməyə görə aparıldığı qeyd olunsa da, inzibati xətalara dair materialların qeydiyyat kitabından çıxarışda onun polis bölməsinə saat 11.10-da qanunsuz nümayiş keçirməyə cəhdə görə aparıldığı göstərilmişdi.
Məhkəmə daha sonra qeyd edir ki, milli məhkəmə icraatlarında ərizəçi hadisələrin polis tərəfindən təqdim olunmuş təsvirini və polis şöbəsinə saat 11.00-da aparılıb saat 13.50-də buraxılmasına dair məlumatı mübahisələndirmişdir. Ərizəçi xüsusilə 19 noyabr 2010-cu il tarixli tibbi arayışa istinad edərək bildirmişdir ki, polisin iddia etdiyi kimi saat 11.00-da tutulsa idi, ona polis bölməsində saat 10.45-də tibbi yardım göstərilə bilməzdi. Milli məhkəmələr bu iddianı araşdırmamışlar (bax: §§37-40). Hər bir halda, Məhkəmə qeyd edir ki, 19 noyabr 2010-cu il tarixli tibbi arayışın həqiqiliyi nə milli məhkəmələrdə, nə də Məhkəmədəki icraatda mübahisələndirilmişdir. Bu halda, Məhkəmə Hökumət tərəfindən qeyd olunduğu kimi ərizəçinin polis bölməsinə saat 11.10-da gətirildiyi halda həmin gün ona saat 10.45-də polis bölməsində tibbi yardım göstərilməsinin necə mümkün olduğunu başa düşmür.
Ərizəçi həmçinin iddiası ilə bağlı şahid ifadələrini təqdim etmişdir. Xüsusilə, F.G. və L.A. Nəsimi Rayon Məhkəməsində bildirmişlər ki, ərizəçi polis bölməsinə saat 10.00-da aparılmış və onlar təxminən saat 20.00-da azad olunmuşlar (bax: §35). Buna baxmayaraq milli məhkəmələr bu ifadələri nəzərə almamışlar.
Hökumətin hadisələrin onun tərəfindən təqdim olunan təsvirini təsdiq edən inandırıcı və müvafiq sübutların təqdim etməməsini və ərizəçinin təqdimat və sübutlarının uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq Məhkəmə hadisələrin ərizəçi tərəfindən verilən təsvirini qəbul edir və bu nəticəyə gəlir ki, o, 19 noyabr 2010-cu il tarixində saat 10.00-dan 19.10-a qədər polis bölməsində həbsdə olmuşdur. Bu faktları nəzərə alaraq Məhkəmə ərizəçinin təxminən 9 saat 10 dəqiqə müddətinə azadlıqdan məhrum edildiyini hesab edir.
Məhkəmə daha sonra ərizəçinin azadlıqdan məhrum edilməsinin 5-ci maddənin 1-ci bəndinin tələblərinə uyğun və qanuni olub-olmadığını müəyyən etməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, Hökumət ərizəçinin azadlıqdan məhrum edilməsinə 5-ci maddənin 1-ci bəndinin hansı yarımbəndinin tətbiq olunduğunu bildirməmişdir. Hökumət ərizəçinin polisin qanunsuz nümayişdə iştirakı dayandırmağa dair qanuni tələbinə əməl etmədiyi üçün polis şöbəsinə aparıldığının müəyyən olunmasını yetərli hesab etmişdir.
Məhkəmə qeyd edir ki, 5-ci maddənin 1-ci bəndinin (a), (c), (d), (e) və (f) yarımbəndləri ərizəçinin azadlıqdan məhrum edilməsinə tətbiq edilə bilməzdi. Azadlıqdan məhrum etmənin 5-ci maddənin 1-ci bəndinin (b) yarımbəndinin təsir dairəsinə düşüb-düşməməsi sualına münasibətdə Məhkəmə qeyd edir ki, Hökumət ərizəçinin qanunsuz nümayişdə iştirakı dayandırmağa dair polisin qanuni tələbinə əməl etmədiyinə görə polis şöbəsinə aparıldığını bildirsə də, ərizəçi heç vaxt belə bir nümayişdə iştirak etmədiyini bildirmişdir.
Bununla bağlı Məhkəmə ilk növbədə ərizəçinin polis şöbəsinə 19 noyabr 2010-cu il tarixində saat 10.00-da aparılmasına dair yuxarıda gəldiyi nəticəyə istinad edir. Buna görə də, ərizəçinin 19 noyabr 2010-cu il tarixində saat 11.00-da polisin tələbinə riayət etməməsi mümkün deyildi. Məhkəmə daha sonra qeyd edir ki, Hökumətin iddiası ərizəçi tərəfindən təqdim edilmiş video yazılarla da ziddiyyət təşkil edir. 19 noyabr 2010-cu il tarixində səhər çəkilmiş video yazıdan görünür ki, polis ərizəçinin mənzilinin qapısını qıraraq içəri daxil olduqda o, öz mənzilində idi və heç bir nümayişdə iştirak etmirdi. Bundan başqa, video yazılardan ərizəçinin həmin an özünü pis hiss etməsi və təcili tibbi yardım çağırması aydın görünür. Təcili tibbi yardım gəldikdən sonra o, polis tərəfindən tibbi yardım göstərilməsi üçün mənzildən çıxarılmışdır. Belə olan halda, Məhkəmə təcili tibbi yardıma ehtiyacı olan şəxsin polis tərəfindən iddia olunduğu kimi qanunsuz nümayişdə necə iştirak edə bilməsini başa düşmür.
Hadisələrin ərizəçi tərəfindən verilən təsviri şahid ifadələri ilə də təsdiq olunurdu. Xüsusilə, F.G. və L.A. Nəsimi Rayon Məhkəməsində verdikləri ifadələrdə ərizəçinin və digər sakinlərin hər hansı nümayişdə iştirak etmədiklərini bildirmişlər.
Bu halda Məhkəmə hesab edir ki, Hökumətin ərizəçinin qanunsuz nümayişdə iştirakı dayandırmasına dair polisin qanuni tələbinə əməl etməməsi ilə bağlı iddiası rədd edilməlidir. Beləliklə, Məhkəmə ərizəçinin həbsini 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulmuş yarımbəndlərdən hər hansı birinə uyğun edən əsas müəyyən etməmişdir.
Yuxarıda qeyd olunanlar əsasında bu nəticəyə gəlmək olar ki, ərizəçinin 19 noyabr 2010-cu il tarixində polis tərəfindən təxminən 9 saat 10 dəqiqə müddətinə azadlıqdan məhrum edilməsi qanunsuz və özbaşına olmuşdur. Beləliklə, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozuntusuna yol verilmişdir.
8-Cİ MADDƏNİN İDDİA EDİLƏN POZUNTUSU
Ərizəçi şikayət etmişdir ki, polis 19 noyabr 2010-cu il tarixində qanunsuz olaraq onun mənzilinə daxil olmuş və heç bir məhkəmə qərarı olmadan Konvensiyanın 8-ci maddəsinə zidd olaraq mənzilindən çıxarılmışdır. Konvensiyanın 8-ci maddəsində deyilir:
“1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir.”
A. Qəbuledilənlik Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndi baxımından açıq-aşkar əsassız deyil. Məhkəmə daha sonra qeyd edir ki, şikayət hər hansı digər əsas üzrə də qəbuledilməz deyil. Buna görə də şikayət qəbuledilən elan edilməlidir.
B. Mahiyyət
1. Tərəflərin arqumentləri Hökumət bu iddianı mübahisələndirmişdir. O qeyd etmişdir ki, ərizəçi polis tərəfindən mənzilindən çıxarılmasına dair iddiası ilə bağlı heç bir sübut təqdim etməmişdir. Hökumət daha sonra bildirmişdir ki, Konvensiyanın 8-ci maddəsinin pozuntusuna yol verilməmişdir, çünki ərizəçi öz mənzilini Rufan Kazımova satmışdır.
Ərizəçi şikayəti ilə bağlı bildirmişdir ki, 19 noyabr 2010-cu il tarixində məhkəmə qərarı olmadan polisin müdaxiləsi ilə mənzilindən çıxarılmışdır. Ərizəçi qeyd etmişdir ki, onun mənzilindən zorla çıxarılması ilə nəticələnən polis müdaxiləsi milli qanunvericiliyə və Konvensiyaya zidd olmuşdur. İddiası ilə bağlı ərizəçinin sübut təqdim etməsinə gəlincə, ərizəçi video yazılarına və şahid ifadələrinə istinad etmişdir. Ərizəçi daha sonra bildirmişdir ki, polisin onun mənzilin qapısını qırmaqla içəri daxil olması və onu mənzilindən çıxarması milli məhkəmələrdə icraat zamanı araşdırılmamışdır. Ərizəçi həmçinin Hökumətin mənzilin Rufan Kazımova satıldığından pozuntunun olmamasına dair iddiasını mübahisələndirmiş və bildirmişdir ki, o, alqı-satqı müqaviləsinin bağlanmasından xeyli əvvəl öz mənzilindən çıxarılmışdır.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Mübahisə olunan mənzil Konvensiyanın 8-ci maddəsi baxımından ərizəçinin “evi” idimi? Məhkəmə qeyd edir ki, mübahisə olunan mənzildə 19 noyabr 2010-cu il tarixinə qədər yaşaması, mülkiyyət hüquqlarının müvafiq dövlət orqanlarında qeydə alınması və onun həmin məzildə mülkiyyət hüququna əsasən yaşamaq hüququnun olması mübahisə obyekti deyil.
Buna görə də Məhkəmə bu nəticəyə gəlir ki, mübahisə olunan mənzil Konvensiyanın 8-ci maddəsi baxımından ərizəçinin evi olmuşdur.
(b) Ərizəçinin evinə hörmət hüququna dövlət orqanı tərəfindən müdaxilə mövcud idimi? Mübahisə olunan mənzilin Konvensiyanın 8-ci maddəsi baxımından ərizəçinin evi olduğunu müəyyən etdikdən sonra Məhkəmə onun evinə hörmət hüququna dövlət orqanı tərəfindən müdaxilə olub-olmadığını müəyyən etməlidir.
Hökumət bildirmişdir ki, ərizəçi mənzilindən çıxarılması üçün 19 noyabr 2010-cu il tarixində mənzilinə polis müdaxiləsinin olmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. Buna baxmayaraq, Məhkəmə bu qənaətə gəlir ki, ərizəçi polisin 19 noyabr 2010-cu il tarixində onu mənzilindən çıxartmaq üçün zorla mənzilinə daxil olmasına dair etibarlı və yetərli sübutlar təqdim etmişdir.
Xüsuilə də, ərizəçi tərəfindən təqdim olunmuş video yazılarda uniformalı polislərin və BŞİH-nin işçilərinin ərizəçinin qapını açmaqdan imtinasına cavab olaraq qapını qıraraq mənzilə daxil olmaları aydın görünür. Bu video yazılar daha sonra polisin rəhbərliyi altında BŞİH işçilərinin ərizəçinin mənzilindən əşyalarının və mebelinin çıxarıldığını göstərir (bax:§22). Bununla bağlı Məhkəmə qeyd edir ki, video yazıların həqiqiliyi milli məhkəmələr tərəfindən müəyyən edilmişdir və təsdiq olunmuşdur ki, yazılar ərizəçinin mobil telefonu vasitəsilə 19 noyabr 2010-cu il tarixində saat 09.11-09.45-də çəkilmişdir (bax: §37). Ərizəçinin iddiası şahid ifadələri ilə də təsdiq olunurdu (bax: §35).
Məhkəmə daha sonra qeyd edir ki, Human Rights Watch 2012-ci ilin fevralında Bakıda polis tərəfindən mənzildən məcburi çıxarılmalara dair hazırladığı hesabatında ərizəçinin işinə xüsusilə istinad etmişdir.
Beləliklə, Məhkəmə müəyyən edir ki, polisin ərizəçinin mənzilindən çıxarılması ilə nəticələnən 19 noyabr 2010-cu il tarixli müdaxiləsi onun evinə hörmət hüququna dövlət orqanı tərəfindən müdaxiləni təşkil etmişdir.
(c) Müdaxilə əsaslı idimi? Müdaxilənin 8-ci maddənin 2-ci bəndinə müvafiq olaraq əsaslı olub-olmamasını müəyyən etmək üçün Məhkəmə ilk növbədə müdaxilənin “qanuna müvafiq olub-olmaması”nı, həmin bəndə uyğun olaraq qanuni məqsədə yönəlib-yönəlmədiyini və qeyd olunan məqsəd üçün “demokratik cəmiyyətdə zəruri” olub-olmadığını müəyyən etməlidir (Gillow Birləşmiş Krallığa qarşı, 24 noyabr 1986-cı il, § 48, A Seriyaları № 109).
Məhkəmə qeyd edir ki, Konstitusiyanın 33-cü maddəsi və Mənzil Məcəlləsinin 5-ci maddəsi mənzil toxunulmazlığını müəyyən etməklə məcburi çıxarılmaya yalnız qanunda göstərilə əsaslar və ya məhkəmə qərarı əsasında yol verir. Sonuncu müddəa özbaşına çıxarılmalardan prosessual təminatlar nəzərədə tutur və bununla bağlı istisnaya yol verilmir (müqayisə et: Prokopovich Rusiyaya qarşı, № 58255/00, § 44, AİHM 2004 XI). Buna baxmayaraq hazırkı işdə polisin 19 noyabr 2010-cu il tarixli müdaxiləsinin hüquqi əsasının olmadığı və ərizəçinin mənzilindən məcburi çıxarılmasınının məhkəmə qərarı və ya hər hansı digər hüquqi sənədə əsaslanmadığı aydındır. Bununla bağlı Məhkəmə şəxsin heç bir hüquqi əsas olmadan öz mənzilindən məcburi qaydada polis tərəfindən çıxarılması praktikasının Konvensiyada nəzərdə tutulmuş fundamental hüquqlara və azadlıqlara hörmət edən demokratik cəmiyyətdə hüququnun aliliyi prinsipinə zidd olmasını vurğulamağı zəruri hesab edir.
Hazırkı işdə baş vermiş müdaxilə Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndinin tələb etdiyi kimi “qanuna müvafiq” olmamışdır. Bu nəticəyə gəlməklə Məhkəmədən müdaxilənin 8-ci maddənin 2-ci bəndində sadalanmış məqsədlərdən biri üçün “demokratik cəmiyyətdə zəruri” olub-olmadığını müəyyən etmək tələb olunmur. Müvafiq olaraq 8-ci maddənin pozuntusuna yol verilmişdir.
III.KONVENSİYAYA DAİR 1 SAYLI PROTOKOLUN 1-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU Ərizəçi şikayət etmişdir ki, onun mülkiyyətinə müdaxilə qanunsuz və əsassız olmuşdur. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində deyilir:
“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.”
A. Qəbuledilənlik Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndi baxımından açıq-aşkar əsassız deyil. Məhkəmə daha sonra qeyd edir ki, şikayət hər hansı digər əsas üzrə də qəbuledilməz deyil. Buna görə də şikayət qəbuledilən elan edilməlidir.
B. Mahiyyət
1. Tərəflərin arqumentləri Hökumət bildirmişdir ki, ərizəçinin mənzili Bakı Şəhərinin Baş İnkişaf Planı çərçivəsində mənzilin yerləşdiyi ərazidə yeni park kompleksinin salınmasını nəzərdə tutan 24 sentyabr 2008-ci il tarixli sərəncama müvafiq qaydada sökülmüşdür. Sakinlərə mülkiyyətin hər kv.m-nə görə 1500 AZN məbləğində kompensasiya ödənilmişdir. Hökumət daha sonra bildirmişdir ki, ərizəçi və sakinlərlə alqı-satqı müqavilələrinin bağlanmasına BŞİH-nə müqavilə əsasında xidmət edən Rufan Kazımov arasında alqı-satqı müqviləsi imzalanmışdır.
Ərizəçi təkrarlamışdır ki, mənzilinin sökülməsi qanunsuz olmuşdur və mülkiyyət hüquqlarının pozuntusuna səbəb olmuşdur. Bununla əlaqədar ərizəçi bildirmişdir ki, 24 sentyabr 2008-ci il tarixli sərəncam onun mülkiyyətinin alınması üçün hüquqi əsas ola bilməzdi, çünki BŞİH şəxsi mülkiyyəti dövlət ehtiyacları üçün almaq səlahiyyətinə malik deyildi. O, Konstitusiyanın, Mülki Məcəllənin və Mənzil Məcəlləsinin müxtəlif müddəalarına istinad edərək mülkiyyətindən qanunsuz şəkildə məhrum edildiyini iddia etmişdir. Ərizəçi həmçinin bildirmişdir ki, mənzilin ondan alınması üçün əsaslı dövlət marağı mövcud deyildi. O daha sonra qeyd etmişdir ki, mənzilinin sökülməsi ilə bağlı hər hansı bir kompensasiya əldə etməmişdir və mənzilin sökülməsindən üç ay sonra, hər hansı bir yaşayış yerinə və ya yeni mənzil almaq üçün maddi vəsaitə malik olmadığından, Rufan Kazımovla alqı-satqı müqaviləsi bağlamağa məcbur edilmişdir.
2. Məhkəmənin qiymətləndirməsi
1 saylı Protokolun 1-ci maddəsinə əməl olunub-olunmaması 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret halları ilə bağlıdır və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər (bax: Kozacıoğlu Türkiyəyə qarşı [BP], №2334/03, §48, 19 fevral 2009-cu il, and Vistiņš və Perepjolkins Latviyaya qarşı [BP], №71243/01, §93, 25 oktyabr 2012-ci il).
Hazırkı işdə ərizəçinin mənzilinin Dövlət tərəfindən sökülməsi ilə ərizəçinin mülkiyyətinə müdaxilə olunduğu mübahisəli deyil. Bu müdaxilə 1 saylı Protokolun 1-ci maddəsinin ikinci cümləsinin məzmunu baxımından “mülkiyyətdən məhrum etməyə” bərabərdir. Mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməlidir və bu, milli orqanlar tərəfindən istənilən qanunsuz hərəkətləri istisna edir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir.
Birinci şərtlə bağlı Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsi dövlət orqanları tərəfindən mülkiyyətdən maneəsiz istifadəyə olan istənilən müdaxilənin qanuni olmasını tələb edir: həmin maddənin birinci bəndinin ikinci cümləsi “qanunla nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla” mülkiyyətdən məhrum etməyə imkan verir. Müdaxilənin əsaslandığı qanun, Konstitusiyanın müddəaları da daxil olmaqla, Razılığa gələn Yüksək Tərəfin milli qanunvericiliyinə uyğun olmalıdır. Bundan əlavə, hüququn aliliyi demokratik cəmiyyətin fundamental prinsipi olmaqla Konvensiyanın bütün maddələrinin tərkib hissəsini təşkil edir (bax: Keçmiş yunan kralı və başqaları Yunanıstana qarşı [BP], № 25701/94, §79 və §82 və Jahn və digərləri Almaniyaya qarşı [BP], № 46720/99, 72203/01 və 72552/01, §81, AİHM 2005 VI).
Hazırkı işin hallarına gəldikdə Məhkəmə qeyd edir ki, Hökumət mənzilin sökülməsi üçün hüquqi əsas qismində 24 sentyabr 2008-ci il tarixli sərəncama istinad etsə də, ərizəçi qeyd olunan sərəncamın sökülmə üçün hüquqi əsas olmadığını bildirmişdir, belə ki, BŞİH milli qanunvericiliyə müvafiq olaraq şəxsi mülkiyyətdə olan mənzillərin alınmasına dair səlahiyyətə malik deyildi. Bununla bağlı Məhkəmə ilk öncə müəyyən edir ki, Hökumət ərizəçinin mənzilinin sökülməsi üçün hüquqi əsas qismində 24 sentyabr 2008-ci il tarixli sərəncama istinad etsə də, BŞİH-nin şəxsi mülkiyyətdə olan mənzillərin alınması ilə bağlı qərarların verilməsi səlahiyyətinə malik orqan və ya orqanlardan biri olmasına dair milli qanunvericiliyin hər hansı bir müddəasına istinad etməmişdir. Buna görə də Məhkəmə BŞİH-nin şəxsi mülkiyyətdə olan mənzilin alınması səlahiyyətinə malik olmaması və 24 senytabr 2008-ci il tarixli sərəncamın ərizəçinin mülkiyyətinin alınması üçün hüquqi əsas hesab edilə bilməməsi nəticəsinə gəlir (Axverdiyev Azərbaycana qarşı, №76254/11, §92, 29 yanvar 2015-ci il).
Məhkəmə daha sonra Axverdiyev Azərbaycana qarşı işi üzrə qərarında gəldiyi nəticələri - mülkiyyətin alınması və şəxsi mülkiyyətin Dövlət tərəfindən satın alınması ilə bağlı qərarın qəbul olunmasında Nazirlər Kabinetinin səlahiyyətli orqan olmasını, mülkiyyətin alınmasına icazə verən əsasları və şərtləri, satın alınmış və ya alınmış mülkiyyətin bazar dəyərinin və köçürülmə xərclərinin müqabilində əvvəlcədən pul kompensasiyasının ödənilməsini nəzərdə tutan milli qanunvericilik normalarının mövcud olması – təkrarlayaraq qeyd edir ki, hazırkı işdə ərizəçinin mənzilinin alınması qanunla nəzərdə tutulmuş və yuxarıda qeyd olunmuş şərtlərin heç birinə müvafiq qaydada aparılmamışdır (Axverdiyev, §§96-97). Bundan əlavə, Məhkəmə ərizəçinin evinin memarlıq abidəsi kimi təsnif olunan binada yerləşməsi və milli qanunvericilikdə xüsusi müdafiəyə malik olması faktını nəzərə almaya bilməz (§87). Bu halda, Məhkəmə səlahiyyətli dövlət orqanı tərəfindən mülkiyyətin alınmasına dair qanuni qərarın olmaması və ərizəçinin mülkiyyətinə müdaxilənin mülkiyyətdən de facto məhrum edilməyə bərabər olması nəticəsinə gəlməyə bilməz.
Hökumətin ərizəçinin mənzilini Rufan Kazımova satması ilə bağlı arqumentinə gəldikdə Məhkəmə onu aşağıdakı səbəblərdən əsassız hesab edir. Birincisi, ərizəçi və Rufan Kazımov arasında alqı-satqı müqaviləsi 27 yanvar 2011-ci ildə, başqa sözlə, ərizəçinin mənzilinin 22 noyabr 2010-cu il tarixində sökülməsindən iki aydan çox müddət sonra bağlanmışdır. İkincisi, Rufan Kazımov müqavilədə fiziki şəxs kimi çıxış etsə də, 24 sentyabr 2008-ci il tarixli sərəncamdan ona bu tapşırığın BŞİH tərəfindən verilməsi və həmin şəxsin icraedici orqan üçün işlədiyi aydındır. Hər bir halda Məhkəmə təkrarən qeyd edir ki, Razılığa Gəlmiş Yüksək Tərəfin müvafiq orqanlarının, şəxsin ölkənin yurisdiksiyasına aid olan digər şəxslərin Konvensiya ilə nəzərdə tutulmuş hüquqlarını pozan hərəkətləri ilə razılaşması və ya onlara göz yumması Dövlətin Konvensiya öhdəlikləri ilə bağlı məsuliyyətinə səbəb ola bilər (bax: Kipr Türkiyəyə qarşı [BP], №25781/94, §81, AİHM 2001 IV).
Müvafiq olaraq Məhkəmə müəyyən edir ki, ərizəçinin mülkiyyətinin alınması “qanunla nəzərdə tutulmuş şərtlər”ə uyğun olmamışdır. Bu nəticə cəmiyyətin ictimai marağı ilə şəxsin fundamental hüquqlarının müdafiəsi tələbi arasında ədalətli tarazlığın müəyyən edilib-edilmədiyini aydınlaşdırmağı lüzumsuz edir (bax: Iatridis Yunanıstana qarşı [BP], №31107/96, §62, AİHM 1999 II).
Beləliklə, Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusuna yol verilmişdir.
IV. KONVENSİYANIN 6-CI VƏ 13-CÜ MADDƏLƏRİNİN İDDİA OLUNAN POZUNTULARI Ərizəçi Konvensiyanın 6-cı maddəsinə əsasən şikayət etmişdir ki, yerli məhkəmələr onun mülkiyyət hüququna müdaxilənin yerli qanunvericiliyə əsasən baş verib-verməməsini yoxlamadan əsassız qərar qəbul etmişlər. 6-ci maddənin 1-ci bəndində deyilir:
“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”
Ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülməklə Konvensiyanın 13-cü maddəsinə əsasən hüquqlarının effektiv şəkildə qorunması üçün heç bir vasitə ilə təmin olunmadığı barədə şikayət etmişdir.
13-cü maddədə deyilir:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.” Hökumət ərizəçinin arqumentlərinə etiraz edərək bildirmişdir ki, bütün milli proseslər ədalətli olmuş və onlar səmərəli hüquqi vasitə təşkil etmişlər.
Ərizəçi şikayətlərini təkrarladı.
Məhkəmə qeyd edir ki, bu şikayətlər yuxarıda baxılan şikayətlərlə əlaqəlidir və qəbuledilən hesab olunmalıdır.
Lakin Məhkəmə Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu ilə bağlı nəticəni nəzərə alaraq bu işin Konvensiyanın 6 və 13-cü maddələri ilə bağlı pozuntuların baş verib-verməməsi məsələsini araşdırmağı zəruri hesab etmir. (bax: Axverdiyev, §105 )
V. KONVENSİYANIN DİGƏR İDDİA OLUNAN POZUNTULARI Ərizəçi bildirmişdir ki, onun mənzilinin qeyri-qanuni alınması və sökülməsi Konvensiyanın 3-cü maddəsində göstərilən qeyri-insani rəftarı təşkil edir. O, həmçinin şikayət etmişdir ki, onun evdən iradəsi əleyhinə zorla çıxarılması Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin (hərəkət etmək azadlığı) və Konvensiyanın 18-ci maddəsinin pozuntusunu təşkil edir İcraatında olan iş üzrə materiallarını, eləcə də şikayət olunan məsələlərin səlahiyyət çərçivəsində olamasını nəzərə alaraq, Məhkəmə müəyyən etmişdir ki, Konvensiya və ya onun Protokollarında göstərilən hüquq və azadlıqların pozulması halı aşkar edilməmişdir. Buna görə də, ərizənin həmin hissəsi açıq-aşkar əsassızdır və Konvensiyanın 35 §§3 (a) və 4-cü maddələrinə əsasən rədd edilməlidir.
VI. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ Konvensiyanın 41-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
“Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Zərər
1. Maddi zərər Ərizəçi dəymiş maddi zərərin müqabilində 210,000 AZN pul tələb etmişdir. Bununla bağlı olaraq, o bildirmişdir ki, özəl bir şirkət tərəfindən 2010-cu ildə aparılan qiymətləndirməyə əsasən, onun mənzilinin bazar dəyəri 2010-cu ildə hər kv m üçün 2,500 AZN olmaqla cəmi 71,000 AZN olaraq hesablanmışdır. O, həmçinin bildirmişdir ki, 2010-cu ildən bəri onun yaşadığı mənzilin ətrafındakı ərazilərdə mənzillərin qiyməti 30-33% qalxmışdır. Daha sonra o hal-hazırda maddi dəyəri 10,000 AZN olan zərər görmüş və itmiş əşyaları üçün 8,038 AZN tələb etmişdir.
Hökumət ərizəçinin şikayətləri ilə bağlı kifayət qədər sənədli sübutu olmadığı üçün şikayətə etiraz etmişdir. Daha sonra isə bildirmişdir ki, özəl bir şirkət tərəfindən 3 sentyabr 2014-cü il tarixində aparılan hesablamalara əsasən, mənzilin maddi dəyəri hər kvadrat metri 1,450 AZN olmaqla cəmi 41,325 AZN təşkil edir və iddiaçı mənzilini 42,750 AZN müqabilində satmışdır.
Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçinin mənzildən qanunsuz olaraq məhrum edilməsi faktı artıq müəyyən edilmişdir. Bununla əlaqədar, Məhkəmə təkrarlayır ki, aşkarlanan pozuntuya görə cavabdeh ölkə pozuntunu aradan qaldırmaq və pozuntunun nəticələrinə görə təzminat ödəməklə, pozuntudan əvvəlki vəziyyəti mümkün qədər bərpa etmək öhdəliyi daşıyır. (bax: Papamichalopoulos və digərləri Yunanıstana qarşı (Maddə 50), 31 oktyabr 1995-ci il, §34, seriya A № 330-B və Brumarescu Rumıniyaya qarşı (yalnız təmin) (GC), №28342/95, §19, ECHR 2001-I). Lakin, hazırkı işdə ərizəçinin mənzili 2010-cu ilin noyabrında söküldüyünə görə restitution in integrum yolu ilə qaytarılma prinsipləri əsasında hüquqları bərpa etmək mümkün deyil və Məhkəmə mülkiyyətdən məhrumetmə ilə bağlı təzminatı müəyyən etməlidir.
Tərəflərin təqdim etdiyi sənədləri araşdırdıqdan sonra, Məhkəmə öz qərarını ərizəçinin təqdim etdiyi, mənzilin bazar qiymətinin 2010-cu ildə 71,000 AZN olması ilə bağlı sənədlər əsasında verməyi uyğun hesab edir. Məhkəmə bununla bağlı qeyd edir ki, sonuncu hesabat, Dövlətin Məhkəməyə təqdim etdiyi hesabatdan fərqli olaraq, yerli məhkəmələrə də təqdim edilmiş və yerli icraatlarda onun müvafiqliyini mubahisələndirilməmişdir.
İddiaçının 2010-cu ildən bəri, mənzilin bazarda qiymətinin 30-33% qalxması ilə bağlı iddiasına gəlincə, Məhkəmə hesab edirki, ərizəçi bu barədə kifayət qədər sübut təqdim etməmişdir. Uyğun olaraq, iddianın bu hissəsi rədd edilir. Bundan başqa, Məhkəmə təkrarlayır ki, maddi zərərin qiymətləndirilməsi məsələsində mülkiyyətin zorla əlindən alınması ilə bağlı Məhkəmənin qərar verdiyi tarix deyil, ərizəçinin öz mənzilindən məhrum olunduğu tarix əsas götürülür (bax: Guiso-Gallisay İtaliyaya qarşı (yalnız təmin) (GC), № 58858/00, §§102-105, 22 dekabr 2009-cu il). Buna görə də, iddianın bu hissəsi rədd edilir.
Ərizəçinin mənzildən çıxarılmasından sonra ona məxsus əşyalara zərər dəyməsi və yoxa çıxması ilə bağlı şikayətinə gəldikdə isə, hətta iddia olunan zərər və aşkar olunan pozuntu halları arasında səbəbli əlaqənin mövcudluğu güman edilsə də, ərizəçi tərəfindən bunu sübut edən dəlillər təqdim edilməmişdir. Buna görə də, şikayətin müvafiq hissəsi üzrə maddi zərərin ödənilməsinə dair şikayəti rədd edilir.
Yuxarıda göstərilənlər əsasında və 27 yanvar 2011-ci ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasında ərizəçiyə ödənilmiş 42,750 AZN məbləğini, həmçinin inflyasiyanı da nəzərə alaraq Məhkəmə ərizəçiyə bu şikayət üzrə 45,000 Avro və üstəgəl bu məbləğdən tutula bilən hər hansı vergi məbləğinin ödənilməsini qərara alır.
2. Mənəvi zərər Ərizəçi ona dəymiş mənəvi zərərə görə 100,000 AZN məbləğində kompensasiya tələb etdi.
Hökumət göstərilən məbləğin əsassız və həddindən artıq olmasını qeyd edərək tələbə etiraz etdi.
Məhkəmə hesab edir ki, mənəvi zərərə məruz qalmış ərizəçinin hüquqları yalnız pozuntunun aşkar olunması ilə bərpa edilə bilməz və hüquqlarının pozulmasına görə ona kompensasiya təyin olunmalıdır. Ədalətli əsaslarla qiymətləndirmə əsasında, Konvensiyanın 41-ci maddəsi tələb etdiyi kimi, bu şikayət üzrə, Məhkəmə ərizəçiyə 15,000 AZN məbləğinin ödənilməsi və üstəgəl bu məbləğdən tutula bilən hər hansı vergi məbləğinin ödənilməsini qərara alır.
B. Məhkəmə xərcləri Ərizəçi yerli məhkəmələrdə və Məhkəməyə müraciət üçün çəkdiyi xərclərə görə 7000 AZN və poçt xidmətləri üçün 200 AZN tələb edir.
Hökumət göstərilən məbləğin əsassız olmasını və kifayət qədər dəlillə əsaslandırılmadığını qeyd edərək, iddiaya qarşı etiraz etmişdir.
Məhkəmənin presedent hüququna əsasən, ərizəçi o zaman məhkəmə xərcləri ilə bağlı iddia irəli sürmək hüququna malik olur ki, bu xərclər həqiqi, zəruri və miqdarca ağlabatan olsun. Məhkəmə qeyd edir ki, ərizəçi yerli məhkəmələrdə və Məhkəmədə təmsil olunub və xərclərlə bağlı Məhkəmə tərəfindən tələb olunan bütün sənədləri nümayəndəsi tərəfindən Məhkəməyə təqdim edilmişdir. Belə olduğu halda, Məhkəmə ərizəçiyə 2500 Avro ödənilməsini məqbul hesab edir (bax: Rzaxanov Azərbaycana qarşı, 4 iyul 2013-cü il, §92, № 4242/07, və Novruz İsmayılov Azərbaycana qarşı, 20 fevral 2014-cü il, §100, №16794/05,).
C. Faizlər Məhkəmə faiz dərəcələrinin Avropa Mərkəzi Bankının faiz dərəcələri ilə uyğunluq təşkil etməsini və məbləğə 3 % əlavə olunmasını məqbul hesab edir.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ
1.Bəyan edir ki, Konvensiyanın 5, 6 ,8 və 13-cü maddələri və 1 saylı Protokolun 1-ci maddəsilə ilə ilə şikayətləri qəbuledilən, şikayətin qalan hissəsi isə qəbuledilməyəndir;
2.Qərara alır ki, Konvensiyanın 5-ci maddəsi pozulmuşdur;
3.Qərar alır ki, Konvensiyanın 8-ci maddəsi pozulmuşdur;
4.Qərara alır ki, 1 saylı Protokolun 1-ci maddəsi pozulmuşdur;
5.Qərara alır ki, Konvensiyanın 6 və 13-cü maddələri üzrə şikayətləri araşdırmağa ehtiyac yoxdur;
6.Qərara alır ki,
(a)Cavabdeh dövlət, Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq, qərarın qəti qərara çevrildiyi tarixdən sonra 3 ay müddətində ərizəçiyə, aşağıda göstərilən məbləğləri ödəniş tarixində tətbiq edilən məzənnə ilə Azərbaycan manatına çevirərək ödəməlidir:
(i)Dəymiş maddi zərərə görə, 45,000 Avro (qırx beş min avro) və bu məbləğəndən tutula bilən bütün vergilər;
(ii)Dəymiş mənəvi zərərə görə 15,000 Avro (on beş min avro) və bu məbləğdən tutula bilən bütün vergilər;
(iii)Məhkəmə xərcləri ilə bağlı 2,500 Avro (iki min beş yüz avro) və bu məbləğdən tutula bilən bütün vergilər;
(b)Yuxarıda qeyd olunan üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankının borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha 3% əlavə ödənilməlidir.
İngilis dilində tərtib edilmişdir və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 22 oktyabr 2015-ci il tarixdə tərəflər qərar barədə məlumatlandırılmışdır.
Soren Nielsen Andras Sajo
Katib Sədr
Full & Egal Universal Law Academy