İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
XANHÜSEYN ƏLİYEV AZƏRBAYCANA QARŞI
(19554/06 nömrəli şikayət)
QƏRAR
STRASBURQ
21 fevral 2012-ci il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində təsbit edilmiş qaydada qəti qüvvəyə minəcəkdir. Qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.
Xanhüseyn Əliyev Azərbaycana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:
Sədrlik edən - Nina Vajiç,
Hakimlər -
Peer Lorenzen,
Xanlar Hacıyev,
Miryana Lazarova Traykovska,
Julia Laffranq,
Linos-Aleksandr Sisilianos,
Erik Mose,
və Bölmə katibi - Soren Nilsen,
31 yanvar 2012-ci ildə şikayətə qapalı məhkəmə iclasında baxaraq,
M Ü Ə Y Y Ə N E T D İ:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş Azərbaycan Respublikasının vətəndaşı cənab Xanhüseyn Gülhüseyn oğlu Əliyevin (“ərizəçi”) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 2 may 2006-cı ildə təqdim etdiyi şikayət (19554/06 nömrəli) ilə başlanmışdır.
2. Ərizəçi cənab E.Zeynalov, Azərbaycan Hökuməti (“Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil olunmuşlar.
3. Ərizəçi əsasən Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsində təsbit edilmiş seçilmək hüququnun pozulduğunu iddia etmişdir.
4. 19 iyun 2008-ci ildə şikayət barədə Hökumətə məlumat verilmişdir. Həmçinin, şikayətin mümkünlüyü və mahiyyəti barədə eyni vaxtda qərar çıxarmaq qət edilmişdir (29-cu maddənin 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1958-ci ildə anadan olmuşdur və Bakıda yaşayır.
6. Ərizəçi Milli Məclisə 6 noyabr 2005-ci il seçkilərində müxalifətin YeS (Yeni Siyasət) blokunun namizədi qismində iştirak etmişdir. Onun namizədliyi birmandatlı 58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsi üzrə Dairə Seçki Komissiyası (“DSK”) tərəfindən qeydə alınmışdır.
7. 24 oktyabr 2005-ci ildə Dairə Seçki Komissiyası Seçki Məcəlləsinin tələbləri ilə bir araya sığmayan fəaliyyətlə məşğul olması iddiaları barədə daxil olan məlumat əsasında ərizəçinin namizədliyinin qeydiyyatının ləğv edilməsi üçün Apellyasiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. DSK-nın iclas protokoluna görə iclasda DSK-nın yeddi üzvü iştirak etmişdir. Ərizəçiyə bu iclas barədə əvvəlcədən məlumat verilməmiş və o, iclasda iştirak etməyə dəvət olunmamışdır. DSK qərarını aşağıda göstərilən üç dəlil ilə əsaslandırmışdır.
8. İlk növbədə, DSK bildirmişdir ki, quruma dörd seçici tərəfindən ünvanlanmış yazılı izahatlara görə ərizəçi lehinə səs veriləcəyinin vəd edilməsi əvəzində onlara pul vəsaiti vermiş və ya belə vəsaitin veriləcəyini vəd etmişdir. Onlardan ikisi ərizəçinin hər birinə nağd şəkildə 100.000 köhnə Azərbaycan manatı (həmin dövrdə bu məbləğ 20 avrodan bir qədər az idi) verildiyini iddia etmiş və sübut kimi bu məbləği DSK-ya təqdim etmişlər. DSK bu seçicilərdən heç birini şəxsən dindirməmişdir. DSK hesab etmişdir ki, ərizəçinin bu hərəkətləri seçicilərin qanunsuz yolla ələ alınmasına dair Seçki Məcəlləsinin 88.4.1-88.4.5-ci maddələrinə ziddiyyət təşkil etmişdir.
9. İkincisi, DSK dəqiqləşdirilməmiş məlumatları əsas kimi götürərək ərizəçinin Sosial Demokrat Partiyasının sədri və sabiq Prezident A.Mütəllibovun hakimiyyətə qayıtması (o, bir neçə il idi ki, vətəndən kənarda yaşayırdı) fikrini təbliğ etməklə “dövlətin konstitusion əsaslarının əleyhinə” açıq bəyanatlar səsləndirdiyini qeyd etmişdir.
10. Üçüncüsü, DSK qeyd etmişdir ki, 24 oktyabr 2005-ci ildə ərizəçi eyni dairədən olan başqa bir namizədin qeydiyyatının daha öncə ləğv edilməsinə etiraz etmək üçün DSK-nın binasının önündə mitinq təşkil etməyi planlaşdırırdı.
11. 26 oktyabr 2005-ci ildə Apellyasiya Məhkəməsi işə baxaraq Seçki Məcəlləsinin 88.4 və 113.2.3-cü maddələrinə əsasən ərizəçinin namizəd kimi qeydiyyatını ləğv etmişdir. İşə baxılması zamanı ərizəçi bütün ittihamları inkar etmiş və ona qarşı ittihamların saxta olduğunu, rüşvət verilməsi ilə bağlı iddiaların sübut olunmadığını bildirmişdir. Apellyasiya Məhkəməsi DSK-nın təqdimatını, dörd seçicinin yazılı izahatını və sellofan paketdə möhürlənmiş bir neçə pul əsginasını (“maddi sübut” kimi) əsas götürərək ərizəçinin lehinə səs verilməsi müqabilində seçicilərə pul təklif etdiyi və bununla da Seçki Məcəlləsinin 88.4-cü maddəsinin tələblərini pozduğu qənaətinə gəlmişdir. Belə görünür ki, məhkəmə ərizəçinin qeydiyyatının ləğv edilməsi üçün yuxarıdakıları kifayət hesab etmiş və DSK-nın vəsatətindəki digər iki dəlili araşdırmamışdır.
12. Ərizəçi bildirmişdir ki, DSK-nın dörd üzvü (onlardan ikisinin 24 oktyabr 2005-ci il tarixli iclasda iştirak etməsi iddia olunur) Apellyasiya Məhkəməsinə yazılı izahatlarını təqdim edərək DSK-nın 24 oktyabr 2005-ci ildə iclasının keçirilmədiyini və Apellyasiya Məhkəməsinə təqdim edilmiş iclas protokolunun saxta sənəd olduğunu iddia etmişlər. Bu yazılı izahatlar notarius tərəfindən təsdiq edilmədiyi üçün Apellyasiya Məhkəməsi onları qəbul etməmişdir. Sonra DSK-nın yuxarıda qeyd olunan üç üzvü notarial qaydada təsdiq olunmuş oxşar yazılı izahatlarını Ali Məhkəməyə təqdim etmiş, digər üzv isə ilkin izahatını geri götürmüşdür.
13. Hökumət bildirmişdir ki, 26 oktyabr 2005-ci ildə yuxarıda qeyd olunan DSK üzvlərindən biri, S.Q. başqa bir yazılı izahat təqdim edərək ilkin izahatını geri götürmüş və DSK-nın iclasının keçirilmədiyinə dair izahat yazmağa ərizəçi və onun nümayəndəsi tərəfindən məcbur edildiyini bildirmişdir.
14. Ərizəçi Ali Məhkəməyə şikayət edərək ona qarşı irəli sürülmüş ittihamların saxta və ona qarşı istifadə edilən sübutların əhəmiyyətsiz olduğunu, təsdiq edilmədiyini və düzgün qiymətləndirilmədiyini bildirmişdir. Dəlilərini təsdiq etmək üçün o, inter alia, yuxarıda göstərilən DSK üzvlərinin yazılı izahatlarını əlavə etmişdir.
15. 2 noyabr 2005-ci ildə Ali Məhkəmə ərizəçinin şikayətini rədd etmiş və Apellyasiya Məhkəməsinin 26 oktyabr 2005-ci il tarixli qərarını qüvvədə saxlamışdır. O, işin faktiki hallarının aşağı məhkəmə tərəfindən düzgün müəyyən edildiyini və Ali Məhkəmənin yalnız iş üzrə hüquqi məsələləri araşdırdığını qeyd edərək ərizəçi tərəfindən təqdim edilmiş sənədləri qəbul etməkdən imtina etmişdir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Seçki Məcəlləsi
16. 2003-cü ildə qəbul edilmiş Seçki Məcəlləsinin 88.4-cü maddəsində qeyd edilir:
“88.4. .......namizədlərin..... seçiciləri aşağıdakı üsullarla ələ alması qadağandır:
88.4.1. təşkilati işlərin yerinə yetirilməsi məqsədi istisna olmaqla, seçicilərə pul vəsaiti, hədiyyələr və digər qiymətli materiallar vermək (döş nişanları, yapışqanlı nişanlar, plakatlar və nominal dəyərə malik olan digər təşviqat materialları istisna edilməklə);
88.4.2. göstərilən təşkilati işi yerinə yetirən seçiciləri səsvermənin nəticəsindən asılı olaraq mükafatlandırmaq və ya belə mükafatlandırmanı vəd etmək;
88.4.3. malların güzəştli satışını keçirmək, hər hansı malı (çap materialları istisna olmaqla) pulsuz vermək;
88.4.4. əvəzsiz və ya güzəştli şərtlərlə xidmətlər göstərmək;
88.4.5 seçkiqabağı təşviqat zamanı seçicilərə qiymətli kağızlar, habelə maddi sərvətlər, pul vəsaiti veriləcəyini vəd etmək yolu ilə, habelə qanunvericiliyə zidd olan digər əsaslarla xidmətlər göstərilməsi ilə təsir etmək.”
17. Seçki Məcəlləsinin 113.1-ci və 113.2.3-cü maddələrinə görə müvafiq seçki komissiyası Məcəllənin 88.4-cü maddəsi ilə qadağan edilən fəaliyyətlə məşğul olan namizədin qeydiyyatının ləğv edilməsi üçün məhkəmə qarşısında vəsatət qaldıra bilər.
148. Seçki komissiyalarının qərarları ilə bağlı şikayətlərə məhkəmələr tərəfindən üç gün müddətində baxılır (Seçki Məcəlləsi daha qısa müddət müəyyən etmirsə). Məhkəmənin qərarından da üç gün müddətində şikayət vermək olar (112.11-ci maddə).
B. Mülki Prosessual Məcəllə
19. Mülki Prosessual Məcəllənin 25-ci fəslində seçki (və ya referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı ərizələrə baxılması qaydası təsbit edilmişdir. 290-cı maddəyə əsasən, belə ərizələr Seçki Məcəlləsi ilə müəyyən edilmiş prosedura uyğun olaraq birbaşa apellyasiya məhkəmələrinə təqdim edilməlidir.
20. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş ərizələrə məhkəmə tərəfindən 3 gün müddətində (seçkilər günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə - dәrhal) baxılır (291.1-ci maddə). Məhkəmə tərəfindən ərizəyə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur (291.1-ci maddə).
21. Apellyasiya Məhkəməsinin qərarından yuxarı instansiya məhkəməsinə (kassasiya məhkəməsinə) 3 gün müddətində şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində (seçki günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə - dərhal) baxılır və məhkəmənin qəbul etdiyi qərar qətidir (292-ci maddə).
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN
3-cü MADDƏSİNİN POZULMASI İDDİASI
152. Ərizəçi Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin və Konvensiyanın 11-ci və 13-cü maddələrinin pozulmasından şikayət edərək bildirmişdir ki, onun parlament seçkilərində namizədliyinin qeydiyyatı əsassız olaraq ləğv edilmişdir. Məhkəmə hesab edir ki, bu şikayət yalnız Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi ilə bağlı hissədə araşdırılmalıdır. Burada qeyd edilir:
“Yüksək Razılığa Gələn Tərəflər qanunverici hakimiyyət orqanını seçərkən xalqın iradəsini sərbəst ifadə edə biləcək şəkildə, gizli səsvermə yolu ilə, ağlabatan dövriliklə azad seçkilər keçirməyi öhdəsinə götürürlər.”
A. Mümkünlük
23. Məhkəmə şikayətin Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndinə əsasən açıq-aşkar əsassız olmadığını və ona baxılmasının digər əsaslara görə də qeyri-mümkün olmadığını qeyd edir. Buna görə də, şikayət baxılması üçün mümkün hesab edilir.
B. Mahiyyət
1. Tərəflərin izahatları
24. Hökumət bildirmişdir ki, Seçki Məcəlləsinin 88.4-cü maddəsinin məqsədi bütün namizədlər üçün bərabər və ədalətli təşviqat üçün şərait yaratmaqdır. Seçicilərin müxtəlif formalarda qanunsuz yollarla ələ alınması ilə məşğul olan namizədlərin qeydiyyatının ləğv edilməsi insanların seçkilərdə iradələrini azad surətdə ifadə etmələrini qorumaq kimi qanuni məqsədə xidmət edir.
25. Hökumət bildirmişdir ki, ərizəçinin qeydiyyatı seçiciləri pulla ələ almağa çalışdığı üçün ləğv edilmişdir. Hökumətin mövqeyinə görə bu fakt dörd seçici tərəfindən təqdim edilmiş yazılı izahatlarla kifayət qədər sübut edilmişdir. O qeyd etmişdir ki, ərizəçiyə müvafiq məhkəmə proseslərində öz mövqeyini tam və səmərəli şəkildə müdafiə etməsi üçün imkan yaradılmışdır.
26. Hökumət DSK-nın 24 oktyabr 2005-ci il tarixli iclas protokolunun saxtalaşdırıldığı və həmin gün DSK-nın əslində iclas keçirmədiyi ilə bağlı iddialarının mötəbərliyini mübahisələndirir. Bu baxımdan, Hökumət DSK üzvü S.Q. tərəfindən təqdim edilmiş izahata əsaslanır (13-cü bəndə bax).
27. Ərizəçi bildirmişdir ki, qeydiyyatının ləğv olunması barədə qərar əsassız olmuş və iş üçün əhəmiyyəti olmayan, kifayət etməyən, əsassız və hətta saxtalaşdırılmış sübutlarla əsaslandırılmışdır. O, DSK-nın bir neçə üzvünün yazılı izahatlarına (12-ci bəndə bax) əsaslanaraq 24 oktyabr 2005-ci ildə DSK-nın hər hansı formal iclasının keçirilmədiyini və qeydiyyatının ləğv edilməsi barədə vəsatətə dair DSK qərarının saxta olduğunu təkidlə qeyd etmişdir.
28. Ərizəçi daha sonra bildirmişdir ki, ona DSK-nın bu qərarı barədə yalnız 26 oktyabr 2005-ci ildə, işin Apellyasiya Məhkəməsində baxışından qısa bir müddət əvvəl məlumat verilmişdir. Bu səbəbdən onun məhkəmə baxışına hazırlaşmaq, vəkil tutmaq, zəruri sənədləri toplamaq və ümumiyyətlə, prosesdə səmərəli şəkildə iştirak etmək üçün vaxtı olmamışdır. Ərizəçi bundan başqa bildirmişdir ki, Apellyasiya Məhkəməsi təsdiq olunmayan iddiaları əsas kimi götürmüş və onu rüşvət verməkdə ittiham edən seçiciləri və ya başqa şahidləri məhkəmə iclasına çağırmamışdır. Məhkəmə DSK-nın 24 oktyabr 2005-ci ildə keçirilməsi iddia olunan iclası ilə bağlı qanun pozuntularının baş verməsini bildirən DSK üzvlərini də iclasa çağırmamışdır.
29. Son olaraq ərizəçi bildirmişdir ki, Ali Məhkəmə müstəqil surətdə iş üzrə hər hansı sübutu araşdırmamış və ya hər hansı şahidi dindirməmişdir.
2. Məhkəmənin qiymətləndirməsi
30. Məhkəmə qeyd edir ki, seçkilərdə namizədliyini səmərəli şəkildə irəli sürmək hüququna dair presedent hüququnun icmalına digər qərarlar ilə yanaşı Orucov Azərbaycana qarşı işində (4508/06 nömrəli şikayət, 40-42-ci bəndlər, 26 iyul 2011-ci il) də rast gəlmək mümkündür. Məhkəmə, həmçinin xüsusi olaraq təkrar edir ki, Razılığa gələn Dövlət seçmək və seçilmək hüququnun həyata keçirilməsi ilə bağlı müəyyən şərtlərin irəli sürülməsində geniş səlahiyyətə malik olsa da, məhz Məhkəmə 1 saylı Protokolun 3-cü maddəsinin tələblərinə əməl olunub-olunmadığını müəyyənləşdirir; Məhkəmə əmin olmalıdır ki, irəli sürülən şərtlər qeyd olunan hüquqları onların mahiyyətinə zərər gətirəcək dərəcədə pozmur və bu hüquqların səmərəli surətdə həyata keçirilməsinə mane olmur; Məhkəmə eyni zamanda əmin olmalıdır ki, bu şərtlər qanuni məqsədlərə çatmaq üçün tətbiq edilir və məhdudiyyətlərin tətbiqi üçün istifadə olunan vasitələr qeyri-proporsional deyil (baxın: Mathieu-Mohin və Clerfayt Belçikaya qarşı, 2 mart 1987-ci il, 52-ci bənd, A Cildi, 113-cü nömrə; Gitonas və digərləri Yunanıstana qarşı, 1 iyul 1997-ci il, 39-cu bənd, Qərar və Qərardadlara dair Hesabatlar, 1997-IV; və Yumak və Sadak Türkiyəyə qarşı [GC], 10226/03 nömrəli şikayət, 109-cu bəndin iii) yarımbəndi, 8 iyul 2008-ci il).
31. Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçinin qeydiyyatı seçiciləri ədalətsiz və qanunsuz vasitələrlə ələ almağa çalışan namizədlərin qeydiyyatının ləğv edilməsi imkanını nəzərdə tutan Seçki Məcəlləsinin 88.4-cü və 113-cü maddələrinə uyğun olaraq ləğv edilmişdir. 1 saylı Protokolun 3-cü maddəsi burada nəzərdə tutulmuş hüquqların həyata keçirilməsinə tətbiq edilə biləcək məhdudiyyətlərə haqq qazandırmaq üçün mövcud olan “qanuni məqsədlər”in siyahısını əks etdirmədiyindən və Konvensiyanın 8-ci və 11-ci maddələrində əks olunmuş belə məqsədlərə istinad etmədiyindən, Razılığa gələn Dövlətlər bu maddələrdə təsbit olunmamış məqsədlərə əsaslanmaqda azaddırlar, bir şərtlə ki, bu, qanunun aliliyi prinsipi və Konvensiyanın ümumi məqsədlərinə ziddiyyət təşkil etməsin (misal üçün baxın: Ždanoka Latviyaya qarşı [GC], 58278/00 nömrəli şikayət, 115-ci bənd, İHAM 2006-IV). Məhkəmə Hökumətin belə bir arqumenti ilə razılaşır ki, Seçki Məcəlləsinin yuxarıda qeyd edilmiş müddəalarında təsbit olunmuş şərtlər seçki təşviqatında bütün namizədlərə bərabər və ədalətli şəraitin yaradılmasının təmin edilməsi və vətəndaşların seçkilərdə iradələrini azad şəkildə ifadə etmələrinin müdafiə edilməsi kimi qanuni məqsədə xidmət edir.
32. Hazırda dövlət orqanlarının qərarlarının əsaslı və proporsional olub-olmaması müəyyən edilməlidir.
33. Məhkəmə təkrar edir ki, onun ölkənin daxili qanunvericiliyinə uyğunluq məsələsini yoxlamaq səlahiyyəti məhduddur və sübutların qiymətləndirilməsi, həmçinin daxili qanunvericiliyin təfsiri kimi məsələlərdə ölkə məhkəmələrini əvəz etmək onun vəzifəsi deyil. Bununla belə, müdaxilənin 1 saylı Protokolun 3-cü maddəsinin tələblərinə uyğunluğuna nəzarət edilməsi məqsədləri üçün Məhkəmə müvafiq ölkədaxili prosedurları və qərarları təfsilatı ilə araşdırmalı, ərizəçiyə əsassız qərar qəbul edilməsinə qarşı kifayət qədər təminatın verilib-verilmədiyini və müvafiq qərarların kifayət qədər əsaslandırılıb-əsaslandırılmadığını müəyyənləşdirməlidir (mutatis mutandis baxın: Melnychenko Ukraynaya qarşı, 17707/02 nömrəli şikayət, 60-cı bənd, İHAM 2004-X).
34. Bundan əlavə, Məhkəmə qeyd edir ki, namizədin ədalətsiz və ya qeyri-qanuni təşviqat metodlarından istifadə etməsinin müəyyən olunması onun üçün ciddi nəticələrə, həmçinin qeydiyyatının ləğv olunmasına səbəb ola bilər. Konvensiya fərdi seçki hüquqlarının səmərəli şəkildə həyata keçirilməsini təmin etdiyi üçün Məhkəmə hesab edir ki, namizədin qeydiyyatının əsassız olaraq ləğv edilməsinin qarşısını almaq məqsədilə müvafiq ölkədaxili qaydalar namizədlərin seçki prosesində hüquq pozuntusu törətməsi barədə sui-istifadə xarakteri daşıyan və əsassız iddialardan qorunması üçün kifayət qədər təminatları ehtiva etməli və qeydiyyatın ləğv edilməsinə dair qərarlar mötəbər, işə aidiyyəti olan və kifayətedici sübutlarla əsaslandırılmalıdır (baxın: yuxarıda qeyd edilən Orucov işi, 46-cı bənd).
35. Hazırkı işdə ərizəçinin qeydiyyatını ləğv etmə qərarı dörd seçicinin yazılı izahatlarına və bir neçə pul əsginasından ibarət “maddi sübuta” əsaslanmışdır. Aşağıda qeyd olunan səbəblərə görə Məhkəmə hesab edir ki, bu materiallar, həmçinin onların araşdırılma üsulu ərizəçinin seçiciləri pulla ələ alması iddiasını təsdiq etmək üçün mötəbər, işə aidiyyəti olan və kifayətedici sübut deyildir.
36. Pul əsginasları ilə bağlı Məhkəmə qeyd edir ki, üzərlərində hər hansı xüsusi işarə və ya barmaq izlərinin yoxlanılmasına dair ekspertiza rəyi olmadığı təqdirdə bu təsadüfi pul əsginaslarının özü-özlüyündə rüşvət vermə cinayətinin predmeti olmasının və ərizəçi tərəfindən seçicilərə verilməsinin sübutu kimi çıxış etməsi mümkün deyil. Buna görə də, bu “maddi sübut” işə aidiyyəti olmadığı üçün qəbul edilə bilməz.
37. Dörd seçici tərəfindən təqdim edilmiş yazılı izahatlara gəlincə, Məhkəmə qeyd edir ki, işə seçki komissiyası və ya məhkəmələr tərəfindən baxılan zaman bu dörd şəxsdən heç biri dindirilmək üçün dəvət olunmamış və bu izahatlardakı dəlilləri təsdiq etmək məqsədilə əlavə məlumat əldə edilməsi üçün də səy göstərilməmişdir. Şikayətçilərin sayının bu qədər az olduğu və ərizəçiyə qarşı yalnız onların qısa izahatlarının müvafiq sübut kimi istifadə edildiyi nəzərə alınarsa, bu seçicilərin şəxsiyyətinin və verdikləri izahatların həqiqətə uyğunluğunun qiymətləndirilməsi məqsədilə onların müvafiq iclaslarda şəxsən dindirilməsi iş üçün həlledici əhəmiyyətə malik idi. Bu, eyni zamanda ərizəçinin üzləşdirmə və çarpaz dindirmə yolu ilə ona qarşı olan ittihamlardan müdafiə olunmaq hüququnu tam həyata keçirməsi üçün imkan yaradardı. Belə olduğu halda Məhkəmə hesab edir ki, ərizəçiyə qarşı istifadə olunmuş sübutlar sonrakı araşdırmalar vasitəsilə təsdiq olunmamış və mötəbərliyi ilə bağlı ciddi şübhələri aradan qaldıra biləcək tərzdə qiymətləndirilməmişdir.
38. Bundan əlavə, Məhkəmə hesab edir ki, ərizəçiyə onun barəsində əsassız qərar qəbul edilməsinə qarşı kifayət qədər prosessual təminatlar verilməmişdir.
39. Xüsusilə, DSK 24 oktyabr 2005-ci il tarixli iclası barədə ərizəçiyə məlumat verməmiş, şikayətçiləri iclasa dəvət etməmiş, onları dinləməmiş, yaxud vəziyyətin hərtərəfli qiymətləndirilməsi üçün başqa tərzdə səy göstərməmiş və ərizəçinin qeydiyyatının ləğv edilməsinə dair vəsatətlə çıxış etmək qərarını çox mübahisəli şəraitdə qəbul etmişdir, belə ki, DSK-nın bir neçə üzvü sonradan qeyd olunan tarixdə heç bir iclasın keçirilmədiyini iddia etmişlər.
40. Sonra, DSK-nın vəsatətinə Apellyasiya Məhkəməsi tərəfindən baxılan zaman ərizəçiyə işin materialları ilə tanış olmaq və öz müdafiəsini hazırlamaq üçün az bir zaman verilmişdir. Belə ki, o, məhkəmə iclasının keçirilməsi barədə yalnız iclasdan qısa müddət öncə xəbər almışdır. Məhkəmə təkrar edir ki, seçki prosesində təxirə salmaların qarşısını almağa yönələn vaxt məhdudiyyətlərinin tətbiqinin məqsədəuyğunluğu və zəruriliyi bir qayda olaraq əsaslı sayılsa da, bu, seçki prosedurlarının səmərəliliyini pozmaq (baxın: mutatis mutandis, Namət Əliyev Azərbaycana qarşı, 18705/06 nömrəli şikayət, 90-cı bənd, 8 aprel 2010-cu il) və ya bu prosedurlarda maraqlı tərəf kimi çıxış edən şəxsləri seçki prosesində hüquq pozuntuları törətmələri barədə istənilən ittihamı səmərəli şəkildə mübahisələndirmək imkanından məhrum etmək üçün bəhanə kimi çıxış edə bilməz (baxın: yuxarıda qeyd edilən Orucov işi, 56-cı bənd). Hazırkı işdə göründüyü kimi, ərizəçinin qeydiyyatının ləğv edilməsi məsələsinin araşdırılması zamanı ərizəçiyə əvvəlcədən üzrlü səbəblər olmadan məlumat verilməmiş, nəticədə bu onun üçün gözlənilməz olmuş və o, məhkəmə baxışına hazırlaşa bilməmişdir.
16. Son olaraq Məhkəmə bildirir ki, yuxarıda qeyd edildiyi kimi ərizəçini yazılı şəkildə ittiham edən dörd seçicini məhkəmə iclasına çağırmamaq və dindirməmək ilə yanaşı ölkə məhkəmələri DSK-nın 24 oktyabr 2005-ci il tarixli qərarının qəbul edilməsi zamanı qanun pozuntularına yol verilməsinə dair DSK-nın bir neçə üzvünün yazılı izahatlarının qəbul edilməsi məsələsini qiymətləndirməmiş və heç bir izah vermədən bu DSK üzvlərini iclasa dəvət etməmiş, onları dindirməmişdir.
17. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə qərara gəlir ki, ərizəçinin seçki hüquqlarına müdaxilə 1 saylı Protokolun 3-cü maddəsi ilə nəzərdə tutulan tələblərə cavab vermir. Xüsusilə, ərizəçinin qeydiyyatının ləğv edilməsi barədə qərar kifayətedici və işə aidiyyəti olan sübutlara əsaslanmamış, seçki komissiyasında və ölkə məhkəmələrində işə baxılması zamanı ərizəçiyə barəsində əsassız qərar çıxarılmasına qarşı kifayət qədər təminat verilməmiş və dövlət orqanlarının qərarları kifayət qədər əsaslandırılmamışdır.
18. Beləliklə, Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi pozulmuşdur.
II. KONVENSİYANIN 14-cü MADDƏSİNİN POZULMASI İDDİASI
19. Yuxarıdakı şikayətlə yanaşı ərizəçi qeydiyyatının ləğv edilməsinin müxalifət partiyasının üzvü olması ilə bağlı olmasından da şikayət etmişdir. Bununla o, Konvensiyanın 14-cü maddəsinin pozulduğunu bildirmişdir ki, bu maddədə də qeyd edilir:
“Bu Konvensiyada təsbit edilmiş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.”
20. Məhkəmə qeyd edir ki, bu şikayət yuxarıda baxılmış şikayətlə bağlıdır və buna görə də onun kimi baxılması mümkün hesab edilməlidir.
21. Bununla belə, 1 saylı Protokolun 3-cü maddəsinin pozulması ilə bağlı yuxarıda gəldiyi nəticəni nəzərə alaraq Məhkəmə hesab edir ki, bu işdə Konvensiyanın 14-cü maddəsinin pozulub-pozulmamasını yoxlamağa zərurət yoxdur.
III. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
22. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.”
A. Ziyan
23. Ərizəçi dəymiş mənəvi ziyana görə 10.000 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.
24. Hökumət tələb olunan məbləğin həddindən çox olduğunu bildirmişdir.
25. Məhkəmə hesab edir ki, ərizəçi mənəvi ziyana məruz qalmışdır və bu ziyanı yalnız 1 saylı Protokolun 3-cü maddəsinin pozulması faktının müəyyən edilməsi ilə kompensasiya etmək mümkün deyil. Məhkəmə ədalətli qiymətləndirmə apararaq ərizəçiyə dəymiş mənəvi ziyana görə tutulacaq vergi də daxil olmaqla 7.500 avro ödənilməsini qət edir.
B. Xərclər və məsrəflər
26. Ərizəçi Məhkəməyə müraciətlə bağlı çəkilmiş xərc və məsrəflərə görə 1.000 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.
27. Hökumət bu tələbə etiraz edərək bildirmişdir ki, tələb heç bir sənədlə əsaslandırılmamışdır.
28. Məhkəmə qeyd edir ki, Məhkəmənin Prosedur Qaydalarının 60-cı qaydasına görə ədalətli kompensasiya ilə bağlı tələblər təfsilatı ilə dəqiqləşdirilməli və yazılı şəkildə təqdim edilməli, bu tələbləri təsdiq edən müvafiq sənədlərlə müşayiət olunmalıdır. Bunların olmayacağı təqdirdə Məhkəmə tələbi bütünlükdə və ya qismən rədd edə bilər. Ərizəçi xərc və məsrəflərlə bağlı tələbini təsdiq etmək üçün hər hansı sənəd, o cümlədən hüquqi xidmətlərə dair müqavilə və ya digər məsrəflərlə bağlı hesab-faktura təqdim etməmişdir. Buna görə də, Məhkəmə xərc və məsrəflər ilə bağlı hər hansı ödəmənin verilməməsini qət edir.
C. Faizlərin ödənilməsi
29. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ,
MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Şikayətə baxılmasını mümkün hesab edir;
2. Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin pozulduğunu qət edir;
3. Konvensiyanın 14-cü maddəsinin pozulması ilə bağlı şikayətə ayrıca baxılmasına zərurət olmadığını qət edir;
4. Qərara alır ki,
(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh Dövlət qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində ərizəçiyə vurduğu mənəvi ziyana görə, tutulacaq vergi də daxil olmaqla, 7.500 (yeddi min beş yüz) avro məbləğində vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ödəməlidir;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
5. Ərizəçinin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.
Qərar Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 21 fevral 2012-ci ildə ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Soren Nilsen Nina Vajiç
Katib Sədr
Full & Egal Universal Law Academy