Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 202
Dekabr 2016-cı il
***
Xlaifiya (Khlaifia) və başqaları İtaliyaya qarşı [BP] – ərizə № 16483/12
15.12.2016 tarixli qərar [Böyük Palata]
4 saylı Protokolun 4-cü maddəsi
Əcnəbilərin kollektiv şəkildə ölkədən çıxarılmasının qadağan olunması
Dəniz vasitəsilə qrup halında ölkəyə gəlmiş tunisli miqrantların hər birinin kimliyi fərdi qaydada müəyyənləşdirildikdən və hər hansı fərdi etirazlarını bildirmələrinə imkan yaradıldıqdan sonra ölkədən çıxarılması: pozuntu baş verməyib
Maddə 13
Səmərəli hüquqi müdafiə vasitəsi
Kollektiv şəkildə ölkədən çıxarılmaya qarşı hüquqi müdafiə vasitəsinin dayandırıcı qüvvəyə malik olmaması: pozuntu baş verməyib
Faktlar – Tunis vətəndaşı olan ərizəçilər 2011-ci ilin sentyabrında İtaliyaya gəlmək üçün qayıqlarla Tunisi tərk etmiş miqrant qrupunun tərkibində idilər. İtaliyanın sahil mühafizə xidməti onların əldəqayırma qayıqlarını saxladı və Lampediza adasındakı limana qədər müşayiət etdi, orada isə onlar miqrantların ilkin qəbulu mərkəzinə (MİQM) yerləşdirildilər. Sonradan bu mərkəz iğtişaşlar zamanı yandırıldı və ərizəçilər Palermo limanına yan almış gəmilərə aparıldılar. Ərizəçilərin ölkəyə girişinə icazə verilməməsi barədə qərarlar qəbul edildi. Tunisə uçacaq təyyarəyə mindirilməzdən əvvəl onları Tunis konsulu qəbul etdi və kimliklərini qeydə aldı. Tunisə çatan kimi onlar azad edildilər. Ümumilikdə bu hadisələr təxminən on iki gün davam etdi. 2012-ci ildə səlahiyyətdən sui-istifadə və özbaşına həbs ilə bağlı bir sıra assosiasiyalar tərəfindən verilmiş şikayətlər hakim tərəfindən rədd etdi.
1 sentyabr 2015-ci il tarixli qərarında (bax: 188 saylı Məlumat bülleteni) Məhkəmənin Palatası hər bir ərizəçinin fərdi situasiyasının real və konkret olaraq araşdırılması üçün adekvat təminatların olmaması səbəbindən Konvensiyanın 4 saylı Protokolunun 4-cü maddəsinin pozulduğunu; müvafiq hüquqi müdafiə vasitələrinin dayandırıcı qüvvəyə malik olmaması səbəbindən Konvensiyanın 13-cü maddəsinin pozulduğunu; 5-ci maddənin 1-ci bəndinin (azadlıqdan məhrumetmə üçün hüquqi əsasın olmaması), habelə 5-ci maddənin 2-ci və 4-cü bəndlərinin pozulduğunu; qəbul mərkəzindəki saxlanma şəraiti ilə əlaqədar olaraq 3-cü maddənin pozulduğunu və gəmilərdə saxlanma ilə əlaqədar olaraq 3-cü maddənin pozulmadığını; və yuxarıdakılarla bağlı hüquqi müdafiə vasitələrinin olmaması səbəbindən 13-cü maddənin pozulduğunu müəyyən etdi.
Hökumətin vəsatəti əsasında 1 fevral 2016-cı ildə iş Böyük Palatanın icraatına verildi.
Hüquqi məsələlər
4 saylı Protokolun 4-cü maddəsi: 4 saylı Protokolun 4-cü maddəsi bütün hallarda fərdi müsahibə aparılmasını tələb etmir; bu maddənin tələbləri o halda təmin edilə bilər ki, hər bir əcnəbi ölkədən çıxarılması əleyhinə arqumentlərini bildirmək üçün real və səmərəli imkana malik olsun və həmin arqumentlər cavabdeh dövlətin hakimiyyət orqanları tərəfindən lazımi qaydada araşdırılsın.
Hazırkı işdə məntiqlə Tunisə göndəriləcəklərini düşünən ərizəçilər doqquz gündən on iki günədək İtaliyada qalmışdılar. Hətta onların MİQM-də və ya gəmilərdə obyektiv çətinliklərlə qarşılaşdığını fərz etsək belə, o qədər də qısa olmayan bu müddətdə onlar milli hakimiyyət orqanlarının diqqətini statuslarına təsir göstərə bilən və onlara İtaliyada qalmaq hüququ verən istənilən hala cəlb edə bilərdilər.
Birincisi, ərizəçilər şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün iki yoxlamadan keçmişdilər:
a) Şəxsiyyətlərinin birinci yoxlanışı, cavabdeh Hökumətin bildirdiyinə görə, ərizəçilər qəbul mərkəzinə gəldikdən sonra baş vermiş və bu zaman onların fotoşəkilləri çəkilmiş və barmaq izləri götürülmüşdü. Hökumət ərizəçilərin şəxsi işlərini təqdim edə bilməsə də, bunu inandırıcı şəkildə belə izah etdi ki, onlar qəbul mərkəzindəki yanğın zamanı məhv olublar. Miqrantlarla İtaliyanın dövlət orqanları arasında təmasların və qarşılıqlı anlaşmanın olmadığı barədə iddiaya gəlincə, əsaslı olaraq belə hesab etmək olardı ki, qəbul mərkəzində sosial işçilər də daxil olmaqla yüzə yaxın sosial operatorların, psixoloqların və təxminən səkkiz tərcüməçinin və mədəni mediatorların olması onların çətinliklərini yüngülləşdirən hal idi.
b) Şəxsiyyətlərinin ikinci yoxlanışı ərizəçilərin Tunisə göndərilmək üçün təyyarələrə mindirilməsindən əvvəl baş vermişdi: Tunis səfiri onları qəbul etmiş və kimliklərini qeydə almışdı. Üçüncü dövlətin nümayəndəsi tərəfindən həyata keçirildiyinə baxmayaraq, bu sonrakı yoxlama miqrantların vətəndaşlığını müəyyənləşdirməyə imkan yaratmış və onlara, məsələn, yaşlarını və ya vətəndaşlıqlarını əsas gətirərək ölkədən çıxarılmaları əleyhinə arqumentlərini təqdim etmək üçün son şans vermişdi (bununla əlaqədar olaraq miqrantların bəziləri geri göndərilməmişdilər).
İkincisi, ölkəyə girişə icazə verilməməsi barədə qərarlarda oxşar ifadələr yer alsa da və yeganə fərq hər bir miqrantın fərdi məlumatlarından ibarət olsa da, qərarların nisbətən sadə və standartlaşdırılmış xarakteri onunla izah edilə bilər ki, ərizəçilərin etibarlı yol sənədləri yox idi və onlar iddia etməmişdilər ki, geri qayıdacaqları təqdirdə qəddar rəftara məruz qalacaqlarından ehtiyatlanırlar, yaxud ölkədən çıxarılmalarına mane olan hər hansı digər hüquqi səbəblər var. Buna görə də qərarları əsaslandıran səbəb kimi sadəcə olaraq ərizəçilərin vətəndaşlığının, İtaliya sərhədini qanunsuz keçmələrinin və ölkəyə buraxılmaları üçün qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş hər hansı situasiyanın (siyasi sığınacaq istəmə, qaçqın statusunun verilməsi və ya humanitar mülahizələrə görə müvəqqəti himayə tədbirlərinin tətbiqi) mövcud olmamasının göstərilməsi məntiqsiz əsaslandırma deyildi.
Üçüncüsü, araşdırılan dövrdə Tunisdən olan çoxlu sayda miqrantların ölkədən çıxarılması, yaxud da üç ərizəçinin faktiki olaraq eyni vaxtda ölkədən çıxarılması həlledici əhəmiyyət daşımırdı. Bu, müvafiq şəxslərin ölkəyə girişinə icazə verilməməsi barədə fərdi qaydada qəbul edilmiş çoxsaylı qərarlarla izah edilə bilərdi. Bu mülahizələr hazırkı işi aşağıdakı işlərdən fərqləndirmək üçün kifayətdir: Çonka Belçikaya qarşı (ərizə № 51564/99, 5 fevral 2002-ci il, 39 saylı Məlumat bülleteni); Hirsi Camaa və başqaları İtaliyaya qarşı (ərizə № 27765/09, 23 fevral 2012-ci il, 149 saylı Məlumat bülleteni); Gürcüstan Rusiyaya qarşı (I) ([BP], ərizə № 13255/07, 3 iyul 2014-cü il, 176 saylı Məlumat bülleteni); və Şərifi və başqaları İtaliyaya və Yunanıstana qarşı (ərizə № 16643/09, 21 oktyabr 2014-cü il, 178 saylı Məlumat bülleteni).
Bundan əlavə, ərizəçilərin nümayəndələri beynəlxalq hüquqa və ya ölkədaxili qanunvericiliyə əsasən ərizəçilərin İtaliya ərazisində qalmalarını tələb edən və ölkədən çıxarılmalarına mane olan hər hansı faktiki və ya hüquqi əsas gətirə bilmədilər. Bu amil fərdi müsahibə aparılmasının faydalı olacağını sual altına alırdı.
Xülasə, ərizəçilər şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün iki yoxlamadan keçmiş, vətəndaşlıqları müəyyənləşdirilmiş və ölkədən çıxarılmaları əleyhinə arqumentlərini bildirmələri üçün real və səmərəli imkan yaradılmışdı.
Nəticə: pozuntu baş verməyib (bir səsə qarşı on altı səslə).
Konvensiyanın 4 saylı Protokolunun 4-cü maddəsi ilə birlikdə götürülmüş 13-cü maddəsi: Hazırkı işdə ölkəyə girişə icazə verilməməsi barədə qərarlarda birbaşa göstərilmişdi ki, bu şəxslər altı gün ərzində həmin qərarlardan Aqricento məhkəməsinin sadə icraatlar üzrə hakiminə şikayət edə bilərdilər.
Bu kontekstdə heç bir şübhə yox idi ki, sadə icraatlar üzrə hakim müvafiq miqrantın fərdi situasiyasının nəzərə alınmadığı barədə istənilən şikayəti araşdırmaq və müvafiq olaraq, ölkədən çıxarılmanın kollektiv xarakter daşıyıb-daşımaması məsələsinə mahiyyəti üzrə baxmaq səlahiyyətinə malik idi.
Bu şikayətin verilməsinin dayandırıcı qüvvəyə malik olmaması faktına gəlincə, Di Soza Ribeyru Fransaya qarşı məhkəmə işi üzrə qərarın ([BP], ərizə № 22689/07, 13 dekabr 2012-ci il, 158 saylı Məlumat bülleteni) Çonkanın işi və Hirsi Camaa və başqalarının işi üzrə qərarlarla müqayisəli şəkildə dərindən təhlili Məhkəmənin aşağıdakı qənaətlərə gəlməsinə gətirib çıxardı.
Ərizəçi təyinat ölkəsində Konvensiyanın 2-ci və ya 3-cü maddələrinin pozuntuları ilə üzləşəcəyini iddia etməyibsə, cavabdeh dövlətin ərazisindən çıxarılması onu sonradan düzəldilməsi mümkün olmayan potensial ziyana məruz qoymayacaq. Belə hallarda Konvensiya dövlətin üzərinə ölkədən çıxarılma barədə qərarın icrasını avtomatik olaraq dayandıran hüquqi müdafiə vasitəsini təmin etmək kimi öhdəlik qoymur, sadəcə olaraq müvafiq şəxsin ölkədən çıxarılma barədə qərardan şikayət etməsinə səmərəli imkan yaradılmasını və şikayətə müstəqil və qərəzsiz dövlət orqanı tərəfindən hərtərəfli baxılmasının təmin edilməsini tələb edir. Hazırkı işdə əlçatan olan hüquqi müdafiə vasitəsi bu tələblərə cavab verirdi.
Bundan əlavə, ərizəçi üçün əlçatan olan hüquqi müdafiə vasitəsinin dayandırıcı qüvvəyə malik olmaması Di Soza Ribeyrunun işində gəlinmiş qənaətdən fərqli olaraq bu işdə həlledici amil deyildi. Həmin işdəki qənaət belə bir fakta əsaslanırdı ki, ərizəçinin Konvensiyanın 8-ci maddəsi üzrə təqdim etdiyi "əsaslandırıla bilən" şikayət olduqca tələsik rədd edilmişdi (onun Braziliyaya geri göndərilməsi İnzibati Məhkəməyə şikayət verməsindən bir saatdan da az müddət sonra baş vermişdi).
Nəticə: pozuntu baş verməyib (bir səsə qarşı on altı səslə).
Maddə 3: Ərizəçilər saxlanıldıqları şəraitdən şikayət etdilər.
Miqrantların ölkəyə gəlməsi hallarının artması ilə əlaqədar amillərin üzv dövlətləri öhdəliklərindən azad etmədiyini bir daha xatırlatdıqdan sonra Məhkəmə bu rəyini bildirdi ki, bu işin faktlarına fövqəladə humanitar situasiya kontekstindən kənarda baxmaq doğru olmazdı.
2011-ci il ciddi miqrasiya böhranı ilə əlamətdar idi. Şimali Afrika miqrantlarının Lampeduza və Linozaya kütləvi şəkildə (il ərzində 50.000 nəfərdən çox) gəlmələri, şübhəsiz ki, İtaliyanın hakimiyyət orqanları üçün təşkilati, logistik və struktur çətinlikləri yaratmışdı.
Bu ümumi situasiyadan əlavə, ərizəçilərin gəlişindən dərhal sonra yaranmış müəyyən konkret problemlər də vardı ki, bu da mövcud çətinliklərin artmasına şərait yaratmış və həmçinin yüksək gərginlik mühiti yaratmışdı, belə ki: qəbul mərkəzindəki miqrantlar iğtişaş törətmiş; qəbul mərkəzini yandırmağa cəhd göstərilmiş; 1.800 miqrant Lampeduza küçələrində nümayiş keçirmiş; ətrafdakıları yanacaq çənlərini partlatmaqla hədələyən əcnəbilər qrupu ilə yerli icma üzvləri arasında toqquşmalar olmuş; və özü-özünə xəsarət yetirmə və vandalizm aktları törədilmişdi.
Bu təfsilatlar göstərirdi ki, son dərəcə çoxlu miqrantların gəlişi nəticəsində dövlət çoxlu problemlərlə qarşılaşmışdı və dövlət orqanları çoxlu sayda müxtəlif işlərin həlli ilə yüklənmişdilər, belə ki, onlar həm miqrantların, həm də yerli əhalinin rifahını təmin etməli və qaydada-qanunu mühafizə etməli idilər.
Lampeduzadakı ilkin qəbul mərkəzində miqrantların yerləşdirilməsi barədə qərar özü-özlüyündə tənqid edilə bilməzdi. Onun bu coğrafi məkanda yerləşməsi nəticəsində dənizdən salamat çıxanların ən yaxın qəbul mərkəzinə göndərilməsi məntiqə zidd deyildi.
a) Qəbul mərkəzində saxlanma şəraiti – Məhkəmə aşağıdakı məqamları nəzərə alaraq, bu qənaətə gəldi ki, ərizəçilərin qəbul mərkəzində saxlanma şəraiti qeyri-insani və ya ləyaqəti alçaldan rəftar kimi xarakterizə oluna biləcək sərtlik səviyyəsinə çatmamışdı.
i) Baxmayaraq ki, parlament komitələrinin və ya QHT-lərin bəzi hesabatlarında qəbul mərkəzində həddən artıq çox adamın saxlanıldığı və gigiyenik şəraitin, təbii ehtiyaclar üçün təklikdə qalmaq imkanının və ətraf aləmlə təmasların olmadığı göstərilirdi, Avropa Şurasının Parlament Assambleyasının ərizəçilərin orada qaldığı vaxta yaxın olan dövrü əhatə edən məruzəsində bu halları tarazlaşdıran müsbət amillər qeyd edilmişdi, buna görə də sözügedən şərait Məhkəmənin 3-cü maddənin pozulduğu qənaətinə gəldiyi digər işlərdəki şəraitlə müqayisə oluna bilməzdi.
ii) Baxmayaraq ki, qəbul mərkəzinin otaqlarında adambaşına düşən kvadrat metrin miqdarı müəyyənləşdirilməmişdi və həmçinin fərz etsək ki, qəbul mərkəzinin tutumundan 15%-dən 75%-dək artıq adam orada yerləşdirilmişdi, ərizəçilərin həmin mərkəzdə malik olduqları hərəkət sərbəstliyi bu darısqallığı kompensasiya edirdi.
iii) Ərizəçilər təhlükəli dəniz səfəri ucbatından zəifləsələr də, xüsusi yardım tələb edən həssas durumda deyildilər (onlar sığınacaq axtaran şəxslər deyildilər, mənşə ölkəsində mənəvi travma yaşadıqlarını iddia etmirdilər, nə ahıl, nə də yetkinlik yaşına çatmayan şəxslər kateqoriyasına aid deyildilər və səhhətlərində hər hansı konkret problem yox idi).
iv) Onlar qida, su və ya tibbi yardım çatışmazlığına və anormal hava şəraitinə məruz qalmamışdılar.
v) Ölkədə qısa müddət (3-4 gün) ərzində qaldıqlarını nəzərə alsaq, ətraf aləmlə təmaslarının olmaması onlar üçün ciddi fərdi nəticələrə səbəb olmamışdı.
vi) Baxmayaraq ki, dövlət orqanları kifayət qədər sahəsi olan digər qənaətbəxş qəbul mərkəzləri tapmaq və yetərli sayda miqrantları həmin mərkəzlərə köçürmək üçün tədbirlər görmək öhdəliyini daşıyırdılar, Məhkəmə bu öhdəliyin icra edilib-edilmədiyini araşdıra bilməzdi, çünki sonuncu iki ərizəçinin gəlişindən cəmi iki gün sonra iğtişaş zamanı Lampeduzadakı MİQM yandırılmışdı.
vii) Ümumiyyətlə, Məhkəmə tərəfindən bəzən 3-cü maddənin pozuntusu kimi müəyyən edilən situasiyalar bu işdəkindən daha intensiv və ya uzunmüddətli xarakter daşıyırdı.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
b) İki gəminin göyərtəsində saxlanma şəraiti – Gəmilərdəki saxlanma şəraiti də pozuntunun müəyyən edilməsi üçün tələb olunan sərtlik səviyyəsinə çatmamışdı.
Birincisi, ərizəçilər iddia etdikləri qəddar rəftarın əlamətlərini və ya faktlara dair onların versiyalarını (gəmilərdə həddən artıq adamın saxlanması, ərizəçilərin təhqirlərə məruz qalması və gigiyenik şəraitin olmaması) təsdiqləyən hər hansı sənədləri və ya üçüncü şəxslərin ifadəsini təqdim etməmişdilər, buna görə də sübutetmə yükünün dövlətin üzərinə keçməsi üçün heç bir səbəb yox idi.
İkincisi, iddia edilənlərin əksinə olaraq, məhkəmə qərarından görmək olardı ki, parlament üzvü gəmilərə baş çəkmiş və miqrantların qənaətbəxş şəraitdə yerləşdirildiklərini müşahidə etmişdi (həmin qərarda informasiya agentliyinin məlumatına istinad edilmişdi və qərar qəbul edilərkən zəruri prosessual təminatlara riayət edildiyini şübhə altına almaq üçün heç bir əsas yox idi).
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Məhkəmə həmçinin yekdilliklə bu qənaətə gəldi ki, ərizəçilərin azadlıqdan məhrum edilməsi üçün hüquqi əsas olmadığına görə 5-ci maddənin 1-ci bəndinin (və müvafiq olaraq, həm də 5-ci maddənin 2-ci və 4-cü bəndlərinin) pozuntusu baş verib. Onların hər hansı qərar olmadan faktiki həbs vəziyyətində saxlanılması qəbul mərkəzində saxlanılan şəxslər üçün konstitusiyada müəyyən edilmiş habeas corpus (həbsin qanuniliyinin müəyyənləşdirilməsi üçün hakimin yanına gətirilmə) təminatlarından onları məhrum etmişdi və bu hal, hətta miqrasiya böhranı şəraitində belə, Konvensiyanın 5-ci maddəsinin məqsədinə uyğun hesab edilə bilməzdi. Həmçinin saxlanma şəraiti ilə əlaqədar olaraq 3-cü maddə ilə əlaqəli şəkildə götürülmüş 13-cü maddənin pozuntusu baş vermişdi.
Maddə 41: Mənəvi ziyana görə ərizəçilərin hər birinə 2.500 avro təyin edildi.
Full & Egal Universal Law Academy