Xodorkovski (Khodorkovskiy) və Lebedev (Lebedev) Rusiyaya qarşı – ərizələr № 11082/06 və 13772/05
25.7.2013 tarixli qərar [I Bölmə]
Maddə 7
7-ci maddənin 1-ci bəndi
Nullum crimen sine lege (qanunla cinayət kimi müəyyən edilməyən əməl cinayət sayılmır)
Vergidən yayınma formasında hüquqpozmanın digər hüquq sahələrinə istinadən şərh edilməsi: pozuntu baş verməyib
Maddə 6
Cinayət prosesi
6-cı maddənin 1-ci bəndi
Qərəzsiz məhkəmə
Müdafiə tərəfi üçün əlverişsiz prosessual qərarlar qəbul etmiş və təqsirləndirilən şəxslərdən birinin digər məhkəmə araşdırmasında iştirak etmiş birinci instansiya məhkəməsi hakiminin iddia edilən qərəzliliyi: pozuntu baş verməyib
6-cı maddənin 3(b) bəndi
Öz müdafiəsini hazırlamaq üçün kifayət qədər imkana malik olmaq
Öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta malik olmaq
Ərizəçilərin çətin həbsxana şəraitində, amma yüksək ixtisaslı peşəkar vəkillər qrupunun köməyi ilə çoxlu sayda sübutlarla tanış olmasının zəruriliyi: pozuntu baş verməyib
6-cı maddənin 3(c) bəndi
Müdafiəçinin köməyi ilə özünü müdafiə etmək hüququ
Həbsxana müdiriyyətinin və birinci instansiya məhkəməsinin hakimlərinin təqsirləndirilən şəxslərlə vəkillərinin yazışmalarını sistematik olaraq oxuması: pozuntu baş verib
6-cı maddənin 3(d) bəndi
Şahidlərin dindirilməsi
İttiham tərəfinin çağırdığı şahid ekspertləri müdafiə tərəfinin çarpaz dindirməsinə, yaxud öz ekspertlərinin rəyini elan etməsinə icazə verməkdən imtina edilməsi: pozuntu baş verib
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Ailə həyatına hörmət hüququ
Şəxsi həyata hörmət hüququ
Məhbusların öz evlərindən minlərlə kilometr məsafədə yerləşən islah koloniyalarında saxlanılması: pozuntu baş verib
Maddə 18
Hüquqa zidd məqsədlər üçün tətbiq edilən məhdudiyyətlər
İddia edildiyinə görə ərizəçilərə qarşı cinayət prosesinin siyasi motivli olması: pozuntu baş verməyib
Maddə 34
Şikayət vermə hüququna maneə yaradılması
Avropa Məhkəməsinin icraatındakı işdə ərizəçilərin maraqlarını müdafiə edən vəkillərə intizam tədbirlərinin və digər tədbirlərin tətbiqi: 34-cü maddənin tələblərinə riayət edilməyib
Faktlar – Həbsə alınmazdan əvvəl ərizəçilər "Yukos" şirkətininn də daxil olduğu iri sənaye qrupunun rəhbərləri və əsas səhmdarları idilər. Onlar Rusiyanın ən varlı insanlarından idilər. Birinci ərizəçi cənab Xodorkovski həmçinin siyasi cəhətdən aktiv idi: müxalif partiyalara dəstək üçün xeyli vəsait ayırmış və bir neçə inkişaf proqramını və QHT-ləri maliyyələşdirmişdi. Bundan əlavə, "Yukos" iri miqyaslı biznes layihələrini həyata keçirirdi ki, bu da rəsmi neft siyasətinə zidd idi.
2003-cü ildə ərizəçilər saxlanıldılar və qrupun şirkətlərindən birinin, iddia edildiyinə görə, saxta yolla özəlləşdirilməsində şübhəli bilinərək həbs edildilər. Sonradan "Yukos" neft şirkətinə qarşı vergi yoxlamaları və icra icraatı prosedurlarına başlanıldı ki, bu da onun ləğv edilməsi ilə nəticələndi. Faktiki olaraq heç bir biznes fəaliyyəti ilə məşğul olmayan ticarət şirkətlərini güzəştli vergi zonalarında qeydiyyata aldırmaqla və saxtalaşdırıldığı iddia edilən gəlir vergisi bəyannamələri təqdim etməklə vergidən yayınmaları iddiası ilə ərizəçilərə qarşı yeni ittihamlar irəli sürüldü. 2005-ci ildə ərizəçilər ittihamların çoxunda təqsirli bilindilər. Onlar doqquz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildilər və qərara əsasən şirkətin ödənilməmiş vergilərinə görə dövlətə 500.000.000 avro məbləğinin ekvivalentini ödəməli idilər. Apellyasiya şikayətindən sonra azadlıqdan məhrumetmə cəzası səkkiz il müddətinədək azaldıldı. Ərizəçilərin hər ikisi cəzalarını çəkmək üçün Moskvadakı evlərindən minlərlə kilometr məsafədə yerləşən ucqar koloniyalara göndərildilər.
Avropa Məhkəməsinə şikayət ərizələrində ərizəçilər Konvensiyanın müxtəlif pozuntularından, konkret olaraq ədalətli məhkəmə araşdırması hüququnun (6-cı maddənin 1-ci bəndi) və törədildiyi zaman cinayət sayılmayan əmələ görə məsuliyyətə cəlb edilməmək hüququnun (7-ci maddə) pozulmasından şikayət etdilər.
Hüquqi məsələlər
6-cı maddənin 1-ci bəndi: Hər iki ərizəçi bu bəndin bir neçə ayrı-ayrı pozuntularından şikayət etdilər. Onların arqumentlərinin birinci qrupu prosesə sədrlik edən hakimin güman edilən qərəzliliyinə aid idi. İkinci qrup arqumentlər prosessual ədalətsizliyə, konkret olaraq öz müdafiələrini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmamalarına, effektiv hüquqi yardımdan istifadə etmək imkanına malik olmamalarına və ittiham tərəfinin sübutları ilə tanış olmaq və müdafiə tərəfinin sübutlarını təqdim etmək imkanına malik olmamalarına aid idi.
a) Qərəzsizlik – Ərizəçilər iddia etdilər ki, məhkəmə araşdırması zamanı hakimin qəbul etdiyi prosessual qərarlar onun qərəzli olduğunu göstərirdi, habelə onların işinə baxarkən hakimin özü istintaq altında idi və onun qərəzliliyinin səbəbi "Yukos"un digər bir rəhbərinin işi üzrə öncə gəlmiş olduğu qənaətlər idi.
Birinci məsələyə gəlincə, şəxsin qərəzliliyi qənaətinə gəlmək üçün Məhkəmənin əlində müdafiə tərəfi üçün əlverişsiz olan bir sıra prosessual qərarlar deyil, daha ciddi sübutlar olmalıdır. Birinci instansiya məhkəməsi hakiminin qərarlarında onun xüsusi olaraq ərizəçilərə qarşı mövqe tutduğunu göstərən heç nə yox idi. İkinci məsələyə gəlincə, hakimin özünün istintaq altında olması şayiələrə əsaslanırdı və onun qərəzsiz olmadığını iddia etmək üçün əsas təşkil edə bilməzdi. Nəhayət, sonuncu məsələyə, yəni hakimin artıq "Yukos"un digər bir rəhbərinin işinə baxılmasında iştirak etməsi faktına gəlincə, Məhkəmə əvvəlki işlərdə aydınlıq gətirib ki, sadəcə olaraq hakimin təqsirləndirilən şəxslərdən hər hansı birinin işinə baxması faktı özü-özlüyündə onun qərəzsizliyini şübhə altına almaq üçün kifayət deyil. Cinayət işlərinə baxılarkən çox zaman hakimlər çoxlu sayda təqsirləndirilən şəxslərin iştirak etdiyi müxtəlif məhkəmə araşdırmalarına sədrlik edirlər və təkcə bu fakta görə hakimlərin qərəzsizliyi şübhə altına alınsaydı cinayət məhkəmələrinin işi mümkünsüz hala gələrdi. Bununla belə, bu məsələni araşdırmaq tələb olunurdu ki, əvvəllər çıxarılmış hökmlər belə düşünməyə əsas verirmi ki, hakim araşdırmadan öncə ərizəçilərin təqsirkar olduğu qənaətində idi? Ərizəçilərin işinə baxan hakim peşəkar hakim idi və təcrübəsinə uyğun olaraq digər rəhbərin işi üzrə öncə gəldiyi nəticələri nəzərə almamağa hazır idi. Həmin rəhbərin işi üzrə hökmdə sonrakı icraatda ərizəçilərin təqsirliliyi məsələsini həll edə biləcək heç bir qənaət yox idi və hakimin mövqeyi əvvəlki işdə gəldiyi nəticələrdən, məsələn, sübutların qəbulunun mümkünlüyü barədə qənaətlərindən hüquqi cəhətdən və ya digər baxımdan asılı deyildi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
b) İcraatın ədalətliliyi
i) 6-cı maddənin 3(d) bəndi ilə birgə götürülmüş halda 6-cı maddənin 1-ci bəndi: Öz müdafiəsini hazırlamaq üçün vaxta və imkana malik olmaq – İkinci ərizəçi işin 41.000 səhifəlik materiallarını öyrənmək üçün səkkiz ay iyirmi bir gün, birinci ərizəçi isə 55.000 səhifəlik materialları öyrənmək üçün beş ay on səkkiz gün vaxta malik idi. Məhkəmə sənədlərin mürəkkəbliyini, müəyyən qeydlər aparmağın, sənədləri müqayisə etməyin və işin materiallarını vəkillərlə müzakirə etməyin zəruriliyini qeyd etdi. O həmçinin işin materiallarının öyrənilməsində fasilələrin olduğunu və ərizəçilərin materiallarla əlverişsiz şəraitdə işlədiklərini nəzərə aldı (məsələn, onlar həbsxanada sənədlərin surətlərini çıxara və sənədlərin nüsxələrini kameralarında saxlaya bilməzdilər və sənədlərin surətlərini vəkillərindən almalarına məhdudiyyətlər qoyulmuşdu). Bununla belə, müdafiəsini hazırlaması üçün təqsirləndirilən şəxsə kifayət qədər vaxt və imkanın verilməsi məsələsi hər bir konkret işin hallarının işığında qiymətləndirilməlidir. Ərizəçilər adi müttəhim deyildilər: onlara yüksək peşəkarlığa malik tanınmış vəkillər qrupu yardım edirdi və onların hamısı fərdi müqavilə əsasında prosesə cəlb olunmuşdu. Hətta ərizəçilər işin materiallarındakı hər bir sənədlə şəxsən tanış ola bilməsələr belə, bu vəzifəni vəkillərinə həvalə edə bilərdilər. Bu da önəmlidir ki, ərizəçilərin vəkilləri ilə görüşlərinin sayına və müddətinə məhdudiyyət qoyulmamışdı. Vəkillər sənədlərin surətlərini çıxarmaq imkanına malik idilər; ərizəçilərin işin materiallarından qeydlər yazıb götürmələrinə və özlərində qeyd kitabçaları saxlamalarına icazə verilirdi. Əslində universitet diplomuna malik olan ərizəçilər Rusiyanın ən iri neft şirkətinin yüksək vəzifəli rəhbərləri idilər və işin mahiyyətini təşkil edən biznes proseslərini, yəqin ki, hər hansı digər şəxslərdən daha yaxşı bilirdilər. Beləliklə, müdafiə tərəfi məhkəməyəqədər araşdırma mərhələsində çətin şəraitdə işləməli olsa da, işin materiallarını öyrənmək üçün müdafiə tərəfinə ayrılmış vaxt Konvensiyanın 6-cı maddəsinin 1-ci və 3(d) bəndləri ilə təmin edilən hüquqların mahiyyətinə təsir göstərəcək dərəcədə məhdud deyildi.
Məhkəmə daha sonra birinci instansiya və apellyasiya məhkəmələrindəki icraatda müdafiə tərəfinin hansı şəraitdə işləməli olduğunu araşdırdı. Konkret olaraq, müəyyən məqamda hakim məhkəmə araşdırmasının gedişini sürətləndirməyi qərara almış və dinləmələri hər gün keçirmişdi. Amma bu, ərizəçilərin icraatda iştirakını mümkünsüz etmirdi və müdafiə tərəfi zərurət olduqda məhkəmə iclasını təxirə salmağı xahiş edə bilərdi.
Apellyasiya icraatı mərhələsində müdafiə tərəfi yazılı izahatlarını tərtib etmək və şifahi çıxışlarını hazırlamaq üçün üç ay vaxta malik idi. Müdafiə tərəfi apellyasiya şikayətini işin bütün materialları əlində olmadan hazırlamağa başlamalı olsa da və həmçinin məhkəmə iclaslarının protokollarının dəqiqliyi ilə bağlı şübhələr olsa da, Məhkəmə əmin deyil ki, bu cür nöqsanlar hökmün etibarlılığını şübhə altına ala bilərdi. Bundan başqa, müdafiə tərəfi məhkəmə araşdırması zamanı qəbul edilən prosessual qərarlar və əlavə olunan materiallar barədə məlumatlı idi. Müdafiə tərəfinin sərəncamında məhkəmə proseslərinin audioyazıları vardı və müdafiə tərəfi apellyasiya şikayətini hazırlayarkən onlardan istifadə edə bilərdi. Beləliklə, apellyasiya icraatı zamanı müdafiə tərəfinin üzləşdiyi çətinliklər bütövlükdə məhkəmə araşdırmasının ədalətliliyinə təsir göstərməmişdi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
ii) 6-cı maddənin 3(c) bəndi ilə birgə götürülmüş halda 6-cı maddənin 1-ci bəndi: Vəkil-müştəri münasibətlərinin konfidensiallığı – Ərizəçilər vəkilləri ilə təmaslarının konfidensiallığına ciddi əngəl törədildiyini iddia etdilər. Məhkəmə xatırlatdı ki, konfidensial materiala hər hansı müdaxiləyə və xüsusən də bu cür materialdan məhkəmə icraatında təqsirləndirilən şəxs qarşı istifadə edilməsinə müstəsna hallarda yol verilməli və belə hallar təxirəsalınmaz tələbatın mövcudluğu ilə əsaslandırılmalı və daim ciddi nəzarət altında olmalıdır.
Vəkillərindən birinin prokurorluqdan çağırış vərəqəsi alması ilə bağlı ərizəçilərin şikayətinə gəlincə, Məhkəmə qeyd etdi ki, həmin vəkil ifadə verməkdən imtina edib və bu imtina ona qarşı hər hansı sanksiyaya səbəb olmayıb. Müvafiq olaraq, bu işin konkret halları baxımından vəkil-müştəri münasibətlərinin konfidensiallığı bu epizodla bağlı pozulmayıb.
Amma vəkilin ofisində axtarış aparmaqla və onun iş materiallarını götürməklə dövlət orqanları vəkil-müştəri münasibətlərinin konfidensiallığına bilərəkdən müdaxilə etmiş olublar. Məhkəmə bu müdaxilə üçün inandırıcı əsas görmədi. Hökumət vəkilin hansı məlumatının axtarıldığına, onun istintaq üçün nə dərəcədə vacib olmasına və ya başqa üsullarla əldə edilməsinin mümkün olub-olmamasına dair izahat vermədi. Nəzərdən keçirilən dövrdə vəkil hər hansı hərəkətdə şübhəli bilinmirdi. Ən önəmlisi, onun ofisində aparılmış axtarış müvafiq prosessual təminatlarla müşayiət olunmamışdı, məsələn, qanunun tələb etdiyi kimi, axtarış üçün xüsusi məhkəmə sanksiyası yox idi. Müvafiq olaraq, axtarış və materialların götürülməsi əsassız idi.
Narahatlıq doğuran digər məsələ ondan ibarət idi ki, həbsxana müdiriyyəti istintaq təcridxanasında görüşlər zamanı ərizəçilərlə vəkillərin bir-birinə verdiyi bütün yazılı sənədləri nəzərdən keçirirdi. Bu cür nəzərdən keçirmə daxili qanunvericilikdə dəqiq əsasa malik deyildi, həmin qanunvericilik konkret olaraq bu cür situasiyaları tənzimləmirdi. Bundan başqa, həbsdə saxlanılan müştərisi ilə görüş üçün və ya görüşün gedişində vəkillər tərəfindən hazırlanmış qeydlər, sənəd layihələri, planlar, fəaliyyət proqramları və digər bu kimi sənədlər bütün məqsədlər üçün konfidensial material təşkil edirdi. Konfidensiallıq barədə ümumi qaydadan hər hansı istisnaya yalnız o halda yol verilə bilər ki, peşə imtiyazından sui-istifadə edildiyini, yaxud müvafiq sənəddə qeyd edilənlərin həbsxananın və ya digər şəxslərin təhlükəsizliyinə qarşı təhlükə yaratdığını və ya hər hansı digər formada cinayət xarakteri daşıdığını güman etmək üçün dövlət orqanlarının əlində əsaslı səbəb olsun. Lakin hazırkı işdə dövlət orqanları öncədən əks prezumpsiyadan, yəni məhbusla vəkili arasındakı yazışmalarda şübhəli nəyinsə olması ehtimalından çıxış etmişdilər. Ərizəçilərin və ya vəkillərinin peşə imtiyazından sui-istifadə etdiklərini göstərən müəyyən faktların olmadığına baxmayaraq, barəsində şikayət edilən tədbirlər iki ildən artıq davam etmişdi. Belə vəziyyətdə müdafiə tərəfinin öncə həbsxana müdiriyyəti tərəfindən yoxlanılmamış olan iş sənədlərinin nəzərdən keçirilməsini və götürülməsini nəzərdə tutan qayda, eləcə də ərizəçilərin vəkillərinin ofisindəki axtarışlar əsassız idi.
Nəhayət, ərizəçilərin məhkəmə zalında vəkilləri ilə ünsiyyətdə olma şəraitinə gəlincə, birinci instansiya məhkəməsinin hakimi müdafiəçilərdən tələb edirdi ki, həbsxanada müdiriyyətinin müəyyən etdiyi təhlükəsizlik qaydalarına müvafiq olaraq ərizəçilərə göstərmək istədikləri bütün yazılı sənədləri ona göstərsinlər. Müdafiəçilər və ərizəçilər tərəfindən hazırlanmış sənəd layihələrini və qeydləri yoxlayarkən hakim müdafiə tərəfinin açıqlamaq istəmədiyi informasiyalarla və ya arqumentlərlə rastlaşa bilərdi ki, bu da işin faktoloji və hüquqi məsələlərinə münasibətdə onun mövqeyinə təsir göstərə bilərdi. Məhkəmənin rəyinə görə, tərəflərin açıq məhkəmə iclasında təqdim etmədikləri və müzakirəyə çıxarmadıqları arqumentlər və ya informasiyalar hakimin qərarına təsir göstərmiş olsaydı, bu, məhkəmə icraatının çəkişmə prinsipi əsasında aparılması tələbinə zidd olardı. Bundan başqa, ərizəçilərlə vəkilləri arasındakı şifahi məsləhətləşmələri məhkəmə iclasında ərizəçiləri müşayiət edən həbsxana mühafizəçiləri eşidə bilərdilər. Fasilələr zamanı vəkillər müştəriləri ilə məhkəmə işini həbsxana mühafizəçilərinin lap yaxınlığında müzakirə etməli olurdular. Bir sözlə, məhkəmə iclasları zamanı ərizəçilərin və vəkillərinin şifahi və yazılı məlumatlarının məxfiliyinə ziddi surətdə xələl gətirilmişdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
iii) 6-cı maddənin 3(d) bəndi ilə birgə götürülmüş halda 6-cı maddənin 1-ci bəndi: Sübutların əldə edilməsi və araşdırılması – Ərizəçilərin onu şübhə altına almalarına imkan verilmədən ittiham tərəfinin vəsatəti əsasında iki ekspertin təqdim etdiyi rəyin sübut kimi qəbul edilməsi ilə bağlı ərizəçilərin şikayətlərinə gəlincə, Məhkəmə ilk növbədə qeyd etdi ki, ittiham tərəfinin rəy almaq üçün ekspertləri müdafiə tərəfinin iştirakı olmadan cəlb etməsi faktı özü-özlüyündə Konvensiya üzrə hər hansı məsələni meydana çıxarmır, bu şərtlə ki, müdafiə tərəfi sonradan həmin rəyi nəzərdən keçirmək və birinci instansiya məhkəməsində birbaşa dindirmə aparmaqla rəyin və onu hazırlayanların etibarlılığını şübhə altına almaq imkanına malik olsun. İttiham tərəfinin şahidi olan ekspertlərin dindirilməsinin zəruriliyini müdafiə tərəfinin sübuta yetirmədiyi barədə Hökumətin arqumentinə gəlincə, Məhkəmə bildirdi ki, müdafiə tərəfinin şahidlərinin dindirildiyi situasiyadan fərqli olaraq, ittiham tərəfinin şahidlərinin dindirilməsinin vacibliyini müdafiə tərəfi sübut etməyə borclu deyil. İttiham tərəfi iş üçün əhəmiyyətli olan informasiya mənbəyi kimi konkret şəxsin ifadəsinə əsaslanmağı qərara alıbsa və həmin ifadə birinci instansiya məhkəməsi tərəfindən ittiham hökmünün əsaslandırılmasında istifadə edilibsə, o zaman ifadə verənin şəxsən məhkəməyə gəlməsinin və dindirilməsinin zəruriliyi prezumpsiyası meydana çıxır, əks halda ifadə açıq-aydın işə aidiyyəti olmayan və ya iş üçün əhəmiyyət daşımayan ifadə sayılmalıdır. Şübhəsiz ki, sözügedən iki ekspert əsas şahidlər idi, çünki onların rəyi ərizəçilərə qarşı ittihamlardan bəzilərinin əsasını təşkil etmişdi. Müdafiə tərəfi ekspertlərin rəyinin hazırlanmasında iştirak etməmişdi və öncəki mərhələdə onlara suallar vermək imkanına malik deyildi. Bundan əlavə, müdafiə tərəfi ekspertlərin dindirilməsinin nə üçün zəruri olduğunu rayon məhkəməsinə izah etmişdi, özü də onların məhkəməyə gəlmələrinə mane olan heç bir əsaslı səbəb yox idi. Hətta rəydə aşkar uyğunsuzluqlar olmasa belə, ekspertlərin dindirilməsi mümkün maraqlar münaqişəsinin mövcud olduğunu, rəy verərkən onların sərəncamlarında yetərli materialların olmadığını və ya ekspertiza metodlarında qüsurlar olduğunu ortaya çıxara bilərdi.
Ərizəçilər həmçinin müdafiə tərəfinin məhkəmə araşdırmasında təqdim etdiyi ekspertiza rəyini (həm yazılı, həm də şifahi) işin materiallarına əlavə etməkdən birinci instansiya məhkəməsinin imtina etməsindən şikayət etdilər. Avropa Məhkəməsi qeyd etdi ki, birinci instansiya məhkəməsi müəyyən ekspertiza məlumatlarını işə aidiyyəti olmayan və ya faydasız məlumatlar kimi işin materiallarına əlavə etməkdən imtina edib. Bununla əlaqədar olaraq Məhkəmə xatırlatdı ki, ədalətli məhkəmə araşdırması tələbi birinci instansiya məhkəmələrinin üzərinə belə bir vəzifə qoymur ki, prosesdəki tərəf bu barədə müraciət etdikdə hökmən ekspertiza və ya digər istintaq tədbiri təyin etsin; həmçinin Məhkəmə sözügedən ekspertiza rəylərinin xarakterini araşdırdıqdan sonra bununla razılaşmağa hazırdır ki, müəyyən ekspertiza məlumatlarının qəbul edilməməsinin əsas səbəbi onların işə aidiyyəti olmamasından və ya faydasız olmasından ibarət olub və bu məsələlərə dair qərar vermək birinci instansiya məhkəməsinin diskresion səlahiyyəti daxilindədir. Lakin iki audit rəyinin ("Ernst və Yanq" (Ernst and Young) və "Prays Voterhaus Kupers" (Price Waterhouse Coopers) firmalarının rəyləri) rədd edilməsi faktiki olaraq onların məzmunu ilə deyil, forması və mənşəyi ilə əlaqədar idi. Müdafiə tərəfinin işə əlavə olunmasını istədiyi digər ekspert rəylərindən fərqli olaraq, bu rəylər hüquqi rəy deyildi və orada toxunulan məsələlər mahiyyət etibarı ilə ittiham tərəfinin təqdim etdiyi rəylərdəki məsələlərlə eyni idi, buna görə də onların ərizəçilərə qarşı irəli sürülmüş ittihamlara aidiyyəti var idi. Bu rəyləri qəbul etməməklə birinci instansiya məhkəməsi müdafiə tərəfini əlverişsiz vəziyyətdə qoymuşdu, belə ki, ittiham tərəfi ekspertləri seçmək, onların qarşısında qoyulan sualları müəyyənləşdirmək və ekspert rəylərini təqdim etmək imkanına malik olduğu halda müdafiə tərəfi bu hüquqdan məhrum olmuşdu. Bundan başqa, ekspert rəyini effektiv şəkildə şübhə altına ala bilmək üçün müdafiə tərəfi öz ekspertinin rəyini təqdim etmək imkanına malik olmalı idi. Müdafiə tərəfinin başqa bir ekspertizanın təyin olunması barədə məhkəmədə vəsatət qaldırmaq hüququna malik olması yetərli deyildi. Lakin Rusiya qanunvericiliyinə əsasən praktiki olaraq ərizəçilərin sərəncamında olan yeganə variant məhkəmə iclasında "mütəxəssisləri" şifahi formada dindirmədən ibarət idi, halbuki "mütəxəssislər" "ekspertlərə" nisbətən fərqli prosessual statusa malik idilər, belə ki, onlar işin ilkin materialları ilə tanış olmaq imkanına malik deyildilər və birinci instansiya məhkəməsi onların yazılı rəylərini nəzərdən keçirməkdən imtina etmişdi. Belə olan halda iki audit rəyinin qəbul edilməməsi barədə qərar "ekspert rəylərinin" toplanması və təqdim edilməsi məsələsində müdafiə və ittiham arasında disbalans yaratmışdı ki, bununla da tərəflərin bərabərliyi prinsipi pozulmuşdu.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 7
a) Cinayət təqibinin aparılmasının mümkünlüyünü aradan qaldırdığı bildirilən prosessual maneələr – Ərizəçilər iddia etdilər ki, Konstitusiya Məhkəməsinin 27 may 2003-cü il tarixli qərarına əsasən, onların vergi öhdəliyi daşımaları öncə ayrıca icraatda müəyyən edilmədiyi təqdirdə onlar vergidən yayınmaya görə cinayət məsuliyyətinə cəlb oluna bilməzdilər. Avropa Məhkəməsi ərizəçilərin həmin qərarı düzgün başa düşdüklərinə əmin deyil. İstənilən halda, iddia edilən "prosessual maneələrin" olması o demək deyil ki, ərizəçilərin ittiham edildiyi hərəkətlər törədildiyi anda "cinayət əməlləri" kimi müəyyən edilməmişdi. Müvafiq olaraq, bu məsələdə 7-ci maddənin pozuntusu baş verməyib.
b) "Vergidən yayınma" anlayışının yeni şərhi – Ərizəçilər iddia etdilər ki, müvafiq müddəaların (Cinayət Məcəlləsinin 198 və 199-cu maddələrinin) tamamilə yeni və öncədən proqnozlaşdırıla bilməyən tərzdə şərhindən ziyan çəkiblər, belə ki, məhz həmin müddəalar əsasında məhkum olunublar. Məhkəmə qeyd etdi ki, həmin müddəalarda vergidən yayınmanın anlayışı olduqca ümumi ifadələrlə verilmişdi və özü-özlüyündə bu cür geniş çərçivəli anlayış 7-ci maddə üzrə hər hansı məsələni meydana çıxarmır. İqtisadi fəaliyyətin formaları daim təkmilləşir və eyni sözlər vergidən yayınma metodlarıma da aiddir. Konkret hərəkətin cinayət hüququ baxımından vergidən yayınma təşkil edib-etmədiyini müəyyənləşdirmək üçün daxili məhkəmələr digər hüquq sahələrində işlədilən hüquq konsepsiyalarından istifadə edə bilərdilər. Bu sahəyə aid qanunvericilik yeni situasiyaya uyğunlaşmaq üçün kifayət qədər çevik olmalıdır, bu şərtlə ki, onun müddəalarının doğura biləcəyi nəticələri öncədən görə bilmək mümkün olsun. Beləliklə, ərizəçilərin işinin kökündə duran "transfert qiymət formalaşdırma" sazişlərinə və saxta olduğu güman edilən əqdlərə birbaşa tətbiq edilən presedent praktikası cinayət hüququ sahəsində mövcud olmasa da, Rusiya qanunvericiliyində saxta əqdlər anlayışı vardı və məhkəmələr "məzmunun formadan üstün tutulmasına" dair qaydanı tətbiq etmək və Mülki Məcəlləyə və Vergi Məcəlləsinə uyğun olaraq əqdi saxta elan etmək səlahiyyətinə malik idilər. Məhkəmə xatırlatdı ki, bu sahədə milli məhkəmələrin qənaətlərini yenidən qiymətləndirmək onun vəzifəsinə aid deyil, bu şərtlə ki, həmin qənaətlər sübutların ağlabatan şəkildə qiymətləndirilməsinə əsaslanmış olsun. Hazırkı işdə ölkədaxili icraatda müəyyən nöqsanların olmasına baxmayaraq həmin icraat ədalət mühakiməsinin həyata keçirilməsindən açıq-aydın imtina kimi xarakterizə oluna bilməzdi.
Daha sonra Məhkəmə maddi hüquqi məsələlərlə bağlı milli məhkəmələrin qənaətlərinin əsassız və ya açıq-aydın məntiqsiz olub-olmadığını araşdırmağa keçdi.
i) Cinayət Məcəlləsinin 199-cu maddəsi əsasında irəli sürülən ittihamlar (güzəştli vergi zonalarında ticarət şirkətlərinin fəaliyyəti və "transfert qiymət formalaşdırma" metodu) – Vergilərin minimuma endirilməsinin qanuni metodlarının mövcud olduğunu etiraf etməklə yanaşı, Məhkəmə qeyd etdi ki, "Yukos"un tətbiq etdiyi sxem tam şəffaf deyildi və bu sxemdə şirkətlərin vergi güzəşti hüququnun müəyyənləşdirilməsi üçün həlledici əhəmiyyət daşıyan bəzi elementlər dövlət orqanlarından gizlədilmişdi. Məsələn, ərizəçilər ticarət şirkətləri ilə real əlaqələri barədə vergi orqanlarına heç vaxt məlumat verməmişdilər. Ticarət şirkətlərinə edilən güzəştlər dolayısı ilə "Yukos"un özünə qayıdırdı. Mənfəət gətirən bütün biznes fəaliyyətləri faktiki olaraq güzəştli vergi zonalarında deyil, Moskvada həyata keçirilirdi. Yalnız kağız üzərində mövcud olan ticarət şirkətlərinin real aktivləri və ya işçiləri yox idi. Güzəştli vergi zonalarında ticarət şirkətlərinin yaradılmasının yeganə məqsədi vergiləri minimuma endirmək idi. Bu cür davranış bilməyərəkdən səhvə yol verən vicdanlı vergi ödəyicisinin hərəkətləri ilə müqayisə oluna bilməzdi. Nəhayət, Məhkəmə üçün bunu təsəvvür etmək çətindir ki, "Yukos"un yüksək səviyyəli rəhbərləri və müştərək sahibləri olan ərizəçilər bu sxemdən və ya ticarət şirkətlərinin maliyyə hesabatlarının həmin şirkətlərin əməliyyatlarının real xarakterini əks etdirməməsindən xəbərsiz idilər. Beləliklə, ərizəçilərin hərəkətləri məntiqə əsasən vergi orqanlarına saxta məlumatların təqdim edilməsi kimi və beləliklə vergidən yayınma cinayətini təşkil edən əməl kimi şərh edilə bilərdi.
ii) Cinayət Məcəlləsinin 198-ci maddəsi əsasında irəli sürülən ittihamlar (fiziki şəxsin gəlir vergisindən yayınma) – Fiziki şəxsin gəlir vergisindən yayınmaya gəlincə, ərizəçilər iddia etdilər ki, xarici firmalara məsləhət xidmətləri göstərmişdilər və "fərdi sahibkar" qismində onlara şamil olunan vergi güzəştləri qanuni idi. Lakin daxili məhkəmələr bu qənaətə gəlmişdilər ki, bu cür xidmət müqavilələri üzrə ödəmələr faktiki olaraq ərizəçilərin "Yukos"dakı və onunla əlaqəli strukturlardakı işinə görə edilən ödənişlər idi və bir qayda olaraq bu ödəmələrə ümumi vergi rejimi şamil olunurdu, beləliklə, ərizəçilər fəaliyyətlərinin real xarakteri barədə vergi orqanlarına bilərəkdən yanlış məlumat vermişdilər. Bu qənaətlər məntiqsiz və ya əsassız deyildi.
c) Praktikada tətbiq edilmədiyi bildirilən cinayət hüquq normasının tətbiqi – Nəhayət, Məhkəmə ərizəçilərin bu arqumentini qəbul etmədi ki, vergilərin minimuma endirilməsinin analoji metodlarından istifadə edən digər biznesmenlərin dövlət orqanları tərəfindən məhkəmə təqibinə məruz qalmaması və (və ya) məhkum edilməməsi həmin metodları qanuni və cinayət məsuliyyətini istisna edəm metodlara çevirirdi. Baxmayaraq ki, cinayət qanunvericiliyi əsasında cəzalandırılmalı olan müəyyən hərəkətə uzun müddət dözümlülüklə yanaşılması müəyyən hallarda həmin hərəkətin faktiki olaraq cinayət qanunvericiliyindən çıxarılmasına (dekriminallaşdırılmasına) gətirib çıxara bilər, bu işdə belə hal mövcud deyil, ilk növbədə ona görə ki, bu cür dözümlü yanaşmanın səbəbləri aydın deyil. Ola bilsin ki, dövlət orqanları sadəcə olaraq bu cür sxemlərdən istifadə etdiklərinə görə ərizəçilərin və (və ya) digər biznesmenlərin barəsində cinayət təqibini həyata keçirmək üçün yetərli məlumatlara və ya resurslara malik deyildilər. Vergi orqanlarına təqdim edilən sənədlərin biznes əməliyyatlarının real xarakterini əks etdirmədiyini sübut etmək üçün iri miqyaslı cinayət istintaqının aparılması tələb olunurdu. Nəhayət, digər biznesmenlər tərəfindən istifadə edilən vergilərin minimuma endirilməsi sxemlərinin dəqiqliklə ərizəçilərin istifadə etdiyi sxemlər kimi təşkil edildiyinə dair sübut yox idi. Buna görə də, dövlət orqanlarının mövqeyinin bilərəkdən bu cür praktikaya dözümlü yanaşma mövqeyi olduğunu söyləmək olmazdı.
Bir sözlə, məhkəmələrin normayaradıcı fəaliyyəti və cinayət məsuliyyətinə dair normalara bu və ya digər hallarda məhkəmə şərhi vasitəsilə tədricən aydınlıq gətirilməsi Konvensiyanın 7-ci maddəsi ilə ziddiyyət təşkil etmir, bu şərtlə ki, ortaya qoyulan şərh hüquq pozuntusunun mahiyyətinə uyğun olsun və onun doğura biləcəyi nəticələri ağlabatan dərəcədə öncədən görmək mümkün olsun. Baxmayaraq ki, ərizəçilər vergidən yayınma anlayışının yeni şərhinin qurbanı sayıla bilərlər, bu şərh daxili qanunvericiliyin ağlabatan izahına əsaslanmışdı və hüquq pozuntusunun mahiyyətinə uyğun idi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Maddə 8: Ərizəçilər şikayət etdilər ki, evlərindən minlərlə kilometr məsafədə yerləşən islah koloniyalarına köçürülmələri ailələri ilə görüşmələrini mümkünsüz edib. Məhkəmə qəbul etdi ki, barəsində şikayət edilən situasiya ərizəçilərin şəxsi və ailə həyatına müdaxilə təşkil edib və razılaşdı ki, müdaxilə qanuni idi və iğtişaşın və cinayətin qarşısının alınmasından və digər şəxslərin hüquq və azadlıqlarının qorunmasından ibarət qanuni məqsədlər daşıyırdı.
Onun demokratik cəmiyyətdə zəruri olub-olmadığına gəlincə, Məhkəmə ilk növbədə qeyd etdi ki, Rusiyanın "Cinayət cəzalarının icrası məcəlləsi"ndə yer alan, həbsxanaların məhbuslarla dolu olduğu regionların ərazisində məhkumların bir neçə min kilometr məsafədə yerləşən regionlara deyil, ən yaxın regionlara göndərilməsini nəzərdə tutan normaya böyük ehtimalla ərizəçiləri işində riayət edilməyib. Moskva yaxınlığında yerləşən bir çox koloniyalarda ərizəçilər üçün boş yer olmadığını təsəvvür etmək çətindir. Məhbusların həbsxanalar üzrə bölgüsü bütünlüklə inzibati orqanların ixtiyarına buraxılmamalıdır və məhkumların ailələri ilə və cəmiyyətlə ən azı müəyyən əlaqələrini qoruyub saxlamaq maraqları hansısa formada nəzərə alınmalıdır. Məhkumların islah koloniyaları üzrə bölgüsünün aydın və öncədən proqnozlaşdırıla bilən metodunun olmadığı bir vəziyyətdə mövcud sistem dövlət orqanlarının əsassız müdaxiləsinə qarşı hüquqi müdafiə tədbirlərini təmin etmirdi və ərizəçilərin şəxsi və ailə həyatına hörmət hüququ ilə bir araya sığmayan nəticələrə gətirib çıxarmışdı.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
1 saylı Protokolun 1-ci maddəsi: Birinci ərizəçi şikayət etdi ki, korporativ vergiləri ödəməkdən yayınmağa görə məhkum edilməsindən sonra birinci instansiya məhkəməsi onun üzərinə ziyanı kompensasiya etmək vəzifəsi qoymuşdu və bu kompensasiyanın məbləği "Yukos"a qarşı irəli sürülmüş vergi ödənişi tələbinin məbləği ilə üst-üstə düşürdü. Avropa Məhkəməsi bu qənaətə gəldi ki, hər şeydən əvvəl birinci ərizəçinin müəyyən vergi borclarını ödəmək vəzifəsi onun mülkiyyət hüququna müdaxilə hesab edilə bilərdi ki, bu da 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən müdaxilə idi.
Lakin dövlətin korporativ vergi borcları üzrə eyni məbləği iki dəfə tutması barədə birinci ərizəçinin iddiasının Məhkəmə tərəfindən ayrıca araşdırılmasına ehtiyac yoxdur, çünki istənilən halda müdaxilənin qanuni əsası yox idi. Məhkəmə qəbul etdi ki, məhdud məsuliyyətli şirkət sadəcə olaraq onun sahibləri və idarəçiləri tərəfindən törədilən fırıldaqçılıq hərəkətlərini pərdələmək üçün vasitə kimi istifadə edilib və bu "bu korporativ pərdənin" götürülməsi şirkətin kreditorlarının, o cümlədən dövlətin hüquqlarını qorumaq üçün məqsədəuyğun həll yolu sayıla bilərdi. Lakin dövlətin bunu etməsinə imkan verən dəqiq normalar mövcud olmalıdır ki, müdaxilə əsassız sayılmasın. Nəzərdən keçirilən dövrdə nə Rusiyanın Vergi Məcəlləsi, nə də Mülki Məcəlləsi şirkətin vergi borclarının onun idarəçilərindən tutulmasına icazə vermirdi. Bundan başqa, daxili məhkəmələr ardıcıl olaraq müvafiq qanunvericilik müddəalarını şirkətin vergi borclarının şirkət rəhbərlərinin üzərinə qoyulmasına icazə verməyən müddəalar kimi şərh ediblər. Nəhayət, mülki iddia ilə bağlı birinci instansiya məhkəməsinin qərarında yer alan qənaətlər olduqca qısa idi və qərarda nə tətbiq edilə bilən daxili qanunvericilik normaları, nə də ziyanın hesablanmasının anlaşılan şəkildə izahı qeyd edilmişdi, sanki bu, əhəmiyyətsiz məsələ idi. Bir sözlə, nə qüvvədə olan qanunvericilik aktları, nə də presedent hüququ şirkətin ödənilməyən borclarına görə onun rəhbərlərinin mülki məsuliyyətə cəlb olunmasına icazə vermirdi. Beləliklə, dövlətin xeyrinə ziyanın kompensasiyasının təyin edilməsi əsassız idi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 18 (iddia edildiyinə görə cinayət təqibinin siyasi motivlərdən qaynaqlanması): Məhkəmə xatırlatdı ki, Konvensiyanın bütün strukturu belə bir ümumi ehtimala əsaslanır ki, üzv dövlətdəki hakimiyyət orqanları vicdanla hərəkət edirlər. Baxmayaraq ki, bu ehtimal nəzəri cəhətdən təkzib oluna bilər, praktikada onu təkzib etmək çətindir, belə ki, hüquqa zidd səbəbə görə hüquq və azadlıqlarının məhdudlaşdırıldığını iddia edən ərizəçi inandırıcı şəkildə sübut etməlidir ki, dövlət orqanlarının həqiqi məqsədi bəyan etdikləri məqsəd deyil. Beləliklə, Məhkəmə tərəfindən bu cür iddialara münasibətdə olduqca ciddi sübutetmə standartı tətbiq edilir.
Ərizəçinin işində ərizəçinin dəlilləri bu standarta cavab vermir. Baxmayaraq ki, işin halları hüquqa zidd motivlər barədə ərizəçilərin iddiasını təsdiqləyən hallar kimi yozula bilərdi, belə motivlərin olduğunu göstərən birbaşa sübut yox idi. Məhkəmə bununla razılaşmağa hazırdır ki, ərizəçilərin təqib olunması üçün bəzi siyasi qrupların və ya hökumət rəsmilərinin öz əsasları vardı. Amma bu, belə qənaətə gəlmək üçün yetərli deyil ki, əks halda ərizəçilər məhkum olunmayacaqdılar. Nəticə etibarı ilə onlara qarşı irəli sürülmüş ittihamların heç birinin onların siyasi fəaliyyətləri ilə azacıq da olsa əlaqəsi yox idi. Hazırkı işdə "hüquqa zidd motivlərin" elementləri vardısa da onların mövcudluğu ərizəçilər barəsindəki məhkəmə təqibinin əvvəldən axıra qədər qanunsuz olması demək deyildi: bu fakt dəyişməz qalırdı ki, ərizəçilərə qarşı irəli sürülmüş vergidən yayınma və dələduzluq kimi ümumi cinayətlərlə bağlı ittihamlar ciddi idi, onlara qarşı qaldırılmış işin "həqiqi əsası" vardı, hətta onlara qarşı məhkəmə təqibinin arxasındakı niyyətlərdə müəyyən qərəzlilik olsaydı belə, bu onları irəli sürülmüş ittihamlara cavab vermək vəzifəsindən azad etmirdi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Maddə 34: Birinci ərizəçi daha sonra şikayət etdi ki, Avropa Məhkəməsinə şikayət etməsinin qarşısını almaq üçün dövlət orqanları onun vəkillərini təhdid ediblər.
Məhkəmənin rəyinə görə, birinci ərizəçinin Konvensiyanın 18-ci maddəsi üzrə iddiaları ilə 34-cü maddəsi üzrə iddiaları arasında əhəmiyyətli fərq var. Söhbət onun barəsindəki cinayət təqibindən və məhkəmə araşdırmasından gedirsə, birinci ərizəçini məhkəməyə cəlb etməkdə və məhkum etməkdə dövlət orqanlarının məqsədləri açıq-aydın idi və əlavə izahat tələb etmirdi. Onların vəkillərinə qarşı yönələn intizam tədbirlərinin və digər tədbirlərin məqsədi isə, əksinə, qətiyyən aydın deyildi. Məhkəmə xüsusi olaraq Hökumətə təklif etmişdi ki, vəkil statusundan məhrumetmə üzrə icraatın, növbədənkənar vergi yoxlamasının və birinci ərizəçinin xarici vəkillərinə viza verməkdən imtinanın səbəblərini izah etsin, amma Hökumət heç bir fikir bildirməmişdi. Belə olan halda belə güman etmək təbiidir ki, birinci ərizəçinin vəkillərinə qarşı yönələn tədbirlər onun Avropa Məhkəməsindəki işi ilə əlaqədar idi. Bir sözlə, barəsində şikayət edilən tədbirlərin yeganə olmasa da hər halda başlıca məqsədi birinci ərizəçinin Avropa Məhkəməsindəki işi üzərində çalışan vəkilləri qorxutmaq idi. Bu tədbirlərin onun öz müdafiəsini hazırlamasına və həyata keçirməsinə nə dərəcədə təsir göstərdiyini qiymətləndirmək çətin olsa da, hər halda onları nəzərə almamaq da olmaz.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Məhkəmə həmçinin yekdilliklə müəyyən etdi ki, məhkəmə araşdırması zamanı ikinci ərizəçinin metal qəfəsdə saxlanması ilə əlaqədar olaraq Konvensiyanın 3-cü maddəsi pozulub, onun istintaq təcridxanasında saxlanma şəraitinə gəlincə, bu məsələdə həmin maddə pozulmayıb; ikinci ərizəçinin uzun müddət məhkəməyəqədər həbsdə saxlanması ilə əlaqədar olaraq Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulub və həmçinin onun həbsdə saxlanması məsələsinə yenidən baxılmasının yubadılması ilə əlaqədar olaraq 5-ci maddənin 4-cü bəndi pozulub.
Maddə 41: mənəvi ziyana görə birinci ərizəçiyə 10.000 avro təyin edildi; ikinci ərizəçinin maddi ziyanla bağlı tələbləri isə bütünlüklə rədd edildi.
(Həmçinin bax: Xodorkovski Rusiyaya qarşı, ərizə № 5829/04, 31 may 2011-ci il, 141 saylı məlumat bülleteni; və "Yukos Neft Şirkəti ASC" Rusiyaya qarşı, ərizə № 14902/04, 20 sentyabr 2011-ci il, 144 saylı məlumat bülleteni)
Full & Egal Universal Law Academy