Xodorkovski (Khodorkovskiy) Rusiyaya qarşı – ərizə № 5829/04
31.5.2011 tarixli qərar [I Bölmə]
Maddə 5
5-ci maddənin 1(b) bəndi
Qanunla nəzərdə tutulmuş öhdəliyin icra olunmasını təmin etmək
Həbsin zahiri məqsədinin həqiqi məqsədindən fərqlənməsi: pozuntu baş verib
Maddə 18
Hüquqa zidd məqsədlər üçün tətbiq edilən məhdudiyyətlər
Ərizəçi barəsində siyasi və iqtisadi motivlərdən qaynaqlandığı iddia edilən cinayət işinin qaldırılması: pozuntu baş verməyib
Maddə 46
46-cı maddənin 2-ci bəndi
Məhkəmə qərarının icrası
Fərdi tədbirlər
Gələcəkdə analoji pozuntuların qarşısını almaq məqsədi ilə fərdi tədbirlərin görülməsi üçün verilmiş vəsatət: heç bir fərdi tədbir barəsində göstəriş verilmədi
Faktlar – Ərizəçi "Yukos" neft şirkətinin idarə heyətinin üzvü, əsas səhmdarı və Rusiyanın ən varlı adamlarından biri idi. O həmçinin siyasi fəaliyyətlə də məşğul olurdu, belə ki, müxalif partiyalara dəstək üçün xeyli vəsait ayıracağını elan etmişdi. 2003-cü ildə "Yukos" rəhbərliyinin müəyyən üzvləri "Apatit" adlı digər bir şirkətin özəlləşdirilməsi ilə əlaqədar olaraq həbs edildilər. 2003-cü ilin iyulunda ərizəçi həmin işdə şahid kimi dindirildi. 2003-cü ilin oktyabrında ərizəçi Rusiyanın qərbində işgüzar səfərdə olduğu zaman müstəntiq ona ertəsi gün günorta Moskvada şahid qismində ifadə verməsi üçün çağırış vərəqəsi göndərdi. Ərizəçinin işçiləri müstəntiqə məlumat verdilər ki, ərizəçi çağırışa gələ bilməz, çünki başqa bir yerdə işgüzar səfərdədir və bir neçə gün geri qayıtmayacaq, amma baş müstəntiq onun dindirmədə məcburi qaydada iştirakı barədə qərar çıxardı. Ertəsi gün hüquq-mühafizə orqanlarının bir qrup silahlı əməkdaşları Novosibirskdə ərizəçinin uçuş-eniş zonasındakı təyyarəsinə yaxınlaşdılar, onu yaxaladılar və onunla birlikdə Moskvaya uçdular, orada isə müstəntiq onu şahid qismində dindirdi. Bundan dərhal sonra ərizəçiyə məlumat verildi ki, o, "Apatit"in özəlləşdirilməsi ilə bağlı bir sıra iqtisadi cinayətlərdə ittiham olunur. 2005-ci ildə o məhkum olundu və səkkiz il müddətinə azadlıqdan məhrum edildi.
Hüquqi məsələlər – Maddə 3: Məhkəmə iclasları zamanı metal qəfəsə salınması ilə bağlı ərizəçinin şikayətinə cavab olaraq Məhkəmə qeyd etdi ki, cinayət işi üzrə müttəhimin məhkəmə zalında "təcrid olunmuş xüsusi yerdə" yerləşdirilməsi praktikası bir neçə Avropa ölkəsində mövcuddur. Lakin ərizəçi zorakı xarakter daşımayan cinayətlərdə təqsirləndirilirdi, əvvəllər məhkumluğu olmamışdı və zorakılığa meylli olduğunu göstərən heç bir sübut yox idi. Onun barəsindəki məhkəmə araşdırması, demək olar ki, bütün əsas milli və beynəlxalq kütləvi informasiya vasitələrində işıqlandırılmışdı və beləliklə, o, daim ictimaiyyətə bu cür qurğunun içərisində göstərilmişdi. Bu cür təhlükəsizlik tədbirləri, əgər onların məcmu halında təsirlərini nəzərə alsaq, ərizəçinin işində həddi aşan dərəcədə idi və ərizəçi və ictimaiyyət tərəfindən əsaslı olaraq alçaldıcı şərait kimi qəbul edilə bilərdi (Həmçinin bax: Aşot Harutyunyan Ermənistana qarşı, ərizə № 34334/04, 15 iyun 2010-cu il, 131 saylı məlumat bülleteni).
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Məhkəmə həmçinin ərizəçinin məhkəmə araşdırması davam etdiyi müddətdə saxlanıldığı müəssisələrdən birində saxlanma şəraiti ilə bağlı 3-cü maddənin pozulduğunu müəyyən etdi.
5-ci maddənin 1(b) bəndi: Ərizəçinin saxlanmasının daxili qanunvericilikdə əsası vardı, belə ki, qanunvericilik üzrlü səbəb olmadan dindirməyə gəlməyən şahidin saxlanmasına icazə verirdi. Lakin hər hansı azadlıqdan məhrumetmə tədbiri zamanı fərdlərin özbaşınalıqdan müdafiəsi təmin edilməlidir və həmin tədbir yalnız o halda məqbul sayıla bilər ki, qanunla nəzərdə tutulmuş öhdəliyin icrasına alternativ vasitələrlə nail olmaq mümkün olmasın. Baxmayaraq ki, formal olaraq ərizəçi dindirməyə gəlməmiş və dövlət qarşısındakı öhdəliyini icra etməmişdi, Məhkəmə bu halın onun ertəsi gün səhər zorla Moskvaya gətirilməsi üçün yetərli əsas təşkil etdiyini və onun gətirilməsi üçün seçilmiş üsulu qəbul edə bilməz. Hər şeydən əvvəl o aydın deyil ki, nəyə görə müstəntiq ərizəçinin üç gün sonra Moskvaya qayıtmasını gözləyə bilməzdi, axı araşdırma artıq bir neçə ay idi ki, davam edirdi və ərizəçinin əvvəlki davranışları geri qayıtdıqdan sonra dindirmədən yayınacağı ilə bağlı hər hansı haqlı qorxu üçün əsas vermirdi. Bundan başqa, ərizəçi adi şahid kimi tutulmaqdan daha çox, təhlükəli cinayətkar kimi tutulmuş və onun dindirilməsindən dərhal sonra müstəntiq onun həbsə alınması barədə doqquz səhifəlik vəsatət vermişdi. Hadisələrin bu ardıcıllığı belə düşünməyə əsas verirdi ki, müstəntiq əslində hadisələrin bu cür gedişatına hazır idi və ərizəçini sadəcə şahid qismində dindirmək deyil, ittiham etmək istəyirdi. Həbsin zahiri məqsədi həqiqi məqsədindən fərqləndiyi halda onun qanunsuz olduğunu nəzərə alsaq, ərizəçinin Novosibirskdə tutulması 5-ci maddənin 1(b) bəndinə zidd idi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
5-ci maddənin 1(c) bəndi: Ərizəçi şikayət etdi ki, həbs qətimkan tədbiri barədə qərarların qəbul edildiyi məhkəmə iclasları açıq keçirilməyib və qərarlar lazımi qaydada əsaslandırılmayıb. Şikayətin birinci hissəsinə gəlincə, Konvensiya məhkəməyəqədər həbsin qanuniliyinin araşdırıldığı məhkəmə iclaslarının açıq keçirilməsini aydın şəkildə tələb etməsə də, daxili qanunvericilikdə bu cür tələb var idi. Lakin ölkədaxili rəsmiyyətlərə riayət edilmədiyi hər bir hal heç də avtomatik olaraq Konvensiyanın pozuntusuna səbəb olmur. Hətta ölkədaxili məhkəmələr daxili qanunvericiliyin şərhində səhvə yol versələr belə və barəsində şikayət edilən məhkəmə icraatını əsaslı səbəb olmadan qapalı keçirsələr belə, bu, həmin prosesin etibarsız sayılmasına əsas verən kobud və ya aşkar pozuntu hesab edilə bilməz. Şikayətin ikinci hissəsinə gəlincə, həbs qərarlarında eyni əsaslar yer almışdı və onlar əsassız qərarlar kimi xarakterizə oluna bilməzdi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
5-ci maddənin 3-cü bəndi: Ərizəçiyə qarşı ilk həbs qərarında daxili məhkəmələr üç konkret təhlükəyə istinad etmişdilər: ədalət mühakiməsindən yayınma, istintaqın gedişinə müdaxilə etmə və ya cinayət fəaliyyətini davam etdirmə təhlükəsi. Hətta bunların bəziləri sırf ehtimal xarakterli olsa belə, ərizəçinin ölkədə ən varlı adamlardan biti olması və siyasi nüfuza malik olması faktı nəzərə alınmaya bilməzdi. Lakin daxili məhkəmələrin gətirdiyi əsaslar ərizəçinin həbsdə saxlanmasının müəyyən dövrünə haqq qazandırmaq üçün yetərli olsa belə, Məhkəmə əmin deyil ki, onlar həbs müddətinin bütün dövrlərinə haqq qazandırmaq üçün yetərli idi. Əvvəla, həbs müddətini uzatmış sonrakı iki qərarda birinci qərardakılarla eyni əsaslar göstərilmişdi, hərçənd ki, ərizəçinin fərdi situasiyası dəyişmişdi və onun "Yukos" qrupu daxilindəki idarəçilik funksiyalarını həyata keçirməsinə xitam verilmişdi və o, yol sənədlərini müstəntiqə təhvil vermişdi. Həbs müddətini uzatmış 20 may 2004-cü tarixli qərar və həmin qərarı təsdiq etmiş sonrakı qərar ərizəçinin həbsdə saxlanmasının davam etdirilməsi üçün hər hansı əsaslarla təsdiqlənmirdi. Buna görə də ərizəçinin həbs müddətini uzatmış bu qərarlar əsassız idi. Lakin daxili məhkəmələr vəkil-müştəri əlaqələrinin konfidensiallığı pozulmaqla əldə edilmiş materiallara əsaslanmış və daha az dərəcədə müdaxilə xarakteri daşıyan alternativ variantları ciddi şəkildə nəzərdən keçirməmişdilər.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 18: Konvensiyanın bütün strukturu belə bir ümumi ehtimala əsaslanır ki, üzv dövlətdəki hakimiyyət orqanları vicdanla hərəkət edirlər. Baxmayaraq ki, hər hansı dövlət siyasətinin və ya fərdi tədbirin arxasında "gizli niyyət" ola və vicdanla hərəkət ehtimalı təkzib oluna bilər, hüquqa zidd səbəbə görə hüquq və azadlıqlarının məhdudlaşdırıldığını iddia edən ərizəçi inandırıcı şəkildə sübut etməlidir ki, dövlət orqanlarının həqiqi məqsədi bəyan etdikləri məqsəd deyil (yaxud məntiqə görə kontekstdən bu cür qənaətə gəlmək olar). Dövlət orqanlarının hakimiyyət səlahiyyətlərindən Konvensiyada müəyyən edilən məqsədlərdən savayı başqa məqsədlər üçün istifadə etmələrinə dair adi şübhə 18-ci maddənin pozulduğunu sübut etmək üçün yetərli deyil və belə hallarda olduqca ciddi sübutetmə standartı tətbiq edilir. Ərizəçinin işində ərizəçinin dəlilləri bu standarta cavab vermir.
Bununla əlaqədar olaraq Məhkəmə qeyd etdi ki, varlı, nüfuzlu və potensial olaraq ciddi siyasi rəqib olan ərizəçinin yerində olan hər kəs həbsində "hüquqa zidd motivlər" olduğunu iddia edə bilərdi. Lakin şübhəli şəxsin siyasi opponentlərinin və biznesdəki rəqiblərinin onun həbsindən birbaşa və ya dolayısı yararlanmasının mümkünlüyü ona qarşı ciddi ittihamlar olduğu təqdirdə hakimiyyət orqanlarının onun barəsində məhkəmə təqibini həyata keçirmələrinə mane olmamalı idi. Başqa sözlə, yüksək siyasi status şəxs üçün immuniteti təmin etmir. Öz növbəsində Məhkəmə əmindir ki, ərizəçiyə qarşı ittihamlar Konvensiyanın 5-ci maddəsinin 1(c) bəndində nəzərdə tutulan mənada "əsaslı şübhəyə" əsaslanırdı. Dövlət orqanlarının həqiqi niyyəti ilə bağlı şübhənin mövcud olmasının avropanın bir neçə milli məhkəməsinin "Yukos"la əlaqəli məhkəmə proseslərində Rusiyanın hakimiyyət orqanlarının əleyhinə qərar çıxarmalarına səbəb olması faktı Avropa Məhkəməsinin bu qənaətə gəlməsi üçün yetərli deyil ki, bütövlükdə cavabdeh dövlətin hüquq mexanizmi lap əvvəldən sui-istifadə aləti idi, hakimiyyət orqanları əvvəldən axıra qədər qərəzli niyyətlə hərəkət etmiş və Konvensiyaya kobudcasına etinasız yanaşmışdılar. Bu, çox ciddi iddia olaraq təkzibolunmaz və birbaşa sübut tələb edirdi, ərizəçinin işində isə belə bir sübut yox idi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Maddə 46: Ərizəçi fərdi tədbirlər barəsində, məsələn, sonrakı məhkəmə iclaslarında onun dəmir qəfəsdə saxlanılmaması və beynəlxalq müşahidəçilərin həbsxanada ona baş çəkmələrinə və saxlanma şəraitini araşdırmalarına icazə verilməsi barədə Hökumətə göstərişlərin verilməsi üçün vəsatət verdi. Lakin bu vəsatət müstəsna hallarda 46-cı maddədə nəzərdə tutulan xüsusi tədbirlərin tətbiqi barədə qərarın çıxarıla biləcəyi situasiyaların heç birinə (məsələn, sistem xarakterli problemə son qoyulması, davam edən müəyyən situasiyaya son qoyulması, pozuntunun xarakteri ucbatından real seçim imkanı olmadıqda tələb olunan hüquqi müdafiə vasitəsinin göstərilməsi) aid deyildi. Ərizəçi vəsatətində Məhkəmədən xahiş etməmişdi ki, Hökumətə əvvəlki pozuntuları necə düzəltməli olduğunu göstərsin, bunun əvəzinə Məhkəmədən xahiş etmişdi ki, gələcəkdə mümkün ola bilən analoji pozuntuların qarşısını alsın. Lakin Məhkəmənin əsas funksiyası gələcək barədə ehtimallar yürütmək deyil, faktları araşdırmaqdır (xüsusən də həmin ehtimallar çoxsaylı amillərdən asılıdırsa və buna görə də nəzəri xarakter daşıyırsa). Müvafiq olaraq, ərizəçinin işində ədalətli kompensasiyanın ödənilməsindən savayı hər hansı xüsusi tədbir barəsində göstəriş verməyə ehtiyac yoxdur; digər tədbirlərin müəyyənləşdirilməsi Avropa Şurasının Nazirlər Komitəsinin səlahiyyətindədir.
Məhkəmə həmçinin ərizəçinin həbsinin qanuniliyinin yoxlanılması və bu yoxlamanın operativ şəkildə aparılması məsələsində çoxsaylı prosessual pozuntuların baş verməsi ilə əlaqədar olaraq Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin pozulduğunu müəyyən etdi.
Maddə 41: mənəvi ziyana görə 10.000 avro təyin edildi.
Full & Egal Universal Law Academy