XUDOBİN (KHUDOBIN) RUSİYAYA QARŞI İŞ
(Ərizə Nº 59696/00)
MƏHKƏMƏ QƏRARI
Strasburq
26 oktyabr 2006-cı il
Xudobin Rusiyaya qarşı məhkəmə işində Avropa İnsan Hüquqları Məhkəməsi (Üçüncü Seksiya),
hakimlər:
Cənab B.M.Zupançiç (B.M.Zupanćić), Sədr,
Cənab C.Hediqan (J.Hedigan),
Cənab K.Birsan (C.Bîrsan),
Cənab A.Kovler (A.Kovler),
Cənab V.Zaqrebelski (V.Zagrebelsky),
Xanım A.Gülümyan (A.Gyulumyan),
Cənab David Tor Byörqvinsson (David Thór Björgvinsson)
və Seksiyanın katibi Cənab V.Bergerdən (V.Berger) ibarət tərkibdə Palatada iclas keçirərək,
6 iyul və 5 oktyabr 2006-cı ildə qapalı müşavirə keçirərək,
yuxarıda göstərilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Rusiya vətəndaşı Cənab Viktor Vasilyeviç Xudobin (“ərizəçi”) tərəfindən 29 oktyabr 1999-cu ildə Məhkəməyə təqdim edilmiş Rusiya Federasiyasına qarşı ərizə (Nº 59696/00) əsasında başlanmışdır.
2. Ərizəçini Moskvada vəkillik fəaliyyəti ilə məşğul olan Xanım K.Kostromina təmsil etmişdir. Rusiya Hökumətini (“Hökumət”) Avropa İnsan Hüquqları Məhkəməsində Rusiya Federasiyasının nümayəndəsi Cənab P.Laptev təmsil etmişdir.
3. Ərizəçi konkret olaraq iddia etmişdir ki, o, istintaq müddətində həbsxanada adekvat tibbi yardım almayıb; onun həbsdə saxlanma şəraiti qeyri-insani və ləyaqəti alçaldan olub; məhkəməyə qədər həbsdə saxlandığı müddət ağlabatan müddət həddini aşıb; azadlığa buraxılmaq barədə müraciətlərinə əhəmiyyətli yubanmalarla baxılıb və ya heç baxılmayıb; və nəhayət, onun məhkum olunması bütünlüklə polisin təhrikçiliyi nəticəsində əldə edilmiş sübutlara əsaslanıb.
4. Ərizə Məhkəmənin Üçüncü Seksiyasının icraatına verilmişdir (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). 26-cı Qaydanın 1-ci bəndinə uyğun olaraq həmin Seksiyanın tərkibində işə baxacaq Palata təşkil edilmişdir (Konvensiyanın 27-ci maddəsinin 1-ci bəndi).
5. 3 mart 2005-ci il tarixli qərarı ilə Məhkəmə ərizəni qismən qəbul olunan elan etmişdir.
6. Ərizəçi və Hökumət işin mahiyyəti üzrə yazılı izahatlarını təqdim etmişlər (59-cu Qaydanın 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
7. Ərizəçi 1979-cu ildə Moskvada anadan olmuşdur və orada yaşayır.
A. Ərizəçinin həbsinə səbəb olmuş hallar
8. 29 oktyabr 1998-ci ildə məxfi polis agenti xanım T. ərizəçiyə zəng vurdu və dedi ki, bir doza heroin almaq istəyir. Ərizəçi onun üçün heroin almağa razılıq verdi və Cənab M.-in müşayiəti ilə küçədə Xanım T. ilə görüşdü. Xanım T. polis əməkdaşları S. və R. tərəfindən ona verilmiş və xüsusi maddə ilə nişanlanmış (onu yalnız ultra-bənövşəyi işıqda görmək olurdu) pul əskinaslarını ərizəçiyə verdi. Ərizəçi pulu götürdü və digər bir şəxsin – Cənab G.-nin evinə getdi. Sonuncu ərizəçiyə içərisində 0,005 qram heroin olan kiçik bağlama (paket) verdi. Ərizəçi şərti alıcı ilə görüş yerinə qayıdarkən küçədə onu gözləyən polis əməkdaşları tərəfindən yaxalandı.
9. Ərizəçi yerli polis məntəqəsinə gətirildi, orada onun barmaqları ultrabənövşəyi şüanın altında yoxlanıldı: onun barmaqlarında əskinasları nişanlamaq üçün polislər tərəfindən istifadə olunmuş maddənin izləri vardı. Xanım T. iki hal şahidinin yanında bağlamanı polis əməkdaşlarına verərək izah etdi ki, onu ərizəçidən almışdır. Bağlama möhürləndi, hal şahidləri tərəfindən imzalandı və məhkəmə ekspertizasına göndərildi. Ərizəçi bütün gecəni polis məntəqəsindəki həbsxanada qaldı.
B. Ərizəçinin istintaqa və məhkəməyə qədər həbsdə saxlanması
10. 30 oktyabr 1998-ci ildə cinayət işi açıldı və ərizəçi narkotik maddələrin alverində ittiham olundu. Elə həmin gün Moskvanın Şimal-Şərq rayonunun prokuroru ərizəçinin tutulmasının hallarına, ona qarşı ittihamların ağırlığına və onun qaçıb gizlənmə riskinə istinad edərək həbs qətimkan tədbiri barədə qərar çıxardı. Ərizəçi Moskvadakı 48/1 saylı ibtidai həbs yerinə göndərildi.
11. Bu arada ibtidai istintaq başa çatdı və 24 dekabr 1998-ci ildə işin materialları ittihamnamə ilə birlikdə Moskvanın Butırski rayon məhkəməsinə məhkəmə araşdırması üçün göndərildi. 29 dekabr 1998-ci ildə Preobrajenski rayon məhkəməsinə verilmiş azad edilmək barədə vəsatət Butırski rayon məhkəməsinə göndərildi və belə əsas gətirildi ki, ittihamnamə bu məhkəməyə göndərilib və buna görə də ərizəçinin işinin bütün aspektlərinə bu məhkəmə baxmalıdır. Ərizəçinin vəkili bu qərardan şikayət verdi, lakin 3 fevral 1999-cu ildə Moskva şəhər məhkəməsi şikayəti rədd etdi.
12. 13 yanvar 1999-cu ildə hazırlıq iclasında məhkəmə qərara aldı ki, ərizəçi məhkəməyə qədər ibtidai həbsdə qalmalıdır, amma bu qərarı heç nə ilə əsaslandırmadı.
13. 18 fevral 1999-cu ildə ərizəçinin atası ərizəçinin azad olunması üçün məhkəməyə yeni vəsatət verərək iddia etdi ki, ərizəçinin səhhətinin pis vəziyyətdə olması, xüsusən ibtidai həbs mərkəzində göstərilən tibbi yardımın səviyyəsi baxımından, onun həbsdə saxlanma şəraitinə uyğun deyil.
14. 17 mart 1999-cu ildə məhkəmə ərizəçinin məhkəməyəqədərki həbs müddətini artırdı. Bu qərar üçün heç bir əsas gətirilmədi.
15. 21 aprel 1999-cu ildə ərizəçinin atası ərizəçinin azad olunması üçün rayon məhkəməyə yeni vəsatət verərək yenidən oğlunun sağlamlıq problemlərinə istinad etdi. Ərizəçinin iddia etdiyinə görə, müdafiə tərəfi bu müraciəti 26 və 27 iyul 1999-cu il tarixlərində təkrarən etdi. Hökumət iddia etdi ki, 27 iyul 1999-cu il tarixli vəsatəti məhkəmə yalnız 2 avqust 1999-cu ildə alıb.
16. 27 iyul 1999-cu ildə məhkəmə qərara aldı ki, ərizəçinin ruhi sağlamlığının təkrar müayinəsinə ehtiyac var. O, işi təxirə saldı və eyni zamanda qərara aldı ki, ərizəçi həbsdə qalmalıdır. Bu qərar üçün heç bir əsas gətirilmədi.
17. 30 iyul 1999-cu ildə ərizəçinin vəkili birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verdi. O, birinci instansiya məhkəməsinin işin təxirə salınması və ərizəçinin ruhi sağlamlığının təkrar müayinəsi barədə qərarına etiraz etdi, həmin qərar ərizəçinin ağır həbsxana şəraitində saxlanma müddətinin uzanması ilə nəticələnmişdi. O, məhkəmədən aşağıdakıları xahiş etdi:
“Cinayət Prosessual Məcəlləsinin 331-ci maddəsinə əsasən mən Moskva şəhər məhkəməsindən xahiş edirəm ki, Butırski rayon məhkəməsinin V.V.Xudobinə qarşı işin təxirə salınması, ərizəçinin əlavə psixiatriya müayinəsinin təyin olunması və onun azad olunmaq barədə vəsatətinin rədd edilməsi ilə bağlı qərarını ləğv etsin”.
Şikayət Moskva şəhər məhkəməsinə ünvanlanmışdı və daxili qanunvericiliyin tələb etdiyi kimi, birinci instansiya məhkəməsinin dəftərxanası vasitəsilə göndərilməli idi. Dəftərxana şikayəti 4 avqust 1999-cu ildə almışdı. Amma belə görünür ki, o, baxılmaq üçün apellyasiya məhkəməsinə heç vaxt göndərilməmişdi.
18. 17 avqust 1999-cu ildə ərizəçinin nümayəndələri analoji şikayət verdilər, ertəsi gün dəftərxana onu aldı. 1 sentyabr 1999-cu ildə ərizəçinin vəkili birinci instansiya məhkəməsinə məktub göndərərək orada 30 iyul 1999-cu il tarixli apellyasiya şikayətinin taleyi barədə izahat istədi. O, bu məktuba heç bir cavab almadı.
19. 15 sentyabr 1999-cu ildə ərizəçinin valideynləri ərizəçinin həbsdə saxlanmaqda davam etməsi ilə bağlı Moskva şəhər məhkəməsi sədrinin müavininə və Rusiya Federasiyasının Ali Məhkəməsinə şikayət etdilər. İşin materialları arasında bu şikayətlərə heç bir cavab yoxdur.
20. 17 sentyabr 1999-cu ildə ərizəçinin nümayəndəsi birinci instansiya məhkəməsindən ərizəçinin azad olunmasını xahiş etdi. Müdafiə tərəfi yenidən ərizəçinin sağlamlıq durumunun ağır olduğuna, xüsusən son üç ayda ərizəçinin düçar olduğu mütəmadi pnevmoniya xəstəliyinə istinad etdi.
21. Ərizəçi 11 noyabr 1999-cu ilədək həbsdə saxlanıldı, həmin tarixdə məhkəmə cinayət işinin icraatına xitam verdi (aşağıya bax) və onu azad etdi.
C. Həbsdə olduğu müddətdə ərizəçinin sağlamlıq problemləri
22. 1995-1997-ci illərdən ərizəçi bir çox xroniki xəstəliklərdən, məsələn, epilepsiya, pankreatit, xroniki B və C hepatitindən, habelə müxtəlif ruhi çatışmazlıqlardan əziyyət çəkirdi. 1995-ci ildə ərizəçini müayinə etmiş həkimlər onun ambulator psixiatriya nəzarəti altında olmasını və qıcolma hallarına qarşı müalicə olunmasını tövsiyə etmişdilər. Görünür, 1998-ci ilin oktyabrında həbsə alındığı ana qədər ərizəçinin narkotik maddələrdən istifadə ilə, o, cümlədən heroini damara vurma ilə bağlı müəyyən xəstəlik tarixçəsi vardı.
23. 30 oktyabr 1998-ci ildə həbsdə saxlanma mərkəzinə göndərildikdən dərhal sonra ərizəçi hərtərəfli tibbi müayinədən, o cümlədən HIV testindən, narkomaniya testindən və psixiatriya müayinəsindən keçirildi. Narkomaniya testi aşkara çıxardı ki, ərizəçinin bədəni morfinlə zəhərlənib. Psixiatrlar şurası əvvəlki diaqnozları təsdiq etsə də hesab etdi ki, o, iddia edilən cinayətlərə görə məsuliyyət daşımaq iqtidarındadır. 10 noyabr 1998-ci ildə ərizəçinin qan testinin ilk nəticələri alındı. Məhkəmə ekspertizası laboratoriyasının rəyinə əsasən, ərizəçinin HIV testi müsbət çıxdı.
24. 30 noyabr 1998-ci ildə psixiatr ərizəçini yenidən müayinədən keçirdi və müəyyən etdi ki, o, cinayətə görə məsuliyyət daşımaq iqtidarındadır. 1998-ci ilin dekabrında tarixi müəyyən olunmayan gündə ibtidai həbs yerinin müdiriyyəti ərizəçinin həbsindən əvvəlki dövrlə bağlı tibbi sənədlərini aldı, orada müalicənin zəruriliyi qeyd olunmuşdu. Ərizəçi üçün xüsusən qıcolmalara qarşı (finlepsin, konvuleks) və hepatitə qarşı (riboksin, parsil) vasitələr tövsiyə olunmuşdu.
25. 23 dekabr 1998-ci ildə ərizəçi yeni tibbi müayinədən keçdi, bu müayinə əvvəlki diaqnozları təsdiq etdi və qeyd edildi ki, ərizəçi “məhkəmə araşdırmasında və istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır”.
26. Həbsdə olduğu müddətdə ərizəçi kəskin pnevmoniyadan, epilepsiya tutmalarından, bronxitdən, hepatitdən, pankreatitdən və digər ciddi xəstəliklərdən əziyyət çəkirdi. Xəstəliyi ucbatından ərizəçi dəfələrlə həbsdə saxlanma yerinin xəstəxanasının infeksion xəstələr bölməsinə yerləşdirilmişdi. Həbsdə saxlanma yerinin müdiriyyətinin verdiyi məlumata görə, ərizəçi 1998-ci il dekabrın 24-dən 1999-cu il martın 22-dək, 1999-cu il aprelin 20-dən mayın 18-dək, 1999-cu il iyulun 19-dan avqustun 12-dək və 1999-cu il sentyabrın 17-dən 28-dək həbsdə saxlanma yerinin xəstəxanasında qalmışdı.
27. Müdafiə tərəfi ərizəçinin ciddi sağlamlıq problemləri barədə dəfələrlə məhkəməyə, həbsdə saxlanma yerinin müdiriyyətinə və digər dövlət orqanlarına məlumat vermişdi. Belə ki, 18 yanvar 1999-cu ildə müdafiə tərəfi ərizəçinin hərtərəfli müayinə olunmasını xahiş etmişdi. 22 yanvar 1999-cu ildə ərizəçinin atası həbsdə saxlanma yerinin müdiriyyətindən xahiş etmişdi ki, müdafiə tərəfinin dəvət edəcəyi müstəqil həkim tərəfindən ərizəçinin yenidən müayinə olunması barədə sərəncam versin. Lakin həbsdə saxlanma yerinin müdiriyyəti bu xahişi rədd etdi.
28. Məhkəmə araşdırması müddətində ərizəçinin ruhi sağlamlığı üç dəfə müayinədən keçirilmişdi. 15 iyun 1999-cu ildə həkimlər bu qənaətə gəldilər ki, ərizəçi təqsirləndirildiyi cinayət hərəkətlərini törədərkən hüquqi cəhətdən anlaqsız olmuşdur. Rəydə deyilirdi ki, ərizəçi “epilepsiya formasında xroniki ruhi xəstəlikdən, polimorfin tutmalarından və bu kimi ruhi xəstəliklərdən əziyyət çəkir və narkotik maddələrdən istifadəyə meylli olmaqla açıq-aydın əqli qüsurları var”. 19 oktyabr 1999-cu il tarixli rəydə təsdiq edildi ki, ərizəçi hüquqi cəhətdən anlaqsızdır və məcburi müalicəyə ehtiyacı var.
1. Ərizəçinin arqumentləri
29. 26 aprel 1999-cu ildə təxminən saat 22.40-da ərizəçidə epilepsiya tutması oldu. Onun kamera yoldaşlarının imzaladığı ifadədən məlum olur ki, onlar ərizəçinin boğulmasının qarşısını almaq üçün onun kiplənmiş dişlərini taxta qaşıqla bir-birindən ayırmalı olmuşdular. Sonra növbətçi tibb işçisi gəldi və ərizəçinin kamera yoldaşlarına içərisində naməlum maddə olan iynə verdi, onlar iynəni ərizəçinin yanına vurdular. Ərizəçinin atası bu fakt barədə həbsdə saxlanma yerinin müdiriyyətinə şikayət etdi, müdiriyyət isə cavab verdi ki, ərizəçi “tibbi prosedurlar üçün otaqda” tibbi yardım alıb.
30. 1999-cu ilin mayında ərizəçi qızılca və pnevmoniya ilə xəstələndi. 26 iyun 1999-cu ildə ərizəçidə daha bir epilepsiya tutması oldu. O, həbsdə saxlanma mərkəzinin psixiatriya bölməsinə köçürüldü və bir müddət ambulator nəzarət altında saxlandı və qıcolmalara qarşı dərmanlar qəbul etdi. Ərizəçinin atası Ombudsmana 2 avqust 1999-cu il tarixli məktubunda qeyd edirdi ki, 6 iyul 1999-cu ildə ərizəçi daha bir epilepsiya tutması keçirib, amma heç bir tibbi yardım almayıb.
31. 15 iyul 1999-cu ildə ərizəçi bronxo-pnevmoniya (bronxların sətəlcəmi) ilə xəstələndi. Ərizəçinin atasının sözlərinə görə, həbsdə saxlanma yerinin həkimləri xəstəliyin simptomları göründükdən yalnız on gün sonra müalicəyə başlamışdılar.
32. 17 iyul 1999-cu ildə ərizəçi həbsdə saxlanma yerinin xəstəxanasında iradəsi əleyhinə qan testindən keçirildi. Onun atası həbsdə saxlanma yerinin müdiriyyətinə bu barədə şikayət etdi. Həbsdə saxlanma yerinin müdiriyyəti 16 avqust 1999-cu il tarixli məktubunda cavab verdi ki, qan nümunəsi birdəfəlik iynədən istifadə edilməklə götürülüb.
33. 21 iyul 1999-cu ildə ərizəçinin atası ədliyyə nazirinə oğlunun həbsdə saxlanma şəraitindən və müvafiq tibbi müalicə almamasından şikayət etdi. 27 iyul 1999-cu ildə o, Butırski rayon məhkəməsinə analoji şikayət verdi və həmçinin oğlunun azad olunmasını xahiş etdi. Ərizəçinin atasının sözlərinə görə ərizəçinin yüksək hərarəti (40˚C) olmasına baxmayaraq, o, dəfələrlə bir kameradan digərinə köçürülmüş və pnevmoniyaya qarşı adekvat müalicə almamışdı. O, üç gün kamerada irinli xəstələrlə keçirmiş və yataq yerlərinin çatmaması ucbatından döşəmədə yatmalı olmuşdu. Həbsdə saxlanma yerinin həkimləri ərizəçinin immunoloji və biokimyəvi durumunu, habelə onun daim qızdırmalı olmasının səbəblərini müəyyən etməmişdilər. Ərizəçinin atası ona poli-vitamin dərman vermək istəmiş, amma həbsdə saxlanma yerinin müdiriyyəti onu qəbul etməkdən imtina etmişdi.
34. Bu arada məhkəmə ərizəçinin azad olunması barədə vəsatəti rədd etdi. Eyni gündə prokurorun vəsatəti əsasında məhkəmə ərizəçinin ruhi sağlamlığı ilə bağlı yeni ekspert müayinəsi keçirilməsi barədə qərar çıxardı və belə əsas gətirdi ki, ərizəçinin hüquqi cəhətdən anlaqlı olduğunu təsdiq edən əvvəlki müayinədə ərizəçinin ruhi sağlamlıq durumunun məcburi tibbi müalicə tələb edib-etməməsi göstərilməyib.
35. 1999-cu ilin avqustunda ərizəçinin anası ərizəçinin həbsdə saxlanma şəraitindən və xüsusən adekvat tibbi yardımın olmamasından ədliyyə nazirinə şikayət etdi.
2. Hökumətin arqumentləri
36. Hökumətin bildirdiyinə görə, 1999-cu il aprelin 20-dən mayın 18-dək ərizəçi həbsdə saxlanma yerinin xəstəxanasında ambulator müalicə alıb. O, “növbətçi həkimin” nəzarəti altında olub və “ümumi bərpaedici müalicə və vitamin terapiyası” alıb. Ərizəçinin saxlandığı 735 saylı kamera altı yataq yeri, tualet, isti və soyuq su kranları və ventilyasiya ilə təchiz edilib. Ərizəçi yataq ləvazimatları ilə, qalaylı qab-qacaqla, gündə üç dəfə yeməklə və şəxsi gigiyena əşyaları ilə təmin edilib. Kamerada saxlananların sayı heç vaxt yataq yerlərinin sayından artıq olmayıb.
37. Hökumət təsdiq etdi ki, 26 aprel 1999-cu ildə təxminən saat 22.40-da ərizəçinin tutması olub. Bundan dərhal sonra həkim ərizəçini müayinə edib, nəbzini yoxlayıb, ürək döyüntülərinə qulaq asıb, qan təzyiqini ölçüb, əlləri ilə qarın boşluğunu yoxlayıb və əzələdaxili aminazin iynəsi təyin edib. Ertəsi gün ərizəçi əlavə tibbi müayinədən keçib.
38. Ərizəçi səhhəti qənaətbəxş vəziyyətdə olmaqla xəstəxanadan buraxılıb. 26 iyun 1999-cu ildə ərizəçi həbsxana xəstəxanasının psixiatriya bölməsində 353 saylı kameraya yerləşdirilib. O, həkimin nəzarəti altında olub və “preventiv tibbi yardım” alıb. Bu kamera da lazımi ləvazimatlarla təchiz olunub və orada qalanların sayı çox olmayıb.
39. Tibbi bölmənin müdir müavininin 23 aprel 2004-cü il tarixli arayışına əsasən, həbsxana xəstəxanasının psixiatriya bölməsində qaldığı müddətdə ərizəçidə epilepsiya tutmaları olmayıb. Həbsxana xəstəxanasında ona qıcolmalara qarşı müalicə təyin olunub.
40. Hökumət 29 yanvar, 25 fevral və 27 aprel 1999-cu il tarixli üç tibbi arayışın surətlərini təqdim etdi. Orada bu məsələ ilə bağlı aşağıdakı qeydlər vardır.
41. Birinci arayışda deyilirdi ki, ərizəçi HIV daşıyıcısıdır, epilepsiyadan əziyyət çəkir və həbsdə saxlanma yerinin xəstəxanasında qaldığı müddətdə onda bir epilepsiya tutması olub. Ərizəçinin sağlamlıq durumu “qənaətbəxş” kimi qiymətləndirildi. Hər hansı əlavə tibbi müayinələrin keçirilməsi üçün istintaq orqanlarının qərarı olmalıdır.
42. 25 fevral 1999-cu il tarixli ikinci arayışda deyilirdi ki, ərizəçi HIV daşıyıcısıdır, xroniki B və C hepatitindən və epilepsiyadan əziyyət çəkir. Bundan başqa, 1998-ci il oktyabrın 30-dan 31-dək hər hansı epilepsiya tutması barədə heç bir qeyd yox idi. 18 fevral 1999-cu ildə ərizəçini psixiatr və nevroloq müayinə etdi. O, cinayət təqibi orqanlarının müraciəti əsasında, səhhəti “qənaətbəxş” vəziyyətdə olmaqla, xəstəxanadan buraxıldı, belə ki, səhhəti onun məhkəmə prosesində iştirak etməsinə mane olmurdu.
43. 27 aprel 1999-cu il tarixli üçüncü arayışda qeyd edilirdi ki, ərizəçi HIV daşıyıcısıdır, qızılcadan və epilepsiyadan əziyyət çəkir. Orada daha sonra deyilirdi ki, “hazırda ərizəçinin sağlamlıq durumu nisbətən qənaətbəxşdir” və ərizəçinin 1999-cu ilin mayında məhkəmə prosesində iştirak etməsinə imkan verir.
44. Hökumət həmçinin sənədlər toplusunu təqdim etdi, belə görünür ki, bunlar ərizəçinin xəstəlik tarixçəsindəki qeydlərdən çıxarışlar idi. Səhifələrin çoxu oxunmurdu. Oxuna bilən səhifələrdə ərizəçinin diaqnozları sadalanır, lakin həbsdə saxlanma yerinin xəstəxanasında ərizəçiyə təyin olunmuş müalicənin xarakteri barədə məlumat verilmirdi.
D. Ərizəçinin işinə mahiyyəti üzrə baxılması
45. 30 dekabr 1998-ci ildə Butırski rayon məhkəməsi prokurordan işin materiallarını qəbul etdi. Birinci hazırlıq iclası 13 yanvar 1999-cu ildə keçirildi. Sonrakı aylarda məhkəmə bir neçə iclas keçirdi ki, orada müxtəlif prosessual məsələlər həll olundu. Belə ki, 17 mart 1999-cu ildə məhkəmə ərizəçinin sağlamlıq durumunun yeni tibbi müayinəsinin keçirilməsini təyin etdi və işi təxirə saldı. Ekspert rəyi 15 iyun 1999-cu ildə hazır oldu; orada müəyyən edilirdi ki, ərizəçi anlaqlıdır, amma hər hansı mümkün məcburi tibbi müalicə barədə orada heç bir tövsiyə yox idi. 27 iyul 1999-cu ildə məhkəmə ərizəçinin daha bir psixiatriya müayinəsinin keçirilməsini təyin etdi və işə baxılmasını təxirə saldı.
46. İşin mahiyyəti üzrə birinci iclas 11 noyabr 1999-cu ildə ərizəçinin vəkilinin iştirakı ilə keçirildi. İclasda ərizəçi iştirak etmirdi. Vəkilin xahişi əsasında məhkəmə ərizəçinin nümayəndələri qismində bir neçə şəxsin, o cümlədən xanım Kostrominanın prosesdə iştirak etməsinə razılıq verdi. İşin materiallarını oxumaq üçün onlara otuz dəqiqə vaxt verildi. Ərizəçinin vəkili məhkəmə iclasının təxirə salınmasını xahiş etdi, çünki bir neçə şahid, o cümlədən ərizəçiyə heroin satmış G., habelə əməliyyatda iştirak etmiş iki polis əməkdaşı S. və R. iclasa gəlməmişdilər. Lakin məhkəmə iclası davam etdirməyi qərarı aldı.
47. Müdafiə tərəfinin birinci instansiya məhkəməsindəki arqumentlərini aşağıdakı kimi ümumiləşdirmək olar. Müdafiə tərəfi iddia etdi ki, ərizəçi cinayət əməli törətməyə polisin maraqları naminə hərəkət edən xanım T. təhrik edib. Müdafiə tərəfinin sözlərinə görə Rusiya qanunvericiliyi hər hansı formada təhrikçiliyi və ya provokasiyanı qadağan edir; yalnız konkret cinayət hazırlandıqda hər hansı gizli əməliyyat həyata keçirilə bilər. Lakin bu işdə polis “şərti alışı” planlaşdırarkən ərizəçinin narkotik maddə alverində iştirakına dair heç bir sübuta malik deyildi.
48. Müdafiə tərəfi daha sonra vurğuladı ki, ərizəçinin etirafı narkotik maddənin təsiri altında və hüquqi yardım olmadan baş verib. Nəhayət, müdafiə tərəfi müsadirə olunan və ərizəçi tərəfindən xanım T.-yə satıldığı iddia edilən maddənin heroin olduğunu bildirən məhkəmə ekspertizası müayinəsinin rəyinin etibarlılığını şübhə altına aldı. Müdafiə tərəfi ərizəçinin 15 oktyabr 1999-cu ildə imzaladığı ərizəyə istinad etdi, orada ərizəçi bildirirdi ki, onun etirafı zor gücünə alınıb.
49. 11 noyabr 1999-cu il tarixli iclasda xanım T. ərizəçiyə qarşı sübutlar təqdim etdi. O, ifadə verdi ki, polisə könüllü yardım edib. O, izah etdi ki, “ruhən mərhəmətli olduğuna görə” ərizəçini polisə təhvil verib. O, həmçinin aşağıdakıları bildirdi: “Həmin vaxt mən bilmirdim ki, haradan heroin tapım, buna görə də ərizəçiyə zəng vurdum, çünki o, vaxtı ilə mənim üçün heroin tapmışdı”.
50. Məhkəmə eyni zamanda ərizəçi həbs olunan anda onun yanında olmuş cənab M.-i də dinlədi və o, xanım T.-nin faktlara dair dediklərini prinsipcə təsdiq etdi. Lakin o dedi ki, araşdırılan hadisələrdən əvvəl özü başqa bir mənbədən narkotik maddələr alıb. Nəhayət, məhkəmə ərizəçinin anasını dindirdi, o, ərizəçinin xarakterini təsvir etdi. O, ifadə verdi ki, oğlunun nə vaxt narkotik maddələr qəbul etməyə başlamasından xəbərsiz olub.
51. Rayon məhkəməsi işin materialları arasındakı sənədləri, maddi sübutları və ekspert rəylərini yoxladı. O, xüsusən “şərti alışın” təsvir edildiyi polis hesabatını və psixiatriya müayinəsinin nəticələrini yoxladı.
52. Elə həmin gün Butırski rayon məhkəməsi ərizəçini 28 oktyabr 1998-ci ildə xanım T.-yə heroin satmaqda təqsirkar hesab etdi. Eyni zamanda, o, 19 oktyabr 1999-cu il tarixli psixiatr rəyinə istinadən qərara aldı ki, ərizəçi cinayəti anlaqsız vəziyyətdə törədib və buna görə də cinayətə məsuliyyətinə cəlb oluna bilməz. Məhkəmə cinayət prosesini dayandırdı və ərizəçinin evdə məcburi tibbi müalicəsi barədə qərar çıxardı. Ərizəçi həbsdən azad edildi.
53. Ərizəçinin nümayəndəsi qərardan apellyasiya şikayəti verərək bildirdi ki, ərizəçi təqsirkar deyil və digər məsələlərlə yanaşı iddia etdi ki, cinayəti polis quraşdırıb. Konkret olaraq, heç bir mötəbər sübut yoxdur ki, ərizəçi həbs olunduğu anda polis onun narkotik maddələrin alveri ilə məşğul olmasından şübhələnirdi. Üstəlik, ərizəçi bu əqddən heç bir maliyyə mənfəəti qazanmamışdı, belə ki, o, bağlamaya görə xanım T.-dən aldığı bütün pulu cənab G.-yə vermişdi. Bundan başqa, məhkəmə bir neçə əsas şahidi, o cümlədən ərizəçini həbs etmiş iki polis əməkdaşını onun həbsinin iki hal şahidini və narkotik maddəni ərizəçiyə satmış cənab G.-ni dindirməmişdi. Nəhayət, ərizəçinin nümayəndələri iddia etdilər ki, ərizəçinin etirafı ondan zor gücünə alınıb.
54. 11 yanvar 2000-ci ildə Moskva şəhər məhkəməsi şikayəti rədd etdi. Apellyasiya prosesində ərizəçi iştirak etmirdi, amma onun vəkili və nümayəndələri iştirak edirdilər.
55. 12 aprel 2004-cü ildə Moskvanın Butırski rayon məhkəməsi Moskva şəhər 19 saylı psixonevroloji xəstəxanasının vəsatəti ilə ərizəçinin məcburi tibbi müalicəsinin dayandırılması barədə qərar çıxardı.
II. AVROPA ŞURASININ MÜVAFİQ SƏNƏDLƏRİ
56. İşgəncələrin, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin (İşgəncələrə qarşı Komitə – İQK) 3-cü Ümumi Məruzəsinin [CPT/Inf (93) 12] müvafiq hissələrində deyilir:
“a. Həkimə müraciət imkanı
...35. Həbsxananın tibbi yardım xidməti ən azı mütəmadi ambulator məsləhətləri və təxirəsalınmaz müalicəni təmin edə bilməlidir (əlbəttə, bundan əlavə, orada çox vaxt çarpayıları olan xəstəxana tipli bölmə ola bilər). ... Bundan başqa, həbsxana həkimləri mütəxəssis xidmətlərinə müraciət etmək imkanına malik olmalıdırlar. ...
Ambulator müalicəyə lazımi hallarda tibbi personal tərəfindən nəzarət edilməlidir, bir çox hallarda məhbusun təşəbbüsündən asılı olaraq tibbi yardımın göstərilməsi kifayət deyil.
36. Ya mülki xəstəxanada, ya da həbsxana xəstəxanasında tam təchiz edilmiş xəstəxana xidməti tərəfindən birbaşa yardımın göstərilməsi mümkün olmalıdır. ...
37. Məhbusların xəstəxanada müalicə olunmasına və ya mütəxəssis tərəfindən xəstəxanada müayinə olunmasına ehtiyac duyulan bütün hallarda onlar səhhətlərinin imkan verdiyi üsulla dərhal xəstəxanaya aparılmalıdırlar”.
“b. Ekvivalent tibbi yardım
38. Həbsxananın tibbi yardım xidməti həbsxanadan kənardakı cəmiyyətdə pasiyentlərin istifadə etdikləri ilə müqayisə oluna bilən tibbi müalicəni və sanitar qulluğu, habelə müvafiq pəhrizləri, fizioterapiyanı, reabilitasiyanı və ya hər hansı digər zəruri vasitələri təmin edə bilməlidir. Tibbi, sanitar və texniki personalla, habelə binalar, qurğular və avadanlıqlarla təchizat müvafiq qaydada təmin olunmalıdır.
Əczaxanaya və dərmanların paylanmasına müvafiq qaydada nəzarət olunmalıdır. Bundan əlavə, dərmanların hazırlanması həmişə ixtisaslı personala (əczaçıya, tibb bacısına və s.) həvalə olunmalıdır.
39. Hər bir pasiyent üçün xəstəlik tarixçəsi tərtib olunmalı, orada diaqnostika məlumatları, habelə xəstənin vəziyyətindəki dəyişikliklər və onun məruz qaldığı hər hansı xüsusi müayinələr barədə məlumatlar olmalıdır. Məhbus başqa yerə köçürüldükdə həmin tarixçə onu qəbul edən qurumun həkimlərinə göndərilməlidir.
Bundan başqa, tibbi personal tərəfindən gündəlik qeydiyyat kitabları aparılmalı, orada pasiyentlərlə bağlı konkret insidentlər qeyd olunmalıdır. Belə kitablar ona görə faydalıdır ki, onlar həbsxanada tibbi yardımla bağlı vəziyyəti ümumən qiymətləndirməyə imkan verir, eyni zamanda baş verə biləcək konkret problemləri diqqətə çatdırır.
40. Tibbi yardım xidmətinin sabit fəaliyyəti tibbi xidmətə görə cavabdeh olan baş həkimin rəhbərliyi altında həkimlərin və sanitar personalın mütəmadi görüşə və işçi kollektivi formalaşdıra bilməsini nəzərdə tutur”.
III. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Narkotik maddələrin alverinə görə cinayət məsuliyyəti
57. Cinayət Məcəlləsinin 228-ci maddəsinin 1-ci bəndi narkotik maddələrin satış niyyəti olmadan qanunsuz əldə edilməsini cəzalandırır. 228-ci maddənin 4-cü bəndi narkotik maddələrin külli miqdarda qanunsuz satışını cəzalandırır.
58. Cinayət Məcəlləsinin 21-ci maddəsinə (“Anlaqsızlıq”) əsasən, ictimai təhlükəli əməl törədərkən xroniki və ya müvəqqəti ruhi pozuntunun, ruhi çatışmazlığın və ya hər hansı digər ruhi vəziyyətin nəticəsində anlaqsız vəziyyətdə olan şəxs cinayət məsuliyyətinə cəlb olunmur. Bu halda məhkəmə qərardad vasitəsilə icraatı dayandırır, müttəhimi cinayət məsuliyyətindən və ya cəzadan azad edir və müttəhimə məcburi tibbi müalicə təyin edə bilər (Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsi). Lakin məhkəmə müttəhimin təqsirli olduğunu göstərən hər hansı yetərli əlamətin olmadığını müəyyən edərsə, icraat məhz bu əsasa görə dayandırılmalıdır. Məhkəmə bu halda da müttəhimə məcburi tibbi müalicə təyin edə bilər.
B. Araşdırma üsulları
59. 5 iyul 1995-ci il tarixli Əməliyyat-axtarış fəaliyyəti haqqında Qanunun 6-cı maddəsində (sonrakı əlavələrlə) bir neçə təhrikedici üsullar sadalanır ki, hüquq-mühafizə və ya təhlükəsizlik orqanları cinayətlərin araşdırılması məqsədi ilə onlardan istifadə edə bilərlər. Qanunun 6-cı maddəsinin 1-ci bəndinin 4-cü yarımbəndinə əsasən, polis qadağan olunmuş malların, yəni narkotik vasitələrin “şərti alışını” həyata keçirə bilər.
60. Qanunun 7-ci maddəsinin 2-1-ci bəndinə əsasən, “şərti alışını” həyata keçirmək üçün polis cinayətin planlaşdırıldığına və ya artıq törədildiyinə dair müəyyən ilkin informasiyaya malik olmalıdır. Şərti alış müvafiq polis bölməsinin başçısının yazılı göstərişi əsasında həyata keçirilir. Əgər “şərti alış” mənzilə daxil olmanı, yazışmaların oxunmasını və konstitusiya ilə qorunan digər hüquqlara müdaxiləni nəzərdə tutursa, onda məhkəmə nəzarəti təmin olunmalıdır. Formal tələb “protokolun” doldurulmasından ibarətdir, orada şərti alışın nəticələri qeydə alınır. “Protokol” sonradan cinayət prosesində sübut qismində istifadə oluna bilər. Qanunda “şərti alışın” həyata keçirilə biləcəyi digər mümkün situasiyalar da yer almışdır (məsələn, cinayət istintaqı başlandıqda; “şərti alışın” həyata keçirilməsi barədə məhkəmə və ya cinayət təqibi orqanlarından müraciət alındıqda və s.); lakin bu işin məqsədlərinə onların aidiyyəti yoxdur.
C. Həbs qətimkan tədbiri
1. Həbsin əsasları
61. Keçmiş Cinayət Prosessual Məcəlləsində (CPM, 2002-ci ilədək qüvvədə olmuşdur) müttəhimin məhkəməyə gəlməsini və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsini təmin edən bir neçə müvəqqəti tədbirlər nəzərdə tutulur. Bu “preventiv tədbirlər” və ya “qətimkan tədbirləri” şəhəri və ya rayonu tərk etməmək öhdəliyini, şəxsi təhlükəsizliyi, girov müqabilində azad olunmanı və ya həbs qətimkan tədbirini özündə ehtiva edir (keçmiş CPM-in 89-cu maddəsi).
62. Keçmiş CPM-ə əsasən, həbs qətimkan tədbiri barədə qərar prokuror və ya məhkəmə tərəfindən qəbul oluna bilər (11, 89 və 96-cı maddələr). Qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsə almaq barədə qərar çıxararkən səlahiyyətli orqan onun istintaq və ya məhkəmə araşdırması zamanı qaçıb gizlənəcəyini və ya həqiqətin aşkar edilməsinə mane olacağını, yaxud da təkrar cinayət törədəcəyini “düşünmək üçün kifayət qədər əsasların” olub-olmadığını nəzərdən keçirməlidir (keçmiş CPM-in 89-cu maddəsi).
63. 14 mart 2001-ci ilədək həbs qətimkan tədbirinə o halda sanksiya verilirdi ki, təqsirləndirilən şəxs ən azı bir il azadlıqdan məhrum edilmə cəzası təyin edilən cinayət əməlini törətməkdə ittiham olunsun və ya işdə “müstəsna hallar” olsun (96-cı maddə). Keçmiş CPM-ə əsasən, səlahiyyətli orqan həmçinin ittihamın ağırlığını, təqsirləndirilən şəxsin xarakteri, peşəsi, yaşı, səhhəti, ailə vəziyyəti barədə məlumatları və digər halları nəzərə ala bilərdi (keçmiş CPM-in 91-ci maddəsi).
2. Həbs qətimkan tədbirinin müddətləri
64. Məcəllədə iki növ həbs qətimkan tədbiri arasında fərq qoyulur: birincisi, “istintaq dövründə”, yəni səlahiyyətli orqan – polis və ya prokurorluq tərəfindən işin istintaqının aparıldığı müddətdə həbs qətimkan tədbiri; və ikincisi, “məhkəməyə qədər” (və ya “məhkəmə araşdırması dövründə”), yəni işə məhkəmədə baxıldığı müddətdə həbs qətimkan tədbiri. Təcrübədə bunlar arasında fərq olmasa da (belə ki, məhbus eyni həbs yerində saxlanılır), müddətlərin hesablanmasında fərq var.
a) “İstintaq dövründə” həbs qətimkan tədbirinin müddətləri
65. Həbsə alındıqdan sonra şübhəli şəxs “istintaq müddətində” həbsxanaya salınır. “İstintaq müddətində” həbsdə saxlanmanın yol verilən maksimal müddəti iki aydır, lakin “müstəsna hallarda” bu müddət on səkkiz ayadək uzadıla bilər. Müddətin uzadılmasına iyerarxiya pillələri üzrə yuxarı prokurorlar tərəfindən sanksiya verilir, bunun üçün onlar məhkəməyə müraciət edirlər. “İstintaq dövründə” həbsdə saxlanma müddətinin on səkkiz aydan yuxarı artırılması mümkün deyil (keçmiş CPM-in 97-ci maddəsi). “İstintaq dövründə” həbsdə saxlanma müddəti prokurorun işi birinci instansiya məhkəməsinə göndərdiyi gündən hesablanır (keçmiş CPM-in 97-ci maddəsi).
b) “Məhkəməyə qədər” və ya “məhkəmə araşdırması dövründə” həbs qətimkan tədbirinin müddətləri
66. Prokurorun işi birinci instansiya məhkəməsinə göndərdiyi tarixdən başlayaraq müttəhim barəsindəki həbs qətimkan tədbiri “məhkəməyə qədər” və ya “məhkəmə araşdırması dövründə” həbs qətimkan tədbiri sayılır. 14 mart 2001-ci ilədək keçmiş CPM-də “məhkəmə araşdırması dövründə” həbsdə saxlanma müddətinə məhdudiyyət qoyulmurdu. Məhkəmə araşdırması hər hansı müddətlə məhdudlaşdırılmırdı (hərçənd, hakim işin materiallarını prokurordan aldıqdan sonra məhkəmə araşdırmasına müəyyən müddət ərzində başlamalı idi).
3. Həbsin qanuniliyinin araşdırılması üzrə icraat
a) “İstintaq dövründə” həbs qətimkan tədbiri
67. Həbs olunmuş şəxs, yaxud onun vəkili və ya nümayəndəsi həbs barədə və sonradan həbs müddətinin uzadılması barədə prokurorun verdiyi qərardan məhkəməyə şikayət edə bilərlər. Hakim müvafiq sənədləri aldıqdan sonra üç gündən gec olmayaraq həbs barədə və ya həbs müddətinin uzadılması barədə qərarın qanuniliyini və əsaslılığını yoxlamalıdır. Hakim ya şikayəti rədd etməli, ya da məhkəməyə qədər həbsdə saxlanma qərarını ləğv etməli və həbs olunmuş şəxsin azad edilməsi barədə qərar çıxarmalıdır (220-1 və 220-2-ci maddə).
68. Hakimin qərarından yuxarı məhkəməyə şikayət verilə bilər. Bu şikayətə işin mahiyyəti üzrə məhkəmə qərarından verilən apellyasiya şikayəti ilə eyni müddət ərzində baxılır (331-ci maddə).
b) Məhkəmə araşdırması dövründə həbs qətimkan tədbiri
69. İşin materiallarını aldıqdan sonra hakim müttəhimin həbsdə qalmalı, yoxsa məhkəmə araşdırması müddətində azadlığa buraxılmalı olduğunu konkret olaraq müəyyən etməli (keçmiş CPM-in 220-ci maddəsinin 5-ci bəndi və 230-cu maddəsi) və müttəhimin azad edilmək barədə verdiyi istənilən vəsatətə dair qərar çıxarmalıdır (keçmiş CPM-in 223-cü maddəsi). Vəsatət rədd edildikdə yeni vəsatət məhkəmə araşdırması başlayan kimi verilə bilər (keçmiş CPM-in 223-cü maddəsi). Məhkəmə araşdırması ərzində məhkəmə istənilən vaxt preventiv (qabaqlayıcı) tədbiri, o cümlədən həbs qətimkan tədbirini təyin edə, dəyişdirə və ya ləğv edə bilər (keçmiş CPM-in 260-cı maddəsi).
70. Belə qərara qarşı yuxarı məhkəməyə şikayət verilə bilər. Şikayət on gün müddətində verilir və həmin şikayətə işin mahiyyəti üzrə məhkəmə qərarından verilən apellyasiya şikayəti ilə eyni müddət ərzində baxılır (keçmiş CPM-in 331-ci maddəsi).
D. Vəkil-müştəri münasibətləri; zərurətdən irəli gələn nümayəndəlik
71. Müştərinin məhkəmədə hüquqi nümayəndə vasitəsilə təmsil olunması adətən tapşırıq və ya nümayəndəlik müqavilələrinin normaları ilə tənzimlənir (Rusiya Federasiyası Mülki Məcəlləsinin 49-cu və 52-ci fəsilləri). Bundan əlavə, Mülki Məcəllənin 50-ci fəslində nəzərdə tutulur ki, bir şəxs digər şəxsin mülkiyyətinə ziyan vurulmasının qarşısını almaq, onun qanuni maraqlarını qorumaq və ya həmin maraqlara yardım göstərmək və s. üçün həmin şəxsin maraqları naminə hərəkət edə bilər. Lazımi səlahiyyət almadan digər şəxsin marağı naminə hərəkət edən şəxsin hərəkətləri həmin hərəkətlərdən faydalanan şəxs tərəfindən bəyənilirsə, bu, onların arasında zərurətdən irəli gələn nümayəndəlik sayılır (Mülki Məcəllənin 982-ci maddəsi). Müvafiq surətdə, həmin hərəkətlərdən faydalanan şəxs nümayəndənin çəkdiyi ağlabatan xərcləri ödəməlidir (Mülki Məcəllənin 984-cü maddəsi).
HÜQUQİ MƏSƏLƏLƏR
I. HÖKUMƏTİN İLKİN ETİRAZI
72. 2006-cı ildə Hökumət ərizəçiyə hüquqi yardım göstərilməsi məsələsi ilə bağlı xanım Kostrominanın Məhkəmədəki icraatda iştirakına etiraz etdi. O, konkret olaraq qeyd etdi ki, 22 mart 2000-ci il tarixli etibarnamə forması ərizəçinin özü tərəfindən deyil, anası tərəfindən imzalanıb. Həmin tarixdə ərizəçi artıq yetkin yaşlı olduğuna görə etibarnaməni özü imzalamalı idi. Bundan başqa, etibarnamədə Kostrominanın imzası yox idi ki, bu da Hökumətin fikrincə sənədi etibarsız edirdi. Hökumət Məhkəmədən xahiş etdi ki, ya ərizəçi onun adından xanım Kostrominanın təqdim etdiyi hər bir sənədi şəxsən yazılı surətdə təsdiq etsin, ya da Məhkəmə bu işi baxılmalı olan işlərin siyahısından çıxarsın.
73. Məhkəmə öncə xatırladır ki, Məhkəmə Reqlamentinin 45-ci Qaydasına əsasən, Məhkəmədəki icraatda təmsil olunmaq üçün yalnız yazılı etibarnamə etibarlı sayılır. Konvensiyanın praktikasında bu cür sənədlər üçün xüsusi formal tələblər yoxdur (hətta daxili qanunvericilikdə bu cür tələblər olsa belə) (son dövrün qərarları arasında bax: Nosov Rusiyaya qarşı (ərizənin qəbuledilənliyinə dair qərar), ərizə Nº 30877/02, 20 oktyabr 2005; həmçinin bax: Moiseyev Rusiyaya qarşı (ərizənin qəbuledilənliyinə dair qərar), ərizə Nº 62936/00, 9 dekabr 2004; İsayeva və başqaları Rusiyaya qarşı (ərizənin qəbuledilənliyinə dair qərar), ərizələr Nº 57947/00, 57948/00 və 57949/00, 19 dekabr 2002).
74. Strasburqdakı icraatda ərizəçini təmsil etmək üçün xanım Kostrominanın etibarnaməsinin ərizəçi tərəfindən təsdiq edilmədiyinə dair Hökumətin şübhəsinə gəldikdə, Məhkəmə ehtimal edir ki, prosesdəki hər iki tərəf – ərizəçi və həmçinin Hökumət vicdanla hərəkət edirlər; bu ehtimalı təkzib etmək üçün yetərli sübutlar təqdim edilməlidir. İşin materiallarından belə çıxır ki, xanım Kostromina dövlətdaxili icraatda ərizəçini təmsil edib (yuxarıda 46-cı bəndə bax). Xanım Kostrominanın adına etibarnamə formasını imzalamış ərizəçinin anası da birinci instansiya məhkəməsində ərizəçinin nümayəndələrindən biri idi. Rayon məhkəməsinin 11 noyabr 1998-ci il tarixli qərarından belə məlum olur ki, ərizəçinin özü ruhi xəstə olub və məcburi müalicəyə ehtiyacı olub. Təbii ki, belə vəziyyətdə ərizəçinin anası onun adından hərəkət edərək xanım Kostrominanı onun hüquqi nümayəndəsi təyin edib. Bundan başqa, ərizəçinin imzaladığı vəsaitlər haqqında bəyannamədə xanım Kostromina onun nümayəndəsi kimi göstərilib. Nəhayət, prosesin bu vaxta qədərki mərhələlərində Hökumət bu arqumenti irəli sürməyib.
75. Bu kontekstdə Məhkəmə hesab edir ki, ərizə lazımi qaydada təqdim edilib və xanım Kostromina ərizəçini təmsil etmək üçün lazımi qaydada səlahiyyət alıb. Bu məsələ barədə Hökumətin ilkin etirazı rədd edilməlidir.
II. KONVENSİYANIN 3-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
76. Konvensiyanın 3-cü maddəsinə əsasən ərizəçi məhkəməyə qədər həbsdə saxlanma yerində ona tibbi yardım göstərilməməsindən və həbsdə saxlanma yerindəki qeyri-insani şəraitdən şikayət etdi. 3-cü maddədə deyilir:
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır”.
A. Tərəflərin arqumentləri
77. Hökumət israr etdi ki, ərizəçi məhkəməyə qədər həbsdə olduğu zaman zəruri müalicə alıb, həbsdə saxlanma yerinin xəstəxanasındakı kameralarda çoxlu sayda adam olmayıb və həmin kameralar lazımi qaydada təchiz olunub (yuxarıda 36-cı bəndə və ondan sonrakı bəndlərə bax). Ərizəçinin nümayəndələrinin hər bir şikayəti hərtərəfli araşdırılıb və əsaslandırılmış cavablar vaxtında verilib. Həqiqətən 26 aprel 1999-cu ildə ərizəçinin tutması olub. Lakin o dərhal növbətçi həkim tərəfindən müayinə olunub və ixtisaslı tibbi yardım alıb. Ərizəçinin xüsusi tibbi biliklərə malik olmayan kamera yoldaşlarının imzaladığı yazılı ifadə sübut qismində qəbul oluna bilməz. Hökumət yekun olaraq bildirdi ki, ərizəçinin 3-cü maddə üzrə şikayətləri əsassızdır.
78. Ərizəçi öz iddialarında israr etdi. O, iddia etdi ki, həbsdə saxlanma şəraitini və həbsdə saxlanma yerinin xəstəxanasında aldığı tibbi yardımı düzgün təsvir edib (yuxarıda 29-cu bəndə və ondan sonrakı bəndlərə bax). Dövlət orqanları onun xəstəlikləri barədə tam məlumatlı idilər. Ərizəçinin atası dəfələrlə oğlunun səhhəti barədə sorğularla müraciət etmişdi. Lakin həbsdə saxlanma yerinin müdiriyyətindən aldığı bütün cavablar ümumi xarakterli idi və orada ərizəçinin xəstəlikləri ilə bağlı aldığı müalicə barədə təfsilatlı informasiya yox idi. Ərizəçi xüsusi olaraq 26 aprel 1999-cu il tarixli insidenti qeyd etdi, həmin gün onda epilepsiya tutması olmuş, amma ona ixtisaslı tibbi yardım göstərilməmişdi.
B. Məhkəmənin qiymətləndirməsi
1. Tibbi yardım
79. Məhkəmə qeyd edir ki, tərəflər həbsdə saxlanma yerində ərizəçinin aldığı tibbi yardımla bağlı fərqli rəylər təqdim ediblər. Buna görə də Məhkəmə ərizəçinin 3-cü maddə üzrə şikayətlərinin araşdırılmasına həmin şikayətlərin məhz bu hissəsinə aid olan faktların müəyyən edilməsindən başlayacaqdır.
a) Faktların müəyyən edilməsi
80. Məhkəmə “əsaslı şübhə yeri qoymayan” sübut standartını təsdiq edən presedentlərini bir daha xatırladır (bax: Əvsər Türkiyəyə qarşı, ərizə Nº 25657/94, AİHM 2001). Bu cür sübut kifayət qədər güclü, aydın və uzlaşan nəticələrin və ya faktlara dair eyni cür təkzibedilməz ehtimalların mövcudluğundan irəli gələ bilər. Araşdırılan hadisələrin hamısı və ya bir hissəsi dövlət orqanlarına məlumdursa (həbsxanada onların nəzarəti altında olan şəxslərə münasibətdə həqiqətən belədir), onların nəzarəti altında həbsdə olan şəxslərin xəsarət alması halları baş verdikdə belə faktlarla bağlı ciddi ehtimallar meydana çıxır. Belə hallarda qaneedici və inandırıcı izahat təqdim etmək vəzifəsi dövlət orqanlarının üzərinə düşür. Belə izahat olmadıqda Məhkəmə cavabdeh Hökumətin xeyrinə olmayan nəticələr çıxara bilər (bax: Orxan Türkiyəyə qarşı, ərizə Nº 25656/94, 274-cü bənd, 18 iyun 2002-ci il).
81. Hazırkı ərizəçi iddia etdi ki, həbsdə olduğu müddətdə xəstəlikləri ilə bağlı lazımi müalicə almayıb. Lakin o, məhkəməyə qədər həbsdə olduğu müddətdə aldığı faktiki müalicənin xarakterini göstərən tibbi sənədləri təqdim etmədi (əgər onlar varsa).
82. Lakin Məhkəmə bir daha bildirir ki, müəyyən hallarda sübutetmə yükü ərizəçinin üzərindən cavabdeh dövlətin üzərinə keçə bilər (yuxarıda 80-ci bəndə bax). Ortaya çıxan sual bundan ibarətdir ki, bu yanaşma bu işə tətbiq edilə bilərmi? Bu suala cavab vermək üçün Məhkəmə hər iki tərəfin qəbul etdiyi mövcud sübut elementlərini və iş üzrə faktları araşdıracaqdır.
83. Birincisi, tərəflər etiraz etmir ki, həbsə alındığı anda ərizəçi bir neçə xroniki xəstəlikdən, məsələn, epilepsiya, pankreatit, xroniki B və C hepatitindən, habelə müxtəlif ruhi çatışmazlıqlardan əziyyət çəkirdi. O, həmçinin HİV daşıyıcısı idi. Hökumət inkar etmədi ki, bəziləri həyat üçün təhlükəli olan bu xəstəliklərin ərizəçidə olması dövlət orqanlarına məlum idi və həmin xəstəliklər həkimlər tərəfindən mütəmadi tibbi nəzarət və müalicə tələb edirdi. Müvafiq orqanlar ərizəçinin həbsdə olduğu müddətdə sağlamlıq durumu və aldığı müalicə barədə qeydlər aparmalı idilər (bax: Tibb yardım standartları barədə İQK-nın Ümumi Məruzəsi; yuxarıda 56-cı bənddə məruzədən sitatlar verilmişdir).
84. Məhkəmə narahatlıqla qeyd edir ki, həbsdə olduğu müddətdə ərizəçi qızılca, bronxit və kəskin pnevmoniya kimi bir neçə ciddi xəstəliyə düçar olub. Onda həmçinin bir neçə epilepsiya tutması olub. Onun mütəmadi xəstəlikləri qismən keçmiş xəstəlik tarixçəsi ilə, yəni onun HİV daşıyıcısı olması faktı ilə izah olunsa da, həbsdə saxlanma yerində onun sağlamlıq durumunun kəskin pisləşməsi oradakı tibbi müalicənin lazımi səviyyədə olması ilə bağlı müəyyən şübhələr doğurur (bax: Farbtus Latviyaya qarşı, ərizə Nº 4672/02, 57-ci bənd, 2 dekabr 2004-cü il).
85. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi öz narazılıqlarını dövlət hakimiyyəti orqanlarının diqqətinə çatdırmışdı və həmin vaxt onların müvafiq tədbirlər görməsini gözləməyə haqlı idi. Ərizəçi müraciətlərində onun sağlamlıq problemlərinin təsviri ətraflı və aydın verilmişdi. Dövlət orqanlarında onun xəstəlik tarixçəsindəki qeydlər vardı və onlar mülki həkimlərin zəruri tibbi müalicə ilə bağlı tövsiyələrindən xəbərdar idilər.
86. Bundan başqa, ərizəçinin atası azı iki dəfə həbsdə saxlanma yerinin müdiriyyətindən ərizəçinin sağlamlığının müstəqil tibbi müayinədən keçirilməsini xahiş etmişdi. Lakin bu müraciətlər rədd edilmişdi: Hökumətin təqdim etdiyi tibbi arayışdan məlum olur ki, ərizəçinin hər hansı sonrakı tibbi müayinəsi yalnız istintaq orqanlarının təşəbbüsü ilə mümkün idi. Ərizəçinin tibbi müayinəsi məsələsinin istintaq orqanlarının ixtiyarına buraxılması tam həyəcan doğuran haldır: bu halda ərizəçinin hər hansı əlavə tibbi yardıma ehtiyacı olub-olmaması barədə qərar çıxarmaq həkimlərin deyil, müstəntiqin öhdəsinə buraxılır. Belə olan halda ərizəçinin hər hansı əlavə tibbi müayinəyə və ya müalicəyə ehtiyacı olmadığı barədə Hökumətin iddiasını qəbul etmək çətindir.
87. Nəhayət, bir insident, yəni 26 aprel 1999-cu il hadisəsi xüsusi narahatlıq doğurur. Ərizəçi iddia etdi ki, həmin gün onun kamera yoldaşları epilepsiya tutmasını dayandırmaq üçün ona iynə vurmalı olublar. Ərizəçi bu iddiasını təsdiq etmək üçün kamera yoldaşlarının imzaladıqları yazılı ifadəni təqdim etmişdir. Məhkəmə Hökumətin belə bir arqumentini nəzərə alır ki, bu ifadə sübut qismində qəbul edilə bilməz, çünki ərizəçinin kamera yoldaşları peşəkar tibb işçisi deyildilər. Lakin həbsxana xəstəxanası personalının üzvünün ərizəçiyə iynə vurmadığını söyləmək üçün peşəkar biliklərə malik olmağa ehtiyac yoxdur. İfadəni imzalamış ərizəçinin kamera yoldaşlarının yalan dediklərini düşünmək üçün heç bir əsas yoxdur. Digər tərəfdən, Hökumət bu insidentlə bağlı hər hansı qeyd təqdim etməyib. Buna görə də Məhkəmə 26 aprel 1999-cu il hadisəsinə dair ərizəçinin məlumatları ilə razılaşır. Bununla bağlı Məhkəmə xatırladır ki, qeyri-peşəkar şəxslər tərəfindən göstərilən tibbi yardım adekvat yardım sayıla bilməz (bax: Farbtusun işi üzrə yuxarıda adı çəkilən qərar, 60-cı bənd).
88. Yekun olaraq, yuxarıdakı amillərin kombinasiyası ərizəçinin belə bir iddiasının lehinə dəlalət edir ki, həbsdə saxlanma yerində tibbi yardım qeyri-adekvat olub. Belə olan halda həmin amilləri təkzib etmək Hökumətin öhdəsinə düşür. Lakin Hökumət ərizəçiyə hansı növ tibbi müalicənin təyin olunduğunu, müalicənin nə vaxt və kim tərəfindən aparıldığını izah edə bilən hər hansı sənəd təqdim etməyib (müvafiq dəyişikliklərlə bax: Ostrovar Moldovaya qarşı, ərizə Nº 35207/03, 86-cı bənd, 13 sentyabr 2005-ci il). Bu məsələ ilə bağlı Hökumətin arqumentləri qeyri-müəyyəndir və yaxşı əsaslandırılmayıb. Belə ki, Hökumət öz arqumentlərində iddia edir ki,
ərizəçi “ümumi bərpaedici müalicə və vitamin terapiyası” alıb, bu, olduqca geniş ifadədir və əlavə təfsilatlar tələb edir. Bundan başqa, Hökumət mülki həkimlərin təyin etdiyi müalicəni ərizəçinin alıb-almaması məsələsinə aydınlıq gətirməyib (yuxarıda 24-cü bəndə bax). Hökumətin təqdim etdiyi tibbi arayışlara və ərizəçinin xəstəlik tarixçəsindən çıxarışlara (onların oxuna bilən hissələrinə) gəldikdə, bunlar yalnız diaqnozları təsdiq edir, amma orada ərizəçinin aldığı müalicənin xarakteri barədə və ya onun hər hansı konkret müayinəsi barədə məlumat yoxdur. Müvafiq surətdə, Məhkəmə hesab edir ki, Hökumət həbsdə saxlanma yerində ərizəçinin sağlamlıq durumunun pisləşməsi ilə bağlı ağlabatan izahat təqdim etməyib.
89. Buna görə də Məhkəmə ərizəçinin həbsdə saxlanma yerində olduğu müddətdə sağlamlıq durumu ilə və aldığı tibbi yardımla bağlı rəyi ilə razılaşır. Xüsusən Məhkəmə razılaşır ki, 1999-cu ilin aprelində və iyulunda ərizəçidə epilepsiya tutmaları olmuş, amma ona vaxtında və ixtisaslı tibbi yardım göstərilməmişdir. Ərizəçi həbsdə olduğu müddətdə müvafiq orqanlar onun xroniki xəstəliklərini monitorinq etməmiş və adekvat tibbi yardım göstərməmişlər ki, bu da onun sağlamlıq durumunu ağırlaşdırmış və digər xəstəliklərə, xüsusən mütəmadi pnevmoniyaya tutulma ehtimalını artırmışdır. Bir dəfə yüksək hərarəti olan ərizəçi irinli pasiyentlərin saxlandığı xəstəxana kamerasına yerləşdirilmişdir. 1999-cu ildə o, bronxo-pnevmoniya ilə xəstələnmiş, lakin yalnız on gün sonra müalicə almışdır. İndi Məhkəmə, ərizəçinin bildirdiyi kimi, işin digər müvafiq halları ilə birlikdə götürülməklə bu faktların “qeyri-insani və ya ləyaqəti alçaldan rəftar” hesab edilməsi məsələsini araşdıracaqdır.
b) Şikayətin araşdırılması
90. Məhkəmə xatırladır ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətin ən əsas dəyərlərindən birini təsbit edir. O, qurbanın davranışından asılı olmayaraq, işgəncəni, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı və ya cəzanı mütləq ifadələrlə qadağan edir doğurur (bax: Labita İtaliyaya qarşı, 6 aprel 2000-ci il tarixli qərar, Məhkəmə qərarları toplusu, 2000-IV, §119).
91. 90. Məhkəmə daha sonra xatırladır ki, onun presedent hüququna əsasən, pis rəftarın 3-cü maddənin tətbiq dairəsinə düşməsi üçün o, minimal qəddarlıq səviyyəsinə çatmalıdır. Bu minimumun qiymətləndirilməsi nisbidir; o, işin hallarından, məsələn, rəftarın davam etdiyi müddətdən, onun fiziki və ruhi təsirlərindən və bəzi hallarda qurbanın cinsindən, yaşından və sağlamlıq durumundan asılıdır (digər qərarlar arasında bax: İrlandiya Birləşmiş Krallığa qarşı, 18 yanvar 1978-ci il tarixli qərar, A seriyaları, c. 25, s. 65, b. 162). Pis rəftarın məqsədi, yəni konkret olaraq həmin rəftarın qurbanın alçaldılması və özünü aciz hiss etməsi məqsədi daşıyıb-daşımaması də nəzərə alınmalı amildir, lakin bu cür məqsədin olmaması hökmən o demək deyil ki, 3-cü maddənin pozuntusunun baş vermədiyi barədə nəticə çıxarılacaqdır (bax: Pirs Yunanıstana qarşı, ərizə Nº 28524/95, 74-cü bənd, AİHM 2001-III).
92. Müstəsna hallarda həbs olunmuş şəxsin səhhəti onun həbsdə saxlanmasına qətiyyən imkan vermədikdə, 3-cü maddə belə şəxsin müəyyən şərtlərlə azadlığa buraxılmasını tələb edə bilər (bax: Papon Fransaya qarşı (Nº 1) (ərizənin qəbuledilənliyinə dair qərar), ərizə Nº 64666/01, CEDH 2001-VI; Pribke İtaliyaya qarşı (ərizənin qəbuledilənliyinə dair qərar), ərizə Nº 48799/99, 5 aprel 2001). Ərizəçinin səhhətinin onun həbsdə saxlanmasına imkan verib-verməməsi ilə bağlı üç konkret element nəzərdən keçirilməlidir: a) həbsdə saxlanma yerinin tibbi şəraiti; b) həbsdə saxlanma yerində göstərilən tibbi yardımın və qulluğun adekvatlığı; c) ərizəçinin sağlamlıq durumu baxımından həbs tədbirinin qüvvədə saxlanmasının məqsədəuyğunluğu (bax: Muisel Fransaya qarşı, ərizə Nº 67263/01, b. 40-42, AİHM 2002-IX).
93. Lakin 3-cü maddə həbsdə saxlanılan şəxsləri sağlamlıq durumu səbəblərinə görə azad etməkdən ibarət ümumi öhdəlik müəyyən edən maddə kimi şərh oluna bilməz. Əslində, o, dövlətin üzərinə azadlıqdan məhrum edilmiş şəxslərin fiziki sağlamlığını qorumaq öhdəliyini qoyur. Məhkəmə razılaşır ki, həbsxana xəstəxanalarındakı tibbi yardım heç də həmişə əhali üçün nəzərdə tutulan ən yaxşı tibb müəssisələri ilə eyni səviyyədə ola bilməz. Bununla belə, dövlət həbsdə saxlanılan şəxslərin sağlamlığının və rifahının lazımi qaydada qorunmasını təmin etməli və digər məsələlərə yanaşı, onları zəruri tibbi yardımla təmin etməlidir (bax: Kudlya Polşaya qarşı [GC], ərizə Nº 30210/96, b. 94 AİHM 2000-IX; həmçinin bax: Hurtado İsveşçrəyə qarşı, 28 yanvar 1994-cü il tarixli qərar, A seriyaları, c. 280-A, Komissiyanın rəyi, s. 15-16, b. 79; Kalaşnikov Rusiyaya qarşı, ərizə Nº 47095/99, b. 95 və 100, AİHM 2002-VI). Yuxarıda adı çəkilən Farbtusun işində Məhkəmə qeyd etmişdir ki, dövlət orqanları ciddi xəstəliyi olan şəxsi həbsxanaya salmağı və orada saxlamağı qərara almışlarsa, onun əlilliyindən irəli gələn xüsusi ehtiyaclarına cavab verən həbsxana şəraitinin təmin olunmasına xüsusi diqqət göstərməlidirlər (b. 56).
94. Hazırkı işə gəldikdə, Məhkəmə xatırladır ki, müxtəlif tibbi mənbələrdən alınan sübutlar təsdiq edir ki, ərizəçinin mütəmadi tibbi qulluq tələb edən bir neçə ciddi xəstəliyi olub. Lakin prinsipcə ərizəçinin xəstəliklərinin onun həbsdə saxlanmasına imkan vermədiyini düşünməyə heç bir əsas yoxdur. Həbsdə saxlanma yerində tibb bölməsi olub, ərizəçi bir neçə dəfə oraya yerləşdirilib və güman etmək olar ki, onun xəstəlikləri həmin bölmədəki şərait çərçivəsində müalicə oluna bilərdi.
95. Eyni zamanda, Məhkəmə ərizəçiyə zəruri tibbi yardım göstərilmədiyi barədə gəldiyi nəticəni qeyd edir. Hətta həbsxana xəstəxanasında olduğu müddətdə ərizəçi oradakı tibbi şəraitin doğurduğu fiziki nəticələrdən açıq-aydın əziyyət çəkirdi. Həmin şəraitin doğurduğu ruhi nəticələrə gəldikdə, yəqin ki, ərizəçi bilirdi ki, o, istənilən anda çox ciddi nəticələrə səbəb ola bilən ağır vəziyyətə düşə və təxirəsalınmaz tibbi yardıma ehtiyac duya bilər və bu zaman ona heç bir ixtisaslı yardım göstərilməyəcək (yuxarıda 29-cu bəndə və ondan sonrakı bəndlərə bax). Həbsxana mərkəzinin müvafiq orqanları nəinki ərizəçinin müvafiq tibbi yardım almasına imkan verməmiş, hətta onun digər mənbələrdən həmin yardımı almasına da imkan yaratmamışlar (yuxarıda 27-ci bəndə bax). Bu, yəqin ki, onun ciddi həyəcan keçirməsinə səbəb olmuşdur.
96. Üstəlik, ərizəçi HİV daşıyıcısı idi və ciddi ruhi çatışmazlıqdan əziyyət çəkirdi. Bu, həbsdə olduğu müddətdə ondakı istənilən xəstəliklə bağlı riskləri artırır və onun bu məsələ ilə bağlı qorxularını gücləndirirdi. Belə vəziyyətdə vaxtında və ixtisaslı tibbi yardımın göstərilməməsi, habelə onun sağlamlıq durumunun müstəqil tibbi müayinədən keçirilməsinə müvafiq orqanların icazə verməməsi onda elə güclü köməksizlik hissi yaratmışdı ki, ərizəçidə bu hissin yaranmasına və onun fiziki iztirablarına səbəb olmuş rəftar 3-cü maddədə nəzərdə tutulmuş ləyaqəti alçaldan rəftar sayıla bilər.
97. Müvafiq surətdə, bu məsələ ilə bağlı Konvensiyanın 3-cü maddəsi pozulmuşdur.
2. Həbsdə saxlanma yerindəki ümumi şərait
98. Moskvadakı 48/1 saylı həbsdə saxlanma yerindəki və orada olan xəstəxana bölməsindəki ümumi şəraitlə bağlı ərizəçinin şikayətinə gəldikdə, Məhkəmə hesab edir ki, orada lazımi tibbi yardımın olmaması barədə 3-cü maddə çərçivəsində Məhkəmənin gəldiyi nəticələri nəzərə alaraq, həbsdə saxlanma yerindəki ümumi şəraitlə bağlı şikayəti araşdırmağa ehtiyac yoxdur.
III. KONVENSİYANIN 5-ci MADDƏSİNİN 3-cü BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
99. Ərizəçi şikayət etdi ki, onun barəsindəki həbs qətimkan tədbirinin müddəti ağlabatan müddət həddini aşıb və əsassız olub. O, bu məsələ ilə bağlı Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə istinad etdi, həmin bənddə deyilir:
“Bu maddənin 1-ci bəndinin “c” yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs ... ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər”.
A. Tərəflərin arqumentləri
100. Hökumət iddia etdi ki, ərizəçinin davamlı olaraq həbsdə saxlanması ona qarşı ittihamların ağırlığı, onun xarakteri və qaçıb gizlənmə riski ilə əlaqədar olaraq zəruri idi. Ərizəçi ciddi cinayətlərdə ittiham olunurdu və ona on üç ildən artıq həbs cəzası təyin oluna bilərdi. Ərizəçinin həbsə alınması barədə prokurorluq orqanlarının 20 oktyabr 1998-ci ildə çıxardığı ilk qərarda onun qaçıb gizlənmə təhlükəsi qeyd olunmuş və onun həbsə alınması barədə bütün sonrakı qərarlar da birmənalı şəkildə bu səbəbə əsaslanmışdı. Ərizəçinin sağlamlıq durumu onun barəsindəki həbs qətimkan tədbirinin davam etməsini tələb edən ictimai maraqlardan üstün tutula biləcək dərəcədə pis vəziyyətdə deyildi. Ərizəçinin həbsdə saxlanma müddətinin uzadılmasına xüsusən ona görə ehtiyac vardı ki, ərizəçinin ruhi vəziyyəti ekspert tərəfindən müayinədən keçirilməli idi. Beləliklə, həbsdə saxlanma müddəti ağlabatan müddət həddini aşmamışdı.
101. Ərizəçi öz arqumentlərində israr etdi. O, Hökumətin arqumentlərinə belə cavab verdi ki, onun davamlı olaraq həbsdə saxlanması zəruri deyildi. Onun qaçıb gizlənməsi, yeni cinayət törətməsi və ya ədalət mühakiməsinin gedişinə müdaxilə etməsi təhlükəsi və ona qarşı ittihamların ağırlığı özlüyündə onun həbsdə saxlanmasına haqq qazandıra bilməz. O, bir çox xəstəliklərdən əziyyət çəkirdi və onun daimi qeydiyyat və yaşayış yeri vardı (o, tələbə idi). Bundan başqa, məhkəmələr yuxarıda göstərilən təhlükənin həqiqətən mövcud olduğunu əsaslandırmayıblar. Onun təqsirkar olduğuna dair ciddi sübut yox idi, çünki ittihamlar polisin provokasiyasına əsaslanırdı; onun yeni cinayət törətməsi riski mövcud deyildi; və ərizəçinin səhhətinin təhlükəli vəziyyətdə olması onun dərhal azad olunmasını tələb edirdi. Onun barəsindəki həbs qətimkan tədbirinin müddətinin artırılması onun ruhi vəziyyətinin mütəmadi psixiatriya müayinəsindən keçirilməsi ilə bağlı idi.
C. Məhkəmənin qiymətləndirməsi
102. Məhkəmə öncə qeyd edir ki, ərizəçi barəsindəki həbs qətimkan tədbiri onun tutulduğu 29 oktyabr 1998-ci il tarixdən məhkəmənin onun işi üzrə hökmünü elan etdiyi və ərizəçinin azad olunduğu 11 noyabr 1999-cu ilə tarixinədək davam edib. Beləliklə, həbsdə saxlanmanın ümumi müddəti 1 il 23 günə bərabər olmuşdur.
1. Ümumi prinsiplər
103. Cinayətdə ittiham olunan şəxs, əgər dövlət onun həbsdə saxlanmasına haqq qazandıran “müvafiq və yetərli” əsasların olduğunu sübut edə bilməsə, həmişə məhkəmə araşdırmasına qədər azad olunmalıdır (bax: Vemhoff Almaniyaya qarşı, 27 iyun 1968-ci il tarixli qərar, A seriyaları, c. 7, b. 12; Yağcı və Sərgin Türkiyəyə qarşı, 8 iyun 1995-ci il tarixli qərar, A seriyaları, c. 319-A, b. 52).
104. Konvensiya üzrə presedent hüququnda şəxsin girov (zəmanət) müqabilində azad olunmasından imtinanın yol verilə bilən dörd əsas səbəbi bunlardır: təqsirləndirilən şəxsin məhkəməyə gəlməməsi riski (bax: Stöqmüller Avstriyaya qarşı, 10 noyabr 1969-cu il tarixli qərar, A seriyaları, c. 9, b. 15); təqsirləndirilən şəxsin azad ediləcəyi təqdirdə ədalət mühakiməsinə mane ola biləcək hərəkət etməsi (bax: Vemhoffun işi üzrə yuxarıda adı çəkilən qərar, b. 14); yaxud yeni cinayət törətməsi (bax: Matsnetter Avstriyaya qarşı, 10 noyabr 1969-cu il tarixli qərar, A seriyaları, c. 10, b. 9); yaxud da ictimai asayişin pozulmasına səbəb olması ehtimalı (bax: Letelye Fransaya qarşı, 26 oyun 1991-ci il tarixli qərar, A seriyaları, c. 207, b. 51).
105. Konkret halda şəxsin məhkəməyə qədər həbsdə saxlanmasının zəruri olub-olmadığını müəyyən etmək ilk növbədə milli məhkəmə orqanlarının üzərinə düşür (bax: Nikolov Bolqarıstana qarşı, ərizə Nº 38884/97, b. 74, 30 yanvar 2003). Daxili məhkəmələrin bu kontekstdə gəldiyi nəticələri Məhkəmənin yoxlamaq səlahiyyəti çox məhduddur: yalnız dövlət orqanlarının gətirdiyi əsaslar hüquqa zidd olduqda və ya hər hansı faktual əsas olmadıqda Məhkəmə məsələyə müdaxilə edə və həbsdə saxlanmanın əsassız olduğunu müəyyən edə bilər.
2. Ümumi prinsiplərin bu işə tətbiqi
106. Məhkəmə qeyd edir ki, cinayət təqibi orqanı tərəfindən ərizəçinin həbsi barədə çıxarılmış 30 oktyabr 1998-ci il tarixli ilk qərar ərizəçiyə qarşı ittihamların ağırlığına və onun qaçıb gizlənməsi riskinə əsaslanmışdı. Lakin məhkəmələr ərizəçinin həbsdə saxlanma müddətinin artırılmasını və ya onun azad edilməsi barədə müdafiə tərəfinin verdiyi bir neçə vəsatətin rədd edilməsini əsaslandırmamışlar.
107. Buna görə də Məhkəmə xatırladır ki, ağlabatan şübhənin mövcudluğunun ibtidai həbs üçün zəruri şərt olmasına baxmayaraq, müəyyən müddət keçdikdən sonra daha həmin şübhə şəxsin həbsdə saxlanması üçün kifayət etmir (bax: Labita İtaliyaya qarşı [GC], ərizə Nº 26772/95, b. 153, AİHM 2000-IV). Məhkəmə razılaşır ki, ərizəçiyə qarşı ağlabatan şübhə onun ibtidai həbsdə saxlanması üçün əsas ola bilərdi. Lakin o, xatırladır ki, ittihamın ağırlığı özlüyündə məhkəməyə qədər uzun müddət həbsdə saxlanılmağa haqq qazandıra bilməz. Şəxs barəsində azadlıqdan məhrum edilmə cəzasının təyin olunması ehtimalı da buna haqq qazandıra bilməz (bax: Roxlina Rusiyaya qarşı, ərizə Nº 54071/00, b. 66, 7 aprel 2005; Pançenko Rusiyaya qarşı, ərizə Nº 45100/98, b. 102, 8 fevral 2005; və Letelyenin işi üzrə yuxarıda adı çəkilən qərar). Məhkəmə bu məsələ ilə bağlı qeyd edir ki, 30 oktyabr 1998-ci ildən sonra ərizəçinin həbsdə saxlanma müddəti bir neçə dəfə artırılıb və bir ildən artıq davam edib. Üstəlik, 1998-ci ilin dekabrında istintaq qurtarıb və iş birinci instansiya məhkəməsinə göndərilib. Məhkəmənin fikrincə, belə vəziyyətdə dövlət orqanları ərizəçinin davamlı olaraq həbsdə saxlanmasını əsaslandırmaq üçün yeni səbəblər göstərməli idilər.
108. Hökumətin izahatlarında göstərilmiş səbəblərə, yəni gizlənmə təhlükəsinə və ərizəçinin “xarakterinə” gəldikdə, Məhkəmə xatırladır ki, o, 5-ci maddənin 3-cü bəndinin pozulub-pozulmadığı barədə qərarı mahiyyət etibarı ilə daxili məhkəmələrin qərarlarında göstərilmiş əsaslar və Məhkəməyə müraciətində ərizəçinin qeyd etdiyi faktlar əsasında çıxarmalıdır (bax: Yablonski Polşaya qarşı, ərizə Nº 33492/96, b. 79, 21 dekabr 2000). İliyev Bolqarıstana qarşı məhkəmə işində (ərizə Nº 33977/96, b. 86, 26 iyul 2001) Məhkəmə müəyyən etmişdir ki:
“Hətta ərizəçinin azadlıqdan məhrum edilməsinə haqq qazandıran faktlar mövcud olsa belə, məhkəmə qərarlarında onlar göstərilməyib ... və belə faktları müəyyən etmək və ərizəçinin həbsi barədə qərar çıxarmış milli hakimiyyət orqanlarını əvəz etmək Məhkəmənin vəzifəsi deyil”.
Ərizəçinin həbsdə saxlanmasının Hökumət tərəfindən göstərilmiş əsasları daxili məhkəmələrin qərarlarında göstərilməyib və Məhkəmə həmin əsasların işin hallarından bəlli olduğu ilə razılaşa bilməz. Digər tərəfdən, ərizəçinin yaşı, sağlamlıq problemləri, əvvəllər cinayət törədib-törətməməsi kimi amillər, habelə daimi yaşayış yerinin və sabit ailə əlaqələrinin olması faktı onun azad edilmək barədə vəsatətlərinə diqqətlə baxılmasını və məhkəmə qərarlarında onların diqqətlə təhlil olunmasını tələb edirdi. Belə görünür ki, qərarların əsaslandırılmaması təsadüfi və ya qısamüddətli səhv deyil və azad edilmək barədə müraciətlərə bu cür baxılması adət şəklini alıb. Belə olan halda Məhkəmə bu qənaətə gəlir ki, ərizəçinin məhkəməyə qədər istintaq müddətində həbsdə saxlanmasına “müvafiq və yetərli” əsaslarla haqq qazandırmaq mümkün deyil.
109. Beləliklə, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulmuşdur.
IV. KONVENSİYANIN 5-ci MADDƏSİNİN 4-cü BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
110. Ərizəçi şikayət etdi ki, daxili məhkəmələr onun azad edilmək barədə 21 aprel və 17 sentyabr 1999-cu il tarixli vəsatətlərinə “təxirə salınmadan” baxmayıblar. O, həmçinin şikayət etdi ki, onun Moskva şəhər məhkəməsinə 4 və 17 avqust 1999-cu ildə verdiyi apellyasiya şikayətlərinə baxılmayıb. O, bu məsələ ilə bağlı Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə istinad etdi, həmin bənddə deyilir;
“Tutulma və ya həbsə alınma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir”.
A. Tərəflərin arqumentləri
111. Ərizəçinin azad edilmək barədə müraciətlərinə gec baxılmasına gəldikdə, Hökumət qeyd etdi ki, 17 mart 1999-cu ildə müvafiq məhkəmə ərizəçinin ruhi sağlamlığının əlavə müayinəsini təyin etmişdir. Nəticədə iş təxirə salınmışdır. Buna görə də azad edilmək barədə 21 aprel 1999-cu il tarixli vəsatət məhkəmə iclasının keçirilmədiyi dövrə təsadüf edir. Məhkəmə ekspert müayinəsinin nəticələrini alan kimi məhkəmə iclasının vaxtını təyin etmiş və həmin iclasda vəsatətə baxmışdır. Azad edilmək barədə 17 sentyabr 1999-cu il tarixli vəsatətə münasibətdə də eyni hal baş vermişdir: həmin vəsatət məhkəmənin ərizəçinin sağlamlıq durumu ilə bağlı dördüncü ekspert müayinəsinin nəticələrini gözlədiyi müddətdə verilmişdir. 17 sentyabr 1999-cu il tarixli vəsatətə 11 noyabr 1999-cu ildə işin mahiyyəti üzrə növbəti məhkəmə iclasında baxılmışdır.
112. Hökumət daha sonra iddia etdi ki, 27 iyul 1999-cu il tarixli məhkəmə iclasında müdafiə tərəfi ərizəçinin azad edilməsi barədə heç bir vəsatət verməyib. 27 iyul 1999-cu il tarixli vəsatəti məhkəmə faktiki olaraq 2 avqust 1999-cu ildə alıb. Müvafiq surətdə Moskva şəhər məhkəməsi sədrinin müavininə və Ali Məhkəmənin sədrinə verilmiş 15 və 17 sentyabr 1999-cu il tarixli vəsatətlərə gəldikdə, onlar “müəyyən olunmuş qaydada” Moskvanın Butırski rayon məhkəməsinə göndərilib və “işin materiallarına daxil edilib”.
113. Moskva şəhər məhkəməsinin 30 iyul 1999-cu il tarixli apellyasiya şikayətinə baxmadığı barədə iddiaya gəldikdə, Hökumət iddia etdi ki, bu, həbsdə saxlanma məsələsi ilə deyil, yalnız ərizəçinin sağlamlıq durumu ilə bağlı digər bir ekspert müayinəsinə ehtiyac olması ilə əlaqədar idi.
114. Ərizəçi şikayətində israr etdi, lakin məsələyə aid hər hansı arqument təqdim etmədi. O, israrla bildirdi ki, onun həbs müddətinin uzadılması barədə 27 iyul 1999-cu il tarixli qərardan vəkili və hüquqi nümayəndələri apellyasiya məhkəməsinə şikayət vermişdilər, lakin həmin şikayətə baxılmayıb.
B. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
115. Məhkəmə xatırladır ki, 5-ci maddənin 4-cü bəndi həbsə alınmanın “qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılmasını” nəzərdə tutur (kursiv sonradan əlavə olunmuşdur). Bu tələbin iki aspekti var: birincisi, həbsin qanuniliyinə məhkəmə tərəfindən yenidən baxılması şəxs həbsə alındıqdan sonra tez bir zamanda baş verməlidir və bundan sonra zərurət yarandıqda yenidən baxılma ağlabatan intervallarla təkrar olunmalıdır. İkincisi, yenidən baxılma prosesi lazımi səylə həyata keçirilməlidir. Bundan başqa, Məhkəmə xatırladır ki, daxili qanunvericilikdə apellyasiya sistemi nəzərdə tutulubsa, apellyasiya orqanı da 5-ci maddənin 4-cü bəndinin tələblərinə riayət etməlidir (bax: Qrauzinis Litvaya qarşı, ərizə Nº 37975/97, 10 oktyabr 2000, b. 30-32). Bu, xüsusən həbsə alma barədə qərar çıxarmış aşağı məhkəmələrin qərarlarına apellyasiya orqanı tərəfindən yenidən baxılmasının tez həyata keçirilməsinə aiddir.
116. Şəxsin azad edilmək barədə müraciətlərinə “təxirə salınmadan baxılması” hüququna hörmət edilib-edilməməsi hər bir işin konkret hallarının işığında müəyyən edilir; mürəkkəb işlərdə azad edilmək barədə müraciətə baxılması adi işlərə nisbətən daha çox vaxt apara bilər. Baranovski Polşaya qarşı məhkəmə işində (ərizə Nº 28358/95, AİHM 2000-III) daxili məhkəmələrin azad edilmək barədə vəsatətə baxması beş ay çəkmişdi. Hökumət sübut etmişdi ki, daxili məhkəmə azad edilmək barədə birinci vəsatətə onun təqdim edilməsindən sonra ən qısa müddətdə baxıb və sonradan o, müvafiq vəsatətlərə baxılmasını beş dəfə təxirə salıb, çünki hələ üç ekspertdən ifadə alınmalı idi. Lakin bu arqumentlərə baxmayaraq, Məhkəmə 5-ci maddənin 4-cü bəndinin pozulduğunu müəyyən etdi. Əcnəbilərin ölkədən çıxarılması üçün həbsdə saxlanması ilə əlaqədar olan Semi Niderlanda qarşı məhkəmə işində (ərizə Nº 36499/97, ərizənin qəbuledilənliyi barədə 4 dekabr 2001-ci il tarixli qərar) Məhkəmə müəyyən etdi ki, 25 günlük müddət 5-ci maddənin 4-cü bəndinə uyğundur. Eyni zamanda, Rebok Sloveniyaya qarşı məhkəmə işində (ərizə Nº 29462/95, b. 85, AİHM 2000-XII) Məhkəmə müəyyən etdi ki, azad edilmək barədə vəsatətə həmin vəsatət birinci instansiya məhkəməsinə verildikdən sonra 23 gün müddətində baxılıb və bu, 5-ci maddənin 4-cü bəndinin tələb etdiyi “təxirə salınmadan” baxılma sayıla bilməz. Digər bir işdə vəsatətə baxılmasının on yeddi gün yubadılması həmin bəndə zidd hesab edildi (bax: Kadem Maltaya qarşı, ərizə Nº 55263/00, b. 43, 9 yanvar 2003).
2. Ümumi prinsiplərin bu işə tətbiqi
a) Azad edilmək barədə 21 aprel 1999-cu il tarixli vəsatətə baxılmasının yubadılması haqqında
117. Məhkəmə qeyd edir ki, 17 mart 1999-cu ildə rayon məhkəməsi qərara alıb ki, ərizəçi məhkəməyə qədər həbsdə qalmalıdır. Lakin o, ərizəçinin davamlı olaraq həbsdə saxlanmasının səbəblərini göstərməyib və həbsdə saxlanmanın hər hansı müddətini də müəyyən etməyib. Məhkəmə daha sonra qeyd edir ki, bu hala tətbiq edilə bilən qanunvericilikdən belə çıxır ki, ərizəçinin həbsdə saxlanılması barədə qərara yenidən baxılması hüququna hər hansı məhdudiyyət qoyulmayıb (yuxarıda 61-ci bəndə və ondan sonrakı bəndlərə bax): həmin qanunvericilikdə müəyyən edilməyib ki, birinci instansiya məhkəməsi müttəhimin məhkəməyə qədər həbsdə qalması məsələsinə neçə dəfə qayıda bilər. Prinsipcə, müdafiə tərəfi ərizəçinin azad olunması barədə istədiyi qədər, hətta lazım bilsə hər gün müraciət edə bilərdi. Beləliklə, qanunda ərizəçinin azad edilmək barədə yeni vəsatəti nə vaxt təqdim etməsinə dair aydın göstəriş yox idi.
118. Faktiki olaraq yeni vəsatət 21 aprel 1999-cu ildə – rayon məhkəməsi bu məsələ barədə qərarını elan etdikdən bir ay sonra verilmişdi. Həmin vəsatətdə ərizəçi səhhətinin pis olduğunu qeyd etmişdi. Məhkəmənin fikrincə, bu arqument həbs barədə qərara yenidən baxılması üçün yeni hal sayıla bilər (xüsusən nəzərə alsaq ki, həbsdə saxlanma barədə əvvəlki məhkəmə qərarı əsaslandırılmamışdı və ərizəçi bu məsələ ilə bağlı əsaslı iddia irəli sürmüşdü – yuxarıda 83 və 84-cü bəndlərə bax). Belə olan halda Məhkəmə bu qənaətə gəlir ki, ərizəçi həbs barədə qərara yenidən baxılması hüququndan sui-istifadə etməyib və azad edilmək barədə vəsatətinə qısa müddətdə cavab gözləməkdə haqlı olub.
119. Lakin rayon məhkəməsi azad edilmək barədə vəsatətə yalnız işin mahiyyəti üzrə növbəti iclasda baxıb, bu tarix məhkəmə araşdırmasının tələbatlarına əsasən müəyyən edilmişdi. Vəsatətin təqdim edildiyi andan ona məhkəmə tərəfindən baxıldığı tarixədək üç aydan artıq vaxt keçmişdi. Ekspert müayinəsinin nəticələrini almazdan əvvəl məhkəmə iclası keçirməyə ehtiyac olmadığı barədə Hökumətin arqumenti Məhkəməyə inandırıcı görünmədi. Bəlkə də, işin mahiyyəti üzrə növbəti iclasın vaxt qrafiki baxımından bu fikirlə razılaşmaq olar, lakin ərizəçinin azad edilmək barədə vəsatətinə baxılmasının müddəti baxımından bu fikirlə razılaşmaq olmaz. Hökumət yubanma ilə bağlı hər hansı inandırıcı əsas gətirmədi və yubanmaya görə ərizəçinin hər hansı şəkildə təqsirkar olduğuna dair heç bir sübut yoxdur.
120. Məhkəmə bu qənaətə gəlir ki, azad edilmək barədə 21 aprel 1999-cu il tarixli vəsatətə baxılması əsassız olaraq yubadılıb və müvafiq surətdə, bu məsələdə 5-ci maddənin 4-cü bəndi pozulub.
b) Azad edilmək barədə 17 sentyabr 1999-cu il tarixli vəsatətə baxılmasının yubadılması haqqında
121. Azad edilmək barədə ikinci vəsatətə gəldikdə, Məhkəmə qeyd edir ki, 27 iyul 1999-cu ildə Butırski rayon məhkəməsi qərara alıb ki, ərizəçi həbsxanada qalmalıdır. Bu qərar da əsaslandırılmayıb və orada həbsin müddəti göstərilməyib. Bu qərardan 1 ay 21 gün sonra – 17 sentyabr 1999-cu ildə ərizəçinin nümayəndəsi ərizəçinin azad edilməsi barədə rayon məhkəməsinə vəsatət verib. Ona 1 ay 24 gündən sonra baxılıb. Yuxarıda 117-ci bənddə və ondan sonrakı bəndlərdə qeyd edilən mülahizələri nəzərə alaraq, Məhkəmə bu qənaətə gəlir ki, azad edilmək barədə ikinci vəsatətə baxılması əsassız olaraq yubadılıb. Buna görə də, bu məsələdə 5-ci maddənin 4-cü bəndi pozulub.
c) Apellyasiya məhkəməsinə müraciət etmək imkanı haqqında
122. Ərizəçi sonda iddia etdi ki, onun həbsdə qalmaqda davam etməsinə sanksiya verən 27 iyul 1999-cu il tarixli məhkəmə qərarına qarşı verdiyi apellyasiya şikayətinə ikinci instansiya məhkəməsi tərəfindən baxılmayıb.
123. Məhkəmə diqqəti Hökumətin belə bir arqumentinə cəlb edir ki, 30 iyul 1999-cu ildə ərizəçinin vəkili tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin həbs qətimkan tədbiri ilə bağlı qərarına yenidən baxılması barədə xahiş yoxdur. Lakin Məhkəmənin sərəncamında olan sənədlər bunun əksinə dəlalət edir. Doğrudur, 30 iyul 1999-cu il tarixli xüsusi apellyasiya şikayətində əsasən ərizəçinin ruhi sağlamlığı məsələsinə toxunulur. Lakin orada ərizəçinin həbsdə saxlanmasına da toxunulur: şikayətin mahiyyətində birinci instansiya məhkəməsinin qərarına yenidən baxılması barədə açıq-aydın xahiş vardır (yuxarıda 17-ci bəndə bax).
124. Məhkəmə xatırladır ki, daxili qanunvericilikdə apellyasiya sistemi nəzərdə tutulubsa, apellyasiya orqanı da 5-ci maddənin 4-cü bəndinin tələblərinə riayət etməlidir (bax: Tot Avstriyaya qarşı, 12 dekabr 1991-ci il tarixli məhkəmə qərarı, A seriyaları, c. 224, b. 84). Buna görə də, ərizəçinin 27 iyul 1999-cu il tarixli qərara qarşı vəsatətinə baxılmaması onun 5-ci maddənin 4-cü bəndi ilə təmin edilən həbsinin qanuniliyinə yenidən baxılması hüququnun pozuntusunu təşkil edir.
V. KONVENSİYANIN 6-cı MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
125. Ərizəçi ona qarşı cinayət prosesinin ədalətsizliyindən şikayət etdi. O, konkret olaraq iddia etdi ki, onu narkotik maddələrin əldə edilməsi və satışı cinayətlərini törətməyə öz agentləri xanım T.-nin vasitəsilə hərəkət etmiş polis əməkdaşları təhrik ediblər. O, bu məsələ ilə bağlı Konvensiyanın 6-cı maddəsinə istinad etdi, həmin maddənin bu işə aidiyyəti olan hissəsində deyilir:
“Hər kəs, ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, ... ağlabatan müddətdə işinin ədalətli ... araşdırılması hüququna malikdir.
...
3. Cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir:
...
b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq ...”.
A. Tərəflərin arqumentləri
126. Hökumət iddia etdi ki, ərizəçinin hüquqları pozulmayıb. O, qeyd etdi ki, “şərti alış” və ya dövlətdaxili terminlə desək, “əməliyyat eksperimenti” cinayətkarlığa qarşı mübarizədə məqsədəuyğun metoddur; Rusiya qanunvericiliyinə əsasən belə “eksperimentlər” zamanı əldə edilən dəlillər sübut qismində qəbul edilə və hüquq pozuntusu törətmiş şəxsin məhkum olunmasına səbəb ola bilər. O, həmçinin bildirdi ki, “şərti alış həyata keçirilməzdən əvvəl polisin sərəncamında ərizəçinin narkotik maddələrlə bağlı qanunsuz hərəkətlər törətməsi barədə hansı konkret informasiyanın olması məsələsi bu cinayət işində sübutetmə predmeti deyildi”. Şərti alış qanuni əsasda həyata keçirilmişdi və bu yolla əldə edilmiş sübutlar lazımi qaydada işin materiallarına daxil edilmişdi. Şahid T. bilirdi ki, ərizəçi narkotik maddə alveri ilə məşğuldur. O, şərti alışda iştirak etməyə razılıq vermiş və ərizəçidən narkotik maddələr almaq üçün ona heç bir təzyiq göstərməmişdi.
127. Ərizəçi öz şikayətlərində israr etdi. O, 11 noyabr 1999-cu il tarixli məhkəmə qərarına istinadən iddia etdi ki, onun məhkum olunması yalnız “şərti alış” vasitəsilə əldə edilmiş sübutlara əsaslanıb. O, qeyd etdi ki, daxili qanunvericilik yalnız cinayətkar fəaliyyətlərdə iştirak edən şəxsə qarşı artıq mövcud olan şübhəni təsdiq etmək lazım gəldikdə “eksperimentlər” aparmağa icazə verir. Lakin sözügedən polis əməliyyatı ərizəçinin cinayət əməli barədə polisdə hər hansı məlumat olmadığı halda planlaşdırılmış və həyata keçirilmişdi, halbuki ərizəçi indiyədək cinayət törətməmişdi və onun barəsində qarşı ibtidai istintaq başlanmamışdı. Ərizəçi iddia etdi ki, onun işi faktlar baxımından Texeyra de Kastronun işinə bənzəyir (9 iyun 1998-ci il tarixli qərar, Məhkəmə qərarları toplusu, 1998-IV), həmin işdə Məhkəmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu müəyyən etmişdi.
B. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
128. Məhkəmə öncə vurğulamaq istərdi ki, o, ciddi cinayətlərlə mübarizədə dövlət orqanlarının qarşılaşdığı çətinliklərə göz yummur və bu kontekstdə bəzən daha məharətli istintaq metodlarına ehtiyac duyulur. Prinsipcə, cinayət prosesinin istintaq mərhələsində və cinayətin xarakteri bunu tələb etdikdə Məhkəmənin presedent hüququ məxfi polis əməliyyatı nəticəsində əldə edilmiş sübutlara əsaslanmağa mane olmur (nümunə üçün bax: Lüdi İsveçrəyə qarşı, 15 iyun 1992-ci il tarixli qərar, A seriyaları, c. 238). Lakin məxfi agentlərdən istifadə məhdudlaşdırılmalıdır; polis məxfi hərəkətlər edə bilər, amma təhrikedici hərəkətlər edə bilməz (bax: Texeyra de Kastronun işi üzrə yuxarıda adı çəkilən qərar, b. 36).
129. Məhkəmə qeyd edir ki, ərizəçi polis əməliyyatı nəticəsində həbsə alınıb və sonra məhkum edilib. Məhkəmə dövlət nümayəndələri tərəfindən tələ qurulması vasitəsilə əldə edilmiş sübutlardan cinayət prosesində istifadə edilməsi məsələsini bundan əvvəl də nəzərdən keçirmişdir. Belə ki, yuxarıda adı çəkilən Texeyra de Kastronun işində məxfi polis əməkdaşları ərizəçiyə onları heroinlə təchiz etmək üçün pul təklif etmişdilər. Ərizəçi bundan əvvəl cinayət törətməsə də, narkotik maddələrin əldə edilmədi sahəsində əlaqələri vardı. Puldan şirniklənmiş ərizəçi polis əməkdaşlarının xahişini qəbul etmişdi. Sonradan o, narkotik maddələrlə bağlı cinayətə görə ittiham olundu və məhkum edildi. Məhkəmə 6-cı maddənin 1-ci bəndinin pozulduğunu müəyyən edərək həmin işdə polis əməkdaşlarının hərəkətlərini adi məxfi agentlərin hərəkətlərindən fərqləndirdi, sonuncular cinayətkar olduğu güman edilən şəxsi cinayət törətməyə faktiki təhrik etmədən cinayət barədə məlumat və sübut əldə etmək üçün kimliklərini gizlədə bilərlər. Həmin işdə Məhkəmə qeyd etdi ki, “mütəşəkkil cinayətkarlığın artması, şübhəsiz ki, müvafiq tədbirlərin görülməsini tələb edir, lakin ədalət mühakiməsinin ədalətlə həyata keçirilməsi hüququ elə bir önəmli yer tutur ki, onu məqsədəuyğunluq naminə qurban vermək olmaz” (b. 36). Məhkəmə həmin işin bir sıra xüsusiyyətlərini, xüsusən də belə bir faktı vurğuladı ki, iki polis əməkdaşının müdaxiləsi məhkəmə tərəfindən nəzarət edilən hər hansı əməliyyatın tərkib hissəsi deyildi və milli hakimiyyət orqanları narkotik maddə alverində ərizəçidən şübhələnmək üçün tutarlı əsasa malik deyildilər: o, əvvəllər cinayət törətməmişdi və polis əməkdaşları ona yaxınlaşana qədər onun narkotik maddələrin satışına meylli olduğunu düşünmək üçün heç bir səbəb yox idi (bax: Texeyra de Kastronun işi üzrə yuxarıda adı çəkilən qərar, b. 37-38).
130. Eynilə, son dövrlərə aid olan Vanyan Rusiyaya qarşı məhkəmə işində də (ərizə Nº 53203/99, 15 dekabr 2005, b. 45-50) Məhkəmə narkotik maddə alışının simulyasiyasını təhrikedici hərəkət hesab edərək 6-cı maddənin 1-ci bəndinin pozulduğunu müəyyən etdi, baxmayaraq ki, həmin alış məxfi agent qismində hərəkət edən adi şəxs tərəfindən həyata keçirilsə də, nəticə etibarı ilə polis tərəfindən təşkil edilmişdi və polisin nəzarəti altında idi.
131. Bundan başqa, ittiham tərəfinin sübutların bu üsulla toplandığını açıqlamadığı işlərdə “ədalətli məhkəmə araşdırması” qarantiyasına riayət edilib-edilmədiyini müəyyən edərkən Məhkəmə diqqətini müttəhimin adekvat prosessual təminatlara malik olub-olmadığı məsələsinə yönəltdi (bax: Edvards və Lyuis Birləşmiş Krallığa qarşı [GC], ərizələr Nº 3964/98 və 40461/98, 27 oktyabr 2004, b. 46-48).
2. Ümumi prinsiplərin bu işə tətbiqi
132. Hökumət öz izahatlarında belə bir fikri vurğuladı ki, ərizəçinin əvvəllər narkotik maddə alveri ilə məşğul olub-olmaması məsələsi onun məhkumluğu ilə nəticələnmiş cinayət prosesinin məqsədləri üçün əhəmiyyət daşımırdı. Polis əməliyyatının lazımi qaydada sənədləşdirilməsi həmin əməliyyatı qanuni etmişdi və nəticədə sonrakı məhkəmə prosesi ədalətli idi.
133. Lakin Məhkəmə bu arqumenti qəbul edə bilməz. Daxili qanunvericiliyin dövlət nümayəndələrinin təhriki nəticəsində əldə edilmiş sübutlardan istifadəyə icazə verməsi dözülməz haldır. Əgər o buna icazə verirsə, onda Texeyranın işində və sonrakı işlərdə Məhkəmənin şərh etdiyi kimi, daxili qanunvericilik bu məsələdə “ədalətli məhkəmə araşdırması” prinsipinə cavab vermir. Məhkəmə araşdırmasında müdafiə tərəfi iddia etdi ki, polis əməkdaşlarının “provokasiyası” olmasaydı cinayət törədilməzdi. Başqa sözlə, ərizəçi “tələyə qarşı müdafiə” arqumentini irəli sürdü ki, bu arqumentə birinci instansiya məhkəməsi, xüsusən işdə tələ qurulmasına dair aydın sübutlar olduqda, lazımi qaydada baxmalıdır.
134. Məhkəmə qeyd edir ki, ərizəçi 1998-ci ildə həbs olunana qədər hər hansı cinayət törətməmişdi. Ərizəçinin əvvəllər narkotik maddə alveri ilə məşğul olduğuna dair informasiya bir mənbədən – polisin informatoru olan T.-dən daxil olmuşdu. Lakin aydın deyil ki, T. nə üçün polislə əməkdaşlıq etməyi qərara almışdı. Bundan başqa, o, məhkəmə araşdırmasında bildirmişdi ki, ərizəçi ilə ona görə təmasa girib ki, həmin məqamda heroin almaq üçün hər hansı başqa yer ona məlum deyildi. Ərizəçi G.-dən heroin almaqla və onu T.-yə verməklə hər hansı maliyyə qazancı əldə etməyib. M. ifadə vermişdir ki, o, əvvəllər heç vaxt ərizəçidən heroin almayıb. Bu elementlər əsaslı olaraq belə düşünməyə imkan verir ki, ərizəçi polisə bəlli olan narkotik maddə alverçisi deyildi. Əksinə, belə görünür ki, polis əməliyyatı şəxsən ərizəçiyə qarşı deyil, T. üçün heroin əldə etməyə razılıq verəcək istənilən şəxsə qarşı yönəlmişdi.
135. Üçüncüsü, Məhkəmə xatırladır ki, istintaq tədbirlərinə sanksiya verən, nəticələrini öncədən görmək mümkün olan aydın prosedur mövcud olmalı, eləcə də həmin tədbirlərə lazımi qaydada nəzarət təşkil edilməlidir ki, hakimiyyət orqanlarının vicdanlı davranması və hüquqa zidd olmayan hüquq-mühafizə məqsədlərinə riayət edilməsi təmin olunsun (bax: Lüdi İsveçrəyə qarşı, 15 iyun 1992, A seriyaları, c. 238; həmçinin müvafiq dəyişikliklərlə bax: Klass və başqaları Almaniyaya qarşı, 6 sentyabr 1978, b. 52-56, A seriyaları, c. 28). Hazırkı işdə polis əməliyyatına inzibati orqanın adi inzibati qərarı ilə sanksiya verilmiş və sonradan həmin orqan əməliyyatı həyata keçirmişdi. İşin materiallarından belə məlum olur ki, həmin qərarın mətnində planlaşdırılmış “şərti alışın” səbəbləri və məqsədləri barədə çox az məlumat var. Bundan başqa, əməliyyat üzərində məhkəmə nəzarəti və ya hər hansı digər müstəqil nəzarət yox idi. Əməliyyatın hərtərəfli nəzarət sistemi ilə müşayiət olunmadığı şəraitdə (yuxarıda 60-cı bəndə bax) birinci instansiya məhkəməsi tərəfindən sonrakı nəzarət həlledici əhəmiyyət kəsb edirdi.
136. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən yalnız üç şahid dindirilib ki. bunlar da T., M (ərizəçi həbsə alınan anda onun yanında olan dostu) və ərizəçinin anası idi. “Şərti alışda” iştirak edən polislər məhkəmə tərəfindən bir dəfə də dindirilməyiblər, halbuki müdafiə tərəfi onların dinlənilməsini xahiş etmişdi. Ərizəçiyə heroin satan və bu hərəkətə görə məhkum olunan G. də məhkəmə prosesində dindirilməmişdi. Nəhayət, Məhkəmədə xüsusən belə bir fakt təəccüb doğurur ki, ərizəçinin özü təhrikçilik məsələsi ilə bağlı məhkəmə tərəfindən dinlənilməyib: ərizəçi 11 noyabr 1999-cu il tarixli məhkəmə iclasında iştirak etməyib, həmin iclasda məhkəmə 29 oktyabr 1998-ci il hadisələrini araşdırmışdı.
137. Xülasə, hazırkı işdə tələ qurulmasından şübhələnmək üçün daxili məhkəmənin əsası olsa da, o, müvafiq faktual və hüquqi elementləri təhlil etməyib, halbuki bu, tələ qurulmasını qanuni istintaq fəaliyyətindən fərqləndirməkdə ona kömək edərdi. Buradan belə nəticə çıxır ki, ərizəçinin məhkum edilməsinə səbəb olmuş məhkəmə prosesi “ədalətli” olmayıb. Müvafiq surətdə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub.
VI. KONVENSİYANIN 41-ci MADDƏSİNİN BU İŞƏ TƏTBİQİ
138. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiya ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.
A. Ziyan
139. Ərizəçi tibbi müalicəsinə çəkilmiş xərclərin kompensasiyası qismində 1.300 avro və mənəvi ziyanın kompensasiyası qismində 15.000 avro tələb etdi. O, mənəvi ziyanla bağlı tələbini müdafiə etmək üçün dərmanlara çəkdiyi illik xərclərin hesabını təqdim etdi
140. Hökumət iddia etdi ki, ərizəçi 41-ci maddə üzrə heç bir məbləğ almamalıdır, çünki onun pis rəftar barədə iddiaları əsassızdır. İstənilən halda, onun tələbi həddən artıq yüksəkdir və şişirdilmişdir. Buna alternativ olaraq Hökumət israr etdi ki, pozuntunun müəyyən edilməsinin özü yetərli kompensasiyadır. Ərizəçinin iddia etdiyi maddi ziyana gəldikdə, Hökumət iddia etdi ki, ərizəçi sağlamlıq durumunun pisləşməsinin dövlət orqanlarının təqsiri ucbatından baş verdiyini əsaslandırmayıb.
141. İddia etdiyi maddi ziyanla bağlı Məhkəmə xatırladır ki, ərizəçinin iddia etdiyi ziyanla Konvensiyanın pozuntusu arasında açıq-aydın səbəbli əlaqə olmalıdır (bax: Barbera, Messege və Habardo İspaniyaya qarşı, 13 iyun 1994 (keçmiş 50-ci maddə), A seriyaları, c. 285-C, b. 16-20; Berktay Türkiyəyə qarşı, ərizə Nº 22493/93, b. 215, 1 mart 2001).
142. Məhkəmə artıq müəyyən etdi ki, ərizəçi qeyri-insani rəftara məruz qalıb, belə ki, ona həbsdə saxlanma yerində adekvat tibbi yardım göstərilməyib. Onun səhhəti pisləşib ki, bu da ona fiziki və mənəvi iztirablar gətirib (yuxarıda 83-cü bəndə bax). Lakin bu nəticə yalnız onun həbsdə saxlandığı dövrə aiddir və onun xəstəliklərinin adekvat olmayan müalicəsindən irəli gələn sonrakı mümkün nəticələrə aid deyil. Ərizəçi iddia etdi ki, azadlığa buraxıldıqdan sonra daimi tibbi müalicəyə ehtiyacı var; hər halda aydın deyil ki, bu məsələ ilə bağlı onun iddia etdiyi xərclər əvvəlcədən ərizəçidə olan və dövlət orqanlarının məsuliyyət daşımadığı xroniki xəstəliklərlə deyil, həbsdə saxlanma yerində ona tibbi yardım göstərilməməsinin nəticələri ilə nə dərəcədə əlaqədardır. Belə olan halda Məhkəmə Hökumətin belə bir arqumenti ilə razılaşır ki, bu bənd üzrə ərizəçinin iddiaları kifayət qədər əsaslandırılmayıb və Məhkəmə onları rədd edir.
143. Mənəvi ziyana gəldikdə, Məhkəmə xatırladır ki, o, artıq ərizəçinin Konvensiyanın 3, 5 və 6-cı maddələrində nəzərdə tutulmuş hüquqlarının pozulduğunu müəyyən etmişdir. O, konkret olaraq müəyyən etmişdir ki, həbsdə olduğu müddətdə ərizəçi adekvat tibbi müalicə almayıb. Bu fakt, şübhəsiz ki, ona uzun müddət ərzində (bir ildən artıq) müəyyən fiziki və mənəvi iztirablar gətirib. Bundan başqa, ərizəçi hər hansı düzgün əsaslandırma olmadan həbsdə saxlanılıb; onun azad edilmək barədə vəsatətlərinə baxılması həddən artıq vaxt aparıb. Bu da həmçinin ona əzab verib və onda köməksizlik hissi yaradıb. Nəhayət, ərizəçi tələ qurulması nəticəsində əldə edilmiş sübutlar əsasında cinayət təqibinə məruz qalıb, həbsə alınıb və sonra məhkum edilib. O, təhsilini dayandırmağa məcbur olub və cinayət təqibinin digər mənfi nəticələrinə (həm fiziki, həm də psixoloji) məruz qalıb. Bütün bunlar, xüsusən də ərizəçinin ruhi xəstəliyi və hadisələr baş verən zaman onun nisbətən yetkinləşməməsi ərizəçinin ciddi sağlamlıq problemlərini daha da ağırlaşdırıb. Eyni zamanda, Məhkəmə qeyd edir ki, daxili məhkəmə ərizəçini təqsirkar hesab etsə də, onu cinayət məsuliyyətindən azad edib və ona çox yüngül cəza təyin edib (məcburi tibbi müalicə).
144. Buna görə də, Məhkəmə qiymətləndirməni Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi ədalət prinsipi əsasında həyata keçirərək, ərizəçiyə bu bənd üzrə 12.000 (on iki min) avro, üstəgəl bu məbləğdən tutula bilən hər hansı vergi məbləğini təyin edir.
B. Məhkəmə xərcləri və digər məsrəflər
145. Ərizəçi məhkəmə xərclərinə və digər məsrəflərə görə 3.000 avro tələb etdi. Tələbini müdafiə etmək üçün ərizəçi Avropa İnsan Hüquqları Məhkəməsində onun maraqlarının təmsil olunması barədə xanım Kostromina ilə bağladığı müqaviləni təqdim etdi.
146. Hökumət iddia etdi ki, xanım Kostromina ilə müqavilə ərizəçinin özü tərəfindən deyil, atası tərəfindən imzalanıb. Bundan başqa, orada nəzərdə tutulmuşdu ki, xanım Kostromina “V.V. Xudobinin” maraqlarını təmsil edəcəkdir, amma ərizəçinin atasının inisialları da V.V.-dir. Müqavilədə işin nömrəsi göstərilməyib, buna görə də, Hökumət güman edir ki, müqavilənin bu işə aidiyyəti yoxdur.
147. Məhkəmə xatırladır ki, yalnız faktiki və zəruri olaraq çəkilən və ağlabatan məbləğdə olan məhkəmə xərclərinin və digər məsrəflərin əvəzi Konvensiyanın 41-ci maddəsi üzrə ödənilir (nümunə üçün bax: Staşaitis Litvaya qarşı, ərizə Nº 47679/99, b. 102-013, 21 mart 2002).
148. Məhkəmə Hökumətin bu arqumentini nəzərə alır ki, ərizəçinin atası ilə xanım Kostromina arasındakı müqavilənin bu işə aidiyyəti yoxdur. Lakin müqavilənin mətnindən belə çıxır ki, o, Avropa İnsan Hüquqları Məhkəməsindəki icraatla bağlıdır. Məhkəmənin baxacağı işlərin siyahısında ərizəçinin atası tərəfindən təqdim edilmiş iş yoxdur. Bundan başqa, yuxarıda müəyyən edildiyi kimi, xanım Kostromina daxili məhkəmələrdəki və Strasburqdakı icraatda ərizəçinin nümayəndəsi olub (yuxarıda 72-ci bəndə və ondan sonrakı bəndlərə bax). Buna görə də Məhkəmə bu qənaətə gəlir ki, xanım Kostromina ilə bağlanmış müqavilənin bu işə aidiyyəti var.
149. Bundan başqa, hər şey belə düşünməyə əsas verir ki, ərizəçinin atası ərizəçinin yüksək maraqları naminə hərəkət edib və ərizəçi susmaqla buna razılıq verib. Rusiya qanunvericiliyində belə vəziyyət zərurətdən irəli gələn nümayəndəlik hesab olunur (yuxarıda 71-ci bəndə bax) və Mülki Məcəllənin 984-cü maddəsinə əsasən, belə halda ərizəçinin üzərinə hüquqi öhdəlik qoyula bilər ki, atasının xanım Kostrominaya ödədiyi məbləğləri atasına ödəsin. Məhkəmə bu qənaətə gəlir ki, müqaviləyə əsasən xanım Kostrominaya çatası məbləğ ərizəçinin məhkəmə xərclərinə aid edilə bilər.
150. Məhkəmə qeyd edir ki, müqaviləyə əsasən xanım Kostrominaya çatası məbləğ 105.000 Rusiya rublu (təxminən 3.050 avro) təşkil edir. İşin mürəkkəbliyi nəzərə alınarsa, bu məbləğ Məhkəməyə həddən artıq böyük görünmür. Buna görə də Məhkəmə ərizəçiyə 105.000 Rusiya rublu, üstəgəl bu məbləğdən tutula bilən hər hansı vergi məbləğini təyin edir.
C. İcranın gecikdirilməsinə görə faiz
151. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:
1. Hökumətin ilkin etirazını rədd edir;
2. Qərara alır ki, həbsdə saxlanma yerində ərizəçinin adekvat tibbi müalicə almaması ilə bağlı Konvensiyanın 3-cü maddəsi pozulub;
3. Qərara alır ki, Konvensiyanın 3-cü maddəsi üzrə ərizəçinin təqdim etdiyi digər şikayətləri araşdırmağa ehtiyac yoxdur;
4. Qərara alır ki, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulub;
5. Qərara alır ki, Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi pozulub;
6. Qərara alır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub;
7. Qərara alır ki:
a) cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində ərizəçiyə aşağıdakı məbləğləri ödəməlidir:
i. mənəvi ziyana görə – 12.000 (on iki min) avro (bu məbləğ ödəniş tarixində tətbiq edilən məzənnə üzrə Rusiya rubluna çevrilməlidir );
ii. məhkəmə xərclərinə və digər məsrəflərə görə – 105.000 (yüz beş min) Rusiya rublu;
iii. yuxarıdakı məbləğlərdən tutula biləcək hər hansı vergi məbləği.
b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;
8. Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçinin qalan tələblərini rədd edir.
Qərar ingilis dilində tərtib edilmiş və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 26 oktyabr 2006-cı ildə qərar barədə yazılı məlumat verilmişdir.
Vinsent Berger (Vincent Berger)
Katib
Boştyan Zupançiç (Boštjan Zupanćić)
Sədr
Full & Egal Universal Law Academy