Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 53
May 2003-cü il
***
Kleyn (Kleyn) və başqaları Niderlanda qarşı [BP] – ərizələr № 39651/98, 39343/98, 46664/99 və c.
6.5.2003 tarixli qərar [Böyük Palata]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Qərəzsiz məhkəmə
Dövlət Şurasının öncə barəsində məsləhət rəyi verdiyi qanunvericilik aktına münasibətdə məhkəmə funksiyasına malik olması: pozuntu baş verməyib
Faktlar: 1991-ci ildə Dövlət Şurası yeni böyük regionlararası nəqliyyat infrastrukturunun planlaşdırılması üçün qanunvericilik bazasını təmin etməkdən ötrü nəzərdə tutulmuş "Nəqliyyat infrastrukturunun planlaşdırılması haqqında" qanun layihəsinə dair məsləhət rəyi verdi. Dövlət Şurasının rəyi əsasında qanun layihəsində bir sıra dəyişikliklər edildi və son nəticədə o, 1994-cü ildə "Nəqliyyat infrastrukturunun planlaşdırılması haqqında" qanun adı ilə qüvvəyə mindi. Eyni zamanda, Hökumət Almaniyanın dəmiryol şəbəkəsi ilə birləşəcək yeni dəmiryol xətti olan Betuve xətti ilə əlaqədar olaraq "Tikintinin planlaşdırılması haqqında qərar" layihəsini təqdim etdi. İctimai məsləhətləşmələr prosesindən sonra yenidən işlənmiş sənəd Parlamentin hər iki palatasına təqdim edildi. O, 1994-cü ilin mayında dərc edildiyi andan qüvvəyə mindi. Dövlət Şurasının İnzibati yurisdiksiya bölməsinə yenidən işlənmiş sənədlə bağlı çoxlu sayda şikayətlər təqdim edildi, o isə 1997-ci ilin yanvarında şikayətlərin əksəriyyətini rədd etdi, ərizəçilərin şikayətləri də buraya daxil idi. 1994-cü ilin iyununda dəmiryol xəttinin dəqiq marşrutunu müəyyən edən "Marşrutun müəyyənləşdirilməsi haqqında qərar"ın layihəsinin ilkin variantı ictimai müzakirəyə çıxarıldı. İctimai məsləhətləşmələrdən sonra 1996-cı ilin noyabrında marşrut qəti olaraq müəyyənləşdirildi. İnzibati yurisdiksiya bölməsinə çoxlu sayda şikayətlər təqdim edildi, ərizəçilərin şikayətləri də buraya daxil idi və onlardan ikisində işə baxan hakimlərə etiraz edilmiş və belə əsas gətirilmişdi ki, onlar Dövlət Şurasının plenar iclasında sözügedən qanunvericilik aktının hazırlanması prosesində iştirak ediblər. Xüsusi kollegiya həm bütövlükdə Dövlət Şurasına qarşı yönələn şikayəti, həm də apellyasiya şikayətlərinə baxan üç hakimə qarşı yönələn şikayəti qəbul olunmayan elan etdi və belə əsas gətirdi ki, onlar hər hansı formada şikayətçilərin mövqeyinə zidd olan rəy bildirməyiblər. Daha sonra İnzibati yurisdiksiya bölməsi şikayətlərin çoxunu rədd etdi, bununla belə, müəyyən spesifik şikayətləri təmin etdi. Hökumət bildirdi ki, həmin bölmənin qərarında layihənin 95%-i dəyişiklik edilmədən saxlanılıb və ona ciddi dəyişiklik edilməsinə ehtiyac olmayıb. Ləğv edilmiş hissələrlə bağlı yeni qərarlar qəbul edildi və ərizəçilər bununla bağlı əlavə şikayətlər təqdim etdilər, amma cəhdləri uğursuz oldu.
Hüquqi məsələlər – Ərizəçilərdən ikisinin Dövlət Şurasının hakimlərinə qarşı təqdim etdikləri etiraz vəsatəti rədd edilmişdi və Məhkəmə eyni prosesdə tərəf qismində iştirak edən digər ərizəçilərin növbəti etirazının fərqli qərarla nəticələnə biləcəyini düşünmür. Buna görə də bu ərizəçilərin öncədən uğursuzluğa məhkum olan bu hüquqi müdafiə vasitəsindən istifadə etmələri tələb olunmurdu. Mülki məhkəmələrə müraciət kimi hüquqi müdafiə vasitəsinə gəlincə, Hökumət ölkədaxili presedent hüququndan elə bir halı nümunə gətirmədi ki, həmin halda mülki məhkəmə Dövlət Şurasının yetərincə müstəqil və qərəzsiz olmaması ilə bağlı inzibati qərardan verilmiş şikayəti baxmağa qəbul etmiş olsun. Ərizəçilər yetərincə sübut ediblər ki, hazırkı işdə bu hüquqi müdafiə vasitəsi ağlabatan uğur perspektivinə malik vasitə hesab edilə bilməz. Buna görə də şikayətlər qəbulediləndir.
6-cı maddənin 1-ci bəndi – Bu iş konstitusiya hüququnun hər hansı xüsusi doktrinasının tətbiqini tələb etmirdi; Məhkəmənin qarşısındakı yeganə sual ondan ibarət idi ki, mövcud vəziyyətdə İnzibati yurisdiksiya bölməsi zəruri müstəqillik və ya zəruri "obyektiv" qərəzsizlik əlamətlərinə malik idimi? Dövlət Şurasının və onun üzvlərinin müstəqilliyi ilə bağlı ərizəçilərin narahatlığını əsaslandıran heç bir səbəb yox idi, həmçinin onun ərizəçilərin şikayətlərinə baxmış hər hansı üzvü tərəfindən subyektiv qərəzliliyin və ya tərəfkeşliyin əlamətləri də yox idi. Bununla belə, məsləhətverici və məhkəmə funksiyalarının bir orqanda cəmləşməsi 6-cı maddəyə əsasən həmin orqanın obyektiv qərəzliliyi ilə bağlı suallar doğura bilərdi (bax: Prokola Lüksemburqa qarşı, A seriyaları, № 326). Məhkəmə Hökumət qədər əmin deyildi ki, Prokolanın işi üzrə qərarda göstərilmiş tədbirlərin görülməsi (şikayətdə qaldırılan məsələ dəqiq şəkildə məsləhət rəyi ilə əlaqədar olduğu halda həmin məsləhət rəyinin verilməsində iştirak etmiş iki hakimin icraatdan kənarlaşdırılması) İnzibati yurisdiksiya bölməsinin ona təqdim edilən şikayətlərə baxarkən qərəzsiz məhkəmə orqanı olmasını təmin edirdi. Lakin bu sistemin Konvensiyaya uyğunluğu məsələsinə dair mücərrəd formada qərar çıxarmaq Məhkəmənin vəzifəsinə daxil deyil. Onun qarşısındakı sual ondan ibarət idi ki, Dövləti Şurasının institusional strukturunun onun müəyyən üzvlərinin həm məsləhətverici, həm də məhkəmə funksiyalarını həyata keçirmələrinə imkan verməsi ərizəçilərin verdikləri şikayətlərə münasibətdə obyektiv qərəzsizlik tələbinə uyğun idimi? Bu baxımdan qeyd etmək lazımdır ki, Dövlət Şurasının plenar iclası "Nəqliyyat infrastrukturunun planlaşdırılması haqqında" qanun layihəsi ilə bağlı məsləhət rəyini bildirmişdi, ərizəçilərin şikayətləri isə "Marşrutun müəyyənləşdirilməsi haqqında qərar"a qarşı verilmişdi. Beləliklə, Prokolanın işindəki situasiyadan fərqli olaraq, məsləhət rəyinin və şikayətlər üzrə aparılmış sonrakı icraatın "eyni işlə" və "eyni qərarla" əlaqədar olduğunu hesab etmək olmazdı. Təklif olunan dəmir yolu ilə bağlı məsləhət rəyində yer alan qeydlər sonradan "Marşrutun müəyyənləşdirilməsi haqqında qərar"ın qəbulu zamanı həll edilmiş məsələlərə dair rəylərin ifadə edilməsi və ya həmin məsələlərin öncədən həll edilməsi kimi şərh oluna bilməzdi. Buna görə də, belə bir vəziyyətdə müstəqillik və qərəzsizlik məsələsi ilə bağlı ərizəçilərin narahatlığını obyektiv əsasa malik narahatlıq hesab etmək olmazdı.
Nəticə: pozuntu baş verməyib (beş səsə qarşı on iki səslə).
Full & Egal Universal Law Academy