Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 42
May 2002-ci il
***
Kinqsli (Kingsley) Birləşmiş Krallığa qarşı [BP] – ərizə № 35605/97
28.5.2002 tarixli qərar [Böyük Palata]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Qərəzsiz məhkəmə
Mərc Oyunları Şurasının qərəzsizliyi və məhkəmə nəzarətinin tətbiq dairəsi: pozuntu baş verib
Faktlar: Ərizəçi bir neçə lisenziyalı kazinonun sahibi olan şirkətin baş direktoru idi. Polis tərəfindən reydlər keçirildikdən və çoxlu sayda sənədlər müsadirə olunduqdan sonra qanunla mərc oyunları sənayesinə nəzarət edən orqan şirkətin lisenziyalarının növbəti il üçün yenilənməsinə etiraz etdi və mövcud lisenziyaların ləğv olunması üçün müraciət etdi. Ərizəçi və şirkətin digər icraçı direktorları sonradan işdən azad edildilər. Şifahi məhkəmə iclasından sonra Lisenziya məsələləri üzrə magistrat məhkəməsi tərəfindən yeni lisenziyalar verildi, həmin iclasda Mərc Oyunları Şurası şirkətin lisenziya üçün müraciətini dəstəkləyərək bu fakta istinad etdi ki, Şurada narahatlıq doğurmuş məsələlərə görə məsuliyyət daşıyan icraçı direktorlar şirkəti tərk ediblər. Daha sonra Mərc Oyunları Şurası ərizəçiyə məlumat verdi ki, mərc oyunları sənayesində onun rəhbər vəzifə tutmağa yararlı şəxs olduğunu təsdiqləyən şəhadətnaməni geri almağı düşünür. Mərc Oyunları Şurasının üç üzvündən ibarət kollegiya tərəfindən keçirilmiş dinləmədən sonra ərizəçiyə məlumat verildi ki, o, bu sahədə rəhbər vəzifə tutmağa yararlı şəxs hesab edilmir və onun sertifikatı geri alınır. Bu qərarın nəticəsi ondan ibarət idi ki, ərizəçi mərc oyunları sənayesinin heç bir sektorunda işə götürülə bilməzdi. O, bu məsələyə məhkəmə nəzarəti qaydasında yenidən baxılmasına icazə verilməsi üçün vəsatət verdi və belə əsas gətirdi ki, həmin kollegiya qərəzli olub, çünki Lisenziya məsələləri üzrə magistrat məhkəməsindəki dinləmədə Mərc Oyunları Şurası onun bu sahədə rəhbər vəzifə tutmağa yararlı şəxs olmadığı barədə fikrini artıq ifadə etmişdi. Üstəlik, həmin icraatın gedişində Mərc Oyunları Şurasının açıqladığı daxili qərarda qeyd edilmişdi ki, onun işinə baxmazdan əvvəl Şura, o cümlədən kollegiyanın üzvləri bu qənaətə gəlmişdilər ki, ərizəçi bu iş üçün yararlı şəxs deyil. Yüksək Məhkəmə qəbul etdi ki, bu işdə qərəzliliyin zahiri əlamətləri vardı, amma bu qənaətə gəldi ki, real ədalətsizlik təhlükəsi mövcud deyildi. O əlavə etdi ki, "zərurilik doktrinasına" əsasən, kollegiyanın qərarı qüvvədə qalmalıdır: bu məsələnin baxılmaq üçün müstəqil məhkəməyə verilməsi mümkün olmadığına görə qərar Mərc Oyunları Şurasının özü tərəfindən qəbul edilməli idi. Apellyasiya məhkəməsi bu qiymətləndirmə ilə razılaşaraq, apellyasiya şikayətinə icazə verilməsi üçün ərizəçinin verdiyi vəsatəti rədd etdi.
Hüquqi məsələlər: 6-cı maddənin 1-ci bəndi – 7 noyabr 2000-ci il tarixli qərarında Palata bu qənaətə gəldi ki, həmin icraatda ərizəçinin mülki hüquq və vəzifələri müəyyən edilirdi, buna görə də 6-cı maddənin 1-ci bəndi bu işə tətbiq edilə bilər. O hesab etdi ki, kollegiya tələb olunan zahiri qərəzsizlik əlamətlərindən məhrum idi və bu nəticəyə gəldi ki, daxili məhkəmələr ilk qərarın çıxarılması üçün işi Mərc Oyunları Şurasına və ya digər müstəqil məhkəmə orqanına göndərmək hüququna malik olmadıqlarına görə, bu işin konkret halları baxımından kollegiyanın qərarına yenidən baxmaq üçün "tam səlahiyyətə" malik deyildilər. Buna görə də o, 6-cı maddənin 1-ci bəndinin pozulduğunu müəyyən etdi. İşin Böyük Palataya verilməsi barədə vəsatətində ərizəçi yalnız 41-ci maddədə nəzərdə tutulmuş məsələlərə istinad etdi, Palatanın şikayətə 6-cı maddənin 1-ci bəndi əsasında baxarkən şikayətin mahiyyəti üzrə gəldiyi nəticələrlə bağlı isə hər hansı məsələ qaldırmadı. Bundan əlavə, Hökumət Palatanın həmin bənd üzrə qərarı ilə razılaşaraq onu qəbul etdiyini təsdiqləyib. Böyük Palatanın icraatına verilmiş işlər təkcə tərəflərin mübahisələndirdiyi məsələləri deyil, həm də şikayətin Palatanın qərarında araşdırılmış bütün aspektlərini əhatə edir, buna görə də Palatanın 6-cı maddənin 1-ci bəndi ilə bağlı gəldiyi nəticələrdən kənarlaşmaq üçün heç bir əsas yoxdur. Beləliklə, həmin bəndin pozuntusu baş verib.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41 – Məhkəmə yeddi səsə qarşı on səslə bu nəticəyə gəldi ki, pozuntunun müəyyən edilməsi faktının özü ərizəçinin məruz qaldığı mənəvi ziyana görə ədalətli təzminat təşkil edir. O, məhkəmə xərclərinə və digər məsrəflərə görə kompensasiya təyin etdi.
Full & Egal Universal Law Academy