KOBENTER (KOBENTER) VƏ “STANDARD VERLAQS GMBH” (STANDARD VERLAGS GMBH) AVSTRİYAYA QARŞI İŞ
(Ərizə Nº 60899/00)
MƏHKƏMƏ QƏRARI
Strasburq
02 noyabr 2006-cı il
Bu qərarın qəti qərara çevriləcəyi tarix:
02.02.2007
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qərara çevriləcəkdir. Qərara redaktə xarakterli düzəlişlər edilə bilər.
Kobenter və “Standard Verlaqs GMBH” Avstriyaya qarşı məhkəmə işində Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci Seksiya),
hakimlər:
Cənab X.L.Rozakis (C.L.Rozakis), Sədr,
Cənab L.Lukaides (L.Loucaides),
Xanım F.Tulkens (F.Tulkens),
Xanım E.Stayner (E.Steiner),
Cənab X.Hacıyev (K.Hajiyev),
Cənab D.Spilmann (D.Spielmann),
Xanım S.E.Cebens (S.E.Jebens)
və Seksiyanın katibi Cənab S.Nilsendən (S.Nielsen) ibarət tərkibdə Palatada iclas keçirərək,
12 oktyabr 2006-cı ildə qapalı müşavirə keçirərək,
həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Avstriya Respublikasının vətəndaşı Cənab Samo Yakob Kobenter (“birinci ərizəçi”) və ofisi Vyanada yerləşən “Der Standard” qəzetinin sahibi və naşiri “Standard Verlaqs GmbH” tərəfindən 16 avqust 2000-ci ildə Məhkəməyə təqdim edilmiş Avstriya Respublikasına qarşı ərizə (Nº 60899/00) əsasında başlanmışdır.
2. Ərizəçini Vyanada vəkillik fəaliyyəti ilə məşğul olan Cənab M.Vukoşits təmsil etmişdir. Avstriya Hökumətini (“Hökumət”) onun nümayəndəsi, Federal Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq Departamentinin rəhbəri səfir F.Trautmansdorff təmsil etmişdir.
3. Ərizəçilər konkret olaraq iddia etmişlər ki, müvafiq surətdə Cinayət Məcəlləsinə və Kütləvi informasiya vasitələri haqqında Qanuna əsasən diffamasiyada təqsirli bilinmələri onların Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulmuş ifadə azadlığı hüququnu pozub.
O, istintaq müddətində həbsxanada adekvat tibbi yardım almayıb; onun həbsdə saxlanma şəraiti qeyri-insani və ləyaqəti alçaldan olub; məhkəməyə qədər həbsdə saxlandığı müddət ağlabatan müddət həddini aşıb; azadlığa buraxılmaq barədə müraciətlərinə əhəmiyyətli yubanmalarla baxılıb və ya heç baxılmayıb; və nəhayət, onun məhkum olunması bütünlüklə polisin təhrikçiliyi nəticəsində əldə edilmiş sübutlara əsaslanıb.
4. Ərizə Məhkəmənin Birinci Seksiyasının icraatına verilmişdir (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). 26-cı Qaydanın 1-ci bəndinə uyğun olaraq həmin Seksiyanın tərkibində işə baxacaq Palata təşkil edilmişdir (Konvensiyanın 27-ci maddəsinin 1-ci bəndi).
5. 1 noyabr 2004-cü ildə Məhkəmə öz Seksiyalarının tərkibində dəyişikliklər etmişdir (25-ci Qaydanın 1-ci bəndi). Bu iş yenidən təşkil edilmiş Birinci Seksiyaya təyin olunmuşdur (52-ci Qaydanın 1-ci bəndi).
6. 1 fevral 2005-ci il tarixli qərarı ilə Məhkəmə ərizəni qəbul olunan elan etmişdir.
7. Nə ərizəçi, nə də Hökumət əlavə yazılı izahatlar təqdim etmişlər (59-cu Qaydanın 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
8. Avstriya vətəndaşı olan birinci ərizəçi 1960-cı ildə Vyanada anadan olmuşdur və orada yaşayır, o, “Der Standard” qəzetinin redaktorudur. İkinci ərizəçi həmin qəzetin sahibi və naşiridir.
A. Şikayət ərizəsinin verilməsinə səbəb olmuş hallar
9. 26 oktyabr 1997-ci ildə “Avstriya Geylərinin və Lesbiyanlarının Forumu” adlı homoseksuallar qrupu (“Österreichisches Schwulen - und Lesbenforum”, ÖSLF) Sent Pöltendə nümayiş keçirdilər, nümayişdə “Der 13. – Zeitung der Katholiken für Glaube und Kirche” (“13-cü: Katoliklərin inanc və kilsə naminə qəzeti”) nəşrinin redaktorları iştirakçıların şəkillərini çəkdilər və onları nəşrin 13 noyabr 1997-ci il tarixli buraxılışında K.D. tərəfindən yazılmış məqalə ilə birlikdə dərc etdilər. Həmin məqalədə homoseksual əlaqələrə qarşı mənfi və düşmən münasibət bildirilir, o cümlədən hesab edilirdi ki, “onlar qamçı və kötəklə konkret cins intizamına gətirilməlidirlər” (sie gehören 'geschlechtsspezifisch' mit Peitsche und Ochsenziemer zurechtgewiesen) və “onlara nasist metodları tətbiq edilməlidir!”. Məqalədə daha sonra deyilirdi ki, “indi homoseksuallar siçovullar kimi yuvalarından çıxır və siyasətçilərlə kilsə rəsmiləri onlara “nəvazişlə” yanaşırlar”.
10 . Bundan sonra 44 nəfər homoseksual diffamasiyaya görə müəllif K.D.-yə qarşı xüsusi ittiham ərizəsi (Privatanklage) təqdim etdi və Kütləvi informasiya vasitələri haqqında Qanuna əsasən “Der 13.” nəşrinin sahibindən və naşirindən kompensasiya tələb etdi.
11. 13 iyul 1998-ci ildə Lins Regional Məhkəməsi (Landesgericht) müəyyən etdi ki, məqalənin müəyyən hissələri Cinayət Məcəlləsinin 115-ci maddəsinə əsasən təhqir cinayətini (Beleidigung) təşkil edir və “Der 13.” nəşrinin sahibinə və naşirinə göstəriş verdi ki, şəkillərdə görüntüləri olan dörd iddiaçıya kompensasiya ödəsin. O, digər iddiaçıların kompensasiya tələbini rədd etdi və K.D.-yə bəraət verdi. Məhkəmə müəyyən etdi ki, K.D. məqalədə iddiaçılardan heç birinin adını çəkməyib və məqaləsinin bu şəkillərlə birlikdə veriləcəyini bilməyib. Qərarın 14-cü və 15-ci səhifələrində “Məhəbbət lüğəti” (Lexikon der Liebe) adlı kitaba istinad edilməklə homoseksualizmin təbiətinə və bu mövzuda tədqiqatın nəticələrinə dair ətraflı qeydlər vardı. Orada həmçinin deyilirdi ki, “əslində homoseksualizm lesbiyanlar dünyasınıı və əlbəttə ki, lesbiyan heyvanları da özündə ehtiva edir”. Daha sonra qərarda eyni cinsli müxtəlif heyvanlar arasında cinsi əlaqələrin ətraflı nümunələrinin təsvir edildiyi uzun mətn parçaları verilirdi.
12. Bundan sonra siyasətçilər və “Astriya Geylərinin və Lesbiyanlarının Forumu”nun nümayəndələri qərarı çıxarmış hakim K.-P. B.-ni bu mətnə görə və qərarın dil üslubuna görə tənqid etdilər, qərar 13 iyul, 1 və 2 sentyabr 1998-ci ildə Avstriya Mətbuat Agentliyi (APA) tərəfindən bir sıra press-relizlərdə dərc olunmuşdu, o cümlədən 1 sentyabr 1998-ci ildə “Der Standard” nəşrində “Hakim və əziz mal-qara” (Der Richter und das liebe Vieh) adlı məqalə də dərc edilmişdi.
13. 2 sentyabr 1998-ci ildə “Der Standard” birinci ərizəçi tərəfindən yazılmış iki məqaləni dərc etdi, orada birinci ərizəçi sözügedən qərarın 32-ci səhifəsindəki şərhlə (Kommentar) bağlı yazırdı:
“Cəza otağı (Strenge Kammer)
Samo Kobenter
Qəribədir, Qərb dəyərlərinin tanınmış müdafiəçiləri müxtəlif əqidələrə, fikirlərə və həyat tərzinə malik insanlar tərəfindən amansız metodlara xələl gətiriləcəyini hiss etdikdə, çox vaxt həmin metodları qəbul etməyə meyl göstərirlər. Əgər hansısa qəzetdə müəllif deyirsə ki, o, geyləri qamçılamaq və ya polis dəyənəyi ilə kötəkləmək istərdi, adətən halda buna məhəl qoymağa dəyməz, təkcə onu demək olar ki, nə qədər ki homoseksualın arzularının obyektləri və ya subyektləri onun kimi bu arzulardan həzz alırlar, hər kəs öz homoseksual fantaziyaları ilə və ağlına gələn homoseksual fikirləri ilə, hətta sözləri ilə istədiyi kimi yaşamaq hüququna malikdir.
Lakin belə məsələlərə məhkəmədə baxılırsa, biz 20-ci əsrin sonunda hətta minimal dünyagörüşü olan hakimin ən azı orta əsrlərdə ifritələrə qarşı keçirilən məhkəmələrlə müqayisədə fərqli qərar çıxaracağına ümid edə bilərik. Lins məhkəməsinin hakimi K.-P. B. “şücaət” göstərərək işdə şübhənin mövcud olmasından faydalanan müttəhimə bəraət verdi, halbuki burada qətiyyən heç bir şübhə yox idi, əksinə, hakimin gətirdiyi əsaslar qamçılama həvəskarının, yalnız yazılı şəkildə də olsa, coşqunluqla ifadə etdiyi cəza təhdidlərinə haqq qazandırmaq üçün onun əlinə yetərli arqumentlər vermiş oldu. Bu, hər şeydən əvvəl məhkəmə iclası otağına bütün mümkün tendensiyalar baxımından sadəcə cəza otağı kimi baxmayan istənilən hüquq konsepsiyasına meydan oxumaqdır.
Homofobların qatı nifrət kampaniyasına dəstək verilməsi və heyvanlar aləmindən hiddət doğuran nümunələr gətirilməsi müvafiq hakimin əqli və mənəvi cəhətdən natamam olmadığına şübhə yaradır. İndi homoseksualların heyvan olmadığının ictimaiyyət qarşısında izah edilməsinə ehtiyac duyulması faktı bu ölkənin vəziyyəti barədə narahatlıq doğurur”.
14. 18 sentyabr 1998-ci ildə hakim K.-P. B. qərara aldı ki, məhkəmə qərarının 14-15-ci səhifələrindəki yuxarıda qeyd edilən hissələr 13 iyul 1998-ci il tarixli məhkəmə qərarından çıxarılmalıdır.
15. Sonradan hakim K.-P. B.-yə qarşı intizam icraatı başlandı. 20 iyul 1999-cu ildə intizam orqanı qismində çıxış edən İnnsbruk Apellyasiya Məhkəməsi (Oberlandesgericht) hakimə xəbərdarlıq formasında intizam cəzası təyin etdi. 20 sentyabr 1999-cu ildə Ali Məhkəmə (Oberster Gerichtshof) bu qərarı qüvvədə saxladı.
B. Diffamasiya prosesi
16. Eyni zamanda, hakim K.-P. B. 2 sentyabr 1998-ci ildə dərc olunmuş yuxarıda qeyd edilən məqalə ilə əlaqədar olaraq, diffamasiyaya görə birinci ərizəçiyə qarşı xüsusi ittiham ərizəsi (Üble Nachrede) təqdim etdi və Kütləvi informasiya vasitələri haqqında Qanuna əsasən ikinci ərizəçidən kompensasiya tələb etdi.
17. 29 iyun 1999-cu ildə Sent Pölten Regional Məhkəməsi Cinayət Məcəlləsinin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən birinci ərizəçini diffamasiyaya görə bir il sınaq müddəti ilə şərti məhkum etdi və onu 13.500 Avstriya şillinqi (981 avro) məbləğində cərimələdi. O, həmçinin qərara aldı ki, ikinci ərizəçi Kütləvi informasiya vasitələri haqqında Qanunun 6-cı maddəsinə əsasən hakim K.-P. B.-yə 50.000 Avstriya şillinqi (3.633 avro) məbləğində kompensasiya ödəməli və məhkəmə qərarını dərc etməlidir. O, konkret olaraq müəyyən etdi ki, məqalədə yer alan aşağıdakı fikirlər hakimin qanunla və peşə davranışı qaydaları ilə (Gesetzes - und Standespflichten) nəzərdə tutulan, ondan tələb olunan vəzifə borcunu yerinə yetirmədiyini bildirən böhtan xarakterli irad təşkil etməklə hakim K.-P. B.-ni ictimaiyyətin nəzərində hörmətdən sala bilərdi:
a) xüsusi ittiham qaydasında çıxarılmış qərar orta əsrlərdə ifritələrə qarşı keçirilən məhkəmələrin qərarlarından o qədər də fərqlənmir (das vom Privatankläger gefällte Urteil würde sich nur “marginal von den Traditionen mittelalterlicher Hexenprozesse abheben”); və
b) hakim K.-P. B. homofobların qatı nifrət kampaniyasına dəstək vermiş və heyvanlar aləmindən hiddət doğuran nümunələr gətirmişdir (und dieser würde “die geifernde Hetze eines Homophoben mit haarsträubenden Belegen aus dem Tierreich stützen”).
18. Məhkəmə digər məsələlərlə yanaşı qeyd etdi ki, hətta həmin məhkəmə qərarının əsaslandırıcı hissəsində namünasib qeydlər olsa belə, bundan belə nəticə çıxmırdı ki, xüsusi ittiham qaydasında işə baxmış hakim K.-P. B. homoseksuallara və heteroseksuallara müxtəlif hüquqlar verilməli olduğunu düşünürdü, həm də o, homoseksualları heyvanlarla müqayisə etməmiş və ya onlarla eyni səviyyəyə qoymamışdı.
19. 11 noyabr 1999-cu ildə ərizəçilər bu qərardan şikayət verərək iddia etdilər ki, sözügedən məqalədə hakim K.-P. B.-nin məhkəmə araşdırmasını necə aparması deyil, yalnız qərarın əsasları tənqid olunmuşdu. Məqalədəki ifadələr faktlara əsaslanan qiymətləndirici mülahizələr idi, buna görə də Konvensiyanın 10-cu maddəsi ilə qorunurdu. Onlar iddia etdilər ki, jurnalist azadlığının müəyyən dərəcədə şişirtmələrə və hətta provokasiyalara yol verdiyini və məhkəmə qərarının əsaslarının təkcə müxtəlif kütləvi informasiya vasitələrində deyil, həm də hakimlər arasında ictimai müzakirələrə səbəb olduğunu nəzərə alsaq, məqalənin polemika üslubu da qeyri-mütənasib deyildi.
20. 16 fevral 2000-ci ildə Vyana Apellyasiya Məhkəməsi ərizəçilərin şikayətini rədd etdi və Regional Məhkəmənin qərarını qüvvədə saxladı. O, müəyyən etdi ki, mövzu ilə maraqlanan sıravi oxucu birinci fikri belə başa düşə bilərdi ki, xüsusi ittiham qaydasında işə baxan hakim əsas prosessual hüquqları, məsələn, qərəzsizlik və çəkişmə prinsiplərini kobudcasına pozub, bu hüquqlar orta əsrlərdə ifritələrin məhkəmələrində də mütəmadi pozulurdu. Beləliklə, hakimin peşə davranışı qaydalarının tələblərini pozduğu barədə bu irad konkret faktlara söykənirdi, amma məhkəmə araşdırmasının protokolu onun həqiqət olmadığını üzə çıxardı. İkinci fikir təkcə qiymətləndirici mülahizə deyildi, həm də orada belə bir gizli məna vardı ki, hakim K.-P. B. təqsirləndirilən K.D.-nin tərəfində idi və buna görə də qərəzli mövqe tutmuşdu. Məqalədə hakim K.-P. B.-nin məhkəmə araşdırmasını qərəzsiz apardığı barədə bir söz deyilmədiyinə görə və qərarın yalnız müəyyən hissələri tənqidə məruz qaldığına görə, həmin fikirlər faktlara əsaslanan qiymətləndirici mülahizələr sayıla bilməzdi. Əksinə, işlədildikləri kontekstdə onlar faktlara məhəl qoymayan fikirlər idi və Konvensiyanın 10-cu maddəsinin müdafiəsinin hüdudları daxilinə düşmürdü. Yuxarıda qeyd edilən qərarın müəyyən hissələri hüquqi cəhətdən lüzumsuz olduğuna görə (sonradan 18 sentyabr 1998-ci il tarixli qərarı ilə onları məhkəmə qərarının tərkibindən xaric etmiş hakim bunu təsdiq etmişdi), həmin hissələr (ədalətli) şərhə məruz qala bilərdi.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
21. Kütləvi informasiya vasitələri haqqında Qanunun 6-cı maddəsinin 1-ci bəndi diffamasiya hallarında naşirin ciddi məsuliyyətini nəzərdə tutur, belə ki, zərərçəkən ondan ziyanın əvəzinin ödənilməsini tələb edə bilər. bu kontekstdə “diffamasiyaya” Cinayət Məcəlləsinin (Strafgesetzbuch) 111-ci maddəsində aşağıdakı anlayış verilmişdir:
“1. Digər şəxsə qarşı alçaldıcı xarakterli və ya alçaldıcı münasibətli ittihamedici fikirlər söyləyən, yaxud şərəf və ya mənəviyyat hissinə zidd davranan şəxs altı ayadək həbs və ya cərimə cəzası ilə cəzalandırılır. (...)
2. Bu cinayəti dərc olunmuş sənəd vasitəsilə, yayım vasitəsilə, yaxud başqa vasitə ilə törədən və bu yolla diffamasiyanı cəmiyyətin geniş təbəqələri arasında yayan hər kəs bir ilədək həbs və ya cərimə cəzası ilə cəzalandırılır. (...)
3. Həqiqət olduğu sübut edilən fikri bildirmiş şəxs cəzalandırılmır. 1-ci bənddə qeyd edilmiş cinayətə gəldikdə, mövcud vəziyyətdə bildirdiyi fikrin həqiqət olduğunu güman etməsi üçün şəxsin yetərli əsası olmuşdursa, o, məsuliyyətə cəlb olunmur.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 10-cu MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
22. Ərizəçilər iddia etdilər ki, Avstriya məhkəmələrinin birinci ərizəçini Cinayət Məcəlləsinin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən diffamasiyaya görə məhkum edən və 981 avro məbləğində cərimələyən və ikinci ərizəçinin üzərinə 3.633 avro məbləğində kompensasiya ödəmək vəzifəsi qoyan qərarları onların 10-cu maddədə nəzərdə tutulmuş ifadə azadlığı hüququnu pozub, həmin maddənin bu işə aidiyyəti olan hissəsində deyilir:
“1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. (...)
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər”.
A. Müdaxilə baş vermişdimi?
23. Məhkəmə qeyd edir ki, ümumən tərəflər razıdırlar ki, birinci ərizəçinin məhkum edilməsi və ikinci ərizəçiyə qarşı kompensasiya qərarının çıxarılması onların Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndi ilə təmin edilən ifadə azadlığı hüququnu pozub.
B. Müdaxiləyə haqq qazandırmaq olardımı?
24. Müdaxilə o halda Konvensiyanın 10-cu maddəsinə zidd olur ki, “qanunla nəzərdə tutulmuş” olmasın, 2-ci bənddə qeyd edilən qanuni məqsədlərdən birini və ya bir neçəsini daşımasın və həmin məqsədə və ya məqsədlərə nail olmaq üçün “demokratik cəmiyyətdə zəruri” olmasın.
1. “Qanunla nəzərdə tutulmuş”
25. Məhkəmə hesab edir ki və tərəflər də razıdırlar ki, müdaxilə qanunla, yəni Cinayət Məcəlləsinin 111-ci maddəsi ilə və müvafiq surətdə həmin maddə ilə birgə götürülməklə Kütləvi informasiya vasitələri haqqında Qanunun 6-cı maddəsi ilə nəzərdə tutulmuşdu.
2. Qanuni məqsəd
26. Məhkəmə daha sonra qeyd edir ki və tərəflər də etiraz etmirlər ki, müdaxilə qanuni məqsədə xidmət edib, yəni Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulan mənada “digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi” məqsədini daşıyıb.
3. “Demokratik cəmiyyətdə zəruri”
a) Tərəflərin Məhkəmə qarşısında arqumentləri
27. Hökumət bildirdi ki, tədbirlər demokratik cəmiyyətdə zəruri idi və Avstriya məhkəmələri öz qərarlarını yetərli və inandırıcı şəkildə əsaslandırmışdılar. Onlar konkret olaraq hesab etmişlər ki, mübahisə doğuran fikirlər, yəni hakimin əsas prosessual təminatları nəzərə almaması ilə, habelə qərəzsizlik və çəkişmə prinsiplərini pozması ilə bağlı iradlar həqiqətə uyğun olmayan faktlara əsaslanmış fikirlər idi. Həmin fikirlər qəbul oluna bilən qiymətləndirici mülahizələr deyildi, çünki onların yetərli faktual bazası yox idi. Konkret olaraq, sözügedən məqalədən belə nəticə çıxmır ki, hakim prosesi obyektiv tərzdə aparıb, mövcud faktlara əsaslanıb və məqalənin məqsədi yalnız qərarın əsaslandırıcı hissəsindəki bir parçanı tənqid etmək olub. Bundan başqa, etiraz edilən qərarın təfsilatları və əvvəlki cinayət prosesinə səbəb olmuş hallar hakimə qarşı bu cür ciddi ittihamlar irəli sürülməsini, o cümlədən ədalət mühakiməsinin nüfuzuna qarşı hücuma keçilməsini tələb edəcək dərəcədə geniş ictimaiyyətə məlum deyildi. Tərəflərin maraqları arasında, yəni bir tərəfdən ərizəçilərin ictimai maraq doğuran məsələlərə dair məlumat və ideyaları yaymaq marağı, digər tərəfdən nüfuzunun qorunması ilə bağlı hakimin marağı və bütövlükdə ədalət mühakiməsinin marağı arasında balansı axtararkən məhkəmələr məsələni sonuncu maraqların xeyrinə həll etmişdilər. Bundan başqa, tətbiq edilmiş sanksiyalar bütövlükdə bu işin işığında və ərizəçilərin iqtisadi vəziyyəti baxımından da mütənasib idi.
28. Ərizəçilər Avstriya məhkəmələrinin qərarlarının demokratik cəmiyyətdə zəruri olduğuna etiraz etdilər. Onlar iddia etdilər ki, mübahisə doğuran fikirlər faktual əsası olan qiymətləndirici mülahizələrdir, onların faktual bazası hakimin qərarının əsaslandırıcı hissəsidir. Bu faktual baza oxuculara da məlum idi, çünki o, bir neçə dəfə dərc olunmuşdu, o cümlədən “Der Standard” 1 sentyabr 1998-ci il tarixli buraxılışında onu dərc etmişdi və 2 sentyabr 1998-ci tarixli buraxılışın 32-ci səhifəsində başqa bir məqalə dərc olunmuşdu ki, həmin məqalədə məhkəmə qərarındakı şərhə açıq-aydın istinad edilmişdi. Bundan başqa, daxili məhkəmələr, eləcə də, Hökumət məqalənin “şərh” kimi yazıldığı fikri ilə və beləliklə məsələdən xəbərdar olan oxucuya orada müəllifin tənqidi qiymətləndirməsinin təqdim edildiyi fikri ilə razılaşmadılar. Ərizəçilərin fikrincə, məhkəmələr həmçinin bu fakta da əhəmiyyət verməmişdilər ki, məqalə yalnız xüsusi ittiham qaydasında hakimin çıxardığı qərarla əlaqədar idi və onun prosesi necə aparması ilə bağlı deyildi. Buna görə də ərizəçilər hakimə çəkişmə prinsipinə əməl etməməsini və ya qərəzli olduğunu irad tutduqları barədə Hökumətin arqumentini və daxili məhkəmələrin rəylərini paylaşmadılar. Bundan başqa, onlar hesab etdilər Konvensiyanın 10-cu maddəsi ilə bağlı Hökumətin mövqeyi inandırıcı deyil və Məhkəmənin presedent hüququnun tələblərindən kənara çıxır, həmin mövqe bundan ibarətdir ki, onların tənqidi qeydlərində belə bir fakt göstərilməli idi ki, məhkəmə prosesi ədalətli şəkildə aparılmışdı. Nəticə etibarı ilə ərizəçilərin təqsirli bilinmələri qeyri-mütənasib tədbir idi və demokratik cəmiyyətdə zəruri deyildi.
b) Məhkəmənin qiymətləndirməsi
29. Məhkəmə Konvensiyanın 10-cu maddəsi üzrə onun presedent hüququ ilə bərqərar edilmiş prinsipləri bir daha xatırladır:
1) Mətbuat demokratik cəmiyyətdə mühüm rol oynayır. Baxmayaraq ki, o, bəzi məsələlərdə, xüsusən digər şəxslərin nüfuzuna və hüquqlarına hörmət məsələsində müəyyən hədləri aşa bilməz, hər halda onun vəzifəsi ictimai maraq doğuran bütün məsələlər barədə məlumat və ideyaları öz vəzifə və öhdəliklərinə uyğun şəkildə yaymaqdır (bax: De Haes və Giysels Belçikayta qarşı, 24 fevral 1997, Qərarlar toplusu, 1997-I, s. 233-234, b. 37). Nəinki mətbuatın məlumat və ideyaları yaymaq hüququ var, həm də ictimaiyyətin onları qəbul etmək hüququ var. Əgər başqa cür olsaydı, mətbuat özünün mühüm funksiyası olan “ictimai keşikçi” funksiyasını yerinə yetirə bilməzdi (bax: Torgeyr Torgeyrson İslandiyaya qarşı, 25 iyun 1992, A seriyaları, c. 239, s. 25, b. 63; Bladet Tromsö və Stensas Norveçə qarşı [GC], ərizə Nº 21980/93, b. 62, AİHM 1999-III; və “Unabhängige Initiative Informationsvielfalt” Avstriyaya qarşı, ərizə Nº 28525/95, 26 fevral 2002).
2) Buraya, şübhəsiz ki, demokratik cəmiyyətdə zəruri institut olan ədalət mühakiməsinin fəaliyyəti ilə bağlı məsələlər də daxildir. Mətbuat elə vasitələrdən biridir ki, onun köməyi ilə siyasətçilər və ictimai rəy hakimlərin öz ağır vəzifələrini onlara həvalə edilmiş vəzifənin təməlində duran məqsədə uyğun tərzdə yerinə yetirib-yetirmədiklərini yoxlaya bilərlər. Lakin ədalət mühakiməsinin cəmiyyətdəki xüsusi rolunu nəzərə almaq lazımdır. Qanunun aliliyi vasitəsilə idarə olunan dövlətin təməl dəyəri olan ədalətin təminatçısı kimi, ədalət mühakiməsi öz vəzifələrini uğurla yerinə yetirmək üçün ictimaiyyətin inamına nail olmalıdır. Buna görə də onun mahiyyət etibarı ilə əsassız olan destruktiv hücumlardan həmin inamı qoruyaraq mühafizə etməsi zəruridir, xüsusən nəzərə alsaq ki, tənqid edilən hakimlərin vəzifə borcları onların həmin tənqidlərə cavab vermələrinə imkan vermir (bax: Prager və Oberşlik Avstriyaya qarşı, 26 aprel 1995, A seriyaları, c. 313, s. 17, b. 34).
3) İfadə azadlığı demokratik cəmiyyətin əsas dayaqlarından birini təşkil edir və onun tərəqqisinin, habelə hər bir fərdin özünüifadəsinin əsas şərtlərindən biridir. 10-cu maddənin 2-ci bəndi nəzərə alınmaq şərti ilə, ifadə azadlığı təkcə müsbət qarşılanan, yaxud zərərsiz sayılan və ya laqeydliklə yanaşılan “məlumat” və ya “ideyalara” deyil, həm də insanları qıcıqlandıran, şoka və ya təşvişə salan “məlumat” və ya “ideyalara” şamil olunur. 10-cu maddənin 2-ci bəndində təsbit edildiyi kimi, bu azadlıq məhdudiyyətlərə məruz qala bilər, lakin həmin məhdudiyyətlər dəqiq şəkildə şərh olunmalı və hər hansı məhdudiyyətə ehtiyacın olması inandırıcı şəkildə sübuta yetirilməlidir (bax: Nilsen və Yonsen Norveçə qarşı [GC], ərizə Nº 23118/93, b. 43, AİHM 1999-VIII).
4) Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən siyasi nitqlərə və ya ictimai məsələlərə dair müzakirələrə çox dar çərçivədə məhdudiyyətlər qoyula bilər (bax: Sürək Türkiyəyə qarşı (Nº 1) [GC], ərizə Nº 26682/95, b. 61, AİHM 1999-IV).
5) “Zəruri” anlayışı “təxirəsalınmaz ictimai tələbatı” bildirir. İştirakçı dövlətlər bu məsələ ilə bağlı qiymətləndirmə sərbəstliyinə malikdirlər. Lakin bu sərbəstlik Avropa nəzarəti ilə müşayiət olunur, vəziyyətdən asılı olaraq həmin nəzarət çox və ya az ola bilər. Qiymətləndirmə sərbəstliyinə uyğun olaraq milli hakimiyyət orqanlarının qəbul etdikləri qərarları 10-cu maddə üzrə araşdırarkən Konvensiya orqanları müdaxilənin qarşıya qoyulan qanuni məqsədə “mütənasib” olub-olmadığını və hakimiyyət orqanlarının müdaxiləyə haqq qazandırmaq üçün gətirdikləri əsasların “münasib və yetərli” olub-olmadığını bütövlükdə konkret işin işığında müəyyən etməlidirlər (bax: Lingensin işi üzrə qərar, s. 25, b. 39-40; və “Sandi Tayms” Birləşmiş Krallığa qarşı (Nº 2), 26 noyabr 1991, A seriyaları, c. 217, s. 28-29, b. 50).
6) Təyin edilən cəzanın xarakteri və ağırlığı da müdaxilənin mütənasibliyi qiymətləndirilərkən nəzərə alınmalı olan amillərdəndir (nümunə üçün bax: Ceylan Türkiyəyə qarşı [GC], ərizə Nº 23556/94, b. 37, AİHM 1999-IV; Tammer Estoniyaya qarşı, ərizə Nº 41205/98, b. 69, AİHM 2001-I; və Perna İtaliyaya qarşı [GC], ərizə Nº 48898/99, b. 39, 25 oyul 2001).
30. Bu işin hallarına gəldikdə, Məhkəmə yuxarıda qeyd edilən prinsipləri nəzərə alaraq və Hökumətdən və daxili məhkəmələrdən fərqli olaraq hesab edir ki, məqalədəki şərh, xüsusən onun mübahisə doğuran hissələri qiymətləndirici mülahizələr idi və 10-cu maddənin məqsədləri baxımından yetərli faktual əsasa malik idi. Birincisi, qərarın əsaslandırıcı hissəsi kütləvi informasiya vasitələrində, o cümlədən “Der Standard” nəşrinin iki digər məqaləsində kəskin tənqid edilmişdi, onlardan biri sözügedən şərhlə eyni gündə başqa səhifədə dərc olunmuş, digəri isə bir gün əvvəl dərc olunmuşdu. İkincisi, “xüsusi ittiham qaydasında çıxarılmış qərar orta əsrlərdə ifritələrə qarşı keçirilən məhkəmələrin qərarlarından o qədər də fərqlənmir” ifadəsi kifayət qədər aydın göstərirdi ki, tənqid məhkəmə qərarı ilə bağlı idi və məqalədə heç də daxili məhkəmələrin və Hökumətin hesab etdiyi kimi hakimin prosesi apararkən yol verdiyi qüsurlardan söhbət getmirdi.
31. Məhkəmə hesab edir ki, bu məsələ həmin vaxt ictimai maraq doğuran məsələ idi. Lakin Hökumətdən və müvafiq tərəflərin maraqları arasında balans axtararkən məsələni hakimin nüfuzunun qorunmasının və bütövlükdə ədalət mühakiməsinin marağının xeyrinə həll etmiş daxili məhkəmələrdən fərqli olaraq, Məhkəmə hesab edir ki, ərizəçilərin bu mövzu barədə məlumatları yaymaq marağı, baxmayaraq ki, həmin məlumatlar, ola bilsin ki, bir qədər provokasiya üslubunda və sərt tonda ifadə edilmişdi, bu işin halları baxımından yuxarıda qeyd edilən maraqlardan daha üstün idi. Əvvəla məhkəmə qərarının müvafiq hissələrinin sonradan həmin qərardan çıxarılması və ikincisi, sonradan intizam icraatında hakimə xəbərdarlıq tədbirinin tətbiq edilməsi sübut edir ki, hakim çətin vəzifələrinin öhdəsindən hakimlərə etibar edilmiş məqsədlərə uyğun şəkildə gələ bilməyib (bax: Prager və Oberşlikin işi üzrə yuxarıda adı çəkilən qərar). Buna görə də Məhkəmə hesab edir ki, ərizəçilər ictimai “keşikçi” qismində öz vəzifələrinə əməl edərək bunun üçün lazımi səy göstərmişlər və məqalədəki tənqid müvafiq hakimə və ya bütövlükdə ədalət mühakiməsinə qarşı hər hansı əsassız destruktiv hücuma bərabər olmayıb (bax: Prager və Oberşlikin işi üzrə yuxarıda adı çəkilən qərar).
32. Beləliklə, Məhkəmə bu fikirdədir ki, Avstriya məhkəmələrinin tətbiq etdikləri standartlar 10-cu maddədə təsbit edilmiş prinsiplərə uyğun deyildi və daxili məhkəmələr sözügedən müdaxiləni, yəni sözügedən tənqidi fikirləri bildirmələri ilə əlaqədar olaraq birinci ərizəçinin diffamasiyaya görə məhkum edilməsini və ərizəçi şirkətə cərimə təyin olunmasını əsaslandırmaq üçün “münasib və yetərli” əsaslar gətirməyiblər. Məhkəmə Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən ictimai məsələlərə dair müzakirələrə yalnız dar çərçivədə məhdudiyyətlər qoyulmasına icazə verildiyini nəzərə alaraq, heab edir ki, daxili məhkəmələr üzv dövlətlərə verilmiş qiymətləndirmə sərbəstliyinin hüdudlarını aşmışdılar və müdaxilə qarşıya qoyulmuş məqsədə mütənasib deyildi, buna görə də müdaxilə “demokratik cəmiyyətdə zəruri” deyildi.
33. Yekunda Məhkəmə müəyyən edir ki, Avstriya məhkəmələri birinci ərizəçini məhkum edərkən və ikinci ərizəçinin üzərinə kompensasiya ödəmək vəzifəsini qoyarkən qiymətləndirmə sərbəstliyinin hüdudlarını aşıblar və bu tədbirlər demokratik cəmiyyətdə zəruri olmayıb.
III. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
34. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiya ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.
A. Ziyan
35. İkinci ərizəçi maddi ziyanın əvəzində 3.633,64 avro istədi, bu, Avstriya məhkəmələrinin hakim K.-P. B.-yə təyin etdikləri məbləğə uyğundur. Bundan başqa, ikinci ərizəçi məhkəmə qərarı əsasında hakim K.-P. B.-yə ödənilmiş 50.000 Avstriya şillinqinin (4.890,52 avro) əvəzinin ödənilməsini tələb etdi və qəzetdə dərc edilmiş məhkəmə qərarına görə 1.800,80 avro istədi. O, iddia etdi ki, bu məbləğ həmin vaxt qəzetdə dərc olunan yazılara görə ödənilən məbləğə uyğundur və qiymət cədvəlinin surətini də əlavə etdi. Birinci ərizəçi ona qarşı çıxarılmış hökm nəticəsində məruz qaldığı mənəvi ziyanın əvəzində 7.000 avro və daxili məhkəmə proseslərində çəkdiyi xərclərlə bağlı məruz qaldığı maddi ziyanın əvəzində 152,61 avro istədi.
36. Maddi ziyana görə kompensasiya tələblərinə gəldikdə, Hökumət iddia etdi ki, ikinci ərizəçinin məhkəmə qərarının dərc olunmasına görə çəkdiyi xərclərlə bağlı kompensasiya tələbi, onun fikrincə, yetərincə əsaslandırılmayıb, habelə onun fikrincə, ikinci ərizəçinin qəzetində reklam yeri üçün qiymət cədvəli inandırıcı deyil. Mənəvi ziyana gəldikdə, Hökumət bildirdi ki, birinci ərizəçi öz iddiasını əsaslandıra bilməyib, digər işlərdə təyin olunan kompensasiya məbləğlərinə onun istinad etməsi isə kifayət deyil.
37. İkinci ərizəçinin daxili məhkəmə proseslərində K.-P. B.-nin iddia tələbi ilə bağlı çəkdiyi məhkəmə xərcləri ilə, habelə ona ödədiyi kompensasiya ilə bağlı tələbinin Konvensiyanın 10-cu maddəsinin pozuntusunun Məhkəmə tərəfindən müəyyən edilməsi ilə birbaşa əlaqəsini nəzərə alaraq, ikinci ərizəçi həmin məbləğləri bütünlüklə geri almaq hüququna malikdir. Eyni sözlər daxili məhkəmə proseslərində birinci ərizəçiyə qarşı çıxarılmış 152,61 avro məbləğində kompensasiya qərarına da aiddir. İkinci ərizəçinin məhkəmə qərarının dərc olunmasına görə çəkdiyi xərclərlə bağlı kompensasiya tələbinə gəldikdə, Məhkəmə qeyd edir ki, qərar həqiqətən dərc olunmuşdur və həmin qərarla bağlı Məhkəmə 10-cu maddənin pozulduğunu müəyyən etmişdir; ikinci ərizəçi məbləği necə hesabladığını kifayət qədər aydın şəkildə göstərmişdir və həmin məbləğ özlüyündə ağlabatan görünür. Buna görə də Məhkəmə onun bu tələbini də bütünlüklə təmin edir. Müvafiq surətdə, o, maddi ziyan başlığı altında birinci ərizəçiyə 152,61 avro, ikinci ərizəçiyə isə 10.324,96 avro təyin edir.
38. Birinci ərizəçinin mənəvi ziyana görə kompensasiya tələbinə gəldikdə, Məhkəmə hesab edir ki, məhkumluq birinci ərizəçinin cinayət dosyesinə daxil edilməklə onun üçün mənfi nəticələr törədib, buna görə də ədalət prinsipi əsasında ona mənəvi ziyan başlığı altında 5.000 avro təyin edir (bax: Şarsax və “News Verlags-gesellschaft” Avstriyaya qarşı, ərizə Nº 39394/98, b. 51, AİHM 2003-XI; həmçinin müvafiq dəyişikliklərlə bax: Nikula Finlandiyaya qarşı, ərizə Nº 31611/96, b. 65, AİHM 2002-II).
B. Məhkəmə xərcləri və digər məsrəflər
39. İkinci ərizəçi, daxili məhkəmə proseslərində çəkdiyi məhkəmə xərclərinə və digər məsrəflərə görə 3.971,24 avro kompensasiya tələb etdi (həmin məbləğdən çıxılmalı olan dövriyyə vergisi nəzərə alınmadan). O, bundan əlavə Strasburqdakı icraatda çəkdiyi məhkəmə xərclərinə və digər məsrəflərə görə 4.956 avro tələb etdi (həmin məbləğdən çıxılmalı olan dövriyyə vergisi nəzərə alınmadan).
40. Hökumət bildirdi ki, tələb olunan məbləğlər həddən artıq böyükdür. Daxili məhkəmə proseslərindəki xərclərin kompensasiyası barədə tələbə gəldikdə, Hökumət bildirdi ki, ikinci ərizəçinin bir dəfə prosesin təxirə salınması barədə müraciət etməsi (bunun üçün 30,81 avro tələb olunmuşdur) Konvensiyanın pozuntusunun qarşısını almaq istiqamətində atılmış zəruri addım sayıla bilməz və buna görə də Məhkəmə ona həmin məbləği təyin etməməlidir. Konvensiya üzrə icraata gəldikdə, Hökumət iddia etdi ki, hesablanmış məbləğlər həddən artıq yüksəkdir və ərizəçilər 41-ci maddə üzrə iddialarını təqdim edərkən sadəcə olaraq bundan əvvəl daxili məhkəmə proseslərində tərtib etdikləri iddia tələblərini yenidən təqdim ediblər. Təkcə bu işə görə 991,30 avro tələb edilməsi həddən artıq çoxdur. Hökumətin fikrincə, Konvensiya üzrə icraatla bağlı çəkilmiş xərclərə görə haqlı məbləğ 2.173,95 avrodur.
41. Məhkəmə hesab edir ki, daxili məhkəmə proseslərində çəkilmiş xərclərlə bağlı tələb ağlabatandır və 3.971,24 avro məbləğini bütünlüklə təyin edir. Konvensiya üzrə icraata gəldikdə, Məhkəmə qiymətləndirməni ümumi əsaslar üzrə apararaq və bu işlə müqayisə oluna bilən işlərdə təyin edilmiş məbləğləri nəzərə alaraq, bu başlıq altında 4.00 avro təyin edir.
C. İcranın gecikdirilməsinə görə faiz
42. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:
1. Qərara alır ki, Konvensiyanın 10-cu maddəsi pozulub;
2. Qərara alır ki:
a) cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində ərizəçiyə aşağıdakı məbləğləri ödəməlidir:
i. maddi ziyana görə – birinci ərizəçiyə 152,61 avro (yüz əlli iki avro altmış bir sent) avro və ikinci ərizəçiyə 10.324,96 avro (on min üç yüz iyirmi dörd avro doxsan altı sent);
ii. mənəvi ziyana görə – birinci ərizəçiyə 5.000 (beş min) avro;
iii. məhkəmə xərclərinə və digər məsrəflərə görə ikinci ərizəçiyə – 7.971,24 avro (yeddi min doqquz yüz yetmiş bir avro iyirmi dörd sent);
iv. yuxarıdakı məbləğlərdən tutula biləcək hər hansı vergi məbləği.
b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;
3. Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçinin qalan tələblərini rədd edir.
Qərar ingilis dilində tərtib edilmiş və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 2 noyabr 2006-cı ildə qərar barədə yazılı məlumat verilmişdir.
Sören Nilsen (Søren Nielsen)
Katib
Xristos Rozakis (Christos Rozakis)
Sədr
Full & Egal Universal Law Academy